BAYRAĞIM Dövlətlərin içində Qoy görsün solum, sağım. Dünyamız var olduqca, Dalğalan, ey bayrağım. * * * Qeyrətim, vicdanımsan, Vüqarım, qürurumsan. Ölümə dik baxıram, Sən gözümdə nurumsan. * * * Dalğalan, ey bayrağım, Sən də ana Vətənsən. Vətənçün candan keçən Şəhidlərə kəfənsən. * * * Dalğalan, ey bayrağım, Qələbəm, zəfərimsən. Döyüşlərdən qaçmayan, İgidimsən, ərimsən. * * * Zikr edirəm adını Ürəyimdə, dilimdə. Hər gün səni öpərək Gəzdirirəm əlimdə. * * * Səcdəgahım, Kəbəmsən Gözlərimin önündə. Şəfaətim olarsan Qiyamətin günündə. * * * Dalğalan, ey bayrağım, Düşmənə göz dağısan. Uludan da ulusan, Tarixin xoş çağısan. * * * Dalğalan, ey bayrağım, Sən də ana Vətənsən. Vətənçün candan keçən Şəhidlərə kəfənsən.
VƏTƏN Qanlar tökülməsin sülh olsun deyə, Otuz il səbr etdik, bir təhər dözdük. Boş-boş danışıqlar fayda vermədi, Səbrimiz tükəndi düşməni əzdik, Yeni tarix yazdıq tarixə, Vətən. * * * Bütün dünya görsün qüdrətimizi, Yenilməz orduyuq, həqiqət budur. Qırx dörd gün ərzində biz qalib olduq, Dağıtdıq başından qara buludu, Yeni tarix yazdıq tarixə, Vətən. * * * Qısa vaxt ərzində bildilər kimik, Tanındı dostumuz, düşmənlərimiz. Səni təmizlədik yadellilərdən, Yaşıla qərq oldu çəmənlərimiz, Yeni tarix yazdıq tarixə, Vətən. * * * İcazə vermədik həddin aşmağa, Yekə danışanın kəsdik sözünü. İti qovan kimi qovduq onları, Sənə xor baxanın tökdük gözünü, Yeni tarix yazdıq tarixə,Vətən.
DÜŞMƏNƏ GÖZ DAĞIDIR İşğalçıdan azad olan torpaqlar Dosta qürur,düşmənə göz dağıdır. Qarabağda indi yanan ocaqlar, Dosta qürur,düşmənə göz dağıdır. * * * Uymaginən rusa,farsa,ərəbə, Aldanma heç bəhanəyə,səbəbə. Qazanılan hər bir uğur,qələbə, Dosta qürur,düşmənə göz dağıdır. * * * Ölkəmizin gələn hər xoş sorağı, Haqsızlara haqlıların qınağı, Dalğalanan Azərbaycan bayrağı, Dosta qürur,düşmənə göz dağıdır.
Ziyalı sözü cəmiyyətin dərin qatlarındakı cığırlardan keçmək istəyənlərə geniş qapı açır. Mütəfəkkir ziyalı dünyanın hər yerində əsas aparıcı qüvvədir. Ziyalı həm də böyük ictimaiyyətçi hesab olunur; çunki onun fikri cəmiyyət məsələlərinin həllində vacib rol oynayır. Filologiya elmləri doktoru, professor, AMEA-nın Dilçilik İnstitutunun direktoru Nadir Məmmədli də əsl mütəfəkkir-ziyalı, böyük ictimaiyyətçi kimi fəal missiya daşıyır. Elmi-ictimai cəmiyyət Nadir Məmmədlinin peşəkarlığına şahiddir. Onun Azərbaycan elminə verdiyi töhfələr əsl sənət fövqü yaradır və o, daim öz elmi-publisistik mövqeyi ilə həm də dövlətçilik işinə xidmət edib. Diqqətlə nəzər salsaq, görərik ki, hörmətli professorumuzun sənətkar qətiyyəti həmişə bu tip aurada cilalanıb. Xoş haldır ki, onun alimlik və sənət mövqeyindəki çeviklik bu real-ictimai məğzdə daha aydın sezilir. Düşünürük ki, o, qəti şəkildə bu reallığa söykənib və hazırda da bu istiqamətdə mümkün əhatə yaratmağı ustalıqla bacarır. Elmi sahəsi əsasən dilçilik olan Nadir Məmmədli artıq dünyanın tanıdığı görkəmli alimdir, (əlbəttə) xüsusi təqdimata ehtiyacı yoxdur. Lakin biz onun elmi yaradıcılığı, ictimai, ədəbi-publisistik fəaliyyəti barədə qısa da olsa, məlumat vermək istəyirik.
Nadir Məmmədli (Məmmədov Nadir Baloğlan oğlu 19 sentyabr 1959-cu ildə Bakı şəhər Suraxanı rayonunun Bülbülə qəsəbəsində doğulub. Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) filologiya fakültəsini, 1988-ci ildə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun nəzdindəki xarici dillər ikiillik Fars dili şöbəsini əla qiymətlərlə bitirib. Moskvada SSRİ Elmlər Akademiyasının Dilçilik İnstitutunda, həmçinin İran İslam Respublikasının Təbriz şəhərindəki Dil və Ədəbiyyat Universitetində təcrübə keçib. Moskva və Moskvaətrafı şəhərlərin arxivlərində çalışıb. Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunda işləyib, uzun müddətdir Azərbaycan Memarlıq və İnşaat Universitetinin Azərbaycan dili və pedaqogika kafedrasında çalışır. Rus bölmələrində “Azərbaycan dili”, Azərbaycan bölmələrində “Nitq mədəniyyəti” fənlərindən dərs deyir. Magistr qruplarda isə “Ali məktəb pedaqogikası” fənnini tədris edir. Nadir Məmmədli 1989-cu ildə “Müasir Azərbaycan dilində feli sinonimlər” mövzusunda namizədlik, 2000-ci ildə isə “Müasir Azərbaycan dilində alınma terminlər (1920-1991-ci illər)” mövzusunda doktorluq dissertasiyası müdafiə edib. Filologiya elmləri doktorudur. 1995-ci ildə dosent, 2007-ci ildə professor elmi adını alıb. 17 kitabın, o cümlədən 5 monoqrafiyanın (“Müasir Azərbaycan dilində feillərin leksik sinonimliyi” (Bakı, “Maarif, 1991, 7 ç/l), “Moskva Şərq Dilləri İnstitutunun Azərbaycan alimləri (1876-1930) (Bakı, “Sabah”, 1993, 7 ç/v)”, “Alınma terminlər” (1920-1995) (Bakı, “Elm”, 1997), “M.F.Axundovun obrazları və dilçilik görüşləri” (şərikli) (Bakı, “Elm və təhsil”, 2012.), “Azərbaycan dilində alınma terminlər” (Bakı, “Elm və təhsil” nəşriyyatı, 2017), ali məktəblərin rus bölməri üçün “Azərbaycan dili” (Bakı, “Sabah”, 1993.), Azərbaycan bölməri üçün “Azərbaycan dili və nitq mədəniyyəti” (Bakı, “Elm və təhsil”, 2019) dərsliklərinin, bakalavr pilləsi üçün “Azərbaycan dili” (Bakı, “Maarif”, 1995) və “Azərbaycan dili və nitq mədəniyyəti” (Bakı, “Elm və təhsil”, 2018) fənləri üzrə proqramın, ötən əsrin 90-cı illərində əlifbaya keçid ərəfəsində “Latın qrafikalı yeni Azərbaycan əlifbası” (Bakı, “Maarif”, 1992, 3/5 ç.v.) vəsaitinin, “Azərbaycanca-rusca danışıq kitabı”nın (Bakı, “Azərbaycan Ensiklopediyası Nəşriyyat-Poliqrafiya Birliyi”, 1995), 3 praktik lüğətin (“Çağdaş türk ədəbi dilinin izahlı omonimlər sözlüyü” (Bakı, “Sabah”, 1995), “Adını mən verdim – yaşını Allah versin (türk şəxs adları lüğəti)” (Bakı, “Maarif”, 1995), Prezidentin sərəcamı ilə çap olunan dövlət əhəmiyyətli “Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin (Bakı, “Şərq-Qərb” nəşriyyatı, 2013; 6-cı buraxılış, həmmüəllif), “Alınma terminlərin leksik və semantik xüsusiyyətləri” (Bakı, “Nurlan”, 1995) adlı metodik göstərişin, 100-dən artıq elmi, 200-ə qədər publisistik məqalənin müəllifidir. Elmi-publisistik yazıları həmçinin İran İslam Respublikası və Türkiyə Cümhuriyyətinin qəzet və jurnallarında dərc edilib. Tehranda nəşr olunan “Məfaxeri Azərbaycan: şaeran, nevisendeqanü xoşnevisan” (Azərbaycanın fəxrləri: şairləri, yazıçıları və xəttatları”) adlı Ensiklopediyada (1997) XIX əsrdə Moskva Şərq Dilləri İnstitutunda çalışmış azərbaycanlı alimlər haqqında 2 məqaləsi yer alıb. 2004-cü ildə Türkiyə Cümhuriyyətinin Qazi Universitetində (Ankara), 2012-ci ildə Çin Xalq Respublikasının Konfutsi Universitetində (Anxoy vilayəti) alınma, beynəlmiləl sözlərlə bağlı ekspress-mühazirələr oxuyub. Dünyanın ən nüfuzlu Beynəlxalq konfranslarında çıxış edən Nadir Məmmədlinin əsərləri Təbriz (İran), Trabzon, İstanbul (Türkiyə), Oş, Bişkek, (Qirğizistan), Perm, Ufa, Mahaçqala (Rusiya), Quvahati (Hindistan), Okinava (Yaponiya), Estern (Şri-Lanka) başqa şəhərlərdə nəşr olunub. Nadir Məmmədli Nəsimi adına Dilçilik İnstitutunun nəzdində filologiya üzrə elmlər doktoru və filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiyaların müdafiəsini keçirən Dissertasiya Şurasının, Yaponiyada Higher Education Forumun üzvüdür. “Filologiya məsələləri” elmi jurnalının redaksiya heyətinin üzvü və rəyçisidir. Hazırda AMEA-nın Dilçilik İnstitutunun direktorudur. Nadir Məmmədlinin əsərləri haqqında Əzizxan Tanrıverdiyev (Dilimiz – mənəviyyatımız (rəylər, resenziyalar), Bakı, “Elm və təhsil”, 2008); akademik Nizami Cəfərov (AMEA Əlyazmalar İnstitutu, “Filologiya məsələləri”, Bakı, 2017, ə1), filologiya elmləri doktoru, professor Kamil Bəşirov (AMEA Əlyazmalar İnstitutu, “Filologiya məsələləri”, Bakı, 2017, ə16), filologiya elmləri doktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Əlirza Əliyev, Musa Xanbabazadə (AMEA Əlyazmalar İnstitutu, “Filologiya məsələləri”, Bakı, 2017, ə15), filologiya üzrə fəlsəfə doktoru, dosent Allahverdi Eminov (AMEA Əlyazmalar İnstitutu, “Filologiya məsələləri”, Bakı, 2017, ə19), filologiya elmləri doktoru, professor Sevil Mehdiyeva (“Respublika” qəz., 10 iyun, 2018) və b. müxtəlif nüfuzlu elmi jurnal və məcmuələrdə rəy yazmışlar. Nadir Məmmədli 1995-ci ildə Respublika Təhsil Nazirliyinin humanitar sahə üzrə təsis etdiyi “Gənc alim müsabiqəsi”nin və 2000-ci ildə “Alınma terminlər” monoqrafiyasına görə “Ən yaxşı elmi iş” müsabiqəsinin qalibi olub. 1996-cı ildə İran İslam Respublikasının Ərdəbil şəhərində çəkilən “Şeyx Səfi” sənədli filminin ssenari müəllifi kimi pul mükafatına layiq görülüb. 2002-ci ildə “Rəsul Rza” mükafatı ilə təltif olunub. Azərbaycan Yazıçılar Birliyinin “Bəxtiyar Vahabzadə” mükafatı laureatıdır. Göründüyü kimi, Nadir Məmmədli Azərbaycanda və dünyada şöhrət qazanmış alim və naşirdir. Onun sanballı elmi yaradıcılığı Azərbaycanın elm səltənətinin ən parlaq səhifələrində əksini tapıb. Həyatı yanlış başa düşənlər sadəcə, görmək istəmirlər ki, Nadir Məmmədli milli ruhu, yaddaş çırpıntısı, ecazkar alim siması ilə Azərbaycan dilçilik elminin həqiqətlərinə yön verir. O, bu vaxta qədər sanballı, məzmunlu fəaliyyəti ilə elm üçün mənəvi göydələnlər ucaldıb, o ucalıqda yüzlərlə gənc elm adamı gedəcəyi yol üçün işıq tapır. Dövlətçilik işini özünün ən ümdə vəzifəsi hesab edən, bu gün də dövlət adı gələndə müsəlləh əsgər kimi farağat dayanan Nadir Məmmədli elmin məqsədini yetişən nəslə böyük məftunluqla açır. Onun yaradıcı-elmi düşüncəsindəki fövqəl tərbiyəni və intizamı görməmək ən azından elmə xəyanətdir. Nadir Məmmədlinin elmi mülahizəsi bir kütlədən tökülsə də, mənaca çoxxassəlidir. Polifonik komponentlər onun elmi tərzinin həyat miqyaslarıdır. Böyüyən (artan) olduğu üçün o elm idrak qatına yüksəlir və şüura varid olur. Hörmət etalonu kimi dəyər verdiyimiz görkəmli alimimiz bəlli ki, vaxtın döyüşkən anları ilə qabaq-qənşər durub az-az yaşa dolduğu çağlardan bu yüksəliş barədə düşünüb. Şəxsiyyət kimi formalaşmaq da onun bu timsalda təcəssüm edən həyat ucalığıdır. O, şəxsiyyət ola bilmək üçün ilk növbədə İnsan olmağı bacarıb. Yaxşı bilib ki, fövqəl ziyalılıq bu müfəssəl qatda mövcud olur. Məhz buna görə də o, həyatdan İnsan və Şəxsiyyət medalı ala bilib. Yaxşı insanlar cəmiyyətin (hər sahədə) hərtərəfli inkişafında əsaslı rol oynayırlar. Bu mənada, Nadir Məmmədli də insanın yaratdığı və nəsildən-nəslə ötürdüyü maddi və mənəvi dəyərləri öz ictimai-elmi fəaliyyətində geniş ehtiva etməklə, bunu həm də yetişən nəsillərə tövsiyə edir. O, bir insanın həyat fəaliyyətindəki mənəvi dəyərləri, davranış qaydalarını, maddi-mənəvi resursları o insanın yaşadığı mühit və mədəniyyət kimi başa düşməyi məsləhət görür. Açığı, Nadir müəllim bu kodeksi apardığı işin bir hissəsi sanır. Bu istiqamətdə onun kimi Vətən fədailərinin, vətənpərvər insanların xeyirxahlıqları özünü xüsusilə parlaq şəkildə büruzə verir. Nadir Məmmədli hazırda da cəmiyyətin elmi-ictimai və ədəbi ənənələrini nəsildən-nəsilə ötürərək böyük və zəngin bir irs yaradır, xalq-dövlət dəyərlərini uca tutur. Çoxları onun xeyirxah əməllərini bu gün də öz üzərində hiss edir, diqqət və qayğısını görür, onun insanlıq sevgisindən həvəslənərək cəmiyyət işinə daha böyük həvəslə yanaşır. Biz bu yazıda AMEA-nın Dilçilik İnstitutunun direktoru, hörmətli alimimiz Nadir Məmmədlini elmin, həyatın və ictimai sahənin ən müfəssəl, ən qabaqcıl örnəklərindən biri kimi ehtiva etdik. Əslində, o, bu yüksək kateqoriyalara bütün varlığı ilə layiqdir. Allahdan sizə can sağlığı, yeni vəzifənizdə uğurlar diləyirik, Nadir Məmmədli! İnanırıq ki, rəhbərliyiniz altında dilçilik sahəsindəki çatışmazlıqlar tamamilə aradan qaldırılacaq.
“ÜRƏYİMİN PAYTAXTI”, İŞĞAL OLAN AĞDAMIM! (Ağdam Dövlət Dram Teatrının aktrisası, qiraətçi dostum Afəridə Sabirqızı Ağdamlının dilindən) Haralısan deyirlər?-dillənirəm qəhərlə, -Ağdamdanam,Ağdamım işğal olub məkrlə. Ağdamlı olmağımı söyləyirəm fəxrlə. Niyə axı mən bunu ya gizlədim,ya danım? “Ürəyimin paytaxtı”, işğal olan Ağdamım! * * * Atam bir an düşməyir dodağımdan.dilimdən, Ağlayıram içimdə,nə gəlir ki, əlimdən? Səndən ayrılan gündən, lap uşaqlıq ilimdən, Ürəyimdə qalıbdı xoş murazım,xoş kamım, “Ürəyimin paytaxtı”, işğal olan Ağdamım! * * * Sevilmisən ərlərin, saysız şəhidlərinlə, Cəsur Raquf Orucov, Yelmar tək nərlərinlə, —1.–2. Ürəklərdə yaşayır onlar hünərləriylə, Mən də hazıram bu gün, yolunda verim canım, “Ürəyimin paytaxtı”, işğal olan Ağdamım! * * * Sənsiz dünya gözümdə kiçildikcə kiçildi, Sənsiz ötən bu illər ömür deyil,puç ildi. Yad əllərdə qaldığın düz iyrimi üç ildi, Uçub sökülüb daha, qara olub ağ damım, “Ürəyimin paytaxtı”, işğal oan Ağdamım! * * * Bəsdir qurduq burada,ya hardasa alacıq, Bir gün axır bir olub, biz yenə biz olacıq. Səni tikən biz idik, təzdən tikib. quracıq, Necə gözəl olmusan əvvəl,əzəl Ağdamım, İnanıram olacan yenə gözəl Ağdamım! * * * Təzə güllər əkəcəm , yenə öz əllərimlə, Sənə bəzək vuracam zəhmətimlə,tərimlə. İgidlərin,ərlərin, nazlı gözəllərinlə, Onda yenə coşacaq mənim təbim,ilhamım, “Ürəyimin paytaxtı”,yaşa mənim Ağdamım! 1.Raquf Orucov.— Hərbi xidmətlərə görə medalı. 2.Yelmar Edilov.—– —– AR Milli Qəhrəmanı.
26.9.2016.
BU QATAR AĞDAMA GEDƏ BİLMƏYİR! Bakıdan Xankəndə qatar yolu var, Həmin yol Ağdamdan keçib gedirdi. Getməyir oraya indi bu qatar, Ağdamın özütək bu yol əsirdi! * * * İyrimi altı il vaxt ötüb keçib, Dayanıb bu qatar, durur Bərdədə. Bu yolu gözləyən çox insan köçüb, Çoxu da köçəcək hələ bəlkə də! * * * Sərnişin gətirib aparmalıydı, Qaçqına ev olub qatar burada. Anlayan kəslərə ağlamalıdı, Qatarı “ev” sayıb, yatar burada. * * * Bu nə bəd oyundur, axı nə sirdir? Dördyoldan o üzə ötə bilməyir. Ağdama on-onbeş kilometrdir, Bu qatar Ağdama gedə bilməyir! * * * Ta səbri tükənib,yorğun haldadı, Fərqini duymayır qışın,baharın. O vaxtdan dördyolda,gözü yoldadı, Bileti əlində Ağdamlıların! * * * Başqadı Ağdamın qoxusu,ətri, Bu məkan uğrunda döyüşək gərək. Bu qatar Ağdama getməkdən ötrü, Gərəkdi Ağdama öncə biz dönək! 24.7.2019.
Bu şeir Ağdamın işğal zamanından bəri səmimi dostluğumuz davam edən, Ağdam Dövlət Dram Teatrının dəyərli aktrisası Afərdə Sabirqızı xanımın istəyi ilə Ağdam sevincini yaşayan bütün ağdamlıların dilindən söylənilir. Sizləri ürəkdən təbrik edirəm Ağdam camaatı! Ağdama dönüşünüz mübarəkdir!
MƏNİM DOĞMA, GÖZƏL YURDUM, AĞDAMIM! Qaçqın düşdqük, əzab çəkdik aramsız, Nə zalımmış bu erməni, bu qansız! Düz iyrimi yeddi ili Ağdamsız, Bu dünyaya sanki kordum Ağdamım, Mənim doğma, gözəl yurdum Ağdamım! * * * Ayrı düşdün bu illər ki, elindən, Düşməmisən bir ağdamlı dilindən. Aldı səni yağıların əlindən, Baş komandan, şanlı ordum, Ağdamım, Mənim doğma, gözəl yurdum, Ağdamım! * * * Ürəksizmiş harda olsa vətənsiz, Baş neyləsin, dil neyləsin bədənsiz? Anlamıram, bu illəri mən sənsiz, Necə dözdüm, necə durdum Ağdamım? Mənim doğma, gözəl yurdum, Ağdamım! * * * Şükür, dönüb qucağına gəlmişəm, Sevincimdən ağlamışam, gülmüşəm. Qiblə sanıb, səni Məkkə bilmişəm. Yenə səndə binə qurdum Ağdamım, Mənim doğma, gözəl yurdum, Ağdamım! * * * Uca olsun onun adı, həm şanı, Min yaşasın Ali Baş komandanı. —* O bəxş etdi bu payızda xoş anı, Bu həsrəti başa vurdum Ağdamım, Mənim doğma, gözəl yurdum, Ağdamım! Yaşa mənim əzəl yurdum Ağdamım! *Ali Baş Komandan İlham Əliyev.
DİLLƏN ANA (Şəhid Sadiq Feyziyevin övladı Tahirin dilindən) Qırx dörd günlük müharibə qutardı, Dillən ana,..atam niyə gəlmədi?! Yanağımda öpüş yeri göynəyir, Dillən ana,..atam niyə gəlmədi?! * * * Səhər-axşam gözləyirəm, gələcək, Əlləriylə göz yaşımı siləcək. Könlüm açılacaq, üzüm güləcək, Dillən ana,..atam niyə gəlmədi?! * * * Son gedişi getmir ana, gözümdən, Bir başqa cür öpmüşdü bu üzümdən. Harda qalıb, axı necə dözüm mən, Dillən ana,..atam niyə gəlmədi?! * * * Axşam yenə bəs, yuxuma gəlmişdi, Tahir, oğlum, gələcəyəm, demişdi, Bəs nə oldu?, nədən fikrin dəyişdi?!… Dillən ana,..atam niyə gəlmədi?!
QARDAŞIM Qanınla adını elə yazmısan, Silinməz tarixdən adın qardaşım! Hünərin od saldı düşmən canına, Yandırır canların odun, qardaşım! * * * Düşmənin gözünü deşdin teylədin, Canını Vətənə qurban eylədin, Qorxudu, ölümdü, nədi bilmədin. Fəxr edir qohumun, yadın, qardaşım! * * * Qəfildən qırıldı qəlbimin simi, O gün şəhid verdi Zevin Rasimi. Bir elin gözündə qəhraman kimi, Aldı öz qoynuna yurdun, qardaşım!
Anası onu cəmi bir gün azad buraxdı. Səhər tezdən yenə də həmin mövzuya dönmüşdü. O, anasına cavab verməmək üçün arxa pəncərənin qarşısına keçdi. Orada həmişədən köhnə, uçuq sökük bir daxma var idi. Hələ pəncərəni açmamış həyətdə nəyinsə qaraldığını görüb təəccüb etdi. Əlini uzadıb pəncərəni acdı. Gözünün önündə canlanan mənzərə onu mat qoydu. Köhnə, uçuq evin yerində yeni tikilmiş səliqəli bir mənzil var idi. Həyət baca da səliqə sahmanlı İdi. Onuru ən çox təəccübləndirən məhəllədə gəzişən sarışın qız idi. Ona elə gəlirdi ki, ömründə belə qız görməyib. Elə bil yuxu görürdü. Qız əlindəki balaca qırmızı vedrəni su ilə doldurub ayaqlarına tökürdü. Sanki bunu Onura acıq vermək üçün edirdi. Çünki hər dəfə aşağı əyiləndə sarı ipək saçları aşağı tökülüb qıza daha da gözəl görkəm verirdi. Onurun ürəyi az qala ağzından çıxa-çıxa arxaya dönüb dedi:
-Ana, bunlar kimdir? Bura nə vaxt köçüblər? Heç burada yeni bir ev tikildiyindən mənim xəbərim olmayıb.
O, sualları yağış kimi yağdırandan sonra özündən asılı olmayaraq, qız nə gözəldir? – dedi. Səlmi oğluna cavab verməsə də iki üç gün onu narahat etmədi, Gülüşün adını ağzına da almadı. Sanki qurbağanın gölünə daş düşmüşdü. Onurun gözü pəncərədə qalmışdı. Artıq qızın bəzi xüsusiyyətlərinə, hətta bir az dəlisov olmağına da bələd idi. İki günlük sükutdan sonra Onur yenidən qız haqqında sual verməyə başladı. Qəribə də olsa qadın mülayim bir tərzdə oğluna cavab verirdi. Bir səhər o aydınca, oğlum mən də çox istəyirdim ki, Aysel sənə yar olsun, – dedi. Onu bilirəm ki , çox ərköyün qızdır. Gələn elçilərin hamısını qaytarır. Onur anasına bir söz deməyib çölə çıxdı. Bir neçə gün də ötdü. Onun məzuniyyəti bitmək üzrə idi. Amma ki , heç nə əldə edə bilməmişdi. Bir yaxşı iş olmuşdu ki, Səlmi susmuşdu. Axırıncı iki gün idi ki, oğlan tərs dəyirmana dönmüşdü. Birdən qızgilin həyətində hay -küy qopdu . Onur heç nəyə baxmadan onların məhəlləsinə keçdi. Burada hər kəs qışqırırdı. Yanğın başlamışdı. Su motoru taxılmış olan şəbəkə alışıb yanırdı . Alovun dilləri yuxarıya doğru qalxıb pərdəni bürümüşdü. Oğlan irəli atılıb döşəmə taxtası ilə vurub motoru şəbəkədən ayırdı. Sonra isə qapının önünə salınmış kiçik xalçanı götürüb onunla alovlanmış pərdəni söndürdü. Onun əllərini alov qarsımışdı. Saatının qayışı qızıb qolunu yandırırdı. O, saatı qolundan açıb indicə ətrafa nəzər saldı. Aysel qar kimi ağappaq olmuşdu. Onurun baxışları onun üzündə dayananda qız qaçıb su gətirdi. O ,suyu alıb içdi. Lakin gözünü qızdan çəkə bilmirdi. O gecə oğlanın gözünə yuxu getmədi. Səhər yerindən duran kimi ,ana Ayseldən xoşum gəlir ,- dedi. Məzuniyyətini bitirib işə qayıtdı. Bu dəfə tək deyil , ürəyində gözəl bir qızla hərbi hissəyə çatdı. Bundan sonra hər dəfə evə gələndə gözü anasının ağzında qalırdı. Amma qadın dinib danışmırdı. Heç Gülüşün də adını çəkmirdi. Amma bu dəfə qapıdan içəri girməmiş qadının üzündəki sevinci hiss etdi. Bu sevincin qızla əlaqəli olduğunu düşünüb ürəyi çırpındı. Doğrudan da qadın Onurun paltarını dəyişməyinə aman verməyib sözə başladı:
-Ayselin başına dönüm . Lap ürəyimdən xəbər verir dedi: Deyir Onurla ailə quraram bu şərtlə hərbidən işdən çıxsın.
Sevinci ürəyində parça – parça olan oğlan anasını danışmağa qoymadı: -Bilirsən nə var ? Mən vətənim darda ikən , torpaqlarım işğal altında olan bir dövrdə heç vaxt başqa işə keçmərəm. Bir daha o , qızın adını mənim yanımda çəkmə . Yemək yeməmiş otağına keçdi. Kədərdən üzülsə də bir daha pəncərəyə yaxınlaşmadı. O ,Ayseli hədsiz sevir və çox məyus olurdu. Gedənə yaxın yenə də nə isə öyrənmək ümidi ilə ana, mən onlara yardıma gedəndə saatımı orada qoymuşam ,- dedi. O saat köhnə olsa da mən ona öyrəşmişəm . Səlminin nə xəbərlə gələcəyini gözləyən oğlan təəccüb içində işə qayıtdı. Qəribə olsa da , saat bizdə deyil cavabını alan qadın qonşularla mübahisə etmədən evə dönmüşdü.
Ertəsi gün hərbi hissəyə çatan Onur ermənilərin yeni həmləsinə tuş gəldi. Onun nəinki saat heç Aysel haqqında düşünməyə macalı yox idi. Şiddətli atışma gedirdi. Ermənilər iri çaplı silahlardan atəşə başlamışdılar. Yaralılar var idi. Onur ön xəttə gizirləri keçirib, hərbi xidmətdə olan uşaqları arxaya keçirdi. Insanlar artıq otuz il idi ki, itkilər verə -verə acgöz ermənilərin torpaq iddiasının qarşısını alırdı. Hər dəfə qızışıb ortaya düşən bu həyasız xalqın burnunu ovub geri qaytarırdılar. Başqa millətlərin qüvvəsinə, silahına və pulla tutulmuş əsgərlərinə güvənən ermənilər bu dəfə lap qızışmışdılar.
Aysel birinci dəfə idi ki, belə bir hadisə ilə qarşılaşmışdı. Onlar indiyə qədər Rusiyada yaşamışdı. Dogma rayonda müharibə getdiyini isə sadəcə eşitmişdi. Artıq bir həftə idi ki, yağış kimi yağan mərmilərin altında yaşayırdı. Dəhşətli səsdən qulaqları batırdı. Gecə gündüz mərmilər yağış kimi yağırdı. Təkcə özü deyil, anası da mat qalmışdı. Burada hər kəs öz işinin , gücünün başında idi. Ağlayanda ağlayır , ayağa duranda pəhləvan kimi dururdular. Demək olar ki, hər gün şəhid qəbul edir, bu acını elliklə bir nəfər kimi qəbul edib kədərə , göz yaşlarına qərq olurdular. Bununla yanaşı uşaqdan böyüyə kimi hər kəs tək bir söz bilirdi: Bu vətən bizimdir. Bura erməni ayağı dəyə bilməz. Ölən öləcək ,qalan qalacaq! İşğal altında olan torpaqlarımızı da azad edəcəyik!
Onurun adı dillərdə gəzirdi. Hər kəs onun döyüşdə göstərdiyi rəşadətdən danışırdı. Hər yeni xəbərdən sonra Aysel hamıdan xəlvət otağına qaçır , çarpayısının altında gizlətdiyi saatı çıxardıb tumarlayır, bəzən isə öpürdü. Qız çox peşman idi. İndi tək bir arzusu var idi. O, da doyusenlere bənzəmək istəyirdi.
Bu gün atışma lap artmışdı. Aysel donub yerində qalmışdı, çox qorxurdu. Dəhşətli top, mərmi səsindən sonra qorxa – qorxa başını pəncərədən çölə çıxarıb insan selini görəndə damarında qan dondu. Qız əhalinin rayonu tərk etdiyini düşünürdü. Lakin əhali üzü döyüş yerinə doğru axın edirdi. Hər kəs döyüşçülərə nə isə aparırdı: siqaret, yemək, içmək, meyvə və sairə. Ən təəccüblüsü o idi ki, dünən dava edən qonşular cəbhəyə doğru birgə addımlayırdı. Onların cəbhə bölgəsinə sarı getdiklərini eşidən qız mat qaldı. Hərə bir xəbərlə gəlirdi. Ən dəhşətli xəbər isə Generalın şəhid olması idi. Hər kəs ağlayırdı. Bütün xalq ayaq üstə idi. Xalq uğrunda canından keçən general xalq tərəfindən alqışlarla qarşılandı. Uşaqdan böyüyə kimi hamı onun qanının yerdə qalmayacağına and içirdi. Qız şəhidlərin son mənzilə yola salınmaq mərasiminə nə ad verəcəyini bilmirdi. Buradakı mərdlik, qürur , çırpıntı onun ürəyini silkələyirdi. Yeni bir xəbər rayona bomba kimi düşdü. Onur ağır yaralanmışdı .Deyilənə görə onu da rayon xestexanasinda yerləşdirmişdilər. Aysel Allaha yalvarıb Onurun sağ salamat qayıtmağını arzu edirdi.
Onur gözünü bir həftədən sonra açdı. İlk gözünə sataşan tibb bacisi oldu. Təəccüblə gözünü tibb bacısının üzünə dikdi. Qadın gülümsəyib : Şükür Allaha qolun kəsiləsi olmadı. Yoxsa o, sarışın, gözəl qiz :-mən qolumu Onura verirəm- deyirdi.
Onur qoluna baxıb gülümsədi ve tibb bacisina tesekkur etdi…
Ay ilə-ilə (“Z” hərfi işlənmiş dodaqdəyməz qoşma) Səhər çağı səyyad gəzər səhrada, İllər ayrısıdır, nazlı yar gələ. Qəza-qədərindən, ay yazıq ana, Qalarsan intizar ay ilə-ilə. * * * Yetişcəyin nazlı yarın yanına, İstəyər ki, qanın qatsın qanına, Naşı səyyad gəlsə tərlan yanına, Tez çaşar xəyalı ay ilə-ilə. * * * Aşıq Alı, dastan eylə dilində, Həyatında, sənətində əlində. Qəza gəlsə səni alsa əlində Dil aşkar eyləyər ay ilə-ilə.
Aranı tez-tez (“Z” hərfi işlənmiş dodaqdəyməz qoşma təcnis) Gəldi yaz ayları, yaylaq çağıdı, Ellər tərk eyləyir aranı tez-tez. Aralansa sərin hax dərgahından, Sədaqət qısaldar aranı tez-tez. * * * Gərdişə nəs anı sayalar, keçər, Yardan yara alsan, sayalar, keçər. Gələr allı-şallı, sayalar keçər, Aşiq qeyrət çəkər, ar anı tez-tez. * * * Neçə ayə gəldi, yazıda yandı, Qışı atəşləndi, yazı da yandı. Alı yay ağladı, yazı dayandı, İndi yad eləyir aranı tez-tez.
ƏL – ƏLƏ ( “Ü” və “U” hərfi işlənmiş dodaqdəyməz təcnis) Ələk ələ, ələ gəl, Əla ələ ələ gəl!.. Ələk ayaq, ələk əl — Ələklənək əl-ələ. * * * Dan danlana, danışa, Daşa-daşa dan aşa, Darıxdınsa, danış, a Dolaşaq da əl-ələ. * * * Eşqin şaşqın iş edə; Çaşqınlıq — eşq işi də!.. Canında can eşidə, Eşidəndə əl elə.
* * *
Əkinin – ürək gərək; Ruhunla qanad gər, ək. Daş-qaş nəyinə gərək?! Əli yetir, ə, lələ!..
* * * Sayıq say ki, sayasan; Elə sadə, sayasan!.. Şah niyyəti say asan, Qırxı qatla, əlli elə!.. * * * Elə elə elinən, Elənəndir elin ən… Qalxan deyil el enən, Elinə en, ə lələ!
Ay ilə-ilə (“Z” hərfi işlənmiş dodaqdəyməz qoşma) Səhər çağı səyyad gəzər səhrada, İllər ayrısıdır, nazlı yar gələ. Qəza-qədərindən, ay yazıq ana, Qalarsan intizar ay ilə-ilə. * * * Yetişcəyin nazlı yarın yanına, İstəyər ki, qanın qatsın qanına, Naşı səyyad gəlsə tərlan yanına, Tez çaşar xəyalı ay ilə-ilə. * * * Aşıq Alı, dastan eylə dilində, Həyatında, sənətində əlində. Qəza gəlsə səni alsa əlində Dil aşkar eyləyər ay ilə-ilə.
Aranı tez-tez (“Z” hərfi işlənmiş dodaqdəyməz qoşma təcnis) Gəldi yaz ayları, yaylaq çağıdı, Ellər tərk eyləyir aranı tez-tez. Aralansa sərin hax dərgahından, Sədaqət qısaldar aranı tez-tez. * * * Gərdişə nəs anı sayalar, keçər, Yardan yara alsan, sayalar, keçər. Gələr allı-şallı, sayalar keçər, Aşiq qeyrət çəkər, ar anı tez-tez. * * * Neçə ayə gəldi, yazıda yandı, Qışı atəşləndi, yazı da yandı. Alı yay ağladı, yazı dayandı, İndi yad eləyir aranı tez-tez.
Zaur Ustacın uşaqlar üçün “Uşaq Boğçası” adlı yeni ktabı işiq üzü görüb. Kitab maraqlı tərtibatı, mövzu əhəmiyyətliliyi baxımından müasir tələbləri tam ödəyir. Rəyçiləri; AR Təhsil İnstitutunun elmi katibi, pedaqogika üzrə elmlər doktoru, professor, Əməkdar müəllim, Akif Nurağa oğlu Abbasov və Pedaqogika üzrə elmlər doktoru, Əməkdar müəllim, Azərbaycan Yazıçılar Birliyinin üzvü Kamal Həsən oğlu Camalov, Ön sözün müəllifi və redaktor: yazıçı-jurnalist, tədqiqatçı, Azərbaycan yazıçılar və jurnalistlər birliklərinin üzvü Ayətxan Ziyad (İsgəndərov) olan Kitab məktəbə hazırlaşan kiçik yaşlı uşaqlar, məktəbəhazırlıq qrupları və birinci sinif şagirdləri üçün nəzərdə tutulub. Oxumağı bacaran uşaqlar müstəqil, digər yaş qrupundan olanlar isə öyrədənlərin köməyi ilə bəhrələnə bilər.
Kitabdan faydalanmaq istəyənlər bu ling-keçiddən istifadə edə bilərlər:
İpək Məcid heyranlarını sevindirməkdə davam edir. Belə ki, bu dəfə o özünün ilk şeirini izləyiciləri ilə bölüşüb. İpək balanın bu fəaliyyəti diqqətsiz qalmayıb. “Yazarlar” tərəfindən “Nizami Gəncəvi” diplomuna layiq görülüb. Adı çəkilən diplom və İpək haqqında olan “Günəş İpək” şeirinin də yer aldığı Zaur Ustacın “Uşaq boğçası” kitabı İpək Məcidə təqdim olunub:
Təbrik edirik, İpək bala, bal bala! Uğurların bol olsun!!!
YAŞADIM Dünyanın dolanbac dolaylarında Azmadım, ömrümü sürdüm yaşadım. Gül açıb saralan ömür bağımdan Yüz ağrı, yüz acı dərdim yaşadım. * * * Bir məna var hər gülüşün dalında, Yüz çalar var üzdə olan xalında, Uymadım şeytana haqqın yolunda, Nə qədər şər, böhtan gördüm yaşadım. * * * Şimşək tək kükrədim, bulud tək doldum, Yazda çiçək açdım payızda soldum, Hər an təbiətlə qol boyun oldum, Könlümü dağlara verdim yaşadım. * * * Min arzu, min istək qalır beynimdə, Bir dağın yükü var inan çiynimdə, Dərddən qurumur ki paltar əynimdə, Dərdimi sinəmə sərdim yaşadım. * * * Ay Murad, tapdanmış köhnə izəm mən, Bəzən haylı küylü səbirsizəm mən, Demirəm mələyəm, tərtəmizəm mən, Bəlkə min günaha girdim yaşadım.
ŞUŞANI GÖRDÜM Bu gecə yuxumda Şuşanı gördüm Hər tərəf yamyaşıl, quşlar ötüşür. Yarəb bundan sonra olarmı dərdim Bu Şuşa dərdimə deyən gün düşür. * * * Elə bil cənnətdir havası sərin Gül gülü çagırır, çiçək çiçəyi. Üzündən oxunur qəmin kədərin Bizim şəhərlərin gözü göyçəyi! * * * Bulaq şırıltısı şəlalə səsi Bir anlıq insanı özündən alır. Bu ilahi şəhər deyim hər kəsi Yolundan döndərir tilsimə salır. * * * Nə xoşbəxt görünür burda insanlar Baxıram hər kəsin üzündə gülüş. Bəs niyə danışmır dillənmir onlar? Nə bir gediş gördüm nə də ki gəliş. * * * Elə bil şəhər də sevinir gülür Gah Günəş boylanır gah da Ay doğur Bəlkə mən qəribəm məni yad bilir Dumanlı çiskinli boz yagış yağır. * * * Ancaq ki doymadım bu mənzərədən Burnumda min gülün ətiri qaldı. Gah dağa boylandım, gah da dərədən Yadda nə qaldısa ötəri qaldı. * * * Bir uzun zəng səsi ayıltdı məni Bilmədim yuxumu söyləyim kimə? Ömründə Şuşada olmayan kəsi Apardı qaytardı bir yuxu demə!
QALA İstəmirəm bu dünyadan Ayrılanda gözüm qala. İstəyirəm az da olsa Məndən sonra izim qala. * * * Gözüm yoxdu var dövlətdə, Nə ad sanda nə şöhrətdə, Hərdən hərdən söz söhbətdə, Bir anılam sözüm qala. * * * Dünya puçdur anlayıram, Hey özümü danlayıram, Gələn dərdi sonlayıram, Bəlkə dərdə dözüm qala. * * * Qalan ömrü vursam başa, Dərdim olmaz bir tamaşa, Agır gündə yar yoldaşa, Söz deməyə üzüm qala. * * * Bir az qışda bir az yazda, Nə yazmışam var kagızda, Könlüm istər dil agızda, Beş on kəlmə yazım qala.
VAR Hələ neçə arzularım Ürəyimdə min kamım var. Nə doyunca dövlət varım Nə doğrusu imkanım var. * * * Amma sağlam bir ürəyim, Yerə dəyməz heç kürəyim, Bir qismət halal çörəyim, Təmiz şəffaf ad sanım var. * * * Bu dünyanın savaşından, Yer nəm çəkər göz yaşından, Mənə uyğun bir başından, Bəlli olan ünvanım var. * * * Unudulmaz köhnə vərdiş, Bizi cana yığdı gərdiş, Səndən mənə qalan dərdiş, Bir dərd idi dərmanım var. * * * Pələng ilim oğlaq bürcüm Muraddan sor nədi xərcim?! Allahıma bir can borcum Sizə qurban bir canım var.
YOLLAR Bir kənddən şəhərə heç nəyə satdı Məni gəncliyimdən qoparan yollar. Məni dilə tutdu yaman aldatdı Qazaxdan Bakıya aparan yollar. * * * Yüz arzu vəd etdi gözüm qamaşdı, Beynim dumanlandı əlifim çaşdı, Önümdə təzə bir səhifə açdı, Qazaxdan Bakıya aparan yollar. * * * Yolların içində gözümdə təkdi, Mən kənddən çıxan gün göz yaşı tökdü, Aldı ağuşuna şəhərə çəkdi, Qazaxdan Bakıya aparan yollar. * * * Kiminə güvəndi kiminə güldü, Nə xoş üz göstərdi nə acı dildi, Bir ömrü aylara illərə böldü, Qazaxdan Bakıya aparan yollar. * * * Min arzu gül açdı alışdı tək tək, İstədim bu yolda vüsala yetək, Qoymadı büdrəyək qoymadı itək, Qazaxdan.Bakıya aparan yollar. * * * Bu yol nabələdi gözündən seçir, Düzü naxələfi üzündən seçir, Yüz elin çölündən düzündən keçir, Qazaxdan Bakıya aparan yollar. * * * Bir arzu ,bir ümid dalınca gəldik, Bu yolu hər dərdin əlacı bildik, Vallah burda sevdik burda sevildik, Bizi sevgilərə aparan yollar. Məni gəncliyimdən qoparan yollar.
DOSTLARI Kəmfürsət deyilsə günahından keç Tanrım utandırma, aman, dostları. Niyyəti pisdirsə yaxın qoyma heç Məndən uzaq eylə yaman dostları. * * * Qəlbinə işıq saç daim gur eylə, Tərtəmiz bulaq tək üzün nur eylə, Yarəb, kəramət ver özün pir eylə, Ürəyinə şübhə daman dostları. * * * Hər kəs bir ağılda, dində nə edim?! Hamıya hər yerdə sözümü dedim, Heç vaxt qınamadım ancaq sevmədim, Hər şeydən mənfəət uman dostları. * * * Sən elə sanma ki Murad naşıdı, İndi ömrümüzün kamil yaşıdı, Sızıldayan ürəyimin başıdı, İtirdikcə zaman zaman dostları.
TORPAQ Türkün qılıncıyla yoğrulan torpaq Onun namusudur əl vurmaq olmaz! Türkün nəfəsindən titrəşər yarpaq Onun qabağında sədd qurmaq olmaz! * * * Kimsənin malında gözü yox onun Malına toxunsan peşiman edər. Nəfsinə hakimdir gözü tox onun Süfrəsi açıqdır ürəyi qədər. * * * Türkün nifrəti də sevgisi qədər Düşmənə zalımdır, dosta mehriban. Onu əyə bilməz qüssə qəm kədər İnamı sarsılmaz sınmaz heç zaman. * * * Tanrıdan güc alar çətin anında Nə dala çəkilər, nə qorxu bilər. İlahi yanğı var onun qanında Qanı qaynadısa özünə gələr. * * * Torpağı uğrunda canından keçər Namusu qeyrəti hamıya bəlli. Nə yurdu dəyişər nə yurddan köçər Nəyə sahibdisə tutar beşəlli. * * * Türkün canındadır əzəmət vüqar Heç kəsə baş əyməz bu minnət deyil. Onun qanındadır sədaqət ilqar Dostuna sadiqdir müxənnət deyil.
KƏNARDAN BAXANDA Kənardan baxanda çox bəxtəvərəm Bu pünhan dərdimi bir kimsə bilməz. Boy verən gül açan min dərdi sərəm Üzüm gülərsə də ürəyim gülməz. * * * Tale möhürlənmiş bir yazılı baxt, Ömür saat saat hey əriyən vaxt, Nə tez külə döndü bu qurduğum taxt, Heyif dövran keçdi dün geri gəlməz. * * * Ay Murad, fikirləş gör bu nə sirdi?! Səcdəm Allahadı inancım pirdi, İnsanı öldürən dərddi, fikirdi Yüz fikir eyləsən bir borcu silməz.