Hazırda ölkəmizdə də geniş start götürmüş STEAM təlim metoduna keçid təhsil müəssisələrini dərindən düşündürən məsələlərdəndir. Məlumdur ki, bütün yeniliklərin tətbiqi və nailiyyəti onun düzgün istifadəsindən, ixtisaslı kadr potensialından birbaşa asılıdır. Bunun üçün aktuallıq qazanmış yeni metodun səmərəli öyrədilməsi, müsbət nəticələrin alınması, nəhayət yeni məhsul yaradılmasına qədərki inkişaf yolunu düzgün müəyyənləşdirmək zəruridir. Ali və orta təhsil müəssisələri bunun üçün potensiallı kadrların yetişdirilməsi, tədris üçün uyğun kabinə və mərkəzlərin yaradılmasını qarşıya məqsəd kimi qoymuş və bu istiqamətdə işlər davam etdirilməkdədir. İndi əsas məqsəd STEAM metodundan istifadəni cəlbedici hala keçirmək üçün uyğun avadanlıqlarla kabinə və mərkəzləri zənginləşdirmək, öyrənənlərin marağını bu sahəyə çəkmək üçün maraqlı təcrübələrin təqdimatının keçirilməsidir.
STEAM müəllimi – müasir müəllim simasıdır. Məşhur bir kəlamda deyilir:“Gələcək çoxdan gəlib. Sadəcə o, düzgün paylaşılmayıb”. Bunu belə də açıqlamaq olar: gələcəyi vaxtında görənlər üçün gələcək bu gündən qurulur. Yeni texniki vasitələr, internet dövründə yaşayan, fəaliyyət göstərən mütəxəssis, təhsilalanlar bu gün aldıqları biliklərin inteqrasiyası ilə dizayn, mühəndislik bacarıqlarının inkişaf etdirilməsini maraqla qəbul edir. Həmyaşıdlarının etdikləri maraqlı işləri, “ENACTUS” “Start-UP”, “STEM Azərbaycanda” və s. layihələri rəğbətlə qarşılayan bu günkü gənclik – Niyə bu mənim ağlıma gəlmədi? – Mən ondan daha yaxşısını edə bilərəmmi? – ideyalarının ardınca getməklə yeni layihələrə doğru hədəf götürməlidirlər. Bu günün öyrənənindən başlıca tələblər: İdeya verə bilən şagird yetişdirməli, İstehsal düşüncəli şagirdlərə şərait yaradılmalı, İdeyanı şagird, tələbə sinfə gətirməlidir. Ən sadə məhsulun yaradılması STEAM təhsilinin əsas prinsiplərindəndir. Bütün bunlarla yanaşı, öyrədən və öyrənənlərdən gözlənilən tələblər və bacarıqlar da vardır:
STEAM şagird bacarıqlarına – qarşıya çıxan problemli istiqamətlərin müəyyən edilməsi, təyin edilmiş problemin həlli üçün yeni biliklərin öyrənilməsindən daha çox, araşdırma, tədqiqatçılıq, fərqli xəyalların məhsulu olan təkliflər irəli sürmək və s. daxildir.
STEAM müəllim bacarıqlarına – istiqamətverici olmaq, STEAM ilə əlaqədar seminar və layihələrdə iştirak etmək, dünyada gedən yenilikləri izləyib fəaliyyətinə daxil etmək, ən müasir texnologiya və təlim proqramlarından istifadə bacarıqlarına sahib olmaq, STEAM tədbir və layihələri təşkil etmək və s. ibarətdir. Bütün fənlərin tədrisində STEAM metodundan yararlanmaq tədrisdə, öyrənəndə yaradıcılıq, tədqiqatcılıq bacarığı, problem həlletmə bacarıqları formalaşdıracaqdır. Elmi bilikləri, anlayışlarla ilk dəfə tanış olduqda və yuxarı siniflərə qalxdıqca şagirdlər çətinlik çəkməsin deyə təlim prosesini həm intellektual, həm də əyləncəli hala gətirmək üçün STEAM metodunun imkanlarından istifadənin əhəmiyyəti dərsin daha maraqlı və cəlbedici edir.
STEM nədir? – sualına müxtəlif izahlar onun hərtərəfli mahiyyətini ortaya çıxarır. STEM (Elm, Texnologiya, Mühəndislik, İncəəsənət, Riyaziyyat) Təhsili – Dünyanın bir çox ölkəsinin kurikulumlarına daxil olan, nəzəri bilikləri praktikaya, məhsula və innovativ ixtiralara çevirməyi hədəfləyən, tələbələrin elm, texnologiya, mühəndislik və riyaziyyat kurslarında öyrəndikləri məlumatları görmələrini təmin edən təhsil yanaşmasıdır. STEM təhsili istehsal və ixtira, fərqlilik və yaradıcılıq, bilik və bacarıqları təmin etməyi hədəfləyir. STEM təhsili almış şəxslərin iş dünyasına daxil olduqları zaman bu bacarıqlar sayəsində iş həyatının tələb etdiyi keyfiyyətlərə asanlıqla uyğunlaşa və ölkənin iqtisadi inkişafına töhfə verə biləcəkləri gözlənilir.
STEM Təhsili dünyada məktəbəqədər təhsildən ali təhsilə qədər bütün təhsil prosesini əhatə edən fənlərarası yanaşma kimi qəbul edilir. STEM Təhsilə keçid üçün nümunəvi təkliflər irəli sürülür: STEM Təhsil Mərkəzlərinin yaradılması, tədqiqatların aparılması, müəllimlərin hazırlanması, STEM üzrə kurikulumların yenilənməsi, məktəblərdə lazımi mühitin yaradılması üçün kurs materiallarının təmin edilməsi kimi mövzular diqqətdə saxlanılmalıdır. STEAM təhsili şagirdlərin araşdırma, müzakirə və tənqidi düşüncələrini inkişaf etdirmək üçün elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyatı birləşdirən bir tədris və öyrənmə yanaşması olub, şagirdlərə real dünya problemlərinə yaradıcı həll yolları axtaran maraq dolu öyrənənlər olmağa imkan yaradır. STEAM şagirdlərə universitet təhsilində, karyeralarında və həyatlarında uğur qazanmaq üçün lazım olan bacarıqları inkişaf etdirməyə kömək edir. Araşdırmalar göstərir ki, yaradıcı proqramlara qatılan şagirdlər qabaqcıl düşüncəyə, stresslə mübarizə bacarıqlarına, özünü dərkə sahib olur, komanda işində, ünsiyyətdə, liderlikdə, motivasiya və sosial münasibətlərdə, yaşadıqları cəmiyyətlə əlaqələr qurmaqda güclü bacarıqlar formalaşdırırlar. STEM təhsil metodu – düşünülənin əksinə şagirdlərdə sadəcə akademik bacarıqları möhkəmləndirmir, onların hərtərəfli inkişafına kömək edir. Məsələn:
Toxunaraq öyrənmə – STEM tədris metodunda məlumatlar vizual, audio üsulla yanaşı, kinestatik (toxunaraq öyrənmə) və sosial öyrənmə vasitələri ilə də ötürülür;
Yaradıcılıq – Yaradıcılıq insanı digər canlılardan fərqləndirən ən asas bacarıq hesab edilir və STEM təhsil modeli tədris zamanı şagirdlərdə yaradıcılıq bacarığını inkişaf etdirməyə şərait yaradır. «Biz övladlarımıza onlardan daha ağıllı olan maşınlarla (robot) rəqabət aparmağı öyrədə bilmərik, onları maşınlardan fərqləndirəcək nəsə öyrətməliyik. Yalnız bu üsulla onların 30 il sonra mövcud olma, sağ qalma şansları olacaq» – kimi düşünək.
Səhvlərdən öyrənmə – Tədris zamanı şagirdlərin kiçik miqyaslı təcrübələr zamanı əldə edilən nəticələri müşahidə edib, ortaya çıxan səhvləri araşdırma və təcrübələrin düzgün aparılmasına şərait yaranır.
Tənqidi təfəkkür – STEM tədrisi zamanı dərslər qruplar formasında müzakirə üzərinə qurulduğundan şagirdlər komanda işinə münasibət bildirir, öz arqumentlərini əsaslandırır, öyrəndikləri bilikləri müzakirə, analiz-sintez etmə imkanı qazanırlar.
Ünsiyyət bacarığı – Dərslər adətən eksperimentin və ya layihənin nəticəsi ilə bağlı hesabat və ya təqdimat ilə yekunlaşır.
Liderlik – STEM dərsləri daha çox layihə əsaslı və qrup işləri formatında təşkil edildiyindən qrup üzvləri liderlik funksiyasını da yerinə yetirir, qrupa/ layihəyə rəhbərlik edir, qərarlar alır, liderlik bacarıqları inkişaf edir.
İş mühitinə hazırlıq – STEM təhsil metodunun əsas məqsədi şagirdləri gələcək iş mühitinə hazırlamaqdır və bütün bu bacarıqlar şagirdləri səmərəli insan resursu olaraq tutacaqları mövqelərə hazırlayır.
Hər sahədə olduğu kimi, təhsil sahəsinə gətirilən yeniliklərin tətbiqi də müəyyən problemlərlə üzləşir. STEAM metodunun təhsil sahəsində tətbiqinin aşmalı olduğu baryerlər də vardır: Məsələn, maddi resursların baha olması və insan resursu çatışmazlığını qeyd etmək olar. STEM dərslərinin tədrisi yüksək araşdırma, müşahidə, sinif idarəsi bacarığına sahib peşəkarlar tələb edir.
İnformativ Məlumatlar – xeyriyyə tədbirləri
Uşaqlar üçün protez əllər minlərlə dollara başa gəlir və istifadə müddəti azdır. 3D çap sayəsində 40$-dan da aşağı büdcə ilə protez hazırlamaq mümkündür! www.enablingthefuture.org kimi təşkilatlar protezləri hazırlayır və pulsuz paylayırlar.
Müxtəlif əlillik növləri olan uşaqların digər uşaqlarla eyni səviyyədə oynaya bilmələri üçün Microsoft, X-Box üçün, xüsusi coystik yaratdı. “Makers Making Change” əlilliyi olan insanlar üçün xüsusi qurğular hazırlayan beynəlxalq könüllülər təşkilatıdır.
Star Wars və Avengers kimi filmlərdə istifadə olunan rekvizitlərin əksəriyyəti 3D çap olunmuşdur.
3D Systems Amerika Kulinariya İnstitutu ilə əməkdaşlıq edərək, şirniyyatları və yeməkləri 3D çap edən, ChefJet Pro 3D printerinin hazırlanmasında iştirak etmişdir.
Dizayn əsaslı öyrənmənin əsasında dizayn düşüncəsi dayanır. Dizayn düşüncəsi konsepsiyası lik dəfə XX əsrin ikinci yarısında Amerikalı iqtisadçı Herbert Simon tərəfindən hazırlanmışdır. Dizayn düşüncəsi hazırda müxtəlif problem və məsələlərin həllində istifadə olunan kifayət qədər təsirli bir metodologiya kimi geniş yayılmışdır. Dizayn düşüncəsi optimal axtarılan zaman analitik və texniki vasitələrlə yanaşı, yaradıcı vasitələrin istifadəsini zəruri edən metodologiyadır.
Bəs dizayn düşüncəsini necə formalaşdırmalı? Buraya aşağıdakı fəaliyyətlər daxildir:
STEAM kabinə və mərkəzlərinin qurulub istifadəyə verilməsi üçün praktik təlim mühitlərinin yaradılması da mühüm şərtlərdəndir:
Planlaşdırma mühiti – şagirdlərin STEAM öyrənmə layihəsini və iş planlaşdırmasını düzgün tərtib etmələri üçün otaq;
İnteqrasiya mühiti – şagirdlərin üzərində işlədikləri layihənin inkişafı üçün ehtiyac olan məlumat bazasının olduğu və texnologiyalardan rahat istifadə edə biləcəkləri otaq;
Təqdimat mühiti – şagirdlərin STEAM layihələrini kollektivə təqdim etmək üçün, layihə ətrafında müzakirə və yeni qərarlar qəbul etmələri üçün mübadilə otağı;
Tədqiqat mühiti – şagirdlərin kəşf edərək öyrəndiklərinin təşviq edildiyi, STEAM layihələri ilə əlaqədar gözləntilərin artırıldığının izləndiyi, laboratoriya işlərinin həyata keçirildiyi, müəllimlərin öyrənənləri düzgün istiqamətləndirə biləcəyi, avadanlıqlarla təmin olunmuş otaqlar;
Əməkdaşlıq mühiti – şagirdlərin STEAM layihələri, layihənin nəticələri ətrafında şagirdlərarası müzakirəyə imkan yaradan, hesablamaların aparıldığı, çatışmazlıqların müəyyənləşdirilib həlli yollarının dəqiqləşdirilə biləcəyi otaq;
Yaradıcılıq mühiti – şagirdlərin təhsil müəssisələrində həyata keçirdikləri STEAM layihələri çərçivəsində araşdıraraq əldə edə biləcəkləri, yeni məhsulların yaradılmasına imkan verən tasarım və ya kəşf otağı.
Artıq məktəbəqədər təhsil yaş qrupundan yuxarı siniflərə qədər STEAM-ə uygun təhsil verilməsi zərurətə çevrilmişdir. Artıq dünyanın inkişaf etmiş bir çox təhsil müəssisələrində NASA-da STEAM təlimçisi təhsili almış təcrübəli, kreativ yaradıcılıq potensialına malik təhsil çalışanları və bu istiqamətdə uzmanlaşmış və təcrübəli müəllim, alim, metodist, texnologiyalardan üstün istifadə imkanlarına malik mütəxəssislər çoxluq təşkil edir. Bundan başqa, bəzi ölkələrdə STEAM ilə əlaqədar olaraq elm, kodlama, robototexnika və avtomatlaşdırma təlimini özündə birləşdirən təhsil də verilməkdədir. Müasir dunya energetika sahəsində də müxtəlif kəşflər, yeniliklər, fərqli üsullardan, alternativ enerji resurslarından istifadənin müxtəlif sahələrini işlənməkdədir. Hazırda energetikanın qarşısında duran ən vacib problemlərdən biri enerji ehtiyatlarından səmərəli istifadə etməklə, iqtisadiyyatın bütün sahələrinin və əhalinin həm indi, həm də gələcəkdə enerjiyə olan tələbatını lazımi səviyyədə ödəməsini təmin etməkdən ibarətdir. Bunun üçün də yenilklərdən faydalanmaq, dünya təcrübəsindən müqayisəli istifadə, tənqidi-məntiqi təfəkkürün inkişafı, təhsilalanların sərbəstliyi nəzərdən qaçırılmamalıdır. STEM təhsili istehsal və ixtira, bilik və bacarıqları təmin etməyi hədəfləyir. STEM təhsili almış şəxslərin iş dünyasına daxil olduqları zaman bu bacarıqlar sayəsində iş həyatının tələb etdiyi keyfiyyətlərə asanlıqla uyğunlaşa və ölkənin iqtisadi inkişafına töhfə verə biləcəkləri gözlənilir. Komputer Dəstəkli Dizayn: komputer texnologiyalarını tətbiq etməklə obyektlərin dizaynıdır. Mühəndislyin dizayn mərhələləri: Mühəndislərin hər hansı məhsulun istehsalı mərhələsində istifadə etdiyi 6 addımlıq proses: Sual, Müzakirə, Dizayn, Qurmaq, Test və Təkmilləşdirmə. Ümumiyyətlə, STEAM metodu və perspektivləri haqda danışdıqda, xəyal, ideya, dizayn üçün də sərbəstliyə yer verilməlidir.
Naxçıvan Muxtar Respublikası ali məktəbləri arasında Naxçıvan Dövlət Universiteti hər zamankı kimi bir ilkə daha imza atdı. Universitet rəhbərliyinin xüsusi təşəbbüsü və qayğısı ilə bu ildən ilk olaraq Təbiətşünaslıq fakültəsinin III kurs “Biologiya müəllimliyi” ixtisasında STEAM fənninin tədrisinə başladıq. Yeni metodun tədrisi tələbələr tərəfindən xüsusi həvəslə qarşılanmış və müvəffəqiyyətlə davam etir. Tələbələrə xəyal qurmağı, ideya irəli sürüb onları məhsula çevirmək vərdişləri aşılamağa göstərdiyim cəylər ilk bəhrələrini göstərdi: Sərbəst iş kimi tələbələrə verdiyim praktik tapşırıqlar içərisində çox maraqlı işlər diqqətimizi çəkdi. Bu işlər STEAM metodu sayəsində həm biologiyanın tədrisində, eləcə də müxtəlif sahələrdə yaradıcılığa, kreativliyə şərait yaradılacağını, yeni kəşflərə yol açılacağını vəd edir.
Artıq əksər ixtisaslarda STEAM fənninin tədrisinə başlamaq zərurət təşkil edir. Digər ixtisas tələbələri hətta özləri yaxınlaşıb bu metodun tədris fənni kimi salınmasını xahiş etməyə başlamışlar. Lakin fənnin tədrisi üçün yetərincə kadr potensialı məsələsi də problemlər sırasındadır. Oturub uyğun təlimlərə dəvət gözləməkdənsə fənn müəllimləri özləri maraqlanıb müxtəlif Vebinar, konfrans və təlimlərə qoşulmaq, təcrübə mübadiləsi etməklə potensiallarını artıra bilərlər. 2 ildən artıq müddətdə şəxsi səylərimlə bir çox layihələrə, təlimlərə qoşularaq, internetdə müxtəlif ölkələrin təcrübəsini öyrənərək bu semestr tələbələrdə STEAM metoduna xüsusi həvəs, sevgi yarada bildim. Yeniliklərdən xəbərdar olaq ki, gənc nəslin dünya standartları səviyyəsində yetişdirməyə imkanlarımız yüksəlsin.
Güman edilir ki, gələcəyin peşələrini STEAM metodu və onun nailiyyətləri formalaşdıracaqdır. Çünki artıq hazırda yaşadığımız Dünya yenilik, fərqlilik, kreativ və sürətli təfəkkürlərin məhsulları ilə inkişafa qədəm qoymuşdur.
Ataların bir sözü var, “dost dar gündə bəlli olar”. Bu misalı dosta, qardaşa, lap elə ailə üzvülərinə də aid etmək olar.
Məlum hadisələrlə əlaqədar son günlərdə (Gəncədə baş verən xain düşmən saldırısını da nəzərə almaqla) baş verən hadisələr bir daha göstərdi ki, yaman gündə xalqımız, millətimiz daha da sıx birləşməyi bacarır. Bu nəinki ölkəmizin hüdudları çərçivəsində belədir, hətta onun xaricində də özünü bu soydan bilən hər bir fərdin mənəvi qardaşlıq borcuna çevrilmişdir. Bu baxımdan, artıq uzun illərdir ki, “bir millət – iki dövlət” anlayışı ilə yaşayan Azərbaycan və Türkiyə son günlər sanki “bir millət – bir dövlət” kimi yaşamağa başlayıb. Bu qardaşlıq dövlət başçıları səviyyəsindən tutmuş hər iki ölkənin sıravi vətəndaşlarına kimi dövlətlərimizin mücadilə etdiyi ən müxtəlif cəbhələrdə özünü məhz belə göstərir.
Şübhəsiz ki, qələm adamları bu baxımdan həmişə ön sıralarda olub və olmaqda davam edirlər. Belə ki, son günlər Azərbaycan professoru Ramiz Həsənlinin tanınmış Türkiyə yazarı Yahya Azəroğlu haqqında nəşr etdirdiyi “Turan yolçusu” kitabı təqdirəlayiq hadisədir və bu qardaşlığı möhkəmləndirən addımlardan biri kimi qiymətləndirilməlidir. Kimdir Yahya Azəroğlu? Professor Ramiz Həsənlinin “Turan yolçusu” adlandlrdığı kitabda haqqında bəhs etdiyi şəxs həqiqətən Turan yolçusu, bir ulusun Ulusudur.
Hər yeri gəldikcə amalından, məqsədindən, yolçusu olduğu yolundan oxucusuna sevə-sevə böyük fəxarət hissiylə, özünəməxsus xüsusi pafosla anladan Yahya Azəroğlu yaradıcılığı boğazdan yuxarı populizmdən uzaq, mayası haqdan gələn səmimi, təbii bir ustad – ozan sözüdür. Belə ki, o, lazımi məqamda nə qədər arzu – istəyindən hayqıraraq söhbət açırsa, yeri gələndə o qədər də hüznlü tonda, acılar içində qıvrıla-qıvrıla nalə çəkən misralarla oxucusuna, soydaşına, qardaşına ümumi dərdimizdən söhbət açır, çıxış yolu göstərməyə çalışır:
Yüreğim kann ağlar yurdun haline, Hayalim uzanır Oğuz eline, Maruz kalmış Türk milləti zulüme…
– deyə, ümumi Türk ellərinin Doğudan Batıya, Güneydən Quzeyə mücadilə, arayış içində olduğunu və bu yolda böyük əngəllərlə üz-üzə qaldığını qəlb ağrıları ilə anladır. Ayrı-ayrı yüz bölük olmuş böyük Türk yurdunun dərdi bir xalq ozanı kimi onun hər kəlməsində hiss olunur, duyulur. Doğu Türküstana cıları, Kərkük mücadiləsi, Qarabağ yarası, şanlı Türk Əsgərinin “yurdda sülh, cahanda sülh” şüarı ilə girdiyi savaşlar, bütün bunlar hamısı Yahya Azəroğlunun qələmindən ağ kağızlar üzərinə köçüb, oradan dünyaya boylanır. Bəzən qəh-qəhələrlə gülür, bəzən için-için ağlayır… Bura qədər yazdıqlarımdan oxucuda belə təsəvvür yarana bilər ki, Yahya Azəroğlu tipik bir tribuna şairi, təbliğatçıdır. Xeyir, bu, əsla belə deyil, o, nə qədər emosianal, çağırış şairi olsa da, o qədər də bədii cəhətdən zəngin, poetik duyğular yüklü misraların müəllifidir:
Azer oğlu hayat oldu derbeder, Yaralı gönlümü yıktı bu haber. Pencereden bakanlarla beraber Perdeler ağladı, tüller ağladı…”
– el ozanı vəzifəsini üstlənmiş şair yurda düşmüş şəhid xəbərini bax belə anladır öz yurddaşına…
Zəngin dünyagörüşünə və eyni zamanda, rəngarəng bədii yaradıcılıq imkanlarına malik olan Yahya Azəroğlu bütün yaradıcılığı boyu ciddi bir arayış içindədir. Demək olar ki, onun bütün yaradıcılığının leykmotivini Vətən, Bayraq, Millət məsələləri təşkil edir. Ulusun ulusu tez-tez xəyaləndə də – babaların yaşadıqları dönəmlərə səyahət edir, təklənmiş oxşar misali ayrılıqda Türk ellərinə çətin olduğunu artıq, hansısa bir ümumi çatı altında birləşməyin zamanı gəldiyini anlayır və soydaşlarına çatdırmağa çalışır.
Ancaq bütün bunlara baxmayaraq, biz qələm adamları, xüsusilə son dövrlərdə qardaş Türk dövlətlərinin başçılarının tez-tez bir araya gəlmələrini, hər dəfə müxtəlif formalarda birlikdən, bərabərlikdən, qardaşlıqdan danışmalarını yüksək qiymətləndirir, gələcəyə nikbin baxışlarla baxır və artıq üfüqdə arzularımızın parıltısını görürük. Uca Yaradan bu ulusun yar və yardımçısı olsun! Tanrı Türkü qorusun! Amin! Belə bir müqqədəs amala xidmət edən, müasir dövrümzüdə olduqca mühüm tərbiyəvi əhəmiyyətə malik kitabın Azərbaycanda, Bakı şəhərəndə geniş oxucu kütləsi qarşısında nəzərdə tutulmuş təqdimat mərasimi məlum məhdudiyyətlərlə əlaqədar hələlik təxirə salınıb. Gələcəkdə bu barədə mətbuat və elektron kütləvi informasiya vasitələri ilə əlavə məlumat veriləcək.
19.10.2019. Bakı.
QEYD:
Məqalə müxtəlif vaxtlarda fərqli saytlarda yayımlanmaqla yanaşı “TƏƏSSÜRATLAR” və “QƏLƏMDAR – 2” kitablarında İYİRMİ BEŞİNCİ yazı kimi müstəqil məqalə şəklində yer almışdır. Eyni zamanda ənənəvi qaydada aşağıdakı mətbu orqanlarda dərc olunub:
İYİRMİ DÖRDÜNCÜ YAZI (Vəliyev İlham Əli oğlu haqqında)
Bu gün onların günü. Bu gün onların sınağa çəkildiyi, yoxlanıldığı gündür. Hər il bugünkü gündə onlar ya “Müəllim” adlı qala divarına bir qızıl kərpic qoyub bu adı bir basamaq da yüksəldir, ya da yazıq, günahsız uşaqların müəllimlərinə söydürürlər.
Nədənsə, “Müəllim” sözü eşidəndə ilk ağlıma gələn şəxs Üzeyir Hacıbəyov olur. Bu haqda söhbətə başlamazdan əvvəl dünyasını dəyişmiş müəllimlərimi rəhmətlə anmaq, sağ olanlara isə uzun ömür, cansağlığı diləmək istəyirəm. Allah Bayramov Əbdüləli, Qasımov Həsən (Ağdam rayon, Yusifcanlı kənd orta məktəbi), Orucəliyev Malik (BABKM) kimi müəllimlərə qəni-qəni rəhmət eləsin. Əmirəliyev Füzuli (BABKM), Süleymanov Rasim (BDU) kimi müəllimlərə uzun ömür, cansağlığı versin. Bir müəllim də var, hansı ki, bu yazımı ona həsr edirəm və onun haqqında geniş söhbət açacam. Ancaq onun haqqında danışmazdan əvvəl hal-hazırda müəllimlik fəaliyyəti ilə məşğul olub, hər gün 20-30 şagird və ya tələbənin olduğu sinif otaqlarına – auditoriyalara baş çəkən müəllimlərə xatırlatma olsun deyə qısa bir haşiyəyə çıxmaq istəyirəm.
HAŞİYƏ
BABKM-da oxuyanda bir “müəllim” var idi, bizə zenit silahlarının istismarı fənnindən dərs deyirdi. Dərs vaxtı orda-burda avaralanar, dərsləri boş keçərdi. İmtahan vaxtı TKM-i çağırıb deyərdi ki, bütün qrupdan filan məbləğdən yığmalısan. Ya hamı, ya heç kim. Siyahıda nə qədər kursant var, hamısı verməlidir. Mənim pul verməyəcəyimi bildikdə isə deyərdi: “Onda Mustafayev, uzağı ondan başqa da bir nəfər – Rüstəmov Elnuru nəzərdə tutardı – qiymət alacaq, qalanları kəsildi”. Uşaqları salardı üstümə: – “Sənə görə biz də kəsiləcəyik” – qəribə olsa da, reallıq belə idi. Mən də onlara yeganə çıxış yolunu göstərərdim (nə yaxşı ki, uşaq vaxtı rəhmətlik Sükeydə nənəm mənə “Cırtdanın nağılı”-nı çox danışıbmış): “Mənim üçün fərqi yoxdur, kəsilmək istəmirsinizsə, mənim də əvəzimə yığın” və onlar məcbur olub, bunu edirdilər. Bir neçə dəfə belə hal olub.
90-cı illərdə BDU-nun tələbələri Qrabağda şəhid olanda, Bakıda bir torba alçaya, almaya qiymət yazan, hətta “üçlük”, mobil telefonlar çıxandan sonra “kontur” ləqəbi qazanmış müəllimlər də var idi. Şamaxı Humanitar Kollecində isə Tədris hissə müdiri vəzifəsindən sui-istifadə edərək, bəzən fənn müəllimlərinin razılığı və xəbəri olmadan yalançı imtahanlar düzənləyib, tələbələri “kəsər”, sonra düzəltmək üçün pul yığardı. Zənn edərdi ki, heç kim bunu anlamır…
Biz orta məktəbdə oxuyanda belə söhbətlər yox idi. Əksinə, müəllimlər dəftər-qələmi olmayana evdən gətirədi, ya da anındaca şkafdan çıxarıb verərdi… Ta indikilər kimi çığırıb-bağırmaz, kiminsə, nəyinsə xatirinə bəzi həkimlərdən öyrəndikləri metodlarla lazımlı-lazımsız əlavə vəsaitləri uşaqlara bəlkə də valideyinin sonuncu 5-6 manat çörək pulu, yol pulu üçün saxladığı vəsaitə aldırıb, sonra ilboyu arasın açmadan bir küncdə yatırtmazdılar… Bunlar həqiqət olsa da, necə deyərlər, dünya təkcə bunlardan ibarət deyil. Sadəcə, sözüm bəzi müəllimlərədir ki, diqqətli olsunlar. Allah bilir bu gün onların qarşısında oturan şagird və tələbələr sabah nələr danışıb, nələr yazacaqlar. Bu qədər geniş və təfsilatlı girişin yalnız bir məqsədi var, dünya təkcə bu gündən ibarət deyil, bunun sabahı da var… Və həmişəki kimi bizim pislərlə işimiz yoxdur – pis elə pisdir, onlar həmişə olub, və olacaqlar. Sadəcə, tək-tək fərdlər yaxşılardan nümunə götürüb yaxşı olsunlar deyə, bilməzlikdən bu girdaba yuvarlanmasınlar deyə nümunəvi, nəsə öyrənilə biləcək şəxslərdən, nümunələrdən yazmaq, təbliğ etmək lazımdır. Bugünkü qəhrəmanım, haqqında söhbət açacağım şəxs Şamaxı Dövlət Regional Kollecinin direktoru iqtisad elmləri namizədi, dosent İlham Vəliyevdir.
QISA ARAYIŞ Vəliyev İlham Əli oğlu – 7 oktyabr 1959-cu ildə Tovuzu rayonunun Əlibəyi kəndində müəllim ailəsində anadan olub. Azərbaycan Dövlət Pedaqoji Universitetinin riyaziyyat fakültəsini bitirib. Müəllimliklə başladığı fəaliyyəti dövründə indiyə qədər bir çox təhsil müəssisələrində müxtəlif vəzifələrdə çalışıb. İqtisad elmləri namizədi, dosentdir. Hal-hazırda Şamaxı Dövlət Regional Kollecinə rəhbərlik edir.
İlham müəllimi 2017-ci ildən – Şamaxı Dövlət Regional Kollecinə rəhbərlik etməyə başladığı ilk günlərdən tanıyıram. O vaxt diqqətimi çəkən onun kollecə rəhbərlik etməyə başladıqdan sonra təhsil müəssisəsində ab-havanın dəyişməsi və yerli camaatın onun haqqında müsbət fikirləri olmuşdur. Həmin vaxt İlham müəllimlə görüşüb ətraflı söhbət etmiş, nəticədə mətbuatda “STEREOTİPLƏRİ YOX EDƏN ADAM” adlı yazı ilə çıxış etmişdim. Bu yazı mənim 23 yazımdan 12-cisi olub, elm və təhsillə bağlı, eləcə də digər kütləvi elekton vasitələrdə yayımlanmaqla bərabər, “YARADANLA BAŞ-BAŞA” kitabıma on ikinci yazı kimi daxil edilib. Bu il (2019) sentyabrın 9-u, ya 10-u idi. Mobil telefonuma zəng gəldi – İlham müəllim idi. Salamlaşdıq, hal-əhval tutduq. İlham müəllim məni kollecdə 16 sentyabr Bilik Günü münasibəti ilə təşkil olunmuş tədbirdə bir məzun kimi çıxış etməyə dəvət etdi. Məmnuniyyətlə qəbul etdim, vədələşdik. Ayın 16-sı, səhər saat 9:00-da Şamaxıda olmalı idim. Əvvəlcədən şair-publisist “Həftə içi” qəzetinin əməkdaşı Qələndər Xaçınçaylı da mənimlə getməyi planlaşdırsa da, son anda vacib iş çıxdığına görə gedə bilməyəcəyini söylədi. Və mən ehtiyat əməkdaş, şəxsi fotoqrafım Tuncay bəylə gedəsi oldum. Vədə günü səhər saat 9-a 15 dəqiqə qalanda biz artıq hadisə yerində idik. Olduqca maraqlı tədbir keçdi. Mən də gənclərə, xüsusi ilə birinci kurs tələbələrinə bir məzun kimi tövsiyə xarakterli çıxış etdim. Eyni zamanda, onlara iştirak edə biləcəkləri davam edən “Kərəmli – 700” layihəsi barədə məlumat verdim. Ustac.az və Yazarlar.az adından İlham müəllimə layiq görüldüyü digər məşhur bir müəllimin adına olan “Vintsas” Mükafatını təqdim etdim. Tuncay bəy də çəkdi. Sonra onun kabinetində bir-neçə il əvvəl qaldığımız yerdən söhbətimizə davam etdik. İlham müəllim böyük şövqlə bu il kollecin 35 məzununun imtahansız – subbakalavr diplomu ilə ali məktəblərə qəbul olunduğunu bildirdi. (Səmimiyyətimə inanın, İlham müəllim bu nəticəyə elə sevinirdi ki, elə bil öz doğmaca övladları ali məktəbə daxil olub. Halbuki elə valideyinlər var, övladı ali məktəbə daxil olanda nəinki, sevinmir, hətta onlara mane olmağa çalışır. Örnəyi ilə elə bu ilki qəbulda da rastlaşdıq…). Sonra ümumi mənimsəmədə ən aşağı nəticənin 53%-ə çatdırıldığını bu yöndə fəaliyyətin davam etdiyini bildirdi. Söhbət zamanı hiss edirdim ki, İlham müəllim məni boş-boşuna dəvət etməyib. Əvvəlki dövrlərdən xəbərdar olan və nə olur-olsun səmimi olacaq bir şəxs kimi mənim fikrimi bilmək istəyir ki, görsün nə qədər fərq, dəyişiklik var. İlham müəllim, buradan tam səmimi olaraq demək istəyirəm ki, çox fərq var. Bu fərq artıq
Şamaxıya daxil olan kimi əhalinin, tələbələrin söhbətindən, kollecdəki ab-havadan, müəllimlərin və tələbələrin davranışından hiss olunur. Rəqəmlər və nəticələr də göz qabağında. Sağollaşıb çıxanda İlham müəllim yenə ilk görüşümüzün sonundakı kimi hələ nöqsanların olduğunu və onların səylə aradan qaldırmağa çalışdıqlarını bildirdi. Haqlı olaraq qeyd etdi ki, bu iş çox vaxt rəhbərlik və müəllimlərdən asılı olmur, bəzi valideynlər, tələbələr dəfələrlə onlara “yalnız oturub oxumaq lazımdır” – deyilməsinə rəğmən yenə digər yollar axtarırlar və aldanırlar, səhv edirlər, əsassız söz-söhbətlərə səbəb olurlar. Bu yerdə lap indi dəbdə olan məktəblərdə sinif valideynlərinin “vatsap” qrupları yadıma düşdü. Təhsil naziri əmr verir, məktəb direktorları hər dəfə iclas edib az qala bir-bir hər valideynə şəxsən çatdırır. Hər küncə-divara məlumat-bildiriş yapışdırır… Bir də görürsən bir valideyn düşdü ortaya, bəs ayıbdı, “Müəllimlər günü” gəlir pul yığmaq lazımdır. Özü də nə az, nə çox, filan qədər… Nəsə mətləbdən uzaqlaşmayaq. Necə deyərlər, pislər qalsın, pis yerində…
Bəli, sevinirəm ki, belə bir müəllim tanıyıram və bu gün onun da günüdür. Gününüz mübarək, İlham müəllim! Sizə uzun ömür, cansağlığı və başladığınız bütün işlərdə müvəffəqiyyətlər arzu edirik. Uğurlarınız bol olsun! Heç narahat olmayın, nəticələr əladır və kənardan olduqca gözəl görünür. Xüsusi ilə qeyd etmək istəyirəm ki, fərq çox böyükdür. Ümumi mənafeyi düşünən bütün vətənpərvər vətəndaşlarımız adından sizə çox sağ olun deyirik. Başladığınız işdə Uca Yaradan yar və yardımçınız olsun. Var olun! 19.09.2019. Şamaxı – Bakı.
QEYD:
Məqalə müxtəlif vaxtlarda fərqli saytlarda yayımlanmaqla yanaşı “TƏƏSSÜRATLAR” və “QƏLƏMDAR – 2” kitablarında İYİRMİ BEŞİNCİ yazı kimi müstəqil məqalə şəklində yer almışdır. Eyni zamanda ənənəvi qaydada aşağıdakı mətbu orqanlarda dərc olunub:
1.“Bir müəllim tanıyıram”, “Təzadlar”,01.10.2019, say: 45 (2230), s,13, 2.“Bir Müəllim tanıyıram”, “Ədalət”,03.10.2019, say: 158 (5622), s,8,
“Ölüm sevinməsin qoy! Ömrünü vermir bada El qədrini canından daha əziz bilənlər Şirin bir xatirətək qalacaqdır dünyada Sevərək yaşayanlar, sevilərək ölənlər…”
Səməd Vurğun
Ənvər Əhməd böyük və zəngin yaradıcılıq potensialına malik, kamillik dövrünü keçmiş, müdriklik məqamına yiyələnmiş şairimizdir. Onun şair şəxsiyyəti və obrazı müasir Azərbaycan ədəbiyyatı tarixində qərarlaşmışdır. Lakin bu məqama yetmək üçün yuxusuz yaradıcılıq ğecələri, ağır, əzablı zəhmətli günlər, əlbətttə ki, istedad və ən ümdəsi isə xalqa, vətənə, elə-obaya tükənməz bağlılıq və məhəbbət tələb edir ki, bunların hamısı, şair, dramaturq, publisist, ədəbiyyatşünas-alim Ənvər Əhməd şəxsiyyətində cəmləşibdir. Və əslində Ənvər Əhmədin müstəqil dövlət kimi öz müstəqil ədəbi aləmi, sərhədləri məlum-məşhur öz şeir dünyası, öz poeziya məkanı var… Həyat hadisələrinin və insan surətlərinin təsvirində və mənalandırılmasında daha lirik, psixoloji təhlildə daha təmkinli və kamil, müstəqil və azad, daha milli və xəlqi bir üsul axtarmağın, daha təravətli və təzə ifadə vasitələrinə meyl göstərməyin özü onun yaradıcılığını şərtləndirən mühüm amillərdəndir.
Ənvər Əhməd (Əhmədov Ənvər Misir oğlu) — şair, dramaturq, publisist, tərcüməçi, ədəbiyyatşünas, 1981-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri namizədi (1982), Azərbaycan Milli Yaradıcılıq Akademiyasının doktoru (1992), “Qızıl qələm” mükafatı laureatı, Beynəlxalq dərəcəli fəlsəfə və filologiya doktoru, professor (2000), Beynəlxalq Kadrlar Akademiyasının həqiqi üzvü (2001). 1943-cü il avqustun 8-də, İkinci Cahan savaşının şıdırğı çağlarında Azərbaycanın Ağcabədi bölgəsinin Kəbirli mahalının Salmanbəyli kəndinin Kəlbəcərdə yerləşən Sarıyer yaylağında doğulmuşdur. Ağcabədinin 5 saylı şəhər orta məktəbində təhsil alandan sonra Bakı statistika texnikumunu bitirmiş(1961), Ağcabədi rayonundakı Salmanbəyli kəndində mühasib köməkçisi işləmişdir(1961-1962). “Dağ və mən” adlı ilk şeri 1962-ci ildə “Ağcabədi pambıqçısı” qəzetində dərc olunmuşdur. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsilini davam etdirmiş (1963-1968), sonra Ağcabədi rayon “Sürət” qəzetində ədəbi işçi, müxbir, məktublar şöbəsinin müdiri (1968-1976), Xankəndi Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı kafedrasının müəllimi, sonra dosenti (1976-1994) işləmişdir. Nəsrəddin Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şuşa filialının direktoru (1994-2000), Azərbaycan Müəllimlər İnstitutunun Ağcabədi filialının direktoru (2000-2002) olmuşdur.
Hazırda Azərbaycan Respublikası Təhsil Nazirliyinin Problemlər İnstitutunun şöbə müdiri vəzifəsində işləyir. Azərbaycan Yazıçılar Birliyinin Qarabağ filialının sədri seçilmişdir (1991). Bədii tərcümə məşğul olur. “M. Ə. Sabirin poetikası” mövzusunda dissertasiya müdafiə etmişdir (1982).
Onun şeirlərində dövrümüz haqqında düşüncələr, sevgi motivləri və doğma yurdumuzun tərənnümü, millilik, azadlıq və müstəqillik ehtirası, Azərbaycançılıq, türk birliyi, Qarabağın işğaldan qurtuluşu və s. bu kimi social, mənəvi, əxlaqi motivlər əsas yer tutur.
Respublikamızın ən nüfuzlu nəşriyyatlarında Ənvər Əhmədin “Nəslimiz” (şeirlər, 1968); “Anamın izləri” (şeirlər, 1974); “Sevgi yurdu” (şeirlər, 1979); “Sevgi cavan qalır”(şeirlər və poemalar, 1982); “Oğullar və qartallar” (şeirlər, 1985); “Sağlıq olsun” (şeirlər və poemalar, 1987); ” Kefenim kandan biçiliyor” (şeirlər, 1995); “Od qanı” (şeirlər, poemalar və dram əsəri , 1997); “Qanlı torpaq” (şeirlər, 1998); “Bu qılınc pas ata bilməz” ( şeirlər və poemalar, 2000); “Dünya əlimdən sürüşür” (şeirlər, poemalar və dram əsəri, 2007); “Salam, ay anası ölmüş oğullar” (şeirlər və poemalar,2008), “Daş qanı”(şeirlər və poemalar, 2011), “Ədəbiyyat yolçusu” (tədqiqat, 2012) , “Həsən Küskün köç eylədi dünyadan”, ( tədqiqat, 2013),” Seçilmiş əsərləri” (8 cilddə, 2013-2014-2015) və s. şeirlər, poemalar və dram əsərindən ibarət kitabları, “M.Ə.Sabir poetikasının bəzi cəhətləri” (monaqrafiya, 1978); “M.Ə.Sabirin poetikası” (monoqrafiya, 1996) monoqrafiyaları, onlarca elmi, publisistik, ədəbi-tənqidi məqalələri nəşr və dərc olunmuşdur.
Bu kitabların, demək olar ki, hamısı milli qürurumuzun poetik mənzərəsinin əksinə xidmət edir… Və bu problemə müəllif vətənpərvər bir şair kimi zəruri həssaslıqla yanaşmağı bacarmış, bir ziyalı və intellektual elita nümayəndəsi kimi həmişə adekvakt, effektiv poetik reaksiya göstərə bilmişdir…
Müasir dövrdə, müstəqillik illərində fəaliyyyət göstərən yaradıcı fərd, gərək ki, dərin analitik təfəkkür, ünsiyyət qurmaq və əlaqələr yaratmaq bacarığına, problemləri duymaq qabiliyyətinə, operativ fəaliyyət göstərmək, düşməni yaxşı tanımaq və onun psixologiyasının incəliklərinə bələd olmaq, xalq və dövlət mənafelərini əsas tutmaq xarakterinə, fəhminə malik olsun – bax, budur peşəkar ziyalıdan – şairdən, yazıçıdan, alimdən tələb edilən keyfiyyətlər!..
Ənvər Əhmədin fəaliyyət dairəsi və siferası, kəmiyyət və keyfiyyət vəhdəti imkan yaradır ki, o, belə yaradıcı fərdlər sırasında görünsün… Onun əsərlərinin əksəriyyəti müasir dövrümüzün mahiyyətindən qaynaqlanır, müasir gerçəkliyin, Azərbaycan gerçəkliyinin, həqiqətlərinin, taleyüklü, ölkə üçün həsas məsələlərin tarixi-siyasi və ideoloji vacibliyinin yaxın və uzaq hədəflərinin ədəbi-estetik dərkinə, poetik şərhinə hesablanır…
Ənvər Əhmədin poeziyaya gəlişi altmışıncı illərin əvvəllərinə təsadüf edir, dediyimiz kimi ilk şeiri “Dağ və mən” 1962-ci ildə dərc edilibdir. Və o gündən bu günə gözümüz önündə olduqca maraqlı və ədəbiyyatımız üşün vacib bir şair ömrü canlanmaqdadır – 55 ili haqlayan yaradıcılıq yolu keçmiş, 80-nə doğru çəhlim götürən bir ziyalı ömrü… Onun ilk şeirinin adı təsadüfü olsa da, qəribə bir maqik assosiasiya doğurur və gənc şair ilk addımlarından özünü dağla qarşılaşdirir “dağ və mən” deyir… Ulu Səməd Vurğun demiş, “Dağ olmaq istəsən dağa arxalan!” Ənvər Əhməd Misir ocağının bu müqtədir oğlu (bu ocaqda 13 uşaq böyümüş, Əhməd Elbrus, Əbülfət Misiroğlu, Yusif Misiroğlu kimi istedadlı şair, nasir, jurnalist yetişmişdir) orta boylu olsa da, yaradıcılığı etibarən dağ cüssəlidir, gəzdiyi yaylaqlar qədər axar-baxarlıdır… Təqdir ediləsi cəhətlərdən biri də budur ki, Ənvər Əhmədin bütöv yaradıcılığı onun ruhunu, sosial, siyasi ğörüşlərini, həyata münasibətini əks etdirir, yanımcıl, nikbin ruhla xalq kədəri üçün “Qırmızı kəfən” şeirində olduğu təkin “hönkürtüyə” çevrilir:
Allahın qəzəbi tutubdu məni,
Dünyanı Xocalı rəngdə görürəm.
Sanki qana dönüb həyat dənizi,
Yox-yox, ağlamıram, mən hönkürürəm
Bu qəbildən, bu məzmunda olan şeirlərdə şairin məhz ana torpağa, Vətənə, xalqa bağlılığı özünü göstərir. Ənvər Əhməd xalqın, vətənin taleyi üçün “mühüm mövzuları” qələmə aldığına görədir ki, əsərllərini mütərəqqi milli ideyalar miqyasında səsləndirə bilmişdir. Əlbəttə, hər bir sənətkarın böyük ürəyi, xalqa böyük məhəbbəti və mühüm mövzular seçməsi yetkin bir sənətkar kimi formalaşmasını təmin edəcək profillərdəndir.
Ənvər Əhmədin 1985-ci ildə yazdığı bir “Tərəkəmə” poeması var və bu əsər Azərbaycan epik poeziyasında yeganə, şəhdli-ballı, köçəri-elatlı, etnoqrafik detallarla zəngin, koloritli, tam orjinal monumental bir poemadır. Bu poemadan gətirdiyimiz bu bir parça Ənvər Əhmədin poeportretinin müəyyən cizgilərini olduğu kimi canlandıra bilır:
“Tərəkəmə” çalındı,
Əriş-əriş çalındım,
Arğac-arğac söküldüm,
Yumaq-yumaq açıldım.
Xurcun-xurcun gözəndim,
Naxış-naxış saçıldım.
“Tərəkəmə” çalındı,
Gəbə-gəbə toxundum.
Uçuqlardan tapılan
Kərpic-kərpic oxundum.
Köç yolu haçalandı,
İlmə-ilmə calandı
Könlümün Vətən andı.
Qılınc-qılınc doğuldum,
Qala-qala ucaldım.
Həyat-həyat yaşadım,
Dünya-dünya qocaldım…
Bu poemada, ümumiyyətlə, Ənvər Əhmədin yaradıcılığığnda ayrı-ayrı deyimlərin zaman və məkan boyunca hərəkəti, dinamikası, ictimai-sosial problemlərlə, milli-mənəvi dəyərlərlə çarpazlaşması və sair göstərilir və bu şairin, müəllifin zəngin daxili istedadı, mədəniyyəti, bir də detallı həyati təcrübəsi hesabına dəyişir, haqqında söz açılan mətləblərin müxtəlif aspektləri boy göstərir.
Ədəbi mühitdə onun yaradıcılığı, eləcə də, “Tərəkəmə” poeması həm qələm dostları, həmkarları tərəfindən, həm də oxucuları tərəfindən həmişə rəğbətlə qarşılanmış, xoş təəssurat oyatmışdır.
Xalq yazıçısı Anar Rzayev:“Ənvər Əhməd el qeyrətli ziyalıdır. Ənvər ictimai-siyasi hadisələrə həmişə emosionaltənqidi münasibətdə olur. Ruhunun ―ictimai fəallığı‖şeirlərinə də hopur. El şairlərinə xas olan ictimai siyasi motivlər onun poetik lüğətini müəyyənləşdirir. Ənvər Əhməd şəhər infrastrukturuna, çoxmərtəbəli evin qapalı məkanına alışsa da, elat – tərəkəmə koloritini, kənd insanının saflığını qətiyyən itirməyib. Türk keçmişinə sevgi etnik mədəniyyətimizlə qürur hissi onun yazı üslubunu və mövzusunu şərtləndirir. Ənvər Əhmədin emosional dünyası poetik yaradıcılığında parlaq şəkildə əksini tapır. Cəmiyyətdəki haqsızlığa, ədalətsizliyə dözümsüzlüyü, Vətən sevgisi şeirlərinin poetikasını, fəlsəfi fakturasını müəyyənləşdirir. Onun sevgi şeirlərində də, mən deyərdim ki, bir kişi səmimiyyəti var. Əksər poeziya nümunələrində kişi dəyərlərindən söz açır. Praqmatikliyindən, hadisələri real qiymətləndirmək baxımından fərqlənir… O həyatda, davranışında şairdir və dəyərli poetic məharətə sahibdir. Ənvər Əhməd mənim düşüncəmdə bütöv Azərbaycana yaraşan bir ziyalıdır. Onun yazılarında təfəkkür və dil arasında məsafə qısa və lakonikdir. Yəni onun istəyində bədii mətn yorucu olmamalı, fikir və ifadə qısa, yığcam olmalıdır. “
Xalq şairi, filologiya elmlər doktoru Xəlil Rza Ulutürkün fikri ümumən bu münasibətin bariz nümunəsidir: “Ənvər Əhmədin poeziyasında heç bir zahiri effekt, gurultu, iddia, özünütəsdiq aludəliyi yoxdur, yalnız dərin səmimiyyətin, həyata, insanlara vurğunluğun, bəşər qatillərinə, yırtıcıya, qəsbkara amansız və alovlu nifrətin sağlam cövhəri var. Bu poeziya bizi ümumən sənətin, şairin, şairliyin mahiyyəti haqqında düşünməyə, bunu yenidən öyrənməyə, min dəfə verilmiş suallara yenidən qayıtmağa vadar edir”.
Özünün dediyindən: “Ürəyim kövrələndə kəhər atımı minib Haramıda, Şah təpəsində, Küdrüdə, Çafalda, Nərgiztəpədə, Erki qarışanda doyunca gəzirəm. Yorulanda çoban qardaşım Şəmilin evinə düşüb köhnə motal pendiri ilə acıtmalı əppəkdən iştahla yeyirəm, samovar çayı içirəm. Uzun müddət nəsə özümdə bir rahatlıq, gümrahlıq hiss edirəm. Bir sözlə, təpədən dırnağadək zoğ tərəkəməyəm, hətta tez-tez bəzi ziyalı dostlarım mənə zarafatla “tərəkəmə balası” deyə müraciət edirlər”. Ənvər Əhməd bir tərəkəmə balası kimi daxilən azaddır, sərbəstdir, yovşan ətrli şeirlər müəllifidir, poeziya çəhlimlərdə səllimidir…
Professor, filologiya elmlər doktoru, tənqidçi-ədəbiyyatşünas Vaqif Yusifli: “Azərbaycan ədəbiyyatında tərəkəmə həyatına, onların adət-ənənələri, məişətinə dair yazılan əsərlərin sayı o qədər də çox deyil. Azərbaycan xalqının etnogenezində fəal iştirak etmiş qədim türkdilli tayfalar olan tərəkəmələr-oğuz türkləri əsasən Azərbaycanın Kür-Araz ovalığı, Mil-Qarabağ, Muğan və Şirvan düzlərində icma halında yaşamışlar və indi də bu proses davam edir. Onların əsas məşğuliyyət sahəsi maldarlıq və əkinçilikdir. “Tərəkəmə” xalq rəqsini tərəkəmələrin yaratdığına qətiyyən şübhə eləmirik. Amma mən “tərəkəmə” deyəndə bütün bu etnoqrafik detallardan daha çox çölçülüyə, azad quşların, ağacların, çayların, göllərin dünyasına qovuşan, doğulduğu gündən ölənəcən daxilən azad olan insanları düşünürəm. Çomaq götürüb, çarıq geyib, dağda-aranda qoyun-quzu otaran, sapand atan, at çapan, süd sağan, suluq tutan, bulama bişirən tərəkəmələr-köçəri həyat tərzi keçirən bu azad insanların içindən Xudu Məmmədov kimi dünya şöhrətli bir alim yetişdi. Elə “Tərəkəmə” poemasının qələmə alınması da onun təkidilə olub: “Ənvər, sən xalis tərəkəməsən. Çobanlıq həyatını yaxşı bilirsən. Onların həyatından, xalqımızın ulu adət və ənənələrindən, ümumən köçərilik həyatından bir etnoqrafik poema yazsan, pis olmaz”.
“Tərəkəmə” poeması eyni oyun havasının ritmi ilə başlanır (mənə belə gəlir). Sözlərin təkrarı və səslərin alliterasiyası üzərində qurulan “giriş” hissəsində biz tərəkəmə həyatının romantikasını seyr edirik.”
“Tərəkəmə” poeması sırf tarixi-etnoqrafik poemadır, böyük bir elatın tarixi və müasir həyatıdır… Onun bir sıra qəhrəmanlarının da müəllifin müasiri olmasını təsadüfi hesab etmək mümkün deyildir . Bunlardan , çoban Xanlar, Həsən, Kal Bayram, Xanım, Şərəf, Sarı Kərim, Zaman oğlu Mustafa, Hacı İbiş, çoban Paşa, Mir Ələkbər, Hör-nör Şəmil, Bığ Əkbər, Dönməz Əliş, Nər Vəli, Xanım, nazlı Şəhla, Sona xala, Gülüsüm bibi, Əhməd baba, Şərəf bacı, Uruz əmi, Musa kişi, çoban Boran, Murgüz Alı, Ter Əhməd, Dızıq Qara və başqaları bu sıradandır. Demək olar ki, hər biri epizodik səciyyə daşıyan bu adamlar poemaya təbii bir kolorit gətirir, adların, ayamaların özü çox mətləbdən və elat mədəniyyətinin incəliyindən xəbər verir. Bir sözlə, Ənvər Əhməd poemada tərəkəmə həyatının romantik dünyasını özünəməxsus tərzdə, parlaq, tipik çalarları ilə, “Söz közündə, odunda əriyə-əriyə” təqdim edir.
Dağ suyu tək duru idi qanımız,
Buz salı tək möhkəm idi canımız,
Nağıl idi ötüşən hər anımız,
Gün doğmamış yağlı yaxmac yeyərdik,
Nənəmizə “sağ ol, sağ ol” deyərdik.
Qulun salan at çullanar, bağlanar,
Yalmanlanan atın şişi dağlanar,
Qotur dəvə gühənindən yağlanar,
Cidov öküz soncuqlayar, getməzdi,
Alıq aşar, mənzil başa yetməzdi.
Misal gətirdiyimiz bu iki bəndin tekstoloji tərkibində istifadə edilən sözlər, ifadələr, poetik sintaksis tərəkəmə elatının məişətini doğru-düzgün, bütün koloriti ilə əks etdirir ki, bu cəhəti bütün poema boyu müşahidə etmək mümkündür… Bunlar əslində milli-etnoqrafik dəyəri olan urvatlı sözlərdir… Bu poemada mövzuya, bədii sözə, hissə, fikrə zərgər dəqiqliyi ilə məhəbbət və hörmət var, sözü hörmətə mindirmək var… Burada şairlik təcrübəsi və yüksək sənətkarlıq texnikası da var… Mətndə qürur qarışıq bir nisgil var ki, elatın bir çox ənənələri öləziməkdədir, adı çəkilən yurd, yaylaq yerləri indi düşmən işğalındadır və o dağlar, qayalar, bulaqlar da, bizim özümüz də bir-birimizin nisgilini çəkirik… “Dağ günləri elin ən xoş günüydü, Hər səs-səda çobanların ünüydü…” misraları bu günün faciəsini alt qatda nümaiş etdirir. İndi bizim, Qarabağ elatlarının “xoş gününü”, “səs-sədasını, ününü”, dağlarını – yaylaqlarını əlindən alıblar… Məkan olmayanda, sənin təsvir etdiyin həyat da olmur…
Əlbəttə, “Tərəkəmə” poeması, tarixi-etnoqrafik gerçəklikləri əks etdirən tərəkəmələrin tarixi həyat tərzi və məişətini maraqlı, həyati detallarla təqdim edən poetik təəssüratlar silsiləsi kimi olduqca maraqlıdır. Poetik ricətlər, emosional təsvirlər, lirik təhkiyyənin səmimiyyəti və orjinallığı, şairin görüb müşahidə etdiyi hadisələr, tərəkəmə həyatının az qala bütün etnoqrafik detalları ilə təsviri o qədər real, təbii və inandırıcıdır ki, burada tarixi-etnoqrafik xronikadan daha artıq, ruhu oxşayan məlumat əldə edir, əsər boyu Qarabağ tərəkəmələrinin yaşadığı yurd yerlərini, dolaşdığı kəndləri, obaları bircə-bircə sanki səyahət edirsən, kəhərə süvar olub Haramıdan, Şah təpəsindən, Küdrüdən, Çataldan, Nərgiztəpədən, Ergiqarışandan keçirsən, Qaravəlli, Kələbədin, Sarvanlar, Kəbirli, Eyvazlı, Sarıcalı, Arazbar, Əlnəzərli, Xəsilli, Təhlə, Ovşar, Muğanlı, Qaradolaq, Aşıqlı və digər kənd-oba adları poetik misralara həkk olaraq yaddaşda qalır…
Ənvər Əhmədin “Od götürdük Şəhriyarın sözündən” deyərək ustad Məmmədhüseyn Şəhriyarın “Heydərbaba” poemasının ritmik havasından bəhrələnməsi də, yeni məkan və siferada daha da doğmalaşır, situasiyaların təbiiliyini və şirnliyini qorumağa xidmət edir… Ənvə Əhmədin digər əsərlərində olduğu kimi bu əsər də təzə-təravətli poetik deyimlərə zəngin olan poemadır.
Oxucu müəllifə qoşulub, özü demiş – Çalbayırdan, Murad təpəsindən, Sarıyerdən, Ceyran bulağından, Qırxqızdan, Dəli Dağdan, Çilgəz yaylağından, Qaraarxdan, Qaraxaçdan, Yüzbulaqdan, Əyriqayadan, İşıqlıdan, Uzun yaldan, Ağ qayadan, Mıxtökəndən, Səbətkeçməzdən keçir, Qarabağın tərəkəmə obalarını gəzir, göyəbaxana, vanaya, küzə baxır, göy çəmənə sərələnib gülə-çiçəyə batır, kəklikotu dəmləyib içir, sürüyə sərdən vurur, qalayı gümüş təki parıldayan qavlamanı götürüb sağmal qoyunları ovşarlayır, sərnic-sərnic süd sağır, dələmə tutur, bulama bulayır, suluq bişirir, ağuz sağıb kətəməz yeyir, atlama içir, zoğal çomağı götürüb bəlgə tutaraq zarafat-zarafat çobanlarla “çomaq davasına” çıxır, qıyxırıq qoparır, 24 yan keçədən tikilən muxurularda xalı-gəbə, nişan xurcunu, yun corab, örkən, çatı toxuyan gözəl-göyçək qızların tırınqıyla çaldıqları ilmələrə, vurduqları allı-güllü naxışlara, oxuduqları qədim el mahnılarına heyran kəsilir. “Tərəkəmə” poeması belə başlayır:
“Tərəkəmə çalındı, qanım coşdu, qaynadı,
Qollarını qaldırıb elim,obam oynadı.
“Tərəkəmə” çalındı, igidlər bəlgələndi,
Çomaqlar şaqqıldadı, torpağa od ələndi.
Qırat aşdı gədikdən, od yağırdı nalından,
Bığıburma bir oğul yapışmışdı yalından.
…”Tərəkəmə” çalındı… Babək andım içildi,
Həsrətimin nöqtəsi gözlərimdə kişildi.
Dırnaq-dırnaq oyuldum, külüng-külüng qazıldım,
Qayaların üstünə göz yaşımla yazıldım.
…”Tərəkəmə” çalındı, köç yolu haçalandı,
İlmə-ilmə calandı könlümün Vətən andı.
Qılınc-qılınc doğuldum, qala-qala ucaldım,
Dünya-dünya qocaldım.
Ənvər Əhmədin “Tərəkəmə” poemasının sonluğu fəlsəfi-estetik mənada göstərir ki, xalqın, millətin mahiyyəti saflıqla yoğrulduğundan həmin saflıq və mərdlik əsrlər, eralar ötsə də, getdikcə artır, güclənir, elə bil, illər, əsrlər, eralar geri qayıdır, hər şey yeni keyfiyyətdə, yeni mahiyyətdə spiralvari şəkildə təkrar olunur və insan taleyinin (tərəkəmə elatının) tarixçəsində yenidən canlanır; müəllif, məkan, zaman, qəhrəman, ədəbi əsər anlayışının özü də təzələnir:
Ürək həmin ürək,
Duyğu həmin duyğu,
Yolçu həmin yolçu!
… Minib köhlən atımı,
Çapdım, çapdım, ha çapdım
Harda dayandı,
Orda yurdumu tapdım.
Tapdım, ulu babamın
Ulusu düşdü yada.
Çomağım sancılmamış
Yer yoxumuş dünyada.
Nə gözəl, nə qədər ülvi duyğulardır bunlar. Bunlar “Dədə Qorqud”dan gələn = “oxu at, ox sancılan yerdə, xeyməmi qur” fəlsəfəsindən, dinimizdən gələn “Ağ dəvə xıx edib – diz qatdayıb yatan yerdə peyğımbərə ev tikin!” inancından süzülüb gələn bulaqdır…
Təsvir-təqim olunan hadisələr, etnoqrafik detallar səni ictimai sferaya – mətndən kənara çəkir, içində mətndə olmayan, vaxtilə gördüyün, yaxud görəcəyin hadisələr canlanır, ən müxtəlif düşüncələri, duyğuları oyadır, müqayisə edirsən, yenidən poetik mətnə qayıdır, yenidən onun dərinliyinə dalırsan… Oxucu fəhmindən asılı olaraq (fəhmin intensivliyi) poetik mətni anlamağın yeni strategiyası ortaya gəlir.
Bunlar bir daha tarixi gerçəkliyi canlanıraraq onu göstərir ki, at üstündə doğulan, at üstündə ölən türkün əkmək qazandığı çomağı, həm onun silahı olub, həm onun bayrağı… “Çomağım sancılmamış, Yer yoxumuş dünyada.” – deyiminin, misralarının poetik-tarixi məna yükü də, bundan ibarətdir… “Türk qanlı köynək kimi geyir əyninə yurdu”- misrasının siqləti bayraq rənginə dönmürmü?! Və yaxud, “Dönüb ildırıma, çaxıb, hey çaxıb, Qılınc tariximiz heç vaxt pas atmaz!” – sözünə sonsuz inam və heyranlıq buradan yaranmırmı?!
Beləliklə, əsəri xronoloji qaydada deyil, olduğun məkan və zaman ölçüləri daxilində, keçmiş zamanın donmuş anında anlamaq tələb edilir…
“Qılınc”, “Misri qılınc” mifik-folkloristik obrazları Ənvərin poetik strukturunda müxtəlif məna və mahiyyətdə vaxtaşırı müraciət edilən obrazlardandır… Bəlkə də, bu genetik yaddaşdan – Ənvərin atası müdrik Misir kişinin, Misir Zaloğlunun adından assosiativ güc alır… Misir uşağının – şair Ənvərin, yazıçı Əbülfətin, jurnalist Yusifin xislətində gecələyən tərəkəmə saflıqdan güc alır… Və Ənvər Əhmədin Əfzələddin Xaqani babası demiş, O, “Misri qılıncı Misri qələmə, Misri qələmi Misri qılınca sözün ovxarnda əvəzləşdirə bilir… Cünki əsrlər boyu türk məişət və təfəkküründə Misri qılınc və Misri qələm vəhdəti həmişə olubdur… Ulu Səməd Vurğun elə-belə deməmişdi: “Müsəlləh əsgərəm, mən də bu gündən!” Bu onun həmkarlarına, qələmdaşlarına mesajı idi – Şairlər, Yazıçılar, başqa sözlə, yaradıcı adamlar həmişə vətəninin, xalqının “MÜSƏLLƏH ƏSGƏRİ”dir!!..
“Hardan başlayır vətən?” sual dilemmasının cavabdehləridirlər, əllərində Misri qələm sərhədçidirlər. Ona görə də,onun lirik qəhrəmnının Vətənin bütövlüyünə gedən yolu sərhəd dirəklərinə çatanda yolu kəsilir, yarımçıq qalır, yol da canlı kimi ölür: – “Sərhəd dirəyinə çırpıb başını, Çığıra-çığıra ölərlər yollar.”
Ənvər Əhməd üçün Vətən məhfumu Ana məhfumu ilə üzvi şəkildə birləşir, elə Vətən “Anamın izləri” şeirində olduğu təkin Ananın ayaq izlərindən başlayır:
Minib qarğı atları, yollar boyu çapardıq,
Palçıq üstə anamın izlərini tapardıq.
Əyilib o izdəki göz yaşı tək saf sudan,
İçərdik biz doyuncan!
Şair bu sudan doyunca içir ki, yanmış ürəyi sərinləsin. Doyunca içir ki, hamı bilsin, hamı duysun, hamı dinsin, hamı desin ki, Vətən bu ayaq izlərindən başlayır… Əslində, ananın bu ayaq izindəki göz yaşı təkin saf su – irilik suyu, mənəviyyat, əxlaq çeşməsidir… Və bu Ananın ayaq izlıəri müqəddəsdir, toxunulmazdır:
Götürün, yolları üfüqdən asın,
Bir ana izi də tapdalanmasın!
Nə gözəl arzu! Nə gözəl istək! Yenə də, qeyri-adi orjinal poetik obraz, Ana məhəbbəti üfüqdən boylanan dan yeri rəngində bayrağa dönür…
Bax, ana heykəlini belə qoyarlar, o heykəli ürək kimi döyünən əlləri öz başı üstünə bax, belə qaldırarlar! Bayraq kimi… Dünyaya 13 övlad gətirmiş Ananın müqəddəs obrazı ölməzliyə şevrilir… Ənvərin əsərində natural detallar var, amma naturalizm – sırf natural təsvir, naturalistcəsinə münasibət yoxdur..Ənvərdə qəribə, özünəməxsus ANA = Vətən aşiqliyi var, lap özü də Füzuliyanə bir aşiqlik… Bədii-estetik səviyyəyə yüksəlmiş, esteik kateqoriyalaşmış bir aşiqlik… Bu aşiqlik sufiyanə aşiqlik deyil, ifrat deyil, adi, həyati, insani, amma çox energetik bir aşiqlik… Ənvər Əhmədin ANA – VƏTƏN aşiqliyi real zəmin və məzmunda Füzuli babasının aşiqliyinəqiyasdır: “ Məndə Məcnundan füzun aşiqlik istedadı var, Aşiqi-sadiq mənəm, Məcnunun ancaq adı var. …Məndən, Füzuli, istəmə əşari-mədhü zəmm, Mən aşiqəm, həmişə sözüm aşiqanədir.”
Ənvər Əhmədin bu qəbildən şeirlərindən ruh işığı gəlir. Yanan ürəyin, əlin, sözün, üzdən axan yaşın işığı olurmuş… “Ana!” şeirində olduğu kimi:
Bu zülmü mənəm ki çəkirəm, ana!
Yoxluğun əriyib gözümdən axdı, Ölümün öldürdü mən qara baxtı. Hönkürüb, hönkürüb bu gecə vaxtı Qəbrini bağrıma bükürəm, ana!
Bu təsadüf deyilmiş. Ənvər Əhməd görür ki,
…Axşam qapımızdan başlanan bir iz,
Səhər görürsən ki, günəşə çatır!
Və yaxud qəlbən inanır ki,
… Torpağın arxası dağlar, dərələr,
İnsanın arxası eldir- obadır…
Keçmişdən üzü bəri nənə-babalarımız qorxulu yuxunu axar suya danışıblar və deyiblər: “Dərdini yaz kağıza, at suya, padşaha gedib çatacaq”. Ənvər Əhməd də “Xudafərinin iş ərizəsi” şeirində həmin köhnə, sınanılmış yolla gedir. Lakin bu dəfə ərizəni adam deyil, bir körpü yazır – Xudafərin körpüsü. Tarix səhnəsində bu qədim körpü öz yerinin nə olduğunu bilmək istəyir. Şair ona yol göstərir:
At ərizəni Araza,
Araz bilər ünvanı!
Yəni sənin dadına yetsə, suya atdığın ərizə yetəcək. Ərizəni hansı ünvana lazımdırsa oraya çatdıracaq:
Dekabrda yazmışdı
Xudafərin yəqin ki, bu ərizəni?!
O ərizənin suya atılmasından neçə dekabr keçib görəsən?..
Sular o ərizəni harda atıb-oynadır indi?!
Hər halda hələ ümid var.
Çünki ərizə suya atılıb!
Çünki dekabrda hər hansı bir kağızın
ölüm-itim xəbəri çıxmayıb hələ!
Özü də söhbət o sulardan gedir ki, qanlı, bulanıq olması öz yerində. Qorxusu bu deyil! Qorxusu odur ki, bu cür sularda şair demişkən, “Zəmanənin əliylə axtalananda məslək”, “Bəlkə balıq iştahla yeyir öz balasını”. Oljas Süleymanovun şeirlərindən birinin epiqrafında belə bir məqam var: “Afrikada ana qəbirlərinin başdaşı üstündə açıla qalmış əl şəkli həkk olunub”. Sən demə, bunun mənası bu imiş:
Diləyimiz ömü-ömür qarıdı,
Şair demiş: Araz su yox, barıdı.
Ağlar gözün tutulmaqdır peşəsi,
Sərhəd üstə sındı könlüm şişəsi…
Biz keçırik, bu dağ, bu daş yşayar,
Lal dərələr qəzəb selin daşıyar,
Xudafərin körpüsündən naşılar,
Keçə bilməz, həsrət-həsrət boğular,
Köksümdə dərd toxumu doğular.
Ənvər Əhməd bütün ziyalı həyatını Qarabağ ağrısı ilə keçirən, Qarabağ dərdini canının və qələminin giziltisində daşıyan vətəndaş şairdir və “Fani dünya bizi yaman sıxıbdır” – deyərək sızıldayır. Onun bu problemə baxışı və ədəbi konsepsiyası aydındır, şəffafdır: “Dağlıq Qarabağ problemini “münaqişə” deyil, “ədalətsiz müharibə” adlandırmağın doğru olduğunu vurğulayan Ənvər Əhməd işğal edilən ərazilərin geri qaytarılmasını müharibədə görür: “Bu dəqiqə ermənilər “Cıdır düzündə” at oynadırlar. Biz isə Şuşanın işğalını Bakıda qeyd edirik. Şuşaya sözlə qayıdırıq, əməllə yox!”. “Şuşalı bülbül” şeirində bütöv bir xalqın Qarabağ – Şuşa dərdi “Xarı bülbül – Şuşalı bülbül” obrazında ağıya dönür, Şuşanın poetik dərd hekayətinə çevrilir, Pablo Pikassonun “Sülh göyərçini” tablosu təkin teokosmik mənada simvollaşır, Şüşanın azadlığına çağırış simvoluna, rəmzinə dönür:
Bülbül, sənin işin qandı, Şairlər oduna yandı, Şuşada könlüm talandı, O yer mənim daş yaramdı.
…Bülbül tir-tir əsirdi, İlahi, bu nə sirdi? Dəhşət vardı gözündə Cıdır düzü üzündə, Sırsıra bağlamışdı. … Əvvəl elə bildim ki, Həqiqi bülbül imiş. Sonra gördüm, İlahi, Xarı-Bülbül gülüymüş. Sanki üzdü canımı, O xanımlar xanımı Natəvanın gülüymüş…
… Sarsılmışdım bayaqdan, Səsindəki ah-aman, Yaman bağrımı yardı, Döşündə yara vardı. Üz-gözü didim-didim, Xarı-Bülbülüm, -dedim… Ey əsir gülüm dedim. … Baxışı şeir-şeir Ürəyimə yazıldı, Elə bildim sinəmdə Ona qəbir qazıldı. Əl atdım ki, götürüm, Ürəyimə ötürüm, Bacara bilmədim mən, Can verirdi, deyəsən, Bülbülü ölən Vətən!… Gözümdən dünyam düşdü, Allah, bu necə işdi? Xarı-Bülbül Şuşadan Dimdiyində qan gətirmişdi!!!
Teokosmik mətndə, mifoloji-dini ənənədə – Nuh peyğəmbərin daşqın əfsanəsində göyərçin dimdiyində həyat rəmzi olan yaşıl budaq gətirir və Pikassonun tablosunda sülh göyərçini kimi əksini tapır, Ənvər Əhmədin Xarı Bülbülü – Şuşalı bülbülü isə “dimdiyində qan gətirir”, qana-qan çağırışı, qisas çağırışı, azadlıq çagırışı edir…
Bu mənada onun 2011-ci ildə qələmə aldığı “Xarı bülbül” lirik-epik poeması bu mövzuda yazılan əsərlər sırasında ən ləyaqətli yerlərdən birini tutur və bəlkə də birincisidir. Poema bir-neçə hissədən ibarətdir. Əsərin girişi klassik poemalarda olduğu kimi Allaha müraciətlə – “Minacat” formatına uyğun yazılıbdır: “Ümidi Şuşada daşa çırpılan”, “Gözü yaşlı Xarı – Bülbülə dönən” müəllif, “Ya Rəbbim, sən məni içimə sıxma!, …Allah, güc mələyin göndər yanıma!”- deyərək, bu mövzunu qədərincə əhatə etmək diləyi diləyir… Sonra “Xarı bülbülüm, bülbülüm!..”; “Mən Şuşaya necə gedim?!” ; “Mən Şuşaya qayıdacam!”; “Qaya babam, daş babam!” başlıqları altında hissələrə bölünən lirik-epik-dramatik ovqatda, qələbəyə müstəsna inam intonasiyasında, tarixi ekskurslarda, lirik-ornamental təsvir-təqdim üsulubunda, müasir məzmunlu illustrasiylar ardıcıllığında, yüksək dərəcədə milli-mənəvi yozumda, hər cür manipulyasiyadan kənar, erməni paranoyasına qarşı hissi-psixoloji dinamikada, rəngarəng poetik çalarlarda yazılmış poemada müəllif dilədiyi diləyə, effektiv ideya-estetik qayəsinə çatmış olur… Bununla da, müəllif əsəri yazarkan poetik obrazlarının dərinliyi ilə, fikri-hissi kontrastlarla – təzadlarla, minor və mojor fikri-hissi axının bir-birini əvəzləməsi ilə oxucusunu düşündürməyi və həyəcanlandırmağı bacarmışdır…
Müasir poeziyamızda Qarabağ mövzusunda dərd, qəm, hüzün dolu yazılan yüzlərlə şeirlər var və bunlar müəlliflərin yanğısından yaranır, amma nə gizlədək, şeiriyyət və poeziya bunların çoxunda olduqca xəfifdir… Amma Ənvər Əhmədin bu mövzuda sistem, axar təşkil edən əsərlərində lirizm ilə, poetiklik ilə hiss, duyğu, fikir vəhdətdə üzə çıxır, fəal, proaktiv və praqmatik pafos üstünlük təşkil edir… Yalnız bircə şeirini misal gətirirəm ki, yaxşı mənada nümunə olsun:
Mən yolların göz yaşıyam,
Məni buludlar ağlasın.
Hönkürtümdən yellər əsib
Məni o yurdlar ağlasın.
Yox Vaqifin səsi, ünü,
Qara geydi toy-düyünü.
Xarı bülbülün yas günü
Məni göy otlar ağlasın.
Çəkilmədi yurd keşiyi,
Yırğalanır qəm beşiyi,
Yanıb sönən ev-eşiyi,
Ellər-elatlar ağlasın.
Zirvələrin buzu, qarı,
Axıb gəlir mənə sarı.
Çıxıb Şuşadan yuxarı
Məni boz qurdlar ağlasın.
Ənvər Əhmədin kitablarında, xüsusən də, “Dünya əlimdən sürüşür” (2007) kitabında da, Qarabağa aid çoxlu şeirlər və poemalar var. Hamısında dərd, qınaq, ittiham, kədərin böyüklüyündən yaşanan hisslərin tüğyanı, hətta göz yaşları… Amma bunlar hamısı həm də poeziyanın dərdi, hüznü səviyyəsindədir. Belə ki, Ənvər Əhməd milli dərdin mahiyyətini tarixi-mədəni kontekstdə poeziyanın dərdinə çevirən şairlərimizdəndir. Onun “İttiham”, “Bu yara köz bağlamaz”, “Qara qutu”, “Qırğın”, “Qalx ayağa, Üzeyir” poemalarını… “Gəl, dərdləşək” poemasının poetik axarı, ictimai-sosial məzmunu, estetik qayəsi onun yaradıcılığının bu istiqmətini parlaq bir şəkildə əks etdirir. “Ağlayır” şeirində olduğu təkin yeni deyim və obrazlar “Xocalını balaya döndərir, qana bələnir”, oxucunun “könül qalası uçub-dağılır, can oda sərilir”, “Göz yaşı daş üstə bitir”, “gözlər, baxışlar dərd dərir”, onun poetik sözü yarasının örtüyünə çevrilir, dərd çiçəyə dönüb qanda bitir:
Xocalı adlı balamı, Qana bələyib gəlmişəm. Uçurub könül qalamı, Canımı oda sərmişəm.
Göz yaşım daş üstə bitib, Şuşa boyda ömrüm itib. Yaram məni boyda ötüb, Dərdi gözümlə dərmişəm.
Yazım açmadı bir çiçək, Dərdim qanımda bitəcək. Ömrüm canımda itəcək, Yaram üstə söz sərmişəm.
Onun bu qisim əsərləri millətimizin qanında vətənpərvərlik ruhunun oyatmağa xidmət edir. Onun poetik konsepsiyasında Qarabağ Azəraycanın ürəyidirsə, Şuşa onun tacıdı. Bu problem millətin şərəf və layaqət məsələsidir və münaqişə xalqımızın şərəf və layaqatinə uyğun həll edilməlidir. Ənvər buna qəlbən, ruhən inanır və qələbə-döyüş şeirini yazır:
Üçrəngli bayrağımı bağrım üstə sıxıram, Qarğa qonan zirvəyə qartal kimi çıxıram. Ey ərən oğlu, ərən, haydı, deyin: qana qan, Tətik çəkən əlindən öpəcək Azərbaycan! …Döyüşə hər atılış, hər vuruş haqdır indi, Ey vətən, o torpağın hər zərrəsi sənindi, Cahangirlər böyüdən bu ulu xalq mətindi, O yer, o yurd, o dağlar bizim məmləkətindi. İldırımtək gurlayır, yüksəlir cəngi səsi, Xan oxuyur Şuşada “Qarabağ şikəstəsi”!.. Odur pişvaza çıxır, saçları qan Natəvan, Qucaqlayır oğlunu, Azərbaycan – Natəvan!
…Elə bu an, bu saat vətən andı içilir, Düşmənin öz kəfəni öz qanından biçilir. Daş qəfəslər əriyir, nəfəsinin odundan, İgid komandirlərim, şeirimizin adından Sizə alqış deyirəm, Qələbə istəyirəm, qələbə istəyirəm.
…Gedir, gedir ordumuz, hücum əmri qətidir, Qarabağ başdan-başa vətənin cənnətidir. …Bu haqq xalqın haqqıdır, bu haqq vətən səsidir. Bu haqqın son çağırışı qələbə təntənəsidir. …Eşit, general oğlan, millətin haqq səsini, Öz qanınla bərpa et, Vaqifin türbəsini. Mən də bir əsgər kimi döyüşməyə hazıram, Bu şeirimlə düşmənə ölüm hökmü yazıram!..
Ancaq bu iddianın sahibi – “şeiri ilə düşmənə ölüm hökmü yazan” və Qarabağ boyda dərdi ürəyinə döydürən, şair belə deyə bilər:
Qəbrimi bu vətən boyda qazın ki,
Dərdimin kəfəni vətən boydadır!
Hələlik, bu mövzuda, vətənpərvərlik tematikasında belə giperbula, gipertəşbihə nə klassik, nə də müasir poeziyada rastlaşmak mümkünsüzdür… Və Ənvər Əhməd millətpərvər, xalqsevər bir şəxsiyyət tipi kimi bu cür güclü bədii ifadə vasitələrindən üsulundan ustalıqla, bacarıqla istifadə etmişdir. Belə bacarığa yiyələn qələm sahibi belə deyə bilərdi:
Təbrizə çatmayan şikəst yolları,
Doğrayın, qəbrimin tökün üstünə!
Vətənpərvərlik, vətəndaşlıq lirikasının özünəməxsus ədəbi-estetik funksiyaları, ifadə üsulları var. Burada müxtəlif ədəbi-poetik üsullsrdan – kəsgin ifşadan, öldürücü, tam inkar mövqedən tutmuş, islahedici dərəcəyə qədər müxtəlif estetik ifadə üsullarından – alleqoriya, ironiya, sarkazm, giperbula, qroteks, parodiya, fikri üstörtülü demək, tendensiyalılıq və s. mövcuddur. Bunlar ictimai lirika estetikasının, poetikasınn aksiomalarıdır… Bunlar Ənvər Əhmədə qədər istifadə edilən ictimai-siyasi lirikanın ifadə imkanlarıdır, janra məxsus keyfiyyətlərdir ki, Ənvər də , bunlardan bacarıqla istifadə edə bilmişdir… Bu bədii ifadə imkanlarına və məzmununa görə ciddi, təsireici, katarsisə səbəb olan, ictimai rəy doğuran lirika, siyasi-ictimai lirika və s. öz-özünə, boş yerə yaranmayıb və Ənvər Əhməd də bunların hamısından vətəndaş, vətənpərvər bir sənətkar kimi ustalıqla istifadə edibdir. Bu əsərlərdən göründüyü kimi, Ənvər Əhmədin xalqına, millətinə məhəbbəti yüksəkdir, millilikdən, xəlqilikdən, milli mənafedən kənar nə varsa onun diqqətindən kənardadır və ya bir lirik kimi təhnizindədir… Yəni lirik mətnin alt qatında, mətnin gizli kodunda bu təhniz ortaya çıxır, lap, ifşaedici ovqatda… Burda ikili standartlara yer yoxdur. Və bu lirik təhnizdə satira səviyyəsində nifrət və öldürücü atəş də görmək mümkündür ki, əslində bu ayıq oxucunun, psixoloji cəhətdən həssas oxucunun işidir…
Həmçinin bu hiss və duyğular xalqa, millətə, vətən övladına məhəbbətdən irəli gəlir… Vətənpərvərlik və vətəndaşlıq tendensiyası – poetik-bədii tendensiya da buradan irəli gəlir. Bu xətti yaradan cəhət isə xalqa, millətə böyük, sarsılmaz məhəbbət idi və xalqı biganəlik, susqunluq, görməməzlik girdabından çıxararaq işıqı sabahlara aparmaq, sosial ədalət bərqərar olmuş cəmiyyətdə yaşamaq istəyi, arzusudur… Ənvər Əhməd bü cür ülvi arzularla oxucusunu “şair əllərinin” (qələminin) açdığı qapıdan keşirə bilir:
Bir küləyin açdığı qapı var,
Bir ölümün açdığı qapı var,
Bir şair əllərinin açdığı qapı var…
Ənvər Əhməd Azərbaycanın tanınmış şairi və mədəniyyət xadimidir. Uzun illər Təhsil sahəsində çalışmışşdır, Ali məktəb rəhbəri olmuşdur. Ölkəmizin erməni işğalçılarına qarşı apardığı mübarizədə Ənvər Əhmədin qələmi kənarda qalmamışdır. Ənvər Əhməd bu gün də gənclik eşqi ilə yazır, yaradır…
Ənvər Əhmədin epik yaradıcılığı olduqca vüsətli, əhatəli, mövzu və tematika cəhətdən rəngarəngdir. Onun yuxarıda adlarını çəkdiyimiz poemalrı ilə yanaşı “Xarı bulbul”, “Şəhriyara salam”, “Daş qanı”, “Bu yara göz bağlamaz”, “İttiham”, “Vətən”, “Qobustan möcüzəsi”, “Torpağın işığı”, “Süleymn və Bilqeyis dastanı və yaxud, Quş sümüyündən saray” və s. poemaları vardır. Bunların , demək olar ki, hamısı Qarabağ mövzusunda yazılıbdır.
Ənvər Əhmədin bu əsərlərində müxtəlif taleli insanı bir amal yaşadır – vətən, torpaq, ailə qarşısında mənəvi dəyərlərimizə, əxlaqi keyfiyyətlərimizə sadiq qalmaq, onu gələcək nəsillərə xeyirxah nümunələrlə aşılamaq.
Müəllifin toxunduğu mövzular olduqca müxtəlifdir. Qələmə aldığı poemalarda Ə.Əhməd nəinki tariximizi, mədəniyyətimizi eləcə də ibrətamiz düşüncələri bədii boyalarla, dərin təhlillərlə, incə yumorla oxucunu özünə cəlb edir. Onun lirik-epik qəhrəmanı
qarşına çıxan müsibət qarşısında mətanət, cəhalət qarşısında mərifət, kin-küdrət və qəzəb qarşısında mərhəmət, pislik qarşısında xeyirxahlıq nümayiş etdirir və müəllifin öz obrazı ilə – poeportreti ilə harmonik əlaqə qurur, biri digərini tamammlayır… Ənvər Əhmədin indiyə qədər yaşadığı məsuliyyətli və gərgin şair həyatının, məşğul olduğu bədii, ədəbi-elmi fəaliyyətin real həqiqətləri və dəyər ölçüləri o qədər dərin və mənalı bir reallıqdır ki, bu reallığın özü onun milliliyə xidmət edən fəaliyyət dairəsini şərtləndirir.
Ənvədə millilik son dərəcə sosiallaşmış formatda təqdim edilir… Ənvər Əhməd məsuliyyətini dərk edən bir şair kimi siyasi proseslərə, ölkənin taleyüklü problemlərinə öz mövqeyini ifadə etməli, neqativ hallara qarşı çıxmalı olduğunu dərk edən ziyalılarımızdandır . Beləliklə də, o, öz məsuliyyətini anlayan bir millət qğləm əhli olaraq həm mənəvi, həm də qanuni vəzifəsini yerinə yetiririr.
Onun bir sıra şeirlərində sanki qutsal kosmoqonik akt baş verir, içindəki boşluq poeziya havası ilə dolur… Yaxşı olan budur ki, onun şeirləri filoloji fikir məkanına daxil olub orada məskunlaşa bilir… Əsas sosial problemlərdən biri də dövlətin millətləşməsi ilə bahəm, millətin də dövlətləşməsidir… Dövlətləşmiş millətə kənar, yad, yabançı ünsürlər yeritmək qeyri-mümkündür, o, bütün cinahlarda yabançılaşma təhlükələrinə müqavimət əzmindədir. Poeziyada bu pozitiv tendensiyanın təbliği aparıcı olmalıdır… Poeziya – ədəbiyyat şərəfli millət uğurunda mübarizənin öncül müsəlləhi olmalıdır. Ədəbi sima konkret dövrdə filoloji fikrin möhtac olduğu dərinliklərdə iş görməyə çalışar. Ənvər Əhməd klassikanın modern təfəkkürünə qoşularaq (beyinəqoşulma) ənənəvi milli təyinediciləri bərpa edə bilir… İlk baxışda bu normativ fon kimi görsənsə də, dərinə varanda bu normativlikdə Ənvərə məxsus bir özgürlüyün, özünəməxsusluğun yeniliyini sezirsən… Poetik mətndə məxsusi deyim-leksikası meydana gəlir. Poetik əsər, poetik mətn zaman və məkan dəyişikliyinə uğrayaraq yenilənir… Başqa sözlə, Ənvər haradasa ədəbi ənənələri mükəmməlləşdirməklə də məşğul olur və onun üslubunun novatorluğunun bir çaları da elə buna bağlıdır… Belə olan tərzdə onun poeziyası ədəbi mühitdə – oxucuda hörmət, simatiya, rəğbət doğurur…
Vətənpərvərlik və vətənsevərlik motivi əsas xəttin seqmentidir və fəlsəfi-teoloji-sosial məzmun daşıyır. Poeziyanın ruhundan ötürülən energetik infomasiya –müəllif-oxucu münasibətində birləşərək dramatik-duyğusallıqla spontan, təhtəlşüuri meydana çıxır…
Ənvər Əhmədin yaradıcılığ milli məzmunlu poetik konstruksiyalra malikdir. Bu əsasən bədii obraz, bənzətmə və ifadələrdə ortaya çıxır. Bütün bunlar milli lirik xarakterin ortaya çıxması üşün poetik-bədii fənddir və məna-məzmun social status qazanır…
Müəllif monotonluğun, etinasızlığın mənəvi-psixoloji yorğunluğunu daşıyan, münasibətlərində böhran yaşayan insan həyatına milli-ideoloji rakursdan baxaraq dayanıqlı vətəndaşlıq formulunu təklif edir… Bu isə poetik ideyanın stimullaşdırılması müstəvisində sosial-siyasi məzmunda və fərdin işıqlı duyğularına pozitiv-instinktiv planda baxışdır…
Ənvərin poeziyasında məna və məzmuna uyğun pafos müşahidə olunur, məsələn, necə ki, Səməd Vurğunun poeziyasında çılğın mili əsasda olan ehtirasları göstərmək bacarığı buradakı pafosu doğruldur və nəinki doğruldur, o pafos səni ələ alır, çünki süni yox, təbiidir, bu dərəcədə ehtiras, çılğınlıq elə bu cür də təqdim olunmalıdır… Bu onun əsasən dramatic əsərlərinə – pyeslərinə daha çox şamil etmək mümkündür. Onun pyesləri poemaları qədər monumentallığı ilə diqqəti çəkir. Həm təhkiyəsinə, arxitektonikasına, həm də məzmunun zənginliyinə, mənalılığına, milli təəssübkeşlik miqyasına görə bu əsərlər püxtə qələmlə yazılıb… Burada latentlik, demək olar ki, yoxdur, aşkarlıq və reallıq boya-boydur… Ənvərin poeziyası XX əsr 70-80-ci illər Azərbaycan poetic realizm manerasındadır.
Obrazların düşüncələri və düşüncələrindəki təbəddülat, mülahizələri elə detallarla, şair müşahidələri ilə qələmə alınıb ki, təbii inam və inandırıcılıq aşkar olur… Ənvər Əhmədin poeziyası tale poeziyasıdır. İnsan taleyinin özü də, onun ətrafındakıların xisləti də bəşəri hiss-həyəcanlardan, bəşəri dəyər və naqisliklərdən ibarətdir – sevgi və nifrət, vəfa və vəfasızlıq, mərdlik və xainlik, sevinc və kədər, bayram və matəm, sədaqət və xəyanət və s. və i.a. Bədi əsərin kolliziyasını əslində bunlar təşkil edir… Tale poeziyası olduğundandır ki, “Məbəd” şeirində belə siqlətli bədii, belə dəruni mətləbli misralar qələmdən süzülür:
Bu torpağın altı mənəm,
Üstü sən!
Bu sevdanın alovu mən,
Tüstü sən!
Ehh… Ömrümün ölüsü mən,
Büstü sən!
Qarışıbdı çiçək gülə,
Dönmüsən Xarı bülbülə!
Və yaxud, “Tarix” şeirində:
Bir qarışqa ömrü ilə,
Qaya çapdım, dağ aşırdım.
Bu dünyanı tutub dilə,
Onu qəbrimə daşıdım.
Ənvər Əhmədin otuza qədər kitabı çıxıb. Bunların arasında həm şeir, poema, həm də dram əsərləri var. Bu əsərlərin əksəriyyətində bu cür orjinal deyimli, poetik obrazlı, hissi-emosional məzmunlu şeirlər çoxluq təşkil edir.
Ənvər Əhməd müsahibələrinin birində deyir: “Biz içimizi təmizləyib, qeyrətimizi
oxvarlayıb, ən azından işğaldan qabaqkı mənəviyyata qayıtmalıyıq. Mənim bu mövzuda bir şeirim var. ” Bu qılınc qınında pas ata bilməz” adlanır. Orada yazmışam:
“…Qardaş, Qarabağsız ruhumuz qandı,
İçək Göyçə andı, Zəngəzur andı!
Qələbə tarixin yazılmayıbsa,
Düşmənin məzarı qazılmayıbsa,
Əgər qəbir-qəbir itirsə vətən…
Əgər bu millətin oğlusansa sən,
Bu qılınc qınında pas ata bilməz.
Əgər Ələsgərin ruhu yandısa,
Əgər dünya səniu belə dandısa,
Əgər ucalmırsa qeyrət heykəli,
Əgər əsirdirsə neçə qız-gəlin…
Bu qılınc qınında pas ata bilməz!”
Bununla bərabər, sənin mənəviyyatın da pas atmamalıdır. Qılıncdan, tüfəngdən, topdan qabaq millətin mənəviyyatı ovxarlanmalıdır. Mənəviyyat qayıtmasa və bunun fonunda vətənpərvərlik hissi güclənməsə, Qarabağı qaytara bilməyəcəyik. “Azərbaycan” şeirində deyildiyi kimi:
… Baş qoyaraq dizin üstə,
Tarix boyu can vermişik.
Qətrə-qətrə doğranmışıq,
Araz-Araz qan vermişik.
Sızlayanda ürəyimiz,
Ağ günə güman vermişik.
Dərdlərimiz hamilədir,
Qeyrət doğar Azərbaycan!
Bu dünyanın gözlərindən,
Heyrət doğar, Azərbaycan!
Bu, şairin müqəddəs arzularından, istəklərindəndir. O, vətəni bütöv görmək, dünyanı heyrətləndirmək ümidini heç vədə itirmir. Ənvər bu arzuda ikən, o taylı, bu taylı Azərbaycanı bütöv görmək istərkən, Qarabağ dərdi ilə dərdimizin üstünə bir dərd də gəldi. Bildiyimiz kimi, bizim təkcə Qarabağ yox, həm də Dərbənd, Göyçə, Zəngəzur, Borçalı, Araz, Təbriz ağrılarımız var:
“Oxudum “Arazbarı”
Araz dərdimə barı.
Dərdimi nərdivan et,
çıxım Allaha sarı.
Soruşum, hanı mənim
Bütöv Vətənim?”
Ənvər Əhmədin “Qara qutu” adlı, ibrətamiz, simvolik poeması var. Təyyarənin qara qutusunu nəzərdə tutmuşdur. Orada deyir ki, Azərbaycan qəzaya uğramış təyyarə kimi parça-parça olub. Amma bu qəzanın səbəbini öyrənmək üçün qara qutunu tapa bilmirik.
Ənvə Əhməd “Çanaqala” şeirində Türk qövmünün mübarizə əzminin ruhunu, əbədiliyini, ölməzliyini qeyri-adi bir şair fəhmi ilə verə bilibdir. Bu gün Qarabağ yaylalarında, dağlarında elə həmin Çanaqqala döyüşləri geir. Şeir belə qurtarır:
Əvət, dünya üzündə bir türk oğlu türk qala,
Yenə , yenə basılmaz o məğrur Çanaqqala!
Türkiyə türk adlanan məğrur bir millətindir,
O əyilməz, o ölməz, o məğrur, o mətindir!
Bir bayraq yoğrulubsa türkün qanından,
O bayraq enməmişdir, enməyəcək heç zaman!!!
Onun şair, ziyalı əqidəsi və amalı dürüstdür, millidir və özü dediyi kimi inamı bu mətləbə bağlıdır: “Azərbaycanın torpağını daşıyıb lap Ayın üstünə də apara bilərlər, amma onun mənəvi ruhunu, şerini, poeziyasını, muğamını, sazını, milli ləyaqət və qeyrətini, namusunu, kökünü-köməcini heç kəs, heç nə tərpədə bilməz. Hər şeyi zaman öz yerinə qoyacaq. …Ona görə də mən bu günün gəncliyinin gələcəyindən narahat deyiləm və Qarabağı azad edə biləcək çox vətənpərvər gənclər yetişib, hələ yetişəcək də!!” Şair fəhmi ilə, uzaqgörənliyi ilə deyilən və milli mənafeyə yönəlik bu sözlər bu günümüzdə reallığa, həqiqətə çevrilir…
Onun 2019-cu ildə dərc etdirdiyi “Bu zülmü mənəm ki, çəkirəm, ana”, “Gəlmişəm”, “Ağlayır”, “Bilmirəm”, “Sən olum”, “Çəkinə-çəkinə”, “İtir”, “Kimi”, “Yolçu”, “Üşüyür”, “Barışdı”, “Dedilər, ölübdür, üçüdür bu gün”, “Ömrümə” qəbildən şeirlərində də, illər öncə yazdığı poetik nümunələr kimi təsirlidir, yenidir, insani hiss və duyğuların zənginliyi, həyati detalların poetik mənalndırılması ilə diqqəti cəlb eləyir, “ağlayır” şeirində olduğu kimi:
Ötsün asta-asta segah, şikəstə,
Od yağdı Vaqifin qəbrinin üstə,
Dağıldı yurd-yuva, torpağı xəstə,
Qan sızır yaramdan, gözüm ağlayır.
Yas tutdu Natəvan, hönkürdü Bülbül,
Olub Qaryağdının naləsi dil-dil,
Yoxdur Qarabağım, fəryad et könül,
Sönüb od-ocaöım, közüm ağlayır.
Gəzdiyim oylaqlar geyinir qara,
Çəkildim Şuşada gözümdən dara,
Vuruldu sinəmə əbədi yara,
Bulaqlar üstündə izim ağlayır.
Ay Ənvər, fələyin min-bir oyunu var,
Hanı gürşad səsli, qartallı dağlar,
Elə bil yoxumuş o gözəl çağlar,
Uçdu qəsri-qalam, sözüm ağlayır.
Bu, pessimizm deyil, Vətənsizliyin, Qarabağsızlığın yaratdığı həsrət ovqatıdır… Şuşanın bir adı da Qaladır və qəsri-qalası düşmən əlində uçub dağılan şair-vətəndaşın sözü ağlaya-ağlaya, mənanın alt qatında əsgərə, süngüyə dönür, azadlıq çağırışına çevrilir, həsrət gözlərin ümid çırağını yandırır… Təsadüfi deyildir ki, onun həmkarı, qəlm dostu, istedadlı şair-publisist Ramiz Məmmədzadə Ənvər Əhmədin yurd həsrətinə, vətən sevgisinə həsr edimiş əsərlərin “şair Ənvər Əhmədin “Qarabağnaməsi” adlandırıbdır. Professor Nizami Taöısoy isə Ənvər Əhmədin poeziyasını müasir Azərbaycan ədəbiyyatının mühüm qollarından biri hesab edibdir… Onun Azərbaycan Respublikasının Ali baş komandana xitabən 03.03.2006-cı ildə yazdığl “Ali Baş Komandanın əmrinə müntəzirik” şeirinin ideya-siyasi qayəsi 2020-ci ilin sentyabr ayının 27-dən bəri reallaşması şair fəhminin öncəgörüm ecazına ehtiram doğurur, şeir elə bil bu günlərdə yazılıbdır:
Ali baş komandanım, əmrinə müntəzirik, Hər bir əsgər mərd, mətin, ilan başı əzirik. Yarası göz-göz olan vətən ağrı çəkirdi, Məkirli yağı düşmən qan toxumn əkirdi.
Üçrəngli bayrağımı bağrım üstə sıxıram, Qarğa qonan zirvəyə qartal kimi çıxıram. Ey ərən oğlu, ərən, haydı, deyin: qana qan, Tətik çəkən əlindən öpəcək Azərbaycan!
…Ali baş komandanım, bu tarixdir, yazılır, Tökdüyü qan içində, düşmən qəbri qazılır. Məğlublar tarixini tərsinə yazır yağı, Onlara bax, beləcə çəkirik biz göz dağı.
Döyüşə hər atılış, hər vuruş haqdır indii, Ey vətən, o torpağın hər zərrəsi sənindi, Cahangirlər böyüdən bu ulu xalq mətindi, O yer, o yurd, o dağlar bizim məmləkətindi.
… Elə bu an, bu saat vətən andı içilir, Düşmənin öz kəfəni öz qanından biçilir. Daş qəfəslər əriyir, nəfəsinin odundan, İgid komandirlərim, şeirimizin adından
Sizə alqış deyirəm, Qələbə istəyirəm, qələbə istəyirəm. Çıxarıb ürəyimi yolunuza atacam, Hey ucalıb, ucalıb, allahıma çatacam,
… Arxaya yol yox daha, hər şey bizdən öndədir, Hər şey ürəkdən, candan, hər şey gözdən öndədir. Qaldır bayrağımızı göylərədək ucalsın, Orda tarix diz çöküb bircə anda qocalsın!..
Gedir, gedir ordumuz, hücum əmri qətidir, Qarabağ başdan-başa vətənin cənnətidir. Ali baş komandanım, son sözü sən demisən, Dünyanı silkələyib, haqqını istəmisən,
Bu haqq xalqın haqqıdır, bu haqq vətən səsidir. Bu haqqın son çağırışı qələbə təntənəsidir. Bu yolda ölüm-itim, bu yolda hər şey olar, Bu hücumun zorundan yeni vətən doğular.
On üç bənlik bu şeir-monoloq, çağırış, aşağıdakı misralarla bitir və, ulu Səməd Vurğunun “Müsəlləh əsgərəm…” harayına qoşulur: “Mən də bir əsgər kimi döyüşməyə hazıram, Bu şeirimlə düşmənə ölüm hökmü yazıram!..” Poeziyanın əbədiyaşar ruhu, sehri beləcə reallaşır, Ali Baş Komandan İlham Əliyev 500 il əvvəldə qalmış Azərbaycanın hünər tarixini yazdığı anı şair Ənvər Əhməd 4 il bundan qabaq duymuş, hiss etmiş, daha dürüstü isə şair fəhmi və vəhi ilə görmüşdür…
Bundan əvvəl şair Qarabağ dərdinin qandonduran soyuğunun ağrılı sızıltısında üşəndiyini, üşüdüyünü bildirərək “Üşüyür” şeirində, Qarabağ işğalını “tanrı qarğışı”, “ömrün qışı”adlandırarq bütün mənəviyyatının, ruhunun üşüdüyünü deyir. Əslində bu işğal əzabının “qışına”, “sazağına” bütün millət üşüyür:
Bu bir tanrı qarğışıdı, Dərdim canımın yaşıdı, Dondum, ömrümün qışıdı Əzabım, cəbrim üşüyür.
Boğdu məni bu dərd-ələm, Nəsə yaman tələsirəm. Qultək dərdimə əsirəm, Tələsir, səbrim üşüyür.
Lakin otuz il buz bağlayan, qütüb buzlaqlarına dönən bu “işğal buzlağı” Ali Baş Komandanın “Qarabağ Azərbaycanındır! Nidası ilə əriyir və şair bu qələbə yürüşünün, nidasının səsini dörd il bundan əvvəl eşidərək yazmışdı:
İldırım tək gurlayır, yüksəlir cəngi səsi, Xan oxuyur Şuşada «Qarabağ şikəstəsi»!.. Odur pişvaza çıxır, saçları qan Natəvan, Qucaqlayır oğlunu, Azərbaycan Natəvan!
Dərələrdən od çıxır, göylərdən gurşad yağır, Düşmən içir qanını, hey bağırır, çığırır. Ağdam külü üstündə qovrula bilməzdi, yox, Bu döyüş erməninin köksünə sancılan ox!
Təxminimizcə bu şeirin mətninin alt layından boy çəkən belə bir məna və mahiyyət oxunur: “ Qarabağ qələbəsindən sonar Böyük Üzeyir bəyin vahid Azərbaycan himni oxunacaq. O himnin şaqraq sədaları əcdadlarımızın müqəddəs beşiyi sayılan bütün Azərbaycanımızın daşına, torpağına, havasına, suyuna və nəhayət, məğrur Vətən övladlarının qanına və iliyinə hopacaq! Onda şəhidlərin də ruhu qızıl qərənfillər kimi pardaqlanacaq. Qardaş və bacılarımız! Ata və analarımız! Yolunda qan tökdüyünüz ulu Qarabağınız və ümumən o taylı-bu taylı bütün Azərbaycanımız Xilaskar Sizə – Ali Baş Komandan İlham Əliyevə əbədiyyət evinədək şükranlıqlarını və minnətdarlıqlarını saxlayacaq, əbədi qəhrəmanlıq salnamələri yaradacaqlar…
Ənvər Əhmədin yaradıcılığında mənzum dramın öz məqamı var. O, bu sahədə Hüseyn Cavidin, Səməd Vurğunun ənənələrini layiqincə davam etdirir. Onun epik poemalarının süjetində, strukturunda qabarıq görsənən dramatik cizgilərin davamı olaraq mənzum dramlarının yaranması təbii haldır, məntiqi yaradıcılıq aktıdır. Ənvər Əhməd müxtəlif illərdə üç mənzum pyes yazıbdır: “Baharın göz yaşları” (1986), “Qanlı torpaq” (1992) və “Ruhların fəryadı” (2013). Bu mənzum pyeslərin mövzuları tarixi faktlardan götürülərək poetik sözün gücü ilə nikbin, ümidli və müdrikliklə yoğrulmuş tarixi sıhnələri canlandırmışdır.. Bu əsərlərin mahiyyəti və cazibəsi əsasən, şairin parlaq poetik idrakla, zəka ilə milli varlığımızın əsas faktlarını və məqmlrını əhatə edən tarixi faktların, tarixi gerçəyin vəhdətində üzə çıxır.
“Baharın göz yaşları” mənzum pyesinin süjetinin əsasında görkəmli yazıçı Mir Cəlalın “Bir gəncin mnifesti” əsərinin motivləri dayanır. Burada romanın obrazlarından olan Azərbaycanlı ananın – Sonanın məğrurluğu və yenilməzliyi ilə, Baharn, Mərdanın mərhəm, milli xarakterləri ilə tamamilə başqa rakursda, yeniləşmiş dramatik-poetik obrazlarla qarşılaşırıq.
“Qanlı torpaq” mənzum pyesinin mövzusu Qarabağ xanlığının tarixi fonunda XVIII – XIX əsrdəki bütün Azərbaycan tarixi bədiiləşdirilərək mənzum pyesin pərdələrində canlandırılmışdır. Əsər altı pərdə, on beş şəkildən ibarət monumentall səhnə əsəridir…
Ənvər Əhməd bu əsəri yazmaq üçün Azərbaycanın XIX əsr maarifpərvər tarixçiləri Mirzə Adıgözəl bəyin, Mirzə Camal Cavanşir Qarabağinin, Əhməd bəy Cavanşirin, salnaməçilərdən Mirzə Rəhim Fənanın, Baharlının, Həsən İxfa Əlizadənin, Həsənəli Qaradağinin, Qarabağ haqqında tarixi, ədəbi-bədii, publisistik oçerklərindən, həmçini Tehrandan, Təbrizdən, Ərdəbildən əldə etdiyi tarixi mənbələrdən istifadə edərək tarixi faktlara və gercəkliklərə uyğun şəkildə, heç bir təhrifə yol vermədən xarakterik tarixi obrazlar silsiləsi yaratmışdır. Bu səhnələrdə Ağa Məhəmməd şah Qacar, İbrahimxəlil xan Cavanşir, Fətəli xan Qubalı, Kəlbəli xan Kəngərli, Kərim xan Kəlbəli, Hacı Çələbi xan, Hacı Məhəmməd xan, Ağası xan və möhtəşəm Cavad xan kimi tarixi şəxsiyyətlərin obrazları poetik sözün təsirli imkanarı ilə canlandırılmış, demək olar ki, müəllifin təxəyyülü tarixi həqiqətlərə mümkün qədər müdaxilə etməmişdir.
Ənvər Əhməd üçüncü mənzum əsəri olan “Ruhların fəryadı” pyesində bədii üsul kimi mistik bir formatda Şuşa şəhərində – Qarabağın paytaxtında yaşayıb-yaratmış, tarixi şəxsiyyətlər kimi fəaliyyət göstərmiş, artıq haqq dünyasında qərarlaşmış dahi insanların ruhlarını işğal olunmuş şəhərdə görüşdürərək olduqca təsirli, ibrətamiz lövhələr yaradır. Burada bədii təxəyyüllə, tarixi həqiqətlər çuğlaşaraq təsirli mətləbləri, mənaları müasirlik ladında ortaya gətirir… Bu əsərlər Ənvər Əhmədi yaradıcı dramaturq kimi ortaya çıxarır, mənzum dramın hələ də tükənmədiyini sübut edir…
Ənvər Əhmədin pyeslərinin obrazları çoxşaxəli və polifonik tarixi yaddaşa malikdir, bəzən, bir söz, bir ifadə böyük bir təsvir planını əvəz edir, deyilişdə elə bir intonasiya seçilir ki, sözün özü artıq görünür, konkret misalda sanki sözlə deyil, təəssüflə, ötüb-keçən günlərin ürəkdə qalan ahı, min illərin kirpikdən düşməyən göz yaşı… ilə üz-üzə gəlirsən. Dialoqlar elə qurulur ,sual elə verilir, mükalimələr elə qurulur ki, təbiiliyin sehrinə düşürsən…
Ənvər Əhməd bir alim-tədqiqatçı, tərcüməçi, publisist, redaktor kimi də səmərəli fəaliyyət göstərir. Onun M.Ə.Sabir yaradıcılığının poetikasına həsr etdiyi samballı monoqrafiyalar, elmi-nəzəri məqalələr, ictimai-siyasi, ədəbi məzmunlu publisistikası, qələm dostlarının yaradıcılığına həsr etditi ədəbi-tənqidi fraqmentlər, redaktoru olduğu, ön söz yazdığı, tərtib etdiyi poetik, ədəbi kitablar onun bu sahədəki işlərinin maraqlı faktlarındandır.
Ənvər Əhmədin yaradıcılığında ilk şeirlərindən etibarən poetik fikrin müntəzəm hərəkəti, inkişaf dinamikası həmişə müşahidə edilibdir. Onun lirikasındakı daxili dinamikanın, “lirik “mən”in” rəngbərəng yaşantılarının əsas hədəfi həmişə ümummilli əhval-ruhiyyəni, ümumxalq kədərini əks etdirməkdir…
Şair, dramaturq, alim-tədqiqatçı, publisist Ənvər Əhmədin bütöv yaradıcılığı öz ampulasında çevrələnən ideya-estetik amalı, mətləb və kredosu ilə milli məfkurəyə, dövlətçiliyə, müstəqilliyə – Türkçülük və Azərbaycançılığa, gələcəyin milli strategiyasına xidmət edən və öz zamanının, dövrünün gerçəkliyindən nəşət tapan, ədəbi-bədii söz çələngindən ibarət poetik düşüncələrdir..
Rəqəmsal həyat tərzinin üstünlük təşkil etdiyi bu günlərdə artıq baza bilikləri ilə dünyaya çıxa bilmərik. Həyatın bütün sahələrində işlər: maddi-texniki baza, banklar, təhsil sahəsi, tibbi qurumlar, iqtisadi münasibətlərdə yeni dünya düzəninə uyğun qurulmalıdır. Bunun üçün əsas yük orta və ali məktəblərin üzərinə düşür. Çünki cəmiyyəti idarə edənlər və edəcək insan potensialı, mütəxəssis kadrları məhz təhsil sahəsinin nailiyyətləri kimi qiymətləndirilməlidir. Son illər yaşadığımız gözlənilməz hadisələr, fəlakətlər insan və cəmiyyət həyatında uzaqgörən dəyişikliklər edilməsini zərurətə çevirmişdir.
Yeni dövr artıq hazır bilikləri əzbərləməklə inkişafa nail olmağın qeyri-mümkünlüyünü göstərir. İndi cəmiyyət –
coğrafi xəritədə ölkələrin əhali sayını bilən, yerləşməsini göstərən;
bioloji bilikləri, canlıların anatomik-morfoloji quruluşunu sadəcə öyrənən;
ədəbiyyatdan yazıçı, şairlərin həyatını, əsərlərini oxuyan gəncliklə: şagird, tələbə, magistr, doktorantla yeni həyata ayaq uydura bilməyəcək.
XXI əsr yaradıcı-məntiqi düşünən, tənqidi təfəkkürü yüksək inkişaf etmiş, öyrəndiyi biliklər bazasından istifadə edərək yeni biliklərin kəşfinə yönəlmiş, analiz-sintez qabiliyyəti, fərqli fəaliyyət potensialına sahib olan, xəyal qurmağı bacaran və ona çatmağa çalışan mütəxəssislərlə ciddi rəqabətə davam gətirərək Ayda və Marsda yeni həyat qurmağı düşünürlər. Lakin bütün səviyyələrdə istənilən inkişafı təmin etmək üçün təkcə ən müasir, yeni texnologiyaların tətbiqi kifayət etmir. Təhsildə, cəmiyyətdə keyfiyyət dəyişikliyinə nail olmaq üçün İnsan amilini yüksək qiymətləndirmək, təhsil taksonomiyalarından düzgün istifadə etmək vacibdir. Təhsil işçilərinə, öyrədənlərə sərbəst fəaliyyət imkanlarının verilməsi, lazımi maddi-texniki bazanın təmin edilməsi də nəzərdən qaçırılmamamlıdır.
Əsas məsələlərdən biri bütün sahələrdən olan aparıcı mütəxəssislərin işini qiymətləndirmək, gənc nəsli daha yaradıcı olmağa istiqamətləndirmək, bunun üçün münbit şərait yaratmaq, öyrənənlərin öyrəndiklərinə tənqidi yanaşma bacarığı formalaşdırmaqdır. Bu işdə öyrədən-öyrənən münasibətlərindən çox şey asılıdır. Müəllim öz peşəsini sevərək, gələcəyin yaradıcı insanını yetişdirməyə maraqlı olmalıdır. Analitik düşünməli, idrak fəallığını artırmaq üçün bütün yollardan istifadə etməlidir. Bilik dediyimiz məfhum sorğulanarsa inkişaf edəcəkdir. Belə olmasaydı qədim dövrlərdən əsası qoyulan biologiya elmi günümüzdəki inkişafına çata bilməz, həmçinin tibb elmi özünün pik səviyyəsinə çatmaz, qədim, orta və intibah dövrlərində müxtəlif bioloq və həkimlərin əməyi boşa çıxardı. Təkcə insan orqanizminin anatomik-morfoloji quruluşunun öyrənilməsi, daxili orqanlarının həcmi və formasının öyrənilməsi üçün biologiya elmi ən çətin, qanlı, keşməkeşli yollardan keçmişdir. Vaxtilə bu sahəyə maraq göstərən o zamankı araşdırmaçılar həyatları bahasına biologiya elminə, tibb sahəsinə möhtəşəm töhfələr vermişlər. Qan köçürmənin tarixi isə özünəməxsus çətinliklərlə, etaplarla indiki 4 qan qrupunun kəşfinə qədər uzun yol keçmişdir. Ölməkdə olan insana quzu qanı köçürüb ölümdən xilas edən də, sonrakı cəhdlərin uğursuz alınmasına görə qanköçürməni qanunla qadağan edən də indi sahib olduğimuz dünyanın o zamankı hər şeyə maraqlı, xəyalpərəst, tənqidi-yaradıcı düşünən insanları olmuşdur. Məlumdur ki, bütün elm sahələrində müxtəlif maraqlı faktlar vardır. Bu faktlar İnsan oğlunun bitib tükənməyən marağının qarşısında durula bilinməyəcəyini göstərir.
Son illər həyatımızda, bütün fəaliyyət sahəsində baş verən yeniliklər (texnologiyalar, müasir metodlar və s.) həyatın sirlərini öyrənməklə məhdudlaşmayıb, öyrənməni daha cazib hala gətirmişdir. Bu layihələrdən biri də STEAM layihəsidir. STEM ingilis dilində Elm (Science), Texnologiya (Technology), Mühəndislik (Engineering) və Riyaziyyat (Math) sözlərinin qısaltmasıdır. Termin ilk dəfə ABŞ Milli Elm Qurumu (U.S. National Science Foundation) tərəfindən 2001-ci ildə SMET olaraq bir neçə fənn və bacarığın inteqrasiyasından ibarət olan peşələri ifadə etmək üçün istifadə olunub. Daha sonra bioloq Cudit Ramili (Judith Ramaley) tərəfindən STEM olaraq dəyişdirilib (Hallinen, 2016). Qısaltmaya daha sonra incəsənət/sənət ənasına gələn “Art”-da əlavə olundu (STEAM və ya STEM+A). STEM və STEAM arasındakı əsas fərq, STEM elmi anlayışlara daha çox diqqət yetirir. STEAM -də elmi anlayışları araşdırır, lakin bunu yaradıcılıq prosesində istifadə edilən sorğu və problemə-həll etməyə əsaslanan təlim metodları vasitəsilə edir (Wade-Leeuwen, 2018).
STEM tədris metodu ad olaraq yeni olsa da, təhsil sahəsində yeni bir yanaşma deyil və tədris-təlim məşğələlərinə yaradıcı yanaşan yenilikçi metodistlər tərəfindən müxtəlif platformalarda təbliğ edilmiş, hazırda təkmilləşdirmə mərhələsindədir. İnteqrasiyalı təhsil yüksək peşəkarlıq tələb etdiyindən yalnız XX əsrin 80-ci illərində qabaqcıl ölkələrdə tətbiq edilməyə başlandı. STEM-i əsas populyarlaşdıran isə 2009-cu ildə ABŞ-ın STEM təhsil formasını strategiya kimi qəbul edib bu sahəyə böyük investisiya qoyması ilə başladı. Nəticədə qeyd olunan sahə üzrə elmi tətqiqatların və məhsulların sayı artdı və böyük kütlələr üçün əlçatan oldu. Əksər peşələr birdən artıq fənn/sahə üzrə bilik tələb etdiyindən orta əsrlərdən etibarən ali təhsil verən müəssisələrdə fənlər əlaqəli olaraq tədris edilməyə çalışılırdı. 2000-ci illərin başlanğıcından Naxçıvan Dövlət Universitetində elmi tədqiqatlarımızın bu istiqamətdə – biologiyanın tədrisində fənlərarası, fənndaxili, nəntiqi-tənqidi təfəkkürün inkişafı, yaradıcı tətbiqetməyə üstünlük verilmişdir (Babayeva Z). 2017-ci ildə Fəlsəfə doktorluğu, 2017-ci ildə elmlər doktorluğu dissertasiyasında bioloji təhsildə, ümumiyyətlə təhsil sahəsində baş verən keyfiyyət dəyişikliklərinin düzgün istiqamətdə tətbiqi imkanlarını işləyib hazırlamış, dərslik, dərs vəsaiti, monoqrafiyalar hazırlamışıq. Bu illər ərzində Naxçıvan Dövlət Universitetində yaradılmış yüksək keyfiyyətli təhsil təminatı sayəsində əvvəllər çətinlik çəkdiyimiz sahələrdə geniş imkanlar qazanaraq XXI əsr təhsil sferasına uyğun fəaliyyət planına sahib olmuşuq.
STEAM metodu – Layihə əsaslı öyrənmə – PBL (Project Based Learning), Fənlərarası inteqrasiya və fənlərararası öyrənmə (Interdisciplinary&Cross-dissplinary), Araşdırma əsaslı öyrənmə (Inquiry Based Learning), Oyun əsaslı öyrənmə (Gamification), Analogiyaya əsaslanan öyrənmə (Learning by Analogies), Mobil əsaslı öyrənmə (Mobile learning), Tinkering- kiçik dəyişikliklər etməklə, düzəltməyə əsaslanan öyrənmə metodları ilə təhsil sahəsində öyrətmə-öyrənmə prosesini durğunluqdan çıxarıb yaradıcılıq fəaliyyətinə çevirməyə xidmət göstərir. 2019-2020-ci tədris ilinin əvvəlindən Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə tətbiqinə başlanılan “STEAM” layihəsinin əsas məqsədi ümumtəhsil məktəblərində təhsil alan şagirdlərdə XXI əsr bacarıqlarını – kreativlik, tənqidi düşüncə, əməkdaşlığin inkişaf etdirilməsi, müxtəlif proqramlaşdırma dillərini tətbiq etməklə müasir İKT avadanlıqlarından istifadə edə bilmə qabiliyyətlərini yüksəltməkdir: “STEAM metadologiyalarının əsasında duran Layihə əsaslı öyrənmə (PBL), təhsilalanların müasir cəmiyyətin problemlərini araşdıraraq müxtəlif həll yollarını müəyyənləşdirmək xüsusiyyətini artırır.
Artıq Yeni Dünya Düzənində baza təhsili ilə gözlənilməz sürprizlərdən sığortalanmaq üçün cəmiyyətlərə hər vəziyyətdən çıxma yollarını düşünüb tapa bilən, aldığı nəzəri bilikləri düzgün, insanlıq naminə tətbiq edə bilən mütəxəssislər hazırlamağa məhkumuq. Dünyada baş verən son hadisələr bunu sübut edir.
Hazırkı təhsil sistemində STEAM fənlərin ayrı-ayrılıqda deyil, inteqrasiyalı tədrisini nəzərdə tutan təhsil sisteminə/metoduna verilən addır. STEAM təhsil metodu 5 əsas meyarın birgə təşkilidir: Elm (Science), Texnologiya (Technology), Mühəndislik (Engineering), İncəsənət (Art), Riyaziyyat (Math). STEAM məhz bu meyarların birgə və inteqrasiya olunmuş formada tədrisi ideyası üzərində qurulub.
STEM təhsil metodunun müsbət cəhətləri – STEM təhsil metodu/sistemi düşünülənin əksinə şagirdlərdə sadəcə akademik bacarıqları möhkəmləndirmir, onların hərtərəfli inkişafına kömək edir:
Toxunaraq öyrənmə – STEM tədris metodunda məlumatlar vizual, audio üsulla yanaşı, kinestatik (toxunaraq öyrənmə) və sosial öyrənmə vasitələri ilə də ötürülür (Leite, Walter L.; Svinicki, Marilla; Shi, Yuying (April 2010).
Yaradıcılıq – «Biz övladlarımıza onlardan daha ağıllı olan maşınlarla (robot) rəqabət aparmağı öyrədə bilmərik, biz övladlarımıza onları maşınlardan fərqləndirəcək nəsə öyrətməliyik. Yalnız bu üsulla onların 30 il sonra mövcud olma, sağ qalma şansları olacaq» (Whiting, 2019). Yaradıcılıq insanı digər canlılardan fərqləndirən ən asas bacarıq hesab edilir və STEM təhsil modeli tədris zamanı şagirdlərdə yaradıcılıq bacarığını inkişaf etdirməyə şərait yaradır.
Səhvlərdən öyrənmə – Tədris zamanı şagirdlərin kiçik miqyaslı təcrübələr zamanı əldə edilən nəticələri müşahidə edib, ortaya çıxan səhvləri araşdırma və təcrübələrin düzgün aparılmasına şərait yaranır.
Tənqidi təfəkkür – STEM tədrisi zamanı dərslər qruplar formasında müzakirə üzərinə qurulduğundan şagirdlər komanda yoldaşlarının işinə münasibət bildirir, öz arqumentlərini əsaslandırırlar. Bundan başqa, öyrəndikləri bilikləri müzakirə, analiz-sintez etmə imkanı qazanırlar.
Ünsiyyət bacarığı – Dərslər adətən eksperimentin və ya layihənin nəticəsi ilə bağlı hesabat və ya prezentasiya (təqdimat) ilə yekunlaşır.
Liderlik – STEM dərsləri daha çox layihə əsaslı və qrup işləri formatında təşkil edildiyindən qrup üzvləri liderlik funksiyasını da yerinə yetirir, qrupa/layihəyə rəhbərlik edir, qərarlar alırlar. Nəticədə şagirdlərdə liderlik bacarıqları inkişaf edir.
İş mühitinə hazırlıq – STEM təhsil metodunun əsas məqsədi şagirdləri gələcək iş mühitinə hazırlamaqdır. Yuxarıda qeyd edilən bütün bacarıqlar şagirləri səmərəli insan resursu olaraq tutacaqları mövqelərə hazırlamış olur.
Hər sahədə olduğu kimi, təhsil sahəsinə gətiirilən yeniliklərin tətbiqi də müəyyən problemlərlə üzləşir. STEAM metodunun təhsil sahəsində tətbiqinin aşmalı olduğu baryerlər də vardır:
Sahə üzrə önə çıxan çətinliklərdən, əsasən, maddi resursların baha olması və insan resursu çatışmazlığını qeyd etmək olar.
STEM dərslərinin tədrisi yüksək araşdırma, müşahidə, sinif idarəsi bacarığına sahib peşəkarlar tələb edir. Təəssüf ki, nəinki Azərbaycanda, hətta bir çox qabaqcıl ölkələrdə belə qeyd olunan problem var. Nəticədə STEM tədris metodunu bütün yaş qrupları üzrə tədris proqramına cəlb edən dövlət yoxdur.
Əlavə olaraq, STEM tədris metodu şagirlərlə yanaşı, valideyinlərin də prosesə aktiv iştirakını tələb edir. Dərslər sinif otaqlarında yekunlaşmır. Məsələn, valideynin şagirdin evdə tapşırıq olaraq həyata keçirdiyi müşahidə və ya təcrübəyə qoşulması, onunla müzakirə aparması tələb oluna bilir. Valideyn olaraq təhsil və iş sahəsində baş verən IV sənaye inqilabına biganə qalmaq olmaz. Şagirdlərin, xüsusi ilə də, azyaşlıların qazanacağı bacarıqlar onlara iş həyatında daha sağlam mövqe tutmağa imkan verəcək. Bəs valideynlər bu istiqamətdə hansı işləri görməli:
peşəkar STEM dərsləri tədris edən müəssisələrdən dəstək ala bilər;
sahə ilə bağlı araşdırmalar edib müəyyən qədər övladı ilə fərdi məşğul ola bilər.
Müasir dövrdə məktəb-ailə işbirliyi qaçılmaz olmuşdur. Dəyişən Dünya düzəninə ayaq uydurmaq üçün məktəblə şagird arasındakı ünsiyyət azlıq edir, bu zəncirə ailəni, ətraf mühiti də əlavə etməklə kompleks yaradıcı əlaqə əldə etməliyik. Bunun üçün də hərtərəfli bilik-bacarığa, yaradıcılığa malik insan potensialının yetişdirilməsi üçün hər gün dəyişən texnologiyaları, metod və üsulları tətbiq edə bilən mütəxəssislər hazırlanmalıdır. STEAM təhsili də bütün bunları özündə cəmləyərək təhsilə interaktiv təlimlə gətirilən canlılığı, yaradıcılığa, kreatif fəaliyyətə, məntiqi-tənqidi düşüncənin inkişafına yönəltmişdir.
Artıq öyrənilən hər hansı bilik, bacarıq və metoda etalon kimi baxılmamalıdır – deyə düşünür və daim auditoriyalarda təkrarlayıram. Hər bir var olana məntiqi-tənqidi yanaşma bacarığı həm öyrənilənin mahiyyətinə varmağa, həm də yaradıcı tətbiqetməyə imkan yaradacaqdır. Həmçinin təlim fəaliyyət prosesi olduğu üçün bu prosesdə öyrədən və öyrənən arasında xüsusi ünsiyyət modelləri yaranmalıdır. Buraya 3 A texnikasını aid etmək olar:
Anlamaq; Anlatmaq; Anlaşmaq.
Yəni hər bir fəaliyyət prosesində anlaşmaq üçün ilk növbədə anlatmaq istədiklərimizi özümüzün anlaması əsas şərtdir. Bunun üçün -Təhsil; Tərbiyə – nəticədir; İnkişaf.
Yəni – təlim – təhsil – tərbiyə = inkişafdır.
Konfusinin fikrinə görə: “oxumaq, oxumaq və tərəddüd etmədən təkrar etmək” daha verimli təlim hesab edilirdi. Hazırda isə o təlim səmərəli hesab olunur ki, nəinki elmi bilikləri öyrənmək, həmçinin öyrədilənlərin yaradıcı tətbiqi vacib sayılır. Müasir dövr öyrənənləri biliklərin saxlanıldığı papka formatından çıxarıb tədris prosesinin fəal iştirakçılarına çevirmək, biliklərin həyata tətbiqində perspektivli hesab edilir. Xüsusilə də “Canlı müşahidədən mücərrd təfəkkürə, sonra təcrübədə tətbiqetmə” biologiyanın tədrisində xüsusi əhəmiyyət kəsb edir. Təhsilalma və təhsilvermə elə bir prosesdir ki, burada bir neçə komponent birlikdə iştirak etməlidir: bilik, bacarıq, vərdiş. Bunların bir-biri ilə əlaqəsi isə nəticədə arzuolunan təhsili formalaşdırır.
STEAM təhsili 2021-2022-ci tədris ilində ölkə üzrə 302 ümumtəhsil məktəbi və 15 STEAM Mərkəzindən ümumilikdə 100 minə yaxın şagirdi əhatə edəcəkdir: “Qeyd olunan ümumtəhsil məktəblərindən 6-cı siniflər üzrə 37087, 7-ci siniflər üzrə 18468, 8-ci siniflər üzrə 6995 şagird olmaqla ümumilikdə 62550 şagird “3D çap”, “Microbitlə proqramlaşdırma”, “Elektrik mühəndisliyi”, “Biotexnologiya”, “Nanotexnologiya”, “Robototexnika”, “Gen mühəndisliyi”, “CNC lazer kəsiciləri”, “Pilotsuz uçuş aparatları (tədris dronları)” üçün hazırlanmış kurikulum üzrə STEAM dərslərinin tədrisinə cəlb olunacaqlar.
STEAM metodunun geniş yayılıb səmərəliliyinin artırılması üçün beynəlxalq və respublikadaxili treyninqlərin keçirilməsi, müəllimlərin bu layihədə iştirakı həm təcrübə mübadiləsi üçün şərait yaradır, həm də dünyagörüşün zənginləşməsi, təhsil müəssisələri işçilərinin müzakirələrdə fikirlərinin alınması təhsil sahəsinə öz töhfəsini verir. Bu sahədə işlər davam etməkdədir. Perspektiv plan kimi “STEAM Mərkəzlərinin yerləşdiyi ərazi, həmçinin ətraf regionlarda sıxlıq nəzərə alınmaqla hər bir mərkəz üzrə 1000-3000, ümumilikdə il ərzində 34000 şagirdin prosesə cəlbi nəzərdə tutulmuşdur. Ümimilikdə, STEAM tədris prosesinə cəlb olunmuş müəllim və şagird fəaliyyətinin izlənməsi, tədris materiallarının həmçinin bu istiqamətdə istifadə edilə bilinəcək müxtəlif resursların toplandığı Vahid Elektron Sistem (VES) vasitəsilə həyata keçiriləcəkdir. STEAM layihəsinin fəaliyyəti steam.edu.az portalı, eləcədə layihənin rəsmi sosial şəbəkə səhifələri vasitəsilə izləyicilərlə əlaqə yaradır.
Naxçıvan Dövlət Universiteti ilklərə imza atması ilə, yeniliklərə hər zaman açıq olması ilə hər zaman fərqlənmiş, bu sahədə işlərini davam etdirir. Bu ildən STEAM metodu seçmə fənn kimi tədris yükünə daxil edilmiş, universitetdə STARTAP, ENACTUS kimi layihələrin davamı olaraq sınaqdan keçirilərək tələbələrin böyük marağına səbəb olmuşdur. STEAM metodunun ali məktəbdə tədrisi, düşünürük ki, istər müəllimlik ixtisası tələbələri, istərsə də digər ixtisasda təhsil alanlar üçün gələcək işlərində yeni layihələr üzərində işləmək üçün stimul, motivasiya rolunu oynayacaq. Universitetin nəzdində dövlətimizin xüsusi qayğısı ilə STEAM mərkəzinin tikilişi və bu sahədə aparılan işlər, universitet rəhbərliyinin universitetdəki yenidənqurma, təhsil-tədris prosesinin keyfiyyətinin qaldırılmasındakı səyləri də xüsusi qeyd edilməlidir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2021-ci il 7 iyun tarixdə “Naxçıvan Muxtar Respublikasında STEAM təhsil metodunun tətbiqi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalamışdır. Bu tədris metodunun məqsədi şagirdlərin bacarıqlarını düzgün istiqamətə yönəltmək, fənlər arasındakı fərqi aradan qaldırmaq və bu təhsil yanaşması ilə araşdırma, istehsal və ixtiraçı nəsil yetişdirməkdən ibarətdir. Dünyanın inkişaf etmiş ölkələrində tətbiq edilən STEAM təlim metodu 2020-2021-ci tədris ilindən Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərində də tətbiq olunur. Bu məqsədlə STEAM kabinələri yaradılır, müəllimlər STEAM təlimlərinə cəlb olunur. Təlimlərin yüksək səviyyədə təşkilini təmin etmək məqsədilə Heydər Əliyev adına tam orta məktəbdə STEAM Tədris Mərkəzi yaradılıb və mərkəzin təqdimatı keçirilib.
Mərkəz müasir dizaynda mebel avadanlıqları, elektron lövhə, 10 ədəd kompüter, 1 ədəd 3D printer və müxtəlif rəngdə çap materialı, Makeblock, mBot, Arduino BT robotlar, Mindstorms və education lego dəstləri, 3D qələmlər, Arduino və BBC Micro:bit proqramlama və inkişaf dəstləri, servo mühərriklər, LCD ekranlar, micro idarəetmə modulları, RGB led və naqillər, müxtəlif ölçüdə mikro mexanizmlər, kiçik elektronik komponentlər, təlim dəstləri, müxtəlif fiqurların hazırlanması üçün lazım olan alətlər, tədris üçün ofis ləvazimatları və digər materiallarla tam təmin olunub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2020-ci il dekabrın 14-də “Naxçıvan Dövlət Universitetində Texnologiyalar Parkının yaradılması haqqında” Sərəncam imzalayıb, NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, iyunun 16-da Naxçıvan Dövlət Universitetində Texnologiyalar Parkının təməlatma mərasimi keçirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə iştirak edib.
Naxçıvan Dövlət Universitetinin beynəlxalq əlaqələrini genişləndirilərək dünyanın 130-dan çox universiteti ilə həmçinin, Türkiyənin 80-dək ali təhsil ocağı ilə qarşılıqlı əməkdaşlıq əlaqələri yaradılmışdır. Naxçıvan Dövlət Universitetində beynəlxalq əlaqələrin genişləndirilməsi, dünyanın bir sıra nüfuzlu ali təhsil müəssisələri ilə səmərəli əməkdaşlığın təşkili öz müsbət bəhrələrini verir. Naxçıvan Dövlət Universitetində yeniliklərdən biri də ingilis dilində İqtisadiyyat ixtisasının tədrisi uğurla nəticələnmiş, ingilis dilində yeni yaradılacaq Tibb ixtisası üçün də ikili diplom proqramının təşkil edilməsi isə müzakirə olunan məsələlərdəndir.
Naxçıvan Dövlət Universitetinin bu yaxınlarda dünyanın ən yaxşı universitetləri sırasında yer alması da təsadüfi deyildir. Azərbaycan Respublikası rəhbərliyinin, Naxçıvan Ali Məclisi Sədrinin birbaşa qayğısını öz üzərində daim hiss edən universitet kollektivi Qarabağ Zəfərimizin 1-ci ildönümündə öz işlərini bundan sonra da layiqincə yerinə yetirmək əzmindədir. Yaxın gələcəkdə Şuşada, Ağdamda konfranslarda, simposimlarda yeni layihələrlə iştirak etmək üçün dünya standartları səviyyəsində təhsil mühiti yaratmağa çalışan Naxçıvan ziyalıları gündən-günə inkişaf edən Azərbaycanın cənnət diyarında hələ Azərbaycan elminə, təhsilinə, dövlətçiliyinə çox töhfələr verəcəkdir.
(Fazilova (Rəhimova) Nuranə Rafail qızı yaradıcılığı haqqında)
Salam olsun, çox dəyərli oxucum. Şükürlər olsun Böyük Allaha ki, sizlərlə daha bir görüş payı qismətimiz oldu. Söhbətimizin əsas qayəsi, məqsəd-məramı ədəbiyyat üfiqlərində yenicə parlamağa başlayan, ziyasından həm danın sökülməsini, həm də qürubun bitməsini gözləyənlərin eyni dərəcədə nur alıb, hənirtisinə isinə biləcəkləri ziyadarı sizlərə təqdim etməkdir. Lakin söhbətə başlamazdan əvvəl bir məsələyə toxunmağı özümə borc bildim. Əslində bu yeni məsələ deyil. “Yazarlar və yazılar”, “Təranə Məmmədin Toru”, “Çağdaş örnək yazarlar” və digər yazılarımda, ümumiyyətlə ədəbiyyatdan, müasir yazarlardan söhbət düşən məclislərin çoxunda bu barədə söhbət etməyi daim özümə borc bilmişəm. İndi də əsas məsələyə, yəni Nuranə Rafailqızının təqdimatına keçməzdən əvvəl bu məsələyə qısa münasibət bildirmək istəyirəm. Hal-hazırda tanıdığımız söz adamlarını iki müxtəlif baxış bucağından qısa dəyərləndirsək, belə bir mənzərə ilə rasatlaşırıq. Müasirimiz olan, artıq kifayət qədər ölkə və hətta onun hüdudlarından kənarda kifayət qədər tanınmış yaşlı nəslin nümayəndələri. Müstəqillik dövrümüzün ilk illərindən tanınmağa başlayanlar və artıq tanınmışlar. Hələ sovet dövründən yazmağa başlayanlar və müstəqillik dövründə onlara qoşulmuş gənclər də daxil olmaqla bir qrup yazarlar da var ki, onların yazdıqlarının keyfiyyətindən asılı olmayaraq tanınmayanlar və ya olduqca məhdud çərçivədə tanınanlar. Bu məsələnin bir tərəfi. Məsələnin ikinci maraqlı tərəfi məhz bu təbəqələşmənin formalaşmasında mühüm rol oynayır. Yuxarıda üç qrupda təsnifatlaşdırdığımız yazarları indi ümumilikdə iki əsas qrupa bölə bilərik. Birinci ədəbiyyatçılar, yazarlar, ən azı mətbuatla az-çox əlaqəsi olan şəxslər arasında, yetkin ədəbi mühitdə formalaşan qələm adamları, ikinci isə ədəbiyyatla heç bir əlaqəsi, heç filoloji təhsili də olmayan, heç bir ədəbi əhatəsi olmayan, olduqca müxtəlif peşə sahiblərindən ibarət yazarlar qrupu. Onların nə, hansı keyfiyyətdə yazmağından asılı olmayaraq bu iki mühüm amil yazarlarımızın yaradıcılığına əhəmiyyətli dərəcədə öz təsirini göstərir. Bu yazının üzdə görünməyib, özülündə dayanan əsas məqsədi məhz bu təsiri azaltmağa xidmət etməkdən ibarətdir. Çünki, sizlərə təqdim edəcəyim çox istedadlı qələm adamı, söz mucidi, sözlərlə zərgər dəqiqliyi, cərrah həssaslığı ilə davranan Nuranə Rafailqızı da ixtisasca həkim olmasaına baxmayaraq, artıq müəyyən bir auditoriyaya sahib şair kimi tanınmağa başlayıb. Onun yaradıcılığına keçməzdən əvvəl istərdim ki, həyat yoluna qısa bir nəzər salaq.
QISA ARAYIŞ:
Fazilova (Rəhimova) Nuranə Rafail qızı 1981-ci ildə Göyçay rayonunda dünyaya göz açmışdır. Orta məktəbi burda bitirdikdən sonra , Odlar Yurdu Universitetinin “müalicə işi” fakültəsinə qəbul olmuşdur.2007-ci ildən ixtisası üzrə Göyçay Rayon Mərkəzi Xəstəxanasında həkim vəzifəsində çalışır.
Ədəbi fəaliyyətə hələ uşaq yaşlarından başlayaraq, tez-tez rayon və məktəb tədbirlərində öz şeirləri ilə çıxış etmişdir. Şeirləri mütəmadi olaraq Nuranə Rafailqızı təxəllüslüyə “Milliyyət” qəzeti, “Herba-flora”, “Yazarlar” jurnallarında işıq üzü görmüşdür. 2016-cı ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkil etdiyi “Kiçik yaşlı uşaqlar üçün nəsr, nəzm və dram əsərləri” müsabiqəsində 4-cü yerə layiq görülmüş, qalib əsərlərin yer aldığı kitabda 18 şeiri çap olunmuş, məktəb kitabxanalarına paylanmışdır. 2018-ci ildə Göyçay rayonunda təşkil olunmuş “Beynəlxalq Nar Festivalında” nara həsr olunmuş şeir müsbiqəsində “Göyçayın narı” şeiri ilə iştirak etmiş, 3-cü yerlə mükafatlandırılmışdır. 2021 -ci ildə çapa hazırlanmış ”Həkimlərin söz dünyası” kitabında 10 şeiri ilə həmkarları arasında yer almışdır. 2021-ci ildə “Gəlirik Qarabağ” poeziya antologiyası kitabında 13 şeir və “Kimlərə qaldı dünya”, “Nizami Gəncəvi – 880” antologiyasında 15 şeiri dərc olunmuşdur. “Həyat bizi səsləıyir” anologiyasında yer almışdır. 15.04.2021 tarixində Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqı tərəfindən “Qızıl qələm” media mükafatı laureatı olmuşdur. Nuranə Rafailqızı eyni zamanda KİV tərəfindən “Fəxri şair” diplomuna layiq görülüb.
Yuxarıda sadaladığım obyektiv və subyektiv səbəblərdən qaynaqlanaraq yaranan təqəqələşmə və qruplaşmaların aradan qaldırılmasında, bu mümkün olmasa belə ən azından nəticələrin xəfifləşdirilməsinə öz töhfəsini verə biləcək yeganə vasitə təmənnasız, heç bir əlavə məqsəd güdməyən, ilham mənbəyi, qaynağı söz olan ədəbi tənqid ola bilər…
Keçək əsas məsələyə. Kimdir? Nədən yazır, Nuranə Rafailqızı? Şair haqqında qısa arayışdan da görürük ki, Cəmiyyətdə formalaşmış və ya bilərəkdən bu cür təqdim olunan “əlində bir peşəsi olmayan şairlikdən yapışır” fikrinin əksinə olaraq görürük ki, Nuranə xanım ən vacib və belə demək mümkünsə prestijli peşələrdən birinin sahibi – həkimdir. Günümüzün reallıqlarına baxsaq “başını qaşımağa vaxtı yoxdur…”, ancaq şeir yazmağa zaman ayıra bilir. Yəni əslində şeir özünü yazdıraraq, həkimin vaxtını alır. Onu yorğun iş saatlarından sonra gecələri də yatmağa qoymur, qəlbini sızladır, ruhunu titrədir, misra-misra doğulur, böyüyür, qayğı-diqqət tələb edir. Onu incidir, yorur… Səhifə-səhifə, kitab-kitab həkim olmuş adamı söz-söz, misra-misra şair edir. Bu taledən qaçmaq mümkündürmü?! Böyük qətiyyətlə və tam əminliklə bu suala belə cavab verirəm ki, xeyr, bu əsla mümkün deyil. Ruha hopmuş kəlmə-kəlmə şeir, bətnə damla olaraq düşmüş döl, kürəyə damcı-damcı dolmuş su kimidir. O, öz məqamında mütləq zühur etməlidir. Deməli, belə nəticəyə gəlirik ki, şeir yazmağın, şair olmağın bu həkim xanıma gətirdiyi bütün məhdudiyyətlər və məhrumiyyətlər müqabilində bəxş etdiyi yeganə mənfəət könül rahatlığı, ruh sakitliyidir. Sizcə bu əzab-əziyyətə dəyərmi? Əgər bu qədər müxtəlif peşə sahibləri özlərinin, ailələrinin ruzisini qazanaraq, gündəlik keçimlərini sağladıqları sənətləri ilə yanaşı ikinci ağır və məsuliyyətli bir işin altına girib əlavə öhdəliklər götürürlərsə,deməl,i burada bir hikmət var.
Nurənə Rafailqızının yazdıqlarına qısa bir nəzər yetirək. Məsələn, “Mənəm!” şeiri bax elə başlayır:
Bir ev var ki, uzaqlarda
hasarı yox, çəpəri yox.
Nə gələni, nə gedəni,
nə qalan bir nəfəri yox.
Bu günəşdən, bu səmadan,
bu həyatdan xəbəri yox
toz basmış, kifə bürünmüş
Bax,
həmən o otaq mənəm…
Bu misraları əbəs yerə seçmədim. Nuranə Rafailqızının özünü oxucusuna təqdim etdiyi “mən” bu nümunəyə qədər danışdığımız bütün məsələlərlə müəyyən dərəcədə bağlıdır. Bu misralarda müəllifin təqdim etdiyi “mən” ilk baxşda bir şəxslə bağlı görünsə də, əslində bu belə deyil. Bu “mən” diqqətsiz misra, dərc olunmamış şeir, tənha fərd, ucqar kənd, oxunmamış kitab, tikilməmiş ev, uzun illərdir yanmayan soba və s. və i.a. uzanaraq, sicilləmə bir siyahı yarada bilər.
Və ya digər bir misala nəzər salaq. “Bir az səssizlik, bir az sənsizlik” adlandırdığı şeirində Nuranə Rafailqızı yenə yuxarıda toxunduğumuz bütün məsələlərdən söhbət açır. Şairin ifadələrində bu qədər dəqiq olması onun dəqiqlik və həssaslıq tələb edən peşəsindən qaynaqlandığını düşünmək olar. Ancaq yenə və yenə arzu, istəkləri nə qədər fərdiləşdirmək istəsək də onlar hamısı ümumidir. Yəni şair Nuranə Rafailqızının yazdıqlarını yalnız həkim Fazilova (Rəhimova) Nuranə Rafail qızını narahat edib, onun şəxsinə aid məsələlər kimi xarakterizə etmək böyük yalnışlıq olardı. Aşağıdakı arzu və istəklərin xalqın içərisindən çıxmış, hər gün onlarla ayrı-ayrı şəxslərlə ünsiyyətdə olub, istər-istəməz onların da dərdləri ilə yüklənən bir loğmanın, təbibin uca Yaradandan ümumi təvəqqesi kimi səslənir:
Bir stəkan çay istəyirəm,
yanında da limonu.
Bir qırıq qənd parçası,
bir kağız, bir qələm
cızmaqara edim onu…
Vəssalam,
mənə bu da yetər hələlik!
Gün batar, ay doğar,
bir az səssizlik, bir az sənsizlik…
Əgər şairin ” Bircə sən yoxsan dünyamda” adlı şeirinə diqqət yetirsək, “Bir az səssizlik, bir az sənsizlik” adlandırdığı şeirdəki fikirlərin davam etdiyini, sonsuz mənəvi ehtiacların ödənməsində bütün maddi aləmin gücsüz qaldığını görürük:
Hər şeyim var..
Başımı salmağa evim-ocağım,
Qısılıb yatmağa küncüm-bucağım.
Halal zəhmət ilə rahat çörəyim,
Bir kitab yazacaq odlu ürəyim.
Bircə sən yoxsan dünyamda,
Yalnız arzumdasan, yalnız xülyamda…
Hər şeyim var…
Qızılım, mirvarim, incim-sədəfim,
Əqidəm, imanım, yönüm, hədəfim.
Başımın üstündə duran Allahım,
Xoşbəxt gələcəyə gedən sabahım.
Bircə sən yoxsan dünyamda,
Elə ona görə də
heç nə görünmür gözümə,
Bəzən, özüm də yad gəlirəm özümə…
Bircə sən yoxsan dünyamda,
Bircə sən yoxsan deyə
dağılır dünyam da…
Şair Nuranə Rafailqızının kim olub, nədən necə yazdığı aşağıdakı nümunələrə nəzər saldıqda daha aydın görnr. Dünyanı bürüyən pandemiya şəraitində həkimlərin fiziki, zehni və həmçinin də duyğu yükünun nə qədər artdığının şahidi oluruq. Bu yerdə qeyd edim ki, Nuranə xanım xəstəliyin aşkarlandığı ilk günlərdən Ağdaş Pandemiya Mərkəzinə ezam olunaraq Covid -19 virusuna yoluxmuş xəstələrə stasionar həkim kimi yorulmadan xidmət edir.
Kimi cavan, kimi qoca,
kimi körpə qucağında.
Bir havanın həsrətində,
bir nəfəsin sorağında.
Gecələri sakit-səssiz
xəstəxana otağında
Sübhə kimi cırıldayan
bax həmən o,
yataq mənəm!
Bəli, məhz vəzifə borcunu yerinə yetirməkdən əlavə, sübhə kimi uyumayan, narahat xəstələrin yerinə özünü qoymaq, əsl vicdanlı həkim, duyarlı şair ürəyinin bariz nümünəsidi!…
Nuranə xanımın yaradıcılığina geniş nəzər salsaq onların arasında zaman-zaman, torpağına, yurduna bağlı vətəndaş:
Elə ki, mən boy atdım,
yeridim addım-addım,
Anam tutub əlimdən,
bu daşı, bu torpağı,
bu otu, bu yarpağı,
yaşadığım küçəni,
qızındığım ocağı
Göstərib Vətən deyib!
Övladına bağlı, qayğıkeş, Ana:
Böyü, boy at, adın-sanın
qoy yayılsın eldən-elə!
Sən doğmusan həyatıma,
dərdim yoxdu günü bu gün
ölsəm belə, ölsəm belə!
Bəzən səs-küydən qaçıb tənhalığına sığınan qələm sahibi:
Bir stəkan çay istəyirəm,
yanında da limonu.
Bir qırıq qənd parçası,
bir kağız, bir qələm
cızmaqara edim onu!
Vəssalam,
mənə bu da yetər hələlik!
Gün batar, ay doğar…
bir az səssizlik, bir az sənsizlik…
Hərdən həkim, hərdən xəstə:
Ağzımızın ləzzəti yox,
dadı qaçıb, tamı qaçıb.
Dünyada adam qalmıyıb,
sonuncu adamı qaçıb!
Gecələr yuxum da qaçaq,
yorğan-döşək gəlir cana,
Elə hey dönüb, dururam
gözüm dikilir tavana.
Gündüzləri çalmaz qapım,
nə qonşum var, nə qonağım
Öz evimdə dəfn olmuşam,
daş məzarım, daş otağım…
Qurda-quşa ehtiyac yox,
öz içim özümü yeyir!
Mən deyirəm, kefim yoxdu!
Həkimlər, depresiya deyir…
Atasının itkisi ilə barışmayan övlad:
Bu ayrılıq uzun oldu, bitmədi…
Əzrayıla xəbər saldım, yetmədi!
Nə sən gəldin…Nə də qızın getmədi.
Səndən sonra…
Dost yolunda can qoyan, etibarlı dost:
Sədaqət örpəyi, etibar əyni,
Deyim, pozulmasın dostun eyni.
Baş qoyub gülməyə yarımınçiyni,
Ölməyə dostumun qucağı gözəl!
Dünyadan üz çevirib, Tanrıya üz tutan filosof:
Əzab çəkir içimdəki dəli ruh,
Biləmmirəm nə savabdı, nə günah?!
Aç göylərin qaş-qabağın biryolluq,
Bulud qoymur səni görüm, ay Allah!
Hərdən təbiət aşiqi:
Baxıb sərv boyuna, şux duruşuna,
Lap heyran olmuşam adi daşına.
Dumandan örpəyin atıb başına.
Mat qaldım dağların ismətinə mən!.
Hərdən də uşaq kimi saf, zərif bir qadın:
Mənə bir az nağıl danış,
bədheybətin sarayından.
Bəxtimə yaman az düşüb,
nənəmin noğul payından.
Yaxşıları xoşbəxt elə,
pisləri çək sonda dara!
Mən hələ də, uşaq kimi
inanıram nağıllara…
Duyğularım, istəklərim
darma-duman, qarma-qarış.
Başımı qoyum dizinə,
mənə bir az nağıl danış!..
obrazlarına rast gəlmək olar.
Biz işinin ustası peşəkar həkim, hər kəlməni bir-bir ruhunun süzgəcindən keçirən sevimli şair Nuranə Rafailqızının uzun və şərəfli bir yaradıcılıq yolunun başlanğıcında olduğuna, onun bir-birindən dəyərli sənət əsərləri ortaya qoyacağına inanırıq. Yəni onun bütün gələcəyi, həyatı, yaradıcılığı hələ qarşıdadır. Şübhəsiz ki, bu belədir.
Onu da qeyd edim ki, mən bu yazını “Kredo” qəzetinin növbəti sayı üçün yazarkən Nuranə Rafailqızının “Həkimlər depresiya deyir…” adlı ilk şeirlər kitabı artıq nəşr üçün hazırlanır. Kitab çap olunana qədər qəzetimizin növbəti saylarında Nuranə Rafailqızının qəlbləri riqqətə gətirən şeirlərindən bir neçəsini diqqətinizə təqdim edəcəyik. Nuranə xanıma yaradıcılığında və bütün digər fəaliyyətlərində uğurlar arzu edirik. Uğurlarınız bol olsun, Nuranə xanım! Sona qədər həmsöhbət olduğunuza görə təşəkkürlər! Sağ olun!
XİFFƏT… LƏNƏT VƏ SEVGİ (Cəbrayılı düşünərkən…) Yazını başlamaq çətin, bitirmək asandır. Bunu qələm çalanların hamısı bilir. Ona görə də nə uzaqdan, nə də yaxından başlamaq lazımdır. Sadəcə ortadan və mətləbə dəxli olmayan epizoddan. Məsələn: pəncərəmin önündən qumru ötdü. Halbuki qumrular uçmaqdan çox, gəzişməyi sevirlər. Fındıq boyda başlarını yellədə-yellədə, buğda boyda gözlərini çalxalandıra-çalxalandıra, bənövşəyi ayaqlarını yüyrək ata-ata ora-bura vurnuxur, təşər-təşər yürüyürlər… Qumrunun adını ona görə çəkdim ki, gözümü açandan bir cüt qumrunu həyətimizdəki qarağacın budaqlarında görmüşəm. Həm də bu quş Cəbrayılda müqəddəs hesab olunurdu. Deməli, pəncərəmin önündən qumruların uçub keçməsi təsadüfi deyilmiş. Həmin qumruları Bakıda, həyətimizdəki çinarın budaqlarında da görmüşəm. Külək əsdikcə budaqlar yellənir, qumrular da onlarla birgə mürgü vururdular. Və mənə elə gəlmişdi ki, bunlar elə həmin qumrulardır, həyətimizdəki. Sonra o çinarı kəsdilər və quşlar da yox oldu. Küsüb getdilər, yəqin. Bəlkə də elə həmin vaxt həyətimizdəki ağacları da düşmənlər, yağı qonşularımız kəsirmişlər. Bu yazı, bəlkə də belə başlamalı deyildi. Hər yazının bir düzəni olmalıdır. Orası da düzdür ki, plansızlıq yazının özəlliyi və gözəlliyidir. Orta məktəbdə oxuyanda ədəbiyyat müəllimimiz bizə vətən haqqında inşa tapşırdı. Mən təxminən belə yazdım: Vətən mənim evimdən başlayır, sonra həyətimizə keçir, məhləmizlə davam edir və getdikcə böyüyür. Sonra kənd, sonra rayon, axırda Ana Vətənimiz gəlir. Uzun illərdən sonra onu da anladım ki, əslində, elə dünyanın özü də bizim Vətənimizdir. Çünki hamımız burda yaşayırıq və onun inkişafı, rifahı, əmin-amanlığı üçün çalışırıq. İlk dəfə ana yurdumu (Cəbrayılın Mahmudlu kəndini, elə həyatın özünü də) ala-qaranlıq bir otaqda, lampa işığında görmüşəm. Atamın dizləri üstdə. Məni atıb-tuturdu. Bəxtimə gün düşüb, deyəsən, həmin vaxt. Və evdə işıq yanıb. Yəni mən “İliç lampası” ilə birgə doğulmuşam. Həmin il kəndimizə işıq çəkilib. 1962-ci ildə. Sonra kəndimizin ortasındakı tonqal yadıma düşür. Gur-gur yanır, alov dilimləri ərşə qalxırdı və adamlar onun ətrafında dövrə vururdu. Deməli, Novruz bayramında kəndimizi tanımışam, həmrəyliyin, birliyin qoxusunu duymuşam, suluq yaddaşıma köçürmüşəm. Sonra. Sonrası da sonralardır da: Cəbrayılın özü, yəni rayon mərkəzi, müxtəlif biçimli dükan-mağazalar, foto-atelyelər. Sonuncu ən çox sevdiyimiz yer idi. Çünki böyüdükcə sənədlərimizin sayı da, şəkillərimizin ölçüsü də dəyişirdi. Axırda Bakı, Rusiya, Türkiyə və müxtəlif ölkələr, məkanlar… Cəbrayılın ortasındakı çinar, onun altından keçən dupduru və buz kimi kəhriz suyunun tamı, soyuqluğu indi də yadımdadır. Həmin kəhriz Ziyarət Dağından başlayırdı. Bu cür sərin sudan Ərdəbildə, Şeyx Səfi məqbərəsinin həyətində də içmişəm: soyuqluğu, tamı eyniydi. Həmin qocaman çinarı nadan, nankor düşmənlərimiz kəsiblər, amma dibindən pöhrəsi çıxıb. İndi beş-altı metr hündürlüyündədir… Yaddaş təkcə ürək və beyinlə yox, həm də duyğusal orqanların varlığı ilə diridir. Deməli, qocaman çinarın da yaddaşı diridir və hələ də bizə lazım olduğunu anlayır və bizi gözləyir. Cəbrayılda kəhrizlər, bulaqlar çox idi. Sadalasam, uzun bir siyahı çıxar, amma mən tanıdıqlarım və suyundan içdiyim bulaqların adını çəkməsəm, olmaz: “Dostluq bulağ”ı, “Ayı bulağ”ı, “Şam bulaq”, “Cəfərabad bulağ”ı (ona “Urus bulağ”ı da deyirdilər), “Yaloba bulağ”ı, “Qoşa Çinar bulağı”… Bir dəfə yaxşı tanıdığım, suyundan bolluca içdiyim Cəfərabad kəhrizinin mənbəyini tapmaq üçün uşaqlarla xeyli yol getdik. Elə belə, maraq xatirinə. Təbii ki, sona qədər gedə bilmədik. Kəhrizin çəkildiyi arxın üstündə bacalar vardı, kənkanlar ordan sallanır və kəhrizin gözünü açırdılar. Kəhriz öz mənbəyini rayonumuzu dövrələyən Kiçik Qafqaz dağlarından alırdı. Onu necə çətinliklə çəkmişdilər, hansı müsibətlərdən keçmişdilər, bir Allah bilir. İlk pioner düşərgələrindən biri Sirikdəydi. O dağların ab-havası, suyu əvəzolunmazdır. Orda bircə dəfə, özü də ötəri olmuşam. Sonralar getməyə zaman olmadı. Çünki gəncliyimiz qanlı-qadalı illərə düşdü. Düşmənlər 28 ilimizi oğurladılar. Cəbrayıl azad olunandan sonra jurnalistlər sual verdilər ki, kəndə gedəndə ilk işin nə olacaq? Cavab verdim ki, öncə kəndimi qarış-qarış gəzəcəm, doğmalarımızın məzarlarını ziyarət edəcəm. Mənə tanış olan gülünü-çiçəyini, bağlarını, dağ və dərələrini salamlayacam. Uşaqlığımızın yadigarı, daim altında oynadığımız, kölgəsində dincəldiyimiz, “Alı xəndəyi”ndə “məğrur tənhalıqda” qərar tutan “Tək tut”a baş çəkəcəm, “Yaloba bulağı”ndan su içəcəm… Sonra bütün rayonu, axırda Qarabağı gəzəcəm, başımızın tacı Şuşaya gedəcəm… Körpəlikdən indiyə qədər – hər şey xırdalıqlarına qədər yadımdadır. Bəlkə ona görə ki, xaraktercə impressionistəm, nostalji hisslərə qapılmağı xoşlayıram, indidən daha çox, keçmiş xatirələrimlə yaşayıram. Rəssam olsaydım, qəmli bir cocuğun rəsmini çəkərdim. Təxminən belə: ayaqyalın, qüssəli bir uşaq, əlində künaltaq (çubuq) yerdə nəsə cıza-cıza, suya düşən kölgəsinə baxa-baxa Arazın qırağı ilə gedir və nəyisə düşünür… Ötən 28 ili mən bu cür qəmli-qüssəli xatırladım, yurdumun xiffətini çəkdim… Cəbrayıl elatı yayda Sisyana gedərdi. Bizim yaylaqlarımız orda idi. İmişlidən tutmuş bu yana qədər hamı sürüsünü Bazarçaya tərəf aparardı. Biz aralıda durub, kəndimizin yanından ötən köçə baxardıq. Atların üstündə çobanlar, dəvələrin belində arvad-uşaq oturardı, sürünü isə itlər qoruyurdu. Mərcanlı obası (Cəbrayılın ən böyük kəndi) SSRİ dağılana, münaqişə başlayana kimi yaylağa gedib-gələrdi… Mən o yaylaqlarda olmamışam. Amma yaylağın marşrutunu, yol-yolağasını böyüklərdən öyrənmişdim: Mahmudludan yola düşürsən, Laçını keçib “Üç təpə”yə qalxırsan, oranı adlayıb “Yazı”ya çıxırsan, “Xınzirəy”i, “Kömür təpə”ni, “Farmaş təpə”ni arxada qoyandan sonra “Göbək daşı”na çatırsan. Ondan sonra “Zor-zor bulağ”ı, “Qabırrı gədik”, “Qısır aşırım”, “Bazar çay”, “Bazar düz”, axırda da “Ballı sofka” və “Cənnət yurd”. Hərə bir tərəfdə alaçıq qurur. Hər tərəf yamyaşıl, aşağıdan isə dəli-dolu Bazarçay axır… Gözəl mənzərədir, eləmi? Oralara getmək mənim də qismətimə düşüb, lap sonralar, işğal zamanı… 2001-ci ilin yayında Avropa Şurasının xətti ilə beş jurnalist İrəvandan Gorusa, ordan isə Sisyanı keçməklə Xankəndinə səfər eləmişik. Cənnətməkan yerlər, sərin və təmiz hava, buz kimi bulaqlar… Şuşanı da ilk dəfə onda gördüm. Bizə yalnız bir küçəni göstərdilər – Yuxarı Gövhərağa məscidinə aparan küçəni. O gözəllikdə Şuşa xarabazara çevrilmişdi. Ətrafdakı yarıuçuq binalarda hərbçi ailələri qalırdı. Eyni aqibəti viran qalmış, dağıdılmış Laçın da yaşayırdı. Bizi ora aparmadılar. Ancaq aralıdan görə bildik. Səfər yoldaşım, operator Emil Süleymanov (laçınlıdır) evlərini görmək istədi, icazə vermədilər. Ermənilər bizi elə əhatə eləmişdilər ki, sanki hansısa terror hadisəsi törədəcəkdik. Səfərdən sonra bir yazı yazdım: “Bakıdan Xankəndinə uzun bir yol”. Yazının sonluğu beləydi: “Xankəndinin qonaq evində yatanda gecənin bir vədəsi qulağıma saz səsi gəldi. Bəlkə babalarımızın ruhu bizi çağırırdı?” Bu, şişirtmə, gop-filan deyildi. Həmin səs vardı. Mən onu eşidirdim… Şuşa bizə yaxın idi və hər yay, son zəngdən sonra orta məktəbi bitirənlər ya Göygölə, ya da onu ziyarətə gedirdilər. Amma mən gedə bilməmişdim. Səbəbi uzun və anlaşılmaz olduğundan yazmıram. Bircə onu deyim ki, son zəngi daha çox Şükürbəylinin (orta məktəbi orda bitirmişəm) aşağısında “Quycaq dərəsi” deyilən yerdə, “Çinarlığın altı”nda, ya da Sayaq düzündə keçirirdik. “Çinarlığın altı” həm də pir, ocaq idi. May bayramı özgə bir aləm idi. Yaşıl çəmənliklər, bağ-bağat bizi ağuşuna çağırırdı. O bayram bizi kişiləşdirirdi… İlin axır çərşənbəsi və Novruz bayramı, vətənimin hər guşəsində olduğu kimi, bizim də həsrətlə gözlədiyimiz günlər idi… Döyüşdürmək üçün yumurta tədarükü, atəşfəşanlıq üçün yalançı güllələr və mütləq papaq – qohum-əqrəba, qonşu qapısına atmaqdan ötrü. Uzun müddət, çoxları kimi, məni də bir sual daim düşündürüb: bu gözəl günlər hara yox oldu? Niyə belə oldu? Bəlkə bayramlar uşaqlar üçündür? Çünki işğaldan sonra böyüklər o bayramları yadırğamışdılar, yalnız uşaqlar üçün keçirirdilər. Yurd, doğma ocaq olmayan yerdə nə bayram!? Və bu suallara öz yazılarımda, qismən də olsa, cavab verməyə çalışmışam… Cəbrayılın özəlliklərindən biri də bazarının olmamasıydı. Bəlkə, ona görə ki, bura sufilər diyarıydı və təsadüfi deyil ki, rayon ərazisində ondan çox təkyə vardı: Tanrıyla baş-başa qalmağın, tək ibadətin nişanəsi kimi. Pirlərimizdən danışarkən “Mazan nənə” ziyarətgahının, Aşıq Dirili Qurbani məzarının adını çəkməsəm olmaz. Çələbilər kəndindəki “Hacı Qaraman” rayonda ən ağır pir, ocaq hesab olunurdu. Bizdə adamlar həkimlərdən daha çox, ona inanırdılar. Hacı Qaraman Sufi təriqətinin qollarından biri kimi hər yerdə tanınır: nəqşibəndilər kimi, bəktaşilər kimi… Mən orda olmamışam, amma Cəfərabad kəndinin üstündə yerləşən “Pir Çinar”a (ora “Yel Piri” də adlanır) getmişəm, çərşənbə gününün səhəri özümdən böyük uşaqlarla… Bu barədə “Pirə inamım necə itdi və necə qayıtdı” yazımda danışmışam. Bircə onu deyim ki, pirin ətrafı, budaqlarına rəngbərəng parçalar, lentlər bağlanmış ağacın altı qələbəlik idi: kimi qurban kəsir, kimi diləyinin qəbul olunması üçün ocağa nəzir-niyaz verir, kimisi də bulaqdan çıxan palçığı bədəninin ağrıyan yerinə sürtürdü… Uşaqları bilmirəm, amma mən ürəyimdə heç bir arzu tutmamışdım, nəzir-niyaza isə şərik çıxmışdım… Yeri gəlmişkən, Qüdsdə “Fəryad divarı”nın olmasını hamı bilir. İsrail səfərində olarkən ora da baş çəkdik və arzularımızı yazıb divarın yarıqlarına qoyduq. Tanrı vahiddir və hər dini məkan da ona məxsusdur. Bu şəhərdə beş konfessiya, beş məbəd yerləşir. Onlardan ən möhtəşəmlərindən biri də müsəlmanlara məxsus olan Əl-Əksa məscididir. Deyilənə görə, Tanrının elçisi Məhəmməd Peyğəmbər məhz burda Musa peyğəmbərlə görüşüb… Geri dönüşdə sədrimiz, Xalq yazıçısı Anar müəllim belə bir etiraf elədi: “Heç kim divara yazıb qoyduğu ürək sözlərini demir, ancaq mən deyəcəm: Qarabağın azadlığını dilədim!” Və Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin Şuşanın azad edilməsi müjdəsini verən zaman dediyi sözləri xatırlayıram: “Məkkə ziyarəti zamanı Tanrıdan xahiş elədim ki, mənə güc versin, Qarabağı azad edim, atamın vəsiyyətini yerinə yetirim!” Biz bütün dualarımızla, elliklə Qarabağın azadlığını istəmişdik. Mən İç Anadoluda olarkən Hacı Bektaş ziyarətgahına getdim və onun girişindəki tut ağacının altında bu arzumu dilə gətirdim… Cərbayılın rəmzi sayılan, milli və klassik memarlığımızın şah əsərlərindən biri Xudafərin körpüsü azad edildikdən sonra möhtəşəmliyi daha da artıb. Bu memarlıq abidəsi çox hadisələrin şahididir. Bu körpüdən şahlar da keçib, nökərlər də, igidlər də, yağılar da, amma yenə də bizimdir. Dadaloğlu demiş “Fərman padışahın, dağlar bizimdir!” O taylı-bu taylı Azərbaycan türklərini birləşdirən Xudafərin indi Dostluq körpüsünə çevrilməkdədir… Mən bu körpünü lap yaxından 80-ci illərin sonlarında görmüşəm: “Xudafərin körpüsü” romanının müəllifi, mərhum yazıçımız Fərman Kərimzadə ilə birlikdə. İş elə gətirmişdi ki, ondan bir il əvvəl, yəni 88-ci ilin qışında Fərman Kərimzadə bir qrup ermənistanlı soydaşımızla Moskvaya, SSRİ Ali Sovetinə şikayətə gəlmişdi. Onunla Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində tanış oldum. O zaman mən “Zemlyaçestvo” (“Yurddaşlar”) adlanan tələbə cəmiyyətinin sədriydim. Ali Sovetə məktubu bir qrup tələbə ilə, həm ermənistanlı soydaşlarımız adından, həm də öz adımızdan hazırladıq. Sonra Fərman müəllimlə tələbələrin görüşünü təşkil elədim. Tədbirdən sonra Moskva şəhərini gəzdik, dərdləşdik və xatirimdə mərd, təpərli bir insan kimi qaldı. Həmin yay Fərman Kərimzadə bizim rayona gələndə məni axtarıb tapmış və onun təklifi ilə Xudafərin körpüsünə getmişdik. Körpünün yanına çatanda dedi ki, əlini Arazda yumaq istəyir. Amma rus sərhəd keşikçiləri bizi ora buraxmadılar. Fərman bəy də onlarla ağızlaşdı, yarı rus, yarı azərbaycanca yağlı söyüşlər də söydü. Azman yazıçı olduğu qədər də azman kişiydi. Cənnətməkan olsun! İllər əvvəl onun barəsində “Vedinin yanı Fərman…” adlı bir yığcam məqalə də yazmışam. Yazıçının “Vedinin yanı dağlar…” adlı publisistik dənəməsi vardı… Fərman Kərimzadə dünyadan nisgilli, Vedidən narahat köçdü, özü də qəfil. Bəlkə də əbədi dünyada bu bayatı ona rahatlıq vermir: Vedinin yanı dağılar, Ürəyi, canı dağlar, Burda bir el var idi, Siz deyin, hanı, dağlar!? Rahat uyu, ustad! Fərman ağa! Vedi gözümüzün önündədir. Əlini gözünün üstünə qoysan yetər!.. Bayaq dedim ki, bizim rayonda bazar yoxuydu, yəni həyətinin məhsulunu satmaq tabuydu, yasaq idi. Yalnız Cəbrayılın özündə, Ziyarət dağının ətəyində bir balacası vardı. Ona şərti olaraq “erməni bazarı” deyirdilər. Çünki əsas alver edənlər ermənilər idi. Hadrutun ətrafındakı kəndlərdən – Hərəküldən, Banazurdan gəlirdilər. Əsasən göy-göyərti, çəkmə araq satırdılar. O bazarda bircə dəfə olmuşam: qarlı qış günündə atamla. Sonralar ora gedib-getməməyimi xatırlamıram… Sözümə qüvvət: Seyfəddin dayım (nənəmin dayısı oğlu) 80-ci illərdə rayonda təzə açılmış “Tədarük məntəqəsi”nə 60 kilo nar satmışdı (daha doğrusu, təhvil vermişdi). Nənəm bu xəbəri eşidəndə onun abrını ətəyinə bükdü, dedi ki, dayısı Məhyəddinin ruhunu incidib, bütün nəsli el içində biabır edib. Kişi ha and-aman elədi ki, bunu eləməyə məcburdu, çünki partiya (Kommunist Partiyası) üzvü və idarə müdirdir, xeyri olmadı… Bizim el-obada hamı dərdini bölüşdüyü kimi, olan-qalanını da bölüşərdi. Anam yaxşı bostan əkərdi. Yolnan ötən kəndçilərimizə bostanın nübarını verərdi. Qəribə səslənməsə deyərdim ki, burda hər şey kommunizm üstə qurulmuşdu: hər kəsə bacarığına görə, hər kəsə tələbatına görə. Yəni vətəndaş cəmiyyəti deyilən bir nəsnə hələ o zamandan bizlərdə vardı: qapın və süfrən açıq, evin (otağın) ən yaxşısı da qonağındır. Hara gedirsən get – qonşular həyət-bacana, mal-heyvanına, toyuq-cücənə yiyə duracaq, onları ac-susuz qoymayacaqdı. Bəlkə elə ona görə də yazılarımın, demək olar ki, hamısında kəndimizin ən mərdimazar adamına belə, sevgi və mərhəmətlə, ən pis halda isə ironiya ilə yanaşmışam. Bomarşesayağı desək, “ağlamamaq üçün dünyaya gülməyə tələsmişəm…” Maraqlı bir əhvalat danışım. Başqa bir rayonda yaşayan tələbə yoldaşım kəndimizə qonaq gəlmişdi. Bir gün məndən soruşdu ki, sizdə bazar var? Mən də qayıtdım ki, var, rayonun özündədir, təzə tikilib, ancaq orda nəsə tapmaq çətindir. Söhbət 80-ci illərin ortalarından gedir. Bazara gəldik. O böyüklükdə bazarda iki alverçi vardı. Biri bazarın bəri başında kartof, biri də o biri başında armud satırdı… Desəm ki, cəbrayıllı olmağımla fəxr edirəm, bəlkə də düzgün anlaşılmaz. Vətəni bölməzlər, düzdür. Mən həm də lənkəranlıyam, qusarlıyam, balakənliyəm, sabirabadlıyam. Amma xatirələrim daha çox Cəbrayılla bağlıdır. Çünki ilkin olaraq onu tanımış, onun özəlliklərini sevmişəm, insanlarının mərdliyinin, etibarlığının, səmimiyyətinin, gözütoxluğunun şahidi olmuşam. Bəlkə bu mehribançılıq, xeyirxahlıq həm də rayonun adının Cəbrayıl mələklə bağlı olmasıdır. Tanrının sevdiyi xoşniyyətli mələk daim insanlarımızın başının üstündə olub, onları şərdən-xətadan, haramdan qoruyub… Addan söz düşmüşkən, deyilənlərə inansaq, Cəbrayılın ilkin adı Qıraxdın olub. Niyə Qıraxdın? Bəzi ehtimallara görə, Şah Abbas töycü və vergi yığanlarını bu mahala göndərib, onlar da əliboş qayıdıblar və səbəbini belə izah ediblər: “Şahımız sağ olsun. Ona görə əliboş qayıtdıq ki, o mahalın adamları alqı-satqı nə olduğunu bilmirlər, varlarını bölüşürlər”. Şah özü də sufi olduğundan tapşırır ki, bir də o yerin camaatından töycü və vergi almasınlar. Ona görə də Cəbrayılın adı “qıraxda qalan” kimi dəftərə düşüb. Cəbrayılın qəribə relyefi var. Ərazisinin çox az bir hissəsi Arazboyunda (aranda) yerləşir. Bəridən gedəndə sağa tərəf təpələr, yaylalar və dağlar ucalır. Hər fəslə uyğun da meyvəsi… El-obamız, əsasən əkinçilik, ipəkçilik, maldarlıq və xalçaçılıqla məşğul olurdu. Bir haşiyə çıxım. Türkiyədə olarkən Konya qalasına qalxdıq. Qalanın ətrafında əntiq əşyalar satılırdı. Onların arasında “Gül gəbə” gördüm. Mənə elə gəldi ki, həmin gəbə bizim evdə, ya da kənddə toxunub. Rəngi solmuşdu. Bəlkə o da vətənin həsrətini çəkirdi. Kövrəldiyimdəm satıcıya heç bir sual vermədim, eləcə gəbəni sığalladım, ruhum dincəldi… O gəbənin bütün naxışları mənə tanış və doğmaydı, özümü də əməlli-başlı inandırmışdım ki, bizimkidir… Qış vaxtı hana qurulardı və gəbə kəsilənə qədər mən onun yanından əl çəkməzdim. Nənəmlə birgə dizi üstə oturub gəbəni toxuyardım, ilmələri qarışdıranda nənəm deyinə-deyinə onları açardı… Bizim o rəngli, naxışlı günlərimiz bir il əvvəldən başlayardı. Payızda qoyunlar qırxılardı. Yunun yuyulması, didilib əlçimlənməsi, daranıb əyrilməsi, yumağa dönməsi yaza qədər davam edərdi. İpin boyanması böyük bir ritual idi. Yazın əvvəlində, ağaclar çiçəklərini tökəndə nənəm məni kişi qırığı kimi yanına salıb yola çıxar, Rəşidin “Paz” avtobusuna mindirib rayona gətirərdi, ordan da payi-piyada çaylağa düşərdik. Tonqalın üstündə qaynayan ala-bəzək tiyanlar müştəriləri gözləyirdi. Biz də növbəmizi tutub dayanardıq. İplər boyanandan sonra nənəm onu çaylağın qırağındakı daşların üstünə sərərdi. Dağlarda qar ərimişdi və sel-su çaylaq boyu aşağı şütüyürdü. Getdikcə bollanır, özü ilə dağlardan mer-meyvə, qoz-fındıq gətirirdi. Suya girib onları tutmaq istəyirdim… Mən suya baxa-baxa və kişi dəyanətilə, özü də ac-susuz boyaq mərasiminin qurtarmasını gözləyirdim… Çay demişkən… Bizim çaylarımız balıqla dolu idi. Çoxları buna inanmır. Axı balıq əsasən Bakı, Siyəzən və Lənkəranda olur, yəni dənizətrafı bölgələrdə. Hərdən, az qala, özüm də inanmaq istəmirəm. Çünki paytaxtımızın bazarlarında Cəbrayıl balığı olmazdı. Ancaq çoxları bilmir ki, Araz İranla sərhəddən axsa da, qolları bizim kəndlərdən keçirdi. Araz sanki bizi qucaqlayırdı. Biz Arazın övladlarıydıq. Əbəs yerə Xan Araz demirlər ki… Xan təkcə hökmü və duruşu ilə yox, həm də mərdliyi və xeyirxahlığı ilə dəyərlidir. Onlardan biri, ən sulusu da bizim kənddən – Mahmudludan keçirdi. “Maralyan arxı” deyilən bol sulu kanal Şıxalağlı kəndində Arazdan ayrılırdı. Mən günlərlə ordan balıq tutmuşam: xəşəm, şirbit (“usaç”), durna balığı, sazan… Ona görə də yuxularımda daha çox balıq tutduğum epizodları görürəm. Bircə şeydən çox qorxurdum: Araz quruyar, balıqları ölər. Hətta bəzən yuxuda çayın quruduğunu, balıqlarının öldüyünü də görürdüm, səksənirdim. Məlum və möhtəşəm qələbəmizdən sonra kəndi görmüş, bizə qohum hərbçilərimizdən Arazı soruşdum. Eşidəndə ki, tam qurumayıb, suyu hələ də gəlir, arxayın oldum… Üzməyi beş-altı yaşından öyrənərdik. Yay başlayandan payız girənə kimi çaydan çıxmazdıq. Selliyin qırağındakı cillərdən bağ bağlayar, kəndin o başından suya atıb üstünə minər, bir də ayağında çıxardıq. Hərdən onları qayıq bilib yarışardıq da. Sudan çıxandan sonra “qayıq”larımızın arxasınca baxar və kədərlənərdim. Bir zamanlar alabəzək topum da, bax beləcə axmışdı… Mən öz qayığımın üstünə uzanıb, geniş səmaya baxa-baxa dünyanın sonuna qədər getmək istəyirdim. Cəbrayıl haqqında statistik məlumatlarla yazını doldurmaq istəmirəm. İstəyənlər internetdən, müasir məlumat kitabçalarından, ensiklopediyadan öyrənə bilərlər. Amma bizim üçün mahiyyət daha önəmlidir. Bilənlər bilir ki, Cəbrayıl öz alimləri, dövlət və sənət adamlarının çoxluğu, fərqliliyi ilə seçilib və seçilir. Tənbəllik edənlər və maraqlananlar üçün deyim ki, qaçqınlıq illərində rayonun əhalisi təxminən iki dəfə artıb, əlli mindən səksən minə yüksəlib. Bu illər ərzində nələrdən keçmədik. Cəbrayıl işğal olunanda mən ordaydım. Bir qrup əcnəbi jurnalistlərlə bölgəyə getmişdik. Yolboyu, günün istisində ev-eşiyini, bağ-bağçasını qoyub gedən, yalnız gücü çatanı götürən adamlar, əsasən də qadınlar və uşaqlar ürəyimi ağrıdırdı. Elə bil, o yolu mən özüm gedirdirm. Yerdən qalxan toz-torpaq sir-sifətlərindən süzülən tərə qarışıb üzlərində şırımlar açmışdı. Sanki bu adamlar bir çay idilər və müxtəlif qollara ayrılırdılar. Yəqin bu, onların hissləriydi: bir gözləri arxada, biri irəlidə, yan-yörədə… uzaqlarda… bilinməzlik… narahatlıq… Bu yerdə mərhum xalq yazıçımız Sabir Əhmədlini də yada salmasam olmaz. Cavan qardaşı, Sovet İttifaqı Qəhrəmanı Cəmil Əhmədovu Böyük Vətən Müharibəsində (1941-45), nakam oğlu Məhəmmədi isə Birinci Qarabağ Müharibəsində itirdi. Böyük itki və nisgildir. Amma təmkinlə, ədəb-ərkanla bu ağrını öz içində çəkdi. “Axirət sevdası” romanını oxuyanlar bunu yaxşı bilirlər. Ən ağır dərdlərindən biri də Cəbrayılın işğalıydı… “Gedənlərin qayıtmağı” romanında Böyük Vətən Müharibəsindən qayıdanların bizim Mahmudlu stansiyasında qatardan düşmələrindən yazır… Ustad yazıçımız indi rahat uyuya bilər! Çünki ruhu şaddır. Çünki gedənlər qayıtdılar! Bizim igid oğlanlarımız onun doğma yurdunu – Cəbrayılı, bütün Qarabağı qaytardılar və qayıtdılar. Qayıtmayanlar isə onun yanındadırlar. Yəqin ki, göz-qulaq olar!.. Cəbrayıl sona qədər döyüşdü. Hətta bir düjün erməni kəndini də dincliklə köçürdü. Amma sonralar fələyin çərxi döndü. Erməni himayədarları və özümüzdən olan bəzi nadürüstlər ov tüfənglərini belə, əhalidən yığdılar… Xocalı soyqırımından sonra adamlarda ruh düşkünlüyü yarandı. Mən həmin vaxt insanların üzündə bir təlaş, gözlərində narahatlıq duyurdum. Bununla belə, əzmkarlıqlarını itirmirdilər. Qarabağ savaşında, o cümlədən, Cəbrayılda çox şəhidlərimiz, çox igidlərimiz döyüşüb: istər Birinci Qarabağ savaşı olsun, istəsə də İkinci. Onların arasında 14 yaşlı, qarayanız, çəlimsiz Tiqananı (Samiri) unuda bilmirəm: əsgərlərə su, çörək, silah-sursat daşıyan, kəşfiyyata gedən, ölərkən ölümünə inanmayan cəsur oğlanı… Bir də əsirlikdə olarkən erməni bayrağına tüpürən vətənsevər İlqar Mehdiyevi… Hərdən dostlarla, qohum-əqrəbayla söhbətdə bir şeyi vurğulayıram: biz çox çətinliklər gördük. Uşaq vaxtı gözümüz ağarana qədər işlədik, qoyun-quzu otardıq, dərs oxuduq, Arazda çimdik, düzlərdə top qovduq, amma ac qalmadıq. Tək bir şeyə təəssüf edirəm: qulağımızın dibindəki “İsa bulağı”na, “Turşsu”ya gedə bilmədik. Zaman çatmadı, qoymadılar… Bu mənada Heydər Əliyev Fondunun dəstəyi və Respublika Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən, şagirdlərin cəlb olunduğu “Ölkəmizi tanıyaq!” layihəsi çox vacibdir və inanıram ki, pandemiyadan sonra bu layihə davam edəcək. Vətəni sevmək, qorumaq üçün onu gəzmək, görmək lazımdır. Bu mənada gələcək nəsil hardan gəldiyini və hara getdiyini dəqiq bilməli, yaxşını pisdən, yalanı doğrudan ayırmağı bacarmalıdır. Qisas yox, ədalət hissi gənclərimizin amalına çevrilməlidir. Mənə elə gəlir ki, ilk, yəni ibtidai insandan indiyə kimi hisslər dəyişməyib: məhəbbət də eynidir, nifrət də. Dəyişən çağdaşlıq və zəmanədir. İnsanlar isə ona uyğunlaşmağa məcburdular. Yaddaş isə dəyişməyə yox, təzələnməyə məhkumdur! 28 il bizə çox şeyi öyrətdi. Sağ olsun vətənimiz, millətimiz. Məcburi köçkünlərə, bacı-qardaşlarına sahib çıxdılar. Dam verdilər, torpaq verdilər. Amma onların güzəranına ağız büzənlər, yerli-yersiz qınayanlar da oldu, ikitirəliyə cəhd edənlər də tapıldı. Bir dəfə uşaqlıq dostum, mənə zəng elədi və kövrələ-kövrələ dedi ki, televizorda bir nəfər məcburi köçkünlərin qarasına deyinirdi. “Niyə televizora çıxanda bizim haqqımızı müdafiə eləmirsən? Axı bizim hansı əzablar keçdiyimizi özün görmüsən!” Mən onu anlayırdım. Çünki gözümün qabağında ev-eşik qurmuş, min bir əziyyət və zillətlə bağ salmış, ailə sahibi olmuşdu. Zəhmətkeş adam idi. Qaçqın düşəndən sonra şəhərətrafı qəsəbələrdən birində məskunlaşmış, gecə-gündüz işləmiş, özünə güzəran qurmuşdu. İnsan zülmə tabedir, sözə yox. Ancaq elə adam var ki, zülmü götürür, haqsız sözü yox. Təsəvvür edin: min bir əziyyətlə qurduğun, yaratdığın ocağın tar-mar olur, illərlə yığdığın qazanc ayaqlar altına atılıb tapdanır, ruhun incidilir… Bütün bunlardan sonra ayağa qalxmaq üçün insanda iradə, inam və gələcəyə ümid olmalıdır. Bizim elatımız bunu bacardı. Qarabağlıların, yəqin ki, ən böyük dərdi ölməyə yerlərinin (qəbiristanlığın) olmamasıydı. Çoxları da üzü vətənə tərəf baxa-baxa dünyasını dəyişdi. Bir dəfə həmkarım Seymur Verdizadə mənə xitabən yazmışdı: “Bu iş çox uzandı. Ölənləri əmanət basdırırlar ki, yurda dönəndə özləri ilə aparsınlar. Biz getdikcə məzar yerlərimizi də unuduruq”. Mənim cavabım qısa oldu: “Qibləmiz itib, qağa! Çünki hərə bir tərəfə səpələnib. İndi harda olduğumuzu bilmirik”. Nə qədər ağrılı olsa da, daim işlətdiyim bir fikri yenə də təkrarlayıram: “İşğal təkcə torpağın qəsbi deyil, işğal – mənəviyyatımızın, adət-ənənələrimizin, ruhu-muzun, dostluq-qonşuluq əlaqələrimizin, mərasimlərimizin yağmalan¬masıdır…” Bizim qibləmiz Arazın o tayında – Güneydə olan “Üç qardaş” dağıydı… Bu sətirləri yazarkən fikirləşdim ki, bəndənizin Qarabağla bağlı onlarla məqaləsi var və onları bir kitabda toplamağın zamanı çatıb: iki il əvvəl nəşr etdirdiyim “Qarabağ hekayələri” kimi… Yurdumuzun xarabalıqlarına baxarkən (adamın bu sözü deməyə dili də gəlmir) düşünürdüm ki, onların bir qismini ermənilər dağıdıblar, bir qismi də baxımsızlıqdan, öz-özünə dağılıb gedib. Çünki tənha ruhlar kimsəsiz evlərdə dolaşmazlar. Qaraçuxalarımız yatıblar, yəqin… Şükür ki, oyandılar! Tez-tez cəbhə bölgələrində olur, məcburi köçkünlərlə görüşürdüm. Onların gözlərindəki kədəri ifadə eləmək çətindir. 2013-cü ildə İsraildə səfərdəydik. Dönəndən sonra belə bir sual verdilər: “Bakıdan gedən dostlarımızı gördünmü?” “Bəzilərini gördüm” dedim. “Necəydilər?” “Yaxşıydılar, – dedim, – yurd həsrəti çəkirlər. Sanki uşağı ən gözəl pioner düşərgəsinə göndərmisən, hər şəraiti var, ancaq anasından ötrü darıxır…” Məcburi köçkünlərə nə qədər qayğı göstərilsə də, onlar vətənlərini istəyirdilər. Balıq sudan ayrı yaşaya bilmədiyi kimi, insan da vətənindən, doğma yurdundan ayrı yaşaya bilmir. Avropada yaşamağa can atan və ora getməyə nail olan tanışlarımızdan biri qürbəti yarımçıq buraxıb vətənə qayıtdı, məşhur atalar sözünü dəyişdirib, belə bir status yazdı: “Gəzməyə də, ölməyə də vətən yaxşı!” Nə gizlədim. Hətta məclislərdə də “gün o gün olsun, ad günlərimizi, toylarımızı, bayramlarımızı kəndimizdə, yurdumuzda keçirək!” tostları da ciddi səslənmirdi… 2017-ci ilin payızında sədri olduğum Azərbaycan Yazarlar Klubunun xəttilə bir qrup tanınmış qələm adamı Cocuq Mərcanlıya, Horadizə səfər etdi. Səfərdən qayıdarkən Xalq şairi Nəriman Həsənzadə rəhbərimiz və ağsaqqalımız Anar müəllimə belə dedi: “Anar, Elçin bizi Cocuğa gətirdi, Şuşaya da aparacaq!” “Əlbəttə aparacam!” dedim. Ancaq boynuma alım ki, bu sözlərimdə bir inamsızlıq vardı. Çünki Azərbaycanın ürəyini, Qarabağın tacını işğaldan azad eləmək müşkül məsələydi. Beynəlxalq təşkilatlar, ermənipərəst qüvvələr “bu münaqişənin hərbi yolu yoxdur” deyirdilər, Ermənistana da heç bir təzyiq göstərmirdilər. Amma Ali Baş Komandanımız İlham Əliyevin dediyi kimi, hərbi həll vardı və bunu sübut elədik. Əsgərlərimiz ermənilərin 30 ildə yaratdığı istehkamları aslan kimi yarıb keçdilər və doğma Şuşamıza üçrəngli bayrağımızı sancdılar. İndi Cəbrayıla, işğaldan qurtulan yurdlarımıza dönüşə sayılı günlər qalır. İndidən sosial şəbəkələrdə, məclislərdə belə bir söhbət gedir: hökumət geri qayıdan məcburi köçkünlər üçün ayrıca qəsəbə salmalıdır, yoxsa öz dədə-baba yurdunda ev tikməyə vəsait ayrılmalıdır? Mənə elə gəlir ki, kəndin kənd olması üçün hərə öz-dədə baba yurduna qayıdıb binə olmalıdır. Çünki bunsuz kənd olmayacaq. Axı söhbət torpaqda yox, mahiyyətdədir. Özü də hər şeyi dövlətin boynuna qoymaq olmaz. Ayrıca qəsəbələrin tikilməsi üçün həm bolluca vəsait, həm də zaman lazımdır, özü də öz həyətindən, ocağından kənarda yaşamaq darıxdırıcıdır. Zaman isə gözləmir. Ölkəmizin qarşısında duran işlər də həddən artıq çoxdur. Hamılıqla əl-ələ verib, dövlətin də dəstəyi ilə kəndlərimizi tikməli və orda məskunlaşmalıyıq. Özü də bunun üçün yerli təbii sərvətlərimiz yetərincədir. Bir şeyi də deyim: Mən 18 yaşımda kənddən çıxmışam. İki ali təhsil almışam, Bakıda qeydiyyata düşmüşəm, işləmişəm. Və kəndə getməyə, ömrümün qalan hissəsini quruculuq işlərinə sərf etməyə hazıram və belə də olacaq. Bir əlimizdə qələm, bir əlimizdə külüng ata ocağımızda çalışmalıyıq… Zəfər əməliyyatının adını “Dəmir yumruq” adlandırırıq. Mənsə deyərdim ki, “Dəmir yumruq” elə Prezident İlham Əliyevin özüdür. Çünki xalqı, ordunu, bütün dövlət strukturlarını öz ətrafında beş barmağı kimi birləşdirməyi bacardı… Çoxdanın bir filmi yadıma düşür. Brut qalların mühasirəsində olan Avqust Yuli Sezara deyir: “Hücum etməliyik, Sezar!” Sezar isə tələsmir, səbirli olmağı məsləhət görür. “Nəyi gözləyirik!?” – Brut həyacanla soruşur. “Qalların hücumunu!” “Bəlkə etmədilər!?” “Edəcəklər, darıxma, təmkinli ol! Çünki onların sərkərdələri çoxdur”. Sezar deyən kimi olur. Qallarda çoxtirəlik yaranır, hücuma keçirlər və romalılar onları yenir. Eyni hadisə 90-cı ilin əvvəllərində bizim də başımıza gəlmişdi. Ancaq Ulu öndər Heydər Əliyev və onun varisi, Ali Baş Komandan İlham Əliyev vahid lider və sərəkərdə olduqlarını göstərdilər. Torpaqlarımız, yurd yerlərimiz, bizim doğulduğumuz, sevdiyimiz, daim həsrətində olduğumuz məmləkətimiz yağı düşməndən azad olundu! Yurdumuzun xarabalıqlarına baxdıqca ürəyimiz dağlanır. Zatən biz onları xəyallarımızda, yuxularımızda da görürdük, əsərlərimizdə yazırdıq (“Vida” romanımda və “Qaçaq qocalar” pyesimdə olduğu kimi). Amma biz xarabalıqları yox, gözlərimizin önündə yenə də güllü-çiçəkli dağları, dərələri, abad evləri canlandırırdıq. İnanırdıq ki, belə də olacaq! Biz yenidən oraları abadlaşdıracağıq. Ayağımızın dəydiyi hər yer güllü-çiçəkli bağçaya, yaşıl xiyabana çevriləcək! Vətənimizi qarşıda böyük bir intibah gözləyir: iqtisadı dirçəlişdən tutmuş mədəni qalxınmaya qədər. Buna görə şəhidlərimizə, qazilərimizə, hərbçilərimizə borcluyuq. Şəhidlərsiz vətən azad və abad olmaz. Onların qanı ilə suvarılan torpaqda gül-çiçək bitər! Şəhidlərimizin ruhu qarşısında baş əyir, analarının hüzurunda diz çökür, atalarının əllərindən öpürük… Mənə elə gəlir ki, biz Şuşada, ya ona yaxın böyük bir ərazidə şəhidlərimizə, Xocalı soyqırımı qurbanlarının xatirəsinə, məcburi köçkünlərimizin 90-cı illərin əvvəlində yaşadıqları, gözlərimlə gördüyüm, qəlbimlə duyduğum məşəqqətə (dəmir vaqonları, çadırları, palçıq evləri unutmaqmı olar!?) və qəhrəman əsgərlərimizin şərəfinə bir muzey kompleksi tikməliyik. Belə komplekslər bir neçə ölkədə var və onlardan ən möhtəşəmi Qüdsdəki “Xolokost abidəsi”dir. Biz bu kompleksi ona görə tikməliyik ki, beynəlxalq təşkilatların nümayəndələri, xarici turistlər oranı ziyarət etsinlər, həm millətimizin başına gətirilənləri, həm də onların dəyanətini öz gözləri ilə görsünlər. Gələcək nəsillərimiz isə olanları unutmasınlar. Qoy, birinci sinfə gedən şagirdlərimiz məktəbdən öncə oranı ziyarət etsinlər… Hər şəhərimizdə isə düşmən vəhşiliyinin gerçək nümunəsi olan dağıdılmış binalar saxlanılsa yaxşıdır. Artıq dövlət başçısı İlham Əliyev belə bir göstəriş verib və belə də olacaq. Erməni vandalizmi (elə bütün vəhşiliklər) bəşəriyyətin lənət damğasıdır… Özümdən bir təklif: “Qəhrəman şəhər” adı təsis edilsin və bu ad həm işğaldan azad olunmuş şəhərlərimizə, həm də düşmən hücumlarına mərdliklə sinə gərən Tərtər, Bərdə, Gəncəyə verilsin… Bir şeyi də deyim: Mən bəzən məyus olsam da, ümidsizliyə qapılsam da, həmişə gələcəyə inanmışam. 1991-ci ildə yazdığım, o zamankı “Ədəbiyyat və incəsənət” qəzetində çap olumuş “Küləkli çöl” hekayəsində Qərbi Azərbaycanımızdan didərgin düşmüş, bütün ailəsini itirmiş, yurdu yağmalanmış qoca deyir: “Elə bilirlər, hər şey belə qalacaq!? Gələcək o oğullar, gələcək! Görərlər!..” Və 2013-2016-da yazdığım, “Yenə iki od arasında” romanından son cümlələr: “Mən ustadın (Yusif Vəzir Çəmənzəminlinin) başının üstündə dayanıb Vətən tərəfə baxırdım… Və sis-dumanın, qaranlığın arasından zəif Günəş şəfəqləri süzülür, ara-sıra atəş səsləri eşidilirdi. Deyəsən, bir də qələbə hayqırtıları vardı. Haydı, dostlar!!! Ruhun şad olsun, ustad!!! Vətənə doğru, millət!!!” Arzularımız çin oldu, Vətən! Biz yurdumuzdayıq! Biz Qarabağdayıq!!! Yanvar, 2021, Bakı. Müəllif: Elçin HÜSEYNBƏYLİ
Milli davamız – Vətən savaşımız Ali baş komandanımızın dəmir yumruğu, məğrur xalqımızın onun ətrafında yumruq kimi birləşməyi, müzəffər Ordumuzun dünyaya səs salan şanlı zəfəri, milli birlik və düşüncə bütövlüyümüzün təntənəsi olaraq tarixə çevrildi. Uca məmləkətimizi Zəfərə aparan 44 günlük qutsal yol təkcə Vətənin bütövləşməsi, Qarabağın azadlığı kimi yox, həm də dünya hərb tarixində Azərbaycan Ordusunun rəşadətini və misli görünməmiş döyüş taktikasını isbatlamış oldu.
Vətən Savaşı və savaşdan sonra yaşadıqlarımız bütün dünyaya millət olaraq kimliyimizi sübut etməklə bərabər həm də özümüzü özümüzə tanıtdırdı… Bəzən adi görünən bir detalın arxasında o qədər dərin həssasiyyət, o qədər böyük insanlıq dayandığını müşahidə edirsən ki, ruhunun mənəvi qida aldığı o işıqlı məqamları yazmağa, deməyə, təbliğ etməyə bir vətəndaş kimi içində ehtiyac hiss edir adam… Bu günlərdə torpaqlarımızın bütövlüyü uğrunda qəhrəmanlıqla şəhid olan mərd oğullardan birinin Əli Nağıyevin döyüş yolunu oxuyarkən şəhidin anası Lalə xanım Nağıyevanın çox təsirli bir müraciəti ilə qarşılaşdım. Övladını general kimi bağrına basmağı arzulayan ana şəhid övladının adaşı olan general Əli Nağıyevi evlərində görməyi arzulayır. Ciyərparası Vətən yolunda candan keçən Lalə Ananın bu arzusunu oxuyanda göz yaşlarıma hakim ola bilmədim…
Və növbəti gün mətbuatda Ananın arzusu qədər kövrəldiyim və sözlərə düzüb ifadə edə bilməyəcəyim bir xəbərlə qarşılaşdım:
“General Əli Nağıyev Şəhid Əli Nağıyevin ailəsini ziyarət edib. Qeyd edək ki, şəhid anası Lalə Nağıyeva bir neçə gün öncə oğlunun döyüş yolundan danışarkən eyni ad-soyadı daşıyan DTX rəisi Əli Nağıyevi evlərinə dəvət etmişdi…”
İngilislər belə yerdə “No comment!” deyirlər. Şərhsiz! Bəzən insan elə uca duyğular yaşayır ki, adi kəlmələrə çevirib ifadə edə bilmir…
Şəhid anasının bircə kəlməsi ilə Vətən üçün candan keçən adaşının ailəsini ziyarət edən böyük ürəkli Vətən Oğlu!… həm də Oğul mehri-məhəbbəti ilə… Həm də bir könlü sınıq bir Anaya Övlad qayğısı ilə…
Bu, təkcə şəhid anasının arzusunu gerçəkləşdirmək deyil, həm də Vətən qarşısında təqdirolunası qutsal bir görəvdir…
Bir ananın köksündəki övlad ağrısına məlhəm olmağa çalışmaq bu millətin ürəyinin içindəki Qarabağ boyda yaranı bayraqla sarımaq qədər uca və müqəddəs bir addımdır…
Bir könül sevindirmək Kəbə evini yapmaq kimidir…
Necə ki, general Əli Nağıyev bir Ananın ürəyini sevindirməyi özü üçün vəfa borcu hesab etmişdi… bu cür yaxşı olan addımları, xeyirxahlıqları yazmaq və İşıqlı adamların əməllərini təbliğ etmək həm də bizlər üçün bir vəfa borcu olmalıdır.
Savaş günlərində Ordumuzun “Dəmir yumruq” kimi xüsusi təyinatlandırıldığı kimi, Ali baş komandanımızın xalqa ünvanladığı “xüsusi təyinatlı bir sözü” var idi – “Biz birlikdə güclüyük!” – Bəli, bu gün general Əli Nağıyev atdığı bu işıqlı addımı ilə həm də cənab prezidentin bu prioritet kəlməsinə necə sayğıyla yanaşdığını öz əməlində bir daha göstərmiş oldu…
Ustad Məhəmmədhüseyn Şəhriyarın gözəl bir sözü var: “Şair ola bilməzsən, anan doğmasa Şair…” Bu dünyada şair ola bilmək üçün, yazar ola bilmək üçün də, general ola bilmək üçün Anadan İnsan doğulmaq gərək imiş…”
Var olun, adının və daşıdığı rütbənin haqqını layiqincə verən General!
Var olun, düşüncəsi, əməli, bütün addımları ilə Vətən adlanan Anamıza ləyaqətlə xidmətdə bulunan Vətən Oğlu!
Var olun, İçindəki işıq üzünə yansıyan Böyük ürəkli Adam! Böyük hərflərlə Adam!
Tanrı Sizə yar və yardımçı olsun! Bu cür yaxşı adamlar və addımlar isə həmişə cəmiyyətimiz üçün örnək olsun!!!
Zərif romantikadan, xəyalların başlandığı yerdən, sərhədsiz duyğulardan, rənglərin sehrindən söhbət açsaq, məncə, ilk ağıla gələn rəssamlıq sənəti olacaq.Elə lap əvvəldən də aləmdə məşhur, görkəmli rəssamlar yaratdığı sənət əsərləri ilə cəmiyyətə mesaj verməyə, beyinlərdə iz qoyacaq dərin düşüncələrin təməlinə yol açmışlar… Diqqətlə müşahidə etsək görərik ki, adətən incə sənətlə məşğul olan insanlar daha həssas, daha fərqli və düşüncələri ilə hər zaman seçilən şəxslər olurlar.Belə rəssamlardan biri də, Qax rayonunun Qaratala kənd sakini, 18 yaşlı Ramazan Məmmədlidir.Həmişə ətrafındakılara öz təbəssümü ilə, həyat dolu baxışı ilə işıq saçan gənc, cılız bədəninə dünya boyda güc sığışdırıb sanki… Gəlin, onu daha yaxından tanıyaq. Halhazırda, Azərbaycan Memarlıq və İnşaat universitetin tələbəsi olan Ramazan, içində böyütdüyü gizli vətən eşqi ilə diqqətimi çəkdi. Doğrusu, bu barədə ona heç bir sual verməmişəm.Hiss edilməsi lazım olanlar və gördüklərim kifayətdir.Şəhid qardaşlarımızın portretini çəkib, şəhid analarının könlünü azca da olsa sevindirən gəncin ruhu elə həssas, elə dərindir ki… Bu hissləri yaradıcı insanlar daha yaxşı izah edə bilər; fırça, musiqi və təklik= Hüzur… Ramazanda olan bu fitri istedada heyran qalmamaq əldə deyil.İncə detalların öhdəsindən gəlmək, bu barədə heç bir təhsili olmadan özünəməxsus şəkildə gözəl təsvirlər yaratmaq alqışa layiqdir.Xüsusən də bu isteddan vətən üçün, millət üçün kiçik də olsa, böyük sevinclər yaratmaq hər özünü “insan” adlandıranların işi deyil… Ramazanın çəkdiyi rəsmlərdə qaranlıqdan işığa doğru ümid qığılcımları var.O, ümidlərin tez ölməyini istəmir.Yaşamağın, yaratmağın, var olmağın tərəfdarıdır.Elə bu məziyyətlərinə görə bir çoxumuzun rəğbətini qazanmışdır.Əgər onun daxilində aydın və gələcəyin gözünə dik baxan gənc olmasa, belə gözəl təsvirlər yarada bilməzdi.Əgər onun düşüncələri, hissiyatı ötəri və dayaz olsaydı, beyni ilə dərk etdiklərini görüb, kağız parçasına həkk edə bilməzdi… Bu məmləkətin, öz ayaqları üstdə möhkəm dayana bilən, gələcəyə ümidlə baxan, millətinin hər daim yanında olan, vətənini candan sevən övladlara ehtiyacı var. Belə gənclərə dayaq olaq ki, sabah övladlarımıza, millətimizə də onlar dayaq olsun.Ölkəmizə layiqli vətəndaş, hər zaman qürurla xatırlayacağımız şəxslər olsunlar. Ramazan kimi gənclərlə qürur duyur, işlərində böyük uğurlar arzu edirik! Bu vətən sizin kimi gənclərlə daim çiçəklənəcək…
Müstəqillik dövrü ədəbiyyatımızın görkəmli simalarlından biri, bu günlərdə 55 yaşını qeyd edən Əsəd Cahangiri otuz-otuz beş il əvvəl universitetin filologiya fakültəsindən tanıyıram. Onda mən özüm də hələ gənc idim, universitetdə müəllimlik elədiyim bir neçə il idi. Elmi konfranslar, klassiklərin yubileyləri, şair-yazıçılarla görüşlərdə fəal iştirak edən Əsəd istər təhsildə, istərsə də ictimai işlərdə tələbələr arasında xüsusi nəzərə çarpırdı. Savadı, çalışqanlığı, hətta görkəmiylə də çoxluqdan seçilən bu gənc sözün həqiqi mənasında fakültənin gözüydü. Onun M.F.Axundov və M.Müşfiqin yubileyləri, Qabil, T.Bayram, N.Kəsəmənli və digər şairlərlə görüşlərdə çıxışları, xüsusən də, Nizaminin 850 illiyi münasibətilə universitetin böyük akt zalında nümayiş etdirilən və böyük maraq doğuran tamaşası hələ də yadımdadır. Bu çalışqanlığını, elmi potensialını nəzərə alıb, onu Fakültə Elmi Şurasına üzv seçmişdik. Axırıncı kurslarda Elmi Şuranın qərarı ilə ona Nizami Gəncəvi təqaüdü də verildi. Bu o demək idi ki, Əsəd həmin dövrdə fakültənin ən nüfuzlu tələbəsiydi.
…Yadımdadır ki, bir dəfə onların kursunda intibah estetikasından mühazirə oxuyurdum. İntibah şairinin gözəllik anlayışına örnək kimi Vaqifin, –
Oturuşu Şirin, duruşu Leyli,
Qəmzəsi sitəmkar, yarı gileyli.
– misralarını misal çəkdim və dedim ki, şairin Leylinin məhz duruşu, Şirinin isə oturuşundan danışması təsadüfi deyil, çünki intibah estetikasına görə qadının oturuşu, qızın duruşu daha gözəl sayılırdı.
Əsəd sual verdi ki, müəllim, bəs, intibah rəssamı Rafaelin “Siqstin madonnası” tablosunda Məryəm ana niyə ayaqüstə rəsm olunub? Sualı cavablandırmaq pedaqoji baxımdan uyğun gəlməyən bəzi məsələlərə aydınlıq gətirilməsini istəyirdi. Odur ki, Əsədə o vaxtlar çalışdığım “Ədəbiyyat və incəsənət” qəzetinə gəlməsini tapşırıb, mühazirəyə davam elədim…
Bir neçə gün sonra o gəldi və söhbətimizin davamını qəzetdə elədik. Xatırlatdım ki, İsa Məryəmin qabırğasının altından doğulub. Odur ki, ana olmasına baxmayaraq, dini ehkama görə, o, bakirə idi. Buna görə, Rafael İsanı qucağına almış Məryəmin buludlar üstündəki duruşunu təsvir edib. Yəni Rafaellə Vaqif arasında məsələyə münasibətdə ziddiyyət yoxdur və onlar hər ikisi intibah estetikasının daşıyıcısıdır.
Bu faktı xatırlatmaqdan məqsədim odur ki, Əsəd daimi axtarışda olan, qarşılaşdığı suallara cavab axtaran bir gənciydi və onu müasir ədəbiyyatımızın sayılıb-seçilən isimlərindən birinə çevirən parlaq istedadıyla yanaşı, həm də bitib-tükənmək bilməyən suallara cavab axtarışlarıdır. Gənc tələbənin o vaxtkı sualları illər, bəlkə də onillərlə sürəcək əzablı özünüdərk prosesinin hələ, sadəcə, başlanğıcından xəbər verirdi.
Əsədi “Ədəbiyyat və incəsənət” qəzetinə növbəti dəfə gətirən də bu axtarışlar oldu. O, mənim “Yatmışdım, üstümə gəldi ərənlər” adlı məqaləmi əldə eləmək istəyirdi. Bir neçə il əvvəl dərc olunmuş, poeziyamızda sufi-mistik düşüncənin inkişaf tarixinə ümumiləşdirici baxışdan ibarət məqaləni Əsədin hələ də unutmaması maraqlı idi. Üstündən illər keçəcək, özünün bir çox məqalə və müsahibələrində Əsəd o məqaləni də, bu misraları da dönə-dönə xatırladacaqdı:
Yatmışdım, üstümə gəldi ərənlər,
Qafil, nə yatmısan, oyan, dedilər!
Əminəm ki, “Yatmışdım, üstümə gəldi ərənlər”i Əsəd indi də unutmayıb və heç vaxt unutmayacaq. Çünki onun bütün ədəbi-bədii fəaliyyətinin əsasında oyanmış ruhun özünü, dünyanı və Tanrını dərk etmək istəyi durur və o, müstəqillik dövrü ədəbi-bədii düşüncəsində oyanışın, intibahın ən səciyyəvi nümayəndələrindən biridir.
Əsəd öz düşüncəsinin tipinə görə konservator deyil, amma bəzi yaşıdları kimi bayağı yenilikçilik, dayaz inkarçılıqdan da uzaqdır. Qədim və yeni onun düşüncəsində birləşir və ona səciyyəvi intibah adamı xüsusiyyəti verir. Təsadüfi deyil ki, onun istənilən bir yazısı – istər poema, istər esse, istərsə də məqalə olsun – əski, antik çağlardan bugünə qədərki əsas məqamları özündə ehtiva edir.
İş elə gətirdi ki, Əsədin mətbuatda ilk çıxışı da mənim yaradıcılığımla bağlı oldu. O, 1991-ci ildə “Füzulidən Vaqifə qədər” adlı kitabım haqqında “Dəyərli tədqiqat əsəri” adlı bir resenziya yazdı və “Dədəm Qorqud” qəzetində dərc etdirdi. Yadımdadır ki, soyuq, qarlı-çovğunlu bir qış günü, dekanlığın qarşısında Əsəd qəzeti mənə verib, – “Müəllim, Sizin kitabınız haqda yazmışam, imkan eləsəz, baxarsız”, – dedi. Bir neçə gün sonra təkrar rastlaşanda, – “Sağ ol, mərifətli yazı yazmısan” dedim. Onda Əsəd hələ universitetin sonuncu kursunda oxuyurdu. “Füzulidən Vaqifə qədər” isə yeni işıq üzü görmüş və müzakirələrə səbəb olmuşdu. Akademiyanın Ədəbiyyat İnstitutunun gənc alimləri kitabın müzakirəsini keçirmiş, müzakirə materialları “Ulduz” jurnalında dərc olunmuşdu. Müzakirənin əksər iştirakçıları kitabda irəli sürülən fikirlərə, xüsusən də, milli intibah konsepsiyama, Vaqifi intibah şairi hesab etməyimə etiraz edirdilər. Gözləmədiyim, özü də güclü bir müqavimətlə qarşılaşmışdım. Öz məqaləsində bu barədə heç nə yazmasa da, görünür, Əsəd də müzakirə materiallarını oxumuş və müəllimini hücumlardan qorumaq qərarına gəlmişdi. Gənc tələbənin ilk qələm cəhdi olmasına baxmayaraq, kifayət qədər aydın məntiq və ciddi elmi üslubda yazılmış resenziyanın alt qatında duran əsas müəllif qayəsi bundan ibarət idi.
Onun bir qədər sonra “Ədəbiyyat və incəsənət” qəzetində dərc olunan, milli ədəbiyyat tariximizə quş uçuşundan baxdığı “Bir əvvəl var, bir axır var deyirlər…” essesi “Mənə ədəbiyyatdan dərs deyən bütün müəllimlərimə” epiqrafı ilə dərc olunmuşdu. Sonralar gördüm ki, öz müəllimlərinə hörmət, ümumən böyüyə, eləcə də sözün böyüklərinə ehtiram, sadəcə, Nizami Cəfərov yox, Nizamilərə, Füzulilərə sayqı onun davranış etikası və yazı mədəniyyətinin epiqrafıdır. O, sözün həqiqi mənasında, ziyalıdır.
Ədəbiyyat təkcə söz meydanı deyil, həm də şöhrət meydanıdır və bu hiss bəzən tələbəni müəllimə, dostu dosta, gənci qocaya, ümumən insanı insana qarşı qoya bilər. Xüsusən də, jurnalistlərin reytinq xatirinə hamını bir-birinə düşmən etməyə çalışdıqları indiki dövrdə. Ə.Cahangir isə son otuz ilin təkcə ən məhsuldar yox, həm də polemikaya meyilli tənqidçilərindən biridir. Amma bu illər ərzində onun nəinki özündən böyüklərə, hətta gənclərə qarşı da etik əndazəni aşan yazısını, sözünü görmədim. Ən kəskin polemikalarda belə o, hamının fikrinə hörmətlə yanaşmaq, eyni zamanda öz fikrini soyuqqanlılıqla, ağılla, məntiqlə ifadə etmək kimi bir mövqedə durur və bu, o qədər də asan məsələ olmayıb, insandan həm savad, intellekt, həm də ziyalı etikası, mənəviyyat tələb edir. Sadaladığım bu cəhətlərin hər ikisi Ə.Cahangirdə var və bunları bir neçə il öncə onun moderatorluğu ilə hazırlanan, ədəbiyyatın poeziya, nəsr, dramaturgiya, ədəbi-tənqid və digər sahələrini özündə ehtiva edən, “Azərbaycan” jurnalında işıq üzü görən dəyirmi masa materiallarında bütün konturları ilə görmək olur. Belə dəyirmi masalardan birinə, Anarın “Göz muncuğu” povestinə həsr olunan müzakirəyə mən də dəvət olunmuşdum və keçmiş tələbəmin sadaladığım bu keyfiyyətləri nəinki qoruyub saxladığını, hətta bir az da cilaladığını görmək mənə xoş idi. Yeri gəlmişkən, son vaxtlar, nədənsə, belə dəyirmi masa materiallarının jurnalda dərcini görmürəm və bunu növbəti layihələrin hazırlanması üçün zəruri fasilə hesab edirəm.
Yenilikçi ruh, aydın, son dərəcə cilalı üslub, sadəliklə dərinliyin, elmiliklə bədiiliyin, analizlə sintezin vəhdəti, fəlsəfi ümumiləşdirmələrə güclü meyil! Ə.Cahangirin məzmunca zəngin, formaca çoxcəhətli yaradıcılığının əsas cəhətləri bunlardır. Yenilik demişkən, son iyirmi ildə geniş rezonans doğuran postmodernizm anlayışının ədəbiyyatımıza gəlməsində Ə.Cahangirin çoxsaylı və ardıcıl yazılarının həlledici rolu olub. Bu o vaxtlar idi ki, ədəbi mühitdə bir durğunluq yaranmışdı. Bədii sözümüzü, ümumən ictimai düşüncəni hərəkətə gətirmək üçün yeni anlayışa ehtiyac duyulurdu. Bu anlayış postmodernizm, onun ideya ilhamçısı isə zamanın tələbini həssaslıqla duyan Ə.Cahangir oldu.
Ə.Cahangir postmodernizmdən yazanda Avropa ədəbi-bədii düşüncəsində bu meyil öz ömrünü artıq başa vurmaq üzrəydi. Lakin biz 70 illik qapalı Sovetlər Birliyi mədəniyyətindən çıxmışdıq. Ola bilsin ki, İsa Hüseynov, Çingiz Hüseynov kimi yazıçılarımız postmodernizmin bu və ya digər cəhətini ədəbiyyata gətirmişdilər, amma istənilən halda bunlar ədəbi-tənqidin registrasiyasından keçməmiş, özünün nəzəri-analitik təsdiqini tapmamışdı. O vaxt yalnız bir metodun – sosialist realizminin tələbləri ehkam sayılırdı və bütün yerdə qalanlar qanundankənar, mürtəd elan olunmuşdu. Ona görə postmodernizm də, onun gətirdiyi ab-hava da bizim üçün yeni idi, ədəbiyyat isə hər şeydən öncə, fasiləsiz yeniləşmə deməkdir. Ə.Cahangirin bir neçə il ərzində postmodernizmlə bağlı ardıcıl yazıları bu mənada ədəbi-bədii düşüncəyə hərarətli yenilik həyəcanları gətirir, onu canlandırırdı. Mən bunu deyəndə, hər şeydən öncə, onun “Xalq cəbhəsi”, “Vətəndaş həmrəyliyi”, “Yeni Azərbaycan” qəzetlərində işıq üzü görən “Yeni əsrin ibtidası” silsilə məqalələrini nəzərdə tuturam. Bu yazılarda yeni ədəbi-bədii fikrimizin, doğrudan da, nəzəri ibtidası qoyulur, ədəbi prosesin təxminən 10-15 illik prioritet istiqamətlərinin fəlsəfi-estetik əsasları müəyyənləşirdi.
Maraqlı idi ki, təkcə Murad Köhnəqala, Həmid Herisçi, İlqar Fəhmi kimi cavanlar deyil, adlı-sanlı yazarlar da yeni anlayışı dəstəklədilər. Elçinin “Şekspir”, “Teleskop” kimi pyesləri ilə milli teatrımızda postmodern düşüncənin əsası qoyuldu. Kamal Abdullanın “Yarımçıq əlyazma”sı ilə milli nəsrimizdə postmodern romanın ən səciyyəvi nümunəsi yarandı. Tezliklə “Azərbaycan ədəbiyyatında postmodernizm” mövzusunda dissertasiyalar müdafiə edildi, Salidə Şərifova, Nərmin Kamal və digərlərinin bu mövzuda kitabları işıq üzü gördü, yəni anlayış populyarlaşdı, rəsmən qəbullandı, vətəndaşlıq statusu hüququ qazandı, ədəbi-bədii prosesin lokomotivinə çevrildi. Bu işin nəzəri-ideoloji yöndən əsas simalarından biri, yəqin ki, birincisi, Ə.Cahangir idi. Özü də təkcə məqalələri ilə deyil, İlya İlin, Daniil Andreyev, İrina Adelgeym, Aleksandr Dugin, İrina Nikitina və digər bu kimi alimlərin postmodernizm haqqında yazdığı məqalə və kitablardan elədiyi filoloji tərcümələrlə. Onun timsalında ədəbi tənqid bir müddətdir unutduğu missiyasına qayıdır – bədii fikin yoluna nəzəri işıq salır, onun yeni düşüncə üfüqlərini müəyyənləşdirirdi.
Dialektik düşüncə, ehkamçılıqdan uzaqlıq, dünyaya və onun bədii inikası olan sözə daimi dəyişmə – inkişaf və ya tənəzzüldə olan canlı proses kimi baxmaq! Ə.Cahangirin düşüncəsinə məxsus daha bir cəhət budur. Bu onun yazılarına qabarıq nəzərə çarpan tarixilik keyfiyyəti verir. Ə.Cahangirin yazıları ağır-ağır axıb gedən, ədəbiyyatın ayrı-ayrı mərhələlərini bir bütöv halında birləşdirən, öz axarına salıb aparan nəhri xatırladır və bununla da, “tənqid hərəkət edən estetikadır” fikrini əyani olaraq təsdiq edir. Bunu onun yuxarıda sözügedən “Bir əvvəl var, bir axır var deyirlər” essesində də, sonralar yazdığı “Söz”, “Səs” “Dəmirbaşlar”, “Aprel tezisləri” kimi ən yaxşı esselərində də aydın görürük. Əsəd təkcə bu esseləri yox, bütün yazılarında ilk essesinın sərlövhəsinə sadiqdir – onu sözün başlanğıcı və sonu, yolun əvvəli və axırı maraqlandırır. Bütün ədəbiyyatşünaslıq mövzu və problematikası ilə yanaşı, onun yazılarının alt yapısında bir ən ümumi fəlsəfi suala cavab cəhdi durur: – Hardan gəlib, hara gedirik?
Bəli, ədəbi-bədii faktın mahiyyətini aşkarlamağa yönələn Ə.Cahangir tənqidi açıq fəlsəfiliyə meyillidir. O, ədəbi-estetik anlayışlarla yanaşı, həm də ruh, şüur, materiya, zaman, məkan və sair bu kimi əsas fəlsəfi kateqoriyalarla düşünür. Mənə həmişə elə gəlir ki, onun ədəbi-tənqidçi olmasıyla, Azərbaycan fəlsəfi və ictimai fikri özünün dünya çapına gedib çıxa biləcək bir filosofunu itirib.
Yeri gəlmişkən, burda bir haşiyə çıxacam. İkinci, ya üçüncü kursda oxuyanda, dərs ilinin lap başlanğıcında Əsəd bir gün mənə yaxınlaşıb dedi ki, Fərman müəllim Fəlsəfə fakültəsinə keçməyimi istəyir, fikirləşmək üçün bir neçə gün vaxt almışam, məsləhətiniz nədir, ona nə cavab verim? Söhbət görkəmli filosof, “Müasir Qərb fəlsəfəsi”, “İnsan və dünya”, “Klassik psixoanalizin əsasları”, “İdrak nəzəriyyəsi və linqvistik analiz” və digər çoxsaylı kitabların müəllifi, universitetin fəlsəfə kafedrasının müəllimi, fəlsəfə elmləri doktoru Fərman İsmayılovdan gedirdi. Görünür, o, mühazirələrin gedişində Əsədin fəlsəfi istedadını görmüş, ona ixtisasını dəyişməyi təklif eləmiş, bu taleyüklü addımı atmaqda tərəddüd keçirən Əsəd isə bir sıra güvəndiyi müəllimləri ilə yanaşı, məsləhət üçün mənə də üz tutmuşdu. Mən, təbii ki, bu yerdəyişməyə razı olmadım və – “Bəyəm, bizim filoloqa ehtiyacımz yoxdur, fəlsəfəyə niyə keçirsən ki? – dedim. Sonralar öyrəndim ki, başqa müəllimlər də Əsədə eyni məsləhəti veriblər və bununla da, dilemma filologiyanın xeyrinə həll olundu. O vaxt doğrumu, yanlışmı qərar çıxardıq, bilmirəm, amma onu bilirəm ki, bu gün 55 yaşını qeyd edən Əsəd Cahangirin görkəmli bir söz adamı kimi varlığı o günlərdə çıxarılan qərarla əhəmiyyətli dərəcədə bağlıdır.
Orijinallıq, özünəməxsusluq Əsəd Cahangirin düşüncəsinin ən qabarıq görünən tərəfidir. Onun müəllifə özünü daha sərbəst ifadə etməyə imkan verən esse janrına xüsusi marağının əsas səbəbi yəqin ki, budur. “Söz” essesində o, Füzulinin bir beytinə – “Can sözdür, əgər bilirsə insan / Sözdür ki, deyirlər özgədir can” – istinad edərək sözün ikili səciyyəsini açır, onun ilahilik keyfiyyətini itirib insaniləşməsi və yenidən ilahiliyə qayıtması zərurətindən danışır və bu ideyanın əyani örnəyi kimi Nizamidən Muğannaya qədərki minillik bədii sözümüzü Füzulinin bir beytindən keçirir. “Söz” essesi bu minillik yolda dastan, qəzəl, qoşma kimi janr əvəzlənmələri ilə yanaşı, sözün istənilən yanrı öz içinə alan daxili forma dəyişkənliyindən danışır və bunların birindən digərinə keçidin görünməyən, strukturoloji laylarını qaldırır, kəsəsi, sözün nüvəsinə gedib çıxır. Yadımdadır ki, Əsəd bu essenin əlyazmasını mənə vermişdi və ilk bir neçə abzası oxuyan kimi bilmişdim ki, “Söz” təkcə öz müəllifinin yaradcılığı deyil, ümumən ədəbi-tənqidi düşüncəmizdə strukturalizmin ən parlaq, qeyri-adi örnəklərindən biridir. Belə yazı hər müəllifin ömründə bir dəfə, uzaqbaşı bir neçə dəfə ola bilər.
O bir neçə dəfədən biri olan “Səs” essesi Azərbaycanın üç geokulturololoji əraziyə – söz, səs və rəng məkanlarına bölünməsinə dair kəşflə yadımda qalıb. Bu bölgüdə Naxçıvan, Göyçə, Qazax və Borçalı sözün, Qarabağ səsin, Bakı və Şirvan isə rəngin payına düşür. “Səs” bir “Qarabağnamə”dir, özü də bu mövzuda indiyədək yazılan və olsun ki, bundan sonra yazılacaq “namə”lərin ən orijinalı. Essedə Qarabağın Azərbaycan tarixi və mədəniyyətindəki yeri və rolu özünün bütün tarixi-kulturoloji konturları ilə aydın görünür. “Söz”də ədəbiyyata metafizik baxış olduğu kimi, “Səs”də də tarixə metatarixi baxış var və bunun hesabına Qarabağa da, səsə də yanaşmanın hüdudları müqayisəsiz dərəcədə genişlənir, min dəfələrlə eşitdiklərimiz, gördüklərimizi sanki ilk dəfə görür, müəlliflə birlikdə biz də öz ölkəmizi geokulturoloji rakursdan yenidən kəşf edirik.
Ə.Cahangirin esseləri məntiqi-rasional metodla intuisiyanın, ilhamla vəhyin inteqrasiyası, kəsişmə zolağında meydana çıxıb. Onun “Dəmirbaşlar” essesi ənənəvi geridönməz tərəqqi ideyasının əksinə inkişaf və tənəzzülün daimi əvəzləndiyi dairəvi düşüncə modeli əsasında yazılıb. Elmi-texniki tərəqqinin danılmaz nailiyyətlərinə baxmayaraq, bəşər tarixinə mənəvi tənəzzül kimi baxmaq! Elm, fəlsəfə, tarix, ədəbiyyat və digər sahələrdə qızılbaşlıqdan dəmirbaşlığa enişi izləyən esse müəllifinin əsas yeniliyi bu unudulmuş köhnəliyin bir daha təsdiqindədir. Amma insanlığın labüd esxatoloji faciəsindən söz açan bu essedə optimist ideya qalib gəlir – qızılbaşlığa çağırış! “525-ci qəzet”də bir neçə ay ərzində hissə-hissə dərc olunan essenin geniş rezonans doğurmasının əsas səbəbi, yəqin ki, bu müəllif qayəsi ilə bağlı idi. Ə.Cahangirin müsahibələrindən birində dediyi kimi, “ədəbiyyat hər şeyi insanın əlindən ala bilər, amma ümidi almağa onun ixtiyarı yoxdur”.
Qatı tradisionalist mövqedən yazılan “Dəmirbaşlar” Ə.Cahangirin yaradıcılığını izləmək baxımından daha bir cəhətdən əhəmiyyətli idi. Esse “mən postmodernizmə sədaqət andı içməmişəm” deyən müəllifin postmodernist düşüncədən uzaqlaşmasını göstərirdi. Bir qədər sonra qələmə aldığı “Aprel tezisləri. Postinsan haqqında esse” isə onun ədəbi-fəlsəfi fikrimizə yeni bir anayış – postinsan anlayışı gətirmək cəhdi ilə səciyyələndi. Postmodernizm insanın özünə inamının süqutundan danışırdı. Postinsan isə insanın tamamilə başqa bir varlığa – postinsana çevrilməsindən bəhs edir. Odur ki, bu daha radikal ideya əfkari-ümumiyyə tərəfindən postmodernizm qədər asanlıqla qəbul edilə bilməzdi. Futuroloji mövzuda yazılmış “Aprel tezisləri” Ə.Cahangirin ən inqilabi məzmunlu essesidir, inqilabın baş tutması isə situasiya tələb edir. Lakin bu amil essedə irəli sürülən ideyanın perspektiv əhəmiyyətini inkar etmir. Çünki həyatımızın bütün temporitmi postinsan ideyasının yaxın gələcəkdə reallaşması imkanını hər gün daha bariz təsdiq edir.
Ə.Cahangirin indiyə qədər “Qədim türk ədəbiyyatının linqvistik poetikası”, “Ağ saç, qara saç”, “Kim yatmış, kim oyaq”, “On üçüncü gecə” kimi kitabları işıq üzü görüb və bu kitabların hər biri müəyyən ədəbiyyatşünaslıq problemlərinə aydınlıq gətirilməsiylə səciyyələnir. “Qədim türk ədəbiyyatının linqvistik poetikası” kitabının mövzusunu Əsədə mən vermişəm. Kitabda Mahmud Kaşğarlının məşhur “Divanü lüğat it-türk” əsərindəki bədii nümunələr dilçilik və ədəbiyyatşünaslığın kəsişmə zolağında araşdırılıb. Müəllif “Divan”da toplanmış şeirlərin yaranması, inkişafı, dil və üslub xüsusiyyətləri, vəzni, müasir poeziya ilə əlaqəsi kimi məsələlərə dair orijinal fikirlər deməklə yanaşı, həm də bu nümunələri müasir dilimizə uyğunlaşdırmış və kitaba əlavə etmişdir. Azərbaycan filoloji fikrində monoqrafik səviyyədə kaşğarlışünaslıq Ə.Cahangirin 2001-ci ildə “Elm” nəşriyyatında rezoqraf üsulu ilə dərc olunmuş bu kitabı ilə başlayır.
2006-cı ildə “Nurlan” nəşriyyatında çapdan çıxan, Xalq yazıçısı Anar və Günel Anarqızının nəsr yaradıcılığından bəhs edən “Ağ saç, qara saç” kitabının ideya miqyasları adından daha genişdir. Kitabın əsasında Anarın “Ağ qoç, qara qoç” utopik və antiutopik nağıllarının milli və dünya ədəbiyyatı müstəvisində təhlili durur. Özümüzə dünyadan və dünyaya özümüzdən baxmaq Ə.Cahangir tənqidinin qabarıq nəzərə çapran keyfiyyətlərindən biridir. Lakin kitabın alt qatında o vaxt ədəbi mühitdə kəskin şəkil alan nəsillərarası qarşıdurmaya qarşı gizli bir etiraz da var. Ağ qoç, qara qoç buynuzlaşmasını, ağ saç, qara saç ehtiramı və ehtişamı ilə əvəzləmək! Kitabın müəllifinin daha dərin qatda gizlənən əsl qayəsi budur!
2013-cü ildə “Yazıçı” nəşriyyatında yayımlanan “Kim yatmış, kim oyaq” seçilmiş esselər və məqalələr kitabı təkcə öz müəllifinin yox, çağdaş Azərbaycan ədəbi-tənqidi fikrinin hadisəsi kimi meydana çıxdı. İ.Muğanna, S.Əhmədli, Anar, F.Qoca, Elçin, A.Məsud, V.İbrahimoğlu, B.Osmanov və digər söz-sənət adamlarının yaradıcılığından söz açan kitabın təkcə elə adı onun müəllifinin bir ən ümdə xüsusiyyətindən xəbər verir – çağdaşlığa bədii düşüncəmizin ən əski çağlarının gözüylə baxmaq! Kitabın adı daha bir məsələyə aydınlıq gətirir – vaxtilə tələbə Əsədin universitet auditoriyasında müəllimlərinə ünvanladığı sualları artıq durub-toxtamış ədəbi-tənqidçi Ə.Cahangir dövrün ən sayılıb-seçilən, adlı-sanlı imza sahiblərinə, ümumən insana, zamana ünvanlayır, yeni dövrün yeni suallarını müəyyən edirdi! Oyanmış ruh “kim yatmış, kim oyaq?” deyə atrıq bu dəfə başqalarını oyanışa, intibaha çağırırdı!
Xalq yazıçısı Elçinin yaradıcılığından bəhs edən “On üçüncü gecə” məqalələr kitabı da ən ümumi ruhu etibarilə qaranlıqdan işığa, gecədən gündüzə çağırış ruhu ilə köklənib. Psixoanalitik təhlillər, yazıçının pyesləri əsasında hazırlanmış tamaşalar haqqında qənaətlərin də yer aldığı kitabda başlıca yeri Elçinin tarixi mövzuda qələmə aldığı “Baş” romanı haqqında “Baş”lanğıc” məqaləsi, xüsusən də məqalədə irəli sürülən “metafizik realizm” anlayışı tutur. Ə.Cahangir “Baş”ı bədii nəsrimizdə düşüncə miqyaslarının genişlənməsi, metafizik Amerikanın kəşfi baxımından mühüm bir yenilik kimi qiymətləndirir. Milli bədii nəsrimizdə ruhun ilk dəfə baş qəhrəmana çevrildiyi romanın, oyanmış ruhun ifadəçisi olan bir tənqidçi tərəfindən bu cür dəyərləndirilməsi məntiqidir. “Baş”lanğıc”ın ədəbi-tənqid tariximizə onuncu illərin mühüm nəsr tədqiqatlarından biri kimi daxil olacağına şübhə yoxdur.
Ə.Cahangirin maraq dairəsinin genişliyi təəccüb doğurur: ədəbiyyat, incəsənət, din, fəlsəfə, psixologiya, tarix, ezoterika… İctimai şüurun elə bir forması yoxdur ki, Ə.Cahangir ona maraq göstərməsin. Onun yaradıcılığının mühüm bir qolunu teatr, kino, musiqi ilə bağlı araşdırmalar, bir sözlə, sənətşünaslıq yazıları tutur. Xüsusən də teatra olan marağı Ə.Cahangiri ədəbi-tənqidi fikrimizdə M.F.Axundov, M.Hüseyn, C.Cəfərov, Y.Qarayev ənənələrinin parlaq davamçısına çevirir, bütün yenilikçi cəhdləri ilə yanaşı, onun klassik tənqidçi imicini formalaşdırır. Məncə, Ə.Cahangirin həmkarları arasında klassik teatral ruhun daşıyıcısı olan ikinci belə ədəbiyyat tənqidçisi yoxdur. Ən çox razılıq doğuran isə odur ki, müxtəlif janrlarda yazılan, sayı yüz əlliyə çatan bu yazıların nə analitik səviyyəsi, nə də informativ yükü ədəbiyyatşünaslıq yazılarından zərrə qədər də geri qalmır. Əsədin üslubunda elə bir cazibə gücü var ki, onun ədəbi-tənqidi yazılarını oxuyanlar haqqında yazdığı əsərlərlə tanış olmaq, sənətşünaslıq yazılarını oxuyanlar isə haqqında bəhs etdiyi tamaşalara, filmlərə baxmağa tələsirlər.
Əlibaba Məmmədov, Habil Əliyev, Zeynəb Xanlarova, İslam Rzayev, Elmira Rəhimova, Ramiz Mirişli, Ramiz Quliyev, Mənsum İbrahimov, Ağasadıq Gəraybəyli, Barat Şəkinskaya, Leyla Bədirbəyli, Həsən Turabov, Həsən Məmmədov, Amaliya Pənahova, Şəfiqə Məmmədova, Əminə Yusifqızı… Ə.Cahangirin haqqında yazdığı onlarca sənət adamının bunlar yalnız az bir qismidir. Onun Xalq artisti Barat Şəkinskaya ilə müsahibəsiylə tanış olanda qəribə görünür ki, ötən əsrin iyirminci illərində səhnəyə çıxan qədimi aktrisalarımızdan biri ilə 90-cı illərdə ilk yazılarını dərc etdirən gənc tənqidçinin sözü-söhbəti necə belə yaxşı tutur? Hər hansı bir teatrşünasın Vaqif İbrahimoğlunun “Lənkəran xanının vəziri” tamaşasına Əsədin “Vay, dədəm, vay” məqaləsindən daha incə yozum verəcəyinə, yaxud rejissor Bəhram Osmanovun portretini onun “Bəhramnamə”sində olduğundan daha məharətlə yaradacağına, yaxud da Gəncədə keçirilən ümumrespublika teatr festivalının (2009) gedişi və yekunlarını onun “Bir çarə var ancaq – yeniləşmək” məqaləsindən daha yaxşı ümumiləşdirəcəyinə inanmaq çətindir. İnanmıram ki, hər hansı bir iranlı kinoşünas İran kino sənətinin mahiyyətini Əsədin “Oskar”ı niyə Fərhadiyə verdilər” məqaləsindəki kimi üzə çıxara bilsin… Fəlsəfə ilə bağlı bir qədər yuxarıda dediym fikrin təkrarı kimi görünsə də, deməliyəm ki, Əsədin ədəbiyyat tənqidçi olmasıyla Azərbaycan incəsənəti özünün çox ciddi bir sənətşünasını itirib.
Bəs, Ə.Cahangirin çoxcəhətli yaradıcılığının sirri, səbəbi nədədir? Bu sualın birbaşa cavabı onun poeziyasındadır. Poeziya insanlıq tarixində hər şeyin hələ bir şey olduğu, hələ müxtəlif yaradıcılıq sahələri arasında differensiasiyanın etmədiyi başlanğıc dövrün məhsuludur. Ona görə əsl poetik ruha sahib olanlar üçün janr məhdudiyyəti olmur. Ədəbi yaşıdlarından E.Z. Qaraxanlının vaxtilə Əsədə həsr etdiyi məqalədə dediyi kimi, “istedadın janrı yoxdur”. Amma janr sərhədlərini aşmaq bəzən azad ruhun hər şeyi qapsamaq imkanı və ehtirasının ifadəsi olduğu kimi, bəzən heç nəyi bacarmamaqdan da xəbər verə bilər. Xoşdur ki, bu məsələdə Ə.Cahangir birincilərdəndir. Onun poetik stixiyası insanlığın poeziya mərhələsi ilə daxili-ruhi əlaqəsindən xəbər verir. Çünki bu dövrə məhz həmin stixiya ilə getmək olar. “Nə olsun, bu stixiya istənilən bir şairdə var deyənlər” ola bilər! Lakin Ə.Cahangir istənilən bir şairdən bir mühüm cəhətdən fərqlənir – onda çağdaşlıq üçün daha səciyyəvi olan məntiqi-rasional idrak, intellekt də var. Və bu iki əks qütbün birləşməsi Ə.Cahangirin düşüncəsinə əvvəllə axırın birləşməsi səciyyəsi verib, onun istər özü, istərsə də sözünün özünəməxsusluğu, hətta müstəsnalığını şərtləndirir.
Maraqlıdır ki, Ə.Cahangir şeirdən daha çox, poemalar müəllifi kimi tanınır. Bu onun qədim türk ədəbiyyatından gələn epos təfəkkür tipinin daşıyıcısı olmasıyla bağlıdır. Onun “O Adam”, “Namaz”, “Xarıgülnar” poemaları müstəqillik dövrü poeziyamızda bu janrın ən parlaq nümunələrindəndir. Çünki Ə.Cahangir nədən yazır yazsın, hansı janra üz tutur tutsun, Müşfiqin “yaratdığın şeyi sevərək yarat, hamıdan yüksək ol, hamıdan baş ol” prinsipinə əməl etməyə çalışır. Bu poemalardan ilk ikisini Ə.Cahangir qırx yaşında yazıb və bu heç də təsadüfi deyil. Bu, Füzulinin “Leyli və Məcnun”, Şekspirin “Hamlet” yaşıdır. Yaradıcılıqla məşğul olan adam bu müdriklik yaşında özünü maksimum ifadə etdiyi ən yaxşı əsərlərini və ya əsərini yazır. Bu baxımdan hər iki poema, xüsusən də, “Namaz” Ə.Cahangirin maksimum özünüifadəyə nail olduğu poemadır. Birincisi sərbəst, ikincisi isə ritmik sərbəstdə yazılan, hər ikisi mistik məzmuna malik bu poemalar klassik sufi poeziyasındakı Allah və həqiqət axtarıcılığının modern örnəkləridir. Sadəcə, birinci poemanın ifadə etdiyi zaman intervalı son iki min il, ikincininki isə əzəldən əbədə qədərki sonsuzluqdur. Füzulinin “Leyli və Məcnun”undan sonra bizdə bu məzmunda poemalar yazılmayıb. Bu poemalar ən ümumi şəkildə götürəndə Füzuli ruhunun poeziyamızdakı yeni dirçəlişi, yeni oyanışıdır. Və onları məhz oyanmış ruhun bədii-fəlsəfi ifadəçisi olan Ə.Cahangirin yazmasından məntiqi heç nə ola bilməz.
Bu günlərdə Şuşada keçirilən Xarıbülbül musiqi festivalına həsr olunan, Qarabağda qazandığımız cahanşümul qələbədən doğan şükranlıq hissləri ilə aşılanmış “Xarıgülnar” poemasında isə günümüzdə baş verənlər ümumtürk tarixi ilə analoji müstəvidə dərk və təsvir olunur. Bu analogiyada Cıdır düzü Ötükənə, festival şülənə, İlahm Əliyev Bilgə kağana, Mehriban Əliyeva İlbilgə xatuna, Anar Dədə Qorquda müqabil gəlir. Poema təkcə ən ümumi ruhu deyil, həm də Dədə Qorqud şeiri üslubuyla diqqəti çəkir. Poemadan Dədə Qorqudun ünlü dua-alqışlarının səsi gəlir:
Tanrım, sənə şükr olsun,
Şəhidlərimin adı adın kimi zikr olsun!
Şəhid bacıları bacım, anaları anam olsun!
İlbilgə xatun Mehriban,
Bilgə xaqanımız İlham olsun!
Qazilərimizə ehtiram,
Obamız obası, davamız davası olan
dost ellərə salam olsun!
Ə.Cahangirin bütün poemaları impulsiv enerjidən yaranıb və “Xarıgülnar” da bu yöndən istisna deyil. Müəllifə bu poemanı yazmağa impuls verən konkret bir hadisə – əslən şuşalı olan Xalq artisti Firəngiz Mütəllimovanın festival günü alnını Şuşa torpağına qoyması olub. Amma bu fakt poemanın yaranmasında sadəcə başlanğıc impuls, dəryaya gedən yolda bir damla rolu oynayıb. “O Adam” və “Namaz” poemalarında olduğu kimi, “Xarıgülnar”da da müəllif damlada dəryanı, zərrədə küllü göstərmək kimi sufi yoluyla gedir. Sadəcə, müəllif düşüncəsinin damlaları “O Adam”da ümumbəşəri, “Namaz”da ümummüsəlman, “Xarıgülnar”da isə ümumtürk dəryasına qovuşur.
Ə.Cahangirin yaradıcılığının xüsusi bir qolu onun ədəbi gəncliyin ən istedadlı nümayəndələrinin yaradıcılığını üzə çıxarmaq və cəmiyyətə təqdim etməkdən ibarətdir. O, AYB-nin təklifi ilə gənclərin yaradıcılığından ibarət “Körpü” (2004), Azərbaycan Tərcümə Mərkəzinin təklifi ilə “Yeni səs” (2016) və Heydər Əliyev Fondunun təklifi ilə “Gənc yazarların vətənpərvərlik mövzusunda şeirlər toplusu” (2017) antologiyalarının redaktoru və tərtibatçısı olmaqla yanaşı, neçə-neçə gəncin kitabına ön söz yazıb, onlara uğurlu yol diləyib.
Ə.Cahangirin istər ədəbi-tənqidi, istər kulturoloji, istərsə də poetik yaradıcılığının diqqəti çəkən daha bir cəhəti onun dərin səmimiyyətlə aşılanmış yüksək vətəndaşlıq məzmunudur. O, hər cür fərdiyyətçilikdən uzaqdır. Mən bunun əsas səbəbini onda görürəm ki, 90-ıncıların əksər nümayəndələrindən fərqli olaraq, V.Səmədoğlu, R.Rövşən və V.B.Odərin ifrat fərdiyyətçiliklə səciyyələnən poeziyasından Əsəd yan keçə bilib. Məhz bu cəhət onun poeziyasına yaşıdlarının demək olar ki, heç birisində olmayan daha bir keyfiyyət qazandırır – optimizm!
Daim real həyatla nəfəs alan, təbii, canlı dillə yaranan Ə.Cahangir yaradıcılığı kabinet ədəbiyyatı deyil. “Hər bir böyük ədəbiyyatın son məqsədi müdhiş bir Tanrı inancına can atmaqdır” deyən Ə.Cahangirin düşüncəsində haqq və xalq anlayışları, təkcə səslənməsinə görə deyil, məzmununa görə də həmqafiyədir. Metafizik, kosmik, sosial-siyasi, fərdi-psixoloji qatlar onun düşüncəsində iç-içə çevrələr kimidir. Və bunların cəmindən fakta, hadisəyə bütöv Ə.Cahangir baxışı yaranır. Bu çevrələr arasında ümummilli taleyüklü problemlərlə bağlı sosial-siyasi qat xüsusi yer tutur. Ustad Ələsgərin “Arsız aşıq elsiz niyə yaşadı?” sualı Ə.Cahangir üçün həmişə qüvvədədir. Onun bu baxımdan bir mövqeyi var – Azərbaycan dövlətçiliyi; və bir qayəsi var – milli-mənəvi dəyərlərin qorunması. Yazıçının ümummilli öndər Heydər Əliyevin anım gününə yazdığı “Möhtəşəm məktub”, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya həsr etdiyi “Çiyninə Pikassonun göyərçinləri qonub”, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın poetik yaradıcılığından bəhs edən “Bütün yollar eşqdən keçir” kimi esse və məqalələri məhz bu mövqenin, bu qayənin ifadəsidir… Ə.Cahangirin qondarma erməni soyqırımını ifşa edən, əsl tarixi həqiqətə yüzlərlə danılmaz arqumentlərlə aydınlıq gətirən “Erməni soyqırımı: mif, yoxsa gerçəklik” kitabını Milli Məclisin deputatı Adil Əliyevin təşəbbüsü ilə rus dilindən dilimizə çevirməsi də eyni əqidə, eyni amala xidmət edən vətəndaşlıq işidir.
Azərbaycan ədəbiyyatının dünyada, türk xalqları məkanında, keçmiş Sovetlər Birliyi ölkələrində, dünya xalqları, türk xalqları və keçmiş Sovetlər Birliyi xalqları ədəbiyyatlarının Azərbaycanda təbliğində də Ə.Cahangirin xüsusi rolu var. Onun Moskvada çıxan “Drujba narodov” jurnalının Azərbaycan ədəbiyyatına həsr olunan xüsusi sayında (2006, 3) milli poeziya və nəsrimizə dair “Qlobalizm, yoxsa millilik: dilemmadan çıxış yolu nədədir?” məqaləsi Rusiya ədəbi dairələri tərəfindən maraqla qarşılanmış, müasir ədəbi proseslə bağlı bir sıra icmalları gürcü, özbək, türk dillərinə çevrilərək müvafiq ölkələrdə yayımlanmışdır. Fransız şairi Artur Rembodan, tatar şairi Robert Minnullindən, çağdaş Amerika poeziyasından elədiyi yüksək səviyyəli bədii çevirmələri Ə.Cahangirin beynəlxlaq ədəbi əlaqələr sahəsindəki əməyindən xəbər verir. Təsadüfi deyil ki, Azərbaycan Dövlət Tərcümə Mərkəzinin sədri, Xalq yazıçısı Afaq Məsud Ə.Cahangirin bədii tərcümə sahəsindəki ustalığını xüsusi qiymətləndirərək, bu tərcümələrdən tərcümə işinin tədrisi ilə bağlı təhsil müəssisələrində əyani vəsait kimi istifadə olunmasından danışmışdır.
Ə.Cahangirin ədəbi-bədii fəaliyyəti dövlətimiz və Azərbaycan Yazıçılar Birliyi, eləcə də bir sıra ictimai təşkilatlar tərəfindən yüksək qiymətləndirilib. Onun haqqında Xalq yazıçılarından İsa Muğanna, Sabir Əhmədli, Anar, Elçin, Afaq Məsud, yazıçılardan Rəşad Məcid, tənqidçi və dilçilərimizdən Yaşar Qarayev, Tofiq Hacıyev, Akif Hüseynov, Vaqif Yusifli, Bəsti Əlibəyli və digərləri ən yüksək fikirlər demiş, onu müasir ədəbiyyatımızın görkəmli nümayəndəsi, müstəqillik dövrünün yetirdiyi hərtərəfli istedada malik söz adamı kimi dəyərləndirmişlər. Ə.Cahangir “Səs” essesinə görə AYB-nin təsis etdiyi Aydın Məmmədov adına “İlin ən yaxşı tənqidçisi” mükafatına, “Namaz” poemasına görə Konya Şəhər Bələdiyyə İdarəsi ilə AYB-nin birgə təsis etdiyi Beynəlxalq poeziya mükafatına, “Kim yatmış, kim oyaq” kitabına görə AYB-nin Yaşar Qarayev, Mədəniyyət Nazirliyinin “Qızıl kəlmə” mükafatlarına, Azərbaycan ədəbiyyatı qarşısındakı xidmətlərinə görə “Vektor” Beynəlxalq Elm Mərkəzinin Şahmar Əkbərzadə adına mükafatına, ümummilli öndər Heydər Əliyevin və Respublika Prezidenti İlham Əliyevin sərəncamları ilə iki dəfə Prezident təqaüdünə layiq görülmüşdür…
…Yenə otuz beş il öncəyə, Əsədin tələbəlik illərinə qayıdıram. Yadımdadır ki, Raifə Həsənova, Xalid Əlimirzəyev, Əlövsət Abdullayev, Nərgiz Paşayeva, Yəhya Seyidov, Ziynət Əlizadə, Təhsin Mütəllimov, Tofiq Hacıyev, İsmayıl Məmmədov, İsmayıl Əhmədov, Azad Nəbiyev, Şamil Salmanov, Abdulla Abbasov, Musa Adilov və digərlərindən ibarət müəllim-professor heyəti onun filoloq gələcəyinə böyük ümidlərlə baxırdılar. Bu gün Ə.Cahangirin verdiyi 55 illik ömür hesabatından görünür ki, o, müəllimlərinin ümidlərini doğrulda bilib.
Əsədin müəllimləri arasında mən də varam. Və keçmiş tələbəm, bugünün sayılıb-seçilən, ən yüksək dəyərə, qiymətə layiq söz adamı Əsəd Cahangir haqqında bu yubiley məqaləsinin son nöqtəsini böyük bir daxili əminlik hissiylə qoyur, ona ən yüksək nemət olan cansağlığı, yeni-yeni yaradıcılq uğurları arzu edirəm…