Etiket arxivi: MƏQALƏ

Erməni terrorizminin tarixi – TANRIVERDİ ƏLİYEV

Tanrıverdi ƏLİYEV – gənc yazar.

Tarix boyu ermənilərin türk-müsəlman əhaliyə qarşı nifrətinin və cinayətlərinin şahidi olduq.
Bunlardan ən dəhşətlisi Qarabağın işğalı və Xocalı qətliamıdır. Ermənilərin türk-müsəlmanlara qarşı nifrətinin əsl səbəbi bədnam qonşularımızın və onların havadarlarının təqdim etməyə çalışdıqları kimi heç də 1915-ci ilin “qondarma erməni soyqırımı” deyildir. 

Belə ki, hələ 1905–1906-cı illərdə ermənilər azərbaycanlılara qarşı kütləvi soyqırım həyata keçirmişdilər! 1885-ci ildə yaranmış ilk erməni terror təşkilatı “Armenakan” Osmanlı ərazisində silahlı terror aktları törətmişdir?! Göründüyü kimi, ermənilərin türklərə nifrətinin kökü “qondarma erməni soyqırımından” əvvəlki dövrlərə dayanır. 1887-ci ildə yaranmış “Hınçaq” terror təşkilatının, eləcə də  digər terror təşkilatlarının məqsədi dənizdən-dənizə “Böyük Ermənistan” dövlətini qurmaq idi.

 ”Qondarma erməni soyqırımı” isə bu məqsədə çatmaq üçün uydurulmuş bəhanədir. Erməni tarixçisi saxtakar Moisey Xorenyanın (410–490) uydurduğu məlumatlara əsasən, tarixdə “Böyük Ermənistan” adlı dövlət olmuşdur. Hazırda ermənilər Moisey Xorenyanın uydurduğu həmin “Böyük Ermənistan”ı bərpa etmək istəyirlər.

 Halbuki tarixə nəzər salsaq görərik ki, “Böyük Ermənistan” adlı dövlət, əslində, mövcud ola bilməzdi. Belə ki, saxtakar erməni tarixçilərinin iddiasına əsasən, guya ”dənizdən-dənizə” uzanan həmin çarlıq e.ə 331-ci ildən eramızın 428-ci ilinədək Yaxın Şərqin bir hissəsini və Qafqazı əhatə edirdi. Halbuki e.ə 330-cu ilə qədər Yaxın Şərq Əhəmənilər dövlətinin nəzarəti altında idi. E.ə. 330-cu ildə Makedoniyalı İsgəndər Əhəməni dövlətini işğal etdi. E.ə 323-cü ilədək Asiyada İsgəndərin ağalığı sürdü.

 İsgəndər öləndən sonra Atropatena (Azərbaycan) dövləti yarandı. E.ə 312-ci ildən eramızın 60-cı ilinədək Yaxın Şərq Selevkilər dövlətinin hakimiyyəti altında oldu. Halbuki ermənilər iddia edirlər ki, Böyük Tiqran e.ə 69-cu ildə Ermənistanı ən böyük sərhədlərinə çatdırdı. İndiki Azərbaycan ərazisində Albaniya (e.ə IV əsr – eramızın 705-ci ili) dövləti mövcud idi. 226-cı ildən 651-ci ilədək Asiyanı Sasanilər dövləti idarə etmişdir. Beləliklə, ermənilər bu dövləti haçan qurdular?! Bundan əlavə, iddiaya əsasən, “Böyük Ermənistan” krallığını Ərtaşestlər və Ərsakilər sülalələri idarə etmişlər. Halbuki bu absurd iddiadır.Çünki Ərsakilər türk, Ərtaşestlər isə fars mənşəli sülalələrdir.

 Beləliklə, bu uydurma dövləti Böyük Ermənistan deyil, Turan və Parsiya adlandırsaq daha düzgün olar. Çünki nə Ərsakilər, nə də Ərtaşestlər erməni olmuşlar. Göründüyü kimi, ermənilər Moisey Xorenyanın fırıldaqları əsasında özlərinə tarix qurmağa çalışırlar. Qərb tarixçilərindən olan Avqust Karier yazır: “Qədim erməni tarixçilərinin məlumatlarına inanmaq savadsızlıqdır. Bu məlumatların əksəriyyəti uydurmadır”.

 Mənşəyi məchul olan bir xalqın tarixdə böyük bir dövləti ola bilərmi?! Ermənilərin mənşəyi ilə bağlı rəvayətlər kifayət qədər ziddiyyətlidir. Onların xisləti isə belədir: bir qarış torpaqda qısa müddət yaşayandan sonra bu torpaqlar əzəli erməni torpağıdır deyib həmin yerin əsl sahiblərinə qarşı ərazi iddiası qaldırırlar. 1828–1829-cu illərdə Türkmənçay və Ədirnə müqavilələrinə görə, ermənilər İrandan və Türkiyədən kütləvi surətdə Rusiya imperiyası tərəfindən Zaqafqaziyaya köçürülmüşlər. 

Çarizm ermənilərin vasitəsilə türklər arasında maneə, hasar yaratmaq istəyirdi. Qeyd etmək lazımdır ki, ruslar erməni xislətinə yaxşı bələd idilər. Rusiya imperiyasının  fövqəladə və səlahiyyətli səfiri Aleksandr Sergeyeviç Qirboyedov imperator Nikolay Pavloviç Romanova yazırdı: “Əlahəzrətləri, ermənilərin mərkəzi rus torpaqlarında yerləşməsinə icazə verməyin. Bu elə bir xalqdır ki, bir neçə il bir ərazidə yaşayandan sonra bütün dünyaya hayqıracaqlar ki, bu torpaqlar bizə ata-babalarımızdan miras qalmışdır”. 

 İmperator Nikolay erməniləri İrəvan ətrafına yerləşdirdi. O vaxtdan bu günədək ermənilər əzəli Azərbaycan torpağı İrəvana hökm edirlər və Azərbaycana qarşı ərazi iddialarından əl çəkmirlər. Ermənilər indiki Türkiyənin şərq ərazilərinə (xüsusəndə Qars və Ərdəhan) iddia qaldırmaq üçün “qondarma erməni soyqırımından” istifadə edirlər. Özlərindən qondardıqları iddialara görə, 1915-ci ildə Osmanlı hökuməti 1.5 milyon ermənini öldürmüşdür.

 Halbuki o zamanlarda A.Arakelyanın etno-demoqrafiya statistikasına görə, Osmanlı ərazisində heç 1.5 milyon erməni yaşamırdı. Siyahıyaalma nəticəsində qriqoriyan erməniləri – 995.479 nəfər, katolik ermənilər – 89.746 nəfər, protestant ermənilər isə – 95.841 nəfər olmuşlar. Cəm olaraq isə 1.181.066 milyon erməni yaşayırdı. 

Rusiyalı politoloq Maksim Şevçenkonun dediyi kimi, “Osmanlıda yaşayan ermənilərin sayının öldürüldüyü iddia edilən ermənilərin sayından az olduğunu nəzərə alsaq görürük ki, səsləndirilən rəqəmlər qətiyyən həqiqətə uyğun deyildir”. Bundan əlavə, ermənilərin “Hınçak” və “Daşnaksütyun” terror təşkilatlarının üzvləri I Dünya Müharibəsinin gedişində Osmanlıda iğtişaşlar törətmiş, mülki əhalini kütləvi şəkildə öldürmüşlər. 

Bunun da əsas səbəbi o zamankı ABŞ Prezidenti V.Vilsonun bəyanatı idi. V.Vilson bildirmişdi ki, ”Osmanlı ərazisində çoxluq təşkil edən xalq dövlət qura bilər”. Həmin bəyanatdan “ilham alan” bədnam ermənilər Andronik Ozenyanın və digər körpə qatillərinin rəhbərliyi altında türklərin sayını azaltmağa, onları qətliam etməyə başladılar. Osmanlı dövləti bu dəhşətli cinayətlərin qarşısını almaq üçün qanlı qırğınlarda iştirak edən erməniləri ölkənin müharibə gedən bölgələrindən başqa ərazilərinə köçürdü.

 Osmanlı hökuməti iğtişaş törədən təşkilatları bağladı və onların əlləri dirsəyəcən günahsız insanların qanına batmış rəhbərlərini (2345 nəfər) həbs etdirdi. Hər il ermənilər bu hadisəni soyqırım kimi qeyd edirlər. Sabiq ABŞ prezidentlərindən biri demişdir: “Əgər arxivlər açılsa, ermənilər, sözsüz ki, rüsvay olacaqlar”. Onu da vurğulayaq ki, soyqırım sözünün mənası kütləvi surətdə hansısa etnik ya da mədəni qrupun məhv edilməsidir.

 Əgər ermənilər həqiqətən də soyqırıma məruz qalmışlarsa, o zaman Türkiyədə xeyli erməninin hələ də yaşaması necə izah olunur? Azərbaycan Respublikasının prezidenti İlham Əliyev demişdir: “Əgər Türkiyə soyqırım etmiş olsa idi, geridə buna etiraz edəcək tək bir erməni qalmazdı”. İmperialist dünya dövlətləri və ermənilər köç (təhcir) zamanı ölüm hadisələrini “böyük erməni soyqırımı” adlandırırsa, o zaman 1948–1953-cü illərdə İrəvandan azərbaycanlıların kütləvi deportasiyasını da böyük Azərbaycan qətliamı olaraq tanımalıdırlar. 

Çünki kütəvi deportasiya zamanı azərbaycanlılar ya yolda aclıq və susuzluqdan öldülər, ya da gəldikləri yerdə hava şəraitinə və iqlimə dözə bilməyərək tələf oldular. Bəs bu şərəfsizləri türk-müsəlman əhaliyə qarşı törətdikləri soyqırımlara görə kim sorğulaycaq?! Ermənilərin 10-dan çox terror təşkilatı və minlərlə məşhur terrorçuları vardır.

 Onların hamısının hədəfi biz türk-müsəlmanlarıq. Onlar qətliamın hər növünü biz türklərə qarşı tətbiq etmişlər. İlk kütləvi soyqırımlardan biri Daşnak təşkilatının (rəhbəri Drastanat Kamayan) törətdiyi, 1905–1906-ci illərin “erməni–müsəlman davası”dır. Daha sonra 1918-ci ilin martında Stepan Şaumyanın rəhbərlik etdiyi quldur dəstələri tərəfindən amansız bir soyqırımı törədildi. Ardınca müxtəlif terror təşkilatları yarandı.

Erməni terror təşkilatları (Armenakan, Hınçaq, Daşnaksütyun, ESƏD, YEM, ASALA, EGAO, EİO, EAC, Oril qrupu, İntiharçılar, Erməni birliyi, GEİ, 9 iyun qrupu, EAH, Geqaron, Apostol, Demokrat cəbhə) yalnız Azərbaycan və Türkiyə ərazisində deyil, dünyanın böyük dövlətlərində, hətta bitərəf  İsveçdə belə terror aktları törətmişlər. Bu təşkilatlardan ən məşhuru və şərəfsizi Akop Akopyan tərəfindən yaradılmış ASALA terror təşkilatıdır. 

ASALA-nın bədnam komandirlərindən biri də Monte Melkolyan idi. Hətta bəzi ehtimallara görə, Xocalı qətliamında da ASALA terror təşkilatının barmağı vardır. Bundan əlavə, Xocalıda qətliam törədənlərdən biri də 366-cı rus motatıcı alayı idi.1988-ci ildə təxribat xarakterli Sumqayıt hadisələri baş verdi.

 Özünü ”Paşa” ləqəbli türk kimi tanıdan E.Qriqoriyan Sumqayıtda yaşayan (özlərinə lazım olmayan) erməniləri ən qəddar üsullarla öldürdü. Ermənilər bu yolla türkləri vəhşi xalq kimi tanıdıb öz məqsədlərinə nail olmaq istəyirdilər. 1991-ci ildə Xankəndi erməni birləşmələri tərəfindən işğal olundu. Həmin vaxt Ermənistanda hakimiyyət başında terrorçu Levon Ter-Petrosyan idi. Qarabağın və ətraf rayonların işğalı Ter-Petrosyanın hakimiyyəti dövrünə düşür. 1992-ci il Xocalı qətliamının da ən böyük səbəbkarlarından biri də Levon Ter-Petrosyan idi. 

Zəngilan rayonu işğal olunana qədər ermənilər Qarabağda müxtəlif terror aktları törətdilər.1998-ci ildə hakimiyyətə Robert Koçeryan gəldi. Bu şərəfsiz də alçaqlıqda sələflərindən geri qalmır, müxtəlif vaxtlarda terror aktları təşkil edirdi. Göründüyü kimi, Ermənistan liberal-demokrat deyil, məhz terror dövlətidir. 2008-ci ildə hakimiyyətə Serj Sarkisyan gəldi. Bu şərəfsizin prezidentliyi dövründə 2016-cı ildə aprel döyüşləri baş verdi.

 Azərbaycan ordusu erməniləri geri oturdaraq Lələtəpəni işğaldan azad etdi. 2018-ci ildə inqilab nəticəsində qərbəmeyilli Nikol Paşiniyan hakimiyyətə gəldi. Paşinyanın hakimiyyəti dövründə Vətən müharibəsi başladı və Allaha şükürlər olsun ki, Qarabağ işğaldan azad edildi.

 Müharibənin gedişində ermənilər Azərbaycanın mülki əhalisinə qarşı ağır hərbi cinayətlər işlətdilər. Azərbaycan Respublikasının müxtəlif rayonlarına, o cümlədən, Gəncə şəhərinə bir neçə dəfə Skad/Elbrus raketi, təslim kapituliyasiyasını imzalamazdan bir neçə dəqiqə əvvəl isə Bakıya bir raket atdılar. 

Bakıya atılmış raket hava hücumundan müdafiə qüvvələrimiz tərəfindən zərərsizləşdirildi. Qarabağı tərk edərkən ermənilər evləri və meşələri yandırıb məhv edərək ekoloji terror törətdilər.
İşğal olunmuş torpaqlarımızı azad etdiyinə və yürütdüyü uğurlu siyasətə görə Ali baş komandan Cənab İlham Əliyevə və Azərbaycan Silahlı Qüvvələrinə dərin təşəkkürümüzü bildirir, şəhidlərimizə 
Allahdan rəhmət diləyirik.

Müəllif : Tanrıverdi ƏLİYEV
Redaktor :
Araz ŞƏHRİLİ

ARAZ ŞƏHRİLİNİN DİGƏR YAZILARI

TANRIVERDİ ƏLİYEVİN DİGƏR YAZILARI

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Aydın Xan (Əbilov) : Ədəbi-mədəni fikir həyatında Çingiz Abdullayev

XXI əsri kreativ intellektuallar dövrü də adlandırırlar: tanınmış elm, mədəniyyət və ədəbiyyat xadimlərindən tutmuş, sıravi sosial platformalarda özünü tanıtmağa çalışan blogerlərə qədər hər kəs tarixdə qalmaq üçün nəsə fərqli mövqe ortaya qoymağa çalışır. Mədəniyyət tarixi belə estetik-intellektual texnologiyalarla boldur, fəqət milyonlarla kulturoloji hadisə, fakt arasında fərqlənərək özündən sonra humanitar fikri irəli aparan düşüncə sahiblərinin sayı elə də çox deyil.

          Almanların təbirincə yazsaq, mədəniyyət şifrələrinin ötürücüsü – kültürtragerlərimizdən biri də Azərbaycan Yazıçılar Birliyinin katibi, milli “PEN-klub”un prezidenti, Xalq yazıçısı, professor, respublikamızın və xarici ölkələrin saysız-hesabsız ordenlərinin, medallarının, ədəbi-mədəni mükafatların laureatı, kitabları fərqli dillərdə milyonlarla tirajla nəşr olunan Çingiz Abdullayevdir. Bu işıqlı dünyaya gəlişinin 50 illik yubileyi idi.

              Yanılmıramısa, özüm tez-tez təkrarlamağı xoşlayıram, bir neçə yazımda da xüsusi vurğulamışam: dünya şöhrətli detektiv ustamız özünün çoxsaylı kitablarıyla, fərqli – intellektual mövqeyi, oxunaqlı əsərləri ilə dünyaya çıxarılası, fikir tariximizdə qalası milli kulturoloji sərvətimizdir.

              Bəli, indiki inteqrasiya dövrünün dəbdə olan ifadəsiylə yazsam, insan kapitalının, intellektual-kulturoloji zəhmətin payının get-gedə artdığı bir vaxtda geniş oxucu kütləsinə ünvanlanmış dəyərli əsərlər yaradan şəxsiyyətlərimizdən biri – qlobal kreativ biznes sahəsində öz yerini möhkəmləndirən əsl Azərbaycan milli art-brend sayılsa da, sonuncu uğurlu Qarabağ savaşında ölkəmizdə, xüsusən də xaricdə və internetdə, sosial şəbəkələrdə sərgilədiyi qətiyyətli mövqeyi ilə həm də növbəti dəfə (artıq neçənci səfərdir!) sübut etdi ki, əsl tarixi-mədəni şəxsiyyətdir! Geniş nəzər salanda, heç də sirr deyil ki, Çingiz Abdullayev nəinki respublikamızda, – boynumuza alaq: son illərə qədər bir neçə rusdilli romanlarını çıxmaq şərtilə, yazıçının əsərləri bizdə mütəmadi işıq üzü görmürdü; amma axır vaxtlar istedadlı qələm sahibinin 30-dan çox irihəcmli detektiv romanı ana dilimizə çevrilib, hərəsi də bir neçə dəfə təkrar nəşr olunub, – ölkəmizin hüdudlarından çox-çox kənarlarda, daha dəqiq, Rusiyada, başqa MDB dövlətlərində, Qərbdə, Şimali Amerikada, Şərqdə, qardaş Türkiyə, İsrail, ərəb məmləkətlərində kifayət qədər tanınır, qələmindən çıxan ədəbi nümunələr isə on milyon nüsxə tirajla yayılır. Yaşı minilliklərlə ölçülən milli ədəbiyyat tariximiz ikinci belə kulturoloji faktla öyünə bilmir…

             Klassik ədəbiyyatşünaslıqda bədii əsərlər ədəbi növlərə, onlar isə, öz nöbəsində, janrlara bölünürlər. Məsələn, epik növün hekayə, povest və roman növü. Bu, təsnifata görə detektiv hekayə də ola bilər, detektiv roman, pyes, film də. Odur ki, suala konkret cavab vermək üçün filoloji anlamların dəqiqləşdirilməsinə ehtiyac duyulur. Detektiv bədii nəsrdə, eləcə də bədii-sənədli ədəbiyyat və sənətin digər sahələrində xüsusi növ sayılır. Daha da dəqiqləşdirsək, dünyada detektiv əsərləri bədii-vizual qol – istiqamət, bəzən də estetik tərz hesab edənlər də var. Fantastik, savaş, melodramatik əsərlərdə olduğu kimi, detektiv də əsasən çox mürəkkəb estetik-kulturoloji struktura malik olmayan, əsasən kütləvi və geniş oxucuya ünvanlanan əsərlər sinfinə də aid edilir. Amma elə klassik detektiv əsərlər var ki, artıq dünya ədəbiyyatının dəyərli nümunələri səviyyəsinə qalxa bilib. Üstəlik, son illərin ən maraqlı əsərlərinin özündə də detektiv hava, cəhətlər bir ədəbi vasitə səviyyəsində istifadə olunur. U.Ekonun “Qızılgülün adı”, O.Pamukun “Mənim adım qırmızı” və başqa dəyərli romanları yada salmaq kifayət edər, məncə.

           İstənilən halda detektiv ədəbiyyatın ən çox inkişaf etmiş qollarından, istiqamətlərindən biri sayılır. Düzdür, Azərbaycan ədəbiyyatında ona XX əsrin ikinci yarısından bu yana müraciət olunsa da, detektiv bir ədəbi-estetik qəlib olaraq hər zaman oxucuların, tamaşaçıların diqqətini cəlb edir…

              Ölkə Prezidenti İlham Əliyevin xüsusi Sərəncamıyla Xalq yazıçımız Azərbaycanımızın ən yüksək dövlət mükafatlarından biri ilə – “Şöhrət” ordeniylə təltif olunanda növbəti dəfə əmin olduq ki, istedadın sərhədləri hüdudsuzdur, dünən də, bu gün də olmasa, sabah, yaxud gələcəkdə fitri peşəkarlığa, bacarığa malik şəxslər tarix qarşısındakı xidmətlərinə görə əvvəl-axır dəyərini, qiymətini alırlar…

               Ədəbiyyat, mədəniyyət, humanitar-estetik sahələr üzrə aparılan bir çox mədəni-sosioloji araşdırmalar və ədəbi-kulturoloji monitorinqlərin nəticələrinə görə, Çingiz Abdullayev cəmiyyətimizdəki nüfuzuna, mövqeyinə, tutduğu yerinə görə ictimai-mədəni hadisələrə ciddi təsir imkanlarıyla yanaşı, yaratdığı əsərlərə görə də başqa yazıçılarımızdan, fikir adamlarından xüsusi çəkisi olaraq fərqlənir. Hətta 500 milyonluq qlobal rusdilli, – indi isə 300 milyonluq türkdilli məkanda, –  ədəbi-mədəni, humanitar-intellektual, sosial-fəlsəfi, ictimai-siyasi mühitlərdə orijinal düşüncə sahibi olaraq Ç.Abdullayevlə hesablaşan elitar təbəqə formalaşıb.

                  Müxtəlif nəsil Azərbaycan oxucusu nasir, ustad detektiv kimi bu imza sahibinin hər yeni əsərini maraqla izləyir, kitablarında, yazılı və elektron KİV-də, virtual resurslarda, yeni mediada, sosial şəbəkələrdəki statuslarında toxunduğu müxtəlif ciddi məsələlərlə tanış olur, cəmiyyəti düşündürən problemləri zamanında ədəbiyyata gətirdiyini razılıqla qarşılayır, aktual saydığı hər hansı bir mühüm sosial-siyasi prosesi, hadisəni, hərəkəti ictimai polemikaya transfer etmək baçarığını yüksək dəyərləndirir.

             Söz yox, Ç.Abdullayev yaradıcılığı barədə ümumiləşdirilmiş mülahizələrsiz qısa yazmaq qeyri-mümkündür: nəzərə almaq lazımdır ki, ustad detektivin irihəcmli əsərlərinin, roman və povestlərinin sayı iki yüzə yaxınlaşmaqdadır, onlar haqqında bir balaca yazıda geniş danışmaq mümkün deyil.

                Məhsuldar yazıçı, ictimai-mədəni aktivist, rəsmi ədəbiyyat xadimi olaraq Çingiz Abdullayev Azərbaycan Yazıçılar Birliyinin katibi, MDB ölkələri Yazıçılar İttifaqları Konfederasiyasının İdarə Heyəti üzvü və bu kimi onlarca məsul ictimai-sosial vəzifədə çalışdığını bilməyən çox az adam tapılar. XX əsrin ziyalılığı ilə XXI yüzilliyin intellektuallığını özündə cəmləyən bir milli qürur timsalı olan sadə, lakin böyük ürəyə sahib, unikal estetik-fəlsəfi fikrə malik bu tarixi-mədəni şəxsiyyətin işıqlı obrazını yaratmaq fikri elə də asan gəlməsin sizlərə: deyəsən, qeydlərim ənənəvi “yubileynamə” janrının tələblərindən kənara çıxmır.  

             Sözün bütün çalarında, Azərbaycan ədəbiyyatında, bəlkə də cəmiyyətimizin indiki mürəkkəb dövründə az adam tapmaq mümkündür ki, Çingiz Abdullayev kimi insani saflığını, ruhi duruluğunu saxlaya bilsin. Dostlarımızın arasında bəlkə də, azsaylı şəxslərdəndir ki, ayaqüstü görüşdüyümüz, qısa söhbətlər etdiyimiz, beş ədəbi söhbətdə iştirak etdiyimiz zaman hər dəfə ondan yeni nəsə öyrənə bilirik.

           Görkəmli yazıçı Çingiz Abdullayevin yaratdığı ədəbiyyatın bədii nəsr qolu, istiqaməti – detektiv, bellestrika məhsulları kimlərinsə estetik zövqünə uyğun gəlməyə bilər. Fəqət, nə vaxtlarsa uşaqlıq, yeniyetməlik və gənclik çağlarımızda bu qəbildən olan  bədii nümunələri həvəslə oxumuşuq. İndilərdə yalnız peşəmizlə əlaqədar ədəbi tənqidçi, daha çox isə kulturoloq kimi bu dəyərli nümunələri, xüsusən Xalq yazıçımızın sayı yüzlərlə ölçülən kitabları ilə tanış olan zaman yaşadığımız bu mürəkkəb zəmanənin çoxsaylı sirli şifrələrini sezəndə, ədibin düşüncələrinin dərinliyinə heyran qalırıq.

               Fəqət, zövq məsələsində mübahisələrin məntiqsizliyini yada salıb, bir məsələni də xüsusi vurğulamaq istəyirəm: real həyatla daha çox yaxınlığıyla seçilən, bir sıra hallarda müəllifdən futuroloji bilgilər, analitik təfəkkür, intellektual hazırlıq, müxtəlif biliklərə yüksək səviyyədə yiyələnmək, cəmiyyətdə baş verənlərlə yaxından, davamlı tanışlıq tələb edən ciddi detektiv ədəbiyyat, eləcə də onun ən çox oxunan janrları sayılan siyasi, tarixi, xəfiyyə, eləcə də polis detektivləri yaratmağın çətinliyi göz qabağındadır. Çingiz Abdullayev hələ gənc yaşlarından öz çiyinlərini bu ağır ədəbi yükün altına verdi, Qərb, eləcə də rus yazıçıları tərəfindən artıq inhisara alınmış bu estetik-bədii sahədə özünün məhsuldar yaradıcılıq cığırını aça, estetik yolunu yarada bildi. Dünya oxucusu tərəfindən maraqla qarşılanan çoxsaylı detektiv əsərlərini ustalıqla yaradaraq, nəinki lokal milli ədəbiyyat meydanında parıldadı, eyni zamanda qlobal çap-nəşriyyat biznes sahələrinə çıxış əldə etdi. Görkəmli söz sənətkarımızın 40-dan artıq xarici məmləkətdə  nəşr olunan əsərləri, əksər ölkələrdə milyon nüsxələrlə satılan kitabları və imzası dünyada Azərbaycanı, milli-mənəvi varlığımızı piar – təbliğ edən əsl qlobal art-brendimizə çevrildi.

              Azərbaycan – müsəlman türk yazıçısı olaraq bütün sadalanan ağrılı problemlərə sinə gərən bir kulturoloji fikir adamı kimi Çingiz Abdullayev titanik zehni əməyi nəticəsində millətimiz, dövlətimiz üçün bu qədər iş görürsə, onu və onun kimi milli sərvətimizə -insan kapitalımıza dəyər verməmək, gənc nəslə nümunə göstərməmək mümkündürmü!?

         P.S. Çingiz müəllimə bir “tənqidi” xatırlamamız: ustad, bir neçə vaxt bundan əvvəl siz demişdiniz ki, yaradıcılığımın yeni mərhələsində tarixi və intellektual, bir qədər də fəlsəfi nəsr əsərləri ilə oxucularımı təəccübləndirəcəyəm. Zamanı yetişməyibmi?!

Müəllif :Aydın XAN

AYDIN XANIN DİGƏR YAZILARI

KİTABLARIN SATIŞININ TƏŞKİLİ >>>> BİTİK.AZ


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

QƏDİM MİSİRDƏKİ SİRLƏR

Tanrıverdi Əliyev yazır – Misir…

Qədim misirlilərin tarixdəki ixtiraları, kəşfləri, əsərləri habelə, elmə gətirdiyi yeniliklər bütün insanlığı özünə valeh etmişdir. Bir çox misiroloqlar (misirşünaslar) müxtəlif nəzəriyyələr, fikirlər irəli sürmüş lakin, əksəriyyəti öz teorilərini isbat edə bilməmişdir. Biz bu məqalədə fikirləri sübuta yetən misiroloqların əsərlərini bir yerə toplayıb hətta, doğru bilinən bəzi yanlışlıqları da üzə çıxarmışıq.

Misirlilər və ədəbiyyat

Dünya miqyasında “elmdəki bir çox əsas anlayışların qərbdə yarandığı” ideyası geniş təbliğ edilmiş, şərq elmi və şərq alimləri II dərəcəli üzv olaraq qiymətləndirilmişdir. Halbuki, tarixə nəzər yetirdikdə görünür ki, qərblilər elmin zatını şərqdən öyrənmiş ya da oğurlamışdırlar. Misal üçün “Səlib yürüşləri” ərəfəsində bir çox şərq aliminin əsəri qərbə aparılmış və qərblilərin adından bütün dünyaya tanıdılmışdı. Qərb tarixçisi Hegel iddia etmişdir ki, “Qədim Misirdə ədəbiyyat olmamışdır, onların özünəməxsus təfəkkür tərzi vardır, estetik həssaslıqdan məhrum idilər. Buna görə də onların(ümumən şərq xalqlarının) yaradıcılıq qabiliyyəti yox idi”. Bu nəzəriyyə illər boyu dünya tarixində hakim mövqedə idi. Lakin, sonradan Emanuell de Ruje “İki qardaş nağılı” üzərindəki tədqiqatı nəticəsində bu fikirin səhv olduğu sübut edildi. Onu da qeyd edək ki, bir vaxtlar buna oxşar fikirlər Şumerlər üçün də keçərli idi. Lakin sonradan yəhudi tarixçisi Samuel Noah Kramer(İşmuil Nuh Kramer) “tarix Şumerən başlayır!” adlı kitab yazaraq bu yersiz şübhəni aradan qaldırmışdı. De Rujun tədqiqatından sonra misiroloqlar(avropada egyptolog) Misir ədəbiyyatını araşdırmağa başladılar. Və həqiqətən elmin ədəbiyyat sahəsində inqlab baş verdi. Qədim Misirdə insanlığın

İlk ədəbiyyatının təməli qoyulmuşdu. Ölülər kitabı, mifologiyalar, Ehram kitabları və.s Qeyd etmək lazımdır ki, Misirdə şeiriyyat da geniş yayılmışdır. Hətta, Misir Fironu IVAmonhotep(Exnaton) Allah(qədim misircə Aton) haqqında şeir belə yazmışdır.

Nümunə

Ey parıltını sübh çağı yayan,

Nur Aton həyat verən

Hər gün şərqdən peyda olursan

Hər yerə işıq saçırsan…

Misirdə ədəbiyyatın inkişaf etməsini sübut edən əsas amillərdən biri də “Ölülər kitabı”nın varlığıdır. Kitabda tanrılardan və mifoloji mətnlərdən bəhs edilir.

Kitabdan nümunə

“Ey göylərdə pərvaz edən müqqəddəs Amon-Ra…Mən sənə yalvarıram, mənim rədd edilməyimə, cəhənnəm atəşinə düşməyimə imkan vermə”.

Osiris məhkəməsindən nümunə

… Ey Usex-nemtut, İunda mövcud, mən pislik etməmişəm! Ey Xepet-sedced, Xer-axada mövcud, mən oğurlamamışam! Ey Denci, Xemendə mövcud, mən paxıllıq etməmişəm! Ey …

Misirlilər tək ədəbiyyat sahəsində elmdə inqlab etməmişdir. Bütün elm sahələrində demək olar ki, “ilklər” misirlilərə məxsusdur. Onu da qeyd edim ki, yunan filosoflarının bəzilərinin, hətta Platonun fəlsəfi düşüncələrinin meydana gəlməsində misirlilərin əvəzsiz rolu vardır.

Pramidaların tikilməsinin sirri

Türk araşdırmaçı Ayhan Çakmurun dediyinə görə “Misir mədəniyyətini araşdıran misirşünaslar sirləri papiruslarda, daş kitabələrdə, hətta səmada belə axtardılar, lakin cavab yerin altında idi”. Bunun fərqinə varan ilk şəxs misirşünas, mineroloq Cozef Davidovits idi. Onun fikrincə pramidalar tökmə beton vasitəsi ilə inşa edilmişdir. Yəni neçə tonluq blok daşlar uzaq diyarlardan gətirilib, üst-üstə qoyulmamışdır. Maye halında olarkən tökülüb hazırlanırdı. Apardığı tədqiqata görə taxta qutuya əhəng, gil, kostik soda əlavə edilir. Nəticədə xəmir kimi maddə əmələ gəlirdi. Həmin maddədə bir-neçə saat sonra minerallar kimyəvi reaksiyaya daxil olur, 1 ay sonra bəyaz daşa(betona) çevirilirdi. Davidovitsin dediyinə görə Pramidaların tikintisində bu kimyəvi reaksiyadan alınmış tökmə betondan istifadə olunurdu. Halbuki, bəzi qərb tarixçiləri iddia etmişdilər ki, beton ilk dəfə S.P.Q.R (Romada) ixtira olunubdur. Ayhan Çakmurun dediyinə görə “misirlilər taxtadan qəliblər(böyük qablar) hazırlayaraq betonu həmin qəliblərə tökmüşdülər. Mərtəbə-mərtəbə tökmə beton vasitəsi ilə pramidalar inşa edilmişdir. Onsuz da 28 tonluq daşları yuxarı nəql etmək(daşımaq) mümkün deyildi.” Təkrar edirik:

*İlk öncə hamar yerə beton tökülür.

*taxta qəliblərdən istifadə edərək funtament qurulur.

*Daha sonra isə mərtəbə-mərtəbə taxta qəliblərin daxilinə beton tökülür.

*Nəticədə pramida hazır olurdu.

Qeyd: Pramidaların tikintisi ilə əlaqədar tədqiqatçı dostumuz Ayhan Çakmurun videolarını izləyə bilərsiniz.

Misirlilərin riyazi sirləri

Qədim misirlilər riyaziyyatdakı metr, santimetr, desimetr kimi ölçü vahidlərini bir damla su vasitəsi ilə ölçürdülər. Misiroloq Fehmi Krasniqin fikrinə görə Nil çayının istənilən yerindən bir damla su götürüb qranit daş üzərinə əlavə etdikdə 90% ölçüsü 1sm olurdu. Misirlilər 1 damla suya 1 firon barmağı, 10 damla suya 1 firon əli, 100 damla suya da 1 firon ayağı adını vermişdilər. Əsrlər sonra fransızlar bu məlumatı əldə edib 1795-ci ildə öz adlarına çıxarıb, bütün dünyaya təqdim etmişdilər. Ayhan Çakmurun dediyinə görə Misirlilər “Pi(3.14) ədədini” hesablaya bilirdilər. Bunun üçün 1 metr çapındakı bir dairənin(təkəri) ətrafına kəndir bağladılar. Kəndiri çıxarıb ölçdülər. Nəticədə cavab 3 metr 14 santimetr olaraq hesablandı. Bir çox tarixçi insanlara “Pi ədədi”nin müəllifi Arximeddir deyə təqdim etmişdir. Lakin, Arximed onu kəşf etməmiş, misirli kahinlər tərəfindən ona öyrədilmişdir. Ayhan Çakmur qeyd edir ki, misirlilər 1 metr çapındakı diskin 1/6 hissəsini götürüb ölçdülər. Cavabı 52.36 sm olaraq əldə etdilər. Bu hesablamanı hər yerdə tətbiq etdikdə, nəticə sabit olaraq qalırdı. Misirlilər bu sabitliyə fironluq sabiti( müasir fizikada constant) adını verdilər. Misirlilər “Qızıl nisbət”dən də xəbərdar idilər. Tarixdə yunan riyaziyyatçı Evklidin kəşfi olaraq qeyd olunan “Qızıl nisbət” bölgüsü əslində misirlilərə məxsusdur. Evklidin dünyaya gəlməsindən təqribən 1000 il əvvəl Firon Coserin vəziri dünya tarixinin ilk memarı- İmhotep bütün tikintilərində “Qızıl nisbət”dən istifadə etmişdir. Əlavə məlumat olaraq qeyd edim ki, misirlilər “Fibonaççi” ədədlərindən də xəbərdar idilər. İtaliyan riyaziyyatçı Leonardo Fibonaççidən 3000 il əvvəl misirli memarlar fibonaççi hesablaması ilə tikililər inşa etmişdirlər. Misiroloqların dediyinə görə Xefren pramidası və Exnaton(Amarna)sarayı fibonaççi sistemində tikilmişdir. Maraqlı məlumatlardan biri də budur ki, böyük Misir pramidası 3-4-5 üçbucağı ölçüsündə tikilmişdir. Riyaziyyatçılar bu üçbucağa Pifaqor üçbucağı deyir. Lakin, bu üçbucaq Pifaqor anadan olmazdan öncə Qədim Misirlilər tərəfindən pramidalara tətbiq edilirdi. Qeyd etmək lazımdır ki, Xeops ehramının həm daxilinə həm xaricinə çevrə çəkib, onları hesabladıqda 299.79… ədədi alnırdı. Bu ədəd işıq sürətinə(299.792…) bərabər ədəddir.

Qədim Misirdə enerji

Misirlilər şüşə vasitəsi ilə Günəşdən enerji əldə edib bərk cisimləri əridə bilirdilər. Mineroloq Davidoviçin tədqiqatına görə natrium ilə əhəng qarışdırılır və kostik soda əldə edilir. Daha sonra isə kostik soda, ağ qum və su ilə qarışdırılıb,10000C də qaynadılır. Nəticədə natrium-silikat əldə edilir. Natrium-silikat yəni maye şüşə kalium-silikat ilə qarışdırılır. Bir neçə gün sonra reaksiya bitir və nəticədə şüşə əldə edilir. Şüşənin ölçüsü nəqədər böyük olsa, istiliyi əks etdirməsi (əritməsi) də çox olurdu. Misirlilər bərk maddələri əridərək qəliblərə(qablara) tökür, bununla da daş heykəllər yaradırdılar. Bir çox məbədin tikintisində də əridilmiş daşlardan ya da tökmə betondan istifadə edilmişdir. Tədqiqatçı Fehmi Krasniqin dediyinə görə, misirlilər saatı da ixtira etmişdilər. Bir günü 24 saata, 1 saatı da 60 dəqiqəyə bölüb, hesablamışdılar. İstifadə etdikləri saat “su saatı” və ya Misir dilində “klepsidra” adlanırdı.

Misirlilər və astronomiya

Həmin o böyük şüşə vasitəsi ilə misirlilər gecə vaxtı səmanı müşahidə edə bilirdilər. Müşahidələr vasitəsi ilə misirlilər Sirius və Alnilam ulduzlarına nisbətən pramidaları inşa etmişdilər. Belə ki, 4 dekabr saat 00:00-da 39o,491ilə “Sirius ulduzu” görünürdü. Alnilam ulduzu isə 11 noyabr saat 00:00-da 45o,001 da firon otağını işıqlandırırdı. Misiroloq Fehmi Krasniqinin fikrinə görə Misirlilərin pramidaları ulduzlara nisbətən inşa etmələrinin səbəbi fironun ölüm tarixi və pramidanın tikiliş vaxtını tarixə həkk etmək idi.Qeyd etmək lazımdır ki, ulduzlar vasitəsi ilə biz “Xeops” ehramının hansı tarixdə(e.ə 2560-2540) tikildiyini müəyyən edə bilirik.

“Qədim Şərq dünyası”, xüsusən də “Qədim Misir” haqqında geniş məlumat əldə etmək istəyən dəyərli oxucularımız məqalənin sonunda araşdırma zamanı istifadə etdiyimiz mənbələrlə tanış ola bilərlər.

İstifadə olunmuş mənbələr:

Tərlan Novruzov – Qədim Şərq Ədəbiyyatı (Misir Ədəbiyyatı)

Ayhan Çakmur videoları- Mısır gerçekleri

Cozef Davidovits çalışmaları- (Journal of American Ceramic Society)

Fehmi Krasniqi- Le film Grande Pyramide K 2019 Relisteur

Müəllif:Tanrıverdi ƏLİYEV

TANRIVERDİ ƏLİYEVİN DİGƏR YAZILARI

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

VƏTƏNPƏRVƏRLİK VƏ YA VƏTƏNDAŞLIQ TƏRBİYƏSİ İLƏ BAĞLI ZƏNGİN PEDAQOJİ FİKİRLƏR MEHDİ MİLAXLI YARADICILIĞINDA

Dr. Kamal Camalov.

VƏTƏNPƏRVƏRLİK VƏ YA VƏTƏNDAŞLIQ TƏRBİYƏSİ İLƏ BAĞLI ZƏNGİN PEDAQOJİ FİKİRLƏR MEHDİ MİLAXLI YARADICILIĞINDA

 Qarşımda bir şeir kitabı var. Kitabın adı “Bir kağızdı, bir qələmdi, bir də mən…” (Bakı: “Xan” nəşriyyatı, 2018, 346 səh.). Kitabın müəllifi pedaqoq-şair Mehdi Milaxlıdır. Mehdi müəllimlə şəxsən tanışlığım yoxdur. “Şərq qapısı”, “Arazın səsi”, “Haqqın səsi” qə­­zetlərində, eləcə də Facebook səhifəsində paylaşdığı şeirlərini oxu­maq­la tanımışam və qiyabi tanışlığımız da buradan başlayıb. Dediyim kimi, şairi qi­yabi ta­nısam da şeir­lə­rin­də­ki vətənə, yurda sevgi, dosta, xalqa və ana dilinə məhəbbət, yurd həs­rəti, təbiətə vur­ğun­luq, saf sevgiyə bağlılıq, vicdanın səsi, prinsipiallıq, cəsarət, düş­mə­nə nifrət, alov do­lu qəzəb onun mənəvi, şəxsi keyfiyyətlərini açıq-aydın nişan verir.

Mehdi Milaxlının kitabı.

Şairin həyat fəlsəfəsi, amalı onun şeirlərindəki surətlərin hərəkətverici qüvvəsidir. Hər bir oxucu tanış olduğu misraların çoxunda vətənə sevgi və qayğıkeşlik, yoldaşa, dos­ta insani münasibət görür. Mehdi Milaxlı bəzən bu sevgini sezdirmədən, bəzən isə həs­sas­lıqla bəyan edir.

Tanrım, özün qoru türk balaların,

Toxunulmaz eylə türk qalaların…

İgid Türkməneli, mərdanə dayan,

Səngərdi dağ-daşın, hər yalçın qayan.

Mehdi Milaxlı şeirlərində oxucusuna insanlara yaxşılıq etmək fikrini haqlı olaraq tez-tez təlqin edir. Şairin şeirlərindəki ümumi şüar belədir: “İnsan gərək hər dəqiqə in­san­la­ra lazım olduğunu hiss etsin”. Mehdi Milaxlının həyat yolu haqqında tanış-bi­liş­lər­dən, dost­lardan hal-əhval tutmuşam. Ümumi fikir belə olub: Mehdi müəllim istər şeir ya­ra­dı­cı­lı­ğında, istərsə də şəxsi münasibətlərində həm şagirdlərinə, həm də insanlara qay­ğı ilə ya­na­şır, qayğıkeşlik göstərir. Təbii ki, bu belə də olmalıdır. Çünki şair ilk öncə müəl­limdir. Müəl­lim uşaqları, məktəbliləri, gəncləri ata kimi sevməli, müəllim kimi fəa­liy­yət gös­tər­mə­lidir. Deyilir ki, Mehdi Milaxlı tək öz çevrəsinə yox, çətinliyə düşən hər kə­sə yardım et­məyə çalışır. İnsanlara lazım olduğuna görə də fərəh hissi keçirir. Halal adam­dır, öz əq­li­nin və əlinin zəhmətinə qane olan adamdır. Deməli, şair olduğu kimi gö­rünən, gö­rün­dü­yü kimi olan ali varlıqdır. Bu isə öz növbəsində insanların da ona lazım ol­duğunu gös­tə­rir. Bu kimi keyfiyyətləri şair özü də “Tanı məni” şeirində belə ifadə edir:

Mən elə üzdəyəm, gör, tanı məni,

Dərindən axtarma, dibdən arama.

Tanıtmaz şairlik ad-sanı məni,

Gəlib özümü gör, cibdən arama.

…Əgər xoşlamasan, yavaşca çıx get,

Nə geriyə boylan, nə yana çevril.

Son dəfə sağollaş, əlimi sıx get,

Bil ki, asudəsən hər yana çevril.

“Deyiləm” adlı şeirində isə şair halal əməyin faydalarından danışır. Deyir ki, halal qa­­zanc qəlbi nurlandırırsa, haram qazanc da qəlbi zülmətli edir. Halal adam xalq içində də öz məğrurluğu, alicənablığı ilə hörmət və nüfuz sahibi olur. Haramxor adam isə heç bir şey­dən zövq ala bilmədiyi kimi şirin yuxuya da arzu-tamarzı qalır.

Hələ dadmamışam yad tikəsini,

Heç nədə gözüm yox, uman deyiləm,

Haram cana sığmaz, bir tikəsini

Əllərim götürsə, yuman deyiləm.

Halal göz doyurar, ürək isidər,

Haram yuxuda da incidər, didər.

Əllərim qabarar, axıdaram tər,

Ərlər də görər ki, yalan deyiləm.

Mehdi Milaxlı “Oğlum Orxana məktub”, “Oğluma nəsihət”, “Oğlum Pənaha öyüd” və s. şeirləri ilə öz timsalında xitabən gəncliyə əxlaqi məna kəsb edən doğruçuluq, sə­mi­mi­­lik, qayğıkeşlik, təmənnasızlıq, xeyirxahlıq, yaxşılıq, düzlük, həqiqət aşiqliyi, dəyanət və ehtiram, vədəyə əməl etmək və s. kimi ali keyfiyyətlər aşılamışdır.

Böyük rus tənqidçisi V.Belinski “Ədəbi düşüncələr” adlı məqaləsində yazırdı: “Xəl­­­qi şair sözün fəlsəfi mənasında həqiqi bir hadisədir. Onun şairlik istedadı çox böyük ol­­masa da, o, həmişə möhkəm bir özülə, öz xalqının təbiətinə istinad edir və xalqın ona diq­qət yetirməsində, həmin xalqın özünü dərk etməsində ifadə olunur. İstedadlı, lakin mil­li zəmindən məhrum bir şair isə həmişə az və ya çox dərəcədə müvəqqəti və kiçik bir ha­disədir. Bu elə bir ağacdır ki, əvvəlcə gur qol-budaq atıb göyərir, sonra isə kökü tor­pa­ğın dərinliklərinə işləmədiyindən tezliklə quruyur. Buna görə də şairdə xəlqilik çox za­man dərinlik və çoxnövlülük mənasında olmasa da, lakin həmişə orijinallıq mənasında bir növ dahilikdir”.

Belinskinin bu ölməz fikirlərini şair-pedaqoq Mehdi Milaxlının yaradıcılığına şamil etmək tamamilə doğru olardı.

Şair öz xalqının keçmişi ilə maraqlanır, onun böyük ədəbi və tarixi simalarını öyrənir, təhlil süzgəcindən keçirir, təbliğ və tərənnüm edir. Mehdi Milaxlının zəngin pedaqoji irsi, təlim-tərbiyə, pedaqoji-psixoloji görüşləri, eləcə də vətəndaşlıq tərbiyəsi və s. ilə bağlı fikirlərini sistemləşdirməyə zəruri ehtiyac vardır. Çünki onun pedaqoji irsi bö­yü­yən nəslin təlim-tərbiyəsində mühüm rol oynayır.

Çoxşaxəli və zəngin yaradıcılıq diapazonuna malik olan Mehdi Milaxlının gənc­lə­rin vətəndaşlıq tərbiyəsi ilə bağlı yaradıcılığı, həmçinin xidmətləri əvəz olunmazdır. Şeir ya­radıcılığını bəzəyən vətənpərvərlik və ya vətəndaşlıq tərbiyəsi ilə bağlı zəngin pedaqoji fi­kirlərdir. Şair vətənlə bağlı şeirlərində oxucusuna Vətənə, torpağa bağlı olmağı, gərəkli ol­mağı, əsl vətəndaş olmağı təlqin edir. Şairin böyük ilhamından və iste­da­dından do­ğul­muş “Naxçıvan”, “Şuşam”, “Xocalım”, “Vətən bizim anamız, biz onun əs­­­gəriyik”, “Əlin­cə qalasına dair bayatılar”, “Əlincə qalası” və sair şeirlər Azər­bay­can ger­­çəkliyini mənalı və münasib şəkildə əks etdirən şeirlərdir.

Odlar diyarının yanar parçası,

Elə ilk görüşdən qəlbimi aldı.

Gəzibmi hüsnündə rəssam fırçası?

Təbiət bu yerdə sirdi, sualdı.

…Baba yadigarı Əshabi-Kəhfdir,

Xaraba Gilandır, Gəmiqayadır.

İndi oğullar var, bu daş yaddaşda

Yatmış xatirəni bir-bir oyadır.

Vətəndaşlıq – ən zəruri vəzifə və mənəvi keyfiyyətdir. Vətəndaş dərin siyasi, fəl­sə­fi mənalar daşısa da, yeniyetmələrin, gənclərin dərk edə biləcəyi, həyat idealına çe­vi­rə­cə­yi bir anlayışdır. Bütün dinlərdə və səmavi kitablarda vətən kəlməsi tez-tez səs­lənir, onu əziz və müqəddəs tutmağın zəruri olması göstərilir. Dünyanı və insanlığı də­rindən və hər­tə­­rəfli dərk edənlər və gələcəyi görənlər peyğəmbərlərdir. İla­hiy­yat­şü­nas­lıq­da və ya is­lam­­şünaslıqda doğulub boya-başa çatılan yerə, yəni vətənə məhəbbət və onu qorumağın mü­­qəddəsliyi qeyd olunur və göstərilir: uşağa doğma olan iki şey var: onun biri anadırsa, ikin­cisi vətəndir. Uşaq böyüdükcə dərk etməyə başlayır ki, vətən torpağı daha qədimdir, ana­­ların da doğma torpağı olub. Şəriət kitablarında ananı, torpağı, haq­qı, ədaləti qo­ru­yan­la­­ra əsil vətəndaşlar deyilir. Bir sözlə, ailəsinə, xalqına, ölkəsinə namuslu vətəndaş ol­maq tər­biyəsini yeniyetmələr ailədən almağa başlayırlar. Deməli, vətən ailədən baş­la­nır. Şairin 2014-cü idə qələmə aldığı bir şeirində oxuyuruq:

Yaşam üçün ömrünü şum edən bu xalq,

Səngər qazıb, qala qurub, daş ucaldıb.

Qeyrət üçün yağı üstə gedən bu xalq,

Düşmənlərdən bac alaraq baş ucaldıb.

Göz üstündə qoruyuruq, saxlayırıq,

Hər qarışı bir tarixdir, kaşanədir.

Sevə-sevə əzizləyib yoxlayırıq

Çünki bizə ululardan nişanədir.

Mehdi Milaxlı vətən tarixinin nəsillərdən nəsillərə ötürülməsinə və ya öyrənil­mə­sinə meyl və maraq yaratmaq, vətən sevgisini artırmaq cəhətdən əhəmiyyətli hesab edir. Həmçinin, gənclərin dünyagörüşünün təkmilləşdirilməsində elmi, siyasi, tarixi, ictimai, ideoloji və s. dünyagörüşlərin geniş və dərin olmasını da vacib faktor sayır. Eləcə də şeir­lərinin hər bir misrasında vətəndaş tərbiyəsinin yetişməsində təmizliyi, halallığı, düz­lü­yü, səxavəti, sədaqəti, dəyanəti, iradəni, əzmkarlığı və s. aşılayır, nümayiş etdirir.

Şair Mehdi Milaxlı vətənəpərvər şeirlərində ustalıq göstərərək Azərbaycanın zən­gin təbiətini də məhəbbətlə təsvir edir. Təbiəti təsvir Mehdi Milaxlı lirikasının ayrıl­maz key­fiyyətidir.

Şəruru gəzərkən ürək sevindi.

Belə eşitdim mən elin ağzından,

Arpaçay şıltaqlıq etməyir indi,

Saralar qurtulub selin ağzından.

…Qocaman ağacın pöhrəsi kimi,

Yollar şaxələnib, yollar dəyişib.

Günəşin gülümsər çöhrəsi kimi

Bu günəşli diyar nə gözəlləşib.

Şair əsrarəngiz yerləri tükənməz bir sevgi hissi ilə, iftixarla tərənnüm edir, onun hər guşəsinə nəzər salıb fərəhlənir. Bu, sadəcə olaraq, gözəllikdən zövq alıb nəşələnən bir ada­mın fərəhi, şadlığı deyildir. Batabat, Əlincə qalası, Əshabi-Kəhf, Gəmiqaya və s. ona gö­rə əzizdir ki, onların gözəlliyi insana, cəmiyyətə fayda verir. Odur ki, şair bu yerlərin hər müvəffəqiyyətini eşidəndə coşur, vətənin bərəkətli torpaqlarına alqışlar oxuyur.

Göründüyü kimi, yeni həyatı göstərmək, onun əzəmətini nümayiş etdirmək üçün Mehdi Milaxlı tez-tez tarixə qayıdır, keçmişi yada salır, yeni ilə köhnəni müqayisə edir. Bu şairin şeirlərində istifadə etdiyi üsullardan biridir. Bununla o, canlı real mənzərələr ya­radır, yazdıqlarının inandırıcılıq qüvvəsini artırır. Şair oxucusuna demək istəyir ki, keç­mi­şin qədrini bilməyən, sabahını çətin müdafiə edər.

Görkəmli tədqiqatçı alim, akademik Kamal Talabzadə yazırdı ki, ideya, fikir sə-nə­tin bütün növləri üçün əsasdır. Fikirsiz sənət olmayıb, indi də mövcud deyil. Lakin fik­ri, ide­yanı necə, hansı şəkildə təqdim etmək sənətkar üçün mühüm amildir. Şeirlə de­yilən fi­kir dərhal hissə, ürəyə keçmirsə, yalnız sənin beynini hərəkətə gətirirsə, o, şeir deyildir. Bu mənada, Mehdi müəllim təkcə öz beynini yox, ürəyini də, hisslərini də bir­lik­də, onları bir-birindən ayırmadan dinləməyi bacaran şairdir.

Ahəngi könlümə yatsa yaxşıdır,

Məntiqi ağlıma batsa, yaxşıdır,

Mənası ellərə çatsa yaxşıdır,

Yüz ölçüb, bir biçib, düz yaradıram,

Ürəyimə yatan söz yaradıram.

Mehdi Milaxlının şeirlərində fikirlə, mətləblə hiss, duyğu, təəssürat, həyəcan dal­ğa­larını bir-birindən ayırmaq çətindir, onlar elə qarışıb ayrılmaz olurlar ki, birinin ha­rada baş­ladığını, digərinin harada qurtardığını təyin edə bilmirsən; başqa sözlə, bu şeir­də be­yin­lə ürək bir ahəng təşkil edir, buna görə də əsil sənət əsəri – həm beynə, həm ürə­­­yə nü­fuz edən sənət əsəri yaranır. Elə bu səbəbdən də Mehdi Milaxlının şeirlərində ritm, ahəng, vəzn, qafiyə, təkrirlər çox mühüm yer tutur, bunlar şairin fikir və hisslərinin bir­ləş­miş va­hid ahəngi kimi səslənir, təbii təsir bağışlayır, musiqi qədər ahəngdar poe­zi­ya­ya çev­rilir. Bu da onu göstərir ki, şair sənətin zirvələrinə doğru yürüşünü davam etdirir.

Mehdi Milaxlının şeirlərindəki fikirlərə, mətləblərə fikir və görüşlərimizi qısa da olsa çatdırdıq. Bunula yanaşı, şairdən bir təvəqqemiz də vardır. Təvəqqemiz də ondan iba­rətdir ki, şair rəvan, axıcı rutm, ahəng, vəzn və qafiyəsindən yararlanaraq balaca növ­ca­vanlarımız, körpələrimiz üçün şeirlərinin sayını biraz da artırsın. Çünki bu gün uşaq ədə­biyyatının, uşaq antologiyasının buna zəruri ehtiyacı vardır.

Ülvi amallar uğrunda mücadilə aparan, gənclərdə milli-mənəvi dəyərlərin aşılan­ma­sına biganə qalmayan, müqəddəs bir məqsədə, öz xalqına həm müəllimlik fəaliy­yə­ti ilə və həm də şeir yaradıcılığı ilə layiqincə xidmət edən Mehdi Milaxlıya uğur dolu mü­vəffəqiyyətlər arzulayırıq.

Müəllif: Kamal CAMALOV

Naxçıvan Müəllimlər İnstitutu

Pedaqogika elmləri doktoru

Azərbaycan Respublikasının Əməkdar müəllimi

Azərbaycan Yazıçılar Birliyinin üzvü


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

TƏHSİL SAHƏSİNDƏ BAŞ VERƏN DƏYİŞİKLİKLƏR, İSLAHATLAR: bioloji tənsilin inkişaf perspektivləri

Dr. Zərövşən Babayeva

TƏHSİL SAHƏSİNDƏ BAŞ VERƏN DƏYİŞİKLİKLƏR, İSLAHATLAR:

 bioloji tənsilin inkişaf perspektivləri

Yeni dövr – yeni format, yeni metod və vasitələr tələb etməkdədir. Artıq qloballaşan dün­ya­da hər bir inkişaf kimi, problemlər də tez bir zamanda bütün  dünyanı əhatə etməklə səfər­bər­lik diktə edir. Tədris sahəsi də baş verən dəyişiklik fonunda artıq dünyada baş verən  dəyişik­lik­lə­rə səmərəli cavab vermək məcburiyyətində. Bunun üçün dünyada gedən yeniliklərə inteqrasiya etmək üçün istər təhsil, istər də texnologiyalar sahəsində kadr potensialı zənginləşdirilməlidir. Bu­raya həmçinin təhsil ocaqlarının   maddi-texniki bazasının yenilənməsi də daxil­dir. Hazırda bi­o­lo­giyanın tədrisində istifadə etdiyimiz metod və üsullar tədrisin səmərəliliyinə təsir göstər­mək­də davam edir. Lakin çalışıb fərqli, yeni imkanlar da tapılmalıdır. Dünyada isti­fa­də olunan yeni vasitələr, İKT-dən istifadənin fərqli metodikasını tədrisə gə­tir­mək­lə öyrənən­lər­də marağı artırmaq tədrisin keyfiyyətini artıracaq amildir. Deyildiyi kimi: “Məsləki inkişaf mütləqdir”. Bir çox metodistlərin fikrincə təhsil sistemi memarlığa bənzəyir. Bu sistemə içəridən baxdıqda nələri dəyişəcəyimizi düzgün qiymətləndirməliyik. Əslində təhsil sahəsindəki memarlıq sosial memarlıqdır: öyrənmə mədəniyyəti, qarşılıqlı müəllim-tələbə, müəllimlərin öz aralarındakı münasibətlərində keyfiyyət dəyişikliklərinə ehtiyac vardır.

Bundan başqa, təhsil müəssisələrinin rəhbərləri də öz işlərində islahat aparmalı, təhsilverənlərin işində, sosial həyatında rəğbətləndirmələredilməli, ehtiyaclarının öyrənilib təmin edilməsi, qayğısına qalınması ilə təhsil sahəsində yüksək səmərəliliyə nail olmaq mümkündür. Təhsil sistemində xarakter də mühüm rol oynayır: burada əsasən öyrədənlərin qətiyyəti, tədris prosesinə güvəni, məktəbdə müəllimlərlə münasibəti nəzərdə saxlanmalıdır. Avropa İqtisadi Əməkdaşlıq Təşkilatı təbiət elmlərinin qiymətləndirilməsi zamanı əsasən müəllimlərin performansını qiymətləndirir. Buraya onların işə – dərsə hazırlığı və işdən məmnunluğunun araşdırılması, müəllimlərin psixoloji vəziyyəti, şəraiti, maaşı, motivasiyası nəzərə alınması, müəllimlərin profesional potensialı və s. daxildir. Məlumdur ki, müəllimin sosial rifahı təhsilin səviyyəsinin yüksəlməsinə təsir edən başlıca amillərdəndir. Bu zaman hər iki tərəf bir-birindən razı qalmaqla prosesin, fəaliyyətin keyfiyyəti yüksəlir ki, bundan udan da yenə cəmiyyətlərdir. Təhsil müəssisələrində mütəşəkkillik, yekdillik, səfərbərlik, bir-birini dəstəkləmək, müəllimlərin işbirliyi labüddür.

Təhsil sisteminin strukturunun yenidən qurulması ilə öyrənənlərdə səriştələrin,       imkan-bacarıqların, fiziki mühitin düzgün təşkili vasitəsilə istər öyrədən, istərsə də öyrənənlərin iş qabiliyyətini artıra bilərik. Hesablamalar göstərir ki, yaranmış bəzi problemlər öyrənənlərdə iki səbəbdən tədris prosesindən uzaqlaşma istəyi yaradır: öyrənənlərin prosesə marağının sönməsi, tədris prosesinin 75%-i cəlbedici olmaması. Bəs yeni sistemi yaratmaqla nəyə şərait yarada bilərik? XXI əsr öyrədici mühiti ənənəvi təhsildən, yeni keyfiyyət göstəriciləri ilə fərqlənməlidir: tədris prosesinin maraqlı təşkili, öyrənənlərin yeni biliklərin kəşf etmələrinə, analiz-sintez qabiliyyəti, məntiqi təfəkkürünün formalaşması, səriştəli, yaradıcı olması və s. Həmçinin müəllimlərin işbirliyi, bacarıqların artırılmasına, fənlərin inteqrasiyasına, differensisaiyasına nail olunarsa məktəbdə təhsilin keyfiyyətini artıra bilərik. Yəni öyrənmə formal xarakter daşımamalı, bu zaman dərin öyrənmə, tətbiqetmə bacarıqlarının, düşünmə vərdişlərinin yaranmasına xüsusi fikir verilməlidir. Təhsil sisteminin nailiyyətlərinin zaman-zaman yoxlanması, yerli imkan və şəraitə uyğunlaşdırmaq da tədrisin səviyyəsini yüksəltməyə xidmət edir. Buraya müəllimlərin professionallığını da daxil etmək lazımdır. Həmçinin müəllimlər məmnunsa işinə də təsir edir və tələbəyə keçir. Həm müəllim, həm tələbə təhsil proseslərindən razı qalmalıdır ki, işin keyfiyyəti yüksəlsin. Müəllimlər eyni bir məqsədə xidmət etməlidir. Məqsəd – vahid məqsəd, yekdillik deməkdir. Mütəşəkkillik, yekdillik, səfərbərlik bir-birini dəstəkləməli, bir sözlə, müəllimlərin işbirliyi əsas şərtdir.

Dünyanın inkişafı, yaxşılaşdırılması – hər zaman təhsilin məqsədi və vəzifəsidir. Yeni öyrənmə – yeni təhsil sistemi – dünya ilə əlaqə; dünyada baş verən proseslərə töhfə vermək, dünyanı dəyişmək – 4 xüsusi meyar – islahatlarda əsas tutulur. Bəs pandemiya dövründə hansı dəyişikliklər tələb olunur? 4 əsas element: rifah, sosial intellekt, keyfiyyət investisiya, sistemlilikdən ibarətdir. Müasir təhsil yeniliklərə cavab verən nəsil yetişdirməli, təhsilli olmaq, problemləri həll etməyi bacarmaqla cəmiyyətlərin rifahını yüksəltməyə xidmət etməlidir. Əslində özünə təhsil lideri deyənlər başqa təhsil müəssisələrindən də məsul olmalıdır. Bəs əməkdaşlıq edərək rəqabət etmək necə mümkündür? Belə hesab edilir ki, başlıca olaraq: müəllimlər siniflə məhdüdlaşmamalı, digər müəllimlərlə əlaqəli əməkdaşlıq, təcrübə mübadiləsi, təhsil konfransları təşkil edilməlidir. Rəqabət isə  – digər məktəblərlə əməkdaşlıq, təcrübə mübadiləsi, məktəblilərin iş birliyi, müəllimlərin əməkdaşlığı, bir-birinə dəstək olmaq və sairdən ibarətdir. Təhsildə bu yeni dalğadır və təhsilin səmərəliliyini artırmaqdadır (Prof. Michael Fullan).

Konfusinin fikrinə görə: “oxumaq, oxumaq və tərəddüd etmədən təkrar etmək” daha səmərəli təlim hesab edilirdi. Hazırda isə o təlim səmərəli hesab olunur ki, nəinki elmi bilikləri öyrənmək, həmçinin öyrədilənlərin yaradıcı tətbiqinə nail olunsun. Müasir dövrdə öyrənənləri biliklərin saxlanıldığı papka formatından çıxarıb tədris prosesinin fəal     iştirak­çı­la­rına çevirmək, biliklərin tətbiq etmə bacarıq-vərdişləri perspektivli hesab edilir. Xüsusilə də canlı müşahidədən mücərrəd təfəkkürə, sonra təcrübə, müşahidə, eksperimentdə yoxlama biologi­ya­nın tədrisində xüsusi əhəmiyyət kəsb edir. Təhsilalma və təhsilvermə elə bir prosesdir ki, burada bir neçə komponent bir­lik­də iştirak etməlidir: bilik, bacarıq, vərdiş. Bunların bir-biri ilə əlaqəsi isə nəti­cə­də arzuolunan təhsili formalaşdırır. Xüsusi bir məqam da vardır ki, əvvəla müəllim ixtisasını yaxşı bilməli, auditoriyanı sevməli, yeniliklərə açıq olmalıdır. Təhsil sahəsində son illər baş verən dəyişikliklər, islahatlar, təlim texnologiyaları, müasir təlimlər, metod, üsul və vasitələr yalnız yerində və səviyyəsində tətbiq olunarsa səmərə verir. Qeyd edək ki, istifadə olunan hər hansı metod və imkanlar etalon kimi qəbul edilməməli, auditoriyanın yaş və bilik səviyyəsini nəzərə alınmalı, yerli şəraitə uyğunlaşdırılmalıdır. Son illər anlaşılır ki, baza təhsili artıq tələbatı ödəyə bilmir. Bu səbəbdən təhsil sahəsinin müasir çağırışlara yaxınlaşması, çatması vacibdir. Bu günün aktual problemlərindən olan təhsilin yeni qayəsi, məqsədi müasir tələbləri, yeni dünya standartlarını  ödəməyə hesablanmalıdır. Əslində öyrənənlər üçün həyat məktəbdən sonra başlayır fikri yanlışdır. Onlar həyatı hərtərəfli şəkildə məktəbdə yaşamalıdır. Bu zaman səriştəli, yaradıcı, bilikli, məntiqli düşünməyə qadir olan təhsilalanların formalaşması baş verər. Biologi­ya­nın təd­risində bioloji anlayışlar təlim prosesinin əsasını təşkil edir. Nəticədə tə­li­min üç baş­lıca vəzifəsi: öyrətmək, tərbiyələndir­mək və inkişaf etdirmək həya­ta kecirilir. Anlayışların bacarıqlara keçməsi bütün biologiya kurslarında mümkündür. Bacarıqların inkişafı anlayışların inkişafı ilə əlaqəlidir. Bilik, bacarıq və vərdişləri inkişaf etdirmək üçün onların məzmununu inkişaf etdirmək, əvvəlcə sadə bacarıqlar, sonra isə daha mükəmməl və mürəkkəb bacarıqlar forma­laş­dırıl­ma­lı­dır. Hazırda təhsil sahəsində kurikulum islahatları sayəsində tədris      pro­se­sin­də keyfiyyət dəyişiklikləri aparıl­maq­dadır. Fənyönümlü kurikulum məzmun      eti­barilə elm sahəsini, onun mükəm­məl anlayışlar sistemini əhatə etməklə bu anlayış­la­rın mənimsənilməsinə istiqa­mət­ləndirilir. Bütün praktik bacarıqların yerinə yetiril­mə­sində məqsəd biliklərin möhkəmliyini, davamlılığını artırmağa xidmət göstərir.

        Ümumiyyətlə, biologiyanın tədrisində istər tələbə, istərsə də müəllim ölkədə və dünyada baş verən yenilikləri izləməli, təhsil islahatlarını müzakirə edib tədris üçün ən səmərəlilərini seçməyi bacarmalıdır. Həmçinin öyrəndiyi hər hansı bilik, bacarıq və metoda etalon kimi baxılmamalıdır – deyə düşünür və daim audi­to­­­riyalarda təkrarlayırıq. Hər şeyə tənqidi yanaşma bacarığı həm öyrəni­lə­nin mahiyyətinə varmağa, həm də yaradıcı tətbiqetməyə imkan yaradır. Həm­çinin təlim fəaliyyət prosesi olduğu üçün bu prosesdə öyrədən və öyrənən arasında xü­susi ünsiyyət modelləri yaranmalıdır. Buraya 3 A texnikasını aid etmək olar:

  •  Anlamaq; Anlatmaq; Anlaşmaq.

Yəni hər bir fəaliyyət prosesində anlaşmaq üçün ilk növbədə anlatmaq istədiklərimizi özümüzün anlaması əsas şərtdir. Təhsil; Tərbiyə – nəticə; İnkişaf. Yəni – təlim – təhsil – tərbiyə = inkişafdır. Biologiyanın tədrisi prosesində hərtərəfli dünyagörüşü formalaş­dır­maq üçün pedaqoji və dialektik prinsiplər əsas götürülməlidir. Əsasən biolo­gi­ya­­nın tədrisində dünyagörüşün üç istiqamətli əsas götürülməlidir: dünyagö­rü­şün mad­diliyi və vahidliyi, dialektika qanunlarının ümumi xarak­ter daşıması. Ümumiy­yətlə, dünyagörüşü təlim və tərbiyə vəzifəsini görür, dolayısı ilə şəx­siy­yətin forma­laş­masına xidmət edir. Məktəb biologiya kur­sun­da canlı or­qa­nizmlərə daim hərə­kət­də, inkişafda olan materiya kimi baxılmalı: ibti­da­idən aliyə, sadədən mürək­kəbə hərəkət – inkişaf prinsipi əsas      götü­rül­mə­lidir. Mövcud təlim, metod və üsullardan başqa daha düşündürücü, cəlbedici, fərqli vasitələrdən istifadə də təlimin keqfiyyətini artırmağa kömək edir. Məsələn hər hansı bir mövzunun tədrisində izahın balığın quruluşu üzərində verilməsi həm xüsusi marğa, həm də diqqətin artması ilə yüksək mənimsəməyə səbəb olacaqdır. Bəs bunu necə həyata keçirə bilərik? Balıq sümüyü – elmdə problemlərin həlli üçün yaxşı bir yanaşma olan tənqidi düşün­cə­nin təşkili üçün vizual bir vasitədir. Balıq sümüyünün diaqramı şagirdlərə problemə səbəb olan və­ təsir ilə səbəb arasındakı əlaqəni ölçən, kök səbəbləri barədə öyrətməyə kömək edir. Bu bir qrupa dərs deyəndə daha təsirli olur. Bu diaqram yanaşmasında, balığın başı dəyişikliyi təmsil edir, qabırğalar bunun səbəbini göstərir və lentlərdə dəstəkləyici dəlillər yazılır.

Bəs bi­olo­gi­ya­nın tədrisində interaktiv, konstruktiv təlimdən başqa, texnologiyanı zəruri edən amillər hansılardır? Müx­tə­lif səbəb­lər­­dən mü­şa­hidəsi müm­kün olmayan bəzi obyekt və hadisələrin gostərilməsində kom­pyuter tex­nolo­gi­ya­ları əvəzsiz rol oynayır. Məsələn:

  • əgər onlar böyük deyilsə (nüvənin strukturu)
  • tezötürüəndirsə (sinir impulsunun neyrondan neyrona ötürülməsi prosesi)
  • müşahidəsi mümkün deyilsə (embrionun inkişafı)
  • izah edilməsi, daha doğrusu başa düşülməsi mürəkkəbbdirsə (zülal sintezi)
  • nümayiş etdirilməsi mümkün deyilsə (dərin su heyvanları, alp çəmənlikləri) və s.

Artıq həyatımızın bütün sahələri rəqəmsallaşdığı üçün müasir texnoloji bacarıqlarsız heç bir fəaliyyət mümkünsüz hala gəlmişdir. Tədrisin belə onlayn rejimə möhtac qalması dijital fəaliyyətin təkmilləşdirilməsini tələb edir. Lakin dünyada baş verən problemləri nəzərə alaraq bilməliyik ki, cəmiyyətlərə “bilgili canavarlar” lazım deyil!!! İnsanlar arasında ayrı-seçkilik edilməməli, ədalətli, dünyanı qurtarmağa çalışan nəsillər yetişdirməyə çalışılmalıdır. Lakin bərabərlik də hər zaman adil olmaya bilər. Bunun üçün təhsil sahəsində çalışanlar daha duyarlı, ədalətli, bilikli, müasir dünyaya uyumlu, gələcəyə sevgi ilə baxan, zəngin dünyagörüşlü olmalıdır. Çünki öyrədən öyrənməyi buraxırsa, o adi bir lövhəyə çevrilir və bunun kimsəyə faydası olmaz.

Müəllif: Zərövşən Babayeva

Naxçıvan Dövlət Universiteti

Zoologiya kafedrasının dosenti,

 pedaqogika üzrə elmlər doktoru

                                                                                             dr.zarifbabayeva@gmail.com


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Nazim Hikmət, Ceviz ağacı və Hidayətin essesi… – Qurban BAYRAMOV yazır

Qurban Bayramovtənqidçi-ədəbiyyatşünas.

Nazim Hikmət, Ceviz ağacı və Hidayətin essesi… – Qurban BAYRAMOV yazır

Bir gün Pablo Nerudadan soruşurlar: “Öncül şairlərə yer verəcəyiniz bir antologiya hazırlasaydınız, həmin antologiyada Nazim Hikmətə də yer ayırardınızmı?” Pablo Nerudanın cavabı belə olub: “Əgər tək bir şairdən ibarət antologiya hazırlasaydım, bu şair Nazim Hikmət olardı.”Düşünürəm ki, Nazim Hikməti Azərbaycanda tanımayan yoxdur, eləcə də, Hidayəti…  Həmçinin Nazim Hikmətin “Ceviz ağacı” şeirini də bilməyən yoxdur. Nazim Hikmət və ceviz ağacı, eləcə sinonimə çevrilibdir…Bu şeirdə belə bir qoşa misra var: ”  Ben bir ceviz ağacıyım Gülhane Parkında.  Ne sen bunun farkındasın, ne polis farkında.” Ola bilsin ki, indiki gəncliyimiz bu dediklərimin “farkında” olmasın, ona görə də, yaddaşı bərpa farkında olaraq məlumat vermək məcburiyyətindəyəm.
Nazim Hikmət! Türk şairi, yazıçı, ssenarist, dramaturq və ictimai xadim. Ləqəbi “Gözəl üzlü şair” və ya “Mavigözlü dev”dir. Əsərlərinin qadağan illərində Orxan Səlim adından da istifadə etmişdir. Türkiyə poeziyasında sərbəst şeirin ilk nümayəndəsi və çağdaş Türk şeirinin ən ünlü və önəmli şəxsiyyətidir. Türk inqilabi poeziyasının əsasını qoymuşdur. Beynəlxalq miqyasda tanınmış və adı XX əsrin ilk yarısından məlum olan dünyanın ən böyük şairləri sırasında çəkilməkdədir. Beynəlxalq Sülh mükafatı laueratı (1950) fəxri adını almışdır.
Ben bir insan,
ben bir Türk şairi Nazım Hikmet
ben tepeden tırnağa insan
tepeden tırnağa kavga,
hasret ve ümitten ibaret.
20 noyabr 1901-ci ildə Selanikdə doğulsa da, ailəsi tərəfindən 15 yanvar 1902-ci il qeydiyyata alınmışdır. “Vətən fəryadı” adında ilk şeirini 1913-cü ildə yazmışdır. 1922-ci ildən Türkiyə Kommunist Partiyasının üzvü olmuşdur. Buna görə ayrı-ayrı vaxtlarda üst-üstə 11 dəfə məhkəmə çəkişmələrində olmuş və həbs edilmişdir. Sonra mühacirət eləmiş, Moskvada məskunlaşmışdır. Nazim Hikmət əvvəllər də, 1922-1925-ci illər arasında da Sovetlər Birliyində yaşamışdı… “Günəşi içənlərin türküsü” adlanan  ilk kitabı da burada – Azərbaycanda, Bakıda nəşr edilmişdir. “Bakıya gəldim, dünyalar mənim oldu” deyirdi şair. Lakin hər gəlişində o da Bakıya bir dünya bağışlayırdı. “Günəşi içənlərin türküsü” kitabının Azərbaycanda nəşri poeziyamıza yeni nəfəs, yeni ruh gətirmişdi. Sonrakı illərdə bu ruh, bu yeni nəfəs Azərbaycan şairlərindən Mikayıl Rəfilinin, Süleyman Rüstəmin, Səməd Vurğunun, Rəsul Rzanın, Nigar Rəfibəylinin və digər ünlü sənətkarların yaradıcılığında bariz şəkildə öz təcəssümünü tapmışdı. Adlarını çəkdiyim bu şairlərin hər birinin yaradıcılığında Nazim poeziyasının ətri duyulur. Bu şairlərin içərisində Rəsul Rzanın özünəməxsus yeri vardı.
Əsərləri 1938-ci ildən Türkiyədə yasaqlanmış və 25 iyul 1951-ci il tarixində Türkiyə vətəndaşlığından  çıxarılmışdır. 28 il həbs cəzası almış, onun 12 ilini Bursa həbsxanasında  keçirmiş, 1950-ci ildən yenidən Moskvaya getmişdir. Nazimə görə bu həbsxana da belə xoşbəxt olaraq məşhurlaşmışdır… 3 iyun 1963-cü ildə Moskvada infarktdan vəfat etmiş, ölümündən iki il sonra – 1965-ci ildən əsərləri Türkiyədə yayımlanmağa başlamışdır… 5 yanvar 2009-cu ildə Türkiyə dövlətinin qərarı ilə Türkiyə vətəndaşlığı bərpa edilmişdir. Həmin hadisə “Ədəbiyyat qəzeti”ndə görkəmli yazıçı, Nazim Hikmətə həsr etdiyi “Kərəm kimi” mükəmməl əsərin müəlifi  Anarın “Zəfərin mübarək, Nazim” məqaləsi ilə qeyd edilmişdir.
Nazim Hikmət Azərbaycan xalqının və ədəbiyyatının yaxın dostu idi. O, dəfələrlə Bakıya gəlmiş, Azərbaycan şair və yazıçılarının bir çoxu ilə şəxsən dost olmuş, onlarla yaradıcılıq əlaqəsi saxlamışdır. Azərbaycana həsr olunmuş şeirləri, Azərbaycan mədəniyyətinə dair məqalə və xatirələri vardır. Əsərləri Azərbaycanda dönə-dönə nəşr olunmuş, pyesləri tamaşaya qoyulmuşdur. Bəstəkar A.Məlikov şairin “Məhəbbət əfsanəsi” pyesi əsasında eyniadlı balet yazmış, Azərbaycanın digər bəstəkarları şeirlərinə romanslar bəstələmişlər. R.Babayev “Kəllə” pyesinə illüstrasiyalar çəkmiş, M.Rzayeva şairin büstünü yaratmışdır. Mahir pedaqoq və ədəbiyyatşünas Əli Sultanlı isə şairi “Türk şeirinin Prometeyi” adlandırmışdır. Müxtəlif vaxtlarda  onu “Nazim Hikmət qalaktikası”, “Dünya poeziyasının türk şahzadəsi”, “Şeir inqilabçısı – Nazim Hikmət”, “Dühanın tənhalığı”, “Türk sərbəst şeirinin banisi” təşbihləri ilə vəsf etmişlər. Tanınmış Türk ədibi və jurnalisti Zəkəriyyə Sertelin “Mavi gözlü dev” adlandırdığı Nazimi “Nazim Hikmətov”, “Kommunist Don Kixot” adlandıranlar da olubdur. Amma Pablo Neruda demiş: “Bu o Nazim Hikmətdir ki,
Türkün səsini bütün bəşəriyyətin səsinə çevirdi!”
Azərbaycan ədəbi mühitində fövqəladə bir səviyyədə sevilmiş və poeziyamıza, poetik təfəkkürümüzə gözəl təsiri olmuş, barəsində tədqiqatlar aparılmış, kitablar və məqalələr dərc edilmişdir…  Nazim Hikmətin “Otuz ildən sonra” adında bir şeiri var, 1957-ci ildə, Bakıya gəlişində yazıb, orada bu misra keçir: “Azerbaycan şiiri vardı, ama Samedinkiler yoktu”.
İndi 2017-ci ildir, XXI əsrdir və həmin şeirdən 60 il sonra Azərbaycanın ünlü şairi, dramaturqu, yazıçı-publisisti, ictimai xadim Hidayət “Ceviz ağacı”nın budaqlarında Nazim Hikməti yenidən Bakıya gətirdi. “Ceviz ağacı”nı isə dilimizə ilk dəfə Rəsul Rza uyğunlaşdırmışdı və “Rənglər” silsiləsi şeirlərinin birində “Üfüqdə göy gözlərin sarı həsrəti” deyərkən Nazim Hikmətin həsrətini nəzərdə tuturdu… Və bu həsrət “Ceviz ağacı” şeirində də budaq-budaq budaqlanır, yarpaq-yarpaq yarpaqlanır…
Nazim Hikmət haqqında Azərbaycanda yazılan və hələlik son əsər olan ünlü ədibimiz Hidayətin “Ceviz ağacı” essesi bizi bu  sətirləri yazmağa vadar elədi…
Nazim Hikmət Hidayətin ən çox sevdiyi şairlərdəndir, özü də barmaqhesabı… Onun poetik ruhunun və üslubunun bir damarı da Nazim Hikmətdən gəlir… Bu essesində isə məhəbbətini və ehtiramını belə ifadə edir: “…O ceviz ağacı boyunca göylərə boylandım, Nazimi xatırladım. – Nazim Hikmət XX yüzilliyin ən böyük şairidir, – deyirəm, – bütün cahanda. Bu əsrdə böyük şairlər çoxdur. Elə Azərbaycanda – Sabir, Hüseyn Cavid, Səməd Vurğun, Rəsul Rza, Bəxtiyar Vahabzadə…, Rusiyada – Sergey Yesenin, Braziliyada – Jorj Amadu… Səməd Vurğunun misralarını xatırlayıram: “Nazim də ucaltsın haqqın səsini / Dəmir pəncərəli zindan içindən. Qatsın nəfəsimə öz nəfəsini” Qavalos Romadan, Siya-U Çindən… XX əsrdə çoxdur böyük şairlər.  Ancaq ən böyüyü Nazim Hikmətdir.”
Hidayət müəllim bu esseni 2011-ci ildə qələmə alsa da, mən bunu ilk dəfədir ki, oxudum və olduqca təsirləndim. Əslində, bu esse janrında yazılmış və nazimşünaslıqda “gizli” qalan mühüm bir bədii fakta elmi, ədəbi-estetik münasibətdir, müasir intellektimizin Nazim Hikmətə ucaldılan abidəsidir…
Hamıya məlumdur ki, Nazim Hikmətin “Ceviz ağacı” şeiri onun ən məşhur, geniş yayılmış, deyərdim ki, dillərdə əzbərə çevrilmiş monumental ədəbi dəyər qazanmış əsərlərindən biridir. Bu şeirin yaranması barəsində, hətta belə bir əfsanə də uydurulubdur: “Bu şeirin gerçək bir hekayə olduğunu bilməyənlər üçün isə hekayəni danışmaq istəyirəm.  Güya bir gün Nazim Hikmət sevgilisi ilə Gülhane parkında görüş təyin edir. O dövrdə Nazim Hikmət haqqında həbs olunma qərarı var idi. Qaçaq şəkildə yaşayan Nazim parka polislərin gəldiyini görüb qoz (ceviz) ağacına dırmaşır. Ağacın altından həm polislər, həm də şairin sevgilisi keçir. Nazim Hikmət isə onları üzgün bir şəkildə izləyir, şeiri yazır.”  Əlbəttə, bu “Ceviz ağacı” şeirinin sehrinə düşərək söylənilən əfsanədir və eləcə Nazim Hikmətə xalq-oxucu məhəbbətinin ifadəsidir. Və bu məhəbbətin gücüdür ki, yolu İstanbula düşən elə bir “Nazim sevdalı” ziyalımız, yazıçımız, şairimiz olmasın ki, Gülhanə parkına gedərək Nazimin ceviz ağacını aramasın…
… Gülhanə parkında ceviz ağacı olmayıbdır. Bunu Nazim yaxşı bildiyindən özünü Türkiyədə, məmləkətin baş şəhərində, bu baş şəhərin baş parkında  bir ceviz ağacı kimi təqdim edibdir. “Ben bir insan, ben bir Türk şairi Nazım Hikmet, ben tepeden tırnağa insan, tepeden tırnağa kavga, hasret ve ümitten ibaret…” – deyə, bağıran Nazim Hikmət Türkiyədən məcburən  mühacirət etsə də, heç kimin farkında olmasa da, o yenə də Türkiyədədir, Türkiyənin bağrındadır. Nazim “Sen” ifadəsini də sevgilisinə yox, sevdiyi Türk vətəndaşlarına, istanbullulara xitab edibdir…
Hidayət müəllimin “Ceviz ağacı” essesinin ədəbi-estetik mahiyyəti də bu gerçəyə bağlanır. Essenin əsas məzmunu bundan ibarətdir ki, Hidayət müəllim də Gülhanə parkında Nazim Hikmətin ceviz ağacını axtarır və məlum olur ki, bu parkda yaranışından bəri ceviz ağacı olmayıbdır. Bunu parkda 40 ildən artıq işləyən bağban da, Hidayət müəllimi müşayiət edən Türk Dünyası Araşdırmaları Vəqfinin başkanı Turan Yazqan da bildirirlər…
Qayıdıram Hidayətin şairanə, təsirli, assosiativ duyğularına: “…Əvvəlcə Topqapı muzeyində sehirlənirəm. …Topxananın sehirlərindən özümə gəlməmiş, əlbəttə, Gülhanədə ceviz ağacını axtarıram. Düşünürəm: altında əyləşib fikrə dalacağam, Nazimi xatırlayacağam. Fikirləşirdim: görəsən, Zəngəzurun ceviz ağacları qocamandır, yoxsa Gülhanə parkının? Həmişə mənə elə gəlib ki, Maralzəmidə, arxa bağçamızdakı ceviz ağacı qocamandır Gülhanə parkındakından. İçimdə Nazimin şeirinin misraları səslənir:
Yüz bin elle dokunurum sana, İstanbula;
Yapraklarım gözlerimdir, şaşarak bakarım,
Yüz bin gözle seyr ederim seni, İstanbulu,
Yüz bin yürek gibi çarpar-çarpar yapraklarım.
Ben bir ceviz ağacıyım Gülhane parkında,
Ne sen bunun farkındasın, ne de polis farkında.”
Hidayət də, öz doğma kəndindən, ordakı ceviz ağacından erməni işğalçılarının məkri ilə perik düşüb…Nazim Hikmətin bütün şeirlərini nəzərdən keçirdim, nə əvvəl, nə də bu şeirdən sonra heç bir yerdə ceviz ağacının adı çəkilmir, bundan bədii detal kimi istifadə edilmir. Amma Nazimin əsərlərində Çinar ağacı sıx-sıx poetik detala şevrilir -“Çınarlarında kolan vurdum, hapisanelerinde yattım. Hiçbir şey gidermez iç sıkıntımı, Memleketimin şarkıları ve tütünü gibi…”  Hətta Nazim Hikmətin belə bir vəsiyyət şeiri də var:
“Anadoluda bir köy mezarlığında gömün beni
Ve bir de uyarına gelerse
Tepemde bir de çinar olursa,
Daş-maz da istemez…”
“Ceviz ağacı” şeiri dəfələrlə təhli edilib, ona münasibətlər bildirilib. Lakin hec kim “farkında” olmayıbdır ki, bu ceviz ağacı Nazimin özüdür, öz obrazıdır, özünün özünə İstanbulun mərkəzində ceviz ağacı ilə ucaltdığı heykəldir. Türkiyəni qollara çevrilmiş yüz-yüz budağıyla qucaqlayır, min-min ürəyə çevrilmiş (qəribədir qoz yarpağı da ürəyə oxşayır) yarpağıyla sevən, vətən sevdalı yeganə, təkcə, tək şair olmasına işarədir… Olmayanı oları etməkdir! Hidayət müəllimin “Ceviz ağacı” essesi mənim hisslərimdə bu kodun açarına çevrildi… Düyünləri açdı…
Müəllifin – Hidayətin yaşı, ictimai statusu, intellekt səviyyəsi və həqiqət sevdası ona inanmağı tövsiyə edirdi və inandım… Hidayət müəllim bu çalkeçid fikirlərə bir aydınlıq gətirdi və Gülhanə parkında heç vaxt olmayan bir Nazim Hikmət adında ceviz ağacı əkdi…  Nazim Hikmət fiziksəl olaraq ölənə qədər Peredelkinoda yaşasa da, ruhən Gülhanədə ceviz ağacına dönüb əbədən öz yerini tutdu… O, bütün şeirlərində “Qübbəli, çinarlı bir mavi liman” axtarsa da, yenə də Gülhanədə, Türkiyənin ürəyi İstanbulun ürəyində Ceviz ağaçı olaraq ucaldı…

Müəllif: Qurban Bayramov,

tənqidçi-ədəbiyyatşünas, doktor-professor,”Fədakar alim” və “Elm fədaisi” diplomantı,”Səməd Vurğun mükafatı” laureatı,1984-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

“Elmin və şeirin övladı – Hamlet İsaxanlı…” – Qurban Bayramov yazır.

Elmin və şeirin övladı – Hamlet İsaxanlı…

Qarşımda, masamın üstündə Əli Rza Xələflinin diqqətlə oxuduğum və şair-publisist Hamlet İsaxanlının poeziyasına, onun “Ziyarət” poemasına həsr etdiyi yeni kitabı – “Həyatın dastanı” durur…
Lakin, lap əvəldən başlamaq istəyirəm. Elə, Əli Rza Xələflini tanıdığım vaxtdan. Daha bu imzaya, bu ada şair, yazıçı, publisist, jurnalist, tədqiqatçı adlarını əlavə etmədən. Çünki, Əli Rza Xələfli imzası müasir ədəbi və ictimai mühitdə özünə elə köklü-köməcli yer tutubdur ki, adı çəkilən kimi bunların hamısı yada düşür. Özü də, həqiqət naminə, onu da deyim ki, sıraladığım bu yaradıcılıq shəsinin hər birində Əli Rza Xələfli özünəməxsus, orjinal bir məqamdadır və elə onun birilə də məşğul olsayıdı tanınacağıdı, seviləcəyidi, rəğbət doğuracağıdı… 
Səhv etmirəmsə, buna yaradıcılıq polufonizmi deyirlər, başqa sözlə, Əli Rza Xələfli çoxşaxəli yaradıcılıq imkanlarına malik “qələmsiz” qələm adamıdır və mən özüm də elə əvvəldən onu bu cürə tanımışam… “Qələmsiz qələm admı” ifadəsini də, deyəsən, ilk dəfə mən onun haqqında işlətmişəm, özü də bir əlavə ilə, demişəm ki, Əlirza Xələfli qədim Roma filosofları kimi, nə yaradırsa, bir əli cibində, bir əlində siqaret tutaraq qələmsiz-kağızsız diktə edir. İndi də əlavə edirəm ki, fikri improvizə edərək, nə yaradırsa şifahi şəkildə yaradır. Elə ona görə də, onun bütün yaradıcılığı şifahi xalq yaradıcılığı təkin şirin, cazibadar və diqqətçəkəndir…

Bu sözləri də onun haqqında mən yazmışam və təkrar etməkdə məqsədim budur ki, fikrimi gəlişigözəl söz təkin yox, sabit qənaətim təkin irəli sürmüşəm: “Mənim üçün (həmçinin eləcə də onu tanıyanlar üçün də) heç bir metaforaya sığışmayan bir qələm əhli, ürək və əqidə dostum var – bu, şair, yazıçı, publisist-jurnalist, tədqiqatçı-tənqidçi Əli Rza Xələflidir! Bu adın, bu imzanın özü müasir ədəbi prosesdə həyatı bədii-fəlsəfi dərkin və inikasın bütöv bir sistemini özündə ehtiva etməyə qadirdir!.. Əli Rza Xələfli adı, imzası ədəbi-bədii siferada ülfət və ünsiyyət mücəssəməsidir! Ülfət və ünsiyyət intiqralının bütün kodları onun ürəyinin, qəlbinin döyüntüləri ilə kodirovka ola bilər!..”

“İnteqral” deyəndə yadıma bir el kəlamı düşdü: “Dost dosta tən gərək!” Əslində, bu kəlamı yaradıcı aləmə tətbiq eləyəsi olsaq, bir-biri haqqında söz deyən yaradıcı şəxsiyyətlər də, gərək ki, bir-birinə tən gəlsin. Əli Rzanın qələm dostu, tanınmış alim, riyaziyyatçı, deyilənə görə, riyaziyyat elminin bütün “inteqrallarının” açarını cibində gəzdirən, fizika-riyaziyyat elmləri doktoru, professor, bizim üçünsə istedadlı şair-publisist Hamlet İsaxanlıdır və Əlirza Xələflinin Hamlet İsaxanlı yaradıcılığına müraciət etməsi, ondan bir kitablıq söz yazması bu iki yaradıcı şəxsiyyət tipinin bir-birinə tən-dürüst gəlməsidir… 

Elə buradaca, tanınmış şair-publisist, tərcüməçi, kitabın redaktoru Hafiz Rüstəmin “Həyatın Dastanı” kitabına yazdığı, kitabın özü qədər dərin, mənalı “Həyatın Dastanı”nda “Ziyarət”in fəlsəfi mahiyyəti” adlandırdığı ön sözündən bir abzası fikrə qüvvət kimi misal gətirirəm: “Çünki ən azı iddiayla tələb, imkanla gerçəklik, formayla məzmun, təsadüflə zərurət bir-birini tamamlamayanda, başqa sözlə, real həyatla tale yazısı üst-üstə düşməyəndə heç nə alınmır. Əksinə, bütün bunlar düz mütənasib olanda, ədəbi şəxsiyyətin missiyası qismən müəyyənləşir.” Ziyalı şəxsiyyətinə və təfəkkürünə böyük hörmət bəslədiyim Hafiz Rüstəmin bu postulatından çıxış edərək “Həyatın Dastanı”nın müəllifi Əli Rza Xələfli ilə “Ziyarət” poemasının müəllifi Hamlet İsaxanlını görək bir ziyalı, şair, alim tipi kimi nələr birləşdirir, hansı cəhətlər üst-üstə düşür, bunların yaradıcı şəxsiyyətləri arasında düzmüntənasib gələn hansı məqamlardır ki, hər iki ədibi, hər iki ədəbi şəxsiyyətin missiyasını müəyyənləşdirib.

Ümumiyyətlə, Hamlet Isaxanlı adı çəkiləndə o belə səciyyələndirilir: alim və ictimai xadim, fizika-riyaziyyat elmləri doktoru, professor, pedaqoq, şair, yazıçı və publisist, tərcüməçi, riyaziyyat, humanitar və sosial elmlər üzrə məqalə, kitab, dərslik və monoqrafiyalar müəllifi, Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, Dünya məktəbinin həmtəsisçisi, naşir, və redaktor…
Biz burada Əli Rza Xələfli şəxsiyyəti ilə Hamlet İsaxanlı şəxsiyyətini müqayisə etmək fikrindən uzağıq, amma kimin kim haqqında söz, fikir demək səlahiyyəti ədəbi təsərüfatda və prosesdə mühüm amildir. Bu cəhətdən hər iki ziyalı şəxsiyyəti çox müxtəlif tərəflərdən və məqamlrdan bir-birini tamamlayır… Blə ki, Əli Rza Xələfli də, Hamlet İsaxanlı da müasir ədəbi prosesdə ən müxtəlif məqamlarda, məqamında nüfuzlu söz demək səlahiyyətinə malik ziyalılarımızdandırlar… 

İndiyənə qədər Hamlet İsaxanlının həyat və fəaliyyəti müxtəlif müəlliflər tərəfindən yazılmış elmi, bədii və publisistik yazılarda, məqalə və kitablarda, sənət əsərlərində öz geniş əksini tapmışdır. Məsələn, Fuad Tanrıverdiyevin 1997-cu ildə nəşr olunmuş “Hamlet İsaxanlı. Alim və qurucu ömrü” kitabında alimin həyat və fəaliyyəti hərtərəfli araşdırılmışdır. Knyaz Aslan və Vahid Ömərlinin 2005-ci ildə azərbaycan və rus dillərində dərc olunmuş “Bu dünyaya nə gətirdim…” kitabında Hamlet İsaxanlının elmi və bədii-publisistik yaradıcılığının, ictimai fəaliyyətinin və təşkilati işlərinin qısa təsviri ilə yanaşı, müxtəlif ölkə və millətlərdən olan tanınmış elm, sənət və mədəniyyət xadimlərinin onun haqqında deyilmiş fikirləri də verilmişdir. Bunlarla yanaşı, Azərbaycanda, ABŞ, Kanada, Rusiya, Türkiyə, Gürcüstan, İran, Hindistan, Çin, Estoniya və başqa ölkələrdə alim, yazıçı, şair və jurnalistlər onun barəsində çoxsaylı məqalələr yazıb dərc etdirmişlər. Onun barəsində dünyanın onlarla ən nüfuzlu şəxsiyyətlərinin dediyi söz içərisindən ikisini seçmələyib təqdim edirəm:
Azərbaycan mədəniyyətinin, elmi fikrinin nüfuzlu nümayəndələrindən biri olan, tanınmış diplomat, “Azərbaycan Doplomatiya Akademiyası”nın prezidenti, professor Hafiz Paşayev, Azərbaycan Respublikasının ABŞ-dakı sabiq səfiri: «Hamlet müəllimin fəaliyyəti respublikamızın ictimaiyyətinə yaxşı bəllidir. Öz elmi işini riyaziyatçı kimi başlayıb, həmin sahədə dəyərli nəticələr əldə etdikdən sonra o, elm, təhsil, humanitar və ictimai sahələrdə daha geniş fəaliyyətə qoşulmuş və ölkəmizdə keçirilən islahatlar üçün əhəmiyyətli konkret işlər görmüşdür.

Professor Hamlet İsayev (İsaxanlı) elmin və təhsilin inkişafında sərhədsiz mübadilə və ünsiyyətin vacib olmasını hələ Sovet dövründə yaxşı dərk edib, Azərbaycan elminin xaricdə tanınması üçün əlindən gələni etmişdi. Həmin təcrübə, yaratdığı əlaqələr inanıram ki, hazırda Xəzər Universitetinin işlərində əvəzsizdir. Onun Amerika universitetləri ilə birgə proqramlar üzrə müvəffəqiyyətlə apardığı işləri qeyd edərək, məmnuniyyətlə yada salıram ki, səfirliyimizin müdaxiləsi ilə ABŞ hökumətinin Azərbaycanda maliyyələşdirdiyi ilk təhsil layihəsi məhz Hamlet müəllimin yaratdığı və rəhbərlik etdiyi universitetlə bağlı olmuşdur».
Zəlimxan Yaqub, xalq şairi, millət vəkili: «Hamlet İsaxanlı – gözəl insan və böyük alim! Bu qün varlığıyla vətəninə bağlı əsil Azərbaycan vətəndaşı! Yüksək intellekt, böyük ağıl, güclü zəka, nadir istedad sahibi! Təkcə Gürcüstan azərbaycanlılarının deyil, təkcə Azərbaycan Respublikasının deyil, dünya azərbaycanlılarının ən şöhrətli nümayəndələrindən biri! …Kökünə, nəslinə, torpağına, ədəbiyyatına, tarixinə, musiqisinə dərindən bələd olan, ömrünü elmi, bədii, siyasi, psixoloji, tarixi axtarışlara həsr edən bir neçə sahənin yorulmaz tədqiqatçısı! Dünyanın müxtəlif millətlərə və ölkələrə məxsus olan ən böyük alimlərini heyrətə gətirən Vətən oğlu!..”

Yeri gəlmişkən, onu da qeyd edim ki, şairlərdən Nəriman Həsənzadə, Hüseyn Kürdoğlu, Müzəffər Şükür, Şahin Fazil, Səadət Buta və başqaları Hamlet İsaxanlı şəxsiyyətinə xüsusi şeirlər həsr etmişlər. Onun elmi-bədii yaradıcılığı və şəxsiyyəti haqqında Azərbaycanda Camal Mustafayev, Manaf Süleymanov, Nurəddin Rzayev, Mövlud Süleymanlı, Mirabbas Qasımov, Vidadi Babanlı, Kamran Nəzirli, Xəlil Məcidoğlu, Vaqif Arzumanlı, Aydın Xan və digər müəlliflər, Türkiyədə Mətin Turan, Çində Van Dzen Bo, Rusiyada V. Odinets, Lyudmila Lavrova, İran, Gürcüstan və digər ölkələrdə müxtəlif elm və sənət adamları dəyərli fikirlər söyləmiş, məqalələr yazıb dərc etdirmişlər. 

Şair, yazıçı və jurnalist, tədqiqatçı-publisist, “Kredo” qəzetinin baş redaktoru Əli Rza Xələflinin “Həyatın Dastanı: ədəbi-fəlsəfi düşüncələr” Hamlet İsaxanlının “Ziyarət” poemasının motivləri əsasında”, “Xəzər Universitəsi Nəşriyyatı” (2012) kitabı isə Hamlet İsaxanlının poetik yaradıcılığına həsr olunmuş əsərlər sırasında xüsusi, özü də deyərdim ki, əhəmiyyətli, siqlətli yer tutur (əsər əvvəlcə uzun zaman ərzində hissə-hissə “Kredo” qəzeti səhifələrində dərc olunmuşdu).

Bu kitab, Hamlet İsaxanlının təkcə bir poeması haqqında yazılsa da, Əli Rza Xələfli elə bir üslubi fənd tapır ki, bu fonda onun poetik yaradıcılığı, şəxsiyyəti, elmi-ictimai fəaliyyəti barədə müfəssəl təsəvvür yaradır. Həmçinin, müəllif – Əli Rza Xələfli “Həyatın Dastanı” kitabını bir şair fəhmi və bir tədqiqatçı təfəkkürü ilə yazdığından, Hamlet İsaxanlı poeziyasını müasir Azərbaycan poeziyasının faktı təkin götürmüş, bununla da ümumən müasir ədəbi proses haqqında da qənaətlərini və ədəbi-fəlsəfi düşüncələrini oxunaqlı, şirin-şairanə bir üslubda, müasir publisistikanın son imkanları çərçivəsində, hisslərini və fikirlərini yüksək səmimiyyətlə yoğuraraq ortaya qoymuşdur… 

Əslində bu əsəri ilə Əli Rza Xələfli Hamlet İsaxanlını müasir şeirin xanı, poetik ruhun Məsihi kimi təqdim etmiş, onun bədii yaradıcılığının heç kəsin görmədiyi və ya görə bilmədiyi Hamlet fəlsəfəsini açmışdır… Və “Hamlet İsaxanlı kimdir?” sualına bədii-publisistik, fəlsəfi-estetik manerada cavablar axtararaq bu maraqlı şəxsiyyətin ədəbi-ictimai müstəvidə tutduğu yeri aşkarlamışdır… 
Əli Rza Xələfli əsərinin əvvəlindəcə ədəbi niyyətini ortaya qoyaraq yazır: “H.İsaxanlı kimdir? Bu suala axıradək cavab vermək yəqin ki, müasirlərimiz üçün olduqca çətin olacaq. Buna görə də onun şəxsiyyətindən, bir müəllif olaraq yaradıcılıq dünyasından, ən başlıcası, onun elmi-bədii yaradıcılığından danışmaq məsuliyyət, ədəbi-elmi cəsarət tələb edir. Bizim qiymətləndirdiyimiz onun çox böyük mənəvi aləmi, şairlik dünyasıdır. …H.İsaxanlının ictimai-fəlsəfi görüşlərini, insani məhəbbət duyğularını əks etdirən poetik örnəklərində biz onun mənəvi gücü ilə qarşılaşırıq.” 

Əli Rza Xələfli öz qələm dostu haqqında yüksək səmimiyyətlə, deyərdim, bir az da vurğunluqla danışır, ona Azərbaycanın ədəbi-mənəvi tarixində yeri olan, yeri görünən poetik sözü ilə özünü diktə edən bir sənətkar səviyyəsində yanaşaraq əminliklə deyir: “H.İsaxanlı sözün övladıdır, elmin övladı olmaqdan əvvəl. Kövrək duyğularının tarixi nə zamandan başlamasından asılı olmayaraq, şeirin, poeziyanın övladıdır… 
…H.İsaxanlının poeziyasında lövhələr tez-tez dəyişir. O, bütün ruhu poeziyanın hakimiyyəti altında olan və bu hakimə özünü bütün varlığı ilə təslim edən istedadlı bir şairdir. Və heç şübhəsiz, heç vaxt H.İsaxanlının səmimiyyətini onun şairliyindən ayırmaq olmaz. Bəlkə də, onun şairliyinin və demək poeziyasının ən üstün məziyyətlərindən biri səmimiyyətdir – həyata, insanlara, eləcə də keçmişə və gələcəyə səmimiyyət. Oxucu, H. İsaxanlının ən azı hədsiz səmimiyyəti qarşısında qibtə hissi ilə düşünməli olur. Onun şeirləri insan qəlbinin dərinliklərindən süzülüb gəlir, duyğu ilə, hissiyyatla süzülüb gəlir…” 

Bu cümlələri, fikirləri oxuduqca, adam Əli Rza Xələflinin özünün də səmimiyyətinə, dosta, qələm yoldaşına, əsirdaşına yanaşma səmimiyyətinə qibtə edir, onun səmimiyyətdən yoğrulmuş qəlbinin çırpıntılarını səmimiyyət mahnısıının not sədaları kimi eşidir… Bu sözlərin, bu duyğuların, belə bir münasibətin arxasında şübhəsiz ki, böyük ziyalı ürəyi, ziyalı mövqeyi, bütövləşmiş ziyalı dayanır. 

Əli Rza Xələfli, bu əsərində də, şübhəsiz Hamlet İsaxanlı şəxsiyyəti ilə bahəm öz şəxsiyyətinin bütövlüyünü də ortaya qoymuş olur. Hamletin poezyasının oyatdığı duyğulardan irəli gələn hansısa fövqəltəbii qüvvənin təsiri ilə onu bir şair, bir yaradıcı kimi daxildən sıxan, ona əziyyət və güc verən, sevindirən, sözün fəthindən qürurlanan hisslərini, ədəbi-estetik görüşlərini, ictimai-fəlsəfi düşüncələrini ifadə edir, bəzən fikrin improvizə dalğalarında uyarlı və tutarlı gəzişmələr aparır… Bütün bunlar Əli Rza Xələflinin “Həyatın Dastanı” kitabını, doğrudan da həyat haqıında, müasir dünyamız haqqında, müasir poeziyamız və ədəbi-bədii fikrimiz barəsində elmi-publisist üslubda yazılan dastana çevirir – həyat dastanına, həyatımızın dastanına!… 

Əli Rza Xələflinin “Həytın Dastanı” əsərində belə bir məqam da diqqətimi cəlb elədi. O, Hamlet İsaxanlıya xitabən yazır: “Əzizim Hamlet müəllim, sizin zəngin yaradıcılığınızı oxuduqca sizin insan hisslərinin rənga¬rəng xəritəsində ən ecazkar, bəlkə də, ekzotik ərazilər zonası olaraq təsvir elədiyiniz məqamları gözümün önünə gətirirəm və həmin anlarda düşünürəm ki, insan hisslərinin bu qeyri-adiliklərini ancaq şair görə bilər.”
Çox doğru, düzgün, özü də elmi-psixoloji müşahidədir! Elmi, publisistik yaradıcılıqda da belədir. Bədii təfəkkür sahibləri bədiyyatı daha dolğun, daha dürüst duya və qiymətləndirə bilərlər. Bu mənada, şair-publisist Əli Rza Xələfli, Əli Rza Zal oğlu şair – publisist, alim-riyaziyyatçı Hamlet İsaxanlını, Qaçaq İsaxanın şair nəvəsini doğru-dürüst anlaya bilir, onun heç kəsin görmədiyi, daha doğrusu görə bilmədiyi tərəflərini görüb, qədrini-qiymətini bilə bilir! Ancaq şair şairin qəlbinin pünhanlarına, gizlinlərinə bu qədər mərhəmliklə əl apara bilər ki, biz bunu Əli Rza Xələflinin “Həyatın Dastanı” bədii-publisisistik üslubda yazdığı fəlsəfi-estetik traktaktının hər fəslində, hətta fəsillərin başlıqlarında belə müşahidə etdik. “Kövrək sözün işığında”, “Bitik”lər nəsillərə ünvandır”, “Göynəyin köynəyində”, “Obrazın məntiqi – həyatın mənası”, “Yurda könül ziyarəti”, “Söz var, kimsəyə deyilməz”, “Yaşamağın vətəndaşlıq mahiyyəti”, “Səsin işığı”, “Poeziya – ruhun zərrələri”, “Çiçəklər önündə təzim”, “Bənzərsiz anların poeziyası”, “Aristarxlara cavab”, “Həyatdakı həqiqət – yuxudakı səadət”, “Dedal və İkar əfsanəsi”, “Hamlet – olum-ölüm arasında”, “Yaddaş simfoniyası – son akkordlar” təkin başlıqların hərəsi bir şeir misrasını, hərəsi bir fəlsəfi postulatı xatırladır və deyim ki, gəlişigözəl ifadələr deyil, fəsllərdəki məna və mahiyyətə, qoyulan problemə, məzmuna tamamilə uyar, Hamlet İsaxanlı poeziyasının kod açarına çevrilən başlıqlardır və oxucunu məcbur edir ki, oxu, gör bu başlıqların arxasında hansı mətləblər, mənalar gizlənibdir… Oxucu hiss edir ki, qeyri-adi, bənzərsiz, filosof və şair düşüncəli, zövqü yüksək məqamda olan bir qələm sahibi ilə həmsöhbət olacaq. Və belə də olur!..

Əli Rza Xələflinin təhlilləri zərif, şərhləri mənalı, izahları inandırıcıdır. O, Hamlet İsaxanlının poetik üslububnda müşahidə etdiyi elə məqamlara toxunur ki, bunlar onun yaradıcılığının mahiyyətindən irəli gəlir. Məlumdur ki, Hamlet İsaxanlı mənalı dördlüklər, bayatılar müəllifidir və bu onun poetik stixiyasında əsas yerlərdəndir. Əli Rza bu stixiyanı onun epik-lirik “Ziyarət” poemasında da aşkara çıxararaq belə mənalandırır: “H.İsaxanlının poeziyasında onu fərdiləşdirən, onun poeziyasını müasir şeiriyyətin boz-bulanıq axınından fərqləndirən bir cəhəti mütləq qeyd etmək lazımdır. Bu, bir bayatı ovqatıdır.

Müəllif anasına ismarıc elədiyi mahnısını “Gedin, deyin anama” şəklində oxuyur. Nə qədər gözəldir, nə qədər ritmikdir, nə qədər kədərli bir mahnıdır! Şairin bütün varlığını özündə ehtiva edən bu mahnı-oxşama, bu nəğmə-bayatı sanki xalqın min illər boyu ruhundan gələn, varlığına hopmuş olan, az qala onun özüylə əbədiyyətəcən yoldaşlıq edəcək bir kədərin səsidir. Bundan o yanası yoxdur.” 

Beləliklə, elə bu tərzdə Əli Rza Xələfli Hamlet İsaxanlının şeiriyyət aləminin söz, ritm və anəng qovuşuğunun sirli əlaqələrini sərrafcasına aşkarlayır, üzə çıxarır, bu harmoniyanın mahiyyətini izah edir, Hamlet İsaxanlının poetik üslubunu şərtləndirən lirik hissin ahəngdar təhkiyyə siferasına nüfuz edir: “Poeziya, nəzm və adi şeirdən fərqli olaraq daha çox fəlsəfi ümumiləşdirmədir. Poeziyada bənzərsizlik və təkrarsızlıq var. H.İsaxanlı da özünün səmimiyyətilə müşayiət olunan şeirlərində daha çox poetik ruhun daşıyıcısı kimi görünür. Onun “Ziyarət” poemasındakı əhval adi bir adamın, sıradan bir nəfərin əhvalı deyil. Onu oxuyan hər kəs özündən xəbəri olmadan, özünü o yerin adamı bilir, özünü elə orada bilir. Nə vaxtsa, hardasa bir qərib diyarda keçirdiyi hissləri yada salır.

H.İsaxanlı istər şeirlərində, istərsə də “Ziyarət” poemasında sözü, fikri qafiyə xatirinə divana çəkmir. Elə təbii axarla öz ritmində ifadə edir. O, daxilində olan ritmi formaya tabe etməyə cəhd göstərmir. …Onun daxili aləmində səslənən simfoniya ağır-ağır, təmkinlə, kədərqarışıq bir ovqatla, necə varsa, eləcə də üzə çıxır. Daxili aləmindəki sarsıntılar, psixoloji gərginliklər onun misralarında açıq-aşkar duyulur. Bəzən bu fəryad şəklində, bəzən də həyatın xoş üzündən ruhlanan, həyat eşqilə alışan bir ürəyin çırpıntıları şəklində…”
Əslində, Əli Rza Xələflinin qələmə aldığı “Həyatın Dastanı” əsəri də həyat eşqi ilə alışan bir ürəyin çırpıntılarıdır, müəllifinin mənəvi aləmindəki fırtınaların, təlatümlərin əks-sədasıdır. Əli Rza Hamletin lirik qəhramanına məxsus olan cizgiləri açdıqca, proyeksiya etdikcə onun özü də bir lirik qəhrəmana çevrilir, Hamletin lirik qəhrəmanına “Yaddaş Sahibi” adını verərək özü də sözün sahibinə çevrilir, onun əlindən tutub Yurd, Vətən, Torpaq adlandırdığımız mehraba doğru ziyarətə apararaq belə bir qənaəti ifadə edir: “Zənnimcə, insanın mənəvi pasportu onun mənəvi dünyasını təsdiq edən ən dəyərli sənəd, ən tutarlı şəxsiyyət vəsiqəsi onun kövrək duyğularını ifadə elədiyi sözdə öz əksini tapır. Söz insanın rişəsidir. İnsan danışanda onun kökünü hansı torpaqda bitdiyini, hansı mənəvi münbitlik üstündə boy göstərdiyini təsəvvür etmək olur. Təsadüfi demirlər ki, insan doğulduğu yerə, yurda, torpağa, təbiətə daha çox oxşayır.” 

Hamlet İsaxanlı Əli Rza Xələflinin zənnində, qələmində yurduna, torpaqına, doğulduğu yerin təbiətinə oxşayan bir obraz kimi canlandırılır və bu cür də təqdim olunur… Bütün istedadlı şairlər kimi, Hamlet İsaxanlının şairlik mahiyyətini, şairlik kübarlığını da bu oxşarlıqda görür… Və müəllif doğru olaraq bu versiyanı irəli sürür ki, Hamle İsaxanlı yurd yerlərini gəzə-gəzə ozanlıq edir və ozanlaşa-ozanlaşa Hamlet özü də Yurd atasına çevrilir:
“Məlumdur ki, “Ziyarət”də insan özünü ruhi-mənəvi aləmdə hiss edir. Demək olar ki, müəyyən mənada, gerçəklikdən təcrid olunur. Özünə qapanma, hətta yaşını unutma, həmin yerlərdəki yaşın çağlarına qayıtma burada əsas şərtdir. Həmin o erkən yaşlarından dünya işığını ona qaytaran şəffaf eynəyinin arxasından boylanan gənc – əslində, eynəkli adam – o adam ki, indi kifayət qədər ömür yolu keçmiş, həyatın ağırlıqlarını çiyinlərində duyan bir ziyalı özü yurd atasına çevrilib.”

“Yurd atasına” çevrilən ozan-şairin “Ziyarət” poeması da özü kimi rişəsiz, köksüz, ənənəsiz deyil. Əli Rza Xələfli tədqiqatçı fəhmi ilə, onu ulu Şəhriyarın “Heydərbabaya salam kitabxanası”na ən dəyərli hədiyyə hesab edərək, “Ziyarət”i üslubca, ritm və havacatla olmasa da, (bu Hamlet İsaxanlının ustalığıdır) ruhca onun “Şəhriyar düsturu”ndan istifadə etdiyini bildirir, onu bu sıradan yazılmış dəyərli ədəbi-bədii fakt təkin qiymətləndirir:

“Şəhriyar düsturu ilə, Heydərbaba ruhu ilə yazılmış əsərlərin dəqiq sayını bu gün bilən yoxdur. İraqdan Əlbüllətif Bəndəroğlu və onun “Yurt” dərgisi ətrafında birləşən çoxlu sənətkarlar “Heydərbabaya salam” poemasına nəzirələr yazmışlar. Cənubi Azərbaycanda da şairlər onun səsinə çox böyük hiss və duyğu ilə cavab vermişlər.

…Bu günə qədər Cənubi Qafqaz əhatəsində olan azərbaycanlı şairlər də “Heydərbabaya salam” kitabxanasına özlərinin zəngin töhfələrini vermişlər. Çox böyük məmnunluq hissi ilə qeyd edərdim ki, bu sətirlərin müəllifi olaraq mən də “Bir Xələfli var imiş” adlı əsərimlə o möhtəşəm “salam” qarşısında mənəvi borcumu verməyə çalışmışam. Təəssüflə bunu da deməliyəm, Şəhriyar düsturundan istifadə ilə yazılmış “qrafoman” əsərlər də az deyil. Bunu da təbii qəbul etmək lazımdır. Hər kəs yaddaş fenomeninin ecazkar sarayına özünün istedadı, düşüncəsi və təxəyyülünün imkan verdiyi güclə daxil olur. Son vaxtlar yaddaş fenomeninin təsiri altında yazılmış Şəhriyar ənənəsini yalnız mənəvi olaraq qəbul edib özünün original forması ilə diqqəti çəkən çox maraqlı əsərlər yaranmaqdadır. Xalq şairi Nəriman Həsənzadənin “Poylu beşiyim mənim” eposu, Hafiz Rüstəmin “Bakıdan Yardımlıya səyahət” yaddaş poeması, bu sıradan heç şübhəsiz, çox dəyərli yerlərdən birini tutan H.İsaxanlının “Ziyarət” poeması ədəbi-bədii dəyərinə, “sağlam-estetik əsaslarına” görə yaşarılıq haqqı qazanacaq, zamanzaman müəllifinə şöhrət qazandıracaq əsərlərdəndir.” 
Mənə elə gəlir ki, müəllifin bu müqayisələri, “Heydərbaba kitabxanası” və “Şəhriyar düsturu” onun bir tədqiqatçı kimi tapıntısıdır və ədəbiyyatşünaslıqda tamamilə yeni anlayışlardır.

Onun yeni yazı manerası da diqqətimi çəkdi. Əli Rza söz arası söz deyir! Poeziyada “lirik ricət” anlamı var. Elə bil ki, bu anlama uyğun olaraq Əli Rza publisistik ricətlər edir, sözə əriş-arğac qatır, təzə-tər ilmələr artırır… Ümumiyyətlə, Əli Rzanın bu əsəri publisist ricətlərlə, elmi monoloqlarla, fikri imrovizələrlə süslənmiş, yeni üslubda yazılan monoqrafik tədqiqat əsəridir… 

Son olaraq qeyd edim ki, Əli Rza Xələflinin “Həyatın Dastanı” ədəbi-fəlsəfi düşüncələr əsəri Hamlet İsaxanlının “Ziyarət” poemasının motivləri əsasında yazılsa da, müasir poeziyamızın, ədəbi-estetik düşüncəmizin bir sıra problemlərini əhatə edən kompleks səciyyəli əsərdir. 

Hamlet İsaxanlı da, Əli Rza Xələfli də ruh adamıdırlar. Hər ikisi şeirin və elmin övladlarıdır… Bu iki tanınmış ziyalının ruh qovuşuğu öz gözəl nəticəsini, bəhrəsini vermiş, Kürlə Arazın qovuşuğu təkin bollu-bəhərli olmuş, müasir fikir dünyamızı, ruh dünyamızı zənginləşdirmişlər…

Əli Rza Xələflinin “Həyatın Dastanı” əsəri ədəbi-elmi dəyərinə, sağlam-estetik əsaslarına, təfəkkür dərinliyinə, güclü təxəyyül zənginliyinə görə müasir poeziyaşünaslığımza və əlbəttə ki, müəllifinə, onun ədbi qəhrəmanı Hamlet İsaxanlıya şöhrət qazandıracaq əsərlərdəndir…

05 may – 06 iyun, 2013.

Müəllif: Qurban Bayramov,

tənqidçi-ədəbiyyatşünas, doktor-professor,”Fədakar alim” və “Elm fədaisi” diplomantı,”Səməd Vurğun mükafatı” laureatı,1984-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Amerika Hindularının mənşəyi: Türk izi barəsində düşüncələr

Araz Şəhrilinin kitabı

BABİL QÜLLƏSİ RUBRİKASINDAN

Yazımıza Amerika yerlilərinin nümayəndəsi, ötən əsrin 70-ci illərində keçmiş SSRİ-də olmuş Cek Raşinqin sözləri ilə başlayaq: “Mənsub olduğum mohavk qəbiləsinin mənşəyinə gəlincə, deməliyəm ki, mövcud rəvayətlərə əsasən, biz 50.000 il əvvəl (son elmi dəlillərə görə, təxminən, 23.000 il əvvəl – müəllif) Amerika qitəsinə başqa bir yerdən – indiki Azərbaycandan gəlmişik. Bunun antropoloji dəlilləri də vardır. O zamanlar Berinq boğazından uzanan quru yol vasitəsilə ovçuların ardıcıl köçü baş verirdi. Onlar Xəzər sahillərindən, indiki Özbəkistan və Qazaxıstandan, Sibir torpaqlarından gəlirdilər. Bugünün özündə də bizdə Azərbaycan xalqının adətlərinə və Azərbaycan dilindəki sözlərə bənzəyən xeyli adət və söz qalmışdır. Aramızda müəyyən etnik uyğunluqlar da mövcuddur. Mənə elə gəlir ki, Bakıdakı dostlarıma mühüm bir siqnal vermiş oluram. Amerika hindularının mədəniyyəti ilə Azərbaycanın milli mədəniyyətinin oxşarlığı ideyası, düşünürəm ki, onlar üçün də yenidir. Azərbaycanlılar bunu tədqiq edə bilərlər. Lakin edəcəklərmi? Bunu bilmirəm!”

Haşiyə. Mohavklar məşhur ABŞ yazıçısı Ceyms Fenimor Kuperin (1789–1851) oxucularına onun əsərlərinin əsas qəhrəmanları Nataniel Bamponun və mogikan Çinqaçqukun barışmaz və amansız düşmənləri kimi tanışdırlar. Bugün Kanadada və ABŞ-ın Nyu-York ştatında 64.000 mohavk yaşayır. Onlardan cəmi 3.000 nəfəri öz doğma dilində danışa bilir.
Fikirlərindən görünür ki, Cek Raşinq öz xalqının tarixi ilə maraqlanmış, onu araşdırmağa çalışmışdır. Sözsüz ki, o, öz ehtimallarını irəli sürərkən müəyyən faktlara əsaslanmışdır. Amma bizə daha dolğun və birmənalı dəlillər lazımdır. Beləliklə, bu məsələyə elmin, daha doğrusu, onun müxtəlif sahələrinin münasibəti necədir?

Əvvəlcə arxeoloqların verdikləri məlumata nəzər salaq… Ötən əsrin 80-ci illərində Alyaskada və Mərkəzi Asiyada yerləşən qədim insan məskənlərində tapılmış artefaktlar müqayisəli şəkildə tədqiq edilmişdir. Bu zaman məlum olmuşdur ki, əmək və ov alətləri, müxtəlif amuletlər, geyim əşyaları, digər predmetlər arasında bənzərlik, bəzən isə eynilik vardır. Həmçinin müəyyən edilmişdir ki, Altay və Sibir xalqları ilə Amerika yerlilərinin qədim dəfn mərasimləri də oxşardır. Bu paralellər ayrı-ayrı qitələrdə yerləşən qədim mədəniyyətləri bir-birinə bağlayaraq sübuta yetirmişdir ki, onlar, əslində, bir zəncirin halqalarıdır.

Lakin mədəniyyətlərin bənzərliyi hələ qan qohumluğuna, genetik yaxınlığa dəlalət etmir. Eyni məkan və şəraitdə oxşar həyat tərzi, məişət əşyalarının və geyimin hazırlanmasında bənzər materiallardan (dəri, sümük, obsidian daşı və s.) istifadə yuxarıda göstərilən nəticələrə səbəb ola bilər.

Qeyd etmək lazımdır ki, bizi maraqlandıran məsələ barəsində ən dəqiq məlumatı genetika elmi verir. Belə ki, Amerika hindularının əksəriyyəti Y xromosomlu Q haploqrupunun daşıyıcısıdır. Bugün İranda, Əfqanıstanda və Özbəkistanda yaşayan türkmənlərin əksəriyyəti, kulan-kıpşak və kanqlı tayfalarından olan qazaxların 46-48%-i, azərbaycanlıların və norveçlilərin 4.8%-i (bu genin Norvegiyadakı daşıyıcıları Azərbaycandan getmişlər), hindoy, çeberloy, qordaloy, engenoy, egişbatoy, dişniy, şuonoy, noxçmaxkaxoy nəsillərindən olan çeçenlərin bir hissəsi və Aşkenazi yəhudilərinin müəyyən bir qismi Q haploqrupuna aiddir. Həmin haploqrupun daşıyıcılarına Pribaltikada, Volqaboyuda, Monqolustanda da rast gəlmək mümkündür.

Q haploqrupu, təxminən, 31.900 il əvvəl indiki Uralda və ya Sibirdə P haploqrupundan yaranmışdır. Həmin dövrdə P haploqrupundan həmçinin R haploqrupu da törəmişdir. Sonradan R haploqrupu öz növbəsində R1 və R2 haploqruplarına, R1 haploqrupu isə, təxminən, 18.000 il əvvəl R1a və R1b haploqruplarına bölünmüşdür. R1a-nın Z93 subkladı (subclade) şərti olaraq qədim arilərin haploqrupu hesab edilir. Bunun da səbəbi odur ki, bugünkü Hindistanın brahman və kşatriya varnalarında (kastalarında) məhz R1a haploqrupunun Z93 subkladının daşıyıcılarının faizi 31–72 arasındadır. Məsələ burasındadır ki, əski mətnlərə əsasən, arilərin əsas təbəqələri məhz brahmanlar və kşatriyalar olmuşlar. Elə buna görə də R1a Z93-ə həm də ari haploqrupu deyilir. Müasir xotonların (türk xalqı) 83–87%-i, qırğızların 65%-i, Altay türklərinin 53%-i, yəhudi xalqının cəmi 4%-ni təşkil edən lavililərin 52%-i, Kuban noqaylarının 50%-i, pəncablıların 47%-i, taciklərin 30–68%-i, puştunların (Əfqanıstan) 45–51%-i, şəmmar tayfasından olan ərəblərin 43%-i, Krım tatarlarının və özbəklərin 32%-i, çuvaşların və uyğurların 30%-i, qaraçay-balkarların 28%-i, farsların 18–25%-i, kürdlərin 10–20%-i həmin haploqrupun daşıyıcısıdır.

Şərqi Avropa ölkələrində də üstünlük R1a haploqrupuna məxsusdur. Belə ki, belorusların 60%-i, polyakların 56%-i, rusların 34–55%-i, ykraynalıların 53%, latışların 40%-i, litvalıların 38%-i, həmçinin Avropanın şimalında və qərbində yaşayan norveçlilərin 26%-i, almanların 16–24%-i, avstriyalıların 19%-i bu haploqrupun müxtəlif subkladlarına aiddir. Amma bir məsələni də vurğulayaq ki, R1a Z93-dən fərqli olaraq, onların heç biri “ari haploqrupu” hesab edilmir.

Qərbi Avropada isə daha çox (50%) R1b haploqrupu yayılmışdır. İngilislərin 70–90%-i, baskların 88%-i, ispanların 70%-i, almanların 40%-i, eləcə də Altay kumandinlərinin (türk xalqı) 49%-i, kıpşak tayfasından olan qazaxların 47%-i, tabasaranlıların 45%-i, osetinlərin 43%-i, türkmənlərin 37%-i R1b-nin müxtəlif subkladlarının daşıyıcısıdır.

Sadaladıqlarımızı sadə dilə çevirək. Təxminən 44.300 il əvvəl Cənub-Şərqi Asiyada bir oğlan (P haploqrupu) doğulur. O, həyatda uğurlu olur, nəsli artır və yayılmağa başlayır. P-nin dünyaya gəlməsindən 12.400 il sonra onun nəslində R və Q adlı iki oğlan uşağı anadan olur. Ulu babaları P kimi tale onların da üzünə gülür. Beləliklə, iki yeni nəslin əsası qoyulur. Bu hadisədən təxminən 9.000 il ötür. Q-nin övladlarının bir hissəsi hansısa səbəblər üzündən (iqlim, müharibə və s.) köçə başlayır. Onlar Berinq boğazından Amerika qitəsinə keçirlər. Sonrası məlumdur.
P-nin digər “övladı” R-in Mərkəzi Asiyada yaşayan nəsli isə ondan cəmi 1.500 il sonra iki qola – R1a-ya və R1b-yə ayrılır. Əvvəlcə R1a-nın törəmələri müvəffəqiyyət qazanaraq əlverişli mövqelərə çıxırlar. Güman edilir ki, Midiya və Əhəməni hökmdarları, Hindistanın brahman və kşatriyaları, bulqar türklərinin Dulo sülaləsi və Xaqan Atilla, göytürklərin Aşina xaqan nəsli, Çingiz xan, macar kralları – Arpadlar, Osmanlı sultanları, eləcə də digər sülalələr və nəsillər məhz R1a haploqrupunun Z93 subkladının müxtəlif klasterlərinin daşıyıcıları olmuşlar.

Qeyd. Bu məlumatların çoxu dolayı dəlillərə əsaslanan ehtimallardır. Məsələn, macar kralları – Arpadlar özlərini Xaqan Atillanın nəslindən hesab etmişlər. Genetiklər müəyyənləşdirmişlər ki, Arpadların haploqrupu həqiqətən də R1a Z93-dür. Bunun əsasında güman edilmişdir ki, Xaqan Atilla da həmin haploqrupun daşıyıcısı ola bilərdi.

Lakin sonradan vəziyyət dəyişmiş, estafet R1b-nin törəmələrinə keçmişdir. Böyük Britaniya, ABŞ, Almaniya və İtaliya kimi inkişaf etmiş ölkələrin əhalisinin əhəmiyyətli bir hissəsi R1b haploqrupunun daşıyıcısıdır.

1492-ci il oktyabr ayının 12-də əksəriyyəti Q-nin “qardaşı” R-in nəslindən olan avropalılar gəmilərlə Amerika sahillərinə yan aldılar. İşğal və ağır müstəmləkəçilik dövrü başlandı. Qəsbkarlar özlərinin uzaq “əmiuşaqlarını” nəinki dəhşətli və amansız soyqırıma məruz qoydular, həm də uzun müddət ərzində onları bəşər övladı, insan kimi tanımaqdan belə imtina etdilər. Həqiqətən də, “qohumlar” arasında düşmənçilik daha şiddətli və barışmaz olur.

Beləliklə, mövzunun əvvəlindəki suala yenidən qayıdaq: Amerikanın yerli əhalisini türklərin qohumları hesab etmək olarmı? Cavab müsbətdir: Amerika hinduları Q haploqrupunun daşıyıcıları olan türklərin, “hind-Avropalılar”ın və digərlərinin “qardaşları”, R haploqrupunun daşıyıcıları olan türklərin, “hind-Avropalılar”ın və başqalarının isə “əmiuşaqları”dır.

Indi isə bəhs etdiyimiz məsələ ilə əlaqədar dilçilərin bəzi tədqiqat və mülahizələrinə müraciət edək. R1 haploqrupu R1a və R1b haploqruplarına bölünsə də onlar, eləcə də P-nin digər törəmələri hələ 6.000 il bir-birlərinə yaxın dillərdə danışmışlar. 12.000 il əvvəl bugün şərti olaraq “nostratik” adı verilmiş vahid dil Altay, Ural, “hind-Avropa” və dravid dil ailələrinə bölünmüşdür. Linqvistlər Amerika hindularının dillərini nostratik dil ailəsinə aid etmirlər. Bu isə o deməkdir ki, misal üçün, ingilis, yaxud rus dili türk dilinə apaçi dilindən daha yaxındır. Amma qeyd etdik ki, türklərin, “hind-Avropalılar”ın və Amerika hindularının əksəriyyəti, əslində, bir nəsildən olmuşlar. Bunu nəzərə alaraq, ehtimal edə bilərik ki, ən azı 23.000–25.000 il əvvələdək onlar eyni dildə danışmışlar.
Nostratik dillər kimi, Amerika hindullarının dilləri də müxtəlif quruluşlara malikdir. Onlar arasında “hind-Avropa” dilləri tək flektiv, türk dilləri kimi aqqlütinativ (iltisaqi) olanları vardır. Yeri gəlmişkən vurğulamaq lazımdır ki, linqvistlərin ehtimalına əsasən, kök nostratik dilin quruluşu iltisaqi olmuşdur. Məlumdur ki, iltisaqi dillərdə söz şəkilçinin təsirinə daha az məruz qaldığı üçün özünün ilkin formasını daha yaxşı saxlayır. Belə dillərdə sözün kökü lokomativə, şəkilçi isə vaqona bənzəyir. Məsələn, “qalib-lər-dən-siniz-mi” sözündəki “qalib” özündən sonrakı hissələrin təsiri altına düşmür və dəyişikliyə məruz qalmır. Başqa bir misal – “arı” sözünə cəm şəkilçisi əlavə etdikdə “arılar” sözü yaranır. Lakin sözün kökü – “arı” olduğu kimi qalır. Rus dilində «пчела» sözünün cəmi «пчелы» sözüdür. Göründüyü kimi rus dilində kök söz ona şəkilçi qoşulan kimi özünün sonuncu saitini, yəni ilkin formasını itirir.

Bu sadə misalları ona görə çəkdik ki, iltisaqi dillərdə sözün daha sabit qaldığını göstərək. Amerika hindularının əsas dillərindən olan keçua dilinin quruluşu iltisaqidir. Sözsüz ki, tədqiqat obyekti kimi məhz iltisaqi dilləri seçmək daha məqsədəuyğundur. Beləliklə, hindu dillərinin türk dilindən ayrıldığı vaxtı müəyyənləşdirmək üçün keçua dili ilə Altay–Ural dillərindəki 207 sabit və əsas sözü (Morris Svodeşin siyahısı) Sergey Starostinin metodikasına uyğun şəkildə müqayisə və təhlil edək.

Qeyd. Svodeşin siyahısı – sabit və əsas sözlərin bənzərliyi əsasında fərqli dillər arasında qohumluq dərəcəsinin təyin edilməsi üçün ABŞ dilçisi Morris Svodeş tərəfindən təklif olunmuş siyahıdır. Burada elə sözlər toplanmışdır ki, heç bir dil onlarsız keçinə bilməz. Məsələn, ata, ana, günəş, bir, iki və s. Morris Svodeşin ehtimalına görə, hər 1.000 ildə sözügedən siyahıdakı sözlərdən on dördü itir və ya dəyişir.

Morris Svodeşdən fərqli olaraq Sergey Starostin hesab edir ki, bu siyahıya alınma sözləri deyil, hər bir dilin öz (milli mənşəli) sözlərini salmaq lazımdır. Onun fikrincə, müqayisə zamanı nəzərə alınmalıdır ki, hər 1.000 ildə həmin siyahıdakı sözlərdən beşi və ya altısı itir, yaxud o qədər dəyişir ki, qohum dilin daşıyıcısı onları tanıya bilmir.

Tədqiqat. Əvvəlcə keçua və Ural-Altay dillərinə aid Svodeş siyahıları arasında müqayisə aparıb 60 bənzər sözü (onlardan bəziləri məqalənin sonunda təqdim olunmuşdur) müəyyənləşdiririk. Yerdə 147 söz qalır. Ardınca Starostinin üsulunu tətbiq edirik.

Nəticə. Əgər hər min ildə altı söz dəyişirsə, deməli, keçua dili türk dilindən təxminən 25.000 il əvvəl ayrılmışdır. Bundan 13.000 il sonra isə (bəlkə bir qədər də tez) vahid “nostratik” dil Altay, Ural, “hind-Avropa” və dravid dil ailələrinə bölünmüşdür.

ALTAY-URAL – KEÇUA PARALELLƏRİNDƏN

  1. Nə – ima (keçua) – nimə (başqırd), nime (xakas), nima (özbək).
  2. Yox – ama (keçua) – amas (uyğur).
  3. Bir – huk (keçua) – ek, yek (İran dilləri), üks (eston), ik (mari), neq (monqol).
  4. Dörd – tava (keçua) – tavatta (çuvaş).
  5. Beş – pichqa (keçua) – beş (Azərbaycan), bies (saxa) , viisi (finn), pənc (fars), пять (rus).
  6. Uzun – suni (keçua) – uzun (Azərbaycan), uzın (qaraqalpaq).
  7. Balaca – uchuy (keçua) – üçükn (kalmık).
  8. Dar – kichki (keçua) – kiçik (türk dilləri – formaca və mənaca bənzər sözdür).
  9. Ana – mama (keçua) – mama (bibi – Azərbaycan).
  10. Ata – tayta (keçua) – dədə (Azərbaycan).
  11. Uşaq – irqi (keçua) – ür (monqol).
  12. Qadın (arvad) – warmi (keçua) – vaimo (finn)
  13. Balıq – challwa (keçua) – kala (finn).
  14. Qurd – kuru (keçua) – kurt (Tıva), xorxa (monqol).
  15. Ot – qura (keçua) – kurak (çuvaş).
  16. Ət – aycha (keçua) – aş (çuvaş).
  17. Saç – chukcha (keçua) – çuç (çuvaş).
  18. Dil – qallu (keçua) – çelxe (çuvaş), xel (monqol), kel (finn), kieli (karel), kyal (mokşan).
  19. Sinə – qasqu (keçua) – köks (Azərbaycan), köküs (Krım).
  20. Sıxmaq – qapiy (keçua) – qapmaq (Azərbaycan – formaca eyni, mənaca yaxın sözdür).
  21. Tikmək – siray (keçua) – sırımaq (Azərbaycan).
  22. İsti – illi (keçua) – ilıq (Azərbaycan).
  23. Düz – chiqa (keçua) – çike (Altay).
  24. Doğru – chanin (keçua) – çın (Altay).
  25. Və – wan (keçua) – uonna (saxa), ba (monqol), və (ərəb).

AZƏRBAYCAN – MAYYA PARALELLƏRİNDƏN

  1. Arı – ah bool (mayya) – bal (həm forma, həç də məna baxımından bənzər sözdür).
  2. Yalançı – ah tuzach (mayya) – tuzaq (tələ).
  3. Altında – alan (mayya) – altında.
  4. Ana bətnində uşaq – baal nak (mayya) – bala ana.
  5. Dolu (çox) – balan (mayya) – bol.
  6. Balta – baat (mayya) – balta.
  7. Buxar – buy (mayya) – buğ.
  8. Böyümək – buyul (mayya) – böyümək.
  9. Bağlamaq, toxumaq – bukul (mayya) – bükmək.
  10. Dolmuş, batmış – bulaan (mayya) – boğulan.
  11. Maral – keh (mayya) – keyik.
  12. Ağ – zak (mayya) – ağ.
  13. Ögey ana – zak naa (mayya) – ağ ana (hərfi tərcümədir).
  14. Külək – zulik (mayya) – külək.
  15. Körpə, övlad, bala – jeje paal, paal (mayya) – cici bala, bala.
  16. Əsas, səbəb – chun (mayya) – çün.
  17. Mən – en (mayya) – mən.
  18. Açmaq – hech (mayya) – aç.
  19. Yara – ya (mayya) – yara.
  20. Yaymaq – yar (mayya) – yay.
  21. Yaxmaq – yach (mayya) – yax.
  22. Düşmən – yakal (mayya) – yağı.
  23. Yoxlamaq – yalat (mayya) – yoxla.
  24. Yaşıl, göy – yash, yaash (mayya) – yaşıl.
  25. Yeni, birinci – yash, yaash (mayya) – yaş.
  26. İçində – ich (mayya) – iç.
  27. Qala – ich paa (mayya) – iç paya.
  28. Döş – im (mayya) – əmcək.
  29. Ev, otaq – kaz (mayya) – qazma.
  30. Əti qaxac etmək – kaklah (mayya) – qaxac.
  31. Bitkinin quruması, solması – kakmal (mayya) – qaxsımaq.
  32. Gün (vaxt), günəş – kin (mayya) – gün.
  33. Kəsmək – koz (mayya) – kəs.
  34. Lil – mum (mayya) – mum (formaca eyni, mənaca oxşar sözdür).
  35. Ana – naa (mayya) – ana.
  36. Çoxlu – on (mayya) – on.
  37. Ev – otoch (mayya) – otaq.
  38. Üç, çoxlu – osh (mayya) – üç.
  39. Hasar – paa (mayya) – paya.
  40. Borc almaq – pay (mayya) – pay.
  41. Əvvəlinci, qabaqdakı – payan (mayya) – bayan.
  42. Piy – pip (mayya) – piy.
  43. Bəyaz, rəngsiz – poz (mayya) – boz (forma və mənaca bənzər sözdür).
  44. Dərin – tam (mayya) – tam (formaca eyni, mənaca bənzər sözdür).
  45. Ata – tat (mayya) – dədə, ata.
  46. Toz – tooz (mayya) – toz.
  47. Tüpürcək – tub (mayya) – tüpürcək.
  48. Yalan, aldatmaq – tuz (mayya) – tuzaq.
  49. Əmr vermək, qayda qoymaq – tuz (mayya) – tüzük, düz, düzmək.
  50. Meyvə tumu – tun (mayya) – tum.

Yuxarıdakı 50 bənzər söz məşhur sovet tarixçisi və linqvisti Yuri Knorozovun «Письменность индейцев майя» əsərindəki qısa mayya–rus lüğətinin tədqiqi prosesində bu sətirlərin müəllifi tərəfindən müəyyən edilmiş paralellərin yalnız bir hissəsidir.

Məlumat üçün bildirək ki, mayya sivilizasiyası e.ə. 2000-ci ildə Mərkəzi Amerikada yaranmış, eramızın 250-ci ilində süquta uğramışdır. Amma mayya xalqı yox olmamışdır. Bugün Yukatan yarımadasında, Belizdə, Qvatemalada və Hondurasda altı milyondan çox mayya yaşayır.

Ardı var…

Daha vacib və maraqlı, elmi şəkildə müxtəlif mötəbər mənbələrə istinad olunaraq əsaslandırılmış məlumatları  Araz Şəhrilinin “Səfəvilər: paralellər, ehtimallar, həqiqətlər” kitabından əldə etmək olar.


Müəllif: Araz ŞƏHRİLİ


===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ƏLİ BƏYİN “HƏRBİ ZƏNGİLAN”INA SƏYAHƏT VƏ YA AZƏRBAYCANIN “HƏRB VƏ SÜLH”Ü – ZAUR USTAC

ƏLİ BƏYİN “HƏRBİ ZƏNGİLAN”INA SƏYAHƏT VƏ YA AZƏRBAYCANIN “HƏRB VƏ SÜLH”Ü

OTUZ  İKİNCİ YAZI

Dəyərli oxucunu salamlayaraq, yenidən görüşmək imkanını bizə nəsib etdiyinə görə Ulu Tanrıya şükürlər edirəm.

Bugünkü söhbətimizin mövzusu müasir Azərbaycan ədəbiyyatıdır. İmzası son iyirmi ildə ciddi yazılara maraq göstərən geniş oxucu auditoriyasına yaxşı bəlli olan Əli bəy Azərinin “Hərbi Zəngilan” əsəri barədə təəssüratlarımı sizinlə bölüşməyə çalışacağam.

Yeri gəlmişkən, nəzərinizə çatdırım ki, bu sətirlərin müəllifinin qələmindən çıxmış məqalələrdən biri “Hərb mövzulu yazılar…” – on yeddinci yazı adlanır.

İndi isə keçək mətləbə. Əsəri ilə tanışlıqdan əvvəl Əli bəy Azərinin özü barəsində məlumatlara nəzər salaq.

QISA ARAYIŞ.  . Əli bəy AZƏRİ  (Əli Qurban oğlu Rzaquliyev) 15 iyul 1966-cı ildə Azərbaycanın füsunkar bölgələrindən olan Zəngilan rayonunun Vejnəli kəndində dünyaya göz açıb. Məhəmməd Füzuli adına fizika-riyaziyyat təmayüllü Ordubad şəhər internat məktəbi bitirib. Ali təhsilini Ukraynanın Xarkov şəhərində alıb.

O, 1984–2002-ci illərdə hərbi xidmətdə olub. Vətən torpaqlarının müdafiəsi uğrunda döyüşlərdə iştirak edib, hərbi əməliyyatların təşkilatçısı və rəhbəri olub. Tank və motoatıcı taborlara komandirlik edib, motoatıcı briqada komandirinin müavini  vəzifəsinədək yüksəlib. Təqaüdə “mayor” rütbəsində çıxıb. Müharibə veteranıdır.

Yaradıcılığa çox erkən yaşlarından başlayıb. Hərbi xidmətdən sonra həyatını bütünlüklə yaradıcılığa həsr edib. Dövri mətbuatda 300-dən çox məqaləsi dərc olunub. 11 kitabı çapdan çıxıb. Əsərləri almanaxlara daxil edilib. “Hərbi Zəngilan” roman-xronikası, “Arazgersdən keçən köç”, “Qəmlibel müsibəti” adlı povestləri, onadək hekayəsi var.

Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. “Rəsmi Bakı” qəzetinin və “Xəzan” jurnalının baş redaktorudur. 2020-ci ildə yazıçılar üçün nəzərdə tutulmuş Prezident təqaüdünə layiq görülüb.

Biz müəllifdən tarixi mövzularda yeni-yeni dəyərli əsərlər gözləyirik.

HAŞİYƏ. Burada yazını elektron variantda, yəni saytlardan oxuyanlar üçün müəllifin ƏLİ BƏY AZƏRİ – HEKAYƏ, ƏLİ BƏY AZƏRİ – QURD AĞZI olmaqla iki hekayəsi ilə tanış olmaq imkanı ərmağan edirəm.

PARALELLƏR

Əli bəy Azərinin həyat və fəaliyyəti ilə tanış olduqda gördüm ki, biz çox az fərqlə eyni həyatı yaşamışıq. Belə ki, ikimiz də Azərbaycanın ərazi bütövlüyü uğrunda müharibənin iştirakçısı olmuşuq. Sovet ordusunun peşəkar, nümunəvi, tam hazırlıqlı zabiti Əli bəy savaş meydanına taborun qərargah rəisinin müavini  vəzifəsində, baş leytenant rütbəsində atılmışdı. Mən isə döyüşlərə 18 yaşı yenicə tamam olmuş, universitet auditoriyasından çıxmış gənc əsgər kimi qatıldım…

O, özünün indi-indi nizama düşmüş həyatını, uzun illərdən sonra nəhayət ki, gerçəkləşdirməyə başladığı arzularını, qürbət eldə çətinliklə qazandıqlarını tərəddüd belə etmədən Vətən yolunda qurban verdi. Mən isə bir azərbaycanlı kimi özümdən soruşdum: “rayonu (Ağdam) müharibə meydanına çevrilmiş gənc Bakıda gün keçirə bilərmi?”

Əli bəy Azəri Füzuli–Zəngilan–Qubadlı cəbhəsində, Zaur Ustac isə Ağdam-Tərtər-Goranboy cəbhəsində döyüşürdü.

Bunları “qismət”, “alın yazısı”, tale oxşarlığı adlandırmaq olar.

MƏZMUN

Beləliklə, “Hərbi Zəngilan”ın qısa məzmunu ilə tanış olaq. Bu əsər müəllifin “Könüllülər” və “Alay dövrü” adlı digər iki romanının da daxil olduğu trilogiyanın birinci hissəsidir. “Hərbi Zəngilan”da təsvir olunmuş hadisələr 1992-ci il iyun ayının birindən noyabr ayının 30-na qədərki qısa, ancaq hadisələrlə çox zəngin və ziddiyətli bir dövrü əhatə edir. Proseslər o qədər sürətlə cərəyan edir ki, zaman sanki bir çay kimi axıb gedir. Roman öz oxucusuna həmin günləri təkrar yaşadır. Bu əsər həm də gələcək nəsillərin real tarixlə tanış olmaları üçün gözəl bir imkandır.

Keçmişi bilməyənlər üçün gələcək həmişə qaranlıq olacaqdır. Kitabın 3-cü səhifəsinin 5-ci abzasında belə bir cümlə var : “…Roman-xronika, nəsrin, bəlkə də ən çətin formasıdır.” Onu da qeyd etmək istəyirəm ki, bu sətir müəllifin Müqəddimə əvəzi adlandırdığı hissədəndir. Əli bəy Azəri sözünə bədii əsər üçün müqəddimənin vacibliyi barədə qeydlərlə başlayır. İndi tanış olduğunuz bu yazı isə, əslində, əsərin kitabdan kənar müqəddiməsidir.

ƏSƏRİN DİLİ – MİLLİ BƏDİİLİK

Uzun müqəddimədən sonra əsərin dili barədə bir neçə kəlmə yazaq və bəhsimizi davam etdirək. Müəllif haqqında qısa arayışdan gördük ki, uşaqlıq vaxtından yazmaq həvəsi olsa da, taleyin hökmü onu tamam başqa bir səmtə yönəltmişdir. O, ədəbiyyat və tarix yaradan, lakin bunlarla heç bir əlaqəsi olmayan sənətə yiyələnmişdir. Filoloq deyil. Heç humanitar sahənin mütəxəssisi də deyil. Tam əksinə, dəqiq elmlərin, texniki sahənin adamı olan Əli bəy ixtisasca komandan-mühəndisdir. Görünür, məhz hərbçi olduğuna görə, Əli bəyin yazılarında ciddi sistemlilik və dəqiqlik vardır. Bir məsələni də qeyd edək – o, ədəbiyyatçı olmasa da, dilimizin incəliklərindən, xüsusi ilə hadisələrin cərəyan etdiyi bölgələrə məxsus spesfik söz və ifadələrdən böyük ustalıqla istifadə etmişdir. Əsərin dilindəki bu xüsusiyyət həm də ona görə təqdirəlayiq və əhəmiyyətlidir ki, sözügedən bölgələrin insanları uzun müddətdir şəhərdə yaşadıqlarından spesifik söz və ifadələrin itirilməsi təhlükəsi yaranmışdır. Sadə xalq dilini yazılı ədəbiyyata gətirib belə söz və ifadələrə yeni həyat bəxş etdiyinə görə Əli bəyə təşəkkür düşür.

VƏTƏNPƏRVƏRLİK, TƏƏSSÜBKEŞLİK VƏ TARİX

Əsər gənc, enerjili, ən əsası isə düşmənə nifrət, Vətənə sonsuz bir məhəbbətlə alışıb-yanan baş leytenant Əli Rzaquliyevin Uzaq Şərqdən bir vaxtlar quzu otardığı, seyrindən doymadığı, 1988-ci ildən döyüş bölgəsinə çevrilmiş doğma yurduna qayıtması ilə başlanır. İlk hadisələr zəif və xaotikdir. İkinci fəsildə dinamiklik artır. “Hərbi Zəngilan”, yəni trilogiyanın birinci hissəsinin sonunda Zəngilan böyük dəyişikliklərin astanasındadır.

Hadisələr hərbi hissədə, hərbçilər arasında cərəyan edir. Əli bəy elə incəlikləri ustalıqla qələmə alıb ki, bunu hərbçi olmayan heç bir yazar edə bilməzdi. Təkcə müxtəlif situasiyaları, subardinasiya məsələlərini, qərargah mədəniyyətinə aid spesfik elementləri deyil, həm də qondarmaları böyük peşəkarlıqla təqdim etməyi bacarmışdır. Müəllif peşəkar hərbçi olduğuna, uşaqlığı kənddə keçdiyinə, zəngin söz ehtiyatına yiyələndiyinə görə belə faydalı, əhəmiyyətli, vacib bir əsəri ərsəyə gətirə bilmişdir.

Əsərdə yerli əhalinin hərbçilərə absurd münasibəti ilə rastlaşırıq. Məsələn, ikinci fəslin “Ölüm günü” bölməsində yenicə erməni atəşinə tuş gəlmiş kəndin sakinləri – arvadlar köməyə – haraya gələn hərbçilərə  qarğış edirlər: “Sizi görüm qırılasınız. Vayınıza oturaq. Siz gələnədək …”. Müəllif burada həm maraqlı ifadə vasitələri şeçmiş, həm də bir eyhamla ara qarışanadək normal qonşuluq münasibətlərinin olduğunu ortaya qoymuşdur. Yoxsa, arvadlar öz əsgərlərini niyə qarğısın ki?

“Nüvədi bölüyünün döyüş təyinatı” bölümündə təyinatla bağlı: “Lələnin öz əmridir…”.

“Qisas alınmalıydı” bölümündə idarəçilik barədə: “Salacaq şapalağın altına…”.

“Altı nömrəli ehtiyat möhür” bölümündə yerlibazlıqla bağlı: “Gürcüstanlı gəlib, Zəngilanda…” və s. maraqlı misallar var.

Satqınçılıq məsələsindən söhbət açılanda məlum olur ki, hamının bir nömrəli şübhəli şəxs hesab etdiyi Sona arvadın gəlini qərargahda makinaçı işləyir… Hər zaman olduğu kimi…

Bir maraqlı misala da nəzər salaq. Bu dəfə obyekt polisdir. Yeri gəlmişkən, bir nüansı diqqətinizə çatdırım. Makulunun “Səttarxan” əsərində göstərilir ki, jandarma işə düzəlmək üçün mütləq rüşvət vermək lazımdır. Bu yüz il əvvəl Güney Azərbaycanda baş vermiş hadisədir. Qeyd etmək lazımdır ki, SSRİ-də rüşvət və korrupsiya adi bir hal idi. “Hərbi Zəngilan” əsəri cəmiyyəti içindən məhv edən bu bəlaya da toxunur: “Cəbrayıldan gələn polis” bölməsində Azərbaycanın müstəqilliyinin ilk illərində Ukraynadakı düzənini pozub Vətənə xidmətə gəlmiş polis zabitinə Cəbrayıl rayon polis bölməsində açıq-aşkar deyilir ki, iyirmi beş min verməsən xeyri yoxdur…

Yerlibazlıq, yerliçilik adlandırdığımız murdar təzahürün əksi olan bir hiss də vardır. Onun adı yurdsevərlik, vətənpərvərlikdir.

Baş leytenant Əli Rzaquliyev Sovet Ordusu sıralarında qalsaydı, bəlkə də yüksələcək və daha firavan yaşayacaqdı. Ola bilsin ki, orada onun xidmətinə, işinə qiymət veriləcəkdi. Amma tarix “elə olmasaydı, belə olardı” fikrini qəbul etmir. Beləliklə, qəhrəmanımız Zəngilanı – doğulub boya-başa çatdığı yurdun döyüşçüsü olmağı seçdi.

HAŞİYƏ. Baş leytenant Əli Rzaquliyev vətəninin, yurdunun fədakarıdır. O, əsl vətən oğullarının ümumiləşdirilmiş obrazıdır. Hər bir azərbaycanlı belə igidlərə dəyər verməyə borclu olduğunu dərk etməlidir. Çox heyiflər olsun ki, indinin özündə də  bunu anlamayanlar, qiymətləndirməyənlər çoxdur.

Baş leytenant Rzaquliyev Silahlı Qüvvələrin Baş Qərargah rəisi general – leytenanat Bərşadlının qəbulunda olarkən ona başqa bölgələrdə, hətta  Bakıda daha yüksək vəzifələr təklif edilir. Lakin o, Zəngilan deyib durur. Ağdamda yeni qurulacaq tank taboruna komandir vəzifəsi təklif olunur. Yenə də razılaşmır. Halbuki bu onun üçün daha perspektivli bir təyinat olardı. Yurdsevərlik onu çəkib Zəngilana gətirir.

1994-cü ilin fevralınadək “Tərtər batalyonu”, “Bərdə batalyonu”, bir neçə “Mingəçevir batalyonu”, filan saylı tabor, “Qurtuluş batalyonu”, “20 Yanvar batalyonu”, adını unutduğum başqa bölgə batalyonlarının çox vaxt koordinasiya olunmayan fəaliyyəti böyük çətinliklər yaradırdı. Amma bu hərb sahəsindəki yeganə müşkülümüz deyildi. Təəssüf ki, bugünün özündə də problemlərimiz kifayət qədərdir. Yenicə müstəqilliyini elan etmiş kiçik bir respublika üçün belə hallar bəlkə də təbii idi. Ancaq indiki dövrdə, müasir təhdidlərin fonunda onlar yolverilməzdir.

Sözsüz ki, təhsildə, səhiyyədə, orduda, idarəetmədə mövcud olan problemlərin əksəriyyətinin kökündə cılızlıq, heyvani nəfs, cəhalət və özgə maraqlar dayanır.

ƏSƏRİN ƏHƏMİYYƏTİ

Əli bəy Azəri “Hərbi Zəngilan” adını verdiyi bu romanı sanki o dövr Zəngilanını tarixdə yaşatmaq istəyi ilə qələmə almışdır. Uşaqlıqdan yadında qalan sözləri, unudulmuş ifadələri, az qala hər kolu, hər daşı xatırlatmaqla Zəngilanın bədii portretini böyük ustalıqla yaratmışdır: Zəngilan təbii sərvətləri və spesifik resursları ilə fərqlənən qəribə coğrafi məkanda yerləşir. Naxçıvan yolunun üstündəki körpünün bir sütunu Ordubaddırsa, digəri Zəngilandır. Ölkədə iki qızıl yatağından biri Zəngilandadır. Dünyadakı iki Çinar meşəsindən biri – təbii artımına görə birincisi  Zəngilandadır.  Bu meşənin bazasında Bəsitçay Qoruğu yaradılıb. İran İslam Respublikası ilə sonuncu sərhəd zastavaları Zəngilandadır və həmin vaxt hələ də rus sərhədçilərinin bölgədə mövcudluğu əhalidə qəribə ikrah hissi oyadırdı. Ermənistanının iki – Naxçıvanla aramıza süngü kimi sancılan Megri və böyük sənaye rayonu sayılan Qafan rayonu ilə sərhəd zolağı 157 km idi ki, bu da o vaxt ən böyük təmas xətti sayılırdı. Zəngilan üzərində cəmlənmiş maraqlar ucbatından ölkənin ictimai-siyasi-hərbi mənzərəsi buradan daha aydın müşahidə olunurdu ki, bütün bu vacib məlumatları siyasətdən uzaq, Vətəninin sonsuz məhəbətlə sevən, yurduna bağlı, adət-ənənəsinə sadiq, zəngin söz ehtiyatına malik  hərbçi-yazar sözün əsl mənasında xüsusi bir məharətlə bugünkü oxucusuna çatdıra, gələcək nəsillərə ötürə bilmişdir.

Əli bəy Azəri qarşısına qoyduğu məqsədə nail olmuşdur. Onun “Hərbi Zəngilan”, “Könüllülər” və “Alay dövrü” adlı romanlardan ibarət trilogiyası Azərbaycanın “Hərb və Sülh”üdür!

Biz bu gün Makulunun “Səttarxan”ından, Məhəmməd Əsəd bəyin “Əli və Nino”sundan, Bayram Bayramovun “Karvan yolu”ndan necə faydalanırıqsa, gələcək nəsillər də Aqil Abbasın “Dolu”sundan, Fazil Güneyin “Qara qan”ından, Əli bəy Azərinin “Hərbi Zəngilan”ından, Qələndər Xaçınçaylının “Güllə işığında”n belə faydalanacaqlar. Gəlin bu siyahını zənginləşdirək. Gəlin Babək olaq, Azərbaycanımızı sevək… Nəsimi olaq, sözümüz yaşasın… Gəlin Şəhriyar olaq, səsimiz Arazın şırıltısında itib batmasın… Gəlin Vurğun olaq, gəlin Bəxtiyar olaq… Hacıbəylini, Zərdabini, Haqverdiyevi yaşadaq… Şah İsmayıldan, Nadir şahdan güc alaq… İlham kimi qətiyyətli olaq… Ziyaların, Ülvilərin əməyi boşa çıxmasın…

And olsun, Qələmə ki, ondan güclü silah yoxdur!

04.04.2021 – Bakı.

QEYD: Sonda bir ricanı nəzərinizə çatdırım. Xahiş edirəm, yeni yazılmış hərb mövzulu əsərlər barədə məlumatları Votsap: (+994) 70-390-39-93 və ya E-mail: zauryazar@mail.ru vasitəsi ilə mənə bildirin. “Hərb mövzulu yazılar və ya dünyanın bir rəngi var” yazısından xəbərdar olan qələm adamlarına bildirmək istəyirəm ki, xeyli vaxtdır “Xaki üzərindəki qırmızı və ya qara qar” adlı hərb mövzulu yazılardan bəhs edən ikinci yazı üzərində işləyirəm. Əvvəllər az-çox təqdimatlarda yeni kitablardan xəbər tutmaq olurdu. Son illərdəki məlum məhdudiyyətlər səbəbindən bu imkan da aradan qalxıb. Bunu nəzərə almağınızı xahiş edirəm. Məhdud sayda nəşr olunub rəflərdə yatan hər kitabdan vaxtında xəbər tutmaq olmur. Bəlkə də o həqiqətən də çox dəyərli bir kitabdır.

QEYD:

Məqalə müxtəlif vaxtlarda fərqli saytlarda yayımlanmaqla yanaşı “TƏƏSSÜRATLAR” və “QƏLƏMDAR – 2” kitablarında OTUZ  İKİNCİ yazı kimi müstəqil məqalə şəklində yer almışdır.

Məqalə eyni zamanda Əli bəy Azəri haqqında olan “Mən və Siz” adlı kitaba daxil edilib.

Müəllif: Zaur USTAC

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Təhsildə innovasiyalar, Yeni Dünya Düzəni, Yeni Tədris Formatı – Zərövşən Babayeva

Dr. Zərövşən Babayeva.

Təhsildə innovasiyalar, Yeni Dünya Düzəni, Yeni Tədris Formatı

         XXI əsr bizi təəccübləndirməyə davam edir. Yaşadığımız son dövrlər öz yeni formatı, fərqli problemləri ilə seçilir. Artıq 2020-ci ilin əvvəl­in­dən başlayaraq həyatın tamamilə yeni is­tiqa­mətdə dəyişilməsi ilə barışmalıyıq. Qəbul etmə­li­yik ki, dünyamız köklü şəkildə dəyişdi və əv­­vəlki münasibətlər yeni keyfiyyət dəyişik­li­yi­nə uğ­ra­mışdır. Artıq yeni dünya insanı cə­miy­yə­tini, dövlətini əvvəlki şərtlərlə idarə etmək, yenilik­lə­rə anın­da cavab verməkdə çətinlik çə­kir. Bu gün hansı cəmiyyət el­mi­nə, təhsilinə, insa­nı­na, torpağına, toxumuna sahib çıxar, yatı­rım edərsə, ye­ni­lik­­lərə açıq olub dünya təcrübəsin­dən faydalanmaqla yaradıcılığa üs­tünlük verərsə o da ya­rış­dan qalib çıxacaqdır. Məqsəd açıq və aydın olmalıdır. Tə­­bi­­ət­də belə bir qa­nun var – güclülər qa­lib gəlir. Yəni müasir dunya­mız­da yaşamaq uğrunda müba­ri­zə­də qalib gəlmək üçün də cəmiy­yətlərdə güclü-gücsüz qarşıdur­ma­sı gedir. İnsan­lı­ğın sınağa səkildiyi son illərdə bütün sahələrdə ol­du­ğu kimi təd­ris-təhsil sahə­sində də problemlər, mübahisəli məqamlar yaranmışdır.      

         Öyrədən-öy­­rə­­nən arasındakı fərqli for­mat­da fəaliyyətlərin gündəmə gəlməsi ilə ali və orta məktəblərdə təd­ri­sin idarə edilməsinin dövrün problemlərinə müvafiq şəkildə təşkili zərurətə çev­ril­miş­dir. Əs­lində dünyanı saran problemlər bu gündən gələcəkdə də yara­na biləcək qarı­şı­q­lıq­­la­ra hazırlıqlı ol­ma­­­ğı­mızı şərtləndirir. Müasir texnolo­gi­ya­lar sayəsində düçar oldu­ğu­muz ka­ran­tin şəraitində fəaliyyətimizi davam etdirsək də – onlayn, virtual format, a-sosial mühit, məsa­fə­lərin uzanması cəmiyyətlərdə bəzi ruhsal, psixoloji problemləri də yaratmış­dır. Ümumiyyətlə, həyatın müxtəlif sahələrində nailiyyət hər bir fərdin fəal iştirakından ası­lı­dır. Belə ki, yaradıcı, fərdi yanaşma, təfəkkürün istiqamətləndirilməsi, şəxsiyyətin problemə yanaşması, həyata baxışı, dünyağörüşünün zənginləşdirilməsi əsas şərtlərdəndir. Təh­sil sahəsi bu işlərdə əsas yerlərdən bi­ri­ni tutur. Cəmiyyət həyatında köklü dəyi­şik­lik etmək əsasən təhsilə qoyulan yatırımdan çox asılıdır. Bunun üçün nəzərə alınmalı məqamlar çoxdur:

  • Müəllimlərdə tədrısə sahiblik prinsipi
  • Öyrədən-öyrənənin maraq, təşəbbüs və istəklərinin ön plana çəkilməsi
  • Təhsildə qloballaşmanın qarşısının alınması
  • Fərqli təhsil formatının yaradılması
  • Tədris prosesində motivasiya, iki tərəfin də maraqlarının təmin edilməsi
  • Müəllim-tələbə sintezi
  • Təhsilin, məktəbin dövrün tələbinə uyğun təşkili
  • Fikir mübadiləsi, birlikdə fəaliyyət və s.

       Təcrübələr göstərir ki, təhsildə istənilən səviyyəyə çat­maq üçün öyrənən­lər­də aşağıdakı ba­ca­rıqların forma­laş­dırıl­ma­sı vacib sayılmalıdır: Yeni bi­lik­lərə məntiqi, tənqidi yanaşmaq, təxəy­yü­lə sahib olmaq, yaradıcı tət­biq­etmə, fərqli tədris for­mat­ı, dinləmə, kommunikasiya, təhlil, ana­l­iz-sintez, düşündürücü sual vermək bacarığı və s. Bütün bunlar təhsildə, dolayısı ilə cəmiyyət hə­yatında innova­siyalardan istifadəni təmin edəcəkdir:

        Təhsildə nələri dəyişək? – öyrənənlərin müstəqilliyinə, sərbəstliyinə imkan yara­dıb həvəs­lən­dirmək, vaxt vermək. Gənc nəslin suallarına ciddi yanaşıb birlikdə tədqiqat aparmaq, gələ­cə­yin məsuliy­yə­tini dərk etdirmək.

        Yeni dövrdə təhsil necə olmalı? – Bacarıqları inkişaf etdirməklə. Gənclər fundamental baca­rıq­larını təkmilləşdir­mək­lə yeni dövrdə yer tuta bilərlər. Artıq dünyada ixtisaslaşmış təhsil geri qalmış təhsi­l­ sayılır. Fərdi yanaşma və müşahidə ilə öyrənənləri dəyərləndirməliyik. Yəni bu əsrdə insanın qəl­bi­nin, ruhunun baca­rıqları da önə çəkilməli, empatiya qurularaq qarşıdakının fikirlərinə önəm ve­rilməlidir.

        Dünyanı dəyişmək üçün müəllimlər nə etməli? – Məlumatların canlı, öyrənənlərin ya­ra­dı­cı olmalarına diqqət yetirilməli, tədris edilən fənlərin önəminə diq­qət edilməli; Dünyagörüşün zən­­­ginliyi, yaradıcı işə xüsusi fikir verilməlidir. Xü­susilə son illər tənhalaşmaq, təcridolunmaq işin keyfiyyətinə mənfi təsir etmiş­dir. Bu baxımdan cə­miy­yətlərin və dövlətlərin müəllimlərin prob­lemləri ilə maraq­lanması, həyat şərait­lərinin yaxşılaşdırması qayğısına qalması işin xeyrinə olardı.

         Yeni dünyada yeni məktəb modeli necə olmalı? – Tələbələrin yaradıcılığı, gördüyü iş qiy­­­mət­ləndirilməli; Biliklərin yaradıcı tətbiqi; Müəllimlər kollektiv şə­kildə fəaliyyət göstər­mə­lidir. Bu həm motivasiya edici təsir edər, həm də yara­dıcılıq, tədqiqatçılığa meyli artırardı.

        Təhsildə hesabatlılq bacarığı nədir? – Tələbələrin ən nümunəvi işlərinin nü­ma­yişinin, süni zə­kanın təhsilə təsiri imkanlarının qiymətləndirilməsinin fərdi in­ki­şa­fa təsiri daha çox ola­caq­dır. Texnologiyaların tətbiqi zərurəti bu sahəyə diqqətin ar­tırılmasını diktə etməkdədir. Ölkə, döv­lət, müəssisələr arasında cəmiyyətin inki­şa­fı qiymətləndirilməlidir. Dünyanın necə də­yiş­di­yi­ni anlamaq; Birlikdə öyrən­mə­ni də­qiq­ləşdirmək, şərait yaratmaq, dəyişməyə hazır ol­maq. Gənc nəslin təkmilləş­mə­si, yeni dünyaya hazırlanması, fərqli formata istiqamət­lən­di­ril­məsi.

       Bu gün dünyada artan işsizlik, maddi problemlər, gərginləşən münasibətlər fo­nun­da sağ­lam düşüncə ilə davranmağa borcluyuq. Hər kəsin stresli zaman ke­çir­mə­sini nəzərə ala­raq qayğını, mərhəməti, məhəbbət hissini bir-birimizdən əsir­gəmə­məliyik. Cəmiyyətin ziya­lı­sı, ali məktəb müəl­lim­­i olaraq məruz qoyul­du­ğu­muz bu problemlərdən az itki ilə çıxa bil­mə­yin yollarını da araşdır­ma­lıyıq. Gənc­lərimiz gə­lə­cəyimizdir və müxtəlif sahələrdə cə­miy­yətin inkişa­fında mü­hüm rol oynayacaq­lar. Bu səbəbdən onlarla apardığımız işlər üçün də məsuliyyət bizim üzərimizdədir.

         Yenicə qazandığımız Qarabağ zəfəri də bizi bundan sonrakı möhtəşəm nai­liy­yətlərə ruhlandırır. Şahidi olduğumuz Vətən müharibəsi göstərdi ki, qan yad­da­şı bələkdə Qarabağı tərk edən körpələri 30 il sonra tanklarla, İnsansız Hava Araç­ları (İHA) və qırıcı təyyarələr, müxtəlif hərbi texnika ilə doğma torpaqlarını mən­fur düş­mənlərdən təmizləmək üçün ayağa qaldırdı. Bu, XXI əsrdə dünyaya səs salan mü­­asir Vətən Muharibə formatı Azərbaycanın yetişdirdiyi tələ­bə­lər, mühən­dis­­lər, həkimlər, müəllimlər,…., Zabit və Generallar sayəsində qələbə çalaraq Bö­yük Qə­lə­bə, Böyük Qayıdış idi. Bütün Azərbaycan cəmiyyəti olaraq Qarabağ Şə­hid, Qazi, Əsgər, yüksək rütbəli hərbiçilərinə, şəxsi heyətinə minnət duyur, şəhid və qazi ailələrinə səbr diləyirik. Ən ali səviyyədə dövlət qayğısı ilə əhatə olunmuş mü­ha­­ri­bə iştirakçıları yetişməkdə olan gənc nəsil üçün də layiqli nüminədir. Cə­miy­­yətlər və dövlətlər eyni amal uğrunda çalışdıqca görülən işlər hər bir fərdi məmnun edə­cək­­dir. Ümid edirik ki, insani sevgi, mərhəmət, elmi na­iliy­yətlər sayəsində Dünya­mız yaşamaq üçün öz əhəmiyyətini artıracaqdır.

     Yaşadığımız günlərdə cəmiyyətlər, dövlətlər arasında açıq şəkildə qüvvə­lə­rin toq­quş­ması baş verdiyinin şahidi oluruq. Tədris sahəsində də bütün baş verən­lə­ri nə­zərə alaraq köklü dəyişiklik­lər etməyin tam zamanıdır. Bu gün bizə müxtəlif el­mi bilikləri əzbərləyən şagird, yaxud tələbə ki­fa­yət eləmir. Öyrənənləri biliklərin sax­landığı “papka” for­ma­tından çıxarmaq zamanı çoxdan çat­mışdır. Öyrən­di­yi bi­li­­yi ya­ra­­dıcı tətbiq edə bilən, təklif olu­nan hazır biliklərə tənqidi yanaşan, kons­truktiv dü­şü­­nən gənc nə­sil sayəsində yaxın gələcəkdə texnologiyaların, robotların üstünlük təşkil etdiyi dünyada yaşa­ma­ğa uy­ğunlaşmalıyıq. Anlamalıyıq ki, artıq ən böyük “silah” Elmdir. Köhnə dünya standartları ilə yeni dünya­da rəqabətə dayan­maq üçün çalışmalıyıq. Biologiya elmi, tibb sahəsi, kimya, fizika, kosmonavtika və digər elm sahələrində əldə edil­miş yeni na­iliy­yətlər insanlığa fərqli yanaşmalara görə cə­miy­yətlərin lehinə və əley­hinə tətbiq edilməkdədir. Elmi insanlığın lehinə işlədən kadrlar, mütəxəssislər yaratmaq müasir dövrün zərurətinə çevril­miş­dir. Məhz yara­dı­cı, yenilikçi, müa­sir texnologiyalara yiyələnmiş gənc­lik, hazırkı kadr po­ten­sialı­nın təkmilləşməsi ilə güclü rəqabətə dayana biləcəyik. Son bir ildə bütün dünyada “pan­de­miya, karantin, virus, məsafə, maska, təmizlik” məfhumları hə­ya­tımızın reallığına çev­ril­mişdir. İna­nırıq ki, cəmiy­yətlərin sağlam düşüncəli ziyalıla­rı­nin birgə səyi ilə XXI əsrdə cəmiyyətlər is­tər Təhsilinə, istərsə də İnsanına sahib çıxaraq qarşıya çıxan çətinlikləri aşacaqdır.

Zərövşən Babayeva

Naxçıvan Dövlət Universitetinin dosenti

pedaqogika üzrə elmlər doktoru


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru