Etiket arxivi: NƏSR

Depresiya adlı vahimə – Aytac İbrahim

Nuranə Rafailqızının kitabı.

…depresiya adlı vahimə…

Günümüzün ən aktual məsələlərindən biri də depresiya adlı vahimənin insanların həyatında idarəedici qüvvə olmağıdır.Maddi sıxıntıların bolluğu, mənəvi mövzularda əskik hiss etmək, özgüvən problemi və bir çox amillər depresiyaya düşməyə səbəb yaradır.Yaşından aslı olmayaraq çoxları bu məqamda özü ilə bacarmır, intihar edir və ya özünü yaşarayaq öldürən metodlara əl atır.Nəticə isə uçurumdur….
Əsas olan, xaotik vəziyyətində özünü bir daha tanımaqdır, yenidən kəşf etməkdir.Nə qədər mübariz olub, olmadığını analiz edib, həqiqi səni tapa bilməkdir.Ya bu nizamsızlığın təsirindən boşluq dediyimiz quyunun dibinə düşəcəksən, ya da nizamsızlığı bacardığın qədər bərpa edib, iki əlli özünü qucaqlayacaqsan…
Sənin psixologiyanı, səndən başqa heç kim idarə edə bilməməlidir.Sən psixologiyanın sahibisən və onun hər bir detalını əzbər bilməlisən ki, çətin vəziyyətlərində özünə yol göstərəsən.
Yaradan insanı canlıların ən şüurlusu olaraq yaratdı.Ona yaşamağı üçün imkanlar da yaratdı, ömür də verdi.Düzgün yolda, şüurlu şəkildə addımlamaq gələcəyimiz üçün kifayətdir.
Bunun üçün sadəcə düşünməliyik.Əməllərimizi həyata keçirməmişdən əvvəl özümüzü sorğu-sual etməliyik, olacaqları, nəticəni göz önünə gətirməyi bacarmalıyıq.Ona görə dədə-babalarımız yaxşı deyib: “Yüz ölç, bir biç”.
Problemlər sanki labirintdir.Sadəcə gedişatda bir səhvə yol verdinsə oyun davam etməyəcək.Lakin diqqətli olsaq və məntiqimizi işə salsaq, həyatda çox şeyin xəyallarımızdakı kimi olmayacağını özümüzə dərk etdirsək problemlər bizim üçün doğrudan da, sadəcə bir oyun olacaq və qalib gəldiyimiz zaman zövq alacağıq.

Ətrafınızda layiq olanlara sevgi işığınızı saçın.İnsanlar sevgi ilə böyüyür.Ruhumuzun qidası sevgidir.Hətta deyərdim ki, bu gün bizi ayaqda möhkəm durmağa vadar edən, bəlkə də bizə sevgi verən insanların varlığıdır.Onları möhkəm qucaqlayın, təbəssüm edin, xoş sözlər deyin.Sabaha onsuz da etibar yoxdur.Nə edəcəksinizə, bu gün edin.Həm də böyük bir enerji ilə…

Unutmayın:

“Heç bir şey asan deyil, asan yolu tapıb gələcəyə uğurla addımlamalıyıq.”

Dünyamızı, cəmiyyətimizi, ətrafımızı qoruyaq… 

Müəllif: Aytac İBRAHİM 

AYTAC İBRAHİMİN DİGƏR YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

SƏMA MUĞANNA – YENİ GÜNƏŞ – ZAUR USTAC

Səma MUĞANNA – gənc yazar

SƏMA MUĞANNA – YENİ GÜNƏŞ

(Ağazadə Səma Elbrus qızı haqqında)

Salam olsun, dəyərli oxucum! Bu  görüşü  bizə ərməğan etdiyinə görə  Böyük Alaha şükürlər olsun! Sizlərlə yenidən həmsöhbət olmaq çox xoşdur! Bu dəfə söhbətimizin mövzusu əlinə yenicə qələm almasına baxmayaraq, artıq kifayət qədər uğura imza atmış gənc qələmdar barəsində olacaq.  Haqqında söhbət açacağımız gənc yazar qısa müddət ərzində  öz imzasını tanıtmağı bacarmış, ədəbi cameədə sözünü deməyə başlamışdır.  Söhbətə başlamazdan əvvəl onu qeyd etmək istəyirəm ki,  bu dəfə sizinlə  bir az hüznlü, gərgin, amma bir o qədər də romantika dolu dünyaya səyahət edəcəyik. Bu dünyanın balaca fidanı xəzan olan yarpaqların arasında öz qələmini tapmış və ondan bərk-bərk yapışıb dikələrək, bu qələmin gücünə bələd olduğundan ona söykənib  var gücü ilə, səsi gəldikcə, sözü yetdikcə; “…ey kor olmuş dünya, mən də varam” – deyə hayqırmaqdadır.  O qələm onu çox fırtınalarla qarşılaşdırmış, o kiçik, məsum ürəyində od qalamışdı. Bu odun qor götürdüyü ocaq bəşəriyyətin söz məbədinin müqədəsliyinə müqədəslik qatan piraninin piridir. Bu  od  hərdən sönsə də, hər dəfəsində yenidən daha güclü alovlanmışdır.  Alovlanmış və daha da gurlanaraq sönməmiş, əksinə parlaqlığını artırmışdır.  Bu od o ocaqdan rişələnib ki, çoxlarımız qiyabi də olsa bu barədə məlumatlıyıq. Bu od o ocaqda,  o məbəddə alovlanır ki, onun nə vaxtsa sönməsini heç birimiz istəmərik. Əksinə bu yazını oxuyandan sonra çoxunuz mənimlə razılaşacaqsınız ki, hamımız bu ocağın qorunu, alovunu mühafizə etməli, onu qorumalı daha da gur alovlanmasına, zülmət dünyamızı işıqlandırmasına, soyuq dünyamızı isitməsinə kömək olmalıyıq. İndi sizi bu müqəddəs məbədin ocaqdarı ilə tanış etməyin vaxtı çatmışdır. Bu müqəddəs məbədin indi-indi alovlanmağa başlayan qoru, bu qoca çinarın yeni pöhrəsi, fidan balamız, gənc yazar, dahi söz ustadı İsa Muğanna ocağının, irsinin   varisi, qoruyucusu, daşıyıcısı  Səma Muğannadır.

Qısa Arayış:

Səma Muğannna (Ağazadə Səma Elbrus qızı) 2006-cı il martın 2-də Bakıda ziyalı ailəsində dünyaya gəlib. Babası “İstiqlal” ordenli Xalq yazıçısı İsa Muğanna kiçik yaşlarından Səmanın tərbiyəsi ilə məşğul olmuş, onda ədəbiyyata maraq oyatmışdır. Hal-hazırda Səma  189-190 saylı orta məktəbin 10-cu sinfində təhsil alır, 3 kitab müəllifidir, “Yazarlar” jurnalının redaksiya heyətinin üzvüdür,  “Ulduz” jurnalında, “Ədəbiyyat və “Kırımın səsi” qəzetlərində, eyni zamanda müxtəlif saytlarda əsərləri işıq üzü görmüşdür. “Ziyadar” Mükafatı laureatıdır.

 Səma Muğanna ilə mənim tanışlığım “Adam və Papatyanın Tanrıyla görüşdüyü gün” kitabı ilə olub. Kitab adı ilə diqqətimi çəksə də oxuduqdan sonra bu gənc müəllifin söz dünyası,  düşüncələri fikrimi məşğul etməyə başladı. Daha sonra “Göyərçinin qəribə sevgi hekayəsi”, “Lal şəhərim” və digər kiçik həcimli yazıları ilə tanış olduqca hər şey mənə məlum oldu. Söz dünyası, bədii ədəbiyyat öz yeni tacidarını qarşılamağa hazır olmalıdır. Söz səltənətinin yeni sultanının tacının parıltısı artıq ədəbiyyat üfiqlərində görünməkdə, atının ayaq səsləri isə eşidilməkdədir.

Əgər bir az da dərinə gedib, Səmanı daha yaxından tanımağa çalışsaq, bu körpə fidan bala qələminin varlığına sarılaraq ayaqda qalmağı bacarıb. Kiçik dünyasında rəngarəng göy qurşağını kiçik ev edib, o evin də, küçənin də ən şirin nəğməsi olub. Bu nəğmə böyüdükcə səsi ətrafı da ovsunlamış və ovsunlamaqdadır.

Səsdən söz düşmüşkən, sözün əsl mənasında Səma həmdə məlahətli səsə və özünəməxsus ifa tərzinə malik qiraətçi kimi də özünü uğurla sınayır.

Bütün bu sadaladıqlarımızın hamısı Səmada ilkin mərhələdə, işartı formasındadır. Ancaq, ondakı əzim və bir də söykəndiyi soy-kök onu deməyə əsas verir ki, biz çox parlaq bir gələcəyi olan söz adamı, yazarla müasirik.

      Səmanın yaradıcılıq dünyasına səyahət etdikcə qəlbləri riqqətə gətirən səhnələrlə tanış oluruq. Qələm sahibinə rəğbətimiz artır.

   Səma həyat eşqini, duyğularını,  yaşadıqlarını sadəcə qələmə almır. O bəlkə də şəxsən onun özünə aid olanları böyük ustalıqla ümumiləşdirməyi bacarır. Öz yaşıdlarının, bəzən (çox vaxt) isə hətta yaş və digər stereotipik baryerləri aşaraq bütün insanlığın, cəmiyyətin problemlərini uğurla qabarıq şəkildə təqdim edir. O bütün varlığıyla sarıldığı qələmini barmaq uclarıyla izləyərək yazır. O qələminin sözünü dinləyir. Səmanın qələmindən çıxmış bir az mistik, sevgi dolu hekayətlər oxucunu ovsunlayır. Qələminin sehrini izləyən oxucusu  bu yalan, fani dünyadan ayrılıb, onun sevgi dolu dünyasına səyahət edir.  Səmanın qeyri-adi, sehirli söz dünyasına düşmüş oxucu  həyata tamam başqa gözlə baxmağa başlayır. O dünyadan bu dünyaya yeni əhval-ruhiyyədə qayıdır.

   Səmanın  söz aləmində uğurlar qazanmasında rol oynayan ilk  olaraq babası İsa Muğanna və ailəsi olub. Bu körpə fidan bala dünyaya göz açdığı ocaqda ədəbiyyat qoxusunu duymuş və qələmi əlinə almışdır. Təbii ki, onun yanında dəstəkçiləri də olmuşdur və bu gün də var. Günəş olmadığı zaman Ay Yeri işıqsız qoymadığı kimi, İsa Muğanna yoxluğunda Səma Muğannanın da muğannasevərləri sözsüz qoymayacağına əminik.

Son olaraq Səmaya onu demək istəyirəm ki, əzizim Səma başlanğıc mükəmməldir! “Sükanı belə saxla!” Bax, beləcə davam et! Daim öz üzərində işlə! Biz ədəbiyyat üfiqlərində sənin timsalında yeni bir günəşin doğduğuna inanırıq. Sənin boynuna düşən bizim yanılmadığımızı sübut etməkdir. Bu keşməkeşli, çətin ancaq, şərəfli yolda uğurların bol olsun!

Sona qədər həmsöhbət oduğunuz üçün təşəkkür edirəm. Böyük Allahın yardımı və izni  ilə  yenidən görüşənədək! Allah amanında.

Müəllif: Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.

ZAUR USTACIN YAZILARI

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

SİRLƏRİN TARİXİ – Abbas ƏLİZADƏNİN LAYİHƏSİ

Abbas ƏLİZADƏ – tarixçi.

SİRLƏRİN TARİXİ – Abbas ƏLİZADƏNİN LAYİHƏSİ

Ənvər Paşa Birinci Dünya Müharibəsindən sonra sanki İstiqlaliyyət müharibəsini əvvəlcədən görərək, bir milyon türk əsgəri üçün Anadolunun fərqli yerlərində; 800 min tüfəng, 4 min motorlu tüfəng, mindən çox top basdırmışdı. Bunların yerini Mustafa Kamal Paşaya gizli məktubla bildirmişdi.

Müəllif: Abbas ƏLİZADƏ

ABBAS ƏLİZADƏNİN YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Akif ABBASOV,   ATAMI EVLƏNDİR

Akif ABBASOV, professor, yazar.

                                   ATAMI EVLƏNDİR

                                           (hekayə)

         Talıbla Səkinə bir-birini sevərək evlənmişdilər. Neçə illərdir can deyib, can eşidirlər. Qohum-qonşu bu sevgiyə, bu istəyə alqış deyir, onları nümunə göstərirdi.   Bu sevgidən 3 qız, bir oğul dünyaya gəlmişdi.  Hamısı da yaxşı ev-eşik sahibi idi.   Nəvələri də vardı. Amma Talıbla Səkinənin məhəbbəti tükənmək bilmir, günü-gündən qüvvətlənir,  aşıb-daşırdı.

         Bax, eşqi, sevgi, məhəbbət belə olar!

        Səkinə Talıbı evdə qoyub harasa getməzdi, getsəydi də darıxıb tez evə dönərdi. Talıb da eləcə. İşdən sonra heç yerdə ləngiməzdi. Səkinəsini görməyə tələsərdi.

         Qızlar  qanadlanıb uçmuş, ərə getmiş, öz sevgilərinə qovuşmuşdular. Axır vaxtlar gileylənirdilər. Səkinə arvad  onlara baş çəkə bilmirdi. Öz Talıbının yanını kəsdirib durmuşdu, onun qulluğunda idi. Bacılar bir-birinə:

         -Nə edək ki, anamız bizə tez-tez gəlsin. Elə hey biz gedib onu əziyyətə salırıq.

         Balaca bacı böyük bacısına:

         -Deyəsən mən çarəsini tapmışam.

          O, bacısının qulağına nə isə pıçıldadı. Gülbəniz başı ilə razılığını bildirdi.

         Çinarə anasına zəng etdi:

         -Necəsən, anacan? Nə zaman görünəcəksən? Uşaqlar darıxıb nənələrindən ötrü.

         Səkinənin səsi gəldi:

         -Ay qızım, axı sənin xəbərin var, atan məzuniyyətdədir. Bütün günü evdədir. Qulluğunda durmaq, çayını, çörəyini vermək lazımdır. Onu tənha qoyum hara gedim?

         Çinarə:

        -Düz deyirsən, anacan. Atam işdə-gücdə olanda həftə səkkiz, mən doqquz bizdə, bacımgildə olardın….

         Qızının kinayəsini başa düşən Səkinə özünə haqq qazandırmağa çalışdı:

         -Nə edim, ay qızım, atan darıxır. Mənsiz qala bilmir.

         Bunu eşidən Çinarə atmaca atdı: 

     -Ay ana, elə isə, sən atamı evləndir. Qoy onun yanında bir arvad olsun. Yanında başqa arvad olsa,  kişi səndən əl çəkər. Biz də sənin üzünü görərik! 

     Qızının sözü Səkinəni tutdu:

    -Ay qızım, bu nə danışıqdır?

    Telefonda Çinarə ilə Gülbənizin  qəh-qəhəsini eşidən Səkinə başa düşdü ki, qızı onunla zarafat edir. Onu da gülmək tutdu.

                                Bakı şəhəri, 12 aprel 2021-ci il

Müəllif:Akif ABBASOV

AKİF ABBASOVUN DİGƏR YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

BİR GÜNÜN TƏƏSSÜRATLARI

Vətən Müharibəsi Qəhrəmanı Vüqar Əhməd oğlu Ağayev

BİR GÜNÜN TƏƏSSÜRATLARI

İyulun son günlərində aldığımız acı xəbərin sorağıyla bir qrup şəhid anaları ilə Beyləqanın Qəhrəmanlı kəndində yola düşdük… 

27 yaşlı Yaqublu Fərman Telman oğlunun  – bu kəndin 17 – ci şəhidinin yas məclisinə…

Qrupumuza İNK-nın Abşeron rayonu üzrə “Şəhid anaları və Milli Qəhrəman ailələri” departamentinin sədri – şəhid qərərgah rəisi, kapitan Əsəd Fərhad Oğlu Həsənovun anası Mələk Xanım “Qadınlar Şurası”nın sədri – şəhid polkovnik – leytenant   Vüqar Əhməd oğlu Ağayevin  anası  Nənəxanım Ağayeva da daxil idilər. Yeri gəlmişkən Fizulinin azad olunmasında şəhid olan İsmayıl Qasımovun anası Mahirə Nəzərliyə bu səfərin təşkilində anaların pulsuz nəqliyyatla təmin olunmasında və şəhid analarına dəstəyini əsirgəməyən, 1-ci Qarabağ  müharibəsində 1-ci qrup əlil olmuş qazi Rövşən Cəfərovun həyat yoldaşı Könül Cəfərovaya da minnətdarlığımı bildirirəm.

 Qəhrəmanlı kəndinə çatdıqdan sonra  bizi dörd hərbiçi könüllü -qazilər Orxan Balakişiyev  və Məhərrəm Məhərrəmov, könüllü müharibə iştirakçıları  Asəf Əliyevlə  Sadiq Həziyev müşayiət edirdilər…

Kənddə  yolboyu  44 günlük Qarabağ müharibəsinin 17-ci şəhidinin gül-çiçəyə bürünmüş gülərüzlü plakatlarını gördükcə həm  kədərlənir, həm də bu igidlərimizlə qürur duyurduq. Təkcə bu  kənddən 17 şəhidin olması bizi çox təsirləndirirdi…

Kəndin küçələrində gənclərin  əllərində idman çantaları  ilə məşqə getmələri də nəzərimi cəlb etdi. Vətənimizin zəfərə nail olması elə belə hazırlıqlı gənclərin sayəsində olmuşdur…

 Budur, Fərmanın evində daxil olduq. Başda 27 yaşlı şəhid ata ilə 27 yaşlı şəhid oğulun şəkillərindən ibarət güşə və onların xatirə əşyaları olan stol və bayrağımız…

Sura ana bizim qəfil gəlişimizdən tutuldu və ata ilə oğulun birgə şəkillərini qucaqlayıb ağladı və oğlunu oxşadı… Biz İNK -nın üzvləri ilə şəhid analarından Fizulinin, Suqovuşanın, Qubadlının, Şuşanın, Talış kəndinin, Laçın dəhlizinin və başqa rayonların azad olunmasıda canlarını qurban verərək şəhidlik zirvəsinə ucalmış İsmayıl Qasımovun, Sübhan Abdurrəhmanlının,Tural Rəhimlinin,  Rəşid Həmidovun, Əsəd Əsədlinin, Teymur Məcidzadənin, Nurlan Atakişiyevin, Miqdad Abduləlimovun anaları Mahirə ana Mehriban ana, Süsən ana, Tənzilə  ana, Səidə və Yasəmən ana, Pərvanə, Mələk və Nənəxanım ana Sura anaya mənəvi dəstək olmaq üçün onun yanına gəlib şəhid ocağını ziyarət etməyi özlərinə borc bildiklərini dedilər. Könül xanımla və Aybəniz xanım ona təskinlik verərək şəhidliyin uca zirvə olmağı haqqında söhbət etdilər.

 Bütün şəhid analarının  bir istəyi var; onlara mənəvi  dəstək olmaqla diqqətdə saxlamaq. Analar mənəvi qayğıya ehtiyac duyduqlarını bir daha xatırlatdılar. Sura ana ilə xeyli söhbət etdikdən sonra analarla qonşuluqdakı  şəhid Vüsal Nadir oğlu Hüseynovun ailəsini ziyarət etdik. Bizi görən Nadir ata hönkürtü ilə ağladı, onun səsinə Aidə xanım otaqdan çıxıb bizi Vüsalın otağına apardı… Burada Vüsalın iki maketi, paltarlatı medalları və digər əşyaları səliqə ilə düzülmüşdü.  Aidə ana birdən onun boş qalan digər otağından Vüsalın son dəfə geydiyi köynəyi gətirdi… Və əlavə etdi ki, hər gecə onun iyini bu köynəkdın alıb yatıram. Onlara təskinlik verib  həyətdə xatirə şəkli çəkdirirdik ki, ana oğlunun maketini gətirdi ki, qoy Vüsalım da bizimlə olsun…

Fərmanın bacısı bizi şəhid ailəsi Yaqut müəlliməgilə  də  gətirdi. Onunla da görüş çox hüznlü oldu… Bütün şəhid anaları eyni fikri vurğulayırdı: “… onu saxlaya bilmədik, müharibə başlayan kimi dərhal cəbhəyə getdi…” Qəhrəmanlıqla döyüşən igidlərimiz çoxdan Ali Baş Komandanımızın əmrini gözləyirdilər. Gözləyirdilər ki, vəhşi faşist vandallarını Qarabağımızdan qovsunlar…  Şəhid anaları ona da təskinlik verərək dərdinə şərik olduqlarını söylədilər. Beləcə Sura ana ilə vidalaşıb rayonun “Şəhidlər Xiyabanı”na getdik… Sanki igid oğullarımız bizi gözləyirdilər. Tər gül-çiçəklərə bürünmüş bu ziyarətgahda bilmədik haradan başlayıb harada qurtaraq….

Ətrafdakı xatirə lövhəsində yüzlərlə şəhid elə bil bizə deyirdi ki, ayaq saxlayın, bizi də yad edin… Təkcə Beyləqanda nə qədər şəhid varmış! Bizə şanlı qələbə, zəfər bəxş edən  igid şəhidlərimiz… Onlara dualar oxuyub İmişliyə getdik. Burada Mələk ananın qərargah rəisi, kapitan oğlu Əsəd Həsənov və dostu Elmir Şəmsioğlu Bayramov uyuyurdu. Ziyarətgaha daxil olanda Əsədin atası Fərhadın burada olduğunu gördük, görüşdük səbr dilədik. Hər iki şəhidin məzarına tər çiçəklər qoyduq və Bakıya dönərkən yol boyu analar bir-bir yenə şəhidlərimizi  xatırladılar…  Kədər və qürur qarışıq bir gün keçirdik. Şəhid analarının belə görüşlərə çox ehtiyacları olduğuna şahidlik etdik. Onların hər şeydən çox həmsöhbətə ehtiyacları var…   Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Qəbirləri nurla dolsun…

    31 iyul-2021 – Bakı.

Müəllif: Nəzakət KƏRİMOVA-ƏHMƏDOVA

NƏZAKƏT KƏRİMOVA-ƏHMƏDOVANIN YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

“YAZARLAR” JURNALI SENTYABR – 2021 PDF

                               BU  SAYIMIZDA

Baş  redaktordan…………………………………………3

Ayətxan Ziyad  (İsgəndərov).Ədəbiyyatşünaslıq.4

Akif  Abbasov. Əlbəyaxa………………………………20

Qismət Tağıyev. Əyalətdən gələn oğlan………….25

Yadigar Təvəkgül. Şeirlər……………………………..75

Qurban Bayramov. Ədəbi tənqid…….. ……………78

Aytac İbrahim. Şeirlər…………………………………..94

Səma Muğanna. Adam və Papatya………………101

Ülvi Aydın. Şeirlər………………………………………106

Zaur Ərmuğan. Şeirlər………………………………..109

Təranə Məmməd. Səmimi söhbət…………………115

Salam olsun, Azərbaycanın ilk hibrid jurnalı olan “Yazarlar”ın çox dəyərli yazarları və oxucuları!  Bizim yalnız bir məqsədimiz  var ki, o da “Yaradıcı uşaq – gәnclәrin dövrü mәtbuatda çıxışını asanlaşdırmaq , onların tanınmasına kömәklik göstәrmәk” olmaqla məramnaməmizdə çox aydın şəkildə qeyd olumuşdur. Aylıq ədəbi-bədii, elmi jurnal olan “Yazarlar” kitabxanalar üçün ənənəvi qaydada  məhdud sayda nəşr olunur və elektron formatda bir neçə sabit,  dayanıqlı, təhlükəsiz platformadan PULSUZ olaraq yayımlanır. Jurnalın bu günə qədər çap olunmuş bütün nömrələrini BİTİK.AZ saytından sifariş yolu ilə əldə edə bilərsiniz. Eyni zamanda Wahtsapp: (+994) 70-390-39-93 

“YAZARLAR, ANCAQ YAZARLAR…”

                                                                                                                                             © YAZARLAR.


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Səmimi söhbətin qonağı Nəriman Qasımoğludur

Təranə Məmməd “Səmimi Söhbət”in qonağı Nəriman Qasımoğlu ilə.

TƏRANƏ MƏMMƏDİN LAYİHƏSİ


Bu dəfə “SƏMİMİ SÖHBƏT”in qonağı tanınmış yazıçı, şərqşünas alim, ADA universitetinin professoru Nəriman Qasımoğludur.


Sual: Nəriman müəllim,yapon yazıçısı Kobo Abe deyir ki, özünü tapmaq boş pulqabında pul axtarmaq kimi bir şeydir. Sizcə, siz kimsiniz?
Cavab: Kobe Abe-ni vaxtilə ruscada mütaliə etmişəm. Ona ehtiramım öz yerində, amma, sözün açığı, itkin olduğumu heç zaman hiss etməmişəm və bu üzdən də ehtiyac duymamışam özümü axtarıb tapım. Yarı-zarafat, yarı-ciddi deyim ki, hamı kimi mən də özüməm.
Sual: Qasımoğlu olmaq həm fərəh, qürur, həm də məsuliyyətdir məncə. Sizcə?
Cavab: Əvvəllər “Qasımoğlu” olmaq məndən ötrü bu sadaladıqlarınızın hamısı idisə, indi heç biri deyil. Bu, indi cəmiyyət qarşısında deyil, yalnız Qasım Qasımzadənin ruhu qarşısında sadəcə bir borc hissini yaradan sözdür, ona saysız borclarımı qaytarmaq istəyimin üzərinə vurduğum möhür, üzərində olan imzadır. Bu şeirimdə ifadə etdiyim kimi:
Baxıram dünyaya sənin gözünlə,
harda işıq varsa iz səninkidir.
Baxışlarım dan yerinə od saçır –
zülmətə köz salan göz səninkidir.
* * *
Oldum sərnişini nur gəmisinin,
bu da meracıdır eşq dəlisinin,
Rəbbimin ən gözəl təcəllisini
görürəm qarşımda üz səninkidir.
* * *
Ruhun ucalarda şad olsun deyə
oxu, nələr vermiş Tanrı bəndəyə,
mən yerdən göylərə yüksələn ayə –
üstündən qalxdığım miz səninkidir.
* * *
Dar eylərəm qaranlığın yerini,
zülmət dələn taleyim bir mərmimi,
sən özün cəm eylə qəlpələrimi,
göyə ulduz-ulduz düz, səninkidir.
* * *
Mən hicran qənimi, vüsal dəmiyəm,
içirəm ruhundan, dəmlər dəmiyəm,
tənimlə badəyəm, ruhumla meyəm,
içəlim bu meyi, süz, səninkidir.
* * *
Yerişim, duruşum, qaçışım səndə,
həvəsim, ilhamım, uçuşum səndə,
göylərin, yerlərin Rəbbi önündə
səcdəyə gedirəm, diz səninkidir.
* * *
Canın canımdadır, qanın qanımda,
ayrılmaz ruhlarıq Tanrı yanında,
qiyamət günündə, məhşər anında
sənsən şəfaətçi, söz səninkidir.
Sual: Nəriman müəllim, siz deyirsiniz ki, Harvardda təhsil ilinin açılışında Rektor Bibliyadan sitatlar gətirir. Deyirsiniz ki, amerikalılar avropalılara baxanda ilahi hikmətlərə daha çox bağlıdırlar. Bəs biz?
Cavab: Təsəvvür edin, dünyanın elm, sənaye, texnologiya baxımdan ən inkişaf etmiş dövləti olasan, əhalinin də doxsan faizdən artığı inanclı, altmış faizə qədəri isə fəal inanc sahibi ola, yəni hər bazar günü əksəriyyətin kilsə mərasimlərində iştirak edə. Bu, Amerika nümunəsidir, elm və din bir arada ola bilməz dünyagörüşünü etibarsız edən nümunə. Bunun dərin tarixi-siyasi səbəblərindən əlavə, həm də din adına yayğın səbəbi var. Yeri gəlmişkən, Qərbdə tarixən sürətli inkişafın bir səbəbini bəzi Qərb sosioloqları xristian reformasiyasına təkan vermis protestantlığın belə bir təlimi ilə izah edirlər ki, yaradıcı əməyə, zəhmətə qatlaşmaq xristian inancının vacib şərtlərindən biridir. Bizimkilərdə isə əksəriyyətin dini təsəvvürləri təxminən elə orta əsrlər səviyyəsində qalmaqdadır. Əlbəttə, Azərbaycan müsəlmanlarının dini görüşlərini yaxşı mənada fərqləndirən cəhətlər də var və bunların içində ilk növbədə başqa inanclara tolerant yanaşma şüurudur. Amma ümumilikdə götürüldükdə, elmlənmənin, təhsillənmənin, zəhmətə qatlaşmanın dini inanc mövcibincə də bir borc olduğu qənaəti dindarlarımızın əksəriyyətinin şüurunda yoxdur. Gərək olsun. Ən adi və sadə səbəbə görə: Quran bunu tələb və təlqin edir…
Sual: Dindarsınız?
Cavab: “Dindar” sözü o qədər mövhumatla assosiasiya olunur ki, az qala mənfi çalarlı bir sözə çevrilib. Özümə dindar yox, inanclı deyə bilərəm.
Sual: Siz Quran kitabını dilimizə tərcümə etdiniz və adını “Oxu” qoydunuz. Nədən bu ağır və çətin işə qərar verdiniz?
Cavab: Bu qərarımın tarixi var. Xatırlayırsınızsa, 3-cü kursda oxuyanda bir ara ərəb dili müəllimimiz Malik Qarayevi Fidan xanım – yazıçı Anarın bacısı – əvəz etmişdi. Bizə məsləhət görmüşdü ki, ilkin mənbədən olan mətnlərin tərcüməsi ilə məşğul olaq. Akademkitabda Qurandan bəzi ayələrin, ərəb hekayələrinin də olduğu bir kitabın satışda olduğunu dedi. Kitabı alıb vərəqlədim. Qərara gəldim həmin kitabda getmiş qısa surələri tərcümə edim. O dəftəri indi də saxlayıram, tərcümədə diyircəkli qələmdən yox, mürəkkəblə yazan şiş uclu dəmir qələmdən istifadə etmişəm, vərəqlər arasında suçəkən hələ də qalır. Sadəlövhcəsinə elə düşünmüşəm ki, müqəddəs mətndirsə, tərcüməsini yazanda xəttin olduqca gözəl olmalıdır. Uzun müddət o yazıya yaxınlaşmadım, dəftərlərimin arasında öz ömrünü yaşadı. Bir dəfə Liviyada tərcüməçi işləyəndə kitab dükanından Quran aldım, ürəyimdən keçdi, görəsən, nə vaxtsa bunu tərcümə edə biləcəyəmmi? Dostum Vaqif Bayatlının təkidi olmasaydı, bəlkə elə arzu olaraq da qalardı. “Xəzər” jurnalının baş redaktoru olanda dedi, gərək boynuna götürəsən, ərəbcəni yaxşı bilirsən, səndə əla alınacaq. Yəni, bu işə Vaqif Bayatlı bir növ vəsilə oldu. 2018-ci ildə tamamilə yeni bir tərcümə variantını ərsəyə gətirdim. Adını OXU yazdım. Tərcümədirsə, adı da tərcümədə səslənməlidir. Çünki adın da insalanrımıza ismarışı var, Azərbaycanlılar bilmirlər ki, Quran onlara ilk enən ayəsindəcə “Oxu!” deyə müraciət edir. Bu OXU-da aşkarladığım teoloji tapıntılar Quran tərcüməsi tarixində ilklərdir və unikal məzmunda olaraq Quran məntiqinə, orijinaldakı sözlərin izahlı lüğətlərdə anlaşılan mənalarına tam uyğundur. Bunların əksəriyyəti dünyanın heç bir dilində olan tərcümələrdə ifadə edilməyib və inanclı insanların şüurlarında dəyişiklik yaradacaq mahiyyətdədir.
Sual: “Oxu” zamanı önləyir. Müsəlman şüuru isə zamandan geri qalır”. Bu da sizin sözlərinizdir. Şüurun inkişafı üçün nə lazımdır, sizcə?
Cavab: Öyrənmək, öyrənmək, yenə də öyrənmək… Yəni oxumaq, oxumaq, yenə də oxumaq. Nəyi? Dünyanı, insanları, elmləri, təbiəti, kainatı, müqəddəs mətnləri, yaradıcılıq məhsulu olan hər şeyi… Müsəlman şüuruna gəlincə, yalnız OXU ilə, onun məntiqi və təlqinləri ilə ahəngdə olsa, zamanı önləyə bilər. Hədislər, dini əfsanə və nağıllar müsəlman şüurunu mövhumat buxovlarında saxlayır.
Sual: Müqəddəs məkanlara ziyarətə münasibətiniz. FB-da belə bir təklif oxudum ki, ziyarətimizi düşmən tərəfindən darmadağın edilmiş və 5 mindən çox şəhid vermiş Ağdama edək bəlkə? Siz nə deyərdiniz?
Cavab: Müqəddəs məkanlara ziyarət ya sadəcə günahlardan tövbə etmək məqsədilə, ya istəkləri hasilə gətirmək, ya da sadəcə bir din borçunu yerinə yetirməkdir. Müsəlmanlar üçün ən müqəddəs yer Kəbə Evidir. Bəziləri Kəbəni ziyarətdən sadəcə “hacı” titulu qazanmaqla bunun cəmiyyətdə onlara hansısa üstünlüklər qazandırdığını düşünürlər. Belə bir titula müqəddəs Kitabımızda ümumiyyətlə yer yoxdur. Tanrı qatında ən möhtərəm sayılan kimsələr imanı, taqva duyğusu daha çox olanlardır, bu barədə uyğun Oxu ayəsi də var. Həcc ziyarətinin mahiyyəti ondan ibarətdir ki, müqəddəs yerin ziyarəti bir toplantı yerinin ziyarəti olaraq dəyərləndirilsin. Kəbə evini nəzərdə tutan ayədə deyilir: “Biz evi insanlar üçün eylədik bir toplantı yeri…” Bu toplantı əslində o anlamdadır ki, ayrı-ayrı ölkələrin nüfuzlu şəxsləri oraya gəlib öz xalqlarının dərdlərini başqaları ilə paylaşsınlar, söhbətlər aparsınlar, ünsiyyət yaratsınlar və s. Misal üçün, vaxtilə müsahibələrimdə vurğulayırdım ki, Azərbaycandan gedən zəvvarlar bunu anlasalar, Qarabağ problemi ətrafında həqiqətləri oraya daşıya bilərlər. İndi problem həll edilib deyə buna ehtiyac qalmayıb. Yəni demək istədiyim odur ki, müqəddəs yerləri ziyarətlərin ruhiyyəsini belə şeylər müəyyənləşdirir. Əlbəttə, indiki halda bütün ziyarətlər ilk növbədə şəhid qanı axıdılmış və buna görə qüdsallaşmış yerlərə olmalıdır. Azad edilmiş hər şəhəri, kəndi müqəddəs bilib, obrazlı ifadə ilə desəm, onların başına Kəbə Evinin başına dolandığımız kimi dolanmalıyıq. Oralar olsun qaçqınların məskunlaşma, qaçqın olmayanların isə bir növ vətənin qorunmasına and yerləri kimi “toplantı yerləri”… Həcc ziyarəti isə – bunu bütün müsəlmanlar da dərk etsinlər – OXU-ya uyğun öz mahiyyətinə qayıtmalıdır. O ziyarətə bizimkilər içində nüfuzlu ziyalıların, yaxud təlim keçmiş sıravi inanclılarımız getməlidirlər ki, ölkəmizin problemlərini, yaxud uğurlarının təbliğatını dindaşları ilə müzakirə etsinlər, məscidlərimizdə donuz saxlamışlara dəstək verən “müsəlman” ölkələrinin vətəndaşlarına həqiqətləri çatdırsınlar.
Sual: Məhərrəm ayında toy etmək olar?
Cavab: Hər şəxs etiqadı gərəyincə özü nəyin olarına, olmazına qərar verir. Bizdə tarixən şiə əksəriyyətinin Məhərrəm ayını yas ovqatında keçirmək ənənəsi var. Etiqad azadlığına hörmətlə yanaşmalıyıq. Bu ayda toy etməyənə də, edənə də normal baxmağa borcluyuq. “Dində məcburiyyət yoxdur” – bir OXU ayəsi belə də deyir.
Sual: Sizin bir yaralı yeriniz var. Oxuculara da açıqlayaqmı alimimizin ana dilinə münasibətini? Dilimizin başına gətirilən oyunlar sizi sarsıtmır ki?
Cavab: Ədəbi dilimizin ləhcələşməsi prosesinin səbəblərinə, Azərbaycan dilçilərinin bu prosesə məşum töhfəsindən silsilə yazılarım, çıxışlarım olub. Təəssüf ki, səylərimiz bəhrəsini vermir. Əksinə, Nazirlər Kabineti səviyyəsində iyun ayında Azərbaycan dilinin orfoepiyasına dair bir qərar qəbul edildi. Və bununla da ölkədə yazı dilimiz vasitəsilə yüz illər ərzində püxtələşmiş, elitarlaşmış və siyasi-mədəni dəyərə çevrilmiş Azərbaycan ədəbi dilində nitq, ədəbi dil orfoepiyasını məişət dili ilə, dialektoloq (ləhcəşünas) – dilçilərin savadsızcasına əsasını qoyduğu qaydalarla qarışıq salanlar, ədəbi dilimizin gözəl avazını, musiqisini zədələyənlər ləhcələşmə prosesini rəsmiləşdirməyə nail oldular. Ancaq problem şəxsən mənim deyil ki, sizin təbirinizcə, yaralı yerim olsun. Bizdən sadəcə bildiklərimizi car çəkməkdir, çatdırışdır. İnanıram ki, ağıllı adamlarımız bu prosesin qarşısını indi olmasa da, nə zamansa alacaqlar.
Sual: Siz bir neçə xarici dili mükəmməl bilirsiniz. Və bu imkandan istifadə edib həmişə Azərbaycanın həqiqətlərini dünyaya çatdırmısınız. Vətənpərvərlik nədir?
Cavab: Qərbdə gəzərgi bir ifadə var: “vətənpərvərlik əclafların son sığınacaq yeridir”. Bunu ilk dəfə 18-ci əsrin məşhur ingilis yazıçısı Samuel Conson deyib. Deyəndə də nəzərdə tutubmuş ki, öz ölkəsini sevdiyini daim pafosla car çəkən şəxs cinayətlərə, biabırçılıqlara yol verirsə, onun əməllərinə dözümlü yanaşırmışlar. Üstəlik, dövləti, hökuməti sorğulayan nəcib şəxsləri də satqın, xain elan edirmişlər. Yəni vətənpərvərlik sözü inkişaf etmiş ölkələrdə bir növ hörmətdən düşüb. Millətçiliyi hər fürsətdə elan edənlərdən, sözün açığı, mən də həqiqi mənada vətənpərvərlik gözləmirəm. Həyatımda “millət, vətən” bağıranlara aid elə çoxsaylı nümunələrlə qarşılaşmışam ki, belələri tək şöhrət yox, ciddi sərvət yiyələrinə də çevriliblər. Yəni vətənpərvərliyin də bazarı, biznesi olur, təəssüf. Sovetlərin hələ güclü olduğu dövrdə bir dəfə Qasım müəllimdən Gülhüseyn Hüseynoğlu barədə soruşmuşdum. Gülhüseyn müəllim vaxtilə Azərbaycanın müstəqilliyini məqsəd seçmiş məşhur “İldırım” təşkilatının üzvü olub. Soruşanda ki, necə olur, milli amallar uğrunda mücadilə vermiş bir şəxsi indi millətçi kimi heç yada salan yoxdur, gənclər arasında yazıçılardan daha çox başqalarının adları çəkilir, onun yox, deyirdi, hazırda millətçi karyerası ilə məşhurlaşanlardan Gülhüseyn özünü kənar tutur, onlara “keqebe”nin potensial agentləri kimi baxır. Gülhüseyn Qasım müəllimlə məhrəm söhbətlərində ad da çəkirmiş ki, bəs filankəsin millətçiliyinə qəti inanmır, əsil millət davasını aparanları həbsə salırlar, bunu isə hökumət tez-tez təltifləyib şöhrətləndirir. Qasım müəllim bir yazısında hər azərbaycanlıdan bu sullarına cavablar istəyirdi: “de görək ağlın kəsəndən, əlin bir işin qulpundan yapışan gündən xidmətin bu mənsub olduğun millətə nədən ibarət olub? Ana torpağın, ata-baba yurdunun son illərdəki narahat çağlarında övladlıq borcunu necə yerinə yetirmisən?”. Və, əslində, mənə görə, vətən milli müstəqilliyini yaşayırsa, yetər ki, vətənpərvər yox, yaxşı mənada vətəndaş olasan.
Sual: Hər ikimiz 30 ildən çox babalarımızın vətəninə, Qarabağa həsrət qaldıq. Sizinçün o həsrət nə idi?
Cavab: Biz bu otuz ildə elə bir boşluğa düşmüşdük. Yenə Qasım müəllimdən sitat çəkim. 1992-ci ildə yazırdı: “Əgər biz inansaq ki, Şuşa biryolluq əlimizdən çıxıb, Xocalı həqarəti, Laçın bədnamlığı ilə birdəfəlik barışası olacağıq, elə bilirəm, Azərbaycan qeyrətli hər bir vətəndaşın fikrini ifadə edib deyərdim ki, onda daha yaşamağın mənası qalmamışdır. Bir adı Qala, bir adı da Pənahabad olan Şuşa, Laçın təkcə bu günümüz yox, tariximizdir, sərkərdələr, sənətkarlar yetirən əcdadımızın yadigarıdır, Pənah xanı, İbrahim xanı, Vaqifi, Natəvanı, Adıgözəl bəyi, Mehmandarovu, Xosrov bəyi, Sultan bəyi, Üzeyir bəyi, Seyidi, Xanı, Bülbülü yetirən diyardır. Şuşa bizim qartal qıylı, bülbül cəhcəhli yuvamızdır. Buna görə də indi Şuşasız günlərimdə mən özümü yuvasız quş sayıram…” Mənin üçün arxada qalan Qarabağ itkisi sadəcə həsrət deyilən şeydən betər bir discomfort yaratmışdı ötən illərdə. Çoxumuz özümüzü aşağılanmış, ədalətsizliyə uğramış, təklənmiş bir durumda hiss etmişik. Bir yandan da ötən otuz ildə, təsəvvür edin, Qarabağ itkisi ilə bağlı duyğuların, fikrin-zikrin hər fürsətdə səni haqlaya, rahat buraxmaya, bu, elmi-bədii yaradıcılıqla məşğul şəxs üçün bilirsiniz nə deməkdir? Bu barədə istəməzdim təfərrüatlara varım, ancaq onu qeyd edim ki, ilk gənclik illərində nəzərdə tutduğum yaradıcılıq planlarımda, işlərimdə müəyyən itkilər yaratdı…
Sual: Səmimi deyin, 44 günlük müharibədən sonra əldə edilən zəfər sevinci gözlərinizi yaşartdımı?
Cavab: Elə əvvəlki cavablarımı da səmimi demişəm t. Ümumiyyətlə, məhrəm bildiyim məsələləri açıqlamağı xoşlamıram. Amma təkid edirsiniz deyə bildirim: iki dəfə olub. Füzulinin azad olunan ilk kəndlərinin müjdəsini eşidəndə Mərdəkanda təsərrüfat malları dükanının qarşısında idim. Xəbəri televiziya car çəkirdi. Sevindiyimdən qəhərlənərək avtomobilimə əyləşib sükan arxasında donub qaldım, yanaqlarımda da sevinc yaşları… Yaxınlarıma zəng etdim. Başqa heç nə yox, elə bunu deyə bildim: “Eşitdiniz?” Telefonun o başından da boğuq bir “hə” sözü. Onlar da mənim kimi… Bir də “Əziz Şuşa, sən azadsan!” nidasını mənzilimdə televiziyadan eşidəndə.
Sual: Siz çox pozitiv insansınız. Gənclərlə işləyirsiniz. ADA kimi mötəbər bir tədris ocağında çalışırsınız. Sizinçün ADA nədir?
Cavab: ADA vaxtilə çalışdığım Amerika universitetlərinin gözəl bir modelidir. Gənclərimiz burada yüksək təhsil standartlarına uyğun dərslər keçirlər. ADA-nı bitirənlər aldıqları biliklərlə yanaşı, özlərində fərqli bir düşüncə tərzini də tərbiyə edə bilirlər ki, bu hər mənada millətimizin gələcəyi üçün olduqca vacibdir. İstərdim ADA təhsil mühitimizdə bir ada olaraq qalmasın, bütün təhsil müəssisələrimiz onun kimi olsun.
Sual: Nəriman müəllim, siz şeirlər yazırsınız, rus ədəbiyyatından mükəmməl tərcümələr edirsiniz. Mənə elə gəlir ki, sizin poeziyanız bir qədər səmavidir. Şeirləriniz sanki göylərdə yazılır.
Cavab: Bir qismi göy şeirləri, bir qismi yer şeirləri…
Sual: Bir şeirinizi mən daha çox sevirəm. Kədərli də olsa, o şeir sanki oğulun ana həsrətiylə ürəkdən çəkdiyi ahdır.
Cavab: “Ana haqqı Tanrı haqqı” deyimi var Kitab-i Dədə Qorqudda. Heç zaman haqqı ilə ödəyə bilməyəcəyimiz ana haqqı. Yer şeirlərimə daxil olan sətirlərdir:
Sıcaq-sıcaq xatirələr oyanır,
ruhun qonaq gəlir bizə qəfilcən.
Canım, tənim sənli-sənsiz hey yanır –
dodağın alnımda hərarətölçən.
* * *
“Sənə maman qurban” nəvazişlərin
qopur dodağından bir dua kimi,
göylərdən içimə dolub səslənir
cənnətdən ucalan bir səda kimi.
* * *
Azarım, dərdlərim yox olur bir an,
gözümə nur gəlir, dizimə taqət,
üzülür ayagım yerdən nagahan,
ruhummu bu yüngül qanadlı xilqət.
* * *
Bu addım səsləri mənə bəllidi,
işdənmi qayıdıb gəlirdin yenə,
doğma bir həsrətlə qulaq kəsildim
qapıya saldığın açar səsinə.
* * *
Qoyduğun nə varsa qalıbdır bizdə,
səliqə-sahmanın, qabın-qacağın.
Plovun dəmdədir ocağın ustə,
sən özün süfrə aç bu axşam çağı.
* * *
Evin hər küncündə bir mələk bitir,
gəlib əyləşirlər süfrə başında,
açdığın süfrənin bərəkətidir –
göylər bu məclisin tamaşasında.
* * *
Şənlik sona yetir məclisimizdə,
hər ruh öz səmtilə uçub qeyb olur.
Bura sənin evin, qalsana bizdə –
tutmuşam əlindən, gözlərim dolur.
* * *
Çıxırsan qapıdan, əlim yellənir –
Allah amanında, yaxşı yol sənə!
Enirsən ehmalca pilləkənləri,
su səpir arxanca gözlərim yenə.
Sual: Nəriman müəllim, səhv etmirəmsə siz vaxtilə Azərbaycanı Səudiyyə Ərəbistanında səfir kimi təmsil etmisiniz, bir çox xarici universitetlərdə mühazirələr oxumusunuz. Siz Azərbaycanın gələcəyini necə görürsünüz?
Cavab: Səfir təyin olunsam da bu statusda çalışa bilmədim. Amma səfir təyinatından öncə Səudiyyə Ərəbistanının mərhum kralı Fəhdlə rəsmi danışıqlarda iştirak etmişdim, onunla çox ümidverici, maraqlı söhbətlərimiz olmuşdu… Azərbaycanın gələcəyinə böyük ümidlə baxıram. Bu, təkcə Qarabağ zəfərimizlə bağlı deyil. Dünyada dəyişən geosiyasi reallıqların ölkəmizə hansı yaxşı perspektivlər bəxş etdiyinin də fərqindəyəm.
Sual: Söhbətimiz tam səmimidir. İkimiz də qarabağlıyıq. Deyirlər qarabağlıların yaxşı musiqi duyumu olur. Bax indi desəydim ki, gəlin bir yerdə bir mahnı oxuyaq, hansı mahnı düşərdi yadınıza?
Cavab: Xalq mahnısı “Laçın”.
Sual: Ailənizdə musiqiçi var. Hətta bir neçə mötəbər müsabiqələrin iştirakçısı və laureatı olan var. Sizin musiqiyə münasibətiniz. Hansı musiqini daha çox sevirsiniz?
Cavab: İki musiqiçi, ikisi də beynəlxalq səviyyələrdə özlərini təsdiq ediblər. Biri bəstəkar Türkər, o biri pianoçu Humay. Türkərin bu il yeni əsərləri Amerikada, Avropada, Rusiyada dəfələrlə ifa olundu. Humayın da beynəlxalq səviyyədə xeyli ifaları. Onu da qeyd edim, indi musiqi zövqümün inkişafında bu iki peşəkar musiqiçinin də rolu var. Hansı musiqini daha çox sevirəm? Sözün açığı, ha fikirləşirəm, amma nəyinsə üstündə ayrıca dayana bilmirəm. Muğam da, aşıq musiqimiz də, caz musiqisi də, akademik musiqi də beynimi və emosiyalarımı qidalandırır. Yeri gəlmişkən, tar təhsilim var, muğamlarımızı özüm üçün, yaxınlarım üçün ara-bir tarda ifa edirəm.
Sual: Gülləri sevirsiniz? Siz güllərə baxanda ilk baxışdan gülün özünü görürsünüz yoxsa tikanlarını?
Cavab: Çiçəkləri sevirəm. Çəmənliklərdə otlara qarışan tikansız, zərif çiçəkləri:
Nə qədər göz zillənərmiş göyünə
səhər çağı çiçəklərdən, yarım hey!
Nurundan, ətrindən bihuşam yenə
ayılt məni, al yanına, Tanrım hey!
Sual: Sevgini necə təsvir edərdiniz?
Cavab: Sevgi bir xəstəlikdir, dəlilikdir, mübtəla olmayan bilməz nədir. İcazə verin cavabıma bir az da zarafat qatıb bunu belə təsvir edim: mən ona baxdım, o mənə baxdı, yaman baxa-bax düşdü.
Sual: Siz Şuşa səfərindən yeni qayıtmısınız. Mümkünsə bu barədə də təəssüratınızı bölüşərdiniz.
Cavab: Qarabağ üçün simvollaşan Şuşa ilə vüsal, əlbəttə, unudulmaz, möhtəşəm hadisə kimi, Oxu ayəsi kimi taleyimizə yazıldı. Dağlar, qayalar, ağaclar bizləri öz həsrətliləri, öz doğmaları sayaq qarşılayıb “xoş gəldiniz” şərqisini oxudular! Cıdır düzü bizi ovcuna alıb gəzdirdi… Bundan gözəl nə ola bilər? Şuşadan canlı bağlantı ilə Asan-radio dinləyicilərinə bu xoş ovqatı çatdırdım. “Şuşadan canlı bağlantı” – bu ifadənin özü nəyə desən dəyər. Bir şeirimdə Şuşanı xitabət kürsüsünə bənzətmiş, ayəti-kürsüyə qarışıb oraya xəyali enişimdən yazmışdım. İndi fiziki ziyarətimiz xəyalımı gerçəkləşdirmiş oldu. Özü də poeziyanın qanadlarında baş tutmuş bir səfərdə: Vaqif məqbərəsinin əvvəlki hala gətirilməsinin açılışı münasibətilə ənənəvi Vaqif poeziya günlərinin bərpası tədbirində. Qarabağın “Zümrüd tacı” (Q.Qasımzadə) əvvəlki hüsnü ilə bərq vururdu…
Sual: Bilirəm ki, arzularınız çoxdur, tükənməzdir. Sizə bütün arzularınızın, diləklərinizin yerinə yetməsini arzu edirəm və mənimlə söhbətə qatıldığınız üçün çox təşəkkür edirəm.
Cavab: Çox sağ olun, əzizimiz Təranə xanım. Arzularınız çin olsun.
Sual: Bəs siz “Səmimi söhbət”ə nəsə demək istəyərsiniz?
Cavab: Sizə onu da arzu edim ki, həm bu formatda, həm şəxsi həyatınızda maraqlı müsahiblər sarıdan korluq çəkməyəsiniz.
Həmsöhbətim o qədər maraqlı insan idi ki, söhbətin bitməsini istəmirdim. Nə yaxşı ki, belə maraqlı insanlar var! Hər birinizə təşəkkür edib yeni görüş ümidilə ayrılıram. Təki ömür möhlət versin…


Söhbətləşdi: Təranə MƏMMƏD

TƏRANƏ MƏMMƏDİN YAZILARI

NƏRİMAN QASIMOĞLUNUN YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Akif ABBASOV – ƏLBƏYAXA

Akif ABBASOV

ƏLBƏYAXA

(hekayə)

         Mirzə kimi adamlara el içində “itoynadan” deyirlər. Ağlına batdımı, kefi saz oldumu, başlayırdı onu-bunu dolamağa, ya da zarafata.  Özü də kimilərdən yanıqlı idisə, onlarla başlayırdı.

Yavər onunla düz dolanmırdı. Yavər institutun aspirantura şöbəsinin müdiri idi. Mirzə bir girəvə axtarırdı ki, düzüb-qoşsun, bu Yavəri pərt etsin. Amma neçə vaxt idi ki, fürsət tapmırdı.

         Elə bu xəyallarda idi ki, Əliheydər otağa daxil oldu:

         -Mirzə müəllim, salam, xoş gördük, necəsiniz, işləriniz necədir, şükür salamatçılıq olar.

         Əliheydər adəti üzə görüşmək üçün hər iki əlini irəli uzatdı. Mirzə müəllimin əlini sıxdı.

         Əliheydər Mirzə müəllimin dissertantı idi. Təzə qəbul olunmuşdu.

         -Sən necəsən, Əliheydər? Görünmürsən.

         -Elə gəldim ki, Mirzə müəllim, görüşüm, mübarək əllərinizi sıxım, hal-əhval tutum, həm də görüm mənə dair nə qulluğunuz, nə tapşırığınız, nə sözünüz var, həm də…

         Mirzə müəllim onun sözünü kəsməsəydi,  Əliheydər sözləri bir-birinin yanına   düzməkdə davam edəcəkdi.  Onun şakəri idi. Çox uzunçu idi. Mirzə müəllimin səbri, hövsələsi vardı ki, onun dediklərinə qulaq assın?! Odur ki, qaşqabağını tökdü ki, Əliheydər çox da çərənləməsin. Əliheydər də qanıb lal-dinməz dayandı.

         Amma Mirzə müəllimin qaşqabağı birdən-birə açıldı. Tapmışdı. O, zəndlə Əliheydərə baxdı:

         -Sən necəsən, Əliheydər?

         İşin gör harası idi ki, Mirzə müəllim bu sualı Əliheydərə ikinci dəfə verirdi.

         Əliheydər dilləndi:

         -Duaçınızam.

         Əliheydər davam etmək istəyirdi.  Mirzə müəllim əlinin işarəsi ilə onu saxladı:

         -Sənə tapşırığım, sözüm… yoxdur. Soruşmaq istəyirəm.

         -Buyurun, müəllim.

         -Dissertant olmağına dair sənə  vəsiqə veriblər?

         Əliheydər gözlərini döydü. Mirzə müəllim:

         -Vəsiqəni deyirəm. Orada yazılır ki, sən həqiqətən institutun dissertantısan. Direktor imzalayıb gerbli möhür vurur.

         -Xeyr, müəllim, verməyiblər.

         -Bə niyə? Tutaq ki, getdin Axundov adına milli kitabxanaya. Üzv yazılmaq istəyəndə necə sübut edəcəksən ki, sən dissertantsan. Aspirantlara vəsiqə verilib.

         Əliheydər sanki yatmışdı, ayıldı:

         -Doğrudan, müəllim, bə mənə niyə verməyiblər? Kimdən almalıyam?

         -Kimdən olacaq? Əlbəttə, aspirantura şöbəsinin müdiri Yavər müəllimdən. Vəsiqələr yazılıb, imzalanıb, möhürlənib, verilib onun şöbəsinə. Get, soruş.

         Yavərlə Mirzə müəllimin otaqları yan-yana idi. Əliheydər tez özünü çölə atdı. Mirzə müəllim qulağını divara dayadı ki, onların söhbətini eşidə bilsin.

         Yavər müəllim:

         -Əliheydər, xeyir ola.

         -Gəlmişəm ki, mənim vəsiqəmi  verəsiniz.

         -Nə vəsiqə?

         -Mənim dissertant olmağıma dair  vəsiqəni deyirəm.

         Yavər müəllim başını buladı:

-Əliheydər, vəsiqə dissertantlara yox, əyani aspirantlara verilir. Qiyabi aspirantların, dissertantların iş yerləri var. Əyani aspirantlar işləmirlər. Onlara  vəsiqə buna görə verilir, maraqlanan olanda göstərə bilsinlər.

         Əliheydər üzr istəyib otağı tərk etdi. Mirzə müəllim qulağını divardan ayırdı. Əliheydər sadəlövh, tez inanan, tutduğunu buraxmayan bir adam olduğundan  Mirzə müəllim  onu Yavər müəllimin üstünə göndərmişdi.

         Əliheydər aydınlıq gətirdi:

         – Mirzə müəllim, araşdırdım. Sən demə, vəsiqə əyani aspirantlara verilirmiş.

         Mirzə müəllimin əlinə fürsət düşmüşdü. Əl çəkərdimi?

         -Bunları Yavər müəllim dedi sənə?

         -Bəli.

         -Bilirsən, Əliheydər, onun mənimlə arası yoxdur, ona görə səni incidir, bəhanə gətirib vəsiqəni vermir.

         Əliheydər bunu eşidən kimi tez otaqdan çıxdı.

         Qonşu otaqdan acıqlı səslər ucaldı. Az sonra otaqdakılar əlbəyaxa oldular. Bir-birini itələdiklərindən gah bu, gah o biri zərblə divara dəyirdi. Zərbələrdən divar titrəyirdi.

Əliheydərin səsi gəlirdi:

-Mənə qəsdən vəsiqə vermirsın! Vəsiqəmi acığa vermirsən!

Mirzə müəllim tutduğu əməldən razı halda dəhlizə çıxdı. Yavərin də, Əliheydərin də üst-başı bulanmış, sir-sifətləri qızarmışdı. Səsə gələnlər vardı. Mirzə müəllim Əliheydəri səslədi:

-Əliheydər, bura gəl, nə yapışmısan Yavər müəllimin yaxasından? Görünür kişi düz deyir, yəqin dissertantlara yox, yalnız aspirantlara  vəsiqə verilir.

Bakı, 24 fevral 2021-ci il.


Müəllif:
Akif ABBASOV

AKİF ABBASOVUN DİGƏR YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir kitab yazacaq odlu ürək sahibi… – Qurban Bayramov

Nuranə RAFAİLQIZI

Bir kitab yazacaq odlu ürək sahibi…

(Həkim-şairə Nuranə Rafail qızının

yaradıcılığı haqqında düşüncələrim…)

   Bədii söz sənəti yollarında inamlı addımlarını atan, amma, “ müəyyən bir auditoriyaya sahib şair kimi tanınan” Fazilova (Rəhimova) Nuranə Rafail qızı Azərbaycnın barlı-bəhərli diyarı Göyçay bölgəsində dünyaya göz açmışdır, orta təhsil almış, Odlar Yurdu Universitetinin “Müalicə işi” fakültəsini bitirərək həkimlik peşəsinə yiyələnmiş. 2007-ci ildən ixtisası üzrə Göyçay Rayon Mərkəzi Xəstəxanasında həkim vəzifəsində çalışır…

    Ədəbi fəaliyyətə erkən, orta məktəb illərindən başlayaraq, tez-tez rayon və məktəb tədbirlərində öz şeirləri ilə çıxış etmiş, rəğbətlə qarşılanmışdır.. Şeirləri ilk olaraq Nuranə Rafailqızı imzası ilə “Milliyyət” qəzeti, “Herba-flora”,  “Yazarlar”  jurnallarında işıq üzü görmüşdür. Lap son çıxışı “Kredo” qəzetində olmuşddur.  Onun Nuranə Fazilova (Rəhimova) imzası ilə də şeirləri dərc edilibdir. 2016-cı ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkil etdiyi “Kiçik yaşlı uşaqlar üçün nəsr, nəzm və dram əsərləri” müsabiqəsində 4-cü yerə layiq görülmüş, qalib əsərlərin yer aldığı kitabda 18 şeiri çap olunmuş, məktəb kitabxanalarına paylanmışdır. 2018-ci ildə Göyçay rayonunda təşkil olunmuş “Beynəlxalq Nar Festivalında” şeir müsbiqəsində “Göyçayın narı” şeiri ilə iştirak etmiş, 3-cü yerlə mükafatlandırılmışdır. 2021 -ci ildə çapa hazırlanmış ”Həkimlərin söz dünyası” kitabında 10 şeiri ilə həmkarları arasında yer almışdır. 2021-ci ildə “Gəlirik Qarabağ” poeziya antologiyası kitabında 13 şeir və “Kimlərə qaldı dünya”, “Nizami Gəncəvi – 880” antologiyasında 15 şeiri dərc olunmuş, həmçinin  “Həyat bizi səsləıyir”  antologiyasında şeirləri yer almışdır. Nuranə Rafail qızı Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqı tərəfindən “Qızıl qələm” media mükafatı laureatı (15.04.2021.) olmuş, eyni zamanda, KİV  tərəfindən “Fəxri şair” diplomuna layiq görülmüşdür. Bu faktlardan da, göründüyü kimi, Nuranə poetik yaradıcılıqla ardıcıl məşğul olmuş, müəyyən müvəffəqiyyət əldə edə bilmiş, onun yaradıcılığı haqqında mətbuatda müsbət rəylər də dərc edilmişdir.      

   İndi onun “Həkimlər depresiya deyir…” adlı ilk şeirlər kitabı nəşr üçün hazırlanır və bu ilk kitaba xeyir-dua vermək üçün istedadına və xeyirxahlığına inandığım şair-publisist, naşir Zaur Ustac mənə müraciət etdi, Nuranənin yaradıcılığı ilə ətraflı tanışlıqdan sonra, onun poetik “dünyası” barəsində fikir və düşüncələrimi bildirmək qərarına gəldim…

   Nüranə Rafailqızı əslində, ədəbiyyatla heç bir əlaqəsi, həmçinin filoloji təhsili olmayan, ədəbi əhatədən kənar, amma ədəbi-bədii düşüncəyə, poetik istedada malik yazarlar qurupuna daxildir. İstedadlı qələm sahiblərindən biri  olan, şair-publisist Zaur Ustacın onun haqqındakı bu fikri ilə tam razılaşırıq: “…çox istedadlı qələm adamı… Nuranə Rafailqızı da ixtisasca həkim olmasaına baxmayaraq, artıq müəyyən bir auditoriyaya sahib şair kimi tanınmağa başlayıb…” Yuxarıda gətirdiyiiz faktlar da bunu təstiq edir.

   Nuranənin şeirlərində onun bir qələm əhli kimi mərhəmətini, sədaqətini, sevgisini, dürüstlüyünü, paklığını görürsən. Görürsən ki, müəllifin də, müəllifdən sözə hopan ruhu da təmizdir, safdır, durudur…  İç dünyası ilı dış dünyası müvazidir, aldadıcı deyildir, sünilikdən xeyli uzaqdır. Şeirlərində özünün, yaşadığı mühitin, ən ümdəsi isə göz açdığı, boya-başa gəldiyi bölgənin cazibədar ruhu, özünəməxsus söz düzümü, bu düzümün yaratdığı ahəng var və bunlar onun şeirlərinin spesifikası təkin qəbul edilə bilər…

    Bu kitab şairənin ilk kitabıdır  və müxtəlif mətbuat orqanlarında, toplularda, almanaxlarda dərc eddilən, oxucuları ilə üzbəüz   qaldığı şeirlərinin bir qismidir… Bu şeirlərdə şairlik iddiasına düşməyən, təbii hissi ehtiyacdan yaranan, həkimlik peşəsinə yiyələnmiş incə, zərif təbiətli və həssas müşahidə qabiliyyəti olan bir şair qadının həyata münasibəti, yaşam tərzinin psixoloji məqamları, insani sevgisi, məhəbbəti, nifrəti, qəzəbi və s. doğru-dürüst, həzin bir lirizm ilə əksini tapıbdır və yaxşısı budur  ki, bütün bunlar onun özününküdür. Özüdür, gəlmə, yapma, yamaq, yapalaq deyildir, səmimidir, poetik etiraflardır…  ” Bircə sən yoxsan dünyamda”   şeirində olduğu kimi:

Hər şeyim var..

Başımı salmağa evim-ocağım,

Qısılıb yatmağa küncüm-bucağım.

Halal zəhmət ilə rahat çörəyim,

Bir kitab yazacaq odlu ürəyim.

Bircə sən yoxsan dünyamda,

Yalnız arzumdasan, yalnız xülyamda…

Hər şeyim var…

Qızılım, mirvarim, incim-sədəfim,

Əqidəm, imanım, yönüm, hədəfim.

Başımın üstündə duran Allahım,

Xoşbəxt gələcəyə gedən sabahım.

Bircə sən yoxsan dünyamda…

   Zənnimcə, bu lirizm mayasından mayalanan həyati faktlar, cizgilər, fraqmentlər bir insan taleinin sözdə reallaşan sinematik kadrlarıdır…  Ümumiyyətlə,  bu şeirlər bir həkim-şairənin həssaslıqla duyduğu, gördüyü, yaşadığı həyati faktların poeziyasıdır. Bir həkim kimi isə xəstəsinə həssas, qayğıkeş, məlhəm münasibəini, peşəsindən sıyrılan koloriti belə şeirləşdirir və bu özünəməxsus həkimanə ruhunun lirik bədii ifadəsidir.

…Kimi cavan, kimi qoca,

kimi körpə qucağında

Bir havanın həsrətində,

bir nəfəsin sorağında.

Gecələri sakit-səssiz

xəstəxana otağında

sübhə kimi cırıldayan

Bax,

həmən o yataq mənəm!

 Yaxşı olan budur ki, müəllifin qarşılaşdığı, gördüyü, eşitdiyi əlahiddə hadisələr, nəsnələr onun könlündə, ruhunda əks-səda verir, misralara, obrazlara, şeirə çevrilir…

  Şairdə, ümumiyyətlə qələm əhlində gərəkdir ki, fərqli düşüncə, dünyagörüş, zamanı vaxtında duymaq və gələcəyə yönəlik duyum, həssaslıq olsun. Nuranə Rafail qızı yaradıcılıqdan kənar sahədə, həkimlik peşəsində çalışmasına baxmayaraq (hərçəndi, mən həkimliyə, Hippokrat andlı həkimliyə yaradıcılıq sahəsi kimi baxıram və onu da bilirəm ki, bu peşənin adı hükəma, fikir, filosof anlamlarına müvazidir) içində həkimanə bir poeziya – şair ömrü də yaşayır… Mənə elə gəlir ki, həkimliyin şairliyə yaxın, doğma cəhətləri var. Əvvala, hər ikisinin obyekti İNSANDIR! Və hər ikisi, həkim də, şair də insanın sağlamlığı ilə məşğuldurlar, birisi fizioloji sağlamlığın, ikincisi isə mənəvi sağlamlığın keşiyindədirlər… Bu cəhətdən həkim də, şair də daim axtarışdadırlar. Boş yerə deyilməyibdir: “Sağlam canda sağlam ruh olar!” Məncə həkimlik də, şairlik də cididən-ciddi ruhsal aləmdir…  Nuranə həkimin poetik “mən”i onun “Mən” şeirində həssas psixoloji çalarda belə təqdim edilir:

Bir ev var ki, uzaqlarda

hasarı yox, çəpəri yox.

Nə gələni, nə gedəni,

nə qalan bir nəfəri yox.

Bu günəşdən, bu səmadan,

bu həyatdan xəbəri yox

toz basmış, kifə bürünmüş

Bax,

       həmən o otaq mənəm…

   Əlbəttə, bu şeiri avtoportret də adlandırmaq olar. Lirik “mən”in – müəllifin keçirdiyi əhval-ruhiyyə əks olunubdur. Təsvir olunan bu metaforik obraz – ev, əslində insan ömrünün obrazıdır, onun keçirdyi ömür yolunun astanalarıdır, müxtəlif çətinliklərdir, psixoloji iztirablardır… Və yaxud “bu “mən” diqqətsiz misra, dərc olunmamış şeir, tənha fərd, ucqar kənd, oxunmamış kitab, tikilməmiş ev, uzun illərdir yanmayan soba”, bu qəbildən olan həyati məqamlardır, addamaclardır…  Məsələn, “Bir az səssizlik, bir az sənsizlik” adlandırdığı şeirində olduğu kimi:

Bir stəkan çay istəyirəm,

                        yanında da limonu.

Bir qırıq qənd parçası,

                 bir kağız, bir qələm

                  cızmaqara edim onu…

Vəssalam,

              mənə bu da yetər hələlik!

Gün batar, ay doğar,

           bir az səssizlik, bir az sənsizlik…

   Nuranə Rafail qızının bu qəbildən şeirlərində ihcə, zərif qadın həssaslığı ilə yoğrulmuş  fəzilət, rəğbət, şəfqət, dürüstlük, fədəkarlıq, sədaqət, məhəbbət kimi insani əxlaqi keyfiyyətlərin öz istedadı, bacarığı gücündə vəsfi, tərənnümü daha qabarıqdır, öndədir…  “Həkimlər depresiya deyir” şeiri bu cəhətdən səciyyəvidir:

Dünyanın rəngi də qaçıb,

ağ-qara şəkillər kimi,

Divardan bizə boylanan

70-ci illər kimi.

Saralıb, solub, köhnəlib

güllər də eyni rəngdədi

Bir sığala həsrət qalan

tellər də eyni rəngdədi.

Həftələr, aylar ötüşür

qoşulub dönür illərə

Eyni rəngdə, eyni tonda

ömrü veririk yellərə,

Qocalıq da astanadan

üzümüzə gülümsəyir.

Mən deyirəm kefim yoxdu,

Həkimlər depresiya deyir!..

   Şairə-həkimin “Həkimlər depresiya deyir”  bu şeirlər kitabını  ömrün sevgi, qayğı, sevinc, iztirab, qəm-qüssəli anlarının şeirə çevrilmiş forması da adlandırmaq olar… Bu kitabın ilkin əlyazma variantına söz-rəy yazmış Zaur Ustac demiş,  onun şeirləri “könül rahatlığı, ruh sakitliyi” kimi də maraqlıdır. Doğrudan da, bu maraqlı, hissiyyatlı, duyğulu şeirlər səmimiyyətdən doğulan isti, ilıq, estetik həzz yaradan təsirli poetik mətnlərdir:

 … Ağzımızın ləzzəti yox,

dadı qaçıb, tamı qaçıb,

Dünyada adam qalmayıb,

sonuncu adamı qaçıb.

Gecələr yuxum da qaçaq

yorğan-döşək gəlir cana,

Elə hey, dönüb dururam

gözüm dikilir tavana.

Gündüzləri çalmaz qapım,

nə qonşum var, nə qonağım

Öz evimdə dəfn olmuşam

daş məzarım, daş otağım.

Qurda-quşa ehtiyac yox

öz içim özümü yeyir,

Mən deyirəm kefim yoxdu,

Həkimlər depresiya deyir!..

   Bu şeirlər, poetik nümunələr boynuna müyyən bir estetik təhəddüd, missiya götürən qələm sahibinin deyil,  həyata duyğusal, tənhalığın, dərdin içindən boylanan həyatsevər, insanın mənəvi aləminin gizlinlərinə  dalmağı bacaran bir ziyalı xanımın özünəbənzər zərif duyğularının şeirlə tərcümanıdır, ifadəsidir, bir xanımın sevgi və sayğısıdır… 

   Hətta onun şerlərdə yurdadönüşün, Qarabağa dönüşün sevincindən  yaranan işıq, şəfəq, nur selini də aşkar görmək mümkündür və doğrusu vətənsevər  insanın sevinci hüdudsuzdur… Və bu Vətənsevərlikdə hər kəsin öz şəxsi payı var və bunu hərə bir cür ortaya qoyur:

      Elə ki, mən boy atdım,

      yeridim addım-addım,

      Anam tutub əlimdən,

                  bu daşı, bu torpağı,

                  bu otu, bu yarpağı,

                  yaşadığım küçəni,

                  qızındığım ocağı

       Göstərib Vətən deyib!

    Əksər şairlərdə olduğu kimi, onun da lirikasının bir qismi sevgi, məhəbbət mövzularındadır. Bu şeirlərdə əksərən ayrılıq, hicran,  kədər motivi, “sən gəlməz oldun” ovqatı, həsrət, yol gözləmək, ürək göynədən sevgi iztirabları və s. əksini tapıbdır. O şair yaradıcılıqda müəyyən nəaliyyət qazana bilir ki, yaşadıqlarını və yaşaya biləcəklərini qələmə almağı bacarır. Elə bil, olacaqlar öncədən onlara agah olur. Bu şeirlərin əksəriyyəti, elə bilirəm ki, iztirabların, faciəli anların yanğısını söndürmək, içini yandıran közü dışarı atmaq, ruh aləmindəki fırtınları sakitləşdirmək üçün yazılır və bu qəbildən olan duyğu və hislərin müəyən qismini gənclikdəmi, sonramı hamı keçirib… Hər kəsin içini yandıran belə duyğuları var… Ona görə də, belə duyğuları səmimi şəkildə əks etdirən şeirlər hamı tərəfindən qəbuledilən olur, tutarlı, təsirli poetik mətnə çevrilir…  “Sev ki, sevən mərd olar!” (Hüseyn Kürdoğlu) poetik prinsipi bu qəbildən şeirlərdə gücə, enerjiyə, ehtizaza səbəb olur… “Ölümsüz sevgi” lirikası, balladası yaranır, “öyrətmə özünü, öyrətmə mənə” (Müsa Yaqub) serenadasına dönür…

Ey Fələk, bu gecə

könlümü gəl, dindir!

Bir sən ol, bir də mən,

bir də ki təkliyim,

Bitməsin sübhədək

əlindən çəkdiyim…

Durmadan özünə,

lap elə üzünə

eyləyim şikayət!

Ürəyim boşalsın nəhayət…

Vəssalam, mənə bu da yetər hələlik,

Gün batar, ay doğar,

bir az səssizlik, bir az sənsizlik…

Və yaxud, bu misralardakı hissin ecazı, poetik fikrin epitet səviyyəsində təqdimi yeni məhəbbət lirikasının nümunəsinə dönür, lirik xarakterin  duyğuları  “bir az səssizlik, bir az sənsizlik” – deyə, haray çəkir:

  Yaradıcı adamların ömrü, əslində, insanlığa, bəşərə, əzan cümlə, Vətənə həsr olunmuş ömrlərdəndir. Çünki, insanların ünsiyyətini asanlaşdıran və həmişə canlı, dinamik saxlayan ədəbiyyatdır, incəsənətdir və doğrudan da bu bəşəri universal dəyərdir, dinindən, irqindən asılı olmayaraq  hazıra və gələcəyə insanların birgə baxışıdır… Sənətin əsas missiyası adi insanların adi baxdıqları, hər gün gördükləri hadisələri, insanları, hətta əşyaları, ağacı, yarpağı, budağı fərqli şəkildə, daha gözəl ampulada təqdim etmək,  sevdirmək, görünənin görünməz tərəflərini göstərməkdir… Hətta “Fələklə” belə,  cəngi-cidala, çıxmaq,  polemikaya girişmək gücüdür:  “Ey Fələk, bu gecə könlümü gəl, dindir!”

   Bu şeirdə “Fələk”qeyri-adi metaforik obrazdır.  Əslində, bu poeziyanın (eləcə də bədii yazıların) metaforik təbiətə malik olmasındandır. Metaforik düşüncə estetik həzz yaradır, psixoloji enerji yaradır və burada – metaforik düşüncədə ağıl və xəyal gücü təbii, harmonik şəkildə birləşir… Sənətin, sənətkarın bacarığı, istedadı yeni və təsirli metaforalar yaradaraq, onlardan bacarıqla istifadə edərək yepyeni duyğular, hislər, dəruni fikirlər, gerçəkliyə bağlı xəyallar doğura bilməkdir. Şair, yazar, alimin yazdıqlarında, düşüncəsində metaforik  güc, enerji olmasa, o zaman oxucuya lazımı təsir göstərə bilməz. Tanınmış dilçi, professor İsmayıl Kazımov yazır: “Metaforlar dilin dilidir. Dilin imkanlarını sərhədsiz bir duruma salır…”  Belə götürəndə, Nüranə Rafailqızı bir qələm sahibi kimi metaforik düşüncədən, bədii-poetik vasitədədən xali deyildir, yerli-yerində istifadə edə bilir, lap,  “Mənə bir az nağıl danış” şeirindəki kimi. Bu şeirdə müəllif folklor-nağıl motivlərindən metaforik qəliblərdə bacarıqla istifadə etmiş, günümüzün reallıqlarını canlandıra bilmişdir:

Mənə bir az nağıl danış,

ruhum bir az təzələnsin.

Səmadakı ulduzlardan

göydən yerə nur ələnsin.

Danışginən bədirlənmiş

14 gecəlik ayından,

Günəşin bizə verdiyi

bir ovuc ümüd payından.

Bir az külək, bir az çovğun,

bir az bulud, bir az yağış.

Başımı qoyum dizinə

mənə bir az nağıl danış!

… Mənə bir az nağıl daniş,

yuxum tökülür gözümdən.

Danış qoy başım qarışsın,

özüm bezmişəm özümdən.

Məcnun kimi dönə-dönə

dolanıram otaqları.

Lap əlimdən zara gəlib

evin bütün yataqları.

Göz dikdiyim tavan bezib,

bezib yorğan, bezib balış.

Başımı qoyum dizinə,

mənə bir az nağıl danış!

… Bir gecəlik uşaq olum

saçımda-dən, üzdə-qırış.

Başımı qoyum dizinə,

mənə bir az nağıl danış!

… Mən hələ də uşaq kimi

inanıram nağıllara…

Duyğularım, istəklərim

darma-duman, qarma-qarış.

Başımı qoyum dizinə,

mənə bir az nağıl danış!

Burada Nuranə Rafailqızı özünü sehirli nağıl dünyasında hiss edir, daxilindəki kövrək, təmiz uşaqlıq  dünyasının ülviyyətinə dalır… Onun bir şair, bir yazar kimi bu xüsusiyyəti imkan verir ki, uşaqlar üçün də təsirli, səmimi, duyğulu şeirlər yazsın. Uşaqlar üçün yazdığı şeirlərdə müəllif bir qadın şair kimi daha həssas olur və uşaq dünyasının psixolojisinin duyumlu məqamlarını aşkarlaya bilir və folklor qaynaqlarından da bəhrələnir. Yaradıcılıq fəaliyyətinki faktlardan məlum olur ki, o, 2016-cı ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkil etdiyi “Kiçik yaşlı uşaqlar üçün nəsr, nəzm və dram əsərləri” müsabiqəsində 4-cü yerə layiq görülmüş, qalib əsərlərin yer aldığı kitabda 18 şeiri çap olunmuş, məktəb kitabxanalarına paylanmışdır…

   Qeyd edək ki, dəyərli ədəbi faktın, mövzunun  reallaşması isə böyük mənəvi güc və peşəkarlıq, həm də sarsılmaz inam, əzm, iradə və əlbəttə ki, böyük sevgi tələb edir… Dövrdaşları arasında seçilə, fərqlənə bilər… O da, ilkin çağlarından poeziyaya sevdalanıb, şeirin sevdasına düşübdür… Şairə bu sevdası vasitəsilə oxucusuna könül dünyasını, duyğularını, düşüncələrini bəyan etməyə cəhd edir… Nuranə Rafail qızı bədii təsvir vasitələrindən dəyərincə istifadə edə bilir, müəllifin qəlbinəki incə, zərif duyğular, insani hissləri süsləyir, onları daha da ülvüləşdirir. İnanıram ki, o şair kimi püxtələşdikcə, daha maraqlı mövzuları əhatə edəcək, özü demiş – kitabı-qələmi din-imanı olacaq, şox-çox ağ vərəqləri söz yurduna çevirəcəkdir:

Gah deyirəm bədahətən,

gah yazıram kərən-kərən.

Bir şeirəm qafiyəsi,

hecaları pərən-pərən.

Şairlərin din-imanı,

quranı, kitabı-qələm,

ağ köksündə qara yazı

Bax,

həmən o varaq mənəm!

    Mənə elə gəlir ki, bu şair xanım – Nuranə Rafail qızı  öz bildiyi, bacardığı, qavraya bildyi işlərlə məşğul olur və bu cəhət onun şeirlərindən boylanır… Elə bil ki, şeir yazmaq da onun alın yazısıdır… Əgər bu cəhəti dürüst duymuşamsa, gəlin, birlikdə onun alın yazısının ilk kitabına mübarək deyək…

Müəllif: Qurban BAYRAMOV,

tənqidçi-ədəbiyyatşünas, doktor-professor,

 “Səməd Vurğun mükafatı” və “Vintsas” mükafatı” laueratı.

18.08.2021.

QURBAN BAYRAMOVUN YAZILARI

NURANƏ RAFAİLQIZININ YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTAC – İBRƏTAMİZ

Zaur USTAC – Mustafayev Zaur Mustafa oğlu – 1975.

HƏR GÜN NƏFDİ
Altmış üçdən nəf hesablar kişilər,
On səkkizdən başlamışam saymağa…
Kaldan, şitdən daim uzaq durmuşam,
Meylim olub özün tutmuş qaymağa…
* * *
Zənbur kimi çiçək-çiçək gəzmişəm,
Gül üzəndə, tər qönçəsin üzmüşəm,
Qürbət elin cəfasına dözmüşəm,
Bir arzum var, kaş dönəydim oymağa…
* * *
Ustac xoşlar, kəsə etsin söhbəti,
Çalış boşa yeməyəsən möhnəti,
Dadımlıqdı bu dünyanın neməti,
Macal verməz heç kimsəyə doymağa…
15.05.2020 – Bakı.


Müəllif:
 Zaur USTAC

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru