Bu gün (25 fevral) Ukraynanın böyük şairi T.Q.Şevçenkonun doğumunun 208-ci, ölümünün isə 161-ci ildönümüdür. Yəqin ki Vətənindəki bugünkü gərgin durum ona agah olmamış deyil. Qardaş Ukrayna xalqına və böyük şairə ehtiramımı bildirmək üçün bu gecə şairin məşhur “Vəsiyyət” şeirini dilimizə tərcümə etdim.
VƏSİYYƏT Məni Dnepr sahilində, çox sevimli Ukraynamın bir düzünün ortasında, dikdir yerdə dəfn edin ki, ixtiyar Dneprin necə səs-səmir qopardığını, düşmən qanını yurdumdan yuyaraq mavi dənizə nə cürə apardığını gözlərimlə görə bilim. Bax onda oyanacağam, varıb Allah dərgahına səcdədə dayanacağam. Bütün bunları görməsəm, Kinimi yeməyəcəyəm, “Allah var”, – deməyəcəyəm… Məni dəfn edib dik durun, qolunuzdan zəncirləri son halqaya qədər qırın. Tökün düşmən qanını siz, möhkəmlənsin iradəniz. Yeni, azad ailənizdən məni də çölə atmayın. Daim səmimi bir səslə xatırlayın, unutmayın. 25 dekabr 1845.
Bu gün Azərbaycanın Milli Qəhrəmanı Rövşən Hüseynovun doğum günüdür. Yaşasaydı 55 yaşı olacaqdı. Allah rəhmət eləsin. Ruhu şad olsun. Amin. Yubiley yaşın mübarək olsun, Şəhidim!!!
QISA ARAYIŞ:
Rövşən Hüseynov 22 fevral 1967-ci ildə Ağdam rayonunun Quzanlı kəndində anadan olmuşdur. 1984-cü ildə burada orta məktəbi bitirdikdən sonra Mədəniyyət evində işləmişdir. 1985-ci ildə Bakı Dövlət Universitetinin fizika fakültəsinə daxil olmuşdur. 1985-1987-ci illərdə hərbi xidmətdə olmuşdur. Rövşənin başçılığı ilə 1992-ci ildə iyirmi tələbə Bakı Dövlət Universitetində təhsillərini yarımçıq qoyaraq iki ay hərbi hazırlıq keçirlər. Sonra onlar ən qaynar döyüş nöqtəsi olan Goranboya yola düşürlər.
Rövşən Hüseynov tələbə tağımının komandiri kimi tələbələrdən ibarət tağımı ilə birlikdə “N” saylı hərbi-hissə – taborun tərkibində vuruşurdu. 1992-ci il 28 aprel erməni işğalçıları 300 nəfərlik qoşun və böyük silah sursatla Ağcakənd istiqamətində hücuma keçmişdi. Rövşənin taqımı nəinki ermənilərin iki zirehli texnikasını hətta onlarla canlı qüvvəsini məhv edə bildi. 1992-ci il 11 may Şıxarx uğrunda qanlı döyüşlər gedirdi. Mingəçevir alayının 27 əsgəri mühasirəyə düşmüşdü. Tələbə taqımı onları xilas etmək əmrini alır. Rövşənin başçılıq etdiyi taqım döyüşə atıldı. Onlar mühasirəyə düşən 27 döyüşçünü azad edə bildilər, lakin özləri mühasirəyə düşdülər. Rövşən atəş nöqtəsini öz üzərinə cəlb edərək tələbələrə təhlükəsiz yerə çəkilmək əmrini verir. Burada tələbələrdən ikisi həlak olur, digərləri isə mühasirədən çıxa bildilər. Pulemyotu ilə erməni faşistlərinin xeyli hissəsini məhv edən cəsur vətən övladı döyüş meydanında qəhrəmancasına həlak oldu.
YAZARLAR olaraq, Rövşən Hüseynovun xatirəsini əbədiləşdirmək məqsədi ilə artıq bir neçə ildir ki, “25 YARPAQ” layihəsinin icrası uğurla davam edir. Bu il də bu layihə çərçivəsində gənc yazar Leyla Yaşarın “Daş adam” adlı ilk kitabı işıq üzü görüb.
LAYİHƏ HAQQINDA MƏLUMAT
Layihənin adı:
“25 YARPAQ”
Layihənin məqsədi:
Azərbaycanın Milli Qəhrəmanı Rövşən Hüseynovun xatirəsini əbədiləşdirmək. Gəncləri vətənpərvərlik ruhunda tərbiyə etmək.
Birinci Qarabağ Müharibəsi zamanı Bakı Dövlət Universitetində təhsilini yarımçıq qoyaraq torpaqlarımızın müdafiəsinə yollanmış və qəhrəmancasına şəhid olmuş, Azərbaycanın Milli Qəhrəmanı Rövşən Hüseynov timsalında şəhid tələbələrimizi (doxsanıncı illərin sonuna kimi bütün şəhid olmuş tələbələrin portretləri BDU-nun əsas binasının girişində, göz önündə asılmışdı…) xatırlamaq, onların yarımçıq qalan arzularına, Vətən naminə öz istəkləri ilə aldıqları qərarlarla yarım qalmış qısa ömürlərinə diqqət çəkməkdən ibarətdir…. #25yarpaq haştağından istifadə olunur.
Fevralın 22 də Cəmşid Naxçıvanski adına Hərbi Liseydə filologiya üzrə fəlsəfə doktoru, Milli Mədəniyyətin Təbliği ictimai birliyinin rəhbəri Cəfərova Jalənin “Kiçik dünyanın böyük insanları” kitabının təqdimatı keçirilib. “Yazarlar” jurnalının İƏ üzrə meneceri, AJB üzvü Nəzakət Kərimova-Əhmədova müəllifə “Ziyadar” Mükafatını təqdim edib.
Yeni poeziya antologiyası şair Vidadi Turan Ağdamlının əməyinin bəhrəsəidir. Vidadi Turan Ağdamlı ideya müəllifi olduğu bu layihəyə artıq uzun illərdir ki, uğurla rəhbərlik edir. “Maarif” nəşriyyatında işıq üzü görmüş antologiyada Dəmir Gədəbəyli, Zaur Ustac, Eyvaz Məmmədoğlu, Ədalət Əroğlu, Əsgər Ordubadlı, Nuranə Rafailqızı, Sona Amal, Təranə Tunar, Ülkər Dərya, Vaqif Coşkun kimi tanınmış qələm adamları ilə yanaşı əsasən bölgələrdən olan bir sıra yeni imzalar da yer almışdır. Antologiyada yer alan bütün müəllifləri təbrik edir, yeni-yeni nailiyyətlər arzulayırıq!
13 fevral, məzun olduqdan 13 il sonrakı görüş, bütün qrup əhlindən 13 nəfərin iştirak edə bilməsi…
Rəqəmlərin təsadüfliyi maraqlı və qəribədir, deyilmi?!
13 fevral 2022-ci il tarixində tələbə yoldaşlarımızla görüş keçirmək, uzun ayrılıqdan sonra, nəhayət ki, nəsibimiz oldu.
BDU-nun filologiya fakültəsinin məzunu olduğumuz vaxtdan xeyli ötmüşdü. Bu görüşü bizim qrupun tarixinə qırmızı hərflərlə yazmaq doğru olar. Çünki dəfələrlə bir araya gəlmək üçün can atsaq da, görüş alınmırdı. İşlədikləri üçün, həmçinin ailə-məişət məsələləri qrupumuzun xanımlarına ortaq uyğun vaxt seçməkdə çətinlik törədirdi. Bu da başadüşüləndir.
Texnologiyanın inkişaf etdiyi bu dövrdə sözsüz ki, qrup yoldaşlarımızdan ibarət votsap (WhatsApp) qrupumuz var. Hər xırda sevincimiz zamanı votsap qrupumuzda nə qədər böyük canlanma olduğunu təsəvvürə gətirmək, hətta bəzən qrupa bir saatın ərzində toplanan mesajların 300-500-ə çatması, qrup üzvləri arasında istənilən mövzunun çox qızğın müzakirə olunması yoldaşlar arasında isti münasibətdən xəbər verir, qrupumuzun mehriban olduğunu, bir-birimizə hörmətlə davranmağımızı şərhsiz izah edir.
Bizim votsap qrupunda elmi polemikadan tutmuş, qrup üzvlərinin sevincli, uğurlu hər bir nəticəsinə qədər mədəni-ziyalı ortamda müzakirələr, təbriklər, şadyanalıq olur. Bu dəfəki mesajların çoxluğu yenə qrupda yeni bir hadisədən işarə verirdi: görüş vaxtı və məkan barədə qrup yoldaşlarımız müzakirələr edirlər. 13 ildən sonra tələbə yoldaşlarımızla canlı görüşmək barədə ortaya atılan müzakirə də başqa bir sevincdir. Elə buna görədir ki, araya fasilə salmış COVİD-19 pandemiyasının yaratdığı çətin vaxtlardan sonra fevral ayının soyuq havasının fərqinə varmadan çox böyük həvəs və həyəcanla görüşməyi qətiləşdirdik.
Filoloqların təxəyyülü…
Müşahidələrə əsasən qeyd etmək yerinə düşər ki, filologiya fakültəsinin tələbələrinin kitabxana günündə hədsiz növbə sıxlığı olur. Bu da filoloqların mütaliə etmək həvəsindən, kitablara böyük marağından irəli gəlir. Biz filoloqlar şifahi nitqdə cümlələri poetik fiqurlardan istifadəylə danışmağa, nitqimizi mükəmməl qurmağa, həmçinin bir sözdən ilhamlanıb onu bədiiliyə tərəf aparmağa, yadımıza hansısa əsəri salmağa alışmışıq. Elə buna əsasən də, qrupumuzun görüş sevincinə dair yazdığım cümlədəki “sevinc” sözü qrup yoldaşım Zaqayeva Sevinci yadıma saldı. Sevincin yaşayış yeri Zaqatala şəhəridir və orada müəllim işləyir. Müvəqqəti Bakıda olduğu müddətdə qrupla görüşməyi təklif etdi. Bu görüşün təşəbbüskarı bu dəfə odur. Bir neçə gün əvvəl vaxt dəqiqləşəndə Sevinc görüşü səbirsizliklə gözlədiyini, həyəcanlı olduğunu yazdı. Düzü, həmin həyəcan daha sonra mənə siraət etdi… Gözümü saatdan ayıra bilmir, vaxtın çatmasını səbirsizliklə gözləyirdim…
Budur, artıq vədə yetişib və iki-iki, üç-üç qrup yoldaşlarımız təyin olunan məkana gəlməkdədirlər. Yeni gələn hər bir qrup yoldaşımı görmək yaddaşımı təzələyir, beynimdə xatirələr oyanır, şirin tələbəlik illərim yada düşür. Hamımız xoşbəxt idik. Bir-birimizlə hal-əhval tutur, deyib-gülür, ağızdolusu xeyli söhbət edirdik.
Fakültənin dəyərli, böyük alimlərindən dərs almaq şansı…
Akademik Tofiq Hacıyev, professor Təhsin Mütəllimov, professor Tofiq Hüseynoğlu, professor Qara Namazov, professor İfrat Əliyeva, professor Məmmədəli Qıpçaq, professor Cəlil Nağıyev, professor Əbülfəz Rəcəbli, professor Elbrus Əzizov, professor Vaqif Sultanlı, professor Almaz Əliqızı-Məmmədova, professor Sənan İbrahimov, dosent Arif Məmmədov, dosent Bəxtiyar Məmmədzadə və b. Respublikanın ən tanınmış filoloq alimləri bizlərə dərin bilik aşılamaqla bərabər, həm də dünyagörüş, həyat dərsi öyrətdilər. Biz bu görüşdə bizə bilik, savad öyrədən, geniş erudisiyalı əziz müəllimlərimizi, onlarla bağlı şirin xatirələri yada saldıq, onların üzərimizdəki zəhmətlərinin əvəzedilməzliyindən danışdıq, dünyasını dəyişən müəllimlərimizə Allahdan rəhmət dilədik.
Qrupumuzun gənc alimləriylə fəxr edirik…
Bizim qrupumuzdan hazırda müxtəlif universitet və məktəblərdə çalışan çox savadlı müəllimlər var. Qrupumuzdan filologiya üzrə fəlsəfə doktoru adını qazanan iki nəfər: BDU-nun əməkdaşı Yeganə Qurbanova-Xanlarova və ADU-nun müəllimi Mehriban Mövlamova. Hər ikimiz də magistratura və doktorantura təhsili keçmişik, gənc yaşımızda hər ikimizin monoqrafiya, dərslik, onlarla məqalə müəllifi, onlarla konfrans iştirakçısı olmağımız tələbəlik illərinin möhkəm elmi bünövrəsindən qaynaqlanır.
Bu uğurlu jest davam etməkdədir. Qrup yoldaşlarımızdan Şəhrizad Nuhova (Bakı Slavyan Universiteti), Buta Bağırova (Türkiyə Respublikası Hacettepe Universiteti), Təhsil işçisi, ibtidai siniflərin Azərbaycan dili dərsliklərinin həmmüəlliflərindən Aysel Xanalıyeva, Vüsalə Şəfiyeva (müəllim), Zəminə Orucova (müəllim), Sərinə Məhərrəmova (Azərbaycan Dillər Universiteti) bu elmi adı almaq üçün doktorantura təhsili keçib, müxtəlif mərhələlərdə fəaliyyətlərini davam etdirirlər. Görüş vaxtı onların hər birinə müvəffəqiyyətlər arzuladıq və tezliklə qrupumuzda fəlsəfə doktorlarının sayının artacağına inandıq.
Müəllimlik ən şərəfli peşədir. Bu adın, bu peşənin müqəddəsliyi barədə çox danışmaq, çox ibarəli ifadələr işlətmək olar. Ən yaxşısı, elə bu peşədə çalışmaqla məsuliyyətin nə dərəcədə olduğunu dərk etmək mümkündür. Bu gün bizim qrup xanımlarının yuxarıda qeyd etdiyim kimi, bir qismi universitetlərdə müəllim kimi fəaliyyət göstərib bu mötəbər ada sahiblənib, həmçinin elmi tədqiqat istiqamətində uğurlu nəticələr əldə edirlərsə, qrupumuzun digər qisim xanımları orta məktəblərdə müəllim kimi fəaliyyət göstərir, şagirdlərə bilik, savad verir, həmçinin onları universitetlərə qəbul olmağa düzgün istiqamətləndirib dəstək olurlar. Zəminə Orucova, Billurə Əliyeva, Aysel Məmmədova, Fəridə Məmmədova, Nərgiz Zeynalova, Afaq Quliyeva, Samirə Bağırova, Vüsalə Abbasova, Nigar Mirzəyeva , Gülnamə Nurməmmədova, Şəfa Qürbətova və b. savadından pay alan hər bir şagirdin şanslı olduğunu demək yerinə düşər.
Tələbəlik bitər, xatirələr bitməz…
Tələbəlik illərinin ən yaddaqalan hadisələrindən biri də sözləşib dərsdən qaçmaq idi. Və sözsüz ki, bizim qrup da bu cür şıltaqlığı etmədən məzun olub desəm, doğru sayılmaz. Görüş zamanı yada düşən hər yeni xatirə məclisi yenidən canlandırır, ovqatımıza xüsusi rəng qatırdı.
Bizim qrup, demək olar ki, əsas etibarilə, xanımlardan ibarət olub. Qrupumuzda Şəhrizad, Gülnamə, Buta, Sərinə və s. nadir və xoşagəlim şəxs adları bizə dərs deyən çox hörmətli filoloq müəllimlərin, böyük alimlərin diqqətini çəkər, təbəssümlə deyərdilər: “Siz əsl filoloq qrupusunuz. Müxtəlif əsərlərdəki obraz adlarının çoxu sizin qrupda cəm olub”.
Biz bu görüşdə tələbəlik illərindən ən şirin xatirələri yada salmaqla o illərə qayıtdıq. Həmin gün başa düşdüm ki, tələbə yoldaşlarımla görüşdüyüm bir neçə saatlıq vaxt hamımız üçün 17-21 yaş aralığında təhsil aldığımız universitet illərinə geri dönüş deməkdir. Onlarla söhbət etdiyimiz, şən-şaqraq deyib-güldüyümüz anlar şüurumuzu aldadaraq bizlərə tələbəlik yaşımızda olduğumuzu hiss etdirməyə inandırdı.
Tələbə yoldaşlarımızda dəyişən geyim tərzi idi, mehribanlıq, səmimiyyət, qayğıkeşlik olduğu kimiydi.
Lakin bu görüşdə iştirak edə bilməyən tələbə yoldaşlarımız – Sahilə, İradə, Şəbnəm, Sevda, A.Sevinc, İ.Vüsalə, Ə.Günay, Z.Günay, Merve, Nərmin və b. da görmək hamımızın könlündən keçirdi.
Məzunlar bu görüşdən çox məmnun halda razılıq edib ayrıldılar. Bu cür görüşlərin davamlı olmasını arzuladılar. Allah qismət etsin, Amin!
Akif Əli — Azərbaycan yazıçısı, filoloq alim, Azərbaycan Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri (1994–2019). 2-ci dərəcə Dövlət müşaviri.
HƏYATI Akif Əli 1952-ci il fevralın 22-də Şuşada anadan olub. M.F.Axundov adına Azərbaycan Dövlət Rus dili və Ədəbiyyatı İnstitutunu bitirib (Bakı Slavyan Universiteti) (1974).
YARADICILIĞI Azərbaycanfilm, Tacikfilm, Lenfilm kinostudiyalarında filmlərə çəkilib (1974-1978). “Uzun müharibədə qısa görüşlər” (Tacikfilm) filmində Rüstəm, “Tütək səsi” filmində (Azərbaycanfilm) Tapdıq və başqa obrazları yaradıb. 1978-1987-ci illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində çalışıb. Radionun “Satira və yumor” şöbəsində kiçik redaktor, redaktor və şöbə müdiri vəzifələrində işləyərkən bir neçə populyar radio verilişinin (“Sabahınız xeyir”, “Molla Nəsrəddin”, “Gülüş axşamı” (1981-1983)), Televiziyanın Gənclər üçün proqramlar Baş redaksiyasının Baş redaktoru vəzifəsində çalışarkən isə televiziya proqramlarının (“Zəriflik”, “Aygün”, “7 sual, 7 cavab” televiktorinası, “İdrak”, “Tələbə dünyası”, “Teleteatrda gənclər gecəsi”, “Çay, çay, çay!”, “Mənəvi dünyamız”) yaradıcısı, müəllifi, yaxud redaktoru olub. Çoxlu sayda elmi və bədii-publisistik məqalələrin, kino-tele-radio ssenarilərinin, kitabların, “Mozalan” kino-süjetlərinin və tərcümə əsərlərinin müəllifidir.
Filologiya elmləri üzrə fəlsəfə doktoru (1988), dosent, Qızıl qələm mükafatı laureatıdır.
SİYASİ FƏALİYYƏTİ 1989-cu ildə Bakı Ali Partiya Məktəbinin əyani kursunu bitirib. 1990-cı ildə “Vətən səsi” qəzetinin yaradılmasında iştirak edib və 1991-1993-cü illərdə həmin qəzetin baş redaktoru vəzifəsində çalışıb. Eyni zamanda elmi-pedaqoji fəaliyyətlə məşğul olaraq Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda (indiki Dövlət İdarəçilik Akademiyası) baş müəllim, dosent və Mədəniyyətşünaslıq kafedrasının müdiri işləyib (1992-1994).
1994-cü ildən Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışır. 2-ci dərəcə Dövlət müşaviridir.
ƏSƏRLƏRİ “Gözəlliyin qədrini bilək” (1984), “Azərbaycanın müasir kinoaktyorları” (1984), “Unudulmaz yollar” (1985), “Məhəbbət təranələri” (1989), “Qaragöz oyunu” (1999), “M.Ə.Sabirin satira sənətkarlığı” (1999), “Öncə – vətəndir” (2003), “Böyük ömrün anları” (2004), “İdrak” (2007), “Azman” (2013) kitabları çap olunub. Bunlardan başqa tərcümələri var (A.Hertsen “Olmuşlar, düşüncələr”, V.Mayakovski “Taxtabiti”, M.Zoşşenko “Nəhs günü”, J.B.Molyer “Meşşanın zadəganlığı”, A.Soljenitsin “Matryonanın ocağı”, A. Çexov “Hekayələr”, Qrimm qardaşları “Bremen musiqiçiləri”).
VƏZİFƏLƏRİ 1978-1987-ci illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində müxtəlif vəzifələrdə çalışıb. Radionun “Satira və yumor” şöbəsində kiçik redaktor, redaktor və şöbə müdiri (1978-83), Televiziyanın Gənclər üçün proqramlar Baş redaksiyasının Baş redaktoru (1983-87) olub.
1991-1993-cü illərdə “Vətən səsi” qəzetinin baş redaktoru vəzifəsində çalışıb. Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda (indiki Dövlət İdarəçilik Akademiyası) baş müəllim, dosent və Mədəniyyətşünaslıq kafedrasının müdiri (1992-1994) işləyib.
Ailəlidir, iki övladı var.
FİLMOQRAFİYA Uzun müharibədə qısa görüşlər (1974-75) Tütək səsi (film, 1975) Əgər bir yerdəyiksə (film, 1975) Arxadan vurulan zərbə (film, 1977)
Bu gün Akif Əlinin 70 yaşı tamam olur. YAZARLAR cameəsi adından doğum günü, yubileyi münasibəti ilə Akif müəllimi təbrik edir, uzun və sağlıqlı bir ömür, bütün işlərində yeni-yeni nailiyyətlər arzulayırıq! Uğurlarınız bol olsun, Akif müəllim!!! Doğum gününüz mübarək olsun!!!
Ziya Bünyadov 1923-cü il dekabr ayının 21-də Astara şəhərində anadan olmuşdur. 1939-cu ildə orta məktəbi bitirdikdən sonra Bakı Ali Birləşmiş Komandirlər Məktəbində təhsilini davam etdirmişdir. İkinci Dünya Müharibəsi dövründə vuruşaraq Berlinədək şərəfli döyüş yolu keçirmişdir. 1945-ci il 27 fevralda ona Sovet İttifaqı Qəhramanı adı verilmişdir. Z.Bünyadov ordudan tərxis olduqdan sonra 1946-cı ildə Moskva Şərqşünaslıq İnstitutuna daxil olmuş, 1950-ci ildə həmin institutun aspiranturasına qəbul edilmişdir. Ziya Bünyadov 1954-cü ildə namizədlik dissertasiyasını müdafiə edib Azərbaycana qayıtmışdır. Həmin ildə o, Azərbaycan EA-nın Tarix İnstitutunda elmi axtarışlarını davam etdirmişdir. O, Xilafət və Azərbaycanın VII-XIII əsrlər tarixinin tədqiqatçilarından biridir. Z.Bünyadov alban tarixçisi M.Qoşun “Alban xronikası” əsərini 1960-cı ildə ingilis dilindən, Ə.Bakuvinin “Abidələr’in xülasısi və qüdrətli hökmüdarın möcüzələri” 1971-ci ildə və Nəsəvinin “Sultan Cəlaləddin Mankburnin həyatının təsviri” əsərini 1973-cü ildə Ərəb dilindən rus dilinə tərcümə etmişdir. 1964-cü ildən Yaxın və Orta Şərq Xalqları İnstitunda “Orta əsirlər tarixi” şöbəsinin rəhbəri olmuşdur. Elə həmin ildə o, tarix elimləri doktoru elmi dərəcəsi və 1965-ci ildə isə professor adına layiq görülmüşdür. 1967-ci ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 1976-cı ildə Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir. 1981-ci ildən isə Şərqşünaslıq İnstitunun direktoru, 1990-cı ildə Azərbaycan EA-nın vitse-prezidenti seçilmişdir. Azərbaycan Respublikası I çağırış Milli Məclisin (1995-2000) deputatı idi. Z.Bünyadov öz çıxışlarında dəfələrlə həyasız saxtakar erməni tarixcilərin yalançı iddialarını faktlarla ifşa etmişdir. Ziya Bünyadov SSRİ-nin Qırmızı Bayraq, Aleksandır Nevski, 2-ci dərəcəli Vətən Müharibəsi, Qırmızı Ulduz ordenləri və medallarla təltif edilmişdir.Akademik Ziya Bünyadov Berlin şəhərinin Pankov rayonunun (Almaniya), Urgənc (Özbəkistan), Astara və Göyçay (Azərbaycan) şəhərlərinin fəxri vətəndaşı idi. 1997-ci il fevral ayının 21-də cinayətkar qrup tərəfindən vəhşicəsinə qətlə yetirilmişdir. Allah rəhmət elesin. Ruhu şad olsun. Amin.
20 Fevral 2022-ci il tarixində “21 Fevral Beynəlxalq Ana dili Günü” ilə əlaqədar Norveçin Oslo şəhərindəki Nizami Gəncəvi adına Həftəsonu məktəbinin və Bakı şəhərinin 220 saylı məktəb-liseyin müəllimi, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan dili dərsliklərinin müəllifi Xanım Qasımova və Şirvan şəhər Mərkəzi Kitabxanasının böyük metodisti Kəmalə Quliyevanın təşkilatçılığı ilə vebinar keçirilmişdir. Bakı şəhər 220 nömrəli məktəbin müəllimi Xanım Qasımova 21 Fevral Beynəlxalq Ana dili Gününün elan edilməsinin tarixindən məlumatı şagirdlərin nəzərinə çatdırmışdır. Şirvan şəhər Mərkəzi Kitabxanasının böyük metodisti Kəmalə Quliyeva Ana dilini qorumağı, sevməyi və bu dildə danışmağın vacib olduğunu vurğulamışdır. Görüşdə Oslodan, Belçikadan, Azərbaycandan iştirak edən şagirdlər Ana dili ilə bağlı aforizmlər, şeirlər söyləyib və mahnılar ifa etmişlər.
Qəbələnin bu kəndində 1992-ci ilin fevral ayının 20-sində anadan olmuş Vüqar da adicə kənd uşaqlarından biriydi. Lakin, 44 günlük müharibə onu minlərlə, milyonlarla insanlara şücayətinə, igidliyinə, qəhrəmanlığına görə tanıdı və hamının qəlbində, dilində fəxrlə, hörmətlə əbədi qaldı.
Səmədli Vüqar Vaqif oğlu 1998-ci ildə Qəbələnin Yengicə kənd məktəbinin 1-ci sinifinə qəbul olunmuş, 2007-ci ildə həmin məktəbdə təhsil alıb.
2010-cu ilin aprelində həqiqi hərbi xidmətə gedib. Xidmətini Bakı şəhərində “N” saylı hərbi hissədə Sülhməramlı qüvvələrdə edib. 2011-ci ildə oktyabr ayında hərbi xidmətini başa vuran Vüqar ailələrindəki maddi çətinliyə görə Çeçenistanda tikintidə işləməyə getmişdi.
Tovuz döyüşlərində general Polad Həşimovun şəhid olduğunu eşidib, işini ataraq Vətənə qayıtmağı qərara alıb. Bir müddət karantində qalır, Vətənə gələndə artıq Vətən Müharibəsi başlanmışdı. O, oktyabrın birində evə gəlmədən hərbi komissarlığa gedir, könüllü yazılır.
Dörd gündən sonra, yəni oktyabrın 5-ində könüllü olaraq müharibəyə gedir. Bir neçə gün Ağcabədidə “N” saylı hərbi hissədə qalır və daha sonra mən buraya yatmağa yox, döyüşməyə gəlmişəm,- deyərək komandanlığa müraciət edir.
Kəşfiyyatçı kimi bu sıralara qatılır və Zəngilan, Qubadlı, Füzuli, Cəbrayılın düşmənlərdən azad olunmasında fəal iştirak edir. Daha sonra Şuşa uğrunda döyüşlərə qatılır.
2020-ci il noyabr ayının 2-sində Şuşanın Daşaltı kəndi uğrunda gedən ağır döyüşlərdə Şəhid olur. Noyabrın 3-ü, ertəsi gün onu doğulduğu Yengicə kəndində dəfn edirlər.
Şəhid Səmədli Vüqar Vaqif oğlu ölümündən sonra cənab Ali Baş Komandanın sərəncamı ilə “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub.
Bildiyimiz kimi Məmmədov Elcan Zöhrab oğlu 1989-cu Tərtərdə anadan olub. 1996-cı ildə ailəsinin Bakıya köçməsilə əlaqədar Bakıxanov qəsəbəsindəki 96 nömrəli tam orta məktəbin I sinifinə getmiş, 2007-ci ildə orta məktəbi bitirərək, həmin ildə də Texniki Universitetiə qəbul olunmuşdu.
2010-cu ildə ailə qurmuş, 2011-ci ildə universiteti bitirib, hərbi xidmətə yola düşüb. Xidmətini Cəlilabad rayonunun Göytəpə qəsəbəsində “N” saylı hərbi hissədə başa vurub və Bakıya ailəsinin və valideynlərinin yanına qayıtmışdır.
2013-cü il 2 apreldə qızı Ayan dünyaya gəlib. Ata kimi çox sevinib. Belə ki, 2015-ci ilin 5 iyulunda isə ikinci körpəsi-Ramal dünyaya göz açıb. 2018-ci ildə öz istəyi ilə xüsusi kurs keçərək leytenant rütbəsini alıb, Daşkəsən “N” saylı hərbi hissəsində işə başlayıb. İşlədiyi müddətdə əsgərlərin dərin rəğbətini qazanmışdı. Əsgərləri onun haqqında:-leytenant Məmmədov bizim komandir yox, böyük qardaşımız olub. Gözəl insan idi. Cibindəki son qəpiyini də bizim üçün, ehtiyaclarımızı ödəmək üçün xərcləyərdi.
Hər zaman xatırladırdı ki, nəyə ehtiyacınız olsa, çəkinmədən mənə deyin. Əvəzolunmaz komandir idi. Gülərüz, ürəyi təmiz, çox mehriban, hamının qeydinə qalan bir insan idi.
Paxıllıq nədi bilməzdi. O, həm də gözəl övlad, mehriban ailə başçısı, qayğıkeş ata, sevimli qardaş idi. 2020-ci ilin 8-i apreldə Goranboyun Tapqaraqoyunlu kəndinə təyinatı verildi. General Polad Həşimovun şəhid olduğu ay Elcan həmin döyüşlərdə iştirak etmiş, 2020-ci il 27 sentyabrında 44 günlük Vətən müharibəsi döyüşlərində Talış yüksəkliyi istiqamətində komandiri olduğu taborla bu istiqamətdə hücuma keçdi…
Maxenin dediklərindən:
-Bizdə ruh yüksəkliyi olsun deyə komandir həmişə çox öndə gedirdi, ardımca gəlin:-deyərdi. Döyüş zamanı ayağından yaralandı.
Maxe ona:-yoldaş komandir, Siz yaralısınız, qayıdın.
-Boş şeydir, mən yaralanıb qayıdım, sən yaralıb qayıt, bəs irəli kim getsin?
-Ardımca!-irəli işarəsini verdi. Ön cəbhəni yarıb keçdilər. İkinci cəbhəyə yaxınlaşarkən snayperlə başından vuruldu, şəhadətə qovuşdu.
Döyüş dostları:-Elcan çox gözəl igid idi, kaşkə sağ olaydı. Şəhidliyə ucaldı qəhrəmancasına.
Elcan deyirdi:-Uşaqlar bizimki buracandır, öldü var, döndü yoxdur! O, çox gözəl insan idi. Nə olur olsun, Vətənimiz sağ olsun!
Qəhrəmancasına döyüşdü və tabeçiliyində olanlara örnək oldu! Əsil qəhrəman nümunəsi kimi fəxr edin. Hücuma keçməzdən əvvəl həyat yoldaşına: -Ömrüm, oğlumla qızıma deyərsən ki, artıq ataları ilə fəxr edə bilərlər!..
Atası Zöhrab Məmmədov 1992-ci ildə I Vətən Müharibəsinin iştirakçısı olub. Elcan həmişə atasına deyərdi:-Sən ala bilməyən torpaqları Allah qoysa mən-oğlun alacağam!!!
Anası Sahilə xanımın dedikləri;
-Mənə deyirdi ki, ana vaxt gələcək səni barmaqla göstərib deyəcəklər…Mayor Elcan Məmmədovun anasıdı! Mənimlə fəxr edəcəksən!
Anası Sahilə xanımın:
-Mən onsuzda da balamla fəxr edirdim:-Həm bir övlad kimi, həm də gözəl bir vətənpərvər insan kimi.
Həyat yoldaşı:-Elcan həmişə mənə deyərdi:-Gülüm,
Gülüm, mən sənin qəhrəmanınam. Mənimlə həmişə fəxr edəcəksən.
Mənim adım gələndə hamı ayağa qalxıb sənə yol verəcək…
Mən yoldaşımla həmişə fəxr edirdim, qürur duyuram-bir insan kimi, bir yoldaş kimi!
Ailəmizdə həmişə söz düşəndə deyirdik: -Elcan tək bizdən yox, neçə illər sonra köməyə ehtiyacı olan əsgərlərdən, insanlardan-evdən yox, eldən getdi.
Elxan ağıllı övlad, qayğıkeş ata idi. Bütün arzularını, xəyallarını Vətənə qurban verdi.
Ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunması uğrunda”, “Laçının azad olunması uğrunda” medalları ilə təltif olunmuşdu.
Bəli, şəhidlərimiz uzun illər həsrətində olduğumuz torpaqlarımızı azad edərək özlərinin yüksək arzularına çataraq Şəhid oldular.
Şəhidlər ölməz, Vətən bölünməz!
Elimizin minlərlə Şəhidindən biri olan Elcanımız barədə qısa da olsa, məlumatları oxucularıma çatdırmağı özümə mənəvi borc bildim.