Etiket arxivi: Yeganə QURBANOVA-XANLAROVA

Müəllimliyin sirli fəlsəfəsi

Müəllimliyin sirli fəlsəfəsi
(Mən bu məqaləni haqq dünyasına qovuşmuş, daim hörmətlə andığım, elm-bilik-həyat dərsi öyrədən elmi rəhbərim, müəllimim, ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor Tofiq Hüseynoğlunun əziz xatirəsinə həsr edirəm)

Bolqarıstanlı türk şairi Məfkurə Mollova şeirlərinin birində deyir ki, səni insan adam elədiyi üçün əvvəl müəlliminin qarşısında diz çök, sonra ata-ananın. Müəllimlik gərəkli, müqəddəs, həmçinin də çətin peşədir. Bu müqəddəs yolda tələbələrinin şüur və təfəkkürünə işıq salmaq, onları vətənpərvər yetişdirmək, dünyagörüşlü böyütməkdi müəllim olmaq.
Tofiq Hüseynoğlu Bakı Dövlət Universiteti filologiya fakültəsində mənim bakalavr və magistratura təhsil pillələrimdə çox hörmət etdiyim müəllimlərimdən biri, həmçinin BDU doktorantura təhsil illərimdə elmi rəhbərim olmuşdu. 82 illik ömür yolunun 60 ilini filologiya sahəsində iz qoymuş, tədqiqat aparmış hörmətli ədəbiyyatşünasın elm payından bəhrələnmək səhrada su tapmaq kimi böyük şans imiş. Çünki dahilər təkrar doğulmur. Əgər onun müəllimlik illərində təhsil almaq nəsibim olubsa, demək, şanslı insanların sırasındayam.
Doktorantura təhsil illərimdə mənə daim doğru elmi istiqamət vermiş, daim əzmə, çalışqanlığa, araşdırmalar aparmağa sövq etmişdi. Nəticədə 3 illik əyani müddətdən daha tez 27 yaşımda müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru elmi adını aldım. Bu uğuruma görə Tofiq müəllimə – böyük alimə minnətdarlıq borcum və rəhmətim sonsuz olacaqdır.
Bu ifadə pafoslu səslənməsin. Onu bir balaca yaxından tanıyan və ya bir dəfə də olsa çıxışını, ədəbi söhbətini, mühazirəsini eşidən hər kəs mənim fikrimi doğru, səmimi qəbul edər. Bu müdrik şəxsiyyətin ensklopedik, fenomenal yaddaşına heyran idim. Dərs prosesində anidən soruşulan istənilən sualımıza çox müfəssəl, dolğun, elmi cavablar verməsi tələbələr tərəfindən maraqla qarşılanardı. Özünəxas bir üslubunu da hiss etmişdim. İzahının sonunda bizim daha ətraflı bilik əldə etməyimiz üçün sadaladığı monoqrafiyaların adları ilə bərabər suallarımıza cavab tapa biləcəyimiz səhifələri də vurğulayardı. Bu kimi nüanslarla iti yaddaşına təəccüb etməmək mümkün deyildi. Filologiya sahəsindəki bütün kitablar, monoqrafiyalar, məqalələr, əsərlərdən tutmuş, ən kiçik həcmli tezislərə, çoxlarının diqqətindən yayınan ən xırda şeir parçasına kimi xəbəri vardı. Tofiq müəllimin bu xüsusiyyətini tələbə yoldaşlarımızla öz aramızda danışıb müəllimimizin elminə, biliyinə həsəd aparardıq.
Müəllimim gözünə eynək taxıb, qeydlər etmək üçün əlinə sadə karandaş götürüb iş saatlarının bekar vaxtlarında daim mütaliə edən obrazda gözlərim qarşısında canlanır. Çünki müşahidə edənlər təsdiq edə bilər ki, mütəmadi mütaliə edərdi. Başa düşmək olurdu ki, bu onda artıq vərdişə çevrilmişdi.
Tofiq Hüseynov 1938-ci il aprelin 21-də Ağstafa rayonunun Bəyazatlı (indiki Yuxarı Göyçəli) kəndində anadan olmuşdur. Ağstafa şəhər dəmir yol məktəbi, Göyçəli və Həsənsu kəndlərində orta təhsil almışdı.
1956-1961-ci illərdə Bakı Dövlət Universitetinin filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatı ixtisasını bitirmişdi. “Yusif Vəzir Çəmənzəminlinin yaradıcılığında tarixilik və “Qan içində” romanı” mövzusunda namizədlik (1975), “Yusif Vəzir Çəmənzəminlinin həyat və yaradıcılığı” mövzusunda doktorluq (1990) dissertasiyasını müdafiə etmişdi.
Azərbaycan ədəbiyyatının ən aktual mövzularında yazdığı elmi məqalə və tezisləri daim maraq doğurmuşdu. “Tarixi roman ustası”, “Yusif Vəzir Çəmənzəminli”, “Ədəbiyyatla yaşayıram”, “Söz-tarixin yuvası”, “Qurban Səid, mübahisələr, həqiqətlər” və s. kitabları filologiya elmləri sahəsində ən güclü tədqiqatlardan sayılır. Uzun illər Azərbaycanın görkəmli elm və ədəbiyyat xadimləri – Bəxtiyar Vahabzadə, Gülhüseyn Hüseynoğlu, Abbas Zamanov, Fəridə Vəzirova, Cəlal Abdullayev, Təhsin Mütəllimov, Abdulla Abasov, Qara Namazov, İfrat Əliyeva, Almaz Məmmədova, Vaqif Sultanlı və d. mənsub olduğu ədəbi mühitdə, Bakı Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasında çalışmışdır.
Azərbaycan filologiyasında ən aktual və problemli mövzularda araşdırmalar aparan alim idi. Uzun illər “Əli və Nino problemi”nə dair araşdırmaları ilə mətbuatda elmi məqalələri ilə ədəbi tənqidin diqqətini çəkərdi. Elmi arqumentləri tutarlı idi.
Davranışı, alicənablığı, mədəniyyəti, nəzakəti, nitqi, öyrətmə üsulu biz tələbələrinə yaxşı bir örnək idi. Mən müəllimimin ömrünün qocaman illərində onunla eyni – Azərbaycan ədəbiyyatı tarixi kafedrasında birlikdə əməkdaşlıq etməklə iş sahəsində də ondan xeyli təcrübə qazana bilmişdim. Həmişə bildirərdi ki, universitetin ənənələrinindən biri də Vətənimizə, elmimizə layiqli vətəndaş olmaqdır. Çünki özü də əsl vətəndaş ziyalı, vətənə-torpağa bağlı professor idi.
Bütün tələbələrinə qayğıkeş münasibət nümayiş etdirərdi. Bizə də gələcək yollarda bu cür müəllim olmağı məsləhət bilmişdi. Elmi biliyi nə qədər çox olsa da, o qədər də sadə idi. Təvazökarlığı xüsusi diqqət çəkirdi. Uşaq kimi məsum, saf, təmiz idi. Çox da üzdə görünməyi sevməzdi. Qayğılı bir siması diqqətdən qaçmazdı.
Heç unutmaram. Filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi adını almaq üçün diplomum səbəbsiz gecikdirilirdi. Tofiq müəllim o ərəfələrdə səhhətindən dolayı Moskva şəhərinə getmişdi. Ömrünün son günlərində Moskvadan zəng edib diplomumu almağımla bağlı soruşdu. Verdiyim “xeyr, hələ bir xəbər yoxdur” cavabı onu da məyus etdi. Günün birində də iş kollektivimizlə birlikdə onun dünyadan köçməsi xəbərini eşidib sarsıldıq. Tofiq müəllim əbədiyyətə, haqq dünyasına qovuşmuşdu.
Günlər ayları əvəz edirdi. Bir gün yuxuda gördüm ki, Tofiq müəllim mənə deyir: “Qızım, diplomun hazırdı, niyə gedib maraqlanmırsan?”. Səhər yuxudan oyanandan bəri bu yuxu barədə düşünürdüm ki, telefonuma bir zəng gəldi: “Salam. Siz, Yeganə Xanlarova filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi diplomunuzu təhvil almaq üçün Ali Attestasiya Komissiyasına yaxınlaşa bilərsiniz!”. Bilmirdim bu xəbərə sevinim, yoxsa Tofiq müəllimin göy üzündən mənim yuxularıma göndərdiyi mesaja təəccüb edim. Və beləcə bir daha müəllimimin həm müqəddəs bəndə, tərtəmiz şəxsiyyət olduğuna əmin oldum.
Deyirlər, yaradıcı şəxslərin kapriz tərəfləri olur. Həmçinin Tofiq müəllimi bu cəhətinə görə xatırlayarkən üzümdə xəfif bir təbəssüm yaranır. Doktorantura təhsilimdə tapşırıq verdiyi məqaləni dediyi vaxtda yazıb aparmayanda əsl pedaqoq kimi davranar, ağayana tərzdə sözünü elə bildirərdi ki, evə çatan kimi bütün kitabları qarşıma töküb səhər işıqlanana qədər həvəslə tapşırığa əməl etməklə özümü doğrultmağa çalışırdım. Heç yadımdan çıxmaz. Günlərin bir günü, mən BDU oxu zalından, Tofiq müəllim isə mühazirə dərsindən çıxıb evə gedirdik. Təsadüfən filologiya fakültəsinin yerləşdiyi 1 saylı korpusun çıxışında rastlaşdıq. Avtobus dayanacağına qədər yol yoldaşı olacaqdıq. Dissertasiyam, oxuduğum kitablar barədə xəbər aldı, öz tövsiyələrini deyə-deyə yolumuza davam edirdik. Narın yağış yağırdı. Qəflətən yadıma düşdü ki, səhər universitetə gələndə kitabxanaçıya bir neçə kitabın siyahısını verib arxayın şəkildə yığmağı xahiş etmişdim. Kitabxanaçı özü də kitabları günün sonunda götürməyimi söyləmişdi. Bu etimada məsuliyyətsizlik etmək olmazdı. Gedib götürmək lazım idi. Tofiq müəllimə fikrimi deyib geri qayıtmağa məcbur oldum. O, dissertasiyamla bağlı hansı kitabları oxumağımı bilmək üçün, “mən universitetin həyətində gözləyirəm, kitabları götür, dayanacağa çatana qədər baxaram, uyğun olmayanları geri təhvil verərsən” – demişdi. Mən isə əgər yağış güclənsə, qocaman müəllimimin yağışda islanmaması üçün getməyini təklif edib iti addımlarla geri qayıtdım. Cəld pilləkənləri qalxıb kitabxanaya daxil oldum. Kitablar hazır yığılmışdı. Bu arada qeyd edim ki, universitet kitabxanaçılarının zəhməti danılmazdır. Siyahıdakı kitablardan yalnız biri yox idi. Kitabxanaçı həmin kitabı tapmaq üçün yenidən geri qayıtdı. Kitabxananın pəncərəsinə tərəf baxıb yağışın get-gedə gücləndiyini görüb özümü əmin etdim ki, Tofiq müəllim getmiş olar. Arxayın şəkildə kitabları götürüb tələsmədən pilləkənləri düşür, yağışın bir qədər səngiməsi üçün ləngiyir, sanki bununla da vaxtı yubadırdım ki, evə islanmadan gedə bilim. Nəhayət, təxminən 10-15 dəqiqə sonra mən geri qayıtdım. Tofiq müəllimi universitetin həyətində yağışın altında görüb həm məəttəl qaldım, həm də pərt oldum. Tofiq müəllimin insani həssasiyyəti, tələbələrinə ciddiyyəti vardı. Ona görə də gözləyibmiş. Yağış güclənmişdi. Buna baxmayaraq gözləmişdi. Qorxdum ki, xəstələnər. “Əgər yağış güclənərsə gedə, seçdiyim kitablara sabah baxa bilərsiniz” demək, mənəvi qayğımı bildirmək istəyəndə, sözümü kəsdi və dedi: “Qızım, mən söz vermişdim ki, kitabları götürüb qayıdana kimi burda gözləyib onlara baxacağam”. Tofiq müəllimin şəxsiyyətindəki ucalığa, mənəviyyatındakı bütövlüyə hər dəfəsində olduğu kimi, bir daha şahid oldum. Gülümsəyib dedim:
Bu hadisəylə bağlı məqalə yazacağam.
O isə: – Söz ver ki, indi deyil, mən bu dünyadan köçdükdən sonra məqaləni yazacaqsan, – demişdi.
Tofiq müəllimin mənəviyyat dünyasında yalnız yaxşı, müsbət keyfiyyətləri gördük: söz verib əməl etmək, tələbələrə şəxsiyyət kimi davranmaq, dünya malına gözünün ucuyla baxmamaq, dürüstlük, saflıq, ziyalılıq… Bir sözlə, müəllimimi insan və alim kimi yüksək səviyyədə dəyərləndirib, daim müşahidə edər və pedaqoqluğundan, ən əsası insanlıq payından nəsə öyrənməyi özümə qazanc bilərdim. Və mən bu geniş qəlbli, Azərbaycan ədəbiyyatının bir hissəsinə öz elmi möhürünü vuran, öz elmi töhfəsini verən bir müdrik şəxsiyyətin bu dünyadakı yaşam kodunu belə başa düşdüm: Allahın bəxş etdiyi ömür möhlətində insan bacardığı yerə qədər yaxşılıq etməyi bacarmalıdır. Çünki Tofiq müəllim özü belə idi: humanist, insanpərvər. Tez-tez deyərdi: “Dünya fanidir, çalışıb yaxşılıq etmək lazımdır”.
Yaxşılıqlarınız sizə savab yazılsın, ruhunuz şad olsun, ey hörmətli müəllimim!

Müəllif: Yeganə QURBANOVA-XANLAROVA
Filologiya üzrə fəlsəfə doktoru, 
BDU-nun əməkdaşı

YEGANƏ QURBANOVA-XANLAROVANIN YAZILARI

TARİXİ CİNAYƏT HÜQUQİ KONTEKSDƏ

TARİXİ CİNAYƏT HÜQUQİ KONTEKSDƏ

(Səməd Vəkilovun “Qərbi Azərbaycandan Deportasiyanın tarixi və hüquqi aspektləri: Salyana köçürülmə (1948-1953)” elmi-tədqiqat araşdırmasına dair)

Tədqiqatçı-hüquqşünas Səməd Vəkilovun yeni çap olunmuş “Qərbi Azərbaycandan Deportasiyanın tarixi və hüquqi aspektləri: Salyana köçürülmə (1948-1953)” elmi-tədqiqat araşdırması 1948-1953-cü illərdə Qərbi Azərbaycanda yaşayan azərbaycanlıların deportasiyasının hüquqi və tarixi tərəflərini dərindən araşdıran əhəmiyyətli bir əsərdir. Qərbi Azərbaycandan təxminən 300 minə yaxın azərbaycanlının ulu dədə-baba torpaqlarından köçürülməsi barədə tarixi mənbələrdə oxumuşuq. Lakin bu köçürülmədə insanların keşməkeşli günlərinin, çətin dövrünün, maddi və mənəvi problemlərinin incə məqamlarını Səməd Vəkilovun deportasiya ilə bağlı kitablarında olduğu kimi, bu kitabında da daha xırda detalları ilə oxumaq mümkündür. Kitab müəllifin Qərbi Azərbaycandan deportasiyaya həsr olunmuş üçüncü kitabıdır. 

Araz gəldi, yan axdı,
Dibindən min can axdı.
Vətən sarı baxanda,
Ürəyimdən qan axdı.

Köç işi çətindir. Bir evdən digərinə köçən insan bəndəsi nə qədər ağır yük altına girir, bunu hamımız yaxşı bilirik. Biri də var, yurdundan, ata-babalarının ömrünü keçirdiyi diyardan güclə ayrı salınıb, mənəvi bağını qoparmağa məcbur edilib başqa ərazilərə köçürüləsən. Üstəlik, el-obanın torpağına ayaq qoymağa həsrət qaldıqda vəziyyətin nə qədər mürəkkəb olduğunu düşünmək çətin deyil. Müəllifin peşəkarlığının bir cəhəti də odur ki, o, Qərbi Azərbaycan torpaqlarından didərgin salınmış azərbaycanlıların iztirablı köç prosesini, Vətən həsrətli fəryadını bu dəfə Salyana köçürülmüş camaatın timsalında çox böyük ustalıqla oxucuya aşılaya, hiss elətdirə bilib. Tarixin həmin ziddiyyətli dönəmində Qərbi Azərbaycanlıların üz-üzə qoyulduğu mürəkkəb yolu Səməd Vəkilov layiqincə araşdırıb, köçürülmə prosesində baş vermiş tarixi hadisələrin hüquqi müstəvidə izahını, təhlilini verə bilib. Müəllif Qərbi Azərbaycandan deportasiya ilə bağlı apardığı araşdırma-tədqiqatını Salyan ərazisində Qarabağlı, Yeni Uluxanlı, Qaraçala, Xalaç, Yolüstü və s. kəndlərdə məskunlaşan soydaşlarımızın söylədikləri şəxsi hekayələri və bioqrafik məlumatları ilə dolğunlaşdırıb, daha konkretləşdirib.

Kitabın ön sözünün ilk cümləsində oxuyuruq: “Tarixə azərbaycanlıların 1948-1953-cü illər deportasiyası kimi yazılsa da, əslində, bu, hüquq nöqteyi-nəzərindən sürgün demək idi”. Bu cümlədə yazıldığı kimi, Səməd Vəkilov deportasiya illərində Qərbi Azərbaycanlıların yaşadığı bu sürgünün vaxtilə Sovet İmperiyası, Rusiya və indiki Ermənistan üçün hansı siyasi rol oynadığını tarixi və hüquqi aspektdən izah edib, fikir və münasibətini bildirib.

Kitabın “1948-1953-ci illər deportasiyası: tarixi cinayət”, “Köçürülmə zamanı baş vermiş hüquq pozuntuları”, “Azərbaycandilli tədris müəssisələrinin köçürülməsi”, “1948-1953-cü il deportasiyası ermənilərin siyasi riyakarlığı kontekstində” və s. bölmələrində müəllif erməni vandallarının xalqımıza qarşı törətdiyi tarixi cinayətləri faktlarla göstərib. Səməd Vəkilov kitabda yeni, çox qiymətli məlumatları verib, həmçinin müəllif bu faktlara öz hüquqi polemikasını bildirmiş, fikir və münasibətini yeri gəldikcə vurğulamışdır.

Bu kitabın üstün cəhətlərindən biri də, İrəvan torpaqlarının qədimliyi, onun tarixi keçmişi, ululuğu, mənəvi zənginliyini oxucu diqqətinə çatdırmaq təəssübkeşliyidir. Fikrimizcə, müəllif layiqincə bunun da öhdəsindən gəlib.

Müəllifin tarixi faktlar və mənbələrə istinadən araşdırma qeydləri maraq doğurur və bunlar kitabın elmi üslubunu səciyyələndirir, təsir gücünü artırır.

Qeyd edək ki, bu kitaba qədər Səməd Vəkilov “Çağdaş Azərbaycanda islam və müasir cəmiyyət” (həmmüəllif), “Azərbaycan folklor nümunələrinin hüquqi qorunması və milli reyestrinin aparılması”, “Hüquq və mədəniyyət”, “Sədaqət və cəsarət kredosu”, “Qərbi Azərbaycandan deportasiya, İmirlidə məskunlaşma” kitablarının müəllifidir. “Qərbi Azərbaycandan Deportasiyanın tarixi və hüquqi aspektləri: Salyana köçürülmə (1948-1953)” kitabı müəllifin sayca beşinci kitabıdır.

Nəticə etibarilə demək mümkündür ki, müəllifin deportasiya ilə bağlı çap olunmuş həm əvvəlki, həm də bu kitabı xalqın milli özünüdərk, milli kimliyimiz, tarixi keçmişimizlə bağlı yazılmış araşdırmalar sırasına qoşula bilər. Müəllif bu kitabın çapı ilə həmin dövrdə baş vermiş hadisələrə yenidən işıq salıb, həmin illərə bugünkü müstəqillik dövründən baxaraq obyektiv izahlar verib, faktları ortaya çıxarıb. Bu kitab Qərbi Azərbaycana geri qayıdış konsepsiyası ideyasında çap olunan araşdırmaların davamı kimi təqdirəlayiqdir!

Müəllif: Yeganə QURBANOVA-XANLAROVA
Filologiya üzrə fəlsəfə doktoru, 
BDU-nun əməkdaşı

YEGANƏ QURBANOVA-XANLAROVANIN YAZILARI

Şəhid Murad Musayevin xatirəsinə həsr olunur

Zirvəyə ucalan ömür
(Şəhid Murad Musayevin xatirəsinə həsr olunur)
Anamgilin ailəsi, yəni nənə-babam 1948-ci ildə deportasiya edilərək Qərbi Azərbaycan torpaqlarından Bərdənin İmirli kəndinə köçürülüblər. Bulaq suyutək saf ürəkli, qohumcanlı, qonaqpərvər, həlim xasiyyətli anam bu yaxınlarda böyüyüb boya-başa çatdığı doğma ata ocağına – Bərdə şəhəri İmirli kəndinə səfər edib. Hal-əhval tutmaq üçün tez-tez  telefonla zəngləşirik. Növbəti danışıqlardan birində səsindən hiss etdim ki, kövrəlib. Səbəbini soruşmayıb mövzunu dərhal dəyişdim ki, özünü toparlasın. Amma başa düşdüm ki, danışa bilməyəcək, qəhər onu boğur. Zəngi sonlandırıb tez sağollaşmaq istəyir. Sözü uzatmağın mənası yox idi, uyğun vaxtda zəng etmədiyimin fərqində idim. Sonradan öyrəndim ki, anamın duyğulanıb kövrəkləşməsinin səbəbi, dünyasını dəyişən valideynlərinin – nənə-babamın, Qarabağ savaşı şəhidləri, qohum-əqrəbalarının məzarını ziyarətdən gəlməsi imiş. Hər birinə Allah rəhmət eləsin!
İmirli kəndindən I və II Qarabağ müharibəsində iştirak edən xeyli sayda şəhid olan igidlər var: Abbasov Rəhman İsmi oğlu, Məmmədov Əsgər İsmayıl oğlu, Calalov İlqar Salman oğlu, Musayev Murad Polad oğlu.
Bu şəhidlərə məxsus məzar daş-torpağı kənd camaatının daimi ziyarətgahına çevrilib, həmin şəhidlər kəndin VƏTƏN məbədgahı simvolu hesab olunaraq mütəmadi yad edilirlər.
Biz bu məqalədə İmirli kəndindən II Qarabağ savaşında haqq dünyasına qovuşan şəhid Musayev Murad Polad oğlunun ömür yoluna işıq salacağıq.
Belə bir deyim var: Süleymana qalmayan dünya heç kəsə qalmayacaq. Ölümü hər kəs dadacaqdır. Amma şəhidlərin məzarı nisbi anlayışdır, çünki onlar Murad Musayev kimi xalqın ölümsüzləşən qəhrəmanına çevrilirlər!

Hər şey bu dünyada gəldi–gedərdir,
Yalnız igidlikdir əbədi qalan.
Yalnız qəhrəmanlar, yalnız mərdlərdir,
Zamanın fövqünə qalxıb ucalan (X.R.Ulutürk).

27 sentyabr 2020-ci ildə başlayan və 44 gün davam edən İkinci Qarabağ savaşında Murad Polad oğlu Musayev Füzulinin azad edilməsi uğrunda döyüşlərdə iştirak edib, müharibənin ilk şəhidlərindən olub, 19 yaşında şəhidlik zirvəsinə yüksəlib. Qanında, ruh dünyasında mərdlik, qorxmazlıq, cəsarət, vətənpərvərlik hissi olan şəhid Murad Musayev Azərbaycana sevgisini, torpaq uğrunda can vermək amalını gənclik illərinin başlanğıcında əzmlə yerinə yetirdi, dillərdə dastan oldu.
“Ohanyan səddi”nin yarılması uğrunda gərgin döyüş əməliyyatı zamanı qəhrəmanlıq göstərən Murad Musayev şəhidliyindən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları ilə təltif olunub. Şəhidin I Qarabağ savaşında döyüşlərdə iştirak etmiş atası, qazi Polad Musayev oğlunun Vətən uğrunda göstərdiyi şücaətini həmişə qürurla dilə gətirir.

Dağlardan tökülür köhlən şəlalə,
Şəlalə – dağların mərd övladıdır.
İldırım – buludun, tufan – dənizin,
Cəsarət – kişinin istedadır! (X.R.Ulutürk)

Bilirik ki, dünya fanidir! Bir bayatıda deyildiyi kimi;

Əzizim axar gedər,
Şimşəklər çaxar gedər,
Dünya bir pəncərədir,
Hər gələn baxar gedər.

Şəhid Murad Musayev bu pəncərədən sıradan biri kimi baxıb keçməklə kifayətlənmədi, o xalqı üçün dünyaya gəldi, adını qəhrəmanlıq dastanının səhifəsində igid oğul kimi ölümsüzlüyə, unudulmazlığa  yazdırdı!

Anadan bir kərə doğulmaq azdır,
Yetişib xalq üçün doğulmaq gərək.
Təpələr yanında dağ olmaq azdır,
Dağlar cərgəsində dağ olmaq gərək (X.R.Ulutürk).

Yollar çoxdur: ömür yolu, yaradıcılıq yolu, həyat yolu, şərəf yolu və s. Murad Musayevin tutduğu yol şərəfli oldu – ŞƏHİDLİK! O, vətənin müqəddəsliyini izah etmək üçün elə yol seçdi, şəhadətə elə şücaətlə yüksəldi ki, İmirli kənd camaatı, qohumları, qonşuları, bir sözlə – hamı onu uca, ali qəbul edir. 
Muradın ulu babaları Qərbi Azərbaycan torpaqlarının Dərələyəz mahalından Bərdə şəhəri İmirli kəndinə deportasiya olunublar. Şəhidin ulu babaları Şərur-Dərələyəz qəzasında Andranikin qoşunları ilə qəhrəmancasına vuruşan Çivə taborunun iştirakçılarından olub. Şəhidin atası Polad Musayev I Qarabağ müharibəsində iştirak edib, yaralanıb, qazidir. Onun anası isə Kəlbəcərdən məcburi köçkün düşüb. Murad həmişə ailəsində böyüklərindən Vətən mövzusunda söhbətlər eşidib, vətənpərvər ruhda tərbiyə alıb, ermənilərin tarixi torpaqlarımız olan Qərbi Azərbaycanı, Qarabağı işğal etməsini qəbul edə bilməyib, erməni qəsbkarlarına uşaqlıqdan qisas, nifrət hissi ilə böyümüşdü. Muradtək qeyrətli oğul təkcə valideynlərinin itkisi sayılmaz, bütöv elin dərdi hesab olunur. Xalq onun kimi cəsur igidləri ilə fəxr edir. Vətənimizin hər daşı, hər qayasının məhz onun kimi qeyrətli oğullara ehtiyacı var. Bir şeirdə yazıldığı kimi: “Vətən mənə oğul desə nə dərdim, mamır olub qayasında bitərdim” (M.Araz). Doğrudur ki, Vətən üçün mərd oğul kimi seçilmişlərdən olmaq asan deyil! Şəhid Murad Musayev də bu yurdun müqəddəsliyini yaşının az vaxtında dərk etməyi bacaran böyük ürək sahibi imiş. Hələ azyaşlı şagird ikən, Rəhman Abbasov adına İmirli kənd orta məktəbində oxuduğu ibtidai sinif illərində müəlliminin ona ünvanladığı “Sən böyüyəndə kim olmaq istəyirsən?” sualına – “Mən şəhid olmaq istəyirəm” – deyərək Murad cavab vermiş, bəxtini, tale yolunu bu sözlərlə yazmışdı əvvəldən sanki.
Şəhidin öz əsgər kitabçasında yazdığı şeir parçasını təqdim edir və şəhidin qarlı günlərdə cəsur döyüşçü yolu keçməsini öz dəsti-xətti ilə izah edirik:

Nə qar bitər, nə boran
Nə döşək var, nə yorğan
Əldə silah postda duran
Əsgərlərin sağlığına!

Uşaqlıqdan Vətənə, Bayrağa xüsusi sevgisi vardı. Hələ 9 yaşı olanda Murad Musayev Milli qəhrəman Mübariz İbrahimovun şəhid olma xəbərinə sarsılmış, bu xəbər ona çox pis təsir etmişdi. Onun videolarına baxıb “Mübarizin qisasını mən alacağam, mən də onun kimi qəhrəman şəhid olacağam!” – deyə cavab vermişdi. Bu cür cəsur ürək sahibi olduğu üçün Muradın ruhuna, o cümlədən onu dünyaya gətirən cəsarətli, fədakar anaya ayaq üstündə alqış düşür!
Sən bu dünyanı cismən tərk edə bildin, lakin sən əbədisən, sən bütün nəslin, təhsil aldığın məktəbin, el-obanın, böyüdüyün İmirli kəndinin – bir sözlə, bütün Azərbaycanın fəxrisən! Səni dünyaya gətirən, sənə əxlaq, tərbiyə, vətən təəssübkeşliyi öyrədən ata və anan üçün qürur ünvanı oldun və bunu şəhadətin və şarafətinlə, qəhrəmanlıq və cəsurluğunla hamıya sübut etdin! Sən valideynlərinə, ailənə başıucalıq rəmzi oldun, hamı Səninlə qürur duyur! Sənin haqqında yazmaq, bir şəhidi qələmə almaq olduqca məsuliyyətlidir. Çünki sənin vətənpərvərliyini təhlil etmək üçün sözlər də, qələmin gücü də acizdir.
Həm bu ona görə çətindir ki, məqaləni oxuyan əzizlərinin yaralarını qanatmaq istəməzdik. Amma bir şəhidi yad etmək vacibdir və bu, hər birimizin mənəvi borcudur. Qoy səni böyüdən valideynlər bilsinlər ki, onların şücaətli oğlu Muradın qəhrəmanlığı təkcə doğma bir kəndin əhatəsində deyil, Azərbaycanın hər qarışında danışılır və danışılacaq! Başını dik tut, Arzu ana! Səhərini aydınlığa aç Polad ata! Qarabağ torpaqlarının azadlığı uğrunda yazılan qəhrəmanlıq salnaməsinin bir hissəsində Murad Musayevin imzası var! O, daim fəxr ünvanı kimi yad ediləcək, o, daim qürur yeri kimi anılacaq və ona daim rəhmətlər oxunacaq. O, dünya durduqca qəlblərdə və tarixin yaddaşında yaşayacaq! 

Müəllif: Yeganə QURBANOVA-XANLAROVA
Filologiya üzrə fəlsəfə doktoru, 
BDU-nun əməkdaşı

YEGANƏ QURBANOVA-XANLAROVANIN YAZILARI

Xumar sənətinin ecazkarlığı

Əməkdar artist Xumar Qədimova mənim mütəmadi dinlədiyim, səsini mahnılarının musiqi notlarında birər-birər duyub hiss etdiyim sənətkardır.
Psixologiyada belə bir məqam var: səhəri xoş ovqatla başlamaq lazımdır ki, günün də o cür davam etsin. Mənim aləmimdə açılan sabahların xoş ovqatını tənzimləyən meyardır Xumar Qədimovanın avazı. Necə ki, səhərlər onu dinləyərək işimə başlayıram, həmçinin, günün sonunda onu dinləyib mənən sakitləşirəm.

Sağlam bədəndə sağlam ruh olar, deyiblər. Gümrah bədəni işıqlı ruh formalaşdırır. Sağlam ruhun müalicəsi üçün musiqi dinləmək zəruridir. Hətta məhz musiqi ilə müalicə üsulu, musiqi terapiya mərkəzləri olduğunu bilirik. Xumar Qədimovanın ifa etdiyi onlarla mahnıları – “Qəmərim”, “Mənim gülüm”, “Tanrım”, “Səninçün”, “Ruhunla yaşayacağam”, “Al yaylığım”, “Bir də gəlməyəcək mənim tək qadın” və b. mənim ruhumu qidalandıran, əhvalımı şən-şaqraq  edən musiqi ahəngidir.

Müğənni səsinin gücünə, melodiyasına, həzinliyinə əvvəlcə özü inanmalıdır ki, minlərlə dinləyici, tamaşaçı da onun musiqisinin sehrinə düşə bilsin. Sadaladıqlarım Xumar Qədimovanın səsinin sehrində cəmlənir, buna görə də o, tamaşaçıların qəlbini ovsunlaya bilir. Doğrudur ki, “İnsanın mahiyyəti onun arzularında təzahür edir” (Spinoza). Xumar Qədimovanın da müğənnilik mahiyyəti ifa etdiyi mahnılarında onu bəlli edir. Onun səsinin gözəlliyi, yaddaqalan və insanı sakitləşdirən bəstələri, mahnılarına sərraf dəqiqliyi ilə söz seçimi etməsi səhnə şərtlərini ödəyən bütövlük, tamlıq yaradır. Ən vacibi isə, Xumar Qədimova öz üslubunu yaratmağı bacarıb.

Xumar Qədimova bütün mahnılarını zərgər dəqiqliyi ilə seçib oxuyan incə ruha sahibdir. Şərt o deyil ki, hamı filoloq olsun, Azərbaycan ədəbiyyatını əzbər bilsin. Lakin fikrimcə, müğənninin Azərbaycan ədəbiyyatındakı ən gözəl poeziya nümunələrindən məlumatı olmalıdır. Çünki poeziya elə musiqinin özüdür, musiqi isə poeziyanın ahəngidir, sözün notlara köçürülməsidir. Çəkisi ağır, sanballı sözlərlə musiqi birləşəndə, dəyərli bədii misralara mahnı bəstələnəndə mükəmməl sənət əsəri yaranır. Gözəl sözlərlə yaxşı musiqinin ahəngini vəhdətdə dinləmək tamaşaçıların arzusudur, istəyidir. Xumar Qədimova bu istəyi gerçəyə çevirən, tamaşaçının zövqünü tutmağı bacaran sənət tərcümanıdır. O, sanki bir filoloqdur, onun söz seçiminə xüsusi diqqəti Azərbaycan ədəbiyyatına, musiqiyə, tamaşaçı zövqünə etimadın, dinləyici kütləsinə sevgisinin nəticəsidir. 

İkinci Qarabağ savaşından sonra, Zəfər münasibətilə yazılmış poeziya nümunələri, nəsr əsərləri mətbuatı fəth etdi. Qarabağ mövzulu şeirlər, əsərlərin bolluğu içində son dövrlərdə məni heyrətləndirən ən mükəmməl sənət əsərlərindən biri Rəşad Məcidin sözlərinə Xumar Qədimovanın bəstələdiyi “Şuşa” mahnısıdır. Bu kompozisiyada da, bir daha Xumar Qədimovanın söz-musiqi vəhdətinə nə qədər diqqət yetirməsini anlamaq olur:

Min şəhər adı var – dillərdə əzbər,
Adların ən üstün adıdır Şuşa.
Musiqi notudur cüt hecasıyla,
Dilimin şəhdidir, dadıdır Şuşa! 

Ciyərdə nəfəsdir, damarda qandır,
Ruha qanad verən sirli məkandır.
Biri beş edəndir, güc artırandır,
Qoşundur, əsgərdir, ordudur Şuşa!     
                 (“Şuşa”, Rəşad Məcid)

Xumar Qədimova verilişlərdən birində demişdi: “Mən gözəl musiqidən, mahnıdakı gözəl sözlərdən dəli ola bilərəm”. Səmimi fikirdir. Musiqiyə, sənətə, ədəbiyyata, sözə olan sevgisinin gücünü bu cür çılğın, ən kəskin tonda, birbaşa hədəfə vuraraq ifadə edir. Musiqini qüdrətli, əzəmətli, insana qol-qanad verməyi bacaran ilahi qüvvə kimi izah etmək istədiyi cümlədir.  Koroğlu dastanında Koroğlunun dəliləri ən cəsarətli igidlər sayılırlar. Elə ki döyüş başladı, meydana atılıb hünər göstərirlər. Gözəl musiqini, yaxşı poeziya nümunələrini dinləyərkən Xumar Qədimovanın “dəli olmağı” həmin cəsarət kimidir. Elə ki söz seçimi etdi, söz onu tərpədib ruhunu oxşadısa, o zaman sözün əsrarəngiz füsunkarlığı Xumar Qədimovaya musiqi  bəstələyib mahnı qoşmağa ilham olur. Xumar Qədimovanın səsini dinləmək ən gözəl musiqini eşitdiyimiz zaman ruhun insandan ayrılıb xəyallar aləminə səyahət etməsi kimidir. 

Nəsimi yaradıcılığına toxunmaq, onun araşdırmaçısı olmaq nə qədər böyük məharət tələb edirsə, filosof şairin söz dünyasına layiq musiqi ərsəyə gətirmək də həmin məsuliyyətin davamıdır. Xumar Qədimova Nəsimini musiqidə yaradan, canlandıran, ərsəyə gətirən peşəkardır. Nəsiminin “Neylərəm” qəzəlinə bəstələdiyi mahnısında Nəsimi yaradıcılığının ətrini, qoxusunu almaq olur. Bu arada mahnının klip versiyasında Nəsimi obrazının uğurlu alınmasını qeyd etmək, obrazı canlandıran gənc aktyor Səfa Mehdiyə uğurlar arzulamaq  yerinə düşər.

Azərbaycan xalqı istedadlı xalqdır. Mayası sözdən, musiqidən yoğrulub. Ona görə də Azərbaycan tamaşaçısı öz işinə peşəkar yanaşan, üzərində çalışan sənət adamlarını ayırd edə bilir. Xumar Qədimova səsləndirəcəyi mahnılarını tamaşaçı auditoriyasına təqdim edənə qədər yüz ölçüb, bir biçən ifaçıdır.

İmadəddin Nəsimi, Yunus Əmrə, Nazim Hikmət, Mikayıl Müşfiq, Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk və başqa dühaların sözlərinə mahnı bəstələyən Xumar Qədimova cazibədar səsə sahib olması ilə bərabər, həm də sənət aləminin, ədəbiyyatın təbliğatçısı sayılır. “Küsmərəm” (söz: Mikayıl Müşfiq), “Niyə getdin, niyə döndün, niyə baxdın?” (söz: Hüseyn Cavid), “Neylərəm”, (söz: İmadəddin Nəsimi), “Rəssam, sevgilimin rəsmini çək” (söz: Mikayıl Müşfiq) və başqa şeirlərə zövqlə musiqi bəstələyib, həmin mahnıları duyaraq ifa edib. 

Lirik mahnılar klassik musiqinin bir hissəsidir. Adətən həzin, sakit, durğun səslənir. Bu mahnılara insanlar sakitləşmək üçün qulaq asır. Qeyd etdik ki, Xumar Qədimova lirik mahnılarında söz seçiminə xüsusi həssaslıqla yanaşır. Bu həssasiyyətlik, incəlik, lütfkarlıq, nəzakət, qəmzə təkcə onun musiqi dünyasında yox, həmçinin, xarakterində də özünü göstərir. “Əgər insan dünyanın ahəngini duya bilməsə, təbii gözəllik qarşısında heyrətlənməsə, öz daxili mənəvi güc qaynağını da kəşf edə bilməz” (Əbu Turxan). Xumar Qədimova gözəlliyi görüb ilhamlanan və bütövlükdə bu harmoniyanı mahnılarına əxz edən insandır. 

Doğrudur ki, musiqi ruhun qidasıdır. Onun səsi bizim beşiyin ətrafını, əhatəsini bürüyən ecazkar yuxu nəğməsidir. Bəllidir ki, körpələr ilk günlərdən ana laylası dinləyib musiqi ilə tanış olur, ana laylasını dinlədikcə sakitləşib şirin yuxuya dalırlar. Körpələrimin milli kökənli, sağlam düşüncəli, lütfkar böyüməsi üçün şirin ana laylalarının oxunmasını məlhəm kimi vacib bilib daim səsləndirirəm. Özüm də bilmədən bu laylaların davamına qoşulub zümzümə etdiyim nəğmələr Xumar Qədimovanın lirikasından seçmələr olur. Beləcə, isti yuvamızın ana laylasına çevrilir Xumar Qədimovanın mahnıları. 

İçində musiqi duyğusu olmayan, qəlbi səslərlə riqqətə gəlməyən insanın hissləri və dünyası gecə kimi qaranlıqdır (Şekspir). Bu cümlələr mənə sizi xatırladır: məhz sizin ifanızda dinlədiyim “Dilbərim, dilbər” mahnısındakı “Xumar gözlərinlə mənə belə baxma” misrasının musiqi intonasiyasından riqqətə gəlib Xumar adını qızıma verməklə sizə, sizin səsinizə, mahnılarınıza vurğunluğumu bildirmiş oldum. Dörd yaşlı qızım Xumar Xanlarsoyun gələcəyini parlaq görmək arzusundayam:

Xumar gözlərinlə mənə baxırsan,
Ulduztək ömrümə işıq saçırsan.
Mən dünyalar qədər sevirəm səni,
Ay üzlü mələyim, oxu nəğməni,
Rəngarəng olsun qoy həyatın sənin!

Sizi sevən dinləyiciləri nura, işığa bürüyən xoş avazınıza, o gözəl səsinizə  Allah qüvvət versin, Xumar xanım! Sizə yaradıcılıq uğurları diləyir, səsinizin, adınızın daha ucalarda olmasını arzu edir, sonsuz sevgilərimi bildirirəm! 

Müəllif: Yeganə QURBANOVA-XANLAROVA
Filologiya üzrə fəlsəfə doktoru, 
BDU-nun əməkdaşı

YEGANƏ QURBANOVA-XANLAROVANIN YAZILARI
 

Güneyli şairlərin yaradıcılığında Qarabağ mövzusu

Azərbaycanda ədəbi-bədii, mədəni-ictimai həyat hər zaman Güney ədəbiyyatına təsir göstərir. İkinci Qarabağ savaşı zamanı (27 sentyabr-9 noyabr 2020-ci il) İranda yaşayan cənublu qardaşlarımız haqqın bərpasını – Qarabağın Azərbaycana birləşdirilməsini ürəkdən dəstəklədilər. 30 il idi ki, Qarabağ dərdi Güneydəki soydaşlarımızın da qəlbinin bir tərəfində yara bağlamışdı. Bu savaşın qələbə sevincindən onlar da şad oldular. Bu müharibədə şəhid, qazi olmuş hər bir qeyrətli Azərbaycan balası üçün onların da ürəyi alışıb yandı. Baş verən bu hadisələrdən təsirlənərək İkinci Qarabağ savaşından  sonra İranda yaşayan azərbaycanlı şairlər ana dilimiz – Azərbaycan türkcəmizdə Qarabağa həsr etdikləri şeirləri bir yerə toplayaraq “Araz şaqqıldayır damarlarımda” adlı kitab çap ediblər. Kitab İranın Tehran şəhərinin “Avaz” nəşriyyatında (noyabr, 2021-ci il) işıq üzü görüb. Kitaba Təbriz, Ərdəbil, Urmiya, Sərab, Əhər, Qaradağ və sair şəhərlərdən şairlərin şeirləri toplanıb. 

Şükranə Aləmin “Mən Vətənəm”, Cəfər Purrəzəvinin “Canım, canım, Azərbaycan!”, Əbdüləli Ayrumlu Vəfanın “Torpağım”, Əbülfəz Kəriminin “Azərbaycanım”, Əli Cavadpurun “Vətən” və digər şeirlərdə “Qarabağ Azərbaycandır!” ideyasının bədii ifadəsini oxuyuruq:

Hər zaman yadıma düşür Qarabağ,
Yarpaqtək qüssədən titrəyir dodaq.

(“Ayrılıq zamanı”, Muxtar Sədrməhəmmədi)

Bilirik ki, İkinci Qarabağ müharibəsi başlayan ilk gündən Xarıbülbül Azərbaycan xalqının mübarizə rəmzinə çevrildi. “Xarıbülbül” sözü işləndikdə həmişə mövzunun Qarabağa aid olduğu aydın olur. Kitabın üz qabığında verilmiş dəmir yumruq və həmçinin Xarıbülbül rəmzi səciyyəlidir. Dəmir yumruq – güc, həmrəylik, birlik simvolu, Xarıbülbül – şəhidlərimizə olan hörmət və ehtiram, həmçinin, şeirlərin Qarabağ mövzusunda olması anlamında verilib. Bu seçimi ədəbi duyarlılıq və böyük həssasiyyətin nəticəsi kimi başa düşmək olar.

Məhəmmədrza Şücai (“Şuşa”), Hacıağa Əmcədi (“Qarabağım”), Bayraməli Hüseynzadə (“Qarabağ”), İdris Qəmgin (“Baxdı qayıtdı”), Mustafa Quluzadə Əliyar (“Qarabağ”), Nadir İlahi Meşkinşəhr (“Qarabağ”), Duman Bəxtiyari (“Qarabağım”),  Saqib Rəştəbadi “Qarabağım, ağlama”), Əlirza Əmbaz (“Can Qarabağ”), Qiblə Arbatan (“Qarabağ”),  Yəqub Nami (“Qarabağ”), Gəştasb Əbbasvənd (“Qarabağlı bayatısı”, “Xarı bülbül”), Vəhid Sultanzadə (“Qarabağ”), Maral Təbrizli (“Ay Qarabağım”), İmamverdi Samani (“Qarabağda röya”), Mehdi Əzimi (“Qarabağ”), Saleh Səccadi (“Qarabağ”) və başqa müəlliflər şeirlərini “Qarabağ şikəstəsi”, “Xarıbülbül”, “İsa bulağı”, “Cıdır düzü” kimi birləşmələrlə bəzəyirlər ki, bunlar həmin şeirləri daha rəngarəng, təbii edir, oxucunun gözləri qarşısında gözəl Qarabağ diyarının mənzərəsini canlandırır:

Kəsəcəyəm düşmən səsin,
Sındıracağam qəfəsin.
Qarabağın şikəstəsin
Çalacağam Qarabağda.

(“Qarabağda”, Qızılqələm)

Şeirin yaranma səbəblərindən biri də qəmdir. Xocalı fəryadının böyük kədər hissindən yaranan “Xocalı” şeirində Əyyub Şəhbazi və İşıq Qaradağlı xocalıların ağrı-acısını dilə gətirir, erməni cəlladlarının amansız rəftarlarına qarşı etiraz səslərini ucaldırlar. Həmçinin igid Azərbaycan oğullarının düşmən – ermənidən qisas almasını yazırlar.

“Araz şaqqıldayır damarlarımda” kitabı Şimal və Cənubu ədəbiyyat müstəvisində birləşdirən mənəvi bağ, təqdirəlayiq bir addımdır. Bu kitabın mədəniyyət və incəsənət tarixində öz yeri var. Həmin şeirlər gələcək nəsillərə Qarabağın Azərbaycanın ayrılmaz parçası olduğunu aşılayan poetik mənbələrdəndir. 

Cəbrayıl Cəfərpur (“And ola”), Yəqub Nikzad (“Vətən”), Əbutalin Allahyarı Tutqun (“Bir addım torpağın qalmasın gərək”), Mehdi Nəcəflu (“Qarabağın ürək dağı”), Fatimə Əbdi Könül (“Sual-cavab”), Əli Rəşrbər (“Payız günəşi”), Huşəng Cəfəri (“Oralıyam mən”), Vüqar Nemət (“Qarabağ”), Hüseyn Rəmzi (“Qarabağ kimi”), Səid Muğanlı (“Qarabağ”), Behruz Sədiq (“Qarabağ”), Tohid Namvər, Qulamrza İmaməlizadə (“Qarabağ”), Mirdavud Mirməhəmmədzadə (“Qarabağdadı”), Hüseyn Seyfheris Ağyarlı (“Təbrizdən”), Əmir Daryani (“Qarabağ anadır”), Arif Sasani (“Qarabağ”), Haray Ərkin (“Sən o tayda, mən bu tayda”) və başqa şairlər qeyrətli Azərbaycan oğullarının şücaətindən fəxrlə bəhs edirlər, bənzətmə üçün tarixi keçmişə səyahət edib Koroğlu, Babək, Xətai kimi qəhrəmanları yada salırlar, sevincimizə şərik, kədərimizə həmdərd olurlar:

Qarabağda güllə dəyəndə sənə,
Ürəyim dolurdu kədərə, qəmə.
Bu cür deyim güllə dəyirdi mənə,
And olsun şərəfə, həqqə, vətənə,
Dil birdir, din birdir, istəyimiz bir.

(“Qarabağ”, Qiblə Ərbatan)

Təbriz şairi Muxtar Sədrməhəmmədi ön sözdə yazır: “Ermənilərin Azərbaycanın tarixi və hüquqi ərazisi olan Qarabağda müsəlman xalqa qarşı törətdiyi cinayətlər İranda olan azərbaycanlı şairlərin ruhunda çox dərin təəssürat yaratdı. O dönəmdə humanitar yardımlar təşkil etmək hədəfi ilə xalqdan pul toplanıb, hətta bir çox insan Qarabağda könüllü əsgər kimi müharibəyə hazır olduğunu açıqladı. Bu arada, əlbəttə ki, şairlər bu vəziyyətə qarşı laqeyd qalmayıb dəyərli şeirləri ilə xalqda yaranan hissiyyatı bədii cilvələrlə əbədiləşdirdilər”.

Doğrudur ki, şairlər ürəyinin nəğmələrini söyləyirlər. Ön sözdən gətirdiyimiz sitat cənublu qardaşların 30 il boyunca nisgilə dönmüş Qarabağı azad görmək istəyinin ifadəsi, bu şeirlər isə onların könül nəğmələridir. Ön sözdə bu da qeyd olunur ki, Qarabağa dair şeirləri müxtəlif ixtisas, peşə sahibləri yazmışlar. Bu, gözləniləndir: Qarabağ sevgisi hər kəsin qələminə güc, ürəyinə qüvvət verə, şair edə bilir. 

“Araz şaqqıldayır damarlarımda” kitabındakı şeirlər dil-üslub xüsusiyyətlərinə görə də maraq doğurur. Bu şeirlərdə diqqətə gələn “umud”, “ğəm”, “rahət”, “eyliyib”, “vırax”, “ğəzəl” kimi sözlər Cənub dialektinə məxsusdur. Xalq danışıq dilindən alınmış bu sözlər həmin şeirlərə daha obrazlılıq, canlılıq, təbiilik gətirir. Burada assonans, alliterasiya, təkrir, epitet, təşbeh və s. kimi vasitələrdən istifadə edilmiş, qafiyənin gözəl nümunələri yaradılmışdır.

Cənub ədəbiyyatı, folkloru, dialekti mütəmadi öyrənilən sahədir. AMEA-da hələ Sovet dövründə böyük təşəbbüslə Cənubi Azərbaycan şöbəsi yaradılmışdı. Bu gün də Güneydəki ədəbiyyat, onun araşdırılması, tədqiqatı sahəsində uğurlu işlər həyata keçirilir. Almaz Əliqızı-Məmmədova, Esmira Fuad Şükürova, Pərvanə Məmmədli, Sayman Aruz və başqa tanınmış imzalar Cənubi Azərbaycan ədəbiyyatının tədqiqatçılarıdır. Şair və yazıçılarımız Cənub mövzusuna ədəbiyyatda mütəmadi müraciət etmişlər. Həmçinin, Güneydə doğulub-yaşayan şair və yazıçıların Quzey Azərbaycan ədəbiyyatında çox böyük mövqe tutmalarını bilirik. Bu zirvəni fəth edən ustad Şəhriyarın Quzey Azərbaycan ədəbiyyatına əvəzsiz təsiri və yerini xüsusi vurğulayırıq. Şəhriyar ana dilimiz barədə gözəl yazmışdı:

Türkün dili tək sevgili, istəkli dil olmaz.
Bir yad dilə qatsan, bu əsil dil, əsil olmaz.

(M.Şəhriyar)

Zamanında Şəhriyarın hamımızın adından bu şeirdə və digər şeirlərində ana dilinə verdiyi önəmin davamı olaraq, çağdaş dövrdə Güneydə ana dilimizdə şeirlər, əsərlər yazılması ənənəsini yaşatmaq, həmçinin, “Araz şaqqıldayır damarlarımda” kitabını çap etdirmək vətənpərvər, dilimizi uca tutan bütün şairlərin, söz-sənət, ədəbiyyat adamlarının mənəvi qələbəsidir. 

Cənubla Şimal arasındakı bədii-mənəvi körpünü möhkəmləndirən, Qarabağ torpağına sonsuz sevgiləri olan İrandakı azərbaycanlı şair bacı-qardaşlara  ədəbi bağlılığı inkişaf etdirmək istiqamətində bu fədakarlıqlarından dolayı Bakıdan ehtiram və salamlarımızı göndəririk. Kitabın ərsəyə gəlməsində xüsusi təşəbbüsü olan Təbriz şairi Muxtar Sədrməhəmmədə bu uğurlu nəticəyə görə təşəkkür edir, kitabı Təbrizdən mənə göndərən Leyla bacıma sonsuz sevgilərimi bildirirəm! 

Müəllif: Yeganə QURBANOVA-XANLAROVA
Filologiya üzrə fəlsəfə doktoru, 
BDU-nun əməkdaşı

YEGANƏ QURBANOVA-XANLAROVANIN YAZILARI

Yeganə Xanlarova – Qərbi Azərbaycandan deportasiyaya dair maraqlı tədqiqat

(“Qərbi Azərbaycandan deportasiya, İmirlidə məskunlaşma” kitabı haqqında)

Hüquqşünas Səməd Vəkilovun işıq üzü görən yeni – “Qərbi Azərbaycandan deportasiya, İmirlidə məskunlaşma” kitabı adından göründüyü kimi Qərbi Azərbaycan torpaqları və həmin ərazilərdə həyata keçirilmiş deportasiya hadisələrinin tarixini əks etdirir. Kitab tarix və hüquq kontekstində yazılıb. Daha dəqiq desək, kitab Dərələyəz mahal Keşkənd rayon Çivə, Sallı, Qozulca, həmçinin Göyçə mahalı Mollalı kənd camaatının 1948-ci il deportasiyası ilə bağlıdır. Kənd camaatı Stalinin qərarı ilə məcburi köçürülsə də, təəssüf ki bu barədə tarixi mənbələrdə fikrimizin əksiylə, guya ki məcburi deyil, könüllü köçürülmə qeydi ilə rastlaşırıq. Kitabda araşdırma obyekti olan kəndin camaatının keçdiyi tarixi yol, köç prosesində onlara dəyən maddi və mənəvi zərbələr, tədqiqata cəlb edilən kəndlərin qədim yerləri, tarixi abidə və tikililəri, coğrafiyası, əhalisinin məşğuliyyəti, toponimləri, folkloru, etnoqrafiyası, məişəti, adətləri, ziyalıları, şəhidləri və s. haqqında ətraflı məlumat əldə etmək mümkündür. Bu məqamda bir fikir yada düşür: Bilirik ki, dilçilikdə kök sözü çoxmənalı sözdür və buna görə də həmin sözün həqiqi mənasından başqa məcazi mənası da var. Həqiqi mənada ağacın kökü, məcazi mənada insanın kökü kimi izahı var. Çoxmənalılıqda sözün məcazi mənasının öz həqiqi mənasına oxşarlıq, bənzərlik olduğunu bilirik. Necə ki hündürlüyü bir neçə metr olan ağac öz köküylə torpağa möhkəm bağlanıb dayana bilir, eləcə də, insan bəndəsi belədir: öz kökü, yəni şəcərəsiylə keçmişinə bağlıdır. Şəcərəsi, əsli-nəcabəti, uluları qədim tarixə söykənən insan da asil olur. Təxminən 500 illik tarixi keçmişi olan Vəkilovlar şəcərəsinin layiqli davamçısı, müəllif Səməd Vəkilov buna görədir ki, bu kitabı yüksək səviyyədə araşdırmasıyla bağlı ilk gündən hamıda inam yarada bildi və nəticə etibarilə ortaya aktual tədqiqat qoymağı bacardı. Səməd Vəkilov Çivə kəndinin tarixi və görkəmli şəxsiyyətləri ilə bağlı maraqlı faktlar təqdim edir. 

Bu kitabda dünyadan köçən, haqq dünyasına qovuşan ulularımız, həmçinin hazırda yaşayan kənd camaatı haqqında oxumaq maraqlıdır və bu mənada bir kəndin tarixiləşdirilməsi sadəcə uğur hesab edilə bilər. Bu kitab Dərələyəz mahalı, xüsusilə Çivə kəndinin coğrafi mövqeyi, tarixi keçmişinə nəzər yetirmək üçün həm də tarixi bir kitab hesab edilə bilər. Kitabın “Ermənilərin Qərbi Azərbaycan ərazisində kütləvi məskunlaşmasının tarixi mərhələləri” adlı bölməsində çox qiymətli tarixi faktlar verilmiş, həmçinin müəllif bu faktlara öz hüquqi polemikası, fikir və münasibətini də yeri gəldikcə vurğulamışdır.

Kitabda İmirli kəndinin  şəhidlərinə (Abbasov Rəhman İsmi oğlu, Məmmədov Əsgər İsmayıl oğlu, Calalov İlqar Salman oğlu, Musayev Murad Polad oğlu) xüsusi bölmə ayırmaqla müəllif şəhidlərə öz dərin ehtiramını ifadə etmişdir. 

Kitabın tarixi faktlar və mənbələr əsasında araşdırılması müsbətdir, bu onun elmi üslubunu səciyyələndirir. Həmçinin kitabın bir bölməsinin “Şəxsi həyat hekayələri”nə həsr olunması onun bədiilik gücünə təsirsiz ötüşmür, bu mənada oxucu yorulmur, bu da kitabın daha axıcı oxunmasına səbəb olur. Bu yerdə bir haşiyə vermək istəyirəm. Yazıçı-alim Mir Cəlal Paşayevin müharibə mövzusunda yazdığı bir hekayəsinin qəzetdə çapından sonra müharibədən geri qayıtmayan bir əsgərin atası həmin hekayəni oxuyub yazıçıya yaxınlaşır, oğlunun indi harada olması barədə sual edir. Halbuki, yazıçı ona yaxınlaşan atanın itkin düşmüş əsgər oğlundan bixəbər idi, sadəcə olaraq yazıçının qələmə aldığı hekayədəki obraz yüzlərlə itkin düşmüş əsgərlərin ümumiləşmiş obrazı idi. Bu mənada, Səməd Vəkilovun müəllifi olduğu bu kitabda oxuduğumuz istənilən həyat hekayəsi yüzlərlə, minlərlə Qərbi Azərbaycan torpaqlarından didərgin düşmüş insanların ümümiləşmiş səsi hesab edilə bilər, onlar real həyat hekayələridir və dünya ictimaiyyətinə çatdırılması vacibdir.

Zəngin ədəbiyyat siyahısı müəllifin bu kitabla bağlı araşdırma istiqamətində müxtəlif mənbələrə müraciət etməsini göstərir. Qeyd edək ki, bu kitaba qədər Səməd Vəkilov “Çağdaş Azərbaycanda islam və müasir cəmiyyət” (həmmüəllif), “Azərbaycan folklor nümunələrinin hüquqi qorunması və milli reyestrinin aparılması”, “Hüquq və mədəniyyət”, “Sədaqət və cəsarət kredosu” kitablarının müəllifidir. “Qərbi Azərbaycandan deportasiya, İmirlidə məskunlaşma” kitabı müəllifin sayca dördüncü kitabıdır. Qərbi Azərbaycana geri qayıdış konsepsiyası ideyasında çap olunan bu kitaba görə hörmətli Səməd müəllimə uğurlar arzulayırıq. Bu yerdə görkəmli alim Xudu Məmmədovun gözəl bir fikri yada düşür: “Şagirdlərə Vətəni sevməyi öyrətmək lazım deyil. Siz onlara Vətəni tanıdın, özləri sevəcəklər”. Həqiqətən də bu cür kitablar evlərdə mütəmadi olaraq oxunmalı, bütün ailələrdə tarixi İrəvan torpaqları barədə maarifləndirmə söhbətləri aparılmalı, İrəvan torpaqlarının qədim Azərbaycan-türk yurdu olması gənc nəslə bildirilməlidir.

Kitab həm də vətənpərvərlik mövzusunda yazılmış araşdırmaların davamı kimi qiymətlidir. Bu kitabın çapı müəllifin vətənə, el-obaya, qədim İrəvan torpaqlarına bağlılığı, vətənpərvər hissi, milli təəssübkeşliyi, tarixi yurduna sədaqəti, həmçinin öz kəndinin insanlarına doğma münasibəti, mənəvi-əxlaqi dəyərlərimizə əvəzsiz qiyməti kimi başa düşülür.

Kitabda ermənilərin tarix boyu Azərbaycan türklərinə, azərbaycanlılara qarşı törətdiyi acınacaqlı hadisələri izlədikcə ulu dədə-baba torpaqlarımıza geri qayıdış coşqusu insanı ağuşuna bürüyür. Belə elmi-tarixi araşdırma-kitabın son bölməsinin pozitiv sərlövhəylə – “Qərbi Azərbaycana qayıdış” verilməsi müəllifin həssas düşünməsinin nəticəsidir. İnanırıq ki, Səməd müəllim növbəti dəfə kitabın sərlövhəsinin əksi olaraq “İmirlidən Qərbi Azərbaycana” adıyla yeni tədqiqat-araşdırma çap etdirib təqdimatını da Qərbi Azərbaycan torpaqlarında qeyd edəcək!

Müəllif: Yeganə XANLAROVA
Filologiya üzrə fəlsəfə doktoru, 
BDU-nun əməkdaşı

YEGANƏ XANLAROVANIN YAZILARI

PDF>>>ZAUR USTAC – “BB” HEKAYƏLƏR

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Yeganə QURBANOVA-XANLAROVA – BAHAR ÇƏLƏNGLİ, MİLLİ ATRİBUTLU NOVRUZ TƏDBİRİ

YEGANƏ QURBANOVA-XANLAROVANIN YAZILARI

BAHAR ÇƏLƏNGLİ, MİLLİ ATRİBUTLU NOVRUZ TƏDBİRİ

Uşağın şəxsiyyət kimi formalaşmasında valideynlərin, ailənin üzərinə böyük bir yük düşür. Ailə ilk məktəbdir, ailə xalqımıza xas bütün milli-mənəvi dəyərləri, vətənpərvərliyi, ədəb-ərkanla davranmağı, böyüyə böyük, kiçiyə kiçik kimi münasibət göstərməyi öyrədən mənəvi məktəbdir. Müxtəlif ailələr var. Bu ailələrdən yığışan bütün uşaqların yuxarıda sadaladığımız keyfiyyətləri daha sonra məktəbdə davam etdirilir, ortaq doğru bir şəklə salınır. Bu günkü müasir müəllimin öhdəsinə təkcə şagirdlərə təhsil vermək düşmür. Həmçinin müasir müəllimin vəzifəsi şagirdlərə milli təəssübkeşliyi, dosta vəfalılığı, düşmənə yenilməzliyi, vətənin hər qarış torpağı uğrunda canlarından keçməyi aşılamaqdı. Bunlarla yanaşı, müasir müəllim onları muzeylərə, tamaşalara aparmaq, tədbirlər hazırlamaqla şagirdlərdə dünyagörüş formalaşdırır.

Bu sadalananları layiqincə yerinə yetirən müəllimlərdən biri də, Bakı şəhəri 100 nömrəli məktəbin ibtidai sinif müəllimi Aynurə Qəhrəmanovadır. Bakı şəhəri üzrə Təhsil İdarəsinin 01.03.2022-ci il tarixli F-85 nömrəli əmrinə əsasən “Bahar çələngi” tədbirlər planına uyğun olaraq 17.03.2022-ci il tarixində sinif rəhbəri Aynurə Qəhrəmanovanın təşkilatçılığı sayəsində 2d sinif şagirdləri Novruz bayramı münasibətilə tədbir qeyd etdilər.

Tədbir milli adət-ənənələrimiz çərçivəsində təşkil olunmuşdu. Sinfi milli əşyaların dekoruyla bəzəyən şagirdlərin sevinci birə-min olmuşdu. Tədbirdə Bahar qızı obrazını canlandıran Xədicə Xanlarzadə tədbirin aparıcılığı ilə yanaşı “Novruz gəlir” mahnısını öz gözəl səsi ilə ifa etməklə bayrama xüsusi rəng qatdı. Şagirdlər kosa, keçəl obrazını yaratmaqla, haxıştalar, yanıltmaclar, tapmacalar söyləməklə, milli musiqi sədaları altında rəqs etməklə xüsusi ovqat yarada bildilər.

Hind folklor nümunəsi “Kəlilə və Dimnə”də belə bir maraqlı məqam var: Döyüşçünün qüdrəti sərkərdəsinə görə, şagirdin biliyi müəlliminə görə bilinir”. Bu günün ikinci sinif şagirdlərinin tədbirdəki yüksək səviyyədə çıxışları sinif rəhbəri Aynurə Qəhrəmanovanın 2d sinif şagirdlərini yüksək səviyyədə hazırlamasını göstərir və onların gələcəkdə uğurlar qazanmasından işarə verir.

Müəllif: Yeganə QURBANOVA-XANLAROVA
Filologiya üzrə fəlsəfə doktoru, 
BDU-nun əməkdaşı

YEGANƏ QURBANOVA-XANLAROVANIN YAZILARI

PDF>>>ZAUR USTAC – “BB” HEKAYƏLƏR

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Əbdürrəhim bəy Haqverdiyev – 150

“Tərəfsiz ədəbiyyat tarixdir” layihəsi

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

BDU-nun filologiya fakültəsinin məzunları – Yeganə QURBANOVA-XANLAROVA

YEGANƏ QURBANOVA-XANLAROVA

BDU-nun filologiya fakültəsinin məzunları

13 fevral, məzun olduqdan 13 il sonrakı görüş, bütün qrup əhlindən 13 nəfərin iştirak edə bilməsi…

Rəqəmlərin təsadüfliyi maraqlı və qəribədir, deyilmi?!

13 fevral 2022-ci il tarixində tələbə yoldaşlarımızla görüş keçirmək, uzun ayrılıqdan sonra, nəhayət ki, nəsibimiz oldu.

BDU-nun filologiya fakültəsinin məzunu olduğumuz vaxtdan xeyli ötmüşdü.
Bu görüşü bizim qrupun tarixinə qırmızı hərflərlə yazmaq doğru olar. Çünki dəfələrlə bir araya gəlmək üçün can atsaq da, görüş alınmırdı. İşlədikləri üçün, həmçinin ailə-məişət məsələləri qrupumuzun xanımlarına ortaq uyğun vaxt seçməkdə çətinlik törədirdi. Bu da başadüşüləndir.

Texnologiyanın inkişaf etdiyi bu dövrdə sözsüz ki, qrup yoldaşlarımızdan ibarət votsap (WhatsApp) qrupumuz var. Hər xırda sevincimiz zamanı votsap qrupumuzda nə qədər böyük canlanma olduğunu təsəvvürə gətirmək, hətta bəzən qrupa bir saatın ərzində toplanan mesajların 300-500-ə çatması, qrup üzvləri arasında istənilən mövzunun çox qızğın müzakirə olunması yoldaşlar arasında isti münasibətdən xəbər verir, qrupumuzun mehriban olduğunu, bir-birimizə hörmətlə davranmağımızı şərhsiz izah edir.

Bizim votsap qrupunda elmi polemikadan tutmuş, qrup üzvlərinin sevincli, uğurlu hər bir nəticəsinə qədər mədəni-ziyalı ortamda müzakirələr, təbriklər, şadyanalıq olur. Bu dəfəki mesajların çoxluğu yenə qrupda yeni bir hadisədən işarə verirdi: görüş vaxtı və məkan barədə qrup yoldaşlarımız müzakirələr edirlər. 13 ildən sonra tələbə yoldaşlarımızla canlı görüşmək barədə ortaya atılan müzakirə də başqa bir sevincdir. Elə buna görədir ki, araya fasilə salmış COVİD-19 pandemiyasının yaratdığı çətin vaxtlardan sonra fevral ayının soyuq havasının fərqinə varmadan çox böyük həvəs və həyəcanla görüşməyi qətiləşdirdik.

Filoloqların təxəyyülü…

Müşahidələrə əsasən qeyd etmək yerinə düşər ki, filologiya fakültəsinin tələbələrinin kitabxana günündə hədsiz növbə sıxlığı olur. Bu da filoloqların mütaliə etmək həvəsindən, kitablara böyük marağından irəli gəlir. Biz filoloqlar şifahi nitqdə cümlələri poetik fiqurlardan istifadəylə danışmağa, nitqimizi mükəmməl qurmağa, həmçinin bir sözdən ilhamlanıb onu bədiiliyə tərəf aparmağa, yadımıza hansısa əsəri salmağa alışmışıq. Elə buna əsasən də, qrupumuzun görüş sevincinə dair yazdığım cümlədəki “sevinc” sözü qrup yoldaşım Zaqayeva Sevinci yadıma saldı. Sevincin yaşayış yeri Zaqatala şəhəridir və orada müəllim işləyir. Müvəqqəti Bakıda olduğu müddətdə qrupla görüşməyi təklif etdi. Bu görüşün təşəbbüskarı bu dəfə odur. Bir neçə gün əvvəl vaxt dəqiqləşəndə Sevinc görüşü səbirsizliklə gözlədiyini, həyəcanlı olduğunu yazdı. Düzü, həmin həyəcan daha sonra mənə siraət etdi… Gözümü saatdan ayıra bilmir, vaxtın çatmasını səbirsizliklə gözləyirdim…

Budur, artıq vədə yetişib və iki-iki, üç-üç qrup yoldaşlarımız təyin olunan məkana gəlməkdədirlər. Yeni gələn hər bir qrup yoldaşımı görmək yaddaşımı təzələyir, beynimdə xatirələr oyanır, şirin tələbəlik illərim yada düşür. Hamımız xoşbəxt idik. Bir-birimizlə hal-əhval tutur, deyib-gülür, ağızdolusu xeyli söhbət edirdik.

Fakültənin dəyərli, böyük alimlərindən dərs almaq şansı…

Akademik Tofiq Hacıyev, professor Təhsin Mütəllimov, professor Tofiq Hüseynoğlu, professor Qara Namazov, professor İfrat Əliyeva, professor Məmmədəli Qıpçaq, professor Cəlil Nağıyev, professor Əbülfəz Rəcəbli, professor Elbrus Əzizov, professor Vaqif Sultanlı, professor Almaz Əliqızı-Məmmədova, professor Sənan İbrahimov, dosent Arif Məmmədov, dosent Bəxtiyar Məmmədzadə və b. Respublikanın ən tanınmış filoloq alimləri bizlərə dərin bilik aşılamaqla bərabər, həm də dünyagörüş, həyat dərsi öyrətdilər.  Biz bu görüşdə bizə bilik, savad öyrədən, geniş erudisiyalı əziz müəllimlərimizi, onlarla bağlı şirin xatirələri yada saldıq, onların üzərimizdəki zəhmətlərinin əvəzedilməzliyindən danışdıq, dünyasını dəyişən müəllimlərimizə Allahdan rəhmət dilədik.

Qrupumuzun gənc alimləriylə fəxr edirik…

Bizim qrupumuzdan hazırda müxtəlif universitet və məktəblərdə çalışan çox savadlı müəllimlər var. Qrupumuzdan filologiya üzrə fəlsəfə doktoru adını qazanan iki nəfər: BDU-nun əməkdaşı Yeganə Qurbanova-Xanlarova və ADU-nun müəllimi Mehriban Mövlamova. Hər ikimiz də magistratura və doktorantura təhsili keçmişik, gənc yaşımızda hər ikimizin monoqrafiya, dərslik, onlarla məqalə müəllifi, onlarla konfrans iştirakçısı olmağımız tələbəlik illərinin möhkəm elmi bünövrəsindən qaynaqlanır.

Bu uğurlu jest davam etməkdədir. Qrup yoldaşlarımızdan Şəhrizad Nuhova (Bakı Slavyan Universiteti), Buta Bağırova (Türkiyə Respublikası Hacettepe Universiteti), Təhsil işçisi, ibtidai siniflərin Azərbaycan dili dərsliklərinin həmmüəlliflərindən Aysel Xanalıyeva, Vüsalə Şəfiyeva (müəllim), Zəminə Orucova (müəllim), Sərinə Məhərrəmova (Azərbaycan Dillər Universiteti) bu elmi adı almaq üçün doktorantura təhsili keçib, müxtəlif mərhələlərdə fəaliyyətlərini davam etdirirlər. Görüş vaxtı onların hər birinə müvəffəqiyyətlər arzuladıq və tezliklə qrupumuzda fəlsəfə doktorlarının sayının artacağına inandıq.

Müəllimlik ən şərəfli peşədir. Bu adın, bu peşənin müqəddəsliyi barədə çox danışmaq, çox ibarəli ifadələr işlətmək olar. Ən yaxşısı, elə bu peşədə çalışmaqla məsuliyyətin nə dərəcədə olduğunu dərk etmək mümkündür. Bu gün bizim qrup xanımlarının yuxarıda qeyd etdiyim kimi, bir qismi universitetlərdə müəllim kimi fəaliyyət göstərib bu mötəbər ada sahiblənib, həmçinin elmi tədqiqat istiqamətində uğurlu nəticələr əldə edirlərsə, qrupumuzun digər qisim xanımları orta məktəblərdə müəllim kimi fəaliyyət göstərir, şagirdlərə bilik, savad verir, həmçinin onları universitetlərə qəbul olmağa düzgün istiqamətləndirib dəstək olurlar. Zəminə Orucova, Billurə Əliyeva, Aysel Məmmədova, Fəridə Məmmədova, Nərgiz Zeynalova, Afaq Quliyeva, Samirə Bağırova, Vüsalə Abbasova, Nigar Mirzəyeva , Gülnamə Nurməmmədova, Şəfa Qürbətova və b. savadından pay alan hər bir şagirdin şanslı olduğunu demək yerinə düşər.

Tələbəlik bitər, xatirələr bitməz…

Tələbəlik illərinin ən yaddaqalan hadisələrindən biri də sözləşib dərsdən qaçmaq idi. Və sözsüz ki, bizim qrup da bu cür şıltaqlığı etmədən məzun olub desəm, doğru sayılmaz. Görüş zamanı yada düşən hər yeni xatirə məclisi yenidən canlandırır, ovqatımıza xüsusi rəng qatırdı.

Bizim qrup, demək olar ki, əsas etibarilə, xanımlardan ibarət olub. Qrupumuzda Şəhrizad, Gülnamə, Buta, Sərinə və s. nadir və xoşagəlim şəxs adları bizə dərs deyən çox hörmətli filoloq müəllimlərin, böyük alimlərin diqqətini çəkər, təbəssümlə deyərdilər: “Siz əsl filoloq qrupusunuz. Müxtəlif əsərlərdəki obraz adlarının çoxu sizin qrupda cəm olub”.

Biz bu görüşdə tələbəlik illərindən ən şirin xatirələri yada salmaqla o illərə qayıtdıq. Həmin gün başa düşdüm ki, tələbə yoldaşlarımla görüşdüyüm bir neçə saatlıq vaxt hamımız üçün 17-21 yaş aralığında təhsil aldığımız universitet illərinə geri dönüş deməkdir. Onlarla söhbət etdiyimiz, şən-şaqraq deyib-güldüyümüz anlar şüurumuzu aldadaraq bizlərə tələbəlik yaşımızda olduğumuzu hiss etdirməyə inandırdı.

Tələbə yoldaşlarımızda dəyişən geyim tərzi idi, mehribanlıq, səmimiyyət, qayğıkeşlik olduğu kimiydi.

Lakin bu görüşdə iştirak edə bilməyən tələbə yoldaşlarımız – Sahilə, İradə, Şəbnəm, Sevda, A.Sevinc, İ.Vüsalə, Ə.Günay, Z.Günay, Merve, Nərmin və b. da görmək hamımızın könlündən keçirdi.

Məzunlar bu görüşdən çox məmnun halda razılıq edib ayrıldılar. Bu cür görüşlərin davamlı olmasını arzuladılar. Allah qismət etsin, Amin!

Müəllif: Yeganə QURBANOVA-XANLAROVA
Filologiya üzrə fəlsəfə doktoru, 
BDU-nun əməkdaşı

YEGANƏ QURBANOVA-XANLAROVANIN YAZILARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru