Vətən müharibəsi Azərbaycan dilinin yeni siyasi üslubunu -“Vətən müharibəsi üslubu”, yaxud “Zəfər üslubu” yaratdı
Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan Vətən müharibəsinin çoxdan gözlənilən böyük bir zəfərlə başa çatdırılmasında Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin televiziya vasitəsilə xalqa müraciətləri bir neçə baxımdan tarixi rol oynadı ki, onlardan biri də ana dilimizin həmin müraciətlərdə öz zəngin fonetik, leksik və qrammatik imkanları səviyyəsində təzahürü və ya iştirakı idi. Prezidentin müraciətləri, bir tərəfdən, cəbhədə gedən proseslər, əldə edilən qələbələr barədə ətraflı məlumatlar verir, digər tərəfdən, xalqın mübarizə ruhunu, qələbə əzmini yüksəldir və nəhayət üçüncü tərəfdən, gözlərimiz qarşısında cərəyan edən tarixi hadisələri idarə edə-edə siyasi, ictimai və fəlsəfi mahiyyətini anladırdı. Və milli dövlətçilik mədəniyyəti baxımından çox rəmzi (və heyranedici) idi ki, Azərbaycan Respublikasının dövlət dili – Azərbaycan dili respublikamızın ərazi bütövlüyü uğrunda mübarizəyə (müharibəyə!) ilk günlərdən səfərbər olunmuşdu!..
Ümumiyyətlə, dilin zənginliyi, refleksiya imkanlarının genişliyi ondadır ki, xalqa düşdüyü (və düşə biləcəyi) hər hansı fövqəladə hərəkət (və idrak) situasiyasında inamla xidmət edə, lazımi sözü, ifadəni, sintaktik konstruksiyanı rahatlıqla ortaya qoya, dinləyənlərin – cəmiyyətin şəxsində isə rezonans verərək sosial əhval-ruhiyyə yarada bilsin.
Prezident İlham Əliyevin xalqa müraciətləri içərisində eləsi olmadı ki, öz ifadə texnologiyaları baxımından geniş reaksiya doğurmasın.
Kommunikasiya nəzəriyyəsinə görə, nitq ünsiyyəti o halda uğurludur ki, adresantla adresat arasında söhbətin nədən getdiyi barədə tam miqyaslı anlaşma var. Azərbaycan cəmiyyətinə uzun illərin təcrübəsindən aydın idi ki, ermənilərin orta əsrlərin sonlarından etibarən məlum etnik separatçılıq hərəkətlərinin davamı olaraq gəlib çıxdığı şovinist təcavüzkarlığın nəticəsi kimi Ermənistan artıq həddini aşmış, məsələni həll etməli olan beynəlxalq missiyaların siyasi deqradasiyaya uğraması imkan vermişdi ki, Ermənistanın ölkə başçısı məsuliyyətini itirərək sərsəmləsin…
Azərbaycan Prezidentinin xalqa müraciətləri Prezident – Xalq qarşılıqlı (və dərindən) anlaşma – ünsiyyətin bir də ona görə klassik nümunəsi idi ki, praktik olaraq Vətən müharibəsinin hüdudlarını da aşaraq, başlanğıcdan sona qədər öz kommunikativ effektini nəinki itirmədi, əksinə, bu gün də Xalqda belə bir təsəvvür var ki, həmin müraciətlər heç zaman bitməyəcək…
***
Azərbaycan Prezidentinin oktyabrın 4-də xalqa etdiyi müraciət qələbə xəbərləri ilə başladı:
“Əziz həmvətənlər.
Bu gün Cəbrayıl şəhəri və Cəbrayıl rayonunun doqquz kəndi işğaldan azad edildi. Bu tarixi hadisə münasibətilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm”.
Prezident daha sonra bir neçə il əvvəl Cocuq Mərcanlı kəndi ilə bağlı görülmüş fövqəladə işlərin tarixçəsini xatırlatdı:
“Dörd il bundan əvvəl Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi yenidən qurulmağa başlamışdır. Uğurlu əməliyyat nəticəsində azad edilmiş yüksəkliklər imkan verdi ki, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə sakinlər qayıtsınlar. Gözəl qəsəbə saldıq. Qəsəbənin açılışında demişdim ki, Cocuq Mərcanlı bizim yenilməz iradəmizin rəmzidir. Cocuq Mərcanlı onu göstərir ki, heç vaxt Azərbaycan xalqı işğalla barışmayacaq və bizim işğal edilmiş digər torpaqlara qayıdışımız məhz Cocuq Mərcanlıdan başlamışdır”.
Heç də təsadüfi deyil ki, Prezident yalnız yuxarıdakı hər cəhətdən real, qələbə sevinci bəxş edən informativ məzmunlu mükalimələrdən sonra, əslində çoxdan gözlənilən Vətən müharibəsinin uğurla getdiyini elan edir.
Əlbəttə, müharibə elan etmə təcrübələri zəngin olduğu kimi, üsulları da kifayət qədər rəngarəngdir. Hazırkı nümunələrin orijinallığı isə mövcud vəziyyətin siyasi situasiyasının xarakterindən irəli gəlir: Azərbaycan xalqı Ali Baş Komandana inanır, işğal olunmuş ərazilərin ya sülh, ya da hərb yolu ilə qayıdacağına əmindir, bununla belə, mövcud beynəlxalq münasibətlər şəraitində heç də birbaşa hərəkət etmək, problem ətrafındakı vəziyyəti hər dəfə xalq-iqtidar məsləhətləşmələri səviyyəsindən izah etmək mümkün deyil. Və əslində, müxtəlif maraqlara xidmət edən dağıdıcı müxalifətin apardığı böhtan kampaniyalarına rəğmən xalq bilir ki, ölkənin ərazi bütövlüyünün ən qısa müddətdə təmini iqtidar (və Prezident) tərəfindən Onun missiyası kimi dərindən dərk olunur.
Məsələnin ən mühüm cəhəti isə ondadır ki, dövlət başçısı həmin müraciəti Azərbaycan Ordusunun artıq bir həftədir ki, başlamış, nəinki ölkədə, regionda, bütün dünyada böyük əks-səda vermiş, problemin hərbi həlli yoxdur fərziyyəsini bir andaca alt-üst etmiş hücumundan sonra edir:
“Bilirsiniz, bir həftədir ki, Azərbaycan öz ərazi bütövlüyünün bərpası uğrunda mübarizə aparır. Döyüş meydanında əsgər və zabitlərimiz qəhrəmanlıq göstərir, düşmənə sarsıdıcı zərbələr endirir, düşməni yerinə oturdur, düşməni torpaqlarımızdan qovur, canı-qanı bahasına. Bu şərəfli missiya tarixdə öz yerini tapacaqdır.
Biz bu gün xalqımızın və dövlətimizin yeni tarixini yazırıq, şanlı tarixini yazırıq. Biz bu gün tarixi ədaləti bərpa edirik. Çünki Qarabağ torpağı bizim əzəli tarixi torpağımızdır. Azərbaycan xalqı əsrlərboyu bu torpaqlarda yaşayıb, yaradıb, qurub, tikib. Ancaq uzun illər ərzində – 30 ilə yaxındır ki, erməni cəlladları torpağımızı işğal edib, bizim bütün tarixi, dini, mədəni abidələrimizi darmadağın edib dağıdıblar”.
Prezident öz müraciətinə çox təmkinlə başlayır, xüsusi emosionallıq, həyəcan, demək olar ki, hiss olunmur, düşmən üzərinə əks-hücumun uğuruna böyük əminlik var. Bunun bir səbəbi Azərbaycan tərəfin haqlı olduğuna inamdırsa, ikinci səbəbi məhz həmin haqlı tərəfin rəqibdən müqayisə edilməyəcək qədər geniş imkanlara malik olmasıdır.
Ən mühümü isə odur ki, hər nə qədər söhbət bilavasitə hərbi şəraitdə və hərbi şərtlər daxilində getsə də, Prezidentin nitqində sülh konseptləri aparıcıdır. Ümumiyyətlə, müraciət mətnlərinin dili üzərindəki araşdırmalar göstərir ki, Prezident Azərbaycan xalqının, Azərbaycan Ordusunun gücünü, qüdrətini həmişə qeyd edir, ancaq hər dəfə bu gücün, qüdrətin missiyasının məhz vicdanlı sülh yaratmaqdan ibarət olduğunu deyir:
“Biz bütün şəhərləri bərpa edəcəyik. Ermənilər tərəfindən dağıdılmış bütün məscidlərimizi bərpa edəcəyik. Bu bölgələrə həyat qayıdacaq. Biz ermənilər tərəfindən bizim tarixi adlarımızı dəyişdirib tarixi saxtalaşdırmaq, eyni zamanda, Azərbaycan xalqının tarixi-mədəni irsini silmək cəhdlərinə son qoyduq. Bizim yaşayış məntəqələrinin tarixi adları bərpa edilir və bərpa ediləcəkdir.
Biz öz torpağımızda döyüşürük, vuruşuruq. Bizim ərazi bütövlüyümüz bərpa edilməlidir və biz haqq yolundayıq. Bizim əsgərimiz xilaskar əsgərdir. Çünki öz doğma dədə-baba torpağını işğalçılardan azad edir”.
Göründüyü kimi, bu müraciətdə siyasi ritm nə qədər güclü olsa da (ən azı ona görə ki, burada öz ərazi bütövlüyünü təmin edən bir ölkənin haqlı iddialarından bəhs edilir), bundan da aparıcı, bundan da miqyaslı elə bir etnotarixi intonasiya var ki, onu “biz haqq yolundayıq” hökmündən daha mükəmməl şəkildə ifadə etmək çətindir.
Prezidentin müraciət nitqləri üçün ən səciyyəvi məqamlardan biri vaxtaşırı ümumiləşdirmələrdən zaman-zaman konkret hadisələrə keçilməsidir ki, bunun nə qədər böyük əhəmiyyəti olduğu üzərində dayanmağa, yəqin ki, xüsusi ehtiyac yoxdur. Hər şeydən əvvəl ona görə ki, şəhərlərimiz, kəndlərimiz, dağlarımız, çöllərimiz, çaylarımız, göllərimiz və s. bir-birinin ardınca azad olur ki, onlar azğın düşmən tərəfindən nə qədər dağıdılıb tar-mar edilsələr belə, sadəcə, adlarının çəkilməsi, Azərbaycan əsgərinin əlində olması barədə ən yüksək səviyyədə məlumat verilməsi xalqın ruhunu yerindən oynadır:
“Bu gün cəbrayıllılar, əlbəttə ki, sevinc içindədirlər, necə ki, bütün Azərbaycan xalqı. Dünən bizim qədim yaşayış yerimiz – Suqovuşan qəsəbəmiz işğaldan azad edildi. Bütün Azərbaycan xalqı bu tarixi hadisəni qeyd edirdi, bir-birini təbrik edirdi, göz yaşlarını saxlaya bilmirdi. Bu, sevinc göz yaşlarıdır. 1990-cı illərin əvvəllərində də Azərbaycan göz yaşlarını töküb. Ancaq o, məğlubiyyət göz yaşları idi, o, faciə göz yaşları idi.
Bu gün Azərbaycan xalqı sevinc içindədir. Cəbrayıllılara və bütün Azərbaycan xalqına bu gün azad edilmiş yaşayış məntəqələrinin adlarını sadalamaq istərdim. Bu gün şanlı Azərbaycan Ordusu aşağıdakı yaşayış məntəqələrini azad edib: Cəbrayıl şəhəri, Karxulu kəndi, Şükürbəyli kəndi, Yuxarı Maralyan kəndi, Çərəkən kəndi, Daşkəsən kəndi, Horovlu kəndi, Decal kəndi, Mahmudlu kəndi, Cəfərabad kəndi”.
Prezident Cəbrayıl rayonunun və onun kəndlərinin işğaldan azad edilməsinin bir nümunə olacağını xatırlatmaqla yanaşı, yenidən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi tarixinin mürəkkəb məqamlarının təfsirinə keçir:
“Bu kəndlərin sakinləri, sizə müraciət edirəm, sizin həsrətinizə son qoyulur və bizim digər bütün qaçqın, köçkün soydaşlarımız bilsinlər ki, biz onları da onların dədə-baba torpaqlarına qaytaracağıq. Güc yolu ilə! Biz istəyirdik ki, bu məsələ danışıqlar yolu ilə həll olunsun, səbir göstərirdik. Danışıqlarda həmişə ədalətli mövqedə olmuşuq, bizə mənsub olanı istəmişik. Başqasının torpağında heç vaxt gözümüz olmayıb. Amma demişik ki, bu, bizimdir, xalqımızındır, millətimizindir, bizə qayıtmalıdır, danışıqlar yolu ilə qayıtmalıdır. Amma bu danışıqlar faktiki olaraq münaqişənin dondurulmasına gətirib çıxarmışdır. Yəni, buna hesablanmışdır”.
Otuz il ərzində aparılan danışıqların, bu qədər uzun müddətdə Azərbaycan xalqının heysiyyatı ilə oynamaq cəhdlərinin yolverilməz olduğunu bir daha nəzərə çatdıran Prezident xatırladır:
“İyirmi yeddi il ərzində biz bütün dövrlərdə – danışıqların bütün dövrlərində konstruktiv mövqe göstərmişdik, ədalətli mövqe göstərmişdik. Ancaq bunun müqabilində nə gördük? Təcavüzkar daha da azğınlaşıb. Təcavüzkarın tamahı daha da böyüyüb, bizim dədə-baba torpağımıza göz dikib. Nəticədə işğal edilmiş bütün torpaqları qondarma “Dağlıq Qarabağ respublikası”na aid edib, yeni xəritələr dərc edib və bu xəritələrdə işğal edilmiş bütün ərazilər Dağlıq Qarabağ kimi təqdim edilir. Ondan sonra nə oldu? Ondan sonra bəyan etdilər ki, bir qarış torpağı Azərbaycana qaytarmayacağıq”.
Azərbaycan Prezidenti qarşı tərəfin hər cür diplomatik, çoxgedişli, çox hallarda da riyakar, hiyləgər mövqeyini geniş xalq kütlələrinin bütün təfsilatı ilə anlayacağı bir dildə şərh edərək tam aydınlığı ilə göstərir ki, məsələni həll etmək üçün döyüş meydanından başqa yol qalmayıb:
“Biz demişdik ki, axı bu, danışıqlar predmetinə zidd olan məsələdir. Axı danışıqlarda bizim əsas ümidverici məqamımız o idi və orada göstərilirdi ki, işğal edilmiş torpaqlar mərhələli yollarla Azərbaycana qaytarılacaq. Biz də buna razılıq vermişdik ki, mərhələli yollarla qaytarılsın, sülh yolu ilə qaytarılsın. Bir mərhələdə 5 rayon qaytarılsın, ikinci mərhələdə 2 rayon qaytarılsın, sonra azərbaycanlılar Dağlıq Qarabağa qayıtsınlar, Şuşaya qayıtsınlar, ondan sonra Azərbaycan və erməni xalqları birlikdə yaşasınlar, necə ki, vaxtilə biz yaşamışıq. Bu, ədalətli mövqedir. Bu, beynəlxalq hüququn bütün normalarına uyğun olan bir mövqedir. Biz nə istəmişik ki? Bunu istəmişik və buna haqqımız çatırdı və çatır. Amma nə gördük?! Gördük ki, Azərbaycan xalqının iradəsini sındırmaq istəyirlər. Gördük ki, bizə qarşı yeni müharibə açılır, bizi yeni müharibə ilə hədələyirlər. Gördük ki, iyul ayında heç bir səbəb olmadan bizim Tovuz şəhərimiz və digər yaşayış məntəqələrimiz atəşə tutuldu, hərbçilərimiz həlak oldu, mülki vətəndaş həlak oldu. Gördük ki, avqust ayında diversiya qrupu göndərildi və o diversiya qrupunun başçısı zərərsizləşdirildi, saxlanıldı. İndi ifadələr verir, deyir göndərilib ki, terror aktları törətsin. Budurmu danışıqlar prosesinə sadiqlik?!”
Əlbəttə, Azərbaycan xalqı son illərdə hakimiyyətə gətirilmiş Ermənistan baş nazirinin sayıqlamalarına bələd olduğu kimi, Azərbaycan Prezidentinin müxtəlif beynəlxalq məclislərdə həmin sayıqlamaları vaxtaşırı olaraq ifşa etdiyini, baş nazirin yalan bəyanatların arxasınca başını ora-bura soxmağa cəhdlər göstərdiyini də yaxşı bilirdi.
Beynəlxalq hüquq normalarının qorunması hələ bir yana, öz ölkəsinin taleyi üçün məsuliyyət daşımalı olan baş nazir hansısa qüvvələrin təsiri altında özünü itirib o qədər azğınlaşdı ki, nə özünün, nə də ümumən ölkəsinin arxasında dayana bilməyəcəyi antitarixi sözlər dedi.
Yeri gəlmişkən, xalqa müraciətlərin mətnlərində həm birbaşa, həm də dolayısı ilə çox tez-tez ifadə olunur ki, nə Azərbaycan xalqı, nə də Azərbaycan Prezidenti “Qarabağ Ermənistandır və nöqtə” sözlərini heç kimə güzəştə gedə bilməzdi:
“Mən Minsk qrupunun həmsədr ölkələrinə, həmsədr olan səfirlərə, digər beynəlxalq təşkilatlara, Avropa İttifaqının nümayəndələrinə dəfələrlə demişdim ki, Ermənistana təsir edin, sanksiyalar tətbiq edin, təzyiq edin. Belə olmaz. Əgər güclü təsir olmasa, Ermənistan daha da azğınlaşacaq, daha da quduracaq, yeni iddialar ortaya atacaq. Eşitmədilər məni. Mən istəyirdim bu məsələ sülh yolu ilə həll olunsun. Eşitmədilər. Hesab edirdilər ki, Azərbaycan xalqı və mən – Azərbaycan Prezidenti bu vəziyyətlə barışacağam?! Hesab edirdilər ki, bizim müqəddəs şəhərimiz olan Şuşa erməni tapdağında qalacaq, mən bununla barışacağam?! Azərbaycan xalqının tarixinə zərbə vuran erməni cəlladları ilə biz danışıqlarmı aparmalıyıq? Azərbaycan xalqı təhqir edildi, Şuşada qondarma rejimin başçısı özünə “andiçmə mərasimi” keçirmişdir. Baxım görüm, indi andiçmə mərasimi harada keçiriləcək, yas mərasimini keçirəcək! İndi qaçıb siçan kimi gizlənib. Çıxsın ortalığa! Ermənistanın baş naziri gedib Şuşada, Cıdır düzündə rəqs edir, hesab edir ki, biz bununla barışacağıq?! Səhv edir! Heç vaxt biz bununla barışmayacağıq. Qondarma “Dağlıq Qarabağ respublikası”nın parlamentinin Şuşaya köçürülməsi nə deməkdir?! Yenə də Azərbaycan xalqını təhqir etmək cəhdidir. Cəbrayıla Ermənistandan yeni yolun çəkilməsi nə deməkdir?! O deməkdir ki, orada qanunsuz məskunlaşma aparılacaq. Artıq Livandan, başqa yerlərdən erməniləri gətirirlər, köçürürlər bizim qədim şəhərimizə, Şuşada yerləşdirirlər, televiziyada göstərirlər, beynəlxalq konvensiyaları pozurlar, Cenevrə Konvensiyasını tapdalayırlar. Bunlara söz deyən var?! Tapşırıq vermişəm bütün bizim xarici diplomatik orqanlara – məsələ qaldırın, BMT-də, ATƏT-də, Avropa İttifaqında, başqa təşkilatlara, deyin ki, bu, qanunsuzdur! Qanunsuz məskunlaşma cinayətdir! Buna reaksiya oldu?! Minsk qrupu bir açıqlama verdimi?! Vermədi! Avropa İttifaqı verdimi?! Vermədi! Dedi ki, bu, bizi maraqlandırmır. Maraqlandırmırsa, indi də maraqlandırmasın. İndi nə əl-ayağa düşmüsünüz? İndi nə hoqqalardan çıxırsınız? Azərbaycana qarşı iftiralar irəli sürülür, bəzi ölkələr, Avropa ölkələri bizi ittiham edirlər. Getsinlər güzgüyə baxsınlar. Bu ittihamların heç bir əsası yoxdur ki, kimsə imkan verməz Azərbaycan Dağlıq Qarabağı fəth etsin. Dağlıq Qarabağ bizimdir, bizim torpağımızdır, biz oraya qayıtmalıyıq, qayıdırıq və qayıdacağıq!”
Azərbaycan xalqının ruhunu əks etdirməklə Azərbaycan dilinin qüdrətini də nümayiş etdirən bu son dərəcə dərin məzmunlu ifadə texnologiyalarında ümummilli lider Heydər Əliyev nitqinin ölməz təcrübəsinin davamını, inkişafını görməmək, duymamaq, təsəvvürlərdə yenidən canlandırmamaq mümkün deyil. Və heç bir tərəddüd etmədən deyə bilərik ki, zaman etibarilə o qədər də uzun çəkməyən Vətən müharibəsi Azərbaycan dili siyasi üslubunun elə bir zəngin çalarını yaratdı ki, biz onu dilimizin məhz “Vətən müharibəsi üslubu”, yaxud “Zəfər üslubu” adlandırırıq.
“Mən 27 sentyabr hadisələrindən əvvəl Ermənistana demişdim, gəl, təkbətək vuruşaq. Baxaq kim-kimdir! İndi nə oldu? Paşinyan hər gün bir dünya liderinə zəng edir. Hər gün! Mən heç kimə zəng etməmişəm, heç bir liderə zəng etməmişəm. Təmaslarım olub, mənə zəng ediblər. Amma o, adam qalmayıb ki, zəng etməsin, yalvarmasın, emissar göndərməsin, ağlamasın, onların ayağına yıxılmasın. Bax budur bunun sonu. Əgər bizimlə normal dildə danışsaydı, bizim müqəddəs şəhərimizi mundarlamasaydı, əlbəttə, biz ümidlərlə yaşayıb çalışardıq ki, bu məsələ danışıqlar yolu ilə həll olunsun. Amma hər addım təxribat, hər addım təhqir və hesab edir ki, biz bununla barışacağıq?! İndi biz göstərdik kim-kimdir. İti qovan kimi qovuruq onları! Azərbaycan əsgəri onları iti qovan kimi qovur! İşğal edilmiş torpaqlarda Azərbaycan bayrağı qaldırılır! Onların səngərlərində Azərbaycan əsgəri dayanır! Onların postları bizim əlimizdədir! Onların tanklarını biz sürürük! Onların digər silahlı texnikaları bizim əlimizdədir, yük maşınları bizim əlimizdədir! Biz xilaskar missiyamızı icra edirik və edəcəyik!”
Nədir bu üslubun özəlliyi? Odur ki, söhbət “danışıq stolu” arxasında, yalan danışmaq, hiyləgərlik etmək, üzdə bir söz deyib arxada ayrı şey düşünməyə imkan verən bir mühitdə getmir, söhbət hər bir sözün bilavasitə dəyəri olduğu təkbətək döyüş meydanında gedir:
“Ermənistan rəhbərliyi yaxşı düşünsün, hələ ki, gec deyil. Bizə yeddi şərt irəli sürür. Sən kimsən ki, bizə şərt qoyasan?! İndi baxım görüm nə şərt qoyursan bizə! Yıxılıb diz çöküb yalvarırsan ki, atəşkəs bərpa olunsun. Atəşkəs Ermənistanın baş nazirinin xahişi ilə 2 il ərzində bərpa olunmuşdu. Məndən xahiş etmişdi ki, daxildə vəziyyət ağırdır, oradan-buradan məni sıxırlar, mənə vaxt verin, mən bu məsələni həll edəcəyəm, mən yeni fikirlərlə gəlmişəm. Mən keçmişdə nə olub hamısının üstündən xətt çəkmişəm, imkan verin, vaxt verin. Dedim yaxşı. Nə oldu? Bir ildən sonra çıxış edib deyir ki, “Qarabağ Ermənistandır”. İndi desin “Qarabağ Ermənistandır”. İndi mənə olan zənglər və zənglər əsnasında gedən söhbətlər əlbəttə ki, konfidensial xarakter daşıyır və bəzi hallarda indi soruşurlar bəs, sizin şərtiniz nədir? Mənim şərtim birdir – çıxsın bizim torpaqlarımızdan, çıxsın, qarşıdurma dayansın. Amma sözdə yox, əməldə. Desin ki, mən Azərbaycanın ərazi bütövlüyünü tanıyıram, necə ki, baza prinsiplərində bu, təsbit edilib. Desin ki, mən işğal edilmiş torpaqlardan qoşunlarımızı çıxaracağam, necə ki, baza prinsiplərində bu, təsbit edilib. Desin ki, mən Azərbaycan xalqından üzr istəyirəm və desin ki, Qarabağ Ermənistan deyil. Sonuncu şərt budur ki, qrafik versin, işğal edilmiş torpaqlardan erməni silahlı qüvvələrinin çıxarılması cədvəli verilsin bizə. Onda biz əlbəttə ki, atəşkəs rejimini bərpa edəcəyik. Halbuki indi şiddətli döyüşlər getdiyi zaman bunu etmək çətindir. Çünki biz dayansaq, onlar dayanmayacaq. Amma hər halda, bunun üzərində işləmək olar. Yoxsa ki, siz dayanın, onlara vaxt verin. Nəyə vaxt verək? Vaxt verək ki, güc toplasınlar? Vaxt verək ki, yenə də adam toplasınlar bizə hücum etsinlər? Bizi belə sadəlövh sayırlar bunlar? Vaxt verin ki, bunlar gəlsinlər danışıqlara. Mən nə lazımdır dedim, vəssalam”.
Azərbaycan Prezidenti – Azərbaycan Respublikasının ərazisini Ermənistan işğalçılarından təmizləməyə uğurla başlamış Ordunun Ali Baş Komandanı xalqa bu müraciətini aşağıdakı sözlərlə yekunlaşdırır:
“Biz haqq-ədalət tərəfindəyik. Biz tarixin ən şərəfli anlarını yaşayırıq. Azərbaycan xalqı qədim xalqdır. Bizim tariximizdə bir çox şərəfli anlar olub, hadisələr olub, qələbələr olub. Onların sırasında bugünkü hadisələr xüsusi yerdədir. Biz ədaləti bərpa edirik, ərazi bütövlüyümüzü bərpa edirik, Azərbaycan xalqının ümidlərini doğrulduruq və bundan sonra da doğruldacağıq. Biz haqlıyıq, biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”
***
Prezident İlham Əliyev oktyabrın 9-da xalqa növbəti müraciətində Hadrut qəsəbəsinin, eləcə də bəzi kəndlərin işğaldan azad olunması barədə məlumat verdikdən sonra Azərbaycan Ordusunun döyüş meydanında tam üstünlüyünü göstərən faktlar üzərində dayandı, düşmənin guya hücuma keçdiyini, itirdikləri bəzi mövqeləri geri aldıqları barədə həm öz xalqını, həm də beynəlxalq ictimaiyyəti aldatmağa məcbur olduğunu nəzərə çatdırdı. Onu da qeyd etməyi unutmadı ki, düşmən uzun illər ərzində təmas xətti boyunca kifayət qədər möhkəm müdafiə sistemi qurmuşdur ki, “onları yarmaq, onları keçmək çox çətindir. Bəzi hallarda bəzi istehkamları keçmək üçün bizə bir neçə gün lazım olur… Eyni zamanda, biz bütün işləri elə aparırıq ki, az itkilər verək”.
Düşmənin əhval-ruhiyyəsini səciyyələndirərkən Azərbaycan Prezidenti dedi:
“Düşmən panikadadır, düşmən isterikaya qapılıb. Düşmən ölkənin rəhbərliyi tamamilə özünü itirmiş vəziyyətdədir. Müxtəlif ölkələrə, müxtəlif ölkələrin dövlət-hökumət başçılarına müntəzəm olaraq zəng edir, dəfələrlə, gündə bir neçə dəfə yardım istəyir, imdad diləyir, yalvarır. Onların ayağının altına yıxılır. Özünü alçaldır ki, gəlin, bizi xilas edin. Onların xilasının yeganə yolu budur ki, torpaqlarımızdan çıxsınlar. Biz dəfələrlə bunu demişik, öz xoşunuzla çıxın bizim torpaqlarımızdan. BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirin, yoxsa, peşman olacaqsınız. Hesab edirsiniz ki, Azərbaycan bu vəziyyətlə barışacaq? Barışmayacaq, dəfələrlə demişəm. Hesab edirdiniz ki, Azərbaycan xalqı bu təhqirlərlə barışacaq? Barışmayacaq, dəfələrlə demişəm. Amma bizim torpaqlarımızda oturub, bizim müqəddəs torpağımızı zəhərləyib sonra da bizə qarşı iddia qaldırasan – qudurğanlığın dərəcəsinə baxın. Biz onları yerinə oturtduq. Biz onlara yerlərini göstərdik. Biz onları elə qovuruq ki, onlar bu sprinti heç vaxt yaddan çıxarmayacaqlar”.
Azərbaycan dilinin bu bədii təkrarları, mənagücləndirici sinonimləri, hər cəhətdən məsələnin mahiyyətinə nüfuz edən suallar, cavablar, Prezidentin nitqində (və müharibə üslubunda) yenidən doğulan təsirli (və təzə-tər) frazeologiya, əlbəttə, xalqımızın iradəsini mükəmməl bir şəkildə əks etdirir.
Ən çox nəzərə çarpan da odur ki, bu nitqdə son dərəcə böyük qətiyyət var. İstər keçmiş, istər indiki, istərsə də gələcək zamanda işlənsin, feil bütün hallarda həmin qətiyyətin ifadəsinə xidmət göstərir:
“Bu gün bütün cəbhəboyu döyüşlər gedir. Azərbaycan bütün istiqamətlər üzrə mövqelərini möhkəmləndirir və biz işğalçını, təcavüzkarı sülhə məcbur edirik. Bu əməliyyatın əsas məqsədi də budur. Biz onlara göstərdik ki, döyüş meydanında da, beynəlxalq müstəvidə də, siyasi meydanlarda da biz qalib gəlirik. Onlar bizim gücümüzü gördülər, bizim iradəmizi gördülər. Onlar gördülər ki, dünyada heç bir qüvvə bizi haqq yolumuzdan döndərə bilməz. Dünyada heç bir ölkə bizim iradəmizə təsir edə bilməz. Kimə yalvarırsan yalvar, kimin ayağının altına yıxılırsan yıxıl, kimin dabanlarını yalayırsan yala, heç kim bizə təsir edə bilməz! Biz haqq yolundayıq, biz qalib gəlirik, biz zəfər çalırıq və biz öz torpaqlarımızı geri alacağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik!”
Prezidentin nitqindəki həmin bu qətiyyət ona görə qiymətlidir ki, təkcə Azərbaycan xalqının yox, əsrlərboyu, ilk növbədə, məhz öz liderləri tərəfindən məhrumiyyətlərə məruz qoyulmuş ermənilərin də mənafelərinə uyğun münasibətlərin qurulmasını tələb edir. Halbuki Ermənistan baş nazirinin, qondarma “Dağlıq Qarabağ respublikası”nın quldur başçısının imitasiya etməyə çalışdıqları “qətiyyət” isə, əslində, siyasi təcavüz, yekəbaşlıq və hərcmərclikdir:
“Dünən və srağagün siyasi müstəvidə baş vermiş hadisələr onu göstərir ki, Ermənistan rəhbərliyi nəhayət başından böyük zərbə alandan sonra dərk etməyə başladı ki, o, ancaq bizim şərtlərlə oturub duracaq. Biz nə desək, o da olacaq. Şans veririk ki, danışıqlar yolu ilə, sülh yolu ilə torpağımızdan çıxsın. Onsuz da biz bu torpaqlara qayıdacağıq. Onsuz da biz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Bütün dünya bunu gördü, o cümlədən Ermənistan bunu gördü. Biz istəyirik ki, qan tökülməsin. Biz istəyirik ki, şəhidlər olmasın. Biz öz torpaqlarımızı istəyirik. Çıxın gedin bizim torpağımızdan, rədd olun bizim torpağımızdan! Gedin öz ölkənizdə yaşayın. Amma biz torpağımızı geri alacağıq. Ona görə bu tarixi şansı onlar qaçırmamalıdır”.
Prezident vaxtilə özünü dünyaya göstərmək üçün “xoruzlanan” Ermənistan baş nazirinin cəmi bir atım barıtı olduğunu xatırladır:
“Bu gün Moskvada keçiriləcək görüş, hesab edirəm ki, bir çox şeylərə aydınlıq gətirəcək. Onlar baza prinsiplərini qəbul etməlidirlər. Halbuki Paşinyan demişdi ki, o, onları qəbul etmir. Demişdi ki, Azərbaycana bir qarış torpaq verməyəcəyəm. Nə oldu bəs?! Gəl tut o işğal edilmiş torpaqları. Bəs, verməyəcəkdin? Nə oldu verdin? Nə oldu qaçdın? İndi gedirsən onun-bunun dabanını yalaya-yalaya, özünü alçalda-alçalda öz xalqını alçaldırsan. Öz ölkəni sıfıra bərabər etmisən. Demişdi ki, verməyəcəkdi bu torpaqları. Kimdir səndən soruşan, verəcəksən ya verməyəcəksən?! Gəldik götürdük, vəssalam. Götürəcəyik, nə qədər lazımdır, istəsək artıqlaması ilə. Necə ki, iyul ayında götürə bilərdik. Mən bunu demişdim. İyul ayında biz rahatlıqla Ermənistan ərazisinə keçə bilərdik, orada da torpaqları zəbt edə bilərdik. Heç kim bizim qabağımızı ala bilməzdi. Bu döyüşlər onu göstərir. Eləmədik bunu, qoymadım mən. Halbuki bizim hərbçilərimiz artıq hazır idi buna. Qoymadım. Çünki siyasi iradə var. Biz qanunlar çərçivəsində fəaliyyət göstəririk. Bizim başqa ölkələrin torpağında gözümüz yoxdur. Amma öz torpağımızı heç kimə verməyəcəyik”.
Bundan sonra isə Ermənistanın baş nazirinin və onun ağılsızlıq, yekəbaşlıq üzündən düşdüyü gülünc vəziyyətin təsviri gəlir ki, görünür həmin təsviri Azərbaycan dilindən başqa heç bir dildə bu qədər canlı şəkildə təqdim etmək mümkün deyil:
“Bəs, nə oldu, Paşinyan? Deyirdin ki, “Dağlıq Qarabağ respublikası”, o cümlədən işğal edilmiş bütün torpaqları əhatə edir. Bəs, gəl müdafiə et bunları. Niyə qaçırsan Moskvaya? Niyə zəng vurursan, dünya liderlərinin beynini xarab edirsən? Daha kim qaldı ki, zəng etməsin. Kim qaldı ki, zəhləsini tökməsin. Bir məsləhət verərdim ki, bəlkə şamanlara zəng etsin. Onlar ona kömək etsin. Ya da ki, hansısa uzaq adada yaşayan bir qəbilə başçısına zəng etsin, o, onun canını qurtarsın. Necə deyərlər, lətifə personajına çevrilib. Açın, sosial şəbəkələrə baxın, lağa qoyurlar, ələ salırlar, lətifələr qoşurlar. Öz ölkəsini bu qədər rəzil edən, bəlkə də dünya miqyasında ikinci adam olmayıb. Nəyə görə? Çünki gəlib başqasının torpağında oturub, o torpaqdan çıxa bilmir”.
Azərbaycan Prezidentinin müraciətlərində deyildiyi günlərdən xalqın yaddaşına həkk olan elə mülahizələr, mühakimələr var ki, zaman-zaman öz tarixi dəyərini daha da artıracaq, Vətənin bütövlüyünün təmin olunmasında atılmış strateji addımların hansı dərin qaynaqlardan güc aldığını, hansı perspektivlər vəd elədiyini nümayiş etdirəcək:
“Biz nəyi nə vaxt edəcəyimizi yaxşı bilirik. Ona görə də bu gün bizim uğurlu əməliyyatımız böyük nəticələrə gətirib çıxardı. Nəyi necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm. Azərbaycan xalqı mənə inanır. Mən də bu inama arxalanaraq bütün lazımi tədbirləri görürəm, ölkəmizi inamla idarə edirəm, bütün sahələrdə, o cümlədən hərbi quruculuq sahəsində”.
Azərbaycan Prezidenti münaqişənin hərbi həll yolu yoxdur mifinin doğru olmadığını bir daha xatırlatdıqdan sonra xalq danışıq dilinin imkanlarına meydan verdi:
“Bu əməliyyat olmasaydı, biz təcavüzkara lazımi zərbələr endirməsəydik, onların dərsini verməsəydik, indi o qaçardımı Moskvaya danışıqlar aparmaq üçün?! Oturacaqdı özündən razı, deyəcəkdi ki, torpaqları vermirik. Biz məcbur etdik onları. Biz onları elə günə saldıq ki, indi gizlənməyə deşik axtarırlar, tapa bilmirlər. Oturublar, siçan kimi ağzına su alıb susurlar. Bəs, hanı sənin hikkən?! Hanı sənin təkəbbürün?! Hanı sənin “qəhrəmanlığın”?! Deyirdin “Qarabağ Ermənistandır”. Qarabağ Azərbaycandır”.
İllər keçəcək, lakin düşmən üzərindəki tarixi qələbəmizin mənəvi şahidi (və müşayiətçisi) olmuş bu sözlər həmin qələbəyə Komandanlıq etmiş dövlət başçısının yaşantılarını daim yaşadacaqdır:
“Biz qan istəmirik. Biz istəyirik torpaqlarımız bizə verilsin. Verilsin, uzatmasınlar məsələni. Status-kvo deyilən məsələ yoxdur, qurtardı getdi. Status-kvo belə olmalıdır, elə olmalıdır. Mən dəyişdirdim status–kvonu, dəyişdirdim! Bax, orada, döyüş meydanında. Yoxdur status-kvo. Təmas xətti, yoxdur təmas xətti. Yarmışıq onu. Onlar 30 il idi ki, qururdular bu təmas xəttini. Özü də o bölgənin relyefi təbii istehkamdır. Biz aşağıdan yuxarı gedirik. Özü də 30 il ərzində orada beton istehkamlar qurulub. Yarıb keçmişik. Azərbaycan əsgərinin qabağında heç kim heç nə edə bilməz. Biz bu gün o təmas xəttini darmadağın etdik. Yoxdur təmas xətti. İndi deyirlər yeni təmas xətti olacaq. Olmayacaq! Biz torpaqlarımızı geri alacağıq. Hansı təmas xəttindən söhbət gedə bilər?! Yoxdur bu, biz dağıtmışıq, biz etmişik, iradə göstərmişik, güc göstərmişik, xalqımızın iradəsinə arxalanmışıq və bu gün qələbə çalırıq. Tarixi qələbə çalırıq! Bu qələbə Azərbaycan xalqının əldə etdiyi qələbələr arasında ən parlaq qələbədir. Gələcəkdə bu qələbələr davam edəcək. Biz torpaqlarımızı azad edəcəyik, ərazi bütövlüyümüzü bərpa edəcəyik! Düşməni ondan sonra da qovacağıq. Mən bilirəm ki, Azərbaycan xalqı mənim bu sözlərimi bəyənibdir. Qovacağıq onları axıra qədər. Bayrağımız işğal edilmiş bütün torpaqlarda qaldırılacaq, Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcək. Yaşasın Azərbaycan Ordusu! Qarabağ Azərbaycandır!”.
***
Oktyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev növbəti dəfə xalqa müraciət edərkən söhbətə Gəncə və Mingəçevir şəhərlərinin raket atəşinə tutulmasından başladı:
“Ermənistan rəhbərliyi hərbi cinayət törədir. Dinc əhaliyə atəş açmaq, özü də əməliyyat operativ raket kompleksləri vasitəsilə atəş açmaq hərbi cinayətdir. Onlar bu cinayətə görə məsuliyyət daşımalıdırlar və daşıyacaqlar. Biz isə onların cavabını döyüş meydanında veririk. Şəhidlərin, günahsız insanların qisasını döyüş meydanında alırıq və alacağıq. Biz heç vaxt mülki əhaliyə qarşı mübarizə, müharibə aparmamışıq, bundan sonra da aparmayacağıq. Biz ermənilər deyilik. Bizim öz yolumuz var, bizim öz amalımız var və bütün Azərbaycan xalqı bu amal ətrafında birləşib. Bütün Azərbaycan xalqı həmrəylik, vətənpərvərlik göstərir”.
Azərbaycan Prezidenti öz müraciət ənənəsinə uyğun olaraq işğaldan azad olunmuş ərazilərimizi sadaladı:
“Şanlı Azərbaycan Ordusu öz xilaskarlıq missiyasını uğurla davam etdirir. Son günlər ərzində mən xalqıma xəbər verərək, yeni azad edilmiş kəndlərin adlarını açıqlamışdım. Bu gün də böyük məmnunluq hissi ilə, böyük sevinc hissi ilə azad edilmiş növbəti yaşayış məntəqələrinin adlarını əziz xalqıma çatdırmaq istəyirəm. Bu gün Füzuli rayonunun aşağıdakı yaşayış məntəqələri işğalçılardan azad edilib – Qoçəhmədli kəndi, Çimən kəndi, Cuvarlı kəndi, Pirəhmədli kəndi, Musabəyli kəndi, İşıqlı kəndi, Dədəli kəndi və Füzuli şəhəri. Füzuli şəhəri işğalçılardan azad edilib, Füzuli bizimdir, Qarabağ Azərbaycandır!”
Füzuli şəhərinin işğaldan azad edilməsinin hərbi-strateji təfərrüatına xüsusi diqqət yetirən Ali Baş Komandan bununla Azərbaycan Ordusunun hansı döyüş qüdrətinə malik olduğunu bir daha xalqın nəzərinə çatdırır:
“Füzuli əməliyyatı rəmzi məna daşıyır. Bizim tarixi, qədimi yaşayış məskənimizi Azərbaycan özünə qaytardı, on minlərlə insanın o yerlərə qayıtmasını təmin etdi. Eyni zamanda, strateji nöqteyi-nəzərdən Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması bizə növbəti strateji üstünlüklər verir. Çünki Füzuli istiqamətində yerləşən bizim hərbi qüvvələrimiz bu günlər ərzində orada döyüşlər aparırdı. İndi təbii ki, bu, sirr deyil, biz Füzuliyə hansı tərəfdən girə bildik. Hansı böyük hərbi peşəkarlıq və rəşadət nəticəsində biz Füzulini işğalçılardan azad edə bildik. Ondan əvvəl Cəbrayıl şəhəri işğalçılardan azad edildi. Ondan əvvəl Hadrut işğalçılardan azad edildi. Xocavənd və Cəbrayıl rayonlarının, o cümlədən Füzuli rayonunun bir çox kəndləri işğaldan azad edildi. Məhz ondan sonra biz Füzuli şəhərini işğalçılardan azad edə bilmişik.
Düşmən son mərhələdə öz silahlarını yerə qoyub qaçmışdı. Bu gün tam məsuliyyətlə deyə bilərəm ki, Füzuli əməliyyatı hərbi kitablara daxil ediləcək. Təkcə Füzuli əməliyyatı yox, başqa əməliyyatlar. Bu gün məndə olan məlumata görə, hərbi mütəxəssislər artıq açıq-aydın bildirirlər ki, Azərbaycan Ordusu böyük döyüş qabiliyyətinə və texniki təminata malik olan bir ordudur”.
Azərbaycan Prezidenti yenidən dinc yaşayış məskənlərinin raket atəşinə tutulması məsələsinə qayıdaraq yalnız erməni faşizmini ifşa etməklə kifayətlənməmiş, eyni zamanda, günahkarların cəzasız qalmayacağını xüsusi olaraq elan etmişdi:
“Atəşkəs elan olundu, ondan bir gün keçmədi Gəncəni bombaladılar. Özü də haranı? Yaşayış massivlərini. Bu gün də haranı vurdular? Yenə də yaşayış massivlərini. Nə vaxt vurdular? Gecə saatlarında ki, daha çox insan həlak olsun.
Bu, insanlığa qarşı cinayətdir. Əgər beynəlxalq birlik Ermənistanı törədilmiş cinayətlərə görə məsuliyyətə cəlb etmək istəmirsə, – necə ki, Xocalı soyqırımına görə heç kim onları məsuliyyətə cəlb etməyib, – biz özümüz onları məsuliyyətə cəlb edəcəyik. Biz özümüz onların cəzasını verəcəyik, özümüz onları cəzalandıracağıq və bizim cəzamız ədalətli cəza olacaqdır. Onlar ən ağır cəzaya layiqdirlər”.
Ermənistanın baş nazirinə ünvanlanmış aşağıdakı suallar isə təkcə baş nazirin deyil, bütövlükdə Ermənistanın müstəqil bir dövlət olaraq meydana çıxdıqdan sonra yürütməyə çalışdığı siyasətin portretini yaradır:
“Niyə demirsən “Qarabağ Ermənistandır”. Qorxursan, qorxacaqsan. Bəs, Azərbaycan xalqını təhqir edəndə, “Qarabağ Ermənistandır və nöqtə” deyəndə niyə belə cəsarətli idin? Kimə güvənirdin? Kimə arxalanırdın? Bilmirdinmi ki, gün gələcək bu əməllərə görə cavab verəcəksən. Bu gün gəlibdir və gəlir. Şuşaya Livandan, başqa ölkələrdən erməniləri gətirib məskunlaşdırmaq hərbi cinayətdir, Cenevrə Konvensiyasına ziddir. Nümayişkaranə bunu edirlər, televiziyada göstərirlər, necə ki, ermənilər gəliblər bizim qədim torpağımızda yaşamağa, işləməyə. İndi baxım görüm kim gələcək Şuşaya məskunlaşmağa. Cəbrayıla yeni yol çəkirdin Ermənistandan. Nə üçün? O bölgəni, Arazboyu bölgəmizi qanunsuz yollarla zəbt edib, ondan sonra orada erməniləri məskunlaşdırmaq üçün? Bizi fakt qarşısında qoymaq istəyirdin. Ermənistanda əhali az olduğu üçün xaricdən erməniləri müxtəlif yollarla, o cümlədən onları aldadaraq gətirib orada məskunlaşdırmaq nə məqsədi daşıyırdı? Bizim tarixi torpaqlarımızı əbədi işğal altında saxlamaq, əbədi işğalı təmin etmək və bizim torpaqlarımızı erməniləşdirmək məqsədi? Baxın, onlar Füzuliyə hansısa bir eybəcər ad veriblər. Bu ad sizin başınıza dəysin. Bu ad cəhənnəmə getsin. Bu ad yoxdur artıq. Madagiz adı da yoxdur – Suqovuşandır. Biz başqa tarixi adlarımızı da bərpa edəcəyik. Şuşaya dırnaqarası qurumun parlamentini köçürürdün bəs. Get köçür, görüm necə köçürəcəksən! O saxta, quldur dəstə başçısının “andiçmə mərasimi”nin keçirildiyi yer nə gündə olub. Darmadağın etmişik oranı, darmadağın. Yeddi şərt qoyurdun bizim qarşımızda. Ultimatumla danışırdın. İndi görüm, hansı şərti qoyursan. Nə oldu bəs? Onun-bunun ətəyindən yapışıb, onun-bunun ayağının altına yıxılıb imdad diləyirsən ki, Azərbaycanı durdurun. Azərbaycana deyin ki, daha dayansın. Çıx torpağımızdan dayanaq. Rədd ol torpağımızdan dayanaq. Mən bunu demişəm, gizlətmirəm. Azərbaycan xalqı da bunu bilir, beynəlxalq aləm də bunu deyir. Hər gün bunu deyirəm, çıx de ki, sabah mən buradan çıxıram, dayanırıq. Bizə qan tökmək lazım deyil. Bizə torpaq lazımdır. Biz bu torpağı istənilən yolla alacağıq. Hər kəs bunu bilsin. Artıq son günlərin tarixi bunu göstərir”.
Azərbaycan Prezidenti erməni xalqının da öz gələcəyi naminə nələr etməli olduğunu göstərmişdir:
“Azərbaycan xalqını təhqir etmək sizə çox baha başa gəlir, Ermənistan rəhbərliyi, çox baha başa gəlir. Ermənistan əhalisi, nəhayət bu kriminal rejimin başçılarını məsuliyyətə cəlb etməlidir. Artıq Ermənistanda hərbi komissarlıqlarda mitinqlər təşkil edilir, analar yolları kəsir, qoymurlar ki, uşaqları getsin başqa ölkənin torpağında ölsün. Mən də erməni xalqına müraciət etmişdim və bir daha müraciət edirəm: Qoymayın uşaqlarınızı! Nə işi var onların bizim torpağımızda? Öz ölkənizdə yaşayın. Bizim sizinlə heç bir işimiz yoxdur. Gedin yaşayın öz ölkənizdə, nə edirsiniz edin, amma bizim torpaqdan çıxın. Əminəm ki, erməni xalqı da öz cinayətkar xunta rejimi başçılarını məsuliyyətə cəlb edəcək. Biz isə haqq yolundayıq, ədalət yolundayıq. Biz haqlıyıq, biz öz torpağımızda vuruşuruq, öz torpağımızda şəhidlər veririk. Bizim savaşımız müqəddəs savaşdır!”
Aşağıdakı sözlərə gəldikdə isə, heç şübhəsiz, böyük milli tarixi dəyər daşımaqdadır:
“Biz döyüş meydanında gücümüzü göstərdik, həm düşmənə, həm də bütün dünyaya. Döyüş meydanında göstərdiyimiz güc və onun mənbəyi Azərbaycan xalqının iradəsidir, Azərbaycan xalqının istedadıdır və bizim əldə etdiyimiz uğurlardır.
Bir daha demək istəyirəm ki, biz xoşbəxt insanıq, bizim nəslimiz xoşbəxtdir ki, bu sevincli günləri görə bilirik. Mən özümü xoşbəxt insan hesab edirəm ki, bu sevincli xəbərləri doğma xalqıma çatdırıram. Ali Baş Komandan kimi bütün işlərə rəhbərlik edirəm və Azərbaycan xalqını əmin etmək istəyirəm ki, bundan sonra da öz fəaliyyətimdə ölkəmizin, xalqımızın milli maraqlarını qorumaq üçün əlimdən gələni əsirgəməyəcəyəm. Heç bir təhdid, heç bir hədə, heç bir təzyiq mənim iradəmə təsir edə bilməz. Bizim işimiz haqq işidir. Biz öz torpağımızda vuruşuruq, öz ərazi bütövlüyümüzü bərpa edirik.
Yaşasın Azərbaycan Ordusu! Yaşasın Azərbaycan xalqı! Qarabağ Azərbaycandır!”
* * *
Xalqa oktyabrın 20-dəki müraciətində Azərbaycan Prezidenti söhbətə yenidən erməni faşistlərinin yaşayış məntəqələrini, mülki əhalini hədəfə almaqda davam etdiklərini göstərdi. Və izah etdi ki, bütün bunlar döyüş meydanında məğlub olan düşmənin vurnuxması, canını qurtarmaq üçün çıxış yolları axtarması, özünü daha da çıxılmaz vəziyyətlərə salmasıdır.
Prezident daha sonra dedi:
“Biz böyük səylər göstərdik, BMT Baş Assambleyası, Qoşulmama Hərəkatı, Avropa Şurası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, digər təşkilatlar qətnamə qəbul etdi. Avropa İttifaqı ilə bizim aramızda paraflanmış sənəddə də sərhədlərimizin toxunulmazlığına, suverenliyimizə və ölkəmizin ərazi bütövlüyünə dəstək göstərilir. Yəni, budur bu münaqişənin həlli üçün əsas. Ona görə bu gün artıq özünü lap dilənçi kimi, lap düşük kimi, – bağışlayın, ifadəmə görə, amma onlar hər bir ifadəyə layiqdirlər, – aparan Ermənistan rəhbərliyi gecə-gündüz bütün beynəlxalq təşkilatlara zəng edir, məktublar göndərir, bəyanatlar verir ki, niyə, səsinizi çıxarmırsınız? Onlar necə səsini çıxara bilərlər? Onlar artıq bu qətnamələri, bu qərarları qəbul ediblər və Azərbaycan döyüş əməliyyatını beynəlxalq birlik tərəfindən tanınan öz ərazisində keçirir. Biz Ermənistan ərazisində hər hansı bir əməliyyat keçirmirik, – bizim belə planlarımız yoxdur, – baxmayaraq ki, onlar Gəncəni Ermənistan ərazisindən iki dəfə bombalamışdılar. Biz cavab vermədik onların yolu ilə. Biz döyüş meydanında cavab verdik. Mən bildirmişdim ki, biz onların intiqamını döyüş meydanında alacağıq və alırıq. Biz şəhidlərimizin qanını yerdə qoymayacağıq və qoymuruq. Bax, beynəlxalq təşkilatlarda bizim fəaliyyətimizin əsas məqsədi o idi ki, bu hüquqi baza təkmil olsun, genişlənsin və biz buna nail ola bildik”.
Azərbaycan Prezidentinin erməni mifi, erməni yalanı barədə dedikləri konkret müşahidələrin, təhlillərin elə bir ümumiləşdirilmiş ifadəsidir ki, heç bir halda təkzib etmək mümkün deyil:
“Onların hər bir sözü yalandır. Bu gün də onların dövlətinin rəhbərləri gecə-gündüz yalan, uydurma yayırlar Azərbaycan haqqında, döyüş meydanında baş verən hadisələr haqqında. Sanki kimsə gəlib bizim əvəzimizə vuruşur. Azərbaycan xalqı, Azərbaycan gəncləri, Azərbaycan əsgəri onlara dərs verir. Təkbaşına vuruşuruq, hər kəs bunu bilir. Amma özlərinə sığışdıra bilmirlər, çünki miflər dağılır, miflər onların ideologiyasının əsasdır. Tarix haqqında yalan. Əfsuslar olsun ki, onu da indi bir çox ölkələrə qəbul etdirə biliblər, tarixi yalanı. Xocalı haqqında yalan, guya ki, Azərbaycan özü Xocalı soyqırımını törədib. Gəncənin bombalanması haqqında onların rəsmi nümayəndələri yalan bəyanat veriblər ki, Ermənistan bu raket atəşini təşkil etməyib. Nə vicdan var, nə əxlaq var, nə mənəviyyat var. Ağıl da yoxdur. Ağıl olsaydı deyərdilər ki, baxın, bu ballistik raketin start nöqtəsi və atış istiqaməti dünyada aparıcı ölkələr tərəfindən izlənilir, haradan atılıb, hara dəyib. Ballistik raketlərə döyüş tapşırığı verilir. O təsadüfən o yaşayış massivinə düşməmişdir. Gecə vaxtı, qəsdən. Amma ağıllarını itiriblər, guya, dünyanı aldatmağa davam edirlər ki, bəs kim atıb Gəncəyə bu raketi? Biz özümüzə atmışıq? Necə ki, yalan danışırdılar, Azərbaycan özü Xocalı soyqırımını törədib, indi də yalan danışırlar. Bütün dünyaya yalan danışır, bütün müsahibələrdə yalan danışır. Bu yalançıları biz bundan sonra da qovacağıq. Onlar gördülər ki, kim kimdir. Gördülər ki, biz onlara elə dərs veririk ki, bu dərsi heç vaxt unutmayacaqlar. İndi isə imdad diləyirlər. Ona-buna zəng edirlər, kömək edin, kömək edin!”
Prezidentin müraciətlərində riayət olunan bir cəhət da verilən informasiyaların dəqiqliyi, obyektivliyi ilə yanaşı, müharibə şəraitinin zəruri tələblərinin gözlənilməsidir:
“Gün gələcək, bu haqda geniş məlumat veriləcəkdir. Əminəm, Azərbaycan xalqı yaxşı başa düşür ki, bu gün nəyi demək mümkündürsə onu deyirik. Çünki döyüşlər gedir və biz istəyirik ki, tezliklə bu döyüşlər başa çatsın, tezliklə ərazi bütövlüyümüz bərpa edilsin. Ona görə hesab edirəm ki, Azərbaycan ictimaiyyətinə verilən məlumat və məlumatın həcmi tam kifayətdir”.
Prezident çıxışının sonunda dedi:
“Əziz xalqım, əziz zəngilanlılar, füzulilər, xocavəndlilər, cəbrayıllılar və işğal edilmiş digər rayonların sakinləri, biz öz missiyamızı yerinə yetiririk. Düşmənə layiqli cavab veririk. Düşməni cəzalandırırıq. Düşmən bizim qarşımızda acizdir. Düşmənin belini qırırıq, qıracağıq!
Qarabağ bizimdir! Yaşasın Azərbaycan! Eşq olsun Azərbaycan xalqına!”
* * *
Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Azərbaycan xalqına noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi münasibətilə müraciəti xüsusi tarixi əhəmiyyət daşıyırdı və birbaşa Şəhidlər xiyabanından edildi:
“Əziz həmvətənlər, əziz bacılar və qardaşlar!
Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bütün şuşalıları ürəkdən təbrik edirəm.
İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür! Bu qələbəni biz döyüş meydanında qazandıq, danışıqlar masası arxasında yox”.
Prezident dedi:
“Şuşa 28 il yarım işğal altında idi. Şuşanın Azərbaycan tarixində xüsusi yeri vardır. Bu, bizim qədim, tarixi şəhərimizdir. Əsrlərboyu azərbaycanlılar Şuşada yaşayıb, qurub, yaradıb. Şuşa nəinki Azərbaycanın, bütün Qafqazın incisidir. Ancaq mənfur düşmən Şuşanı işğal altında saxlamaqla bizim mədəni irsimizə böyük zərbə vurdu, bizim tarixi abidələrimizi dağıtdı, bizim məscidlərimizi dağıtdı, təhqir etdi. Biz indi Şuşaya qayıtmışıq. Bütün tarixi abidələrimizi bərpa edəcəyik, bütün məscidləri bərpa edəcəyik, 28 ildən sonra Şuşada yenə də azan səsi eşidiləcəkdir. Bir neçə il bundan əvvəl – 2016-cı ilin Aprel döyüşlərindən sonra işğaldan azad edilmiş Cocuq Mərcanlı qəsəbəsində mənim göstərişimlə tikilmiş məscidin açılışında bəyan etmişdim ki, bu məscid Şuşa məscidinin bənzəridir, ölçülərinə, memarlıq üslubuna görə eynidir. Demişdim ki, gün gələcək biz Şuşa şəhərində erməni vandalları tərəfindən dağıdılmış məscidlərimizi bərpa edəcəyik və bu gün gəlir. Bu gün Azərbaycan bayrağı Şuşada dalğalanır. Bu gün bütün Azərbaycan xalqı qürur hissi ilə bu xoş xəbəri qarşılayır”.
Azərbaycan Prezidenti xalqa müraciətində düşmən üzərindəki Qələbənin əsas amillərini kifayət qədər müfəssəl təhlil etdi ki, həmin amillər bunlardan ibarətdir:
1) iqtisadi güc;
2) milli birlik;
3) beynəlxalq səviyyədəki uğurlar;
4) ordu quruculuğu.
Sonra dedi:
“Bax, belə ordu yaratmışıq biz! Deyirdik işğalçılara, deyirdik, düz yola gəlin, işğala son qoyun, hələ ki, gec deyil. Ona görə bizim bütün dövrlərdəki siyasətimiz birmənalı olub. Demişik ki, əgər məsələ sülh yolu ilə öz həllini tapmasa, hərbi yolla məsələni həll edəcəyik. Mən bunu dəfələrlə demişəm. Buna görə də tənqid olunmuşam bəzi ölkələr tərəfindən. Mən demişəm ki, bəs bizim torpaqlarımız məgər hərbi yolla zəbt edilməyibmi? Ermənistan bizim torpaqlarımızı sülh yolu iləmi zəbt edib? Hər bir ölkənin özünümüdafiə hüququ var. Bu hüququ bizə BMT Nizamnaməsi verir. Mən demişdim, əgər görsəm ki, danışıqlar artıq tamamilə səmərəsizdir, bizim başqa yolumuz qalmayacaq. Bunu hamı bilsin – düşmən, onun havadarları və bu məsələ ilə məşğul olan vasitəçilər. Həmişə sözümün üstündə durmuşam. Azərbaycan xalqına nə demişəmsə, onu da etmişəm. Bu məsələdə də sözümün üstündə durdum və artıq biz Qələbəni qeyd edirik”.
Qarabağın tacı olan Şuşanın əsarətdən azad olunması, əslində, düşmənin məğlub edilməsi, qırx dörd gün davam edən müharibənin bitməsi demək idi. Odur ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan budəfəki müraciətini Azərbaycan xalqı üçün müqəddəs olan bir məkandan etmişdi:
“Əziz bacılar və qardaşlar, bu gün bu müjdəni mən burada – Şəhidlər xiyabanında doğma xalqıma verirəm. Bu, təsadüfi deyil. Bu, təbiidir. Bu gün şəhidlərimizin ruhu qarşısında bir daha baş əyirəm. Bu gün bəyan edirəm ki, şəhidlərimizin qanı yerdə qalmır. Erməni vəhşiliyinin qurbanlarının, Xocalı qurbanlarının qanı yerdə qalmır. İntiqamımızı döyüş meydanında aldıq. Biz mülki vətəndaşlara qarşı heç vaxt müharibə aparmamışıq, bu dəfə də aparmamışıq. Baxmayaraq ki, mənfur düşmən 93 mülki şəxsi namərd atəşlə öldürüb, 400-dən çox mülki şəxs yaralanıb. Amma mən dedim yox, biz azərbaycanlıyıq! Biz intiqamımızı döyüş meydanında alacağıq və alırıq! Onların ordusunu məhv etmişik, texnikasını məhv etmişik, məhv edirik və edəcəyik. Düşməni qovuruq və qovacağıq!
Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!”
Azərbaycan Prezidentinin dediyi aşağıdakı sözlər belə bir faktı təsdiq edir ki, müharibənin gedişi günlərində Prezidentin xalqa müraciətlərini xalqın onun tarixi arzusunu qəhrəmanlıqla həyata keçirməkdə olan Prezidentə, Müzəffər Ali Baş Komandana kütləvi müraciətləri müşayiət etmişdir:
“Mən bu günlərdə dünya azərbaycanlılarından və Azərbaycanda yaşayan insanlardan minlərlə məktub alıram. Hər gün minlərlə məktub. Sadəcə olaraq, heyfsilənirəm ki, bütün bu məktubları oxuya bilmirəm. Sadəcə olaraq, vaxt çatmır. Nə qədər gözəl sözlər, nə qədər böyük dəstək göstərilir. Bu gün biz bir daha bütün dünyaya sübut edirik ki, biz böyük xalqıq, biz məğrur xalqıq! Biz yenilməz xalqıq! Biz döyüş meydanında düşmənə yerini göstəririk!”
Bu sözlər isə Azərbaycan tarixində Səfəvilər dövründən sonra ölkəmizin ərazi bütövlüyünü təmin etmiş yeganə dövlət başçısının sözləridir. Və bu sözlərdə ifadə olunan çoxlu mənaların əsası odur ki, xalq-iqtidar birliyi Azərbaycanın yeni tarixini yaradır:
“Bu günlərdə dəfələrlə Azərbaycan xalqına müraciət edərək düşmənə yumruq göstərmişdim, yumruq göstərmişdim. Demişdim ki, bu yumruq elə belə yumruq deyil. Bu, dəmir yumruqdur. Bu dəmir yumruqla düşmənin başını əzirik və əzəcəyik! Eyni zamanda, bu yumruq birliyimizin rəmzidir. Bax, bu gün Azərbaycan xalqı bu yumruq kimi birləşib! Həmişə belə olacaq! Bu birlik əbədi olacaq! Bu birlik bizə gələcəkdə də bütün vəzifələri icra etmək üçün imkan yaradacaq. Mən bütün bu illər ərzində – 17 il ərzində Azərbaycan xalqının dəstəyini hiss etmişəm, görmüşəm, inamını, mənə olan xoş münasibəti görmüşəm. Bu, mənə güc verir. Bu, mənim siyasətim üçün əvəzolunmaz dəstəkdir. Həmişə Azərbaycan xalqını əmin edirdim ki, mən Vətənə, doğma xalqıma ləyaqətlə, sədaqətlə xidmət edəcəyəm. Şadam ki, sözümün üstündə durmuşam. Həmişə olduğu kimi, sözümə sadiq olmuşam.
Bu tarixi bir gündə Azərbaycan xalqına bu müjdəni vermək mənim həyatımda bəlkə də ən xoşbəxt günlərimdən biridir.
Əziz Şuşa, sən azadsan!
Əziz Şuşa, biz qayıtmışıq!
Əziz Şuşa, biz səni dirçəldəcəyik!
Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”
* * *
Azərbaycan Prezidenti bundan sonra xalqa daha dörd dəfə müraciət etməli oldu. Noyabrın 10-da “Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyası Prezidentinin Bəyanatı” ilə xalqı tanış edib dedi ki, Ermənistanın hərbi kapitulyasiya aktı olan bu sənədə Azərbaycan Prezidenti fəxrlə, qürurla, Ermənistanın baş naziri isə hansısa künc-bucaqda şərəfsizliklə imza atır. Azərbaycan Prezidenti 20 noyabr tarixli müraciətində Ağdamın, 25 noyabr tarixli müraciətində Kəlbəcərin, 1 dekabr tarixli müraciətində isə Laçının bir güllə atılmadan işğaldan azad olunduğunun müjdəsini verdi.
Prezidentin xalqa müharibədən sonrakı müraciətləri müharibə günlərindəki müraciətlərinin ideya-məzmunca bilavasitə davamı olduğuna görə dil-üslub texnologiyaları baxımından da yaxındır ki, buraya əsasən aşağıdakılar daxildir:
a) təcavüzkarın iç üzünü açan, onu ifşa və mənən-ruhən məhv edən dil-ifadə texnologiyaları;
b) milli iradəni gücləndirən, tarixi özünüdərk imkanlarını yüksəldən, müasir özünütəsdiq imkanlarını genişləndirən dil-ifadə texnologiyaları;
c) analitik-siyasi, hər bir mühakiməsi möhkəm tarixi yaddaşa, məntiqi-diplomatik təhlilə əsaslanan, sistemli olduğu qədər də səmimi dil-ifadə texnologiyaları.
Ümumən, bu dil, bütün maneələrə rəğmən Əlahəzrət Həqiqəti yarımçıq yox, sonacan demiş dildir!..
Və cəsarətlə demək olar ki, Prezidentin silsilə müraciətləri, bir tərəfdən, ən yeni dövr Azərbaycan tarixinin ən mötəbər mənbələri, digər tərəfdən, müasir Azərbaycan dilinin ən mükəmməl nitq abidələridir ki, milli mütəşəkkillik ruhunun ən dərin qatlarından gəlir.
Rəşad Məcid, yaxud ürəyi dünya qədər genişliyin metafizikası Əgər akademik İsa Həbibbəyli bütün tərəflərilə, həqiqətən, dəyərli olan «Bütün yönləri ilə yaradıcı» məqaləsini çap etdirməsəydi, yəqin ki, mən Rəşad Məcid haqqında yazmağı hələ beş-on il də gecikdirəcəkdim… Neçə illərdir hər Rəşadı görüb onu hansısa yaradıcılıq uğuru münasibətilə təbrik edəndə əlavə eləyirəm ki, «Rəşad, gərək sənin bu möhtəşəm xidmətlərin barədə yazam”… O da özünəməxsus səmimi (və yumorlu) bir təbəssümlə, təvazökarlıqla söhbəti belə yekunlaşdırır ki, «bax da, professor». Ancaq akademik İsa Həbibbəylinin geniş həcmli (monoqrafik) məqaləsi çap olunandan, hətta ayrıca kitab şəklində çıxandan sonra Rəşad həmin səmimi (və yumorlu) təbəssümü saxlasa da, təvazökarlıq məsələsində çox da dərinə getməyib cəsarətlə dedi ki, «professor, o boyda akademik yazandan sonra da hələ fikirləşirsən…” Dedim ki, «Rəşad, oxudum, vallah, akademik elə yazıb, sənin yaradıcılığını elə təhlil edib ki, mənə bir söz qalmayıb, qorxuram bundan sonra heç yazası olmayam…» Dedim… Ancaq elə o andaca düşündüm ki, ürəyi dünya qədər geniş bu yazıçı, jurnalist, ictimai xadim (və ziyalı!) barəsində həmişə yazmaq (və düşünmək!) üçün nə qədər istəsən material var. Hər şeydən əvvəl ona görə ki, Rəşad Məcid, İsa Həbibbəylinin dəqiq ifadəsilə desək, «müstəqillik dövrü Azərbaycan ziyalılığının fəal vətəndaşlıq mövqeyi, aydın milli düşüncəsi, açıq və yetkin təfəkkürü» olan nümayəndəsidir. Və bu, o deməkdir ki, Rəşad Məcidin şəxsində (timsalında!) təzahür edən çoxmiqyaslı (və çoxşaxəli) istedad, yaradıcılıq enerjisi yalnız bir nəfərə məxsus, fərdi, subyektiv (və «qapalı», mücərrəd) bir hadisə deyil, bütövlükdə, bütün ictimai mütəvazeliyi ilə mənsub olduğu xalqa, cəmiyyətə məxsusdur… Mən Rəşadın «bütün yönlərilə yaradıcı» olmağının səbəbini, mənbəyini (metafizikasını!) , təkrar- təkrar deyə bilərəm ki, Tanrının ona səxavətlə bağışladığı dünya qədər geniş ürəyində görürəm!.. Heç bir şübhə etmirəm ki, Rəşad Məcidin həm yaradıcılığında, həm də geniş ictimai fəaliyyətində (əslində, bu da yaradıcılıqdır) qazandığı nə uğurlar varsa, Tanrıdan gəlir. Və deyəsən, bu, hərdən bir özünə də əyan olur… Olsun ki, şeiri Allah adama Yaşadıb ömründə tufan yazdırır. Birinə «Məsnəvi», birinə «Xəmsə», Birinə sevgidən roman yazdırır. *** …Mənə də lütf edib öz kərəmini, Yenidən yolladı öz qələmini. Yaşlı gözlərimin silib nəmini, Oturdub diz üstə dastan yazdırır. *** Tanıdım üzünü, duydum rəngini, Hiss etdim göylərin bu ahəngini. Ard- arda düzülən söz çələngini, Özüm yazmıram ki, yazan yazdırır. Mən Rəşadı kifayət qədər gənc yaşlarından tanıyıram. Və onu həmişə istedadlı, ziyalı, yaradıcı insanlar arasında, elə gənc yaşlarından «ağsaqqal», nüfuzlu, sözünə, şəxsiyyətinə hörmət edilən görmüşəm… Onu az və ya çox tanıyanların hamısı yaxşı bilirdi ki, Rəşad bu dünyaya təmiz, müqəddəs və insanı «uyqudan bidar» (M.Füzuli) edən sözün arxasınca gəlib… O illərdə Rəşad Məcidin sözü hələ ağ işıq kimi bütöv idi, ancaq çox keçmədi ki, tamamilə təbii olaraq, öz spektrlərinə ayrıldı. Və Rəşad ömrü boyu davam edəcək «söz oyunu»na girdi… Özü demiş… Başlayanda macəradı, Dəcəllikdi, zarafatdı. Bir də gördün ciddiləşdi, Yaxın gəldi addım- addım – söz oyunu. *** … Qaydası yox, düsturu yox, Yüz yerə aparar səni. Orbitindən aralayıb Oxundan qoparar səni söz oyunu. *** Kimində qulaqda bitər, Kimində yataqda bitər. Çox dalsan dərinliyinə Bu qara torpaqda bitər söz oyunu. Rəşad Məcid ilk gəncliyindən bu dünyada nə iş görübsə ürəklə görüb, nə «oyun» oynayıbsa ürəklə oynayıb. Qələbəsi, uğuru da ürəkdən gəlib, haradasa «məğlubiyyət»i, «uğursuzluğ»u da… Hətta «peşimançılığ»ı da… Bilməzdim bu qədər ağrı verəcək, Hər təzə misrası üzəcək məni, Yolumu daşlığa sarı döndərib, Bu qədər incidib əzəcək məni… Bilsəydim, yazmazdım bu şeirləri. *** Mən dedim, yazdıqca unutduracaq, Köhnə ağrıları, əski dərdləri.- Bağrımın başında qalayıb ocaq, Yenidən yaşatdı məşəqqətləri… Bilsəydim, yazmazdım bu şeirləri. *** Ağrılar, əzablar ac quzğun kimi, Boynuma uzatdı caynaqlarını. Vurduğun yaralar sağalmamışkən, Yenidən qopardı qaysaqlarını… Bilsəydim, yazmazdım bu şeirləri. Rəşadın şeirlərində ən çox işlədilən bir söz var, o da «ürək»di, hətta bu sözü işlətmədiyi şeirlərində, hekayələrində, məqalələrində, müsahibələrində də bir ideya var – o da ürək yanğısıdı… İlişib bir küncdə qalan fikrimin, Düşünüb, daşınıb sirrini tapdım. Dəyişən halımın səbəbin gəzdim, Yüz səbəb içindən birini tapdım. *** Bildim bahar gəlib yenə payızda, Duyğum çiçək açdı cansız kağızda. Çoxları üzərkən hələ dayazda, Yaxşı ki, adlayıb dərini tapdım. *** Şırıltı duyulur mürgülü qandan, Ayılır yuxudan, açılır dondan, Beş ildi xəbərim yoxuydu ondan, İtmiş ürəyimin yerini tapdım. Rəşadın ürəyinin dünya qədər genişliyinin birinci göstəricisi onun qeyri- adi həssaslığıdır ki, bu keyfiyyət özünü ən bəsit məişət məsələlərindən başlayıb ən mürəkkəb sosial- siyasi, ideoloji proseslərə münasibətə qədər davam edir. Qeyri-adi (və çoxmiqyaslı) həssaslıq Rəşad Məcidin təbiətən səmimiliyində, ünsiyyətcilliyində, dostlar arasında mütəvaze (və xarizmatik) liderliyində bütün aydınlığı ilə təzahür edir. Adətən, daxilən zəngin, intellektual insanlar bir az qapalı, eqoist olurlar, mümkün qədər çalışırlar ki, öz daxili mənəvi-intellektual enerjilərini, zənginliklərini hara gəldi sərf eləməsinlər. Və belə insanlar, bir qayda olaraq, hisslərini, düşüncələrini, mülahizələrini cəmiyyətə ünvanlı bir şəkildə, başqa sözlə, yazıb nəşr etdirərək çatdırmaq istəyir, «müəlliflik hüququ»nu qısqanclıqla qoruyurlar. Hətta hisslərinin müəllifliyini belə… Yəni mən keçirdiyim sevinci heç kim keçirməsin, mən çəkən dərdi heç kim çəkməsin… Bu baxımdan Rəşad kənardan olduqca paradoksal görünə bilər… Çünki o nə qədər daxili dünyasının sakinidirsə, o qədər də cəmiyyət (məclis!) adamıdır. Və sayını-hesabını itirdiyimi çoxlu, eyni zamanda çox müxtəlif səviyyəli görüşlərimizdə Rəşadı bir dəfə də olsun nəinki darıxan, özünü camaatdan təcrid edən, heç belə bir fikrə düşən də görməmişəm… Əksinə, dərin (və həssas!) məntiqi, zərif yumoru, təmkinli, rahat, şövqlü səsi, sirayətedici, işıqlı təbəssümü ilə məclisə, məclisdəkilərin münasibətlərinə sözün böyük mənasında ton verən Rəşadı bircə dəfə görüb dinləyən, inanmıram ki, onun suqqestiv obrazını nə vaxtsa unuda bilsin. Heç yadımdan çıxmaz ki, Antalyada, «Dialoq Avrasiya»nın kifayət qədər mötəbər bir toplantısında idik. Toplantı beynəlxalq dialoqda medianın xidmətlərinə həsr olunduğundan dünyanın müxtəlif ölkələrindən çoxlu jurnalistlər, mətbuat işçiləri gəlmişdilər. Azərbaycandan olan biz «dialoqçu»lar belə qərara gəldik ki, çoxşaxəli (və çoxmiqyaslı) «fəaliyyətlər»imizi koordinasiya etmək üçün özümüzə bir «ağsaqqal» seçək. Belə də oldu… Hamımızın çox hörmət elədiyi, nüfuzlu, intellektual (ancaq təşkilatçılıq qabiliyyəti o qədər də böyük olmayan, həddindən artıq demokratik, insanpərvər və ürəyi yumşaq!) bir dostumuzu «ağsaqqal» seçdik. Səhərisi gün bir yerə yığışanda «ağsaqqal» öz işi ilə məşğul olmaq, rəhbərlik missiyasını həyata keçirmək əvəzinə dedi ki, «Rəşad, Rusiyadan gəlmiş bir məşhur xanım jurnalistlə tanış oldum, xeyli səmimi söhbət elədik…» Rəşad zahiri bir laqeydliklə soruşdu: «Bu səhər liftin qabağında söhbət elədiyiniz xanımı deyirsiz?» Yəni ki, geniş izahata ehtiyac yoxdur, xəbərim var, görmüşəm… «Ağsaqqal» onun müvəffəqiyyətinə bu qədər diqqətsiz yanaşıldığına dözməyib «yox, əşi, bu tamam başqasıydı» deyəndə Rəşad məsələyə öz münasibətini elə bildirdi ki, hamımızın yaddaşına əbədi həkk olundu: «Ağsaqqal, siz əməlli-başlı məişət pozğunu imişsiniz ki…» Bu sözdən sonra «ağsaqqal» ha çalışdısa özünün bizim üzərimizdəki beş-altı gün davam edəcək halal hakimiyyətini heç formal olaraq da bərpa eləyə bilmədi. Çünki Rəşadın son sözü bizlə bir yerdə «yazdığı» bir şeirin, yaxud hekayənin son misrası, və ya son cümləsi idi… Həssaslıq həm də həyatın insan qarşısına qoyduğu hər cür suallara cavab axtarmaqdır… Hətta cavabını verə bilməyəcəyinə əvvəlcədən əmin olduqlarımıza da… Zamanında döyülmədi dəmirin, Hələ çox su aparacaq xəmirin. Topalaşıb məni qurdtək gəmirir, Cavabını tapmadığım suallar. *** Biri sönmür, mayak kimi hey yanır, Üçü burda, beşi orda oyanır. Gah divandan, gah mətbəxdən boylanır, Cavabını tapmadığım suallar. *** Düşünməkdən yağmalandım, talandım, – Bəlkə, elə uydurmadı, yalandı? Belə getsə axirətə qalandı, Cavabını tapmadığım suallar. Rəşadın ürəyinin dünya qədər genişliyinin ikinci göstəricisi onun yaradıcılığının (istedadının!) çoxşaxəliliyidir ki, İsa Həbibbəyli öz məqaləsində məsələnin bu tərəfini təfsilatı ilə təhlil etsə də, fikrimcə müəyyən mənada, polemikaya da yer qoymuşdur… İsa müəllim yazır: «Çoxcəhətli yaradıcılıq fəaliyyətinə malik olan, şeir də, hekayə də yazan, publisistik məqalələrini də, ədəbi- tənqidi yazılarını və müsahibələrini də geniş ictimaiyyətə təqdim edən Rəşad Məcidin fəaliyyətində ən uzunömürlü sahə publisistikadır». Ancaq mən düşünürəm ki, Rəşad Məcid peşəkar publisist kimi formalaşana qədər artıq istedadlı bir şair olaraq tanınırdı, özü də yaxşı tanınırdı… Poeziya meydanında kifayət qədər ustalıqla söz oynadırdı. Və xeyir-duasını da Hüseyn Hüseynzadə (Arif) vermişdi… Lakin təəssüf ki, «onun, demək olar ki, ədəbiyyatşünaslıq elminin diqqətindən kənarda qalmış lirikası bir şair olaraq Rəşad Məcidin şeir yaradıcılığı haqqında konkret, sistemli və ümumiləşmiş elmi söz demək üçün meydan açır. Nəhayət, Rəşad Məcidin şeir yaradıcılığı müstəqillik ərəfəsinin və yeni dövrün (müstəqillik dövrünün –N.C.) Azərbaycan poeziyasındakı inkişaf proseslərini izləmək, təhlil etmək, nəticələr çıxarmaq baxımından da əhəmiyyətlidir» (İsa Həbibbəyli). Mən inanmıram ki, Rəşad Məcidin poeziyasının ideya-estetik və poetexnoloji məzmun-mahiyyətini kimsə hələ bundan neçə illər sonra da İsa Həbibbəyli qədər dəqiqliklə, peşəkarlıqla (və həm özünəməxsus, həm də Rəşada layiq ürək genişliyilə!) aşağıdakı kimi interpretasiya edə bilsin: «…Rəşad Məcid üçün şeir «bir dolu ürəyin püskürmə çağı»dır, «dikəlib asfaltı deşən bənövşə»dir, «sinədə boğmaq olmayan bir qəfil hönkürtü» kimi təbii proseslərin nəticəsində yaranmış bədii düşüncənin ifadəsidir. Rəşad Məcidin lirikası içərisində olduğu cəmiyyətlə və doğma təbiətlə birgə nəfəs alan cavan bir qəlbin həyata şairanə şəkildə vurğunluğudur. Onun şeirlərində dünya da, Vətən də, ictimai motivlər də, milli duyğular da, sevgi də, təbiət də, tale də öz şeiriyyətini təqdim edir. Mövzusundan asılı olmayaraq, Rəşad Məcidin şeirləri daşdan süzülüb keçən bulaq suyu qədər saf, təmiz və təbiidir…» Bu su bu daşdan keçincə, Nə çəkir, Allah bilir. Daş çəkir suyun, Şəhdini-şirəsini. Ən iri damcı da Əzilir, didilir. Bu su bu daşdan keçincə Nə çəkir, Allah bilir… Rəşad Məcid «təpədən dırnağa» şair olmasaydı bu qədər səmimi publisist olmazdı… Ola bilməzdi!.. Rəşadın ürəyinin dünya qədər genişliyinin üçüncü göstəricisi özünü təbiətinin (və yaradıcılığının) hər cür regionçuluqdan uzaq ümummilliliyində (və ümumbəşəriliyində!) göstərir… Əsli-kökü etibarilə Qarabağdan olması, bu gün uğrunda bütün varlığımızla (həm maddi, həm də mənəvi!) mübarizə apardığımız bu müqəddəs torpaqda doğulub boya- başa çatması Rəşadın daxili aləmini, elitar ailə tərbiyəsini (və geniş mənada, təbiətini), böyük-kiçik yerini bilməsini, qandan-gendən gələn aristokratlığını təmin edən mənbə-amillərin ən mükəmməli, ən mötəbəridir. Çox gənc yaşlarında atasına müraciətən yazdığı bir şeiri var… Qəlbimiz bir olub, ürəyimiz bir, Mənim kədərimə hər an yanmısan. Mənim uğuruma özümlə birgə, Duymuşam, şadlanıb qanadlanmısan. *** …Ömrüm apaydındı qarşında sənin, Yaxşımı, pisimi görmüsən, ata. Bəzən təsəlliyə möhtac olmusan, Mənəsə təsəlli vermisən, ata. *** …Büdrəsəm, sızlayar yaran, bilirəm, Ümid doğrulmasa, yaşamaq çətin. Oğulluq adını haram bilərəm, Əgər ucaltmasam başını sənin. Rəşad atasının oğludur… Ona görə də doğma yurdun düşmən əlində olması onu körpə uşaq kimi kövrəldib ağlada bilər… Bu qədər ağrını, bu qədər dərdi, Sıxıb ürəyimdə saxlamamışdım. Camaat içində, adam içində, Bu qədər kövrəlib ağlamamışdım. *** Sən, dostum, Ağdamdan danışma mənə, Sən də heç Laçından, Şuşadan demə. Məni yandıracaq xatirələri, Sakitcə pıçılda, ucadan demə. *** Mən indi o qədər kövrək, həssasam, Gözümün suyundan pas tutasıyam. Təkcə torpağa yox, təkcə elə yox, Hətta hisslərə də yas tutasıyam. «Cıdır düzü» deyəndə Rəşadın ürəyi qanayırmış… Hələ çox gənc ikən… Dərədə möcüzə, dağda möcüzə, Torpağa bu qədər vurulmamışdım. Gözəllik önündə heç vaxt, heç vədə, Belə təzələnib durulmamışdım. *** Dili tutulubmu torpağın, daşın? Görən niyə belə səssizdi bu yer? Haçansa Üzeyir ayağı dəyib, Yəqin ona görə əzizdi bu yer. *** …Burda daşları da qoruyaq gəlin, Hansı bir daşdasa Vaqif qanı var. Bura yaddaşıdır obanın, elin, Burda hər bir nəslin öz ünvanı var… Bununla belə Rəşad Məcid dünyagörüşünün miqyası etibarilə həm mükəmməl, bütöv, etibarlı bir Azərbaycan övladı, həm də dünyanın gəliş-gedişindən, ümumən həyat (və insan) mənzərələrindən yaxşı baş çıxaran həssas analitikdir, dünyanın tarixindən olduğu kimi bu günündən də dərs almağın, öyrənməyin, ona uyğunlaşmağın və ya onunla polemikaya girməyin metodlarını, üsullarını yetərincə mənimsəmiş çevik, öz mövqeyi olan mütəfəkkirdir. Və Rəşad Məcidin analitizminin, mütəfəkkirliyinin canlılığı, məhsuldarlığı ondadır ki, «amorf», sxolastik və ya pedant deyil, dünyayla onun öz dilində – onun az qala hər gün dəyişən «çağırışlar»ının (həyəcanlarının!), stilizasiyalarının, improvizələrinin, ritm-intonasiyalarında danışa bilir… Məsələn… «525- ci qəzet»!.. Rəşad Məcid ürəyini səmimiyyətlə (və cəsarətlə!) dünyaya açır, onun əsərləri, xüsusilə şeirləri beynəlxalq aləmə çıxır. Və Azərbaycan bədii, elmi, publisistik təfəkkürünün humanizmini yüksək kürsülərdən nümayiş etdirir. Və sonra əlavə edir ki… Bütün bunlar bir nağıldı, Açdım mən sizə danışdım. Hamının xəbəri oldu, Guya gizlicə danışdım. *** Cəmi bir fəslin içində, Doğuldum, yaşadım, öldüm. Ölümün dadına baxdım, Həyatın qədrini bildim. *** …Göydən on üç şeir düşdü, Səhv saldım, dedim almadı. Hamısını Sizə verdim – Mənə biri də qalmadı. Rəşadın ürəyinin dünya qədər genişliyinin dördüncü göstəricisi onun yaxşı tanıdığı, sevdiyi, hər hansı sahədəki istedadını dəyərləndirdiyi insanlara, dostlara sonsuz (və təmənnasız!) sevgisi, özündən yaşlılara daxildən gələn ehtiramı, özündən cavanlara təmkinli qayğısıdır… Hərdən mənə elə gəlir ki, Rəşadın bu dünyada sevmədiyi insan yoxdur və əgər Rəşad kimə qarşısa bir az laqeyd, yaxud biganədirsə, deməli, həmin Allah bəndəsini yaratdığına Allahın özü də peşmandır. Kifayət qədər gənc yaşlarında bu gün ən təcrübəli (və populyar) mətbuat orqanlarından olan «525-ci qəzet»i yaratdı, gənclərdən ibarət gözəl bir yaradıcı kollektiv yığdı, heç bir şəxsi və ya qrup mənafeyi güdmədən bütün az və çox istedadlı qələm adamlarının yazılarını geninə-boluna çap elədi. Və Azərbaycan Yazıçılar Birliyinin katibi seçiləndən sonra Birlikdən «narazı» gəncləri bir yerə yığıb onlara sözün həqiqi mənasında böyük qardaşlıq qayğısı (və düz yol!) göstərdi… Həm də bu tarixi işləri elə bir təvazökarlıqla gördü ki, çoxlarına, xüsusilə qaşınmayan yerdən qan çıxarmaq həvəskarlarına həmişəlik dərs oldu. Hansı gəncdə bir balaca yaradıcılıq qabiliyyəti – intellekt, ürək gördüsə, onu dərhal hər yerdə təbliğ eləməyə, məsuliyyətini artırmağa, özünü, ilk növbədə, öz gözündə ucaltmağa, qarşısında geniş meydan açmağa çalışdı. Və bütün bunları bacardı. Sübut elədi ki, istedad heç zaman istedada mane olmur, yaradıcılıqda heç kim heç kimin yerini dar eləmir. Rəşad Məcidin öz ətrafına olan bu «dopdolu» sevgisi özünü poeziyasının intim (təhtəlşüur) dərinliklərində də bütün açıq-aşkarlığı ilə göstərir… Necə də dopdoluyam səninlə – ağlınla doluyam, sözlərinlə, coşğunla, ruhunla doluyam, heyrətinlə, saflığınla doluyam, inadınla, fədakarlığınla, bəxş eləməyinlə doluyam, ətrinlə, nəfəsinlə, baxışınla doluyam. *** Gülüşün qanadlarımdı – səmanla, göyünlə, torpağınla doluyam, təmasınla, həyəcanınla, sevginlə doluyam. Sənsən varım, varidatım, mülküm, dövlətim- səninlə dopdoluyam. Çox zənginəm, çoox… Mövlanə Cəlaləddin Rumi deyirdi ki, istəyirsən buddist ol, istəyirsən iudaist, istəyirsən xristian, istəyirsən müsəlman, fərqi yoxdur, mənim dərgahıma gəl!.. Rəşad Məcid də ulu əcdadından altı-yeddi əsr sonra eyni şeyi deyir, ancaq fərqli «qrammatika», fərqli «terminologiya» ilə… Əsəblərim tarıma çəkildi, Damarımda qanım soyuyur. Ürəyim zorla vurur, Bu yandan da sən gəlmirsən. *** Boğuluram səfalət içində, Həyat adlanan bu bataqlıqdan çıxmağa gücüm qalmayıb. Bu yandan da sən gəlmirsən. Yorğunam. *** Min ilin yorğunu, havanın, işığın yorğunu. Bu yandan da sən gəlmirsən. Gicgahım ölür dəmir bir «oyuncağın» soyuq lüləsindən ötrü. Bu yandan da sən gəlmirsən. Və nəhayət, Rəşadın ürəyinin dünya qədər genişliyinin beşinci göstəricisi bu dünyadan, Tanrının ona bağışladığı bu gözəl həyatdan istedadla, göz (və ürək!) dolusu, özündən sonra iz (və nümunə!) qoya- qoya zövq almağı bacarmasıdır… «Sevinci nə qədər bölüşərsən, o qədər çoxalar; kədəri nə qədər bölüşərsən, o qədər azalar» deyiblər. Rəşad həm həyatda, həm də yaradıcılıqda həm sevinci, həm də kədəri bölüşməyə həmişə (və ürəkdən!) hazır olan insandır. Və bu onun təbii müdrikliyidir… Elə bir müdriklik ki, ağıldan, düşünüb daşınmaqdan, ölçüb biçməkdən daha çox, ruhdan, candan, ürəkdən gəlir. Nə vaxtsa müqəddəs kişilər deyib ki, dünyanı yaradan gözəl yaradıb, ona görə də insanın nə haqqı var ki, ondan zövq almasın… Əgər dünya boyda geniş (və böyük!) ürəyi varsa… Zəmanəmizin bir müqəddəs kişisi (Nəriman Həsənzadə) də əlavə edib ki, «bu dünya gözəldi, yaşa dünyada!..» Müəllif: Nizami CƏFƏROV “Ədəbiyyat qəzeti” (07.XI.2015.)
“Səsli kitab” layihəsi əsasən görmə əngəllilər və oxumağa zamanı olmayanlar üçün nəzərdə tutulub. Azərbaycan ədəbiyyatı ilə yanaşı, xarici ədəbiyyat da səsləndirməyi nəzərdə tuturam. Bəyənsəniz, kanalıma abunə olmağı unutmayın. Hörmətlərimlə…
Müstəqillik dövrü ədəbiyyatımızın görkəmli simalarlından biri, bu günlərdə 55 yaşını qeyd edən Əsəd Cahangiri otuz-otuz beş il əvvəl universitetin filologiya fakültəsindən tanıyıram. Onda mən özüm də hələ gənc idim, universitetdə müəllimlik elədiyim bir neçə il idi. Elmi konfranslar, klassiklərin yubileyləri, şair-yazıçılarla görüşlərdə fəal iştirak edən Əsəd istər təhsildə, istərsə də ictimai işlərdə tələbələr arasında xüsusi nəzərə çarpırdı. Savadı, çalışqanlığı, hətta görkəmiylə də çoxluqdan seçilən bu gənc sözün həqiqi mənasında fakültənin gözüydü. Onun M.F.Axundov və M.Müşfiqin yubileyləri, Qabil, T.Bayram, N.Kəsəmənli və digər şairlərlə görüşlərdə çıxışları, xüsusən də, Nizaminin 850 illiyi münasibətilə universitetin böyük akt zalında nümayiş etdirilən və böyük maraq doğuran tamaşası hələ də yadımdadır. Bu çalışqanlığını, elmi potensialını nəzərə alıb, onu Fakültə Elmi Şurasına üzv seçmişdik. Axırıncı kurslarda Elmi Şuranın qərarı ilə ona Nizami Gəncəvi təqaüdü də verildi. Bu o demək idi ki, Əsəd həmin dövrdə fakültənin ən nüfuzlu tələbəsiydi.
…Yadımdadır ki, bir dəfə onların kursunda intibah estetikasından mühazirə oxuyurdum. İntibah şairinin gözəllik anlayışına örnək kimi Vaqifin, –
Oturuşu Şirin, duruşu Leyli,
Qəmzəsi sitəmkar, yarı gileyli.
– misralarını misal çəkdim və dedim ki, şairin Leylinin məhz duruşu, Şirinin isə oturuşundan danışması təsadüfi deyil, çünki intibah estetikasına görə qadının oturuşu, qızın duruşu daha gözəl sayılırdı.
Əsəd sual verdi ki, müəllim, bəs, intibah rəssamı Rafaelin “Siqstin madonnası” tablosunda Məryəm ana niyə ayaqüstə rəsm olunub? Sualı cavablandırmaq pedaqoji baxımdan uyğun gəlməyən bəzi məsələlərə aydınlıq gətirilməsini istəyirdi. Odur ki, Əsədə o vaxtlar çalışdığım “Ədəbiyyat və incəsənət” qəzetinə gəlməsini tapşırıb, mühazirəyə davam elədim…
Bir neçə gün sonra o gəldi və söhbətimizin davamını qəzetdə elədik. Xatırlatdım ki, İsa Məryəmin qabırğasının altından doğulub. Odur ki, ana olmasına baxmayaraq, dini ehkama görə, o, bakirə idi. Buna görə, Rafael İsanı qucağına almış Məryəmin buludlar üstündəki duruşunu təsvir edib. Yəni Rafaellə Vaqif arasında məsələyə münasibətdə ziddiyyət yoxdur və onlar hər ikisi intibah estetikasının daşıyıcısıdır.
Bu faktı xatırlatmaqdan məqsədim odur ki, Əsəd daimi axtarışda olan, qarşılaşdığı suallara cavab axtaran bir gənciydi və onu müasir ədəbiyyatımızın sayılıb-seçilən isimlərindən birinə çevirən parlaq istedadıyla yanaşı, həm də bitib-tükənmək bilməyən suallara cavab axtarışlarıdır. Gənc tələbənin o vaxtkı sualları illər, bəlkə də onillərlə sürəcək əzablı özünüdərk prosesinin hələ, sadəcə, başlanğıcından xəbər verirdi.
Əsədi “Ədəbiyyat və incəsənət” qəzetinə növbəti dəfə gətirən də bu axtarışlar oldu. O, mənim “Yatmışdım, üstümə gəldi ərənlər” adlı məqaləmi əldə eləmək istəyirdi. Bir neçə il əvvəl dərc olunmuş, poeziyamızda sufi-mistik düşüncənin inkişaf tarixinə ümumiləşdirici baxışdan ibarət məqaləni Əsədin hələ də unutmaması maraqlı idi. Üstündən illər keçəcək, özünün bir çox məqalə və müsahibələrində Əsəd o məqaləni də, bu misraları da dönə-dönə xatırladacaqdı:
Yatmışdım, üstümə gəldi ərənlər,
Qafil, nə yatmısan, oyan, dedilər!
Əminəm ki, “Yatmışdım, üstümə gəldi ərənlər”i Əsəd indi də unutmayıb və heç vaxt unutmayacaq. Çünki onun bütün ədəbi-bədii fəaliyyətinin əsasında oyanmış ruhun özünü, dünyanı və Tanrını dərk etmək istəyi durur və o, müstəqillik dövrü ədəbi-bədii düşüncəsində oyanışın, intibahın ən səciyyəvi nümayəndələrindən biridir.
Əsəd öz düşüncəsinin tipinə görə konservator deyil, amma bəzi yaşıdları kimi bayağı yenilikçilik, dayaz inkarçılıqdan da uzaqdır. Qədim və yeni onun düşüncəsində birləşir və ona səciyyəvi intibah adamı xüsusiyyəti verir. Təsadüfi deyil ki, onun istənilən bir yazısı – istər poema, istər esse, istərsə də məqalə olsun – əski, antik çağlardan bugünə qədərki əsas məqamları özündə ehtiva edir.
İş elə gətirdi ki, Əsədin mətbuatda ilk çıxışı da mənim yaradıcılığımla bağlı oldu. O, 1991-ci ildə “Füzulidən Vaqifə qədər” adlı kitabım haqqında “Dəyərli tədqiqat əsəri” adlı bir resenziya yazdı və “Dədəm Qorqud” qəzetində dərc etdirdi. Yadımdadır ki, soyuq, qarlı-çovğunlu bir qış günü, dekanlığın qarşısında Əsəd qəzeti mənə verib, – “Müəllim, Sizin kitabınız haqda yazmışam, imkan eləsəz, baxarsız”, – dedi. Bir neçə gün sonra təkrar rastlaşanda, – “Sağ ol, mərifətli yazı yazmısan” dedim. Onda Əsəd hələ universitetin sonuncu kursunda oxuyurdu. “Füzulidən Vaqifə qədər” isə yeni işıq üzü görmüş və müzakirələrə səbəb olmuşdu. Akademiyanın Ədəbiyyat İnstitutunun gənc alimləri kitabın müzakirəsini keçirmiş, müzakirə materialları “Ulduz” jurnalında dərc olunmuşdu. Müzakirənin əksər iştirakçıları kitabda irəli sürülən fikirlərə, xüsusən də, milli intibah konsepsiyama, Vaqifi intibah şairi hesab etməyimə etiraz edirdilər. Gözləmədiyim, özü də güclü bir müqavimətlə qarşılaşmışdım. Öz məqaləsində bu barədə heç nə yazmasa da, görünür, Əsəd də müzakirə materiallarını oxumuş və müəllimini hücumlardan qorumaq qərarına gəlmişdi. Gənc tələbənin ilk qələm cəhdi olmasına baxmayaraq, kifayət qədər aydın məntiq və ciddi elmi üslubda yazılmış resenziyanın alt qatında duran əsas müəllif qayəsi bundan ibarət idi.
Onun bir qədər sonra “Ədəbiyyat və incəsənət” qəzetində dərc olunan, milli ədəbiyyat tariximizə quş uçuşundan baxdığı “Bir əvvəl var, bir axır var deyirlər…” essesi “Mənə ədəbiyyatdan dərs deyən bütün müəllimlərimə” epiqrafı ilə dərc olunmuşdu. Sonralar gördüm ki, öz müəllimlərinə hörmət, ümumən böyüyə, eləcə də sözün böyüklərinə ehtiram, sadəcə, Nizami Cəfərov yox, Nizamilərə, Füzulilərə sayqı onun davranış etikası və yazı mədəniyyətinin epiqrafıdır. O, sözün həqiqi mənasında, ziyalıdır.
Ədəbiyyat təkcə söz meydanı deyil, həm də şöhrət meydanıdır və bu hiss bəzən tələbəni müəllimə, dostu dosta, gənci qocaya, ümumən insanı insana qarşı qoya bilər. Xüsusən də, jurnalistlərin reytinq xatirinə hamını bir-birinə düşmən etməyə çalışdıqları indiki dövrdə. Ə.Cahangir isə son otuz ilin təkcə ən məhsuldar yox, həm də polemikaya meyilli tənqidçilərindən biridir. Amma bu illər ərzində onun nəinki özündən böyüklərə, hətta gənclərə qarşı da etik əndazəni aşan yazısını, sözünü görmədim. Ən kəskin polemikalarda belə o, hamının fikrinə hörmətlə yanaşmaq, eyni zamanda öz fikrini soyuqqanlılıqla, ağılla, məntiqlə ifadə etmək kimi bir mövqedə durur və bu, o qədər də asan məsələ olmayıb, insandan həm savad, intellekt, həm də ziyalı etikası, mənəviyyat tələb edir. Sadaladığım bu cəhətlərin hər ikisi Ə.Cahangirdə var və bunları bir neçə il öncə onun moderatorluğu ilə hazırlanan, ədəbiyyatın poeziya, nəsr, dramaturgiya, ədəbi-tənqid və digər sahələrini özündə ehtiva edən, “Azərbaycan” jurnalında işıq üzü görən dəyirmi masa materiallarında bütün konturları ilə görmək olur. Belə dəyirmi masalardan birinə, Anarın “Göz muncuğu” povestinə həsr olunan müzakirəyə mən də dəvət olunmuşdum və keçmiş tələbəmin sadaladığım bu keyfiyyətləri nəinki qoruyub saxladığını, hətta bir az da cilaladığını görmək mənə xoş idi. Yeri gəlmişkən, son vaxtlar, nədənsə, belə dəyirmi masa materiallarının jurnalda dərcini görmürəm və bunu növbəti layihələrin hazırlanması üçün zəruri fasilə hesab edirəm.
Yenilikçi ruh, aydın, son dərəcə cilalı üslub, sadəliklə dərinliyin, elmiliklə bədiiliyin, analizlə sintezin vəhdəti, fəlsəfi ümumiləşdirmələrə güclü meyil! Ə.Cahangirin məzmunca zəngin, formaca çoxcəhətli yaradıcılığının əsas cəhətləri bunlardır. Yenilik demişkən, son iyirmi ildə geniş rezonans doğuran postmodernizm anlayışının ədəbiyyatımıza gəlməsində Ə.Cahangirin çoxsaylı və ardıcıl yazılarının həlledici rolu olub. Bu o vaxtlar idi ki, ədəbi mühitdə bir durğunluq yaranmışdı. Bədii sözümüzü, ümumən ictimai düşüncəni hərəkətə gətirmək üçün yeni anlayışa ehtiyac duyulurdu. Bu anlayış postmodernizm, onun ideya ilhamçısı isə zamanın tələbini həssaslıqla duyan Ə.Cahangir oldu.
Ə.Cahangir postmodernizmdən yazanda Avropa ədəbi-bədii düşüncəsində bu meyil öz ömrünü artıq başa vurmaq üzrəydi. Lakin biz 70 illik qapalı Sovetlər Birliyi mədəniyyətindən çıxmışdıq. Ola bilsin ki, İsa Hüseynov, Çingiz Hüseynov kimi yazıçılarımız postmodernizmin bu və ya digər cəhətini ədəbiyyata gətirmişdilər, amma istənilən halda bunlar ədəbi-tənqidin registrasiyasından keçməmiş, özünün nəzəri-analitik təsdiqini tapmamışdı. O vaxt yalnız bir metodun – sosialist realizminin tələbləri ehkam sayılırdı və bütün yerdə qalanlar qanundankənar, mürtəd elan olunmuşdu. Ona görə postmodernizm də, onun gətirdiyi ab-hava da bizim üçün yeni idi, ədəbiyyat isə hər şeydən öncə, fasiləsiz yeniləşmə deməkdir. Ə.Cahangirin bir neçə il ərzində postmodernizmlə bağlı ardıcıl yazıları bu mənada ədəbi-bədii düşüncəyə hərarətli yenilik həyəcanları gətirir, onu canlandırırdı. Mən bunu deyəndə, hər şeydən öncə, onun “Xalq cəbhəsi”, “Vətəndaş həmrəyliyi”, “Yeni Azərbaycan” qəzetlərində işıq üzü görən “Yeni əsrin ibtidası” silsilə məqalələrini nəzərdə tuturam. Bu yazılarda yeni ədəbi-bədii fikrimizin, doğrudan da, nəzəri ibtidası qoyulur, ədəbi prosesin təxminən 10-15 illik prioritet istiqamətlərinin fəlsəfi-estetik əsasları müəyyənləşirdi.
Maraqlı idi ki, təkcə Murad Köhnəqala, Həmid Herisçi, İlqar Fəhmi kimi cavanlar deyil, adlı-sanlı yazarlar da yeni anlayışı dəstəklədilər. Elçinin “Şekspir”, “Teleskop” kimi pyesləri ilə milli teatrımızda postmodern düşüncənin əsası qoyuldu. Kamal Abdullanın “Yarımçıq əlyazma”sı ilə milli nəsrimizdə postmodern romanın ən səciyyəvi nümunəsi yarandı. Tezliklə “Azərbaycan ədəbiyyatında postmodernizm” mövzusunda dissertasiyalar müdafiə edildi, Salidə Şərifova, Nərmin Kamal və digərlərinin bu mövzuda kitabları işıq üzü gördü, yəni anlayış populyarlaşdı, rəsmən qəbullandı, vətəndaşlıq statusu hüququ qazandı, ədəbi-bədii prosesin lokomotivinə çevrildi. Bu işin nəzəri-ideoloji yöndən əsas simalarından biri, yəqin ki, birincisi, Ə.Cahangir idi. Özü də təkcə məqalələri ilə deyil, İlya İlin, Daniil Andreyev, İrina Adelgeym, Aleksandr Dugin, İrina Nikitina və digər bu kimi alimlərin postmodernizm haqqında yazdığı məqalə və kitablardan elədiyi filoloji tərcümələrlə. Onun timsalında ədəbi tənqid bir müddətdir unutduğu missiyasına qayıdır – bədii fikin yoluna nəzəri işıq salır, onun yeni düşüncə üfüqlərini müəyyənləşdirirdi.
Dialektik düşüncə, ehkamçılıqdan uzaqlıq, dünyaya və onun bədii inikası olan sözə daimi dəyişmə – inkişaf və ya tənəzzüldə olan canlı proses kimi baxmaq! Ə.Cahangirin düşüncəsinə məxsus daha bir cəhət budur. Bu onun yazılarına qabarıq nəzərə çarpan tarixilik keyfiyyəti verir. Ə.Cahangirin yazıları ağır-ağır axıb gedən, ədəbiyyatın ayrı-ayrı mərhələlərini bir bütöv halında birləşdirən, öz axarına salıb aparan nəhri xatırladır və bununla da, “tənqid hərəkət edən estetikadır” fikrini əyani olaraq təsdiq edir. Bunu onun yuxarıda sözügedən “Bir əvvəl var, bir axır var deyirlər” essesində də, sonralar yazdığı “Söz”, “Səs” “Dəmirbaşlar”, “Aprel tezisləri” kimi ən yaxşı esselərində də aydın görürük. Əsəd təkcə bu esseləri yox, bütün yazılarında ilk essesinın sərlövhəsinə sadiqdir – onu sözün başlanğıcı və sonu, yolun əvvəli və axırı maraqlandırır. Bütün ədəbiyyatşünaslıq mövzu və problematikası ilə yanaşı, onun yazılarının alt yapısında bir ən ümumi fəlsəfi suala cavab cəhdi durur: – Hardan gəlib, hara gedirik?
Bəli, ədəbi-bədii faktın mahiyyətini aşkarlamağa yönələn Ə.Cahangir tənqidi açıq fəlsəfiliyə meyillidir. O, ədəbi-estetik anlayışlarla yanaşı, həm də ruh, şüur, materiya, zaman, məkan və sair bu kimi əsas fəlsəfi kateqoriyalarla düşünür. Mənə həmişə elə gəlir ki, onun ədəbi-tənqidçi olmasıyla, Azərbaycan fəlsəfi və ictimai fikri özünün dünya çapına gedib çıxa biləcək bir filosofunu itirib.
Yeri gəlmişkən, burda bir haşiyə çıxacam. İkinci, ya üçüncü kursda oxuyanda, dərs ilinin lap başlanğıcında Əsəd bir gün mənə yaxınlaşıb dedi ki, Fərman müəllim Fəlsəfə fakültəsinə keçməyimi istəyir, fikirləşmək üçün bir neçə gün vaxt almışam, məsləhətiniz nədir, ona nə cavab verim? Söhbət görkəmli filosof, “Müasir Qərb fəlsəfəsi”, “İnsan və dünya”, “Klassik psixoanalizin əsasları”, “İdrak nəzəriyyəsi və linqvistik analiz” və digər çoxsaylı kitabların müəllifi, universitetin fəlsəfə kafedrasının müəllimi, fəlsəfə elmləri doktoru Fərman İsmayılovdan gedirdi. Görünür, o, mühazirələrin gedişində Əsədin fəlsəfi istedadını görmüş, ona ixtisasını dəyişməyi təklif eləmiş, bu taleyüklü addımı atmaqda tərəddüd keçirən Əsəd isə bir sıra güvəndiyi müəllimləri ilə yanaşı, məsləhət üçün mənə də üz tutmuşdu. Mən, təbii ki, bu yerdəyişməyə razı olmadım və – “Bəyəm, bizim filoloqa ehtiyacımz yoxdur, fəlsəfəyə niyə keçirsən ki? – dedim. Sonralar öyrəndim ki, başqa müəllimlər də Əsədə eyni məsləhəti veriblər və bununla da, dilemma filologiyanın xeyrinə həll olundu. O vaxt doğrumu, yanlışmı qərar çıxardıq, bilmirəm, amma onu bilirəm ki, bu gün 55 yaşını qeyd edən Əsəd Cahangirin görkəmli bir söz adamı kimi varlığı o günlərdə çıxarılan qərarla əhəmiyyətli dərəcədə bağlıdır.
Orijinallıq, özünəməxsusluq Əsəd Cahangirin düşüncəsinin ən qabarıq görünən tərəfidir. Onun müəllifə özünü daha sərbəst ifadə etməyə imkan verən esse janrına xüsusi marağının əsas səbəbi yəqin ki, budur. “Söz” essesində o, Füzulinin bir beytinə – “Can sözdür, əgər bilirsə insan / Sözdür ki, deyirlər özgədir can” – istinad edərək sözün ikili səciyyəsini açır, onun ilahilik keyfiyyətini itirib insaniləşməsi və yenidən ilahiliyə qayıtması zərurətindən danışır və bu ideyanın əyani örnəyi kimi Nizamidən Muğannaya qədərki minillik bədii sözümüzü Füzulinin bir beytindən keçirir. “Söz” essesi bu minillik yolda dastan, qəzəl, qoşma kimi janr əvəzlənmələri ilə yanaşı, sözün istənilən yanrı öz içinə alan daxili forma dəyişkənliyindən danışır və bunların birindən digərinə keçidin görünməyən, strukturoloji laylarını qaldırır, kəsəsi, sözün nüvəsinə gedib çıxır. Yadımdadır ki, Əsəd bu essenin əlyazmasını mənə vermişdi və ilk bir neçə abzası oxuyan kimi bilmişdim ki, “Söz” təkcə öz müəllifinin yaradcılığı deyil, ümumən ədəbi-tənqidi düşüncəmizdə strukturalizmin ən parlaq, qeyri-adi örnəklərindən biridir. Belə yazı hər müəllifin ömründə bir dəfə, uzaqbaşı bir neçə dəfə ola bilər.
O bir neçə dəfədən biri olan “Səs” essesi Azərbaycanın üç geokulturololoji əraziyə – söz, səs və rəng məkanlarına bölünməsinə dair kəşflə yadımda qalıb. Bu bölgüdə Naxçıvan, Göyçə, Qazax və Borçalı sözün, Qarabağ səsin, Bakı və Şirvan isə rəngin payına düşür. “Səs” bir “Qarabağnamə”dir, özü də bu mövzuda indiyədək yazılan və olsun ki, bundan sonra yazılacaq “namə”lərin ən orijinalı. Essedə Qarabağın Azərbaycan tarixi və mədəniyyətindəki yeri və rolu özünün bütün tarixi-kulturoloji konturları ilə aydın görünür. “Söz”də ədəbiyyata metafizik baxış olduğu kimi, “Səs”də də tarixə metatarixi baxış var və bunun hesabına Qarabağa da, səsə də yanaşmanın hüdudları müqayisəsiz dərəcədə genişlənir, min dəfələrlə eşitdiklərimiz, gördüklərimizi sanki ilk dəfə görür, müəlliflə birlikdə biz də öz ölkəmizi geokulturoloji rakursdan yenidən kəşf edirik.
Ə.Cahangirin esseləri məntiqi-rasional metodla intuisiyanın, ilhamla vəhyin inteqrasiyası, kəsişmə zolağında meydana çıxıb. Onun “Dəmirbaşlar” essesi ənənəvi geridönməz tərəqqi ideyasının əksinə inkişaf və tənəzzülün daimi əvəzləndiyi dairəvi düşüncə modeli əsasında yazılıb. Elmi-texniki tərəqqinin danılmaz nailiyyətlərinə baxmayaraq, bəşər tarixinə mənəvi tənəzzül kimi baxmaq! Elm, fəlsəfə, tarix, ədəbiyyat və digər sahələrdə qızılbaşlıqdan dəmirbaşlığa enişi izləyən esse müəllifinin əsas yeniliyi bu unudulmuş köhnəliyin bir daha təsdiqindədir. Amma insanlığın labüd esxatoloji faciəsindən söz açan bu essedə optimist ideya qalib gəlir – qızılbaşlığa çağırış! “525-ci qəzet”də bir neçə ay ərzində hissə-hissə dərc olunan essenin geniş rezonans doğurmasının əsas səbəbi, yəqin ki, bu müəllif qayəsi ilə bağlı idi. Ə.Cahangirin müsahibələrindən birində dediyi kimi, “ədəbiyyat hər şeyi insanın əlindən ala bilər, amma ümidi almağa onun ixtiyarı yoxdur”.
Qatı tradisionalist mövqedən yazılan “Dəmirbaşlar” Ə.Cahangirin yaradıcılığını izləmək baxımından daha bir cəhətdən əhəmiyyətli idi. Esse “mən postmodernizmə sədaqət andı içməmişəm” deyən müəllifin postmodernist düşüncədən uzaqlaşmasını göstərirdi. Bir qədər sonra qələmə aldığı “Aprel tezisləri. Postinsan haqqında esse” isə onun ədəbi-fəlsəfi fikrimizə yeni bir anayış – postinsan anlayışı gətirmək cəhdi ilə səciyyələndi. Postmodernizm insanın özünə inamının süqutundan danışırdı. Postinsan isə insanın tamamilə başqa bir varlığa – postinsana çevrilməsindən bəhs edir. Odur ki, bu daha radikal ideya əfkari-ümumiyyə tərəfindən postmodernizm qədər asanlıqla qəbul edilə bilməzdi. Futuroloji mövzuda yazılmış “Aprel tezisləri” Ə.Cahangirin ən inqilabi məzmunlu essesidir, inqilabın baş tutması isə situasiya tələb edir. Lakin bu amil essedə irəli sürülən ideyanın perspektiv əhəmiyyətini inkar etmir. Çünki həyatımızın bütün temporitmi postinsan ideyasının yaxın gələcəkdə reallaşması imkanını hər gün daha bariz təsdiq edir.
Ə.Cahangirin indiyə qədər “Qədim türk ədəbiyyatının linqvistik poetikası”, “Ağ saç, qara saç”, “Kim yatmış, kim oyaq”, “On üçüncü gecə” kimi kitabları işıq üzü görüb və bu kitabların hər biri müəyyən ədəbiyyatşünaslıq problemlərinə aydınlıq gətirilməsiylə səciyyələnir. “Qədim türk ədəbiyyatının linqvistik poetikası” kitabının mövzusunu Əsədə mən vermişəm. Kitabda Mahmud Kaşğarlının məşhur “Divanü lüğat it-türk” əsərindəki bədii nümunələr dilçilik və ədəbiyyatşünaslığın kəsişmə zolağında araşdırılıb. Müəllif “Divan”da toplanmış şeirlərin yaranması, inkişafı, dil və üslub xüsusiyyətləri, vəzni, müasir poeziya ilə əlaqəsi kimi məsələlərə dair orijinal fikirlər deməklə yanaşı, həm də bu nümunələri müasir dilimizə uyğunlaşdırmış və kitaba əlavə etmişdir. Azərbaycan filoloji fikrində monoqrafik səviyyədə kaşğarlışünaslıq Ə.Cahangirin 2001-ci ildə “Elm” nəşriyyatında rezoqraf üsulu ilə dərc olunmuş bu kitabı ilə başlayır.
2006-cı ildə “Nurlan” nəşriyyatında çapdan çıxan, Xalq yazıçısı Anar və Günel Anarqızının nəsr yaradıcılığından bəhs edən “Ağ saç, qara saç” kitabının ideya miqyasları adından daha genişdir. Kitabın əsasında Anarın “Ağ qoç, qara qoç” utopik və antiutopik nağıllarının milli və dünya ədəbiyyatı müstəvisində təhlili durur. Özümüzə dünyadan və dünyaya özümüzdən baxmaq Ə.Cahangir tənqidinin qabarıq nəzərə çapran keyfiyyətlərindən biridir. Lakin kitabın alt qatında o vaxt ədəbi mühitdə kəskin şəkil alan nəsillərarası qarşıdurmaya qarşı gizli bir etiraz da var. Ağ qoç, qara qoç buynuzlaşmasını, ağ saç, qara saç ehtiramı və ehtişamı ilə əvəzləmək! Kitabın müəllifinin daha dərin qatda gizlənən əsl qayəsi budur!
2013-cü ildə “Yazıçı” nəşriyyatında yayımlanan “Kim yatmış, kim oyaq” seçilmiş esselər və məqalələr kitabı təkcə öz müəllifinin yox, çağdaş Azərbaycan ədəbi-tənqidi fikrinin hadisəsi kimi meydana çıxdı. İ.Muğanna, S.Əhmədli, Anar, F.Qoca, Elçin, A.Məsud, V.İbrahimoğlu, B.Osmanov və digər söz-sənət adamlarının yaradıcılığından söz açan kitabın təkcə elə adı onun müəllifinin bir ən ümdə xüsusiyyətindən xəbər verir – çağdaşlığa bədii düşüncəmizin ən əski çağlarının gözüylə baxmaq! Kitabın adı daha bir məsələyə aydınlıq gətirir – vaxtilə tələbə Əsədin universitet auditoriyasında müəllimlərinə ünvanladığı sualları artıq durub-toxtamış ədəbi-tənqidçi Ə.Cahangir dövrün ən sayılıb-seçilən, adlı-sanlı imza sahiblərinə, ümumən insana, zamana ünvanlayır, yeni dövrün yeni suallarını müəyyən edirdi! Oyanmış ruh “kim yatmış, kim oyaq?” deyə atrıq bu dəfə başqalarını oyanışa, intibaha çağırırdı!
Xalq yazıçısı Elçinin yaradıcılığından bəhs edən “On üçüncü gecə” məqalələr kitabı da ən ümumi ruhu etibarilə qaranlıqdan işığa, gecədən gündüzə çağırış ruhu ilə köklənib. Psixoanalitik təhlillər, yazıçının pyesləri əsasında hazırlanmış tamaşalar haqqında qənaətlərin də yer aldığı kitabda başlıca yeri Elçinin tarixi mövzuda qələmə aldığı “Baş” romanı haqqında “Baş”lanğıc” məqaləsi, xüsusən də məqalədə irəli sürülən “metafizik realizm” anlayışı tutur. Ə.Cahangir “Baş”ı bədii nəsrimizdə düşüncə miqyaslarının genişlənməsi, metafizik Amerikanın kəşfi baxımından mühüm bir yenilik kimi qiymətləndirir. Milli bədii nəsrimizdə ruhun ilk dəfə baş qəhrəmana çevrildiyi romanın, oyanmış ruhun ifadəçisi olan bir tənqidçi tərəfindən bu cür dəyərləndirilməsi məntiqidir. “Baş”lanğıc”ın ədəbi-tənqid tariximizə onuncu illərin mühüm nəsr tədqiqatlarından biri kimi daxil olacağına şübhə yoxdur.
Ə.Cahangirin maraq dairəsinin genişliyi təəccüb doğurur: ədəbiyyat, incəsənət, din, fəlsəfə, psixologiya, tarix, ezoterika… İctimai şüurun elə bir forması yoxdur ki, Ə.Cahangir ona maraq göstərməsin. Onun yaradıcılığının mühüm bir qolunu teatr, kino, musiqi ilə bağlı araşdırmalar, bir sözlə, sənətşünaslıq yazıları tutur. Xüsusən də teatra olan marağı Ə.Cahangiri ədəbi-tənqidi fikrimizdə M.F.Axundov, M.Hüseyn, C.Cəfərov, Y.Qarayev ənənələrinin parlaq davamçısına çevirir, bütün yenilikçi cəhdləri ilə yanaşı, onun klassik tənqidçi imicini formalaşdırır. Məncə, Ə.Cahangirin həmkarları arasında klassik teatral ruhun daşıyıcısı olan ikinci belə ədəbiyyat tənqidçisi yoxdur. Ən çox razılıq doğuran isə odur ki, müxtəlif janrlarda yazılan, sayı yüz əlliyə çatan bu yazıların nə analitik səviyyəsi, nə də informativ yükü ədəbiyyatşünaslıq yazılarından zərrə qədər də geri qalmır. Əsədin üslubunda elə bir cazibə gücü var ki, onun ədəbi-tənqidi yazılarını oxuyanlar haqqında yazdığı əsərlərlə tanış olmaq, sənətşünaslıq yazılarını oxuyanlar isə haqqında bəhs etdiyi tamaşalara, filmlərə baxmağa tələsirlər.
Əlibaba Məmmədov, Habil Əliyev, Zeynəb Xanlarova, İslam Rzayev, Elmira Rəhimova, Ramiz Mirişli, Ramiz Quliyev, Mənsum İbrahimov, Ağasadıq Gəraybəyli, Barat Şəkinskaya, Leyla Bədirbəyli, Həsən Turabov, Həsən Məmmədov, Amaliya Pənahova, Şəfiqə Məmmədova, Əminə Yusifqızı… Ə.Cahangirin haqqında yazdığı onlarca sənət adamının bunlar yalnız az bir qismidir. Onun Xalq artisti Barat Şəkinskaya ilə müsahibəsiylə tanış olanda qəribə görünür ki, ötən əsrin iyirminci illərində səhnəyə çıxan qədimi aktrisalarımızdan biri ilə 90-cı illərdə ilk yazılarını dərc etdirən gənc tənqidçinin sözü-söhbəti necə belə yaxşı tutur? Hər hansı bir teatrşünasın Vaqif İbrahimoğlunun “Lənkəran xanının vəziri” tamaşasına Əsədin “Vay, dədəm, vay” məqaləsindən daha incə yozum verəcəyinə, yaxud rejissor Bəhram Osmanovun portretini onun “Bəhramnamə”sində olduğundan daha məharətlə yaradacağına, yaxud da Gəncədə keçirilən ümumrespublika teatr festivalının (2009) gedişi və yekunlarını onun “Bir çarə var ancaq – yeniləşmək” məqaləsindən daha yaxşı ümumiləşdirəcəyinə inanmaq çətindir. İnanmıram ki, hər hansı bir iranlı kinoşünas İran kino sənətinin mahiyyətini Əsədin “Oskar”ı niyə Fərhadiyə verdilər” məqaləsindəki kimi üzə çıxara bilsin… Fəlsəfə ilə bağlı bir qədər yuxarıda dediym fikrin təkrarı kimi görünsə də, deməliyəm ki, Əsədin ədəbiyyat tənqidçi olmasıyla Azərbaycan incəsənəti özünün çox ciddi bir sənətşünasını itirib.
Bəs, Ə.Cahangirin çoxcəhətli yaradıcılığının sirri, səbəbi nədədir? Bu sualın birbaşa cavabı onun poeziyasındadır. Poeziya insanlıq tarixində hər şeyin hələ bir şey olduğu, hələ müxtəlif yaradıcılıq sahələri arasında differensiasiyanın etmədiyi başlanğıc dövrün məhsuludur. Ona görə əsl poetik ruha sahib olanlar üçün janr məhdudiyyəti olmur. Ədəbi yaşıdlarından E.Z. Qaraxanlının vaxtilə Əsədə həsr etdiyi məqalədə dediyi kimi, “istedadın janrı yoxdur”. Amma janr sərhədlərini aşmaq bəzən azad ruhun hər şeyi qapsamaq imkanı və ehtirasının ifadəsi olduğu kimi, bəzən heç nəyi bacarmamaqdan da xəbər verə bilər. Xoşdur ki, bu məsələdə Ə.Cahangir birincilərdəndir. Onun poetik stixiyası insanlığın poeziya mərhələsi ilə daxili-ruhi əlaqəsindən xəbər verir. Çünki bu dövrə məhz həmin stixiya ilə getmək olar. “Nə olsun, bu stixiya istənilən bir şairdə var deyənlər” ola bilər! Lakin Ə.Cahangir istənilən bir şairdən bir mühüm cəhətdən fərqlənir – onda çağdaşlıq üçün daha səciyyəvi olan məntiqi-rasional idrak, intellekt də var. Və bu iki əks qütbün birləşməsi Ə.Cahangirin düşüncəsinə əvvəllə axırın birləşməsi səciyyəsi verib, onun istər özü, istərsə də sözünün özünəməxsusluğu, hətta müstəsnalığını şərtləndirir.
Maraqlıdır ki, Ə.Cahangir şeirdən daha çox, poemalar müəllifi kimi tanınır. Bu onun qədim türk ədəbiyyatından gələn epos təfəkkür tipinin daşıyıcısı olmasıyla bağlıdır. Onun “O Adam”, “Namaz”, “Xarıgülnar” poemaları müstəqillik dövrü poeziyamızda bu janrın ən parlaq nümunələrindəndir. Çünki Ə.Cahangir nədən yazır yazsın, hansı janra üz tutur tutsun, Müşfiqin “yaratdığın şeyi sevərək yarat, hamıdan yüksək ol, hamıdan baş ol” prinsipinə əməl etməyə çalışır. Bu poemalardan ilk ikisini Ə.Cahangir qırx yaşında yazıb və bu heç də təsadüfi deyil. Bu, Füzulinin “Leyli və Məcnun”, Şekspirin “Hamlet” yaşıdır. Yaradıcılıqla məşğul olan adam bu müdriklik yaşında özünü maksimum ifadə etdiyi ən yaxşı əsərlərini və ya əsərini yazır. Bu baxımdan hər iki poema, xüsusən də, “Namaz” Ə.Cahangirin maksimum özünüifadəyə nail olduğu poemadır. Birincisi sərbəst, ikincisi isə ritmik sərbəstdə yazılan, hər ikisi mistik məzmuna malik bu poemalar klassik sufi poeziyasındakı Allah və həqiqət axtarıcılığının modern örnəkləridir. Sadəcə, birinci poemanın ifadə etdiyi zaman intervalı son iki min il, ikincininki isə əzəldən əbədə qədərki sonsuzluqdur. Füzulinin “Leyli və Məcnun”undan sonra bizdə bu məzmunda poemalar yazılmayıb. Bu poemalar ən ümumi şəkildə götürəndə Füzuli ruhunun poeziyamızdakı yeni dirçəlişi, yeni oyanışıdır. Və onları məhz oyanmış ruhun bədii-fəlsəfi ifadəçisi olan Ə.Cahangirin yazmasından məntiqi heç nə ola bilməz.
Bu günlərdə Şuşada keçirilən Xarıbülbül musiqi festivalına həsr olunan, Qarabağda qazandığımız cahanşümul qələbədən doğan şükranlıq hissləri ilə aşılanmış “Xarıgülnar” poemasında isə günümüzdə baş verənlər ümumtürk tarixi ilə analoji müstəvidə dərk və təsvir olunur. Bu analogiyada Cıdır düzü Ötükənə, festival şülənə, İlahm Əliyev Bilgə kağana, Mehriban Əliyeva İlbilgə xatuna, Anar Dədə Qorquda müqabil gəlir. Poema təkcə ən ümumi ruhu deyil, həm də Dədə Qorqud şeiri üslubuyla diqqəti çəkir. Poemadan Dədə Qorqudun ünlü dua-alqışlarının səsi gəlir:
Tanrım, sənə şükr olsun,
Şəhidlərimin adı adın kimi zikr olsun!
Şəhid bacıları bacım, anaları anam olsun!
İlbilgə xatun Mehriban,
Bilgə xaqanımız İlham olsun!
Qazilərimizə ehtiram,
Obamız obası, davamız davası olan
dost ellərə salam olsun!
Ə.Cahangirin bütün poemaları impulsiv enerjidən yaranıb və “Xarıgülnar” da bu yöndən istisna deyil. Müəllifə bu poemanı yazmağa impuls verən konkret bir hadisə – əslən şuşalı olan Xalq artisti Firəngiz Mütəllimovanın festival günü alnını Şuşa torpağına qoyması olub. Amma bu fakt poemanın yaranmasında sadəcə başlanğıc impuls, dəryaya gedən yolda bir damla rolu oynayıb. “O Adam” və “Namaz” poemalarında olduğu kimi, “Xarıgülnar”da da müəllif damlada dəryanı, zərrədə küllü göstərmək kimi sufi yoluyla gedir. Sadəcə, müəllif düşüncəsinin damlaları “O Adam”da ümumbəşəri, “Namaz”da ümummüsəlman, “Xarıgülnar”da isə ümumtürk dəryasına qovuşur.
Ə.Cahangirin yaradıcılığının xüsusi bir qolu onun ədəbi gəncliyin ən istedadlı nümayəndələrinin yaradıcılığını üzə çıxarmaq və cəmiyyətə təqdim etməkdən ibarətdir. O, AYB-nin təklifi ilə gənclərin yaradıcılığından ibarət “Körpü” (2004), Azərbaycan Tərcümə Mərkəzinin təklifi ilə “Yeni səs” (2016) və Heydər Əliyev Fondunun təklifi ilə “Gənc yazarların vətənpərvərlik mövzusunda şeirlər toplusu” (2017) antologiyalarının redaktoru və tərtibatçısı olmaqla yanaşı, neçə-neçə gəncin kitabına ön söz yazıb, onlara uğurlu yol diləyib.
Ə.Cahangirin istər ədəbi-tənqidi, istər kulturoloji, istərsə də poetik yaradıcılığının diqqəti çəkən daha bir cəhəti onun dərin səmimiyyətlə aşılanmış yüksək vətəndaşlıq məzmunudur. O, hər cür fərdiyyətçilikdən uzaqdır. Mən bunun əsas səbəbini onda görürəm ki, 90-ıncıların əksər nümayəndələrindən fərqli olaraq, V.Səmədoğlu, R.Rövşən və V.B.Odərin ifrat fərdiyyətçiliklə səciyyələnən poeziyasından Əsəd yan keçə bilib. Məhz bu cəhət onun poeziyasına yaşıdlarının demək olar ki, heç birisində olmayan daha bir keyfiyyət qazandırır – optimizm!
Daim real həyatla nəfəs alan, təbii, canlı dillə yaranan Ə.Cahangir yaradıcılığı kabinet ədəbiyyatı deyil. “Hər bir böyük ədəbiyyatın son məqsədi müdhiş bir Tanrı inancına can atmaqdır” deyən Ə.Cahangirin düşüncəsində haqq və xalq anlayışları, təkcə səslənməsinə görə deyil, məzmununa görə də həmqafiyədir. Metafizik, kosmik, sosial-siyasi, fərdi-psixoloji qatlar onun düşüncəsində iç-içə çevrələr kimidir. Və bunların cəmindən fakta, hadisəyə bütöv Ə.Cahangir baxışı yaranır. Bu çevrələr arasında ümummilli taleyüklü problemlərlə bağlı sosial-siyasi qat xüsusi yer tutur. Ustad Ələsgərin “Arsız aşıq elsiz niyə yaşadı?” sualı Ə.Cahangir üçün həmişə qüvvədədir. Onun bu baxımdan bir mövqeyi var – Azərbaycan dövlətçiliyi; və bir qayəsi var – milli-mənəvi dəyərlərin qorunması. Yazıçının ümummilli öndər Heydər Əliyevin anım gününə yazdığı “Möhtəşəm məktub”, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya həsr etdiyi “Çiyninə Pikassonun göyərçinləri qonub”, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın poetik yaradıcılığından bəhs edən “Bütün yollar eşqdən keçir” kimi esse və məqalələri məhz bu mövqenin, bu qayənin ifadəsidir… Ə.Cahangirin qondarma erməni soyqırımını ifşa edən, əsl tarixi həqiqətə yüzlərlə danılmaz arqumentlərlə aydınlıq gətirən “Erməni soyqırımı: mif, yoxsa gerçəklik” kitabını Milli Məclisin deputatı Adil Əliyevin təşəbbüsü ilə rus dilindən dilimizə çevirməsi də eyni əqidə, eyni amala xidmət edən vətəndaşlıq işidir.
Azərbaycan ədəbiyyatının dünyada, türk xalqları məkanında, keçmiş Sovetlər Birliyi ölkələrində, dünya xalqları, türk xalqları və keçmiş Sovetlər Birliyi xalqları ədəbiyyatlarının Azərbaycanda təbliğində də Ə.Cahangirin xüsusi rolu var. Onun Moskvada çıxan “Drujba narodov” jurnalının Azərbaycan ədəbiyyatına həsr olunan xüsusi sayında (2006, 3) milli poeziya və nəsrimizə dair “Qlobalizm, yoxsa millilik: dilemmadan çıxış yolu nədədir?” məqaləsi Rusiya ədəbi dairələri tərəfindən maraqla qarşılanmış, müasir ədəbi proseslə bağlı bir sıra icmalları gürcü, özbək, türk dillərinə çevrilərək müvafiq ölkələrdə yayımlanmışdır. Fransız şairi Artur Rembodan, tatar şairi Robert Minnullindən, çağdaş Amerika poeziyasından elədiyi yüksək səviyyəli bədii çevirmələri Ə.Cahangirin beynəlxlaq ədəbi əlaqələr sahəsindəki əməyindən xəbər verir. Təsadüfi deyil ki, Azərbaycan Dövlət Tərcümə Mərkəzinin sədri, Xalq yazıçısı Afaq Məsud Ə.Cahangirin bədii tərcümə sahəsindəki ustalığını xüsusi qiymətləndirərək, bu tərcümələrdən tərcümə işinin tədrisi ilə bağlı təhsil müəssisələrində əyani vəsait kimi istifadə olunmasından danışmışdır.
Ə.Cahangirin ədəbi-bədii fəaliyyəti dövlətimiz və Azərbaycan Yazıçılar Birliyi, eləcə də bir sıra ictimai təşkilatlar tərəfindən yüksək qiymətləndirilib. Onun haqqında Xalq yazıçılarından İsa Muğanna, Sabir Əhmədli, Anar, Elçin, Afaq Məsud, yazıçılardan Rəşad Məcid, tənqidçi və dilçilərimizdən Yaşar Qarayev, Tofiq Hacıyev, Akif Hüseynov, Vaqif Yusifli, Bəsti Əlibəyli və digərləri ən yüksək fikirlər demiş, onu müasir ədəbiyyatımızın görkəmli nümayəndəsi, müstəqillik dövrünün yetirdiyi hərtərəfli istedada malik söz adamı kimi dəyərləndirmişlər. Ə.Cahangir “Səs” essesinə görə AYB-nin təsis etdiyi Aydın Məmmədov adına “İlin ən yaxşı tənqidçisi” mükafatına, “Namaz” poemasına görə Konya Şəhər Bələdiyyə İdarəsi ilə AYB-nin birgə təsis etdiyi Beynəlxalq poeziya mükafatına, “Kim yatmış, kim oyaq” kitabına görə AYB-nin Yaşar Qarayev, Mədəniyyət Nazirliyinin “Qızıl kəlmə” mükafatlarına, Azərbaycan ədəbiyyatı qarşısındakı xidmətlərinə görə “Vektor” Beynəlxalq Elm Mərkəzinin Şahmar Əkbərzadə adına mükafatına, ümummilli öndər Heydər Əliyevin və Respublika Prezidenti İlham Əliyevin sərəncamları ilə iki dəfə Prezident təqaüdünə layiq görülmüşdür…
…Yenə otuz beş il öncəyə, Əsədin tələbəlik illərinə qayıdıram. Yadımdadır ki, Raifə Həsənova, Xalid Əlimirzəyev, Əlövsət Abdullayev, Nərgiz Paşayeva, Yəhya Seyidov, Ziynət Əlizadə, Təhsin Mütəllimov, Tofiq Hacıyev, İsmayıl Məmmədov, İsmayıl Əhmədov, Azad Nəbiyev, Şamil Salmanov, Abdulla Abbasov, Musa Adilov və digərlərindən ibarət müəllim-professor heyəti onun filoloq gələcəyinə böyük ümidlərlə baxırdılar. Bu gün Ə.Cahangirin verdiyi 55 illik ömür hesabatından görünür ki, o, müəllimlərinin ümidlərini doğrulda bilib.
Əsədin müəllimləri arasında mən də varam. Və keçmiş tələbəm, bugünün sayılıb-seçilən, ən yüksək dəyərə, qiymətə layiq söz adamı Əsəd Cahangir haqqında bu yubiley məqaləsinin son nöqtəsini böyük bir daxili əminlik hissiylə qoyur, ona ən yüksək nemət olan cansağlığı, yeni-yeni yaradıcılq uğurları arzu edirəm…