Etiket arxivi: POEZİYA

Şəfaqət Cavanşir – Hakim əmi, azadlıq

ŞƏFAQƏT CAVANŞİRİN YAZILARI

Hakim əmi, azadlıq
(hekayə)

Gah birinci mərtəbədə yaşayan qonşusu – təxminən yaşı qırxı keçmiş qarınlı, üzü azca tüklü, qalın dodaqlı, burnu incə, uzunboylu yekəpər kişiyə, gah blokun çıxacağına, gah da bir az cəsarətini toplasa evinə; üçüncü mərtəbəyə aparacaq pilləkənlərə baxırdı. Anası onu çörək almağa göndərmişdi. Daha doğrusu, atası işə gecikdiyi günlər on yaşlı Nilufər onun əvəzinə yaşadığı beşmərtəbəli binanın altındakı marketdən çörək, artıq qalan pulla özünə şokolad, ya da saqqız alardı. Bir həftədən çoxdu çörək almağa könülsüz gedirdi. Hər səhər qorxduğu yekəpər qonşusu onu blokun ağzında qarşılayırdı. “Dayı” dediyi yekəpər o biri qonşular kimi baxmırdı ona…
Qonşu binada cavan gəlin var, qaranlıq düşənəcən tək yaşayır. Gecənin bir vaxtından sonra yenidən tənha qalırdı. Hər gün otağının pəncərəsindən və ya həyətdə rəfiqələriylə oynayanda, o cavan gəlini kimsə bahalı maşınla evinə gətirəndə görürdü Nilufər. Həyətdəki kişilər bu yekəpər kişi kimi baxırdı o gəlinə. Bu baxışlar o baxışlara çox bənzəyirdi. Yaşıdlarından bir az hündür olan Nilufər günlərcə onu gözləyən yekəpərin yanından keçəndə, kobud əliylə onun hələ yetişməmiş sinəsini koftasının üstündən əlləməyə çalışması qızı iyrəndirmişdi. Yekəpərin bir əli şalvarının cibində, bir əli qız uşağının sinəsində, qarnında gəzirdi. Qolsuz köynəyinin yaxasının üç düyməsini əvvəlcədən açıb tüklü sinəsini qıza göstərir, təzə düzəltdirdiyi dişlərini ağardırdı. -Günorta gəl bizə, dayı sənə qonaqlıq versin. Xalidə xalan da evdə olacaq, qorxma…
Yazıq qız özünü yekəpərin əlindən bacardığı qədər tez xilas edər, çörəyi alandan sonra küçədən kiminsə binaya girməsini gözləyərdi ki, o adamla daxil olub, tez evlərinə qaça bilsin.
Nilufər iki daşın arasında qalmışdı. Anasına “Çörək almaq istəmirəm” desəydi, çox sual verəcəkdi. Atası neçə dəfə deyəndə eşitmişdi “Anası tərsdi”…
Bu gün yenə atası işə gecikmiş, yenə çörəyi Nilufər almalıydı. Anasından pulu aldıqdan sonra evdən çıxdı, qapını astaca örtməyə çalışdı, alınmadı. Unutmuşdu, seyf qapıydı, avtomatik özü bağlanır, açarın yoxdursa, kimsə içəridən açmalıdır.
Aşağı mərtəbədən qapının açılıb-örtüldüyünü eşidən qızcığaz qorxdu, pulu şalvarının cibinə qoyub qapını döydü. Elə bildi, yekəpər kişi gəlib qolundan dartacaq, evinəcən sürüyəcək. Uşaq yaddaşı güclü olur. Yekəpərin indiyəcən etdiklərini gözünün qabağına gətirəndə, qorxu vücudunu titrədirdi. Yasəmən qapını açdı, qızını əliboş gördü.
-Hələ çörək almamısan?
-Yadımdan çıxıb, pul içəridə qalıb.
-Göyərti də alarsan. – anası mətbəxə keçdi.
Hamamla mətbəx yanbayan olduğundan Nilufər üçün hamamda anasını gizlicə güdmək asanıydı. Anası eyvana paltarları sərməyə çıxan zaman mətbəx qapısını astaca örtdü, dovşan bəzəyi vurulmuş evdə geyindiyi şəpşəpinin birini götürüb evin qapısını açdı. Şəpşəpini qapıyla bağlanan yerin arasına qoydu. Asta addımlarla ikinci mərtəbəyəcən düşməyə çalışırdı. Birinci mərtəbədən yenə açılıb-bağlanan qapı səsini eşitdi. Deyəsən, yekəpər onun aşağı düşməsindən əlini üzmüşdü. Nilufər yekəpəri yaşadıqları binaya yaraşdırmırdı. Bir gün qəfildən yekəpərin yoxa çıxması ən böyük diləyidir. Qızcığaz üç pilləkən də aşağı düşdü. Dili ağzında titrəyə-titrəyə ürəyində Allaha yalvarırdı. Əllərini iki döşünün arasında yumruq formasında birləşdirmişdi. Yekəpərin qapısı qonşu qapısıyla üz-üzəydi. Qapının yanına çatdı, nəfəs almağı saxladı. Dabanını qaldırıb pəncəsinin üstündə qapının yanından keçməyə çalışdı. Neçə il həbsdə yatmış, azadlığı həsrətlə gözləyən məhbus kimi hiss elədi özünü. Niyyəti baxışları qədər qorxulu olan yekəpərin ucbatından uşaq düşüncəsini də itirmişdi. Yaşıdlarıyla oynamaq da istəmirdi.
Qapı açıldı, yekəpər qonşu qapı ağzında göründü.
-Sabahın xeyir, gözəlim. – Kobud səsiylə getmək istəyən uşağın ayaqlarını saxlamağa məcbur elədi.
Qorxu elə hissdir ki, ya getmək istəyərsən, gedə bilmərsən, ya elə bilərsən ayaqların yerli-dibli yoxdur, ya da ürəyinin dayanmasını arzulayarsan.
Nilufər yekəpərə baxdı. Qız onun gözlərində niyyətini, o isə qızın gözlərində qorxunu oxudu. Nilufər ayaqlarını tərpədə bilmirdi. Göz bəbəkləri böyümüşdü. Yekəpər yenə dişlərini ağartmış, yenə ağzında dili göbəyiylə birlikdə səssiz hərəkət edirdi. Bu dəfə yekəpər istəyini bir az da qabartdı. Astaca qıza yaxınlaşdı, kobud əlləriylə uşağın çanağını sığalladı.
-Pambıqdır. Bu dəfə səni buraxmaram. – deyib qəfildən qızın belini qucaqladı, hərəkətsiz ayaqlarını yerdən göyə qaldırdı.
Qorxusu Nilufəri qışqırmağa sövq etdi. Necə qışqırdı, qızcığaz özü də anlamadı, yekəpər də… Hər dəfə qıza toxunanda hədələmək susması üçün birinci silahıydı. Bunu gözləmirdi, cəld qızı yerə atdı, evinə girib qapısını bağladı. Qızın iki qıçının arasından boz şalvarının islandığı açıqca bilinirdi. Hər səhər Nilufər anasının tapşırığıyla iki stəkan su içirdi. Rahatladıqca qız döşəməyə baxır, sidiyi beton pilləkəndən pilləkənə süzülürdü. Ayağa çətinliklə qalxdı, axsayırdı. Axsaya-axsaya pilləkənləri bir-bir yuxarı çıxdı. Evin qapısı bağlanmamışdı. Qapının ağzına gələndə dizləri büküldü, taqəti qalmamışdı, səsli ağladı. Yasəmən qızının səsinə mətbəxdən çıxdı. Şəpşəpini ayağıyla kənara çəkib qapını tam açdı. Qızını yerdə görəndə həyəcandan dili-dodağı əsdi.

-Nili, sən niyə yerdəsən? Nə olub?
Nilufər anasına cavab verəcək halda deyildi. Anası onu ayağa qaldırmaq üçün qolundan tutdu.
-Hamama keç. Sakitləş, ağlama.
Nilufər anasıyla hamama keçdi, qızının axsadığını görən ananın ağlına pis heç nə gəlmədi.
-Harda yıxılmısan?
Nilufər yenə cavab vermirdi. İslatdığı şalvarına baxırdı. Yasəmən hamamdan çıxdı, bir qədər keçdikdən sonra əlində iki dərman, bir stəkan suyla qayıtdı.
-Bunu iç, özünə gəl. Rəngin-urfun da qaçıb.
Nilufər anasının dediklərini edirdi. Onun istəyiylə şalvarını, güllü tumanını çıxartdı. Ana suyla qızını beldən aşağı yuduqdan sonra məhrəbanı belinə doladı. Mətbəxə keçdilər. Qız stulda oturana qədər ağlayırdı, danışa bilmirdi. Yasəmənin narahatçılığı artırdı. Qızı yıxıldığına görə ağlayana oxşamırdı. -Qızım, nə oldu axı? De görüm kim qorxudub səni?
Qız susduqca ana təmkinini pozmamağa çalışırdı, suallarını təkrarladı.
-Nili, mənə bax. Bax mənə… Nə olub? Kimdən qaçmısan?
Qız anasının gözlərinə, sonra sağa əyilib evin qapısına baxdı. Bağlı olub-olmadığını dəqiqləşdirmək istəyirdi.
-A-na…
-Haycan
Nilufər anasını qucaqlayıb başını qarnının üstünə qoydu, yenidən ağladı. Yasəmənin hövsələsi daralırdı. -Qızım, nə olub? Qorxma, danış. Atanı çağıracam, qorxma.
Yasəmən qızının gözlərinə baxdı.
-Anan qurban, de görüm nə olub?
Nilufər içini çəkə-çəkə dedi:
-Ana, aşağıdakı dayı məni …
Anası gözlərini bərəltdi:
-Hansı dayı? – Qızının cümləsini bitirməyinə hövsələsi çatmadı…
Yasəmən ərinin axşam gəlməsini gözləyə bilmədi. Aşağı düşüb “Şərəfsiz” dediyi qonşusunun da payını verə bilməzdi. Qızının adına söz gələ bilərdi. Şəhərdə insanlar arasında baş verənlər tez unudulur, bilirdi. Yenə də olmaz. Heç kim qızının başına gələnlərdən xəbər tutmamalıdır. Adamı ikisi istəyəndə, üçü istəmir. Bax, o üçü heç vaxt heç nəyi unutmayacaq. Lap istəməyən üç adam da hər şeyi başa düşdü. Yasəmən qadınıydı, yekəpərə güc gələ bilməzdi.
Ev telefonuyla ərini yığdı. Əvvəlcə sakit, sonra ağlayaraq danışır, üstəlik, yumruğuyla sağ budunu yüngülcə döyəcləyirdi.
Nilufər başqa şalvarı əynində, yatağında əyləşmiş düşünürdü. Daha ağlamırdı. Atasının onu danlayıb-danlamayacağını fikirləşirdi. Anasına deməkdə düz hərəkətmi elədi? Bəs deməsəydi? Qonşudakı gəlini gözünün qabağına gətirdi… Xəyalında ancaq o canlanırdı.

Ardı var…

>>>> Ardı burada

Şəfaqət Cavanşirin povesti burada >>>

Müəllif: Şəfaqət CAVANŞİR

ŞƏFAQƏT CAVANŞİRİN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Şəlalə Camal – Deyirlər ki…

ŞƏLALƏ CAMALIN YAZILARI

Deyirlər ki,
Sevgilər var ucuz olur…
De neçəyə?
Alım yığım.
Bilirsən də…
Zamanı gələndə bahalaşır
Hər şey kimi.
Yadındadı?
Vaxt var idi dollar ucuz
Su qiyməti
İndi isə valyutada at oynadır.
Əvvəllər ucuz alardıq
Çayı, yağı, əti, suyu
İndi hər şey bahalaşıb
Od bahası
Pul qalmayıb alınası.
Sən sevginin yerini de,
Ac qalıb susuz dolanım
Eybi yoxdu.
Heç kim bilmir nə yeyirəm, nə içirəm…
Barı sevgidən bol olum.
Yoxsulluğun arasında
Sevgi axtaran kiməsə
Arxa olum, qoy yol olum.

* * *

Fələk səni məndən aldı,
Nə oldusa birdən oldu.
Fəqət eşqin alovunda
Nə mən yandım, nə sən yandın…

Bu sevdaya bel bağlama,
İndi uşaqtək ağlama.
Danış, içində saxlama,
Nə mən dindim, nə sən dindin…

Fəqət eşq deyib uçardıq,
Məsuliyyətdən qaçardıq.
Biz ayrılmağa düçardıq,
Nə mən döndüm, nə sən döndün…

* * *

Səsin qulağımdan getmir,
Baxışın da yadımdadı,
Deyəsən gecə gəlmisən,
Bəlkə yuxumda görmüşəm…

Sanki örtdün üst – başımı,
Sonra sildin göz yaşımı,
Mən belə bir tanışımı
Bəlkə yuxumda görmüşəm…

Oğrun oğrun mənə sarı,
Baxdın güldün belə barı.
Laylay dedin gecə yarı,
Bəlkə yuxumda görmüşəm….

Bağımda gülüm açmışdı,
Günəş şəfəqin saçmışdı,
Sanki gecədən qaçmışdın,
Bəlkə yuxumda görmüşəm…

Görən doğru, yalandımı?
Xatirimdə qalandımı?
Məni məndən alanımı,
Bəlkə yuxumda görmüşəm…

Müəllif: Şəlalə CAMAL,

Yaradıcılıq məsələləri üzrə menecer, AYB-nin üzvü.

ŞƏLALƏ CAMALIN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Şəlalə Camal – Deyərsən ki…

ŞƏLALƏ CAMALIN YAZILARI

Çarpayının kənarına
Göz yaşımı buraxmışam…
Darıxanda yastığını qucaqlayıb
İçin – için ağlamışam…
Nəfəsim var çarpayında
Oturub şəkillərinə baxmışam
Saatlarla…
Xatirələri unutmamışam…
Birlikdə…
Əl – ələ…
Qol – qola…
Tay var idi bizə bu məmləkətdə?
Bəs o gecə?
Nə oldu de?
Belə gediş de olardı?
Qapımı külək döyürdü,
Mənim canım üşüyürdü.
İçimdəki məhəbbətim cücərirdi,
Böyüyürdü…
Yarım qoydun.
Bu sevdadan necə doydun?
Necə oldu amansızca, birdən – birə məhəbbətdən soyudun?
Canımda daha can qalmadı…
Bacarmıram , qurban olum…
Mən ki, sənə yad olmadım,
Mən ki, sənə od olmadım.
Qollarımı qırdın mənim
Sən mənə qanad olmadın.
İndi o ev mənsiz qalıb
Uçuq – sökük divarların arasında mən idim mən
Deyib – gülən,
Uşaq kimi şənlənən,
Üzünü güldürən…
Yanağına kəpənəktək öpüşümü qonduran.
Bilirsən də…
Neçə – neçə şeylər oldu demirəm…
Desəm tükün biz -biz olar
Yaşananlar qan donduran.
Sevgi deyib keçmə daha
Eşq belə olmaz, qadası…
Məni candan usandırdı,
Cəfadan yar usanmazmı?…

* * *

Deyərsən ki…

Gülüşümdə həyat vardı…
Deyərsən ki, güldü getdi.
Həyatımda nə oldusa
Deyərsən ki, öldü getdi….

Bədbəxt etdim denən onu,
Denən ki, heç sevməmişəm.
Soruşsalar açıq danış,
Deyərsən ki, bildi getdi…

Danışarsan sevdiyimi,
Uğruna can verdiyimi,
Kainatda bir qüvvəydi,
Deyərsən ki, gəldi getdi…

Olmayacam bu həyatda,
Görməyəcəksən day məni.
Yadına düşsəm ağlama,
Deyərsən ki, keçdi getdi…

Günah nədi bilməmişdim,
Sənə qədər sevməmişdim.
Soruşsalar məni, denən,
O, günaha batdı getdi…

Mən burda qalan deyiləm,
Doğruyam, yalan deyiləm.
Könlünü alan deyiləm,
Deyərsən ki, atdı getdi…

Gəl özünə öymə belə,
Dizlərinə döymə belə.
Qamətini əymə belə,
Deyərsən ki, əydi getdi.

Olmaz iynə, düymə belə,
Məni sancıb söymə belə.
Gəl xətrimə dəymə belə,
Deyərsən ki, dəydi getdi…

Müəllif: Şəlalə CAMAL,

Yaradıcılıq məsələləri üzrə menecer, AYB-nin üzvü.

ŞƏLALƏ CAMALIN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

GÜLBƏNİZ BABAYEVA – VÜQAR ƏHMƏDİN YARADICILIĞINDA QARABAĞ MÖVZUSU

VÜQAR ƏHMƏDGÜLBƏNİZ BABAYEVA

Vüqar Əhməd çağdaş Azərbaycan ədəbiyyatında zəngin və çoxşaxəli yaradıcılığı, novatorluğu ilə seçilən sənətkarlardan biridir. Müstəqillik dövrü ədəbiyyatının yaradıcılarından olan Vüqar Əhmədin ədəbi fəaliyyəti mövzu, ideya, janr və üslub rəngarəngliyi ilə diqqəti cəlb edir.

Vüqar Əhməd “Rus uşaq ədəbiyyatı və Azərbaycan” (Bakı, 1992), “Mircəfər Pişəvərinin həyatı, mühiti və yaradıcılığı” (Bakı, 1998), “Azərbaycan uşaq ədəbiyyatı” (Bakı, 2006), “Ədəbiyyatşünaslıq” (Bakı, 2007), “Anam mənim” (Tehran, 2008), “Şeyx Məhəmməd Xiyabani” (Bakı, 2010), “Qarabağ yuxusu və yaxud yuxuda qələbə” (2012), Cənubi Azərbaycan və Qarabağın tarixini əks etdirən “Qaradağlılar” roman-trilogiyası (2014), M.Ə.Rəsulzadəyə ithaf olunan “Son nəfəsədək Azərbaycan” romanı (2014), “Cənubi Azərbaycan poeziyası” (2014), Məhəmmədhüseyn Şəhriyar. Seçilmiş əsərləri. (M.Şəhriyarın farsca yazılan əsərlərinin poetik və filoloji tərcümələri (2016), “Ədəbi-elmi portretlər” (2017), “Cənubi Azərbaycan şeir antologiyası” (2018), “Plyus bədii yaradıcılıq” (ədəbi almanax) I-II kitab (2017-2018), “Koroğlu” (2020), 2 pərdəli, 5 şəkilli “Salehlər sultanı” librettosu (2022), (Hacı Zeynalabdin Tağıyevə ithaf olunmuşdur), 2 hissəli, 20 şəkilli “Yaşa, Azərbaycan” pyesi (Məhəmməd Əmin Rəsulzadəyə həsr edilmişdir.

Əsər Hayrettin İvgin tərəfindən tərcümə edilərək Türkiyədə çap edilmişdir) və s. kimi 30 kitab və 300-dən çox elmi, publisistik məqalənin müəllifidir. Əsərləri İran, Türkiyə, Yunanıstan, Belçika, İtaliya, Hindistan, Almaniya və digər ölkələrdə çap olunub. Nəğməkar şair kimi 500-dən çox mahnının söz və musiqi müəllifidir.

Vüqar Əhmədin çoxşaxəli yaradıcılığında şairin müxtəlif mövzularda qələmə aldığı ana dilinin saflığını, bədii təsvir və ifadə vasitələrinin zənginliyini özündə əks etdirən poeziyası xüsusi yer tutur. Şairin yaradıcılığının ana xəttini vətən torpaqlarının bölünməzliyi, Qarabağ, Şuşa, Təbriz dərdi, Göyçə nisgili, ana məhəbbətinin ülviliyi, 44 günlük Vətən Müharibəsində Azərbaycan ordusunun qəhrəmanlıqları, Ali Baş Komandan İlham Əliyevin müdrik və uzaqgörənliyi sayəsində düşmən üzərində tarixi qələbənin tərənnümü və başqa mövzular təşkil edir. 40 ilə yaxın zəngin və məhsuldar yaradıcılıq yolu keçən Vüqar Əhmədin “Ağsaçlı palma”, (1995) “Mənim nəğmələrim” (2002 ), “Anam mənim” (2002) “İlhamım gələndə…” (2003) “Nəğməli dünyam”, (2004), “Yaxşı günlər öndədir” (2005), “Şuşanın dağları başı vüqarlı” (2022) və başqa şeir kitablarında Azərbaycan, onun tarixi keçmişi, bu günü və gələcəyi, vətən torpağının ağrı-acıları, erməni vandallarının 30 il işğal altında saxladığı əbədi və əzəli Qarabağ torpaqlarının düşmən tapdağı altında öz nicat yolunu gözləməsi, ana yurdun bölünməzliyi və əbədiliyi kimi poetik düşüncələri yüksək şeiriyyətlə qələmə alınmışdır. Azərbaycanın xalq şairi Məmməd Araz Vüqar Əhməd yaradıcılığının özünəməxsus, spesifik xüsusiyyətlərini yüksək dəyərləndirərək yazır: “ O, bizim klassiklərə, yaşlı nəslə mənsub şairlərin yaradıcılığına hər zaman həssas yanaşmış, onların poeziyalarından bəhrələnmiş, öz töhfələrini vermişdir. Şeirlərini nəğmə üstə yazan şairin öz deyim və yazı dili var, heç kimi təkrarlamır. Vüqar poeziyamızda öz inamlı addımlarını atır. İnanıram ki, Vüqar bundan sonra da öz oxucularını təzə-təzə şeirləri ilə sevindirəcək və onlara mənəvi zövq verəcək” .

Azərbaycan xalqının XX əsrin sonunda üzləşdiyi Qarabağ problemi, itirilmiş yurdun, şəhid vətən övladlarının həsrəti, yanğısı, öz torpaqlarında qaçqına, köçkünə çevrilən həmvətənlərimizin köksündə dərin yara açmış yurd həsrəti, doğma el-obanın zirvəsi qarla örtülən əzəmətli dağları, cənnəti andıran qeyri-adi füsunkarlığı, min bir rayihəli gül-çiçəyi, bumbuz bulaqları, çayları, dağların sinəsini dəlib keçən gur şəlalələri şairin yaradıcılığının əsas leytmotivinə çevrilmişdir. Vüqar Əhməd az qala hər bir şeirində Qarabağ adını anmadan, o müqəddəs torpağa sevgi qarışıq nisgilini izhar etmədən keçə bilmir:

Həsrət qalıb ağlar gözüm üzünə,

Nəğmə qoşdum bayatına, sözünə,

Əlim çatmır əsir Cıdır düzünə,

Nəmli yanaq, cənnət-məkan Qarabağ.

Şeirin hər sözünə hopmuş qəm, kədər, həsrət, doğma vətənin dilbər guşəsindən ayrı düşmüş, onun gözəlliklərini seyr etməkdən məhrum olan bir şairin qəlb çırpıntılarıdır. Bu dözülməz ağrını qəlbində yaşadan şair yuxularında vətən torpağının ayrılmaz parçası olan Qarabağı ziyarət etməklə bir təskinlik tapır. Şeirdə insanlarda gələcəyə inam, nikbin hisslər təlqin edilir. Oxucu dərk edir ki, bu yuxu nə zamansa həqiqətə çevriləcək:

Şuşanı yuxumda gördüm dün gecə,

Şəhərim bərbaddır, ilahi necə,

Oyaqkən, röyada, gündüz, həm gecə,

Cənnət bağındayam, Qarabağdayam.

Şair “Şəhidim” şeirində vətən torpaqlarını öz qanları, canları ilə qoruyaraq ən ali zirvəyə-şəhidlik məqamına yüksələn minlərlə qəhrəman oğulların ümumiləşmiş obrazını yaradır, kədərini, ağrısını, həsrətini yana-yana izhar edir:

Vətən torpağını qucan şəhidim,

Ruhları göylərə uçan şəhidim,

Torpağa qovuşdun haçan şəhidim?

Ömrü yarı qalan nakam şəhidim .

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 5yanvar 2022 –ci il tarixli sərəncamı ilə bu il “Şuşa İli” elan edilib. Sərəncamda deyilir: “Qarabağın tacı olan Şuşa xalqımız üçün müqəddəs və əziz məkandır. Şuşa sevgisi hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır”. Şuşa sevgisi Vüqar Əhməd yaradıcılığının da prioritet mövzusudur.Vüqar Əhmədin oxuculara təqdim edilən yeni kitabı “Şuşanın dağları başı vüqarlı” (2022) adlanır. Şair bu sərlövhəni təsadüfən seçməmişdir. Kitab Azərbaycan musiqisinin qüdrətli sənətkarı, xalq mahnılarımızın və muğamlarımızın bənzərsiz ifaçısı Xan Şuşinskinin “Şuşanın dağları başı dumanlı …” misraları ilə başlayan məşhur mahnısının, zəfər salnaməmizin zirvəsini təşkil edən, mədəniyyət və gözəllik beşiyi Şuşanın işğaldan azad olunması və erməni vandalizmi üzərində tarixi qələbəmizin şərəfinə belə adlandırılmışdır:

İndi çəkilibdir dumanı, çəni,

Xarı bülbül dolu çölü, çəməni,

Şuşa başdan- başa uca səməni,

Şuşanın dağları başı vüqarlı.

Yenə havalanır sədası Xanın,

Ruhu şad İbrahim, həm Pənah xanın,

Bu şəhər ruhudur Azərbaycanın,

Şuşanın dağları başı vüqarlı.

Vüqar Əhmədin yaradıcılığında Qarabağ mövzusunda qələmə aldığı şeirlərini iki mərhələyə bölmək olar. Əgər Birinci Qarabağ savaşına aid şeirlərdə qəm, kədər, qüssə, həsrət kimi həzin, kövrək hiss və duyğular aparıcıdırsa, İkinci Qarabağ savaşında isə bu hüznlü notlar qəhrəmanlıq, cəsurluq, mərdlik, düşmənə meydan oxumaq kimi mənəvi ucalığa, qalibiyyətə, azadlığa çağırış harayı ilə əvəz olunur və onun əbədiliyinə nikbin bir inam hissləri ifadə edilir:

Şəhidlərin ruhu da qələbəyə sevinir,

Millətimin ürəyi tam zəfərlə döyünür,

İndi dünya TÜRKLƏRİ Sizin ilə öyünür,

Sevir Azərbaycanım- Ali Baş Komandanım!

Düşmən artıq can üstə, düşmənin verdiyi candır,

Bütün cahan bilir ki, Qarabağ Azərbaycandır!!!

Sayəndə vətənimiz qalib Azərbaycandır,

Sevir Azərbaycanım- Ali Baş Komandanım!

“Ali Baş Komandanım”, “Qarabağ Azərbaycandır”,”Qələbə ətirli Qarabağdayam”, ”Şəhidlər”, “Vətəndir”, “Vətənimdir”, “Azərbaycan bayrağı”, “Təbrizlə Qarabağ Azərbaycandır!”, “Torpağımız alınandan”,“Vətən bayatıları”, “Cənnət Qarabağ”, “Vətənimi qorumağa”, Əsgərə məktub”, “Zəfər marşı”, “Qarabağ haqqında esse”, “Vətən torpağımın şanı, şöhrəti, bax, şair eylədi Vüqar Əhmədi” və s. şeirlərinin hər biri məna tutumu, bədii sənətkarlıq məziyyətləri ilə diqqəti cəlb edir. Torpaqlarımız işğaldan azad olunduğu zaman şairin yazdığı bu şeirlər həm düşündürücü, həm də səfərbəredicidir.

Tədqiqatçı Dilbər Rzayeva şairin cənab İlham Əliyevin Vətən Müharibəsinin epiqrafına çevirdiyi məşhur “Qarabağ Azərbaycandır!” aforizminin təsiri ilə qələmə aldığı eyni adlı şeirin təsir gücündən söhbət açaraq yazır: “Vətən savaşı bir daha Azərbaycan xalqının birlik və bərabərliyini dünyaya nümayiş etdirdi. Ali Baş Komandanın savaşa çağırış şüarı-“Qarabağ Azərbaycandır” ifadəsi torpaqlarımızın azadlığı üçün əsas şərtlərdən idi. Vüqar Əhmədin poeziyasında bu birlik və bərabərlikdən doğan sevinc zəfər sevinci qədər önəmli yer tutur. Şair “Qarabağ Azərbaycandır” şeirində zəfərimizin gözəl birlik-bərabərlik, xoşbəxtlik tablosunu yaradır. Şeirdə Rəcəb Tayyıb Ərdoğan və İlham Əliyev birliyinin, qardaşlığının da böyük əhəmiyyəti olduğu vurğulanır”.

Vüqar Əhmədin lirik mahiyyətli “Məhəbbət poeması”nda insanı xoşbəxtliyə, gələcəyə, nəcib və xeyirxah əməllərə, daxili zənginliyə, mənəvi ucalığa, humanizmə səsləyən əsl məhəbbətdən söhbət açılır və onun ayrı-ayrı çalarları çeşidlənərək hər birinin rəngarəngliyi poetik sözün gücü ilə yeni keyfiyyət qazanaraq oxucuya çatdırılır. Uşaqlıq illərində anaya, yeniyetməlik, gənclik illərində sevgiliyə, yetkinlik, kamillik dövründə vətənə bəslənilən bu ülvi hissin insanı gözəllik haqqında düşündürməsi, onu bəşəri duyğularla tərbiyələnməyə sövq etməsi poemanın əsl mahiyyətini açıqlayır. Təbii ki, şair vətən məhəbbətini ön plana çəkərək onu uca, ali bir zirvədə qərarlaşdırır:

Vətən məhəbbəti necə müqəddəs,

Onu sevməlidir, hər insan, hər kəs…

Sözüm odur ki, biz Vətəndən doymayaq,

Düşmən qabağında biz qul olmayaq.

Vüqar Əhmədin şeirləri problematika, mövzu və ideya zənginliyi ilə yanaşı, dil-üslub, bədii-məcazi imkanlardan maksimum istifadə baxımından da diqqəti cəlb edir. Şairin poetik nümunələrində canlı danışıq üslubundan, xalqın zəngin folklorundan istifadə əsərlərinə orijinallıq və lakoniklik gətirir, estetik cəhətdən oxucuya zövq aşılayır. Şeirlərində sözlərdən məqamında, yerli-yerində istifadə edən şair boş sözçülüyə , mənasız ifadələrə, qafiyə xatirinə qafiyələrə yol vermir, sözdən qənaətlə yararlanır, onun məna tutumuna, fikir yükünün ağırlığına önəm verir. Şeirlərindəki təbiilik, axıcılıq, lakoniklik onların bədii təsir gücünü artırır.

Nəğməkar şairin şeirlərinə obrazlılıq gətirən frazeoloji dil vahidlərindən, epitet, təşbeh, metafora, metonimiya, mübaliğə və s. bədii təsvir və ifadə vasitələrindən doğru, düzgün və qədərincə istifadə etməsidir

Bəxtim də qaradı, saçım da qara,

Saçlarım ağardı, bəxt ağarmadı.

Deyin dərd əlindən mən gedim hara,

Saçım ağarınca, bəxt ağaraydı.

Səadətin yenə üzü çönübdür,

Bəlkə elə bəxt ulduzum sönübdür.

Vüqar Əhməd bir dərvişə dönübdür,

Saçım ağarınca, bəxt ağaraydı.

Şair öz əsərlərində bədii təkrirlərdən, istiarələrdən, cinas qafiyələrdən sənətkarlıqla yararlansa da, heç vaxt təkrarçılığa, sxematikliyə yol vermir. Klassik ənənələrə sadiq qalan şairin əruz, heca və sərbəst vəznli şeirlərində poeziya dili üçün səciyyəvi olan ahəngdarlıq, emosionallıq, sərrastlıq, axıcılıq və yığcamlıq xarakterikdir. Vüqar Əhməd poeziyasında ənənə və novatorluğun sintezindən yaranan bir üslub formalaşdırmışdır:

Bir incidir, sədəfdir söz,

Bəd sözlərə bənd olma heç.

Sonu uzun kələfdi söz,

Bulağından doyunca iç.

Vüqar Əhmədin yaradıcılığında onun “Qarabağ yuxusu və yaxud yuxuda qələbə” (2012), “Qaradağlılıar trilogiyası” (2014), “Son nəfəsədək Azərbaycan” (2014) və “Koroğlu” (2020) romanlarının xüsusi yeri vardır.

“Qarabağ yuxusu və yaxud yuxuda qələbə” avtobioqrafik romanında vətən torpaqlarının bütövlüyü naminə xalqı mübarizəyə və birliyə çağırış ideyası ön plana çəkilir. Qarabağın azadlığını, qalibiyyətini yuxuda görən yazıçı real gerçəkliklə irreal məkan, röya arasında bir körpü yaradaraq yuxularının gerçəkləşəcəyinə inam ifadə edir: “Bircə onu bilirəm ki, bu yuxu olsa da, ruhum həqiqətən Qarabağa getmişdi. Bu arzu olunan, gerçəkləşən bir röya idi, əfsanəvi həqiqət idi. Mən inanıram ki, uca yaradan bu yuxunu gerçəyə çevirəcək və türk oğlu türk düşmənin burnunu ovub Qarabağı azad edəcək”.

Romanın yüksək məziyyətlərindən bəhs edən Aynurə Əliyeva yazır: “Əsər müqəddəs ruh və ideyaların təbliği fonunda xalqımız, eyni zamanda vətənimiz üçün vacib olan məsələlərin əksi baxımından əhəmiyyətlidir. Romanda memuarçılıq tərzi üstünlük təşkil etsə də, bu ideya Qarabağ qələbəsi üzərində qərar tutur. Müəllif haqlı olaraq Qarabağ “Qələbə marşı” nın “söz-musiqi” kompleksində milli birlik düşüncəsinin vacibliyini irəli sürür. Ona görə də vicdanlı, vətənsevər insanların birliyi əsərdə ideyanı doğuran başlıca amil səviyyəsində təqdim olunur. Romanda müəllif qələbəyə vətəndaş və türk birliyinin reallıqları çərçivəsində yanaşır. Lakin əsərdə bəşəri kontekstin mövcudluğu vətəndaş və türk birliyini dünya sülhsevər qüvvələrinin birliyi xətti ilə üst-üstə qoymağa imkan verir. Bu mənada müəllif dünya siyasi liderləri, nizami ordu və könüllü xalq qruplarını təcavüzkar Ermənistanla son döyüşdə müəyyən mövqe sıralarında problemə həm qlobal müstəvidə yanaşır, həm də qələbənin labüdlüyünü həmrəy olmaqda görür”.

Doğrudan da, yazıçının romanda uzaqgörənliklə əks etdirdiyi tarixi qələbəni Azərbaycan xalqı 8 il sonra, 2020- ci ilin noyabrında qazana bildi.

Tarixi mövzuda yazdığı “Koroğlu”(2020) romanı Vüqar Əhmədin dördüncü romanıdır. Vüqar Əhmədin “Koroğlu” dastanının motivləri əsasında qələmə aldığı romanı Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun əziz xatirəsinə ithaf olunub.

Professor Seyfəddin Rzasoy roman haqqında fikirlərini belə ifadə edir: “Vüqar Əhməd bu əsəri Azərbaycanın qəhrəmanlıq tarixinə adını qızıl hərflərlə yazmış Mübariz İbrahimova ithaf etmişdir. Buna da səbəb, şübhəsiz ki, ən əlçatmaz zirvələrdən biri olan şəhidlik zirvəsinə yüksəlmiş igidlər igidi Mübariz İbrahimovun milyardlarla insandan birinə nəsib olan fövqəladə şücaəti, məhz çox zaman düşmənin üstünə təkbaşına gedən Koroğlu kimi bir həmlədə yüzlərlə düşmənin leşini leş üstünə qalamasıdır.

Həqiqətən də, Mübariz İbrahimov Koroğluya çox bənzəyir. Etiraf etmək lazımdır ki, biz bir xalq olaraq zəmanəmizin Koroğlusunu çoxdan gözləyirdik və budur, Koroğlu yeni qiyafədə, artıq Misri qılıncla yox, müasir silahlarla silahlanmış, lakin fiziki qüdrətindən, zirəkliyindən, qorxmazlığından, vətənpərvərliyindən, basılmazlığından, yenilməzliyindən, yüksək mənəvi keyfiyyətlərindən, nəcib sifətlərindən, əməlisalehliyindən, işıqlı imanından, eyni zamanda qüsursuz yaraşıqlı görkəmindən Koroğlunu bizə çox xatırladan yeni bir Koroğlu peyda oldu. Və gəlişilə hələ qiyamətə qədər də Koroğluların doğulacağını populist nitqlərlə, alovlu çıxışlarla yox, heyrətamiz ruhu, cəsurluğu və fövqəladə hərbi bacarığı ilə bəyan etdi.”

Vüqar Əhmədin Qarabağ mövzusunda qələmə aldığı şeirləri və nəsr əsərləri gənclərimizə vətənpərvərlik hissi, yurd, vətən sevgisi aşılayan, onları mübarizəyə, qələbəyə səsləyən əsl sənət örnəkləridir.

Müəllif: Gülbəniz BABAYEVA

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Mətbuat tarixi və publisistika şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent.

GÜLBƏNİZ BABAYEVANIN YAZILARI

VÜQAR ƏHMƏDİN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Şəlalə Camal – Sən gedəni yol gözümdə uzandı…

ŞƏLALƏ CAMALIN YAZILARI

Sən gedəni yol gözümdə uzandı…
Sən gedəni eşq sözümdə azandı…
Ayrılıqdan kim uddu, kim qazandı?
Dözmür ürək, parçalanıb, qayıt gəl…

Gedişinə nə ad qoyum görəsən?
Yalanına necə uyum deyəsən…
Canımdan da inan doydum, biləsən,
Dözmür ürək, parçalanıb, qayıt gəl…

* * *

Elə bilmə qadınlar güclü olur,
Gücsüzü də var.
Elə bilirsən çox danışırlar,
Sözsüzü də var.
Tənha qadınlar da olur,
Saçlarına küləklər sığal çəkər,
Dodaqları yağışdan islanar.
Onları qucaqlayan öz qolları olar
O da ki, ya darıxanda, ya da üşüyəndə.
Xəfif bir adyala qısılarlar,
Kitaba, dəftərə sarılarlar.
Vallah özümdən bilirəm kitab bəhanədir,
Dünyadan qopub ağlayarlar,
Şəkillərdə gülərlər.
Şəkillər… Ah şəkillər…
Taleyə vəkildirlər…
Gücsüz qadınlara hakim kəsilər.
Hə… Axı bir şey daha var,
Yıxılana balta vuran çox olar.
Yıxılan qadınlar…
Onları kimsə yıxmaz ki,
İçindən yıxılı qalarlar.
Ürəyindən,
Kürəyindən…
Gərəyindən çox sevərlər.
Eşqindən yıxılı qalarlar…
Yıxılsa da dik durmağa çalışarlar.
Özü yıxılanlar ağlamaz
Amma ağlayanı da olur,
Sən elə bilmə qadınlar güclü olur,
Gücsüzü də var.
Tənha qadınlar da olur…
Heç kimə bel bağlamayan,
Heç kimdən sevgi ummayan,
Eşq, məhəbbəti duymayan
Yorğun qadınlar da olur.

Müəllif: Şəlalə CAMAL,

Yaradıcılıq məsələləri üzrə menecer, AYB-nin üzvü.

ŞƏLALƏ CAMALIN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Şəlalə Camal – Özümdən çox sevdim səni…

ŞƏLALƏ CAMALIN YAZILARI

Özümdən çox sevdim səni…
Amma qaçdım bu sevgidən…
Qorxdum… Qaçdım…
Payız gələndə uçub gedən quşlar kimi…
Ürkdüm bir az…
Çox həssasam…
Bəlkə bir az ağlasam
Rahatlaram
Bilirsənmi,
Özümdən çox sevdim səni
Duruşunu, yerişini…
Oğrun – oğrun baxışını…
Yorğun – yorğun gülüşünü…
O qədər doğma oldun ki,
Əzbərlədim gəlişini…
Bu gəlmək handa bir sayılır
Məhəbbət qanda bir sayılır
Qanımdan çox sevdim səni,
Canımdan çox sevdim səni.
Ha istədim yaxınlaşım,
Ha danışım, soraqlaşım,
Bəxti qara taleyim var
Səni görüb yaxşılaşım…
Mən əslində pis deyiləm,
İnan ki, qəliz deyiləm
Dinlə, sənə söz deyirəm,
Özümdən çox sevdim səni…

Müəllif: Şəlalə CAMAL,

Yaradıcılıq məsələləri üzrə menecer, AYB-nin üzvü.

ŞƏLALƏ CAMALIN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ARAZ YAQUBOĞLU TƏLTİF OLUNDU

ARAZ  YAQUBOĞLUNUN YAZILARI

Dədə Ələsgər Ocağı İctimai Birliyinin məlumatı

“Dədə Ələsgər Ocağı” İctimai Birliyinin idarə heyətinin üzvü, tədqiqatçı jurnalist Araz Yaquboğlu doğum günündə Dədə Ələsgər yaradıcılığına və ümumilikdə Azərbaycan aşıq poeziyasına göstərdiyi yüksək xidmətlərinə görə birliyin ən ali mükafatı “Aşıq Ələsgər 200” yubiley medalı ilə təltif edilib.

TƏBRİK EDİRİK!

Mənbə: Dədə Ələsgər Ocağı İctimai Birliyi

ARAZ  YAQUBOĞLUNUN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Şəlalə Camal – Bir gün gələcək…

ŞƏLALƏ CAMALIN YAZILARI

Bir gün gələcək ömrünə
Hüsnündən doymadığın,
Gülüşündən həzz aldığın
Camalı pərişan qadın…
Sevib səni istəyəcək
Fəqət onun ürəyində
Keçmişindən silinməyən
Qalacaq bir nişan adı…
Görəsən kim yaralayıb ürəyini?
Görəsən kim paralayıb arzsusunu, amalını, diləyini?..
Kimə arxalanıb, söykəyibdi kürəyini?
Dik durmağa çalışarkən, aşan qadın…
Gülə – gülə gözləri yaşaran qadın…
Gəlib girəcək ömrünə…
Hər sözünə hay can deyər,
Saçlarına sığal çəkib oxşayar qadın…
Bir az günəşə oxşayar.
Səhərləri şəfəq saçar,
Səhərlər nura boyanar.
Elə ki, axşam olunca günəş batar,
Göz yaşıyla qalar qadın.
Səhərə kimi ağlayar,
Səhərə kimi yas tutar.
Kim bilər ki, dərd – sərini?
Kim sevər belə birini?
Uçurumun kənarında oturmuştək
Gecələri ulduzları sayar qadın…
Bir gün yaşamaq eşqinə düşsə
Bir gün bu sevdadan üz döndərib, doyar qadın…

* * *

Dərdim özümdən böyükdü,
Taleyim çiyinimə yükdü.
Ürəyim qəfil döyükdü,
Gülürəm, çək şəklimi….

Göz yaşımı gizlətmişəm,
Ürəyimi sızlatmışam,
Ağrımı da azaltmışam,
Gülürəm, çək şəklimi.

Sığal telimə çəkmədin,
Alıb dərdimi çəkmədin,
Barı fikrimi çəkmədin,
Gülürəm, çək şəklimi…

Müəllif: Şəlalə CAMAL,

Yaradıcılıq məsələləri üzrə menecer, AYB-nin üzvü.

ŞƏLALƏ CAMALIN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Ana dili və Tarix fənləri arasında maraqlı inteqrsiya

 İçeri Şeher – Old Baku 

Əlifbanı öyrənmək üçün tarixi-mədəni abidələr yaxşı seçim deyil!

Azərbaycan Əlifbası və Azərbaycan Dili Günümüz mübarək!

Qeyd: paylaşımdakı şəklin tərtibatında tarixi-mədəni abidələrin üzərində edilən müxtəlif yazıların fraqmentlərindən istifadə olunmuşdur.

#AzərbaycanDili

#azərbaycanəlifbası

#İçərişəhər

MƏNBƏ: İÇƏRİ ŞƏHƏR – LIVING HISTORY

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Mahirə Nağıqızı – Ana dilim

MAHİRƏ NAĞIQIZININ YAZILARI

Ana dilim
Bu dünyanın yaşı qədər tarixin var,
Sonu qədər, başı qədər tarixin var.
Dağı qədər, daşı qədər tarixin var,
Ha baş vursam bitməz qatı, ana dilim,
Dədəm-babam amanatı, ana dilim!
* * *
Orxonlardan üzü bəri yazın qalıb,
Altaylardan Balkanlara izin qalıb.
Çox dillərdə rəddin qalıb, izin qalıb,
Qurdnan görər qiyamatı, ana dilim,
Dədəm-babam amanatı, ana dilim!
* * *
Ucsuz Qıpçaq çöllərindən havalandın,
Qədim Oğuz ellərindən havalandın,
Qopuzumun tellərindən havalandın,
Sənlə atdım qaramatı, ana dilim,
Dədəm-babam amanatı, ana dilim!
* * *
Yurd yaratdın, xalqıma ev-eşik oldun,
Laylalarla ruhumuza beşik oldun.
Dünyamızın sərhədinə keşik oldun,
Millət etdin el-elatı, ana dilim,
Dədəm-babam amanatı, ana dilim!
* * *
Nizaminin hikmətini sən yaratdın,
Nəsiminin qüdrətini sən yaratdın,
Füzilinin fitrətini sən yaratdın,
Hikmət dolu söz büsatı, ana dilim,
Dədəm-babam amanatı, ana dilim!
* * *
Yasaların kəmfürsətə ox olacaq,
Yadlar səndə əriyəcək, yox olacaq.
“Azərbaycan”, “Heydər baba” çox olacaq,
Onlar övlad hesabatı, ana dilim,
Dədəm-babam amanatı, ana dilim!
* * *
Sən şahidsən, kimlər gəldi, kimlər getdi,
Oğlun-qızın haya çatdı, dada yetdi.
Bələdçisi Həsən Mirzə səni etdi,
Mahirənin kainatı, ana dilim,
Dədəm-babam amanatı, ana dilim!

Müəllif: Mahirə NAĞIQIZI

MAHİRƏ NAĞIQIZININ YAZILARI

“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru