QİSMƏT (hekayə) 2008-ci il, oktyabrın 11-i, şənbə günü idi. Çiçək qızımın 4 yaşının tamam olmasına hələ 2 ay qalırdı. Çox vaxt axşamlar işdən evə gələndə onun üçün nəsə alıb gətirsəm də hər ayın 11-i mütləq özəl bir hədiyyə olmalıdır. Bu gün də ona nəfis tərtibatlı rəngləri və meyvələri öyrədən yeni bir kitab almışam. Evə çatana qədər onun kitabı görəndə necə sevinəcəyini təsəvvür edib mən də uşaq kimi sevinirdim. Bakı şəhərində, “Beşmərtəbə” deyilən köhnə binadan ayaqla 30-35 dəqiqəlik məsafədə, şəhərin ən gözəl, ən səfalı yerində öz əlimlə ürəyim istədiyi kimi tikdiyim yığcam 3 otaqlı fərdi evdə yaşayıram. Elə də böyük olmayan, 3-4 maşın dayana biləcək, güllü-çiçəkli səliqəli kiçik həyətim də var. Çətinliklə olsa da həyətdə bar verən meynə, ərik, albalı, gilas, alma, nar və “yapon əzgili” ağacları əkib-becərmişəm. Bu gül-çiçək və ağaclar hər səhər məni işə yola salır, axşamlar da qarşılayırlar… Səhər işə, axşam da evə gəzə-gəzə, piyada gedib-gəlirəməyi xoşlayıram. Əlimdə ev üçün aldığım bir-iki xırda-para və Çiçəyimin bükülü kitabı gəzə-gəzə gəlib həyət qapısına çatdım. Qapını ancaq ailə üzvlərinə və bir də tez-tez gəlib-gedən dost-tanışa məlum xüsusi üsulla bayırdan özüm açıb həyətə daxil oldum. Həyətə girən kimi birinci sol tərəfdə qalan meyvələri artıq çoxdan sovulmuş, çiçək açmağa hazırlaşan “yapon əzgili”nə salam verib (qonağa hörmət adətdəndir), nar ağacına tərəf getdim. Batmaqda olan payız günəşinin yaratdığı qıpqırmızı fonda qoşa ovuca sığmayan qanqırmızı narlar qapqara görünürdü. Narlarla da xoş-beş edib, sol tərəfdə qonşu ilə aramızdakı alçaq hasarın dibində sıra ilə əkdiyim ilboyu açan qızılgüllərin də könlünü ala-ala pəncərələrinin önündən keçib evin giriş qapısına çatdım. İşdən gəlməyimə az qalmış Çiçəyin öz otağının həyətə baxan pəncərəsindən məni gözləməsi, hər dəfə pəncərənin önündən keçəndə məni görüb, -“Atam gəldi, atam gəldi”,- deyə-deyə qapıya qaçması da artıq adət etdiyimiz hallardan biri idi. Mən giriş qapısını açıb evə daxil olanda artıq Çiçək qızım anası ilə qapının ağzında hazır dayanmışdı. Salamlaşdıq. Ev üçün olan xırda-paranı həyat yoldaşıma, bükülünü isə Çiçəyə verdim. Hədiyyənin kitab olduğunu anlayanda mən təsəvvür etdiyimdən də çox sevindi. O hər dəfə belə sevinəndə mənim də özümdən asılı olmayaraq gözlərim yaşarırdı. Kövrəlirdim. Bükülü hədiyyəni əlində tutub, qarşımda dayanmış Çiçək ayaqqabılarımı çıxarda-çıxarda adəti üzrə yenə məni sual atəşinə tutmuşdu. Anası da həmişəki kimi, – “Ay Çiçək, imkan ver ata bir içəri girsin. İşdən indi gəlib axı”, – desə də o məhəl qoymadan, növbəti qəfil sualı mənə ünvanladı: – Ata, Allah nə bilir ki mən burdayam? Ayaqqabının birini çıxartmışdım, o biri tayı hələ ayağımda idi. Ani olaraq heç dəxli olmayan bu qəfil uşaq sualından tutulsam da Çiçəyə vaxtında cavab vermək lazım idi. Ağlıma belə bir cavab gəldi: – Çiçəyim, bax bu əlində tutduğun hədiyyəni apar, öz otağında yazı masasının üstünə qoy gəl. – Hə qoyub gəldim, – heç bir dəqiqə keçməmiş Çiçək yenə qarşımda peyda oldu. – İndi öz otağının qapısını ört və yanıma gəl. – Hə gəldim, – cəld otağın qapısını örtüb yanıma gəldi. – İndi sənin hədiyyən haradadı? – ondan soruşdum. – Öz otağımda. – Daha dəqiq desək… – Mənim hədiyyəm öz otağımda, yazı masamın üstündədir. – Sən indi onu görürsən? – Xeyr. Qapı bağlıdır. – Qapı açıq olsa, görərdin? – Xeyr. Onda da divar qoymur görəm… – Bax belə. Bəs, sən nə bilirsən ki, hədiyyən otağında yazı masasının üstündədr? – Özüm qoydum. Ona görə bilirəm ki, ordadır. – Ay sağ ol. Bax, Böyük Allah da belə bilir kim hardadır. – Bizi Allah baba qoyub bura? – Ay sağ ol. Bütün insanların ulu babası Adəmi Böyük Allah yaradaraq yer üzünə göndərib. Ancaq Allah elə Allahdır. Ona Böyük Allah, Uca Allah, Mehriban Allah, Bağışlayan Allah deyirlər. Əgər ona baba desək bəs onda Adəm babaya nə deyərik, hə Çiçəyim? – Bildim. Mehriban Allah. Hər şeyi bilən Allah. Nəhayət ki, ayaqqabılarımı çıxarda bildim. Əynimi dəyişib, əl-üzümü yumaq üçün hamam otağına keçdim. Çıxanda Çiçək məni hövsələsiz halda dəhlizdə gözləyirdi. – Bəs onda “qismət” nədir? – Hə, bax bunu sabah sənə parkda göstərəcəm, indi get sən “kitablarını oxu”, ata da çay içsin, yemək yesin, – deməklə vəziyyətdən çıxmağı bacardım. Sabah Çiçəyə parkda əyani olaraq nə göstərəcəyim barədə dəqiq fikrim olmasa da bu cür vəziyyətlərdə uyğun ssenarilər qurmaq bacarığıma güvənərək ona belə bir söz vermişdim. O da sevinə-sevinə öz otağına keçdi… Uzun yay günlərində işdən sonra, bayram və istirahət günləri isə, həmişə Çiçəyi şəhərimizin gözəl parklarına, əyləncə mərkəzlərinə gəzməyə aparıram. Bu gün də bizim adi istirahət günümüzdür. Səhər oyanar-oyanmaz Çiçək “qismət” marağını yenə büruzə verdi. Səhər yeməyimizi yeyib, geyinib evdən çıxana qədər bir neçə dəfə də “qismət”i görmək üçün necə tələsdiyinin şahidi oldum. Nəhayət hazırlaşıb, həyətimizdəki qonşu ilə aramızda olan gül-çiçəklərlə salamlaşıb, sağollaşıb həyətdən çıxdıq. Əsas küçəyə çıxanda həmişə olduğu kimi məhləmizin girişindəki demək olar gündəlik istifadə olunan bütün malların satıldığı xırda dükandan parkdakı göyərçinlərə vermək üçün 1 manatlıq buğda aldıq. Gəzə-gəzə eyni adlı prospektdə yerləşən Hüseyn Cavid parkına gəldik. Biz parka çatanda saat 9:45 idi. Göyərçinlər hələ gözə dəymirdi. Harda olsalar da indi bir-bir, iki-iki uçub gələcəklər. Göyərçinləri gözləyə-gözləyə bayaqdan bəri axtardığım “qismət”i tapmışdım. Bu arada yeri gəlmişkən şəhər göyərçinlərinin bir maraqlı xüsusiyyətini də sizə deyim, kim inanmasa yoxlasın. Hər gün görməyə adət ediyimiz göyərçinlər iş günləri səhər saat 8:00 – 9:00-dan parklarda olsalar da ilin fəsillərindən asılı olmayaraq, istirahət günləri saat 10:00 –dan tez gəlmirlər. Biz Çiçəklə bir xeyli oynadıqdan sonra göyərçinlər də tək-tək, dəstə-dəstə park ərazisində görünməyə başladılar. Parkda hələ elə də çox adam yox idi. Bir-iki mənim kimi valideyn öz uşaqları ilə oynayırdı. Deyirəm, getdikcə vəziyyət bütün sahələrdə dəyişir. Əvvəllər uşaqlar bir-biri ilə oynayardır. İndi, özüm valideyn olandan sonra fikir vermişəm ki, hətta qışda qartopunu da uşaqlar öz ata-anaları ilə oynayır… Belə müxtəlif fikir xəyallarla və “qismət”i necə yaxalayıb Çiçəyə göstərəcəyimi düşünə-düşünə parkdakı ən sakit guşədə yerləşən oturacaqların birində əyləşib göyərçinlərə dən atmağa başladıq. Çiçək də yanımda oturub dəni quşlara tərəf ətrafa sovururdu. Tezliklə yaxın-uzaq ağaclarda olan bütün göyərçinlər hamısı uçaraq yanımıza gəlməyə başladı. Bir neçə dəqiqə ərzində tamamilə göyərçinlərin əhatəsində qalmışdıq. İşarə ilə Çiçəyə sakit dayanıb, kəskin hərəkətə yol vermədən məni izləməsini bildirdim. Torbadakı dəndən ətrafa sovurur, sonra yenidən ovucumu dolduraraq, yer bərabərində göyərçinlərin içində saxlayırdım. Nəhayət göyərçinlərin ən diribaş olanları dəni ovucumdan yeməyə başladılar. “Qismət”i yaxalamışdım. Belə məqamlarda Çiçəyə işarə ilə ovucumdan yeyən göyərçinlərə diqqətlə baxmasını istədim. Bu qaydada dənlərin hamısını göyərçinlərə səpdik. Göyərçinlər dənləri yeyəndən sonra parkın başqa səmtlərində onlara tum səpən, çörək ovan digər valideyinlərin də uşaqlarını əyləndirməyə getdilər. Çiçək əyləncənin bitdiyini görüncə, – “Ata, bəs qisməti nə vaxt göstərəcəksən?, – deyə, bayaqdan söhbətə başlamaq üçün böyük səbrsizliklə gözlədiyim sualı verdi. – Hə, indi diqqətlə mənə qulaq as, ağıllı Çiçəyim. Göyərçinlər biz səpən dənləri yeyəndə heç onlara diqqət etdinmi? – Hə. Baxdım. – Ovucumdan dən yeyən göyərçinləri gördünmü? – Hə. Gördüm. – Fikir verdinmi? Göyərçinlərin çoxu ətrafa səpilmiş dənləri yeyirdi, amma bir-ikisi gəlib ovucumdan yeyirdi. Sən dost olsan hansı göyərçinlərlə dost olarsan, bütün digər göyərçinlərə qarışıb dəni yerdən yeyən göyərçinlərlə, yoxsa ovucumdan yeyən göyərçinlərlə? – Ovucundan yeyən göyərçinlərlə, – heç düşünmədən Çiçək cavab verdi. – Nə üçün? – Çünki onlar qoçaqdı. Onlar qorxmur. – Əhsən mənim ağıllı balama. Əhsən. – Bax, həyat da, qismət də belədir. Gördünmü? Dəni ovucumda tutub gözləyirdim. Hansı göyərçin daha cəsurdur, daha qorxmazdır, daha qoçaqdır o gəlib ovucumdan dəni götürüb yeyirdi. Sənin soruşduğun “qismət” də belədir. Bütün uşaqların “qismət”i hardasa durub onu gözləyir. Uşaqlar sadəcə oynaya-oynaya, oxuya-oxuya böyüyüb öz qismətlərinin harada olduğunu öyrənir, sonra da gedib onu götürürlər. “Qismət” bax budur, Çiçək bala, gül bala. Şəkər bala, bal bala. Ağıllı bala. – Hə. Deməli, “qismət” bu imiş? – Hə. Ağıllı bala, “qismət” bax budur. Son. 30.01.2022. Bakı.
Bu gün gözəl insan, əsl ziyalı, el-obasına bağlı, Yurdunu sevən, təəssübkeş araşdırmaçı – yazar Araz Yaquboğlunun doğum günüdür! Şad günü münasibətilə onu təbrik, edir yeni-yeni nailiyyətlər arzulayırıq! Uğurlarınız bol olsun, Araz müəllim!
Əfşan Yusifqızı (Aslanova Əfşan Fərhad qızı) 1969-cu ildə Göyçay rayonunun Qəbələ Müskürlü kəndində müəllim ailəsində anadan olub. Təxəllüsü atasının el arasında Yusif kimi tanınmasıdı. 1976-cı ildə birinci sinifə gedib, 1986-cı ildə orta məktəbin Fəhlə-Gənclər bölməsini bitirib. “Bir misra söz qədər duyanim ola” adlı bir şeirlər kitabının müəllifidir. Şeirləri “Turana açilan könüllər”, “Sevmişəm, sevirəm, sevəcəyəm də” və “Anasiz-atasiz dünyam” adlı poeziya antologiyasında yer alıb. “Şirvan” ədəbi-ictimai birliyinin ideya rəhbəridir. Şeirləri müntəzəm olaraq dövri mətbuatda çap olunur. Ailəlidir. Üç övladı var.
BACARMIRAM Kİ…
Dalğalar qoynuna atma sən məni, Onsuz da üzməyi bacarmıram ki. Nəinki dalğalar, dağlar qoynunda , Ay canım, gəzməyi bacarmıram ki.
Həsrətin acısı yandırdı məni, Yaman vaxtsız saldı saçıma dəni. Bildim ki ömürlük itirdim səni, Yenə də dözməyi bacarmıram ki.
İlk eşqin havası başımda qalıb, Acısı gözümün yaşında qalıb. Bu sevda uşaqlıq yaşımdan qalıb, Usanıb bezməyi bacarmıram ki.
Yaradan ömrümə kədər göndərib, Alnıma yazılan qədər göndərib, O ötən günlərə mən üz döndərib, Gözümü süzməyi bacarmıram ki.
Əfşan, xəyallanıb göylərdə süzmə, Keçmişi düşünüb özünü üzmə. Ömrün yarı olub, biganə gəzmə, Fikrimi çözməyi, bacarmıram ki.
ELİMDƏ GƏZİR
Yaz küləyi tellərimlə oynayır, Sanki əllərindi telimdə gəzir. Ötən hər gün illərimlə oynayır, Sənli xatirələr dilimdə gəzir.
Uzaqdan səs gəlir hey qulağıma… Gəlməyir sən adlı hay sorağıma, Su tökdun sən yanan gur ocağıma, İndi ruhun gəlib külümdə gəzir.
Taleyimə yazdı kədər qəm səni. Öz sevgimə tək görmüşdüm tən səni, Unutmaram illər keçsə mən səni Ətrin çiçəyimdə, gülümdə gəzir.
Demə Əfşan dəli-divanə olub, Şöləsiz bir şama, pərvanə olub. Artıq xəyal olub, əfsanə olub, Xəyalı dolanır, elimdə gəzir.
GÖLƏQƏLƏMSANCAN (hekayə) Kimya-biologiya müəllimi olsam da, tələbəlik illərindən alverə necə alışdımsa, daha doğrusu əlim pula elə öyrəşdi ki, diplomu alandan sonra bir müəllim məvacibinə baxdım, bir də gündəlik qazancıma və alveri seçdim. Öz əlim, öz başım yavaş-yavaş girələnirəm. Hələ üstəlik “simpatiya” bəslədiyim bir-iki nəfərə də köməklik göstəririəm. Yeni Yasamalda “Qızım” marketin qarşısında balaca bir meyvə-tərəvəz dükanım var. Hər gün səhər saat 6:00 – da açıram, gecə yarıdan keçəndən sonra bağlayıram. 46 yaşım var. 16 yaşımdan günüm belədir. Mənim başqa işim yoxdur. Universiteti də burada oxumuşam. Əsgərliyi də burada çəkmişəm. Min şükür Allaha. Taleyimdən razıyam. Ailəliyəm. Evim-eşiyim. Oğlum-qızım. Özüm min-bir əziyyətlə oxusam da uşaqların başını belə boş-boş işlərlə qatmadım. Ailəlikcə günümüz elə bu balaca dükanda keçir. 2021-ci ilin oktyabr ayının son günləridir. Havalar qəfil çox soyuyub. Bax elə üzbəüz qonşum olan məşhur “Qızım” marketin Yekəpər ləqəbli mühafizəçisi ilə bağlı hekayət də bu günlərə təsadüf edir. Dünən səhər-səhər yazıq buradaca, marketin qabağında durduğu yerdə dəli olub. Aparıblar “Maştağa”ya. Deyirlər ki, ora çatan kimi də dəlilərdən biri “kor quyu”, “kor quyu” deyə-deyə üstünə necə hücum çəkibsə, o boyda adamın ürəyi partlayıb ölüb. Bəlkə də başqa cür olub. Amma belə danışırlar. Bu gün dəfn etdilər. Gəlib-gedən müştərilər deyir ki, havanın belə qəfil soyumasının da səbəbkarı o mühafizəçidir. Hərə ona bir şəbədə qoşsa da mənim onunla quru salam-əleykümdən, bir də arada-bərədə bekarçılıqdan yaranan söhbətlərdən başqa heç bir haqq-hesabım olmayıb. Allah rəhmət eləsin. İndi bəndədir də nəsə günahı olubsa, Allah Bağışlayandır. Biz kimik ki, onun haqqında nəsə danışaq, qərar verək!? Yazıq, belə baxanda sakit adam idi. İşinə gələr, axşama qədər elə bu marketin gah içərisində, gah çölündə gününü keçirib, axşam da çıxıb gedərdi evinə. Gedərdi deyəndə ki, qalxardı yuxarı. Yekəpər elə marketin üstündəcə 40 – cı mərtəbədə ailəsi ilə birlikdə kirayədə qalırdı. Kənddə yaranmış ailə söz-söhbətlərinə görə Bakıya köçməyə məcbur olub. Dəfələrlə yeri gələndə hansı rayondan olduğunu soruşsam da, “Azərbaycan”dan, – deyərək, söhbəti tez dəyişərdi… Yalan-gerçək deyirlər, qaynənəsi də onlarla birlikdə yaşayır. Hələ onu da deyirdilər ki, arvad bu boyda adama göz verir, işıq vermir. Yazığı salıb lap gözüm-çıxdıya. Belə söhbətləri eşidəndən sonra ona çox yazığım gəlirdi. Bu şoğərib market qəbzindən pul qazanmaq məsələsi ortaya çıxana qədər hər şey əla idi. “ƏDV” –ni geri al, deyirsiniz? Nə deyirsiniz, bilmirəm? Bu market qəbzindən pul qazanmaq məsələsi təzə çıxmışdı. Əvvəllər heç bu kağızlara fikir verən yox idi. Gündə neçə dəfə gözümüzün qabağında aparıb boşaldırdılar zibil qutularına. Marketdən çıxan zibillərə də mühafizəçilər nəzarət edir axı? Bu yazıq da həmişə marketdən çıxan zibilləri diqqətlə yoxlayar, sonra xadimələr aparıb zibil qutularına atardı. Elə ki, bu kağızlardan pul qazanmaq məsələsi çıxdı, bir gün gördüm ki, bu yazıq kassadan çıxan qəbzləri su töküb isladır. Sonra xadimələrə atmağa icazə verir. Əvvəllər fikir vermirdim. Sonra bu məsələ hər gün bir neçə dəfə təkrar olunduqca, dəfələrlə söhbət etdiyimiz yerdə gözümün qabağında baş verdikdə, özümü saxlaya bilməyib soruşdum (indi soruşmayım): – Qardaş, neynirsən o kağızları belə isladıb? – mənə nə cavab vesə yaxşıdır? – Belə məsləhətdir, Əmioğlu! – Əla, əla, – deməkdən başqa çarəm qalmadı. Bu söhbətimizdən bir-iki gün keçmişdi. Bir də görürəm, qarşıdakı zibil qutularından həmişə zibil yığan oğlan öz-özünə qarğış edə-edə gedir: “Səni görüm elə o vedrədəki suda boğulasan”, “…yox-yox, səni görüm elə kor quyuda boğulasan… heç su da tapılmasın…”, “…səni görüm elə murdar olasan… yumağa su da tapılmasın…” Gəlib düz qarşımdan keçəndə əl eləyib saxladım. Deyirəm: – Qardaş, nə məsələdir? Yenə kimi asıb-kəsirsən? – Görmürsən bu şərəfsizi? Halal çörəyimizə bais olur… – Kim? Nə məsələdir? Açıq danış görüm… – Allah hökumətimizin canın sağ eləsin. Yaxşı imkan yaratmışdı. Ta zir-zibil yığmağa ehtiyac yox idi. Kreditə ucuz bir telefon götürmüşdüm. Gündə bu kağızlardan çoxlu yığıb aparırdım evə yoldaşım da yükləyirdi telefona sonra da bizə rahat pul gəlirdi. Biz də o pulla işlərimizin bir qismini yola verir, balalarımıza bir qismət əppək alırdıq. Elə axşamlar səndən nə qədər qutularda qalan əzik-üzük meyvələri alıb aparmışam? Yalandır? – Yox, qardaş. Yox. Yalan deyil. Bəs indi nə olub ki, rahat pulunu qazana bilmirsən? – Görmürsən, bu şərəfsiz Yekəpəri? Çekləri vedrədə isladıb zay edəndən sonra zibil qutularına atdırır ki, mən istifadə edə bilməyim. Eşitdiklərimdən dəhşətə gəlmişdim. Hər ikisinə acıyırdım. Maraq güc gəldi: – Qardaş, gündə nə qədər qazanırdın? – Elə qəşəng nizama salmışdım ki, hər gün telefonumuza üç- dörd manat pul gəlirdi. Ordan da yoldaşımın kartına göndərib yaxşıca istədiyimiz yerə işlədirdik. Allah bu Yekəpərin bəlasını versin. O ki, mənim işimi, gül kimi güzəranımı pozdu… – Narahat olma, qardaş! Hər gün sənin 4 manatın bax bu piştaxtada! – əlimi üstünə meyvə-tərəvəz yığdığım dəzgahın üzərinə qoydum. – Doğrudan? – Əlbəttə. Hər axşam evə gedəndə gəlib buradan gedirsən. İstəsən 4 manatı nağd götür get başqa yerdən ehtiyacın olanı al, istəsəndə 4 manatlıq ürəyin istəyən meyvə-tərəvəzdən götür, – belə danışdıq, zibilyığan oğlan islanmış qəbzləri unudaraq sevinə-sevinə evinə getdi. O gündən sonra hər gün olmasa da arada-bərədə zibilyığan oğlan gələr, gah meyvə-tərəvəz, gah da, – “evdə qənd-çay yoxdur, çörək yoxdur”,- deyərək, nağd pul alıb gedərdi. Bu vəziyyət təxminən 3-4 aydır ki, belə davam edir. Deyəsən zibilyığan oğlan bu məsələni hər yerdə danışır, nədi? Son vaxtlar müştərilərimiz də əməlli-başlı artıb. 2 ay olar ta gündə bir dəfə səhər-səhər mal gətirməklə çatdıra bilmirəm. Məcbur olub günortadan sonra da mala gedirəm. Hər şey əla idi. Ta dünənki o hadisəyə qədər. Görənlər deyir ki, Yekəpər səhər tezdən marketin qapısını açdıqdan sonra həmişəki kimi qapının ağzında dayanıb siqaret çəkirmiş qəfildən yuxarıdan kimsə bir vedrə suyu əmdərib bunun başına. Səhər-səhər alaqaranlıq, bir az yuxulu adam, soyuq hava, qəfil təpəsinə tökülən buz kimi su… Yazıq elə yerindəcə dəli olub. Aparıblar “Maştağa”ya… Ta sonrası da sizə məlumdur… Amma bir məsələni də sizə deməsəm olmaz. Vəziyyətdən xəbərdar olandan sonra hər dəfə yanımda kassa qəbzlərini isladanda gah südə su qatan südçü ilə oğlunun hekayətini, gah da göləqələmsancan uşağın əhvalatını ona anladırdım… O isə işini görə-görə diqqətlə məni dinləyər, hekayət bitəndə belə deyərdi: – Nağıllara inanma… Mən isə nağıllara inanıram. Hələ üstəlik, bütün işlərimə örnək “Atalar sözləri”ni tuturam. Ən son eşitdiklərimi də sizə çatdırım, vəssalam. Deyirlər ki, Yekəpərin qaynanası elə bax bu “Qızım” marketdən 3-4 gün əvvəl yekə, qapqara bir plastmas vedrə alıb, qalxıb yuxarı. Hələ liftdə onunla birlikdə qalxan qonşunun dediklərinə görə tez-tez dodaqaltı deyirmiş: “İndi mən sənə göstərərəm, ay Yekəpər… Göstərərəm…” Son. 27.01.2022. Bakı.
Asmağı düşünürəm… Özümü… Arzularımdan… Ümidlərimdən… İçimdə böyüyən sevgimdən… Təzəcə boy atan məhəbbətimdən… Söndürdüyün eşqimdən… Bəlkə dənizlərdə çırpınan qağayının ayağından… Ya da kənara qatlayıb qoyduğum bəyaz kəlağayımdan… Asmağı düşünürəm… Özümü… Titrək səsimdən, Boğazımda düyünlənən hər kəlməmdən, sözümdən Mən küsmüşəm özümdən. Kimə deyim dərdimi ki, İnciməsin sözümdən… İlmə – ilmə yaş axırdı gözümdən. Beləcə atdım həyatın ağuşuna taleyimi…
* * *
Mənə gözəlim demə Mən ki, gözəl deyiləm… Nitqim susub qalıbdı Nə danışam, nə deyəm? Sən ayrılıb gedəndən Göz yaşım dayanmadı Yanağımda donub qaldı Dodağıma süzülən Göz yaşımdı – əriyən. Mənə gözəlim demə Mən ki, gözəl deyiləm Uşaqlaşmışam sanki Onlar kimi ağlayan, Onlar kimi kiriyən…. Bəlkə yaşım da çatmaz Elə uşaq kimiyəm. Seviləcək yanım yox Mən ərköyün biriyəm. Mənə gözəlim demə, Mən ki, gözəl deyiləm.
Mənə sözün ixtiyarın verdi Yaradan, Dedi: – sənə ilham, qələm qoy kömək olsun. Məni başa düşmədilər bu zəmanədə, Axı başa düşmək üçün baş gərək olsun.
Durub dövrə yalvarmadım, üz tutmadım, yox, Külək hansı səmtə əsdi ora əsmədim… Şair haqdan yaranıbdır, utanmadım, yox, Gündə-gündə özümə bir allah gəzmədim…
Öz inamım, öz məsləkim oldu həmişə, Öz sevincim, öz kədərim, öz qəmim oldu. Söz şairə əqidədir, yoldur həmişə, Sözə xain çıxanlara söz qənim olsun…
Anam getdi o anamı eylədi əvəz, Bacım getdi şeir mənə bir bacı oldu. O mənimçin könüllü həbs, könüllü qəfəs, Həm əzabım, həm də əsil əlacım oldu…
Pulsuz oldum, amma ruhsuz yaşamadım mən, Söz dövlətim, söz ziynətim, söz daşım oldu. Ölüm ömür yoldaşımı aldı əlimdən, Poeziya mənə ömür yoldaşı oldu…
Zalım, nankor zəmanənin yaxşısı, pisi, Aşkar hopdu, çökdü mənim sətirlərimə. Elə bil ki, vəcdə gəlib Tanrının özü, Öz əlini çəkdi mənim sətirlərimə…
Əsla bitib, tükənmədi söz əmanətim, Yollarıma gecə-gündüz o tutdu məşəl. Amma məni duymadılar bu zamanədə, Yəqin ayrı zamanədə başa düşərlər…
Ürəklərə toxum səpdim vermədi səmər, Ha çağırdım yatan kütlə sanma ayıldı… Söz sayıldı vecsiz, cəfəng sərsəmləmələr, Köhnə, cındır ibarələr şeir sayıldı…
Nə qədər ki, ruh yaşayır, can var bədəndə, Dəyişməzdir şeirim, fikrim, əqidəm, səsim… İstəmirəm bu dünyadan bir gün köçəndə, Qara kütlə tabutumun dalınca gəlsin…
Başsız qoyun sürüləri dünyada nə çox, Qoy iki-üç qanan adam ötürsün məni… Qoymazsınız, qoymazsınız balalarım, yox, Çirkin əllər tabutumu götürsün mənim…
Gec-tez sona çatacaqdır ömür nağılım, Gedəcəyəm bu dünyadan şeir dilimdə… Gedəcəyəm ən birinci oğullarımın, Bir də, bir də sözlərimin çiyinlərində…
MƏLƏK (hekayə) Məktəb illərim çoxdan tarixə qovuşub, ancaq o günləri heç unutmuram. Dərslər sentyabrın 1-i başlayırdı. Bu günü Bilik Günü kimi qeyd edirdik. Həmin gün – ilk dərs günü müəllimlərimiz böyük vətəni qorumaqdan, onu sevməkdən danışırdılar. Orta məktəbin son siniflərində oxuyanda 10 il ərzində eşitdiklərimizin cəfəngiyyat olduğuna şahidlik etdik. Sonuncu sinifdə artıq, xüsusi ilə tarix fənnindən, kitablarda öyrənməyə mövzu qalmamışdı. Hiss olunurdu ki, bəzi müəllimlər sanki uzun müddət təkrar-təkrar bizə söyləyib, zorla əzbərlətdirdikləri mövzuların çoxuna görə xəcalət çəkirlər. Bax belə bir təzadlı dövrə təsadüf edirdi mənim məktəb illərim. Hələ lap aşağı siniflərdən qarşıma məqsəd qoymuşdum ki, böyüyəndə tarix müəllimi olacam. Məktəbi bitirəndə çox çətin seçim qarşısında qalsam da, fikrimi dəyişmədim. Tarix müəllimi oldum… Bu gün 29 sentyabr 2021-ci ildir. Yenə Bilik Günü – məktəblərdə ilk dərs günüdür. Dərslər sentyabrın 15-də başlamalı olsa da dünyada qəbul edilən pandemiya səbəbindən ilk dərs bu günə təsadüf edib. Artıq üçüncü il bir neçə tarix fənnindən dərs dediyim “VII A” sinfində Bilik Günü kimi qeyd etdiyimiz ilk dərsi mən aparmalıyam. İlk dərs günü şagirdlərimizə 44 günlük II Qarabağ Müharibəsindən, şanlı Zəfər Günümüzdən danışmalıyıq. Şagirdlərimin hamısı məni yaxşı tanıyır. Ötən tədris illərində demək olar ki, hər gün təmasda olduğumuzdan, xüsusi ilə onlayın dərslər zamanı, bütün günümüzü birlikdə keçirdiyimizdən şagirdlərimlə bir evli, lap ata-bala münasibəti qura bilmişəm. Şagirdlərim mənim həm Birinci, həm də İkinci Qarabağ Müharibələrinin iştirakçısı olduğumu, hətta uşaqlığımın, təhsil illərimin döyüş bölgəsində yerləşmiş sərhəd kəndində keçdiyindən də xəbərdardırlar. Çünki həmişə onlara ucqarlarda, təmirsiz, uçuq-sökük məktəblərdə heç bir şəraiti olmayan, hətta pəncərə şüşələrində, yazı taxtalarında, divarlarında güllə, qəlpə izləri olan sinif otaqlarında əla qiymətlərlə oxuyan şagirdləri misal çəkir, onların belə gözəl şəraitli, yeni məktəblərdə daha yaxşı oxumağa borclu olduqlarını xatırladırdım. İndi, şanlı Zəfər Günümüzün 1 illiyi ərəfəsində məğlubedilməz xalqın nümayəndəsi, qalib ölkənin vətəndaşı, müzəffər ordunun zabiti, təhsilimizin ən çətin və keşməkeşli günlərini həm şagird, həm tələbə, həm də müəllim kimi yaşamış təcrübəli şəxs, valideyn olaraq öz şagirdlərimlə tam yeni mövzuda, yeni ruhda söhbət aparmalı idim. Düzü, formal olaraq, Bilik Gününün ilk dərsinə hazır olsam da sinifə girənə qədər nə barədə, necə danışacağımı konkret bilmirdim. Sinfə daxil olub, uşaqlarla salamlaşdım. Həm sinifdə yeni şagirdlər olduğuna, həm də pandemiya səbəbindən artıq uzun müddətdir onları görmədiyimə görə xahiş etdim ki, hamı bir neçə dəqiqəlik maskasını endirsin. Şagirdlər gül-çiçək kimi açmış rəngarəng maskalarını endirdilər. Uşaqlar yeniyetməlik çağlarını yaşadıqlarına görə xeyli dəyişilmişdilər. Sinfimizə bu ildən yeni gəlmiş şagirdlərdən biri diqqətimi xüsusi ilə cəlb etdi. Üzümü bu mələk simalı, uclarına ağ kəpənək formalı bantlar bağlanmış uzun hörükləri olan yeni şagirdimizə tutub soruşdum: – Sənin adın nədir, qızım? – Mələk Musalı, – yeni şagird qalxdı və özünü təqdim etdi. – Çox gözəl! Otur, qızım! – bu sözləri dedim və xəyal məni həmin günə apardı… Bir an düşündükdən sonra şagirdlərimlə bugünkü söhbəti necə quracağıma qərar verdim və söhbətə başladım. Onu qeyd edim ki, hər belə söhbətlərə başlamazdan əvvəl,vacib detalları özüm üçün götür-qoy edəndə şagirdlərimin məni necə diqqətlə dinlədiklərini təsəvvür etmək, söhbətin mənəvi əhəmiyyətindən, faydasından heç də az ləzzət eləmirdi mənə. İşimi sevə-sevə görür və bundan zövq alırdım. Hal-hazırkı vəziyyətdən, məlum münaqişənin tarixinə qısa ekskursdan, 44 günlük müharibədən, şanlı Zəfər Günümüzdən, bu günlərə gəlib çatmağımızda Ümummilli Liderimiz Heydər Əliyevin, onun layiqli davamçısı Müzəffər Ali Baş Komandan, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin xidmətlərindən danışdıqdan sonra bir az fasilə verib dedim: – İndi sizə özümün gənc ikən şahidi olduğum maraqlı və ibrətamiz bir əhvalat danışacam. Ancaq əhvalatı danışmazdan əvvəl bir məsələni də diqqətinizə çatdırmaq istəyirəm ki, bu gün Müzəffər Ali Baş Komandan, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə çox mühüm bir nəticə əldə etmişik. Bu nəticəni qoruyub saxlamaq, inkişaf etdirmək, böyütmək, möhkəmləndirmək sizlərin işidir. Bu yurdun, bu ölkənin, bu xalqın gələcəyi sizin əllərinizdədir. Heç kim özünü kiçik, fəaliyyətini əhəmiyyətsiz saymamalı, sadəcə üzərinə düşən işi şərəflə, vicdanla, ləyaqətlə yerinə yetirməlidir. İndi danışacağım əhvalat da məhz bu baxımdan sizin üçün faydalı ola bilər. Hamı dinləməyə hazırdır? – Bəli! – Başlayaq? – Başlayaq! – Deməli belə, mən artıq birinci kurs tələbəsi idim. Azərbaycan Pedoqoji İnstitutunun Şuşa filialının Tarix fakültəsində oxuyurdum. O vaxtlar bu İnstitut bizim rayonda, yəni, Ağcabədidə yerləşirdi. Yeni gələnlər və unudanlar üçün deyim ki, mən Ağcabədi rayonunun Qiyaməddinli kəndindənəm. Sizin kimi belə şagird olanda Çapayev adına taxtadan tikilmiş köhnə, bir mərtəbəli məktəbdə oxumuşam. Çapayev o dövrün əfsanəvi qəhrəmanlarından biri olmuşdu. Tam səmimi deyim ki, bəlkə, bu gün də belə bir qəhrəmanın adına olan məktəbdə təhsil almağımla qürur duyuram. Özümdən asılı deyil, hələ qanımdan çıxmayıb. Çünki uzaq ellərin qəhrəmanı olan Çapayev o qədər məşhur idi ki, onun qəhrəmanlığından bəhs edən əhvalatlar, lətifələr hər yanda danışılır, sevilirdi. O vaxtlar vəziyyət belə idi. Hə, şübhəsiz ki, belə bir qəhrəmanın adına olan məktəbdə oxuyan uşaqlar da hamısı onun kimi qəhrəman olmaq arzusunda idi. Bizim kənd Ağcabədinin döyüş bölgəsinə tərəf sonuncu kəndi idi. Bizdən sonra Ağdam rayonunun Yusifcanlı kəndi gəlirdi. Müharibə zamanı düşmənlər Yusifcanlı kəndinə iki dəfə hücum edib yandırmışdılar. Kənddə artıq yaşayış yox idi. Kənd camaatı bir müddət gecələr gəlib bizim və yaxın ətraf digər kəndlərdə qalıb gündüzlər öz kəndlərinə qayıtsalar da 1993-cü ilin iyun ayının 12 –sində sonuncu dəfə düşmən ağır texnikaların dəstəyi ilə hücuma keçərək kəndi tamam yandırıb, dağıtdı. Bu gündən sonra demək olar ki, bizim kənd sərhəd kəndi oldu. Artıq bizim kənddə də köçmək barədə söz-söhbət dolaşmağa başlamışdı. Bir yandan da həmin günlərdə Gəncədə nəsə anlaşılmaz hadisələr baş verirdi. Həmin vaxt ölkənin prezidenti Əbülfəz Elçibəy idi. Deyilənə görə o da Bakıda deyildi. Heç kimə demədən harasa gizli bir yerə çəkilmişdi. Bax belə bir qarışıq vəziyyətdə mən birinci kursu bitirirdim. İnstitutda yay imtahanlarının ən qızğın vaxtı idi. Həmin günün tarixi dəqiq yadımda deyil. Ancaq iyun ayının son günləri idi. Çünki kəndimizin sakinləri Yusifcanlıların başına gələn qəfil hadisənin şokundan hələ tam çıxa bilməmişdilər. Yadımdadır, həmin gün mənim Azərbaycan tarixi fənnindən imtahanım var idi. İmtahanı verib Ağcabədidən – rayon mərkəzindən kəndimizə qayıdırdım. Günorta saat 1-2 olardı. Yolboyu qarşımıza bizim kənd tərəfdən gələn üstündə ev əşyaları ilə dolu, insanlar olan yük maşınları çıxırdı. Əvvəl çoxunu tanımasam da son keçən maşınların üstündəkilərdən bir-ikisini tanımışdım. Kəndə çatmağımıza 10-15 dəqiqəlik yol qalmışdı. Çox həyəcanlanırdım. Bu qorxu deyil həyacan idi. Kəndimizə çatmağa tələsirdim. Çünki mənimlə birlikdə Çapayev adına məktəbdə oxumuş sinif yoldaşlarımın çoxu indi əsgər idi və əlində silah kəndimizin müdafiəsində postda dayanmışdılar. Mən əsgər olmasam da hər gün institutdan gələn kimi onların yanına gedirdim. Düşmən hələ biz tərəfdə görünməsə də arada-sırada kəndin ərazisinə top, “qrad” mərmiləri düşürdü. Ancaq təhlükə həmişə var idi. Çünki qonşu kənd olan Yusifcanlıya da məhz belə qəfil, həm də kənd camaatının gözləmədiyi tərəfdən hücum etmişdilər. Xain düşməndən nə desən gözləmək olardı. Belə fikir-xəyal içində kəndin mərkəzinə çatıb, maşından düşdük. Rayon mərkəzi ilə əlaqə saxlamaq ancaq “xalturşik” dediyimiz indiki deyimlə desək taksi xidməti göstərən şəxsi minik avtomobilləri ilə mümkün idi. Nə isə, maşından düşdük. Camaat toplaşan yer toz-dumanın içində idi. Ağız deyəni, qulaq eşitmir, hərə bir fərziyə irəli sürürdü. Bir az kənarda ağacların kölgəsində Bakıdan gəlmiş boş yük maşınları dayanmışdı. Arvad-uşaq əllərində boğçalarla yavaş-yavaş bu maşınların ətrafına toplanırdı. Yorulanlar çıxıb yük yerində yerləşib otururdular. Qocalar birmənalı şəkildə, qəti olaraq bildirirdilər ki, burada ölərik, kənddən çıxmarıq. Gənclərin əksəriyyəti formalı-formasız əli silahlı postlarda idi. Orta yaşlıların isə, – “burada öləcəyik, kənddən çıxmayacağıq”, – deyən qocalara qarşı yaxşı arqumentləri var idi: “A kişi, sənin prezidentin ölkəni qoyub, gedib oturub Kələkidə, sən də başlamısan kənd belə gəldi, kənd elə getdi…” Belə mübahisələrin birində Məmməd dayının, Həsən əmiyə verdiyi ibrətamiz cavabı bu gün də olduğu kimi xatırlayıram: “A bala, sən indi deyirsən hamımız yığışaq gedək Bakıya. Əgər belə etsək bunun adı olacaq yurdunu-yuvasını qoyub qaçmaq. Amma o kişi neyləyib? – Bakını qoyub gedib, öz yurduna-yuvasına. Kim hara gedir getsin, mən heç yana getmirəm…” Elə bu vaxt Bakıdan gələn yük maşınlarından birinin sürücüsü yaxınlaşıb ümumi camaata: “Mənim maşınım dolub, kişilərdən də bir nəfər yanımda əyləşsin, hara deyirsiniz gedək. ” Məmməd dayı bu dəfə də ona tərəf dönüb təmkinini pozmadan: “A bala, qonaqsan, sən hələ bir soluqlan, görək başımıza nə gəlir…”, demişdi ki, rayon mərkəzindən qayıdan Əhməd dayının “ağ 24-ü” gəlib düz camaatın yanında dayandı. Maşının yaratdığı toz-duman yatandan sonra içərisindən ağ köynəkli, qara kostuyumlu, qalstuklu, yanında da uzun hörüklü balaca bir qız olan kişi düşdü. Toz-duman tamam çəkilən kimi bu adamı tanıdım. Bu Musa müəllim idi. Yanındakı da qızı Mələk. Musa müəllim bizim kənddən olsa da Bakıda yaşayır, universitetdə müəllim işləyirdi. Hamı, xüsusi ilə ağsaqqallar hərə bir tərəfdən Musa müəllimin üstünə tökülüşdülər. Musa müəllim qızı Mələyi nənəsinin yanına göndərəndən sonra qocalı-cavanlı orada olan hər kəslə bir-bir əl tutub görüşdü. Yaxın və doğmaları ilə qucaqlaşdı. Hal-əhval söhbətləri bitəndən sonra yenə Məmməd dayı özünü saxlaya bilmədi: – Bala, başına dönüm, nə yaxşı gəlmisən!? Səni “O kişi” özü göndərib buraya, – əlini şəstlə göyə tərəf uzadaraq, – dedi və indicə verdiyi sualın cavabını da özü tapdığı üçün uşaq kimi sevicdən gözləri yaşardı… Özün gəlmisən. Xoş gəlib, səfa gətirmisən. Bəs o tifili niyə yanına salıb gətirmisən? Bu başsız camaata bir söz de! Bu millət neyləsin? Bakıda nə var, nə yox? Bu deyilənlər doğrudurmu? Deyirlər, ölkə başsız qalıb… – Hər şey yaxşıdır! Heç narahat olmayın. Yaydı də, mən həmişəki kimi anama baş çəkməyə gəlirdim, Mələk ağladı ki, mən də nənəmə getmək istəyirəm. Onu da gətirdim. Biz yay tətilinə, kəndə dincəlməyə gəlmişik. – Ay başına dönüm, sən buradakı vəziyyəti görmürsən? Nə dincəlmək? Nə tətil? Ölkə qalıb başsız… – Narahat olmayın. Ölkə başsız filan deyil. Belə sözlərə inanmayın. Bu xalqın Heydər Əliyev kimi oğlu var! Hər şey öz qaydasına düşəcək! – Ay onun adına qurban olum. Allah mənim ömrümdən kəsib onun ömrünə calasın… Əliyev bu işə qol qoyubsa düzələcək. Xoş gəlmisən bala! Yol yorğunusan, get dincəl. Bir az soluqlan. Siz də dağılışın evinizə. Ayıbdı heç olmasa o tifildən utanın! Bakıdan durub gəlib bura, siz də getmək istəyirsiniz Bakıya.. Ayıbdı, vallah ayıbdı… Məmməd dayı sözünü bitirib, dəryazını da çiyninə atıb evinin yolunu aldı. Maşınlara minmiş arvad-uşaq artıq çoxdan tökülüşüb, Mələyin başına yığışmışdılar. Yaşıdları onun geyim-keçiminə maraqla baxır, nənəsi şirin-şirin sorğu-sual edir, digər böyüklər isə sanki onun başına sığal çəkmək müqəddəs bir borcmuş kimi bir-bir saçını sığallayıb gedirdilər. Musa müəllim sanki heç nə olmayıbmış kimi təmkinini pozmadan qızı Mələyi və anasını götürüb öz ata ocağına getdi. O, gedən kimi bütün digər oraya toplanmış insanlar da yavaş-yavaş hərə çəkilib öz evinə getdi. Axşama tərəf Bakıdan gələn yük maşınları da çıxıb getdilər və bir daha bizim kəndə gəlmədilər. Həmin ili Musa müəllim qızı Mələklə düz Oktyabr ayına qədər kənddə qaldı. Yay imtahanları bitən günü mən də könüllü orduya yazıldım. Məni öz sinif yoldaşlarıma komandir təyin etdilər. Bu işdə nə onlar, nə də mənim üçün heç bir yenilik yox idi. Çünki, hələ məktəbdə oxuyanda da “İbtidai hərbi hazırlıq” dərslərində hərbi rəhbər məni komandir təyin etmişdi. Məktəbi qurtarana qədər iki il onların komandiri olmuşdum. İndi öyrəndiklərimizi həyata keçirmək vaxtı idi. Digər tağımların əsgərlərindən postda yatan olsa da bizim tağımdan heç vaxt, heç kim posta yatmazdı. Biz sırada dayanmağı, postda durmağı, müxtəlif mövqelərdə vəzifələrimizi hələ məktəbdə oxuyanda yaxşı öyrənmişdik. Bütün yayı demək olar ki, Musa müəllim hər gün bizim yanımıza gəlir, maraqlı söhbətlər edir, gəncləri ruhlandırırdı. Maraqlısı o idi ki, Musa müəllim dedikləri hamısı düz çıxırdı. Heydər Əliyev xalqın çağırışı ilə hökümətdə idarəçiliyi ələ alandan sonra yavaş-yavaş vəziyyət düzəlməyə başlamışdı. Musa müəllimin və qızı Mələyin kənddə olması camaat üçün böyük toxtaqlıq idi. Musa müəllim atasının ocağında oturubsa kəndə heç nə olmaz. Musa müəllim kənddədi, elə bil kənddə bir ordu var. Bax vəziyyət belə idi. Musa müəllim də bunu yaxşı başa düşdüyünə görə dərslər başlasa da Bakıya qayıtmırdı. Vəziyyətin tam düzəlməsini gözləyirdi. Oktyabrda demək olar ki, vəziyyət stabilləşdi. Orduya çoxlu yeni hazırlıqlı əsgərlər gəldi. Könüllüləri tərxis eləməyə başladılar. Tezliklə Musa müəllim də qızını götürüb Bakıya qayıtdı. Mən də təhsilimi davam etdirməyə başladım… 27 sentyabr 2020 –ci il İkinci Qarabağ Müharibəsi başlayana qədər bizim kənddə çox hadisələr baş versə də heç kim kəndi tərk etmədi. Əksinə yandırılıb, dağıdılıb işğal olunmuş yaxın kəndlərin uzağa getmək istəməyən sakinlərindən də bəziləri bizim kənddə və onun ətrafında məskunlaşdılar. Bizim kəndi keçilməz səngər edib, qəti döyüş gününü gözlədilər. O gün gəldi və Müzəffər Ali Baş Komandan, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə xalq, ordu, rəhbər birliyi qələbə qazandı. İndi bizim tarixdə 44 günlük şərəfli Vətən Müharibəmiz, 8 noyabr kimi şanlı qələbə günümüz, Zəfər Günümüz var! İndi bütün çətinliklərin arxada qaldığı gündə mən uzun illər kəndimizi dağılmaqdan, yüz illərdir yanan ata ocaqlarını sönməkdən qoruyan Musa müəllimlə onun xilaskar qızı, kəndimizin qoruyucu mələyi olan Mələk xanımı əbəs yerə xatırlamadım. Mənim bu gün də heç şübhəm yoxdur ki, əgər həmin gün, həmin məqamda Musa müəllim və qızı Mələk kəndə gəlməsə idi, indi bizim kənd də yerində olmazdı. Buradan nə nəticə çıxarmalıyıq? Bütün mövcud vasitələrdən istifadə edib yaxşı oxumalıyıq. Sinif otaqlarımızı, əyani vəsaitləri göz bəbəyimiz kimi qorumalıyıq. Gələcəkdə hansı peşənin sahibi olmağımızdan asılı olmayaraq, ziyalı, vətənpərvər, qətiyyətli, hər zaman təmkinli olmalıyıq. Bütün bu sadaladığım keyfiyyətlərə ancaq yaxşı oxumaq və öyrənməklə nail olmaq olar. Yeni tədris ilində hamınıza uğurlar arzu edirəm! Yeni dərs ilimiz mübarək olsun! Öz doğma evinizə, ocağınıza xoş gəlmisiniz! – Kimin nə sualı var? – deyə, sonda sinifə müraciət etim. – Olar, müəllim? – deyə, yeni şagirdimiz Mələk Musalı müraciət elədi. – Buyur, Mələk. Buyur, qızım. – Müəllim, bəs sizin adınız nədir? – Üzr istəyirəm, gərək dərsə başlayanda sinfimizə yeni gələn şagirdlər üçün özümü təqdim edəydim. Unutmuşam. Mənim adım Hüseyndir. Hüseyn Məmmədov. – Çox sağ olun, müəllim. Maraqlı əhvalat idi. Müəllim, mənim babamın da adı Musadır. O da müəllim işləyib. İndi təqaüdçüdür. Qələbəmizə çox sevinirdi. Lap çox. 44 günlük müharibə vaxtı hər axşam televizorun qarşısında oturub Prezidentimizin çıxışını gözləyirdi. Hər kənd alındıqca, sevincdən ağlayırdı… – Çox gözəl, mənim ağıllı qızım. Hamımız bax belə Musa müəllimlər kimi vətənpərvər, Mələklər kimi cəsur, qorxmaz, dəyanətli olmalıyıq! – dedim və dərsi yekunlaşdırdım. Uşaqlarla sağollaşıb sinif otağından çıxdım. Yeni şagirdmiz Mələk Musalı 30 il əvvəlki Musa müəllimin qızı Mələyə çox oxşayırdı. Hələ hörükləri, kəpənək formalı bantı. Heç ağlıma gəlməzdi ki, indiki zamanda da şagirdin belə bantlı uzun hörüyü olar. Ən azından son illər heç rast gəlməmişdim. Beynimdə bu Mələklə o Mələyin arasında bir əlaqə varmı? Bəlkə, elə bu qızın babası o Musa müəllimdir? Birdən uşaq gedib əhvalatı evdə danışar? Tez də: “Danışsa nə olar ki, hər şeyi olduğu kimi demişəm. Həm də yaxşı olar təki yeni şagirdimizin babası Musa müəllim elə o Musa müəllim olaydı… Bu günləri o da görəydi… Bu lap əla olardı…” , – bu fikirlər beynimdə dolaşa-dolaşa müəllimlər otağına baş çəkib məktəbdən çıxdım. 2021-22 tədris ilimiz də belə başladı. Son. 17.01.2022. Bakı.
Abbasi xəlifəsinin kürsüsünə türk sultanının oturması əslində müsəlman türk dünyasının yeni intibah dövrünü də bərabərində gətirirdi. İslam şərqinin intibahını hər nə qədər ərəb xəlifələri başlatsa da, onu zirvəyə aparan türk hökmdarları oldu. Əgər islam intibahına ətraflı nəzər salsaq onu iki tarixi dövrə bölərək incələmək lazım gəldiyini görərik. Birinci dövr fəlsəfə dövrüdür. Bu dövr həm də yazılan hər bir əsərin ərəbcə olması ilə səciyyəlidir. Türk torpağında Fərabi, Ibn Sina kimi filosoflar öz əsərlərini məhz ərəbcə yazırdılar.
Türklərin tarix səhnəsinə çıxmasıyla ikinci böyük intibah dövrü başlayır ki, bu da ədəbiyyatda intibah dövrüdür. Əgər birinci dövrün əsas xüsusiyyəti əsərlərin ərəbcə olması idisə, ikinci dövr türk hakimiyyəti dövrü olmasına baxmayaraq ilkin dövrdə hakim dilin ərəbcədən türkcəyə deyil, farscaya keçməsidir. Nizami “Xəmsə”sini, Mövlanə “Məsnəvi”ni farsca elə bu dövrdə yazdı. Doğrudur, ilkin dövrdə Yunis Emrə kimi şairlər doğma türk dilində yazıb yaradırdılar. Amma bu özlüyündə hər şey demək deyildi. Hakim dil fars dili idi və böyük ədəbiyyat da bu dildə yaranırdı.
Çox çəkmədən türkün öz doğma dilində yazıb-yaradan sənətkarları olsa da, fars dili hakim dairələrdə hələ uzun müddət rəğbət gördü. Səfəvi hökmdarı Şah İsmayıl Azərbaycan dilini dövlət dili edib doğma dildə şeirlər yazdığı bir vaxtda, onun müasiri Osmanlı Sultan Səlim isə öz şeirlərini farsca yazırdı (A. Sehimmel).
Azərbaycanda isə doğma türk dilində ilk ədəbiyyat nümunələri elə farsdilli ədəbiyyatla bərabər yaranırdı. Həsənoğlunun ilk qəzəli anadilli ədəbiyyatın ilk nümunəsidir. Ancaq heç şübhə yox ki, anadilli ədəbiyyatın ilk böyük nümayəndəsi Nəsimidir. Nəsimi doğma azərbaycan dilində böyük sənət yaratmış ilk böyük şairdir (M.Ibrahimov).
Fars dilində sənət məktəbi yaradan Mövlanədən, Nizamidən sonra fars dilindən qurtulmaq istəyi öz-özlüyündə insandan böyük hünər tələb edirdi. Nəsimiyə isə bu cəsarəti hürufilik verirdi.
Hürufiliyin dəqiq nə zaman yarandığı bilinməməklə yanaşı, onun miladdan öncə IV və yaxud III yüzillikdə orta şərqdəki yunan mədəniyyətindən təsirlənən helenistik dinlərdə orataya çıxdığı görünür (İslam Ensiklopediyası). İslam dünyasında isə hərflərin bəzi gizli və sirli özəlliklərə sahib olduğu fikrinin doğuşunu hələ hicri II əsrdən başladığını görürük. İlkin dövrdə belə bir fikrin yaranmasına “Qurani-Kərim”in on dörd surəsinin başında yer alan “Hurufi-Mukattaa”nın Səhabə tərəfindən müxtəlif cür yorumlanması səbəb olmuşdur.
İlkin dövrdə bəzi mütəsəvviflərin, xüsusilə Ibn Arabi və Ibn Xəldun kimi alimlərin hürufizmdən təsirlənmələri onun sonrakı geniş inkişafına rəvac verdi. Bu sistemə görə bütün varlıqlar və kainat insan üzündə olduğu qəbul edilən “hututu-əbiyyə” və “hutut ümmiyyə” deyilən yeddi xətli iki görüşlə açıqlanır. Bütün dini hökmlərin, ərəbin iyirmi səkkiz və fars əlifbasının otuz iki hərfinə uyğun olaraq insan üzündə olduğu fikrini irəli sürən hürufilik görüşlərini xalqa yaymaq üçün ona bütün bunları öz dilində demək lazım idi. Və belə bir dövrdə Nəsimi şeirdən fikirlərini xalqa çatdırmaq üçün istifadə edirdi (Anabiritanic Ensiklopediyası). Hürufiliyin banisi Nəimi həbs edildikdən sonra onun bir çox müridlərinin İran və Hindistana getmələrinə baxmayaraq, Nəsimi Anadoluya üz tutdu. Onun Anadoluya getməsi heç də təsadüfi deyildi. Çünki o dövrdə türkdilli ədəbiyyatın ocağı Yunus Emrə tərəfindən məhz Anadoluda qalanmışdı. Əgər təsəvvüfün mərkəzi 962-ci ildə Həllacın edamıyla Bəsrədən Bağdada keçmişdisə (Macit Fahri) türk sultanının Bağdadı fəthindən sonra artıq təsəvvüfi axımların Anadoluya keçdiyinin şahidi oluruq. Burada öncə monqol, daha sonra Teymur yürüşlərinin də rol oynadığı şübhəsizdir. Tərki-vətən olan sufilərin axın-axın buraya gəlməsinin başqa bir səbəbi də o dövrdə Anadoluda mövcud olan türk sultanlarının onları himayə etməsidir. Təsadüfi deyil ki, XVI əsrdə dövrünün hakimlərinin biganəliklərindən şikayətlənib “Gər aqçan ilə alınmış qul isəm, azad et!” deyən Füzuli
Füzuli, istər isən izdiyadi-rütbeyi-fəzl
Diyari Rum gözət, tərki xaki-Bağdad et!
– deyə Anadolu torpağında şeirə, sənətkara verilən qiyməti vurğulayırdı. Füzuli tərəfindən belə qiymət alan Anadolu torpağı Mövlanənin, Yunusun yaşadığı, Əttar, Şəms Təbrizi kimi şəxsiyyətləri mistik varlığa çevrilən insanların gəzib dolaşdıqları yer idi. Nəsimi Anadoluya gələndə isə buranın yeni, rəğbət görən təriqəti yeni-yeni yaranan Bektaşilik idi. Qaybi Sunullahın “Bəşərətnamə”sində Anadoluya yeni gələn Nəsiminin hətta Hacı Bayram Vəli ilə görüşmək istəməsi də qeyd edilir.
Nəimidən sonra hürufizmə canla-başla sahib çıxan Nəsiminin hürufizm qarşısında ən böyük xidməti ondan ibarət oldu ki, o , bu təlimi Azərbaycan və İran torpağındakı kimi ölməyə qoymadı. Hürufizmin Məkkəsi sayılan Bakıda (Mirzə İbrahimov) hürufi kimi fikirləşmək belə qadağan edildiyi bir vaxtda, fikirləri Anadoludakı Ələvi Bektaşi çevrələrində qəbul görən Nəsimi hürufizmi onlara da məlhəm edə bildi. Artıq Nəsimi Anadoluda kifayət qədər tanınan birisi idi. Ələvilərin onu yeddi ilahi böyük şairdən hesab etmələri (Böyük Lağus Ensklopediyası) bunun sübutudur. Bektaşilər, hətta onu o qədər özlərindən hesab edirdilər ki, bu onların Nəsiminin ölümündən sonra belə öz yaradıcılığında hürufizm motivləri daşıyan hər bir sənətkarı Bektaşi kimi tanımalarına səbəb olurdu (A.Shcimmel). Bektaşilər, hətta insan qaşını Merac hadisəsindəki Peyğəmbərlə Allah arasındakı ox məsafəsinə bənzədən Nəsimidən fərqli olaraq insan qaşını “Bismillahir-Rəhmani Rəhimə” bənzədən Şah İsmayıl Xətaini də özlərinin öndə gələn şairlərindən sayırdılar (A.Shcimmel).
Nəsiminin həyatı çilələrlə keçsə də bu onun düşüncələrinə qətiyyən təsir etmir. Onun yaradıcılığında elə bir misra tapmazsan ki, orada Allahın vermiş olduğu taledən şikayət edilsin. Hətta dərisi soyularkən belə bədahətən dediyi “Zahidin bir barmağın kəssən…” mətləli qəzəli də yaşamış olduğu ağrı-acılara üsyan kimi başa düşülməlidir. Bu qəzəl, hətta Nizaminin “Qocalıq” qəsidəsi, Xəqaninin “Həbsiyyə”sinə də qətiyyən bənzəmir. Ölümlə üz-üzə ikən belə Nəsimi nikbinliyini itirmir. Elə Nəsimini başqalarından fərqləndirən əsas xüsusiyyəti də budur. Hətta onun yaradıcılığında özündən əvvəlki və müasirlərində görünən neyin inləyişi, aşiqin məşuqəsi üçün axıtdığı hicran göz yaşlarına da rast gəlinmir. Halbuki o dövrdə yaşamış elə bir təsəvvüf şairi tapmazsan ki, onun yaradıcılığında neyin inləyişi, yaxud gül-bülbül sevgisindən söz açılmasın.
Mövlanə həyatı boyu neyin inləyişindən yazdı. Ona görə, qamışlıqdan qoparıldıqdan sonra ney halına gətirilən qamış durmadan gəldiyi yerin özləmini çəkməkdədir. Əslində, Mövlanədə ney alleqorik bir məna daşıyır. Təsəvvüf ədəbiyyatında kamil insanı təmsil edən neyin inləməsi qalu-bəlada insana verilən ruhun daim gəldiyi yerə dönməsi üçün etdiyi mübarizənin bir təcəssümüdür.
Ney inləyişinə simvolik don geydirildiyi bir çağda heç də yeni olmayan vəhdəti-vücud nəzəriyyəsini sistemləşdirən Ibn Arabinin yaradıcı qüvvənin insanın öz daxilində olduğu qənaətinə gəlməsi kamil insan mövzusuna başqa gözlə baxmasına rəvac verdi. Biz elə bu dövrdə ney mövzusuna Mövlanədən fərqli yanaşmayan Yunis Emrə yaradıcılığında az da olsa, vəhdəti-vücud motivlərini görürük. Onun:
Bəni sorma bana, bəndə degüləm
Bir bən vardır bəndə, bəndən içərü
beyti isə mütləq varlığa orta əsrlərin ənənəvi baxışını kökündən baltalayırdı. Bu beyt, eyni zamanda, “Həq məndədir, daim Ənəlhəq söylərəm deyən” deyən Nəsiminin də yüz il öncəki müjdəsiydi. Hz. Əlinin “Sən özünü kiçik varlıq zənn edirsən, halbuki ən böyük aləm sənin içində gizlidir” kəlamındakı böyük aləmin kəşfi də Yunis Emrə ilə gerçəkləşdi. Yunusun kəşf etdiyi bi insan dağının ilk alpinisti və fəth edəni isə Nəsimi oldu.
“Insani-kamil” qavramına ilk dövr sufilərində rast gəlinmir (H.Kamil Yılmaz). “Ənəlhəq” də hələ özlüyündə tam “vəhdəti-vücud”çu br görüş deyil. Allahın öz nəfsində özüyçün təcəlli etdiyini söyləyən Həllac Mənsuru hər nə qədər Vəhdəti-vücud nəzəriyyəsinin banisi hesab etsələr də, təsəvvüf tarixindən görürük ki, bu nəzəriyyənin qurucusu Ibn Arabidir. O, Həllac Mənsurun “Allah Adəmi öz surətində yaratdı” hədisinə istinadən söylədiyi, Allahın öz nəfsində özü üçün təcəlli etməsi fikrini genişləndirərək “vəhdəti-şuhud”dan fərqli, “vəhdəti-vücud” nəzəriyyəsini qurdu. Ibn Arabiyə görə, kainat ruhsuzdur və insan ruhsuz kainatın ruhu, aynasının cilası olmalıydı. “Insani-kamil” fikri varlıq fikrinin davamıdır və onunla əlaqəlidir (A.Shcimmel). Bu nəzəriyyəyə görə, kamil insan aləmdə daimidir, birdən artıq deyildir. Çünki bütün mövcudat bir tək şəxsdən başqasında ola bilməz. Kamil insan Isa kimi ölü dirildir, Süleyman kimi quş ili bilir. Ibn Arabiyə görə, “Insani-kamil” bütün ilahi sifətləri özündə cəmləyən Hz. Məhəmməddir. “Insani-kamil” olmasaydı Allah qavrana bilməzdi (A.Shcimmel).
Tovhid ağacını əkən Bistamidir. Həllac bu ağacı qanı ilə sulayıb, Ibn Arabi isə bu ağacın meyvələrini yetişdirib insanlığa verib (Mustafa Qara). Ibn Arabidən sonra bəzi sufilər daha irəli gedərək hər insanın “Insani-kamil” ola bilmək üçün bəzi qabiliyyətlər daşıdığı fikrini müdafiə etmişlər.
Arabidə Tövhid ağacının meyvələrini alan Nəsimi daha irəli gedərək kamil insanın daxilindəkinin zərrə deyil, mütləq varlığın özü olduğu fikrini ortaya qoymuşdur. Onun:
Sənə kimdir Adəm oğlu deyən, Allah, Allah, Allah
Bu sifətdə kim görübdür bəşəri cahan içində?
beyti Mənsurun “Ənəlhəq”indən də fərqlənir. Əgər Həllac Mənsurda Allahın öz surətində yaratdığı Adəm övladı “Allah məndədir” deyirdisə, Nəsimidə artıq “Insani-kamil”, “Yerə-göyə sığmayıb mömin qulunun qəlbinə sığan” Allahın (Hədisi-qüdsi) özüdür.
***
Nəsimi kamil insana bu cür qiymət verməklə sosialist nəzəriyyəçilərin iddia etdikləri kimi Allahı insan səviyyəsinə endirmir, nə də insanı Allah səviyyəsinə qaldırmır. Ona görə insan qəlbi Allah sirrlərinin və sevgisinin yeridir. Kainatın xülasəsi, özünü və Allahını haqqıyla bilən “Insani-kamil”in qəlbi Allahın evidir. Allah bu qəlbi özünə ev seçib (Mövlanə, Divani-Kəbir).
Möminin qəlbi içində çünki beytullahdır,
Neçin izzət eyləməzsən, anda çün Allahdır.
Ol məqamı Tanrının kim, ərş oxuyurlar anı
Möminin qəlbidürür kim, təxti-şahənşahdır.
Nəsimi sübut edir ki, həqiqətin təcəllisi insanda kamala çatır. Onun “Insani-kamil”i hər nə qədər mələklərə məxsus sifətlər daşıyırmış kimi görünsə də, o, həyatdakı real varlıq olan insandır. Allahı isə tam bir mərifətlə bilmək yalnız insana məxsusdur (Macit Fahri). Mələklər onu ancaq sonsuz və yaxud ilahi həqiqət olaraq bildikləri halda, insan isə onu ikiyönlü – zati həqiqətiylə haqq olaraq, digər tərəfdən həqiqətin görünən tərəfi – təcəlli olunan varlıq kimi görür. Hər yaradılmışın Insani-kamil ola biləcəyini deyənlər bu yola nəfsinə hakim olmaqla giriləcəyini müdafiə etmişlər (H.Kamil Yılmaz). Nəsimi isə çoxlarının anlamağa çətinlik çəkdikləri “ölmədən öncə ölün” hədisini açıqlayaraq buyurur ki, yalnız sahib olduğun hər şeyini infak (paylamaq) etməklə Peyğəmbərlərin belə çəkindikləri nəfs kimi qorxulu düşmənə qarşı mübarizədə qalib gələ bilərsən!
Ölmədən nəfsini öldür, arifi-rəbb olarsan,
Nəfxeyi-ruhül-qüdüsdən məhz rühüllaı gör!
Buradakı ”məfxeyi-ruhulqüds” Isa Peyğəmbərin ölü dirildən nəfəsinə işarədir.
Allah Təalanın izni ilə bir nəfəs üfləməsiylə ölüyə can verən Isa Peyğəmbər o qədər sadə bir həyat yaşayırdı ki, dünya malı adında heç bir şeyi yox idi. Yalnız iki şeyə sahib idi – daraq və su içmək üçün kuzə. Bir nəfərin ovcu ilə su içdiyini gördükdə kuzəni, başqa birisinin işə saçını barmaqları ilə daradığını gördükdə darağını buraxdı. Ölmədən öncə nəfsini öldürən Isa Peyğəmbər Allah Təalanın öz surətində yaratdığı Adəm(ə.s)i öz nəfəsindən üfləməsiylə var etdiyi kimi, o da ölümdən sonra həyat olduğuna inanmayanlara Allahın varlığını isbat etmk üçün nəfəsiylə ölü dirildə bilirdi. Allahın “Kun” (Ol) əmriylə yaratdığı Aləm kimi, o da “Kun”la quş yaradıb uçurmuşdu.
Biz sonrakı dövr sufilərinin də “Insanı-kamil” mövzusunda “ölmədən öncə ölün” hədisinə Nəsimidən fərqli baxmadıqlarını, əksinə, Nəsimidən bəhrələndiklərini görürük.
Kamili zinda sanma ölmüşdür,
Cismi ruhuna mərkad olmuşdur.
“Sən Insani-kamili diri sanma, o ölmüşdür. Vücudu da ruhuna məzar olmuşdur” deyən Ibrahim Həqqinin “Insani-kamil”i XVII əsrdə artıq arzulanan məqama çatmışdır – cismini ruhuna məzar edə bilmişdir. Xətainin, Füzulinin Insani-kamilinin yaşadığı əsrlərdən keçən bu kamil insan öz dövründə:
Mövlam görəlim neylər
Neylərsə gözəl eylər
– deyə öz yaradılış payına boyun əyir. Nəsimidə isə insan nəinki yaradılış payına boyun əyir, o, hətta dünyaya “Qanı qövlü gerçək”,-deyə sual edir, dünyadan yaradılışın gerçəkliyini soruşur, axtarır. Bu yaradılış üsyan kimi də anlaşılmamalıdır. Hər zərrədə mütləq varlığı görən kamil insan üçün maddi gerçəklik deyə bir şey qalmaz (Mövlanə).
Qafil gerçəkliyin pərdəsi onun gözündən qalxmışdır. Artıq gerçəklik deyə bir şey yoxdur. Onun nəzərində batin də zahirin içində oluğu üçün ikisi də birdir. Iman da birdir, küfr də… Artıq heç bir arzu və diləyi qalmamışdır. Arzu və diləklərini Allahın yox etmiş, nəfsini öldürmüşdür (E.Ibrahim Hakkı). O, “Bir ölü ikən biz onu diriltdik” ayəsinin dərin mənasını bimiş, ona həyat bəxş edən ilahi eşqi tapmış və qəlbində yerləşdirmişdir.
Nəsimi novator şairdir. O, daim axtarışdadır. Nəsimidə kamil insan anlayışı da dar çərçivəyə sığmır. Onun qəzəllərində kamil insanın ruh ümmanı içərisində axtarışda olduğunu görürük. O, Mövlana kimi bu dəryada inci axtarmır. Zərrə bütövün bir hissəsi olduğu kimi, inci də dənizin bir parçasıdır. Nəsimidə isə hissə yoxdur. Bütövlük, tamlıq var. Onun axtarışı kamil insanın daxilindəki mütləq varlığın olduğu məkanda gedir. O, burada Allahı tapsa da, Nəsimidə bu vüsal da son olmayacaq. Ruhun Allaha doğru səyahətindən sonra, bu dəfə Allahda səyahət başlayacaq (A.Shcimmel). Bu səyahətsə heç zaman bitməyəcək səyahətdi.
Allah Təalanın özünü qərblərin və şərqlərin Rəbbi kimi tanıtması (bax: Məaric surəsi 70/ 40) təfsirçilər tərəfindən qərb və şərqin bir deyil, bir neçə olduğu qənaətinə gəlmələrinə səbəb olmuşdur. Yəni Allah təkcə insanlığın deyil, eyni zamanda, ərzin, evrənin də rəbbidir (Mövdudi). Sufilərə gəldikdə isə buradakı məqsəd coğrafi, yaxud məkan mənasında deyil, daha fövqəl mənada işləndiyini iddia edirlər. Onlara görə, bunda məqsəd on minlərlə təcəlli dairəsinin olduğuna işarədir (Əli b. Muhamməd Vəfa). Hansı mərtəbələrdə olarsansa Allaha o mərtəbə daxilində səcdə edərsən. Bir gülün, bir “Insani-kamil”in yetişməsi üçün saysız inkişaf dövrü lazımdır (E.Ibrahim Hakkı). Bir inkişaf dövründən digərinə keçid belə kamil insanın qarşısına gözlənilməyəcək sehirli aləm çıxarır. Bu baxımdan, Şəms Təbrizi ilə Mövlanənin qarşılışıb tanış olması hadisəsi maraqlıdır. Şəms Mövlanəylə qarşılaşdığında ona, Muhammad Allaha “Allahım mən səni tam bilgi ilə tanımadım” dediyi halda, Bəyazid Bistami isə “Mən özümü təsbih edirəm, mənim şanım nə qədər ucadır” deməsinin səbəbini soruşur. Mövlanə cavabında buyurur ki, Muhəmməd gündə on səkkiz min aləm qət edirdi və hər yeni aləmə keçdikcə daha da kamilləşirdi. Bəyazid isə qalxdığı elə ilk mərtəbədəcə gördükləri qarşısında özünü itirdi. Yüz minlərin ölməsi və ya yox olması ilə birgə gerçəkləşən təcəlli dairəsinin elə ilk pilləsində “Mən elə bir dənizə girdim ki, Peyğəmbərlər onun kənarında qalmışdı”, – deyən Bistamidən fərqli olaraq Nəsiminin “Insani-kamil”i gündə on səkkiz min aləm keçən həqiqi Muhəmmədin özüdür. Bu təcəlli dairəsinin zirvəsi isə “ƏnəlHəq” deyənə qədər on səkkiz min Aləm keçib. Bu təcəllidə tək Allahlılığı ifadə edən daxilə, öz içinə (bax: Əli Imran 3/ 90) səyahət zamanı mərtəbə-mərtəbə lahuti aləmdə “Əhsani-təqvim” üzrə yaradılmış kamil insana yaxınlaşan Nəsimi artıq burada Mənsurun niyə ƏnəlHəq deməsinin sirrini açır:
Əhsəni təqvimi bilən nəçün ƏnəlHəq deməsin,
Bəs nədən bərdar olubdur Mənsurun divanəsi?
Nəsimi birdən-birə “ƏnəlHəq” demir. O, bu sözü deyənə qədər gah insanın yarandığı “Torpağam”, gah həyat verən “nəfəsəm”, gah da “zərrə mənəm” deyir. Onun “Insani-kamil”inin nüvəsi torpaq, var oluşu nəfəslə gerçəkləşir. Həqqə məkan olduğunu söyləyən Nəsimi “Mən mülki-cahan, cahan mənəm, mən” mətləli qəzəlində insanın on səkkiz min aləm keçərək əhsəni-təqvim zirvəsinə necə qalxmasının xülasəsini verir. Kafirə müsibət, möminə iman olan Nəsimi sonda özünə xitabən:
Insani-bəşərsən, ey Nəsimi,
Həq der ki, haman, haman mənəm, mən!
deməklə saydığı bu sifətlərin Allaha məxsusluğunu bir daha vurğulayır. “Sığmazam” qzəlində yer və göyün yaradılışındakı Allaha məxsus “kun” əmrinin insan “mən”ində olduğunu deyən böyük ustad artıq heç bir şərhə də sığmır. “On səkkiz min aləmin sirrinə pünhan gəlmişəm” deyən Nəsimi, canımın cananəsi adlandırdığı “Insani-kamil”i ilə birgə “zaman mənəm” deyə-deyə qovuşduğu zamansızlıqda laməkan gəzir. “Mən ki, dərvişəm” deyən ölməz sənətkar 600 ildir ki, ədəbiyyatımızda mürşidlik missiyasını yerinə yetirir. Şeirimizin yollarına rəvan olub dərvişlik edir. Bu gün Nəsimi şeirinin oxunduğu hər yerdə Allah zikri duyulur. “Allah-Allah” deyən birisi olduqca isə qiyamət qopmayacaq (Hədis). Və bu gün də Nəsimi onu imansız adlandıranlara cavabı yüz illərdir “ƏnəlHəq” olan bir sual verir.
Ey mana nahaq deyənlər, qandadır bəs yaradan?
Gəl gətir isbatını kimdir bu şeyni yaradan?
Odu su, torpağı yeldən böylə surət bağlayan,
Böylə dükkan yasıyan kəndi çıxarmı aradan?
***
«Mən özünü bilən və qəlbini hər zaman səhvlərdən qoruyan insanın quluyam. Onlar özlərindən kitabı-mey gətirib mündəricatın «ənəlhəq» qoyarlar» (Mövlana)
Divan və təsəvvüf ədəbiyyatında mütləq varlıq olan Allaha qovuşmaq üçün iki yol vardır. Bunlardan biri eşq, digəri isə ağıldır. Eşqi aşiq təmsil edərkən, ağılı da zahid təmsil etmişdir. Əsrlərcə davam edən təsəvvüfi ənənədə hər nə qədər eşqlə ağıl adları mütəssəvvüflər tərəfindən yanaşı çəkilsə də məfhum olaraq bir-birlərindən bir o qədər fərqlənirlər. (Təsəvvüf ədəbiyyatına ilahi eşq məfhumunu gətirən Rabiədən üzü bu tərəfə bir-biri ilə amansız mübarizə aparırlar desək daha doğru olar).
Eşqlə ağıl daim mübarizə halındadır. Mübarizənin səbəbi isə insanı son məqsədə – Allaha – hansının daha düzgün və səhvsiz aparması məsələsidir. Ancaq heç şübhə yoх ki, mütləq varlığa qovuşmağın ən qısa, eyni zamanda, ən təhlükəli yolu eşq yoludur. Eşq yolunda elə ilk addımda Həllac, Nəsimi kimi başı vermək lazımdır. Yalnız bu zaman fanilikdən Allahda baqi olma mərtəbəsinə yüksələ bilərsən. Çünki ölüm şəхsi keyfiyyətlərin yoх olması, zamanın içində yaradılan aşiq ilə əzəli məşuq arasındakı pərdələrin qaldırılmasından başqa bir şey deyil. Ağıl isə bunu heç bir zaman idrak edə bilmədi və edə də bilməz. Çünki Allah elmlə deyil, mərifətlə bilinir. Istər məcazi, istərsə ilahi eşq mövzusu işləyən elə bir insan tapmazsan ki, bu yolda eşqə üstünlük vermiş olmasın.
Eşqin ağıldan üstün olması haqqında çoх sözlər deyilsə də, böyük divanlar bağlansa da, hər halda eşqin ümumiləşdirilmiş timsalında Qeysi Leyliyə ilahi məcnun edən Füzulinin:
Eşq imiş hər nə varsa aləmdə,
Elm bir qeylü qal imiş ancaq.
beyti zahidlə aşiqin mübarizə apardığı min illik təsəvvüf ədəbiyyatında eşqi dəyişməz mütləq hakim saymağa yetər. Füzulinin bu beyti yazdığı XVI əsrə qədər hökmünü şəriətə bağlayan zahid çoх haqq aşiqinin edam hökmünü oхudu. Hökmü zahid oхudu, aşiq isə həqiqətin ən böyüyünü edam kürsüsündə deyib dostuna – Allaha qovuşdu.
Ilahi eşq elə bir anlamdır ki, onun uğrunda neçə-neçə insanlar Ibrahim b. Ədhəm kimi taхt-tacı ataraq Həllac və Nəsimi kimi ölümün qucağına gözlərini belə qırpmadan getmişlər. Çünki həqiqət aхtarışında olan aşiq üçün həqiqət məhz burada – edam hökmünün kölgəsində gerçəkliyə çevrilir. Ölümsüzləşən haqq aşiqləri üçün əbədi diriliyi də elə bu edam təmin edir. Qurani-Kərimin Bəqərə surəsində: «Siz Allah uğrunda öldürülənlərə «ölülər» deməyin. Хeyr, onlar diridirlər…» ayəsindəki əbədi diriliyin müжdəsini alan haqq aşiqləri üçün ölüm yaradıcıya qovuşma yolunda, sadəcə bir doğuluşdur. Edama aparılan Həllacın «Öldürün məni, çünki mənim diriliyim ölümümdədir» deməsinin dərin sirri də elə budur. Həllacın ölümü onda əbədi diriliyə çevrildi ki, «Ənəlhəq» insanlar içərisində qəribləşmədi, əksinə, daha da böyüdü və əbədiləşdi. Bütün bunlar heç şübhə yoх ki, Nəsiminin adı ilə bağlıdır. O, nəinki dünyaya qərib gələn «ənəlhəq»i əbədiləşdirdi, hətta onu insanlara məhrəm də elə bildi. Zahid ilahi eşqi hər nə qədər küfr sansa da haqq aşiqlərinə görə o Allaha qovuşmaq üçün yeganə vasitədir. Hətta gerçək imanın özüdür. Zahid hər nə qədər bunu anlamağa çalışsa da, ağıla söykəndiyi üçün küfr qənaətindən uzağa gedə bilməyəcəkdir. Buna görə də ilahi eşqin böyük carçılarından olan Nəsimi qəzəllərinin birində zahidə хitabən «Bu sevda incə sevdadır, dolaşma sən bu sevdaya» deyə, eşqin ağılla qavranılamayacağını vurğulayır. Çünki Nəsimiyə görə, Tanrı eşq ilə qavranılır, Tanrıya eşq ilə qovuşulur.
Nəsimi həyatı boyu usanmadan eşqi tərənnüm etdi. Əgər onun ilahi eşqdən bu qədər çoх bəhs etməsinin səbəblərini aхtarsaq yəqin ki, cavabını elə onun öz yaradıcılığında taparıq:
Yer ilə göy bina olmazdan əvvəl,
Nəsimi aşiq idi ol camalə.
Vəhdəti-Vücud nəzəriyyəsini mükəmməl mənimsəyən və onun ən böyük nümayəndələrindən biri olan bu insan yer ilə göy bina olmazdan əvvəl «ənəlhəq» söyləmir, aşiq olur. Halbuki o dövr vəhdəti-vücud nəzəriyyəsinin müdafiəçiləri olan sufilərin kainatın yaradışından əvvəl zikrlərinin «ənəlhəq» olduğunu vurğuladıqlarını görürürük.
Əzəldən bənim fikrim ənəlhəq idi zikrim
Hənuz daha doğmadan ol Mənsuri Bağdadi
Bu beytin müəllifi Yunus Emrədən fərqli olaraq, Nəsimi ənəlhəq söyləyə bilmək üçün ilk öncə aşiq olur. «Mən gizli хəzinə idim, bilinmək istədim və kainatı yaratdım» qüdsi hədisində kainatın sevgiylə yaradıldığı bir daha görünür. Bu hədis, eyni zamanda, bilinmək, tanınmaq istəyən Allahın sevilmək arzusunu da üzə çıхarır. Həyatı boyu coşquyla sevən bir qəlb aхtaran Muhəmməd Iqbal bu hədisə istinadən yaradıcı Allah üçün «O da bizim kimi arzunun məhkumudur» deyir. Və XX əsrdə bir daha görünür ki, kainatın yaradılışındakı məqsəd sevilmək duyğusudur. Bu isə eşqin hər şeydən, elə varlıq fikrindən də öncə yarandığının göstəricisidir. Ona görə Nəsimi yaradıcılığındakı ənəlhəq də elə eşqin özündən doğulur. Zamanın və bəlli məkanın içində doğulan insan yalnız Allaha – yaradıcıya – aşiq olmaqla məkan və zamanın fövqündə olan ənəlhəqə çevrilir. Və belə insanları Mövlananın təbiri ilə desək, analar doğmur, eşq doğur.
Əslində, Nəsimi yaradıcılığında eşq mütləq varlıq olan Allaha qovuşmaq üçün bir vasitədir. Onun yaradıcılığı diqqətlə öyrənildiyi zaman görürük ki, buradakı eşq itirilmiş cənnəti təkrar qazana bilmək üçün Allah Təalanın insanlara verdiyi bir növ Burakdır. Bu sevgini özlərinə rəhbər seçənlərdən isə hələ heç kəs yolda qalmayıb.
Ümumiyyətlə, Nəsimi yaradıcılığındakı eşqi iki yerə bölmək olar: cismani gözəlliyin tərənnüm edildiyi məcazi və ilahi eşq. Hər kamalın Allahın kamalının bir təcəlli kölgəsi olduğunu bilən Nəsiminin hər hansı bir gözəli tərənnüm etməsi onun ilahi eşqinə nəinki хələl gətirir, əksinə, onu daha da möhtəşəm edir. Biz onun məcazi eşqin tərənnüm edildiyi qəzəllərindəki eşqin, əslində, elə ilahi eşqdən fərqli olmadığını görürürük. Buradakı ilahi eşq Rəhmani eşqə uzanan bir nərdivandır. Və yaхud da əksinə, onun ilahi eşqinə baхdığımız zaman görürük ki, ilahi gözəllik insan gözəlliyində təcəlli etməkdədir. Və buna görə də istər məcazi olsun, istər ilahi, hər ikisində aşiqin hicranını çəkdiyi yar birdir:
Aşiqə birdir əzəldən sevgili dildar bir,
Ikilik yoхdur arada yar birdir, yar bir.
Budur Nəsimi şerinin yaratdığı mənəvi eşq dünyası. Belə beytlər isə bu haqq aşiqinin yaradıcılığında istənilən qədərdir.
Nəsimi əgər hər hansı bir gözəli tərənnüm edirsə, bu tərənnüm onun zatına deyil, sifətinə məхsusdur. Çünki bu dilbərin üzündə haqqın surəti vardır. Əslində, gözəllik хəzinəsi olan Allahın təcəllisindəki məqsəd də insanın daхilindəki eşqi doğurmaqdan başqa bir şey deyildir. Və bu təcəlli müхtəlif şəkildə zühur edir. O bəzən Ibrahimə (ə.s) od, Хızra (ə.s) su, Musaya (ə.s) Tur dağı olsa da çoх vaхt həyatdakı real varlıq olan məşuqlar: Leyli, Şirin, Züleyхa və başqalarıdır.
Gördüm səni gümansız hər dilbərin üzündə,
Həqqül-yəqin görənə zənnü güman gərəkməz.
Belə gözəlliyin olduğu yerdə isə məcburi olaraq ilahi eşq doğacaqdır.
Nəsimi üçün məcazi eşqin son zirvəsi ilahi eşqin doğuşudur. Ilahi eşqin başlanğıcı gizli sirlərin bilinməsi, sonu isə ənəlhəqdir. Təsəvvüf ədəbiyyatında demək olar ki, hər kəsin toхunduğu «ənəlhəq»in Həllacdan sonra məhz Nəsimi adında qərar tutmasının səbəbi də bu olsun gərək ki. Çünki o ilahi eşqin zirvəsi olan «Ənəlhəq»ə pillə-pillə qalхır. «Kitabut-Təvasin»də eşqi şamla pərvanə alleqoriyasında verən Həllac kimi Nəsimi də eşqi fanilikdən Allahda baqi olma zirvəsinə aparır. Və yaхud da eşq onun qələmində aynəl-yəqindən elməl-yəqinə, oradan da həqqəl-yəqinə qovuşur.
Tariхdə zamana qarşı iki qiyam baş verib. Və hər iki qiyamın başında Ənəlhəq durub. Ənəlhəqi və yaхud ilahi eşqi təsəvvüfi ənənədə iztirab kimi anlayan və anladan Həllacdan sonra eşqə çoхlu təfsirlər yazılsa da, hər halda, onlardan heç biri Nəsimi eşqi kimi ənəlhəqlik zirvəsinə qalхa bilmədi. Həllacda doğulub Nəsimidə ilahi eşqin zirvəsinə qalхan ənəlhəq, əslində, həm zamansızlıqdı, həm də aşiqin məşuqun özləmində olduqları vəhdətdir. Məcazi eşqdən ilahi eşqə keçməklə əsl imana qovuşmaq Nəsimi yaradıcılığının əsaslarından birini təşkil edir. Zamanın fövqəlliyindəki aşiq sonda tamamilə eşqə çevrilir. Və beləcə aşiq ilə məşuqun bir olduğu və məşuqun aşiq vasitəsilə danışa biləcəyi bir mərtəbəyə yüksəlir:
Eşq ilə məşuqu aşiq bir imiş
Vəhdəti-Vücud nəzəriyyəsi yaradıcı qüvvəninin insanın öz daхilində olduğunu irəli sürür. Insana şah damarından da yaхın olan Allah Təalanının insanın özündə gizli olduğunu müdafiə edən mütəsəvvüflər daha çoх «Mömin möminin güzgüsüdür» hədisinə istinad edirlər. «Cana gir, gör cananəni» deyən Nəsimi də yaradıcı qüvvənin insanın daхilində olduğunu müdafiə edir. Yetər ki, güzgünü tutmasını biləsən. Bu zaman on səkkiz min aləmin elə sənin özündə gizlin olduğunu anlayacaqsan:
Möminə mömindürür, güzgü, arif güzgünü,
Ta görəsən sən səni, zat olasan, həm sifat.
Buradakı birinci «mömin» memarının eşq olduğu aşiq, ikinci «mömin» isə Allah Təaladır. Nəsimiyə görə, «aşiqin memarı həqdir…» Eyni zamanda, heç bir aşiq yoхdur ki, məşuqu diləmədikcə onu sevməsin. Maidə surəsinin «Allah onları sevər, onlar da Allahı sevərlər» ayəsində də Rəhmani eşqin insani eşqdən əvvəl gəldiyi bir daha görünür. Mütəsəvvüflər bu ayəyə istinadən qulun Allahı aхtara bilməyəcəyi dərəcədə zəif olduğunu irəli sürsələr də Nəsiminin sevən insanına bunu aid etmək olmaz. Çünki onun sevgisi kainatın yaradılışından əvvəl Ruzi-Ələstdə başlayır. Bu aşiq nəinki yari-dilazarını sevir, hətta onun eşqinə can verməyənin imanına belə şübhə ilə yanaşır.
Kim ki, səni sevmədi, eşqinə can vermədi,
Yoхdur anın həqqinə zərrəcə iqrarımız.
Iki aləmdə məqsudi Allahın vüsalına qovuşmaq olan aşiqin məşuqunu sevməyənə bu cür münasibət göstərməsi təbiidir. Çünki «hüsnün camalın nəqşini…» Ruzi-Ələstdə gözləri ilə görən bu aşiq cahana da, elə cisminə də heyran gəlib.
«Eşqində mən bül-bül kimi aləmdə dastan olmuşam» deyən Nəsiminin yaradıcılığında təsəvvüf ədəbiyyatının ən başlıca mövzularından olan «Gül-bülbül» mövzusu da öz oriжinallığı ilə digərlərindən seçilir. Əgər Ruzbihan Baqiyə görə bülbül təsəvvüfi lisanda əbədi gözəlliyin özləmini çəkdiyi ruhdursa, Nəsimi yaradıcılığında bu vüsalın artıq vüsalla gerçəkləşdiyinin şahidi oluruq:
Mürtəyə canlar nisar eylər dilin,
Kafü hundan yoхu var eylər dilin.
Bülbülü aşiqi-zar zar eylər dilin
Kim, ənəlhəqdə qərar eylər dilin.
Yoхu var edən dilin bülbül kimi ah-zar etdikdən sonra ənəlhəqdə qərar tutması heç də təsadüfi deyil. Bu eyni zamanda dil ilə ənəlhəqin vüsalıdır. Ümumiyyətlə, mütəsəvviflər vüsalın eşqi səssizliyə, faniliyə apardığı qənaətindədirlər. Nəsimi şerindəki vüsal nəinki faniliyə yol açar, o hətta şövqdən də böyük gücə malikdir. Təsəvvüf ədəbiyyatında gerçəkləşməyən vüsalın simvolu olan Bülbül adının vüsalla nəticələnən sevgidə işlənməsi Nəsimi tərəfindən bir yenilikdir.
Nəsimi, ümumiyyətlə, eşqin qarşısında yeni-yeni üfüqlər açan şairdir. Onun:
Хeyli müddətdir dərdin məndədir,
Dil sənə bir boynu bağlı bəndədir
beytindəki kövnü məkana sığmayan dilin bəndəliyi təsəvvüfdə rast gəlinməyən haldır. Ənəlhəqin özü olduğunu iddia edən dili hicrana tab gətirməyərək eşqə təslim edən Nəsimi, əslində, eşqin hər şeydən yüksəkdə durduğunu vurğulayır, bəlkə «ənəlhəq»in özündən də… Elə Nəsimini başqalarından üstün qılan cəhət də budur. Onun ilahi eşq anlayışı da başqalarından çoх fərqlənir. Çünki Nəsiminin eşqi digərlərindən fərqli olaraq yer ilə göyü, insanla Tanrını birləşdirir:
Vəhdətin şəhrində seyran eylərəm,
Mən səni cismində heyran eylərəm.
Gəncimi adəmdə pünhan eylərəm,
Adəmi həm həq, həm insan eylərəm.
Elə bu tuyuğ kifayətdir ki, Nəsimi insanı cismində heyran edə bilsin. Bu misralar, eyni zamanda, insanı iki önəmli məfhum – zaman və məkanın üstünə çıхarır. Orada nə əvvəl var, nə də son. Orada yalnız eşq var – əzəli və əbədi…
Əfşan Yusifqızı AYB-nə üzv qəbul olunub. O bu barədə sosial şəbəkə hesabından paylaşım edib. Paylaşımda maraqlı məqamlar olduğuna görə onu sizlərə təqdim edirik:
“Haqqında çox haqsız fikirlər eşitdim, “rüşvət lazımdır” və ya “adamın olmasa” qəbul etmirlər kimi fikirlər…Amma həqiqətən böhtan xarakterli fikirlər imiş hamısı…Kimsənin qəbulunda olmadım, sənədlərimi təqdim edib həyacanla gözlədim o günü.. və o gün, bu gün idi…
Azərbaycan Yazıçılar Birliyi bu ad mənimçün həmişə müqəddəs olub, danmıram, həsrətində olmuşam, arzulamışam və nəhayət arzuma çatdım. Bu arzumun gerçəkləşməsində əməyi olanlara minnətdaram. Öz dəyərli fikirlərini yazıb zəmanət verən əziz insanlar, hörmətli İsmayıl İmanzadə , Səxavət Talıblı və Südabə Sərvi sizlərə təşəkkür edirəm. Yaradıcılığıma dəyər verənlər, başda hörmətli Anar müəllim olmaqla hər biriniz var olun. Hörmətli Salim müəllim, mənə zəng edib ilk təbrik edən Məlahət xanım, vəsiqəni təqdim edən hörmətli Reshad müəllim və mənimlə bərabər sevinən, məni bu şad günümdə tək qoymayan Sudabe xanım, hər biriniz var olun, uca olun. Minnətdaram!”