1. Sevinci dad dərdi yaşa, bu ömrün enişi sevinc yoxuşu dərddir. Qaçma dərddən dərdi özünə dost bil, onda sonradan gələn sevincin dadını daddıqca unutmayacaqsan. Dərdlə üz-üzə dur, qorxma sevinclə aran da məsafə saxla, Sevinc bir günün dadı, dərdsə bir ömrün ortağıdır.
2. Sən sev qarşılıq belə gözləmdən sev, dəli-divanəliyə ehtiyac yoxdur. Sadəcə ona qarşı bəslədiyin duyğuların bir adı olsun. Onu sevirəm, arzuların əl çatmazlığında, Məsafələrin uzaqlığında sən sev düşünmə o, sevginin Qarşılığı olsun. Sevgilərin ən gözəli, qarşılıq belə gözləmədən sevməkdir.
3. Allahın, bəxş etdiyi ömrü yaşa ömrün enişi bir başqa incidər insanı, sevinci bir başqa qorxma, yürü addımla Qoy adınla tanısınlar səni, ömür dediyin nədir? Bu paydan hamıya bir dəfə verilir. Çalış haramdan qaç haqqa tapın, Ömür bir var, bir yox arasındadır.
4. Böyütmə dərdi gözündə, səni incidər küsmə ağladar səni ayrılma dərdə bir addım da yaxınlaş, qulağına pıçılda varlığın mənə güc verir. Yıxılsam belə ayağa qalxmağı, sən öyrətdin mənə. Dur yürü qarşına qoyduğun məqsədlərinə doğru, dərdi doğman say hamı çıxar gedər. O, yenə də səni yalnız buraxmaz incitsə də, ağlatsa da, Səni qoyub getməz.
Əli bəy Azəri (Əli Qurban oğlu Rzaquliyev; d.15.07.1966, Zəngilan r. Vejnəli k.) — yazıçı-publisist, “Rəsmi Bakı” qəzetinin və “Xəzan” jurnalının baş redaktoru, müharibə veteranı.
HƏYATI Əli bəy Azəri 15 iyul 1966-cı ildə Zəngilan rayonu Vejnəli kəndində dəmiryolçu ailəsində anadan olub. Milliyyətcə azərbaycanlıdır. Məktəbəqədər tərbiyəni evdə alaraq 1973-cü ildə Vejnəli kənd ibtidai məktəbinin birinci sinifinə daxil olub. 1976-cı ildə həmin məktəbi bitirdikdən sonra 6-7 kilometrlik məsafədə Araz çayının sahilində yerləşən qonşu Ağbənd qəsəbə səkkizillik məktəbin dördüncü sinifinə getməklə təhsilini davam etdirir. 1977-ci ildən öz kəndlərində səkkizillik məktəb açıldığından geriyə qayıtmalı olur və 1981-ci ildə bu məktəbin ilk məzunu olaraq fərqlənmə ilə natamam orta məktəbi bitirir. Həmin dövrdə Vejnəli uşaqları üçün təhsil almaq cəhətdən yaxınlıqda yerləşən və münasib sayılan Ordubad şəhər fizika-riyaziyyat təmayüllü internat məktəbində təhsilini davam etdirərək 1983-cü ildə onuncu sinifi bitirib orta məktəbi başa vurur.
Sənədlərini təqdim edib qəbul imtahanlarından müvəffəqiyyətlə çıxsa da o vaxtın sərt maneələrindən sayılan müsabiqədən keçə bilmədiyindən Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində oxumaq ona nəsib olmur. Tale onu tamam başqa bir istiqamətə göndərir. 1984-cü ildə Ukrayna SSR-in Xarkov şəhərində yerləşən Qvardiyalı Ali Hərbi Tank Komandirliyi məktəbinə daxil olan Ə.Rzaquliyev 1988-ci ildə “leytenant” hərbi rütbəsi verilməklə “tank qoşunları üzrə taktiki əməliyyat komandiri” hərbi, “təkərli və tırtıllı texnikanın mühəndisi” mülki ixtisaslara yiyələnərək adıçəkilən ali məktəbi bitirir.
May 1992-ci ilədək SSRİ Silahlı Qüvvələrinin tərkibində tank tağımı, tank bölüyü komandiri vəzifələrində hərbi xidmət keçmiş, “Kiyev-90” hərbi təlimində şücaət göstərərək fərqləndiyinə görə “baş leytenant” hərbi rütbəsini vaxtından əvvəl almışdır. SSRİ-nin dağılması ilə əlaqədar Rusiyaya sədaqət andı içmədiyinə və Ermənistanın Azərbaycana qarşı müharibə başladığından öz xahişinə əsasən Müstəqil Dövlətlər Birliyi Silahlı Qüvvələri Quru Qoşunları Komandanının əmri ilə Azərbaycan Respublikası Müdafiə Nazirinin sərəncamına göndərilmişdir. 01 iyun 1992-ci ildən 30 noyabr 1992-ci ilədək Zəngilan rayonunda yerləşən 806 saylı hərbi hissə qərargah rəisinin müavini, 01 dekabr 1992-ci ildən isə həmin hərbi hissənin bazasında yaradılmış 865 saylı hərbi hissədə (Zəngilan Ərazi Özünümüdafiə Alayında) qərargah rəisinin müavini vəzifəsində hərbi xidmətdə olmuşdur. Bir sıra döyüş əməliyyatlarına rəhbərlik etmişdir.
Ermənistan-Azərbaycan müharibəsinin 1993-cü il yay-payız kompaniyası Ağdamın, Füzulinin, Cəbrayılın, Qubadlının və ən nəhayət Qızıl Zəngilanın ermənilər tərəfindən işğalı ilə başa çatdıqdan sonra Müdafiə Naziri əvəzi polkovnik (indi general-polkovnik) Səfər Əbiyevin əmri ilə Beyləqan-Füzuli rayonları ərazisində Haramı deyilən yerdə yerləşən 181 saylı hərbi hissə tank taborunun komandiri vəzifəsinə təyin olunmuşdur. 1993-1994-cü illər qış kompaniyası zamanı Azərbaycan-Ermənistan cəbhəsində ən mühüm döyüşlərdən hesab olunan və müharibənin gedişində dönüş yaradan Haramı döyüşlərində iştirak edərək şücaətlər göstərmişdir. Müharibə veteranıdır. Atəşkəs dövründə Beyləqan-Füzuli cəbhəsində yerləşən 181 və Xanlar (indiki Göygöl)-Kəlbəcər cəbhəsində yerləşən 172 saylı hərbi hissələrdə briqada komandirinin silahlandırma üzrə müavini xidmətini davam etdirmişdir. 2002-ci ilin noyabrında öz xahişi ilə “mayor” hərbi rütbəsində ehtiyata buraxılmışdır. Ailəlidir, iki övlad atasıdır.
Silahlı Qüvvələrdən tərxis olunduqdan sonra tale onu uzun ayrılıqdan sonra yenidən ədəbi mühitə qaytarır. Əli Rzaquliyev silahı qələmlə əvəzləyib Əli bəy Azəri olaraq yaradıcılıq cəbhəsində mübarizəsini davam etdirir.
O, yaradıcılığa erkən yaşlarından kiçik həcmli məqalələr yazmaqla başlayıb. “Təbiətin heykəli” adlı ilk məqaləsi 1976-cı ildə “Pioner” jurnalında dərc olunub. Sonra ara-sıra məqalələri “Pioner” jurnalında, “Azərbaycan Pioneri”, “Azərbaycan Gəncləri” respublika, “Kənd həyatı” rayon qəzetlərində, bir neçə şeiri “Ədəbiyyat və incəsənət” qəzetində dərc olunan Ə.Rzaquliyevin əsil jurnalistlik fəaliyyəti “Yeni Ordubad” qəzeti ilə bağlıdır. Hərbi xidmətdə olduğu dövrdə də mətbuatla əlaqəni kəsmir. SSRİ Silahlı Qüvvələrində olarkən Kiyevdə nəşr olunan “Leninskaya Znamya”, Moskvada nəşr olunan “Krasnaya Zvezda” hərbi qəzetlərdə bir neçə məqaləsi dərc olunub. Azərbaycan Silahlı Qüvvələrində xidmətdə ikən isə Zəngilanda çıxan “Zəngilanın səsi”, Beyləqanda çıxan “Beyləqan” rayon qəzetlərində hərdənbir çıxışlar edib. Hərbi xidmətdən sonra 2003-2005-ci illərdə Azərbaycan Beynəlxalq Universitetinin Mülki Müdafiə kafedrasında müəllim işləyərkən və sonralar “Xalq qəzeti”, “Respublika”, “Kredo”, “Sizin qəzet”, “Qafqazın səsi”, “Pres Azərbaycan”, “Ata yurdu”, “Bütöv Azərbaycan”, “Ədalət keşiyində”, “Etiraf”, “Azərbaycan övladı”, “Sabah nyus”, “Nyus Respublika”, “Gündəlik Bakı”, “Aydın fikir”, “Real pres”, “Ömür yolu”, “Sivil Azərbaycan” və sair qəzetlərlə əməkdaşlıq etmiş onlarla elmi və publisistik məqaləsini dərc etdirmişdir.
2005-ci ildən müstəqil olaraq “Qərbin qərbi”, 2007-ci ildən isə həftəlik “Rəsmi Bakı” qəzetinə baş redaktorluq etməklə jurnalistlik fəaliyyətini davam etdirir. Üç yüzdən çox müxtəlif səpkili məqaləsi qəzetlərdə dərc olunub.
“Yurd nisgili”, “Şah bərəsi”, “Qəmlibel müsibəti”, “Özününkülərin hədəfində”, “Hərbi Zəngilan”, “Məhəbbət piyaləsində zəhər”, “Arazgersdən keçən köç” “Çovğun” və “Generalın yefreytor vəkili” kitablarının müəllifidir. Dəfələrlə bədii və publisistik yazı müsabiqələrində iştirak etmiş və qalib olaraq mükafatlandırılmışdır.
Yazıçı Əli bəy Azərinin “Mübarizləşən vətən” hekayəsi Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş Vətənpərvərlik mövzusunda bədii və publisistik yazı müsabiqəsinə təqdim olunmuşdur.
KİTABLARI “Yurd nisgili” (publisistika və hekayə), Bakı, “Min bir mahnı”, 2009. 208 səh. 500 nüsxə. “Şah bərəsi”, Bakı, “Qəmlibel müsibəti”, Bakı, “Özününkülərin hədəfində”, Bakı, “Hərbi Zəngilan”, Bakı, “Məhəbbət piyaləsində zəhər”, Bakı, “ArazGERSdən keçən köç” (povest). Bakı, “Çovğun”, Bakı, “Generalın yefreytor vəkili”, Bakı, “ArazGERSdən keçən köç” (povest). Bakı, “Nurlan”, 2013. 224 səh. 500 nüsxə. (təkrar nəşr) “Gəlin, tanış olaq” (publisistika), Bakı, “Elm və Təhsil”, 2015, 160 səhifə “Şəhərli qızın dəli sevgisi” (povest və hekayələr) “Elm və Təhsil” 300 səhifə.
ƏGƏR GEDİRSƏNSƏ BU İZLƏRİ SƏN, ARXANDA BURAXMA, ÖZÜNLƏ APAR. BİR GÜN PEŞMAN OLUB DÖNMƏK İSTƏSƏN, MƏNDƏN BİR NİŞANƏ ÇƏTİN Kİ, QALAR!
O, xoş sözə, ilıq kəlməyə, belə desəm, sevgiyə möhtac olduğun bir vaxtda çıxmışdım qarşına.Rəsimdəki kövrək baxışlarından da hiss edirdim bunu. Həyat gözünü qorxutduğundan çox çəkingən və bir az da inamsız idi. Tanışlığımızın ilk vaxtlarında onun halına acıyır, hər addımına dəstək verməyə çalışırdım.Özü dilinə gətirmək istəməsə də, deyəsən hardasa səhv etmiş, ilk sevgisindən, özü demişkən, bəxtindən yarımamışdı. Mən təbiətən həssas qəlbli biri olduğumdan, onun həyata, insanlara inamını özünə qaytarmağa çalışırdım. Bir dəfə,- onda hələ bu qızın ən nisgilli vaxtları idi-ani olaraq onun incə səslə danışdığı sözə təskinlik verərək dedim:“Yüz fikir bir borcu ödəməz, yadınızda saxlayın ki, bu amansız talelərin mövcud olduğu həyatda siz nə birinci, nə də sonuncusunuz!” Əvvəlcə heç nə demədi, elə zənn etdim ki, dediklərimin mənasını anlamayıb. Üstünü vurmadım.Ancaq xeyli sükut edəndən sonra, titrək səsindən açıq-aşkar duyaraq hiss olunurdu ki bir necə damla gözlərindən yanağına yaş süzülür,kaş yaxın olub o yanaqdakı yaşı silə bilərdim ,deyə ona dahada yaxın olmaq ən böyük arzum idi. Və dedi “Düz deyirsiniz, bunu bilsəm də, özümlə bacara bilmirəm..” Günlər keçdikcə o, mənimçün hələ də sirr olaraq qalan, ancaq onun istəyi olmadan öyrənməyə cəhd etmədiyim zülmət keçmişindən qopmağı bacardı. Onun həyat eşqinin közərtilərini hiss etdikcə mən özüm də ruhən dinclik tapa bildim. Deyirlər sonun nə olacağını düşünüb, “plana” uyğun hərəkət edən adamdan heç vaxt qəhrəman olmur! Mən bu mənəvi köməyi ona insanlıq naminə etmişdim, özü də heç bir təmənna-filan güdmədən. İkimiz də ayrı ayrı yerlərdə yaşayırdıq, və uzaq olmağına baxmayaraq bir birimizlə hər zaman mesajlaşıb ,bir an belə ayrı qalmırdıq, Belə vaxtlarda əlaqə saxlayıb, elə məqamlar olurdu ki zəng edib beş-üç dəqiqə söhbət edib sağollaşırdıq. Yaman dillərə düşməmək üçün söhbətimiz çox çəkməsə də, hansı bir daxili duyğu isə gündən-günə bizi bir-birimizə yaxınlaşdırırdı. Son vaxtlar daha çox zəngləşib telefonla danışır, vaxtı birgə keçirdirdik. Tanışlığımızın ilk vaxtlarında məzlum bir varlıq kimi hesab edib, qayğısına qalmağı özümə savab bildiyim bu qız get-gedə məni özünə elə cəzb etmişdi ki, onsuz yaşamağı təsəvvür edə bilmirdim. Hiss edirdim ki, özü də mənə biganə deyil, danışarkən rəsmini göndər səni görüm,belə anlarda elə bi baxışlarından üstümə qığılcım yağırdı. Boynuma alıram ki, mən çox hissiyyatlı və kövrək qəlbli olduğumdan, ona dəlicəsinə vurulmuşdum. Xəyallarımda bu qızla bir damın altında yaşayır, dərdimi-sevincimi bölüşür, bir yerdə səyahətə çıxırdım. İstəyirdim ki, o mənim istəyimə qarşılıq versin, könlümün sevgi ucalığında dayanmaqla, ömrümün sonuna kimi gözlərimdən uzaqda dayanmasın. Bəlkə də səhv edirəm, o mənim istəyimə biganə qalmasa da, intizarıma son qoymağa tələsmirdi. Bir dəfə özümü cəmləyib, onu sevdiyimi və bu məsələdə ciddi addım atmağa hazır olduğumu söylədim. Oda mənə qarşılıq cavab verincə ,özümü dünyanın ən xoşbəxt insanı sandım. Və bu xoşbəxtlik bir neçə il beləcə sürdü, hər dəfə özümü onunla çox xoşbəxt sanırdım,və son zamanlar qısqanclıqdan aramızda dəfələrlə söz söhbət olurdu,hiss edirdim onun soyuqluğunu,və əvvəlki insandan heç bir əsər əlamət qalmadığını nəsə çox dəyişdiyini hiss edirdim,yorulmuşam,bezmişəm deyə çox vaxt məni yola verirdi. Bu soyuq kəlmələri onun dilindən eşidəndə çox üzüldüm,və bəzən bu soyuqluq məni çox düşündürdü, Əvvəlki insanı dəyişən nədir deyə ..? Ne bilə biləydim ki o,tapa bilmədiyini məndə axtardığı üçün yanımda imiş ,tapdığında isə əhdini unudub üz döndərəcəyini əsla belə düşünməzdim.Və onun bir yaxın adamına dediyi sözü eşidən də varımdan yox oldum az qala. Günlərlə özümə yer tapa bilməsəm də, sonda anladım ki, onun dedikləri günümüzün reallıqlarını əks etdirir. Bununla belə, ömrünün ən ağır çağlarında kölgəmə pənah gətirib, varlığıma sığınan bu qızı tanımağıma heç vaxt peşimançılıq hissi keçirmədim.Onunla yollarımız ayrılandan sonra bircə dəfə ürəyimdən keçənləri özümün eşidəcəyim tərzdə pıçıldadım: “HMMMM-LARLA BAŞLADIQ, NƏYSƏYLƏ BİTDİ.” Və ondan mənə qalsan saf baxışlı rəsimlər, və daima yaşadaçağım titrək səslər qaldı…
1873-cü il martın 10-da görkəmli maarifçilər Həsən bəy Zərdabi, Nəcəf bəy Vəzirov və Əsgər ağa Goraninin (Adıgözəlov) təşəbbüsü ilə M.F.Axundovun “Lənkəran xanının vəziri” əsəri Bakı Realnı Məktəbinin şagirdlərinin iştirakı ilə “Nəciblər klubu”nda oynanılıb və o gündən Azərbaycanda peşəkar teatrın əsası qoyulub. Həyatını teatra bağlamış və bu aləmin fədailəri olan, milli teatrımızın ənənələrini sevə-sevə yaşadan hər kəsi təbrik edirik!
Azərbaycanın ədəbi-bədii və ictimai-siyasi fikir tarixində publisistikanın əhəmiyyətli yer tutmasını milli mühitin gerçəkləri, çoxsaylı sənət və mədəniyyət nümunələri, faktları, jurnalistikaya dair zəngin arxiv sənədləri əsaslı şəkildə təsdiqləməkdədir.
“Azərbaycan publisistikasının öz missiyasını və funksiyasını necə yerinə yetirdiyini “Ədəbiyyat qəzeti”nin saylarında dərc olunmuş çoxsaylı – həm mövzu, həm ideya-məzmun cəhətdən əlvan yaradıcılıq nümunələri də əks etdirir. Həmin yazılarda dövrün istimai-siyasi hadisələri təhlil olunur, ədəbi-tarixi problemlərə münasibət göstərilir. “Ədəbiyat qəzeti”ndə çıxış edən ədib və publisistlərin bu janrın gündən-günə artan tələblərinə uyğun bir səviyyədə yaradıcılıq məharəti sərgiləməsi, onların publisist yaradıcılığı təcrübəsinin öyrənilməsi vacib nəticələrdən biridir.
Ədəbi dünyamızın salnaməçisi sayılan “Ədəbiyyat qəzeti” dərc olunduğu illər ərzində milli-mənəvi dəyərlərimizə sadiq qalmış, onu daha da zənginləşdirməyə və gələcək nəsillərə ötürməyə çalışmışdır. Sosial-didaktik problemlər məhz elm-sənət xadimlərimizin qəzet polemikalarında həllini tapa bilmişdir.
“Ədəbiyyat qəzeti” bu gün müstəqillik dövrümüzün ədəbi panoramını yaradır, milli-ədəbi prosesə orijinal töhfələr verir. Azərbaycanın strateji mövqe və maraqlarına, tarixi ümid və arzularına layiqli xidmət nümunəsi göstərir. Bu, tarix yaradan və tarixə yazılan xidmət, ədəbi və əbədi xidmətdir. Qəzetdə Xalq yazıçılarımızdan Anar, Elçin, Sabir Rüstəmxanlı, Elmira Axundova, akademiklərdən İsa Həbibbəyli, Teymur Kərimli, Nizami Cəfərov, tənqidçi-ədəbiyyatşünaslardan Azər Turan, Tehran Əlişanoğlu, Vaqif Yusifli, Cavanşir Yusifli, Rüstəm Kamal, Elnarə Akimova kimi imzası məşhur müəlliflər tez-tez çıxış edir.
“Ədəbiyyat qəzeti” söz, mətbu azadlığını layiqincə qiymətləndirəcək həyatın bütün sahələrinə nüfuz edir, ən müxtəlif sosial-siyasi, tarixi, mədəni, mənəvi-əxlaqi və başqa problemlərlə bağlı düşüncələrin geniş-siyasi, elmi və bədii publisistika formalarında ifadəsinə meydan verir. Məsələn, elmi-publisistika janrında yazılar silsiləsində akademik İsa Həbibbəylinin ədəbiyyatın dövrləşmə konsepsiyası və ədəbi proses mövzusundakı məqalələri diqqəti xüsusilə cəlb edir. Bu silsilədə yer alan “Qələmin səsi”ndən xalqın sözünə” (16.07.2020), “Gerçək ədəbiyyatın özünütəsdiqi” (20.12.2020), “Dədə Qorqud dünyasına giriş” (09.12.2020), “Bütövlük və genişlik” (20.10.2020) və s. adlı yazılarda mühüm tarixi hadisələrin, ictimai mühitin ədəbiyyata təsiri və bu kontekstdə ədəbiyyat tarixinin dövrləşdirilməsi prinsiplərinə yenidən baxılmasının zəruriliyi məsələsindən bəhs olunur.
“Ədəbiyyat qəzeti”ndə təkcə keçən il onlarca müəllifin publisist məqaləsi dərc edilmişdir. Onlardan Nizami Cəfərovun “Ana, getdim, salamat qal!” (S.Vurğunun “Ananın öyüdü” şeiri haqqında (25 iyul 2020), Azər Turanın “Milli mətbuat, Ayasofyada namaz və Tovuz hadisələri” (25 iyul 2020), Esmira Fuad Şükürovanın “Behcətabad xatirəsi” – bir gecəlik intizarın yaratdığı eşq dastanı” (18 sentyabr 2020), Pərvanə Məmmədlinin “Cənubda ədəbi proses” (5 noyabr 2020) və s. adlı məqalələrini uğurlu elmi-publisist araşdırmalarının nəticəsi kimi qeyd etmək istərdik.
Vətən müharibəsi dövründə “Ədəbiyyat qəzeti”ndə bir-birindən dəyərli şeirlər, poemalar, hekayələr, pyeslər təqdim olundu. İlqar Fəhminin “Balaca kişilər” poeması (12 noyabr 2020), Elxan Zalın “Qarabağda Səlcuq şikəstəsi” (4 noyabr 2020), Qulu Ağsəsin hələ savaşdan öncə və sırf estetik planda yaratdığı “Şuşa” (23 noyabr 2020) şeirindən sonra qələbə günlərində yazdığı “Ağdam” şeirini də bu sıraya əlavə etmək olar.
Rüstəm Kamalın “Müharibə savaşımız və sözümüz” (7 noyabr 2020), Cavanşir Yusiflinin “Müharibə və ədəbiyyat davası” (4 noyabr 2020), Mətanət Vahidin “Qalib ölkənin vətəndaşı olmaq” (19 noyabr 2020), Tehran Əlişanoğlunun “Qalibiyyət və ədəbiyyatın dərsləri” (15 oktyabr 2020), Vaqif Yusiflinin “Poeziya susmur… Vətən əsgərdən başlayır” (Tənqidçinin publisistik qeydləri) (11 noyabr 2020), Elnarə Akimovanın “Yalnız Qarabağ uğrunda” (10 oktyabr 2020), “Şuşada Azan səsi” (16 sentyabr 2020), “Atıldı dağlardan zəfər topları” (16 sentyabr 2020) tənqidi yazılarının predmetini ancaq müharibə mətnləri, Qarabağda, Gəncədə baş verən proseslərin analizi təşkil etdi.
“Ədəbiyyat qəzeti”nin Baş redaktoru Azər Turan moderator.az saytına verdiyi müsahibəsində qeyd edir: “Ulduz” jurnalı “Ədəbiyyat qəzeti” ilə birgə qəzetin şöbə müdiri, filologiya elmləri doktoru Elnarə Akimovanın ön sözü və tərtibatçılığı ilə “Poeziyada Vətən” adlı özəl sayını təqdim etdi. Ədəbiyyat tariximizin son yüz ilində ilk dəfədir ki, Qarabağ bu şəkildə Azərbaycan ədəbiyyatına daxil oldu. “Ədəbiyyat qəzeti” qalib əsgərin, qalib Azərbaycanın obrazının yaradılmasında iştirak etdi. Bu nümunələrlə ilk dəfədir ki, ədəbiyyatımızda Ali Baş Komandanın obrazı yaradıldı. Qəzetin ilk sayından başlayaraq, manşetdən tutmuş, son səhifəsinə qədər müharibənin dinamikası göz önündə sərgiləndi. Ard-arda qazanılan zəfərlər, bu əhval-ruhiyyəyə hakim olmuş müxtəlif janrlı mətnlər tarixə qələbə dövrünün ən mükəmməl örnəklərini qazandırdı. Onsuz da qəzetdə daim əsas ideya, məfkurə xəttinə çevirən türkçülük istiqaməti müharibənin ən həlledici, ən kəskin dönəmlərində strateji olaraq bu mövqeni möhkəmləndirən, ideoloji dürüstlüyü meyar seçən mətnlərlə meydana qoyuldu”.
Azər Turanın rəhbərlik etdiyi “Ədəbiyyat qəzeti”nin “Nizami Gəncəvi İli” 2021-ci il 9 oktyabr tarixli Xüsusi buraxılışı nizamişünaslıq elminin inkişafında tamamilə fərqli hadisədir. İlk dəfədir ki, bir qəzet bütünlüklə Nizami Gəncəviyə həsr olunub. Bu buraxılışda Nizaminin müasirləri olmuş şairlərin əsərlərindən tərcümələr vardır. Eyni zamanda bu gün nizamişünaslıq istiqamətində görülən işlərə aid icmallar, yeni xəbərlər, Nizami ilə bağlı bu gün prosesin necə getməsi öz əksini tapıb.
Akademik İsa Həbibbəyli xüsusi buraxılışın hazırlanmasının zərurəti və əhəmiyyətindən söz açıb: “”Ədəbiyyat qəzeti”nin Nizami Gəncəvi ilinə həsr olunmuş 9 oktyabr saylı buraxılışını mühüm bir hadisə kimi dəyərləndirirəm. Biz bu xüsusi buraxılış vasitəsilə nizamişünaslıqda gedən prosesləri izləyə bilirik. Bu yalnız elmi məqalələr təqdim edən xüsusi buraxılış deyil. Yalnız tərcümələr meydana qoyan qəzet deyil. Bu xüsusi say Nizamini imkan daxilində bütün yönləri ilə təqdim edir. Burada, həmçinin bu gün nizamişünaslıqda görülən işlərə aid xəbərlər əksini tapıb. Bu gün də proses necə gedir, hansı tədbirlər keçirilir, bu barədə məlumat alırıq. 2021-ci ildə Azərbaycan nizamişünaslığının hansı səviyyədə olduğu, hansı axtarışlar apardığı, hansı istiqamətlərdə inkişaf etdiyini bilmək istəyiriksə, bu qəzet onu əks etdirə bilir” (26.10.2021).
Oxuculara təqdim edilmiş çoxsaylı publisist yaradıcılığı nümunələrinin təhlili göstərir ki, publisistika bu gün də həyatla nəfəs alır və ədəbi-ictimai prosesin ön xəttində mövqe tutmağa səy göstərir. Bu da yaşadığımız dövrün “ovqatını” müəyyən edən dünyəvi hadisələrin yenə kifayət qədər mürəkkəb olması və ölkəmizdə gedən proseslərin dinamiklik və çoxşaxəlilik (quruculuq, islahatçılıq, inteqrasiya və s.) kimi xüsusiyyətləri ilə əlaqədardır.
Publisistik yazılara ümumi bir nəzər saldıqda görürük ki, burada əsas leytmotiv sənətlə həyatın əlaqələrinin möhkəmləndirilməsi, müstəqil dövlət quruculuğu prosesində ədəbiyyatın rolunun artırılması, mədəni inteqrasiya proseslərində iştirakın fəallaşdırılması məsələləridir.
Ümumilikdə götürdükdə, qəzetin dərc etdiyi publisist materialların mövzu rəngarəngliyi, məzmun çaları belə deməyə əsas verir ki, müasir bədii publisist təfəkkür ayrı-ayrı fakt, hadisə əsasında, sözün qüdrətinə, publisist təfəkkürə güvənməklə toxunulan problemin həllinə cəhd göstərir və “Ədəbiyyat qəzeti”nin publisistika materialları müasir publisistika yaradıcılığı, mövzu-problematika təkamülü, ideya-məzmun xüsusiyyətləri, sənətkarlıq axtarışları haqqında təsəvvür yaratmağa imkan verir.
“525-ci qəzet” həyat axarını operativ surətdə informasiyalaşdırmaqla yanaşı, cəmiyyəti düşündürən ən müxtəlif problemlərlə bağlı publisist düşüncələrin geniş – siyasi, elmi və bədii publisistika formalarında ifadəsinə meydan verir. Qəzet buna həm peşəkar redaksiya kollektivi formalaşdırmaqla, həm də nüfuzlu söz, qələm sahibləri ilə sıx əməkdaşlıq əlaqələri yaratmaqla nail ola bilir. Xüsusən də qəzetin Xalq yazıçılarımızdan Anar, Elçin, akademiklərimizdən İsa Həbibbəyli, Nizami Cəfərov, Rafael Hüseynov, professorlarımızdan Vilayət Quliyev, Qulu Məhərrəmli, tənqidçi-ədəbiyyatşünaslarımızdan Vaqif Yusifli, yazıçı-publisistlərimizdən Elmira Axundova, Sadıq Elcanlı və b. kimi imzası məşhur seçmə müəllifləri öz ətafına toplayıb onların müəyyən mövzu-problemlər üzrə silsilə məqalələrini dərc etməsi publisist fəallığa sövq etmə vasitəsi kimi diqqəti çəkməyə bilmir.
Çap olunan qəzetlər içərisində “Kredo” da öz dəst-xətti ilə seçilir. Bu gün “Kredo” mətbuat aləmindəki problemlərlə çiyin-çiyinə dayanaraq dözüm, iradə və cəsarət nümayiş etdirir. Onun səhifələrində Azərbaycanın mədəni quruculuğunun, sosial həyatının hər sahəsinin izi var. “Kredo”da nəinki Azərbaycanın ictimai fəaliyyəti, sənət adamlarının ərsəyə gətirdiyi dərin məzmunlu əsərlər, xalqımızın ictimai-siyasi-mədəni həyatında baş verən yeniliklər, dövlətçiliyimizin inkişafı yolunda aparılan məqsədyönlü işlər, elm-sənət yolunda əldə edilən yeniliklər, Azərbaycan gəncliyinin dünəni, bugünü unudulmaz sənət adamlarının, böyük alimlərin, filosofların, tarixin müxtəlif məqamlarında yetişmiş tarixi şəxsiyyətlərin, repressiya qurbanlarının acınacaqlı, faciəli taleyi, xalq ədəbiyyatının inkişafında misilsiz rol oynayan sənətkarların, aşıqların, ozanların, dahi sənət adamlarının, ən böyük tarixi abidələrimizin, dil-dövlət, dilimizin inkişafında – Azərbaycan dilinin dövlət dili kimi inkişafında gedən müxtəlif dövrlərdəki hadisələri özündə əks etdirən yazılarla zəngindir.
Ümumiyyətlə, qəzetin oxuculara təqdim etdiyi publisist yazılardan əksəriyyətinin qayəsini Qarabağ döyüşü – Qarabağ həqiqətlərinin ölkə ictimaiyyətinə və dünyaya çatdırılması prosesi təşkil edir. Professor Nizami Məmmədovun (Tağısoy) “8 Noyabr Şuşamız azadlıq, Səbuhi şəhidlik zirvəsində qərar tutdu” (10 dekabr 2020), Sevindik Nəsiboğlunun “Şuşa fatehi – Zəfərin oğlu” (07 aprel 2020), Ülvi Aydının “Qarabağ Azərbaycandır”, Əi Rza Xələflinin “Üzü Qarabağa” (23 avqust 2020), Nazim Məmmədovun “Aprel döyüşləri və onun tarixi əhəmiyyəti”, Gülnar Səmanın “Ürəyindən vurulan şəhid” (29 oktyabr 2020) və s. yazılar qəzetin səhifələrində öz əksini tapmışdır.
“Hədəf Nəşrləri”nin təsis etdiyi, ədəbiyyat və sənət dərgisi olan “Ustad” jurnalının 2020-ci il 33-cü sayı dərc olunub. “Ustad” jurnalı çoxsaylı mətbu nəşrlər sırasında yenilərdən hesab edilsə də, öz dəst-xəttini dəqiq təyin edə bilmişdir.
Jurnalda müxtəlif maraqlı layihələr, yeni müəlliflər yer alıb. Şəmil Sadiqin “Ədəbiyyat dərslərinin tədrisində yenilik vacibdir”, Asif Rüstəmlinin “Ədəbiyyat İnstitutunun beş aylıq sələfi”, Niyazi Mehdinin “Hessenin bir deyiminin ucundan tutub gedəndə… Semantikasız dünya”, Maral Baharın Füzulinin şeirlərinə həsr etdiyi “Küləklər şəhəri Bakıdan eşq və iztirab şairinə səyahət” yazıları oxunaqlığı, zəruri məqamlara diqqət çəkmə gücü ilə seçilir.
Azərbaycan publisistikasının öz vəzifəsini və funksiyasını necə yerinə yetirdiyini “Xəzan” jurnalının saylarında dərc olunmuş coxsaylı ideya-məzmun cəhətdən əlvan yaradıcılıq nümunələrində əks etdirir.
“Xəzan” 23 fevral 2016-cı ildən etibarən Azərbaycan nəşriyyat evində dərc olunan ədəbi-bədii jurnaldır. Jurnalın təsisçisi və baş redaktoru Əli bəy Azəridir. O, bir nasir və qələm adamı kimi, orijinal dəst-xəttə, özünəməxsus yaradıcılıq üslubuna malik ziyalılarımızdandır. Müharibə veteranıdır. “Xəzan” jurnalı artıq neçə illərdir ki, Azərbaycan oxucusuna Azərbaycan ədəbi-ictimai mühitinə kifayət qədər ardıçıl, professional səviyyədə yazılar təqdim edir. Son iki ildə jurnalda Şahməmməd Dağlaroğlu, Elçin Kamal, Göyərçin Kərimi, Aslan Quliyev, Fərhad Ramizoğlu, Rəhman Bayram, Zaur Ustac, Məhəmməd Əli, İbrahim Yusifoğlu, Zəki Bayram Yurdçu, Budaq Təhməz və b. kimi imzası məşhur müəlliflər tez-tez çıxış edir. Bu müəlliflərin jurnalda çap olunan əsərlərində yüksək vətənpərvərlik və ziyalılıq hissləri ilk baxışdan duyulur.
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Mətbuat tarixi və publisistika şöbəsi, elmi işçisi Dilbər Rzayevanın “Bəhlul” satirik jurnalında “Molla Nəsrəddin” ənənələri” məqaləsi ciddi araşdırmanın məhsuludur və təqdirəlayiq haldır. Bu sahədə aparılan araşdırmalar müasir ədəbi proseslərə bir nümunədir. Göyərçin Kəriminin “Ümidi söz olan şair” məqaləsi (Fikrət Sadıq yaradıcılığına həsr olunub), Zaur Ustacın “Hərb mövzulu yazılar” sərlövhəli yazıda müharibə mövzusunda yazılmış əsərlərdə müəlliflərin yol verdiyi nöqsanlardan söhbət açılır. (Aprel-may, say – 33, 2021).
“Ulduz” jurnalında publisist fəallığına sövq edən yeni, maraqlı formalar diqqəti cəlb edir. “Ulduz” jurnalının 2021-ci il üçün işıq üzü görən ilk sayı “Ədəbiyyat qəzeti” ilə birgə layihənin əsasında hasilə gələn, poeziyamızda vətən, Qarabağ mövzusuna həsr olunmuş “Xüsusi buraxılış”dır. Şeirlərin tərtibatçısı və “Poeziyada Vətən” adlı ön sözün müəllifi filologiya elmləri doktoru, ədəbiyyatşünas-tənqidçi Elnarə Akimovadır. Qeyd edək ki, ən seçmə şeirlərlə tərtib olunan jurnal Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə ithafdır.
“Azərbaycan” jurnalında dərc olunmuş publisistik materialların ideya-estetik xüsusiyyətləri, üslub zənginliyi, azadlıq uğrunda mübarizə əhval-ruhiyyəsi, Qarabağda və onun ətrafında baş verən hadisələri təfərrüatı ilə işıqlandırmaq meyili onu göstərir ki, bu jurnal bədii-publisist salnaməsini yaratmağa çalışır, publisistikamızın elmi, ictimai-siyasi mühakimə gücünü artırır, ədəbiyyatımızda yeni forma və üslublar yaradır, bütün bunları diqqətlə və əhatəli surətdə araşdırmaq, heç şübhəsiz ki, müasir ədəbi prosesin tədqiqi vəzifələrini genişləndirəcək və ümumən, ədəbiyyatşünaslıq elmimizin inkişafına öz töhfəsini verəcəkdir” [9.s.14].
Musa Yaqubun son illərdə qələmə aldığı şeirlər, Anarın “Azad bir quşdum” adlı ikiseriyalı bədii filmin ədəbi ssenarisi, Zahid Sarıtorpağın “Köhnə mücrüyə elegiya”, Azər Abdullanın “Çat”, Səyyad Aranın “Başdaşı” romanları, Nurəddin Ədiloğlunun “Bumeranq” povesti, Aydın Tağıyevin “İsrailin Suru hekayəsi”, Sevinc Nuruqızının hekayələri, uşaq ədəbiyyatına dair Qəşəm Nəcəfzadənin “Yeni uşaq söhbəti”, Elnarə Akimovanın “Uşaq ədəbiyyatının yeni qəhrəmanları” məqalələri, “Tənqid və ədəbiyyatşünaslıq” bölümündə yer alan Qorxmaz Quliyev, Südabə Ağabalayeva, Vaqif Yusifli və İntiqam Qasımzadənin müəllif yazıları “Azərbaycan” jurnalında çap olunan maraqlı nümunələrdəndir.
İyul-avqust nömrəsi yazıçı Sabir Əhmədlinin 90 illiyinə həsr olunmuşdu. Elnarə Akimovanın “Sabir Əhmədli – yaralarına sığınıb yaşayan adam” adlı yazısı jurnalın ən maraqlı yazılarından oldu.
Beləliklə, yuxarıda adları çəkilmiş qəzet və jurnalların hər birinin nəzəri-estetik keyfiyyəti və ictimai-mədəni təyinatı əsas götürülmüş, ümumiyyətlə milli publisistik fikrin inkişaf tarixində və müstəqillik dövründə jurnal publisistikasının ideya-estetik prinsiplərini müəyyənləşdirir, yeni dövrdə onun mövzu dairəsini, ideya-bədii istiqamətləri işıqlandırılmışdır.
Fransanın görkəmli yazıçı-dramaturq və filosofu Deni Didronun qadınlar haqqında söylədiyi fikirlər o qədər xoşuma gəldi ki, yazıma da elə bu sözlərlə başlamaq istədim, özü də elə Didro sayağı: “Qadınlar üzərinə yazı yazarkən qələmi göy qurşağına batırıb, mürəkkəbi kəpənək qanadlarının tozu ilə qurulayacaqsınız”.
Onda əvvəlcə gəlin görək qadın özü kimdir. Bilirəm, sualım bitməmiş cavablarınız hazırdır, belə ki, ana, övlad, bacı, həyat yoldaşı və daha kim… Onu da bilirsiz ki, müqəddəs kitabımız olan Qurani-Kərimdə də qadın uca tutulur və onun şəninə üzü sevgili peyğəmbərimizdən bura dəyərli sözlər deyilmişdir.
Cənnətin məhz qadının ayaqları altında olmasını isə lap cəhalət dövründə Allahın Rəsulu söyləmiş, onadək doğulan qız uşaqlarının diri-diri torpağa basdırılmasının böyük günah olduğunu içindən çıxdığı qövmünə anladaraq qadını yüksək qiymətləndirmişdir.
Gözəllik və zəriflik göstəricisi olan qadınlar sonralar da tarixin müxtəlif mərhələlərində yüksək mövqe sərgiləmiş, öz ağıl və bacarıqlarından istifadə edərək quruculuq işlərində də uğurla iştirak etmişlər. Azərbaycan qadını bütün dövrlərdə öz istedadı, biliyi, zəkası, iradəsi, səbri ilə milli-mənəvi dəyərlərimizin qorunub saxlanmasında özünəməxsus və yaddaşlarda qalan xidmətlər göstərmişdir. Azərbaycan tarixinə adı şəxsiyyət kimi yazılan ən mütxtəlif peşə sahibi, hökmdar, alim qadınların adını sadalamaq kimi bir fikrim yoxdur, amma ilklərə imza atan bəzi qadınların adını çəkməsəm olmaz… Azərbaycanın ilk bəstəkar qadını Ağabacı Rzayeva, ilk azərbaycanlı kimyaçı qadın İzzət Orucova, ilk həkim-ginekoloq Ədilə Şaxtaxtinskaya…. Əminə Dilbazi, Şəfiqə Axundova və daha kimlər, kimlər… Heç bilirsiniz, ilk olmaq nə deməkdir?! Hələ bunu indiki, yaşadığımız 21-ci əsrin söz və hüquq azadlığı şəraitində belə etmək birmənalı qarşılanmaz, o ki, ola cahillik dövrü.
Qadın, ona dəyər verdikcə, onu sevdikcə güclənir, özünə güvən qazanır, göstərilən etimadın, etibarın, qoyulan hörmətin, verilən sevginin birə yüzünü, minini qaytarır cəmiyyətə.
…Güldürsən, ömürlük səadətindir, Söndürsən, yanmağı bir də çətindir…
Qadın sevildikcə gözəlləşir, gəncləşir, dünya qadının qolları üstündə rahat uyuya bilir, sular nəğmə oxuya, küləklər güləşə bilir. Günəş hər gün qadın qəlbindən doğur məncə, Ay gecələr qadın baxışlarıdır göydə, dolanıb baxır Yer kürəsinə, sabaha salamat çıxması üçün Tanrıya dualar edir… Allahın müxtəlif “təyinatlı” elçilərinin sonuncusu olan Məhəmməd peyğəmbər qadına güvənmiş, qadına verdiyi yüksək dəyərlə onların yorğun, yaralı qəlbinə məlhəm olmuş və qarşılığında onların sevgi və məhəbbətini qazanmışdı. Gətirdiyi dinin yayılmasında məhz o qadınlar, başda da xanımı Xədicə olmaqla vəsilə olmuşdular.
Qadın gülərsə şu issiz mühitimiz güləcək. Sürüklənən bəşəriyyət qadınla yüksələcək.(H.Cavid
İndi bütün dünyanın “gender bərabərliyi” deyib hay saldığı məsələni, hələ çox qabaqlar türk qadınları həyata tətbiq etmişdilər, o qadın kişilərlə bərabər kənd təsərrüfafatının müxtəlif sahələrində, zavod və fabriklərdə çalışır, evdə isə ailə qayğılarını çəkirdi. Harda ki, qadın azaddır, fikri, düşüncəsi də azaddır, savadlıdır, həmin qadın ən nəhəng kəşflərə imza ata, cəmiyyət üçün xeyirli ola və tərbiyəli övladlar yetişdirə bilər. Yox, əgər bir ölkənin qadını savadsız, öz hüquqlarını bilməyən cahil biridirsə onda vay o millətin halına! Bəlkə də hamınızın bildiyi nümunədir, ağıl zəifliyi sindromundan əziyyət çəkən, bu səbəbdən də oxuduğu məktəbdən uzaqlaşdırılan Tomas Edison kimin sayəsində dahi ola bildi, əlbəttə anasının!
Adın şərəflidir sənin, ey qadın, Dahilər anası çağrılır adın.(S.Vurğun)
Qadınlar həyatın bütün sahələrində uğur qazanmış, kişi əməyi tələb olunan ən çətin işlərdən tutmuş ta mötəbər kürsülərə qədər gəlib özünü, iradəsini, bacarığını təsdiq etmişlər. İkinci Dünya müharibəsində, Qarabağ savaşlarında qəhrəmanlıq göstərərək adlarını tarixə yazan nə qədər qadınlarımız var. Hələ çox-çox ziyalı insanların həyatının üstündən qara xətt çəkən zalım 37-ci ilin qurbanı olan, ağır zülm və məşəqqətlərə dözərək “cəhənnəmi gözlərilə görən”, ömrünü sürgündə başa vuran, amma namus və şərəfini qoruyan qadınlarımızın hər birindən saatlarla, günlərlə danışmaq olar.
İnsan dünyaya ilk gözünü açdığı dəqiqədən etibarən özünü tapmağa, onunla təmasda olanlardan özünü hər cür qorumağa, öz mənliyini təsdiq etməyə çalışır. Amma çox təəssüf ki, hələ də dünyada və elə yaşadığımız cəmiyyətdə də azadlığı əlindən alınaraq hüquqları pozulan, bəzən bu və digər səbəblərdən zorakılığa məruz qalan, evdə əşya hesab edilən qadınlar vardır. Azadlığı yolunda basqılara məruz qalan, öldürülən, şikəst edilən qadınlar da az deyil. Nə qədər ki, dünyada bir qarın çörək üçün axşamacan işləyən, yurdu talanan, qovulan, əzilən, yaşamaq üçün ən adi şəraiti belə olmayan, küçələrdə gecələyən qadınlar var, gərək dünya qadınları susmasın. Amma gərək bunu qadınlar özü də istəsin, hüquq və azadlığı uğrunda mücadilə etməyi bacarsın. Bütün vəzifələrinin öhdəsindən hünərlə gələn, kiminsə qızı, anası, bacısı olmaqdan başqa bir qadın olduğunu isə unudan qadının birinci növbədə düşüncəsi dəyişməlidir.
Çünki əsl inqilab zehni inqilabdır! Şairlər bütün dövrlərdə ən gözəl şeirlərini qadınlara yazmışdır, bəstəkarın ən mükəmməl əsəri qadın haqqındadır, heykəltaraş ana heykəlini sevərək, oxşayaraq yonur, müəllim birinci sinfə ayaq basan uşağa ilk olaraq məhəbbətlə “A” hərfini öyrədir və “Ana” sözü yazdırır. Qadını Yaradan ona ən uca məqam-ana olmaq şərəfi də bəxş etmişdir, ana isə müqəddəsdir. Ən kədərli anımızın, ən şad günümüzün canlı heykəli anadır, qadındır, dünyanın ən uca zirvəsi, könüllərin şahı yenə qadındır… Onun önündə əyilən baş Tanrının qarşısanda ucalar. Qadın –vətən, torpaq, sülh, qadın azadlıq, əmin-amanlıq, qadın sevgi, məhəbbət deməkdir. Anasını sevən övlad vətənini də sevəcək, qoruyacaq, torpağının da qədrini biləcək. Son anda da düşmənə arxa çevirməyəcək, biləcək ki, arxasında dayandığı vətənidir, anasıdır, bacısı ya sevgilisidir. Anaya xitabən: “Cahanda yox elə bir qüvvə ki, baş əyim ona mən…”- söyləyirdi C. Cabbarlı…
Qadınla kişi dünyanın iki fərqli və bir-birini cəzb edən cəhəti kimidir. “Kitabi- Dədə Qorqud” dastanında qadın kişinin “başının baxtı, evinin taxtı” kimi xarakterizə edilir.
Qadın, ilin dörd fəsli kimi dəyişkən xarakterə malikdir.
Sənin sevgilin olmaq deyil asan, sevgilim, Ömrümün dörd fəslinin baharısan, sevgilim…(S.Rüstəm)
O, gah qış kimi qar yağa bilər, gah yayda günəş təki yandırıb yaxar. Gah əlvan çiçəkli yaz olar, gah da payız, solub saralar… Hər halını sev qadının, sev.., sev…, sev!
..Qadınam, qadın, ana.. Hər dərdə sipər qadın!.. …Tanrının yaratdığı, ən gözəl əsər- Qadın!..
Müəllif:Şahnaz ŞAHİN AYB və AJB üzvü, Prezident Mükafatçısı, Beynəlxalq Rəsul Rza Mükafatı Laureatı.
Gözəl yay gecəsi idi. Sərin meh əsdikcə həyətdəki qovaq ağaclarının yarpaqları bir-birinə toxunub sanki gecəyə layla çalırdı. Fəridə eyvanda əyləşib bu həzin səsin sehrinə düşüb, xəyallar qatarında yol gedirdi. Sərnişini olduğu bu qatar onu dörd il öncəki həyatına qonaq aparırdı.
Uzaq qohumları olan Nəsibə Fəridənin anası ilə şirin söhbət edirdi. – Ay Nazilə bacı, nə əcəb bu qızları saxlayıbsan vermirsən getsinlər birinə. Bir az yüngələşərdiniz, bir otaqda dörd nəfər yaşayırsınız. – Nəsibə bacı, bəyəm kimsə gəlib istədi ki, qızları, bizdə vermədik? – Bizim qonşuda bir oğlan var. Özlərinin dükanları var. İmkanları da yaxşıdı. Oğlan subaydır. Ona, halal süd əmmiş qız axtarırlar. O gün bacısıyla yolda rastlaşdım. Deyir, ay Nəsibə, soraqlaş, bəlkə, sizin qohum- əqrabada subay qız olar. Qardaşım Rafiqi evləndirmək istəyirik. Özün görürsən də, dükanları var, qazancı yaxşıdır, kimnən evlənsə yağ-bal içində üzəcək. Nə olsun bir az yaşı çoxdu. Belə baxanda otuz altı yaş nədir ki? Əsil evlənəsi vaxtıdır əslində. Mən də söz verdim ki, qız taparam. Nə yalan deyim, sənin qızlarını düşündüm o dəqiqə. Nazilə həyat yoldaşı və iki qızı ilə birlikdə bir otaqlı şəraitsiz evdə yaşayırdı. Həyat yoldaşı tikintidə usta işləsə də qazandığı pul ancaq gündəlik tələbatlarına yetir, qənaət edib ailəsi üçün şərait yarada bilmirdi. İki qızı təkadamlıq çarpayıda yatır, həmişə də sabah oyananda narahatlıqdan şikayətlənərdilər. İndi Nəsibənin bu təklifini eşidəndə çox sevmişdi. Ən azından qızlarından biri bu özü çəkdiyi əziyyəti çəkməyəcək, yaxşı şəraitdə yaşayacaq. Ancaq hardan biləydi ki, düşündükləri xəyala dönüb qalacaq. Fəridə uşaqlıqdan çox şən qız idi. Rəfiqələri onun sadə geyiminə rəğmən səliqəlilyinə, gözəlliyinə, üzügülərliyinə həmişə həsəd aparırdı. Oxuduğu texnikomda hər kəs onu “mehriban, gülər qız” deyə çağırırdılar. Hamı ilə gülüb-danışar, mehriban və qayğıkeşliyi ilə seçilərdi. Qrup yoldaşlarının bahalı geyimlərini görüb heç vaxt həsəd aparmaz, kimsəyə qarşı ürəyində kin bəsləməzdi. Nazilə Fəridəyə evlilik məsələsini deyəndə razılaşdı və dedi: – Bir şərtlə, ana. İcazə ver özüm söhbət edim oğlanla və öz şərtlərimi söyləyim. Əgər razılaşsa mənim şərtlərimlə hə deyərəm. Günortaya az qalmış Fəridə telefonuna zəng gəldiyini görüb əlinə aldı. Zəng edən Rafiqin bacısı idi. – Alo, Fəridə salam, biz qonşu küçədədə səni gözləyirik. Əynini geyin gəl, səni qardaşımla tanış edəcəm. Bir kafedə əyləşib söhbətləşək. – Salam, gözləyin hazırlaşım 15 dəqiqəyə gələrəm təxminən. – Oldu, gözləyirik. Fəridə maşına yaxınlaşanda Rafiqin bacısı maşından düşüb onu qarşıladı .Fəridə istər-istəməz maşının salonuna nəzər saldı. Sürücünün yanında əyləşən Rafiqi görüb düşündü ki, bacısının yoldaşıdır. Çünki Fəridənin gözlədiyindən daha yaşlı görünürdü. Maşına əyləşəndə isə bacısının, “hə, Fəridə, tanış ol, qardaşım Rafiqdir”,- deməsi Fəridənin bütün xəyal budaqlarının qırılıb düşdüyü an oldu. Ancaq yaşadıqları şəraiti düşünüb özünə təsəlli verdi. “Yaşlı olması önəmli deyil, ailəsinə bağlı olsun yetər ki” Şəhərdə kafelərin birində əyləşib çay içə-içə söhbət eləməyə başladılar. -Eşitdim ailə qurmaq üçün bir neçə şərtləriniz var. Buyurun, dinləyirəm şərlərinizi. -Bildiyiniz kimi mən texnikom bitirmişəm, yəni öz sənətim üzrə işləmək istəyirəm. İstəmirəm gələcəkdə həyat yoldaşım mənə qadağalar qoysun. Beləliklə bütün şərtlərini söylədi. Rafiq Fəridənin bütün şərtləri ilə razılaşdığını bildirdi. Vağzalı sədası gələndə Fəridə sevinirdi. Çünki uşaqlıqdan çəkdiyi əziyyətlərdən, kasıblıqdan, atasının deyingənliklərindən ayıran, yeni bir həyata aparan qatarın vağzalı idi bu vağzalı sədası. O an, o qatarın birtərəfli olduğunu düşünürdü. Düşünürdü ki, bu vağzaldan yola düşüb onu fərqli bir dünyaya aparan qatar bir daha geri dönməyəcək. Fəridə o gün hardan biləydi ki, bu vağzaldan ayrılan qatar çox keçmədən yenidən bu vağzala dönəcək… Bakı kəndlərinin birinə gəlin köçən Fəridə sanki əzablarını da cehizlik kimi özü ilə birlikdə gətirdi. İlk günlərdən soyuqluğu hiss etdi. Axı Fəridə bilmirdi ki, Rafiqin illərdi birlikdə olduğu qadın var. Fəridə ilə sırf bacısının “Rafiq, yaş ötür, ailə qur, övladların olsun. Sənə demirəm o qadından ayrıl. Çünki bilirəm desəm də sözümü yerə salacaqsan. Amma o qadın, sənin ailən deyil, öz ailən olmalıdır. Sənə ailə qurmağa qız tapmışam mən. Gedək qızı gör, bəyənməsən evlənmə, məcbur deyil” deməsi ilə ailə qurub. O gün ilk dəfə Fəridəni görəndə gözəlliyi onunla ailə qurmasına və şərtlərini qəbul etməsinə səbəb olur. Ancaq ailə məhz gözəlliyin və ehtirasın üzərində qurulmur. Əgər ailədə qarşılıqlı sevgi olmursa onun təməli çox zəif olur. Elə Fəridənin ailə təməli də cəmi bir həftəyə titrəməyə başladı. Cəmi bir həftə ərzində Rafiq yad adam kimi davranır, Fəridə ilə soyuq münasibət bəsləyirdi. Fəridə fikirləşirdi ki, ola bilsin nəsə maadi sıxıntısı var, o səbəbdən soyuqluq göstərir. Buna rəğmən Fəridə onu isti qarşılayır, işdən gələndə gülümsəyir, danışır, halın soruşur, işləri ilə maraqlanırdı. Ancaq Rafiq əksinə hər gün bir az daha soyuqlaşır, qaşqabağını tökür, Fəridə ilə demək olar ki, kəlmə kəsməyə tənbəllik edirdi. Bütün bunların başında isə Fəridədən öncə həyatında olan qadın dururdu. Hər gün Rafiqi tənbeh edir, Fəridədən ayrılmağı tələb edirdi. Hətta vəziyyət o yerə çatdı ki, toydan 1 ay ötməmiş Rafiq ilə Fəridə başqa-başqa otaqlarda yatır, bununla da aralarında olan ailə bağını tamamilə üzüləcək vəziyyətə gətirmişdilər. Rafiqin hərəkətlərindən şübhələnən Fəridə çox keçmədi şübhələrinin əbəs olmadığını gördü. Rafiq açıq-aşkar həyatında olan qadınla telefonla danışır, pıçıltıya belə gərək görmürdü. -Narahat olma, canım, çox çəkməz bezər. Bir-iki aya qaçıb gedər evlərinə. Bu sözləri Fəridə eşidəndə elə bil başına qaynar suyu tökdülər, dünya gözlərində qaraldı. İlahi, mən necə dönəcəm evə, onsuz da atam əzazil adamdı, mənə gün verib işıq vermirdi. Deyəcək görürsən bütün günahlar səndədir. Ər evində də özünü apara bilmədin geri göndərdilər. Məcbur bu əzaba tab gətirib dözməliyəm. Ancaq zaman keçdikcə Rafiq daha da laqeydləşir, Fəridəyə qarşı ən ağır şəraiti yaradırdı. Evə bazarlıq eləmir, ac-yalavac saxlayır, nə yolla olursa-olsun bezdirir ki, çıxıb getsin öz xoşuyla. Kim soruşsa da niyə getdi gəlin, cavab versin ki, şəhərdə böyümüş qızdır, alışa bilmədi kənd həyatına. Amma Fəridə bütün bunlara rəğmən dözürdü bütün çətinliklərə. Həyətlərində əkdiyi tərəvəzlərdən, istifadə edərək gündəlik yemək təlabatını qismən də olsa ödəyirdi. Yanaqları payız çiçəyi kimi solmuş, əvvəlki təbəssümün izi-tozu qalmamışdı. Rafiq ata anasının onlara gəlməsinə qadağa qoymuşdu. Hətta bir dəfə Fəridə buna qarşı gələndə cavabında “gəlməsinlər, lazım olar sən gedərsən birdəfəlik”,-demişdi. Əzab-əziyyətlə dolu bir il keçdi. Zaman ötdükcə Fəridənin taqəti də tükənir, hər gün bir az həyatından küsürdü. Nəhayət çox götür-qoy etdikdən sonra ata evinə geri dönməyi qərarlaşdırdı. Ancaq getməmişdən bu ağrı-acılı bir ilin ürəyində yaratdığı vulkanı Rafiqin üzünə püskürtməyi yəqinləşdirdi. Sabah təzə açılmışdı. Rafiq yerində bir az o yan, bu yana döndükdən sonra ayağa qalxıb hamam otağına keçmək istəyirdi ki, qapını açanda Fəridə ilə üz-üzə gəldi. Fəridə paltarını geyinib hazır vəziyyətə Rafiqi gözləyirdi. – Sabah-sabah hara belə? Fəridə sakit-sakit dedi: – Artıq arzunuza çatdınız hər ikiniz. Sən də, sənin fahişən də. Mən atamın evinə gedirəm. Ancaq getməmişdən əvvəl sənə bir iki kəlmə sözüm var. Əgər sən mənimlə ailə kimi yaşamayacadınsa niyə mənim həyatımı məjv elədin? Niyə mənim arzularımı yarıda qoydun? Elə bilirsən ki, mənə çəkdirdiklərini Allah götürəcək? Yox, O, hökmən sənin cəzanı verəcək. Ay bədbəxt, sən heç düşünmədin o fahişə bu gün sənin ailəni dağıdırsa sabah da başqasının ailəsini dağıdacaq, onun fahişəsi olacaq. Sən düşünmədin ki, o qadın səndən bir neçə yaş böyükdür, onun öz uşaqları var yaşlanannan sonra çəkiləcək nəvələrinin yanına başını qatacaq. Amma sənin həyatda heç nəyin olmayacaq, nə bir övladın, nə bir nəvən. Sənin kimi insanlar insanlıq adına qara ləkədir,- deyib qapıdan çıxaraq həyatın bir çətin üzündən digər çətin üzünə tərəf yol aldı. Bir il öncə vağzalı havası sədaları altında çıxdığı vağzala bu gün geri dönürdü. Yenə atasının dedi-qodusu, yenə təkadamlıq çarpayıda bacısı ilə gecəni sabahlamaq. Bacısının səsinə xəyallardan ayrıldı, – Fəridə, ay qız eşitmirsən? Atam deyir eyvanın işığını söndürüb yatsın, gecə keçir. Boşuna işıq yazır, onun pulunu ödəmək də var…
Bir gözəl, bir sevimli oğul böyütdü ana. O bəd, uğursuz günü – ərinin öldüyünü Bildirmədi heç ona. Kədəri dalğa-dalğa doldusa da ürəyə Lakin nə saç yolaraq verdi əsən küləyə, Nə şivən etdi ana. Ürəyində ağlayıb, gülmək öyrətdi ona, Dözərək davanın da dərdinə, bəlasına, Öz boğazından kəsib yedirdi balasına… Bir oğul böyütdü ki, gur, çatmaqaş, gensinə. Bir oğul böyütdü ki, oğul deyirəm sənə: Atlını atdan salıb küləklərlə ötüşür. Baxışından qızların ürəyinə od düşür. Bir oğul böyütdü ki, oğul məktəb bitirdi, Oğul instituta qızıl medalla girdi. Ana fikirləşdi ki: “Gör neçə aya getdi?!” Ana yuxularında tez-tez Bakıya getdi, Ana məktub yazdı ki: “Yanıltma gümanımı, Pul nədir, pul deyirsən, göndərərəm canımı”. Nə zaman ki oğlunun getdiyi dörd il oldu, Məktubları kəsildi, gəlmədi tətil oldu, Ananı fikir aldı, ananın əsdi dizi Ana müqəssir etdi, tramvayı, dənizi. O yenə dözdü, durdu… O yolmadı saçını, Səsləri qonşuları Əsmər, Çiçək bacını. Yenə də azalmadı ürəkdən bala dərdi Onlar oğul vermədi, onlar təsəlli verdi. Məktub məktub dalınca axdı, Bakıya xdı, Ana da məktubların dalınca baxdı, baxdı… Məktublarsa Bakını dolandı, gəzdi, gəldi, Məktublar əzik-üzük, məktublar bezdi gəldi, Ana yenə də baxdı gah dolama yollara, Gah da oğul boyuna həsrət qalan qollara. Ana oğul böyütdü gur, çatmaqaş, gensinə, Ana oğul böyütdü, özgəyə qismət oldu. Ana fikirləşdi ki, mən neyləmişəm sənə? Bu nə oğulluq oldu, bu nə məhəbbət oldu? Oğul böyütdümü o büzmədodaq bir qıza? Oğul böyütdümü o. min işvəyə, min naza? Ana bilsəydi əgər böyütməzdi oğlunu, Yox, bunu yandım dedim, yenə atmazdı onu. Bir gözəl, bir sevimli oğul böyütdü ana, Ürəyində ağlayıb gülmək öyrətdi ona. Oğul! Nədir etdiyin bəs bu haq-say üçün? Qaytar onun ömrünə neçə gecə, neçə gün! Qaytar onun saçının qaralığını geri. Qaytar o dilindəki şirin-şirin sözləri! O sözü, o söhbəti gülüşü anan verib, Ana dodaqlarından bala dodaqlarına. İndi ondan gen gəzən oğul, ayaqlarına Yerişi anan verib. Qaytarsan o sözləri, sözsüz bir lal olarsan, Qaytarsan o yerişi, yerindəcə qalarsan. Qaytarsan o gülüşü hırıldamazsan daha Qaytar, qaytar onları. qaytar qoyma sabaha! Sən ki dərd verdin, oğul, sənə gülüş verənə. Oğul demərəm sənə! Deyirəm ki, o boyu, buxunu qaytar geri! Deyirəm ki, varını, yoxunu qaytar geri! Qaytar onun borcunu, Gülüşünü, adını, sözünü qaytar geri! Qaytar ana borcunu, O borc sənin özünsən, özünü qaytar geri!