Etiket arxivi: QƏTİBƏ ÇİNGİZ QIZI MAHMUDOVA

TÜRK DİLLƏRİNİN QRAMMATİK SİSTEMİNDƏ KÖMƏKÇİ NİTQ HİSSƏLƏRİNİN YERİ ƏHATƏLİ TƏDQİQİAT MÜSTƏVİSİNDƏ

TÜRK DİLLƏRİNİN QRAMMATİK SİSTEMİNDƏ KÖMƏKÇİ NİTQ HİSSƏLƏRİNİN YERİ ƏHATƏLİ TƏDQİQİAT MÜSTƏVİSİNDƏ

Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun Türk dilləri şöbəsinin əməkdaşları həmişə olduğu kimi yenə də dünya türkologiya elminə dəyərli töhfələr verməkdə davam edir. Bakı hələ keçmiş ittifaqda türkoloji araşdırmaların mərkəzi olmuşdur. Bu araşdırmaların çox böyük bir qismi isə məhz AMEA -nın Dilçilik İnstitutunun Türk dilləri şöbəsində aparılmışdır. Bu ənənə bu gün də davam etməkdədir. Müasir dövrümüzdə də Türk dilləri şöbəsi respublikamızda aparılan türkoloji araşdırmaların mərkəzində dayanır.
2025-ci ilin son günləri Türk dilləri şöbəsi üçün çox əlamətdar olmuşdur. Şöbə əməkdaşlarının türk dillərinin müxtəlif sahələrinə dair əsərləri çap olunmuşdur. Bu əsərlərdən biri də filologiya üzrə fəlsəfə doktoru Dilbər Vətən qızı Camalinin “Türk dillərində köməkçi nitq hissələri” əsəridir.
Türkologiyanın aktual və daim mübahisə doğuran problemlərindən biri türk dillərində nitq hissələrinin təsnifatı, xüsusən də köməkçi nitq hissələrinin statusu, sayı, semantik-qrammatik xüsusiyyətləri və tarixi inkişaf yoludur. Bu baxımdan “Türk dillərində köməkçi nitq hissələri” adlı monoqrafiya türkoloji elmin mühüm və boşluq hissələrindən birini əhatə edən fundamental tədqiqat kimi diqqəti cəlb edir.
Monoqrafiya Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun Elmi Şurasının 15 yanvar 2025-ci il tarixli iclasının qərarı ilə çapa tövsiyə olunmuş, elmi redaktoru filologiya elmləri doktoru, professor Nadir Məmmədli, rəyçiləri isə filologiya elmləri doktorları İsmayıl Kazımov, Sevil Mehdiyeva və filologiya üzrə fəlsəfə doktoru Aynel Məşədiyeva olmuşdur. Bu faktın özü əsərin elmi səviyyəsi və aktuallığı haqqında aydın təsəvvür yaradır.
Müəllif monoqrafiyada müasir türk dillərində işlənən köməkçi nitq hissələrini yalnız sinxron baxımdan deyil, tarixi-müqayisəli aspektdə, qədim türk yazılı abidələrinin materialları əsasında araşdırmışdır. Giriş hissəsində düzgün şəkildə vurğulandığı kimi, türk dillərində nitq hissələrinin bölgüsündə semantik, morfoloji və sintaktik meyarların hansı nisbətdə əsas götürülməsi məsələsi dilçilər arasında daim fikir ayrılığı doğurmuşdur.
Köməkçi leksik vahidlər cümlədə əsas mənanı ifadə etməsələr də, qrammatik əlaqələrin qurulmasında, ifadənin məna çalarlarının zənginləşdirlməsində, fikrin dəqiqi ötürülməsində mühüm rol oynayırlar. Dilbər Camali çox doğru olaraq qeyd edir ki, köməkçi nitq hissələri Hind –Avropa dilləri ilə müqayisədə türk dillərində daha böyük əhəmiyyət daşıyır. Buna səbəb isə türk dillərinin aqlütinativ quruluşa malik olmasıdır.
Dilbər Camali bu mübahisəli sahədə formallıq prinsipini ön plana çəkir və köməkçi nitq hissələrinin semantik baxımdan leksik məna daşımamasına baxmayaraq, cümlədə mühüm qrammatik və funksional rol oynadığını elmi faktlarla əsaslandırır. Müəllif haqlı olaraq göstərir ki, köməkçi nitq hissələrini yalnız “leksik mənasız sözlər” kimi kənarda saxlamaq nə elmi, nə də tədris baxımından özünü doğruldur.
Monoqrafiyanın mühüm üstünlüklərindən biri köməkçi nitq hissələrinin tədqiqi tarixinin ardıcıl və əhatəli şəkildə təqdim edilməsidir. Müəllif X. M. Əfşar, Mirzə Kazımbəy, H. Mirzəzadə, F. Zeynalov, S. Barutçu, M. Şerbakın və digər görkəmli türkoloqların mövqelərini təhlil edərək, onların elmi baxışlarını müqayisəli şəkildə təqdim edir.
Xüsusilə Mirzə Kazımbəyin “Türk-tatar dilinin ümumi qrammatikası” əsərində nida haqqında verilən məlumatların elmi əhəmiyyəti, H. Mirzəzadənin qoşmaların tarixi təsnifinə dair fikirləri və F. Zeynalovun bağlayıcıların funksional rolu ilə bağlı yanaşmaları monoqrafiyada elmi obyektivliklə şərh edilir.
Əsərin əsas bölmələrindən biri qədim türk yazılı abidələrində işlənən köməkçi nitq hissələrinin tədqiqinə həsr olunmuşdur. Müəllif göstərir ki, bağlayıcılar, qoşmalar və ədatlar qədim türk dilində artıq formalaşmış qrammatik vahidlər kimi çıxış etmiş, bir çox hallarda ilkin leksik mənalarını qismən və ya tam itirərək köməkçi funksiyaya keçmişlər.
Bu yanaşma köməkçi nitq hissələrinin qrammatikləşmə prosesinin izlənilməsi baxımından xüsusi elmi əhəmiyyət daşıyır və türk dillərinin tarixi inkişaf mərhələlərini daha dərindən anlamağa imkan yaradır.
Monoqrafiyada qoşmalar, ədatlar, bağlayıcılar, modal sözlər, nidalar, vokativ sözlər, təqlidi sözlər kimi köməkçi nitq hissələri aşağıdakı əsas qruplar üzrə sistemli şəkildə tədqiq olunur: Hər bir qrup ayrıca bölmədə həm semantik-qrammatik, həm də funksional baxımdan təhlil edilir. Müəllif qoşmaların cümlədə zərflik, tamamlıq və təyin funksiyalarında çıxış etməsini, ədatların məna gücləndirici və münasibət bildirən rolunu, bağlayıcıların isə yalnız sintaktik əlaqə yaratmaqla kifayətlənməyib, müəyyən məna münasibətlərini də ifadə etdiyini əsaslandırır.
Xüsusilə modal sözlər və nidalarla bağlı irəli sürülən fikirlər müasir dilçilik baxımından aktualdır. Müəllif nidaların xüsusi nitq hissəsi kimi qəbul edilməsinin daha məqsədəuyğun olduğunu, onların insan emosiyalarının stereotip ifadə vasitəsi kimi formalaşdığını inandırıcı arqumentlərlə göstərir.
Monoqrafiyanın elmi yeniliyi ilk növbədə köməkçi nitq hissələrinin türk dilləri üzrə sistemli, tarixi-müqayisəli və funksional təhlilinin verilməsində özünü göstərir. Əsər yalnız nəzəri baxımdan deyil, tədris, leksikoqrafiya, tərcümə və dilin standartlaşdırılması baxımından da mühüm praktik əhəmiyyətə malikdir.
Nəticə hissəsində müəllif haqlı olaraq vurğulayır ki, köməkçi nitq hissələrinin öyrənilməsi türk dilləri arasındakı oxşar və fərqli cəhətlərin, eləcə də bu dillərin inkişaf istiqamətlərinin müəyyənləşdirilməsinə xidmət edir. Monoqrafiyanı oxuduqca müəllifin nə qədər geniş türkoloji biliyə malik olduğunun şahidi olursan. Dilbər Camali əsəri yazmamışdan öncə demək olar ki, bütün türk dillərindəki köməkçi nitq hissələrinin tədqiqi tarixini araşdırmış, eyni zamanda türk dillərində bu nitq hissələrinin fərqli cəhətlərin müqayisəli şəkildə öyrənmişdir.
Əsərin məziyyətləri haqqında uzun-uzadı bəhs etmək olar. Mən əsərin müəllifi gənc tədqiqiatçı Dilbər Camali haqqında da bəhs etmək istərdim. Dilbər xanım Azərbaycanda gələcəyinə çox böyük bəslədiyimiz türkoloqlardan sayıla bilər. Ölkəmizdə barmaqla sayılacaq qədər az olan qədim türk dili mütəxəssislərindən biri də Dilbər Camalidir. Hələ tələbəlik illərindən qədim türk dillərini öyrənmiş Dilbər Camalinin tədqiqatları xüsusilə Orxon-Yenisey abidələrinin araşdırılması üzərində cəmlənmişdir. Bəhs olunan monoqrafiyasında da müəllif bəhs etdiyi hər bir köməkçi nitq hissəsinin qədim türk dilindəki işlənmə mövqeyini araşdırmışdır.
Dilbər Vətən qızı Camalinin “Türk dillərində köməkçi nitq hissələri” monoqrafiyası müasir türkoloji elmdə mühüm boşluğu dolduran, elmi sanbalı və zəngin faktoloji bazası ilə seçilən fundamental tədqiqatdır. Əsər dilçi alimlər, türkologiya üzrə tədqiqatçılar, ali məktəblərin filologiya fakültələrinin tələbələri, magistrantlar və doktorantlar üçün etibarlı elmi mənbə olmaqla yanaşı, türk dillərinin qrammatik quruluşunun daha dərindən anlaşılmasına xidmət edir.
Qətibə Çingiz qızı Mahmudova,
Filologiya elmləri doktoru, dosent
ELNARƏ NADİR QIZI ƏLİYEVA
Filologiya üzrə fəlsəfə doktoru, dosent

CAHANGİR MƏMMƏDLİ – 85

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

“Türk Dillərində Söz Yaradıcılığına Yeni Yanaşma”

“Türk Dillərində Söz Yaradıcılığına Yeni Yanaşma”
Qətibə Mahmudova. “Söz yaradıcılığı (türk dillərinin materialları əsasında)” – Müasir türk dillərində söz yaradıcılığının elmi-nəzəri və koqnitiv əsasları
Qətibə Mahmudovanın 2025-ci ildə “Elm və Təhsil” nəşriyyatında çap olunan “Söz yaradıcılığı (türk dillərinin materialları əsasında)” əsəri müasir türk dillərində söz yaradıcılığını sistemli və çoxsahəli şəkildə araşdıran fundamental elmi mənbədir. 284 səhifədən ibarət olan bu monoqrafiya həm nəzəri, həm tipoloji, həm də koqnitiv aspektlərdən söz yaradıcılığını tədqiq edir və türkoloji araşdırmalar üçün zəngin material təqdim edir. Kitabın elmi redaktoru filologiya üzrə fəlsəfə doktoru, dos. Elnarə Əliyeva, baş redaktoru filologiya elmləri doktoru, dosent Aynel Məşədiyeva, rəyçiləri isə professor Şükrü Haluk Akalın, professor Rüfət Rüstəmov, professor Yadigar Əliyev və dosent Aygül Hacıyeva olmuşdur ki, bu da əsərin yüksək elmi səviyyəsini təsdiqləyir.
Əsərin birinci bölməsində müəllif söz yaradıcılığının dilçilikdə mövqeyini, türk dillərində söz yaradıcılığının elmi-nəzəri əsaslarını və koqnitiv yanaşmalarını təqdim edir. Burada həmçinin müasir türk dillərində funksionallaşan şəkilçi morfemlərin təsnif prinsipləri elmi əsaslarla izah olunur. İkinci bölmə müasir türk dillərində söz yaradıcılığı üsullarına həsr olunub. Fonetik, leksik-semantik, sintaktik, kalka və reduplikasiya üsulları, həmçinin məhsuldar olmayan söz yaradıcılığı metodları geniş şəkildə təhlil edilir. Bu bölmə türk dillərinin söz quruluşundakı formal dəyişikliklərin, yeni sözlərin yaranma mexanizmlərinin və leksik innovasiyaların öyrənilməsi üçün zəmin yaradır. Kitabın üçüncü bölməsində morfoloji yol ilə söz yaradıcılığı və şəkilçi morfemlərin funksionallaşması məsələlərini əhatə edir. Burada omonimlik, sinonimlik, semantik diferensiallaşma və ad bildirən düzəltmə sözlər kimi problemlər sistemli şəkildə təhlil olunur. Müəllif morfemlərin türk dillərindəki rolu və söz yaradıcılığında funksional əhəmiyyətini nümunələrlə nümayiş etdirir.
Əsərin ən əsas yeniliyi odur ki, Qətibə Mahmudova söz yaradıcılığını yalnız morfoloji və leksik yanaşma ilə məhdudlaşdırmayaraq, fonetik, sintaktik və leksik-semantik üsulları birləşdirir, həmçinin koqnitiv yanaşma tətbiq edərək sözlərin yaranma mexanizmlərini zehni və konseptual səviyyədə analiz edir. Bu, əvvəlki tədqiqatlarda yetərincə əhatə olunmamış sahələri əhatə edir və söz yaradıcılığının müasir türk dillərində sistemli şəkildə öyrənilməsinə imkan verir.
Əsərin türkologiya üçün önəmi isə çoxşaxəlidir: əsər türk dilləri arasında müqayisəli tədqiqatlar üçün zəngin material təqdim edir, yeni sözlərin formalaşması və morfemlərin funksionallaşmasını izah edir, həm də tədris və praktik dilçilikdə tətbiq oluna biləcək əlverişli elmi baza yaradır. Bu baxımdan Qətibə Mahmudovanın əsəri müasir türk dillərində söz yaradıcılığı sahəsində fundamental tədqiqat, türkoloji araşdırmalar üçün etibarlı mənbə və tədris prosesləri üçün əyani vasitə kimi dəyərləndirilir.

Dilbər Vətən qızı Camali,
AMEA Nəsimi adına Dilçilik İnstitutunun
Türk dilləri şöbəsinin böyük elmi işçisi fil.ü.f.d.

CAHANGİR MƏMMƏDLİ – 85

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

OĞUZ TÜRKCƏSİNİN TARİXİ VƏ LEKSİK İNKİŞAFININ FUNDAMENTAL TƏDQİQİ

OĞUZ TÜRKCƏSİNİN TARİXİ VƏ LEKSİK İNKİŞAFININ FUNDAMENTAL TƏDQİQİ

(Arzu Tofiq qızı İsgəndərzadənin “Tacəddin Əhmədinin «Cəmşidnamə» məsnəvisinin tekstoloji-linqvistik tədqiqi” monoqrafiyası haqqında)

Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun Türk dilləri şöbəsi müasir dönəmdə respublikamızda türkoloji araşdırmaların intensiv aparıldığı bir mərkəz sayıla bilər. Hər il Türk dilləri şöbəsinin əməkdaşlarının türkologiyanın müxtəlif problemlərinə dair əsərləri işıq üzü görür. Şöbədəki tədqiqatlar əsasən iki istiqamətdə gedir: qədim türk dillərinin, türkdilli abidələrin tədqiqi ; müasir türk dillərinin müqayisəli tədqiqi.

Şöbənin gənc və istedadlı əməkdaşı Arzu İsgəndərzadənin tədqiqatları əsasən XIV-XV əsr türkdilli abidələrin öyrənilməsini və Anadolu türkcəsinin tədqiqini əhatə edir. Arzu xanınmın bəhs edəcəyimiz əsəri də bu dönəmin abidəsi olan “Cəmşidnamə” nin linqvistik təhlilinə həsr olunmuşdur.

Türkologiya elminin mühüm və aktual istiqamətlərindən biri orta əsrlər yazılı abidələrinin sistemli şəkildə öyrənilməsi, bu abidələr əsasında türk dillərinin tarixi inkişaf mərhələlərinin, dialektoloji və regional xüsusiyyətlərinin müəyyənləşdirilməsidir. Bu baxımdan Arzu Tofiq qızı İsgəndərzadənin 2025-ci ilin son günlərində “Elm və təhsil” nəşriyyatında işıq üzü görmüş “Tacəddin Əhmədinin «Cəmşidnamə» məsnəvisinin tekstoloji-linqvistik tədqiqi” adlı monoqrafiyası müasir türkologiyada mühüm elmi hadisə kimi qiymətləndirilməlidir.

Monoqrafiya AMEA Nəsimi adına Dilçilik İnstitutunun Elmi Şurasının 17 noyabr 2025-ci il tarixli iclasının qərarı ilə nəşr olunmuşdur. Elmi redaktoru filologiya elmləri doktoru, dosent Qətibə Quliyeva, rəyçiləri filologiya elmləri doktorları Aygül Hacıyeva və Yadigar Əliyevdir.

Monoqrafiyanın əsas tədqiqat obyekti XIV–XV əsrlərə aid olan və oğuz türkcəsinin erkən yazılı nümunələrindən sayılan “Cəmşidnamə” məsnəvisidir. Müəllif bu abidəni yalnız ədəbi-bədii nümunə kimi deyil, tarixi-linqvistik faktlar toplusu kimi araşdırır. Əsərin İstanbul Universitetinin Nadir Əsərlər Kitabxanasında saxlanılan yeganə əlyazma nüsxəsi əsasında tədqiq olunması monoqrafiyanın elmi dəyərini daha da artırır.

Arzu İsgəndərzadə tədqiqat prosesində tarixi-müqayisəli, tekstoloji, paleoqrafik, leksik-semantik və təsviri-statistik metodlardan kompleks şəkildə istifadə etmişdir. Bu yanaşma təkcə “Cəmşidnamə”nin dilini deyil, bütövlükdə oğuz türkcəsinin formalaşma və inkişaf mərhələlərini izləməyə imkan yaradır.

Monoqrafiyanın türkologiya üçün ən mühüm töhfələrindən biri oğuz türkcəsinin XIV–XV əsrlərdə Anadolu coğrafiyasında ədəbi dil kimi formalaşma prosesinin elmi əsaslarla şərh edilməsidir. Müəllif göstərir ki, “Cəmşidnamə” həmin dövrdə ədəbi dil normalarının hələ tam sabitləşmədiyi bir mərhələnin məhsuludur. Əsərdə fonetik paralelizmlərin, variantlı yazılışların mövcudluğu bu prosesi açıq şəkildə əks etdirir.

Bu faktlar türkologiya üçün olduqca əhəmiyyətlidir, çünki onlar klassik türk ədəbi dilinin təşəkkül mərhələlərini konkret yazılı mənbə əsasında izləməyə imkan verir.

Monoqrafiyada “Cəmşidnamə”nin lüğət tərkibi geniş şəkildə araşdırılmışdır. Türkmənşəli leksika, arxaik sözlər, ərəb və fars mənşəli alınmalar ayrı-ayrılıqda sistemləşdirilmiş, onların funksional və semantik xüsusiyyətləri izah edilmişdir. Müəllifin gəldiyi nəticələrdən biri budur ki, əsərin türkmənşəli leksikası ümumxalq dili üçün səciyyəvi olmaqla yanaşı, bir sıra sözlər bu gün də müasir türk dillərində aktiv şəkildə işlənir.

Bu yanaşma ümumtürk leksik fondunun formalaşması, alınma sözlərin türk dillərində “vətəndaşlıq hüququ” qazanması kimi mühüm məsələlərin aydınlaşdırılmasına ciddi töhfə verir.

Əsərdə “Cəmşidnamə”nin dili “Qutadğu bilik”, “Divani-lüğət-it-türk”, “Kitabi-Dədə Qorqud”, “Codex Cumanicus”, “Dastani Əhməd Harami” kimi klassik türk abidələri, eləcə də Qövsi Təbrizi, Qazi Bürhanəddin, Nəsimi və Füzuli yaradıcılığı ilə müqayisəli şəkildə təhlil edilir. Bu müqayisələr türk dillərində tarixi dəyişikliklərin səbəblərini, dil­daxili və dildənkənar amillərin rolunu üzə çıxarır.

Beləliklə, monoqrafiya oğuz türkcəsinin ümumtürk dil sistemi içində yerini aydın şəkildə müəyyənləşdirir.

Əsərin mühüm elmi yeniliklərindən biri də “Cəmşidnamə”nin leksik-semantik sistemində sinonimlər, omonimlər və antonimlərin geniş şəkildə təhlil edilməsidir. Müəllif bu leksik vahidlərin yalnız struktur baxımından deyil, üslubi və funksional dəyər baxımından da əhəmiyyətini göstərir. Bu yanaşma orta əsr mətnlərinin poetik və estetik imkanlarının dildə necə reallaşdığını ortaya qoyur.

Monoqrafiyanın nəticə hissəsində təqdim olunan ümumiləşdirmələr türkologiya elmi üçün mühüm istiqamətverici xarakter daşıyır. Müəllif əsaslandırır ki, “Cəmşidnamə” oğuz türkcəsinin tarixi leksikasını, fonetik və orfoqrafik xüsusiyyətlərini öyrənmək üçün etibarlı və zəngin elmi mənbədir. Əsər gələcək tədqiqatlar üçün möhkəm baza rolunu oynayır.

Arzu Tofiq qızı İsgəndərzadənin “Tacəddin Əhmədinin «Cəmşidnamə» məsnəvisinin tekstoloji-linqvistik tədqiqi” adlı monoqrafiyası müasir türkologiyada orta əsr oğuz yazılı abidələrinin öyrənilməsi sahəsində fundamental elmi töhfədir. Əsər oğuz türkcəsinin tarixi inkişafını, leksik-semantik sistemini və ümumtürk dil məkanındakı yerini müəyyənləşdirməklə türkologiya elmini yeni faktoloji materiallarla zənginləşdirir.

Bu monoqrafiya dilçi alimlər, türkologiya üzrə tədqiqatçılar, magistrantlar və doktorantlar üçün dəyərli elmi mənbə olmaqla yanaşı, klassik türk dili irsinin elmi əsaslarla öyrənilməsinə mühüm töhfə verir.

Belə gözəl və fundamental monoqrafiyanı yazıb ərsəyə gətirmiş Arzu İsgəndərzadə gələcəyinə çox böyük ümidlər bəslədiyimiz türkoloqlardan sayıla bilər. Türkiyə türkcəsini, əski Azərbaycan yazısını mükəmməl bilən Arzu İsgəndərzadə hərtərəfli bilik və savada malikdir. Bu əsər müəllifin ilk monoqrafiyasıdır. Lakin əsəri oxuduqca bir daha əmin oluruq ki, yaxın illərdə Arzu xanımın türkologiyamızı zənginləşdirən digər monoqrafiyalarının da işıq üzü görməsinə şahid olacağıq.

Arzu İsgəndərzadə həm gənc və istedadlı alim, eyni zamanda Azərbaycan Milli Elmlər Akademiyasının ictimai həyatında fəal iştirak edən bir Azərbaycan gəncidir. Artıq bir neçə ildir ki, Arzu xanım Dilçilik İnstitutunun Gənc Alimlər Şurasına rəhbərlik edir. Rəhbərliyi dövründə institutun gənc alimlərinin bütün problemlərinin iştirakında gözəl təşəbbüsləri ilə çıxış etmiş, gənc alimlərin konfrans və tədbirlərinin keçirilməsində fəallıq göstərmişdir. Arzu İsgəndərzadə kimi gənc alimlərin belə dəyərli monoqrafiyalarını oxuduqca bir daha əmin oluruq ki, Azərbaycanda dilçilik elminin sabahı çox güvənli əllərdədir. Arzu Isgəndərzadə onlardan biri – birincisidir!

QƏTİBƏ ÇİNGİZ QIZI MAHMUDOVA,

filologiya elmləri doktoru, dosent

Oxu:>>Arzu Tofiq qızı İsgəndərzadə

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Ənvər paşa birici türkoloji qurultaya gəldimi?

I ÜMUMİTTİFAQ TÜRKOLOJİ QURULTAYIN 100 İLLİK YUBİLEYİNƏ DƏYƏRLİ TÖHFƏ

2026- cı ilin fevral ayında I Ümumittifaq Türkoloji Qurultayın 100 illik yubileyi bütüm türkdilli dövlətlər çərçivəsində keçirilməkdədir. I Türkoloji Qurultatyın 100 illik yubileyi münasibətilə müxtəlif əsərlər hazırlanmışdır. Belə əsərlərdən biri də Türkiyəli alim, Azərbaycanın dostu, Türk Dil Qurumunun keçmiş rəhbəri, professor Şükürü Haluk Akalının “100 Yılında 100 Soruda Birinci Türkoloji Kurultay” əsəridir. (Ankara: Erkmen Yayınçılık, 2025. –300 səh.). Əsər I Türkoloji Qurultay haqqında yazılmış ən orijinal və özünəməxsus kitab sayıla bilər. Çünki əsər 100 sual əsasında hazırlanmışdır və Türkoloji Qurultayın 100 illik yubileyinə həsr edilmiş mükəmməl bir hədiyyə, ərmağan sayıla bilər.

Buradan belə bir sual meydana çıxa bilər ki, əsərin digər bu mövzuda yazılmış kitablardan fərqi v ə özünəməxsusluğu nədir?.

Əvvəla əsər 100 sual əsasında hazırlanıb. Müəllif kitabda 100 sual qoyur. Və bu 100 sual çərçivəsində türkoloji qurultayın elə bir əlaməti, qurultayda baş vermiş elə bir hadisə, qurultayda iştirak etmiş elə bir şəxs yoxdur ki, Şükrü bəy ona toxunmasın. Nəinki toxunmaq, toxunduğu hər bir detal haqqında ətraflı şəkildə məlumat verir. Kitabda birinci sual “Türkoloji qurultayın tam adı nədir?”,  100-cü sual isə “Türkoloji qyrultayda iştirak edən nümayəndələrin aqibəti necə oldu?” suallarıdır. Düzdür, suallar içərisində indiyə qədər bizə– türkoloji aləmə bəlli olan, cavabları məlum olan suallar da çoxluq təşkil edir. Lakin müəllif bizə məlum olan sualın cavabında da gizlənmiş bəzi məqamları izah edir. Məsələn, 2-ci sual belədir: “Türkoloji nə deməkdir?”. Müəllif izah edir: Türkoloq yalnız bugünükü Türkiyə türkcəsi və ədəbiyyatı mütəxəssisi deyil. Türkoloq türklərin tarixi, dili, mədəniyyəti, ədəbiyyatı, coğrafiyası ilə məşğul olan elm adamlarıdır. Türkoloq və türk dilləri mütəxəssisi eyni zamanda Azərbaycan dili, qazax dili, yakut dili, qaqauz dili ilə və s. türk dilləriylə, onların tarix və etnoqrafiyası ilə məşğul olan alimlərdir. Və yaxud 4 cü sual: “Türkoloji qurultayın keçirilməsi fikri nə vaxt və neçə meydana çıxdı?”. Şükrü bəy bu sualın cavabını 1905-ci ildə Rusiyada keçirilmiş Rusiya Müsəlmanları Konqresi ilə əlaqələndirir. Bu qurultayı keçirmək ideyasının ilkin rüşeymləri məhz bu konfransdan doğmuşdir. Bu ideyanın ilk müəllifi isə rus türkoloqu A.N. Samoyleviç olmuşdur. A.N. Samoyleviç Bakıda dərc olunan “Maarif və mədəniyyət” jurnalında “Türkoloji qurultay lazımdır” adlı məqalə ilə çıxış edir.

Qurultayla bağlı ən kiçik bir detal belə müəllifin nəzərindən qaçmamışdır. Hətta iclasdların niyə bir salonda keçirilməsi, türk dillərində olan çıxışların stenoqrafiyasının niyə bu günümüzə gəlib çatmamağının səbəblərini müəllif ətraflı şəkildə şərh edir. Qurultayın keçirilməsi üçün məkan seçilməsindən bəhs edən alim İsmailiyyə binasının tam tarixini təqdim edir. Nəzərə alsaq ki, bu əsər bu gün ortaq türkcə olma yolunda irəliləyən Türkiyə türkcəsində yazılıb və bu əsərdən bütün türkdilli ölkələrin türkoloqları bəhrələnəcək biz, Azərbaycan alimləri Şükrü hocaya  minnətdar olmalıyıq. Çünki müəllif bu kitabda təkcə türkoloji qurultayın tarixini deyil, eyni zamanda Bakının, o dönəmin Bakısının elmi və ictimai, eyni zamanda mədəni həyatını bütün türkdilli ölkələrə çatdırır.

Kitabda mənim nəzərimi bəzi suallar cəlb etdi ki, bu sualların cavablaraı bu gün də müasir türkologiyada bir növ müəmmalı olaraq qalır.

16-cı sual: Qurultayın rəsmi bir dili varmı?”. Türk dilindəki çıxış və məruzələr niyə stenoqrafiyayay alınmamışdır?  Türk soylu xalqların dilini və ədəbiyyatını mövzu edən, Sovet Türk respublikalarının əksəriyyətinin nümayəndələrinin iştirak etdiyi Birinci Türkoloji Qurultayda çıxışların Türk dillərinin olması təbii idi. Sovetlər Birliyində nizamlanma prosesi nəticəsində rus dili də təbii olaraq işlək dilə çevrilmişdi. Lakin türk ləhcələri arasında qarşılıqlı anlaşıqlılıq nisbətinin aşağı olması, hər kəsin rus dilini bilməməsi səbəbindən Qurultayın ortaq bir ünsiyyət dili formalaşa bilməmişdi. Qeydlərdə və ümumi iclas müzakirələrində Birinci Türkoloji Qurultayda rus dilinin yeganə dil kimi nəzərdə tutulmadığı açıq şəkildə göstərilir. Alınan ilk qərara görə, yaxşı hazırlıq, nizam-intizamlı rəhbərlik və zamana diqqət edilməsi şərti ilə hər çıxışdan sonra rus dilində xülasə verilməsi şərti ilə hər bir bildirinin türk və ya rus dilində olması mümkündür. Bu tətbiq qısa iclasları izləməyi təmin edir. Lakin zaman keçdikcə çıxışların çox uzanması və eyni mövzuların təkrarlanması bu qaydanın tətbiqini çətinləşdirmişdi. Bu səbəbdən ən mühüm məruzələr üçün xülasələrin verilməsi qərara alınmışdı.

Hər kəsin müəyyən edilən türk dilində xülasə verilməsi düşünülmüşdü. Buna qarşılıq, müxtəlif türk toplumlarından gələn iştirakçılar üçün Türkiyə türkcəsi və ya Anadolu türkcəsinin seçilməsi uyğun hesab edilməmişdi. Əslində, əvvəldən yalnız Türkçə danışılmasının mümkünsüzlüyü deyil, Çıxışların anlaşıla bilməsi üçün yenidən rus dilinə müraciət edilməsi də vacib idi. Buna görə rus dilinə tərcümənin aparılması zəruri görülmüşdü.

Qurultayda müxtəlif türk dillərinin eyni anda rus dilinə tərcümə edilməsi də vacib idi. Müxtəlif türk dillərini bir-birindən fərqləndirən, lakin eyni zamanda onları bir araya gətirən rəngarəng bir mühit yaranmışdı. Rus dili bu mühitdə bir növ vasitəçi rolunu oynayaraq, iştirakçıların bir-birinə yaxınlaşmasına, onların öz xüsusiyyətlərini qorumaqla qarşılıqlı ünsiyyət qurmasına imkan verirdi.

Türk dilinin, ədəbiyyatının və tarixinin müzakirə mövzusu olduğu bir toplantıda türk dilləri ilə aparılan çıxışların qeydə alınmaması mümkün deyildi. Lakin türk dillərində aparılan çıxışlar stenoqramiyaya tam şəkildə salınmamışdı. Bunun əsas səbəbi Sovet İttifaqında yaşayan türk soylu xalqların öz dillərində apardıqları çıxışların geniş miqyasda qeydə alınmasının müəyyən çətinliklər yaratması idi. Bu vəziyyət qeydlərin daha çox rus dilində aparılmasını zəruri etmişdi.

Rusca xülasə istənilməsinə baxmayaraq, türkcə aparılan çıxışların rusca xülasələrinin verilməsi sonrakı mərhələlərdə də tətbiq edilmişdir. Məsələn, F.Ağazadənin türkcə çıxışının xülasəsi daha sonra rus dilində təqdim edilmişdir. Bəzi çıxışçılar üçün rusca xülasə tərtib edilmiş, bəzilərinin isə çıxışları birbaşa rus dilinə tərcümə olunaraq stenoqrafiyaya  salınmışdır.

Bu məsələnin əsas səbəbi katiblərin və stenoqrafların türk ləhcələrinin hamısına tam şəkildə bələd olmamaları idi. Türk dünyasının müxtəlif bölgələrindən gələn iştirakçıların danışdıqları dillər və ləhcələr arasındakı anlaşıqlılıq səviyyəsinin aşağı olması da bu vəziyyəti daha da mürəkkəbləşdirirdi.

21- ci sual belədir: “Ənvər paşa birici türkoloji qurultaya gəldimi?”.

Şükrü bəy birmənalı şəkildə bidirir ki, xeyir. Çünki Əvnər paşa 4 avqust 1922-ci ildə Düşənbə yaxınlığında Qurban bayramı ərəfəsində əsgərləri ilə bayramlaşarkən rusların hücumuna məruz qalmış və şəhid olmuşdur. O zaman niyə düşünülür ki, Ənvər paşa qurultayda iştirak edib? Bu suala Şükrü bəy aydınlıq gətirir. Ənvər Paşa 1920-ci ildə sentyabrın 1 -də I Şərq Xalqları Qurultayında iştirak etmişdir. Opera tetrında keçirilmiş bu qurultayda Ənvər Paşanın şəkli də var.

39-cu sual belədir: “Qurultayda türklərin rəsm sənətindən danışılbmı?”. Əslində bu da mübahisəli məsələlərdəndir. Çünki 1 Türkoloji Qurultayda yalnız əlifba, orfoqrafiya, etnoqrafiya məsələlərinin yer aldığından bəhs olunur. Lakin Şükrü bəyin tədqiqiatı nəticəsində bəlli olur ki, qurultayın ikinci oturumunda Aleksandr Aleksadroviç Miller türk xalqlarının rəsm sənti haqqında məruzə ilə çıxış edir.

Müəllif qurultayda məruzə söyləmiş hər bir məruzəçinin tərcümeyi -halını, türkologiyayya xidmətlərini təqdim edir və sonra qurultaydakı məruzəsində hansı məsələlərə toxunduğunu qeyd edir. Sadə xalıqn, bakılıların I Türkoloji Qurultaya münasibəti, marağı da müəllifin nəzərindən qaçmır. Dinləyici qismində zala buraxılan xalq nümayəndələrindən əlavə bugünkü Sabir bağında, İsmailiyyə binasının qarşısında xalq yığışıb səsgücləndiricilər vasitəsilə məruzələri dinləyirmişlər.

Kitab haqqında uzun – uzadı danışmaq mümkündür. Hər bir sualı, sualın cavabında işıq üzü görən həqiqətləri saatlarla təhlil etmək olar.  Sonda bir fikri bildirim ki, bu kitab sadəcə olaraq I Türkoloji Qurultaya həsr olunmuş, qurultaydakı hadisələri təsvir edən bir əsər deyil. Bu kitab türkün tarixidir. 1937 -ci ildə güllələnən türkologiyanın tarixi. Eyni zamanda türkologiyada Bakının tutduğu mövqeyinin göstəricisidir. XX əsrin 1-ci yarısında Bakıda mövcud olan elmin, mədəniyyətin, təhsilin güzgüsüdür.

100 il bundan öncə doğma paytaxtımız Bakıda baş tutan bu möhtəşəm tədbiri bu qədər dəqiqliklə araşdırıb, belə gözəl əsər ərsəyə gətirən professor Şükrü Haluk Akalına bu kitab üçün yalnız və yalnız təşəkkür borcluyuq.

Qətibə Çingiz qızı Mahmudova,

AMEA Nəsimi adına Dilçilik İnstitutunun

Türk dilləri şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I