DÖYÜŞÇÜ ƏSGƏRLƏRİN ŞEİRİ
Başqa cür olur sülh dövrünün əsgərləri…
Üst-başları təmiz,
geyimləri ağ boyunluqlu,
uniformaları ütülü.
Nizamlıdır hərbi yerişləri,
həmahəngdir addım səsləri…
“Düzlən” əmrinə ox tək düzlənərlər,
“Fərəqət” deyəndə dayanarlar mil kimi…
İşıq saçar epolitləri,
par-par parıldayar poqonları…
Şaxtaçı fanarları kimi işıldayar kokardaları…
…Amma,
döyüşçü çıxmaz əsgər geyimlilərin bəzilərindən…
Bu səbəbdən
döyüşçü əzəməti olmaz duruşlarında.
Təlim poliqonu bir başqa,
döyüş meydanı bir…
Elə bir fərq var ki,
döyüşçü ilə əsgər arasında…
Yalnız yaylım atəşlərinin istisində anlatmaq olur,
izah etmək minaların partlayışında…
Bir başqadır dolu kimi yağan güllələrin çapovulu,
tir hədəflərini aramla nişan almaq deyil bu…
Hər saniyə ölümlə rəqs etməkdir döyüş
tüstülənən tank qüllələrinin fonunda…
Döyüşçü olmağın söyüş söyməyi var
düşmən səngərinə düşən mərmilərin ardınca,
baxıb şaqqanaq çəkməyi
göyə sovrulan istehkam qurğularının uçuşuna…
Bunun bombardmançı qaldırmağı,
qırıcı endirməyi var, ey əsgər…
Bir “HÜÜ-CCUM” əmrinə min can fəda etmək
səngər-səngər böyüdükcə VƏ-TƏN…
Yer üzünün ən gözəl qışqırığıdır,
həm də ən vəhşicəsinə “QƏ-LƏ-BƏ” hayqırtısı…
Ən bəhərli yaz əkinidir torpağa BAYRAQ əkmək,
Əlbət, bir payız VƏTƏN yetişəcək bol-bol!
Biz müharibə əsgərləriyik, səngər döyüşçüləri…
Fərarini söyməyimiz var,
düşməni döyməyimiz var,
igidləri öyməyimiz var!
Amma…
Başqa cür olur sülh dövrünün əsgərləri, komutan,
üstü-başı təmiz, intizamlı…
Darıxdım “Əsgər, düzlən”,
daha sonra ” Marş” əmri üçün…
Dünyaya sülh gərəkdir, hər yerə, hər kəsə…
Elə bizə də!
Müəllif: SÜLEYMAN ABDULLA
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru