Etiket arxivi: Yazarlar 48

Həqiqət ŞAMİLLİ – Şirin xatirələr – şeirlər

Təsvir elə

Şair,məni vəsf elə,
Vəsf elə sevgi ilə.
Vəsf elə rəssam çəksin,
Özümə də göstərsin.

Rəssam,elə çək ki,sən,
Görsünlər ki,sevirəm.
Görsünlər ki,xoşbəxtəm,
Göstər ki,sevincliyəm.

Rəssam,çək sevincimi,
Boynumdakı incini.
Çəkmə gözdə kədəri ,
Sil qayğılı izləri.

Gözümü fərəhli çək,
Rəssam,sən ürəkli çək.
Tablo fərəhlə dolsun,
Orda kədər yox olsun.

Sevinci aşıb-daşdır,
Bizləri qoşalaşdır.
Biz qol-qola dayanaq,
Çiyin-çiyinə olaq.

Çək üzümə təbəssüm,
Gözdən sevinc tökülsün.
Dodağa gülüş qondur,
Tablodakılar gülsün.

Fırçandan sevgi axsın,
Çək ki,sevgi çoxalsın.
Üzdəki təbəssümlə,
Tablodan cütlük baxsın.

Yarat bizi,vəsf ilə,
Yarat bizi sevgiylə.
Yarat birlikdə olaq,
Rəsmdə daim qalaq.

Günahımı bilmədim

Kipriyinlə oxlanıb,
Baxışına bənd oldum.
Əzabınla yoğrulub,
Gözlərində qovruldum.

Səadəti düşünüb,
Vüsalına tələsdim.
Həsrət məni ləngitdi,
Hicranına rast gəldim.

Nə etsəm də olmadı,
Yenə həsrət yaşadıq.
Yollarımız ayrıldı,
Qəm və kədər daşıdıq.

Cəlladım susqun oldu,
Günahımı demədi.
Sakitliyi pozmadı,
Bir kəlmə də dinmədi.

Demədi ki,sevirəm,
Danışmadı sevgidən.
Bu qəlbimi ömürlük,
Alıb götürdü məndən.

Qəlbim üçün susuram,
Ona heç acımıram.
Bilirəm qoruyacaq,
Odur səssiz qalıram.

Darıxıram

Darıxıram sakitcə,
Darıxıram mən səssiz.
Darıxıram eləcə,
Darıxıram səbəbsiz.

Səsini eşitməkçün,
Gülüşünü görməkçün,
Hər gün səni anıram,
Səninçün darıxıram.

Darıxıram payızda,
Yarpaqlar töküləndə.
Buludlar toplaşanda,
Göydən leysan tökəndə.

Darıxıram qışda da,
İsti soba yanında.
Bala pişik ana üçün,
Mənimtək darıxanda.

Darıxıram yaz vaxtı,
Tumurcuq açılanda.
Sənin ətrini verən,
Çiçəyi qoxlayanda.

Səninçün darıxıram,
Hər məclis toplaşanda.
Qonaqlar əylənirlər,
Mən qalıram bir yanda.

Darıxıram şər vaxtı,
Gün batdığı zamanlar.
Yenə qarşılaşmağım,
Bəlkə möcüzə olar.

Səhərlər darıxıram,
Gözünü görmək üçün.
Ayılanda mən kaş ki,
O gözləri görəydim.

Darıxıram gecələr,
Gecələr uzun olur.
Sənsiz olan gecələr,
Ömrümə şeir yazır.

Şeirdə darıxıram ,
Gözümdən yaş süzülür.
Misraya sözlər deyil,
Göz yaşlarım düzülür.

Darıxıram sədasız,
Mən sözsüz darıxıram.
Kəlmə belə demədən,
Yollarına baxıram.

Həsrətlə gözlədiyim,
Qəlbdə əzizlədiyim,
Yollarına baxıram,
Səninçün darıxıram.

Baxışdan anlayardın

Sevgi paltar deyil ki,
Çıxarasan əynindən.
Təzəsini alasan,
Yenisini geyəsən.

Sevgi çıxmaz yadından,
Unudulmaz olanlar.
Yaşanan xatirələr,
Yaddaşa toplanarlar.

İstərəm xoş gülüşlə,
Mən səni xatırlayım.
Bir dəfə çevrilib bax,
Minnətdarlıq yaşayım.

Çevrilib üzümü gör,
Bax gözümə,salam et.
Bir anlıq gülümsəyib,
Sonra öz yolunla get.

Baxım ardınca sənin,
Ürəkdə tir-tir əsim.
Yenidən görmək üçün,
Yollarına tələsim.

Hər dəfə rastlaşanda,
Qəlb atışım çoxalsın.
Az qala çırpınaraq,
Boğazımdan o çıxsın.

Səni bir daha görmək,
Yenə sevmək istərəm.
Gəlişini gözləyib,
Yoluna dikilərəm.

Yenə gənclikdəki tək,
Susaraq danışmaram.
Məni gözümdən anla,
Sənə qurban olaram.

Anladığın günlərçün,
Alışaraq yanaram.
O günlərdə min kərə,
Yenə qurban olaram.

Xatırlayıram indi,
Yolunu gözləyərdim.
Sən dərsdən qayıdanda,
Mən qarşına gələrdim.

Heç nə olmamış kimi,
Yanından mən keçərdim.
Dilim o vaxt tutular,
Gözlə salam verərdim.

Demədiyim sözləri,
Baxışlarım deyərdi.
Səni sözsüz sevərdim,
Lal qəlbim titrəyərdi.

Susardım,danışmazdım,
Sözə gərək qalmazdı.
Anlayardın baxışdan,
Dilə gərək olmazdı.

Qəlbimi dinlə

Sən mənim baharım,
Sən mənim qışım.
Sən mənim ömrümə,
Yağan yağışım.

Narın,səssiz yağışlar,
Nur çiləyib sevgimizə.
Susub o lal baxışla,
Qəlbimi bir az dinlə.

Gör nədən söhbət açır,
Sənə nəyi söyləyir.
Bəlkə ilk vurğunluğu,
Bəlkə dərdini deyir?

Dinlə,gör xatirində,
Qalıbmı olub-bitən.
Ya hər şeyi unudub,
Əl çəkmisən sevgidən?

Sən nəyi xatırladın,
Nələr gözdə canlandı?
Yoxsa sevincin itdi,
Kədər gözdə canlandı?

Yadındamı o yolda,
Məni qarşılamağın?
Mən yanından ötəndə,
Mənə gizlin baxmağın?

Bəlkə unutmusan sən,
Silinib xatirələr.
Dinlə hər şeyi deyim,
Yada düşsün ötənlər.

Dinlə qəlbim danışsın,
Söz açsın xatirələr.
Bu işıqlı dünyaya,
Göz açsın xatirələr.

Vüsal bizə sarılsın,
Səadət də doğulsun.
Bizi birlikdə görən,
Kədər qəmə boğulsun.

Xatirələr

Yenə yadıma düşdün,
Xatirələr oyandı.
Elə bil oda düşdüm,
Keçmşə yol uzandı.

O yollarda sən vardın,
Yolda sevgi axtardım.
O yollarda gizlicə,
Mən də sənə baxırdım.

Xatırladım gözünü,
Gözündə atəş gördüm.
Xatırladım üzünü,
Üzündə təlaş gördüm.

Xatirəmdə necəydin,
Eləcə də görürdüm.
Hələ də sən gənc idin,
Bil ki,qəlbdən sevirdim.

Film tək gözlərimdə,
Canlanır keçmiş günlər.
Hələ gizli baxışlar,
Etirafsız sevgilər.

Gördüm gizli baxışı,
Hərarətli gözləri.
Gördüm o baxışlarda,
Demədiyin sözləri.

Mənə söz söyləməzdin,
Dinməz və susqun idin.
Demədiyin kəlməni,
Gözlərinlə deyirdin.

Oxuyurdum gözlərdən,
Qəlbindən keçənləri.
İstəyirəm o günlər,
Yenə dönsünlər geri.

Yenə mənə sevgini,
Susqun,kəlməsiz anlat,
Ürəyindən keçəni,
Susub gözünlə yaşat.

Bircə dəfə görsəydim,
Gözlərinə baxardım.
Sevib sevmədiyini,
O gözlərdən anlardım.

Anlardım nə deyirsən.
Bir dəfə rastlaşsaydıq,
Baxışından bilərdim,
Varmıdır hələ sevgin.

Suallarım bitərdi,
Bircə dəfə görsəydim.
Mən çox xoşbəxt olardım,
Sevgini bildirsəydin.

O gözlərdən baxışlar,
Gözümə dikilərdi.
Mənim də gözlərimdə,
O an sevgi dinərdi.

Yaxşı ki,susub durdun,
Yaxşı ki,dillənmədin.
Bəlkə də dillənsəydin,
İndi çox peşman idin.

Bilmirəm qəlbindəki,
O gizli söhbətləri.
Görsəm sözsüz anlaram,
Gözündəki kədəri.

Bilərdim nə deyirsən,
Bu gün nə söyləyirsən.
Dəyişmisən sevgini,
Yoxsa dəyişməmisən?

Məni yaddan çıxarıb,
Bəlkə unutmusan sən .
Bəlkə də bu sevgiyə,
Çoxdan vida etmisın.


Səni sevdim

Deyirlər hər nağıl,
Belə başlayır.
Birisi var idi,
Biri yox idi.

Bizim də nağlımız,
Belə başladı.
O gözdən qəlblərə,
Dinməz yol aldı.

Sevgi qəfil gəlib,
Gözdə başlarmış.
Qığılcım alarsa,
Qəlbdə yaşarmış.

Sevənlər ayrılsa,
Üzlər gülməzdi,
O sevgi ömürlük,
Bitmək bilməzdi.

Bir oğlan bir qıza,
Aşiq olmuşdu.
Qız da özlüyündə,
Çox vurulmuşdu.

Onlar bir-birini,
Dinməz sevərdi.
Qız bədirlənmiş ,
Aya bənzərdi.

Boy-buxunlu oğlan,
Onu sevirdi.
Beləcə gün keçib,
Ay ötüşürdü.

Gənclər danışmazdı,
Gözlər dinərdi.
Onlar görüşməzdi,
Dilsiz sevərdi.

Gözlər danışanda,
Söz söyləyərdi,
Kipriklər dillənib,
Hər şey deyərdi.

Arzular dünyaca,
Onlar sonsuzdu.
Xəyal hüdudsuzdu,
Birlik imkansızdı.

Beləcə gün keçdi,
Aylar dolandı.
Qız xəbər tutdu ki,,
Vüsal yalandı.

Anladı o gün qız,
Olub-bitəni.
Bildi dinləyəcək,
Oğul ailəni.

Beləcə ayrıldı,
Yollar o andan.
Amma qız qopmadı,
Öz xəyalından.

İllər ötdü-keçdi,
Aylar dolandı.
Qız qəlbində hər an,
Sevgini andı.

Ürəkdən dua edib,
Arzu söylədi.
Amna hər zaman da,
Yolun gözlədi.

İndi artıq onlar,
Çox dəyişiblər.
İllər ötüb-keçib,
Ayrı düşüblər.

Keçmiş sevgiləri,
Yenə qəlbdədi.
Bəlkə də rastlaşsa,
Gözlər dinərdi.

Gözlər danışsaydı,
Onlar deyərdi.
Deyərdi ki,səni,
Heç unutmadım.

Sənə hər zaman,
Bil ki,inandım.
Bircə an olsa da,
Qəlbdən çıxmadın.

Yaddaşımda mənlə,
Birgə yaşadın.
Mənimlə uyudun,
Mənlə oyandın.

Tək səni sevmişəm,
Dedim biləsən.
Özgə birisini,
Heç sevməmişəm.

Müəllif: Həqiqət ŞAMİLLİ

HƏQİQƏT ŞAMİLLİNİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Cihangir NOMOZOV “Tərcüman”ın qonağıdır.

Cahangir Furqət oğlu Namazov 1997-ci ildə Nəmənqan vilayətinin Pap rayonunda anadan olub.
Cihangir NOMOZOV,
“Butov Azərbaycan” qəzetinin və “Yazarlar” jurnalının Özbəkistan üzrə müxbiri.
“Juntos por lasLetras” Argentina beynəlxalq yazıçılarının Özbəkistan üzrə fəal üzvü  və işçi qrupunun koordinatorudur. Turkiyə dövləti “SİİR SARNİCİ” elektron jurnalının Özbəkistan üzrə nemayəndəsidir.
Qırğızıstan Respublikasında təşkil edilən “Dünya talantları”  beynəlxalq birliyinin üzvü, “Abay” medalının, “Beynəlxalq Əmir Teymur Xeyriyyə Cəmiyyəti Fondunun
“Unutmaz məni, bağım”,
Usman Nasir,
“Berdak Karagbay oğlu”
xatirə nişanları”nın sahibidir.
Türkiyənin “Güzel Alanya”
mükafatı laureatı.Qırğızıstan Respublikası “Qırğız şair və yazıçıları” ictimai fondunun üzvüdür. Gənc yazarların ənənəvi seminarlarının iştirakçısıdır. Şeirləri “Müjdə”, “Flaşmob” toplularına daxil edilib.
Yaradıcılıq nümunələri Kazaxıstan, Qırğızıstan, Türkmənistan, Keniya Azərbaycan, Türkiyə, Danqladeş,  Nepal, Əlcəzair, Vyetnam, Serbiya, Hindistan, Rusiya, Makedoniya, Belçika, İtaliya, Çin, İspaniya, Albaniya, Koreya, Almaniya,
Avstraliya,  Amerika dövlətlərinin qəzet –jurnallarnda, həm də Ədəbi internet saytlarında dərc olunub. 2021-ci ildə “İçimdə üsyanlar adlı şeir kitabı nəşr edilib.
Həmmüəllifliktə
“Müqəddəs yer” tarixi kitabı , “Günəşin nəfəsi” poetik kitabı Türkiyənin Beygenç nəşriyyatında, “Pain” adlı şeir və məqalələr kitabı Amerikanın “Amazon” saytında nəşr edilib.
Özbəkistan Jurnalistika və Kütləvi Kommunikasiyalar Universitetinin tələbəsi.

RAHATLIQ

Xəyallarımın ağuşunda,
Bilmirəm hansı mənzilə axdım.
Ömür boyu buşlamış qəlbdə.
Od qaladım, ocaq çatdım.

Bu dünyaya gələndən bəri,
Nə üçün yaşamağımın özü?
Ya ötəri, boş həvəsdir deyib:
Söndümü bəxtimin ulduzu?!

Həyat bu qədər amansız olsa,
Yalan səhnələrin yerində.
Çıxıb rahatlıqlara gedəcəyəm,
Arzularımın çiyinlərində


Bağımdan ümidlər zınqırov asar,
Əzablar yarpaqtək tökülər bir-bir.
O kimdir, getdiyim yolları qazar,
Hələ tale özü mənə can verir…

Gözlərimdə sonməz inam uçuşu,
Önümdə pərvanə şadlığın eylər.
Uğur ayğırlarım elə qaçırlar,
Yəqin yaxın gəlməz mənə sitəmlər.

Əsla alışmadım mən belə şeyə,
Mənimçün ötən an, özü əsrə tən.
And-aman eləyib baxıram göyə,
-“Bəndəm, möcüzəni özün yarat sən!..”

Anladım dünyanı anladığımca,
Necə yaşamağı az-çox öyrəndim.
Kimlərsə diliylə hərəkət etdi,
Mən isə hər yerə qəlbimlə getdim.

Əsla yenilmədim yeniliklər,.
Özümü qınayıb çəkirəm zəhmət.
Canı yandırnasan, canan hardadır?
Əməksiz kimsəyə gəlməz şərafət.


Köhnə təşvişlərə sarmaşıb qaldım,
Yenə iztirabdan çıxmadı başım.
Boşa ağlamaram deyirdim, sonda,
Yağış olub axır gözümdən yaşım.

Bu gün gözlərimdə qayğılar şəkli,
Köhnə kitab kimi, toz basıb könlüm.
Yersiz xəzan oldu ümid güllərim,
Dəli küləklərtək dağılmış ömrüm.

Mən oyaq qalıram yuxularımda,
Dualar edirəm xoş yatışımda.
Harada itirib qoydum özümü,
Xuşumda deyiləm, hətta huşumda.

Göydəki ulduzlar – qayğı-həsrətim,
Zil qara gecədir, ən sadiq dostum.
Özümün özümə gəlir nifrətim,
Məgər sevilmədin, sevmədin, köksüm?

Məni xatirata çəkir xəyallar,
Əlimdə qırışmış bir topa şəkil.
Təkrar yenə mənə dönüb gələydin,
Cansız şəkillərdə sən bəxt idin, bil.

Sinəmdə ilahi dərdlər gül açdı,
O böyük məhəbbət, eşq dönür nəzmə.
Qəlblərdə əbədi, daim səslənir,
Mənim ürəyimdən doğulan nəğmə.

Ruhum, məğlub olma rütubətlərə,
Həmişə hazır ol, güləşə, cəngə.
Qəlbdə dünya-dünya arzular ilə,
Nurlu sübh önünə çıxdım yenicə.

Ürəyim, təmiz ol, ağ kağı kimi,
Arzular başşqadır, məqsədlər türfə.
Bunda rahatlığa yer yoxdur, əsla,
Sənin adın bəxtdir, yeni səhifə.

ŞEİRİM…

Hər gündə mən sənə şeir yazaram,
Lakin verəmmirəm sənə birini.
Hər gün sənə bağdan güllər üzürəm,
Lakin verəmmiəm sənə birini.
Qəlbin təndirindən üzüb verərəm,
Bizim sevgimizin isti fətrini.

Sizə gül verərəm, yoxdur sovqatım,
Verə bilməyirəm ləl, tac- taxt, fəqət.
Səninçün yaşatdım, al bu eşqimi,
Al, sənə ürəkdə hədsiz məhəbbət.

Al mənim canımı, can gərək olsa,
Verim sənə qəlbən ürək sirrimi.
Canımı, ömrümü vrtsəm də sənə,
Əfsus verəmmirəm bir şeirimi.


Keçən günlərimin hamısı röya,
Zaman geri dönməz, yersiz əlaclar.
Gəncliyin darıxan çölləri kimi,
Gülaçma dövrünü bilir ağaclar.

Lakin xatirədə yaşayar keçmiş,
Ürəkdən silinməz illərin izi.
Sönsə də göylərin ayı, ulduzu
Əsla unudulmaz var olmaq sözü!

BAHARIM

Ey baharım, sən hardasan, ey baharım,
Qışda qəlbim mürgülədi, donub keçdim.
Kim dinləyər, nədir qəlbdə ahu-zarım,
Dərdlərimi kağızlara deyib keçdim.

Ey baharım, sən hardasan, ey baharım,
Sənsiz ömrüm gül açmadı, xəzan oldu.
Unudulub aydan aydın arzularım,
İstəyini tapa bilmək güman oldu.

Ey baharım, sən hardasan, ey baharım,
Ürəkdəki ümidlərim sönüb bitdi.
Sən olmasan mənə ilham biganədir,
Qələmimi qara rəngi dönüb getdi.

Ey baharım, sən hardasan, ey baharım,
Darıxıram, qəlbə hisslər salaraq gəl,
Bu canımdan keçdi mənim əzablarım,
Bir də mənə şadlıqları alaraq gəl.

Ey baharım, sən hardasan, ey baharım,
Gəl, indi gəl, könülə yol başla indi.
Məni əsla tərk eləmə ömür boyu,
Gəlib mənim ürəyimdə yaşa indi.


Səhraya dönübdür daşlıq ürəyim
Allahım mehriniz abad olarmı?
Yağışa çevrilib yağar diləyim,
Doğrudan, arzular bərbad olarmı?

Şamtək əriməkdə səbrim, taqətim.
Qələbə onları udae həm yəqin
Taleyin əlində bəxtim, qismətim,
Ürəkdə parlarmı ümidli çağın

Gözlərim pərişan dikilib durar,
Xəyal çaşıb alır yolun haraya?
Arzular qanadın uçuşa açar,
Məni alıb gedər ürəyim Aya.


Səninçün çoxluca darıxdım yaman,
Hicran cığırından keçəmmirəm mən.
Unutsam da köhnə xatirələri,
Həsrət iyi gəlir köynəklərimdən…

Məsafələr bizi ayırdı, canım,
Yollar sevgimizə oldular zaval.
Görüş istəməklə ötər hər anım,
Həsrət duran yerdə gözləyir vüsal…

Rəngləri saralıb, tökülməkdədir,
Səninçün açılan qızılgüllərim.
Qəlbimdə gül açan həsrətim, sənə
Bahar güllərindən ətir yolladım.


Ürəyim ovcumda gəlmişəm kəndə
Özümü itirib, yandım, əsməm var.
Albomda uşaqlıq şəklimi görüb,
Gözümdən tökülüb getdi muncuqlar.

Uşaqlığım keçən hər bir döngənin
Gəzib keçdim bütün dərə-təpəni.
İçimdə çat verib nə isə sındı,
Gördüm çaylarında sönən ləpəni.

Ey kəndim, canımı həsrətdə yaxdın
Saldın ürəyimə dərdlərin cəmin.
Canımı isidən günəşə baxdım
Nurlu çöhrəsini anıb nənəmin.

Şeir yazmağa da əlim getmədi
Könül də ovunmaz səsdə, havada.
Gözümü bərk yumub özümü atsam
Axıb, uşaqlığa getsəm dəryada…

Şeirlərin müəllifi: Cihangir NOMOZOV
Azərbaycan dilinə uyğunlaşdıran: Şahməmməd Dağlaroğlu

CİHANGİR NOMOZOVUN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Zəhra Həşimova yazır:

“Consilium inveniunt multi, sed docti explicant” — “Bir çox insanlar ideyalar yaradar, ancaq onları yalnız maariflənmiş insanlar şərh edə bilərlər!”

Bir çox insanlar ideyalar yaradır, lakin yalnız dərin biliyə və müdrikliyə malik olanlar bu ideyaları anlamağa qadirdir. Əsl müdriklik təkcə fikirləri ifadə etməklə deyil, həm də onları başa düşmək və izah edə bilməklə yaranır. Bu sitat bizə biliyin səthində qalmaqdan kənara çıxmalı olduğumuzu xatırladır. Həqiqi hikmət üçün təkcə ideya istehsalı deyil, həm də bu fikirlərin dərindən təhlili və şərhi lazımdır. Hikmət düşüncələri emal etmək və onları dəqiq ifadə etmək üçün lazım olan dərin anlayışla gəlir. Düşüncələrimizi başa düşülən etmək insanları bir araya gətirir və sosial tərəqqiyə töhfə verir. Yəni düşüncələrimizi formalaşdıran, həyata keçirənlər dəqiq təhlilə, dərin perspektivə malik olanlardır.
Bu ifadə yalnız problemin həllini tapmağın deyil, həm də onu hərtərəfli başa düşməyin vacibliyini vurğulayır. Bu, sadəcə bir həll tapmaq üçün kifayət etmədiyini göstərir; həm də təsirli şəkildə izah və ifadə etməyi bacarmalıdır. Bu, problemlərin effektiv həllində və fikirləri başqaları ilə bölüşməkdə bilik və təcrübənin dəyərini vurğulayır.

Müəllif: Zəhra HƏŞİMOVA

“ARİSTOTEL POETİKASI” RUBRİKASI

ZƏHRA HƏŞİMOVANIN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

“Ərənlərin nəğməsi” (Çeçen şeirindən seçmələr) kitabı və kitabda toplanmış nümunələr haqqında.

ƏRƏNLƏRİN NƏĞMƏSİ

(Çeçen şeirindən seçmələrə tərtibçidən son söz)

2023-cü ilin aprel ayının 5-i idi. Yazıçılar Birliyindəki iş otağımdan çıxıb yuxarı, redaksiyaların yerləşdiyi çardağa qalxmalıydım, indi yadımda deyil hansı iş üçün. İkinci mərtəbədə, Səməd Vurğunun böyük rəsmi önündə dağlı üsulu başı yaylıqlı iki xanım gördüm. Sual dolu nəzərlərlə qarşılaşdım, ayaq saxladım, kim olduğumu dedim və onlara necə kömək edə biləcəyimi soruşdum. Məlum oldu ki, qonaqlar Çeçenistan Dövlət Pedaqoji Universitetinin elmi işlər və beynəlxalq əlaqələr üzrə prorektoru, biologiya elmləri namizədi, dosent Tamara Avtayeva, universitetin rus dili və rus dilinin tədrisi metodikası kafedrasının müdiri, filologiya elmləri namizədi, dosent Raisa Buralovadır. Azərbaycanın ən sevilən yazıçısı Anarla (elə belə də dedilər və əlavə elədilər ki, bunu Bakıya ilk gəlişlərində kitab sərgisində keçirdikləri “sorğu” nəticəsində müəyyənləşdiriblər, sonra da “Beşmərtəbəli evin altıncı mərtəbəsi”ni sevə-sevə oxuyublar) görüşmək, ünsiyyətdə olmaq istəyirlər. Anar müəllimin otağına keçdim, qonaqlar barədə məlumat verdim və 2-3 dəqiqə sonra o xanımları qəbul elədi. 10-15 dəqiqəlik mehriban söhbətin sonunda şəkil çəkməyim də xahiş olundu. Zaraftla “bahalı fotoqrafam” deyib, məmnuniyyətlə bir neçə şəkil çəkdim.

Görüşdən sonra qonaqları öz iş otağıma dəvət etdim. Çay təklif eləsəm də, Ramazan ayı olduğunu, oruc tutduqlarını xatırlatdılar.

Ramazanın 14-cü günüydü.

Düzü, sıxıldım və təəssüflə bildirdim ki, ikinci ildi səhhətim üzündən oruc tuta bilmirəm.

Söhbət zamanı qonaqlar bizim Dillər Universiteti ilə Çeçenistan Dövlət Pedaqoji Universiteti arasında sıx əməkdaşlığın, elmi və tədris mübadiləsinin olduğundan, Bakıya universitetin rektoru, akademik Kamal Abdullanın dəvəti ilə gəldiklərindən, Kamal müəllimin əsərlərindən, Bakıya sevgilərindən səmimiyyətlə və ağızdolusu danışdılar. Mən də, öz növbəmdə, onlara Yazıçılar Birliyi, birliyin tarixi, indiki vəziyyəti, nəşrlər və ayrıca olaraq “Dünya ədəbiyyatı” dərgisi, çap etdiyimiz kitablar barədə məlumat verdim. Dərginin Türkiyə, Rumıniya, Pakistan, İsrail ədəbiyyatına həsr olunmuş xüsusi saylarını, bir neçə kitabı onlara göstərdim (sonradan bəzilərini istədilər deyə hədiyyə də elədim).

Söhbətin ortasında Tamara Andıyevna qəfil soruşdu: – Dərginin çeçen ədəbiyyatı sayını da nəşr etmək olarmı? Tərəddüdsüz: – Əlbəttə, olar, – dedim. – Hətta çox yaxşı olar. Çox vaxtı biz üzümüzü uzaqlara, Qərbə, Avropa ədəbiyyatına tuturuq, daha çox qərbli müəllifləri tərcümə edirik. Halbuki əvvəl yaxın qonşularımızı, dostlarımızı, bizə yaxın olan xalqların ədəbiyyatını tanımalıyıq. Amma köməksiz olmur. Xüsusən, müəllif və mətn seçimində.

Beş gün sonra biz qonaqlarla yenə görüşdük. Bu dəfə onların təklifiylə və məqsədli. Azərbaycan Yazıçılar Birliyi ilə Çeçenistan Dövlət Pedaqoji Universiteti arasında Azərbaycan, çeçen və rus dillərində hazırlanmış əməkdaşlıq memorandumu imzaladıq. Bir müddət sonra mən çeçen dostların dərgimizin xüsusi sayı ilə bağlı, janrlar, növlər, bölmələr, rubrikalar, həcm barədə sorğularını, əsasən, texniki səciyyə daşıyan suallarını cavablandırdım və qarşı tərəf də Çeçenistan Yazıçılar İttifaqı ilə birlikdə bizimçün müəlliflərin, bədii və elmi mətnlərin seçilməsinə (seçim vaxtı bizim tələblər, əlavələr nəzərə alınır, suallarımız cavablandırılırdı), bioqrafik arayışların hazırlanmasına və tərcümə işinə başladı. Yazışma və münasibətlərimiz beləcə mütəmadi xarakter aldı.

Üzü payıza doğru çeçen həmkarlarımız hazırladıqları mətnləri bizə göndərdi və biz də, öz növbəmizdə, tərcümə prosesinə başladıq.

İndi ötənilki ilk görüşdən 10 gün əskik, düz, 1 il keçib. Bütün işlər bitib. 80-ə yaxın çeçen müəllifinin əsəri, proza və poeziya nümunələri, elmi məqalələrin toplandığı dərgi, “Dünya ədəbiyyatı” dərgisinin Çeçenistan ədəbiyyatı “xüsusi sayı”, yəqin 10-15 gün sonra çapa gedər, bir 10-15 gün sonra isə əlimizdə olar, inşallah.

Və mən də elə bu gün dərginin xüsusi sayı üçün 41 şairdən etdiyim poetik tərcümələrin (aşağı-yuxarı, üç min misraya yaxın poetik mətnin) hər şairdən yalnız bir şeir olmaqla, şeçdiyim hissəsini  – “seçmələr”i ayrıca toplu kimi çapa göndərməyə hazırlaşır, kitab üçün yazdığım Son söz yazısını bitirməyə, onu artıq səhifələnmiş kitabın axırına qoyulsun deyə mətbəəyə göndərməyə hazırlaşıram.

Hazırlaşıram və anlayıram ki, bu gün, martın 24-ü, yenə də Ramazanın 14-cü günüdür.

Həyatın qəribə qafiyələri var.

Hazırlaşıram və ötən ilin iyun ayının 21-də Çeçenistana, Qroznıya ilk qısamüddətli səfərimi xatırlayıram: Çeçenistan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dillər Universiteti və Azərbaycan Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş silsilə tədbirlərə dəvət olunmuşdum. İş elə gətirmişdi ki, həmin tədbirlərə Dillər Universitetinin prorektoru Jalə Qəribova, pedaqogika kafedrasının müdiri Nigar Zeynalova və “Təhsil-1” fakültəsinin müdiri Fikrət Cahangirovdan ibarət bizim nümayəndə heyəti ilə birgə və birbaşa Bakı-Qroznı təyyarə reysiylə deyil, 5 gün əvvəl getdiyim, Beynəlxalq Mihay Eminesku Akademiyasının təşkilatçılığıyla Rumıniyada, Krayova şəhərində keçirilən şeir festivalını 2 gün tez tərk edib Krayovadan Buxarestə yol maşını, Buxarestdən İstanbula və İstanbuldan Mineralnı Vodıya təyyarə, Mineralnı Vodıdan Qroznıya isə məni gözləyən taksi ilə bütövlükdə 16 saat çəkən yolçuluqdan sonra qatıla bilmişdim. Əslində səfərin 1 saatını özüm uzatmışdım. Məni Qroznıya aparacaq çeçen sürücü Lemadan xahiş eləmişdim ki, öz E 005 KX 134 RUS nömrəli “Hundai Solaris”ini Pyatiqorskdan sürsün. Lema xahişimi yerə salmamışdı və üstəgəl, bu plansız səfər üçün ona vermək istədiyim “qonorar”ı da axırda, nə illah eləsəm də götürməmişdi. İlk dəfə 34 il əvvəl rəhmətlik atamla bərabər gəzdiyimiz həmin şəhərə bir də ayaq basmaq, birgə qalxdığımız Maşuk dağına təkrar, kənardan da olsa baxmaq, Lermontovun dueldə öldürüldüyü yeri (çeçen poeziyasını tərcümə prosesində bir daha anladım ki, çeçenlərdə Lermontova da Tolstoy qədər dərin sayğı var) görmək istəmişdim. Atamın Lermontov və Axundovun ona bağışladığı saz barədə danışdıqları indiyə qədər yadımdadır; yalnız bir misrasını dumanlı xatırladığım ilk şeirimi o gecə “yazmışdım”, Yessentukidə kirayə tutduğumuz evdə rəhmətlik anamı oyadıb demişəmmiş ki, mən şeir söyləyəcəm sən yaz; onda yazmağı bacarmır, hələ məktəbə getmirdim. Xalqlar da uşaqlar kimidi. Əvvəl danışır, sonra yazmağı öyrənirlər. Və hələ bilmək olmaz ki, danışılanlarmı qiymətlidir, yazılanlarmı; nitqmi vacibdir, dilmi; folklormu, yazılı ədəbiyyatmı?!

Hər necəsə, hurrit-urart, sarmat-alan, süryani-nəsturi və qədim arami tayfa, dövlət, dil və əlifbalarının çeçen dilinin (və yazısının) tarixində izləri haqqında qafqazşünas alimlərin, tarixçi və dilçilərin çox müxtəlif elmi iddiaları, yozumları var. O da məlumdur və təsdiqini tapıb ki, çeçenlər tarixin fərqli dövrlərində gürcü, ərəb, latın və kiril əlifbasından istifadə ediblər; sonuncu bu gün də davam edir.

Şimali Qafqaz xalqlarının yeni yazılı ədəbiyyatları sırasına aid edilən hazırkı çeçen ədəbiyyatının tarixi son iki yüz ili əhatə eləsə də, əlverişli olmayan sosial-tarixi şərait üzündən onun yaranması, pərvərişi, sistemli öyrənilməsi əsasən, son yüz ildə baş verib. Hərçənd elə həmin o son yüz il də, əsla sadə dövr olmayıb; 3 dəfə “əlifba (ərəb-latın-kiril) islahatı”nın hər bir xalqın dili və ədəbiyyatı üçün, yumşaq desək, nə qədər böyük çətinliklər yaratdığını biz azərbaycanlılar pis bilmirik; üstəgəl, bütün bu əlifba dəyişiklikləri məlum tarixi hadisələrin, təlatümlərin, qanlı savaşların, repressiya və təqiblərin, sürgün, terror və vətəndaş qarşıdurmalarının təzahürü olub; növbəylə biri digərini doğurub, tətikləyib.

Folklorun, şifahi xalq ədəbiyyatının bir xalqın yazılı ədəbiyyatına böyük, danılmaz təsiri barədə xüsusi danışmağa ehtiyac yoxdur: biz yazmağı danışmaqdan öyrənmişik və bir tərəfdən, dilin (=nitqin), deməli, düşüncə tərzinin də saxlancı olan folklor nümunələri, eyni zamanda sonradan formalaşmış yazılı ədəbiyyatın bünövrəsini təşkil edir; bəzən əsas və əbədi ideya-məzmun istiqamətlərini, təbii, qismən vacib süjetləri, üslubi-estetik nüansları təyin edir; hökmən deyil ki, bunu həmişə birbaşa hiss edəsən.

Ədəbiyyatşünaslar tərəfindən yaşı 600 deyə təsbit edilən (bu dartışıla da bilər) çeçen qəhrəmanlıq nəğmələrinin, dastanların  – “illi”lərin də bu baxımdan maraqlı xüsusiyyətləri var. Nəql olunan hadisələr bir qayda olaraq bəlli bir mövsümdə, bir fəsildə, hətta günün konkret anında, məqamında baş verir (yapon haykularını xatırlamamaq mümkün deyil), bu da oxucu üçün süjeti bədii cəhətdən daha inandırıcı və dürüst edir. Adətən, qəhrəmanlar səfərə sübhdə çıxır, “düşmənlər”in (qarşı tərəf də demək olar) sadalanan eyib və pis keyfiyyətləri yalnız qəhrəman obrazının, onun xeyirxah amalının oxucu üçün “avtomatik” olaraq təqdimatına xidmət edir. Səfərə çıxan qəhrəmana anasının öyüdü, alqışı – monoloq, qəhrəmanın da, öz növbəsində, anaya xitabı, doğma aulu, kəndi ilə vidalaşması, öz vəfalı atına müraciəti, Tereki öyməsi “illi”lərin vacib elementlərindən sayılır. Əksər “illi”lər real tarixi hadisələrdən, xalqın yaşadığı həqiqi iztirablardan qaynaqlanır, işğalçılara və ədalətsizliyə qarşı mübarizədən, feodallarla savaşdan, öz sevgisi, sevgilisini müdafiədən danışır, dağlıların, xüsusən, islam qanunları əsasında formalaşan şərəf kodeksi, qonağa münasibəti, xüsusən, vətən və ana-övlad sevgisi sərgilənir, bu yolda məşəqqətlərdən söz edilir. Elə bu sətirləri yaza-yaza bir yandan, “Cəsur Çeq və Tayma oğlu Bəypolad” “illi”sini, bizim qəhrəmanlıq dastanlarını, sonra da böyük Səməd Vurğunun “Ananın öyüdü” şeirini xatırlayıram.

“İlli”lərin girişi, başlanğıcı da çox maraqlıdır. İlk “cümlədəncə” oxucu “hadisənin içinə daxil edilir”, həm nəql edənin qulaq yoldaşına, eyni zamanda “sonradan baş verəcək hadisələrin şahidinə” çevrilir.

Xatırlayıram və keçmiş tarixlə anlayıram ki, sən demə, çağdaş çeçen şeiri nümunələrini dilimizə çevirərkən (bu kitaba isə az əvvəl dediyim kimi, hər müəllifdən bir şeir olmaqla tərcümə edilmiş mətnlərin yalnız dörddə biri daxil edilib), demək olar, 41 müəllifin hər birinin poetik mətnində süjet xətti, mövzu, leytmotiv, janr xüsusiyyətləti, estetik nüanslar, kompozisiya modelləri baxımından “illi”lərdən miras qalan həmin bütün o sadaladığım bədii məziyyətlərlə, onların nişanələri ilə birbaşa ünsiyyətdə olmuşam. Şeirlərə varmış diqqətli oxucu mütləq əksəriyyəti intizamlı, qafiyəli, heca şeirlərindən ibarət olan poetik mətnlərdə az əvvəl yazdığım kimi və “illi”lərdə olduğutək mövzuların dəyişmədiyini, əsas mövzuların yenə də vətən eşqi, ana dominant olmaqla, valideyn sevgisi, sevgi, təbiətə və doğma yerlərə vurğunluq, dağlıların şərəf kodeksi olduğunu artıq bilir.

Görünür, müxtəlif xalqların tarixi və ədəbi proseslərinin sinxronlaşıb-sinxronlaşmamasından asılı olmayaraq (yəni ümumdünya ədəbiyyatı prosesi kimi təşkili nəzərdə tutulur), elə bir xalqın öz içində də tarix və ədəbiyyat hər nə qədər sinxronlaşsa, yaxud sinxronlaşmasa belə, nitqin və dilin ali hadisəsi olan şeir öz vacib mövzularını, lüğət tərkibini daim saxlayır; ilk növbədə, “vətən”, “ata-ana”, “günəş”, “dağ”, “övlad”, “çay”, “şərəf” kimi həqiqi sözləri, anlayışları qorumağı özünə borc bilir; çünki şair öz intuisiyası ilə nitqin və dilin, sözün və yaradılışın potensialına müraciət edir, ideal insanın mövcudluğunu bir an olsun belə gözdən qaçırmır. Bir az da böyük Avstriya şairi R.M.Rilkenin (1875-1926) “IX Düin elegiyası”nda yazdığı kimidir hər şey: “Bəlkə biz bu dünyaya ona görə gəldik ki, “quyu”, “darvaza”, “ev”, “ağac”, “pəncərə”, ya da uzağı, “qüllə”, yaxud “sütun” söyləyək. Amma elə söyləyək ki, həmin əşyalara indiyə qədər xəbərsiz olduqları xislətlərini də xatırladaq”.

Abad, əmin-aman, yaşıllığı və işıqları sayrışmaqla göz oxşayan Qroznını təkrar xatırlayıram. Şəhərin elə hissəsi var ki, həmin yeri asanlıqla yeni Astana, yaxud Dubayla qarışıq sala bilərsən.

Axşamüstüdü. Mərkəzdə türk ustaların inşa etdiyi 4 minarəli “Çeçenistanın ürəyi” məscidinə tərəf addımlayıram. Görüşdüyüm universitet müəllimlərinin və gənc tələbələrin, gün ərzində üz-üzə gəldiyim insanların elə yolboyu da təkəmseyrək qarşılaşdığım adamlar kimi sarışın, ağbəniz, işıqlı simaları, ağıllı baxışları təkrar-təkrar gözümün önündən keçir və anlayıram ki, Çeçenistan yaralarını sağaldıb, sağaldır.

Qoy Allah bu mərd xalqa bir də savaş, qırğın nəsib eləməsin:

“Səslərini dinləyib

artır təlaşım gecə,

Naməlum ulduzlara

uzanır gecə necə?

Uzanır gozləntiylə,

arzu, ümidlə dolu,

Gizlin sevinclə dolu…”

(M.Mamakayevin (1910-1973) “Bahar gecəsi” şeirindən fraqment)                                                                           

24 mart 2024-cü il.

Müəllif: Səlim BABULLAOĞLU

SƏLİM BABULLAOĞLUNUN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru