ZAUR USTAC – TƏNDİR BAŞI

TƏNDİR BAŞI
(… qınından çıxıb qınını bəyənməyənlərə…)
Tüstü deyil bu qalxan —
əsrlərin nəfəsidir.
Divara hopmuş dualar
isti çörək kimi açılır ovuclarda.
Başı bağlı, beli şallı nənə
vaxtı yoğurur,
xəmiri yox — taleyi yapır.
Əli xamırlıdır,
amma dünyanı tərpədən barmaqlardır onlar.
Təndirin ağzı —
Yer kürəsinin ürəyi,
oradan çıxan hər kökə
bir millətin davamıdır.
Burada böyüyür
başı papaqlı kişilər,
burada sərtləşir səs, baxış, iradə.
Buradan qalxır
şahın əmri, alimin sualı,
həkimin əli, bəstəkarın notu.
Aya gedən yol
bəzən raketdən yox,
təndir başında yeyilən
yağlı kökədən başlayır.
Nənə bayatı deyir —
amma bu bayatı
bir millətin həyat yolu,
dastandır,
səngərdir.
Gecələr
hamı yatanda
təndir başı pıçıltı ilə dolur.
Bir ana
şəhid balasının adını
odun közünə yazır,
göz yaşını una qatır,
səhəri çörək kimi çıxarır.
Təndir başı —
evdəkilərdən gizli ağrıların
son qalasıdır.
Heç kim görməz,
amma Vətən bilir.
Bura isti bir bucaq deyil,
bura ana qucağıdır —
ən geniş,
ən səssiz,
ən müqəddəs.
Od sönər,
daş dağlar dağılır,
amma təndir başı qalır —
xalqın yaddaşı kimi.
Müqəddəsdir təndir başı!
Çünki orada
çörək yox,
millət bişir.

26.01.2026. Bakı.

Müəllif: Zaur USTAC

AYB və AJB-nin üzvü, “Yazarlar” jurnalının baş redaktoru, şair-publisist, tərcüməçi-nasir.

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir