Məmməd Arazın məzarı başında “VƏTƏN MƏNƏ OĞUL DESƏ…” (esse) Vətən təkcə doğulduğun torpaq deyil. Vətən insanın nəfəsidir, yaddaşıdır, köküdür, adına layiq yaşamaq məsuliyyətidir. İnsan bəzən ömrü boyu özünü axtarır, bəzən də bütün ömrünü Vətənin içində tapır. Çünki Vətən insanı böyüdür, formalaşdırır, ona kimlik verir. Elə buna görə də Vətən sevgisi sadəcə bir duyğu yox, bir ömürlük sədaqətdir. Böyük şair Məmməd Arazın poeziyasında Vətən anlayışı hər zaman müqəddəs zirvədə dayanır. Onun misralarında torpaq daş deyil, nəfəs alan canlıdır; dağlar sadəcə yüksəklik yox, qeyrət rəmzidir; insan isə Vətən qarşısında cavabdeh olan bir övladdır. Həyat insanı dəyişir. İllər keçir, arzular köhnəlir, güclər azalır, zaman insanı öz süzgəcindən keçirir. Gənclikdə adam özünü dağ sanır, tufan sanır, ildırım sanır. Düşünür ki, dünyanı dəyişəcək. Amma zaman keçdikcə anlayır ki, insanı böyük edən güc yox, sədaqətdir. İnsanı ucaldan şöhrət yox, mənsub olduğu torpağa bağlılığıdır. Məmməd Araz bunu bir ömür yaşayıb yazan sənətkar idi. O bilirdi ki, insanın həqiqi qüdrəti Vətən sevgisindən başlayır. Elə buna görə yazırdı: “Vətən mənə oğul desə nə dərdim, Mamır olub qayasında bitərdim.” Bu misralar sadəcə şeir deyil. Bu misralar ömür andıdır. Bu misralar torpaq qarşısında baş əyməyin yox, torpağın özünə çevrilməyin etirafıdır. Mamır olmaq – kiçilmək deyil. Mamır olmaq – Vətənin daşına çevrilməkdir. Onun qayasına kök salmaqdır. Adın unudulsa belə, ruhunun torpağın yaddaşında qalmasıdır. İnsan üçün bundan böyük səadət varmı? Bu gün dünyanın müxtəlif yerlərində insanlar öz köklərindən uzaq düşürlər. Texnologiya böyüyür, şəhərlər böyüyür, imkanlar artır. Amma bəzən insanın ruhu kiçilir. İnsan doğulduğu torpağın qoxusunu, uşaqlıq küçələrini, ata ocağını unutmağa başlayır. Halbuki insan keçmişindən ayrılan kimi gələcəyini də itirir. Vətən sevgisi yalnız döyüş meydanında sübut olunmur. Vətən sevgisi müəllimin dərsində yaşayır, əkinçinin torpağında boy atır, şairin misrasında nəfəs alır, qələmin ucunda sabaha çevrilir. Hər vicdanlı əməl Vətənə xidmətin bir parçasıdır. Tarix boyu bu torpaqlar oğullar yetişdirib. Adı dastanlara dönən igidlər, sinəsini sipər edən şəhidlər, sözü ilə millətin ruhunu yaşadan qələm adamları… Onların hamısını birləşdirən bir həqiqət olub: Vətən onlara sadəcə yurd olmayıb – tale olub. İnsan bəzən öz ömrünü ölçmək istəyir. Nə qazandığını, nə itirdiyini düşünür. Amma ömrün həqiqi dəyəri insanın arxasında nə qoyması ilə ölçülür. Bir insan torpaq üçün nə etdi? Milləti üçün nə yazdı? İnsanlara nə verdi? Budur əsas suallar. Məmməd Arazın poeziyası bizi öyrədir ki, keçmişini inkar edən gələcəyini qura bilməz. İnsan dünənini sinəsindən asa bilməlidir. Keçmişindən utanmamalıdır. Çünki yaddaşını itirən xalq yolunu itirər. Bu gün də Vətən bizdən eyni şeyi istəyir: dürüst olmağı, vicdanlı yaşamağı, torpağın qədrini bilməyi. Vətən yalnız sərhəd xətti deyil. Vətən ana laylasıdır. Qəbir daşına çevrilmiş ata nəsihətidir. Məktəb həyətində dalğalanan bayraqdır. Yaddaşımızı yaşadan dildir. Qələmimizin yazdığı həqiqətdir. İnsan ömrü bir gün bitir. Adlar unudulur. Vəzifələr dəyişir. Şöhrətlər solur. Amma Vətən üçün yaşayanların izi qalır. Daşda qalır. Sözdə qalır. Ürəklərdə qalır. Bəlkə də insan ömrünün ən böyük arzusu budur – bir gün Vətən ona oğul desin. Və insan o zaman anlayar ki, ömrü hədər yaşamayıb. Çünki Vətənin qəbul etdiyi övlad olmaq dünyanın bütün şöhrətlərindən daha böyük mükafatdır. 14.10.2021. Bakı.
Salam olsun, dəyərli oxucum! Şükürlər olsun uca Yaradana! Sizlərlə hər yeni görüş mənim üçün həyatın davam etməsi deməkdir. Bu dəfə söhbətimizi çox hörmətli bir qələm adamına – ömrünün tam 52 ilini qələmdarlığa adamış Ayətxan Ziyada həsr edirik.
Qələmə sarılı 52 il
Bu göstərici Ayətxan Ziyadın peşəkar jurnalistikada ilk qələm nümunəsinin mətbuat səhifələrində göründüyü 1969-cu ilin avqust ayı deməkdir. Hansı ki, həmin il orta məktəbi bitirən 18 yaşlı Ayətxan Əlibayramlı (indi Şirvan) şəhər Partiya Komitəsinin orqanı olan “İşıq” qəzetində dərc etdirdiyi iki məqalə ilə Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) jurnalistika fakültəsinə sənəd vermək hüququ əldə etmiş və həmin fakültənin tələbəsi olmuşdur.
Əslində isə Ayətxan Ziyadı jurnalistikaya istiqamətləndirən yolun yaşı daha əvvəlki illərdən – orta məktəbdən bünövrə götürüb. Əvvəlcə oxuduğu sinfin, sonra isə şagirdi olduğu Hacıqabul 9 saylı dəmir yol orta məktəbin “Ədəbiyyat” divar qəzetinin redaktoru olub.
Ayətxan Ziyadın peşəkar yazıçı-jurnalist, tədqiqatçı ömrünü üç mərhələdə təsnifatlandırmaq olar:
– 1969-2001-ci illər. Bu illərin əhatəsində öncə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində (indi QSC), sonra müxtəlif respublika qəzet və jurnallarda çalışmış, yaxud çap olunmuşdur;
– 2001-ci ildən yaradıcılığına kitab nəşri də daxil olub. “Sənsiz, yaxud Arifsizlikdə ötən ömür” kitabı ilə açılan bu səhifə bu gün 16 kitabla uğurla davam etdirilməkdədir. Daha 9 kitabı nəşr üçün hazırdır;
– 2015-ci ildən bu ömürə elmi tədqiqatla məşğul olmaq kimi bir missiya da əlavə olunub.
Bu da xüsusi qeyd olunmalıdır ki, Azərbaycan ədəbiyyatında və jurnalistikasında “dissident ədəbiyyatı” və “Azərbaycan səlcuqları” mövzuları ilk dəfə A.Ziyad tərəfindən tədqiqata cəlb edilmişdir. “Heydər Əliyev – azad düşüncənin və milli təfəkkürün təəssübkeşi” məqaləsində ümummilli liderin dissident ədəbiyyatı ilə bağlı düşüncələri və mövqeyi önə çıxarılmışdır. Məqalə “Paritet” qəzetinin, “İpək yolu” elmi jurnalının və “Azərbaycan” jurnalının 2008-ci il saylarında dərc olunandan sonra ilk dəfə “Space” TV (daha sonra digər TV-lər də) bu mövzuda verilişlər səsləndirməyə başlamışlar.
Bu məqam üçün görəkkimdir Ayətxan Ziyad İsgəndərov?
Bu sualı daha təfərrüatı ilə “Bu mənəm – Ayətxan Ziyad” kitabında yazıçı-jurnalist, tədqiqatçının özü cavablandırıb.
İsgəndərov Ayətxan Ziyatxan oğlu 1951-ci il oktyabrın 15-də Hacıqabul şəhərində anadan olmuş, orta təhsilini 1969-cu ildə başa çatdırmışdır. ADU-nun (indiki BDU-nun) jurnalistika fakültəsinin 1975-ci il məzunlarındandır. Tələbəlik illərində Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin (indi QSC) fəal ştatdankənar müxbiri (1970-1976), təhsilini başa çatdırandan sonra isə ona doğmalaşan həmin ocaqda kiçik redaktor, redaktor, böyük redaktor-şöbə müdiri vəzifələrində (1976-1994-cü illərdə) çalışmışdır. 1994-cü ilin yayından sonrakı zaman kəsiyində “Ədalət” qəzetində, “Azərbaycan məktəbi” jurnalında, “Respublika”, “Naxçıvan” və “Yeni Naxçıvan”, “Həftə içi”, “Hakimiyyət və Xalq” qəzetlərində, 15.09.2004 – 03.04.2006-cı illərdə AMEA-nın İnsan Hüquqları İnstitutunda elmi işçi və paralel olaraq institutun nəşri olan “Dirçəliş-XXI əsr” elmi jurnalında (analitik-İnformasiya Mərkəzinin rəhbəri) çalışmışdır.
A.Ziyad İsgəndərovun 2007-ci ildən sonrakı fəaliyyəti ADPU ilə bağlıdır. Yanvar 2007 – fevral 2015-ci illərdə universitetin “Gənc müəllim” qəzetinin redaktoru, 2015-ci ilin martından isə ADPU Elmi-Tədqiqat Mərkəzinin elmi işçisidir.
AzTV-də işlədiyi 25 il müddətində Azərbaycan LKGİ MK (VLKSM MK) Komsomol Projektoru Qərargahının üzvü, AzTV Azad Həmkarlar Komitəsinin üzvü, AzTV Bağçılıq-bostançılıq təsərrüfatının sədri, AzTV DOSAAF-n sədri, AzTV Xalq Drujinası Qərargahının sədri (və s.) kimi ictimai işlərdə çalışmışdır;
– 1979-cu ildə Gənc Jurnalistlərin II Ümumittifaq Qurultayının nümayəndəsi olmuşdur (Moskva şəhərində keçirilmişdir), Ümumittifaq Teleradio Verilişləri Komitəsində (Moskva)yaradıcılıq təcrübəsi keçmış, kosmonavtların Baykanur Kosmodromunda (Moskva) olmuşdur;
– I Qarabağ Müharibəsinin ilk günlərindən ATƏŞKƏSƏ qədər – 6 il sərasər hər ay 7-10 gün cəbhə bölgələrində olmuş, Azərbaycan ordusunun döyüş yolunu tarixiləşdirən efir materialları ilə çıxış etmişdir.
– AzTV-də Hərbi Proqramlar və Salnamə baş redaksiyası yaradılmasının təşəbbüskarı olmuşdur.
– 2000-ci il parlament seçkilərində deputatlığa namizəd olmuşdur.
– “XX əsr Azərbaycan yazıçıları” ensiklopediyasında barəsində yazılmışdır.
– Haqqında vikipediya yaradılmışdır.
1980-ci ildən SSRİ Jurnalistlər İttifaqının, 2010-cu ildən Azərbaycan Jurnalistlər Birliyinin, 2015-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
MÜKAFATLARI
– 1980-ci ildə Azərbaycan LKGİ MK-nın Fəxri Fərmanını almışdır;
– Azərbaycanlı əsgər Rahib Məmmədova həsr etdiyi “Əfsanəyə dönən ömür” adlı radio verilişi pul mükafatı və əmək kitabçasına yazılmaqla dəyərləndirilmiş, radio verilişinin məqalə variantı “Ölməzlik” toplusunda nəşr edilmişdir (Bakı-Azərnəşr-1989. Səh: 60-67).
– Hərbi-vətənpərvərlik mövzusunda yazan jurnalistlərin yaradıcılıq müsabiqəsində “Ədalət” qəzetinin xüsusi mükafatını almışdır;
– 2012-ci ildə «Əsrin ziyalıları» Xeyriyyə İctimai Birliyinin «İlin alimi – İlin ziyalısı» diplomuna,
– 2019-cu ildə “Qafqaz-Media” İB-nın təsis etdiyi “İlhamlı Azərbaycan” diplomuna,
– 2021-ci ildə WWW/YAZARLAR/AZ-ın fəxri üzvü seçilmiş, “Ziyadar” diplomuna layiq görülmüşdür.
Nəşr olunmuş 16 kitabdan 6-sı monoqrafiya, 1-i dərs vəsaitidir. Daha 2 monoqrafiya nəşr üçün hazırdır.
ETM-də uşlədiyi 6 il ərzində 60-dan artıq beynəlxalq və respublika elmi konfransında, həmçinin 4 seminarda məruzə ilə çıxış etmiş, müvafiq sertifikatlara layiq görülmüşdür, elmi məqalələri konfrans materiallarında dərc edilmişdir. Seminarlardan biri AMEA-nın Dilşilik İnstitutunda olmuşdur.
Peşəkar jurnalist olduğu kimi,həm də peşəkar redaktordur
Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) Jurnalistika fakültəsini bitirəndən (1975-ci ildən bugünə qədər) redaktor işi əmək fəaliyyətinin tərkib hissəsi olub. Deyir, yazdığını əgər pozmağa “gücün” çatmırsa, səndən qələm sahibi çıxmaz. Öz yazılarına isə ən azı üç dəfə “qənim” kəsilir. Həm də yazdıqlarının üzərində o qədərdə “şəkil çəkir” ki, redəktəsini özündən savayı kim isə çətinliklə baş açıb islah edə (nizama sala) bilir. Redəktə işi üçün həmişə də 70 il dünyaya meydan oxumuş SSRİ-nin yaradıcısı Vladimir İliç Ulyanovun (Leninin) təqribən bu məzmundakı kəlmələrini nümunə çəkir: “Vaxtım olmadığı üçün uzun alındı”.
2013-cü ildə redaktoru olduğu və “Ön söz” yazdığı Reyhan Miqdadqızının kitabına xoş ovqatlı bir ad “bağışlayıb”: “Sevgim bir yaşıl yarpaq, ətri məndən”. Deyir, “İstədim oxucu bilsin ilk kitab müəllifi olan R.Miqdadqızının sevgisinə həyatın hansı rəngləri qatılıb”.
Bəs yarım əsri adlayan yaradıcılıq ömrü yaşayan Ayətxan Ziyad İsgəndərovun öz ömür yolu həyatın hansı rənglərini özünə hopdurub? Həyatın hansı rənglərinin sınağından və qınağından keçib bu ömür sahibi? 70 yaşına ərməğan etdiyi “Bu mənəm – Ayətxan Ziyad” adda kitabında müəllif bu sorğunu cavablandırmağa çalışıb.
NƏŞR EDİLMİŞKİTABLARI
1. “Sənsiz, yaxud Arifsizlikdə ötən ömür”. Bakı-2001, 400 səh.
8. “Heydər Əliyev – xalqının, dövlətinin qürur ünvanı”. Bakı-2018. 168 səh. Monoqrafiya.
9. “Dədə Qorqud” ünvanında sözüm” (elmi məqalələr. Mart 2015-2017-ci il).
Bakı-“ULU”-2018. 268 səh. Monoqrafiya.
10. “Heydər Əliyev və ədəbiyyat məsələləri: Azərbaycan ədəbiyyatının, mədəniyyətinin… – dövlətinin hamisi”. Bakı-2018. 104 səh. Dərs vəsaiti.
11. “Heydər Əliyev və ədəbiyyat məsələləri: Azərbaycan ədəbiyyatının, mədəniyyətinin… – dövlətinin hamisi”. Dərs vəsaiti. “LAMBERT Akademic Publishing” nəşriyyatı – 2018, 92 səh.; İSBN-13: 978-613-9-88091-1 və İSBN-10: 613-98800912.
12. “Ömrüm bir yaşıl yarpaq, rəngləri mənimkidi. (hekayə, povest, kino-ssenari, şeir)”. İKSAD yayın evi – 2019, 463 səh.
13. Azərbaycan mətbuatı tarixi. Z.Xəlil, P.Soltanqızı,A.Z.İsgəndərov.
Bakı-“Elm və təhsil”- 2021, 132 səh. Monoqrafiya.
14. Zaur Ustacın uşaq dünyası. Bakı-2021, 58 səh. Elmi məqalələr.
15. Bu mənəm – Ayətxan Ziyad. Bakı-2021. 400 səh.
16. Zahid Xəlilin poetik obrazlarıədəbi tənqid müstəvisində. 235 səh.
Ayətxan Ziyad İsgəndərov bu gün də sutkanın 16-18 saatını yorulub-usanmaq bilməyən enerji ilə qələmə sarılıdır. Bu, şablon, söz xatirinə deyilən söz deyil, söylənilənləri fakt olaraq Ayətxan Ziyadı tanıyıb-bilənlərin hamısı görür, bilir. Bu yolda Ayətxan müəllimə yeni-yeni nailiyyətlər, ən əsası uzun və sağlıqlı bir ömür arzu edirəm! Var olun! Uğurlarınız bol olsun!!!
Sona qədər həmsöhbət olduğunuz üçün təşəkkürlər! Yeni görüşlər ümidi ilə sizlərdən ayrılıram. Allah amanında.
Aqşin HACIZADƏ – Şair, “O ŞEİRİ BİR DƏ SÖYLƏ ƏRDOĞAN!”nin müəllifi.
“O ŞEİRİ BİR DƏ SÖYLƏ ƏRDOĞAN!” – Aqşin Hacızadə
(…bir şeirin sorağıyla…)
Salam olsun, çox dəyərli oxucum! Şükürlər olsun Böyük Allaha!
“Zaman-zaman Şair Məmmədhüseyn, Aşıq Nəcəf, Həsən Xəyallı, Qəmgin Fəzi, Aşıq Hacı Göyçəli, Sərraf Şiruyə, Alqayıt kimi aşıq və şairlərə ünvan verən qədim oğuz yurdu Göyçə mahalının Daşkənd kəndi müasir poeziyamıza da yeni-yeni imzaları bu gün yeni ünvanda – Bərdə rayonunun Yeni Daşkənd kəndində gətirməkdədir.
Tanrı hər bir bəndəsinə bir istedad bəxş edir. Kiminə dərin hafizə, kiminə gözəl əl qabiliyyəti, kiminə təşkilatçılıq bacarığı, kiminə isə fitri istedad. Ulu tanrının fitri istedad verdiyi insanlardan biri də Aqşin Hacızadədir. O gözəl, iti qələmi olan bir şairdir.
Onun göz açdığı ailənin, ocağın bir çox yazarları kifayət qədər Azərbaycan ədəbi mühitində tanınmış simalardandır. Aqşin Hacızadə dünyaya gəldiyi gündən qulaqları şeirə, sözə, ədəbi fikirlərə hakim kəsilib. Şeirlərini oxuyanda bənzərsiz bədii təsvirlərin şahidi olursan və şeirlərdə yeni dəsti-xətt duyulur…”
Yuxarıda sitat gətirdiyim sətrlər bu elin-obanın sözünə-söhbətinə dərindən bələd olan tanınmış tədqiqatçı, şair Araz Yaquboğlunun – “Aqşin Hacızadə poeziyası” adlı Aqşin Hacızadənin yaradıcılığı haqqında qələmə aldığı əhatəli yazıdan bir parçadır.
“Bərdə rayonunun “Yeni Daşkənd” adlandırılan yaşayış məskəni Göyçə mahalının məşhur qədim Daşkəndinin adı ilə adlanmışdır. Bu kəndə hələ Sovet dövründə Göyçə mahalından, əsasən Daşkənddən ailələr köçüb daimi yaşamaq üçün məskunlaşmışlar və Göyçə mahalında yaşayan qohum-əqraba ilə müntəzəm olaraq gedt-gəl, xeyir-şərdə iştirak formalarında əlaqələr saxlamışlar. Yeni Daşkənd camaatı Göyşə mahalının qədim Daşkənd yurdunu ata-baba ocağı kimi indi də ürəklərində yaşadırlar. El şairi, şeirləri hələ 1965-ci illərdən aşıqların saz-sözündə səslənən, müğənnilərin repertuarında oxunan, Türk dünyasının ünlü-sədalı şairi Sərraf Şiruyə Yeni Daşkənddə yaşayıb-yaradır. Allah bu ocağa –Daşkəndli Həsən Xəyallı ocağına şeiriyyət-mənəviyyat bəxş etmişdir: Sərraf Şiruyyə, Aqil İmam, Eldar Həsənli, Aqşin Hacızadə, istedadlı və dərin ədəbi-nəzəri biliyə malaik gənc şair Qılman İman kimi şeir-hikmət təbli ziyalılar bu ocağın yetirmələridir. Qeyd etdiyimiz kimi, Aqşin Hacızadə də bu şeriyyət ocağındandır…”
Bu sətrlər isə Azərbaycanın söz-sənət ocağı sayılan, Dədə Ələsgər məbədgahı Göyçə mahalının digər bilici ustadlarından biri olan Niftalı Göyçəlinin “Aqşin Hacızadə- şeiriyyət aləmi” adlı maraqlı, müəllifi tanımaq baxımından olduqca əhəmiyyətli yazısındandır.
Bu iki tanınmış söz adamnın yuxarıda təqdim etdiyim fikirlərindən sonra mənim Aqşin Hacızadə haqqında burada əlavə nəsə qeyd etməyimə ehtiyac duyulmur. Hətta mənim əlavələrim şit, yersiz kəsədən desək yamaq kimi görünər və aşağıda sizlərə təqdim edəcəyim məsələnin şəfaflığına, obyektivliyinə kölgə salmış olardı. Bugünkü söhbətimizin mövzusu son günlər “O ŞEİRİ BİR DƏ SÖYLƏ ƏRDOĞAN!” adlı şeiri ilə gündəm olan Aqşin Hacızadə ilə, onun adı qeyd olunan şeiri ilə bağlı olacaq.
Məsələ ondan ibarətdir ki, Aqşin Hacızadənin məlum şeiri müxtəlif saytlarda, sosial şəbəkələrdəki səhifə və qruplarda müəllifin qələmindən çıxdığı kimi, heç bir dəyişikliyə uğramadan yayımlansa da bəzən onun öz adı qeyd olunmur. Oxucunun marağını cəlb etmək məqsədi ilə müəllifi “Təbrizli Tələbə” adı ilə yayımlayırlar. Bəlkə də buna səbəbiyyət verən şeirin sanki bir təbrizli gəncin dilindən qələmə alınmasıdır. Bu amil öz-özlüyündə o məşhur frazada deyildiyi kimi, “Vətənin o başı, bu başı olmur…” həqiqətinin bariz nümunəsi kimi ortaya çıxır. Burda bir əlavə etmək istəyirəm: – “…Üstündən yüz Araz axsın, Totpaq, bizim torpağımız!!! Güney, Quzey fəqr eləməz, Oylaq, bizim oylağımız!!!” (Zaur Ustac) Bütün bunlara rəğmən istənilən müəllifin adını qeyd etmədən ( bilərəkdən və ya bilməyərəkdən) əsərini yayımlamaq müəllifə, müəllif hüquqlarına hörmətsizlik olmaqla bərabər həm də, ən adi etik normalardan kənar bir hərəkət kimi qiymətləndirilməlidir. Aqşin Hacızadənin müəllifi olduğu, altını cızaraq qeyd edirəm dəyərli şairimiz, el ozanı Aqşin Hacızadənin qələminin məhsulu olan “O ŞEİRİ BİR DƏ SÖYLƏ ƏRDOĞAN!” adlı şeirini sizlərə təqdim edirəm:
O ŞEİRİ BİR DƏ SÖYLƏ ƏRDOĞAN!
(“…Zor ilə ayırdılar….” Ərdoğan) Quzu kəsim şeir deyən dilinə, O şeiri bir də söylə Ərdoğan! Səs verəcək harayına qırx milyon, Hədəfinə yaman dəyib, bax, yaman, O şeiri bir də söylə Ərdoğan, Qoy partlasın, qoy çatlasın bu İran! * * * Bircə bəndlik şeir ilə oyanıb, Təbriz indi əyaq üstə dayanıb. Əsrlərlə əsarətdən usanıb, Çalxalanır, silkələnir bax bu an, O şeiri bir də söylə Ərdoğan, Qoy partlasın, qoy çatlasın bu İran! * * * Haqdan deyir, sevmir haqqı, düzü də, Bir şeytandı astarı da, üzü də. Zamanıdı, dağılacaq özü də, Bizi bizdən ayrı salan, ayıran, O şeiri bir də söylə Ərdoğan, Qoy partlasın, qoy çatlasın bu İran! * * * Dilindəki şər-böhtandı, yalandı, Erməniyə mehri-ülfət salandı. İran ki var, İran deyil, ilandı, Bu “ilana” qənim olsun o Quran, * O şeiri bir də söylə Ərdoğan, Qoy partlasın, qoy çatlasın bu İran! * * * Yox, dolmasın Araz daha lil ilə, Axsın Araz o tay-bu tay gül ilə. Biz ki, birik millət ilə, dil ilə, Niyə axı ayrı qalsın bu məkan, O şeiri bir də söylə Ərdoğan, Qoy partlasın, qoy çatlasın bu İran! * * * O tay bu tay Araz üstə yol salaq, Bu birliyə alqış deyək, əl çalaq. Bəsdir daha əsarətdə alçalaq, Alçalmışıq düz iki yüz il, zaman, O şeiri bir də söylə Ərdoğan, Qoy partlasın, qoy çatlasın bu İran! * * * Bu ayrılıq əbədilik yad olsun, Pişəvəri ruhu daim şad olsun, * Ünvanımız bircə ünvan, ad olsun, Hey bir olsun Azərbaycan sonacan, O şeiri bir də söylə Ərdoğan, Qoy partlasın, qoy çatlasın bu İran!
Qeydlər: 1. Müqəddəs Quran kitabı. 2. Seyid Cəfər Pişəvəri. 1945-1946-cı illərdə Milli Hökumətin rəhbəri. 12.12.2020.- Bərdə ş.
Bu şeirin Aqişin Hacızadə ruhunun süzgəcindən keçib həyat qazanmasını sübut etməkdən ötrü dəlilər gətirməyə ehtiyac olmasa da, maraq üçün şairin digər eyni ruhlu, eyni kəlmə yüklü müxtəlif vaxtlarda qələmə aldığı başqa şeirlərdən nümunələr gətirməyi özümə borc bildim:
Füzuli virandı, izi qalmayıb, Ağdamın adı var, özü qalmayıb. Yaram var sinəmdə, yox, sağalmayıb, Xocalım inləyir, Şuşam can verir, Vətən oğullara silahlan deyir.
Və ya
Söyləyə bilmirəm dildə arzumu, Ağzımdan alırlar halal ruzumu. Özüm öz əlimlə tutub ağzımı, Boğula-boğula yaşayıram mən. * * * Narahat çırpınır rahatlıq tapmır, Hər əlim yetənə ürəyim yatmır, Ürəyim deyənə əllərim çatmır, Yaxıla-yaxıla yaşayıram mən.
Digər bir nümunə
Bu dil mənim dünyada Türklüyümü bildirir, Cürətimi, əzmimi, sərtliyimi bildirir. Neçə ağır döyüşdə mərdliyimi bildirir, İstəmirəm ötüşsün sənsiz ayım, bir ilim. Ay mənim doğma dilim, ay mənim ana dilim.
Və bu iki bəndlə bu məsələni yekunlaşdırmaq istəyirəm. Necə deyərlər, “arifə bir işarə bəs eylər”:
Gen gün üçün qoçumuz çox, Şirinindən acımız çox. Günahımız, suçumuz çox, Tanrı bizi bağışlamaz. * * * Nə qədər ki, qalxmamışıq, Ələ silah almamışıq, Yurda övlad olmamışıq, Tanrı bizi bağışlamaz.
Nümunələrə ötəri bir nəzər saldıqda belə, bütün şeirlərin eyni müəllifə məxsus olduğu aydın sezilir. Bu barədə bu qədər. Aqşin Hacızadəyə yaradıcılıq uğurları arzu edirəm. Bu işdə müsbət hal odur ki, hələlik şeirə müəlliflik iddiası ilə heç kim çıxış etmir. Müəllif şəriksiz və şəksiz olaraq Aqşin Hacızadədir. Ancaq, yaxşı olar ki, gələcəkdə daha böyük problemlərlə qarşılaşmamaq üçünAzərbaycan Respublikası Müəllif Hüquqları Agentliyindən əsərləri üçün müəlliflik haqqında şəhadətnamə alsın.
Hələlik bu qədər. Sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm.
Üstündən yüz Araz axsın, Torpaq, bizim torpağımız!!! Güney, Quzey fərq eləməz, Oylaq, bizim oylağımız!!! * * * Axışı lal, susur Araz, Mil, Muğanı yorur ayaz, Kərkükdən ucalır avaz, Oymaq, bizim oymağımız!!! * * * Göyçə dustaq, Urmu ağlar, Yaşmaq düşər, börü ağlar, Qaşqayda bir hürü ağlar, Papaq, bizim papağımız!!! * * * Dörd bir yanın qarabağlı, Dəmir qapı çoxdan bağlı, Bir ağacıq qol, budaqlı, Yarpaq, bizim yarpağımız!!! * * * Ustac boşa deməz əlbət; -“Sərhədinə elə diqqət”, Bu kəlamda var bir hikmət, Sancaq bizim sancağımız!!! 11.10.2021.-Bakı ş.
Tədbirin gedişində Zaur Ustac Nazim Əhmədliyə “Ziyadar” Mükafatını təqdim edib. Yazarlar bir-birlərinə kitablar hədiyə edib, xatirə fotoları çəkdiriblər. Qonaq yazarların maraqlı çıxışları tədbirə xüsusi rəng qatıb.
AD GÜNÜ TƏBRİKİ Günlərin bir günü, heç gözləmədiyim anda, ümid çırağımı yandıran bir MƏLƏK endi göylərdən…. O, gündən ÇOX VAXT keçib… Bu gün o, Mələyin ad günüdür… Ad günün mübarək ey mənim məxsusi göndərilmiş mələyim… Yerin sonsuz səmanın ənginlikləri, nəsibin sevgi dolu həyat olsun… Tanrının nəzərindən düşməyəsən… Sən olmasaydın bu şeirlər də olmazdı… Bu kəlmələr sənin riqqətə gətirdiyin qəlb tellərinin səsi olduğundan yalnız və yalnız sənə aiddir, ey zəriflik, paklıq, bakirəlik mücəssiməsi- bütün ülvi hisslərin məcmusu- AĞ ÇİÇƏYİM…. Hörmətlə: Zaur USTAC
USTACAM Müzəffər ordunun şanlı əsgəri, Ərənlər yurdunun ər övladıyam! Zalımın zülmünə təhəmmülüm yox, Babəklər yurdunun hürr övladıyam! * * * Ustadım Nəsimi, sözümüz sözdü, Ədalət, həqiqət bağrımda közdü, Ziyadar dühası bir deyil, yüzdü, Mövlalar yurdunun nur övladıyam! * * * Dərvişəm, müqqəddəs sayılır təkkəm, Hülqumdan yuxarı dayanır öfkəm, Od, ocaq diyarı tanınır ölkəm, Alovlar yurdunun nar övladıyam! * * * Unutma, şah babam Xətai başdı, Nadir şah, mətədə tərpənməz daşdı, İlham, nə keçilməz sədləri aşdı, İgidlər yurdunun nər övladıyam! * * * Tarixdə Nəbisi, Koroğlusu var, Gen dünya yağıya daim olub dar, Düşmən qarşımızda yenə oldu xar, Aslanlar yurdunun şir övladıyam! * * * Göydən Yer üzünə ərmağan, payam, Gündüzlər Günəşəm, gecələr Ayam, Ən parlaq ulduzdan törəyən boyam, Ozanlar yurdunun sirr övladıyam! * * * Ustacam, vətənim vətən içində, Axıb duruluruq zaman köçündə, Min bir anlamı var, adi “heç”in də, Aqillər yurdunun pir övladıyam!
DAĞLAR (Dağlara xitabən üçüncü şeiri) Tarix səhnəsində yetişdi zaman, Başlanmış bu çağın mübarək, dağlar! Hələ nə zəfərlər gözləyir bizi, Qutlanmış novrağın mübarək, dağlar!
* * * Dövranın gərdişi döndü, dəyişdi, Davadan doğulan ərlər yetişdi, Didilmiş yaralar tutdu, bitişdi, Üç rəngli duvağın mübarək, dağlar!
* * * Nə vaxtdır yol-iriz bağlı qalmışdı, Qoynunda yağılar məskən salmışdı, Canımı sağalmaz bir dərd almışdı, Sayalı qonağın mübarək, dağlar!
* * * Qurtuldu yağıdan zənburun, balın, Bir başqa görünür yamacın, yalın, Zirvəndən boylanır şanlı hilalın, Müqəddəs sancağın mübarək, dağlar!
* * * Haqqa nisbət tutub ulu Ələsgər, Andırıb, tanıdıb, bilib pərisgar, Hər səngər məbəddi, pirdi hər əsgər, Şuşa tək ocağın mübarək, dağlar!
* * * Ay Ustac, min şükür arzuna yetdin, “Dədə”n gedən yolu, sən də qət etdin, Dolandın dünyanı yurdunda bitdin, Doqquzu zər tuğun mübarək, dağlar!
ÜÇ QARDAŞ (Azərbaycan, Türkiyə, Pakistan qardaşlığına)
Bir qardaş sağında, biri solunda, Təpəri dizində, gücü qolunda, Qardaşlıq məşəli yanır yolunda, Yeni çağ başladır xan Azərbaycan! Türkiyə, Pakistan, can Azərbaycan! * * * Xətai amalı bu gün oyaqdır, Nadirin əməli bu gün dayaqdır, İlhamın təməli bu gün mayakdır! Yeni çağ başladır xan Azərbaycan! Türkiyə, Pakistan, can Azərbaycan! * * * Zamanla yaşadıq xeyli qeylü-qal, Görməsin bir daha bu birlik zaval, Dağlara biryolluq qayıdır Hilal, Yeni çağ başladır xan Azərbaycan! Türkiyə, Pakistan, can Azərbaycan!
O GÜN (Milli Qəhrəman Polkovnok İlqar Mirzəyevin xatirəsinə) Hər şey belə başladı, Gülə-gülə getmişdin… Döndün üzdə təbəssüm, Çöhrənə həkk etmişdin… * * * Tək getmişdin gedəndə, Yüz min olub qayıtdın… Özün getdin yuxuya, Milyonları oyatdın… * * * Hər şey belə başladı, Bütün xalq həmdəm oldu… Cümlə aləm toplandı, Azərbaycan cəm oldu… * * * Yuxudaykən əbədi, Yatmışlara qalx dedin… Vətənin qara dərdin Al boyayıb, ağ etdin… * * * Girib torpaq altına, Çıxartdın üzə nə var… Bir gedişə mat idi, Taxtada tüm fiqurlar… * * * Başlanan yol qapından, Şuşayadək uzandı… Vətən oğlun itirdi, Torpağını qazandı… * * * Belə şanlı hekayət, Tarixdə bir, ya iki… Lap başqası varsa da, Möcüzədir bizimki … * * * Bu dastanı qanıyla Yazdı ərlər, ərənlər… Bu kitabın qədrini, Bilir yazmaq bilənlər…
Salam olsun, çox dəyərli oxucum! Bu görüşə görə Böyük Allaha minnətdarlığım sonsuzdur! Sizlərlə bu dəfə vacib bir məsələ barədə söhbət edəcəyik inşəAllah. Haqqında söhbət açacağım məsələ son illər onsuzda aktual olsa da, pandemiya səbəbindən təhsilin məlum məhdudiyyətli formada aparılması, ilkin dövrlərdə qəti evə qapanma tələbləri nəticəsində telefon, planşet, kompüter və s. internetə (olduqca müxtəlif saytlara) çıxışı olan vasitələrə aludəçiliyi olan uşaq, yeniyetmə və gəncləri limitsiz məlumatlar bazası olan bu sirli dünyaya daha da bağladı. Xoş o uşaq, yeniyetmə və gənclərin halına ki, bu fürsətdən müsbət tərəfə faydalana bilirlər. Ancaq həmişə belə olmur. Elə uşaq, yeniyetmə və gənclərimiz var ki, bu sirli dünyada doğru yol tapmaqda çətinlik çəkir və bəzən hətta milli maraqlarımıza zidd olan istiqamət götürürlər. Bu hal çox vaxt gənc dostlarımızın təcrübəsizliyindən, əsl dünyadan, real həyatdan xəbərsizliyindən qaynaqlanır.
Xüsusi ilə son günlərdə hər çıxışda, hər görüşdə cənab Ali Baş Komandan, möhtərəm Prezidentimiz İlham Əliyevin “Gənclər milli ruhda tərbiyə almalıdır!”, “Vətənpərvərlik hissləri ön planda olmalıdır!” kimi çağırışların fonunda ziyalılarımız, bu gün silahı əldə qələm olan yazarlar əllərindən gələni əsirgəməməlidirlər. Bu həqiqətən ciddi məsələdir. Vəziyyət o həddə çatıb ki, hətta rəzil düşmənin təəssübkeşliyini çəkən gənclərimiz peyda olub. “Qloballaşma”, “kosmopolitizm” kimi bəzək-düzəkli ibarələrlə beyinləri yuyulmuş hələlik kiçik qruplar şəkilində yeniyetmə-gənclər dəstələri formalaşmaqdadır. Bu hansı tərəfdən baxırsan, bax mənfi haldır. Belə gənclər virtual dünyada hərəsi bir cəngavər olsalar da, real həyatda tam əks keyfiyyətləri sərgiləyirlər. Belə kiçik qrupların gələcəkdə böyük manqurtlar ordusuna çevrilməməsi üçün cənab Ali Baş Komandan, möhtərəm Prezidentimiz İlham Əliyevin “Gənclər ənənəvi dəyərlər əsasında tərbiyə almalıdır!” çağrışına hər bir qələm adamı qoşulmalı, öhdəsinə düşən vəzifələri layiqincə yerinə yetirməlidir.
Bu yöndə faydallı olmaq üçün söhbətimizi dahi Azərbaycan mütəfəkkiri Abbasqulağa Bakıxanov Qüdsinin “Nəsihətlər” kitabı üzərində quracağıq. İlk öncə onu qeyd edim ki, böyük bir dünya olan bu kiçik həcmli kitabla mənim ilk tanışlığım ötən əsrin 80-ci illərinə təsadüf edir. 8-9 yaşım olanda uşaq kimi kiril əlifbası ilə nəsihətlərlə tanış olmuşam. Sonra təxminən 15-16 yaşlı yeniyetmə olanda əski əlifba ilə olan material kimi istifadə etdikdə hər nəsihəti həm kiril, həm də əski əlifba ilə dəfələrlə oxumuşam (kitabın formatı elədir ki, nəsihətlər paralel olaraq həm kiril, həm əski əlifba ilə verilib). Son 1-2 ay ərzində isə Tuncayla (Tuncay Şəhrili) əski əlifba ilə olan material kimi istifadə etdiyimiz üçün yenə hər nəsihəti həm kiril, həm də əski əlifba ilə dəfələrlə oxumuşuq. Müəllifin öz sözlərinə keçməzdən əvvəl bir daha onu xatırlatmaq istəyirəm ki, məsələ olduqca aktual, material, yəni Abbasquluağa Bakıxanov Qüdsinin “Nəsihətlər” kitabı olduqca qiymətli vasitədir. Bu kitab möhtərəm Prezidentimiz cənab İlham Əliyevin “Gənclər ənənəvi dəyərlər əsasında tərbiyə almalıdır!” çağrışına tam cavab verir. Müəllifin öz qələmindən kitab haqqında qısa arayışa diqqət edək.
QISA ARAYIŞ
… Qüdsi təxəllüslü Abbasqulu ibn mərhum Mirzə Məhəmməd xan Bakui belə deyir:
-Elmlərdən xəbərdar olduğum zaman, mənə məlum oldu ki, uşaqlar bəzi kitabları öyrənmək istərkən, elə dolaşıq ibarələrə rast gəlirlər ki, hətta müəllimlərin özləri onları dərk elə bilmirlər.
Bəzi kitablar isə o qədər uzun və pərakəndədir ki, onları anlamaq və mənimsəmək çox çətindir. Buna görə də “Uşaqlıqda öyrənilən elm daşda qazılmış şəkil kimdir” zərbül-məsəlin məzmunundan qəflət olunur. Əxlaq gözəlliyini hər zamandan artıq uşaq yaşlarında onlara öyrətmək lazımdır. Gözəl əxlaq təkrar olunduğu zaman adətə çevrilib insan təbiətinə daxil olaraq çətin anlaşılan elm və ədəb qaydaları onlara vərdiş olar. Beləliklə, hicrətdən min iki yüz əlli iki il keçən bir zamanda nəsihətlər adı ilə aydın və sadə anlaşılan müxtərəs bir kitab yazdım… Ümid edirəm ki, bu əsər uşaqlara faydalı olub onların tərbiyəsində getdikcə daha artıq təsir etsin.
Uşaqlara üz tutub belə nəsihət verirəm:
Ey mənim əzizim, sən insansan. Allah insanı dünyada hər şeydən yaxşı yaratmışıdır. Bu isə işi yaxşı bacarmaq səbəbindəndir .İnsanlar arasında da hər kəs çox biliki və işbilən olsa həmişə hörmətli olar. Deməli, gərək iş bilmək və yaxşılıq etmək o adamlardan öyrənmək lazımdır ki, onlar həyatda təcrübəli və qabiliyyətli olmuşlar.
Belə adamların sözləri bizə nəsihətdir:
Öz ata-ananı hamıdan artıq əziz tut və hər nə buyursalar əməl elə, onları heç vaxt incitmə … Sonra böyük qardaşına, bacı, əmi və dayına da itaət elə!
Hər kəs vəzifədə elmdə və yaşda səndən böyükdürsə ona hörmət elə, ta ki, səndən kiçiklər də sənə hörmət etsinlər.
Dövlət başçılarına itaət eləməyi özünə vacb bil, əgər onlar olmasa, ölkədə nizam-intizam olmaz və adamlar biri birinin malına canına və namusuna qəsd edərlər.
Hər ölkədə olsan o vilayətin qanununa zidd iş görmə ki, cəzaya düçar olmayasan.
Xalqın xeyrinə olmayan bir işi eləmə və ya bir söz demə ki , sənə ondan zərər yetişər.
Hər kəsə rast gələndə ona salam ver. Əgər o sənə bir söz söyləsə ədəblə dinlə və cavab ver ki, hamı səni sevsin.
O adamlarla otur-dur ki, böyüklər onları yaxşı adam hesab edirlər, əclaf və hərzə danışanadamlardan kənar gəz ki, sən də onlar kimi olmayasan.
Və bu ardıcıllıqla nəsihətlər davam edir. Cəmi 84 nəsihətdən ibarət olan bu kiçik həcmli kitab müasir uşaq, yeniyetmə, gəncin həyat kodeksinə çevrilərsə, onu ancaq uğur gözləyər! Gələcək şəxsiyyət kimi həyatda demək olar ki, heç bir çətinliyi olmaz! Bu nəsihətlər dahi söz adamı Abbasquluağa Bakıxanov Qüdsinin “Nəsihətlər”inin həmişə müasir və aktual olduğunu göstərməklə yanaşı, əsrlərin dəyişməsinə, vasitələrin yenilənməsinə rəğmən tərbiyədə olan problemlərin olduğu kimi qalması diqqət çəkən məqamlardan biridir. Övladının gələcəyini firavan görmək istəyən, vətənini, dövlətini sevən hər bir valideyn və gələcəkdə övlad sahibi olacaq hər bir gənc bu kitabla mütləq tanış olmalıdır. Bu qəti tələbin öz səbəbləri var. Səbəblər aşağıdakılardan ibarət ola bilər:
Birinci əsas səbəb Abbasquluağa Bakıxanov Qüdsi sıradan bir adam deyildi. O əsl dünyagörmüş ziyalı, ağayana əslzadə idi.
O, bu nəsihətləri sadədən mürəkkəbə elə sıralayıb ki, ən müasir psixoloji və pedaqoji bütün tələblərə cavab verir.
Dahi mütəfəkkir bu nəsihətləri tərtib edərkən özünün sahib olduğu bütün dini və dünyəvi bilklərin maksimum realizə imkanlarını nəzərə alaraq, tam praktik tövsiyələr hazırlayıb.
Ən əsası yaşadığımız dövlətin başçısının, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin “Gənclər ənənəvi dəyərlər əsasında tərbiyə almalıdır!” çağrışına tam cavab verir.
Bu məqamda cəmi 84 nəsihətdən ibarət olan bu kitabdan “Dövlət başçılarına itaət eləməyi özünə vacib bil, əgər onlar olmasa, ölkədə nizam-intizam olmaz və adamlar biri birinin malına canına və namusuna qəsd edərlər.” üçüncü və “Hər ölkədə olsan o vilayətin qanununa zidd iş görmə ki, cəzaya düçar olmayasan.” dördüncü nəsihətləri xatırlatmaqla bu mövzuda olan birinci yazımı yekunlaşdırmaq istəyirəm. Dəyərli oxucum, bizim parlaq gələciyimiz, aydın sabahımız olan gənclər, bir məsələni unutmayaq ki, cənab Ali Baş Komandan, möhtərəm Prezidentimiz İlham Əliyevin mövzu ilə əlaqəli bütün görüş və çıxışlarında dəfələrlə vurğuladığı kimi “Düşmənə nifrət hissi bizi qələbəyə apardı!”. Bu qələbəni biz şəhidlərimizin (sizin yaşıdlarınızın) qanı, canı, yarımçıq qalmış həyatları hesabına əldə etmişik. Onlar bu dünyadan, öz arzularından ona görə vaz keçdilər ki, biz, siz daha firavan yaşayaq. Düşmən əsarətindən onların qurtardığı torpağı qoruyaq, inkişaf etdirək, çiçəkləndirək. Burada “Dədə Qorqud” filmindən məşhur fraza – Dədə Qorqudun “Torpağı qorumasan, əkib-becərməyə dəyməz, əkib-becərməyəcəksən – qorumağa dəyməz.” tövsiyəsi yada düşür. Bu torpağı qorumaq, əkib becərmək, onu qanı-canı bahasını yağı düşməndən alıb bizə ərmağan edən şəhidlərimizin ruhuna, qazi və döyüşçilərimizə hörmət etmək, ehtiram bəsləmək bizim başımızın borcudur. Bu belədir və nə qədər Azərbaycan var, belə də olacaqdır! Əksini düşünənlərin fikrinə hörmət edirəm, ancaq, belələrinə aramızda yer yoxdur və heç vaxt olmayacaqdır!!!
Sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edir, həyatda uğurlarınız bol olsun deyirəm. Hələlik. İnşəAllah bu mövzu davam edəcək. Yenidən görüşmək ümidi ilə sizlərdən ayrılıram. Allah amanında.