USTACAM Müzəffər ordunun şanlı əsgəri, Ərənlər yurdunun ər övladıyam! Zalımın zülmünə təhəmmülüm yox, Babəklər yurdunun hürr övladıyam! * * * Ustadım Nəsimi, sözümüz sözdü, Ədalət, həqiqət bağrımda közdü, Ziyadar dühası bir deyil, yüzdü, Mövlalar yurdunun nur övladıyam! * * * Dərvişəm, müqqəddəs sayılır təkkəm, Hülqumdan yuxarı dayanır öfkəm, Od, ocaq diyarı tanınır ölkəm, Alovlar yurdunun nar övladıyam! * * * Unutma, şah babam Xətai başdı, Nadir şah, mətədə tərpənməz daşdı, İlham, nə keçilməz sədləri aşdı, İgidlər yurdunun nər övladıyam! * * * Tarixdə Nəbisi, Koroğlusu var, Gen dünya yağıya daim olub dar, Düşmən qarşımızda yenə oldu xar, Aslanlar yurdunun şir övladıyam! * * * Göydən Yer üzünə ərmağan, payam, Gündüzlər Günəşəm, gecələr Ayam, Ən parlaq ulduzdan törəyən boyam, Ozanlar yurdunun sirr övladıyam! * * * Ustacam, vətənim vətən içində, Axıb duruluruq zaman köçündə, Min bir anlamı var, adi “heç”in də, Aqillər yurdunun pir övladıyam!
Ustaclı oğlu, Ustacam! Gözlərimin alalığı, Ulu Göycəmdən ərmağan. Ərdəbilin naləsidir, Ruhum həp eylədi fəğan. * * * Yarı Qarqar, yarı Əfkər, Şəhriliyəm; şaham, tacam! Şah İsmayıl silahdaşı, Ustaclı oğlu, Ustacam!
Təqvimdə bu gün şair, publisist, “Yazarlar” jutnalının təsisçisi və baş redaktoru, MYK-nın icraçı katibiZaur Ustacın doğum gündür. Zaur Ustac 8 yanvar 1975-ci ildə Bakı şəhərində (Lenin rayonu) anadan olmuşdur. Ad günü münasibəti ilə redaksiya heyəti və bütün yazarlar adından onu təbrik edir, uzun ömür, can sağlığı, bütün işlərində uğurlar arzu edirəm!
“Türk Edebiyatı Dergisi” 50 Yaşında! 579 – cu say işıq üzü gördü. Bu münasibətlə dəyərli qələmdaşlarımız Serhat Kabaklı və İmdat Avşarı, bütün oxucularımızı, doğma, şipşirin ana (həm də ata) dilimizdə oxuma-yazma bacaran hər kəsi təbrik edirəm. Yeni ilimiz xeyirli-uğurlu olsun!
Gəzdim, qarış-qarış Vətən torpağın, Hər dağda, dərədə izim var mənim! Hələ keçilməmiş, uca dağların, Uca zirvəsində gözüm var mənim! * * * Gəzdim, yorulmadan aranı, dağı, Seyr etdim, ən ucqar çəməni, bağı, Heç vaxt qınamadım zamanı, çağı, Çox bulaq başında üzüm var mənim! * * * Gəzdim, bu torpağı, mən oymaq-oymaq, Ən adi daşa da olmuşam qonaq, Hər otun, çiçəyin halın soraraq, Sinəmə yığdığım, sözüm var mənim!!!
Uşaqlar üçün şeir yazmaqdan ötrü gərək uşaq ruhunun bilicisi olasan. Şair, nasir Zaur Ustac da bax belə şairlərdəndir. Zaur Ustac bu dəfə də qəlbi təmiz, büllur təbiətli balaların görüşünə “Uşaq boğçası” adlı şeirlər kitabı ilə gəlmişdir.
“Ön söz əvəzi” ilə başlanan “Uşaq boğçası” şeirlər kitabı iki bölmədən ibarətdir. Gözəl şairimiz Zaur Ustac sələfləri sayılan Məhəmməd Füzulinin, Qasım Bəy Zakirin, Abbasqulu Ağa Bakıxanovun, Seyid Əzim Şirvaninin, Mirzə Ələkbər Sabirin, Firidun Bəy Köçərlinin, Rəşid Bəy Əfəndiyevin, Abbas Səhhətin, Süleyman Sani Axundovun, Abdulla Şaiqin, Mir Cəlal Paşayevin, Mikayıl Rzaquluzadənin, Mirmehdi Seyidzadənin, Mirvarid Dilbazinin və b. yolunu rəhbər tutaraq “Otaq”, “Əşyalar”, “İkinci evim”, “Küçədə”, “Məktəb”, “Ev”, “Mənzil”, “Ailə”, “Dostlarım”, “Anamın dostları”, “Günəş ipək” və s. kimi şeirləri ilə körpə balalara balaca yaşlarından yüksək əxlaqi keyfiyyətləri, vətənpərvərliyi, sədaqəti, dostluğu, doğruluğu, dürüstlüyü, əməksevərliyi, insanpərvərliyi və humanizmi uşaq dili ilə aşılayır və tərbiyə edir. Adlarını çəkdiyimiz şeirlər uşaq tərbiyəsinə xidmət edən bir şeirlərdir. Şeirlərdə uşaqlar nəyin yaxşı, nəyin pis olması haqqında təsəvvürlərə yiyələnirlər. Bu kimi şeirlər vasitəsilə uşaqlar tənbəlliyin, yalançılığın, pintiliyin pis olmasını, çalışqanlığın, doğruçul və təmizkar olmağın, böyüklərə və yoldaşlara hörmət etməyin, lovğalanmamağın yaxşı olmasını öyrənirlər.
Uşaq şeirlərində həyatın bütün sahələri əks olunmalıdır. Həyatda elə bir problem yoxdur ki, uşaq ədəbiyyatında ona toxunmaq mümkün olmasın. Yerin altını da, üstünü də bilən müasir uşaq həyatın elə bir problemi yoxdur ki, onunla maraqlanmasın. Uşaq maraqlarını səngitmək, onu lazımi məcraya yönləndirmək üçün uşaq ədəbiyyatının xidməti əvəzsizdir. Uşaqların maraq dolu suallarına cavabı Zaur Ustacın “Uşaq boğçası” vəsaitində tapmaq mümkündür.
“Mən kiməm!?” adlanan ikinci bölmədə Zaur Ustac tarixi şəxsiyyətlərin, o cümlədən Tomris ananın, Babəkin, Şah İsmayıl Xətainin, Nadir şahın, Məhəmməd Əmin Rəsulzadənin, Heydər Əliyevin keçdiyi zəfər yollarını uşaqlara aşılayır. Zaur Ustac bu kimi şeirləri ilə uşaqların, xüsusən də erkən yaşlı uşaqların əqli və əxlaqi, fiziki tərbiyəsinin vacib şərtlərini nəzərə almağı diqqətdən yayındırmamışdır.
Zaur Ustacın yaradıcılığındakı uşaq şeirlərinin əhəmiyyəti təkcə uşaqların təlim-tərbiyəsi işinə kömək etməsi ilə məhdudlaşmamışdır. Yazılmış uşaq şeirləri həm də uşaq psixologiyasına, uşaq marağına müvafiq yazılmış müvəffəqiyyətli uşaq əsərləri kimi, bir numunə rolunu oynayır.
Biz bir daha yazıçı və şair dostumuz Zaur Ustacı son dərəcə çox həssas olan uşaqlar üçün daha çox əsərlər yazmağa çağırır, ona bu yolda uğurlar arzulayır və böyük rus pedaqoqu V.Q.Belinskinin fikri ilə bitiririk: “Yazın, uşaqlar üçün yazın, ancaq elə yazın ki, onu yaşlılar da eyni zövq ilə oxuya bilsin və oxuyarkən xəfif bir xəyal içində öz gözəl uşaqlıq illərini yad etsinlər”.
Zaur Ustacın məktəbyaşlı uşaqlar üçün hazırladığı “Uşaq boğçası” adlı vəsaitindəki əxlaqi-mənəvi dəyərlər, didaktik görüşlər faydalı olub, təlim-tərbiyə kontekstində əhəmiyyət kəsb edir.