
İT ARISI XOŞBƏXTLİYİ
İt arısı yanpörtü,
Şonqudu yarpaq üstə;
Dayım Eşşək arısı,
Yayxanıb qaymaq üstə.
Tək bircə kəlmə bilir:
-“Bacıoğlu baş üstə!”
Yeri gəldi, gəlmədi
Deyir: – “Ayə sən istə!”
23.12.2025. Bakı.
Müəllif: ZAUR USTAC

İT ARISI XOŞBƏXTLİYİ
İt arısı yanpörtü,
Şonqudu yarpaq üstə;
Dayım Eşşək arısı,
Yayxanıb qaymaq üstə.
Tək bircə kəlmə bilir:
-“Bacıoğlu baş üstə!”
Yeri gəldi, gəlmədi
Deyir: – “Ayə sən istə!”
23.12.2025. Bakı.
Müəllif: ZAUR USTAC

USTACAM
Müzəffər ordunun şanlı əsgəri,
Ərənlər yurdunun ər övladıyam!
Zalımın zülmünə təhəmmülüm yox,
Babəklər yurdunun hürr övladıyam!
* * *
Ustadım Nəsimi, sözümüz sözdü,
Ədalət, həqiqət bağrımda közdü,
Ziyadar dühası bir deyil, yüzdü,
Mövlalar yurdunun nur övladıyam!
* * *
Dərvişəm, müqqəddəs sayılır təkkəm,
Hülqumdan yuxarı dayanır öfkəm,
Od, ocaq diyarı tanınır ölkəm,
Alovlar yurdunun nar övladıyam!
* * *
Unutma, şah babam Xətai başdı,
Nadir şah, mətədə tərpənməz daşdı,
İlham, nə keçilməz sədləri aşdı,
İgidlər yurdunun nər övladıyam!
* * *
Tarixdə Nəbisi, Koroğlusu var,
Gen dünya yağıya daim olub dar,
Düşmən qarşımızda yenə oldu xar,
Aslanlar yurdunun şir övladıyam!
* * *
Göydən Yer üzünə ərmağan, payam,
Gündüzlər Günəşəm, gecələr Ayam,
Ən parlaq ulduzdan törəyən boyam,
Ozanlar yurdunun sirr övladıyam!
* * *
Ustacam, vətənim vətən içində,
Axıb duruluruq zaman köçündə,
Min bir anlamı var, adi “heç”in də,
Aqillər yurdunun pir övladıyam!
13.11.2020. Bakı.
Müəllif: Zaur USTAC

Zaur Ustac 1975-ci ildə Bakı şəhərində anadan olub. Ali təhsillidir. Qarabağ müharibəsinin iştirakçısı, ehtiyatda olan zabitdir. Bədii-publisistik kitabların, metodiki-tədris vəsaitlərinin və balacalar üçün (ingilis dilindən) tərcümələrin müəllifidir. Uşaq şeirləri 2019-2020-ci təris ilindən etibarən Azərbaycan Respublikasında məktəb və liseylərin məktəbəhazırlıq qruplarında tədris vəsaiti kimi tətbiq olunur.
Zaur Ustac 1988-ci ildən fasiləsiz olaraq dövri mətbuatda dərc olunur, 50 -dən artıq kitabın müəllifidir. 2007-ci ildən təsis etdiyi “Yazarlar” jurnalı, 2010-cu ildən isə yazarlar.az saytı idarəçiliyindədir. Zaur Ustac AVMVİB, AJB və AYB-nin üzvüdür. Bakı şəhərində yaşayır (2025).
2011-ci ildən etibarən Zaur Ustac yaradıcılığı Ana dilimizdə oxuyub, anlamağı bacaran dünyanın harasında yaşamasından asılı olmayaraq, internetə çıxışı olan hər bir şəxs üçün əlçatandır. Şeirləri:
BAYRAQ, BİZİM BAYRAĞIMIZ!!!
(Arazın o tayında bayrağımız dalğalanıb)
Üstündən yüz Araz axsın,
Torpaq, bizim torpağımız!!!
Güney, Quzey fərq eləməz,
Oylaq, bizim oylağımız!!!
Axışı lal, susur Araz,
Mil, Muğanı yorur ayaz,
Kərkükdən ucalır avaz,
Oymaq, bizim oymağımız!!!
Göyçə dustaq, Urmu ağlar,
Yaşmaq düşər, börü ağlar,
Qaşqayda bir hürü ağlar,
Papaq, bizim papağımız!!!
Dörd bir yanın qarabağlı,
Dəmir qapı çoxdan bağlı,
Bir ağacıq qol, budaqlı,
Yarpaq, bizim yarpağımız!!!
Ustac boşa deməz əlbət;
-“Sərhədinə elə diqqət”,
Bu kəlamda var bir hikmət,
Sancaq bizim sancağımız!!!
ARAZ
Halına acıdım lap əzəl gündən,
Bu qədər qınanır bilmirəm nədən,
Arazı heç zaman qınamadım mən,
Hər iki tərəfə məhrəmdir Araz!
Yaralı torpağa məlhəmdir Araz!
Sarıyıb Yurdumun şırım yarasın,
Açmayıb, bağlayıb qardaş arasın,
İndi mən qınayım bunun harasın?
Hər iki tərəfə məhrəmdir Araz!
Yaralı torpağa məlhəmdir Araz!
Çəkib acıları, yığıb suyuna,
Sakitdir, bələddir hamı huyuna,
O da qurban gedib fitnə, oyuna,
Hər iki tərəfə məhrəmdir Araz!
Yaralı torpağa məlhəmdir Araz!
Xudafərin qucaqlayan qoludur,
Keçidləri salam deyən əlidir,
Bayatılar pöhrələyən dilidir,
Hər iki tərəfə məhrəmdir Araz!
Yaralı torpağa məlhəmdir Araz!
O tayda çifayda deyir Şəhriyar,
Bu tayda dardadır indi Bəxtiyar,
Yarını gözləyir hər gün Lütfiyar,
Hər iki tərəfə məhrəmdir Araz!
Yaralı torpağa məlhəmdir Araz!
NADANLIQ
Urmu axan göz yaşımdı,
Yanağımda duz olubdu…
Urmu, Urmu söyləməkdən
Bağrım başı köz olubdu…
Şümürə lənət deyənlər
Susuz qoyubdu dindaşın…
İnsan insana qənimdi,
Günahı nə dağın, daşın?
Savalanı dərd qocaltdı,
Murov soyuqdan üşüyür…
Araz sükütun pozmayır,
Kür əlçatana döşüyür…
Dəmir Qapım pas atıbdı,
Neçə körpüdən keçmirik…
Kərkük, Mosul unudulub,
Bağdada iraq demirik…
Nəsimi nəşi Hələbdə,
Füzuli hərəmdə qalıb…
Babəkin ruhu sərgərdan,
Bəzz qalasın duman alıb…
Suyumu daşla boğurlar,
Daşımı suyla yuyurlar…
Xudafərin, Urmu incik,
Bizləri bizsiz qoyurlar…
Şah babam yol ortasında,
Koroğlu göylərdə gəzir…
Bizi, bizdən ayrı salan
Nadanlıq ruhumu əzir…
MƏN ZƏFƏRƏ TƏŞNƏYƏM
Qutlu zəfər sancağım,
Sancılmağa yer gəzir!
Alınası öcüm çox,
Bu gün ruhumu əzir!
Dərbəndi, Borçalını
Unuduruq həmişə…
Kərkük, Mosul bağrı qan,
Boyun əyib gərdişə…
Yudumun dörd bir yanın
Hürr görmək istəyirəm!
Şanlı zəfər tuğuma
Zər hörmək istəyirəm!
İrəvan peşkəş olub
Beş sətirlik kağızla…
Zəngəzuru naxələf
Verib quru ağızla…
Bədnam Araz illərdir
Olub qargış yiyəsi…
Top doğrayan qılıncın
O taydadır tiyəsi…
İstəyirəm bu bayraq
Dalğalansın Təbrizdə!
Urmuda üzsün balıq,
Sanki üzür dənizdə…
Xoyda, Mərənddə bir gün,
Olum qonaq üzü ağ.
Ərdəbilə, Tehrana
Qurulmasın ta duzaq…
Qarsdan, Ağrıdan baxım,
Qaşqayadək görünsün!
Qapıcıqdan, Qırxqıza
Ağ dumanlar sürünsün!
Bu arzular həyata
Keçməsə, mən heç nəyəm!
Neynim, mayam belədir,
Mən zəfərə təşnəyəm!!!
SEVİN, A TƏBRIZ!
Zəfər libasında sevinc göz yaşı,
Hər iki sahildə dayanıb ərlər!
Ayrılıq atəşi elə qarsıyıb,
İçərək qurudar Arazı nərlər!
Göylərdən boylanır Tomris anamız,
Əlində qan dolu o məşhur tuluq!
Xain yağıların bağrı yenə qan,
Canı əsməcədə, işləri şuluq…
Uşaqdan böyüyə hamı əmindir,
Tarix səhnəsində yetişib zaman!
Bu dəfə biryolluq bitəcək söhbət,
Nə güzəşt olacaq, nə də ki, aman!
İllərdir həsrətdən gözləri nəmli,
Mamırlı daşların gülür hər üzü!
Neçə qərinədir qalmışdı çılpaq,
Yamyaşıl çayırla gəlib bu güzü!
Al donun geyinir Günəş hər səhər,
Səmamız masmavi, göy üzü təmiz!
Duman da yox olub, itib buludlar,
Gözün aydın olsun, sevin, a Təbriz!
ÜÇ QARDAŞ
(Azərbaycan, Türkiyə, Pakistan qardaşlığına)
Bir qardaş sağında, biri solunda,
Təpəri dizində, gücü qolunda,
Qardaşlıq məşəli yanır yolunda,
Yeni çağ başladır xan Azərbaycan!
Türkiyə, Pakistan, can Azərbaycan!
Xətai amalı bu gün oyaqdır,
Nadirin əməli bu gün dayaqdır,
İlhamın təməli bu gün mayakdır!
Yeni çağ başladır xan Azərbaycan!
Türkiyə, Pakistan, can Azərbaycan!
Zamanla yaşadıq xeyli qeylü-qal,
Görməsin bir daha bu birlik zaval,
Dağlara biryolluq qayıdır Hilal,
Yeni çağ başladır xan Azərbaycan!
Türkiyə, Pakistan, can Azərbaycan!
USTACAM
Müzəffər ordunun şanlı əsgəri,
Ərənlər yurdunun ər övladıyam!
Zalımın zülmünə təhəmmülüm yox,
Babəklər yurdunun hürr övladıyam!
Ustadım Nəsimi, sözümüz sözdü,
Ədalət, həqiqət bağrımda közdü,
Ziyadar dühası bir deyil, yüzdü,
Mövlalar yurdunun nur övladıyam!
Dərvişəm, müqqəddəs sayılır təkkəm,
Hülqumdan yuxarı dayanır öfkəm,
Od, ocaq diyarı tanınır ölkəm,
Alovlar yurdunun nar övladıyam!
Unutma, şah babam Xətai başdı,
Nadir şah, mətədə tərpənməz daşdı,
İlham, nə keçilməz sədləri aşdı,
İgidlər yurdunun nər övladıyam!
Tarixdə Nəbisi, Koroğlusu var,
Gen dünya yağıya daim olub dar,
Düşmən qarşımızda yenə oldu xar,
Aslanlar yurdunun şir övladıyam!
Göydən Yer üzünə ərmağan, payam,
Gündüzlər Günəşəm, gecələr Ayam,
Ən parlaq ulduzdan törəyən boyam,
Ozanlar yurdunun sirr övladıyam!
Ustacam, vətənim vətən içində,
Axıb duruluruq zaman köçündə,
Min bir anlamı var, adi “heç”in də,
Aqillər yurdunun pir övladıyam!
DAĞLAR
(Dağlara xitabən üçüncü şeir)
Tarix səhnəsində yetişdi zaman,
Başlanmış bu çağın mübarək, dağlar!
Hələ nə zəfərlər gözləyir bizi,
Qutlanmış novrağın mübarək, dağlar!
Dövranın gərdişi döndü, dəyişdi,
Davadan doğulan ərlər yetişdi,
Didilmiş yaralar tutdu, bitişdi,
Üç rəngli duvağın mübarək, dağlar!
Nə vaxtdır yol-iriz bağlı qalmışdı,
Qoynunda yağılar məskən salmışdı,
Canımı sağalmaz bir dərd almışdı,
Sayalı qonağın mübarək, dağlar!
Xətai qırmadı könül bağını,
Nadir unutmadı hicran dağını,
İlhamın silahı əzdi yağını,
Dəmirdən yumruğun mübarək, dağlar!
Qurtuldu yağıdan zənburun, balın,
Bir başqa görünür yamacın, yalın,
Zirvəndən boylanır şanlı hilalın,
Müqəddəs sancağın mübarək, dağlar!
Haqqa nisbət tutub ulu Ələsgər,
Andırıb, tanıdıb, bilib pərisgar,
Hər səngər məbəddi, pirdi hər əsgər,
Şuşa tək ocağın mübarək, dağlar!
Ay Ustac, min şükür arzuna yetdin,
“Dədə”n gedən yolu, sən də qət etdin,
Dolandın dünyanı yurdunda bitdin,
Doqquzu zər tuğun mübarək, dağlar!
TUNCAYA
(Tuncayın timsalında !!!)
Tanrı tutub, ağ torpaqdan mayanı,
Gündoğandan Günbatana sənindi!
Nişan verib, yeddi günlük Ayını
Əksi düşən tüm torpaqlar sənindi
Xəzəri ortaya düz qoyub nişan,
Boynuna dolanan Hilal sənindi!
Ən uca zirvələr, ən dərin göllər
Ormanlar, dəryalar, düzlər sənindi!
Tanrının payıdı, lütf edib sənə,
Tanrıya sarsılmaz inam sənindi!
Ataya, Anaya, qocaya hörmət
Sirdaşa sədaqət, güvən sənindi!
Zamanla hökm etdin tüm yer üzünə
Hakimiyyət sənin, höküm sənindi!
Aman istəyəni kəsmədin heç vaxt,
Ən böyük ədalət, güzəşt sənindi!
Unutma ki, lap binədən belədi,
Mərhəmətli, yuxa ürək sənindi!
Xilas etdi, bağışladı ənamlar,
Yamana yaxşılıq, ancaq sənindi!
Döyüşdə, düşməni alnından vuran,
Süngüsü əlində ərlər sənindi!
Savaşda, uçağı kəməndlə tutan,
Qüvvəsi qolunda nərlər sənindi!
Dəli-dolu Türk oğullar cahana
Bəxş etdiyi şərəfli ad sənindi!
Adı gəlsə, yeri-göyü titrədən
Qorxu bilməz, şanlı əsgər sənindi!
Çöldə simgə etdin Qurdu sancağa,
Kəhər Atın ən yaxşısı sənindi!
Ay-yıldızı nişan tikdin Bayrağa,
Zəkalar, dühalar tümü sənindi!
Tutduğun yol tək Tanrının yoludu,
Aydın zəka, tər düşüncə sənindi!
Çoxu deyir, tay dünyanın sonudu,
Fəqət bilməz, yeni dünya sənindi!!!
ANA DİLİM
Bu şipşirin Ana dilim,
Həm də qutlu sancağımdır!
Min illərdir Ata Yurdun
Sərhədini bəlirləyir…
Ta Şumerdən üzü bəri,
Dədəm Qorqud öyüd verib,
Şah İsmayıl fərman yazıb,
Qoç Koroğlu nərə çəkib…
Ulu Babəkin fəryadı,
Füzulinin ah-naləsi,
Nəsimin şah nidası,
Bu dildədir!!!
Bu dil, Tomrisin dilidir;
Layla deyib,
Hökm verib…
Min illərdir Ata Yurdun
Sərhədinin keşiyində
Əsgər kimi durub, bu dil!!!
Ana dilim həm əsgərdir,
Həm də sərhəd!!!
Toxunulmaz bir tabudur!!!
19.02.2023. Bakı.

Realizm və absurd iç-içə
(Zaur Ustacın “Gözündə tük var” novellası)
Azərbaycan ədəbi mühitində çağdaş proza ənənələri müxtəlif səpkilərdə inkişaf edir. Bu mühitdə öz dəsti-xətti ilə seçilən, oxucu ilə birbaşa dialoqa girə bilən qələm sahiblərindən biri də şair-publisist, nasir və “Yazarlar” jurnalının baş redaktoru Zaur Ustacdır. Onun “Gözündə tük var” adlı novellası məhz bu kontekstdə meydana çıxan maraqlı ədəbi cəhd kimi qiymətlidir.
Zaur Ustacın ədəbi fəaliyyəti çoxşaxəlidir. O, həm poeziya, həm publisistika, həm də nəsr sahəsində aktivdir. Onun yaradıcılığı milli-mənəvi motivlər, gündəlik həyatın detallarına estetik yanaşma və simvolik məna qatları ilə zəngindir. Yazarın “Gözündə tük var” novellası bədii mətn kimi bu fikri təsdiq edən ən gözəl nümunə hesab oluna bilər. Gündəlik həyatın içindən yüksələn bədii təsvirlər oxucuya yalnız bir hekayə deyil, həm də bir düşüncə dünyası təqdim edir.
“Gözündə tük var” sadə, lakin metaforik dildə qələmə alınmış bədii mətndir. Novellada hadisə real ünsiyyət səhnəsində cərəyan edir: bir televiziya verilişinə qonaq çağırılan Hacı Fağır Naxırçıyev öz həyatına, keçmişinə və baxışlarına dair söhbət edir. Mətndə həm gündəlik həyatın məqamları, həm də simvolik element kimi “gözündə tük” motivi fəlsəfi-bədii məna daşıyır.
Novellanın girişində canlı yayım konteksti yaradılır — buradan oxucuya real həyatla bədii məkanın üst-üstə düşməsi barədə siqnal verilir. Hacı Fağır “Gözündə tük” kooperasiyasının prezidenti kimi təqdim olunur və bu obraz həm komik, həm də dərin məna daşıyan bir personaj kimi çıxış edir. Bu personaj dünyagörüşü, peşə fəaliyyəti, ailə tarixi və şəxsi taleyi ilə oxucu qarşısında canlı insana çevrilir.
Novellanın mərkəzi metaforik elementi — “gözündə tük” — simvolik olaraq insanın daxili baxışını, dünya ilə dialoqunu ifadə edir. Hacı Fağırın gözündəki tük sadəcə fiziki detal deyil; o, insanın idrak, arzular, niyyətlər və həyat təcrübəsi ilə bağlı fəlsəfi işarə rolunu oynayır. Belə motivlər müasir realist Azərbaycan ədəbiyyatında çox rast gəlinməsə də, Zaur Ustac bu motiv vasitəsilə oxucuya daha dərin və təsirli duyğular ötürməyi bacarır.
Novellanın dili sadə görünə bilər. Lakin bu sadəlikdə bir tutarlılıq var. Zaur Ustac həm dialoq dilini, həm də gündəlik danışıq ləhcəsini bədii mətnin vahid ritminə çevirməyi bacarır. Beləliklə, o, real həyatdan alınmış elementləri ədəbi-simvolik kontekstə keçirir. Bu texnika bir növ magik realizmə yaxınlaşır: real hadisələrin içində absurd elementlərin ortaya çıxması oxucunu həm düşündürür, həm də güldürür.
Novellada subyektivlik, insanın özünü təqdim etməsi və auditoriya qarşısında özünü reallaşdırması əsas mövzulardandır. Hacı Fağırın həyat hekayəsi — ailə problemləri, karyera yolu, laboratoriya işçisi ilə münasibətləri — sadəcə bir fərdin bioqrafiyası deyil; bu, həm də müasir cəmiyyətin gündəlik insanı necə formalaşdırdığına dair bir mikromodeldir. Bu baxımdan Zaur Ustac yazıçı kimi yalnız bədii təsvir yaratmır, eyni zamanda sosial psixoloji müşahidəsini də mətndə canlandırır.
Novellada dialoqlar hadisələrin inkişafında aparıcı rol oynayır. Həqiqi televiziya proqramı çərçivəsində qurulan söhbətlər personajların dialoqları vasitəsilə həm informativ, həm də emosional profil yaradır. Bu yanaşma oxucunu mətnə daha yaxınlaşdırır və hadisələrin ritmini sürətləndirir.
Ümumiyyətlə, Zaur Ustac öz yaradıcılığında poeziya, publisistika və nəsr üslublarını özündə birləşdirən vahid autentik bir məzmun formalaşdırmağı bacaran sənətkarlardandır. “Gözündə tük var” kimi novellalar onun bu cəhdinin aydın göstəricisidir. Bu əsər oxucu üçün yalnız əyləncəli mətn deyil, həm də həyatın absurd tərəflərinə dair əks-nümunə kimi çıxış edir. Mətn vasitəsilə müəllif həyatın kiçik, göründüyü qədər də sadə olmayan detalına diqqət çəkir və oxucu üçün geniş düşüncə sahəsi açır. Oxu>>> Gözündə tük var
Müəllif: Günnur Ağayeva
ədəbiyyatşünas-tənqidçi
Zaur Ustacın şeirləri haqqında
GÜNNUR AĞAYEVANIN DİGƏR YAZILARI

QADIN
Qadın həyatın özü,
Göyləri yerə bağlar.
Qadın Tanrının gözü,
Ağlarsa, dünya ağlar.
Qadın tamam sirdir, sirr,
Müqəddəsdir, müqəddəs.
Qadın ocaq, qadın pir,
Müqəddəsdən müqəddəs.
Qatili qadın doğur,
O, peyğəmbər anası…
Qadın balasın boğur,
Həm də ərlər anası.
Qadın tamam sirdir, sirr,
Müqəddəsdir, müqəddəs.
Qadın ocaq, qadın pir,
Müqəddəsdən müqəddəs.
19.12.2025. Bakı.
Müəllif: Zaur USTAC,
AYB və AJB-nin üzvü, “Yazarlar” jurnalının baş redaktoru, şair-publisist, tərcüməçi-nasir.
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında

USTACAM
Müzəffər ordunun şanlı əsgəri,
Ərənlər yurdunun ər övladıyam!
Zalımın zülmünə təhəmmülüm yox,
Babəklər yurdunun hürr övladıyam!
* * *
Ustadım Nəsimi, sözümüz sözdü,
Ədalət, həqiqət bağrımda közdü,
Ziyadar dühası bir deyil, yüzdü,
Mövlalar yurdunun nur övladıyam!
* * *
Dərvişəm, müqqəddəs sayılır təkkəm,
Hülqumdan yuxarı dayanır öfkəm,
Od, ocaq diyarı tanınır ölkəm,
Alovlar yurdunun nar övladıyam!
* * *
Unutma, şah babam Xətai başdı,
Nadir şah, mətədə tərpənməz daşdı,
İlham, nə keçilməz sədləri aşdı,
İgidlər yurdunun nər övladıyam!
* * *
Tarixdə Nəbisi, Koroğlusu var,
Gen dünya yağıya daim olub dar,
Düşmən qarşımızda yenə oldu xar,
Aslanlar yurdunun şir övladıyam!
* * *
Göydən Yer üzünə ərmağan, payam,
Gündüzlər Günəşəm, gecələr Ayam,
Ən parlaq ulduzdan törəyən boyam,
Ozanlar yurdunun sirr övladıyam!
* * *
Ustacam, vətənim vətən içində,
Axıb duruluruq zaman köçündə,
Min bir anlamı var, adi “heç”in də,
Aqillər yurdunun pir övladıyam!
13.11.2020. Bakı.
Müəllif: Zaur USTAC

YETMİŞ DOQQUZUNCU YAZI
SÖZÜN GÜZGÜSÜNDƏ CƏMİYYƏT
(Mikayıl Məxfinin təmsillərində mənəvi aşınma, saxta şöhrət və yer davası)
Salam olsun, çox dəyərli oxucum! Bu dəfə söhbətimizin mövzusu tanınmış şair, satira ustası Mikayıl Məxfinin təmsilləri və onun sifətinə güzgü tutduğu cəmiyyət nümayəndələri olacaq. Satira ustasının mənə məlum olan dörd kitabından elə üç nümunə seçmişəm ki, Mikayıl Məxfi güzgüsündə daha çox sifət görə bilək. Mikayıl Məxfi yaradıcılığına müraciət etməyimin çox ibrətamiz tarixçəsi var. Valeh Heydər yaradıcılığından bəhs edərkən artıq bu məsələylə toxunmuşam. Təssüf ki, bu gün bu yazımda ənənəvi “QISA ARAYIŞ” bölümunə şairin ad, soyad, ata adından və dörd kitabının adından başqa heç nə yaza bilmirəm.
QISA ARAYIŞ
Mikayıl Məxfi – Əliyev Mikayıl Hüseyn oğlu, Naxçıvanda anadan olub. Ötən əsrin 80-90-cı illərində çox məşhur olub. Mənə aşağıdakı dörd kitabı məlumdur:
– “Təmsillər”,
– “Belələri də var”,
– “Kim kimdir…”,
– “Mənəm sənsən”.
Bəzən belə fikirlərə rast gəlirəm ki, deyirlər hamı indi sözünü birbaşa dediyinə görə təmsil janrına ehtiyac yoxdur. Bu kökündən yalnış fikirdir. Təmsil iki fərd arasında olan söz güləşi deyil. Tam tərsi, görən, düşünən bir aydının (şairin, qələm adamının) ümumiləşdirilmiş şəkildə cəmiyyətə mesajıdır. Biz bunun gözəl ornəyini müasirimiz Valeh Heydərin yaradıcılığında aydın görürük. Eləcə də haqqında söhbət açacağım Mikayıl Məxfidən seçdiyim təmsillərin timisalında buna şahid olacağıq.
Ədəbiyyat tarixən təkcə gözəllik axtarışı olmayıb; o, həm də cəmiyyətin aynası, vicdanın səsi, yanlışların ifşası olub. Bu baxımdan təmsil janrı xüsusi çəkisi olan ədəbi formadır. Təmsil zahirən sadədir, amma dərin mənalar daşıyır; obrazlar çox vaxt heyvanlar, əşyalar, ya da tipik insan fiqurları olsa da, əsl hədəf insanın özüdür. Mikayıl Məxfinin təhlil üçün seçdiyim; “Görüş”, “Züyçü”, “Boş yer” təmsilləri də məhz bu missiyanı yerinə yetirir. Cəmiyyətin ağrılı nöqtələrinə toxunur, saxtakarlığı, lovğalığı, mənəvi aşınmanı göstərir və kəskin satira ilə tənqid edir.
“Görüş” təmsili ilk baxışda köhnə kitablarla “qonarar aşiqi”nin qarşılaşması kimi görünür. Amma bu görüş əslində vicdanla riyakarlığın, zəhmətlə qazanılmış dəyərlə fürsətçiliyin üz-üzə gəlməsidir. Anbarda toz basmış kitablar – zamanında ümidlə yazılmış, oxucu həsrəti çəkən sözlər – cəmiyyətin yaddaşdan sildiyi mənəvi sərvətləri simvolizə edir.
Qonarar aşiqi isə bir vaxtlar “ildə bir kitab yazıb” ad qazanmış, amma sözə deyil, qazanca bağlanmış tipdir. O, ədəbiyyata məhəbbət iddiasındadır, amma nəticədə kitabları “tullantı”ya çevirən sistemin bir parçasına dönür. Təmsilin finalında “indi bizimlə birgə verilərsən utilə” misrası sərt hökm kimidir: sözə xəyanət edən, ədəbiyyatı alver predmetinə çevirən adam gec-tez öz yaratdığı boşluğun qurbanı olur.
Bu təmsil müasir ədəbi mühit üçün də açıq mesajdır: kitabın dəyəri tirajda, qonorar məbləğində yox, onun daşıdığı həqiqətdədir.
“Züyçü” təmsili mədəniyyət mühitində saxta avtoritetlərin necə yaradıldığını parlaq şəkildə göstərir. Bir “naşı züy tutanı”nın böyüdülüb “maestro” elan olunması, orkestrin başına keçirilməsi təsadüfi deyil. Bu obraz savadsızlığın və səs-küyün sistemli şəkildə sənət adı ilə təqdim olunmasının simvoludur.
Züyçünün tarı, kamanı, sazı – yəni milli musiqinin köklü simli alətlərini – kabinetə çağırıb hədələməsi, onları kənarlaşdırmaq istəməsi xüsusilə simvolikdir. Burada yalnız bir adam yox, bütöv bir düşüncə tərzi tənqid olunur: kökü, ənənəni, zəhməti inkar edən, yalnız pulu düşünüb, qazanc və ucuz uğur dalınca qaçan düşüncə.
Mikayıl Məxfi bu təmsillə açıq deyir: sənət səsin gur olması ilə ölçülmür. Musiqidə olduğu kimi, həyatda da səs-küy çox vaxt boşluğun göstəricisidir.
“Boş yer” təmsili sosial münasibətlərdə tez-tez rast gəlinən bir mənzərəni ustalıqla canlandırır. Qonaqlığa çağırılmadan gələn Dəvə, başda Maralın yanında boş yer görüb ora iddia edir. Onun bu iddiası təkcə təkəbbür deyil, həm də yerini bilməmək, həddini aşmaq problemidir.
Maral – zərifliyin, ləyaqətin rəmzi, Fil – gücün və çəkisinin təcəssümü olduğu halda, Dəvənin onların yanında yer axtarması ironikdir. Cavab isə təmsilin əsas dərsidir: “Boş yer çoxdur, keç otur Eşşəklə bir sırada!” Bu misra cəmiyyətdə hər kəsin layiq olduğu mövqenin olduğunu, yersiz iddiaların isə gülünc vəziyyət yaratdığını açıq şəkildə bildirir.
Burada müəllif təkcə bir fərdi yox, status, vəzifə, kürsü davasına düşənləri hədəfə alır.
Təmsil – gülüş arxasındakı ciddi sözdür!
Mikayıl Məxfinin bu üç təmsili bir-birindən fərqli süjetlər üzərində qurulsa da, ortaq bir xətti var: dəyərin aşınması. Kitabın, sənətin, mövqenin, hörmətin dəyəri itəndə cəmiyyət səs-küyə, boş iddiaya və mənasız yarışlara sürüklənir.
Bu təmsillər oxucunu güldürməklə kifayətlənmir, düşündürür, silkələyir, xəbərdarlıq edir: sözə, sənətə, yerə hörmət itməsə, nə anbarlar tulantı yerinə çevrilər, nə züyçülər maestro olar, nə də dəvələr filin yerinə göz dikər.
Mikayıl Məxfi satiranın gücü ilə bizə bir həqiqəti xatırladır: cəmiyyət öz dəyərlərini tanımadıqca, qiymətləndirmədikcə, həyatın özü təmsillərə çevriləcək.
Sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm. Sağ olun. Ümidvaram ki, növbəti yazılarımın birində Mikayıl Məxfi haqqında tam məlumat verə biləcəm.
14.12.2025. Ağdam.
Müəllif: Zaur USTAC,
“Yazarlar” jurnalının baş redaktoru,
AYB və AJB-nin üzvü.
MİKAYIL MƏXFİNİN DİGƏR YAZILARI

YETMİŞ SƏKKİZİNCİ YAZI
“1+1=X” — İNSANIN TƏBİİ HALI HAQQINDA
(Səhər Əhmədin şeirində məlum məchullar)
Salam olsun, çox dəyərli oxucum! Bu dəfəki söhbətimiz tanınmış şair, yazıçı Səhər Əhmədin yaradıcılığında məlum məchulun mərtəbələri barəsində olacaq. Söhbətimizi müəllifin əlimdə olan “İkisi tapmaq” kitabından seçdiyim (səh. 29)“Yenə Bakıya qar yağır” şeiri əsasında qurmağa çalışacağam.
Səhər Əhməd müasir Azərbaycan ədəbiyyatının tanınmış şair və yazıçısıdır. O, 90-cı illərdən başlayaraq ədəbi fəaliyyətlə məşğuldur, şeirləri, hekayə və ədəbi yazıları müxtəlif mətbu orqanlarda dərc olunur. Səhər Əhməd həm ədəbiyyat, həm də jurnalistika sahəsində tanınmışdır. Mövzuya keçməzdən əvvəl müəllif haqqında qısa arayış təqdim edirəm.
QIŞA ARAYIŞ
Səhər Əhməd 1972-ci il mayın 14-də Kürdəmir rayonunun Şilyan kəndində ziyalı ailəsində anadan olmuşdur. Burada orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan dili və ədəbiyyatı fakültəsində təhsil almışdır (1992-1997). 1998-1999 “Xəzər” jurnalı redaksiyasına rəhbərlik etmişdir. 2000-2019-cu illərdə orta məktəbdə müəllim kimi çalışmışdır. Hazırda fərdi yaradıcılıqla məşğuldur.
Onun yaradıcılığı əslində çoxdan fərdilikdən çıxaraq, ümumbəşəri mahiyyət kəsb etməyə başlamışdır. Səhər Əhməd ən xırda bir etüdü xüsusi məharətlə böyük bir monoloqa çevirə bilir. İki şəxsin arasında olan münasibətlər kompazisiyanı böyük ustalıqla olduqca fərqli müxtəlif dünyalar üzərinə proyeksiya etməyi bacarır.
Qar, şəhərlərin yalnız mənzərəsini ağartmır; o, həm də yaddaşların, hisslərin, münasibətlərin üstündə səssiz-səmirsiz çökməyi bacarır. Şair Səhər Əhmədin“Yenə Bakıya qar yağır” şeiri də məhz bu sükutlu ağarmanın (soyuqluğun) içindən doğan bir dostluq fəryadıdır. Bu şeir, qışın soyuğunda itirilmiş bir istiliyi — dost istiliyini axtaran insanın daxili monoloqu, şəhərin dumanlı küçələrində dolaşan tənha nəfəsidir.
Şair burada qarı təbiət hadisəsi kimi yox, insanın daxili dünyasının fonunda təqdim edir. Qar yağır, Bakı soyuyur, amma bu soyuğun gerçək səbəbi heç də fəsil deyil — dostsuzluğun yaratdığı boşluqdur. Səhər Əhmədin lirikasında təbiət hər zaman insan hisslərinin aynasıdır; bu şeirdə də qar, tənhalığın simvoluna çevrilir.
Şeirin ilk bəndindəki “Sənsiz belə havaların Ləzzəti yoxdu, dostum.” beyti əsərin emosional açarıdır. Bu iki sətir təkcə bir insana deyil, bütöv bir nostalji dövrə, keçmiş günlərin istiliyinə, yoldaşlıq ritualına ünvanlanmışdır. Səhər Əhməd burada dostluğu adi bir münasibət deyil, həyatın dadını verən əsas komponent kimi göstərir. Sanki çayın dəmlənməsi, dəsgahın açılması, bir qurtum içmək, bir söz demək — hamısı həyatın kiçik sevinc elementləridir. Lakin bunları paylaşılası adam olmayanda hər şey mənasızlaşır.
Şeirin“İndi bir çay dəmləyəsən…” deyə başlayan hissəsi adi gündəlik hərəkətlərin belə insan həyatında nə qədər böyük rol oynadığını göstərir. Dostlarla bölüşüləndə ən sadə hərəkət belə bayrama çevrilir.
Şeirdə xüsusi yer tutan motivlərdən biri də qapının döyülməsidir. Bu, həm fiziki, həm də metaforik çağırışdır. İnsan bəzən kiminsə qapısını yox, keçmiş günlərin qapısını döyər, itirdiyi bir şeyin arxasınca çağırar. Bir də “Mən marketdən konfet alım, Sən evdən mürəbbə aç” beyti var — adi, sadə, lakin o qədər canlı, tanış bir durum ki… Səhər Əhməd dostluq rituallarını bu cür kiçik detallarla bərpa edir.
Bu səhnə iki insanın illərin içindən gələn, köhnə qutudan çıxan əziz, şirin xatirəsi kimidir. Sanki qış gecəsində yenidən bir otaqda toplaşmaq, çay süfrəsi ətrafında həyat barədə danışmaq arzusu şairin içindən qopub gəlir.
Şair çayı təsadüfən seçmir. Azərbaycan mədəniyyətində çay sadəcə içki deyil — ünsiyyətin başlanğıcıdır, söhbətin açarıdır, dostluğun təməl simvoludur. Çay Azərbaycan insanı üçün bir çox mətləbləri açıqlayan kod funksiyası yerinə yetirir.“Bir tünd çay dəmlə, dostum” — buradakı“tünd” ifadəsi həm çayın, həm də deyiləcək sözün ağırlığını daşıyır.
Çayın dəmli olması, sözün dəmli olması — bunlar şeirdə bir-birini tamamlayan paralellərdir. Şair demək istəyir: mənim sənə deyəcək sözüm var, amma o söz hissin, düşüncənin, illərin içində tündləşmiş sözdür.
Bakı kimi böyük bir şəhərdə tənha qalmaq hissi daha ağırdır. Çünki küçələr, işıqlar, mağazalar, kütlələr — hamısı bir canlanma halında ikən sən öz içində susmuş olursan. Şeirin sonunda hiss edilən “Yenə yaman dolmuşam” misrası bu mənada ağır emosional yük daşıyır. Dolmaq — içində çox sözün, çox dərdin, çox xatirənin yığılması deməkdir. Və bu doluluğun boşalacağı yeganə yer — anlayan dostdur.
Şair burada tək insan yox, tək qalan bir nəsli, tək qalan bir duyğu mədəniyyətini də ifadə edir. Telefon açmaq, gecikmək, yığışdırmaq, danışmaq — bunlar müasir insanın ən tipik, amma ən dərin davranış nümunələridir.
Bilmirəm, hal-hazırda ruh halıma uyğun gəldiyinə görəmi, yoxsa nədən sonuncu bənd lap sarı simə toxunur (tam səmimi olaraq etiraf edim ki, bu sicilləmə yazını da yazdıran məhz bu bənd olub):
Neynim, Bakıya qar yağır,
Neynim, soyuqdu, dostum,
Sənin kimi çay dəmləyən
Bir dostum yoxdu, dostum.
Səhər Əhmədin bu şeirində təkcə şəxsi hisslər yox, həm də sosial bir narahatlıq var: insanların bir-birindən uzaqlaşdığı bir dövrdə yaxınlıq axtarışı. Texnologiya asanlaşdırsa da, insan münasibətlərini incəldir, bəzən də solğunlaşdırır. Şeir oxucuya sual verir: bu qədər gur işıq içində niyə bir-birimizi görməz olmuşuq?
“Yenə Bakıya qar yağır” sadəcə qış şeiri deyil. Bu, dostun yoxluğunda soyuqlaşan bir dünyanın şeiridir. Qarın yağması, çayın dəmlənməsi, qapının döyülməsi, telefonun açılması, dostun yoxluğu, həmsöhbət axtarışı — bunların hamısı müasir insanın göz qamaşdıran parlaq həyat fonunda daxili dünyasının qaranlıq guşələrindən nişan verən işarələrdir.
Səhər Əhməd burada təkcə qarın Bakını yox, insanın içini də bəyaz soyuğa qərq etdiyini göstərir. Və oxucu anlayır ki, bəzən bir qurtum çay, bir az səmimiyyət, bir az dost səsi bütün bir qışı isidə bilər…
Bəlkə də heç belə deyil, bütün bunlar haliyədə mövcud olan real yağmurlu soyuq havanın (soyuqluğun) düşüncəyə yansıtdığı ilğımlı illüziya da ola bilər. Ancaq, düşünürəm ki, bütün hallarda mənimlə razılaşan oxucu tapılacaq.
Əziz və dəyərli dostum, sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm. Sözün əsl mənasında dövrümüzün əsas problemlərindən biri (gələcək üçün ən əsas) həmsöhbət qıtlığı, bir həmdəmə möhtac olmaqdır. Hələlik.
11.12.2025. Bakı .
Müəllif: Zaur USTAC,
“Yazarlar” jurnalının baş redaktoru,
AYB və AJB-nin üzvü.

YETMİŞ YEDDİNCİ YAZI
SENTYABR SARISININ SƏSSİZ SARSINTISI
(Səlim Babullaoğlu şeirində güzun güzəranı)
Salam olsun, çox dəyərli oxucum! Bu dəfəki söhbətimizin mövzusu tanınmış şair Səlim Babullaoğlunun “Sentyabr. Eylül. Veresen. September” şeiri haqqında olacaq. Mövzuya keçməzdən əvvəl müəllif haqqında qısa arayış təqdim etmək istəyirəm.
QIŞA ARAYIŞ
Şair, tərcüməçi, esseist, müstəqillik illəri Azərbaycan şeirinin öncüllərindən biri, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq əlaqələr və tərcümə məsələləri üzrə katibi Səlim Babullaoğlunun müstəqillik dövrü ədəbiyyatımızın inkişafında, xüsusilə də şeirimizin yeni ideya-məzmun keyfiyyətləri, eyni zamanda fərqli forma və üslub imkanlar qazanaraq yüksəlməsində, dünya poeziyasındakı mütərəqqi meyllərlə səsləşməsi yolunda xidmətləri əvəzsizdir. Bir yaradıcı şəxs kimi təkcə öz uğurları üçün deyil, ümumilikdə ədəbiyyat, kitab, kitabçılıq adına onun gördüyü bütün işlər təqdirəlayiqdir. Bu yazını yazdığım gün Səlim Babullaoğlunun 53 yaşı tamam olur. Şairi doğum günü münasibətilə təbrik edir, tutduğu yolda bolluca uğur arzulayıram!
Yuxarıda qeyd etdiyim kimi, bu yazımda bütün digər fəaliyyətlərini bir kənara qoyub, müəzzəm bir şeir haqqında söhbət edəcəyik:
Sentyabr. Eylül. Veresen. September
Sentyabr – il təqviminin sadəcə bir vərəqi deyil. O, zamanın içində səssizcə yetişən bir xatirədir. Payızın ilk nəfəsidir. Sarı rəngin, kədərin, yüngül, amma dərin melanxoliyanın ilk cümləsidir. Səlim Babullaoğlunun “Sentyabr. Eylül. Veresen. September” şeiri də məhz bu nəfəsdir: dörd dildə bir ayın adı, dörd tərəfdən eyni duyğunun səsləndiyi bir poeziya aləmi.
HAŞİYƏ
Sentyabr. Eylül. Veresen. September
eyni ayı – sentyabrı – müxtəlif dillərdə verir:
Azərbaycan: Sentyabr
Türk: Eylül
Ukraynaca (Slavyan mənşəli): Veresen
İngiliscə: September
Bu, ayın müxtəlif mədəniyyətlər və dillərdə eyni kədərli payız duyğusu ilə yaşanmasını vurğulayan poetik bir üsuldur.
Şair bir ayı sadəcə adlandırmır – onu yaşayır, ona çevrilir, onun ritmində danışır. Şeirin ilk sətri artıq bir manifestdir. Sentyabr bir coğrafiya deyil, bir xəyal durumudur. Ay sanki dörd dilin arasında dolaşır, sözlərin səddini aşır, “yerlə göyün arasında” gizli bir təlatümü çatdırır.
Dil dəyişir, duyğu dəyişmir:
Sentyabr.
Eylül.
Veresen.
September.
Dörd ayrı söz, dörd ayrı mədəniyyət. Və eyni sarı rəng, eyni kədər.
Sanki dünya kiçilib bir vərəqə yerləşib: yağış köndələndən yağır, külək göz doldurur, yarpaqlar qəpik kimi səpələnir. Şairin poetik kamerası geniş panoramı çəkmir – o, detalı göstərir: tozlu əlcək, sapsarı arı, çətir çiçəyi, köynəyin altındakı ürək. Bütün bunlar payızın metaforasıdır. Və bu metafora heç vaxt təmtəraq axtarmır. O sadədir, ləngərsizdir və buna görə də təsirlidir. Yarpaq bir rəngdə olsa da, şair onu müxtəlif rakurslardan çəpandazı süzərək, gah gözlərini qıyır, gah da daha geniş açaraq təbiətin möcüzəsi olan payız səhnələrini öz gördüyü kimi müxtəlif spektrli çalarlala bizə təqdim edir. Müəllifin baxış bucağı saniyələr çərçivəsində dəyişdikcə dillər və coğrafi sərhədlər dəyişsə də insan və onun hissləri dəyişməz olaraq qalır.
Şeirdə ayların dilini dəyişmək, sanki mədəniyyətlərin arasında sərhədsiz bir təcrübə yaratmaq deməkdir. Təqvimlər “özünü biyabır” eləyir: çünki insan onsuz da bilir – payız gəlib. Təqvimə baxmağa ehtiyac yoxdur. Güz gözün içindədir.

Şeirin ikinci bölümü sükutun fəlsəfəsinə dayanır. Sükut – qalib gəlir. Sözlər, dillər, təqvimlər yarışır, amma sonunda barmağını dodaqlarına qoyan bir səssizlik hamını susdurur. Qələmin ucu şimşək kimi “çaxanda” çiçək açan çətirlər həm qorunma, həm də təslimiyyət simvoludur.
Bu mənzərənin içində bir kədərli insan obrazı peyda olur – sədəqə istəyən. Şair ona pul verir, təbəssüm verir, diləyir: “Qoy, arzun çin olsun, qoy, üzün gülsün!” Bu, yalnız bir sosial səhnə deyil. Payızın içində insanın insana son sığınmasıdır. Pəncərənin dalından göyə uçan sözlər insanın içində yaşarıb gözə çevrilir.
Üçüncü bölümdə göy üzünün “tənbəl-tənbəl” ağarması – həyatın ritminin yavaşımasıdır. Məğrurluq miskindir burada. Çünki insan əvvəldən göylərə məğlubdur. Payızın fəlsəfəsi də budur: “Biz ki göylərə əvvəldən məğlubuq.”
İmre Kertesin açıq qalmış kitabı – yaddaşın, tarixin, fəlsəfənin bir simvoludur. Vərəqlər geri çevrilir, amma ömür geri dönmür. “Еh… kaş…” misrasının nəfəsi oxucunun sinəsində səslənir.
Həqiqət yalanlardan daha ağırdır. Buna görə süni gülün üzərində qalan miçək öpüşü belə təsirlidir. İnsan yalanı dinləməyə alışır. Çünki yalan sığallayır, həqiqət isə üşüdür.
Şeir finalda sanki kinonun son kadrı kimi dayanır. İşıq, kölgə, qızarmış üfüq, frigid qadıntək bir qələm. Və divarda bitən sevgi oyunu. Film bitir. Payız isə bitmir. Çünki payız yalnız bir fəsil deyil, insan ruhunun halıdır.
Bu şeir bir fəsil (ay) haqqında deyil – insanın öz içindəki payız haqqındadır. Sarı rəng və kədər, qüssəli tembr… Bunlar yalnız təbiətin deyil, düşüncənin rəngləridir.
Səlim Babullaoğlu payızı dilə gətirmir – payızı dildən azad edir. Ona görə dörd dil eyni nəfəsdə səslənir. Bu şeir coğrafi deyil, metafizikadır. Bu şeir fiziki təqvim deyil, ruh təqvimidir.
“Sentyabr. Eylül. Veresen. September” – təqvim dəyişəndə deyil, insan dəyişəndə başlayan bir aydır, ömrün payızdır.
O səssiz fırtınadır.
Sapsarı təlatümdür.
Bir tozlu əlcəkdir pəncərə önündə.
Dünyadan əl çəkmək yox, dünyanı sakitcə seyr etməkdir.
Bu şeir həm mətn, həm də güzgüdür. Payız hər kəsə bir başqa cür görünür. Amma sarı rəng hamının kədərinə uyğundur.
Və sual hələ açıqdır: Sentyabr, Eylül, Veresen, September… Adın nə fərqi var? Ay həmin aydır. İnsan, həmin insandır. “Payız” və ya “güz” de, nə fərq edər, fəsil həmin fəsildir, insan həmin insan…
Ayın adı dəyişir. Duyğunun adı dəyişmir.
Sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm, əziz və çox dəyərli oxucum. Allah amanında.
10.12.2025. – Bakı .
Şeiri buradan oxumaq mümkündür: >>
|>>Sentyabr. Eylül. Veresen. September
Müəllif: Zaur USTAC,
“Yazarlar” jurnalının baş redaktoru,
AYB və AJB-nin üzvü.

AD QOYDU
(hekayə)
– Boy, boy xoş gördük, a Savet kişi! Ə, Şura arvad nətərdi? Oktyabr nejədi? Neynirsiz? Nağayrırsız? Aprel nağayrır? Üzüm ayağının altına, mən ölüm bağışda, qızın – o aman-zaman bir baleyin, gül baleyin adı yadımdan çıxıf… Heş elə bil hamısını qırğın-davaynan, dava-şavaynan, 40 gün davam edən şəbehdən sonra bu qurumuş əllərlə mən ölmüş yazmıyıf.
– Zoya, qızımın adı Zoyadı. Salamatçılıqdı. Hamısının salam-duası var. Şura bajılığın da saa məxsusi salam göndərif.
– Hə, eşitmişəm. Özünnən qurtardı, indi də keçif gəlinlərə. Amma, ayıfdı. Sən allah bajılıx-zad nədi, bu gij-gij zarafatları qoy bir kənara. Allah-təala neçə ildən sonra qismət eliyif, züryət də verif saa, baba olmusan, eee baba…
– Ə, mən neyniyim e!? Sən öl, bax, bu mən ölüm, hərfiynən çatırıram. Dedi ki, məndən o arvadağız bajıma salam de. Denən ki, elə eləməsin ora gəlim. Bax, məni ora gətirməsin ha… Başın haqqı, canım haqqı, bax, maa beləjənə dedi.
– Ə, gə bəri, gə keç içəri görüm. Onsuz da siz düzələn zzzii.. şey döyülsünüz… Gə bəri. Bilirəm ki, nəvənə müdrüt dəftəri almağa gəlifsən.
– Boy, boy… Ə, yeni termosun da mubarəhdi.
– Ə, az danış, daqameti ver maa, keç otu görüm.
– Ə, dayan görüm bir, sənə iş var burda.
– Ə, ora-bura az boylan nuh-əyyamından qalma kabinetdi. Sən öl, elə düz görmüsən, son 40 ildə termosdan başqa dəyişən bir şey yoxdu. Bax bu qələm də bəlkə, bax o balaja gədeyin adı nəyidi? – Aprel, Aprel – yadıma düşdü. Bax, and olsun o Aprelin şirin canına bəlkə də elə onun adını yazdığım qələmdi…
– Ə, yaxşı ə… Ə, o başıyın üsdəki şikildən ayıfdı. O şikillər dəyişdi, sən dəyişmədin dana kişi kimi.
– Az danış, müxtəsər elə. De görüm uşağın adını nə yazax? İsmini söylə, ismini…
– “Azad” – babamın adıdı. Şura bajılığın dedi ki, bax elə beləjənə də yazsın: “Azadi Azad Oktyabr oğlu”.
– Paho… Yenə başladı dana bullar. Başına dönüm, a Savet, “Azad” olmaz! Başqa ad de.
– Ə, nətər olmaz. Nətər olmaz. Sən diyəsən hələ bu demaqratdarı yaxşı tanımamısan ha… Nətər olmaz, ə? Elə olar bal kimi. Olar! Olajax da!
– Ayə, vallah “Azad” olmaz. Qəti tapşırıx var. Savet, baleyin, balamın canı haqqı olmaz. Gör nə qəşəh addar var. Savet, a Savet, başına dğnüm. Bax, “Ağa” qoy, “Bəy” qoy. Nədi ə, tutmusunuz bu könə-kürüş addardan?!
– Ə, köhnə-kürüş niyə olur? Könə-kürüş belə sənin əbəjdadıyın adı olsun. Gül kimi babamın adıdı. Ayə, o boydana savet höküməti bizim adımıza, familimizə dəymədi, sən indi deyirsən ki, rəhmətlik babeyin adın o nurlu kişinin kötücəsinə qoya bilməzsən. Ayə dünyada o farmazonnu arvaddar var ha, onlar yadıcasın da görür eee. Biz sizin ujbatınızdan nəvədən o tərəfə keçəmmirik. O da, ya qismət. Qismət olsa… Rəhmətlik babam kimi “Azadi Azad” olajax!
– Olmuyajax! A Savet başına dönüm, bax, heç qoşa ad qoymağa icazə vermirlər, amma istəyirsən gə saa imkan yaradım “Ağabəy” qoyax bu uşağın adını, həm də o boyda kişinin adı oluf. Adıynan böyüsün, torpağı-sanı yaşasın, onun kimi adlı-sanlı kişi olsun. Gə, yox demə, bax elə belə də yazax: “Azadlı Ağabəy Oktyabr oğlu”.
– Ə, kiri! “Azadlı” nədi, ə? Biz demoqratıx axı, qağa! Nə tez unutdun ə, bunu sən, nə tez unutun?! Ə, vallah-billahi qojalıxdandı… Ə, qurdnan-qiyamata ha qalasın döyülsən… Çıx get out evində, qoyun bu cavannar işləsin dana başına dönüm… “Azadlı” nədi, ə? “Azadi”yik! “Azadlı” nədi? “Ağabəy” nədi? A başına dönüm, bu nə işdi, biz düşdük?!
– Niyə özündən çıxırsan, a Savet? A başına dönüm, təzə qayda belədi dana famili ta “lı”, “li” ilə yazırıx. “Ov”, “Yev”, “Zadə”, sizin o “ı”, “i”, “u”, “ü” -lər də ta ləğv oluf. “Ağabəy” istəmirsən, başqa ad fikirləşərik. Budeyha bu qalınlığında kitavı görürsən? Sağ olsunlar, başbilənlər göndərif. İçərisində hamısı milli, başucalığı gətirən adlardı. Birini seçərik, vəssalam-şüttamam, bu iş bitsin. Vallahi, billahi “Quran” kimi bir şeydi. Bunnan irəli camaat nətəri seçirdi, ə adı!? Hay!? Molla kitavı açardı, nə ad çıxdı, onu da qoyardılar uşağa. İndi nə oldu? Nə dəyişdi? Pişih asqırıf? Kor tutduğunu buraxmıyan kimi yapışmısan bir “Azad”ın quyruğundan. Ayə, vallah, qivlə haqqı deyiflər yazmıyın. Bir fikirləş ki, nəvən sabah yekəlif lap o qəlvi yerlərdən birində işləyir… Lap elə müdür oluf. Vallahi, billahi işçilər öz aralarında xısınlaşacaqlar ki, “az” gəldi, “az adı” gəldi, “adı az” gəldi, “az adam” gəldi, “balaca adam” getdi… Sən heş istəyərsən sənin nəvənə “xırda”, “dıqqılı” desinlər!?… Kəndimizin adını biyabır eləməh istiyirsən? Bu gözəl kəndimizin uca adını batırıf-batırıf yernən sürütdümək istiyirsən?! Ə, vallah ayıfdı… A Savet, səni and verirəm, o qərib anan Azədənin goruna gə, bu daşı tök ətəyinnən… Nəyidi o? O bir yaxşı söz var e…? Hə alternatif. Əgər, “Ağabəy” xoşlamırsan, onda mən alternatif olarax “Çoxadam”, lap elə “Çox”, “Çoxlux” təhlif eliyirəm.
– Ə, kiri! Kiri, ə! Ə, “Az” nədi? “Çox” nədi? Ə, ləğv oluf nədi, ə… “Lı”, “Li” nədi, ə… Babamın adı “Azad” oluf, nəvəmin də adını “Azadi Azad” qoyajıyıx vəssalam! “Azadlı”, yox bir “Azadlıx”…
– Savet başına dönüm, o kəlməni işlətmə! Vallah kəndimizi başımıza uçurallar, atamızı yandırallar. Bu gözəl kəndimizi yernən bir eliyəllər. Heş izi-tozu da qalmaz.
– Ə, neyniyillər eləsinlər, maa dəxli yoxdu. Qoy, Şuranı çağırım. Hanı ə, mənim o soxaya qalmış telefonum? Hanı mənim bu civ telefonum?! Alo, alo, az Şura, dəstəni də yığ, gə savetdiyə… Hə, bura, savetdiyə… Yazmır dana, bajılığın yazmır. Deyir heylə olmaz. Bilmirəm. Gəlin bura. Tez gəlin.
– A Savet, ə arvad-uşağı niyə tökürsən bura? Özümüz həll edəjeydik dana…
– Qoy gəlsinlər. Bu nədi ə?! Olmaz nədi ə?! Qoy hələ balaja gəlin də salamat qutarsın… And ola, o bir Allaha, onunkun da “Babək” qoyajam. Demirsən, saa qoşa ad palojnadı? Bax, dilindən çıxıf ha, onun adını “Babəkxürrəmi Azadi” qoyajam. Lap elə qoy “Azadlı” olsun! “Babəkxürrəmi Azadlı”.
– “Azad…”!, “Azad…”!, “Azad…”! …
– A Savet, bu nə səsdi ə?! Başına dönüm, bu nə səsdi?! Vay dədə, vay. Evim yıxıldı. De görüm, mən eşitdiyimi sən də eşidirsənmi?! Hıy!? Bu nədi, ayə?! İndi mən haranın külünü töküm başıma ayə!?
– Eşidirəm, Eşidirəm… Nə səs olajax?! Şura bajılığın başının dəstəsiynən gəlir. Bayaxdan maa oxuduğun qəzəldən indi bir-iki ağız da ona oxuyarsan…
07.12.2025. Bakı.
Müəllif: Zaur USTAC,
“Yazarlar” jurnalının baş redaktoru,
AYB və AJB-nin üzvü.