Akif ABBASOV – RAYONA EZAMİYYƏTƏ

Akif ABBASOV

                        RAYONA EZAMİYYƏTƏ

                                (hekayə)

         Mirzə bir növ adətkardə idi. Düzələnə oxşamırdı. Amma öz aramızdı, onun hərəkətləri bir çoxlarının xoşuna gəlirdi, görüb eşidir, deyib-gülürdülər.

Mirzə adam dolamaqdan, zarafatı zarafata calamaqdan yorulub usanmırdı.

Rayona ezamiyyətə gedəcəkdilər. Biri Mirzənin özü, biri də Yavər müəllim idi. O biri iki şəxsin biri Əliş, digəri Əvəz idi.

Mirzə ilə Yavər bir yerə düşmüşdü, Əlişlə də  Əvəz. Mirzə ilə Yavər – Masallıya, Əlişlə Əvəz – Salyana gedəcəkdilər. Artıq ezamiyyə vərəqələri də hazırlanmışdı. Direktorun imzalamağı qalırdı.

Mirzə tez aşağı, kadrlar şöbəsinin müdiri Aidanın yanına düşdü.  Özü ilə yaxşı bir şokolad qutusu da götürmüşdü. Şokalad qutusunu Aidaya uzadaraq:

-Səndən bir xahişim var. Gərək məni peşman eləməyəsən.

Aida şokolad qutusunu alıb qutunun yan-yörəsinə baxdı. Moskva konfetləri idi, özü də təzə. Qutunu şkafa qoyub Mirzə müəllimə müraciətlə:

-Eşidirəm.

– Mənimlə Yavər – Masallıya, Əlişlə Əvəz – Salyana ezam olunuruq. Əslində eyni məsələ ilə bağlı yola düşməliyik. Xahişim belədir ki, Yavərin yerini dəyişib  Əlişlə bir salasan.  Mən ezamiyyəyə Əvəzlə gedərəm.

-Direktor əmri və ezamiyyə vərəqələrini hələ imzalamayıb. Amma kimin kiminlə gedəcəyini mənə deyib. Əmri də yazmışam.

Mirzə müəllim şirin dilini işə saldı. Aidanın adının qırağına “xanım” sözünü də qoşdu:

-Ay Aida xanım, nə qoyub, nə axtarırsan?! Başqa-başqa işdən ötrü getmirik ki… Mənimki Yavərlə tutmaz, Əvəzlə getməyim məsləhətdir.

-Yaxşı, nə deyirəm ki.

Bəli, Aida Mirzə müəllim deyənə əməl elədi. Şokolad qutusunun ağzını da açmış, nuş-canlıqla Moskva şokoladı ilə yaxşıca bir pürrəngi çay da içmişdi. Sağ olsun Mirzə müəllim.

Birdən-birə direktorun acıqlı səsi eşidildi. Aida ayağa sıçradı. Direktor onu çağırırdı. Tələsik çıxdı. Yavər müəllim direktorun yanında idi. Özü də əhvalı pozğun. Direktor əsəbi:

-Aida, sənə nə tapşırmışdım? – deyə soruşdu. –Ezamiyyəyə gedənlərin yerini niyə dəyişmisən?

Aida udqundu:

-Mirzə,..Mirzə müəllim gəlib xahiş etdi ki, onu…

Direktor qəzəbli:

-Mirzə müəllim…

Direktor sonrakı sözlərini dilinin ucundan geri qaytardı və belə dedi:

-Mirzə müəllim, nahaq sənə elə deyib. Özü də mənim başımın üstündən. İndi çağırıb aşını-suyunu verərəm. Sən get, mən deyənə əməl elə.

Aida çıxdı. Direktor Yavər müəllimə:

-Sən də get, hazırlaş. Salyana deyil, Masallıya gedirdən, Əliş müəllimlə yox, Mirzə müəllim özü ilə. Belə məsləhətdir.

Yavər müəllim:

-Çox sağ olun, -deyib çıxdı.

Direktor zəngi basdı, katibə içəri girdi:

-Mirzə müəllimi yanıma çağır.

Katibə “oldu” deyib çıxdı.

Nə hadisə baş vermişdi? Yavər müəllim niyə narahat olmuşdu. Mirzə müəllimlə münasibətləri pis deyildi. Bəs Mirzə müəllim niyə bu həngaməni düzəltmişdi? Niyə Yavər müəllimin, onunla deyil, Əliş müəllimlə birlikdə düşməsini istəmişdi. 

Hə, bunun səbəbini Mirzə müəllim daha yaxşı bilirdi. Bu işdə də bir zarafat, bir hoqqa vardı.

Deyim nə idi. Əliş müəllim iri gövdəli, uca boylu idi. Hündürlüyü az qala iki metrə çatırdı. Yavər müəllim isə həm çəlimsiz idi, həm də boyu güclə metr yarıma çatırdı. Mirzə müəllim məzə, gülüş xatirinə onların ikisinin bir rayona getməsini istəyirdi. Bunu başa düşən Yavər müəllim narahat olmuş, əl-ayağa düşmüşdü. Əliş müəllimin yanında o uşaq kimi görünəcəkdi. Yoxlamaya gələn bu cütlük rayonda gülüş doğura bilərdi.

Oyunun olsun, Mirzə müəllim!

                                    Bakı şəhəri, 25 fevral 2021-ci il

Müəllif:Akif ABBASOV

AKİF ABBASOVUN DİGƏR YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir