AYTAC İBRAHİM – YURDSEVƏR

AYTAC İBRAHİMİN YAZILARI

YURDSEVƏR

Dar günündə vətənin,
Qeyrətini çəkənimiz
İrəlidə tank belində,
Düşmənə od verənimiz.

Fəxrimizsən, baş tacımız
Qürurumuz, and yerimiz.
Qorxmaza dayaq olan,
Şəhid Rəsulzadə Təbrizimiz.

Adın gəzir hər yerdə
Qorxu bürüyüb yad eli də.
Duruşuna bizləri də,
Həsrət qoyan Təbrizimiz.

Geyinəcəkdin bəy paltarın,
Süzəcəkdin öz toyunda.
İndi bulud  arxasından,
Süzüb gedən Təbrizimiz.

Bayraq olduz, enmədiniz.
Şəhid olduz gəlmədiniz
Azan olduz dinmədiniz,
Vətən deyib ötən Təbrizimiz.

Bəli… Barəsində danışacağımız igid Qax rayonunun Cəlayir kəndinin mərd oğlu Şəhid Rəsulzadə Təbriz Əfrayim oğludur…
Hardan yazaq, nədən başlayaq bilmirik.Hər insanın özəlliyi onu xüsusi, fərqli edir.Təbriz də, həmin o “Fərqli”lərdən idi…
Dildə yox ha, həmin özəlliyi əməli ilə sübut edənlərdən idi.Şübhəsiz ki, bunu bütün xalq gördü…
Bu cümlələr, tamamilə, pafosdan uzaq şəkildə yazılır.
Bəlkə də çoxunuza tanış gəlir bu ifadə- “Elə bil, şəhidlik üçün seçilib gəlmişdi dünyaya.”
Əxlaqi keyfiyyətləri, müsbət aurası, savadlı, bilikli, cəsur, intellektual olmağı ilə bütün kollektivin rəğbətini qazanmışdı Təbriz…
Hə…O da əvvəlcədən hiss etmişdi , şəhid olacağını.Hətta qardaşına yazdığı mesajların birində bayrağa bükülü tabutda gələcəyini söyləmişdi…
Cənab baş leytenant Təbriz Rəsulzadə anasızlığı yaşamışdı.Onu daha yaxşı tanıyanlar qeyd edir ki, anasının yoxluğundan sonra şəhidimiz daha da özünə və vətəninə qapanmışdı.Sanki, anasızlığın ağrısını öz peşəsini sevməklə, silahını, torpağını qorumaqla yadırğamaq istəyirdi.
Sərvi boylu, sevgi çələngi yarımçıq qalan, nakam taleli qardaşımız idi Təbriz…
Cəlayir kəndinin girişində, Şəhid Qorxmaz Əlizadə ilə bir fotosu var, adam hər gördükcə qürurundan sığmır özünə.O bayraqların əhatəsində özləri də, özləri ilə fəxr edir, əminəm…
Qardaşının balaca balası Fatiməni doyunca bağrına basmadan, hələ lap gözəl günlər görmədən özünü torpağa yetirdi Təbriz.
İndi kiçik Fatimə əmisinin şəkilləri ilə bəzədilmiş stola yaxınlaşıb, Təbrizin üz cizgilərini yadda saxlamağa çalışır.Axı, onun əmisi Şəhiddir, qəhrəman şəhiddir…
Rəsulzadəyə bir bacıdan daha artıq olan Məryəm xanım, şəhidimizin əzizi, Fatiməmizin anası Dünya xanım hələ də Təbriz kimi oğulun yoxluğunu qəbul edə bilmirlər…
Təbrizin cəbhədəki cəsur davranışlarından çoxları danışır.Hətta sevinirlər ki, məhz Təbriz kimi igidlə ünsiyyətdə olublar, bir çörəyi paylaşıblar, eyni qabdan su içiblər…
Bir Türkçülük aşiqi, vətən sevdalısı idi Təbriz.Bozqurd işarəsi onun ən sevimli simvolu idi…
Müharibə zamanı, bir çoxları kimi arxa cəbhədə olduğunu desə də, ən ön sıralarda düşmənlə üz-üzə vuruşurdu el oğlumuz…
Heç gözünü qırpmadan, canını düşünmədən odun, alovun içinə atılmışdı…
Aramızdan tez getdi, amma hamımızdan şərəfli bir yol seçdi özünə…
Gəlin, şəhidimizin həyat yoluna nəzər salaq…
Təbriz, Qax rayon Cəlayir kənd tam orta məktəbinin 9-cu sinfini 2008-ci ildə bitirmiş, həmin il Cəmşid Naxçıvanski adına Azərbaycan Ali hərbi litseyinə daxil olmuşdur.2001-ci ildə həmin litseyi bitirmiş, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi məktəbinə daxil olmuşdur.2015-ci ildə isə hərbi məktəbi başa vurub, hərbi fəaliyyətinə başlamışdır.
Azərbaycan ordusunun baş leytenantı olan Təbriz Rəsulzadə 2020-ci il, sentyabr ayının 27-də Vətən müharibəsi zamanı müxtəlif istiqamətdə gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur…

Allah bütün şəhidlərimizə rəhmət etsin!

Unutma, unutdurma…
Ömür karvanı tez keçir, amma yaxşı insanlar hər dövrdə anılır! 

Müəllif: Aytac İBRAHİM

AYTAC İBRAHİMİN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir