Xəzər deltasında göyqurşağı. Zaur Ustacın yeni kitabı haqqında – Kənan HACI

ZAUR USTAC – XƏZƏR DELTASINDA GÖYQURŞAĞI

XƏZƏR DELTASINDA GÖYQURŞAĞI
(Zaur Ustacın yeni kitabı haqqında)
Dilin gözəlliyi onun ilkinliyində, təravətində, kökündədir. Bu gün yazılan ədəbi mətnlərdə (istər poeziya, istər nəsr nümunələrində) sanki yad cisimlər dolaşır, dilin substansionallığı qondarma, hibrid sözlərə qurban verilir. İnsan əşyaları sözlər vasitəsilə tanıyır, özünü sözün batinindəki mənalarla formalaşdırır.
Söz həm də arxetiplərin övladıdır. Bədii mətnlər arxetiplərdən sızan elementlərlə yaranır. Mən Zaur Ustacın formaca ənənəyə bağlı, məzmunca yeni şeirlərini oxuyanda şairin bu fikir akrobatlığı məni yaxşı mənada təəccübləndirdi. Şeir qeybdən bizə ötürülən xəbərlərdir, bu informasiyaları poetik düşüncələrlə süsləmək istedadın göstəricisidir. Zaur bəyin şeirlərində ustadlardan bizə əmanət qalan dastan estetikası səma pıçıltılarını öz içindən keçirərək yeni biçimdə XXI əsr oxucusuna təqdim edir.

ZAUR USTAC – XƏZƏR DELTASINDA GÖYQURŞAĞI

ZAUR USTAC – XƏZƏR DELTASINDA GÖYQURŞAĞI

ZAUR USTAC – XƏZƏR DELTASINDA GÖYQURŞAĞI

ZAUR USTAC – XƏZƏR DELTASINDA GÖYQURŞAĞI
Zaurun bu kitabı sanki sakit axan çayın coşub-çağlayan dənizə – Xəzər deltasına qovuşduğu yerdir. Hissin, duyğunun müxtəlif çalarları, rəngləri bu şeirlərdə göyqurşağı kimi birləşir. Şeirlərdən alınan təəssüratları ümumən bu cür ifadə etmək olar: Xəzər deltasında göyqurşağı.
Çiçək açsa, haçan həyat ağacın,
Yaz çağındır, o çağını yaza yaz!
Qan qaynasa, qışın oğlan çağında,
Qışa deyil, o çağını yaza yaz…
* * *
Araz dağdır, haldan hala hal eylər,
Sakit axar, eldən elə yol eylər,
Dost-aşina, taydan taya əl eylər,
Ayaq açsa, o çağını yaza yaz!

Bu misralar “Şahi-cahan” şeirindəndir. Şair “kamera”sını (poetik görüm bucağı) Araza tuşlayıb, bu kamerada Araz çayının coğrafi təyinatından əlavə milli identifikasiyasına da işarələr sezmək mümkündür.
Milli Qəhrəman İlqar Mirzəyevin xatirəsinə həsr olunmuş şeirdə bu iki misra məni tutdu:
Özün getdin yuxuya,
Milyonları oyatdın…

Olduqca tutumlu ifadədir, yaddaşa həkk olunur. Həqiqətən, İlqar Mirzəyev, Mübariz İbrahimov, Polad Həşimov kimi oğullar Zaur bəyin təbirincə desək, “yuxuya” getsə də xalqın milli şüurunun oyaq qalması üçün canlarından keçdilər.
Başlanan yol qapından,
Şuşayadək uzandı…
Vətən oğlun itirdi,
Torpağını qazandı…

Can-torpaq qiyaslanması şeirdə orijinallığı ilə seçilir, yadda qalır. Şəhadət məqamına yetişən əsgər Vətənə, Vətənin şəklinə çevrilir, Vətənləşir. İnsan yoxdursa, Vətən də yoxdur, Vətən yoxdursa, insan da mövcud deyil. İnsanı ayaqda saxlayan üstündə durduğu torpaqdır. Ana torpaq ifadəsi əbəs yaranmayıb. Hamımız onun bağrından qopmuşuq, sonda yenə də onun qucağına düşəcəyik. Bu qəbil şeirlər Vətən sevgisinin əlifbasıdır. Vətən sevgisi imanla müqayisə olunur. İmansız adam üçün Vətən anlayışı yoxdur. Bu anlayışların konkretləşməsində poeziya çox böyük rol oynayır. Səməd Vurğunun “Azərbaycan” şeirini xatırlayın. Uşaqların ürəyinə Vətən sevgisini bu şeirlə toxum kimi əkmişik. Abbas Səhhətin “Vətən” şeirini yada salaq. “Vətəni sevməyən insan olmaz, olsa ol şəxsdə vicdan olmaz”. Ana südü kimi qanımıza hopan bu şeirlər zaman-zaman içimizdəki yurd sevgisini körükləyib.
Zaur Ustacın şeirlərini fərqləndirən həm də bu komponentlərdir. Həmin komponentlər dilin folklor qatından mayalanaraq həmin şeirlərin sanbalını, çəkisini birə beş artırır. Ədəbi genetika burada öz sözünü deyir. Zaur bəy estafeti öz sələflərindən alıb gənc nəsilə ötürür. Bu mənada şairlər, qələm adamları keçmişlə gələcək arasında möhkəm körpülər quran körpüsalanlardır.
Xəzər deltasında göyqurşağı adı altında toplanmış bu şeirləri bircə-bircə təhlil etmək fikrim yoxdur. Bu şeirlərdə 44 günlük Vətən savaşının da izləri var, didaktikanın ötəsində olan misralar da var, şəraitin diktə etdiyi (gərəkli və lazımlı!) pafos da var. Rənglər spektrində qovuşan hislər, duyğular oxucunun qan yaddaşına xitab edir.
Qələm dostuma yaradıcılığında uğurlar arzulayıram! Özü demiş, “bu yol ərənlər yoludur”. Yolun uğurlu olsun, Zaur Ustac!
11.01.2022. Bakı.

Kənan HACI

Mənbə: edebiyyatqazeti.az Arxiv: archive.vn

Müəllif: Kənan HACI ,
Şair, yazıçı, tərcüməçi.

KƏNAN HACININ YAZILARI

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

AD GÜNÜN MÜBARƏK OLSUN, AYŞƏN BALA – AYTAC İBRAHİM

AYTAC İBRAHİMİN YAZILARI

AYŞƏN BALA

Şirindir şəkər kimi,
Saçları suray bala.
Özü aydan da gözəl,
Bizim bu Ayşən bala.

Ad günüdür bax bu gün,
9 yaşa qədəm qoyur.
Hələ körpə fidandır,
Böyüyəcək Ayşən bala.

Söz-söhbəti kəm şirin,
Küsəyən, kövrək bala.
İlk nübardır siz bilin,
İlkimizdir Ayşən bala.

Gülüşü dərdlər açar,
Evlərinə gül saçar.
bacısı Günel kimi
Dəcəldir Ayşən bala.

Dərslərində uğurlar,
Gələcəyi nur bala.
Mübarəkdir ad günün,
Ay səni Ayşən bala.

Müəllif: Aytac İBRAHİM

AYTAC İBRAHİMİN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

“Həsəd çəkmədim heç vaxt” – Anar

ANAR

***

Həsəd çəkmədim heç vaxt,

Heç bir zaman heç kəsə.

Qısqanmadım kiminsə

şöhrətinə, dövlətinə, adına…

güclü istedadına

Ömrün son müddətində

İllər ötdüyü zaman

qısqanıram mən yaman

özüm bilmirəm haçan

gələcək Gələcəyə

Mənsiz keçən illərçün

qəribsəyirəm hər an.

Bir gün mən olmayanda

Necə yad edəcəklər,

nələr söyləyəcəklər?

İçində dərd çəkən kim?

Guya ki dərd çəkən kim?

Şux, şən zarafatları

yada salıb gülən kim?

Ayrılığa dözməyib

həsrətindən ölən kim?

Bəlkə də haqlıdırlar

Hindistan müdrikləri

Ölən insan da bir gün

Dönüb qayıdır geri,

Quş kimi, balıq kimi,

Ağactək, gül-çiçəktək.

Quşları ovlayırlar,

Balıqları tuturlar,

Ağacları kəsirlər,

gül-çiçəyi dərirlər,

yenə məhv olur dönən,

Mən hansıymışam görən?

Tutalım, lap belədir,

Dünyamı dəyişərkən,

Bir də dönəcəm geri

Kim tanıyacaq məni?

Dünya bir pəncərədir.

qapatma pəncərəni…

12 yanvar 2022

***

İtirdiyim dostlarla

yuxuda görüşürəm.

maska filan taxmadan

görüşüb-öpüşürəm.

Gündüz ölən dostlarım

Gecə yuxuma girir.

Mən burdan danışıram.

Soruram: orda nə var?

Cavab vermir heç biri,

Məlul-məlul baxırlar.

Oranın ünsiyyəti

bəlkə, susub baxmaqmış.

Görəsən, o dünyada

yuxular belə varmış?

Ordakı dostlarım da

Hərdən görürmü məni,

ordakı yuxularda?

Əslində, kim bilir kim,

Kimdi yuxulu, ayıq?

Bəlkə, onlardı oyaq

Biz burda yuxudayıq.

13 yanvar 2022

***

Asilərim elə hey məni dəfn eləyirlər

“tükənibdir” deyirlər.

Amma mən də beləyəm:

“Basdırılandan” sonra,

“tükənəndən” sonra da

On cild kitab yazmışam.

Bir gün əgər doğrudan

əcəl qapımı döysə,

Ölümə də hazıram.

Amma hələ ki, sağam

Yazmaqçün yaşayıram,

yaşamaqçün yazıram.

12 yanvar 2022.

İlkin mənbə:edebiyyatqazeti.az

Müəllif: ANAR

ANARIN DİGƏR YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

“DƏRDİM, SEVİNCİM”

İLDIRIM ƏKBƏROĞLUNUN YAZILARI

“DƏRDİM, SEVİNCİM”
(Sonetlər çələngi 15 nəğmədən ibarətdir. Nəğmələr doğma Azərbaycanımıza həsr edilib! Dərdim, sevincim, Azərbaycanım…)
I
Olmasın, olmasın sənsiz bir günüm,
Ancaq qucağında uyuyaram mən.
Kimə yetə bilər harayım, ünüm
Əgər sən olmasan, ey ana Vətən.

Qdludur torpağın əzəldən, başdan
Dağlarda qarın da qığılcım çaxar.
Sənin ürəyini döyündürən qan
Mənim də qəlbimdən dolanıb axar.

Nahaqdan qəlbimə dəyən olanda,
Payız səması tək qəlbim dolanda,
Ummuşam gülndən, çiçəklərindən.

Fikirlər uçdumu uzağı çəkər,
Görüb dərdlərini sızlasam əgər
Demə uşaq kimi ağlar, kürəm mən.

II

Demə uşaq kimi ağlar, kürəm mən.
Sənin çəkdiklərin tarixdə azmı.
Sökülən, danılan, dağ çəkdirilən
Bir ana övladı de, ağlamazmı?

Çiçəklər içində çiçəyin incə,
Nəğmən nəgmələrə ilk cığır açdı.
Elə bir ocağa döndü ki, Gəncə
Bütöv yer üzünə nurunu saçdı.

Dildən dilə düşdü şöhrətin, adın
Çoxları üstünə oynatdı atın.
O gündən qaraya tutuldu günüm.

Eh, bir də həyatda deyilki yalan
Pis gözə bıçaqdır qiymətli olan
Eşit, Azərbaycan, başına dönüm.

III

Eşit, Azərbaycan, başına dönüm,
Çiçəklər oxşayar, tikanlar dalar.
Yadından çıxıbmı “Məvailər”im…
Qiymətli zər kimi oğurlandılar.

Vətən yanğısıdır, Vətən yanğısı,
Insan ürəyində dərdin dərini.
Bəlkə də dönəndə durna sırası
Oxuyur onların nəğmələrini.

Dəyişən dəyişib, qalanlar qalır,
Kimi üz çevirib astarın salır.
Tarixsə dəyişməz həməndir, həmən.

Pərvanə vurğundur yanarsa şamda,
Bəzən qovurlanıb, sızıldasam da
Sənin şöhrətinlə öyünürəm mən.

IV

Sənin şöhrətinlə öyünürəm mən
Dillərdə əzbərin birmi, ikimi.
Saysız övladın var dillərdə gəzən,
Həsən oğlu kimi, Nizami kimi

Çoxu çiçək olub öz çəmənində
Olana olan tək qiymət verən az.
Qarşımda eşmirəm ocağı mən də
Sənin çiçəyindən gülündən olmaz.

Düşüb şerləri hey dildən-dilə
Sənin Nizaminin hikməti ilə
Ilkin açmadımı dünyada bahar.

Azmı çürüyübdür qılınclar qında,
Ulu əsrlərin ulu yolunda
Qartal duruşun var, qartal adın var.

V

Qartal duruşun var, ulu adın var.
Cır meyvə gətirməz cır deyilsə tum.
Doğuldun, bələyin oldu dümağ qar
Qurdu beşiyini Turan xatunun.

Qəlbinin mayası od idi deyə
Oğlun da, qızın da pir bildi odu.
Sənin sevincinə, yaşına yiyə,
Ağsaqqal seçdilər Dədəm Qorqudu.

Başsız el-obadan əksilməz qada,
Ixtiyar sahibi şah olubsa da,
Sözü ötən olub ağsaqqalının.

Bir alaq kökündən göyərər mini
Necə ki, görmədin Aruz kimini,
Başından aşıbdır dövlətin, varın.

VI

Başından aşıbdır dövlətin, varın
Var-dövlət daş-qaşdır, qızıldır məgər?!
Şerin var bir bəndi fateh şahların
Bütöv sərvətinə, zərinə dəyər.

Çox düşüb kəsərdən baş kəsən yaraq,
Kəsərdən düşməyib sözün sətiri.
Haq sözü daş-qaşdan üstün tutaraq
Dahi olmadımı oğlun Xəqani.

Nə olsun çoxları özündən deyib,
Həmişə başını aşağı əyib
Meyvəli ağaclar, ay gözümə nur.

Keçib qanımıza qəlbindəki köz,
Nahaqdan üzünə haqq dediyin söz-
Dünyanın özünə çıraq olubdur.

VII

Dünyanın özünə çıraq olubdur.
Bir el yolunda da çıraq yandıran.
Dilindən köz alıb, dağından qürur
Yoluna nur oldu Xətai balan.

Çox tapdaq olmuşdun düşmənə, yada
Boynu bükülüydü açan gülün də.
Həsrəti qürbətdə zoğ atdısa da
Füzuli axır ki, ötdü dilində.

Doğma havasını çalmaq dəmində,
Ötə bilərsə də özgə simində….
Daha gözəl ötüb öz simi tarın.

Demə ki, dərd deyil, dərdsə də azdır.
Şerini özgənin dilində yazdı
Sinəndə göz açan söz sərrafların.

VIII

Sinəndə göz açan söz sərrafların
Vaxt olub çiçəkcə anılmayıblar.
Dilləri dillərdə ötüb onların,
Ancaq haqq yolunda yanılmayıblar.

Fəzlullah Nəimin iki bölünüb,
Dözmüsən dərdini sən uda-uda.
“Ənəlhəqq” söyləyib Allaha dönüb,
Nəsimi – dərisi soyulubsa da.

Tarix canı deyib hər soyan kəsə
Ancaq görmüşük ki, soyulan isə
Haqqın yollarına şəfəq, nur salıb.

Onunla fəxr edib öyündüm ki, mən-
Talanıb, soyulub, danılsan da sən,
Çoxunun gözləri əlində qalıb.

IX

Çoxunun gözləri əlində qalıb
Baxma ki, çoxları daş atıb sənə .
Nadir əsərlərin azmı talanıb,
Dönüb özgələrin qiymətlisinə.

Söz də tarix deyil hər yetən dana,
Qarğa verə bilməz bül-bül yerini.
Məgər çıxmadımı, de öz adına
Bodenşted Vazehin nəğmələrini?…

Qələm dediyini deyə bilməz ox,
Bu həyat yolundsa çox görünüb, çox,
Talayan alçalıb, soyan alçalıb.

Elə soyulmağın dərddimi təkcə,
Yox, sənə can atıb yetişmədikcə….
Çoxunu dərd alıb, fikir-qəm alıb.

X

Çoxunu dərd alıb, fikir-qəm alıb,
Sən çiçək açdıqca, gətirdikcə bar.
Bəzən də illərcə qonağın qalıb,
Sənə quyu qazan, tor quran da var.

Yolunda keçsək də, bir, canımızdan,
Uyduq neçəsinin əməllərinə.
Özümüz sıyrılıb öz qınımızdan,
Qırdıq özümüzü düşmən yerinə.

Qeyrət məqamında uduzmuşuq biz-
Elə ki, bilinib kəramətimiz,
Səni döndəriblər yola, səkiyə.

Sənin çörəyini yeyənlər ki, var,
Çox məqam gözləyib, çox göz qoyublar,
Qızıl qanını da sorsunlar deyə.

XI

Qızıl qanını da sorsunlar deyə
Sərhədlər keçiblər, dağlar aşıblar.
Zoru keçməyəndə keçib hiyləyə,
Söz verib, and içib “qardaşlaşıblar”.

Eləı ki hiylənin yırtılıb qını,
Əvvəl qeyrətini veriblər bada.
Dartıb bədənindən şah damarını,
əmzik tək əmiblər onu sonra da.

Xəncər qayıdarmı sipər yoxdusa ,
Övlad ürəyində təpər yoxdusa…..
Ay anam, nə xeyri deyilən sözün.

Mənim də öz gücüm çatır dilimə,
Ay Vətən, günahkar özünsən demə.
Bil, alnın açıqdır, bil, ağdır üzün.

XII

Bil, alnın açıqdır, bil, ağdır üzün.
Səndə sınmaz olan duruşa əhsən .
Ay elim, ay obam, fikir ver özün,
Bu dərdə sənsən ki, tab gətirmisən.

Bir de hansı qartal uça bilərdi
Bircə qandıyla zirvə tənində.
De, hansı torpaqda çiçək gülərdi
Sənin torpağın tək darda, çətində.

Paklıq ələnibdir səndəki oda,
Bir gözün həmişə ağlayıbsa da
Əsrlər içində gülüb bir gözün.

Baxıb keçmişinə balan kimi mən,
Üz tutub deyirəm, inan, ürəkdən
Bütövdür yerişin, bütövdür sözün.

XIII

Bütövdür yerişin, bütövdür sözün
Belə bir gedişi ariflər anlar.
Qaranlıq uçruma bürünsələr də,
Büdrəməz heç zaman bütöv olanlar.

Mən də bir övladam yuxusu sərsəm,
Taleh gəncliyimlə oynadı oyun.
Adına zərrəcə ləkə gətirsəm,
Qoy gəlsin burnumdan çörəyin, suyun.

Özümə qənimmiş mənim bu andım….
Ömür yollarında sərtlik qazandım….
Alnımı daşlara hey döyə-döyə.
Iki yad ocağa bölünməz bir ev,
Ay Vətən, qəlbimdə bütövsən, bütöv,
Qəlbini bölsə də Araz ikiyə.

XIV

Qəlbini bölsə də Araz ikiyə,
Nəğməni bir tonda çalan tarın var.
Üz tutub o taya “Şəhriyar” deyə
Səsinə səs verən Bəxtiyarın var.

Bir ağac kökündən söylə bir mənə
Iki özgə ağac çıxa bilərmi?!
Bir çay əsrlərlə biri-birinə
Söykənən dağları yıxa bilərmi?!

Açdım əllərimi qucam mən səni
Tikanlı məftillər qoymur birini,
Biri də halsızdır başına dönüm.

Təki hürsün itin, yansın çırağın,
Təki məndən olsun gələn sorağın,
Olmasın, olmasın sənsiz bir günüm.

XV

Olmasın, olmasın sənsiz bir günüm,
Demə uşaq kimi ağlar, kürəm mən.
Eşit, Azərbaycan, başına dönüm
Sənin şöhrətinlə öyünürəm mən

Qartal duruşun var, ulu adın var.
Başından aşıbdır dövlətin, varın
Dünyanın özünə çıraq olubdur.
Sinəndə göz açan söz sərrafların.

Çoxunun gözləri əlində qalıb
Çoxunu dərd alıb, fikir-qəm alıb
Qızıl qanını da sorsunlar deyə

Bil, alnın açıqdır, bil, ağdır üzün.
Bütövdür yerişin, bütövdür sözün
Qəlbini bölsə də Araz ikiyə…

Müəllif: İldırım ƏKBƏROĞLU

İLDIRIM ƏKBƏROĞLUNUN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Natiq  RƏSULZADƏ

“21 – XXI ƏSRİN 21 AYDINI”-TUNCAY ŞƏHRİLİ

Natiq  RƏSULZADƏ

Natiq Rəsul oğlu Rəsulzadə — Azərbaycan yazıçısı, Azərbaycanın əməkdar incəsənət xadimi (1999), “Şöhrət” ordeni laureatı (2009), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü. Azərbaycan Respublikasının Xalq yazıçısı (24.05.2019).

HƏYATI
Natiq Rəsulzadə 5 iyun 1949-cu ildə Bakıda anadan olub. 1975-ci ildə Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunu bitirib. 1979-cu ildən Azərbaycan Yazıçılar Birliyinin, Kinematoqrafçılar İttifaqı və Teatr Xadimləri İttifaqının üzvüdür. 40 ilə yaxındır ki, əsərləri bir çox dillərdə və dünyanın adlı-sanlı ölkələrində çap olunur. Azərbaycanda, ABŞ-da, Rusiyada, Macarıstanda, Yuqoslaviyada, Polşada və başqa yerlərdə 40-dan artıq kitabı işıq üzü görüb. Əsərləri bir çox nüfuzlu milli və beynəlxalq ədəbi mükafatlara layiq görülüb. 1984-cü ildə N. Ostrovski adına Ümumiyttifaq Mükafatına layiq görülüb. “İntihar edənin gündəliyi”, “Gecə çaparı”, “Nonsens”, “Məhəbbət ili”, “Yağışlı bayram”, “Kabuslar arasında”, “Quş çəkirəm”, “Ulduz yollar”, “Tələ”, “Adacıq” və başqa geniş oxucu rəğbəti qazanmış əsərlərin müəllifi olan Natiq Rəsulzadənin ssenariləri əsasında “Mələklərə inanmayın”, “Bayramda yağış”, “Yaşa, qızıl balıq”, “Vahimə”, “Sifarişçi”, “Gecə qatarında qətl”, “Nə gözəldir bu dünya…”, “Girov”, “Ovsunçu”, “Biz qayıdacağıq” kimi onlarla maraqlı filmlər çəkilmişdir. 2017-ci ildə yazıçının əsəri əsasında Azərbaycan Dövlət Rus Dram Teatrında “Meme” tamaşası səhnəyə qoyulub.

Azərbaycanın əməkdar incəsənət xadimi (1999) fəxri adına layiq görülüb. Respublika Dövlət mükafatı laureatıdır. 2009-cu ildə “Şöhrət” ordeni ilə təltif olunub. 21 dekabr 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.

ƏSƏRLƏRİ
«Uşaqlıq lövhələri»
«İşıqlı toran»
«Bayramda yağan yağış»
«Gecədə atlı»
«Ruhlar arasında»
«Intihar edənin qeydləri»
«Kabusların arasında»
«Ulduzların altında yol»

FİLMOQRAFİYA
Bayramda yağış (film, 1985)
Biz qayıdacağıq (film, 2007)
Biz qayıdacağıq (veriliş, 2007) (II)
De ki, məni sevirsən! (film, 1977)
Dünən, bu gün, sabah (film, 1992)
Epizod (film, 2002)
Gecə qatarında qətl (film, 1990)
Girov (film, 2005)
Nə gözəldir bu dünya… (film, 1999)
Ovsunçu (film, 2002)
Pərilərə inanmayın (film, 1979)
Sifarişçi (film, 2000)
Sürpriz (film, 1977)
Vahimə (film, 1998)
Yaşa, qızıl balıq (film, 1988)

Mənbə: “21 – XXI ƏSRİN 21 AYDINI”-TUNCAY ŞƏHRİLİ

Hazırladı: Tuncay ŞƏHRİLİ

TUNCAY ŞƏHRİLİNİN YAZILARI

“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

İLDIRIM ƏKBƏROĞLU

İLDIRIM ƏKBƏROĞLUNUN YAZILARI

Vətən çağırırsa

Vətən çağırırsa, qalx əsgər kimi,

Geciksən torpağın talana bilər.

Sönər qızındığın isti ocağın,

Axar çeşmələrin bulana bilər.

*   *   *

Birlikdir gücü də bahar selinin,

Ürək təpərindir sözü dilinin.

Dönməsən paşına pir tək elinin.

Bu dünya başına dolana bilər.

*   *   *

Qeyrət tək baxılıb dağ çiçəyinə

Kişi papağına, qız ləçəyinə .

İgidlər durmasa çiyin-çiyinə

Əsgəran, çənlibel alına bilər.

*   *   *

Vətəni böldürər bölünən ordu,

Vətinin qarı da sönməyən qordu.

Təpərsiz övladın boş qalar yurdu,

Külü kül üstünə qalana bilər.

*   *   *

Ay vətən, sinəmdə vuran ürəksə,

Qoymaram üstünə bircə quş səksə.

“Vağzalı” çalınan tarda, gərəksə,

Bir zaman “Cəngi” də çalına bilər.

<<<< İLDIRIM ƏKBƏROĞLU >>>>

Geriyə baxma

Qəm, kədər içində gün keçdi hədər,

Tay dönməz o günlər, geriyə baxma.

Səni yıxa bilər bir qəza-qədər

Zirvə ucalıqdan dərəyə baxma .

*   *   *

Dəryay baş vurma, bil heydən salar,

Özündən küs, inci batırsa sular.

Səni qurtarmağa yetməz arzular,

İmdada yetişən bəzəyə baxma.

*   *   *

Düşərsən irəli, yolun kəsməsə

Bir nadan tor qurub yolu kəsməsə.

Qollar güclü olub, qılınc kəsməsə

Hədərdir, çəkilən nərəyə baxma.

*   *   *

Özünü itirən yolu itirər,

Bu torpaq tikan da, gül də bitirər.

Acından ölməzsən, Tanrı yetirər

Nadan Əllərində çörəyə baxma .

*   *   *

İldırım, çox demə kimsə qoymadı

Bu gözəl dünyadan heçkəs doymadı

Hər dərdə kədərə yandın, qıymadı

Halına sızlayan ürəyə baxma.

 <<<< İLDIRIM ƏKBƏROĞLU >>>>

Sən məndən, mən isə səndən ötəri

(<<<<40-cı şeir>>>>)

Bir dəfə nə sizə nə bizə gəldik

Birgə dolanmadıq, üz-üzə gəldik

Demə bu dünyaya, bu ərzə gəldik

Sən məndən, mən isə səndən ötəri

*   *   *

Ay doğar, gün doğar ümid yerinə

Kökü eşqimizin gedər dərinə

Dönərik nəğmənin cüt sətirinə

Sən məndən, mən isə səndən ötəri

*   *   *

Qismət də talehin, bəxtin naxışı

Gül açar gözlərin sevin yağışı

Yararıq dağları, çaparıq daşı

Sən məndən, mən isə səndən ötəri

*   *   *

Dərd keçsin ayağa, səadət başa

Ömrümün baharı düşməsin qışa.

Qoşa göyərçin tək uçarıq qoşa

Sən məndən, mən isə səndən ötəri

*   *   *

Kimsə çox görməsin bülbülü gülə

Gətirsin hər kəsi kaş, vüsal dilə

İnan özümüzü atarıq selə

Sən məndən, mən isə səndən ötəri.

*   *   *

Səadət pöhrədir, kökü vüsalda

Qar donar günəşsiz yamacda, yolda

Bircə qalmayaydıq gözləri yolda

Sən məndən, mən isə səndən ötəri

Müəllif: İldırım ƏKBƏROĞLU

İLDIRIM ƏKBƏROĞLUNUN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

“Azərbaycan dilinin frazeologiya lüğəti” işıq üzü görüb

YENİ KİTAB

“Azərbaycan dilinin frazeologiya lüğəti” işıq üzü görüb

“Azərbaycan dilinin frazeologiya lüğəti”
dilçiliyimizin leksikoqrafiya tarixində misli görünməmiş frazeologiya lüğətidir. Lüğətin orjinallığı təkcə onun həcmi ilə deyil, birinci növbədə lüğətin xüsusi elmi-nəzəri bazası ilə, lüğət məqa­lələrinin vahid struktur prinsiplərinə riayət etməklə tərtib olunması ilə ölçü­lür. Xüsusi elmi-nəzəri baza dedikdə biz frazeologiya nəzəriyyəsi məkanında irəli sürülmüş TRANSDİL ideyasını nəzərdə tuturuq, yəni dilin frazeologiya fondunun TRANSDİL mahiyyətli bir fenomen olması ideyasını qabardırıq. Frazeologiyanın TRANSDİL konsepsiyası akademik Kamal Abdullayevin və professor İlyas Həmidovun Moskvada Rusiya Federasiyası Elmlər Akademiyasının Dilçilik institutunun sabiq direktoru REA müxbir üzvü V.A.Vinoqradovun yubileyinə həsr olunmuş “В пространстве языка и культуры. Звук, знак, смысл (М., ЯСК, 2010) adlı çox ciddi bir elmi məqalələr toplusunda nəşr olunmuş, Rusiya frazeoloqlar cəmiyyətində bir növ aprobasiyadan keçmişdir. Sözügedən konsepsiya barədə lüğətin “Ön söz” bölməsində də müfəssəl məlumat verilir. Həmin bölmədə lüğət məqalələrinin spesifik strukturunu təşkil edən informasion blokların vaciblik dərəcəsi aydınlaşdırılır.

Lüğət məqaləsinin quruluşu birinci növbədə aşağıdakı tələb və prinsiplərlə şərtlənir: a) vokabula – ifadənin dominant forması olmalıdır və b) bu dominant formasının leksik-qrammatik variantları semantik baxımdan dominantdan heç bir konnotasiya ilə fərqlənməməlidir ki, c) dominant formanın (vokabulanın) məna izahı və ya izahları variantların da adekvat məna izahı kimi çıxış edə bilsin; d) məna izahının hər iki pozisiya üçün adekvat olmasını isə klassik ədəbiyyatdan cəlb olunmuş illüstrativ materialın köməyi ilə işıqlandırmış oluruq; e) növbəti pozisi­yada vokabula ilə (dominant forma ilə) bu və ya digər semasioloji nisbətdə olan, onların mənalarını bu və ya digər səpgidə – etimoloji baxımdan, sinonimiya-variativlik və ya “daxili forma” baxımından açıqlayan dil vasitələrinin toplusu təqdim edilir ki, bu da dilimizin real, amma bəzən unudulmuş rəngarəng ifadə­lə­rinin oxucu yaddaşında canlandırmaq, oyatmaq məqsədini güdür; ə) o ki qaldı dominant ifadələrin rus dilinə tərcümə-ekvivalentlər blokunun lüğətdə yer tut­ma­sına, demək lazımdır ki, tərcüməçilik praktikasında məhz frazeoloji vahidlərin tərcüməsi xüsusi çətinliklərlə qarşılaşır. Bu mənada lüğətdə təqdim olunan tərcümə materialları ali məktəblərin tərcüməçilik fakultələrində təhsil alan tələbələr üçün və ümumiyyətlə, tərcümə işi ilə məşğul olan ixtisasçılar üçün böyük kömək ola bilər. Bu mənada təqdim olunan Lüğət polifunksional (izahlı-tərcümə) xarakterli leksikoqrafik mənbə kimi çıxış edir: polifunksional leksikoqrafik əsərlər leksikoqrafiya tarixində heç də istisna olmamışdır – rusistikada, qermanistikada bu qəbildən olan lüğətlər mövcuddur.

Təqdim olunmuş lüğətin digər əsaslı – nəzəri, praktik, funksional – xüsu­siy­yətlərindən biri də əsərin Azərbaycan dilinin frazeoloji leksikoqrafiyasında aça biləcəyi perspektivlərdir:

1. Doğma dilimizin frazeologiya fonduna ixtisasçı-tədqiqatçı marağının çoxalması, dilimizin frazeologiyasının zənginliyinin aşılanması işində dəyərli təsir effektinin yaranması.

2. Lüğətimizin materialları əsasında orta məktəb şagirdləri üçün frazeoloji minimum lüğətinin tərtibi probleminin asanlaşması perspektivi.

3. Azırbaycan dilinin frazeoloji sinonimlər lüğətinin tərtibi sahəsində görülə biləcək işlərin aktuallaşması.

4. İrihəcmli azərbaycanca-rusca frazeologiya lüğətinin tərtibinin gündəmə gətirilməsi və s.

Lüğətin üz qabığında göstərilən statistik məlumatlar dediklərimizə əyani sübut kimi çıxış edə bilər.

“Azərbaycan dilinin frazeolofiya lüğəti”nin mükafata təqdim olunma səbəblərini yuxarıda ərz elədiyimiz sistemli faktlarda görürük. Əlavə göstəricilər qismində qeyd edək: Lüğətin yaradıcı kollektivinin üzvlərinin fədakar əməyi (kiçik bir qrup entuziast alimlərin 15 ildə gördüyü iş heç də əzabsız olmamışdır) öz bəhrəsini bu şəkildə vermişdir. Necə deyərlər, bizim bacardığımız bütün ilklər kimi heç də möqsansız deyil. Nöqsansız, mükəmməl lüğəti ancaq Allah-taala tərtib edə bilər (Pyer Büast). Bizim ən ümdə işimiz gələcək tədqiqatçılara qida vermək oldu. Qoy bizdən sonra gələn alimlər daha yaxşısını yaratsın. Azərbaycan frazeologiyasında – bu nəhəng və dərin dəryada – hamı üçün fəaliyyət dairəsi genişdən genişdir.

Dir bir fakt da, fikrimizcə, önəmlidir. Adı çəkilən lüğətin tərtibçiləri rusistika üzrə ixtisasçılardır. Amma həmin müəlliflərdən üç nəfəri – proyektin rəhbəri professor İ.H. Həmidov, professor M.Q. Qocayev və dosent R.Ə. Məmmədova – orta məktəbi Azərbaycan dilində bitirmişlər, yəni azərbaycandilli alimlərdir. Yalnız dosent L.İ. Həmidova rus təhsilli mütəxəssisdir, ancaq azərbaycan dilini mükəmməl bilir və namizədlik dissertasiyası da rus-Azərbaycan frazeoloji tipologiya və tərcüməçilik məsələlərinə həsr olunmuş bir təqqiqat əsəridir.

1. Professor İlyas Həmidulla oğlu Həmidov– rus dilinin frazeoloji sintaksisi üzrə mütəxəssisdir. Bu sahədə bir neçə monoqrafik əsərin müəllifidir. 3 irihəcmli rusca-azərbaycanca paremiya-frazeologiya lüğətinin müəllifi kimi özünü səriştəli bir leksikoqraf kimi tanıtmışdır. Azərbaycan dilində də bir sıra elmi əsərlər yazmışdır. yetişdirdiyi elmlər namizədləri və doktorları sırasında (21 nəfər) 8 nəfəri azərbaycan-rus paremiya-frazeologiyası üzrə mütəxəssislərdir.                    

2. Professor Məmməd Qoca oğlu Qocayev əməkdar elm xadimi, klassik rus və azərbaycan ədəbiyyatı tarixi üzrə tanınmış mütəxəssisdir. Azərbaycan və rus dilini  ana dili səviyyəsində mükəmməl bilir. F.M. Dostoyevskinin 13 irili-xırdalı romanını Azərbaycan dilinə tərcümə etmiş, ədəbi tərcüməçilər sırasında özünəməxsus yer tutmuşdur.

3. Dosent Rəna Əlyar qızı Məmmədova Azərbaycan-rus tipoloji (müqa­yi­səli) frazeologiyası üzrə təcrübəli və sanballı mütəxəssisdir. Azərbaycan dilinin frazeologiya sisteminin praktik səpgidə çox gözəl bilicisidir və bir leksikoqraf kimi yetişmişdir. Lüğətin çoxminli kartoteka bazasının təşkil olunmasında, onun sistem­ləşdirilməsində layihə rəhbəri ilə bərabər əmək sərf etmiş və onu əsaslı surətdə dəstəkləmişdir.

4. Dosent Leyla İlyas qızı Həmidova, yuxarıda qeyd etdiyimiz kimi filologiya elmləri namizədi, Azərbaycan-rus tipoloji frazeologiyası üzrə ixtisasçı­dır, 3 rusca-azərbaycanca lüğətin müəllifi kimi özünü bacarıqlı leksikoqraf kimi tanıtmışdır. Hazırda Azərbaycan Dillər Universitetində çalışır.


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ŞƏLALƏ CAMAL – XOŞ GƏLDİN SEVDİYİM

Şəlalə CAMAL

XOŞ GƏLDİN SEVDİYİM

Nə yaxşı gəldi…. Və o gün bəşər tarixinin ən gözəl günüydü bəlkə də…. Dünya belə sevgi görməmişdi, əminəm… Vətən deyib ayaq basdığım torpağımı bu dəfə başqa sevdim… Çünki bu torpaqda Onun da addımları var idi…. Milyonların içində sıxıldığım şəhəri bu dəfə başqa sevdim…. Çünki eyni şəhərin havasını udurdum Onunla…. Elə gəldi ki, qapımı döymədən, icazə almadan gəldi ruhumun tanışı… Gəldi və belə də olmalı imiş kimi taxt qurdu ürəyimdə…. O qədər xoşbəxtlikdən ayaq açıb yeriyə bilməz ikən, qanad açıb uçdum bir andaca…. Şəkillərdə güldüyüm halda həyatıma gülüş gətirdi, bütün daşları yerinə oturtdu halbuki…. Gəldi, sanki indiyədək yazdığım bütün misralar Ona aid imiş, sanki hər şeydən xəbəri var imiş kimi gəldi….. Düşünsənə, sanki bir ömürə yetmətəcək qədər tanıyıram Onu….əlifbanın altıncı hərifinə sığdırdığım bir dünyanın başlanğıcı idi adının ilk hərfi…. Bəzəkli kəpənəklərə dönüşdürdü məni. Fəqət tırtılın da son günü idi kəpənəyə dönən günü….. Halbuki gəlişi toy bayrama çevirmişdi bəxti qara məmləkəti… barmaqlarımın uclarına içimdən gələn sözlər hərflərlə birləşib sevgiylə tökülürdü bütün sözlərimə….  Bütün sözlərimi cümlələrdə birləşdirəndə rəqs edirdi fikirlərim…. Təntənə marşı səsləndirdi ömrümün 27 ilinin son akordlarında…. Xoşbəxtlik bu deyilsə əgər, mənim istəyim sadəcə budur. Səmanın altında , yerin üstündə idi o gözəl ruhunu daşıdığı cismi…. Eyni kainatda idik…. Bəlkə Tanrıya etdiyim duaların qəbulu, bəlkə də savablarımın qarşılığı idi O. Kim bilir? Bəlkədə nacizanə gəlişində idi bu sehir… Sanki, işi gücü yox imiş kimi həyatıma Günəş kimi doğdu.  Günəş kimi saldı şəfəqlərini üstümə isitdi məni….  Sevgi ya eşq?… Məhəbbət…. Əslində sinonim səslənən bu üç sözü birləşdirən ruhumuzun harmoniyası idi….bir ömürə sığışmayan məhəbbət sığışdı 1 günə…. 10 Yanvar…. 365 günlük bir təqvimin ilk 10- cu günündəydi Onu tanıdığım…. Və insan maksimum bir saata danışıb mövzu tapmayıb yorularkən, 10 saatı keçmişdi danışmağımız….. Nəyin sürəti idi anlamadım…. Amma bu sürət dağıtmadı, qəza etmədi… Əksinə çiçək açdı ömrümün torpağı…. Su çilədi həyatıma… Huzur sanki… Və insan toxunmadığı birini də sevərmiş demək ki,.. Eynilə bətnində daşıdığının üzünü belə görməyən, amma sevgisini ona adayan analar kimi idi sevgim…. Gəldi laləzar etdi büsbütün sinəmi….. İllərdi varlığından belə xəbərim olmayan hisslərimi oyatdı… Gəldi… Gəlişində idi bütün sehir…. Üzündəki təbəssümündə idi möcüzə…. Bəlkə mən öz üzümü sevməsəydim, mütləq alın yazımı sevərdim…. Çünki ora ” O ” yazılmışdı…. Bilsəydim adını görəcəm aynanın qarşısından bir an da çəkilməzdim…. İndi ən çox alnımı sevirəm. Onun öpdüyü, yazısının olduğu yeri. Milyonlara meydan oxumağa hazır ikən Ona heç nə demədən nitqini susduran eşq idi… Toxunduğum əllərini buraxmama hissi… Bu doğmalıq…. Dağınıq, pərakəndə həyatımı düzənə salan adam… Söhbətindən doya bilmədiyim halda səssizliyini də dinləyə bildiyim insan… Amma hiss edirdim gələcəyini, içimdə yolunu səbirsizliklə gözlədiyim bir eşq idi…. İndiyədək özümə sadiqliyimin hədiyyəsi idi bəlkə də. Böyük bəzəkli bağlamada verilmədi, amma kainatın ən gözəl, ən təmiz hədiyyəsi idi… və bəhs etdiyim “O” elə sənsən. Sən nə gözəl gəldin… Xoş gəldin sevdiyim.

Müəllif: Şəlalə CAMAL,

Yaradıcılıq məsələləri üzrə menecer.

ŞƏLALƏ CAMALIN YAZILARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTAC – ŞEİRLƏR

ZAUR USTACIN YAZILARI

ÜÇ QARDAŞ
Bir qardaş sağında, biri solunda,
Təpəri dizində, gücü qolunda,
Qardaşlıq məşəli yanır yolunda,
Yeni çağ başladır xan Azərbaycan!
Türkiyə, Pakistan, can Azərbaycan!
* * *
Xətai amalı bu gün oyaqdır,
Nadirin əməli bu gün dayaqdır,
İlhamın təməli bu gün mayakdır!
Yeni çağ başladır xan Azərbaycan!
Türkiyə, Pakistan, can Azərbaycan!
* * *
Zamanla yaşadıq xeyli qeylü-qal,
Görməsin bir daha bu birlik zaval,
Dağlara biryolluq qayıdır Hilal,
Yeni çağ başladır xan Azərbaycan!
Türkiyə, Pakistan, can Azərbaycan!
05.10.2020. – Bakı.

ONU TANRI SEÇİB
Şərəfli əcdadın şanlı övladı ,
Bütün ulusunun qolu, qanadı,
Hər yanda fəxrlə çəkilir adı,
Çağ açıb qapadan söydandır soyu!
Tanrı tərəfindən qutlanıb toyu!
* * *
İlhamdır istəyi, elin arzusu,
Amalı, bir şirin dilin arzusu,
Əməli, tər qönçə gülün arzusu,
Çağ açıb qapadan söydandır soyu!
Tanrı tərəfindən qutlanıb toyu!
* * *
Nizamı, gərdişi ustadan usta,
Təftişi, gedişi ustadan usta,
Planı, döyüşü ustadan usta,
Çağ açıb qapadan söydandır soyu!
Tanrı tərəfindən qutlanıb toyu!
* * *
Seçir, sonalayır, sorur düşməni,
Ağladır, sızladır, yorur düşməni,
“iti qovan kimi qovur düşməni”
Çağ açıb qapadan söydandır soyu!
Tanrı tərəfindən qutlanıb toyu!
* * *
Nitqi, bəlağəti, şəsti yerində,
Görkəmi yerində, büstü yerində,
Alınmaz qaladı, postu yerində,
Çağ açıb qapadan söydandır soyu!
Tanrı tərəfindən qutlanıb toyu!
15.10.2020. Bakı.

VARMIŞ
Nə deyim, Allahım sən bilən haqqdır,
Görəcək günləri görmək də varmış…
Elçini, İlqarı alıb yanına,
Zaura sən gözlə, demək də varmış…
* * *
Gözün biri gülür, biri ağlayır,
Ağlaya-ağlaya gülmək də varmış…
Poladı, Şükürü alıb yanına,
Zaura sən gözlə, demək də varmış…
* * *
Şükür yazdığına, şükür qismətə,
Dərdin acısını sevmək də varmış…
Həmdəmi, Rəşadı alıb yanına,
Zaura sən gözlə, demək də varmış…
31.10.2020. Bakı.

USTACAM
Müzəffər ordunun şanlı əsgəri,
Ərənlər yurdunun ər övladıyam!
Zalımın zülmünə təhəmmülüm yox,
Babəklər yurdunun hürr övladıyam!
* * *
Ustadım Nəsimi, sözümüz sözdü,
Ədalət, həqiqət bağrımda közdü,
Ziyadar dühası bir deyil, yüzdü,
Mövlalar yurdunun nur övladıyam!
* * *
Dərvişəm, müqqəddəs sayılır təkkəm,
Hülqumdan yuxarı dayanır öfkəm,
Od, ocaq diyarı tanınır ölkəm,
Alovlar yurdunun nar övladıyam!
* * *
Unutma, şah babam Xətai başdı,
Nadir şah, mətədə tərpənməz daşdı,
İlham, nə keçilməz sədləri aşdı,
İgidlər yurdunun nər övladıyam!
* * *
Tarixdə Nəbisi, Koroğlusu var,
Gen dünya yağıya daim olub dar,
Düşmən qarşımızda yenə oldu xar,
Aslanlar yurdunun şir övladıyam!
* * *
Göydən Yer üzünə ərmağan, payam,
Gündüzlər Günəşəm, gecələr Ayam,
Ən parlaq ulduzdan törəyən boyam,
Ozanlar yurdunun sirr övladıyam!
* * *
Ustacam, vətənim vətən içində,
Axıb duruluruq zaman köçündə,
Min bir anlamı var, adi “heç”in də,
Aqillər yurdunun pir övladıyam!
13.11.2020. Bakı.

DAHA TƏK DEYİLSİNİZ
(Milli Qəhrəman  İlqar Mirzəyevin xatirəsinə)
Yenə də görüşə gəlmişəm, Qardaş!
Gözün biri gülür, biri ağlayır…
Daha tək deyilsiz, təsəllidir bu,
Bir yandan mənzərə ürək dağlayır…
* * *
Qəribə bir hüzur çuğlayır məni,
Yanında hər nəfəs ruha töhfədir.
Vətən kitabını vərəqləyirəm,
Burada hər məzar bir səhifədir…
* * *
İgid, ər oğullar toplanıb bura,
Bütün çöhrələrdə, təbəssüm, qürur…
Tək-tək sıralanan bu baxışların,
Hər biri özünə bir dastan qurur…
* * *
Yenə də görüşə gəlmişəm, Qardaş!
Gözün biri gülür, biri ağlayır…
Daha tək deyilsiz, təsəllidir bu,
Bir yandan mənzərə ürək dağlayır…
29.12.2020. Bakı ş. II FX.

CAN AY ANA…
(Milli Qəhrəman Polad Həşimovun anasına)
Can ay Ana, bu baxışda nələr var…
Bu baxışda, Poladının ilk dişi,
İlk addımı, gülüşü var, yeriş var…
Bu baxışdan asılıbdı murazlar…
Bu baxışda Poladının ilk beşi,
Gülərüzü, şux qaməti, duruş var…
* * *
Can ay Ana, bu baxışda nələr yox?!
Bu baxışda yoxa çıxıb diləklər,
Bu baxışda zaman da yox, məkan da…
Bu baxışda itib bütün mizanlar…
Bu baxışda dünya çöküb iməklər,
Bu baxışda yelkən də yox, sükan da…
* * *
Can ay Ana, bu baxışda nələr var…
Bu baxışda Poladın ilk rütbəsi,
Bu baxışda şərəf də var, şan da var…
Bu baxışda fəğan edir arzular,
Bu baxışda min vaizin xütbəsi…
Al don geymiş qürub da var, dan da var…
* * *
Can ay Ana, bu baxışda nələr yox?!
Bu baxışda qədər namı ağlayır,
Bu baxışda Polad adlı oğul yox…
Bu baxışda tükənibdi niyazlar…
Bu baxışda kədər qəmi dağlayır,
Mum tək yumşaq, polad kimi oğul yox….
* * *
Can ay Ana, bu baxışda nələr var…
Bu baxışda Poladının mərdliyi,
Ərənliyi, cəsurluğu, qürur var…
Baxışının hərarəti dondurar…
Bu baxışda fəxarətin sərtliyi,
Ağalığı, amirliyi, onur var…
* * *
Can ay Ana, bu baxışda nələr yox?!
Bu baxışda susub qapı zəngləri,
“Polad gəldi”, dur ayağa deyən yox…
Bu baxışda od qalayır xəyallar…
Bu baxışda itib dünya rəngləri,
“Ana” – deyə, şirin-şirin gülən yox…
* * *
Can ay Ana, bu baxışda nələr var…
Bu baxışda xanım, xatın bir Ana,
Sinəsində bağrı çat-çat olan var…
Bu baxışdan neçə Ana boylanar…
Bu baxışda Nüşabə tək şir Ana,
Tomris kimi kükrəyən var, yanan var…
12.01.2021. Bakı.

Müəllif: Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.


ZAUR USTACIN YAZILARI

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ŞƏLALƏ CAMAL – ÖZÜNƏ GÜVƏN

ŞƏLALƏ CAMALIN YAZILARI

ÖZÜNƏ GÜVƏN

Sənə lazım olan yeganə insan Özünsən. Hara gedirsənsə get, çevrəndəki hər kəsi özünlə apara bilmərsən, hər kəslə hər sözünü, sirrini danışa bilmərsən, hər kəslə 1 yerə qədər münasibət qurarsan və səni bir yerdə tək başına buraxar. Çünki çevrənin missiyası budur. Bəzən təcrübə qazandırar, bəzən dərs verər, bəzən isə bizi gələcəyə hazırlayar….

Çevrə dediklərimiz seçicidir bəzən, yaxşı halına sevinməzlər, dara düşdüyündə səndən uzaqlaşmaq üçün bir bəhanə arayar…. və unutma, axtaran tapar… Yaxşı görmək istəyən yaxşı, pisi görmək istəyən isə pisi görər həmişə… Səni bəyənməyənlər bəyənməmişlərdir, səni sevməyənlər sevilməmişlərdir  ələ salanlar ələ düşmüşlərdir unutma. Bir sözlə, sənə çata bilməyənlərdir…. necə deyərlər “Pişiyin əli ətə çatmayınca”…

Odur ki, özünü sev, özünə güvən, özünə arxalan. Kimsə sənin “mən”ini səndən yaxşı bilməz. İçini gözəl tut, insanın içi gözəl olarsa, çölünə də yansıyar….

Səhvlərini, düzlərini sev… qəbullan və önündəki daşları nərdivan et zirvəyə qalx… Hərçənd zirvə də yüksəlişin sonu, enişin başlanğıcıdır, amma bir şeyi unutmaq olmaz ki, ağac da bar verərkən başını aşağı əyər. Qalxmaqdan da, enməkdən də qorxma. Və heç vaxt özünü günahlandırma.

Çünki öyrənməyin üçün  kamilləşməyin üçün ən çətin etaplardan keçməlisən – gücünü görmək üçün. Həyatdır bu. Özünü kəşf etdiyin andan həyat sənə istədiyin qapıları açar, yetər ki, doğru qapıya yaxınlaşmağı bil və yanlış qapıdan çıxdığında bir də o qapıya tərəf getmə.

Müəllif: Şəlalə CAMAL,

Yaradıcılıq məsələləri üzrə menecer.

ŞƏLALƏ CAMALIN YAZILARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru