ZAUR USTAC – ŞEİRLƏR

ZAUR USTAC – XƏZƏR DELTASINDA GÖYQURŞAĞI

DAĞLAR
(Zaur Ustacın Dağlara xitabən üçüncü şeiri)
Tarix səhnəsində yetişdi zaman,
Başlanmış bu çağın mübarək, dağlar!
Hələ nə zəfərlər gözləyir bizi,
Qutlanmış novrağın mübarək, dağlar!

* * *
Dövranın gərdişi döndü, dəyişdi,
Davadan doğulan ərlər yetişdi,
Didilmiş yaralar tutdu, bitişdi,
Üç rəngli duvağın mübarək, dağlar!

* * *
Nə vaxtdır yol-iriz bağlı qalmışdı,
Qoynunda yağılar məskən salmışdı,
Canımı sağalmaz bir dərd almışdı,
Sayalı qonağın mübarək, dağlar!

* * *
Xətai qırmadı könül bağını,
Nadir unutmadı hicran dağını,
İlhamın silahı əzdi yağını,
Dəmirdən yumruğun mübarək, dağlar!

* * *
Qurtuldu yağıdan zənburun, balın,
Bir başqa görünür yamacın, yalın,
Zirvəndən boylanır şanlı hilalın,
Müqəddəs sancağın mübarək, dağlar!

* * *
Haqqa nisbət tutub ulu Ələsgər,
Andırıb, tanıdıb, bilib pərisgar,
Hər səngər məbəddi, pirdi hər əsgər,
Şuşa tək ocağın mübarək, dağlar!

* * *
Ay Ustac, min şükür arzuna yetdin,
“Dədə”n gedən yolu, sən də qət etdin,
Dolandın dünyanı yurdunda bitdin,
Doqquzu zər tuğun mübarək, dağlar!
22.01.2021. Bakı.

YARPAQ VƏ TORPAQ
Can verəni candan alı qoyarıq,
Unudur yarpağa möhtacdır yarpaq…
Torpağa su deyil, zəhər veririk,
Marağa məəttəl qalıbdır torpaq…
* * *
Xəzələ aman yox torpağa çata,
Qurumuş canıyla cana can qata,
Əbədi qanunla rahatca yata,
Süprülüb çöplüyə atılır yarpaq…
* * *
Torpağa ting deyil, sütun əkirlər,
Arx, kanal yerinə hasar çəkirlər,
Dəmirdən, betondan kəfən biçirlər,
Gözü baxa-baxa gömülür torpaq…
* * *
Bizə can verənin canın almayaq,
Bu iki aşiqin yolun burmayaq,
Yarpağı torpağa həsrət qoymayaq,
Yarpaq elə torpaq, torpaqdır yarpaq…
* * *
Ay Ustac, haqq deyən Nəsımı öldü,
Haqq bir damladır, batilsə göldü,
Qardaşlar tək gəlmiş Adəmi böldü,
Bizlər unutsaq da, unutmur torpaq…
31.01.2021. Bakı.

A SİMSAR
Salam olsun, sənə şanlı ixtiyar!
Mizrab tutan əlin, qolun var olsun!
Şükür, əlindədir külli-ixtiyar!
Mizrab tutan əlin, qolun var olsun!
* * *
Nə deyim, a simsar, elə sim sarı,
Simsar sinsidərmi, belə simsarı,
Hələlik dönüş var, hələ sim sarı,
Mizrab tutan əlin, qolun var olsun!
* * *
Rəvamıdır, bu edilən Ustaca!?
Diqqət istər sim sarıyan ustaca…
Al dil ilə deyər halın ustaca,
Mizrab tutan əlin, qolun var olsun!
05.02.2021 Bakı.

BƏRK YAPIŞ
Ay Zaur, deyirlər ən yaxşı vaxtdır,
Bir az daha qeyrət, güləş, bərk yapış!
“İgid odur, atdan düşə, atlana.”
Bu işdə dönüş yox, dirəş, bərk yapış!
* * *
“Kor qızın baxtı”ndan yeyindi baxtın,
İlikdən tacın var, sümükdən taxtın,
Olmasa da adan, ya da ki, “yaxt”ın,
Olanları qoru, çalış bərk yapış!
* * *
Ay Ustac, bilirsən, yastığın üç gül,
Göydə ulduz sayır basdığın müşkül,
Bir türlü dolmayır asdığın kəşkül,
Haqqın ətəyindən sallaş, bərk yapış!

SƏKKİZİ SONSUZLUQ ELƏDİ İLQAR
Xoşbəxtlər günündə doğulmuşdu o,
Təqvimin bu günü İlqar günüdür!
Ölməzlər günündə doğulmuşdu o,
Təqvimin bu günü İlqar günüdür!
* * *
Bu gün doğum günü, yaşar əbədi,
Eliynən bir ünü, yaşar əbədi,
Sonsuzluğa yönü, yaşar əbədi,
Təqvimin bu günü İlqar günüdür!
* * *
Zaur tək yüzləri bir çətən oldu,
Çoxu arzuladı, o yetən oldu,
Vətən torpağında o, bitən oldu,
Təqvimin bu günü İlqar günüdür!
08.05.2021. Bakı.

Müəllif: Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.


ZAUR USTACIN YAZILARI

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.