
SEVMƏK İSTƏYİRƏM…
Gecikən baharın yoluna çıxdım,
Dəlisov fikirlər gəldi ağlıma.
Yenə salam verib qürurla baxdım,
Ruhumun qaynayan cavanlığına.
* * *
Sevmək istəyirəm təzədən Allah,
Könlümdə baharın suları axdı.
Sevmək istəyirəm təzədən Allah,
Bir ay işığının mürgülü vaxtı.
* * *
Qartal xəyallarım göylərdən enməz,
Sevdasız duyğular mələr bir quzu.
Dalğalar kimidir bitib, tükənməz
Dilimdə məhəbbət, gözümdə arzu…
* * *
Sevmək istəyirəm özümü danıb,
Sözümüz köhnədir, eşqimiz yeni.
Bir qız baxışının odunda yanıb,
Təzədən öyrənim sevgi dərsini.
* * *
Günlər ötüşdükcə yaşa doluram,
Şairim,güləndə bir az da ağla.
Demə sevə-sevə xoşbəxt oluram,
Ölümsüz sevgini yaşamagımla…
NƏĞMƏ DƏ DUADIR…
İstədim sevgiyə bir şeir yazam,
Saxlayıb zamanı,
sevib bir anı.
Sərsəri xəyalın göyündə azam,
İçib qətrə-qətrə buludlarını…
* * *
Duyuram səsini bir həzin, titrək
Üzü çopur-çopur bir qoca çinar.
Həyatla, ölümün arasında tək
Məni də saxlayıb suala tutar.
* * *
Qələmin göz yaşı varağın üstə,
Külək də dəyişir görüş yerini.
Qarğalar dənlədi torpağın üstə,
Bir zaman səpdiyim gülüşlərimi.
* * *
Söykənib, sığınıb sözlər üşüyür,
Uzanan yolların daş hasarına.
Balaca evimiz yadıma düşür,
Hörümçək tor qurub divarlarına…
* * *
Odsuz, alovsuzdu şair tərəfi,
Hanı qanadları Tanrım bu eşqin.
Tilsimli qaladır o bir tərəfi,
Görünməz üzüdür Aysberqin…
* * *
Ömür verilibsə mənə bu sayaq,
İstədim Vətənə bir şeir yazam.
Kinli baxışların gözündən uzaq,
Yatanda başımın üstündən asam.
* * *
Dolaşır başımda bir səssiz fikir,
Ruhumu, sözümü çəkib tarıma.
Nəğmə də duadır, bükəm arabir,
Anamın nəmlənmis dualarına…
ROBOT ADAMLAR…
Çiçək də ağlayır batıbsa şehə,
Ömür uzaqlarda itən qaraltı.
Bir acı göz yaşı, dəli qəh-qəhə
Müəmma, məzəmmət hər sətiraltı…
* * *
Uzanan zəminin sünbülü dənsiz,
Əliboş, cibiboş adamlar kimi.
Harda gecələyir durna vətənsiz,
Qaralır fikirlər axşamlar kimi.
* * *
Qaydadır dünyada doğulan, ölür
Sözlərim bir əsim kîləyə bənzər.
Sadəlövh bahara yazığım gəlir,
Dərilib, atılmış çiçəyə bənzər.
* * *
Yaradanı bilir onun dilini,
Qısa heykəl yonum bir dağ başında.
Uzatsın Tanrıya qoy əllərini,
Qoca görkəmində, ağ libasında.
* * *
Dünən ki, fikirlər yox olub,itir
Yenə sətiraltı, ey söz, ey qələm.
Qapında, bacanda kölgəmi bitir,
Yenə də səninlə görüsməliyəm.
* * *
Ürəkdə nə sevgi, nə də duyğu var,
Robot doğulmağın mənası bumu.
Qoy məni dananlar, unutmasınlar
Əbədi bir şair doğulduğumu…
RAHATLIĞIM, AZADLIĞIM…
O dağlara tələsirəm şeir yazıb kövrələndə,
Bir quş olub zirvələrə xəyallarım qanad çalsın.
Bir xəbərsiz qonaq kimi evimizə ay gələndə,
İstəyirəm qartal məni göy üzünə haraylasın.
* * *
Uşaqlığım keçən yerlər, daşlı yollar eniş,yoxuş
Qoy dayanım hüzurunda əldə qələm, ağ varağım.
Dünyasına çəkilərək kövrək-kövrək oxusun quş,
Qoy bürünüm dumanına, bulud olsun çalpapağım.
* * *
Ağ göyərçin uçur göyə, boyum çatmır dağlar uca,
Xəyalımdan kölgə düşür baş çəkdiyim oylağına.
Üzü tutqun axşamlardan tez küsürəm yaş artdıqca,
Tələsirəm uşaq kimi səhərlərin qucağına.
* * *
Rahatlığım, azadlığım dağlar kimi müqəddəsdir,
Qış gedəcək, yaz doğacaq çiçək belə, çəmən belə.
Gözəlliyi seyr eləyib,söz qosmaq da bir həvəsdir,
Həsrətimi sellər yuyub,sel aparsın innən belə…
ÖZÜMLƏ TƏK OYNAYIRAM…
İtirdiyim sevinc,
gətirdiyim qəm
Həyatı özümlə tək oynayıram.
Uduzan da mənəm, udan da mənəm,
Şahmatı özümlə tək oynayıram.
* * *
Başım ucaldıqca, göylərə dəyib,
Təbin qılığında sözə baş əyib.
Bu da bir savaşdir, qalxan eyləyib
İnadı özümlə tək oynayıram.
* * *
Bir yarpaq kimidir bitən təsəlli,
Təkcə öz səsimdir özümə bəlli.
Hələ tapılmayıb düňyanın həlli,
İsbatı özümlə tək oynayıram.
* * *
Bir quşa bənzəyir eşqim qanadlı,
Ömür yaşamışam alovlu, odlu.
Verdiyinə şükür ey Tanrı adlı
Ustadım, özümlə tək oynayıram.
YOLÇU GÖRDÜM…
Yenə bu dünyayla durum üzbəüz,
Bir taxta qılıncın qəhrəmanıyam.
Sünbülü göyərməz,fələyin dənsiz
Yel döyən bir köhnə dəyirmanıyam.
* * *
Alıb gəncliyimi qollarım üstə,
Dərədən,təpədən keçib gəlirəm.
Kölgələr dolaşır yollarım üstə,
Salam verə-verə köçüb gəlirəm.
* * *
Yeri tanıyıram göylərə baş çək,
Fikirdə gizlənib,fikir adamı.
Həyatın verdiyi bir ehtiyac tək,
Hər gün ayağına çəkir adamı.
* * *
Boz tüstünün boz üzüdür boz duman,
Bir buludsuz göy darıxır,yel əsir.
Yolçu gördüm,o zavallı,pərişan,
Mənim kimi daş olmağa tələsir.
RƏNGLƏR HAQQINDA DÜŞÜŇCƏLƏR…
Göylə, yerin səsi, ritmi notlar üstə bir ahəngdir,
Düşünürəm rənglər nədir qara, yaşıl, mavi, sarı.
Bir həyatın doğuluşu gördüyümüz yaşıl rəngdir,
Qara rəngə toxunmuşdur bu dünyanın ağrıları.
* * *
Rəssam kimi sarı rəngi payız çəkir tablosuna,
Mavi dəniz, mavi göylər bir-birinin bənzəridir.
O möhtəşəm sapsarı ay bizi salır ovsununa,
Göy qələmin mürəkkəbi,
yer günəşin dəftəridir.
* * *
Səssiz duyğu bir quzudur damla-damla işıq içən,
Hər varlığın öz rəngi var, ahəngi var duya bilsən.
Zaman içrə ruzigardır at belində yollar keçən,
Çiçək açır, çiçək solur rənglər doğan bir fəsildən.
* * *
Rənglər canlı, rənglər qaynar məna tapır arzularda,
Şəkil çəkir həyat yeni,
ömür yeni, səhər yeni…
Ağaclarda, qayalarda, dənizlərdə, göy sularda,
Buludlarda görürəm mən ruhumuzun şəkilini…
Müəllif: Vaqif VÜQAR
YAZARLAR.AZ
===============================================
<<<<<< WWW.USTAC.AZ və WWW.BİTİK.AZ >>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru