ZAUR USTACIN ŞEİRLƏRİ

ZAUR USTACIN YAZILARI

HƏR GÜN NƏFDİR
Altmış üçdən nəf hesablar kişilər,
On səkkizdən başlamışam saymağa…
Kaldan, şitdən daim uzaq durmuşam,
Meylim olub özün tutmuş qaymağa…
* * *
Zənbur kimi çiçək-çiçək gəzmişəm,
Gül üzəndə, tər qönçəsin üzmüşəm,
Qürbət elin cəfasına dözmüşəm,
Bir arzum var, kaş dönəydim oymağa…
* * *
Ustac xoşlar, kəsə etsin söhbəti,
Çalış boşa yeməyəsən möhnəti,
Dadımlıqdı bu dünyanın neməti,
Macal verməz heç kimsəyə doymağa…
15.05.2020. Bakı.

GƏL, BU DƏRDƏ DÖZ DƏ YAŞA…
(Poladla, İlqarın məzarı başında)
Hanı qoşun, hanı ləşkər?
Tək qalbdı iki Paşa…
Baiskarı kimdi, bilməm,
Kaş dönəydi özü daşa…
Gəl, bu dərdə döz də yaşa…
Gəl, bu dərdə döz də yaşa…
* * *
Əlim üzümdə qalıbdı,
Sözüm ağzımda qalıbdı,
Arzum gözümdə qalıbdı,
Qanım gözdə dönüb yaşa…
Gəl, bu dərdə döz də yaşa…
Gəl, bu dərdə döz də yaşa…
* * *
Ustacam, artıb ələmim,
Ta yazmır, sınıb qələmim,
Hər gün də artır sələmim,
Eşqim düzdə dönüb quşa…
Gəl, bu dərdə döz də yaşa…
Gəl, bu dərdə döz də yaşa…
17.07.2020. II FX. Bakı.

TORPAQ BİZİ GÖZLƏYİR
(Milli Qəhrəman  İlqar Mirzəyevin xatirəsinə)
Gəlmişəm görüşə yenə də, qardaş!
Ayaqlar olmadı sonadək yoldaş…
Qollarım qoynumda qurudu bardaş…
Yadıma xırdaca günahım düşdü…
Yanında boş yerə tamahım düşdü…
* * *
Gəlmişəm görüşə yenə də, qardaş!
Ayaqlar olmadı sonadək yoldaş…
Qollarım qoynumda qurudu bardaş…
“Hazırdır məzarlar”, – eyindən keçir…
Yanına gələn yol çiyindən keçir…
* * *
Gəlmişəm görüşə yenə də, qardaş!
Ayaqlar olmadı sonadək yoldaş…
Qollarım qoynumda qurudu bardaş…
Bu süslü “otaqlar” xiffət eyləyir…
“Daş yastıq yataqlar” minnət eyləyir…
* * *
Gəlmişəm görüşə yenə də, qardaş!
Ayaqlar olmadı sonadək yoldaş…
Qollarım qoynumda qurudu bardaş…
Səngər, məzar ortaq bizi gözləyir…
Qardaş, Ana torpaq bizi gözləyir…
23.08.2020. – Bakı. (II F.X.)

ŞƏRİT ŞAHİD…
Müharibə,
Şərit şahid…
Pandemiya,
Şərit şahid…
* * *
Doğulursan,
Döyülürsən,
Böyüyürsən,
Şərit şahid…
* * *
Toy-büsat var,
Ziyafət var,
Şücaət var,
Şərit şahid…
* * *
Oldun əsgər,
Dəydi xətər,
Verər xəbər,
Şərit şahid…
* * *
Tək bir dəfə,
Etməz vəfa,
Çəkməz cəfa,
Susar şahid…
*Şərit- zivə, paltar ipi.
17.09.2020. Bakı.

YER CƏZA YERİDİR!
Ey insan, unutma;
Almanı xatırla,
Adəmi xatırla,
Həvvanı xatırla!
* * *
Ey insan, unutma;
Əzanı xatırla,
Qəzanı xatırla,
Cəzanı xatırla!
* * *
Ey insan, unutma;
Yer cəza yeridir!
Yer cəza yeridir!
Yer cəza yeridir!
14.09.2020. Bakı.

Müəllif: Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.


ZAUR USTACIN YAZILARI

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir