Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi (DAMM), Sabitlik və İnkişaf İB-nin (SİM İB) üzvüləri Gülzar ananın dəvəti ilə Biləsuvarda şəhid baş leytenant Ramiq Mikayılovun anım günündə iştirak etmişlər. Gülzar ana oğlu haqqında fəxrlə danışır və bütün şəhid analarına səbr diləyirdi. Tədbirdə Biləsuvarın icra başçısı başda olmaqla rayonun məsul işçıləri, rayonlardan və Bakıdan gəlmiş şəhid anaları da iştirak edirdi. Məktəblilər şəhidlərə həsr olunmuş şeirlər və mahnılar ifa etdilər. Sonra xatirə lövhəsi önünə tər çiçəklər qoyuldu.
Şəhid baş leytenant Ramiq Mikayılov haqqında
Şəhid baş leytenant Ramiq Mikayılov 1993 cü il yanvarın 25 -də Şamaxı rayonunun Ovçulu kəndində anadan olmuşdur. 1999-2007ci illərdə B.Alıyev adına Ovçulu kənd tam orta məktəbində, 2007-2010cu illərdə C.Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. Ali hərbi təhsilini 2010-2014-cü illərdə H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbdə almışdır.
2014-cü ildən Azərbaycan Silahlı Qüvvələrinin Agdam rayonunda yerləşən “N”saylı hərbi hissəsində zabit kimi xidmət edirdi. Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı olan Ramiq Mikayılov 2020-ci il sentyabrın 27 -dən Azərbaycan Silahlı Qüvvələrinin tərkibində Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi uğrunda aparılan Vətən müharibəsi zamanı Xocavəndin azadlığı ugrunda gedən qızğın doyüşlərdə iştirak edib.
Ramiq Mikayılov sentyabrın 30-da Xocavənd döyüşləri zamanı şəhid olub. Dogulduğu Şamaxının Ovçulu kəndində torpağa tapşırılib. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissənin qarşısında qoyulan tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan prezidenti İlham Əliyevin 15.12.2020 ci il sərəncamına əsasən Ramiq Mikayılov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunmuşdur.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyinə və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il sərəncamına əsasən Ramiq Mikayılov (ölümündən sonra) “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif olunmuşdu.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bnərp edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Ramiq Mikayılov Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 05.11.2021 tarıxli sərəncamına əsasən Ramiq Mikayılov (ölümündən sonra)” Azərbaycan Bayrağı”ordeni ilə təltif olundu. Ramiq Mikayılov (15.07 2014-cü ildə) “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi”yubiley medalı, (26.06.2018 )” Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalı ilə də təltif edilmişdir.
Şəhidimiz Ramiq Mikayılov evli idi. Vətənə bir oğul övladı yadıgar qaldı.
Ramiqin anası Gülgəz xanım əslən Cəbrayıldandır. Şamaxıya gəlin gəlib. Hazırda Biləsuvarın Cəbrayıl qəsəbəsində oglu Ağa və şəhidin yadigar qalan körpəsi ilə yaşayır.
Dünyanın əşrəfi olan insan canlıların ən alisidir. İnsanı yaşadan Allahın minbir möcüzəsi ilə yaratdığı təbiətdir. Hər şeyin əsası olan təbiət,bəslində geniş anlamda, insanın böyük evidir.
İnsan dünyaya gəldiyi gündən təbiətlə iç-içədir. İnsanın qoynunda böyüdüyü təbiət, öz çalarları, təzadları ilə; gündüzü-gecəsi ilə, Günəşi-Ayı ilə, küləyi-tufanı ilə, yağışı-qarı ilə gözəldir. Başdan-başa romantikadır. Başdan-başa romantika olan təbiətin özünəməxsus poeziyası var; “Dünyada yalnız bir şeir, bir müsiqi, bir din mənbəyi var ki, o da təbiətdir! Şermi istərsən?… Ulduzların səfvəti, qürubun məhzunluğu, geçənin sükutu, fəzanın dərinliyi həp birər şeirdir! Musiqimi istərsən? Çayların, irmaqların ninnisi, dənizlərin, çayların çağlayan vəlvələsi, aslanların, ildırımların gurlaması, xəfif rüzgarların zümzüməsi, yarpaqların, çiçəklərin, bülbüllərin, ishaqların ötüşməsi həp birər musiqidir! Dinmi istərsən? İştə hər ulduzun incə təbəssümləri, hər günəşin yıldızlı baxışları, hər gün yeni bir din, yeni bir məhzəb doğuruyor” (Hüseyn Cavid əfəndi). Bütün gözəllikləri özündə toplayan təbiət, rəssamların, yazıçı və şairlərin ilham mənbəyidir. Aristotel “Poetika” əsərinin girişində yazır: “Sənət təbiəti təqlid edir.”
Sənət, yaradanın ən böyük və ən mükəmməl əsəri olan təbiətin təqlidi olsa da təbiəti təqlid etmək o qədər də asan deyil. Təbiəti təqlid etmək üçün güclü intuisiya lazımdır. Təbiətdəki gözəlliyi görmək, duymaqla yanaşı, onun mahiyyətinə varmağı, onunla danışmağı, pıçıldaşmağı da bacarmalısan. Gecələrimizi aydınladan Ayı, gündüzlərimizi nurlandıran Günəşi, başımızın üstündəki əsrarəngiz buludları, cilvələnən ulduzları, bir sözlə təbiətdəki gözəllikləri görməli, duymalı və duyğularını misralara köçürməyi bacarmalısan. Təbiətin dilindən anlayan, ondakı gözəllikləri görən və poeziyasında əks etdirməyi bacaran şairə Sona xanım Abbasəli qızını bu baxımdan xoşbəxt insanlardan saymaq olar. Misralarına pıçıldadıqları Sona xanımın ruhunun inikasıdır. Təbiət, “Can evi torpaq” olsa da, “işığı Ay”, “sevgisi bulud”, “evi dan” olan şairənin ilham mənbəyidir. Şairə, “Mənim ruhum bu torpağa bağlıdır” şeirində duyğularını belə ifadə edir:
Əzəlindən belə olub mənimki; Ay işığım, bulud sevgim, dan evim. Mənim ruhum bu torpağa bağlıdır, Torpaq mənim can evimdi, can evim.
Poeziyasında təbiət, vətən, insan, tale, qismət mövzusu qırmızı xətlə keçən Sona xanım İsmayılovanın “Sükut haray çəkir” adlı şeirlər kitabını hiss-həyacansız oxumaq mümkün deyil. Oxucu ilk öncə kitabın adını; “Sükut haray çəkir” sindirməyə çalışır; süküt və haray… Süküt haray çəkərmi, – deyə düşünür. Sükut sözünün lüğəti mənası susmaq, danışmamaq, dinməməkdirsə, bəs bu haray nədir? Sükutun harayı duyulursa, məsələ ciddi, problem dərindir…
Müəllif, kitabın əsas amacına belə açıqlıq gətirir: “Həyat bоyu çоx şeyi mənəvi yüksəlişə sövq etmək mümkündür. Üstəlik, bu faktоru (hissi dünya оlaraq) ədəbi müstəvidə cilalayanda, həyata, taleyə meyil artır. “Sükut haray çəkir” kitabımın əsas qayəsi də belə deyək-budur. Mən daha çоx çalışmışam ki, hər kəsin ictimai оvqatında bu amilə yer ayıra bilim. Əsas оdur ki, yaradıcılıq fikir dürüstlüyü ilə uygun gəlsin. Çünki şair öz məqsədəçatma reallığında sadə seyretmələrə deyil, mümkün dərketmələrə siraət etməlidir. Heç şübhəsiz, müasir pоeziyamızın bir çоx tanınmış nümayəndəsi bu müstəvidə fərqli bədii zərurət qura bilib. Sevindirici haldır ki, mən də az-çоx bu müstəvidə səmt müəyyənləşdirmək cəhdindəyəm. Göründüyü kimi, yaradıcılığımda əsas etibarıilə Ana,Vətən,Tоrpaq, İnsan, Tale, Həyat və s. səciyyələrə önəm vermişəm.
Bu bədii keçidin məna və məzmununda uyğun bir pоetik təsiretmə var. “Sükut haray çəkir” adlı kitabımda da əsas leymоtiv yuxarıda sadaladığım aspektlərdir. Kitabdakı hadisələr ilk baxışdan öz ədəbi-zəruri effektiv əhatəsi ilə fikrimizi mümkün reallıqlara çəkə bilər. Diqqətlə оxusanız, aydın оlar ki, kitabımda insan və yaşam eyni müstəvidə qərar tutur, lakin çətinlik, etiraz və digər qeyri-həyati məziyyətlər taleyin yоllarını gah burulğanlara salır, gah qasırğaya. Çalışmışam ki, mən öz şair niskilimdə bu məğzi daha aktiv şəkildə manevr etdirim. Yəni fikirlərimdə həsrətə aludəçilik öz köynəyindən çıxır, qeyri-sоsial ünsürə çevrilir; bu da insanın fikirdəyişmə marağında ictimai nəzərlər sərgiləyir. … Mən bu səbəblə yeni kitabımda həyat və insan şərəfini yüksək tutmaq əminliyi ilə оrtaq həyat miqyaslarına çəkə bilim” (“Sükut haray çəkir”).
Sona xanım, həyat, vətən, insan haqqında duyğularını şeirlərinin misralarında dilə gətirir. Əbəs yerə deyil ki, оnun “Sükutun fəryadı” kitabında ”ictimai-ədəbi təsir miqyasca böyüyəndir və buradakı pоetik çək-çevirlər (ədəbi cəhdlər) dövrə uyğun təvsirə uğramağı bacarır.“
Eşqin sarayını fələk uçurdı, Ağrılar daş kimi üzümə durdu. İllər fəsil-fəsil ömrümü yоrdu, Ta sənin yanına gələ bilmirəm.
Verilən misralarda “ağrıları daş kimi üzünə duran”, ömrünü fəsil-fəsil yоran illərdən” gileyli müəllif, zaman-insan-tale probleminə toxunur, zaman-insan-tale üçbucağında insanın vəziyyətini rəsm edir. Sоna xanımın yaradıcılığında ən çox diqqətimi çəkən onun Türk ruhuyla, Turan düşüncəsiylə yazıb-yaratmasıdır. Şairə, fikrən Turan elllərinin çоğrafiyasınını gəzib-dоlaşır, Təbrizi, Kərkükü anır, Göyçəyə böylanır… Sona xanım Tomris qeyrətli Türk qızıdır. Bəzən də şairənin əlindəki qələm silaha çevrilir.Türk olmanın qürurunu yaşayan Sona xanım, bütövlükdə “Turan ellərinin Sonası”dır:
Zənn etmə həyatda sınasıyam mən, Müzəffər günlərin hənasıyam mən, Turan ellərinin Sonasıyam mən, Dilim türk dilidir, türk övladıyam.
Sona çatır qəm-kədərin zilləti: Şükür, gözlər yuxusundan ayılır, Mən də Türkəm, onu bil ki, əzəldən. Təbriz, Kərkük ana yurdum sayılır.
Həyatda gecə-gündüz, sevinc-qəm, gülüş-göz yaşı kimi kədərin də o biri üzü nisgildir. Aşıq Ələsgər torpağında doğulub-böyüyən Sona İsmayılovanın nisgili Göyçə həsrətidir. Ürəyi Göyçə ilə döyünən, gözləri Göyçəyə sarı boylanan şairənin yurd həsrəti misralarına höpur, misralar sızıldayır, səssiz, sükutla fəryad edir:
Sinəmin ahları qopur yerindən, Gözümdə oynayır yer məhvərindən, Arzumun ən uca zirvələrindən, Ürəyim boylanır, Göyçəyə sarı.
Sona İsmayılovanın “Sükut haray çəkir” kitabı qədim Göyçə mahalının xatirəsinin yad edilməsi, gənc oxucuların qədim yurd yerimiz olan Göyçəni tanıması və sevməsi üçün bir ərməğandır, bələdçidir. Şairənin Göyçə soraqlı şeirləri Göyçə mahalının əsrarəngiz təbiətinin, ayrılıq və intizarının sözlə çəkilmiş rəsmidir. Bu rəsmə Sоna xanımın vətən eşqi və vətən nisgili, yurd həsrəti, gedə bilmədiyi, “ağbirçək anamın namusu”, “ömrünün ən ülvi duyğusu” hopan, dağında-daşında Ələsgər sazının səsi, ruhu yaşayan Göyçə adlı müqəddəs vətəni sığdırıb. Bu rəsmi sükut saysaq, rəsmə sığdırdıqları Sona xanımın sükutunun fəryadıdır.
Ümumiyyətlə, yaradıcılığında aktual mövzulara toxunan Sona xanım, eyni zamanda “Sükut haray çəkir” kitabındakı şeirlərində “bədii fikrin çağdaş dövr ədəbi proseslərində, cəmiyyətin həyatında rolunu göstərir.” Sona xanımın nəsri, xüsusilə, Azərbaycan ədəbiyyatının klassikləri arasında özünəməxsus yeri olan filosof şair Əfzələddin Xaqaniyə həsr olunan “Sözün xaqanı” tarixi-bədii romanı haqqında da bu sözləri söyləmək olar. Xaqaninin kəşməkeşli və ziddiyyətli ömür yolu izlənilən “Sözün xaqanı” romanını oxuduqca müəllifin çox zəngin elmi-tarixi düşüncəsi, tarixə dərindən bələdliyi, mətnlərlə, faktlarla, eyni zamanda dövrə aid topladığı materiallarla işləmək qabiliyyətinə, bütün bunlarla yanaşı, güclü bədii təfəkkürə, zəngin təxəyyülə malik olduğuna qənaət gətirir. Xaqaninin görünməyən, bilmədiyimiz məchullarını öyrənmək üçün tarixə baş vuran müəllif, əldə etdiyi məlumatlara və faktlara söykənərək o dövrə ekskursiya etmiş, dövrün hadisələrini, adət-ənənələrini, faktlarını öyrənmiş və bütün bunları yazıçı təxəyyülündən keçirərək qələmə almışdır. Məlum, hər hansı bir yazıçının tarixə baş vurması müəyyən məqsədə xidmət edir.
Bəzən tarixə “kor quyu” deyirlər. Doğrudan da tarixin qaranlıq səhifələri, məchulları çoxdur. Tarixə baş vurmaq, tarixi roman yazmaq böyük məsuliyyət, cəsarət və yüksək yazıçı istedadı tələb edir. Bu cəsarəti özündə tapan Sona xanım, məhz bu istedadı sayəsində romanda Azərbaycan tarixinin qaranlıq səhifələrini, eyni zamanda Əfzələddin Xaqani böyüklüyünü bədii təxəyyülü ilə canlandırmağa nail ola bilmişdir. Bu onu göstərir ki, Sona xanım ədəbiyyata olduğu qədər, tarixə də aşinadır. Məlum, tarixlə ədəbiyyat qoşa qanad kimidir. Çünki ədəbiyyat nümunələri tarixin müxtəlif dövrlərində yaranır, o dövrdə yaşanmış hadisələr ədəbiyyata gətirilir. Tarixdə yaşanmış hadisələr ədəbiyyatda inikas edir. Bəzən bir bayatıda tarixin hər hansı bir anı əks olunur. Məsələn, “Apardı Batı məni, Qul eylər, satı məni.” Bayatının monqollar, daha doğrusu Batı xan tərəfindən əsir alınmış gənc bir qızın dilindən söyləndiyi anlaşılır. Sona xanımın tarixi roman yazmaqda məqsədi, qoşa qanadı bir araya gətirmək, tariximizi, milli kimliyimizi sevdirmək, təbliğ etməkdir. Müəllif, qarşısına qoyduğu məqsədə nail ola bilmişdir, təbii ki ağır zəhmət, gərgin axtarış və yuxusuz gecələr hesabına.
Əminliklə deyə bilərik ki, “Sözün xaqanı” “romanını oxuyan oxucuda tarixə maraq daha da artacaq, romanda baş verənləri öyrənmək üçün tarixə müraciət edəcək. Aydındır ki, roman yazmaq məşəqqətlidir, amma tarixi roman yazmaq daha məşəqqətli. “Gülüstani-İrəm” əsəri ilə Azərbaycan tarixşünaslıq elminin əsasını quyan Abbasqulu ağa Bakıxanov yazır ki, “Tarix elə bir danışmayan natiqdir ki, sələflərin vəsiyyətlərini bütün təfsilat və təriflərilə xələflərə bildirir, ehtiyac və rifah səbəblərini, tərəqqi və tənəzzül yollarını anladır. Gələcəkdə törəyə bilən əhvalatı keçmişin libasında insanların ibrət nəzərinə catdırır. Bəli, keçmişdə vaqe olan bir iş gələcək üçün düşünülməldir və elmə əsaslanan bir əməl möhkəm və payıdar olar. Zəmanənin dəyişikliklərindən bixəbər işə başlamaq yolsuz və qorxulu bir cölə yönəlmək kimilir. Öz qısa ömründə təcrübə əldə edən şəxs, ondan çox böyük mənfəətə çatar. Tarix elmi isə, dünyanın təcrübəsini bizə kəşf edir.“
Sona xanım, romanında “danışmayan natiq”i danışdırır, Əfzələddin Xaqaninin yaşadığı dövrə və mühitə ekskursiya edir, qaranlıq nüanslara işıq tutur. Bizdən əvvəl yaşamış şairlərin yaratdığı əsərləri, eyni zamanda onların öz dövrlərinin xarakteristik yönlərini bütün dərinliyi ilə; dövrün tarixi, məişəti, mənəvi dəyərləri əks etdirir. Bu çox əhəmiyyətlidir.
Əslində, bir millətin geçmişi, həm də ədəbiyyatında bir çox cəhətdən əks olunan tarixdir. Biz tarix deyincə “yazılan tarixi”, tarix kitablarını düşünürük, amma “yazılan tarix”, “yaşanılan tarix”in mində biri deyildir. Yaşanılan tarix ədəbiyyatda tarixdən daha çox əks olunur. Digər tərəfdən, tarixlə tarixcilər məşğul olur, bədii əsərləri hər kəs oxuyur. Çayın axışını bir dəfə izləmək mümkün olduğu kimi, tarixin müxtəlif dönəmlərində yaşanan hadisələriin şahidi də yalnız o dövrün sakinləridir. Tarixdən fərqli olaraq yazılan tarixi əsərlər isə bu hadisələri olduğu kim canlandıraraq daima diri tutur. Bu baxımdan, Sona xanımın “Sözün xaqanı” tarixi romanı böyük əhəmiyyət kəsb edir.
Sona xanımın yaradıcılığı haqqında yazmaq, bir oxucu kimi fikir bildirmək, həm şərəflidir, həm də məsuliyyətli. Çünki bu il, yazıçı, jurnalist və şairə Sona xanım İsmayılovanın yubileyidir. Düşünürəm ki, “Ürəyi Göyçə ilə döyünən, gözləri Göyçəyə sarı bоylanan” Sona xanıma ən gözəl arzu, dilək, növbəti yubileyinin Göyçədə keçirilməsi olar. Artıq qalib ölkənin qalib vətəndaşları kimi, bu arzumuza çatmaq xülyadan reallığa yol almış kimidir. Əzizimiz, istedalı qələm dostumuz Sona xanımı səmimi duyğularla təbrik edir, uzun ömür, cansağlığı, bol-bol yaradıcılıq uğurları arzulayıram.
5 bədii və publisistik kitabın müəllifi Sona Abbasəli qızı İsmayılova AJB-nin üzvü, uzun zamandır Askef Azərbaycan başkanı, “Abdulla Şaiq” və “Qızıl Qələm”, “Ziyadar” makafatlarının laureatıdır. Uzun illərdir həm də jurnalist kimi fəaliyyət göstərən Sona xanım, halliyədə ZiM.Az saytının və “Şərqin səsi” qəzetinin şöbə müdiridir. İnanıram ki, Sona xanım oxucularını hələ çox yeni-yeni əsərlərlə sevindirəcək. Gününüz, iliniz mübarək olsun, gözəl xanım. Bütün gözəlliklər Sizinlə olsun!!
Həmişə yerli yazarlar barədə tənqid görəndə günahı bir az da özümüzdə axtarmalı olduğumuzu düşünürəm.
Adətən bu tənqidlər müxtəlif səpkilərdə olur; maraqlı yazmırsınız, mövzular köhnədir, yaman şikayət edirsiniz və sair, və ilaxır.
Allah tərəfi, bir çox məqamlarda bu tənqidlərlə razılaşıram. Hərdən mən də aramsız şikayətlərdən yoruluram, nəyisə dəyişməli olduğumuzu düşünürəm. Bir dönəm hamı ağız-ağıza verib şikayətlənirdi. Yerli yazarlar arasında şikayət etmək yoluxucu xəstəlik kimi durmadan yayılırdı. Kimi dindirirdin tiraj azlığından, qonorarsızlıqdan, nəşriyyat sisteminin yoxluğundan ürək ağrısıyla danışırdı. Türklər demiş, bir ara yerli müəlliflərə bir toxunan min ah eşidirdi.
Haqsız idilər? Əlbəttə ki, yox. Mütləq nələrisə dəyişmək lazımdır.
Bakıya gələndə tez-tez kitab dükanlarında oluram. Son vaxtlar yerli müəlliflərə dəstək məqsədilə onların kitablarını daha çox almağa başlamışam. Bu vərdişim kitab mağazalarında hələ də qəribə qarşılanır. Sözügedən dükanların əməkdaşları əsasən rusdilli xanımlar olurlar. Onların böyük əksəriyyəti yerli müəllifləri tanımır. Uzağı, Elxan Elatlıdan, Qaraqandan, Çingiz Abdullayevdən məlumatlıdırlar. Onlar üçün yerli müəlliflər adını çəkdiyim üç-dörd nəfərdən ibarətdir.
Bu əməkdaşlardan hansısa yerli müəllifin kitabını soruşanda hıqqana-hıqqana qalırlar. Ən yaxşı halda səni yerli müəlliflərin kitabları “gizlədilən” rəfin yanına gətirib taleyin ümidinə buraxırlar.
Gizlədilir deyirəm, çünki bu hərəkətə başqa bir ad tapa bilmədim. Fikir vermişəm, bu rəflərdə yerli müəlliflərin kitabını tapmaq ehtimalı samanlıqda iynə tapmaq ehtimalına bərabərdir. Çox vaxt yerli müəlliflərin kitabları rəflərin ən görünməz gözündə, döşəməyə yaxın hissələrində gizlədilir. Sanki kitab mağazaları bilərəkdən bu kitabları ən naqolay yerlərə qoyur, iz itirir, oxucunu azdırırlar.
O mağazaların birində yerli müəlliflərimizdən birinin əvvəlcədən almağı planlaşdırdığım kitabını güclə tapdım. Həmin kitabı adi bir oxucunun təsadüfən görməyi zəif ehtimaldır.
Özü də bu rəflərdə bir yerli müəllifin – məsələn, Seymur Baycanın, Qismətin, Aslan Quliyevin, Kənan Hacının, – hansısa bir kitabını tapa bilmək üçün xüsusi fiziki hazırlıq tələb olunur. Bu kitablar rəflərin elə hissələrinə yerləşdirilir ki, bəzən onları götürə bilmək üçün akrobatik hərəkətlər nümayiş etdirməli olursan.
Hələ bu müəlliflər bizim tanınmış imzalarımız hesab olunurlar. Vay gənc yazarlarımızın halına… Onların kitablarını bu mağazaların vitrininə çıxara bilməsi ən azı Bukerin uzun siyahısına düşmək qədər qəliz məsələdir.
Kitab mağazaları sanki oxucuları yerli müəlliflərdən uzaqlaşdırmaq üçün mümkün olan bütün yollara əl atırlar.
Əlqərəz, şikayətlənmək azarına mən də yoluxmaq istəmirəm. Bir az da yaxşı şeylərdən yazaq.
Bu yaxınlarda həmkarım Həmid Piriyevin hekayələr kitabını çapa hazırladığını eşidəndə çox sevindim. Düzü, Azərbaycan reallığında indiki şərtlərdə kitab çap etdirmək istəyən adam görəndə kövrəlirəm. Az qalıram ki, onu qucaqlayım, bağrıma basım. Hazırda Azərbaycan şəraitində kitab çap etdirmək Sizif əməyindən fərqlənmir. Boşuna enerji sərfiyyatı, maddi itki…
Amma yenə də sevindim. Həmid son dövrlərdə yerli müəlliflər arasında nəsrini doğma hesab etdiyim imzalardan birinə çevrilib. Nərmin Kamalın, Seymur Baycanın, Mirmehdi Ağaoğlunun Həmidin yaradıcılığına işıq tutan sözlərindən, yazılarından sonra onun bir neçə hekayəsilə tanış olmuşdum.
Həmid yaxın günlərdə “Yer üzündə axırıncı gecə” adlı hekayələr kitabını çap etmək fikrindən daşındığını elan edəndə xeyli təəssüfləndim. Kitabın elektron variantıyla tanış olanda geniş oxucu kütləsinin bu sadə, bəzəksiz, gözəl hekayələrdən məhrum olması təəssüfümü birə-beş artırdı.
Yəqin ki, yuxarıda sadaladığım problemlər Həmidi də təngə gətirib. Hər halda kitabın müəllifi kimi özü bilən məsləhətdir. İndi isə həmin kitab haqqında təəssüratlarımı bölüşmək istəyirəm.
Həmidin sözügedən kitabını oxuyanda qəribə ovqatda idim. Bu kitabdakı hər hekayə mənə doğma, məhrəm göründü.
Həmid kitabdakı hekayələri “Abşeron hekayələri” və “Və başqa hekayələr” adları altında iki hissəyə ayırıb.
Hekayələr hər nə qədər iki hissəyə bölünsə də, mən bir oxucu kimi onların arasında möhkəm bağların, bənzərliklərin olduğunu sezdim. Fikrimcə, bu kitabdakı bütün hekayələri (“Sərçələr üçün poema”, “Qanadlarım ağrıyır”, “Nəlbəkidə üzər kağız gəmilər”, “Ölüm və başqa xoşbəxtliklər”, “Göyqurşağında balıq ovu”, “Əllərində göyüzü”, “Qarğalar oturub üzü qibləyə”, “Bağışlayın, Rənanı tanımırsınız?”, “Qurbağalı gölün sahilləri”, “Qarışqa tapdalamayan”, “Məryəm xalanın oğlu”, “Yer üzündə axırıncı gecə”) Abşeron hekayələri adlandırmaq olar.
Bu hekayələrin hər birində Abşeronu, sahil kəndlərinin məhlələrinə dolan dəniz qoxusunu, qumsallıqdakı qum dənəciklərinin narınlığını, Bakının mehini, xəzrisini, gilavarını, mazut qoxusunu iliklərinə qədər duya bilirsən.
Həmid oxucunun əlindən tutur, onu yeni bir dünyaya müsafir edir, Bakı kəndlərinin nabələd məhlələrində, dəniz sahillərində gəzişdirir. Həmidin hekayələrindəki personajlar qərib, nisgilli adamlardır. Onların hər biri darıxır, xiffət çəkir, çətin günlərdən keçir, adi şeylərlə həyata tutunur, təsəlli tapır.
Həmid personajlarının adi günlərindən, məişət qayğılarından, gündəlik vərdişlərindən, gileylərindən yeni bir dünya yaradıb.
Hər şeydən əvvəl, hekayələrin ad seçimlərindəki orijinallıq oxuculara bu dünya haqqında az da olsa ipucu verir.
Həmid hay-küysüz, gurultusuz təhkiyəylə oxucunu yaratdığı bu dünyanın aralı qapısının ağzına gətirir və çıxıb gedir.
Son dövlər Azərbaycan ədəbiyyatında hekayə janrına daha çox müraciət olunduğunu görürük. Həmidin 12 hekayədən ibarət bu kitabı həmin axının ən uğurlu, parlaq nümunələrindən biri hesab oluna bilər.
Ümid edirəm ki, Həmid Piriyevin timsalında bir gün bütün yerli müəlliflərimizin qədri bilinəcək.
GECƏNİN BİR ALƏMİ… Sonra nə oldusa, yadıma gəlmir, Onu bilirəm ki, qanım qaynadı. Onu bilirəm ki, ruhum oynadı, Sonra nə oldusa, yadıma gəlmir. * * * Tez durub geyindim, çıxdım küçəyə, Küçə sizə sarı çəkirdi məni. Ulduz sizə sarı, ay sizə sarı, Gecə sizə sarı çəkirdi məni. * * * Gecədən, ulduzdan, aydan da betər, Ürək sizə sarı çəkirdi məni. Fələyə nə deyim, tutub qolumdan, Fələk sizə sarı çəkirdi məni. * * * Küçənin, gecənin, ulduzun, ayın, Ürəyin sözündən çıxa bilmədim. Tanrının sözündən çıxa bilmədim, Fələyin sözündən çıxa bilmədim. * * * Alnıma toxundum, gördüm tərləyib; Dodağıma baxdım, uçuqdu gördüm. Bütün darvazalar gördüm bağlıdı, Sizin darvazanız açıqdı gördüm. * * * Keçdim darvazadan, çıxdım həyətə, Arzu, istək məni yaxalamışdı. Ulduz oyaq idi, ay oyaq idi, Tanrı oyaq idi göyün üzündə… Qapınızın zəngi yuxulamışdı. * * * Qapını oyatdım, zəngi oyatdım, Oyatdım yuxudan zəngin səsini. Daha düşünmədim, fikirləşmədim İşin avandını, işin tərsini. * * * İş belə oldu ki, zəngin harayı, Yuxudan yarımçıq qaldırdı səni. Durna qatarında uçub gedirdin, Durna qatarından saldırdı səni. * * * Sən oyanan kimi, sən duran kimi, Əllərin oyanıb qalxdı yuxudan. Yastığın üstünə sərilib qalan, Tellərin oyanıb qalxdı yuxudan. Çiyinlər oyandı -pambıq çiyinlər; Addımlar oyandı- kövrək addımlar. * * * Nə gözəl olurmuş, Allah, yuxudan Yarımçıq duranda gözəl qadınlar. Həmişəki kimi “eşş” eləmədin, Bir sözü çevirib beş eləmədin, Sağını-solunu eşələmədin, Yüyürdün qapıya, çatdın qapıya. * * * Uzandı işığa süd barmaqların, Evin süd işığı alışdı, yandı. Sonra nə oldusa, yadıma gəlmir, Sonra vaxt dayandı, zaman dayandı. * * * Sonra söndü evin süd işıqları, Elə bil əridi, çürüdü, getdi. Ulduzun yanına, ayın yanına, Tanrının yanına yeridi getdi. * * * O süd işığından nə qaldı bizə? Ağ yastıq, ağ döşək, ağ yorğanüzü. Sənin baxışının odu, alovu, Mənim baxışımın çınqısı, közü. Od-oda qarışdı, alov-alova, Köz-közə qarışdı, çınqı-çınqıya. * * * Əl ələ qarışdı, barmaq barmağa, Dil dilə qarışdı, yanğı yanğıya. Sən mənə dedin ki, lap elə belə? Mən sənə dedim ki, lap elə belə. * * * Bu mənim telimdi, bu sənin telin. Axtara bilirsən, tapa bilirsən, Axtar elə-belə, tap elə-belə. * * * Gecə çırpınırdı, gecə əsirdi, Gecə titrəyirdi, nə titrəyirdi, Sinəmiz gecəni: -bu xoş keçəni Bir daş ütü kimi ütüləyirdi. * * * Gecənin sümüyü sürmə olmuşdu, Dişinə dəyirdi dişi gecənin. Bütün qitələri bölüşdürmüşdük, Biri bizim idi, beşi gecənin. * * * Sonra nə oldusa, yadıma gəlmir, Onu bilirəm ki, səhər açıldı. Onu bilirəm ki, əlim səyridi, Açıq pəncərədə baxdım səmaya Tanrı bizə baxıb gülümsəyirdi…
Gülər (hekayə) Gülər zəng vurub keçən dərsin yerini soruşanda onun nə qədər kədərli olduğunu səsindən hiss etmişdim. Səhər dərsə gələndə isə sanki ağlamaqdan gözləri şişmiş, yanaqları qızarmışdı. Hər zaman gülərüz, şən görünən bir məktəbli qızın bu qəmgin siması çoxlarını təəccübləndirmiş, hətta bunu dil və ədəbiyyat müəllimimiz Anar müəllim də asanlıqla hiss etmişdi. Tənəffüs zəngi çalınanda Anar müəllimi dəhlizin bir küncündə Gülərlə söhbət etdiyi səhnəni hələ də xatırlayıram. Gülərin yanağına süzülmüş göz yaşları, Anar müəllimin onu bir ata nəvazişi ilə bağrına basaraq “Narahat olma qızım, bu iş tezliklə sənin xeyrinə bitəcək” deməsi bu gün hələ də xəyalımdan çıxmamışdır. * * * Növbəti dərs zamanı artıq Gülərin çöhrəsinə qonmuş kədərli ifadələrin artıq yavaş-yavaş yox olaraq, o gözlərə azacıq da olsa təbəssüm qonmasının şahidi oldum. Sanki o Anar müəllimlə söhbətdən sonra kədərini unutmuş, ona ümid bağlayaraq hər şeyin gözəl olacağına inanıb, arxayınlaşmışdı. Gülər mənim parta yoldaşım olduğundan və aramızda olan yoldaşlıq bağlarımızın möhkəmliyindən heç nəyi bir-birimizdən gizlətməzdik. Bəlkə elə buna görə də o bütün olanları mənə açıq danışmışdı. O deyirdi ki “Axşamdan bəri ağlayıb, göz yaşı tökmüşəm. Dadıma yetən bir kimsə olmayıb. Bəkə də atam sağ olsaydı belə olmazdı. Kimsə məni sahibsiz zənn etməzdi. Onun sonrakı danışıqları isə sözün həqiqi mənasında mənə lap şok yaşatmışdı. Deyir – Axşam bizə elçilər gəlmişdi. Nişan üzüyünü zorla barmağıma taxdılar. Nə qədər ağlasam da göz yaşlarımı silən olmadı. Hamı yalandan “xoşbəxt ol” deyib getdi. Heç belə xoşbəxtlikmi olar? Oğlanın otuz iki yaşı var, mənimsə on beş yaşım hələ tamam olmayıb… Növbəti gün Gülərin nişan üzüyünü qaytardığını eşitdik. Düzü bu xəbəri eşidəndə sevincimin həddi – hüdudu yox idi. O qədər sevinmişdim ki hətta Güləri təbrik edib, Anar müəllimə təşəkkür də etmişdim. Anar müəllimə elə ürəkdən təşəkkür etmişdim ki, Güləri bəlkə mən istiyirəm deyə şübhələnmişdi də… Sonra Anar müəllimlə bir xeyli söhbət etdikdən sonra isə o hər şeyi anladı və başa düşdü ki mən Gülərin yox, haqqın tərəfindəyəm, ədalətin tərəfində, kimsəsiz, əlacsız olanların, düz olanların, haqqlı olub, haqqı tapdananların tərəfində… Anar müəllim özü də çox gözəl bilirdi ki, Rasimdən Gülərə ər olmaz. Nə olsun pulu var. O günləri pulnan ala bilməz. Atasız, kimsəsiz, kasıb bir ailənin qızı olanda nə olar ki.. Yox, bu sevgi deyil.Gülər təhsil almalıdır. Onun da arzuları var axı. Bu hadisənin üstündən illər keçdi. Orta məktəbi bitirdik. Gülər Ali məktəb imtahanlarından uğurla keçib tələbə adını qazandı. * * * Həkimlik ixtisasına yiyələnən Gülər Ali məktəbi bitirdikdən sonra bir müddət Mərkəzi Xəstəxanada işlədi. Artıq gənc bir həkim kimi fəaliyyətə başlayan Gülər həkim yaxın bir zamanda böyük nüfuz qazandı. Xasiyyətcə mülayim təbiətli, açıq ürəkli həkim qızın yanına gələn xəstələrin sayı günbəgün durmadan artırdı. Kasıbları, sahibsizləri pulsuz müalicə edən Gülər həkimi hamı çox sevirdi. O hətta imkansız xəstələri pulsuz müalicə etməklə bərabər hətta onların bir çoxunun dərmanlarını da özü alırdı. Düzdür onun varı – dövləti yox idi, lakin milyonlardan üstün olan təmiz qəlbi, gözəl xasiyyəti vardı. * * * 27 sentyabr 2020- ci il İkinci Qarabağ savaşı başlananda bu xəbəri eşidən Gülər həkim bütün işlərini yarıda qoyaraq, dərhal Azərbaycan Silahlı Qüvvələrinin Mərkəzi Xəstəxanasına qaçdı. O yaxşı bilirdi ki, Qəhrəman qardaşlarını müalicə etmək üçün onun kimi mərd ürəkli bir bacıya ehtiyacları var. Gülər həmdə çox vətənpərvər bir gənc idi. Onun Vətənə olan bağlılığı isə lap uşaqlıqdan yaranmışdı. O zaman hələ beşinci sinifdə oxuyurduq. “İyirmi Yanvar ” mövzusunda inşa yazısını müəllimə təqdim edəcəkdik. Gülər də hamı kimi bu mövzunu böyük vətənpərvərliklə hazırlamışdı. Sadəcə onun inşasını oxumağı hamımızdan fərqlənirdi. O cümlələri ürəkdən oxuyur, hər Şəhid kəlməsinə göz yaşı töküb ağlayırdı. Müqəddəs Şəhid adı gələndə onun göz yaşları dayanmırdı. Torpağına, millətinə, dövlətçiliyinə bağlı vətənpərvər biri idi. O vətənpər qız ki, indi vətənin müdafiəsinə, torpaqlarımızın azadlığına qalxan Qəhrəman qardaşları ilə eyni cərgədə vətənə xidmət edirdi. Şanlı qələbəmizlə başa çatan bu qırx dörd gün ərzində o bir dəfə də olsun evinə getməmişdi. Gülər həkim deyirdi ki, vətənin ağır günlərində mənim evim elə buradır. Mən qeyrətli qardaşlarımı yaralı halda qoyub heç yerə gedə bilmərəm… (ardı var)
M.S.Ordubadinin 150 illiyinə həsr olunmuş tədbir keçirilib
Yasamal MPS-nın X.B.Natəvan adına 4 saylı kitabxana filialı nəzdində fəaliyyət göstərən S.Vurğun poeziya ocağında M.S.Ordubadinin 150 illiyinə həsr olunmuş tədbir keçirildi. Tədbirdə müxtəlif muzeylərin rəhbərləri , tanınmış ziyalılar iştirak edirdilər . Tədbiri giriş sözü ilə poeziya ocağının direktoru Zərəngiz xanım açdı. Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sözü ilk olaraq M.S.Ordubadi muzeyinin direktoru, Əməkdar Mədəniyyət İşçısı Lalə Abaszadəyə verdi. Lalə xanım ədibin həyat və fəaliyyəti haqqında,onun yaradıcılıgında “Molla Nəsrəddin” jurnalının rolundan ətraflı söhbət açaraq dinləyicilərə maraqlı məlumatlar verdi. Ədibin “Dumanlı Təbriz”, Döyüşən Şəhər”, “Gizli Bakı”, “Qılınc və Qələm”, “Qanlı İllər” və s. digər əsərləri və gizli imzalarla “Molla Nəsrəddin “jurnalında “Qəflət” şeirinin dərcindən danışdı. Bu jurnalda 25 il ədəbi fəaliyyəti müddətində M Ə.Sabir, Ə.Haqverdiyev və digər şair, yazıçıların da yazılarının çap olunması, xalqın qəflət yuxusundan oyatmalrı üçün çalışmarı qeyd olundu . Ədib hələ 1905-ci il qadın azadlığından bəhs etmişdi. Tanıınmış rus ədibi M.Qorki yazırdı: “Şəxsiyyət ilə yaradıcılığı arasında üzvi bağlılıq olmalıdır. Pis adam yaxşı əsər yaza bilməz. Yaxşı əsərləri yaxşı adamlair yazar…” Əməkdar İncəsənət Xadimi, tarixi romanlar müəllifi, yazıçı-dramaturq, jurnalist M.S.Ordubadinin əsərləri 7 may 2019 cu ildən “Dövlət varidatı” siyahısına aid edilib. Xüsusən”Dumanlı Təbriz”, (5 hissəli) “Qılınc və Qələm” (2 hissəli) yenidən nəfis şəkildə nəşr olunaraq oxucuların ixtiyarına verilmişdir Sonra söz kitabxananın direktoru, Şəhid Vüsal Babayevin həyat yoldaşı Aynur Babayevaya verildi. O, şəhidlərə göstərilən dövlət qayğısından danışaraq ölkə başçısına dərin minnətdarlığını bildirdi, toplaşanlara ədibin yubileyinin təntənəli şəkildə dövlət səviyyəsində qeyd olunmasını arzuladı.
Söz “Dünya Türk Ocaqları Genel Mərkəzin” başqanı Aygün İbrahimovaya və həmin Mərkəzin”Qadın Qolları” mediya başqanı Validə Vəliyevaya verildi. Maraqlı keçən tədbirdə “Cabir Novruz” Fondunun əməkdaşı, “GünAz” saytının redaktoru Rəsmiyyə Heybətağa qızı və digər çıxış edənlər öz fikirlərini toplantı oiştirakçılarına çatdırdilar. Sonda M.S.Ordubadi” muzeyinin əməkdaşı Rasimə Əhmədova toplantı iştirakçılarına minnətdarlığını bildirdi.
“XƏZAN” – 39 Yeddinci ilin ikinci addımı – jurnalın aprel (mart-aprel, 2022) sayı… “XƏZAN” ədəbi-bədii jurnalının aprel (mart-aprel 2022) sayı çapdan çıxıb. Sıra sayına görə 39-cu nömrəsi hesab olunan 160 səhifəlik jurnalın növbəti sayı da poeziya, nəsr əsərləri və publisistik yazılarla zəngindir. Jurnalın redaksiya heyəti yazıçı Meyxoş Abdullahı 60, şairlərdən Kəmaləddin Qədimi 65, Nizami Kolanılını 70 yaşları münasibətilə təbrik edib. Bu münasibətlə Meyxoş Abdullahın yaradıcılığına qismən işıq salan Sərvaz Hüseynoğlunun ““Dəli”nin doğru xəbəri” və Nizami Kolanılının yaradıcılığından bəhs olunan Balayar Sadiqin “Poetik sözün səmimi ruhu” yazıları jurnalda yer alıb. Əli bəy Azərinin redaktor guşəsində yerləşən “Müharibə romanı” sərlövhəli məqaləsində Qarabağ müharibəsi mövzusunda yazılan və yazılmayan əsərlərə münasibət açıqlanıb. Ən əsası da Komandan, Sərkərdə, döyüş əməliyyatlarına rəhbərlik edən komandirlərin obrazlarının yaradılmaması qınağa çıxarılıb. İsmayıllı rayon məktəblərindən birində Azərbaycan dili və ədəbiyyat müəllimi Jalə Alızadənin “Nizami dühası” məqaləsində şair Nizami Gəncəvinin yaradıcılığına səyahət olunub. Elturan Əhlimanlının “Azərbaycanda qonaqpərvərlik ənənələri” məqaləsində adından göründüyü kimi elin müsbət xüsusiyyətləri, məziyyətləri dəyərləndirilir. Hacıməmməd Məmmədovun “Torpağa, xalqa və rəhbərə sevgi” və “Ömrün naxışları, qurub, yaradan eloğlu, xalqa, dövlətə xidmət edən insan” məqalələrində iki xeyirxah insandan, onların cəmiyyətdə tuttuqları mövqelərdən və həyata keçirdikləri faydalı layihələrdən söhbət açılır. Arzu Heydərovanın “Füzulinin şeir ətirli Yasəməni” müsahibə-oçerki Yasəmən Qaranın həyat və yaradıcılığına həsr olunub. Nigar İmaməliyevanın “Qarabağın tarixi-mədəni abidələri” məqaləsində işğaldan azad olunmuş ərazilərdə araşdırılan abidələrdən söhbət açılır. Xəyyam Əliyevin “Vətən həsrətinin rəngləri” məqaləsi zəngilanlı rəssam Nazim Hüseynovun yaradıcılığı barədədir. Ramiz İsmayılın “Məhəbbət şairi” məqaləsi aramızdan yenicə ayrılmış Mingəçevirdə yaşayıb yaradan şair Fəxrəddin Əzizin həyat və yaradıcılığı haqqındadır. Adilə Əsədovanın “Məmmədli kəndinin tarixi abidələri” məqaləsi “Abşeron kəndləri” silsiləsindən növbəti məqalədir və bu kənddə yerləşən tarixi abidələrdən bəhs edir. Poeziya cəhətdən bolluqdur. Esmira Günəş şeirlərinin hamısını şəhidlərə həsr edib. Xuraman Zakirqızının “Lalə və Ələkbər haqqında dastan” şeir-dastanında şəhidin nakam məhəbbətindən bəhs olunur. Ədalət Nəcəfoğlunun “Vəzirin səhvi” şeiri qədim bir rəvayət üzərində qurulub. Budaq Təhməzin “Tənha sazın harayı” mənzum dramında şair Ağ Aşığın faciəli həyatından bəhs edir. Dram 2004-cü ildə qələmə alınsa da şair onu ilk dəfədir ki, çap etdirir. Poeziya bölməsində bundan əlavə şairlərdən Kəmalıddin Qədim, Nizami Kolanılı, Məhəmməd Əli, Hafiz Əlimərdanlı, Şahnaz Şahin, Həsən Goranboylu, Şahlar Hacıyev, Şərqiyyə Balacanlı, Ramiz İsmayıl, Əyyub Məmmədov, Ziya Dilsuz, Zaur İlhamoğlu, Vüqar Əhməd, Bəxtiyar Kavanlı, Zəhra Səfəralıqızı, Şəhla Xəlilqızı və Xəlil Tahirbəylinin müxtəlif səpkili şeirləri yerləşdirilmişdir. Əli bəy Azərinin 44 günlük Vətən Müharibəsi iştirakçılarına həsr etdiyi “Adsız döyüş” adlı müharibə romanı təqdim olunur. Maraqlıdır, hadisələr baxımından daha çox yazıçı təxəyyülü olsa da orijinaldır, dramatikdir, reallığa yaxındır. Qeyd etmək lazımdır ki, Vətən Müharibəsi haqqında yazılan ilk romandır. Nəsr bölməsində bundan başqa Meyxoş Abdullahın, Əzizağa Elsevərin, Ayaz İmranoğlunun, Məzahir İsgəndərin, Mahir Cavadlının, Rəqibə Qəvvasın və Zaur Ustacın bir-birindən maraqlı hekayələri yerləşdirilib. Xatırladaq ki, jurnalın bu sayında qardaş Qırğız ədəbiyyatından Sulayman Risbayevin bir neçə hekayəsi Aygün Yaşarın tərcüməsi ilə çap olunub. Bir sözlə, “Xəzan” jurnalı hər zaman olduğu kimi yenə də bir-birindən maraqlı və rəngarəng yazıları ilə oxucularının görüşünə gəlib.