Zaur Ustacın “Çiçəklər, dağlar … və Xudayar dastanı” (şeirlər) adl yeni kitabı işıq üzü görüb. Yaxın günlərdə kitab “Mustafa Müseyiboğlu – 70” yubiley tədbirləri çərçivəsində nəşr olunub.
Ön sözün müəlifi filologiya elmləri doktoru, professor Vaqif Yusiflidir.
Bu münasibətlə dəyərli ziyalımız Zaur müəllimi təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.
Onu çoxdan tanıyıram. Dost deyilik, amma aramızda səmimi ünsiyyət var ki, bəlkə elə bu da dostluq deməkdir. Bu gün ədəbi aləmdə Rəşad Məcidin öz yeri var və o yer Rəşad Məcidə göydən verilməyib, hansı bir simsar havadarınsa ona bu yeri bəxş elədiyi də yanlış fikir olardı. Rəşad Məcid öz ağlı, istedadı və bir az da cəsarətiylə, ən əsası işgüzarlığıyla o yerə sahib çıxıb. Azərbaycanın üzdə olan bir ziyalısıdır. Tutduğu Yerin adı elə Rəşad Məciddir.Qarabağlı, Ağcabədili, Bakılı, Azərbaycanlı Rəşad Məcid. Avqustun 21-də Rəşad Məcidin 50 yaşı tamam olur. Cümə axşamı. Həftənin müqəddəs günündə. Deyəsən seyidliyi də var. Olsun! Üzündən-gözündən həmişə nur və təbəssüm əskik olmayan bu adamın bir kimsəyə pisliyinin keçdiyini eşitməmiş, görməmişəm. Dostluqda sabit adamdır. Kiminlə dostluq edirsə, sonadək varır. İki yaxın dostunu tanıyıram – Aqil Abbası, Zakir Fəxrini. Bir yerdə Quzanlıya getmişik və onların dostluğuna həsəd aparmışam. O səyahətdə Rəşadın bizim müasir şairlərdən necə gözəl şeirlər əzbər söylədiyinin şahidi oldum.
Rəşad Məcid şairdir. Ədəbiyyata da şeirlə gəlib. Rəşad Məcid nasirdir. “10 sentyabr” adlı maraqlı bir hekayəsi var. Rəşad Məcid publisistdir. Yaxşı yazıları var. Bu yazılarda maksimum həqiqətə can atır. Rəşad Məcid neçə illərdir “525-ci qəzet”in baş redaktorudur. Azərbaycanda nəşr edilən iki-üç oxunaqlı, maraqlı qəzetlərdən birinin baş redaktoru. Rəşad Məcid Azərbaycan Yazıçılar Birliyin katibidir. İşinə söz ola bilməz. Son on ildə ədəbi gəncliyin formalaşmasında doğrudan da onun qayğısını, təşkilatçılığını, ədəbi hamiliyini hamı təsdiq edə bilər. Və Rəşad Məcid gözəl atadır.
ŞAİR
Öncə tanıdığım ŞAİR Rəşad Məcid olub. Hətta onun şeirləri barədə bir məqalə də yazmışam.
Babalar yaşıdı ağacım, Çiçəyin, gülün yadıma gəlməz. Sən ki, əsrlər görmüsən. Torpaq yaşıdı dağım, Dünya yaşıdı Gün işığım, Bir silkələyin yaddaşınızı, Mən sizi tanıdım, Siz məni tanımadınızmı? Tanıdılar, sevdilər.
1993-cü ildə çapdan çıxan “Hələ ki vaxt var” şeirlər kitabıyla gəldi ədəbiyyata. Əslində, gəlmişdi. Amma kitab artıq ədəbi ictimaiyyətin diqqət mərkəzinə çevrilir və içindəkilər əsl poeziya nümunələri kimi təqdir edilirsə, gənc şairin gəlişi fərəh doğurur. Həm özü, həm də oxucular üçün. Rəşad Məcidin o kitabda toplanan şeirləri öz poetik saflığı, təmizliyi və əlbəttə, ifadə səlisliyilə dərhal diqqəti cəlb edirdi. Ay işığı süzülürdü şeirlərindən.
Bu dağlarda ay işığı- Çəməni bürüyən şehdir, Bir ahıl saçında zehdir.
Bu dağlar ay işığında Nəsildən-nəsilə saflıq aparan Yelkənli gəmidir.
Bu dağlar ay işığında Üz-gözü südə bulaşmış Körpə kimidir. Bəli, onun şeirlərinin əksəriyyəti sanki Ay işığına tamaşa edərkən yazılmışdı və Rəşad Məcid təbiətin romantikasını şeirə gətirirdi. Bu şeirlərdəki təşbeh zənginliyi heyrət doğururdu. Oxucu təbiətin gözəlliklərini bu təşbehlərlə bir daha duyurdu. Necə yəni “çəmən zirvənin çiynində bəzəkli şaldı”, “zirvədə dumandı yollar”, “öləndə çəməndi yollar”. Hələ metaforalar silsiləsi. Necə yəni “Çiçəklər can atar ay işığına”, “Dağlar çiçək boyu kiçilib, enib”. Elədir:
Dağlar çiçək boyu kiçilib, enib, Yaylaqlar təkliyi dərd eləyəndə, Hüznlü ah kimi payız mehini, Çaylar dərələrə səpələyəndə, Bir oğlan gəzəcək yurd yerlərini- Qəlbində, könlündə, gözündə bahar.
Axacaq günəşin nuru torpağa, Budaqlar titrəyib pıçıldaşacaq. Bir oğlan gəzəcək-qəlbində bahar, Saralan çəmənlər yaşıllaşacaq.
Bunlar – bu mənzərələr romantik duyğulu bir gəncin təbiət məcnunluğu idi. O, təbiətin şeiriyyətini Poeziyaya gətirmək istəyirdi və deyim ki, “Təbiəti şeirə gətir” deyən ustadı Məmməd Arazın poetik yolunun yolçusu oldu. Yağış yağır. Bəs sonra? Sonrası şeirin işidir:
Buludlar dağılar, Səmada haçan, Çəmənin çiçəyi Ağıl çaşdırar. Günü demirəm heç Torpağa baxsan, Yamyaşıl otlar da Göz qamaşdırar.
Bu şeirlərin ilk kitabının çapından xeyli əvvəl yazıldığını güman edirəm. O, təbiətdə insanı, insanda təbiəti görən bir şair kimi diqqəti cəlb edirdi. Amma illər keçdi…g Rəşad Məcid o gözəlliklərə hüznlü bir gözlə boylandı: bu da dağılmış yurd yerləri…
Həsrət axıb sinəsindən, Şimşək çaxıb sinəsində. Bu yaylağın sinəsində Yurd yerləri yara kimi. Və bir də Rəşadın sevgi şeirləri. Onlarda sevinc də vardı, qəm də. Qəmli şeirləri sevdiyimdən Rəşadın o ruhda yazdığı gözəl bir şeirindən o zaman olduğu kimi indi də təsirlənirəm:
Aldın gecələri, əlimdən aldın, Altun gecələri əlimdən aldın. Mən günün, gündüzün heyrət yükünü, Bir gözəl misranın böyüklüyünü,
Sevda alovunu, nifrət odunu, Kədərin, sevincin tanış dadını, Çəkib ürəyimə, yığıb qəlbimə Gecələr sıxardım ağ varaqlara.
Rəşad Məcid daha şeir yazmır, – iddiasında deyiləm. Bəlkə də yazır. Amma bu cür gözəl şeirlərin müəllifinin bir şair kimi susması onun birinci “günahıdır”…
NASİR
Mən bilən Rəşad Məcidin indiyə kimi iki hekayəsi – “Cənnət dərəsi” (1987), “10 sentyabr” (2003) çap edilib. İkinci hekayə çap edilən kimi haqqında bir sıra yazılar dərc edildi. Mən də yazdım. “10 sentyabr” doğrudan maraqlı hekayə idi. Uğurlu başlanğıc kimi qiymətləndirildi. Siyasi reallığı bədii reallığa çevirən bu hekayədə Rəşid əsl azərbaycanlı xarakteri yaratmışdı. Təfsilata varmaq istəmirəm. Ancaq qeyd edim ki, hekayədə reallıq hissi çox güclü idi və bu hekayənin əsasında gözəl bir bədii film də yarana bilərdi. Rəşad Məcid daha hekayə yazmır, nəinki povest, roman. Bəlkə də yazır. Onun nəsrdə də susmasını şəxsən bir oxucu kimi anlamıram. Bu da onun ikinci “günahı”.
PUBLİSİST
Bax, buna söz yox. Bir neçə kitabı çıxıb. Hərdən öz baş redaktor olduğu qəzetdə publisistik məqalələri də dərc edilir. Şeir, nəsr yazmamağının “günahlarını” bu yazılara görə bağışlamaq olar. Publisistikasında həddən artıq səliqəlidir. Fakt həqiqətini bədii həqiqətə çevirə bilir. Sadə, təmkinli təhkiyə tərzi var. Hansı məsələdən, problemdən söz açırsa, “dəlicəsinə” müdaxiləsiz də keçinə bilmir. Həyat hadisələrinin huşyar gözü ilə mənalandırılması, ictimai-siyasi olaylara həqiqət prizmasından qiymət verilməsi o məqalələrin təqdir olunmasına səbəbdir. Misallar gətirməyəcəyəm. Lazım da deyil.
BAŞ REDAKTOR
Azərbaycanda çox qəzet çıxır. Bu balaca ölkədə (ərazisinə görə deyirəm) bu qədər qəzetin çıxmağı və əksəriyyətinin də ayda, ildə bir dəfə “işıq” üzü görməsi dəhşətdir. Bu, hamımızın problemidir, amma heç kim bunu yoluna qoya bilmir ki, bu salfetkalardan xilas olaq. Azərbaycanda oxunan, sevilən qəzetlərin sayı isə çox deyil, bəlkə barmaqla sayılacaq qədərdir. “525-ci qəzet” də onlardan biridir. Onun baş redaktoru Rəşad Məciddir. Mən də bu qəzetin daimi oxucusu, hərdən daimi, hərdən də təkəmseyrək müəlliflərindən biriyəm. Özüm xoşladığım, başqalarının da bəyəndiyi bir çox məqalələrim bu qəzetdə çıxıb. Üstümə qaytarılan yazılarım da olub və gizlətmirəm ki, Rəşad Məciddən incimişəm də. Mənim kimi daimi müəllifləri az deyil qəzetin. Hər şənbə “525-ci” qəzeti kioskdan alıram. O biri günləri də hərdən. Bu qəzet həqiqətin güzgüsüdür. Həqiqət isə bundan ibarətdir ki, qəzet milli ideologiyanı təmsil edir. Azərbaycançılıq ruhundadır. Amma hər şənbə “Ədəbiyyat səhifəsi”ni daha çox bəyənirəm. Hərdən ortabab yazılar olsa da, deyərdim ki, “Şənbə səhifəsi” əsl ədəbiyyat güzgüsüdür. O qəzetdə Yaşar Əliyev, Yusif Rzayev kimi canfədailər var.
KATİB
Rəşad Məcid Yazıçılar Birliyinin katibidir. Gənclər üzrə iş aparmaq ona həvalə edilib. O da bu vəzifəni ləyaqətlə yerinə yetirir. “Gənc ədiblər məktəbi” (1 və 2) onun təşəbbüsü ilə yaradılıb. O “məktəb” həm pedaqoji xarakter daşıyır, həm də ədəbi. Gənclər bu məktəbdən çox şey əxz edir, hətta mənfəət götürürlər. O mənfəət də bundan ibarətdir ki, hər il Rəşad Məcidin təqdimatı ilə iyirmi cavan ədib təqaüd alır, Rəşad Məcidin canına dua eləyirlər. Onların əksəriyyəti artıq Yazıçılar Birliyinin üzvüdür. Burda bir az ifratçılıq da olsa, varlığa nə darlıq, səxavət kanı olmaq da pis deyil. Rəşad Məcidin qapısı həmişə açıq olur. Qəbul günləri-filan yoxdur. Müsafirləri də elə cavanlardır. Rəşad Məcidi sevməyən cavanlar da var və bəzən mətbuatda onun üstünə alov püskürürlər. Bir az əsəbiləşir, sonra təmkini, səbri onu idarə edir. Cavanları bağışlamaq lazımdır belə yerdə və o da bağışlayır. Daha nə deyim? Rəşad Məcid necədirsə, qoy elə Rəşad Məcid olaraq qalsın, üzündən təbəssümü heç vaxt əskik olmasın. Ona uğurlar arzulayıram.
Gölün sahilində başqa bir qayıq da bağlanmışdı. İki hindu dayanıb gözləyirdi. Niklə atası arxa tərəfindən atılıb qayığa mindilər. Hindular qayığı itələdilər. Onlardan biri avar çəkməyə başladı. Corc dayı da o biri qayığın arxa hissəsində oturdu. Cavan hindu qayığı itələdi. Özü də atılıb mindi və avarları götürdü.
Hindular eyni ahənglə cəld avar çəkirdilər. İki qayıq qaranlığı yarıb yola düşdü. Nik o biri qayığın onlardan xeyli uzaqlaşdığını gördü. Duman qoynunda suyun şappıltısı eşidilirdi. O, arxaya söykənmişdi, atasının qolları ona sarılmışdı. Avarçəkən hindu səy göstərsə də, o biri qayıq qaranlıqlara daha tez soxulur, hər dəfə onu izləyən qayığı xeyli arxada buraxırdı. Nik:
– Hara gedirik, atacan?
– Hindu qəsəbəsinə. Qadınlardan biri ağır xəstədir.
– Belə de, – Nik təəccübünü gizlətmədi.
Kiçik körfəzi keçəndən sonra o biri qayıq sahilə yan aldı. Corc dayı qaranlıqda siqar çəkir, cavan hindu qayığı sahilə dartırdı. Corc dayı hindulara siqar verdi. Onlar əllərində fənər tutmuş hindunu izləyərək sahildən uzaqlaşdılar.
Şehdən tamam islanmış çəmənliklə yeriyirdilər. Sonra meşənin içərisi ilə uzanıb gedən cığıra düşdülər. Cığır onları hindu daxmalarının yerləşdiyi təpəliklərə doğru aparırdı. Hər iki tərəfdən ağaclar kəsildiyindən yol çox işıqlı idi.
Cavan hindu ayaq saxlayıb fənəri söndürdü. Yollarına davam etdilər. Döngəyə çataçatda bir it hürə-hürə onlara yaxınlaşdı. Qarşıda hindu ağacyonanlarının yaşadıqları daxmalardan işıq gəldi.
İtlər gələnlərin üstünə tökülüşdü. İki hindu onları geriyə qaytardı. Yola yaxın daxmanın pəncərəsindən işıq gəlirdi. Qoca qadın əlində lampa astanada dayanmışdı. İçəridə – taxtın üstündə gənc hindu qadın uzanmışdı. İki gün idi ki, o, ağrı çəkirdi. Qəsəbədəki qadınların hamısı onun qulluğunda durmuşdu. Kişilər yol qırağına çəkilib qaranlıqda oturmuş, qadının qışqırtısı eşidilən yerdən xeyli kənarda siqaret çəkirdilər.
Qadın başını yana çevirmiş halda aşağı taxtda uzanmışdı. Büründüyü adyalın altından iri qarnı bilinirdi. Həkimlə Corc dayını izləyən Nik və iki hindu komaya girəndə qadın ağrının təsirindən ucadan bağırdı.
Onun əri yuxarı taxtda uzanıb çubuq çəkirdi. O, üç gün əvvəl ayağını balta ilə kəsmişdi.
Otaq dözülməz dərəcədə pis iylənirdi.
Nikin atası ocağın üstünə su qoymağı tapşırdı. Su qızına qədər Niklə söhbət etdi:
– Bu xanımın uşağı olacaq.
– Bilirəm.
Atası:
– Bilmirsən, – dedi, – mənə qulaq as. Onu sancı tutub. Uşaq istəyir doğulsun, qadın da bunu istəyir. Ananın bütün əzələləri onun azad olmasına çalışır. Ona görə belə bərkdən çığırır.
– Görürəm.
Qadın təzədən qışqırdı.
– Atacan, ağrını kəsmək üçün ona dərman verə bilməzsən?
– Yox, ağrıkəsən dərman yoxumdur. Onun çığırtısına fikir vermə. Mən heç onu eşitmirəm, belə ağrıların qorxusu yoxdur.
Yuxarı taxtdakı kişi üzünü divara sarı çevirdi. Mətbəxdəki qadın xəbər verdi ki, su qızıb. Nikin atası oraya getdi və böyük qəhvədandakı suyun yarısını ləyənə töküb, bükülü cib dəsmalını açdı, bəzi tibb alətlərini qəhvədanda qalan suya boşaltdı.
– Qoy qaynasın, – dedi və qəsəbədən gətirdiyi bir parça sabunla əllərini ləyənin içərisində – isti su ilə yumağa başladı. Nik atasının sabun tutan əllərini bir-birinə sürtüşdürməsinə tamaşa edirdi. Həkim çox diqqətlə və səliqə ilə yuyunur, eyni zamanda söhbətindən qalmırdı:
– Bilirsən, Nik, qadın doğanda, adətən birinci uşağın başı gəlir, bəzən isə bunun əksi olur. Belə olan halda hamı təlaşa düşür. Qadın isə o dünyaya gedib qayıdır. Deyəsən, operasiya etməli olacağam. Başqa əlac yoxdur…
Əllərini yuyub razılıq etdi və içəri keçib, işə başladı.
– Corc, adyalı aşağı çək, – dedi. – Mən toxunmaq istəmirəm.
Bir azdan o, əməliyyata başlayanda Corc dayı və üç hindu kişi qadının əl-ayağını tutdu. Qadın Corc dayının qolunu dişlədi. Dayı “Lənətə gəlmiş hindu qancıq”, – deyə söydü.
Corc dayını qayıqla gətirən cavan hindu bunu eşidib gülməkdən uğundu.
Nik də atasına kömək edirdi. O, ləyəni tutmuşdu. Cərrahiyyə əməliyyatı uzun çəkdi. Həkim körpəni qucağına götürüb yanına şappıldatdı ki, nəfəs alsın. Sonra onu qoca qadına uzatdı:
– Bax, Nik, oğlandır… Mənim assistentim olmaq istərsən?
Nik çiyinlərini çəkdi:
– Nə bilim…
O, atasının hərəkətlərini görməməkçin yana baxırdı. Ata:
– Allahın köməkliyi ilə qurtararıq, – deyə nəyisə ləyənə tulladı. Nik baxmadı.
– İndi isə… yarığı tikmək lazımdır. Nik, öz işindir, baxa da bilərsən, baxmaya da. Bayaq kəsdiyim yeri indi tikəcəyəm.
Nik baxmadı. Onun marağı çoxdan sönmüşdü. Atası işini qurtarıb başını qaldırdı. Corc dayı və üç hindu kişi bellərini dikəltdilər. Nik ləyəni mətbəxə apardı. Corc dayı qoluna baxdı. Cavan hindu xatırlayaraq güldü. Həkim:
– Darıxma, Corc, yaranın üstünə peroksid tökərəm, – dedi. – Sonra o, hindu qadına sarı əyildi. O artıq sakitləşmişdi. Gözləri qapanmış, sifətinin qanı qaçmışdı. Körpədən, ümumiyyətlə, ətraf aləmdən xəbərsizdi. Həkim ayağa qalxaraq:
-Mən sabah səhər qayıdacağam, – dedi. – Günorta Seyni-İqnasdan şəfqət bacısı gələcək, özü ilə lazım olan bütün dərmanları gətirəcək.
O, oyundan sonra geyinmə otağına toplaşmış futbolçular sayağı həyəcanlı və çoxdanışan olmuşdu.
– Bunu tibb jurnalına yazmağa dəyər, Corc. İri qatlama bıçaqla qeysər əməliyyatı aparmaq, sonra yarığı nazik bağırsaqdan düzəldilmiş doqquz futluq sapla tikmək.
Corc dayı divara söykənib qoluna baxırdı:
– Siz əvəzedilməz adamsınız. Doğru sözümdür.
– Xoşbəxt ataya baxmaq lazımdır. Adətən belə xırda-xuruş hadisələrdə atalar çox əzabçəkən olurlar. Öz aramızdır, o bunları çox sakit qarşıladı. Soyuqqanlı adama oxşayır.
O, hindu kişinin öz başına bürüdüyü adyalı çəkdi. Əli islandı. Tez aşağı taxtın qırağına çıxıb bir əlində lampa tutaraq onun sifətinə baxdı. Hindu yönü divara uzanmış, boğazı bir qulağından digər qulağına kimi kəsilmişdi. Bədəninin ağırlığı altında əyilmiş taxtın çökək yerinə qan yığılmışdı. Başı qolunun üstünə düşmüşdü. İti tərəfi yuxarıya çevrilmiş ağzı açıq ülgüc adyalın altında qalmışdı. Bunu görən həkim çığırdı:
– Niki komadan çıxart, Corc!
Buna ehtiyac yox idi. Mətbəxin qapısı ağzında dayanmış Nik atasının bir əlində lampa yuxarı taxta çıxdığını, ehmalca hindunun başını yana çevirdiyini açıq-aydın görmüşdü.
…Onlar daxmalardan uzaqlaşan yolla gölə tərəf enəndə dan yerinə qan sızırdı. Nikin atası:
– Səni nahaq gətirdim, – deyə dilləndi. Onda əvvəlki şən əhval-ruhiyyədən əsər-əlamət qalmamışdı. – Sənin orda iştirakın ağılsızlıq idi. Mən buna nahaqdan yol verdim.
Nik soruşdu:
– Doğanda qadınlar həmişə belə əzab çəkir?
– Yox, bu, bir təsadüfdür.
– Atacan, o kişi özünü niyə öldürdü?
– Bilmirəm, Nik, bilmirəm. Yəqin dözmədi.
– Atacan, kişilərin çoxu özünü öldürür?
– Yox, Nik.
– Bəs qadınlar necə?
– Nadir hallarda.
– Yəni heç öldürmürlər?
– Hərdənbir.
– Atacan?
– Hə…
– Corc dayı hara getdi?
– Harada olsa bu saat qayıdar.
– Atacan, ölmək çətindir?
– Yox, lap asan. Şəraitdən asılıdır.
Onlar qayığa mindilər. Nik arxaya keçdi. Atası avarları götürdü. Günəş dağların dalından boylanırdı. Cökə ağacından hazırlanmış avarlar suya baş vurub çıxır, dairə cızırdı. Nik əlini suya saldı. Su səhərin sazağında ilıq idi.
Səhər erkən göldə atasının avar çəkdiyi qayığın arxasında oturan Nikə birdən-birə elə gəldi ki, o heç vaxt ölməyəcək.
Tarixi mənbələrdə “Azərbaycan” adı kifayət qədər nəql edilmişdir. Əfsuslar olsun ki, cəmiyyətimizin bəzi nümayəndələri iddia edir ki, Azərbaycan 1918-ci ildə yaranmış dövlətdir. Məhz bu adı guya Məhəmməd Əmin Rəsulzadə və Fətəli xan Xoyski yaratmışdır. Halbuki, bu çox absurd iddiadır. Azərbaycan adının mənşəyi qədim fars dilində od(alov) yurdu mənasına gəlir. Biz bu adla ilk dəfə Atropatena dövləti zamanı tanış olmuşuq. Belə ki, Atropatena dövlətinin digər adı Adərbayqan olmuşdur. Qeyd etdiyimiz kimi bu adın mənası alov yurdu deməkdir. Çünki, sözügedən illərdə Zərdüştlüyün yəni atəşpərəstliyin qibləsi Qazaka(indiki Təkab) şəhərində idi. Ərəblərin yaxın şərqi işğalından sonra xəlifələr işğal etdikləri ərazilərə valilər təyin etmişdir. Azərbaycan ərazisinə də I Müaviyə tərəfindən canişin Ubeydullah təyin olunmuşdur. Qeyd etmək lazımdır ki, əməvi- ərəb mənbələrində Azərbaycan ərazisi Dərbəndən-Zəncana qədər sərhədlənmişdir. Yaqub Həmədani Möcəmul-buldan kitabında Ərdəbilin də Azərbaycana aid olduğunu yazır. “… O cümlədən Ərdəbil barəsində soruşulduqda (ora)Azərbaycan məntəqələrindəndir, deyilənlərə əsasən Ərdəbil Azərbaycanın ən məşhur şəhərlərindəndir və islamdan əvvəl oranın mərkəzi olmuşdu.”
İslam mənbələrində isə Azərbaycan adı Savalan dağı ətrafındakı ərazi olaraq qeyd edilir. Belə ki, əl-Qeybət kitabında qeyd olunur ki, Məhəmməd peyğəmbər (s) buyurmuşdur ki, Hər kəs «فَسُبْحانَ اللَّهِ حِینَ تُمْسُونَ…»- ayəsindən «…وَ کَذلِکَ تُخْرَجُونَ»- ə kimi(Rum surəsi 17-19) oxusa Savalan dağına yağan qarın dənələri qədər savab əldə edər. Deyildi, ey Allahın rəsulu, Savalan nədir? Buyurdu: «Azərbaycan torpaqlarından bir məntəqədir ki, behiştin bir çeşməsi və peyğəmbərlərin birinin qəbri ordadır.Fikrimizcə, sözügedən peyğəmbər Cərcis peyğəmbərdir. Ümumilikdə qeyd edək ki, VII və VIII əsrlərdə ərəb-islam qaynaqlarında Azərbaycanın adı və sərhədləri qeyd edilir.
Qədim Azərbaycan şairi Qətran Təbrizi də öz Divanında Azərbaycan adına toxunur. O, 1020-1060 cı illərdə hakimiyyətdə olmuş Rəvvadi hökmdarı I Vəhsudana “Şahi Azərbaycan” yəni Azərbaycanın şahı olaraq xitab edir.
Qətranın əlyazmasından nümunə:
بزم از این تازه چو ازماه دو هفته آسمان چون ستاند جام میرا زوخداوند جهان جعفر آنکو کرد زر جعفری را ، امکان عیب دانم خواندن اور شاہ [آذربایگان] کوهمه دیتى بگيردگیشودهمداستان؟ بسندی گیتی همه چون خسروان باستان زوزدندی گاه بخشیدن بمردی داستان وزتن شيران برون آرد بضربت ارغوان از خدنگ او تن حاسد بچفندچون(۱)کمان
Azərbaycanın görkəmli hökmdarı olmuş Şah İsmayıl Səfəvi şimal-şərqi Azərbaycanı fəth edərkən müridləri Gülüstan qalası ətrafında dayanmış və Şah onlara Azərbaycan taxtına sahib olmaq istəyini sətiraltı ifadə ilə söyləmişdir. “İsgəndər bəy Münşi Səfəvi dövlətinin qurulması ərəfəsini belə təsvir edir: “Şirvan vilayətinin uca və məşhur qalalarından olan bu qala (Gülüstan qalası) mühasirəyə alındı. Mühasirə vaxtı qeyb aləmindən xəbər gətirən mələk o həzrətə (Şah İsmayıla) Azərbaycanın səltənət taxtına və padşahlığına yetişmək müjdəsi verdi… O həzrət əzəmətli əmirləri çağırıb onlara dedi: “Sizə Gülüstan qalası lazımdır, ya Azərbaycan taxtı?”
Azərbaycanlı anlayışı nədir?!
Azərbaycan adı qədim olduğu kimi Azərbaycanlı adının da qədimliyinə dair dəlillər vardır. İlk öncə qeyd edək ki, “Azərbaycanlı” anlayışı İ.V.Ç Stalin tərəfindən türklüyə damğa vurmaq məqsədi ilə yaradılmamışdır. Düzdür, AXC dövründə əhalinin milliyyəti siyahılara türk olaraq qeyd olunurdu, lakin bu azərbaycanlı məsələsini sarsıtmır. Türk xalqın adıdır, Azərbaycanlı isə milliyyətin kimliyidir. Çünki, Azərbaycan ərazisində türk olmayan(tatlar, talışlar, çeçenlər, ləzgilər, udinlər, avarlar, saxurlar, tatarlar, yahudilər və.s) xalqlar vardır ki,bu xalqların əksəriyyətinin tarixi-ana vətəni məhz Azərbaycandır. Azərbaycanlı dedikdə yəni Azərbaycan ərazisində yaşayan xalqların ümumi ismi nəzərdə tutulur. “Mən Azərbaycanlıyam” deməklə biz dolayı yol ilə mən e.ə IV əsrdə Adərbayqan(Azərbaycan) torpaqlarında yaşayan xalqın övladıyam ifadəsini diqqətə çatdırırıq.İddia olunduğu kimi XX əsrdə yaranan “anlayışın” yox. Biz bu fikri ifadə etməklə, Türklükdən uzaqlaşmır, əksinə tariximizdə daha da bağlı oluruq. Dolayı dəlil verək:
Nizami Gəncəvi ədəbiyyatşünaslıqda türk olaraq qeyd olunur, həqiqətə o türkdür. Lakin, nisbəsi Gəncəvi(Gəncəlidir). Yəni, tarixi Gəncə şəhərinin övladıdır. Nizaminin Gəncəvi olması türklükdən uzaqlaşdırırmı?! Xeyr, hətta biz Nizaminin məhz Gəncəvi olması ilə onun türk olduğunu sübut edirik. O cümlədən, Azərbaycanlı deməklə biz tarixi Azərbaycan torpağında yaşadığımızı qeyd edirik. Habelə, türk olmayan millətləri də ümumiləşdiririk. Milliyyət və xalq məsələsi fərqli anlayışlardır. Məsələn :türk, talış, ləzgi fərqli – fərqli xalqlardır . Danışdıqları dil,genetika,eyni zamanda adət-ənənə arasında müəyyən fərqlər var, lakin, biz ümumi Azərbaycanlı ifadəsini işlətdikdə dilindən, millətindən,dinindən və irqindən aslı olmayaraq hər kəsi tarixi Azərbaycan torpağının övladı olaraq təqdim edirik. Bizi 10 milyon əhali edən də məhz Azərbaycanlı anlayışıdır.
Azərbaycanlı anlayışının tarixiliyinə dair bir başqa dəlil isə qədmi fəlsəfə alimlərimizin nisbəsinin əl-Azərbaycani (Azərbaycanlı) olmasıdır. Bunlara misal olaraq 993-1067- ci illərdə yaşamış filosof alim Əbülhəsən Bəhmənyar Əl-Azərbaycanini nümunə çəkmək olar.
Ondan əlavə 1115-ci ildə vəfat etmiş nasir və şairimiz Əbu Yə’la Muhəmməd əl-Azərbaycani, habelə, islam filosofu 1010-cu ildə vəfat etmiş Əbu Abdullah Nafi’ ibn Əli ibn Yəhya əs-Səravi əl-Azərbaycani ni misal vermək olar.
Mənbələr :
Əl-Qeybət kitabı səhifə 194
Закир Мамедов. Азербайджанские философы и мыслители средневековья. Баку, 1993
İnsan daim axtarışdadır. O, rahat və sakit həyat axtarır. Bəs bunu necə və hansı yolla əldə etmək mümkündür? “Mən sakitliyi hər yerdə axtardım və onu yalnız bir yerdə – küncdə kitabla birlikdə tapdım”.
Hamı yazır. Hər kəsin əlində qələm var. Tarix boyu heç bu qədər yazan olmamışdı. Bəs nə üçün yazmaq gərək? Eko: “Dünyanı dəyişmək niyyəti ilə yazmaq lazımdır”.
Həqiqət günəş kimidir, yalansa bulud. Bulud günəşin qarşısını bir anlığa, müəyyən bir müddətədək tuta biləcək, əbədiyən yox. Buna görə də həqiqətin yanında ol! Zaman gələr, hər şey dəyişər, amma dəyişməyən bir şey var, o da həqiqətdir.
Bəzən sıxılırıq, nə iləsə təsəlli axtarırıq. İnsan nə ilə təsəlli tapa bilər? Maddiyyatla yox, əlbəttə. Təsəlli mənəviyyatda tapılar. Bəzən oxuduğun bir kitabda, hər hansı bir sətrdə, bir sözdə də gizlidir.
İnsan fani olan nəsnələr dalısınca qaçmasın gərək. Torpaqda balıq tutmaq olarmı?! Yaxud suyun üzündə yerimək, necə, mümkündürmü?! Yox, qətiyyən. Bəs onda fani olan nəsnələr dalınca bu insanlar nə üçün belə qaçırlar, can-fəşanlıq edirlər?! “Payızdan qabaq çəməngülü kimi solub gedən zahiri görkəm hər şeydən fanidir”.
Dünya necə də dəyişib, sanki ədalət sükanını itirib. Qoca dünya girdaba tuş gəlib, çıxılmazlığa sürüklənib. “Bir zamanlar adamlar gözəl idilər. İndi isə cırtdanlaşıblar. Bu qocalmaqda olan dünyanın acınacaqlı halının əlamətlərindən biridir. Gənclər qocalardan heç nə öyrənmək istəmirlər. Elm geriləyir. Bütün dünya baş-ayaq olmuş. Korlar korları idarə edir və onlar uçuruma sürüklənirlər. Quşlar uçmağı öyrənmədən yuvadan ayrılır, eşşəklər çalır, öküzlər oynayır”.
Kainat gözəldir və “kainatın gözəlliyi yalnız müxtəlifliyin vahidliyində deyil, həm də vahidin müxtəlifliyindədir”.
Dünya bir kitab kimi bizimlə söhbət edir. Dünyadakı bütün məxluqat bizim üçün sanki bir rəsm, kitab, yaxud da aynadır. Baxdıqca, oxuduqca və qarşısında keçdikcə hər şeyi görə bilirsən.
Yazılmış hər şeyi hamı oxuya bilər. Bir də hələ (bəlkə də, heç vaxt) yazılmamış şeylər var. Bax əsas olan onları oxumaqdır. Onları oxumaq gərək. Bunun üçünsə bəsirət gözü olmalı, görməli.
Şər (İblis) tək heç nə edə bilməz. Bu bədniyyət varlıq ona qul olan insanlar vasitəsilə pisliyi yayır, müharibələr törədir, güclü hala gəlir. Bəs insanlar necə olur ki, şərə uyur?! Əsas səbəb maddiyyatdır. Maddi istək insanlığı uçuruma doğru yönləndirir, azadlıqdan qul halına salır.
İnsanın ən böyük düşməni də, dostu da, hətta onu tanıdan da dildir. Yoxdan var olan dil – söz gizlini, ürəyin ən dərin qatlarında özünə yuva qurmuş əsrarı üzə çıxarır. Qarşındakını tanımaqmı istəyirsən?! Onu danışdır, o danışdıqca özünü, içini sənin qarşına sərəcək.
Hər şeyi hər kəsə demək doğru deyil. “Zira hər gerçək hər qulağa görə deyil və hər yalan da dindar ruh tərəfindən dərk edilməz”.
İnsan, əslində, kor olaraq doğulub. Bizə sadəcə lazım olmayanı – maddiyyatı görmək imkanı verilib. Bu korluq hətta çox zaman yanılmağımıza da səbəb olur. Nə qədər eybəcərliklər, şər, yalan bizə zahirdə gözəl görünür. Amma kor olan insana həqiqəti-batini görmək şansı da verilib. İnsan bu məziyyəti sonradan qazana bilər. Həqiqəti, batini (daxili, bizə lazım olanı) necə görə bilərik?! Cavab: batinini, düşüncəni təmizləməklə, səni həqiqəti görməyə qoymayan iç çirkabını yox etməklə. Əsl qurtuluş, bax, bu zaman gerçəkləşməyə başlayır.
Hər şey göründüyü kimi deyil. “Əzabda xoşbəxtlik, eşqdə fəryadlar” var.
Eyni dildə danışmaq deyil, eyni düşüncədə olmaq qurtuluşa varmaqda həlledicidir. Əhəmiyyətsiz şeylərdən ali nəsnələr, ali nəsnələrdən də əhəmiyyətsiz şeylər yarana bilər.
Ədalətsizliyə qarşı yaradılmış qanunlar bəzən özü də böyük ədalətsizliyə çevrilir. İnsanın fiziki və ruhi (mental) xəstəliyinin təzahürləri bilinir. Bəs cəmiyyətin xəstəliyini necə müəyyən etmək mümkündür?! Fikirlərin bu qədər toqquşmasında. Əsas etibarı ilə vahidlik yoxdursa, pərakəndəlik mövcuddursa, insanlar, alimlər bir-birini bu qədər təkzib edirlərsə. Belə cəmiyyətdə heç kim heç kəsi bəyənmir, qəbul etmir, hamı yalançıdır fikri cəmiyyəti çulğayır.
Şərə qarşı mübarizə aparmayan hamı günahkardır. Bəs günah nədən yaranır?! Ehtiras və qürurdan. Ehtirassa geniş anlayışdır. Vəzifəyə, pula, qadına olan ehtiras.
İnsan nə haqda düşünməlidir?! “Ömrümün sonlarına yaxın bildim ki, düşünülməsi lazım olan yeganə şey ölümdür”.
İnsan daim yenilik arzulayır. O, yenilik dalısınca qaçmaqdan yorulmur, usanmır. Amma yenilik dalınca qaçan və buna nail olan insan da əvvəlki dəyərlərini geridə qoyur, itirir. Bu anda qazanclı kim olur?! Yeniliyi yaradanlar. Beləliklə, onlar bu yeniliyin dalısınca qaçanları özlərinə qul edirlər.
Cəmiyyəti biz yaradırıq. Onun yaxşı və ya pis olması bizdən asılıdır. Fəaliyyətimiz (fəaliyyətsizliyimiz) o cəmiyyətin pis olmasına səbəb olur. Sonra da yaratdığımız cəmiyyətdən narazılıq ifadə edirik. Cəmiyyəti düzəltmək istəyiriksə, buna özümüzü düzəltməklə başlaya bilərik.
Qurd sürüyə dalıb. Onun gözü doymur, yırtıcıdır. Çobansa sürünü bu yırtıcının əlindən xilas etmək istəyir. Axı çoban bu sürüdən nə vaxtsa öz mənfəəti üçün istifadə etməyi planlaşdırır. Yəni çobanı düşündürən sürü deyil, öz maraqlarıdır. Olanlar isə hər iki halda sürüyə olur. Hikmətli söz yadıma düşür: Yumurta daşın üstünə düşsə də, daş yumurtanın üstünə düşsə də, olan yumurtaya olacaq – o sınacaq. Aşağıda qalan kütlə məhz o yumurtadır.
Bir də dünyamızı xilas edə biləcək eşqdən. Eşq nədir?! “Həqiqi eşq sevdiyinin xoşbəxtliyini istəməkdir”. Bu zaman yenə də üzərimizdən, həyatımızdan xətt çəkirik. Eşq, sevgi bax sənin yoxolmandır, yoxolmaqla, beləliklə, varolmağa (əbədi xoşbəxtliyə) çatmaq mümkünləşir.
Zübeydə Heydərqızı (Rzayeva) AYB-nə üzv qəbul olunub. Şair bu barədə öz sösial şəbəkə hesabında sevinci belə bölüşüb: – “Salam, əziz dostlar! Azərbaycan Yazıçılar Birliyinin üzvlüyünə qəbul olundum. 2019 – cu ildə sənəd vermişdim, lakin pandemiya səbəbindən yubadılsa da, nəhayət ki, vəsiqəm mənə təqdim edildi. Xeyirli – uğurlu olsun!”Mənbə: facebook.com
İNGİLİS DİLİNDƏN TƏRCÜMƏ AKİF ABBASOVUN TƏRCÜMƏSİNDƏ Ernest Miller Heminquey Çikaqo yaxınlığındakı Ouk-Park şəhərciyində dünyaya gəlmiş, 1961-ci ildə vəfat etmişdi. O, ailədə altı uşaqdan ən böyüyü idi. Anası opera müğənnisi, 1928-ci ildə intihar etmiş atası həkim idi. Görkəmli Amerika yazıçısı Ernest Miller Heminquey Nobel mükafatı laureatı idi. Əsərləri: • Yaz selləri (ing. The Torrents of Spring) (1926) • Günəş çıxır (1926) • Əlvida, silah! (1929) • Olmaq ya olmamaq (1937) • Zəng kimin üçün çalınır? (1940) • Çayın o tayında, ağacların kölgəsində (1950) • Qoca və dəniz (1952) • Ernest HEMİNQUEY (AMERIKA) YAĞIŞ ALTINDA PİŞİK (HEKAYƏ) Mehmanxanada iki nəfər amerikalı qalırdı. Onlar otaqlarından çıxarkən və geriyə qayıdarkən pilləkənlərdə rastlaşdıqları adamları tanımırdılar. Otaqları ikinci mərtəbədə dənizlə üzbəüz idi. Buradan ictimai bağ, bir də müharibədə həlak olanların xatirəsini əbədiləşdirən abidə görünürdü. İctimai bağda hündür palmalar və yaşıl rəngli oturacaqlar vardı. Ürəkaçan havalarda buralarda əli molbertli bir rəssam görünərdi. Rəssamlar palmaların boy atmasını və parlaq rəngli mehmanxanaların bağlarla, dənizlə üzbəüz durmasını xoşlayırdılar. İtalyanlar uzun məsafəni qət edib buraya ona görə gəlirdilər ki, müharibə abidəsinə baxsınlar. O, bürüncdən düzəldilmişdi və yağış altında par-par yanırdı. Yenə də yağırdı. Palma ağaclarından damcılar süzülürdü. Çınqıl döşənmiş cığırlarda gölməçələr yaranmışdı. Coşqun dal¬ğa¬lar sahilə çırpılır, sonra geri çəkilir, yenidən sahilə hücum çəkirdilər. Müharibə abidəsinin qarşısında dayanmış maşınlar artıq getmişdi. Meydanla üzbəüz kafenin qapısı ağzında duran xörəkpaylayan kişi boş meydana baxırdı. Amerikalı qadın isə pəncərə önündə dayanıb ətrafı seyr edirdi. Bir qədər aralıda – pəncərənin tuşunda, üzərinə yağış damcılayan yaşıl stollarının birinin altında pişik gizlənmişdi. Yağışdan islanacağından qorxub büzülmüş, yumağa dönmüşdü. Amerikalı qadın: – Düşüb pişik balasını götürəcəyəm, – deyə dilləndi. Çarpayıda uzanmış əri: – Mən gedərəm, – deyə təklif etdi. – Yox, mən özüm. Yazıq pişikciyəz hey çalışır ki, stolun altında quru qalsın. Əri oxumağına davam etdi. O, çarpayının ayaq tərəfində iki balışa dirsəklənmişdi. – Gözlə islanmayasan… Qadın aşağı mərtəbəyə endi. Mehmanxana sahibinin otağı qarşısından keçəndə kişi ayağa qalxdı və qadına baş əydi. Onun yazı masası otağın qurtaracağında qoyulmuşdu. Sahib hündürboylu və qoca kişiydi. Qadın: – Piove , – dedi. Mehmanxana sahibi onun xoşuna gəlmişdi. – Si, si, Signora, brutto tempo . Çox pis. Kişi stolun arxasında dayanmışdı. Otaq bir qədər qaranlıq idi. Mehmanxananın sahibi çox nəzakətli və hörmətcil idi. Müsahibinin giley-güzarına təmkinlə qulaq asırdı. O, son dərəcə nəzakətli idi. Davranış və cəhdlərindən görünürdü ki, qadının xidmətində durmaq istəyir. Bir mehmanxana sahibi kimi özündə məsuliyyət hissi duyurdu. Qadın əlüstü bunu başa düşdü. Onun bütün keyfiyyətləri, üstəlik mərd kişilərə məxsus qırış kəsmiş böyük sifəti, iri əlləri qadına xoş gəldi və onu bəyənərək qapını açdı. Ətrafını nəzərdən keçirdi. Möhkəm yağırdı. Rezin plaş geymiş bir kişi boş meydanı keçib kafeyə tələsirdi. Pişik sağ tərəfdə olmalı idi. İslanmamaq üçün divarın dibi ilə gedə bilərdi. Qapı ağzında dayanıb tərəddüd edərkən başı üzərində çətir açıldı. Bu, onların otağına xidmət edən qulluqçu idi. Onun çöhrəsi gülümsər ifadə almışdı. O, italyan dilində: – Çalışın islanmayasınız, sinyora… – dedi. Hə, şübhəsiz, qulluqçunu onun ardınca mehmanxana sahibi göndərmişdi. O, başı üzərində çətir tutmuş qulluqçu ilə birlikdə çınqıl döşənmiş cığırla addımladı. Bu minvalla pəncərələrinin tuşuna kimi getdi. Yağış altında yuyulan parlaq və yaşıl rəngli stol yerində idi. Pişiksə gözə dəymirdi. Qadının əhvalı pozuldu. Qulluqçu ona baxaraq: – Ha perduto qualque cosa, Signora, – dedi. – Burada pişik vardı. – Pişik? – Si, il gatto… Qulluqçu gülərək: – Pişik? – deyə təkrar xəbər aldı. – Yağış altında pişik? Qadın: – Bəli, – dedi. – Stolun altında idi. – Sonra isə, – Oh, yarı canım qalıb o pişiyin yanında, – deyə əlavə etdi. O, ingiliscə danışırdı. Onun bərk narahat olduğunu, təşviş hissi keçirdiyini görən qulluqçunun sifəti haldan-hala düşürdü. O: – Gedək, sinyora, gedək, – dedi. – İçəri keçək. İslanarsınız. – Yaxşı. Amerikalı qız onunla razılaşdı. Onlar çınqıl döşənmiş cığırla geriyə qayıtdılar. Qulluqçu çətiri yığmaq üçün çöldə dayandı. Amerikalı qız sahibin otağı qarşısından keçəndə qoca stolun arxasından təzim etdi. Qız daxilində nə isə bir boşluq hiss etdi.. Sahib mehribanlığı və nəzakəti ilə məcbur edirdi ki, qadın özünün nə qədər dəyərli və kiməsə lazım olduğunu başa düşsün, həyatda sadəlövh olmasın. O, pilləkənləri qalxıb qapını açdı. Corc hələ də çarpayıda uzanmışdı… Oxuyurdu. O, kitabı yerə qoyaraq: – Gətirdin? – deyə xəbər aldı. – Çıxıb getmişdi. Corc gözlərinə dinclik verərək: – Görəsən hara getmiş olar? – deyə xəbər aldı. Qadın çarpayıda əyləşdi: – Ürəyim onu yaman istəyir, – dedi. – Heç özüm də bilmirəm niyə. O yazıq pişikciyəzi istəyirəm. Pişikciyəz yağış altında qalıb. Corc təzədən oxumağa başladı. Qadın ayağa qalxıb bədənnüma güzgünün qarşısında əyləşdi. Bir xeyli özünə tamaşa etdi. Aynanı götürüb hər iki yandan sifətinə, daha sonra başının və boynunun ardına baxdı: – Necə fikirdir, istəyirəm saçımı uzadım, – deyə üz-gözünə baxmaqda davam edərək xəbər aldı. Corc qaşını qaldırıb onun boynunun ardını gördü. Oğlan saçı kimi qısa vurulmuşdu. – Bu forma mənə daha xoş gəlir. – Mənsə saçımı belə kəsdirməkdən yorulmuşam! Oğlana oxşamaqdan təngə gəlmişəm! Corc çarpayıda vəziyyətini dəyişdi. Qadın danışıb qurtarana qədər baxışları onun sifətinə dikili qaldı. Sonra: – Əzizim, sən ki mələksən! – dedi. Qadın güzgünü stolun üzərinə qoyub pəncərəyə doğru addımladı və baxdı. Qaranlıq düşürdü. – İstəyirəm saçlarımı geriyə darayım. Qoy onlar sıx olsun, boynumun ardında əməlli-başlı düyünlənsin. Əlimi vuranda hiss edim ki, mənim də saçım var. İstəyirəm dizim üstə pişik balası otursun və mən onu incidəndə miyoldasın… – Hə… hə… – Corc çarpayıdan söz atdı. – İstəyirəm gümüş qab-qacaqda yemək yeyim, çoxlu şamım olsun. İstəyirəm yaz gəlsin, saçımı güzgü qabağında darayım. Pişik balası istəyirəm. Təzə paltarlar istəyirəm! Corc: – Bəsdir, az çərənlə! Götür bir şey oxu, – deyə ona acıqlandı. Və oxumağından qalmadı. Qadın çölə baxırdı. Hava lap qaralmışdı. Palma ağaclarından hələ də su süzülürdü. Qadın küskün əda ilə: – Axı mən pişik istəyirəm, – dedi. – Pişik istəyirəm, pi…şik… Əgər saçımı uzada bilmirəmsə, onda, heç olmasa, pişiyim olsun. Corc qulaq asmırdı. Mütaliə edirdi. Qadın həyətə baxırdı. Artıq meydançanın işıqları yandırılmışdı. Kimsə qapını tıqqıldatdı. Corc: – Avanti , -dedi və baxışlarını kitabdan ayırdı. Qulluqçu qız qapı ağzında dayanmış, xallı pişiyi bərk-bərk bağrına basmışdı. Pişik onun bədəninə sığınmışdı. O: – Bağışlayın, – dedi, – sahib mənə tapşırdı ki, bunu sinyora üçün gətirim…
Talisman (hekayə) Olub keçənləri o qədər incəliklə, həssaslıqla xatırlayırdı ki, heç bir anın ən kiçicik təfərrüatını belə unutmurdu. Hər sözü, hər udqunmağı belə lap indicə olubmuş kimi kino lentidək gətirirdi gözünün qabağına. Döngəni sola dönüb, maşının uzaq vuran işıqlarını yaxın işığa dəyişdi. Qarşıdan gələn maşın yanından keçəndən sonra radionu qoşdu. Ötən illərin melodiyaları adlı proqramın konferensesi dil-boğaza qoymurdu. Anidən adını belə bilmədiyi aparıcıdan zəhləsi getdi. Bu qədər danışanacan imkan ver musiqi dinləyək məzəmməti ilə onun qarasına acığı da tutdu. Həmin an salonu əfsanəvi Btlsın həzin səsi öz sehri ilə doldurdu. Xəyalı onu ağlının söz kəsdiyi uşaqlıq illərinə apardı. Özü də nədənsə hər yerin bəyaz qara büründüyü qış xatirələrinə. Pəncərə önündə dayanıb soyuqdan üşüyə-üşüyə paltar asmaq üçün ipin üstündə domuşub dayanan sərçələrə tamaşa etdiyi anları təkrar yaşayırmış kimi kövrəldi. Niyə görə musiqi bu bürkülü avqust gecəsində onu xəyalən qışa apardığını anlaya bilmirdi. Birdən yadına düşdü ki, indi paltar asmaq üçün daha iplərdən istifadə edilmir deyəsən. Doğurdan aaa, niyə görən. Hər halda belə iplərə daha ehtiyac yoxdu, ya da ki mənə rast düşmür fikirləşdi. Sualına cavab da tapdı özlüyündə. Yəqin müasir paltaryuyan maşınlar elə paltarları qurulayıb hazır çıxarır deyə. Gör neçə gündür xəbər yoxdur. Telefonu da sönülüdür. Sonuncu dəfə bir həftə əvvəl görüşmüşdülər. Həyət qapısana çatanda faraların işığında kirpi gördü. Uşaq kimi sevindi. Maşından düşüb kirpiyə diqqətlə baxdı. Ürəyindən hətta onu sığallamaq da keçdi. Düz bir il əvvəl səhər üzü qapıdan çıxanda kirpi ilə raslaşdığı yadına düşdü. Bütün yol boyu uğuruna ilk çıxan kirpi olduğundan xəyalında görüm uğurlu olacaq deyə fikirləşmişdi. Həmin gün imkan tapıb görüşə bilmiş, bir-bir arzusunda olduğu ürək sözlərini deyərək sevgi etrafını nəhayət dilinə gətirmişdi. Ən başlıcası isə bütün varlığı ilə sevdiyinin onun etrafına biganə olmadığını hiss edib, həyatının ən xoşbəxt anlarını yaşamışdı. Bəlkə də bu təsadüfü bir sınağa elə köklənmişdi ki, az qala hər gün gözü kirpi axtarırdı. Cib dəsmalını çıxarıb kirpini ehtyatla əlinə götürdü. Onu həyətə buraxdı. Diqqətlə nəzərlərini ona zilləyib gözlədi. Kirpi də eləcə yumağa dönüb qalmışdı. Yəqin əmin olmaq istəyirdi ki, daha heç kəsin onla işi yoxdu. Oturduğu kətlin üstə beləcə yarım saat vaxt keçirdi. Gözləri açıq yuxulayırdı sanki. Qəfil zəng səsi onu diksindirdi. -Alo, salam! Necəsən? -Salam. Salamatçılıqdı? -Hə imkan oldu zəng etdim ki, nigaran qalma. Sabah biz uçuruq. Daha gəlib, bizim məhəllədə boşuna gəzmə. Məni görməyəcəksən. – Bəs.. – Yaxşı, di salamat qal! Anam hələ oyaqdı. Danışa bilmirəm. Heç düz əməlli başlı xüdafizləşə də bilmədilər. Qeyri-ixtiyari yaşıl çəmənliyə baxdı. Kirpi çoxdan çıxıb getmişdi. İki həftə idi o hər gecə səhərəcən bağda gəzir, gözləri kirpi axtarırdı. Axtarışları fayda verməyəndə isə internetdən kirpilər haqqında cürbəcür məlumatlar oxuyurdu. Artıq onların həyat tərzi, yayılma arealları, çoxalmaları, qidalanmaları haqqında heç vaxt bilmədiklərini öyrənmişdi. Dülgər sexinin qarşısındakı kiçik mizin üstünə hirslə çırpılan domino daşlarının şaqqıltısı ətrafı “silkələyirdi” Nisbətən yaşlı usta şagirdinə -Bala nə qədər gec deyil get özünə peşə tap. Bizim işimizə daha ehtiyac yoxdur. Burda domino daşlarını stola çırpmaqla yaşamaq olmaz. Plastik qapı-pəncərə zamanıdı. Heç mətbəxlərdə də taxtadan nəyə isə ehtiyac qalmayıb. – Ay usta bəlkə zaman dəişdi – Oğul, zaman dəyişməyinə dəyişir, amma əmin ol o dəyişiklik bizə sifariş gətirməyəcək. Bir ya iki azıb-təzənlə də çörəkli olmaq olmur. – Salam, üzr istəyirəm mane olduğuma. Bir sifariş vermək istəyirəm. -Buyurun! – Mənə dedilər bu şəhərdə ən yaxşı dülgər sizsiz. Sizə qəribə gələcək, amma bu mənə çox lazımlı bir şeydi. -Buyurun, bir halda ki, bizi soraqlaşıb tapmısız, əlimizdən gələn köməyi edərik. -Mənim üçün taxtadan kirpi düzəltmənizi xahiş edəcəm. Yaşlı ustanın üzünə qəribə ifadə çökdü. -Necə? Kirpi? -Hə dayı, kirpi. Suvenir kimi bir şey. Siz onun gövdəsini düzəldin. Üstünə tikan əvəzi bax bunları yerləşdirərik -deyə o qurumuş tikanlı innab budaqlarını ustaya göstərdi.
MİN ŞÜKÜR (Dildən dilə süzdürənə min şükür) Bir yaqut gizlidi sədəf dalında, Misli yox ölçülə sərraf dalında, Min kəlmə şəlləyib əlif dalında, Dildən dilə gəzdirənə min şükür… * * * Dədəm, babam nəğmə deyib, söz qoşub, Kəsə gedib, doğru deyib, düz qoşub, Məclis qurub, min oxuyb, yüz qoşub, Teldən telə gəzdirənə min şükür… * * * Ustac deyər, hardan gələr bilinməz, Ha deyilə, yeri dolar bilinməz, Gülər gözdən qəm süzülər bilinməz, Eldən elə gəzdirənə min şükür… 20.10.2016. Bakı.