Nuranə Rafailqızı – Bir şeir

NURANƏ RAFAİLQIZININ YAZILARI
  • Bulud qoymur səni görüm, ay Allah!..
    Əzab çəkir içimdəki dəli ruh,
    Biləmmirəm nə savabdı, nə günah.
    Aç göylərin qaş-qabağın biryolluq,
    Bulud qoymur səni görüm, ay Allah!…
    * * *
    Bulud qoymur səni görüm, ay Allah!
    Göylər kimi içimiz də qapqara.
    Ha yusaq da, ha sürtsək də xeyri yox,
    Hisi-pası çətin bir də ağara.
    Çətin yuyub təmizləyə bu yağış
    Ruhumuzun palçığını-kirini.
    Dünya özü yaranandan fırlanır
    Bizim kimi o da tapmır yerini.
    Nə yurdu var, nə heç kimin yuvası,
    Hamımızın içi bulud havası…
    * * *
    Hamımızın içi bulud havası,
    Yağış yağır, şişir dərdi-qəmimiz,
    Bilinməyir nə yönümüz-çəmimiz.
    Tapılmayır qapımızın açarı.
    Aç göylərin qaş-qabağın biryolluq,
    Bulud getsin ömrümüzdən, ay Tanrı!
    * * *
    Bulud getsin ömrümüzdən, ay Tanrı!
    Günəş gülsün, biz də gülək günəşə,
    Nazlı-nazlı baxıb, bircə baxışla
    Qərq eyləsin bizi oda-atəşə.
    Seyr eyləyək üfüqü, dan yerini,
    Dağ başında çəni, duman yerini,
    Qürub çağı qürubdan da zövq alaq,
    Aradabir dənizə də baş vuraq.
    Dalğalansın yanımızdan ləpələr,
    Könlümüzdən dolanır, daha nələr…
    Bircə bulud tutmasın göy üzünü.
    Aç göylərin qaş-qabağın biryolluq,
    Tanrı, bizdən gizlətmə gəl üzünü!
    Tanrı, bizdən gizlətmə gəl özünü!
    16.04.2016.

Müəllif: Nuranə RAFAİLQIZI 

NURANƏ RAFAİLQIZININ YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Anar Turan – Həyat səhnəciyi

ANAR TURANIN YAZILARI

“Həyat səhnəciyi”

(Hekayə)

            Əmiraslan ömrünün son anlarını yaşayırdı. Nəfəsi sanki ağzında idi, ciyərlərinə gedib çatmırdı. Özü də, ətrafında olan yaxınları da dərk edirdilər ki, o artıq dövranını başa vurur. Bəs niyə dövranını dedim?! Axı, bu 76 yaşlı qoca əvvəllər yorğa at kimi durmaq nədi, bilməzdi. Hamı onun qoçaqlığına heyran idi. O zamanlar dövran, necə deyərlər, Əmiraslanın dövranıydı. Su durar, Əmiraslan durmazdı. Bu otuzunda da belə idi, altmışında da… İndi isə artıq o günlər geridə qalmışdı. Bir vaxtlar rəhmətlik qonşusu Əhməd kişi ona zarafatyana belə demişdi:

            -Ay Əmiraslan, altımışı çoxdan haqlayıbsan, yetmişinə də az qalır. Sən elə and içibsən ki, günün çıxmağını da, batmağını da çöldə, tarlada qarşılayıb yola salaraq bu dünyadan köç edəcəksən? Bir evinə yığış. Gəl bizlərə yovuş, bağ-bağçada köhnə tanışlarla samovar qaynadırıq, kəklikotu çayı dəmləyib içirik. Keçən günləri yada salırıq, gələndən, gedəndən danışırıq. Elə hey tutubsan, işləmək, yenə də işləmək. İşdən qeyri məşğuliyyətlər də var. Həyat yalnız çöldən, tarladan ibarət deyil.

Əmiraslan da bu sözlərin qarşılığını belə vermişdi:

-Əhməd, iş insanın cövhəridir, gözümü açandan işləmişəm, əldə-ayaqda güc olanadək də işləyəcəyəm. Bədənimdən tər çıxmasa, ölərəm. Bir də ki zalım dövrana gəlib çıxmışıq. İnsanlardan nə qədər qaçsan, yaxşıdır. Təbiətdən isə insana pislik gəlməz. Ona görə də təbiəti özümə dost seçmişəm. Anam dünyasını dəyişəndən təbiət həm də anam olub. Belə daha yaxşıdı. İndiyə qədər bir-birimizə də xəyanət etməmişik. Nə əkmişəm, yüz qatını götürmüşəm. Çətin gündə imdadıma çatıb, yoxsulluqdan qurtarıb.

            Əmiraslan qoçaq-mərd kişi idi, həm də ki köhnə qoçaq-mərdlərdən. Elə kənddə də hamı onu köhnə kişilərin son qalası kimi tanıyırdı. Onun sözünü bir eləmirdilər. Böyük də, kiçik də hörmətini saxlayırdı. Küsülülər Əmiraslanın bir sözü ilə barışığa qol qoyardılar. Kəndli arasındakı dolaşıq məsələləri də o həll edərdi. Yaxşı tərəfi isə o idi ki, onun sözünə qulaq asan, dediyinə əməl edən heç zaman peşman olmazdı. Hətta iş o yerə gəlib çatmışdı ki, kənd camaatı Əmiraslanın dediyini müqəddəs qanun hesab edirdi. Camaat bunun hikmətini də öz aralarında belə yozmuşdu: düz adamın sözü də özü kimi düz olar, yaxşı və dünyagörmüş ağsaqqal sözünü dinləmək isə heç zaman zərər verməz.

            Əmiraslanın qocaqlığı dava illərində də özünü göstərmişdi. Hələ o vaxtları gənc dəliqanlı olanda düşmənin başına bəla olmuşdu. Səngərdən düşmən üzərinə ilk atılan da o olardı, öndə gedən də. İldırım sürətilə özünü ələ verməzdi. Üzünü də heç zaman düşmən görə bilməzdi. Xışıltısını bəzən duyardılar, onda da düşünərdilək ki, qurddu-quşdu. Davadan qayıtdıqdan sonra isə yenə işlədi, işlədi. Amma yığdığını özü yemədi, yetim-yesirə payladı. Yoxsullara əl tutdu. “Yığıb neyliyəcəyəm?!”- dedi. Mən yığsam, övladlarım tənbəl olacaq, yeyib-içib bir-iki günə dağıdacaqlar. Qoy onlar da işləsinlər, bilsinlər ki, heç nə asanlıqla başa gəlmir. Həm də insana qalan bir yaxşılıqdı, varındısa, əl tutassan. Onu da eləməsək, onda insanıqdan çıxmış olarıq.

            Bizim Əmiraslanın həyatı bax belə keçmişdi. Ta ki 3 il bundan öncəyə kimi. Xəstəlik tapdı, dəmir bədənli Əmiraslan azarladı. 73 illik ömründə xəstələnmək nədi, bilməzdi. Bu yerlərin dağ-dərələrindəki otlar onu polad kimi eləmişdi. Amma neyləmək olar?! Bu dünya insanı paltar kimi istifadə edir. Köhnəlmə, köhnəldin vay halına. Atacaqlar səni. Necə ki gözəl paltar alırsan, istifadə edirsən, geynirsən. sonra köhnəlir, yırtılır və atırsan. Dünyada insanı bax beləcə istifadə edir. Əvvəlcə gözəlim olursan, sonra yavaş-yavaş köhnəlirsən və…

            Əmiraslan da bu dünyada köhnəlmişdi. Bunu o da anlayırdı. Ona görə də son anlarında bu hislər, düşüncələr burulğanına qərq olmuşdu. İndi Əmiraslan hər şeyi – qoçaqlığı, işgüzarlığı, bütün olub keçənləri geridə qoymuşdu. Neyləmək olardı. Həyat belədir, zalımdır, həm də çox zalım. Əmiraslan da son nəfəsində bu zalımlıqla baş-başa qalmışdı. Bir özü idi. Bir də ki əməlləri. Ağlından keçən son düşüncə də bu oldu: insanın bu zalım dünyadan apardığı tək şey əməlləridir. Bu sözləri deyib son dəfə nəfəs aldı və gözlərini yumdu. Beləcə daha bir həyat səhnəciyi yekunlaşdı. Pərdələr salındı…

Müəllif: Anar TURAN

ANAR TURANIN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Şəfaqət Cavanşir – Soltanbəy əfsanəsi

ŞƏFAQƏT CAVANŞİRİN YAZILARI

SOLTANBƏY ƏFSANƏSİ

(hekayə)

1977-ci il. Yay fəslinin birinci ayı.

Bəstəboy dədəmin çatmaqaşlarının altından bizə baxan sərt baxışlarını ilk dəfəydi ki, o gün yumşalmışdı.Əslində, atamın ürəyi yumşaq, mərhəmətli adam idi. Nənəmin, onun bir dediyini iki etmədiyindən bunu bilirdik. Şərq ölkələrində ataların övladları ilə, xüsusən, oğlanlarıyla pərdə saxlaması yazılmamış qanunlardandı. Sovet dövrünün uşaqları olsaq da, biz ata-analarımızı “dədə-nənə” deyə çağırardıq. İndi övladlarım mənə gah “ata” deyirlər, gah da “papa”. Böyük qızımın kefi kök olanda “babacım”, kefinə düşəndə “ dədə” çağırar. Halbuki, dədəm həftəylə evə gəlməyəndə bacılarım dədəmin üzündən öpmək nədir, üz-üzə gəlməyə utanardılar. İndi ata-bala münasibətləri tamam fərqlidir. Nə isə, övladlarımın mənimlə dostluq münasibətləri məni qane edir.
Nənəm əsgər getməyimi istəmirdi. Dədəm məndən böyük əmim oğluyla həyətdə, çəpərin yanında, məni qucaqlayıb ağlayan nənəmin qolları arasından nə vaxt çıxacağımı gözləyirdi. Qadınlarla ayrılığın çətin olduğunu hansısa əsərdə oxumuşdum, xatırlamıram. Mənim ilk dəfə qadınlarla ayrılığım elə həmin vaxt; nənəm, bacılarım və qonşu kənddə ürəyimi aça bilmədiyim İlknurla olmuşdu. Darıxmaqdan başqa əzab çəkməyəcəyimi də yaxşı bilirdim. Dədələrimiz demişkən, “kişilik” məktəbini keçməyə gedirdim.
Nənəmin hönkürməsi axırda dədəmi hövsələdən çıxartdı:
-Bəsdir aaz, elə bil oğlunu ölümə göndərir. İki ildən sonra qayıdıb gələcək. Onda oğlunu məndən çox görəcəksən.
Nənəm yenə üzümü göz yaşıyla islatdı, qara, əliylə ağzını tutdu, asta addımlarla çəpər tərəfə, dədəmgilin yanına getdi. Bacılarım da nənələri kimi qollarını boynuma doladılar, dədəmin xofundan halallaşmaq uzun çəkmədi. Qardaşımla qucaqlaşanda isə mən kövrəldim, o sevindi. Böyük qardaşlar əsgər gedəndə kiçik qardaşlar özlərini əsl kişi kimi hiss edirlər. Həyət-baca, nənə-bacı, elə dədənin də özü onlara əmanət olur, qorumaq istəyirlər.
Həyət qapısından bir az uzaqlaşmışdıq ki, nənəm dədəmin gəlinlik vaxtı başına örtdüyü qara, güllü yaylığının ucuyla islanmış yanağını silib, hamamda çiməndə istifadə etdiyimiz sarı qulplu, iri parçla dolu suyu arxamızca tökdü.
-Sağ get, salamat qayıt, bala.
Qapı ağzına çıxan kim vardısa mənim üçün dua edirdilər. Təzə gəlinlər, ərlik qızlar evlərin pəncərələrindən, aynabəndlərdən baxırdılar. Nənəm ağızdolusu dualardan təzədən həvəsə gəldi.
-Sən allah, əynini isti saxla. Pis şeylərə baş qoşma. Xatadan-baladan uzaq qaç.
Əllərini belinə çarpazlayıb, qapıdan çıxandan bir dəfə də olsun başını yerdən qaldırmayan dədəmin geriyə dönməyi ilə nənəmin susmağı bir oldu. Nənəm həyətə girdi, biz yolumuza davam etdik. Kəndin avtobusuna mindik. Özüm pəncərə tərəfdə oturdum, yanından keçdiyimiz kəndləri, arxada qoyduğumuz dağları yaddaşıma köçürmək istəyirdim.
Qubadlıdan çıxanda yolun sağ tərəfində “asfaltzavod” deyilən bir yer vardı. El arasında ora “qır zavodu” deyirdilər. Bir neçə dəfə bizi məktəbdən buraya pambıq yığmağa gətirmişdilər, amma “qır zavoduna” kimi gəlib çıxmamışdıq. İndi birdən-birə buraya gəlib çatanda ürəyimdə bir nigarançılıq yarandı. Elə bildim ki, doğma el-obadan birdəfəlik çıxıb gedirəm. “Qır zavodu” yolun sağında olduğundan başımı çevirib sola baxdım, istəmədim mənə qaranlıq kimi görünən dəzgahları görəm. Sol tərəfdə ucsuz-bucaqsız günəbaxan, qarğıdalı qarışıq sahələri boy verirdi. Gözoxşayan günəbaxan gülləri Həkəri çayını görünməz etmişdi, ilin bu vaxtı Həkəri çayı çox könüloxşayan görünürdü, elə bil təzə gəlin kimi olurdu.
Bir anlıq ürəyimdən bir istək keçdi, qarşılıqsız olan ilk məhəbbətimlə – İlknurla yan-yana günəbaxanlar arasından özümüzə cığır açaq, çaya qədər gedək. Eşqə düşüb fikir çəkməyim dədəmin də gözündən qaçmamışdı. Elə bilirəm dərdimi dədəmə nənəm özü danışmışdı. Nənəmə demişdi: “Ona denən, kişi olanda, onsuzda kəndin qızlarından kimisə sevəcək”.
Hər dədəyə öz oğlu yaşadığı yerlərin qızları vurulacaq qədər əzizmiş. Boyu boyuma çatanda mən də elə bilirdim oğlumun dərdindən məhlənin qızlarının gecə yuxuları ərşə çəkilib.
Getməmişdən bir həftə əvvəl İlknura öz bacısı vasitəsilə ağ dama-dama dəftərin vərəqinə yazdığım ürək sözlərimi göndərmişdim. Çəpərin o biri tayından ətrafa baxa-baxa ondan cavab gözləyirdim. İlknur fikirləşdiyimdən də hazırcavab çıxdı. Bacısından; “Tülkü, bizdə sənə verməyə toyuğumuz yoxdur” – cavabını qaytarmışdı.
Qollarını bir-birinə dolamış, həyətin ortasında dayanıb özündənrazı halda gülümsəyirdi. Çox güman cavabına qarşılıq verməyimi gözləyirdi. Uzaqdan gözlərinə baxmağa çalışırdım. Ayaqqabımın ucuyla torpağı eşələdim, başımı təzədən qaldırdım, ona baxdım. Onda başa düşdüm ki, sevgi kişi olub-olmamağına baxmır. Sadəcə, qızlardan müsbət cavab almaq üçün mütləq kişi olmalısan. Hərçənd, dədəm kimi üz qırxmağı orta məktəbdən başlamışdım, köynəyimin boğazıma yaxın düyməsini açanda sinəmin tüklərini görmək olurdu. Əsl qara oğlan kimi cəlbediciliyim varıydı, kişi deyildim. İki ildən sonra, “kişilik məktəbindən” qayıdanacan susmağa qərar verdim. Daxilən İlknurla sağollaşdım.
Əmim oğlu qolumu silkələdi, xəyallarımdan ayrılmalı oldum. “Qır zavodu”ndan sonra Zəngilandan gələn yola çıxıb bir xeyli irəliləmişdik, deyəsən yolun solunda qalan Şərfan kəndini keçirdik, bunu dirəyə yapışdırılmış lövhədəki addan oxudum. Kəndin qurtaracağında yol haçalanırdı. Burada avtobus sağa dönüb “Akara” yazılmış istiqamətdə yoluna davam elədi. Bir az getdikdən sonra gəlib “Akara” stansiyasına çatdıq. Dədəmdən öyrənmişdim ki, Akaranın əsl adı Həkəridir. Dəmir yolun çəkilişində və stansiya binasının tikilişində işləyən ruslar “Akara” dediklərindən bura belə adlandırılıb. Amma ahıl çağına çatmış ağsaqqallar, qocalar buraya “Həkəri” deyirdilər.
Biz stansiyaya çatanda orada çoxlu adam toplaşmışdı; kimisi əsgər gedirdi, kimisi yola salırdı, kimisi də maraq üçün vağzala çıxmışdı. Elə bu zaman qarnından “evin eyvanı, kişinin qarnı” məsəlini xatırladan hərbi komissarın nümayəndəsi praporşik Cabbarov səsgücləndirici ilə elan verdi:
-Qubadlıdan adını çəkdiklərim bir-bir yaxınlaşsınlar.
“Mirzəyev Soltanbəy Həsən oğlu” eşidəndə yaxınlaşdım. Praporşik çəpəki məni süzdü.
-Adın nədir sənin? – deyə astadan soruşdu.
-Soltanbəy. – Elə mən də astadan cavab verdim.
-Yeri, yeri dur cərgəyə. Bəyə bir bax! – Rişxəndlə dilləndi.
Siyahıda adlar oxunduqdan sonra bizi cərgəyə yığdılar və bir saatdan çox beləcə saxladılar. Axşamüstü idi artıq, “Qafan – Bakı” qatarı gəldi və bizim üçün ayrılmış sərnişin vaqonuna mindik. Bizi yola salmağa gedənlər isə başqa vaqonlara bilet almışdılar, bilet ala bilməyənlər də vaqon bələdçiləri ilə dil tapıb yerləşəcəkdilər.
Bələdçinin dediyinə görə Bakıya səhər tezdən çatmalıydıq, amma alatoranlıqda bizi yuxudan oyadıb qatardan düşürtdülər. Öyrəndik ki, bu yerin adı Biləcəridir. Mərkəzi Çağırış məntəqəsi vağzala yaxın olduğundan praporşik Cabbarov bizi cərgəyə düzüb piyada yerişlə ora apardı. Digər rayonlardan gələnlər də bizim kimi, Çağırış məntəsinə piyada gedirdilər.
On beş-iyirmi dəqiqədən sonra artıq Çağırış məntəqəsinin həyətində idik. Həyət adamla dolu idi. Praporşik Cabbarov bizi bir küncdə saxlayıb hara isə getdi. “Heç kim yerindən tərpənməsin” qəti tapşırıq verdi. O, bir neçə dəfə gəlib bizə dəysə də dəqiq heç nə demirdi. Hara gedəcəyimiz, nə vaxt gedəcəyimiz bizə gizli olduğu kimi, deyəsən ona da məlum deyildi. Günortaya yaxın əməlli-başlı üzülmüşdük. Bir yandan aclıq, bir yandan da qeyri-müəyyənlik bizi yormuşdu. Hara olur-olsun, təki göndərsinlər, çıxıb gedək.
Bizimlə birgə ayrı-ayrı bölgələrdən gələnlər, elə şəhərin özündən də olan çağrışçılar günortayacan toplantı məntəqəsinə gözləməli oldular.
-Diqqət, diqqət! – Səsgücləndirici ilə səsləndirilən komanda birdən hamımızı xəyaldan ayırdı.
Tribunaya boyu ilə eni bilinməyən, topa bığları ilə diqqət çəkən bir nəfər üzünü bizə tərəf tutub nə isə demək istəyirdi. Çiynindəki ulduzunu görməsək də zabit olduğunu təxmin etmişdik. Qolunda qırmızı qalın lenti də vardı, bu isə onun növbətçi olduğuna işarəydi.
-Məni diqqətlə dinləyin. İndi adını çəkdiyim çağırışçılar gedib yaxınlarıyla görüşsünlər. Sonra meydançanın sağ tərəfində yazılmış “1” rəqəminin yanında üç cərgə olaraq ard-arda düzülsünlər.
Həyəcanlandığımı hiss etdim, daha onun nə dediklərini xatırlamıram. Adımı eşitçək qaçıb dədəmin yanına getmək onunla tələsmədən görüşmək istəyirdim. Yaxınlarımız, yəni bizi yola salmağa gələnlər harda olduğumuzu bildikləri üçün bizdən çox da uzaqda deyildilər. Odur ki, çağırışçı yoldaşlarımı tərk edib dədəmin yanına getdim. Dədəm diqqətlə gözlərimə baxdı. Nazik, qara şalvarından əvvəlcədən bükdüyü pulu çıxardıb geyindiyim trapes şalvarımın cibinə qoydu.
-Çox olar. Mən bu qədər pulu neyləyəcəm?
-Çox olmaz. Üç yüz manatdır. Hara getdiyiniz bilinmir. Bir də gördün on-on beş gün yol gedəsi oldunuz.
Daha heç nə demədim, razılaşdım.
O vaxtlar trapes şalvarlar, damalı köynəklər modda idi. İndiki kimi fərqli geyimlər dəb deyildi. Qızların geyindiyi donlar da bir-birinə bənzəyirdi. Əksəriyyətinin donu gülü-çiçəyi xatırladırdı.
Hiss edirdim, dədəmin dili söz tutmurdu. Nə isə demək istəyirdi, udqunurdu. Əmin oğlu da kövrəlmişdi. Dədəmə tez-tez “Həsən əmi” deməklə elə bil ürək-dirək verirdi. Dədəm iki barmağıyla gözlərini ovuşdurdu, başını aşağı saldı. Mənim də gözlərim dolmuşdu, ilk dəfə dədəmin sərt baxışlarını görmürdüm. Hamı bir yana, dədəmi qoyub getmək istəmirdim. Yayın istisində xoş olmayan hisslər ürəyimdə tufan qoparırdı. Adımı-soyadımı eşidəndə özümü birtəhər ələ aldım:
-Dədə, salamat qalın, getməliyəm. – Güclə bunları deyə bildim, elə bil mən yola salırdım, məni yola salmırdılar.
Dədəmlə bərk qucaqlaşdıq, sonra əmim oğluyla qucaqlaşıb vidalaşanda dədəmin ağlamağının şahidi olduq.
“Kişi ağlayanda ürəyi qadın ürəyinə bənzəyir” həmişə belə deyərdi dədəm. İndi dədəm onun qəhərləndiyinin şahidi olduğumuzu görcək özünü cəmləşdirdi, üzümə iki dəfə yüngül şillə vurdu, cümlələri arasında məsafə qoya-qoya dedi:
-Köpəkoğlu, adam ol. Oralarda başını cəngələ salıb eləmə. Tez-tez məktub yaz. Nənəngili nayran qoyma, ha!…
Dədəm dərindən köks ötürdü, əliylə sinəmdən yüngülcə itələdi:
-Di get! Sənə yaxşı yol
Əmim oğluyla tələsik bir də görüşdüm. Qırmızı ikarusa minmək üçün onlardan uzaqlaşdım. Yenə pəncərə tərəfdə oturdum. İzdihamlar arasından gah görünən, gah da görünməyən dədəmi axtarırdım. Dədəm əlinin dalıyla gözlərinin yaşını silirdi. Məni gördü, gülümsədi. Əlini ürəyinin üstünə qoyub yüngülcə vurdu. Mən başa düşdüm ki, o, nə demək istəyir. “Atalar oğullarına dayaq olmaq üçün arxa cəbhədə dayanan əsgərlərdir”.
Aeroportdan birinci Moskvaya uçduq. Adını birinci dəfə eşitdiyim Vnukovo aeroportunda on beş respublikadan hərbi xidmətə gələnlər vardı, onların arasında ermənilər də az deyildi. Sovetin vaxtında ermənilərlə düşmənçilikdən söhbət gedə bilməzdi. Erməni milliyyətindən olan qızlarla evlənən azərbaycanlılar da az deyildi. Nadir hallarda bizim qızlardan erməni oğlanla ailə quran olardı. Təzə-təzə böyüklərimiz razı olmazdılar. Elə ermənilərin də ağsaqqalları bu izdivacın əleyhinə idilər. Sevgi isə yeganə hissdir ki, nə millətə baxır, nə də inanca.
Adətlərimiz də bir-birinə oxşayırdı. Dədəm də bir dəfə yanımda demişdi: “O, oğulu silərəm ki, gedib ermənilərdən qız ala”. Mən də, qardaşım da həyat yoldaşlarımızı uşaqlıqdan seçdiyimiz üçün, dədəm də bunu bildiyi üçün, biz tərəfdən arxayınçılıq vardı.
Bir həqiqəti danmaq olmaz. Sevgiyə inandıq, inanmadıq, o hiss nədirsə, qalib gələnə qədər razı olmayanlar birinci öyüd-nəsihət verirlər, xeyri olmayanda sözdə sənə düşmən olurlar. Asırlar, kəsirlər, lazım olanda döyürlər, axırda da şirin çaylarını içirlər. Eşitdiyim Azərbaycan – erməni ailələrin hamısı gec-tez bu mərhələlərdən keçmişdilər.
Hərbi xidmətdə olanacan erməni dostum da olmamışdı. Atamla Qafana gedəndə “salam-sağ ol” üçün erməni tanışlar vardı.
Dədəm dediyi kimi oldu, Moskvadan bizi Uzaq Şərqə, Sakit okean ətrafına, Primorskiy kraya, onların dilində Dalnıy Vostok deyilən bir diyara göndərdilər. Düz on üç gün qatarla yol getdik. Nəhayət, dədəmin verdiyi üç yüz manat pul xərclənib qurtaran günü gəlib bir yerə çatdıq. Bizi hərbi hissəyə gətirib kazarmalarda yerləşdirdilər. Başımızı keçəl qırxdırıb çimizdirəndən sonra əynimizə əsgər paltarı geyindirdilər. Əsgər olub cərgəyə düzüldüyümüz gün, həyatımda, bəlkə də ən çox sevindiyim günlərdən biriydi. Həm, necə deyərlər, “kişilik məktəbində” xidmətə başlayırdım, həm də evdən çıxıb üzücü yol yorğunluğundan, narahatçılıqdan sonra sanki, bir rahatçılıq tapmışdım. Lap dünyanın o başında olsaydım da bilirdim ki, burada hərbi xidmət keçəcəyəm.
Andiçmə mərasimindən sonra bizi rotalara böldülər. Mən birinci rotaya düşmüşdüm. Bizi beton zavoduna işləməyə göndərirdilər. Üç ay beton zavodunda işləyəndən sonra altı aylıq Ussuri körfəzinin qarşısında yerləşən Bolşoy kamen (Böyük daş) şəhərinə ezamiyyətə getdik. Bizdə tikinti hissəsi (stroitelnıy çast) idi. Hərbi hissəmizin nömrəsi indiyəcən yadımda qalıb. Voenniy çast (hərbi hissə) – 63306-da xidmət etmişdim. Hərbi hissədə qaralar çoxuydu, amma iki müsəlman vardı; mən və özbəkistandan gələn bir oğlan. Qalanları Ermənistanın müxtəlif bölgələrindən gələn ermənilər idi. Babkenlə tanışlığımız ordan başlamışdı. Babken Akopyan Qafandan idi. Özü də azərbaycanlıları çox sevirdi. Mənimlə digər ermənilər rus dilində danışanda Babken təklikdə azəricə danışardı. Diksiyasından yenə də erməni olduğu hiss olunurdu. Onu da yazım ki, ermənilərin çoxu bizim dili yaxşı bilirdilər.İndi də bilirlər. Məsələn, bakıda yaşayan ermənilərin diksiyasından erməni olduğunu hiss eləmək olmurdu. Digər erməni uşaqları məni ya zarafata, ya da acığa “ara tork” çağıranda, Babken soyadımı qısaldıb “Mirzə” çağırardı. Maşın sürməyi bacardığım üçün sürücü işləyirdim. Bizim vaxtımızda əsgərlərə işlədiyi üçün ayda üç manat maaş verilirdi.
Millətlərarası düşmənçiliyin olmadığını bilirdik, lakin aramızda bizə nifrət edən ermənilər az deyildi. Qarik Ağayan adlı əsgər yoldaşımızın ilk gündən mənimlə ulduzu barışmamışdı. Onun mənimlə rəftarının yaxşı olub-olmaması vecimə də deyildi. Davamız da düşməzdi.Babken hər ehtimala qarşı bir-neçə dəfə Qarikə görə xəbərdarlıq etmişdi. Mən isə onun hər dəfəsində Babkenin dediklərini qəribçiliyə salırdım:
-Babken, o, mənə nə edə bilər? Belə də ki, nə etsə, ikiqat da cavabını alacaq.
Hər dəfəsində də başını yüngülcə yelləyər, erməniləri yaxşı tanımadığımı tez-tez deyərdi. Bəzən elə bilirdim Babkenin bizimlə qarışığı var. Əslində, fərqli millətdən olmağımızın ikimiz üçün də heç bir əhəmiyyəti yox idi. Birlikdə çörək kəsmişdik, bir-birimizə qardaş, sirdaş olmuşduq. Arada zarafatıma salırdım; “ Babken, bir gün düşmən olsaq, məni öldürüb eləmərsən ki? ”
– Səyləmə ə, Mirzə – əsəbi cavabımı verərdi. Babken tez özündən çıxan adam olduğu üçün onu cırnatmaq xoşuma gəlirdi. Üzüdönük olmadığını yoxsa mən də bilirdim.
Lakin ermənilərin fürsət düşəndə üzlərinin necə döndüyünü növbəti il aprelin 23-də gördüm. Bizə beton zavodun yaxınlığında köhnə bağçada yer vermişdilər. Kazarma əvəzi istifadə edirdik.
Həmin gün səhər-səhər işə gedirdim. Təxminən 30-40 erməni yoldaşımızın kazarmada qalıb nə isə hazırlıq gördüklərinin şahidi oldum. Kimisi ət doğrayırdı, kimisi samovarda çay dəmləyirdi, kimisi yandırmaq üçün odunları bir kənara yığırdı.
Ayda bir dəfə hər birimizin evindən bizə pay-pürüş, pul göndərilirdi. Həftədə bir dəfə məktub yazıb göndərmək adətimiz olmuşdu. Evdən gələn pullarla ən çox bir-birimizin ad gününə hədiyyə alar, kef məclisi qurardıq. O gün də elə bildim kiminsə ad günüdür. Həmin günəcən elə bilirdim, aramızda millət söhbəti yoxdur. Qarik də kazarmada qalmışdı. Babken hazırlıq görən ermənilərə gözlərini qıyaraq şübhəylə baxması da məni şübhəyə salmamışdı.Babkendən soruşdum:
-Bu gün kimin ad günüdür?
Babken məndən bir az qabağa düşdü.
-Heç kimin!
-Onda niyə toplaşıblar? Nəyə hazırlaşırlar?
Babken sualıma cavab vermədi. Axşam da məndən əvvəl işdən çıxıb kazarmaya gəlmişdi. Qanı qaralmışdı, ara vermədən bir-birinin ardınca siqaret çəkməyindən bilirdim. Bir siqaret də mən yandırdım, səhər verdiyim sualı təkrarladım.
-Nə məsələdir, Babken? Səhər sualıma niyə cavab vermədin?
Babken üzümə də baxmadı.
-Yağış yağacaq, Mirzə.
Mən də pəncərədən çölə baxdım.
-Bilirəm. Aprel ayıdır də, yağmalıdır. Bir də mən gələndə damcılayırdı.
Bu dəfə Babken gözlərimə baxdı, elə bildi ki, mən nə isə bilirəm.
-Sabah Andranikin günüdür.
Hər şey mənə aydın oldu.
-Sizin məşhur Andraniki deyirsən? Hə də, siz axı hər il yeyib-içməklə onun matəmini saxlayırsız.
Babken başını yelləyib pəncərənin yanından uzaqlaşdı, çarpayısında oturdu.
-Sən necə də sadəlövhsən. Hələ də heç nə bilmirsən, tork.
Təəccüblənmişdim, o, ilk dəfəydi ki, mənə “tork” deyə müraciət edirdi.
-Onlar səni öldürmək istəyirlər. Andranikin qulağını bilirsən də kim kəsib?
Babkenin sualına cavab vermirdim. Əsgər yoldaşlarımın məni öldürmək planı qanımı dondurmuşdu. Babken danışmağa davam edirdi:
– Görürsən? Heç nə bilmirsən, Mirzə.Amma biz sizin tarixinizi yeri gələndə sizdən yaxşı bilirik. Andranik erməni, bolqar xalqı üçün qəhrəmandır.
– Azərbaycan, türk xalqı üçün də satqındır. Uşaq, qoca, qadın qatilidir. Erməni general dostu olmasaydı, bolqarlar onu qəhrəman görməzdilər.Narahat olma, biz də sizin tarixi pis bilmirik. Hardadı o əclaf? Görüm hansı köpəkoğlu məni öldürəcək?
İxtiyarsız səsimi yüksəltmişdim, qan başıma vurmuşdu. Qariki yumruqlarımın altında əzişdirmək istəyirdim. Babken qarşımda dayanıb, məni sakitləşdirməyə çalışırdı:
– Mirzə, xahiş edirəm, məni deməyimə peşman eləmə. Onlar çoxdur, sən təksən. Lap mən də sənin yanında olacam. Sonra? Ağılla hərəkət eləmək lazımdır. Bu məsələni sakit həll etməliyik.
Babken haqlı idi. Coşmaqla məsələni həll eləmək olmazdı. Babken guya məni sakitləşdirmək üçün zarafat elədi.
– Sizinkilər sənə qoymağa ad tapmadı, Mirzə?
Özümü birtəhər ələ aldım, yenə də hirsli idim.
– Dədəm elə adımı Soltan bəyin şərəfinə qoyub, Babken. Onların planı nədir?
– Səni birinci yeyib-içməyə çağıracaqlar, sonra da öldürəcəklər.
Hirsimdən güldüm.
-Nə danışırsan? Üstündən gör neçə il keçib,bir-birimizə qız alıb verən millətik, bunların planına bax! Bunu eləməyə dal lazımdı e!… Tutaq ki, məni öldürdülər. Sonra nə cavab verəcəklər?
Babken oturdu,iki barmağı arasında külə dönmüş siqaretini batinkasının altında söndürdü, bu dəfə rus dilində dedi:
– Nə olsun mehriban yaşayırıq.Hər il Andranikin şərəfinə mütləq bir tork öldürülür. Ya toka verərlər, ya zəhərləyərlər, ya da maşın qəzasına salarlar.
Babken ayağa qalxdı, mənə yaxınlaşıb qolumdan tutdu. Səsi titrəyirdi.
-Mirzə, səni çox istəyirəm. Mənə sirdaş, qardaş olmuşuq.Yalvarıram, tərslik eləmə. Qaç çasta, iki-üç günə qayıdarsan.
-Bəs, məni axtarmayacaqlar?
-Nə axtarmaq? Mirzə, başa düşmürsən ki, səni öldürəcəklər? Onlar danışanda eşitmişəm.
-Bəs sən?
Babken bu dəfə bizim dilimizdə danışdı.
-Narahat olma, erməni erməniyə heç nə etməz.
Bizim altı rotamuz vardı. Beşi qalmışdı Novanejin şəhərində. Qarikgilin başı qarışanda Babken qaçmağıma kömək etdi. Sərnişin qatarına minənəcən məni gözlədi, sonra qayıtdı kazarmaya.
İki saatdan sonra, axşam saat səkkizdə qatardan Novanejində düşdüm. Yaxın olduğu üçün çasta piyada gəldim. Ordakı Azərbaycan uşaqları gəlişimə təəccüblənmişdilər. Niyə gəldiyimi soruşanda erməni əsgər yoldaşlarımın planlarından danışdım. Çastda erməni uşaqları da dediklərimi təsdiqlədilər, Andranikin şərəfinə mütləq bir türk qurban seçildiyini, qaçmaqla düz hərəkət etdiyimi dedilər.
Babkenin təhlükəsizliyi üçün haqqında bir kəlmə də olsun danışmadım. Üç gündən sonra öz çastımıza qayıtdım. Qapı ağzında Qariklə bir neçə erməni yoldaşları söhbət edirdilər. Qarik məni görən kimi gülümsədi. Gülümsəyəndə üzündə qəribə mimikalar yaranırdı. Rus dilində dedi:
-Neçə gündür görünmürsən, Soltan bəy.
Xəyalımda əclafa yaxınlaşıb çənəsinin altından bir yumruq vurdum. Yaxınlaşdım, heç nə olmayıbmış kimi Qarik mənə əl uzatdı. Mən də öz növbəmdə əl uzatdım Qarikə də, o biri ermənilərə də. Rus dilində salamlaşdım:
-Yerlilərim gəlmişdi, onlara baş çəkməyə getmişdim.
Qarik qələbə qazanmış adam kimi güldü.
-Sən çoxbilmiş adamsan, Mirzəyev. Burda qalsaydın, səhərəcən yeyib içərdik.
Gülümsədim, onun çiyninə iki dəfə yüngülcə vurdum.
-Elə bil ki, yeyib içmişəm, Ağayan. Sağ olun. – Sakitcə onlardan uzaqlaşmışdım ki, Qarikin axırıncı sözləri ayaqlarımı yerdən kəsdi.
-Babkeni axtarma. Pilləkanlardan yıxılıb, yaxınlıqdakı xəstəxanadadır.
Qarikə yaxınlaşdım, hirsimi cilovlaya bilmədim, yaxasından yapışdım. Yanımdakı ermənilər bizi ayırmaq üçün aramıza girdilər. Qolumdan tutan erməni:
-Mirzəyev, sakitləş. – dedi.
O biri erməninin erməni dilində Qarikə dediyi sözlərini eşitdim:
– İsk hangarts mer handep bogoki!
Qarik astadan cavab verdi:
-Mi vaxestir yerkusnel cen karoq apatsutsel.
Günorta Babkeni görməyə getdim, eşitdiklərimi ona təkrarlayanda bildim ki, onlar şikayət edib-etməyəcəyimiz barədə narahatdılar. Əclaflar Babkenin bədənində demək olar, barmaq qoymağa ağ yer qoymamışdılar. Axşam məni “yeyib-içməyə” çağıranda tapa bilməyiblər, Babkendən şübhələniblər. Sonra da onu o ki var döyüb, pilləkanlardan itələyiblər. Babken mənimlə danışanda əvvəlcə özünü güclə toplayırdı:
-Mirzə, mən axmaqlıq elədim. Gərək səninlə gedəydim.
Babkenin şikayət etməməsi məni ikiqat əsəbləşdirirdi:
-Babken, niyə şikayət eləmirsən?
Babken gülümsədi:
-Alınmaz, qardaşım. Deyəcəklər, erməni erməniylə yola getmir.
-İncimə, Babken, millətinin murdar nümayəndələri çoxdur.
Babken gülməyə çalışır, nəfəsi daralırdı, ancaq yenə də ermənilərin tərəfini saxlamaqdan qalmırdı.
-Dediyin murdarlardan hər yerdə var.
Yenə də bu hadisəylə Babken kimi barışa bilmirdim. Qariki görməyə gözüm yox idi. Məni görəndə bir-neçə dəfə salam verdi, cavab da vermədim. Ona da, onunla əlbir olan ermənilərə də!…
Babken xəstəxanadan çıxdı. Məsləhətləşdik, məzuniyyətimin bitməyini gözləmədim. Ərizə yazdım, Novanejna şəhərinə – çasta gəldim. Komandirimiz asetin millətindən idi. Məni kərpic zavodda işləməyə göndərdi. Orda yaşca məndən böyük olan Natalya adlı bir qızla tanış oldum. Gözəlliyi bir tərəfə, mülayim xasiyyəti də məni özünə bağlamışdı. Niyə yalan deyim, çox istərdim, ona qarşı olan hisslərim İlknura qarşı olan sevgimi üstələsin, alınmadı. Hərbi xidmətimizi başa vuranacan münasibətimiz davam etdi.
Akarada düşəndə məni Bakıdan yola salan əmim oğluyla qardaşım qarşıladılar. Gözüm isə, dədəmi axtarırdı:
-Dədəm niyə gəlmədi?
Əmim oğlu cavab verdi:
-Evdə səni gözləyir.
Əslində, dədəmlə bağlı xatirələrimi yazmaq mənim üçün çox ağırdır. Həyətə girəndə nənəm, bacılarım məni gözlərinin yaşını tökə-tökə qarşıladılar. Dədəmi yenə görmədim.
-Dədəm hanı?
Qardaşımın gözləri dolmuşdu, nənəm hönkürtü ilə ağladı. Əmim oğlu həqiqəti udquna-udquna deyənəcən artıq hər şeyi başa düşmüşdüm.
-Həyatdı, əmi oğlu.
Dizlərimi nə vaxt yerə qoyduğumu xatırlamıram. Üzümü ovuclarımda gizlətdim, ürəyim yerindən çıxanacan hönkürtüylə ağladım. Dədəm məni yola salanacan keçirdiyim xoşagəlməz hisslərin nə olduğunu o gün dərk elədim. Son bir ildə niyə mənə gec-gec məktub gəldiyini də!…
Dədəmin boynunu qucaqlamaq yox, iyulda rəhmətə getdiyi üçün ilini vermək qismət oldu.
Dədəm bir gecə yatmış, bir səhər isə ayılmamışdı.
Daha bir il keçdi. Bu bir ildə həyatımda çox şeylər dəyişdi. İlknur sevgimə müsbət cavab vermişdi. Xoş anlar yaşatmaqla yaddaşımda qalan Natalya ilə arada məktublaşırdıq.
Bir gün isə sırf təsadüfdən Qafanda Babken ilə qarşılaşdıq. Saakyan küçəsiylə gedəndə bir nəfər arxadan gözlərimi yumdu. Günəşin şüalarını barmaqlarının arasından fərq elədim. Səsindən Babken olduğunu bildim. Görüşdük, qucaqlaşdıq, birlikdə “Zəngəzur” restoranına getdik. Əsgərlik xatirələrindən danışdıqca yüz-yüz vururduq. Babken mənimlə yenə də mənim dilimdə danışırdı.
-Babken, sənin vallah, bizimkilərlə qarışığın var! – deyib rumkamı rumkasına yüngülcə vurdum.
-Yox Mirzə, təmiz erməniyəm. Saf millətsiz deyə, sizləri çox istəyirəm. Gələn ay Rusetə köçürəm. Yerimi rahatlayım, sənə məktub yazacam.
Babken dediyi kimi də elədi. Rusiyaya köçdü, ancaq ondan məktub gəlmədi. Qafanda onu tanıyan erməni tanışım da yox idi ki, haqqında nə isə öyrənə bilim.
Babken bir həqiqəti düz deyirdi. Ermənilər çox fürsətçil millətdir. Sovet höküməti dağılandan sonra onların üzünü Azərbaycan gördü. Bugün onlar Qarabağı işğal ediblər. Əslində, Qarabağın hansı ölkəyə məxsus olduğu dünya ictimaiyyətinə yaxşı məlumdur. Ermənilər məskunlaşdığı üçün onların adı çəkilir.Tərslikdən nağıllarda oxuduğumuz cinin canı şüşədə olan kimi,bizim də uğurumuz-uğursuzluğumuz ermənilərə himayə edən ölkədən asılıdır.
Qızım kimi internetdən nə anlayışım, nə də marağım yoxdur. Arada you tube girib ya saz çalan aşıqları dinləyərəm, ya da gedə bilmədiyim rayonlarımıza baxaram. Qubadlıya aid videolara baxanda dədəmin qəbri yadıma düşür, uşaq kimi ağlayıram. Bircə təsəllim odur ki, erməni Babken bu gün öz millətinə məndən iki dəfə artıq nifrət edir.
12.03.2017

Son

Şəfaqət Cavanşirin povesti burada >>>

Müəllif: Şəfaqət CAVANŞİR

ŞƏFAQƏT CAVANŞİRİN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Anar Turan – “Özüm”

ANAR TURANIN YAZILARI

“Özüm”

(hekayə)

            Mən neçə illərdir, oxuyuram. Həm də özümü anlayandan, ətrafı dərk edəndən bəri. Klassiklərimizi bir-bir nəzərdən keçirirəm. Ədalətli cəmiyyət axtaran və bunun üçün hökmdarlara xitabən yazan Nizamini, əqidənin nə olduğunu diri-diri soyularaq bizə göstərən Nəsimini, inandığı Yaradana qul olmaqla yüksələn Füzulini və daha kimləri oxudum, onların dərinliyinə vardım. Bunlar da yetmədi mənə, bəs etmədi. Dünyanı qurtaranın müharibələrə son qoyan olacağını bizə söyləyən Cavid əfəndini, dərdimizin anlamaq dərdi olduğunu aşılayan Mirzə Cəlili də oxudum. Bunlar da yetmədi mənə. Daha üz tutdum dünya ədəbiyyatına. O yoxdan var olan sözün böyük, qüdrətli sahiblərinə. Bu dəfə Tolstoyu, Hüqonu, Drayzeri… oxudum, onların həyata baxışlarını duymaq imkanına yiyələndim. Kuperi oxuyarkən qızıl dərililəri tanıdım, bir irqin necə məhv edildiyinə şahidlik etdim, Balzakla yenə “yuxarı” təbəqələrin nə qədər içi boş, çürük olduğunu, hətta “yuxarıların” “aşağılardan” daha da aşağı olduğuna vara bildim. Oxudum, yenə oxudum, usanmadan, yorulmadan oxudum. Bir də baxdım ki, ən böyük əsərin, ən nəhəng şedevrin üstündən adlamışam, heç onu görməmişəm, düşünməmişəm haqqında. Bu əsər elə “Özüm”əmmiş, “Özüm”ü oxumamışam, heç qatını da açmamışam.

            Deməli, mən “Özüm”ü bilməmişəm. “Özüm”ü tanımamışam, oxumamışam. Baxdım, baxdım və düşündüm, dərin düşüncələrə daldım və sonra “Özüm”ü oxumağa başladım. Dedim, dedim ki, hər bir əsərin bir də sujet xətti olur. O süjet xəttinin müqəddiməsi, zavyaskası, kuliminasiya nöqtəsi, razvyazkası və nəhayət, sonluğu – finalı olur. Hər bir insan həyatı da belədir, düz belə, mən də belə bir həyatı – ardıcıl düzülmüş sujet xəttini yaşamışam, elə indi də yaşayıram, yaşamaqda davam edirəm.

            Beləliklə, başladım özümü oxumağa. Oxuduqca duydum, duydum ki, hər bir insan bir romandır, həm də çoxhissəli roman, trilogiya, hətta epopeya, Süleyman Rəhimovun “Şamo”su kimi… Bu romanda hər nə istəsən, tapa bilərmişsən. Amma biz bu haqda heç düşünməmişik. Ətrafımızı öyrənərkən özümüzü unutmuşuq. Bilməmişik ki, hər birimiz bir yazıçıyıq, hər bir insanın ən az bir əsəri var. Bu, “Özüm”dür. Bax bunu bilməmişik. Müəllifi bizik bu “Özüm”ün. Onu hekayə, novella, bəzən komediya, dram və faciəyə də çevirən bizik.

            …Mən “Özüm”ü oxumağa başladım. Oxudum, oxuduqca düşündüm ki, kaş oxumazdan öncə, yazarkən düşünərdim, necə yazacağım haqda fikri-xəyal yürüdəydim. Düşündüm ki, biz “Özüm”ü yazarkən düşünməliyik, o zaman heç oxumağa, oxuduqca da təəssüf hissi keçirməyə nə hacət olardı?! Bu bir fürsətdir ki, biz “özüm”ü yazarkən düşünək. Belə olmayan halda, aylar-aylara, illər-illərə calanır və bir də görürsən ki, “Özüm” yazılıb-bitib. Heç fərqinə varmadan bu əsəri nəşrə də vermişik, tirajlanıb, rəflərdə satışa qoyulub. O zaman “kaşkilər” düşüncələrimizə hakim kəsilir, bizi çulğalayır, öz ağuşuna alır.

            Bax indi bu təəssüf hissi, məni də çulğalayıb. Öz ağuşuna alıb. Və düşünürəm “Özüm”ü vərəqlədikcə. Sonra da deyirəm. Ay insan, sənsən “Özüm”ü yazan. Sənsən bu “Özüm”ün sujet xəttini müəyyən edən. Baş qəhrəmanın necəliyi, yaxşı və pis olması, dahi, yaxud əksinə, eyni hecaya malik cani olması sənin əlindədir. Yardımçı personajlar da, məkan da, bu məkanın necəliyi də sənin “qələminlə” müəyyən olunur. Axı onda nəyə görə peşman olasan?!

            Oxu “Özüm”ü, amma yaxşı olar ki, yazdıqca oxu, daha yaxşısı isə süjetini əvvəlcədən müəyyən edib yaz və oxu…

Müəllif: Anar TURAN

ANAR TURANIN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTAC – BAYATILAR

ZAUR USTACIN YAZILARI

Mən aşiq beləsinə,

Can qurban beləsinə,
Xalı, Haqq qələmindən
Kimdə var belə sinə???
* * *
Mən aşiqəm bu vaxta,
Bu zamana, bu vaxta,
İnan, ruhum gəlməyir
Cismim olduğu taxta.
* * *
Mən aşiq, sübh çağına,
Enəydim yar bağına,
Alma cavan saxlayır
Nar daddı damağına.
—————————————————–
مه ن عاشیق بئـلـه سینـه
جان قوربان بئـله سینـه
خالی حاق قه له مینده ن
کیمده وار بئـله سینه؟؟؟
* * *
مـه ن عاشیقـه م بو واختا
بو زامانا بو واختا
اینان روحوم گه ل مه ییــر
جیسمیم اولدوغو تاختا.
* * *
مه ن عاشیق صوبح چاغینا
ائنه ی دیم یار باغینا
آلمـا جاوان ساخلاییر
نار داددی داماغینا.

Müəllif: Zaur USTAC

ZAUR USTACIN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ERMƏNİ VANDALİZMİNİN ƏYANİ SÜBUTU-QUBA ŞƏHƏRİNDƏ “SOYQIRIMI MEMORİAL KOMPLEKSİ”

LƏTAFƏT BEYBUTOVA ƏLƏSGƏR QIZININ YAZILARI

ERMƏNİ VANDALİZMİNİN ƏYANİ SÜBUTU-QUBA ŞƏHƏRİNDƏ

“SOYQIRIMI MEMORİAL KOMPLEKSİ”

        2007-ci ildə Quba şəhərinin  stadion ərazisində  tikinti məqsədilə aparılan qazıntılar zamanı təsadüfən kütləvi məzarlıq aşkar edilmiş və həmin ərazidə Azərbaycan Milli Elimlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən ilkin tədqiqat işlərinə  başlanılmışdır.  İnstitutun Elmi Şurası bu məsələyə daha dolğun aydınlıq gətirilməsi üçün Qəhrəman Ağayevin başçılığı ilə 7 nəfərdən ibarət elmi heyət kütləvi məzarlıqda daha geniş şəkildə tədqiqat  işləri aparmış və 2008-ci ilin sentyabr ayında tədqiqat işləri başa çatmışdir. Araşdırmalar nəticəsində məlum olmuşdur ki, məzarlıq  1918-ci ilin may ayında bolşevik adı altında quldur erməni  dəstələri  tərəfindən öldürümüş  Qubanın dinc, müsəlman əhalisinə aiddir. Bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması,  Azərbaycan xalqının  gələcək  nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 30  dekabr 2009-cu il tarixli 673№ – li sərəncam imzalamışdır. Sərəncama müvafiq  olaraq  2012-2013-cü illərdə Heydər Əliyev Fondunun dəstəyi ilə Quba şəhərində Soyqırım Memorial Kompleksi  inşa edilmiş və 2013-cü il sentyabr ayının 18-də cənab  Prezident İlham Əliyev və xanımı Mehriban Əliyevanın  iştirakı ilə  açılışı  olmuşdur. Həmin ildən etibarən fəaliyyətə başlayan   Memorial Kompleks,  Azərbaycan  Respublikası  Nazirlər Kabinetinin 29 iyul 2015-ci il tarixli, 238 saylı sərəncamı ilə  Azərbaycan Respublikası Mədəniyyət  Nazirliyinin  tabeliyində  “Qoruq”  statusu  ilə davam etdirir.  Hazırda Soyqırımı Memorial Kompleksi dövlətimizdə erməni vandalizmini özündə əks etdirən yeganə ideoloji mərkəzdir. Kompleksin  əsas missiyası erməni vandalizmini olduğu kimi bəyan etmək  və Azərbaycan həqiqətlərini həm yerli, həm də beynəlxalq səviyyə də təbliğ etməkdir. Soyqırım Memorial Kompleksi  2013 cü ildən bəri  ümumilikdə 250 mindən artıq xarici vətəndaş olmaqla, 1 milyondan  cox insan, o cümlədən dünyanın bir çox ölkələrindən nümayəndələr ziyarət edir.

Memorial  Kompleks  2012-2013-cü illərdə  Quba şəhərində Qudyalçayın  sol sahilində, keçmiş stadion ərazisində inşa edilmiş, ümumi sahəsi 3,5 ha və 5 hissədən – Xatirə-abidəsi, Simvolik məzarlıq, Soyqırımı uzeyi,  Bayraq meydanı, İnformasiya mərkəzindən  ibarətdir.

Azərbaycan Respublikası  Prezidenti  Adminstasiyasının  Soyqırımı  Memorial  Kompleksi ilə bağlı bəzi məsələlər haqqında 05.06.2017-ci il tarixli sərəncamına uyğun olaraq  müvafiq komissiyası tərəfindən  mövcud vəziyyət  yerində araşdırmışdır. Komissiyanın qərarına əsasən ərazidəki torpaq sürüşmələri nəticəsində  yararsız hala  düşdüyü üçün məzarlıqdakı  insan sümükləri milli və dini adətlərə uyğun olaraq  dəfn  edilmişdir. Qeyd olunan  ərazidə 2018-ci ilin yanvar  ayında Soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədilə diametri 19,30 m olan “Xatirə-Abidəsi” ucaldılmışdir. Hər il minlərlə insan həmin abidəni ziyarət edərək önünə gül dəstələri düzürlər.

         Azərbaycan üçün yeni olan sosial-tarix muzeyində soyqırımdan əvvəl, soyqırımı  zamanı və bu hadisələrdən sonra sosial, mədəni və s. sahələrdə əhalinin həyatında baş verən dəyişikliklər haqqında məlumat verilir. Yaşanmış faciənin miqyası, ağırlığı və acılığını hiss edən memar Vahid Kasımoğlu soyqırımı qurbanlarının xatirəsinə dərin hörmət əlaməti olaraq heç bir dekorasiyadan və bəzək-düzəkdən istifadə etməmiş, matəm sükutunu təcəssüm etməyə çalışmışdır. Muzeyin görünüşünün yerin altından üzə çıxması tarixi gizlətməyin mümkünsüzlüyü, bıçaqların iti uclu olması isə ürəkləri parçalayan şiddəti bildirir.

         Muzeyin giriş hissəsində “Dinc Quba” adlanan ekspozisiyada XX əsrin əvvələrində  Quba qəzasının  sakinlərinin  və şəhərin görüntüləri verilir. Fotoşəkillər Quba qəzasının əhalisinin- dövlət qulluqçuları, din xadimləri, məktəb uşaqları, qadınlar və digər şəhər və kənd sakinlərinin iş başında, məişətdə, ailədə və istirahət zamanı çəkilib. Quba qəzasında azərbaycanlı türklərlə yanaşı başqa millətlərin və etnik qrupların nümayəndələri də kompakt şəkildə yaşayıblar. Qəzanın müxtəlif milli-etnik və dini əhalisi arasında dinc  qonşuluq münasibətləri əsrlərlə qorunub saxlanılıb. Bu da xalqımızın multikulturalizm ənənəsinə həmişə sadiq olmasının bariz göstəricisidir.  

         Zalın əsas hissəsində, mərkəzdə Azərbaycanın müxtəlif qəzalarında baş vermiş soyqırımlar zamanı kütləvi şəkildə qəddarlıqla öldürülmüş, yandırılmış, dənizə, quyulara atılmış və müxtəlif səbəblərdən dəfn oluna bilməmiş faciə qurbanlarının xatirəsinə hörmət əlaməti olaraq qara mərməz daş ucaldılmışdır.

Burada həmçinin Fövqəladə Təhqiqat Komissiyasının üzvlərinin  fotoşəkilləri və sənədlər nümayiş olunub. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti ölkədə baş verən qanlı hadisələrə münasibət bildirməyi zəruri saymış və Birinci Dünya müharibəsi başlandığı vaxtdan bolşevik adı altında erməni quldur dəstələri tərəfindən müsəlman əhalisinə və mülkiyyətinə qarşı törədilən zorakılıq  hallarını  araşdırmaq məqsədilə 1918-ci il 15 iyul tarixində Fövqəladə Təhqiqat Komissiyasının  yaradılması haqqında qərar qəbul etmişdir. FTK- nın sədri tanınmış hüquqşunas Ələkbər bəy Xasməmmədov olmuşdur. Komissiya 7 nəfərlik tərkiblə təsis edilsə də, sonralar Bakı və Gəncə şəhərlərinin  istintaq-prokurorluq və məhkəmə orqanlarının digər nümayəndələri işə cəlb edilmişdir. FTK- nın tərkibi çoxmillətli olmaqla, əsasən polyak, rus, alman, litva tatarı və Rusiyada təhsil almış hüquqşunas azərbaycanlılardan ibarət idi.  Fəaliyyət göstərdiyi dövr ərzində 15 iyul 1918-ci ildən, 1 noyabr 1919-cu ilə qədər FTK tərəfindən 36 cilddən ibarət istintaq materialı toplanmışdır. Bakı, Şamaxı, Quba, Göyçay, Cavad, Nuxa, Lənkəran qəzalarında, Gəncədə, Qarabağda, Zəngəzurda ermənilər tərəfindən törədilmiş amansız cinayətlər araşdırılmışdır. FTK-nın fəaliyyətinin yekunu olaraq 128 məruzə və qərar layihəsi hazırlanmış, onların əsasında müxtəlif cinayətlərdə müqəssir bilinən 194 şəxsə qarşı cinayət işi qaldırılmışdır.

          Muzey qaleriyasının bütöv bir divarını Quba qəzasına həsr edilmiş 4 bölmədən ibarət ekspozisiyalar təşkil edir. Birinci bölmədə inzibati ərazi vahidi olan Qubanın 1918-ci il tarixi üçün vəziyyəti əks olunmuşdur. Quba qəzası  çar Rusiyası,  AXC, Az. SSR dövrünün 1929 -cu il tarixinə qədər mövcud olmuşdur. 1918-ci ildə  Quba qəzasında baş verən soyqırımları xüsusi qırmızı işarələrlə xəritədə qeyd olunmuşdur. İlkin məlumatlara görə, qəzada 122 kəndin  talanlara və dağıntılara məruz qalması qeyd olunsa da, daha dəqiq aparılmış təhqiqatlar nəticəsində bu kəndlərin sayı 167 olduğu sübut olunmuşdur.  

       Bakı sovetinin rəhbəri Stepan  Şamuyanın göstərişi ilə  Hamazaspın 3 minlik quldur erməni dəstəsi 2 həftə ərzində 1918-ci ilin aprel ayının sonundan may ayının ortalarınadək Quba qəzasında amansızcasına qətillər və qarətlər törətmişlər. Türklərə qarşı xüsusi nifrət bəsləyən daşnak Hamazaspın qarşısına qoyduğu əsas məqsəd cəza tədbirlərini həyata keçirmək, müsəlman əhalisini məqsədyönlü şəkildə sayını azaltmaqdan ibarət idi. Hamazaspın quldur erməni dəstələri müsəlman əhaliyə qarşı misli görünməmiş xüsusi qəddarlıqla uşaq, qadın, qocaya belə rəhm etmədən qətlə yetirilmiş, cəsədləri eybəcər hala salınmış və meyitləri şəhərin küçə və meydanlardan götürülüb dəfn edilməsinə belə icazə verilməmişdir.

Ermənilərdən fərqli olaraq azərbaycan xalqının hətta belə bir şəraitdə də tolerant  millət olduğunu bildirən sənəd nümayiş etdirilir.  Həmin sənəd Dəvəçinin (Şabran) Kilvar kəndində yaşayan  90 nəfər erməni əhalisi tərəfindən həyatlarının təhlükəsizliyinin qorunması haqqında şəxsi imzaları və möhürü olan Həmdulla Əfəndi Əfəndizadənin müdafiəsi üçün verilmişdir. Ekspozisiyada Quba qəzasının müdafiəçilərinin fotoşəkilləri öz əksini tapıb. Bundan əlavə həmin guşədə Quba qəzasının müdafiə dəstələrinin daşnak-ermənilərlə mübarizə aparması haqqında məlumat və  şiddətli döyüşlər getmiş Digah, Xucbala kəndləri  arasında yerləşən “Qanlı dərə” adlanan ərazinin görüntüsü verilmişdir. 

        1919-cu il Paris sülh konfransında iştirak edən nümayəndə heyətinin fotoşəkilləri, eləcə də  AXC sərhədlərini göstərən Qafqazın tarixi xəritələri verilmişdir. Heyətin əsas məqsədi Azərbaycanı müstəqil dövlət kimi tanıtmaqla yanaşı, Azərbaycan xalqına qarşı 1918-ci ildə erməni-daşnaklarının törətdikləri cinayətlərin dünya ictimayyətinə çatdırmaqdan ibarət idi. Bu məqsədlə FTK-nın materiallarının bir hissəsi Azərbaycan  Xarici İşlər Nazirliyinin xətti ilə Parisə nümayəndə heyəti ilə  göndərilmişdir. Bu  materiallar Bakı, Şamaxı, Quba, Göyçay, Cavad qəzalarında 1918- ci ildə baş verən soyqırımları əks etdirən 6 cild sənədlər toplusundan və 102 fotoşəkildən ibarət idi. Azərbaycan nümayəndə heyəti  öz üzərinə qoyulan vəzifəni yerinə yetirmiş, sənədlərin surətləri böyük dövlətlərin başçılarına və müxtəlif beynəlxalq təşkilatlara təqdim edilmişdir. Bakıdan Parisə göndərilən  bütün materiallar tarix elimləri doktoru, professor  Solmaz Rüstəmova-Tohidi   tərəfindən 2011-ci ildə Fransada Topçubaşovun şəxsi arxivindən tapılmış və 94 ildən sonra vətənə qaytarılmışdır. Həmin sənəd və fotoşəkillərin surətləri muzeyin ekspozisiyasında orijinalda olduğu kimi verilmişdir.

Muzeyə aid  əsas zalda  davamlı olaraq Soyqırımı hadisələrini  əks etdirən sənədli film nümayiş olunur. Bundan əlavə burada  bədii tətbiqi sənətin nümunəsində verilən dəmir tabloda müasir insan simaları verilmişdir. Bu simalar  gənc və yaşlı nəsilləri təcəssüm edir. Simalarda sezilən baxışlar müxtəlifdir: məsələn  gənc simaların baxışlarında təəcüb, heyrət, qorxu hiss olunursa, yaşlı nəsilə aid simalarda bir o qədər kin, kədər, nifrət və acı hisslər  əks olunur.

Azərbaycana “Böyük Ermənistan” dövləti üçün potensial ərazi kimi baxan və eyni zamanda müsəlman əhalisini regionda soyqırımlar törətmək yolu ilə maksimum azaltmaq məqsədi güdən ermənilər, istədiklərinə nail olmaqdan ötrü  bütün vasitələrdən bəhrələnməyə çalışırdılar.  Bu planı reallaşdırmağa çalışan Bakı Sovetinin rəhbəri Şaumyan, bütün Qafqazın erməni qüvvələrinin, o cümlədən” Daşnaksytün” partiyasının üzvləri ilə sıx əməkdaşlıq edir,   səlahiyyətlərdən sui-istifadə edərək Azərbaycanın müxtəlif bölgələrində xüsusi qəddarlıqla cəza tədbirləri həyata keçirirdi. 1918-ci il mart ayından başlayaraq soyqırımı  həyata keçirmiş erməni cəlladlarının  rəhbərləri və icraçılarının konkret adlarının  məlum olması bu faciənin guya “erməni qara camaatı” tərəfindən müxtəlif bəhanələrlə törədildiyi kimi istər o zaman  erməni dairələrində, istərsə də müasir dövrdə ermənilər tərəfindən yürüdülən uydurmaları təkzib edir. Guşədə həmçinin erməni quldurlarının həmin dövrdə soyqırımlar zamanı istifadə etdikləri soyuq, odlu silah nümunələri, işgəncə alətləri nümayiş olunmuşdur.

              Bakı quberniyası qəzaları mövzusu Cavad qəzasına aid ekspozisiya ilə davam edir. Cavad qəzası indiki Səlyan, Saatlı, İmişli, Sabirabad, Cəlilabad, rayonlarının ərazisini əhatə edirdi. Cavad qəzasına aid ekspozisiyanın mətn hissəsində qəzanın və əhalinin tərkibi haqqında məlumat yer alır.  Qəzada 1918-ci ilin mart-iyun aylarının ortalarına qədər ermənilər tərəfindən müsəlman əhalisinə qarşı soyqırım baş vermiş, həmin ilin aprelində Səlyan bolşeviklərin nəzarətinə keçdikdən sonra bu qəzanın dinc əhalisi daha çox təqiblərə məruz qalmışdı. Bu vəziyyət torpaqlarımızın Azərbaycan-Türk qoşunları azad edənədək davam etmişdir. FTK-nın fəaliyyəti zamanı müsəlman kəndlərinin bir hissəsi  hələ də ermənilərin nəzarəti altında olduğu üçün kəndlərə dəymiş ziyanın miqdarını və qətlə yetirilənlərin dəqiq siyahısını  əldə etmək mümkün olmamışdır. Lakin ermənilərin yerli müsəlman əhaliyə qarşı törətdikləri vəhşiliklərinin, vandalizmin miqyasını təsəvvür etmək çətin deyildi. Bu baxımdan ekspozisiyada yer almış Cavad qəzasının Xocalı kəndinin sakini 18 yaşli Sürəyya Məşədi Dadaş qızına aid dindirilmə və məhkəmə-tibbi müayinənin protokoluna baxmaq kifayətdir. Qətllər xüsusi qəddarlıqla müşayiət olunmuşdur: İnsanları süngülərə keçirmiş, xəncərlə doğramış, başlarını kəsmiş və yandırmışlar.

Göyçay qəzası 1918-ci ildə AXC Bakı quberniyasının tərkibində inzibati-ərazi vahidi olmaqla  ərazisindən bir neçə dəmiryol stansiyaların keçməsi hələ I Dünya müharibəsində gedən və qayıdan erməni silahlı dəstələrinin bu bölgəyə hücumunu asanlaşdırıb. 1918-ci ilin iyun ayından isə bolşevik hakimiyyəti qurmaq adı ilə ermənilər daha da azğınlaşmışdı. Belə ki, Ərəb-Mehdibəy kəndində 84 mülk yandırılmış, əmlakı qərat edilmiş, 83 nəfər öldürülmüşdür. FTK-nın həmin bölgədə apardığı tədqiqat sənədləri, yandırılmış kənd məscidlərinin, şəxsi mülklərin, evlərin, insan cəsədlərinin fotoşəkilləri  ekspozisiyada öz əksini tapır. Yalnız 1918-ci il 16-30 iyun  tarixlərində Göyçay qəsəbəsi və Qaraməryəm kəndi istiqamətində gedən döyüşlərdə BXKS-nin ordusu ilə Qafqaz İslam ordusu arasında baş vermiş həlledici döyüşlər nəticəsində torpaqlarımızın bolşevik -daşnak qüvvələrindən azad olunmuşdur.

      Nümayiş olunan növbəti ekspozisiyada Ağsu, İsmayıllı, Qobustan, Hacıqabul rayonlarının ərazilərini əhatə edən inzibati-ərazi vahidi  Şamaxı qəza   əhalisinin  tərkibi milli-dini mənşəyinə görə müxtəlif idi. Müsəlman əhalisinin çoxluq təşkil etməsinə baxmayaraq, gözlənilmədən erməni-bolşeviklərin hücumuna məruz qalması nəticəsində görülməmiş vəhşiliklərlə üzləşmişlər. Şamaxı soyqırımları Bakıda baş verən hadisələrlə eyni vaxtda başlamış, mart-aprel aylarında Şamaxı şəhəri 2 dəfə, qəzanın 110 kəndi isə bir neçə dəfə talanlara məruz qalmışdır. Bolşevik-daşnak quldurlarının Şamaxı şəhərində törətdikləri soyqırımları bir neçə gün davam etmiş, zəngin müsəlmanlara məxsus “Piran-Şirvan” yaşayış məhəlləsi yanğınla tamamilə məhv edilmişdir. Mart qırğınlarından sonra ürəkləri soyumayan ermənilər aprelin 10- da S. Lalayevin və T. Əmirovun başçıliğı ilə şəhərə yenidən basqın etmişlər. Şamaxının dini ocaqları, həmçinin 8 əsrlik tarixi olan  “Cümə məscidi” yandırılmış və dağıdılmışdır. Bu dövr ərzində ümumilikdə Şamaxı qəzasının 106 kəndi ermənilər tərəfindən viran qoyulmuş, 10341 nəfər öldürülmüşdür.

        442.097 nəfərlik əhalisi olan Bakı qəzası özünün çoxmillətli tərkibi ilə seçilirdi. Bakı şəhəri əhalisinin iki əsrlik köçürmə siyasəti və neft sənayesinin  XIX əsrin 2 -ci yarsından inkişafı ilə əlaqədar gəlmələrin hesabına artmasına baxmayaraq müsəlman, əsas da azərbaycanlılar əhalinin böyük əksəriyyətini təşkil edirdi. Ekspozisiyada Bakı qəzasının xəritəsi, əhalinin milli -dini tərkibinə aid diaqramm, soyqırımda ziyan çəkmiş sakinlərin fotoşəkilləri və dindirilmə protokolları verilmişdir. Azərbaycan xalqının milli- azadlıq hərəkatına zərbə vurmaq, “Müsavat” partiyasınının sosial bazasını məhv etmək, müsəlman əhalinin sayını maksimum azaltmaq niyyətində olan bolşevik- daşnak qüvvələri hərəkətə keçmişlər. 1918-ci ilin mart ayının 26-da “Evelina” gəmisinin azərbaycanlılardan ibarət əsas heyətinin tərkisilah olunması ilə bağlı təxribat onminlik bolşevik erməni ordusunun müsəlman qırğınlarını həyata keçirilməsi üçün bəhanə oldu. Şəhərin dinc müsəlman əhalisinin 12 min nəfəri 3 gün ərzində vəhşicəsinə qətlə yetirilmişdir. Öldürülənlər arasında qadın, qoca, uşaqların olması guya şəhərdə “vətəndaş müharibəsi” getdiyi barədə iddiaları inkar edir, qırğınları kütləvi şəkildə müsəlman əhaliyə qarşı olduğunu sübut edirdi. Erməni “Daşnaksyutun”, erməni Milli Şurası və bolşevik cəlladlarının rəhbərliyi ilə keçirilən qırğınlarda azərbaycanlı əhalisinin bütün təbəqələri zorakılığın, haqsızlığın, talanların qurbanları olmuşlar. Bakının “Kərpicxana”, “Məmmədli” və s. məhəllələri, “Təzəpir”, “Şah”, “Şamaxı”, “Hacı Əjdər bəy”, “Bibiheybət” məscidlərini ,“Kaspi”, “Açıq söz” qəzetlərinin redaksiyaları, “İskəndəriyyə”, “İslamiyyə” mehmanxanalarının binaları dağıdılmış və yandırılmışdır. 

          Türk-Azərbaycan  Qafqaz İslam ordusuna həsr olunmuş ekspozisiyada AXC hökuməti müsəlman əhalisinə qarşı kütləvi soyqırımın qarşısını almaq üçün  bir sıra tədbirlər görmüşdür. Hökumətin əsas məqsədi hakimiyyəti bütün Azərbaycan ərazisində bərqərar etmək və torpaqlarımızı düşmən tapdağından azad etmək idi. Yeni yaranmaqda olan Azərbaycan Milli ordusunun və Osmanlı Türkiyəsinin silahlı qüvvələrindən təşkil olunmuş Qafqaz İslam ordusu Gəncədə separatçı ermənilərin tərkisilah edilməsində, Göyçay qəzasında Qaraməryəm, Kürdəmir, Şamaxı qəzası ərazisində, nəhayət Bakı ətrafında gedən döyüşlərdə sürətlə əks hücuma keçərək, bolşevik-daşnak qüvvələrini ağır məğlubiyyətə uğratmışlar. Qafqaz İslam ordusunun zəfər yürüşü 1918-ci il sentyabrın 15 də Bakı şəhərinin azad olunması ilə başa çatdı. Bu qələbə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsinin əsasını qoymuş, Azərbaycan xalqının erməni-bolşevik əsarətindən azad olunması ilə nəticələnmişdir.  Bu vitrində Qafqaz İslam ordusunun  Azərbaycan torpaqlarını azad etmək yürüşünü əks etdirən fotoşəkillərlə başlayır. Həmçinin, türk və azərbaycan zabit və əsgərlərinin ümumi, kiçik  dəstələr və tək-tək şəkilləri, Türk qoşunlarının komandanı Nuru Paşa ilə Azərbaycan hərbi birləşmələrinin komandanı general- leytenant Əliağa Şıxlinskinin fotoşəkillərilə davam etmişdir. Ekspozisiya 1918-ci il sentyabrın 15-də  Bakını azad edilməsi münasibətilə keçirilmiş hərbi yürüşün görüntülərini əks etdirən fotoşəkillə tamamlanır.  Muzeyin sonuncu ekspozisiyasının Azərbaycan Milli Ordusuna həsr edilmiş foto-sənədlərlə bitməsi 1918-ci il soyqırımlarının məhz ordu tərəfindən son qoyulması kimi tarixi həqiqətlə yekunlaşmır. Əslində, bu, bir daha onu təsdiqləyir ki, Azərbaycan dövlətinin suverenliyini, ərazi bütövlüyünü, xalqımızın qorxusuz, təhlükəsiz yaşaması üçün onu həmişə qoruyan güclü ordusu olmalıdır. Yaşanan faciə bunu bir daha sübut etdi. Tarixdən alınan bu dərs gələcək nəsillər üçün ibrətdir.

             Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin “Bayraq meydanı”nda Azərbaycan Respublikasının üç rəngli bayrağı 20 metr hündürlükdə  dalğalanır. Kompleksin Məlumat Mərkəzinə  gələn ziyarətçilər  üçün, Heydər Əliyev Fondu tərəfindən müasir avadanlıqlarla təchiz olunmuş zəngin kitabxana,  oxu zalı,   audiobələdçi və 1918-ci ildə Azərbaycan qəzalarında baş verən soyqırımı tarixi faktlarını əks etdirən  buklet və kitablardan istifadə etmək üçün şərait yaradılmışdır.

      Simvolik məzarlıqda qədimdən bəri Qubanın rəmzi və həyat simvolu sayılan alma ağacları əkilmişdir.  Alma bağında 3 yaş qrupu üzrə  1918-ci il faciə qurbanları olan qadın, gənc, uşaq və qocaların xatirəsinə hörmət əlaməti olaraq, 3 ölçüdə 40 simvolik mərmər daşı yerləşdirilmişdir.

Müəllif: LƏTAFƏT BEYBUTOVA ƏLƏSGƏR QIZI

Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”

Elmi Araşdırmalar, Ekspozisiya və Fond şöbəsinin müdiri              

Mob: 055 543 55 28, qubatovaltaft@gmail.com

LƏTAFƏT BEYBUTOVA ƏLƏSGƏR QIZININ YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Şəlalə Camal – Anama deməyin nə çəkdiyimi…

ŞƏLALƏ CAMALIN YAZILARI

Anama deməyin nə çəkdiyimi,
Qoy anam bilməsin, anam duymasın.
Bilsə yaşamaqdan əl çəkdiyimi
Ürəyi tab etməz, canı yanmasın.
Deməyin ki, öldü, rəhmətə getdi,
Deyərsiz könüllü əsgər gedibdi.
Ya da ki, ən böyük arzusu idi mən gəlin olum
Deyərsiz sevdiyi oğlana getdi.
Əşşi… Onsuz toy gah var, gah da ki, yoxdu…
Görsəniz narahatdı deyin ki, qaçdı…
Ya da deyərsiniz xaricə getdi –
Orda təhsil alıb, iş quracaq de…
Bilirəm inanmaz onsuz bunlara…
Amma siz yenə də düzün deməyin.
Nə qədər gec bilsə elə yaxşıdı…
Mən də son günümü yaxşı keçirim,
Gedib deyib -gülüb şənlik eləyim.
Bir şeydən rahatam getdiyim yerdə
Məni təm-təraqla Allah gözləyir
Məgər bu boyda gözləntini mən,
Geri çevirməyim de necə olar?!
Barı o dünyada yatım dincəlim
Burdakı yuxuma haram qatdılar…

Müəllif: Şəlalə CAMAL,

Yaradıcılıq məsələləri üzrə menecer, AYB-nin üzvü.

ŞƏLALƏ CAMALIN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

SƏMA MUĞANNA – Bənövşə və işıq qatarı

SƏMA MUĞANNANIN YAZILARI

           Bənövşə və işıq qatarı

Qatar gələcəkdisə,Bənövşə artıq bu küçədə olmayacaqdı.Ümumiyyətlə,Bənövşə adlı sakin bu tozlu Bakı şəhərində yaşamayacaqdı.Onun varlığını hər kəs unudacaqdı. “Unutmaq”- dedim.Bu insanlar “unutmağı” nə adlandırır axı? Bir ləçəyi qopan çiçək belə ləçəyi qopub düşür deyə fəryad edir.Əslində,qopan ləçəklər öz-özünə qopub düşmür ki,onları insanlar qoparır…Bənövşənin həyatı kimi.İnsanlar bir-birlərinin həyatında xəritə olmağa çalışır.O xəritədə yolçu deyil,bir-birlərinin düşmənlərinə çevrilirlər…

   Bənövşə addımlarını atarkən,sanki geriyə gedirdi.Bu yalanlarla dolu olan tozlu Bakı şəhərindən gözləntiləri vardı.Bu gözləntilər kimdən,yaxud nədən idi? Kim axı onu bu yolda incidirdi? Bənövşənin bu dünyadan istəyi nə idi? Ümumiyyətlə,Bənövşə kim idi? Çoxlarını maraqlandıran bu sualın cavabı məhz o gün Tanrıyla söhbətləşərkən tapılmışdı.Bənövşə özü də bilmədən Tanrıya bütün sirrlərini danışmışdı…

   18 avqust 1998-ci il…

    İnsan ömrünün demək olar ki,yarısını ailəsinə,sevdiyinə,sevdiklərinə qurban verir.Bu qurban dediyimiz neçə-neçə insan,sanki bu dünyayla sağollaşıb gedir.Əslində,daxili dünyasında baş verənlərdən təəssüf ki,xəbərləri yoxdur.Sizə film kimi bir hadisədən danışmaq istəyərdim,ancaq gəlin danışmayım.Bənövşə özü sizə danışacaq.Deyirlər, “acı da olsa,həqiqəti bilmək lazımdır”

   Mənim adım Bənövşədir.Bu gün müəllif deyil,həyatımı mən sizə danışacam.Həyatımda baş verən hadisələr bəlkə də təsadüfdür,ancaq mən təsadüflərə inanmıram.Bəlkə də inanmaq istəmişəm,lakin iznim olmayıb.İnsanlar məni “məzlum Bənövşə” deyə çağırırlar.Həqiqətən, “məzlumlar”  özlərini bu dünyaya qurban edənlərdimi? İnsanlar dünyanı günahlandırır,lakin özlərini deyil.Mən nə qurban,nə məzlumam.Mən küllərdən doğulan Bənövşəyəm! Ancaq səsimi heç kəs duymur.Sən mənim səsimi duyursan və mən sənin yanındayam.Bilirsən niyə? Çünki sən günahlarını,xatirələrini,düşündüklərini mənə danışırsan.Qorxma,sən məni görmürsən.Mən sənin fırtınanda boğulan susqunluğun,ya da yağış yağdıqdan sonra göy üzündə görünən göy qurşağınam.Mən sənin xoşbəxtliyin,kədərinəm.Sən məni unutsan da,mən səni unutmuram.

   Bənövşə hava soyuq olduğundan bu gün evdən çıxmamışdı.Hiddətli yağan yağışın səsi pəncərələri isladarkən,sanki Bənövşənin də qəlbini isladıb,ona yeni can,yeni ruh olurdu.Bənövşə yenə gözlərini uzaq yollara dikib qatarın gəlməyini gözləyirdi.Qatar..Maraqlıdır,o qatarda kimi gözləyirdi? Bu an qapının zəngi çaldı və Bənövşə dalıb getdiyi xəyal dünyasından ayrılıb reallığa geri döndü.Qapıya yaxınlaşıb:

-Kimsiniz?

-Mənəm,Ayşən,aç qapını.

-Ayşən,nə yaxşı gəldin?

-Sənə yaxşı xəbərlərim var.Çamadanını hazırla,sabah gedirik.

-Nə? Hara gedirik?

-Qoy bir nəfəs alım.Bacıcan,mənə bi stəkan su ver.Nəfəs-nəfəsə qaldım.

 -Al,iç.Danış görüm,Ayşən.Nolub axı?

-Demək,səni sabah İstanbula göndərirəm.Özün üçün gəz-dolaş.Nə var axı bütün günü evdə,bu 4 divara baxa-baxa qalmısan?

    Gizli qalan çox hadisələr vardı,lakin Ayşən heç vaxt sirrlərini gizlətməyi bacarmırdı.İnsanlar bəzən düşünür ki,sirrlərini gizlətməklə hər şey daha yaxşı olacaq.Ancaq düşünmürlər ki,əslində,gizlətdikcə açılan yaraların izi daha da çoxalır,eynən Ayşən kimi…

-Sən axı mən istəmədən bunu necə edə bilərsən?

-Yaxşı,sakitləş.Mən sənə yaxşılıq olsun deyə etdim.Səni düşündüyüm üçün.

-Sən məni düşünə bilməzsən,Ayşən! Məni heç kəs düşünə bilməz! Məni yaşadığım dünyamdakı ikinci Bənövşə də anlaya bilməz! Anlaya bilməz!-deyirəm…

-Yaxşı bəsdi görək.İkinci Bənövşə nədir? Sən hələ də elə şeylərə inanırsan?

-Ayşən,xahiş edirəm,evimi tərk et.

    Onlar dalaşdıqdan sonra Ayşən qapını vurub çıxdı.Bir neçə dəqiqə donub qalan Bənövşə sükutu pozmaq üçün yenə pəncərənin önünə keçdi.Səssizcə hönkürtü çəkərək daxilində qopan fırtınanı içindən qoparıb atmaq üçün çabalayırdı,lakin bacarmırdı.

    Bəli,Bənövşə heç vaxt insanlar tərəfindən anlaşılmırdı.Bənövşə fərqli idi.Bənövşənin göz bəbəkləri belə insanlarla eyni deyildi.Göz bəbəkləri  dedim,əziz oxucu,sən heç bilirsənmi insanın göz bəbəkləri sadəcə rənginə görə fərqli deyil? O göz bəbəklərinin altında neçə-neçə qurbanlar yatır! Bu bir insan olmaya da bilər.Xeyr,qətiyyən aldanma! Bir dənizin fırtınasında boğulan qayıqçı,qəfildən yağan yağış,buludlar,hətta çiçəklər belə! İnsanlar onlara baxdıqca  böyüyür,düşünür,hətta bəzən özlərini məhv edir.Bənövşə də özünü məhv etmişdi.Məhrum etmək demədim,yanlış anlama,məhv etmək.Hə,hə  düz eşitdin…

    18 avqust 1998-ci  il tarixi təqvimlərə deyil,lakin mənim ömür səhifəmə siyah tonlarda yazılmışdı.O gün dəyişəyəciyini kimsə söyləsə,bəlkə də inanmazdım.Mən nə təcavüzə uğradıldım,nə də döyülmədim,söyülmədim! “Məzlum” dedikdə ilk insanların ağlına gələn də bu deyilmi? Mən yaşayan Bənövşəni öz əllərimlə öldürmüşdüm.“İnsan sevərkən yenidən doğularmış”-deyirlər.Mən nə zaman doğulacaqdım? Əgər bir gün bu dünyaya yenidən qayıtmaq şansım olsaydı,Tanrımdan taleyimi alıb başqasının taleyini mənə yaşatmasını-deyərdim.Bilirsən niyə? Bilmirsən,çünki sən də məndən biri deyilsən.

    Pəncərənin önündə gözləyərkən məhz o gün qatar gəlmişdi.Qatar heç vaxt gəlib keçməzdi.Atam,anam məni tərk edib getdikdən sonra o qatar bir daha gəlmədi.Gələcəklərini söyləmişdilər,lakin gəlmədilər.Hansı yerdə,haradadır? Suallarının cavabını yalnız o qatarla bilərdim.O qatar məhz 18 avqust günü 1998-ci ilin ən qızmar günəş istisində gəldi.Bilirsənmi,nə yazı,nə payızı,nə də yayı sevirəm.Sevdiyim yalnız qış fəslidir.İçimdə hayqıran,hətta boğulan 2-ci Bənövşə də mənim kimidir.O da qışı sevir.Ancaq insanlar deyirlər ki,qışda tənha qalırsan,üşüyürsən.Mən üşümürdüm.Mən atamla,anam getdikdən sonra heç vaxt üşümədim…

  İsti çayım o an əlimdən yerə dağıldı.Qarşımda atamla,anamı görürdüm.Yuxu olduğunu zənn edib gözlərimi ovuşdurdum,ancaq yuxuya bənzəmirdi axı.Bəs..Bəs Tanrı mənimlə oyunmu oynayırdı? Yox…Əslində,Tanrı deyil,mən özümlə oyun oynayırdım.Yaşımı soruşma,deməyəcəm.O da məndə qalsın,ancaq bil ki,bir insan ömrü nə qədər yaşaya bilərsə,mən ömrümün yarısını yaşamışam,çünki yarısı atamla,anamın əlindədir…

   Qapını açıb çölə çıxdım.Ətrafımda heç kəs yox idi.Tək dayanan qatardan başqa.Qatara baxdıqda,sanki bütün yaşadıqlarım gözümün önündə canlanırdı.Hə,hə bir də rəqəmlər.1,2,3.Sonra bütün yaşadıqlarım beynimdən silinir,ancaq gözümün önündə davam edirdi.Qatar…Qatar getdikcə rəqəmlər də davam edirdi,lakin 1,2 və 3-cü rəqəmdə qalırdı.Sonra kimsə yaxınlaşıb elə bil qulağıma pıçıldayırdı:- “İnsan ömrü 3 hissədən ibarətdir.Giriş,əsas,nəticə.Sən isə nəticəyə gəlməmisən,Bənövşə.2-ci Bənövşəyə de,o sənə hər şeyi danışacaq”

   Qorxub qaçmaq istədikdə kiminsə qolumdan tutduğunu hiss etdim.Qəflətən gözlərimi qapatdım və o an atamın,anamın səsini yenidən eşitdim.Səslərində dərin bir hüzn,hətta təşviş duyulurdu.Gözlərimi açdıqda kiminsə qolumdan tutduğunu hiss edirdim,ancaq onu görmürdüm.Bəlkə də mən artıq dəli olmuşdum.

   Ancaq dəli deyildim.Sadəcə bu yaşananların niyə məhz 18 avqust baş verdiyini bilmirdim.Tarixləri biz ələ ala bilmərik,ancaq o qatar bir səs,hətta işarə idi.

   Sonunda dözə bilməyib qışqırdım.Gözlərimi açdıqda bayaq baş verən kabusdan heç nə qalmamışdı.Sadəcə arxama dönüb getdikdə qatardan çoxlu insanların qalxıb-düşdüyünü gördüm.Gözlərimi yerə dikib ağır addımlarla yoluma davam edərkən anamın “Bənövşə” deyə səsləndiyini eşitdim.Arxama çevrilməyə qorxurdum,çünki çevrilərsəm yenidən kabus yaşayacağımı düşünürdüm.Yavaşca pıçıldayaraq:

-Ana,sən yuxusan,xahiş edirəm,məni daha da çox incitmə!

-Yuxu deyiləm,Bənövşəm! Bax,yanında bacın da var.İşıq!

-İşıq?

-Hə,atan da indi gələcək! Gəl!

   İşıq ayaqlarımdan yapışdıqda bu yaşadığımın yuxu olmadığını zənn etdim.Əslində,mən yuxuda deyildim.Mən nə yaşadıqlarımı,nə də itirdiklərimi yenidən təkrarən yaşayırdım.Mən 2-ci Bənövşəni dinləyib yenidən doğulmuşdum!

    Arxama çevrilib İşığa sarılarkən huzura boyanan mən,sanki yenidən doğulmuşdum.Atam,anam mənimlə idi! Mən onları itirməmişdim! Yəni bütün yaşadıqlarım kabus idi? Tanrım,mən yuxudan oyanmışdım?

    Əslində,mən yuxudan oyanmamışdım,2-ci dəfə doğulmuşdum.Bütün yaşadıqlarımı arxada qoyub yenidən doğulmuşdum.Bu necə baş vermişdi? Bilmirəm.Tanrım,hardasan?

-Burdayam,əziz qızım.İnsan bəzən yaşadıqlarını unutmaq üçün intihara əl atır.Mən isə onları heç vaxt bağışlamıram,çünki insan istəyərsə,yenidən doğulmağı bacarar.Bu həyatdan küsüb getməklə nə əldə etmək olar axı?

-Mən..Mən səni görmürəm,Tanrım!

-Sən məni heç vaxt görə bilməyəcəksən,əziz Bənövşə! Yağan yağışı duya bilirsən? Ancaq bilmirsən ki,hər damlası sənin simana damladıqca o sənə işadə verir.Bütün yaşadıqların sənə işarədir.Sən bu gün istəməsəydin,yenidən həyata qayıtmayacaqdın! O qatar da səni həmişə gözlədi.Uzaqlarda olsa belə gözlədi.Mən də səni uzaqlardan izləyəcəyəm.Salamat qal!

   Bu gün Bənövşənin hekayəsini məhz onun dilindən dinlədiniz.Bəlkə də gözləriniz yaşarır,dolur,siz isə onu gizlədirsiz,ancaq gizlətməyin.İnsan göz yaşlarını gizlətdikcə böyümür.Onları izn verin ki,qaçıb getsinlər.Onların da haqqı sizin göz bəbəklərinizdə addım-addım getməkdir,qaçmaq deyil axı…

    Bəli,Bənövşə yenidən küllərindən doğulmuşdu.O gedən qatar isə elə həminki qatar idi.Yenidən qayıtmışdı.İnsanlar geri dönmür,taleləri dəyişmək mümkün deyil,hətta yaşanan hadisələri belə unutmaq da asan deyil.Ancaq insan yenidən doğulmağı bacara bilər.Tanrı sizi eşidir,duyur! Bənövşə hər pəncərənin kənarında oturub düşünərkən bəlkə də yaşadıqlarını unutmaq deyil,yenidən yaşamaq istədiyi üçün çabalayırdı.Əgər o,Ayşənlə birgə getsəydi,bəlkə də zamanı geriyə alıb bu yaşayacaqlarını,yaşamaq istədiklərini yaşaya bilməyəcəkdi.Ona nəfəs olan bu qatar oldu.Qatarın gəlişi Bənövşənin həyatını dəyişdi…

-Əziz müəllif,bəs işıq?

-İşıq..İşıq isə onun ikinci Bənövşəsi idi.Bu gün o da yenidən doğulub yaşamağa söz vermişdi.Bu gün Bənövşə yaşamağa inanıb,yenidən doğulmağa söz vermişdi.Sözünü tutdu…

Müəllif: Səma MUĞANNA

Gənc yazar, AYB üzvü.


SƏMA MUĞANNANIN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ANAR TURAN – “Aktyor”

ANAR TURANIN YAZILARI

“Aktyor”

(Hekayə)

Hər bir insan, əslində, bir aktyor deyilmi?!”

            Bu gün, şükürlər olsun, aktyor yoldaşlarımla, xüsusilə də Şah Abbas rolunu ifa edən dostum Raufla Yusif Sərrac rolunda oynayan mən Axundzadənin səhnələşdirilmiş “Aldanmış kəvakib” əsərinin premyerasını yüksək səviyyədə həyata keçirə bildik. Bir aylıq hazırlığımızın bəhrəsini almaq necə də gözəl və əntiqə oldu. Sonda isə teatrsevərlərin gurultulu alqışları bu bir aylıq yorğunluğumuzu bir andaca silib sovurdu. İnsanların simasındakı o uzağazillənmə də göstərirdi ki, biz artıq bu səhnələşdirilmiş əsərlə öz istəyimizə nail ola bilmişik, burada əyləşən xalqı düşündürmüşük. Raufla mən bu barədə həmfikir idik. Öhdəliyində olan işi layiqincə yerinə yetirməkdən daha gözəl nə ola bilər?! Bax, bu da bizim üzümüzdə təzahür olunurdu.

            Premyeradan sonra Rauf məni ölkəmizə xas çaylı-şirniyyatlı, limonlu-mürəbbəli stola dəvət etdi. Əslində, illərdir, davam edən ənənəni bu dəfə də adəti üzrə icra etmiş olacaqdıq. Çünki hər tamaşadan sonra ya mən onu, ya da o məni bu cür çay qonaqlığına dəvət edərdik. Yol boyu işinə dəlicəsinə vurğun olan aktyorlar kimi Raufla mən teatrın faydasından, insanlıq üçün əhəmiyyətindən bəhs etdik, fikirlərimizi əvvəlkilərtək təkrar etdik. Bu dəfə mən həm də Axundzadənin “Aldanmış kəvakib” əsərinin nə dərəcədə ustalıqla qələmə alınmasından danışdım.

            -Rauf, bilirsən ki, mən ədəbiyyatı çox sevirəm. Axundzadənin əsərlərini də çox oxumuşam. Amma bu dəfə bir şeyi yaxşıca anladım. Anladım ki, biz ədəbiyyatı ədəbiyyat kimi, hər hansı bir əsəri əsər kimi oxuyuruq. Onun mətləbinə varmaqda çətinlik çəkirik, yaxud da heç varmaq istəmirik. Məsələn, “Aldanmış kəvakib”də müəllif əsas olaraq demək istəyib ki, bir xalqa rəğmən mütərəqqi cəmiyyət qurmaq mümkün deyil. Mütərəqqi cəmiyyət qurmaq üçün ilk öncə o xalqı maarifləndirmək, onun mədəni səviyyəsini yüksəltmək gərək. Yoxsa düşüncə tərzi geri olan, demokratiyadan anlamayan xalqa həqiqi azadlıq da bəxş etsən, o bunu anlamayacaq, həqiqi azadlıq sonda o xalqın talançılıq etməsinə səbəb olacaq. Bu dediklərimi əsəri əvvəlcə birdən çox oxumağıma baxmayaraq, doğrusu, anlaya bilməmişdim. Əsər üzərində hazırlaşdıqca bütün bunların fərqinə vara bildim…

            Rauf fikirlərimi təsdiq etdi… Biz çay süfrəsində iki saata yaxın oturduqdan sonra mən adətim üzrə tək yaşadığım mənzilimə yollandım. Deyirlər, təklik Allaha məxsusdur, amma onu deyim ki, insan da bəzən tək qalsa, daha doğrusu, özü ilə baş-başa vaxt keçirsə, söhbətləşsə pis olmazdı.

…Yorğunluq içərisində yatağıma uzanərkən bugünkü premyeradakı gurultulu alqışlar, insanların heyranlığı bircə-bircə gözümün önündən bir film lenti kimi gəlib keçirdi. Öz-özümə dedim, Həmid, sən 9 ildir, teatrda aktyorluq edirsən, müxtəlif səhnələrdə insanların qarşısına çıxırsan. İnsanlar səhnədə canlandırılan hadisələrin, əslində, uydurma, hər hansı bir müəllifin qələm məhsulu olduğunu bilirlər. Buna baxmayaraq, dramatik səhnə olarkən onların gözlərindən yaş su kimi axır. Bəzən hətta ölüm səhnəsində sanki həqiqətən baş vermişcəsinə insanlar reaksiya verirlər. Bu filmlərdə, seriallarda da bu cür olur. Bəs insanlar bunun həqiqətən baş vermədiyini bildikləri halda nə üçün bu cür reaksiya göstərirlər?! Bunun səbəbi nədədir?!

             Düşüncələrim məni məşğul edirdi. Sonra öz-özümə dedim: Əslində, həyat da bir səhnə deyilmi? Bəs biz necə, biz də bu həyatın üzvləri olaraq əsl aktyorlar deyilikmi?! Və bu həyat səhnəsi hansı insana nə rol veribsə, o da bu rolu ustalıqla ifa etmirmi?!. Elə buna görə də səhnədə baş verənləri görəndə insanlar onun təxəyyül məhsulu olduğunu duymur, heç duymaq da istəmir, gerçəkcəsinə reaksiya vermirlərmi?!…

            Bu cavabsız suallar, düşüncələr içərisində özüm özümə daha bir sual da ünvanladım. Bəs insan həyatı səhnədəki kimi bir tamaşadırsa, onun özü də aktyordusa, o hansı tamaşaya üstünlük verməlidir, hansı rolu oynamalıdır? Bax bu sualın cavabı üzərində səhərəcən düşündüm, yatmadım, arada mürgülədim, yuxu məni tutdusa da, onda yenə yarıyuxulu bu suala cavab axtardım. Oyaqlıq və kabus arasında gedib-gəlirdim.

            …Növbəti üç günü xəstələndiyimi bəhanə gətirərək işə çıxmamaq qərarına gəldim. Düşüncələr məni elə bil özümdən alıb başqa bir məkana, başqa bir zamana aparırdı. Axı insan hansı tamaşada rol almalıdır?! O bu həyatda hansı rolu üzərinə götürməlidir?! Varinatlar da ona bəllidir. İnsanlığa fayda verən tamaşalarda yer almaq, yaxud da onu fəlakətə sürükləyən bir tamaşanın əsas və ya yardımçı rolunu ifa etmək. Yaxşının tərəfində olmaq, yaxud da əksinə, şəri təmsil etmək. Bir gül əkmək, bəlkə insanlara maneçilik törədən bir daşı yoldan götürüb kənara atmaq, bunlar mümkün deyilsə də, sadəcə kiçik bir təbəssüm, çox kiçik bir təbəssümü ifadə edəcək tamaşalarda oynamaq…

            Beləliklə, 9 illik aktyorluq həyatımın ardından mən əsl həqiqətin nə olduğuna vardım. Mən, deməli, anadan olandan bəri aktyormuşam. Bunu duydum, anladım, fərqinə vardım. Tək mənmi anadangəlmə aktyormuşam? Xeyr. Bütün insanlar. Bütün insanlar dünyaya göz açan andan etibarən aktyor kimi fəaliyyət göstərməyə başlayıbmışlar. Məni çulğalayan bu sualları aydınlaşdırıb sanki dünya misli yükümü üzərimdən atdım. 3-4 günlük sarsıntılarımı geridə qoyub yenidən işə, ömürlük və müvəqqəti səhnə həyatıma qayıtdım. Bu dəfə işimin tam məğzini tutan əsl aktyor kimi həm də…

Müəllif: Anar TURAN

ANAR TURANIN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

MƏQALƏ QƏBULU ELANI

TALEH XƏLİLOVUN DİGƏR YAZILARI

HÖRMƏTLİ TƏDQİQATÇILAR!

Akademik nəşriyyat sahəsində öz xüsusi yerini tutan Milli Təhsil Jurnalı (ULEDER) Azərbaycan Respublikasının 44 gün davam edən İkinci Qarabağ müharibəsində qazandığı qələbənin şərəfinə qeyd olunan “8 noyabr-Zəfər Günü”nə həsr olunmuş xüsusi buraxılışı üçün məqalə qəbul edir.
Müntəzəm olaraq nəşr edilən Milli Təhsil Jurnalı (ULEDER) sizdən öz dəyərli araşdırmalarınızın oxuculara çatdırılması üçün təqdim edilməsini gözləyir.
Göndərilən bütün məqalələr diqqətlə yoxlanılıb qiymətləndirildikdən sonra 8 noyabr 2022-ci il tarixində çap olunacaqdır.
“8 noyabr-Zəfər Günü”nə həsr olunmuş xüsusi buraxılışa Azərbaycan və türk dillərində təhsilin bütün sahələrini əhatə edən məqalələr ödənişsiz qəbul edilir.
Məqalələrin qəbulu https://uleder.com adresinden 15.08.2022-ci il tarixindən 20.10.2022-ci il tarixinədək davam edəcək.
Məqsəd və əhatə dairəsi: Jurnalımız açıq çıxışlı milli jurnaldır. Jurnalda ikiqat kor hakimlik sistemi tətbiq edilir. Jurnal Türkiyədə təhsilin yaxşılaşdırılmasına yönəlib. Təhsilin bütün sahələrini əhatə edir.
Elmi redaktor: Taleh XƏLİLOV

Pedaqogika üzrə fəlsəfə doktoru, dosent.

TALEH XƏLİLOVUN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru