MURAD MƏMMƏDOV – YENİ ŞEİRLƏR

MURAD MƏMMƏDOV – ŞAİR.

YANDIRIR
Cəfasını çəkmirsən,
Yar adamı yandırır.
Yağış qoymur, əkmirsən,
Var adamı yandırır.
* * *
Hərdən şimşək tək çaxan,
Yurd dağıdan, ev yıxan,
Baxıram, yoxa çıxan,
Ar adamı yandırır.
* * *
Min bəlanı addayan,
Neçə dizi qatdayan,
Dərd azardan çatdayan,
Gor adamı yandırır.
* * *
Toz-torpağa bələnən,
Hey seçilən, ələnən,
Qapı-qapı dilənən,
Kor adamı yandırır.
* * *
Od, ocaqdan yan dursan,
Yanmamış kimi varsan,
Çaşıb külə əl vursan,
Qor adamı yandırır.
* * *
Ney ağlayır, inləyir,
Kaman ruha dil deyir,
Saz səsi cingildəyir,
Tar adamı yandırır.
* * *
Zəmanə tələ qurur,
Səni bezdirir, yorur,
Qəfildən dolu vurur,
Bar adamı yandırır.
* * *
Dərd içində iş getmir,
Həvəs ölür, baş ötmür,
Dərdə bax, heç üşütmür,
Qar adamı yandırır.

BİR ÖMÜR YAŞADIM
Bir ömür yaşadım bildiyim kimi,
Səssizcə gedəcəm gəldiyim kimi,
Neçə günahları sildiyin kimi,
İlahi, rəhm elə keç günahımdan.
* * *
Bilmədim kiminsə haqqına girdim,
Bəzən gec anladım, səhvimi gördüm,
Oldu ki nahaqdan yüz günah dərdim,
İlahi, rəhm elə keç günahımdan.
* * *
Mən elə yaşdayam məramım bəlli,
Üzümdə yalvarış, gözdə təsəlli,
Nə desən razıyam indi beş əlli,
İlahi, rəhm elə keç günahımdan.
* * *
Sənin rəhiminlə dünyaya gəldim,
Oxudum özümü ağıllı bildim,
Gah yersiz ağladım, gah yersiz güldüm,
İlahi, rəhm elə keç günahımdan.
* * *
Mən yaxşı bilirəm səbrin böyükdü,
Mənim günahlarım çiynimdə yükdü,
Üç övlad böyütdüm, üç ağac əkdim,
İlahi, rəhm elə keç günahımdan.
* * *
Ömür sınağıymış, gec başa düşdüm,
Bütöv qınağıymış gec başa düşdüm,
Gələn qonağıymış, gec başa düşdüm,
İlahi, rəhm elə keç günahımdan.

ETİRAF
Ağlımın ucundan keçmir inan ki,
Nə məşhur yazıçı, nə şair olum.
Beynimdə yüz fikir dolanır, sanki,
Bağlanır qollarım, kəsilir yolum.
* * *
Elə bir yaşdayam hamıya bəlli,
Məqsədim, məramım məndən vaxt alar.
Söz ilə oynamaq acı təsəlli,
Qırxında öyrənən gorunda çalar.
* * *
Deyibsə atalar günahkar mənəm.
Neynəyim söz məni rahat buraxmır.
Gah rahat oluram, gah dolur sinəm,
Ha daşır, kükrəyir sularım axmır.
* * *
Söz elə bir möcüzə, elə bir yara
Düşdüsə sinənə çağlayır, dolur.
Heç özüm bilmirəm aparır hara
Gah mənsiz dolaşır, gah mənnən olur.
* * *
Baxıram bu ömrə, bu günə yadam
Söz məni dünyadan özümdən alır.
Ona sevinirəm, bir ona şadam
Yazdığım nə varsa nişanə qalır.

DOĞRUYA DOĞMAYAM
Doğruya doğmayam, yalana yadam,
Dilbilməz naşını qarsıyan odam,
Ay haqqı-salamı tapdayan adam,
Bu dünya fırlanır, anlamadınmı?!
* * *
Böyüdün, boy atdın bizi saymadın,
Yığdın, yığışdırdın vardan doymadın,
Böyüyə, kiçiyə hörmət qoymadın,
Bu dünya fırlanır, anlamadınmı?!
* * *
Günlər yel tək ötər, aylar dəyişər,
Ömür buxarlanar, qaynayar, bişər,
Nə vaxtsa sənin də kəmərin düşər,
Bu dünya fırlanır, anlamadınmı?!
* * *
Nə olsun qismətin, əlin gətirir,
Qursağın böyüyür, mədən götürür,
Ömrü kin, küdurət, tamah bitirir,
Bu dünya fırlanır, anlamadınmı?!
* * *
Gənclik uçar gedər, cavanlıq ötər,
Qamətin əyilər, gözəllik itər,
Qismət daşa dəyər, qırılar, bitər,
Bu dünya fırlanır, anlamadınmı?!
* * *
Tanrıya şükr elə, qəflətdən oyan,
Kimdi bu dünyada həyatdan doyan?
Adam ol! Az danış yalandan, dayan!
Bu dünya fırlanır, anlamadınmı?!

QƏLBİ TƏMİZ
(Ceyhun Haşımova)
Qəlbi təmiz, ədalətli,
Saf ürəkli gözəl hakim.
Sənətində bir zirvəsən,
Sən ürəkdə olmaz heç kim.
* * *
Neçə könül sevindirdin?
Neçə ürək şad elədin?
Qulaq asdın, gah dindirdin!
İçində fəyad elədin!
* * *
Əl tutmağın savabını
Bu dünyada hamı bilir.
O dünyada cavabını
Bəndə verir, Tanrı silir.
* * *
Qazandığın sevinc olur
Əziyyətin bada getmir.
Bu savabdan gözlər dolur
Ömür bitir, arzu bitmir.
* * *
Arzuların qoy çin olsun!
Əməllərin gül açdıqca.
Bir manatın qoy min olsun!
Möhtac kəslər dil açdıqca.
* * *
Ay qəlbləri gəzən oğlan
Ruhunu Tanrı dindirsin!
Kasıblığı əzən oğlan
Allah səni sevindirsin!

ÖMRÜM
Günlər uçur, aylar gedir,
İllər ömrə sığal çəkir.
İçimizi ağrı didir,
Qəlbimizdə yüz dərd əkir.
* * *
Günlər, aylar qayıtsa da,
Heyif illər geri dönmür.
Səhvlər bizi ayıltsa da,
Xatirələr bəri dönmür.
* * *
Keçən illər ömrümüzə
Qətrə-qətrə yaş çiləyir.
İllər geri dönmür, bizə
Gələn illər daş çiləyir.
* * *
Ömür ötür sətir-sətir
Fikir kimi, kəlmə kimi.
Yaş artdıqca sanki bitir
Gödək ömür ilmə kimi.
* * *
Günlər ötür, bayram gəlir
Biz bu günə şad oluruq.
Yaxşı günü sevinc bilir
Yaman günə yad oluruq.
* * *
Hansı ki bu günlərimiz
Ömrümüzün bir parçası.
Yelə verdik günləri biz,
Bu dərdi kimə açası?!
* * *
Aylar, illər tez ötsə də,
Keçən ömür geri dönmür.
Arzu, kamın lap bitsə də,
Gözün doymur, həvəs sönmür.
* * *
Bu illərin savaşında
Hər gün başa qar ələnir.
Alnımıza qırış gəlir
Çöhrəmizdən nur ələnir.
* * *
Ay illərin arasında
Xatirəyə dönən ömrüm!
Qırılacaq harasında?!
Neçə dərdi yenən ömrüm!

DÜNYA
Dünyaya gələndə anlamadım ki,
Bu dünya kəmfürsət, səbri darıymış.
O qədər çalışdım nəbzini tutam,
Önümdə nə qədər kölgə varıymış?!
* * *
Yüz dərdin içində bir can bəslədim,
Dünyanı xeyirə, haqqa səslədim,
Çətinə düşəndə kömək istədim,
Gözü kor, qulağı tamam karıymış.
* * *
Gün vurdu qaraldım, istidən yandım,
Aza qane oldum, nəfsimi dandım,
Özümü dünyanın halalı sandım,
Qazancım halallıq, namus, arıymış.
* * *
Bu dünya əzəldən sirli bir otaq,
Sonda hamımıza qaranlıq yataq,
Üzümə gün doğdu, bəxtimə bir bax,
İçimdə sırsıra, çovğun, qarıymış.
* * *
Murad geri döndü, xəyala daldı,
O ötən günləri yadına saldı,
Beynimdə o qədər arzu, kam qaldı,
Neyləyim?! Puç olan arzularıymış.

OLMAZ
İnsan vardan ötrü göz yaşı tökməz,
Qismətdən kənarda dövlət, var olmaz.
Ağlını işlətsə, başı dərd çəkməz,
Ailə yanında heç vaxt xar olmaz.
* * *
Dəyər ver, məna ver işə, əməyə,
Əziyyətin itməz, gələr köməyə,
Çəkinmə dərdini dosta deməyə,
Ağzı bütöv olsa, eldə car olmaz.
* * *
Paxıllıq, xəbislik ziyandı cana,
Kişi ol, sadə ol, baxma heç yana,
Vaxtında kömək ol, əl tut insana,
Dost, tanış yanında yerin dar olmaz.
* * *
Çətinə düşəni qəti qınama!
Dayaq ol bacarsan, heç nə unama!
Kasıbı aclıqla, pulla sınama!
Varlıda səxavət, düz ilqar olmaz.
* * *
Tanrıya yaxın ol, Allaha əyil,
Yaramaz işlərə eyləmə meyil,
Zahiri gözəllik əbədi deyil,
Sifəti yanandan sənə yar olmaz.
* * *
Muradın məna var hər an üzündə,
Əbədi gülüş var daim gözündə,
Nifrət toxumları gəzmə sözündə,
Şairlər heç zaman zülümkar olmaz.

BACIM
(Bacımın 55 illiyinə)
Küsmə vəfasız həyatdan,
Ömür sənin taleyindir.
İncimə qohumdan, yaddan,
Xoş üz göstər, yaxşı dindir.
* * *
İncidiyin fani dünya,
Sənə doğru yol göstərdi.
Üç övladı olan kəsin,
Üzü gülər, olmaz dərdi.
* * *
Gileylənmə öz bəxtindən,
Taleyini Tanrı yazdı.
Qismətinə şükr elə sən,
Şükr eləmək inan azdı.
* * *
Ömür gödək olur bacı,
Gülüşünü kəm eləmə!
Bu ömürdə ağrı, acı,
Olmalıdı qəm eləmə.
* * *
Bu rəqəmlər heç nə demir,
Sənə ruhu Allah verdi.
İstəyincə sağlam ömür
Diləyirəm rəqəm sirdi.

DAĞLAR
Nə yaxşı ki, sizi gördüm,
Bir dəyişdi halım ,dağlar!
Yaddan çıxdı bir an dərdim,
Ay fidəniz olum ,dağlar!
* * *
Neçə vaxtdı yoxdu tünlük?!
Nə sizlikdi, nə də mənlik,
İmkan verin onca günlük,
Sizdə mehman qalım, dağlar!
* * *
Ətəyində binə salıb,
Bir doyunca nəfəs alıb,
Neyləyim ki, sirdaş olub,
Sizə mehir salım, dağlar!
* * *
Bir xeyir var hər səbirdə,
Dözümlü ol gələn dərdə,
Sağlıq olsun siznən bir də,
Kəsişərmi yolum, dağlar!
* * *
Hər nakəsi yar etməyin,
Çox sirrimi car etməyin,
Siz Muradı xar etməyin,
Qadanızı alım, dağlar!

BU DAĞLARIN
Bu dağların əzəməti, duruşu,
Qarşısında baş əyirəm dünəndən.
Nə cəzb etdi? Nə gözəldi? Soruşun,
Sadalayım, töhvə olsun bu məndən.
* * *
Baxıram, papağım düşür başımdan,
Balaca nöqtəyəm ətəyində mən.
Göz yaşı car olur çınqıl, daşından,
Baxır, sanki, qan ağlayır ürəkdən.
* * *
İlahi zövqü var ulu Tanrının,
Nəyi yaradıbsa, şövqlə yaradıb.
Burda gözəl keçir zamanın, anın,
Gərək zövq alasan tamını dadıb.
* * *
Neçə nəsil görüb yaranışından,
Başından tüfənglər, toplar atılıb.
Baxıb zövq alıram şax duruşundan,
Görən nə düşünür, qaşı çatılıb?!
* * *
Şahanə gözəllik var bu yerlərdə,
Ruhumu oxşayır, ruh verir mənə.
Havası dərmandı sağalmaz dərdə,
Qismətdə olarsa gələrəm yenə.

EY KÖNÜL
Ey könül, ovutma məni,
Dərd, azardan gəl qıraq ol!
Sözə bağlı bu bəndəni,
Qoyma sönə, gur çıraq ol!
* * *
Demirəm ki, nəşəli ol,
Ömrüm keçsin yuxu kimi.
Yol seç, olsun şərəfli yol,
Qınanmayım çoxu kimi.
* * *
Təpər olsun qoy canında,
Haqdan nisyə gün diləmə.
Qohum, qonşu, dost yanında,
Məni peşiman eləmə!
* * *
Həyatda yaşadığın yox,
Yaşatdığın yadda qalır.
Səni, sonradan daha çox,
Əməllərin yada salır.
* * *
Neyləsən də saf, təmiz qal,
Uzaqlaşma təmiz addan.
Səhvim varsa, sən yada sal,
Qoyma, küsüm bu həyatdan.

DAĞLARIN
Baxıram duvağı dumandı, çəndi,
Çəkilsə gül açar gözü dağların.
Bağlansa yolları, bərəsi, bəndi,
Danışmaz, qurtarar sözü dağların.
* * *
Gülünü tapdama, kolunu əymə,
Zirvəyə dırmanıb özünü öymə,
Nəbadə dağların xətrinə dəymə,
Dil deyib ağlayar özü dağların.
* * *
İlahi hüsnündən mehmanı doymaz,
Gözündən kənara kimsəni qoymaz,
Pulsuzu xar etməz, pullunu saymaz,
Yandısa kül olmaz közü dağların.
* * *
Zirvəsi sıldırım silsilə daşdır,
Söykənib bel-belə hey başa-başdır,
Yayı, payızı da, qışı da xoşdur,
Murada ruh verər yazı dağların.

YAŞADIM
Mən ruhla yaşadım, qalmadım onsuz,
Bir sifət daşıdım boyasız, donsuz,
Geriyə boylandım, xəyallar sonsuz,
Ruhum yamyaşıldı abad bağ kimi.
* * *
Gəl ruha toxunma, qanatma, oyma,
Həzz al gözəllikdən, arif ol, doyma,
Qara çirk götürməz deyiblər, uyma,
Qara da çirklənər bəyaz ağ kimi.
* * *
Sağ var ki, kimsənin yadında qalmır,
Bir salam verən yox, vecinə almır,
Ölü var dəyəri ölmür, azalmır,
Qalır yaddaşlarda, yadda sağ kimi.
* * *
Dünyada dərd etmə hər kiçik dərdi,
Bu dünya dərdliyə müəmma, sirdi,
Kim ki bu dünyanın gözünə girdi,
Ay Murad, ucaldı uca dağ kimi.

DÖYÜNƏN ÜRƏYİM
Döyünən ürəyəm, təntiyən nəfəs,
Əlçatmaz arzuyam, sönməyən həvəs,
Ay Allah bəndəsi, neyləyim ki, bəs,
Sən məni anlayıb başa düşəsən.
* * *
Nə qədər aşağı enim görəsən?!
Nə qədər özümü yenim görəsən?!
Nə qədər danışım, dinim görəsən?!
Sən məni anlayıb başa düşəsən.
* * *
Nəyi bağışlayım, mən nəyi keçim,
Doğrumu, yalanmı? Sən eylə seçim,
Nəyi girov qoyum, nəyə and içim,
Sən məni anlayıb başa düşəsən.
* * *
İnsana ruh verər xoş sözün ətri,
Duyub anlayanda hər fikri, sətri,
Bu Murad neyləsin de, səndən ötrü,
Sən məni anlayıb başa düşəsən.

OLSA
Dünyanın dərd, səri vecimə olmaz,
Yanımda bir nəfər dərd bilən olsa.
Nə pislik, yamanlıq yadımda qalmaz,
Niyyət gözəl olsa, üz gülən olsa.
* * *
Məni aldadammaz şirin yalanar,
Ruhumla oynayıb, ləzzət alanlar,
Canımda o qədər arzu, istək var,
Aşaram yüz təpə, yüz bələn olsa.
* * *
Baxaram, üşütsə dərdimin nəmi,
Yaxına qoymaram qüssəni, qəmi,
Yanaram oduna pərvanə kimi,
Dərdimi anlayıb tən bölən olsa.
* * *
Ay Murad, gözəldi hər keçən anın,
Canına ziyandı qaralsa qanın.
Başı ağrıyarmı görən insanın?
Sözü əməliylə düz gələn olsa.

QORXMAZ
Bu bazar təzə nırxdan,
Qorxmaz, əzizim, qorxmaz.
Cana doyan çarmıxdan,
Qorxmaz, əzizim, qorxmaz.
* * *
Qəvvas olan dərindən,
Kim inanır, pirindən,
İnsan dünya şərindən,
Qorxmaz, əzizim, qorxmaz.
* * *
Pulu olan bazardan,
İmanlı kəs məzardan,
Salim olan azardan,
Qorxmaz, əzizim, qorxmaz.
* * *
Başı çəkən yamandan,
Dolu başlar gümandan,
Dərdli ahdan, amandan,
Qorxmaz, əzizim, qorxmaz.
* * *
Yolu azan qabaqdan,
Kasıb olan yamaqdan,
Taleyi kəm sabahdan,
Qorxmaz, əzizim, qorxmaz.
* * *
Xəbərsiz can olumdan,
Zulum çəkən zulumdan,
Saf bəndələr ölümdən,
Qorxmaz, əzizim, qorxmaz.
* * *
Çünki dünya dəyirman,
Bəndə, bozaran xırman,
Allah vuran heç zaman,
Qorxmaz, əzizim, qorxmaz.

YURDUMUN
(İncə dərəsi, Kəmərli.)
Sarsılmaz ruhu var baxsan əzəldən
Ağıllı başlarla dolu yurdumun.
Sevilər, az olmaz ruhu gözəldən
Tanrıdan lütfü var ulu yurdumun.
* * *
Qaydası, nizamı öz yerindədir,
Hamı eyni kökdə, eyni dindədir,
Tarixi varaqla, çox dərindədir,
Mübarək imzası, qolu yurdumun.
* * *
Əlini uzatsan göylərə çatan
Dağların qoynunda başını qatan
Köksündə pir olmuş insanlar yatan
Türbəyə açılır yolu yurdumun.
* * *
Qazaxdan çıxanda görünür məncə,
Adı Kəmərlidir, soyadı İncə,
Görən nə baş verir?! Murad gəlincə,
Dəyişir növrağı, halı yurdumun.
Müəllif: Murad MƏMMƏDOV

MURAD MƏMMƏDOVUN YAZILARI


“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

İlkin mənbə: Karabakhmedia.az– :`Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir