Bu, Zaur Mustafa oğlu Mustafayevdir… (Zaur Ustacın yaradıcılığı və “BB” kitabı haqqında) Zaur Ustac imzası hələ 1988- ci ildən hamıya məlumdur. İlk dəfə ”Əməyə məhəbbət” adlı yazısı həmin dövrdə çıxan “Lenin yolu” qəzetində dərc olunmuşdur. Müxtəlif mətbu orqanlarında –”Azad qələm″, “Ədalət”, ”Təzadlar”, ”Haqqın səsi”, ”Həftə içi”, ”Kredo”, ”Bütöv Azərbaycan”, ”525-ci qəzet″, ”Olaylar″, ”Ədəbiyyat qəzeti” qəzetlərində, eləcə də ”Yazarlar”, ”Xəzan” və digər jurnallarda dərc olunmuş şeirlərinin, publisistik yazılarının oxucusu olmuşuq… Eyni zamanda ”Yazarlar” jurnalının təsisçisi və baş redaktoru kimi son illər jurnalın müntəzəm çapına nail olmaqla geniş oxucu kütləsinin sevgisini qazanmışdır. Zaur Ustac jurnalın nəşrini ”Tərəfsiz ədəbiyyat tarixdir” layihəsi çərçivəsində ödənişsiz əsaslarla təşkil etmişdir. 2007- ci ildən 2021 ci ilədək fasilələrlə buraxılan jurnal 2021-ci ildən dövri olaraq çıxır. Zaur Ustacın ədəbi-bədii, elmi yaradıcılığına nəzər salsaq görərik ki, yazılarında hansı sahəyə müraciət edirsə, o sahənin bilicisi kimi özünü təqdim etməyi bacarır. O, jurnalın təsis etdiyi müxtəlif diplomlar, fəxri fərmanlar yeni yazılmış kitabların müəlliflərinə, uğurları ilə fərqlənən ziyalılara, şəhid analarına təqdim etməklə, onların əməyinə dəyər verərək qiymətləndirməyi də zəruri hesab edir. Eyni zamanda vaxtaşırı mükafatçıların siyahısını da jurnalda dərc olunmasını vacib bilir. Bu yazıda Ustac yaradıcılığının son məhsullarıdan olan hekayələri haqqında söhbət açmağı lazım bildik. Yeri gəlmişkən, onun həyat səhifəsinə nəzər salsaq görərik ki, istefada olan zabit olsa da pedaqoji sahədən, məktəbəqədər və ibtidai təhsildən, maraqlı psixoloji məsələlərdən həmin sahələr üzrə əsl mütəxəssis kimi maraqlı araşdırma və təhlil yazıları təqdim edir. Əlbəttə, bu məsələlər lapdan həll olunmaz. Onun üçün həmin sahələri mükəmməl dərk etmək, öyrənmək, zəhmət çəkib hər bir əziyyətin öhdəsindən gəlmək bacarığını üzə çıxarmağın özü də bir ustalıqdlr. Bütün bu keyfiyyərlər onun yaradıcılıq potensialının, zəngin intellektual səviyyəsinin yüksək olmasının təzahürüdür. O, təmiz, saf qəlbli, doğru və dürüstlülüyü ilə fərqlənən fədakar tərcüməçi, yazıçı-publisist, naşir, şair, dövrünün yüksək mənəvi keyfiyyətlərinə malik olan ziyalı bir şəxsiyyətdir. Onun “BB” kitabında toplanmış hekayələrə nəzər salsaq görərik ki, ümumiyyətlə, həyatdan götürülmüş faktlara əsasən qələmə alınıb. Belə ki, dövrünə görə Bəy Balanın savadsızlığı, əqli səviyyəsini, gördüyü işləri böyük həvəslə danışması olduğu kimi verilmişdi. Bəy Balanın heç bir sahədə qərar tuta bilməməsi, atasının isə onu gah ”raykom katibi”, gah da ”məktəb direktoru” qoymaq fikirləri, cəhdləri ilə razılaşmaması bir tərəfdən onun üzdə lovğalansa da ”vəzifələrin” onluq olmadığını bilərəkdən bunlardan imtina edir. Atasının timsalında istənilən vəzifəni pulla almağın mümkünlüyü verilsə də, Bəy Bala ali təhsil diplomu alsa belə bacarıqsızlığını bildiyindən heç bir yerdə işin öhdəsindən gələ də bilməzdi. Onun fikri-zikri alver etmək və çox pul qazanmağın yollarını öyrənmək idi. Buna görə də müxtəlif vasitələrə əl atır… Yazıçı Zaur Ustac bunları tam çılpaqlıgı ilə qələmə almaqla Bəy Balanın təhsilə necə münasibət bəslədiyindən yazır. Bəy Bala təhsilin dəyərini qiymətləndirə bilmir, çünki, atası onu altımış minə ADU-,nun tarix fakultəsinə qəbul etdirmiş, ”bir torba alçaya” qiymətlərini yazdıraraq ali məktəbi bitirtdirmişdi. Lakin ali təhsillin olmasına baxmayaraq o, həyatda özünə məxsus yer axtarmağa çalışır, amma ixtisasına uyğun işləməyə marağı yoxdur. Yazıçı bu məqamı verməklə valideynlərin uşaqlarının marağına uygun ixtisas seçiminə sərbəstlik verməməsinə işarə edir. Bəy Balanın alverə, biznesə marağını və bu sahədə uğura nail ola bilməsi üçün hər yerə baş vurmasını, nəhayət, özünə ”layiqli” yerini ”tapmasını”da yazaraq bu sahənin cəmiyyət üçün o qədər də faydalı olmadığını, yazının adını ”Böyük Bədbəxt” qoyulmasını istəyən Bəy Balanın sözləri ilə ustalıqla oxucuya çatdırır. Eyni zamanda belələri haqda ”tərifli” yazılar yazan “200 manatı” qəbul edənləri də bir növ tanıdır. Zaur Ustacın ədəbi yaradıcılığı maraqlıdır, bezdirici deyil, belə ki, onun mövzu seçimi də fərqlidir. Unudulmuş nəzərdə olmayan məsələləri gündəmə gətirərək sosial məsələləri ictimai maraqla, mənəvi maraqları müəyyən etməyi çox ustalıqla qələmə alan istedadlı yazar kimi geniş ictimaiyyət tərəfindən qəbul olunan-Ustacdır: ”Susuz quyuya su tökməklə sulanmaz”, Gic doğulan, gic böyüyər, gic ölər… Ər oğuldan, ər törəyər, mərd olar, Soysuz doğsa , bic yetirər, bic bələr…. Ustac, iki doqquz, edər on səkkiz, Arif bu sinindən səhv etməz hərgiz Qanmazsa, qovalar, teylər dörd doqquz, Qırxda qurşaq tutar, boşa güc eylər…. Və ya. : İstədim deyəm ki, olasan agah, Mat qaldım bu işə özüm də Billah, Ustacın işləri Vallahi dəsgah, Qan-tər içrə buza batır nədəndi?!-deyir. Zaur Ustac pula, var-dövlətə həris olanları, şöhrət üçün qaçıb dostluq edənləri tərbiyə etmək üçün belələrinin iç üzünü təhlil edir və oxucularına öz daxili aləmini təqdim edir: Səndən istəmirəm nə şöhrət, nə şan, Səndən istəmirəm beş günlük ad- san. Var dövlət, saraylar deyil şakərim, Öz əlim, ayağım olsun nökərim… Niyyətim bəllidir, istəyim dəqiq, Ustac heç istəməz nə altun, əqiq… Mustafa oğlunun istəyi təkdir, Zaurun arzusu dəqiqdir, yekdir… Elmin qapıların üzümüzə aç, O güllü bağçandan bir az ətir saç. Ruhumuz məst olsun, olsa da anlıq, Dili tərk etməsin bir an şükranlıq… Zaur Ustacın “Qırmızı yarpaqlı ağac” hekayəsi də maraqlı, oxunaqlı ideya xətti ilə əsas fikri əlil hərbiçiyə yönəldir. Şaxtalı qışın görüşünə hazırlaşan ağacla sükutla qarşılaşıb kədərlə ayrılmaq!… “Generalın ölümü” povesti ilə eyniləşdirmək, zabit peşəsi haqda ”ömür boyu çalışıb nə vaxtsa güllənin görüşünə” eynən amansız qarlı qışın görüşünə hazırlaşan bu ağac kimi… O, qeyd edib ki, uşaq ana bətnində olandan, sonra da uşaq arabasından başlayaraq əlil arabasına qədər bütün həyatı boyu bu bağda olur və hər şeyi bu bağda öyrənir. Bu bağ sanki, həyat akademiyasıdır. Burada bitən ağaclar da payızda yarpaqlarının rəngini dəyişir… ” Sarı yarpaq gör nə gözəl Kimə güldür kimə xəzəl” misraları uca boylu qırmızı yarpaqlı agacı payızla qışın görüşünə hazırlaşan agacla dərdləşir, sükut və kədərlə ayrılır. Bu hekayədə məqsəd bəzi qazilərə olan münasibəti qabardaraq oxucuya çatdırmaq, hərbiçilərə diqqətsiz yanaşılması, ”işçi” sözüylə polkovnik rütbəsində olan adamın eyniləşdirilməsi, qazi ilə ”əlil” sözlərinin fərqləri düzgün anlamda dərk etməyi nəzərdə tutur. Qırmızı yarpaqlı uca boylu ağacın ətrafındakı düşüncələrini –yəni agac da qırmızı yarpaqlarla bəzənib-düzənib qışın gəlişini qarşılayır… Qazi nə qədər özünü sındırmasa da qışını gözləməsinin vacibliyini eyniləşdirir. Digər tərəfdə insanlığın millətindən asılı olmayaraq ən yüksəkdə oldugunu—rus əsilli qonşunun qaziyə göstərdiyi qaygının, diqqətin sayəsində real şəkildə göstərilir. Yəni qazinin bəlkə də hər hansı bir qohumu da olsaydı belə ona qonşusu kimi himayədarlıq etməzdi, bezərdi. Amma sarışının qaygısı, dostuna etimadı, ona sadiq olduğunu əks etdirir. Hekayəyə bu başlığın verilməsi ilə bağda qeyri adiliyi ilə seçilən ağacın olması burada cərəyan edən hadisələrin qeyri-adiliyinə bir növ bənzədilərək müəllifi içəridən narahat edən məsələləri üzə çıxarmaq kimi düşünmək olar. Elə başlanğıcda da göründüyü kimi bu fikir əsasında hadisələrin gedişi belə göstərilir: — Uca boylu qırmızı yarpaqlı ağacdan aralanıb qazi ilə olan görüş və söhbəti eyniləşdirərək əsas ideyasını çatdırmaqla daxili düşüncələrini ortaya qoyan yazar, daha yeni bir uğurlu hekayəsini oxucusuna təqdim edir… Eynilə ”Psixoloqun qəbulunda” da qazi ilə psixoloq arasında müəyyən məsələlər təhlil edillir… Zaur Ustacın bütün əbəbi yaradıcılığı oxunaqlı olmaqla geniş oxucu kütləsini cəlb edir, düşündürür. Lakin, qeyd etdiyim kimi onun uşaqlar üçün yazdığı şeirlər, məqalələr, yazılar da onun bu sahədə də geniş məlumatı olduğunu aşkara çıxarır. Ümumiyyətlə, hərtərəfli zəngin həyat təcrübəsi, savadı (bir neçə təhsil ocagının tələbəsi olması), geniş, hərtərəfli dünyagörüşü, fərdi xüsusiyyətləri onu digər yazarlardan fərqləndirir. Yazıçı-şair, publisist, yaradıcı ziyalımıza yeni-yeni ugurlar və can saglıgı arzulayıram.
AJB-nin üzvü, “Qürur” Bədii Yaradıcılıq Mərkəzi Nəzdindəki” Xaribülbül” Ədəbi Məclisinin sədri, ”Yazarlar”jurnalının əməkdaşı, DAMM vəSİM İB -in Fəxri üzvü.
Damət Salman oğlu Əhmədov 29 noyabr 1958-ci ildə Masallı rayonu, Örənqala kəndində anadan olub. Hazırda Bakı şəhərində yaşayır.
Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
AĞ ATLI ŞAHZADƏ
Əsən payız mehi qışın çox da uzaqda olmadığından xəbər verirdi. Günəşin zəif şöləsi göylərdən bol-bol süzülsə də, hava yetərincə sərin idi. Axşama doğru günəşin rəngindən yorğunluq hiss olunurdu.
Nailə bu mənzərəni seyr edir, öz-özünə düşünürdü: “Günəş də insan ömrünə bənzəyir. Ona ayrılan vaxt çərçivəsində çıxıb bərq vurur, göylərə qalxır, yer kürəsini öz hərarətiylə isidir və ona möhtac olan bütün canlılara həyat bəxş edir. Zamanı çatanda isə qürub edib batır. İnsan ömrü də belədir. Günəşin sübh çağı insanın uşaqlıq dövrüdür. Doğulduğu zaman dağların arxasından boylananda necə gözəl mənzərə yaradırsa insanın uşaqlıq dövrü də o mənzərəni yaradır. Zöhr çağının şüaları yer üzünə nə qədər faydalı olursa, insanın gənclik çağı da bir o qədər faydalı keçir.”
Düşüncələrini sona qədər gətirməmiş özlüyündə bir sual yarandı. “Görəsən, mənə möhtac olanlar üçün nə qədər faydalı ola bildim?”
Nailə xoşbəxt bir uşaqlıq dövrü keçirmişdi. Atalı, analı, qayğıdan kənar bir dövr idi o dövr. 17 yaşına gəlib çatanda həddindən artıq yaraşıqlı olan Nailə rayonun bütün gənclərinin xəyallarındakı ideal gözəl obrazına çevrilmişdir. Kimisi gözəlliyini vəsf edən şeirlər yazır, kimisi mahnılar qoşur, kimisi də keçdiyi yollara gül-çiçək düzürdü. Gənc və gözəl qız isə bunlara çox vaxt gülür, öz gözəlliyi ilə lovğalanırdı sanki. Çünki Nailə öz xəyallarındakı “ağ atlı şahzadəsini” gözləyirdi. Nailə həm də gözəl rəqs etmək qabiliyyətinə malik idi. Hətta bir dəfə qonşu kənddə yaxın qohumlarından birinin toy məclisində iştirak edərkən təxminən 30-35 yaşlarında qarabuğdayı bir oğlan “ləzginka” rəqsi ilə özünü sınamaq qərarına gəlir. Nailəni rəqsə dəvət edir, ancaq çox tab gətirə bilməyərək meydandan məğlub kimi ayrılır. Az sonra məlum olur ki, bu oğlan əslində rəqs qabiliyyətini sınamaq üçün yox, bəxtini sınamaq üçün meydana atılıbmış. Rəqsdən sonra böyük bacısı Nailəni kənara çəkib astaca dedi:
-Bacı, bu oğlanın adı Nazimdir. Rusiyada çalışır, yaxşı imkanı da var. Bibisi mənə dedi ki, bacını çox bəyənib, sabah Nazim yola çıxır, imkan yarat, qızı da aparıb getsin. Nə məsləhət görürsən, razısanmı?
Nailə təəccüb içində bacısına baxaraq dedi:
-Bacı, sən nə dediyinin fərqindəsən? Hansı zəmanədə yaşayırıq? Qız qaçırmaq nədir, Rusiya nədir, imkan nədir? Heç səndən gözləməzdim.
Cəld məclisi tərk edən Nailə, dayısının avtomobili ilə evlərinə gəlir. Olub-keçənləri bir yuxu kimi xatırlayır, bacısının sözləri isə hələ də qulaqlarında əks-səda verir. “Rusiyada çalışır, yaxşı imkanı var!”
Nailə öz-özünə düşünürdü ki, insanlar imkanı olduğu üçünmü ailə qurur, imkanı olduğu üçünmü özündən qat-qat kiçik qızı utanmadan qaçırmaq istəyir? Bu fikirlərlə də nə zaman yuxuya getdiyini xatırlamadı.
Nazim həmən günün sabahı Rusiyaya dönsə də, anası, bibisi fikrindən dönmür. Bir neçə gündən sonra Nailənin ilk elçiləri qapılarını döyür. Elçiləri qarşılayan Nailənin anası gəliş məqsədlərini öyrəndikdən sonra deyir:
-Vallah, bu mövzuda mən heç nə deyə bilmərəm. Qərar vermək qızımın öz ixtiyarındadır. Onun öz arzuları var, ali məktəbə daxil olmaq istəyir. Ailə qurmaq qismət işidir. Odur ki, valideyini olsam belə, onun qismətinə müdaxilə etmək haqqım yoxdur. İnanmıram ki, razılaşa ailə qurmağa. Yox əgər “hə” desə mən də “Allah xeyir versin” deyərəm məmnuniyyətlə.
Nailə görəndə ki, ona elçi gəliblər dərhal əmisigilə getmişdi gizlincə. Anası nə qədər axtarsa da, tapa bilmədi. Elçilər Nailənin evdə olmadığını gördükdə dedilər:
-Yaxşı, daha gecdir biz gedək, sabah gələrik qızın fikrini öyrənib bizə deyərsiz.
Axşam anası bu barədə söhbət salanda Nailə qəti şəkildə etirazını bildirir:
-Onlara de ki, bir də bizim qapıya gəlməsinlər. Onun o, qarabəniz oğlu mənim tayım deyil, gedib öz tayını tapsın.
***
Nailə arzularının bir qisminə çatıb ali məktəbə daxil olmuşdu. Bakıdakı bacısıgildə qalıb tələbəlik illərinin yaddaqalan günlərini yaşayırdı. İndi onun başda duran arzularından biri “ağ atlı şahzadəsinin” gəlişi idi.
Universitetin ikinci kursunu bitirəndə yay tətilini keçirmək üçün rayona qayıdır. Böyük bacısının evi rayonun mərkəzində yerləşirdi. Çoxdandı bacısı ilə görüşməyən Nailə bir neçə gün öz evlərində qaldıqdan sonra bacısı ilə görüşmək üçün rayon mərkəzinə yollanır. Xeyli vaxtdır görüşməyən bacılar elə qapıdaca bir-birini qucaqlayırlar. Səs-küyə qonşu Lətifə xanım çölə çıxır. Nailəni görəndə bir anlıq özünü itirir.
Qadir uzun illər idi ki, Rusiyada yaşayırdı. Orda maddi durumu həddən artıq gözəl olduğu üçün ailə qurmaq haqqında heç düşünmürdü. Hər dəfə anası Lətifə xanım: “bala, ailə qurmaq yaşın ötür, gəl bir halal süd əmmiş qızla səni evləndirək, mən də nənə olmaq istəyirəm”, – desə də, Qadir hər dəfə müxtəlif bəhanələr gətirərək anasını fikrindən yayındırmaq üçün dünyanın müxtəlif ölkələrinə istirahətə yollayıb bu mövzudan ustalıqla yayınırdı. Əksər ölkələrdə aylarla istirahətə gedən Lətifə xanım, Nailə qədər gözəl qızla bu günə qədər heç bir yerdə rastlaşmamışdı. İndi qəfil Nailəni görəndə bir anlıq gözəlliyi qarşısında donub qaldı. Tez özünü toplayıb ədalı şəkildə dedi:
-Qənirə, bu qız kimdir belə? Heç sizdə görməmişəm, canıyanmışı elə bil rəssam çəkib.
-Kiçik bacımdı, ay Lətifə xala, Bakıda univeristetdə oxuyur. Sənə dediyim Nailə budur də. İstirahətə gəlib kəndə, ordan da, iki ildir ki, görüşmürük, gəlib mənimlə görüşməyə.
-Həə, lap yaxşı, sizi tutmayım o zaman, yoldan gəlib, apar çaydan, çörəkdən ver, – deyib Lətifə xanım cəld içəri keçib özünü telefona çatdırıb Qadirin nömrəsini yığdı.
-Alo, Qadir, necəsən, bala?
-Sağ ol, ana, şükür Allaha, yaxşılıqdır, sən necəsən?
-Qadir, bax gör anan sənə nə deyir. Hər dəfə sənə evlilik mövzusunu açanda müxtəlif bəhanələrlə yayınırsan mövzudan. Ancaq bu dəfə yayına bilməyəcəksən. Sənə bir qız tapmışam, inan ki, qadınlığımla mən o qıza vuruldum. Təcili, elə günü bu gün yola çıx, yoxsa əlimdən qurtara bilməyəcəksən.
-Ana, sən ciddisən?
-Zarafat edəcək kimi görsənirəmmi, oğul?
-Yaxşı, de görüm kimdi, kimlərdəndi, ay ana?
-Bizim qarşı qonşumuz var ha, Qənirə, onun kiçik bacısıdır. Universitetin ikinci kursunda oxuyur Bakıda.
-Ana, gəl belə şərt kəsək. Sən gizlincə onun şəklini çək, yolla mənə. Söz verirəm ki, bəyənsəm elə günü bu gün yola çıxacam.
-Çəkim də! “Sən hələ Nərgiz xalanı yaxşı tanımırsan haa…”, – deyib gülə-gülə zəngi yekunlaşdırdı. Ana-bala aralarında belə zarafatları olurdu. Xüsusən də Lətifə xanımın “Əhməd haradadır” kinosundakı Nərgiz xanımın rolu bədəninə yağ kimi yayılırdı.
İndi qalırdı bir yolla Qənirəgilə gedib, gizlincə Nailənin şəklini çəkmək. Lətifə xanım cəld güzgünün önünə keçib saçına yüngülcə əl gəzdirdi. Ədalı addımlarla evdən çıxıb Qənirəgilin qapısının zəngini basdı.
-Xoş gəldin, Lətifə xala, buyur keç.
-Xoş gününüzə gəlim, ay Qəniş. – deyib salona keçdi.
Nailə Lətifəni görcək ayağa qalxıb: “xoş gəldin”- dedikdən sonra Lətifə keçib divanda əyləşdi. Bir xeyli müxtəlif mövzulardan danışdıqdan sonra Lətifə qəsdlə sözü mobil telefonlara gətirdi.
-Deyirəm, ay Qəniş, texnologiya hər gün inkişaf edir də. Bəlkə də, sənin yadına gəlməz, bir şəkil çəkdirmək üçün neçə gün gözləyərdik, özü də indiki keyfiyyət hardaydı. İndi adi telefon çəkən şəkili o vaxt heç bir fotoaparat çəkmirdi. Qadiri sağ olsun, sonuncu dəfə ad günümə yolladığı telefon “hd”çəkir. Baxanda adamın özünə də xoş gəlir şəkil. Hələ bacınla yanaşı dur sizin bir şəklinizi çəkim baxın,- deyib cəld telefonunu əlinə götürdü. Qənirə yaxınlaşıb Nailə əyləşən kreslonun qoltuğunda əyləşib qolunu Nailənin boynuna doladı. Lətifə bir neçə şəkil çəkdi. Sonra isə təklif etdi:
-Ay Qəniş, indi gəl sən mənim şəklimi çək Nailə qızımla.
Artıq Lətifə məqsədinə çatmışdı. Odur ki, bir stəkan çay içdikdən sonra vaxt itirmədən şəkilin bir neçəsini oğluna yolladı. Qadir Lətifə xanımın yolladığı şəkillərə baxdıqdan sonra anasına bir mesaj yazdı. “Ana, doğrudan da bu dəfə zövqünü alqışlayıram, sabah rayondayam!” Mesajı oxuduqdan sonra Lətifə dərindən bir nəfəs aldı. İstəyinə qismən nail olmuşdur. Qalırdı digər qismi, bu da Nailəni razı salmaq idi. Odur ki, özünü toparlayıb dedi:
-Vallah, ay Qəniş, indiki zamanda belə tərbiyəli, belə gözəl qızlarımız çox azdır. Əhsən sizə tərbiyə verən ailəyə. Özün bilirsən də, Qadirə neçə illərdi ki, bir halal süd əmmiş qız tapa bilmirəm. Bilirsən tərbiyəli qız tapıram, gözəl olmur, gözəl tapıram, tərbiyəli olmur. Yazıq balam Rusiyanın çöllərində nə qədər ailəsiz yaşamalıdır, axı?
-Lətifə xala, Qadirin yaşı otuzu ötüb məncə, eləmi?
-31 yaşı var artıq, bircə onu baş-göz edə bilsəydim, heç arzum qalmazdı. Gedim mən də, Nailə qızım da yol gəlib, bir az dincəlsin.
Lətifə sağollaşdıqdan sonra öz evinə keçdi.
***
Səhərin şehi hələ çiçəklərin yarpaqların üzərində buxara çevrilməmiş qapının zəng səsi eşidildi. Lətifə xanım asta addımlarla qapını açanda Qadiri görüb bir anlıq özünü itirsə də, tez özünü toparlayıb oğlunun boynunu qucaqladı.
-Axır ki, sənin də bir qızı bəyəndiyini gördüm, xoş gəldin, ay bala, – deyib qapıdan çəkildi.
Qadir 31 yaşı olsa da, ona o yaşı vermək mümkün deyildi. Daim ən son model bahalı idman geyimləri ilə seçilir, saçını müasir formada kəsdirər, bədən quruluşu ilə seçilərdi. Kənardan baxan ona ən çox 25 yaş verərdi.
Oğluna çay süzüb qoyduqdan sonra Lətifə cəld hazırlaşıb Qənirəgilə tələsdi. Qapının zəngi gəldikdə Qənirə qapını açıb Lətifəni gördükdə bir az təəccüb içində soruşdu:
-Sabahın xeyir, Lətifə xala, buyur keç içəri.
Ancaq baxışlarıyla ”sabah-sabah xeyir ola, nə əcəb gəlmisən?” deyə soruşdu.
-Qənirə, özüm-özümə iş açmışam, qızım. Dünən çəkdiyim şəkili votsap statusuma qoymuşdum, bu gün Qadir səhər tezdən gəlib ki, o qızı bəyənmişəm, onunla ailə qurmamış gedən deyiləm. Bunları qarşılaşdıraq burda, sonra da el adəti ilə atangilə elçi gedəcəm.
Qənirə sanki şoka düşmüşdü. Çünki həmişə düşünürdü ki, Qadir kimi bir yeznəsi olsun, həm yaraşıqlı, həm də həddindən artıq imkanlı. İndi Lətifə xanımın qəfil bu təklifi Qənirəni şoka salmışdı. Özünü o yerə qoymayıb dedi:
-Lətifə xala, əsas onların bir-birini bəyənməsidir, mən nə deyə bilərəm ki. Qismətdirsə, Allah xeyir versin.
Lətifə qonaq otağına keçib əyləşdi. Nailə içəri keçəndə:
-Sabahın xeyir, ay gözəl balam!” – deyib ayağa qalxıb Nailənin üzündən öpdü.
Sonra isə telefonu əlinə alıb “Qadir bir bəhanə ilə gəl Qənirəgilə” mesajını yazdı. Qapının növbəti dəfə zəng səsi gələndə Qənirə mətbəxdən səsləndi:
Qapı açılanda Qadirlə qarşılaşıb bir az diksindi sanki.
-Buyurun, kim lazımdır? – titrək səslə soruşdu.
-Lətifə xanımın oğluyam, anama söz deyəcəkdim.
-Buyurun, keçin, qonaq otağındadı Lətifə xala, – deyib Qadirə yol verdi.
Qadir baxışlarıyla Nailəni özünə elə bağladı ki, bir anın içində, Nailə Lətifə xanımı çağırmaq yerinə Qadiri içəri dəvət elədi. Qadirə də bu lazım idi. İçəri keçib anasının yanına çatanda Lətifə sanki hər şeydən xəbərsiz kimi soruşdu:
-Qadir, sən nə əcəb gəldin? Gəlirdim də özüm.
-Ana, qara çayın yerini tapa bilmədim, sən gələnə qədər özümə bir pürrəngi çay dəmləyəm. Onun yerini soruşmaq üçün gəldim.
Qənirə səsə mətbəxdən tez qonaq otağına keçib:
-Ay səni xoş gördük, Qadir bəy, nə zaman gəldin?” – dedi.
-Xoş gününə gəlim, Qənirə bacı, bu sabah gəlmişəm.
-Həmişəlik gəlmisən, yoxsa dönəcəksən geri?
-Yox, dönəcəm əlbəttə. Dedim gedim bir anamı görüm, çoxdandı görmürdüm.
-Əcəb eləmisən, Lətifə xala da lap darıxırdı son vaxtlar. Əyləş, bir çayımızı iç, bilirəm sən pürrəngi çayı sevirsən, elə indicə dəmləmişəm. Nailə, gəl mənə kömək elə.
Nailə bir kənardan seyr edirdi. Qadirin belə sərbəst davranışı, geyim stili, bədən quruluşu onu sanki sehrləmişdi. Bacısının onu çağırmasını belə eşitmədi. İkinci dəfə Qənirənin: “qız, səni çağırmırammı?” – deməsi onu sanki yuxudan oyatdı.
-Gəldim, bacı, – deyib mətbəxə üz tutdu.
***
Axşamtərəfi evdə təkcə Qənirə ilə Nailə qalmışdı. Qənirə təklikdən istifadə edib Qadirin gəlmək səbəbini deməyin tam məqamı olduğunu düşündü.
-Nailə, Lətifə xalanın oğlu bilirsən nə üçün gəlib?
-Bacı, açığı mənə də maraqlı gəldi onun bir günün içində gəlməyi, nə üçün gəlib?
-O şəkli vopsap statusuna qoyub, Qadir də görən kimi gəlib. Yəni Qadir anasına görə yox, sənə görə gəlib.
Nailə əməlli-başlı qızarmışdı. Bəlkə də, ilk dəfə idi o, bu mövzuda etirazını bildirmədən sadəcə olaraq susmaqla cavab verdi. Susmaq isə “hə” işarəsi kimi qəbul olunur el arasında.
***
Nailə ilk günlər Moskvada özünü çox qərib kimi hiss etsə də, zaman keçdikcə buna alışırdı. Rusiyaya gəldikdən sonra universiteti də qiyabi olaraq davam etdirirdi. Onun üçün boş vaxtlarında dərsləriylə məşğul olur, tez-tez Qadirlə birlikdə müxtəlif bahalı restoranlara gedir, müxtəlif əyləncəli məkanlarda darıxmağını unudurdu. Hər həftə Qadir bir neçə insanlarla evə gələr (onların içərisində müxtəlif xalqların nümayəndəsini görmək olar) çamadan dolusu pulları bölüşdürərdi. Ancaq Nailə bir dəfə də olsun buna müdaxilə etməz, soruşmazdı ki, bu pullar hardan gəlib, hara gedir.
Zaman beləcə öz axarıyla ötüb keçdi. İlk övladları qız oldu. Nailənin sevinci yerə-göyə sığmırdı. Böyük təntənə ilə xəstəxanadan evə gətirildi. Moskvanın ən lüks restoranlardan birində qızının şəninə ziyafət verildi.
Sabah təzəcə açılmışdı. Qapının zənginə Nailə körpəni divanın üstünə qoyub ayağa durdu. Qapını açanda təxminən 25-27 yaşlarında gənc və bir o qədər də gözəl sarışın rus xanımı ilə üz-üzə gəldi.
-Buyurun, kim lazımdır?
-Qadir bəyin evidir?
-Bəli, nə lazımdır?
-Məni Qadir bəy çağırıb, xadiməyəm.
-Buyurun, keçin içəri, mən çağırım özünü, – deyib yataq otağına üz tutdu.
-Qadir, bir xanım gəlib, deyir xadiməyəm, məni Qadir bəy çağırıb.
Qadir yarıyuxulu gözlərini açıb dedi:
-Hə, mən təmizlik şirkətinə müraciət etmişdim. Qıymıram ki, sən həm qızımıza baxasan, həm də ev işləriylə məşğul olasan. Bu gündən evin təmizlik işlərinə o baxacaq. Sən ancaq qızımıza, bir də dərslərinə vaxtını ayır.
Qadirin belə düşüncəli olması Nailəni nə qədər sevindirsə də, bir o qədər də ürəyində əsəbləşdi ki, kaş, mənim də fikrimi soruşardı. Ancaq bunu dilinə gətirmədi, çünki gətirmək də gec idi.
Qızının yaş yarımı olanda ikinci övladı dünyaya gəldi. O da qız idi. Yenə əvvəlki kimi təntənə ilə qarşılandı, şəninə ziyafət verildi.
Nailə artıq üç ilə yaxın idi ki, Moskvada yaşayırdı. Bu üç il ərzində cəmi bircə dəfə rayonlarına getmiş, doğmaları, əzizləri ilə cəmi 4 gününü keçirib yenidən geri dönmüşdülər. Son iki ildə isə evin demək olar bütün işlərini Zina görmüş, Azərbaycana gedib-gəldikləri müddət ərzində hətta gecələr də onlarda yatıb evi yiyəsiz qoymamışdı. İlk günlər bir az soyuqluq olsa da aralarında, sonradan xidmətçi olmasına baxmayaraq Nailənin ən yaxın rəfiqəsinə çevrilmişdi. Həmişə özünə hansı geyimlərdən seçib alırdısa Zinaya da o cür bahalı geyimlər alar, gündə üç dəfə bir süfrədə çörək kəsərdilər. Bu müddət ərzində bir dəfə də olsun Qadiri Zinaya qarşı qısqanmaz, düşünərdi ki, Qadir onun kimi qadını heç vaxt heç kimə dəyişməz, nəinki xidmətçiyə.
Telefonun zəng səsi eşidildi. Nailə kiçik qızını qucağından yerə qoyub telefonu götürdü.
-Alo:
-Salam, Nailə xanım, sifariş verdiyiniz dəri gödəkcə gəlib. İstədiyiniz vaxt gəlib götürə bilərsiz.
-Oldu, bir azdan gəlirəm.
Nailə salonda televiziya seyr edən Qadirə yaxınlaşdı.
-Qadir, ticarət mərkəzindən zəng etdilər. Sifariş vermişdim, onu gətiriblər. Mən gedib qızı bağçadan götürüb ordan da ticarət mərkəzinə gedəcəm. Gec gəlsəm, narahat olma.
-Yaxşı, uğuruna xeyir. Sürücü çöldədir, deyirəm maşını işə salsın. Üstündə pulun varmı? Yoxdursa verim.
-Var, narahat olma. Mən getdim, hələlik.
Nailə evdən çıxıb avtomobilə əyləşib yola düzəldi. Bağçadan qızını götürüb ticarət mərkəzinə doğru getmək istəyəndə gördü ki, pul çantasını evdə unudub. “Bircə bu çatmırdı”, – deyib sürücüyə evə dönəcəyini bildirdi. Qapını öz açarıyla astaca açıb içəri keçəndə yataq otağından səslərin gəldiyini eşitdi. Öncə Qadirin uşaqla oynadığını düşündü, ancaq Zinanın səsini eşidəndə yataq otağına yaxınlaşıb qapısını açdı. Gördüklərindən dəhşətə gəldi, bir anlıq harda olduğunu da unutdu. İnandığı həyat yoldaşı, güvəndiyi Zina onun çarpayısında illərin həsrətliləri kimi bir birinə sarmaşmışdılar. Belə mənzərə qarşısında çox tab gətirə bilmədi. Qapını çırpıb özünü necə bayıra atdısa iki körpə qızının evdə qaldığını belə unutdu. Birinci mərtəbədə yaşayan rəfiqəsi Oksananın qapısını qırarcasına döyməyə başladı. Oksana qapını açanda Nailənin bu halı qarşısında mat-məəttəl qaldı. Nailə qaralmış bulud kimi bir himə bənd idi ki, leysan töksün gözlərindən.
-Sənə nə olub, ay qız? Keç görüm içəri.
Nailə bir addımını içəri atanda artıq özünü saxlaya bilmədi. Oksananı qucaqlayıb hönkür-hönkür ağlamağa başladı.
-Axı, niyə? Niyə, niyə?
-Nə olub, bir söylə görüm, nə baş verir?
Nailə gördüklərini danışdıqca Oksananın təəccüblənmədiyini gördü.
-Oksana, eşitdiklərini çox soyuqqanlı qarşıladın, dediklərim, bu olanlar adi haldır səncə?
-Nailə, təəccüblənmədim, çünki Qadirin etdiklərinin ancaq bir qismidir bu.
-Necə məgər, sən nə danışırsan? Sənin bilib də, mənim bilmədiyim nə var, axı?
-Bu günə qədər ailə işinə müdaxilə edib, söz-söhbət salmaq istəmədim. Səni o avaraya kim verib? Bu neçə il ərzində sən heç soruşmusan ki, bu qədər pul, var-dövlət sənə hardan gəlir, sən nə işlə məşğulsan? Heç gecələr evə gəlməyəndə soruşdun ki, harda qalmısan?
-Oksana, sən nə danışırsan? Gecə evə gəlmədiyini hardan bilirsən?
-Bilirəm, çünki dəfələrlə səhər işə gedəndə qonşu binadan çıxdığını görmüşəm. Sonra maraqlandım ki, orda da bir arvadı, üstəlik 4 yaşında bir qızı da var. Öz yaşadığı bina ilə qarşı-qarşıya o arvadına ev alıb ki, istədiyi vaxt qızını görsün. Nailə, Qadir qaranlıq işlərlə məşğuldur, gəliri də ordan gəlir.
Nailə eşitdiklərindən dəhşətə gəlmişdi. Yəni doğrudanmı bütün bunlar uğrunda doğma el-obasından ayrıldığı, sevdiklərinin üzünə həsrət qaldığı Qadir haqqında deyilən fikirlərdir? Yəni doğrudan yatağında xidmətçi ilə gördüyü şəxs Qadirdi? Bir anın içində ürəyinin bulandığını, başının hərləndiyini görüb divardan tutdu. Oksana Nailənin halının dəyişdiyini görüb dərhal qolundan tutub həkimə çatdırdı. Müayinədən sonra həkim üçüncü övladına hamilə olduğunu bildirdi. Bu xəbər Nailəni heç də sevindirmədi. Sanki qəfəsdə olan bir insana televiziyada mənzərəli yerləri izlətdirirlər. Öncə düşündü ki, bu uşağı dünyaya gətirən deyiləm. Ancaq tez fikrindən daşındı. Axı, Nailə bu qədər qəddar ola bilməzdi. Sonra qərara gəldi ki, bundan Qadirin xəbəri olmasın.
Qapını açıb evə daxil olanda Qadirlə üz-üzə gəldi. Qadir asta və xırıltılı səslə bircə kəlmə deyə bildi:
-Nailə, bağışla.
Nailə cavab vermədən qızlarının yanına keçdi.
***
Üç ay müddətində Qadirlə bir kəlmə də danışmadı. Ayrı-ayrı otaqlarda yatıb, müxtəlif vaxtlarda süfrəyə əyləşdilər. Bu müddət ərzində Nailə ayrılmaq üçün yollar axtardı. Nəhayət, üç aydan sonra bir axşam Qadirə yaxınlaşıb dedi.
-Mən uşaqları da götürüb Azərbaycana dönmək istəyirəm.
Qadir sanki uzun müddətdir bu sözü gözləyirdi.
-Sabah yola salaram, gedərsiniz. Orda nəyəsə ehtiyacın olsa, xəbər verərsən.
Nailə nifrət etdiyi insandan istədiyi cavabı belə tez aldığına görə özü də bilmədən: “sağ ol”, – deyib öz otağına keçdi.
Sabah tezdən Qadir hava limanından Nailəni və qızlarını bir daha geri dönməyəcək şərti ilə Azərbaycana yola salırdı. Ancaq o, bilmirdi ki, yola saldığı, bəlkə də, başından elədiyi həyat yoldaşı iki qızı, xoşbəxtliyi ilə birlikdə bətnində illərdi ki, arzusunda olduğu oğul övladını da özü ilə aparır…
SƏNDƏN SONRA Səndən sonra açılmadı sabahlar, Gün işığı qaranlıqda boğuldu. Sığalını alıb getdi sazaqlar, Əllərimin istiliyi yox oldu. * * * Səndən sonra ruhuma da gəldi qış, Baxışlarım hərarətin soyundu. Gözlərimdən yağan odlu yağışda Kirpiklərim gecə-gündüz yuyundu. * * * Səndən sonra şeirlərim qəm yedi, Misralarım qonaq oldu qəhərə. Ayrılığa əsir düşdü gülüşüm, Dodağımda görünmədi bir kərə. * * * Səndən sonra sığışmadım evə də, Sıxdı məni bu divarlar, bu daşlar. Unutmağa bir dənə yol qoymadın. (Boşunaymış apardığım savaşlar…) Səndən sonra sızıldadı saçlarım, Hər telində ağrıları dinlədim. Xatirələr elə qatdı başımı, Səni yaddan çıxara da bilmədim… 15.10.2022.
UZAQLIQ Bu ayrılıq parçaladı köksümü, Qopub düşdü ürəyimin tək simi. Baxışların tez soyundu əksimi, Daha sənə görünürəm yad kimi… * * * Şeirlərin keçmədi ki əynimə, İndi bu sərt soyuqlarda neynim, hə? Nəfəsindən köz düşmədi çiynimə, Bürümədi vücudumu od kimi… * * * Bilməzdim ki, doğma dönər yad olar, Gedişinin başqa necə adı var? Saçlarımda əllərinin dadı var, Dad görmədim ondan şirin dad kimi… 30.10.2022.
UNTMAQ CƏHDİ Məndən nigaran olma, Birtəhər yaşayıram. Dağ boyda bir ağrını Ruhumda daşıyıram. * * * Sən ki mənə bələdsən, Tükənən deyil gücüm. Məndən böyük olsa da, Çiynimi əymir yüküm. * * * Daha gözüm asılmır Telefon ekranından. Cana ziyandır deyə Ayırmışam yanımdan. * * * Günü ötürmək üçün İş-güclə baş qatıram. Səhərlər gec oyanır, Axşamlar tez yatıram. * * * Beləcə, keçinirəm Günləri saya-saya. Verdiyin qəhəri də İçirəm doya-doya. * * * Fincanda çay soyuyur, Boşqabda donur yemək. Səni unutmaq üçün Hələ verirəm əmək. * * * Hələ səy göstərirəm Yaddan çıxasan deyə. Unuda bilmirəm ki… And olsun yerə, göyə… 16.07.2022.
QATİL Qəfil gələn ayrılıq od vurur sinən üstə, Gözün yolda darıxır, qulağınsa hər səsdə. Yaralayır ruhunu bu təcrübəli qatil, Sən də yarımcan halla gəzirsən səfil-səfil. Ağrılara birtəhər üç gün dözə bilirsən, Ondan sonra alınmır, nəfəs-nəfəs ölürsən. Əvvəl küsür iştahın, kəsilirsən yeməkdən, Dodaqların quruyur adın gizli deməkdən. Sonra çəkin azalır, əriyirsən günbəgün, Onsuzluq mərəzinə tutulursan büsbütün. Gündüz yenə hardasa gəzirsən, dolanırsan, Elə ki gecə olur, için-için yanırsan. Balışın soyuq üzü yanağını yandırır, Saatın çıqqıltısı nəbzini dayandırır. Bir ah qopur sinəndən, ünü yetir səmaya, Düşmən də kəsilirsən ondan sonra hamıya. Ondan sonra hər gecə ağrıların başlayır, İçindəki tənhalıq səni ordan daşlayır. * * * Sökür ciyərlərini həsrətin küt ağrısı, Çalır səndən hər şeyi bu xoşbəxtlik oğrusu. Ondan sonra itirsən keçmişin yollarında, Nəfəsin də kəsilir təkliyin qollarında. Daha nə yol gözləyir, nə də vüsal umursan, Ruhunu təslim edib gözlərini yumursan. Bu gediş sonuncudur, dönüşü yox, bilirsən, Ağrıların azalır, yavaş-yavaş ölürsən… 21.09.2022.
TİTRƏYƏN ÖPÜŞ Məndən sonra pozular günlərinin düzümü, Sabahların sükutla, gecələrin lal keçər. Ruhun eşq libasını soyunar öz əynindən, Ayrılıq ürəyinə özün boyda qəm biçər. * * * Məndən sonra düzülər misralar da yan-yana, Yüz şeir də yazılsa, ödəməz bir ağrını. Köksün üstə alışan o köz səni yandırar, Dodağında titrəyən öpüş didər bağrını. * * * Məndən sonra yozular yuxuların tərsinə – O mənli röyaların bircəciyi düz olmaz. Məni unutmaq üçün sayarsan günü, ayı, Məni unutmaq isə bir ömürdən tez olmaz.
CAVABSIZ SUALLAR Necəsən, mənsiz adam, Bəxtinə gün doğdumu? Məndən sonra başına Eşq yağışı yağdımı? * * * Ruhunu oxşamağa Bir şeir yazıldımı? Hansısa bir nəğməylə Dərd yükün azaldımı? * * * Məndən sonra bir kimsə Sənə məntək baxdımı? Saçlarını oxşayıb, Əllərini sıxdımı? * * * Hansı baxışla keçdi Bunca ağrı, bunca ah? Məndən sonra ömrünə Yaz gəldimi, sən allah? * * * Keçdimi həyatından Əlli qadın, yüz qadın? Bircəciyi oldumu Eşq ətirli söz qadın?
BİR OVUC ÜMİD Bir şəhərlik məsafə, Bir nəfəslik ayrılıq, Geri dönməyən yollar… Qarşımdasa Mark Levi – Hələ “bir-birimizə deyilməyən sözlər” var… * * * Hələ saf duyğuların Tamam olmayıb ili. Hələ ayaq izimiz Kövrəltməyib sahili… * * * Cücərən hisslərindən Bir qucaq misra dərdim. Sən sevgi istəmişdin, Bağışla, ömrüm-günüm, Kasıbın olanından – Mən sənə şeir verdim… * * * Bu gecə də mənləsən, Gözlərimə qonaqsan, Üzlü qonaqlar kimi Dəvət də gözləmədən Ciyərimə keçirsən. * * * Bilirəm, qəhvəni tünd, Çayı soyuq içirsən. Nə hazırlayım sənə? Soyuq çay, isti şeir – De, hansını seçirsən? * * * Kükrədi boğuq səsin Yenə qulaqlarımda, Bu sərsəri ruhumu Çəkdi dərinliyinə. (Lənətə gələsən e, Gecə-gecə işlədin İliklərimə yenə…) * * * Yenə də dil bilməyən, Susmayan ağrıları Tapşırdım bu gecəyə. Adını zikr eyləyib Bir ovuc ümid içdim Sənsizlik keçsin deyə…
GƏL Bu dərd bizim aramızda bitibdi, Bir daş altda, birini də üstə gəl. Nə dil bilsin, nə də dodaq anlasın, Nə fərq olsun, nə də bircə üstəgəl. * * * Heç nə umma belə zalım fələkdən, Dünyamıza qəm ələnir ələkdən. Qismətinə düşən paydı ürəkdən, Birin verib, birini də istə gəl. * * * Çətin bir də ömür dönə geriyə Buz bağlamış xəyalların əriyə. Nə deyirsən, Mövlud, mələk, pəriyə Öz bəxtindən nə inci, nə küs də gəl.
MƏNİMÇÜN İşdi yaxa versəm zalım əcələ Göyüm- göyüm göynəyərsən mənimçün. Bir az razı, bir azca da narazı, Deyim -deyim deyinərsən mənimçün. * * * Yuxuların qarışmasın gerçəyə, Ümid olub gözlə məni gecəyə. Sevincini bölüşərsən heçliyə Öyüm-öyüm öyünərsən mənimçün. * * * Saxla məni aşiq kimi yadında, Xatirində doğmanın da, yadın da. Ürək olub, gülüm, Mövlud adında Döyüm-döyüm döyünərsən mənimçün.
GƏLMƏDİ Dedim yara namə yazım, Əlim gəlmədi, gəlmədi. Dərd üstünə dərd istədim, Zülm gəlmədi, gəlmədi. * * * İllər ilə həsrət çəkdim, Yenə onsuz, yenə təkdim; Dərdi yarı böləcəkdim, Gülüm gəlmədi, gəlmədi. * * * Dərd əlindən gəldim dada, Hey düşdükcə dərdim yada; Dedim, bəlkə, yetər dada, Ölüm gəlmədi, gəlmədi. * * * Dərd məskənim dərd dağıdır, Dərd ələyir, dərd dağıdır; Necə deyim, dərd yağıdır, Dilim gəlmədi, gəlmədi. * * * Mövlud dərdinə ağlayır, Dərd kitabın varağlayır; Dərdim sinəmdə çağlayır, Selim gəlmədi, gəlmədi…
TELİN DƏN SALIB Nə yaman qüssədən saralıb rəngin, Eh, gözəl, gözlərin selindən qalıb. Salacam yolumu dağlara tərəf, İçəcəm dərdini əlindən alıb. * * * Bir yanda dağ boyda dağım var – zülm, Bir yanda tənhalıq, tənha bir ölüm; Səbrimin də səbri tükənib, gülüm, Məni də dözümün dilindən salıb. * * * Xəyalım gerçəyə qarışır, itir, Şirin vüsal anım yuxutək bitir; Mövlud indi-indi vəslinə yetir, Demə, qocalıbsan, telin dən salıb…
YANACAQ Dərdim yaz yağışı – tonqal üstünə, Azarı-bezarı odda yanacaq. Günü qara gəlib – nə küsür, umur, Gileyi-güzarı odda yanacaq. * * * Dərdim süzüləcək dərdin içindən, Özü naxış-naxış, ilməsi dən-dən. Baxıb ay üzünə bölünəcək tən, Bənövşə üzarı odda yanacaq. * * * Dərdim öz əlindən təngə gələcək, Yığıb ovucuna çəngə biləcək. Baxıb alışdığı rəngə güləcək, Əzabı, azarı odda yanacaq…
MƏNİMÇÜN İşdi yaxa versəm, zalım əcələ, Göyüm-göyüm göynəyərsən mənimçün. Bir az razı, bir azca da narazı, Deyim-deyim deyinərsən mənimçün. * * * Yuxuların qarışmasın gerçəyə, Ümid olub gözlə məni gecəyə; Sevincini bölüşərsən heçliyə, Öyüm-öyüm öyünərsən mənimçün. * * * Saxla məni aşiq kimi yadında, Xatirində doğmanın da, yadın da; Ürək olub, gülüm, Mövlud adında Döyüm-döyüm döyünərsən mənimçün…
QÖNÇƏLƏR Əvvəl çiçək, sonra yarpaq açacaq, Çiçək-çiçək düzüləcək qönçələr. Bahar ömrü bitər-bitməz güllərin, Ləçək-ləçək üzüləcək qönçələr. * * * Lalə kimi gül bəsləyir yanaqlar, Üşütməsin vaxtsız düşən sazaqlar. Damla-damla mey bəsləyir dodaqlar, İçək, içək… Süzüləcək qönçələr. * * * Nədir, Mövlud, ağ saçlara sualın, Dərd gətirir dərdlərinə bu halın. Heyif, qaldıq ümidinə xəyalın, Dilək-dilək gəziləcək qönçələr…
GƏL Bu dərd bizim aramızda bitibdi, Bir daş altda, birini də üstə gəl. Nə dil bilsin, nə də dodaq anlasın, Nə fərq olsun, nə də bircə üstəgəl. * * * Heç nə umma belə zalım fələkdən, Dünyamıza qəm ələnir ələkdən; Qismətinə düşən paydı ürəkdən, Birin verib, birini də istə gəl. * * * Çətin bir də ömür dönə geriyə Buz bağlamış xəyalların əriyə; Nə deyirsən, Mövlud, mələk pəriyə: – Öz bəxtindən nə inci, nə küs də gəl.
ELƏ BİL QIŞDIR Bu yağış yağmağın təhərin bilmir, Ağarıb qar kimi, elə bil qışdır. Payızın qızılı rəngi dəyişir, Bu necə ilmədir, necə naxışdır? * * * Əyib budaqları özümə sarı, Payızın ətrini çəkəydim barı. Yarı qərənfildir, bənövşə yarı, Boylanır həsrətlə, bu nə baxışdır? * * * Yağır taleyimə, ruhumdan keçir, Qocalıq donunu dumandan biçir. İllərin ayrılıq suyundan içir, Daha islanmıram, yağsın, yağışdır…
KEÇİR Tələsmə vədəsiz, vaxtsız ölümə, Fələyin yazısı alından keçir. Yığıb-yığışdırma ömrünü pay-pay, Gedənlər dünyanın malından keçir. * * * Yamanca son qoydun bu intizara, Ağrılar, acılar düşübdü dara; Elədən eləyə, belədən hara – Hərlənib ürəyin dalından keçir. * * * Necə də kövrəlib ümid çırağı, Ağlayır gözündə ölüm sorağı; Qopulur sonuncu ömür varağı, Vəsləti Mövludun halından keçir…
SAYARSAN Yolun düşüb yar yanına gedəndə Bir addımı iki addım sayarsan. Əhvalını xəbər alıb soranda, Elə bil ki sənə yaddım, sayarsan. * * * Gətirməsin aşiqini bəxt cana, Həsrətindən alovlana, odlana. Fələk verib, şükür elə, di sana, Muradıma indi çatdım, sayarsan. * * * Mövlud, həsrət çəkdin yetər bu qədər, Bənövşəndən varmı görən bir xəbər? Vəsləti var ölümündən lap betər, İkisin də birdən daddım, sayarsan…
ÇƏKƏN BİLƏR Bir az həsrət, bir az hicran çəkəsən, Çəkən bilər ahu-zarın qədrini. Çəkib, çəkib peymanından dönəsən, Çəkən bilər düz ilqarın qədrini. * * * Buz bağlayıb sanki donuq baxışlar, Vəfasızı hərə bir cür bağışlar; Çəkdiyimiz kimi düşüb naxışlar, Çəkən bilər buzun, qarın qədrini. * * * Kim unudar ilk sevginin dadını, Söndürməklə sönən deyil odunu; Necə çəkim ayrılığın adını, Çəkən bilər, Mövlud, narın qədrini…
SAHİLİMDƏ Elə çırpılmısan, dəli dalğatək, Qoparıb atmısan, öz sahilimdən. Didib – parçalayıb qayalıqları, Ümman yaratmısan, söz sahilimdə. * * * Səsinin rəngi var qulaqlarımda, Dəniz suyu axır damarlarımda, Bir sənsən, bir dəniz, yoxum, varım da, Məşəl yandırmısan buz sahilimdə. * * * Çox uzaqlıqların addımındayam, Hazıram gözümü ovcumda yuyam, Hərdən əllərini oğurlayıram, Bir az isindirim, köz sahilimdə. * * * Ruhların şıltağı, dəlisi olur, Gahdan buz bağlayır, ağrısı olur, Bütün dənizlərin gəmisi olur, Batmaq istəmirsən, üz sahilimdə…
XƏYAL YOLUM Bir ömür xəyal yolum Uzandı sənə sarı. Dəfn etdim qəlbimdəki, Ən pünhan arzuları. * * * Ürəyim daşa döndü, Oldu gözəl başdaşı. Gəl indi bütün ömrü, Gözlərində yaş daşı. * * * Cavabsız sualların, Yoxdur başqa çözümü! Tapmadım dar ağacı, Səndən asdım özümü!
XOŞBƏXT Bilirsən , kimdir xoşbəxt?! Layla üstə doğulub, Boylananda arxaya- Soy- kökünü bilən kəs! * * * Bilirsən, kimdir xoşbəxt?! Zamanı qucaq- qucaq, Gözlərində güldürüb – Dolusunca görən kəs! * * * Bilirsən, kimdir xoşbəxt?! Tapmadığı sevginin, Hər ağrısı, acısı – Ürəyində sönən kəs! * * * Bilirsən, kimdir xoxbəxt?! Ürəyi çırpınanda, Tövşüyüb evə qaçan, Dönüşünün sevinci – Gözlərinə dolan kəs! * * * Bilirsən,kimdir xoşbəxt?! Yalançı xoşbəxtliyi, Heç kəsə göstərməyib, Ancaq özü olan kəs! * * * Bilirsən, kimdir xoşbəxt?! Əlin halal ruzisi, Süfrəsində gül açan, Oturub şirin- şirin, Tikəsini bölən kəs! * * * Daha sual vermirəm. Tanıyıb Allahını , Anası namaz üstə, Əli göydə qalan kəs! * * * Azlı – çoxlu ömrünün Bitmiş məzar daşında, “Ailəsindən xatirə”, Yazısına çevrilib, Məzarı da gülən kəs! * * * Əsir düşmüş Vətəni, Al – qırmızı qanıyla, Parçalanmış canıyla, Yağısından alan kəs! Bağrımızın başında, Tunc heykələ dönən kəs! * * * Bir də.. bir də…qoy deyim! Bu həyata gəlişi , toy- bayrama çevrilən, Mələk kimi doğulub- İnsan kimi ölən kəs!
SEVİNC ÜÇÜN Bir damla sevinc üçün, Yuxum oldu bir çimir. Sənin həsrət yağışın, Gözlərimdə dincəlir. * * * Düşmə gözümdən barı , Kipriyimdə qalarsan. Qarışıb yağışıma, Ürəyimə dolarsan. * * * Bir yaşıl yuxu kimi, Qəlbim açıq qalıbdı. Həyatın sarı simi, Öz ritmini çalıbdı. * * * Cüt atılıb tək düşən, Bir sapandın daşıyıq. Ovucumda gizlənən, Kədər adlı daşı, yığ! * * * Mən “Həyat bilgisi” ni, Beşə bilib, üç aldım. Gözümü biləyimlə, Silə – silə qocaldım! Gözümü biləyimlə, Silə -silə qocaldım!
XATİRƏLƏR Dolan bulud olub xatirələrim, Külək qova bilmir, yağış yağdıra. Tanrı dərgahında qalıb əllərim, Tək onun gücüdür , məni qaldıra. * * * Zaman üstümüzdən çəkib əlini, Yoxluğu özümdən soyuda bilim. Xəzəl arzuları , ümid selini, Kövrək duyğularla ovuda bilim. * * * Payız ümidlərin əlindən qaçıb, Sabaha açılan dünənmişəm mən. Hərənin sözünü boyuna biçib, Dünyanın heçinə güvənmişəm mən. * * * Mən hardan biləydim, payız əllərim, Yayda qara dönüb, üşüyə bilər. Mən hardan biləydim Kürü, Xəzəri, Sərçə dimdiyində daşıya bilər. * * * Dolan bulud olub xatirələrim, Külək qova bilmir, yağış yağdıra. Tanrı dərgahında qalıb əllərim, Tək onun gücüdür, məni qaldıra..
ŞƏHİD LAYLASI Bir ananın laylasından, Gözümdə yaş oda döndü. Tutuldum qəm libasından, Doğma ruhum yada döndü. * * * Mən həmin gün mən olmadım, Dərdim daşdı, çaya döndü. Dərdə biganə qalmadım, Coşdu hissim yaya döndü. * * * Bu laylanın zümzüməsi, Heç ağıldan, başdan çıxmır. Bir ananın laylay səsi, Pərçim olub huşdan çıxmır. * * * Dözə bilmədim bu səsə, Gözdə sel tək yaş olarmış. Bir ananın bir nəfəsə Dərd boxcası boşalarmış. * * * Ana baxır sola, sağa, Göz yaşını silə-silə. Şəhid verdi bu torpağa, Öz oğlunu bilə-bilə. * * * Dağ ürəkli bu analar, Bu Vətənin baş tacıdır. İndi şəhidlərə onlar, Həm anadır, həm bacıdır.
PAYIZ Omrümün payızı gəldi deyəsən, Könlümü titrədən küləklər əsir. Elə bil dünənki körpə uşağam, Xırda nəvaziş də səbrimi kəsir. * * * Dolanır beynimdə fəsilbəfəsil, Gözümdə canlanır həyatım mənim. Məndən sonra gələn, böyüyən nəsil, Biri sabahımdır, biri dünənim. * * * Nə tez gəldi, getdi pay olan ömür, Saçlarım ağardı dümağ qar kimi. Könlüm istəyəni həvəsim demir, Günbəgün soluram son bahar kimi. * * * Arzular, istəklər tükənmir ki, heç, Ömür daraldıqca səbrimiz dolur. Əyninə yüz köynək, yüz də libas seç Axırda son libas ağ kəfən olur. * * * Dünyaya gəlirik bir hay-harayla, Atamız, anamız bizi bəsləyir. Əvvəl ata, ana köçür sırayla , Vaxt gəlir onlar da bizi səsləyir. * * * Dünyadan ayrı bir umacağım yox, Bu ömrü şərəflə, şanla yaşadım. Nə də bir kimsədən gumacağım yox, Çunki qaralmadı bir təmiz adım.
ALLAH Sirrimi keç kimlə bölə bilmirəm, Üzümü tək sənə tuturam, Allah! İstəsəm yanına gələ bilmirəm, Adına baş qoyub yatıram, Allah! * * * Bu yalan dünyada, zalım dünyada, İnsana bir kimsə həyan olmayır. Dərdə bax dərdimi anlayan, ya da Qışqırsam səsimi duyan olmayır. * * * Bu dünya fırlanır ox ətrafında, Üyüdür dəhnəsi neçə can gedir. Tanışı, qohumu yox ətrafında, Vaxtı tamamdısa həmin an gedir. * * * Həmişə, hər yerdə şükür demişəm, Verdiyin nemətə gündə ən azı. Naşükür deyiləm, varsa yemişəm, Yoxdusa olmadım səndən narazı. * * * İlahi, heç kəsə mən güvənmədim, Sən oldun köməyim, arxam, dirəyim. Büdrədim, yıxıldım geri dönmədim, Bərkidim, toxdadı ruhum, ürəyim. * * * Hər zaman yaxşı ki, ədalətin var, Ayıra bilirsən yaxşını pisdən. İlahi, əvvəlcə pisləri apar, Qoy dünya güc alsın ağıllı kəsdən.
İNSAN Çox həssas insanam, bəzən gülürəm, Bir söz dərdim olar bir ömür boyu. Məndən aslı deyil, özüm bilirəm, Üfürüb içərəm hər qurtum suyu. * * * Bəzən qapanaram özüm özümə, Günahkar bilmərəm kimi kimsəni. Əgər həqiqəti desən üzümə, Gözümün işığı sanaram səni. * * * Xətrimə dəyirsə naqolay bir söz, İçimdə çəkirəm, unudammıram. Üzümə tuşlanan hər tənəli göz, Mənə əzab verir bunu danmıram. * * * Qaçmışam yaramaz saxta insandan, Baxmışam hər insan düzələn deyil. İnsanlıq, adamlıq gələrmiş qandan, Qanı xarabdısa düz gələn deyil. * * * Yalançı kəslərlə aram olmayıb, Dolaşıq ilməyəm xanamdan ayrı. Kimsəyə bir manat borcum qalmayıb, Bu yalan dünyada anamdan ayrı.
QAZAX Dünyaya göz açdım qucağında mən, Mənim köküm, adım, sanımdır Qazax. Anam Azərbaycan sayılar Vətən, Yenə də ürəyim, canımdır Qazax. * * * Məni öz övladı, doğması bilər, Qanmazı, nakəsi qəlbindən silər, Canıma adıyla istilik gələr, Damarda qaynayan qanımdır Qazax. * * * Xəyalən beynimdə dolanar hər an, Gəzdiyim hər dərə, hər yamac, orman, Şərəfini uca tutdum hər zaman, Şərəfim, şöhrətim, şanımdır Qazax. * * * Ey dost, səfər eylə yurdumu tanı, Güllü gülüstandı baxsan hər yanı, Dolanıb gəzsəm də Azərbaycanı, Son mənzilim, son ünvanımdır Qazax.
GECƏLƏR Nə qədər istəsəm köməyim olmaz, Ruhumu canımdan alar gecələr. Gözümü açaram yadımda qalmaz, Sakitcə yuxuya dalar gecələr. * * * Elə tumarlayar gələndə dəmi, Gedərsən yuxuya, olarsan yemi, Ana balasına çaldığı kimi, Yataram ,laylamı çalar gecələr. * * * Hər günün axşamı canımdan keçər, Daraşar canıma qanımdan keçər, Aparar yuxuya yanımdan keçər, Məni yorar ,heydən salar gecələr. * * * Ağ rəngi bəyənməz, soruşsan əgər, Gündüzün tərs üzü deyilmi məgər?! Qara çarşab geyər, qaranı sevər, Dəyişməz, bir rəngdə qalar gecələr.
BİZ Biz kasıb bəndəyik, dillərimizin, Duası alxışdı, qarğışa yer yox! Tanrıya uzanan əllərimizin, Sevgidi, barışdı niyyəti ən çox. * * * Heç zaman harama alışmamışıq, Halal davranmışıq, halal yemişik. Zəhmətsiz yeməyə çalışmamışıq, Qismətdə olana halal demişik. * * * Kiməsə pis günlər arzulamarıq, Allahdan, Tanrıdan qorxmuşuq hər an. Yaxşı əməllərlə hər zaman varıq, Kənardan tənədi bizləri yoran. * * * Ancaq Tanrıyadı ümidlərimiz, Hər şey ona bağlı müəmma, sirrdi. Olur ki, səhv düşür bəzən yerimiz, Dözürük, hər şeyin sonu səbirdi.
AĞLAYIR Ruhum elə sızıldayır, Damarımda qan ağlayır. Yarəb, təbi məndən ayır, Gecə bitmir, dan ağlayır. * * * Arzu, istək bitməz, çoxdu, Nəfsim azdı ,gözüm toxdu, Qismətimə sözüm yoxdu, Qaçırdığım an ağlayır. * * * Yaş artdıqca məni yoran, Hər fürsətdə eyham vuran, Min bir rəngdə üzə duran Sifət görən can ağlayır. * * * Murad ,dillən fikrin nədir?! Bir sözə bax, məni didir. Sözdən ötrü canım gedir, Sözə qurban xan ağlayır.
ZƏFƏR GÜNÜ Bu gün mənim millətimin, Tariximin zəfər günü. Otuz illik həsrətimin Ölümünə səfər günü. * * * Haqqımız yox unutmağa, Şərəf verən o anları. Torpaq üçün şəhid olan, Nakam gedən o canları. * * * Yadda saxla bu günü sən, Millətimin üz ağıdı. Bu qələbə, hər an əsən Erməniyə göz dağıdı. * * * Uzun sürən həsrətimiz Nəhayət ki, sona çatdı. Üzə gülən qismətimiz Bu həsrətə sevinc qatdı. * * * Ey Vətənə oğul doğub Şəhid verən sağ analar! Qarşınızda günahkarıq Ay əyilməz dağ analar! * * * Əsgər oğlum, qov yağını, Zəngəzurdan çiçək dərək. Azərbaycan torpağını Vahid görək, bütöv görək!
ÖMÜR YOLUM İçimdən gələni yazıram hər an, Doğrumu, yalanmı? Ürəkdən gəlir. Nə yazdım bilirəm, nələrdi qalan? Bax onu bilmirəm, İlahi bilir. * * * Getdiyim bu yolun sonu görünmür, Nə vaxt qurtaracaq bilmirəm yenə. Bir onu bilirəm geriyə dönmür, Yıxılıb dursam da dərs olmur mənə. * * * Çoxdu yolçuları bu uzun yolun, Baxıram bir kimsə dindirmir məni. Həm sağın uçurum, həm də ki, solun Sürüşsən udacaq bu yollar səni. * * * Başqa əlacım yox, yeriməliyəm, Nə geri baxıram, nə də durmuram. Ya mən ağılsızam, ya da dəliyəm, Dayanıb kimsədən heç nə sormuram. * * * Bu yolda nə qədər insan itirdim, Allah şükür ki, dəli olmadım. Nə topladım, nə qazandım götürdüm, Baxıram əlim boş heç nə qalmadı. * * * Mənim ömür yolum sayılır bu yol, Əvvəli bəllidir, sonu bilinmir. Elə yaşa, elə dolan ,təmiz ol, Əməllərin yaddaşlardan silinmir.
ƏZİZİM Onsuz da ürəyim boşdur, əzizim, Sənə unut deyən ürəyim deyil. Səninlə hər əzab xoşdur, əzizim, Sənsiz cənnət belə gərəyim deyil. * * * Aybaay, ilbəil ömürdür gedən, Sağalmaz inaddır məni xar edən, Hər şeyin tamını unutmuşam mən, Təkcə zəhər olan çörəyim deyil. * * * Hər üzdə yüz sifət, surət gördükcə, Min cürə sarsıntı, heyrət gördükcə, O qədər zərbələr aldım ki, təkcə, Daş-qalaq edilən kürəyim deyil. * * * Əhvalım dəyişir ruzigar kimi, Gah donur, əriyir soyuq qar kimi, Sən yoxsan həyatım tarımar kimi, Çürüyən, laxlayan dirəyim deyil. 1982.
AY ADAM Səni incitmirəm, bəzən susuram, Elə bilirsən ki, dünyaya yadam?! Ya da istəmirəm beynimi yoram, Mən cahil deyiləm, ay qanmaz adam. * * * Dünyanın gərdişi yorsa da məni, Həmişə, hər yerdə yaxşılıq əkdim. Dikbaşlıq, nankorluq qırsa da məni, Biruzə vermədim, içimdə çəkdim. * * * Üzümə güləni çox görmüşəm mən, Duymuşam içində yalanlar bişir. Çox sifət daşıyan insanlar bəzən, İlan tək soyulur, sifət dəyişir. * * * Həyatda yıxılma, bacarsan əgər, Sürünsən soyumuş ocaqda külsən. Şərəfli bir ömür hər şeyə dəyər, Şərəflə, namusla yaşaya bilsən. * * * Duyğusal olmuşam uşaqlığımdan, Aldanmaq, yanılmaq istəmədim heç. Çox adam üz gördü yumşaqlığımdan, Dinmədim, İlahi, günahımdan keç. * * * Qonşumu baş bildim hər an özümdən, Damında cüt malı balalı olsun. Kim ki xeyir görür mənim sözümdən, Ana südü kimi halalı olsun.
AY İNSAN Demə, dünya mənimdi, Ağılsız, harın insan! Nəfsin sənə qənimdi, Kəfəndi, varın insan! * * * Bir az düşün, fikirləş, Şeytana çox yar olma. Şərəfini uca tut, El içində xar olma! * * * Bu dünya olanları, Üzə deyən dünyadı. Harınlamış canları, Udan, yeyən dünyadı. * * * Allahı sev, varı yox, Onlar gəldi-gedərdi. Var-dövlətin sevgisi Sən ölənə qədərdi. * * * Yağı olma heç kəsə, Allah bağışlayandı. Girdi kimsəylə bəhsə , Neçə ürək dayandı. * * * Bu dünyanın sonunu Düşün, özünü öymə! Sonda dümağ donunu Geyib başına döymə! * * * Pulla ölçülmür heç vaxt, Namus, qeyrət, ar, insan! Son qismətin soyuq taxt, Qaranlıq məzar, insan!
ZAUR USTACIN YENİ ŞEİRLƏRİ SÜBH ÇAĞI Pozur addım səsləri, Gecənin kor sükutun. Uzaqdan yeyin-yeyin Yeyir ürəyin qutun… * * * Qəfil başlayır quşlar, Necə gəlirsə buyruq. Sanki komanda verir, Gözəgörünməz çubuq… * * * Bürüyür bircə anda, Hər yanı sübh nəğməsi… İfa edir təbiət, Əsər Tanrı bəstəsi… * * * Getdikcə addım səsi Eşidilir yaxından. Gecə qaranlığında, Ötüb keçir yanımdan… * * * Tələsik addımlarda, Təlaşlı qəlbin səsi… Elə tələsir, sanki, (Ta dünyanın sonudur,) Tükənəcək nəfəsi… * * * Uzaqda dan sökülür, Gecənin rəngi qaçır… Yaxında purç tumurcuq, Qətran ətrini sacır… * * * Addımlar uzaqlaşır, Səngiyir sübh nəğməsi… “Allahu Əkbər”- deyə, Ucalır azan səsi… * * * Aydın olur səbəbi, O təlaşlı yerişin… Avazıyır qaranlıq, Anlamı var gərdişin… * * * “La ilahə illəllah”, Yenə də çökür sükut… Əllər açılır göyə, Möminlər tutur qunut… * * * Gecənin bağrın yarıb, Gündüz sıyrılır qından… Kimisi tövbə edir, Neçəsi çıxır dondan… * * * Həmin şəxs yenə keçir, Qayıdanbaş yanımdan. İndi özü görünür, Səs çıxmır addımından… 17.11.2022. Bakı.
TURAN DEYİLSƏ Cavid dünyasına əyri baxanlar, Bu gün baş verənlər siz deyin nədir?! “Tuncaya” şerini topa tutanlar, Bu gün baş verənlər siz deyin nədir?! * * * Nəhayət, “yar qonaq gələcək bizə”, Min yol qurban ollam, “o qara gözə”, Uzağı, “lalər çıxacaq düzə”, Bu gün baş verənlər siz deyin nədir?! * * * İllərin həsrəti hopmuşdu sözə, Ay ulduz dönmüşdü sözdə qaş-gözə, Əbədi qardaşlıq hakimdir düzə, Bu gün baş verənlər siz deyin nədir?! * * * Bilirəm bağrınız alışıb yanır, Nədənsə, çoxları əslini danır, Ustac bu günlərdə Turqutu anır, Bu gün baş verənlər siz deyin nədir?! 15.11.2022. Bakı.
ARAZ Halına acıdım lap əzəl gündən, Bu qədər qınanır bilmirəm nədən, Arazı heç zaman qınamadım mən, Hər iki tərəfə məhrəmdir Araz! Yaralı torpağa məlhəmdir Araz! * * * Sarıyıb Yurdumun şırım yarasın, Açmayıb, bağlayıb qardaş arasın, İndi mən qınayım bunun harasın? Hər iki tərəfə məhrəmdir Araz! Yaralı torpağa məlhəmdir Araz! * * * Çəkib acıları, yığıb suyuna, Sakitdir, bələddir hamı huyuna, O da qurban gedib fitnə, oyuna, Hər iki tərəfə məhrəmdir Araz! Yaralı torpağa məlhəmdir Araz! * * * Xudafərin qucaqlayan qoludur, Keçidləri salam deyən əlidir, Bayatılar pöhrələyən dilidir, Hər iki tərəfə məhrəmdir Araz! Yaralı torpağa məlhəmdir Araz! * * * O tayda çifayda deyir Şəhriyar, Bu tayda dardadır indi Bəxtiyar, Yarını gözləyir hər gün Lütfiyar, Hər iki tərəfə məhrəmdir Araz! Yaralı torpağa məlhəmdir Araz! 15.11.2022. Bakı.
ÜZÜMÜZÜ GÖRMƏ! Könlü işıqlı olanın, İşi yox gün işığıynan! Ruhu təmiz olduğundan, Yeyəcək öz qaşığıynan! ★ ★ ★ Heç dərdini çəkməginən, Nə yaxşı görmürsən bizi. Könlün saf, ruhun pak qalsın, Görməyəsən belə üzü… ★ ★ ★ Çalış, duyma səsimizi, Xəbərsiz ol halımızdan. Xoş halına xəbərsizsən, Boş-boş qeylü-qalımızdan… ★ ★ ★ Dərdin çəkmə bu dünyanın, Öz dünyanı xürrəm yaşa! Sənin gözün bizdən iti, Ayağın dəyməsin daşa! ★ ★ ★ Əzada gözü sağlar var, Görsə də ruhu sikəstdir. Gözün deşəni görməyir, Çünki ruhən o nakəsdir! 13.11.2022. Bakı.
QATIQ Qatıq deyib, fors eləmə qardaşım, Bir çox evdə süfrələrin padşahı. Baxırsan ki, bığlarınıda “bığ yağı”, Fors eləyir, cibində yox bir şahı. * * * Qatıq deyib, fors eləmə qardaşım, Bir çox evdə onun adı yavanlıq. Baxırsan ki, düz əməlli adamdır, Yazıq olub, evin yıxıb cavanlıq. * * * Qatıq deyib, fors eləmə qardaşım, Bir çox evdə kiçik dünya ibrəti. Nehrə onu elə qəşəng çalxayır, Söz artıqdı, tutan tutdu söhbəti… * * * Qatıq deyib, fors eləmə qardaşım, Ustac görüb tuluq-tuluq turş qatıq, İndi “yağ”dır “vitrin”ləri bəzəyir. Ya “şor” olub, ya “turş ayran”, ya “atıq”… 12.11.2022. Bakı.
MƏN ZƏFƏRƏ TƏŞNƏYƏM Qutlu zəfər sancağım, Sancılmağa yer gəzir! Alınası öcüm çox, Bu gün ruhumu əzir! * * * Dərbəndi, Borçalını Unuduruq həmişə… Kərkük, Mosul bağrı qan, Boyun əyib gərdişə… * * * Yudumun dörd bir yanın Hürr görmək istəyirəm! Şanlı zəfər tuğuma Zər hörmək istəyirəm! * * * İrəvan peşkəş olub Beş sətirlik kağızla… Zəngəzuru naxələf Verib quru ağızla… * * * Bədnam Araz illərdir Olub qargış yiyəsi… Top doğrayan qılıncın O taydadır tiyəsi… * * * İstəyirəm bu bayraq Dalğalansın Təbrizdə! Urmuda üzsün balıq, Sanki üzür dənizdə… * * * Xoyda, Mərənddə bir gün, Olum qonaq üzü ağ. Ərdəbilə, Tehrana Qurulmasın ta duzaq… * * * Qarsdan, Ağrıdan baxım, Qaşqayadək görünsün! Qapıcıqdan, Qırxqıza Ağ dumanlar sürünsün! * * * Bu arzular həyata Keçməsə, mən heç nəyəm! Neynim, mayam belədir, Mən zəfərə təşnəyəm!!! 08.11.2022. Bakı.
BU GÜZ Zəfər libasında sevinc göz yaşı, Hər iki sahildə dayanıb ərlər! Ayrılıq atəşi elə qarsıyıb, İçərək qurudar Arazı nərlər! * * * Göylərdən boylanır Tomris anamız, Əlində qan dolu o məşhur tuluq! Xain yağıların bağrı yenə qan, Canı əsməcədə, işləri şuluq… * * * Uşaqdan böyüyə hamı əmindir, Tarix səhnəsində yetişib zaman! Bu dəfə biryolluq bitəcək söhbət, Nə güzəşt olacaq, nə də ki, aman! * * * İllərdir həsrətdən gözləri nəmli, Mamırlı daşların gülür hər üzü! Neçə qərinədir qalmışdı çılpaq, Yamyaşıl çayırla gəlib bu güzü! * * * Al donun geyinir Günəş hər səhər, Səmamız masmavi, göy üzü təmiz! Duman da yox olub, itib buludlar, Gözün aydın olsun, sevin, a Təbriz! 06.11.2022. Bakı.
Naibə Həsənağa qızı Yusubova 03 dekabr 1958-ci ildə Səlyan rayonu, Qaraçala qəsəbəsində anadan olub. Hazırda Şirvan şəhərində yaşayır.
Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
MƏKTUB
Başını aşağı salmışdı. Qulaqlarındakı uğultudan danışanın nə dediyini anlamırdı. Gözlərinin qarşısında köpüklənən ağız, hədəqədən çıxmış göyümtül gözlər, ölçüsüz-biçimsiz əl-qol hərəkətləri canlanırdı. Nə olduğunu anlamağa çalışsa da, heç nəyi yadına sala bilmirdi. “Bu kişi kimdir? Nə üçün qəzəblidir? Nə üçün onun qarşısında günahkar kimi başımı aşağı salmışam? Axı günahım nədir? Niyə içəri girən kimi mənim adımı çəkdi? Nə sinifdəki müəllimə, nə də tələbələrə etina etmədi? Niyə heç nə xatırlamıram?” Niyələr çox yordu Talehi. “Allahım, kömək ol!” – deyərək imdad istədi.
Nə qədər vaxt keçdiyindən xəbəri olmadı. Amma getdikcə özündə bir yüngüllük duydu. Hafizəsi aydınlaşmağa başladı. İcazə almadan təkəbbürlə içəri girən bu şəxsin özünü təqdim etmədən:
-Taleh Qədirov kimdir? – sualına maraq dolu baxışlar altında ayağa durduğunu da xatırladı. Boz kostyumlu ucaboy kişinin baxışlarından sıxıldı. Bu baxışlardan gizlənməyə çalışdı. Amma birdən özündə cəsarət duydu, adamın gözlərinin içinə baxdı. Bu gözlər kimi xatırladırdı? Nə üçün bu qədər tanış idi? Ayırd etməyə vaxtı olmadı.
-Demək, Taleh sənsən, – kişi rişxənd dolu baxışlarını Talehin nimdaş üst-başından çəkib düz gözlərinin içinə zillədi. – Demək, mənim qızıma məktub yazan da sənsən.
Taleh bir anlıq nə edəcəyini bilmədi. Özünə bəraət qazandırmaq ağlından belə keçmədi.
-Üst-başına bax, sonra mənim qızıma məktub yazmaq fikrinə düş! – sözləri qulaqlarında şillə kimi partladı. Başı hərləndi, gözləri qaraldı. Müvazinətini itirməmək üçün stoldan yapışdı. Anasını itirdiyi günü xatırladı. Dərindən köks ötürdü…
Bir ildən sonra evlərinə təşrif buyuran ögey anaya da isinişə bilmədi Taleh. Elə həmin gündən evdən soyudu. Dərs oxumaq bəhanəsilə süfrəyə hamıdan gec gəldi, yeməyini tək yedi. Bu, atasının da diqqətini cəlb etdi, amma ona heç nə deyə bilmədi.
Darıxanda anasının yanına qaçdı, heç kimə deyə bilmədiklərini onun soyuq məzarı ilə bölüşdü…
Ali məktəbə daxil olanda başqa uşaqlar kimi anası boynunu qucaqlamadı. Əlini kürəyinə vuran atasının:
-Afərin oğluma! – sevincinə də susmaqla qarşılıq verdi.
Universitetə gəldiyi ilk gün onunla yanaşı oturan Faziləni görəndə özünü itirdi, dili topuq vurdu. Fazilə ala gözlərini onun üzünə dikəndə diksindi də. İlahi, bu gözlər necə də anasının gözlərinə bənzəyirdi. Gülərkən batan yanaqları, girdə sifəti, sarışın siması, qızılı saçları ona nə qədər doğma idi. Bəzən özündən asılı olmadan gözlərini bu tanış simadan çəkmədi. Fazilə bir gün dərsdə olmayanda özünə yer tapmadı, ondan xəbər tutmağa çalışdı…
-Axı nə pis iş tutmuşam ki? – sualına cavab axtardı, tapmadı. – Sadəcə, darıxdığımı yazmışam. Axı mən onu görəndə anamı xatırlayıram. Ananı xatırlamaq qəbahətmi? Bunu Fazilə də yaxşı bilir.
Taleh bütün cəsarətini topladı, dillənmək istədi, lakin qulağına dəyən həlim səsdən diksindi:
-Xahiş edirəm, bir qədər nəzakətlə danışın. Unutmayın ki, onlar gəncdirlər.
Taleh müəlliminin nə üçün dilləndiyini anlamağa macal tapmadı. Fazilənin atası əlini cibinə saldı. Dörd qatlanmış bir vərəqi Talehə uzatdı:
-Mənim də sənin anana məktubum var. Apar ver, oxusun.
Otağa dərin bir sükut çökdü. Heç kim eşitdiyinə inanmaq istəmədi. Talehin qırğı baxışları boz kostyumlu kişinin ağaran dişlərinə sataşanda qeyri-ixtiyari gözündə iki damla yaş parladı, dəli bir hayqırtı pəncərələri titrətdi. Boz kostyumlu kişi bu səsdən diksindi. Bir addım geri çəkildi. Elə zənn etdi ki, Taleh üzərinə şığıyacaq, qəzəbdən düyünlənən yumruğunu onun başına endirəcək. Amma gördüyü mənzərə hamı kimi onu da səksəndirdi. Taleh kökündən kəsilmiş ağac kimi yerə sərildi. Səs-küy bir-birinə qarışdı. “Təcili yardım” gələnə qədər Taleh ayılmadı. Həkimlərin ilk yardımı da bir nəticə vermədi. Hərtərəfli müayinə üçün onu xəstəxanaya apardılar. Hamı sarsılmışdı. Boz kostyumlu kişi də susdu. O, tələbələrin qınaq dolu baxışları altında əzildi. Müəllimin üzündəki donuq ifadə sıxılan qəlbini daha da göynətdi.
-Məni bağışlayın! – deyib ağır addımlarla qapıya tərəf yönəldi.
Yol boyu gəncin siması gözlərinin qarşısında canlandı. Öz-özünə pıçıldadı:
-Bu da sənin yeni əsərin, Qürbət!
Pıçıltı qulaqlarında əks-səda verdi. Səsi özünə də yad gəldi. Hara getdiyini bilməyən adamlar kimi yol boyu ayaqlarını sürüdü. Xəstəxananın həyətinə nə zaman çatdığından xəbəri olmadı.
***
Talehi ikiadamlıq palataya yerləşdirmişdilər. Otaqda ondan başqa kimsə yox idi. Bənizi ağarmış gəncin alnında narın tər damcıları vardı. Adyaldan çöldə qalan qoluna sistem qoşulmuşdu. Xəstə qımıldanmırdı. Aramla damcılayan dərman olmasaydı, Talehin yaşamasına inanmaq çətin idi…
Şüşənin içindəki maye qurtarınca tibb bacısı özünü yetirdi, iynəni xəstənin damarından çıxardı. Üzünü ayaq üstündə gözləyən boz kostyumlu kişiyə tutub soruşdu:
-Sizin oğlunuzdur?
Çətinliklə də olsa dilindən qıfıl götürüldü:
-Xeyr.
Sözünün ardını gətirə bilmədi. Növbəti sualı eşitməmək üçün otaqdan çıxdı. Özünü danlaya-danlaya dənizkənarı bulvara tərəf yol aldı. Yeri boş idi. Yaxınlıqda da kimsə görünmürdü.
Hava sakit olsa da, narın-narın əsən mart küləyi həmişəyaşıl ağaclara sığal çəkirdi. Mavi dəniz asta-asta ləpələnir, ağ köpüklü dalğalar sahil qumlarını yalayırdı. Bu guşə Qürbətin sıxıntılı günlərinin həmdəmi idi. Çətinə düşəndə, dərdini dağıtmağa çalışanda həmişə buraya gələr, düşüncələri ilə baş-başa qalar, çözüm axtarardı. Bəzən saatlarla yerindən tərpənməz, gəlib-gedənlərə əhəmiyyət verməzdi…
Qürbət ata-anasını çox erkən itirmişdi. Atasını heç xatırlamırdı. Anasının solğun siması isə birdəfəlik yaddaşına hopdu. Özündən üç yaş kiçik bacısı ilə yetim qalanda onlara həyan olacaq bir qohum-qardaş da tapılmadı. Qonşular yas mərasimini birtəhər yola verdikdən sonra uşaqları yetimxanaya aparmağı son mənəvi borc bildilər. Onda Qürbətin dörd yaşı vardı. Bacısından elə o vaxtdan ayrı düşdü. Qonşuluqda yaşayan Məsmə arvad arabir ona baş çəksə də, sonralar ondan da bir xəbər çıxmadı. Nə qədər qayğı göstərilsə də, ana nəvazişini, ata sığalını heç nə əvəz etmədi Qürbət üçün. Arabir bacısını yadına salmağa çalışsa da, yanağındakı xaldan başqa heç nəyi xatırlaya bilmədi. Bu xalı xatırlamasının səbəbi də vardı. Onu yatırtmağa çalışan anasının yanağındakı xal ən sevimli əyləncəsi idi. Balaca barmaqları ilə xaldan tutar, qoparmağa çalışardı. Anası dünyasını dəyişəndə bu əyləncədən də məhrum oldu. Amma qonşuların söhbətindən yadında qaldı ki, bacısı anasına çox oxşayır.
***
Həyat Qürbəti çox sıxdı. İstədiyinə heç vaxt asanlıqla nail ola bilmədi. Bəzən təhqir olundu, alçaldıldı. İmkanlı ailələrin uşaqlarına həsədlə baxdı. Yelkənsiz qayıq kimi həyatın amansız dalğalarında üzməyi bacarmadı Qürbət. Yolu həbsxanalardan da keçdi. Müxtəlif adamlarla oturub-durdu. Bir şey anladı: yaşamaq üçün heç kimə heç nədə güzəşt etməyəcəksən. Səni əziblərsə, sən də əzəcəksən…
Qürbət şərlənib həbsxanaya düşdükdən sonra bu qənaətə gəldi. Müttəhimlər kürsüsündə əyləşdiyi günü heç unuda bilmədi. Düzdür, o vaxta qədər çox sınmışdı, amma heç kimin qarşısında əyilməmişdi. Həmin gün isə sındırmaqla kifayətlənmədilər, həm də əydilər Qürbəti. Adicə bir yükdaşıyanı topdansatış dükanını talamaqda günahlandırdılar. Yoxlama zamanı üzə çıxan bütün yeyintilər ayağına yazıldı. Özü kimi yükdaşıyanları üzünə durğuzanda qəh-qəhə ilə güldü Qürbət. Son sözü bu oldu:
-Görəsən, mənim arxamca həbsxana küncünə sizin hansınız göndəriləcək?
Qürbətə beş il cəhənnəm əzabı yaşatdılar. Ən çirkli işlərdə çalışdırdılar. Bəzən gecəni sübhə qədər ayaq üstə qalmaq da qismətinə düşdü…
Dustaqxanadan çıxdığı gün nə edəcəyini bilmədi. Gedəcək bir evi, döyəcək bir qapısı yox idi. Köhnə paltarlarla dolu çamadan əlində küçələri veyl-veyl dolaşarkən gözünə sataşan elan ona yeni həyatın başlanğıcı kimi göründü. Elanı bir də oxudu, ürəkləndi.
Emalatxananın müdiri onun üst-başına baxdı, sınayıcı nəzərlərlə soruşdu:
-Taxta-tuxta işindən başın çıxır?
-Hə. Peşə məktəbində öyrənmişəm.
İllər yazıqlaşdırmışdı Qürbəti. Onun yazıq görkəmi ustanın gözündən yayınmadı. Artıq heç nə soruşmadı. Həmin gündən emalatxana onun yalnız iş yeri yox, həm də evi oldu. Bütün günü işlədi. İş saatı bitəndən sonra da mişar, çəkic əlindən düşmədi. Bir amalı vardı: özünə gün ağlamaq. Hamı kimi o da uduş lotereyası aldı. Bəxti gətirdi. Elə həmin gün emalatxanadan ayrıldı. Üst-başını təzələdi. Ölkədəki ab-hava da karına gəldi. Xırda alverdən böyük biznesə doğru irəlilədi. Qabağına qaçanların, yol verənlərin sayı çoxaldı. Bəzən verilən salamları “eşit”mədi. Biznesi böyüdükcə özü də “böyüdü”. Onu kürəkəni kimi görmək istəyənlərin sayı artdıqca Qürbətin təkəbbürü yerə-göyə sığmadı.. İlk məhəbbətinin “hədiyyəsi” beşillik cəza olmuşdu. Axı acından ölən birisinə hansı imkanlı qız verərdi ki? Keçmiş taleyi ilə barışmayan Qürbət arabir geriyə rişxəndlə baxmağı da unutmadı. Ağrılı günlərin qisasını alırmış kimi çox qəlblər qırdı. Rişxəndinin qarşısında göz yaşı axıdanlara istehzası lap dözülməz oldu…
Qürbət ailə qurdu. Doğulan ilk körpəsinə bacısının – Fazilənin adını verdi. Böyüdükcə daha çox anasına bənzəyən Fazilədən təkcə anasının yox, itkin düşən bir yaşlı bacısının da ətrini aldı. Yalnız o ətri duyanda Qürbət tamamilə dəyişdi. Həlimləşdi, təkəbbüründən əsər qalmadı və həmin anda həmsöhbəti onu yenidən kəşf etdi…
Qürbət bacısını çox axtardı, amma tapa bilmədi. Hansı uşaq evinə getdisə, Fazilə adlı qızın həmin ildə qeydə alınmadığını söylədilər. Bacısını tapmadığı üçün özünü günahkar saydı Qürbət. Yeganə təsəllisi qızı Fazilə oldu. Ona yalnız ata deyil, bir həyan, dost, qardaş sandı özünü. Bacısı kimi qızı Faziləni də itirəcəyindən ehtiyat etdi. Ona dikilən hər gözdə saxtakarlıq axtardı, açılan hər ürəkdə varına, dövlətinə hərislik gördü. Çoxlarını incitdi, hətta arxa qapıdan içəri ötürtdükləri də oldu. Hər qələbəsini təntənə ilə qeyd etdi Qürbət. İncitdiyi adamların heç birinə, azacıq da olsa, mərhəmət duymadı. Çox zaman qarşısındakının mütiliyi onu hövsələdən çıxardı. İyrəndi belə adamlardan: “Əzilmək üçün doğulub belələri”, dedi.
Talehin məktubunu da qutudan özü götürdü. Qızına məktub yazmağa cəsarət edən gəncin “dərsini vermək” fikri yuxusuna haram qatdı. Lakin ilk görüşdəcə “qələbə”yə bu qədər yaxınkən özünü məğlub sandı Qürbət. Həyatında ilk dəfə etdiyi hərəkətin ağrısını yaşadı, “niyə?” sualına cavab verməkdə çətinlik çəkdi. O, rastlaşdığı adamları bir-bir xəyal süzgəcindən keçirtdi. Ən güclü rəqiblərini yolunun üstündən asanlıqla götürdüyü günləri xatırladı. “Sənin də havanı çalan tapılar, Qürbət!”- deyən Hafizi yadına saldı. Onda bu sözlərə qəh-qəhə ilə gülmüş: “Artıq sən görən Qürbət çoxdan ölüb, yoxdur”, – demişdi. Qürrələnib sinəsinə döymüşdü və onu məhbəs küncündə yatırdan müdirindən ilk intiqamını belə almışdı.
Ancaq Qürbət üçün bu da kifayət etmədi. Zəminə kabinetinə gəldiyi gün özünü göyün yeddinci qatında zənn etdi. İntiqam hissi gözlərini elə örtdü ki… Ad-sanını yetim yükdaşıyandan “qoruyan” keçmiş müdirin xahiş üçün qızını şirkət sahibi Qürbətin yanına göndərməsi qələbənin ən yüksək nöqtəsi idi…
Zəminə müflisləşən ərinin günah sahibi olmadığını söyləyəndə məhkəmə zalı Qürbətin gözlərinin qarşısında canlandı. “Mənim də heç bir günahım yox idi”, – deyib bağırmaq istədi, lakin Zəminənin gözlərindəki ifadə onu danışmağa qoymadı.
“Yalvarıram, Hafizlə işin olmasın, o, pis adam deyil”, – deyərək hıçqıran Zəminəyə çox yazığı gəldi. “Axı səni niyə göndəriblər?”- deyə bağırdı. Səsindən diksinən qadına: “Get!”- əmrini necə verdiyindən də xəbəri olmadı. Zəminə ağır-ağır qapıya tərəf yönələndə: “Arxayın ol!” – kəlməsini dilinə gətirə bilmədi.
Zəminə getdi. Qürbət nə qədər sıxıntılı olsa da, yarımçıq qalan işlərini sahmana salmaq istədi, amma bacarmadı. Beş illik məhrumiyyətləri, acıları, təhqirləri sanki yenidən yaşadı. Kini bir az da artdı. Amma növbəti zərbəni vurmağa imkanı olmadı. Arvadının minnətə getdiyini öyrənən Hafiz bağ evində özünü asmışdı.
Bu xəbərdən daxili sarsıntı keçirsə də, heç nə olmamış kimi davrandı Qürbət. Hətta dəfnə də getdi. Cılızlaşan keçmiş müdirinə uzaqdan qalib kimi baxdı. Dəfndən qayıdanda isə əda ilə: “Allah səbir versin”, – dedi. Dişi bağırsağını kəsən müdir heç nə deyə bilmədi, bu təsəllidən bir az da balacalaşdı. Onun büzüşməyi Qürbətin nəzərindən qaçmadı. “Bu dünyanın işlərini bilmək olmur, Səttar dayı” – sözləri ilə ötən günləri müdirinin yadına salmağı da unutmadı.
Səttar dodaqaltı nə isə mızıldandı (Əslində onun nə deyəcəyinin Qürbət üçün heç bir əhəmiyyəti yox idi), sonra başını qaldırıb Qürbətin üzünə baxdı. Bu göyümtül gözlərdəki istehzanı ilk dəfə məhkəmə zalında gördüyünü xatırladı…
Qürbətin qızına vurulduğunu eşidəndə tamam hövsələdən çıxmış: “Bir “dərənin iti”nin mənim süfrəmin başında nə işi var? Onu elə gedər-gəlməzə göndərəcəyəm ki, qızımın adını tutmağına peşman olacaq”, – deyə and içmişdi. “İtirdiyi açar” Qürbətin cibindən çıxanda ucaboylu gəncin balacalaşmasını ləzzətlə seyr etmiş, istehza ilə: “Nə qədər mal çırpışdırmısan?”- soruşmuşdu. Gəncin and-aman etməsinə əhəmiyyət verməmiş, anbarda yoxlama başlatmışdı. Bir gecənin içində yoxa çıxan malların hesabını ondan istəmişdilər. Səttar arxasız bir gənc üzərində qələbəni belə qazanmışdı. Lakin Qürbətin məhkəmə zalındakı qəh-qəhəsi uzun zaman qulaqlarında cingildəmiş, bəzən onu yuxudan oyatmışdı. Oyanan zaman gördüyünün yuxu olduğuna çox sevinmişdi. Qürbət cəza evindən gələnə qədər qızını gəlin köçürmüş, tanınmış bir ailə ilə qohumluğun binasını qoymuşdu. Kürəkəni Hafizlə çox yerdə qürur duymuşdu. Yeni tikdirdiyi evə qapı-pəncərə sifarişi verəndə Qürbətin işlədiyi emalatxanaya gəlmiş, onun nimdaş geyiminə, fağır görkəminə rişxənd edərək: “Ay müdir, bir abırlı adam tapa bilmirdinmi ki, yoldan ötəni işə götürmüsən? Bunun gördüyü iş nə olacaq?” – söyləmişdi. Müdir onun dediklərinə əhəmiyyət vermədən: “Əlləri qızıldır. Əgər bəyənməsən, başqa emalatxanaya gedərsən”, – cavabını vermişdi. Sifarişini alanda isə heyrətini gizlədə bilməmişdi Səttar. O zaman bugünkü Qürbətlə rastlaşacağını ağlına belə gətirməmişdi.
Qürbət yas yerindən ayrılanda kürəyinə zillənən bir cüt göz maşına minənə qədər onu təqib etdi. Adi vaxtlarda arxasınca dikilən baxışlara qətiyyən əhəmiyyət verməyən Qürbət bu gün daxili bir narahatlıq keçirdi. Üsyankar gəncin qəzəbli baxışları, hayqırtısı ruhuna elə hakim kəsildi ki, kim olduğunu belə unutdu. Asta-asta yerindən qalxdı. Ətrafda gəzənləri görmürmüş kimi yoluna davam etdi. Amma hansısa bir hiss onu xəstəxanaya tərəf çəkdi. İndiyə qədər etdiklərindən ötrü heç kimə hesabat verməyən Qürbət vicdan məhkəməsi ilə üz-üzə qalmışdı. O, ağır addımlarla pilləkənləri qalxdı. Artıq onun üçün xəstəxanada kiminlə qarşılaşacağının əhəmiyyəti yox idi. Təki gənc oğlan ayılsın.
***
Cingiltili gülüş səsi qulaqlarında əks-səda verəndə Qürbət duruxdu. Bu, kimin gülüşü idi? Nə üçün ona bu qədər doğma, məhrəm gəldi? Addımlarını yavaşıtdı. Palataya yaxınlaşanda gülüş yenidən təkrar olundu. Qürbətin heç nəyə şübhəsi qalmadı. O, bu gülüşü yüz gülüşün içindən ayırd edə bilərdi. Qızının ondan icazəsiz xəstəxanaya gələcəyini ağlına gətirmək istəmədi. Ağırlaşan ayaqlarına ağrı çökdü, addım atmağa taqəti qalmadı. İçəridə isə gülüş səsləri bir-birinə qarışmışdı.
-Qızım, Fazilə, Allah səni həmişə güldürsün. Çoxdan belə ürəkdən gülməmişdim, – deyən səsi eşitdikdə heç nəyə şübhəsi qalmadı. Bəli, bu onun hamıdan qoruduğu, əsən küləyə, doğan Aya, parlayan ulduza belə qısqandığı qızı Fazilə idi.
Qürbət bir anlıq nə edəcəyini bilmədi. Dəlicəsinə bağırmaq, içəri cummaq istəsə də, bacarmadı. Ciyərparasına qıymadı. Divara söykənib dərindən nəfəs aldı, irəliyə gedən yolların üzünə qapandığını zənn etdi. Geri döndü. Pillələri sanki sürünə-sürünə endi. Sərin axşam küləyi üzünə dəyəndə bütün əzalarından üşütmə keçdi. Bir azdan üşütmə sızıltıya çevrildi. Hiss etdi ki, yeriyə bilmir. Vücudunu saran ağrılar ixtiyarını əlindən alır.
Yaxınlıqdan keçən bir taksiyə əl elədi. Evləri ilə xəstəxananın arası xeyli vardı. Yol boyu bir-birini əvəz edən mahnılarda o, keşməkeşli bir ömrün cizgilərini hiss etdi. Qürbət yolun bitməsini arzulamadı. Mahnı qanadlarında mürgüləmək, bu gün törətdiyi hadisəni unutmaq istədi, bacarmadı. Taksi evlərinin qarşısında dayananda zorla maşından düşdü. Evin qapısını da özü açdı. Şıltaqlıqla boynuna sarılan qızını gözləmək fikri indi ondan tamam uzaq idi. Ona elə gəldi ki, ev də əvvəlki hərarətini itirib. Diqqətlə üzünə baxan qadınına, qolları havadan asılan qızına baxmadan yataq otağına keçmək istədi.
-Ata! – sədası yaddaşını silkələdi. Qızını yalnız indi gördü. Dili topuq vurdu:
-Səən nə vaxt gəldin?
-Sənə nə olub, ata? – deyib köksünə sığınan qızının saçlarını tumarladı. Hələ də hərarəti enmədiyi üçün istidən pörtən yanaqlarına, parıltı əvəzinə yaşla dolan ala gözlərinə baxıb alnından öpdü, yavaş-yavaş eyni açıldı.
-Heç, bir az fikirli idim, – dedi.
-Özünü çox yorursan, bir az istirahət elə, – deyən qadınının sözlərini də eşitmədi. Daxili bir narahatlıq bütün gecəni Qürbəti üzdü. Xəstəxanada eşitdiyi səslər, gülüşlər bir tilsim kimi onu özünə çəkdi. Səbirsizliklə səhərin açılmasını gözlədi. Günəşin ilkin şüaları dənizdən boylananda göz qapaqları ağır-ağır endi.
***
Qürbət oyananda günortaya az qalırdı. Cəld yerindən qalxdı. Vanna otağına getmək istəyəndə qızı yenə də uşaq şıltaqlığı ilə boynuna sarıldı. Qürbət bir anlıq hər şeyi unutdu. Hərarəti enməsə də, qızının şən əhvali-ruhiyyəsi ona da sirayət etdi. Süfrə başına keçdi. İştaha ilə yeməyini yedi. Evdən çıxanda dünənki halından əsər yox idi. Sürücü həyətdə onu gözləyirdi. Maşına əyləşən kimi:
-Sür, – dedi.
İncitdiyi gəncin ailəsi ilə tanış olmaq, üzr istəmək, qızını xatırladan gülüş sahibini – Faziləni görmək marağı onu xəstəxanaya çəkdi. İndi ona qarşı tərəfin necə münasibət bəsləyəcəyinin heç bir əhəmiyyəti yox idi. Xəstəxanaya çatanda:
-Məni gözləmə, – deyib sürücünü yola saldı.
Pillələri yüngül addımlarla qalxıb koridora daxil oldu. Koridorun geniş foyesində tibb bacısından nə isə soruşan uca boylu bir kişi diqqətini cəlb tdi. Gözlərinə inanmadı. Bu, Qədir idi. Dustaqxanada tanış olub dostlaşdığı Qədir. Özündən ixtiyarsız qollarını açaraq ona tərəf addımladı:
-Qədir! – deyib səsləndi.
Qədir də iyirmi ildən bəri görmədiyi Qürbəti görəndə gözlərinə inanmadı, amma bu, yuxu deyildi. Qarşısındakı dost yolunda canından keçməyi bacaran Qürbət idi. Bir-birini qucaqlamadılar. Qucaqlaşan əllər və çiyinlər oldu.
-Səni buralara hansı ruzgar atıb, ay Qədir? – deyərək maraq dolu göyümtül gözlərini dostunun üzünə dikdi.
-Oğlum burada yatır. Ona dəyməyə gəlmişəm.
-Xəstəliyi nədir?
-Eh, elə bir xəstəliyi yoxdur. Əsəbi gərginlikdən huşunu itirib. Ayılmağı uzun çəkir.
-Nə vaxtdan xəstəxanada yatır?
-Dünəndən. İlk dəfə anasını itirəndə bu vəziyyətə düşdü. Uzun sürən müalicədən sonra güclə özünə gəldi. Amma indi nə olduğunu bilmirəm. Özü də heç nə demir. Anasının itkisi ilə heç barışmaq istəmir. Nə qədər könlünü açmaq istəsək də, bir kəlmə dinib-danışmır.
Qədir doluxsundu. Gözündəki yaşı dostunun görməməsi üçün üzünü kənara çevirdi.
-Ata, Taleh səni çağırır, – deyən qızın səsi axşamkı gülüşü Qürbətin yadına saldı.
-Gəldim, qızım!
Qədir ağır bədəninə uyuşmayan bir cəldliklə ayağa qalxdı, palataya tərəf yönəldi, işarə ilə Qürbəti də içəri çağırdı. Səsin sehrindən çıxmayan Qürbət özündən asılı olmadan onun arxasınca düşdü. Bir neçə addımlıq məsafə sanki qurtarmaq bilmədi. Qapıda Fazilə ilə qarşılaşanda duruxdu. Özünü ayrı bir dünyada zənn etdi. Anasının çöhrəsi gözünün qarşısında canlandı. Bu, həmin ala gözlər idi. Sol yanağındakı qəhvəyi xal da yerində idi.
Qürbətin dili tutuldu, bir kabus qovurmuş kimi əllərini tərpətdi. Yıxılmamaq üçün divara söykəndi. Fikrini aydınlaşdırmağa çalışdı: Bu nə idi: yuxumu, təsadüfmü, ya illərdən bəri axtardıqlarına qovuşmaq üçün etdiklərinin əvəzində Allahın cəza kimi göndərdiyi hədiyyəmi idi?
Qürbət ayılanda özünü yataqda gördü. Qədir başının üstünü kəsdirmişdi. Taleh çarpayının ayaq tərəfində dayanmışdı. Qürbət hönkürdü. Onun hönkürtüsündəki acı fəryada dözə bilməyən Fazilə də ağladı. Ürəyi boşalana kimi ağladı Qürbət. Heç kim onu sakitləşdirməyə cəhd eləmədi. Sakitləşəndə də heç nə soruşmadılar. Qürbət qırıq-qırıq cümlələrlə özü danışdı hər şeyi. Fazilə adı ilə tanıdığı bacısı Nazilənin şəklini istədi. Qədir həmişə cibində gəzdirdiyi şəkli göstərəndə Qürbət yenidən hönkürdü. Şəkildən boylanan solğun çöhrəli qadın anasının eyni idi…
“BB” HEKAYƏSİ – BÖYÜK BİR SAHƏNİN SÖZ MƏNZƏRƏSİ “BB” – Zaur Ustacın ən çox səs salan hekayəsidir, bəlkə də ədəbiyyat aləmində böyük rezanans yaradan on hekayədən biridir. Kriminal aləmin qloballaşan dünyada adi həyat tərzini qat-qat üstələdiyindən bu başlıq ilk görünüşdə “Bas bayıra” kimi anlaşıla bilər. Yaxud, hələ də bir çox hallarda milli mental dəyərlərimizi qoruyub saxlamağa üstünlük verdiyimiz Azərbaycanımızda onu bizə daha yaxın başqa adlarla da əvəzləyə bilərik. Məsələn: “Böyük Bakı”, “Bizim Bakı”, “Babamın babası”, “Balamın balası” və bu stildə adları daha da uzada bilərik. Lakin bizdən fərqli olaraq Zaur Ustac bu adı yenə də qloballaşan dünyanın başqa – bəlkə də daha vacib bir sahəsinə – bazar iqtisadiyyatının şah damarı sayılan ticarət sahəsinə yönəldə bilmiş və son otuz ildə baş verənlərdən bir qisminin mənzərəsini təsvir etməklə maraqlı süjet xətti üzərində gözəl nəsr nümunəsi yaratmışdır. Hekayə nəsrin kiçik növlərindən biridir. Ya birinci şəxsin dili ilə söylənilir, ya da üçüncü şəxsin təsəvvüründə canlandırılır. Oxucu ilə arada daha tez səmimiyyət yaransın deyə bir çox qələm sahibləri avtobioqrafiq təsir bağışlayacaq tərzdə əhvalatı birinci şəxsin dili ilə nəql etməyə üstünlük verirlər. Zaur Ustac bəzi sələflərinin yolu ilə gedərək, hətta Qərb ədəbiyyat nümunələrindən bəhrələnərək adıçəkilən hekayədə məhz, bu üsulu seçmişdir. Nəsrin digər sahələrində olduğu kimi hekayədə də zaman və məkan anlayışı əsasən mücərrəd olur, lakin konkret göstəricilər də qadağan deyildir. “20.12.2021-ci il, Bakı vaxtı ilə səhər saat 9.00, mən artıq işdəyəm” – hekayə bu cümlə ilə başlayır. Texnikanın inkişafı nəticəsində müasir insan dünyanın istənilən məkanında baş verən hadisə barədə tez bir zamanda xəbər tuta bilir. İndi həyatda elə hadisələr baş verir ki, onlar bədii əsərlərdə təsvir olunanlardan daha maraqlı təsir bağışlayır. Oxucunun diqqətini ilk cümlədə cəlb etmək lazımdır ki, sonra nəql edəcəyin istənilən hadisəni ona maraqla dinlətdirə biləsən. Zaur Ustac ilk cümləsi ilə oxucunun diqqətini özünə cəmləşdirməyi bacarmışdır. “Günün mətbu nəşrlərini vərəqləyirdim ki, telefonlardan biri zəng çaldı”. Bununla da o, həm öz iş yerindəki vəziyyəti təsvir edir, həm də oxucunu ona danışacağı hansısa qəribə əhvalatı dinləməyə hazırlayır. Beləliklə, ofisin telefonlarından biri zəng çalır. Dəstəyi xadimə qaldıraraq cavablandırır və əsərin əsas personajına ötürür. “Karvansara” dərgisinin baş redaktorunun dördüncü müavininin baş köməkçisinin birinci köməkçisi Əli Mülayim özünü təqdim edir və zəng vuran xanımın məqsədini öyrənməyə çalışır. Təqdimatın qeyri-adi uzun şəkildə görünməsi heç də oxucunu dolaşığa salmaq məqsədi daşımır, sadəcə, hürriyyətçilik dövründə belə kolantay vəzifə bölgülərini nəzərə çarpdırmaqla Zaur Ustac planlı dövrdən müstəqillik zamanına keçidin bəzi əndazədən çıxma hallarını təsvir etmiş olur. Həm də oxucuya şərait yaradır ki, qırışığı açılsın, özünü cəmləşdirsin, fikrini hekayədə nəql olunacaq əhvalata yönəltsin, çünki indi onun üçün gözlənilməz bir hadisədən söhbət açılacaq. “BB” şirkətinin nümayəndəsi İlahə xanım telefonda Əli Mülayimin nəzərinə çatdırır ki, qarşıdan yubileylər gəlir, özü də ikisi birdən; həm şirkətin yaranmasının ildönümüdür, həm də şirkətin rəhbəri Bəy Bala müəllimin ad günü olacaq. Bu münasibətlə bos müsahibə vermək istəyir, ona görə ofisə dəvət olunur. Dəvəti məmnuniyyətlə qəbul edir, çünki onların işi elə müsahibələr hazırlamaq, maraqlı əhvalatları yazmaqdır. Beləliklə, “BB” şirkəti ofisinin yerləşdiyi ünvanını dəqiqləşdirən Əli Mülayim dərhal jurnalistin şans alətləri hesab olunan qələm, bloknot, diktafon və fotoaparatı çantasına qoyaraq, necə deyərlər, tədarükünü görüb üz tutur deyilən ünvana. Zaur Ustac müsahibə götürüləcək adamın ofisini – işgüzar şəraitini belə təsvir edir: “T şəkilli masanın üzərində barmaq basmağa boş yer yox idi. Disklər, kitablar, bir neçə işlək vəziyyətdə olan noutbuk və sonsuz sayda kağız-kuğuz… Bu mənzərəni insan öz gözü ilə görməsə, sözlə ifadə etmək çox çətindir”, – deyir. Bundan sonra o, salamlaşma və təqdimolunma səhnəsini təsvir edir: “-Əli Mülayim. -Çox gözəl, Əli müəllim. Vallah, indi elə zəmanədə yaşayırıq ki, mülayim olmayıb neyləyəcəksən ki? Lap yaxşısını elə siz eləmisiniz. Mülayim olun!” Bu, kiçikdən kiçik dialoq-tanışlıq vasitəsilə Zaur Ustac oxucuya, bəlkə də cəmiyyətə böyük mətləblərin sirrini açır. Sanki ölkəmizdə mövcud olan jurnalist-məmur faktoru bu iki-üç kəlmədə öz əksini tapıb. Harın, rüşvətxor, təpədən dırnağadək korrupsiyaya qurşanıb qudurmuş bəzi məmurların qarşısında heç bir sosial müdafiəsi olmayan, hüquqları yalnız kağız üzərində qorunan jurnalistin mövcudluğunu qorumaq, elementar yaşayış tələbatını ödəmək üçün mülayim olmaqdan başqa çıxış yolu qalırmı? Qalırsa da, bu yol mübarizlik yolu deyil, sonda onu həbsə aparacaq əzilmək, sındırılmaq, şərlənmək, ölkədən didərgin salınmaq yoludur. Bu yol itki yoludu, gedər-gəlməz yoldu, çox adam gedib, hələ geri qayıdan olmayıb. Bir nəfər yarı yoldan – Türkiyədən qayıtmışdı, o da dərhal həbsə atıldı. Burda elə görünə bilər ki, əsərin zirvəsinə yaxınlaşma prosesi gedir. Ya elə bir hadisə baş verəcək ki, kulminasiya hesab olunacaq, ya da Bəy Bala müəllimlə Əli Mülayim hansısa sözə görə anlaşmayacaq, bununla da müsahibə alınmayacaq. Əslində, əsəri maraqlı edən elə bu cür süjetlərdir, dirənişdir, personajlar arasında yaşanan dramatiklikdir. Zaur Ustac burda belə görüntü yaratsa da başqa yol seçib. Axı onun personajı hansısa Vulkan, İldırım, Şimşək ləqəbli birisi deyil, sadəcə Mülayimdir. Bəy Bala müəllim onu anlayacaq birisini tapdığına görə uşaq kimi sevinir və dərhal niyyətini açıqlayır. Özünün 55, şirkətin yaranmasının 20 illiyini müsahibinin diqqətinə çatdırır. Amma özünü elə göstərir ki, onun buna ehtiyacı yoxdur, elə-belə, sözgəlişi “mətbuatda, televiziyada bu barədə məlumat getsin”, deyir. Əsərin bu yerində Bəy Bala müəllim gözlənilmədən bir eyham vurur: “Bir də xahiş edirəm o maskanı çıxardasınız. Burada kim var ki? İnanın səmimiyyətimə, bunlar hamısı boş şeydir. Can verən də, alan da, bax, o kişidir!” Burda Zaur Ustac üstüörtülü olsa da diqqəti iki məqama yönəldib. Birincisi, dünyanı ağuşuna götürmüş Koronavirus pandemiyası nisbətən səngisə də, qapalı məkanlarda maskasız gəzmək qadağası tam olaraq aradan qaldırılmamışdı. Bəy Bala müəllim öz iş otağında maskasız əyləşsə də qonağının maskada oturmağı onu narahat edirdi, tıncıxdırırdı. İkinci məsələ isə bunun məcazi mənasından gedir. Bir də görürsən məmur hansısa jurnalistin səmimiyyətinə inanır, ağzın qoyur Allah yolunda, nə istəyir, danışır. Danışığı xəlvətcə lentə alan jurnalist cənabları bir müddət sonra bunu üzə çıxardaraq yayır və aləm bir-birinə qarışır. Ya da əksinə olur, məmur jurnalisti dilə tutub danışdırır, onun səsini yazır, rəhbərlərinə qarşı istifadə edir. Maskalanmış insanlardan cəmiyyətdə hər nə desən gözləmək olar. Zaur Ustac məharətlə bu eyhamı vurub tez də üstündən adlayıb keçir. Mirzə Ələkbər Sabir demişkən: “Səs salma, yatanlar ayılar, qoy hələ yatsın!” “Dedi (Söhbət Bəy Bala müəllimdən gedir – Ə.A) və əlini tavandan sallanan bahalı çilçırağa tərəf elə şəstlə qaldırdı ki, məndə də qeyri-iradi olaraq gözəgörünməz qüvvənin bu çilçırağın içində gizləndiyinə əminlik hissi yarandı”. Beləliklə, Əli Mülayim Bəy Bala müəllimdən müsahibə götürür. Bəy Bala müəllim uşaqlığından başlayaraq həyatında baş verən bütün hadisələri xırdalığınadək incələyib danışır. Böyük ölkənin necə kiçik dövlətlərə parçalandığından, oxuya-oxuya alverə qurşandığından, xırda ticarətini inkişaf etdirərək ailə biznesi yaratdığından tutmuş ailədaxili baş verən kiçik detallaradək hər nə baş veribsə, hamısını açıqlayır. Burda yazıçı məharəti dərhal özünü büruzə verir. Zaur Ustac Bəy Bala müəllimin dili ilə Sovetlər ölkəsinin dağılması ilə müstəqillik əldə etmiş dövlətimizin hansı daxili fəsadlarla üzləşdiyindən, o vaxtkı insan təfəkkürünün bir andaca əriyib getməsindən və yeni yaranmış münbit bazar-ticarət əlaqələrinin sürətlə inkişafından və başqa mətləblərdən söhbət açır. Ən nəhayət, hər şeyi yerli-yataqlı danışıb rahatlıq tapandan sonra Bəy Bala müəllim soruşur: “-İndi bu yazının adını nə qoyacaqsınız? Fikrimdən “Bit Biznesi” keçsə də “Böyük Biznes” dedim. -Bəlkə bu yazının adını elə “Böyük Bədbəxt” qoyasınız. Ya da heç nə lazım deyil. Yubiley-mubiley olmayacaq”. Dahilərdən hansısa deyib ki, “bütün xoşbəxtliklər eynidir, bədbəxtliklər isə müxtəlif cür olur”. Zaur Ustacın baş qəhrəmanı da özünü “Böyük Bədbəxt” hesab edir. Baxmayaraq ki, evli-eşikli, qohumlu-əqrəbalı birisidir. Biznesi də özünün dediyi kimi Bakıdan vurub Dubaydan çıxan, Dubaydan vurub İstanbuldan fırlanaraq yenidən Bakıya gələn böyük şəhərlərdə adam sıxlığından istifadə edərək sürətlə artıb çoxalan nadir biznes sahəsidir. Bununla belə o, özünü böyük bədbəxt hesab edir. Deməli, xoşbəxlik var-dövlətdə, ailə-uşaqda, qohumlar və dostlar arasında ayın-şayın yaşamaqda deyil, səni anlayacaq birinin yanında olmaqdır. Bəy Bala müəllim məhz o gün – müsahibə verdiyi gün onu anlayacaq birini tapdığına sevinir və özünü xoşbəxt sanır. “-Lap əla oldu. Xeyli yüngülləşdim. Başqa heç nə lazım deyil”, – deyir Bəy Bala müəllim. Bu qədər qohum-əqrəba, dost-tanış, biznesində istifadə etdiyi adamlar arasında onu anlayacaq bircə nəfər də olsun tapıb ürəyini boşalda bilməyən “Böyük Biznes” sahibi Bəy Bala müəllim… Zaur Ustacın “BB” hekayəsini uğurlu nəsr əsərlərindən hesab etmək olar. Ən azından otuz illik bir qərinənin gözəçarpmayacaq panoraması canlandırılır bu hekayədə… Bilmədiyimiz, bəlkə də varlığına fikir vermədən adi hal kimi baxıb, yanından ötüb keçdiyimiz ciddi sahələr işıqlandırılıb bu əsərdə… Yazıçının missiyası qələmə aldığı əhvalatı təkcə bədii mətnə çevirib cəmiyyətə təqdim etməkdən ibarət deyil, həm də sətiraltı olsa belə cəmiyyətə ideya verib hekayəsini hərtərəfli mənalandırmağı bacarmaqdır. Düşünürəm ki, Zaur Ustac burda qarşıya qoyulmuş tapşırıqların hər ikisinin öhdəsindən məharətlə gəlib. “BB” hekayəsində təkcə şirkət qurub bizneslə məşğul olmaq deyil, çalışqan insan üçün götürüb inkişaf etdirəsi müxtəlif istiqamət və yollar mövcuddur. Ən əsası isə dövrün bir çox böyük sahələri bu kiçik həcmli əsərdə öz mənzərəsini əks etdirib. 20 noyabr 2022, Xırdalan şəhəri. Müəllif: Əli bəy AZƏRİ ƏLİ BƏY AZƏRİNİN YAZILARI