MURAD MƏMMƏDOV. YENİ ŞEİRLƏR.

MURAD MƏMMƏDOVUN YAZILARI

???…
Yaşamaq gözəl hissdir,
Sənə dəyən olmasa.
Dünyanın nəyi pisdir,
İnsan yaşa dolmasa?!
* * *
Gül canıyla əlləşər,
İstidən bağrı bişər.
Onlar da gözdən düşər,
Saralmasa, solmasa.
* * *
İnsan qisas alarmı,
Bir-birini çalarmı,
Kin, küdurət olarmı,
Pislik yadda qalmasa?!
* * *
Saf eşq səni əyərmi,
Sevən özün öyərmi,
Yaşamağa dəyərmi,
Yar qadanı almasa?!
* * *
Murad görür, götürür,
Ətrafına ötürür,
Baxır, dünya itirir,
Gündə təbil çalmasa.

DAMLA-DAMLA
Damla-damla ömür axır,
Can quruyur, yanaq solur.
Günahlarım dönüb baxır,
Yaddaşıma pərçim olur.
* * *
Günahımı yuyammıram,
Çalışıram təmiz olam.
Bu dünyadan doyammıram,
İzi itən bir dar yolam.
* * *
Tükənməyir arzularım,
Bu dar yolun sonundayam.
Üç övladdı mənim varım,
Mən onların canındayam.
* * *
Tanrım, sevgim sənə görkdü,
Çarəsizəm, qolum bağlı.
Baxan deyir canı bərkdi,
Daş kimidi zalım oğlu.
* * *
Mənə canı verən sənsən,
Yaş artdıqca kölgəm itir.
Günahımı görən sənsən,
Ya bağışla, ya da bitir.

XOŞ GƏLDİN
(60 yaşın astanasında öz-özümlə söhbətim)
Getdiyim bu yolun sonu işıqdır,
Bilməsəm, bir addım atarammı heç?!
Qismətim ömrümə bir yaraşıqdır,
Bu qismətə haram qatarammı heç?!
* * *
Bu yolun əvvəli gün kimi aydın,
İşıqlı sonuna arxayınam mən.
Etdiyim səhvləri hərdən bir saydım,
Ancaq istəmişəm hey yayınam mən.
* * *
Demirəm sərrafam, naşıyam mən də,
Dünyanın çəmini tapa bilmədim.
Kefim kök olardı kənarda, gendə,
Amma dar ayaqda heç vaxt gülmədim.
* * *
Bu dünya fanidi, mənə də qalmaz,
Mən mələk deyiləm, çox günahım var.
Nə qədər yaxşılıq etsəm bəs olmaz,
Bir kəsə çəp baxsam dünya dağılar.
* * *
Altımış yaşım var çox şeyi gördüm,
Həyatın dəyişməz qanunları var.
Bezmədim ağrı da, kədər də dərdim,
Bildim ki, yaxşı gün məni də tapar.

BƏZƏN
Bəzən qanın qaralar,
Bəxtin səni öyməsə.
Hər bir dərdə çarə var,
Allah səni döyməsə.
* * *
Yüz səhv edər dayanmaz,
Günahını sayanmaz,
Baxma, insan oyanmaz,
Başı daşa dəyməsə.
* * *
Düzdə xana qurulmaz,
Piylənmiş baş durulmaz,
İnsan oğlu qırılmaz,
Dövran onu əyməsə.
* * *
Ruhum safdı, qoyarmı?!
Heç şeytana uyarmı?
Murad sənə qıyarmı?
Dilin onu söyməsə.

O
Sevən ürək paxıl olmaz,
Halal, təmiz doğular o.
Sevən kəsdə ağıl olmaz
Eşq içində boğular o.
* * *
Uşaq kimi tez aldanar,
Sevdiyini canı sanar,
Öz eşqini bəzən danar,
Öz içinə yığılar o.
* * *
Evdə qalsa, tək qarıyar,
Bəxti korsa, susar, duyar,
Eşqdən solar, tam quruyar,
Kor bulaq tək soğular o.
* * *
Dara düşsə, susmaz, dinər,
Hikkəsiylə səni yenər,
Məhvərindən silkələnər,
Kərpic-kərpic dağılar o.
* * *
Yarı ölsə o an solar,
Susar, dinməz, fikrə dalar,
Sevdasından dəli olar,
Məcnun deyə çağrılar o.

DÜNYANIN
Gözü doymaz bu dünyanın,
Hər gün gedib gələni var.
Dərdə düşüb ağlayanı,
Sırtıq-sırtıq güləni var.
* * *
Qaraqışqırıq salanı,
Ömrünə balta çalanı,
Yalandan nəfəs alanı,
Ayaq üstə öləni var.
* * *
Dar ayaqda zaman getməz,
Dərd qurtarmaz, azar bitməz,
Eh, aşmağa ömür yetməz,
Yüz təpəsi, bələni var.
* * *
Murad, boylan, sən də dur keç,
Vaxtın varsa bir yuva seç,
Hamı nankor olarmı heç,
Qədir-qiymət biləni var.

60 YAŞIMA
Bu da bir qismətdi, buna da şükür,
İlahi, başqa bir umacağım yox.
Duyuram ürək də qaş-qabaq tökür,
Təkəm, sığınmağa bir qucağım yox.
* * *
Hər kəsin sonu var, bunu bilirəm,
Bu ömür alnıma yazılan yazı.
Allahın əlindən tutub gəlirəm,
Nə vaxt ki buraxdı, bitər ən azı.
* * *
Bu ömrü sevərək duydum, yaşadım,
Çalışdım düz gedəm yolumu hər an
Hər il bir nişanə qoydum, yaşadım,
Bildim ki, məni də udacaq zaman.
* * *
Ruhum tər-təmizdi axar su kimi,
Hər günə şükr edər, sevinər, gülər.
Hələ ki sınmayıb könlümün simi,
Kökdədi, hər nəğmə çalına bilər.
* * *
Bu ürək çox dözdü mənim oduma,
Dinmədi, görmədi üzümdə kədər.
Ləkə gətirmədi mənim adıma,
Nə də incitmədi bu vaxta qədər.
* * *
İlahi, hər zaman sənə borcluyam,
Ağlım üstümdədi, təbim rəvandı.
Bilirsən əzəldən nəçiyəm, oyam,
Cismim qocalsa da, ruhum cavandı.

SEVİN
Siz ey mənim əzizlərim, qismətdəki adı sevin!
Hər bir dilə vaqif olun, demirəm ki yadı sevin!
* * *
Eşqə biganə qalmayın, sevginizə sadiq olun,
Millətimin eşq simvolu Şirini, Fərhadı sevin!
* * *
Şirinliyi dil anlayar, tez ötürər beyinlərə,
Sərraf olun, aqil olun, ağzınızda dadı sevin!
* * *
Dostluq edin, seçin hər vaxt fərəhlənən könülləri,
Müxənnətdən uzaq olun, arayın, dilşadı sevin!
* * *
Heç qəzəl yazmamışam, anlayıram mən ərk elədim,
Vaxtınız olsa əgər, bir az da bu Muradı sevin.

BİLİNMİR
Bir sual həmişə hey yorar məni,
O nədi heç zaman yaşı bilinmir.
Nə bir ölçüsü var, nə bir ölçəni,
Bu işdə nə usta, naşı bilinmir.
* * *
Əvvəl gəl-gəl deyər, üzünə gülər,
Həyatda hamının başına gələr,
Sonu nə olacaq, bir Allah bilər,
Axırı, əvvəli, başı bilinmir.
* * *
Ay Murad, naşısan, sən də çox oxu,
Görmədim doyanı, harını, toxu,
O elə dağdı ki çıxammır çoxu,
Ətəyi, zirvəsi, qaşı bilinmir.

DEYİLMİŞ!
İçimdə o qədər ağrı-acı var,
Baxıram, bu dünya mənlik deyilmiş!
Çevrəmdə o qədər qardaş, bacı var,
Dərdimi soruşmaq sənlik deyilmiş!
* * *
Başım açılmayır mərəkə, yasdan,
Nə səndən yarıdım, nə də ki, dostdan,
Sanki sıxılıram bu basa-basdan,
Ayılıb görürəm tünlük deyilmiş!
* * *
Üzümə baxanlar dərdimi anlar,
Mənə yad deyil ki, qohumdu onlar,
İllərin dərdimlə ortaqlığı var,
Nə aylıq, nə də ki, günlük deyilmiş!
* * *
Ay Murad, taleyin min oyun oynar,
Köksün alovlanar, qaynar ki, qaynar,
Baxma, dərdlərinin hər an həlli var,
Əgər həlli yoxsa, tənlik deyilmiş.

Müəllif: Murad MƏMMƏDOV

MURAD MƏMMƏDOVUN YAZILARI


“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir