
KƏNDİM İMANLARDI, OĞLUM CƏLALDI
Bu da iki doğmam, iki əzizim,
Kəndim İmanlardı, oğlum Cəlaldı.
Atamın yurdunda daşlaşan izim;
Kəndim İmanlardı, oğlum Cəlaldı.
Daha ayrılıqlar yolu çaşıbdı,
Vüsaldan sevincim aşıb-daşıbdı.
Dağların qoynunda qoşalaşıbdı,
Kəndim İmanlardı, oğlum Cəlaldı.
Hərə öz səmtini tapdı, aradı,
Elə bil min ilin tanışlarıdı.
Sormayın bu kimdi, bura haradı? –
Kəndim İmanlardı, oğlum Cəlaldı.
Arxası Çalbayır, sağı Mıxtökən,
Buluddan nəm çəkən dağlara söykən.
Bu ulu görüşdən ikisi də şən,
Kəndim İmanlardı, oğlum Cəlaldı.
Köhnə kişiləri imam övladı,
Şərəflə qoruyar gənclər bu adı.
Təzədən başlayır yeni həyatı,
Kəndim İmanlardı, oğlum Cəlaldı.
Müəllif: Arif Məmmədli
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru