ÖZ YARADICILIĞI İLƏ GƏLƏCƏK İLLƏRİN PRİORİTETLƏRİNİ MÜƏYYƏNLƏŞDİRƏN ALİM

Kamal CAMALOV

ÖZ YARADICILIĞI İLƏ GƏLƏCƏK İLLƏRİN PRİORİTETLƏRİNİ MÜƏYYƏNLƏŞDİRƏN ALİM

(Pedaqogika elmləri doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar müəllimi, Azərbaycan Yazıçılar Birliyinin üzvü Kamal Camalovun 50 illiyi münasibətilə)

İnsanlara qoyulan ad bir çox hallarda onların taleyinə öz mistik təsirini göstərir və sanki ilahi həmin adın daşıyıcısını bu ada layiq olmaq üçün hazırlayır. Belə insanlara yaşadığımız zaman ərzində rast gəlirik və adının haqqını verən insan deyirlər belə insanlara. Kamal müəllim də ədəb-ərkanı, kamali-səliqəsi, ziyalılığı və elmi təfəkkürü ilə öz adının haqqını verən insandır. Onunla tanışlığımız elmdə ən çətin mərhələmizdə-elmlər doktoru diplomunu alanda olmuşdu və hər ikimiz Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasından çıxarkən ayaqüstü söhbətimizdə mən qarşımda duran, hələ cavan olmasına baxmayaraq həm elmdə, həm də Naxçıvanın sosial-ictimai həyatında nüfuz qazanmış insanın psixoloji portretini cıza bildim. Kamal müəllim öz ömrünü elmə, elmi axtarışlara həsr edən, yaşadığı illəri həmin illərin elmi məhsuldarlığı ilə ölçən cəfakeş alimlərimizdəndir. Onun hər il kafedra qarşısında verdiyi illik hesabatını sosial şəbəkədə bütün ictimaiyyətə təqdim etməsi, alimin bütün cəmiyyət qarşısında hesabatını ifadə edir. Alim öz elmi-fəlsəfi təfəkkürünə, akademik səviyyəsinə güvənəndə onun üçün özünüifadə çox asan olur. Kamal müəllimin yazdığı əsərləri, monoqrafiyaları, məqalələri onun yuxusuz gecələrinin, böyük zəhmətinin bəhrəsidir və bu əsərlərlə o özünü həm insan, həm vətəndaş, həm də alim kimi təqdim edir.

Ziyalı qıtlığı, alim olsa da ziyalılıq zirvəsinə qalxa bilməmək bu gün də elmi ictimaiyyətdə aktual problem kimi qalır. Biz hələ elmi səviyyəni qiymətləndirməkdən əvvəl, qarşımızdakı insanın insani keyfiyyətlərini, şəxsiyyətlərarası münasibətlərdəki yerini etik normalar süzgəcindən keçiririk. Bəzən bu süzgəcdən keçə bilməyən insanların yüksək elmi səviyyəsi ilə əxlaqi keyfiyyətləri tərs mütənasib olanda onların intellekti, həqiqi elmi nüfuzu kölgədə qalır. Kamal müəllim gözəl əxlaqı dərin elmi zənginliyi ilə üst-üstə düşən alimdir. Bunu onunla söhbətlərdə, ətrafdakılara münasibətində asanlıqla  görmək olar.

Kamal müəllimin tərcümeyi halı onu gənc yaşlarından özünü elmə həsr etmiş, bu yolun çətinliklərinə baxmayaraq, elmdə öz adını, nüfuzunu, yerini təsdiqləmiş alim, Naxçıvanın yalnız elm məkanında deyil, eyni zamanda, ictimai-siyasi həyatında fəal rol oynamış ictimai xadim kimi səciyyələndirməyə imkan verir. Zəngin elmi-pedaqoji fəaliyyəti bizdə heyrət qarışıq heyranlıq hissi oyadır və bunu onun elmi-pedaqoji-ictimai-siyasi fəaliyyəti də təsdiq edir: Kamal müəllim 2004-cü ildə “Hüseyn Cavidin pedaqoji ideyaları” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək pedaqogika üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almışdır. 1999–2010-u illərdə Naxçıvan Dövlət Universiteti “Gənc Alimlər Şurası”nın sədri vəzifəsini daşımışdır. 2009-cu ildə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasının Əməkdar müəllimi” fəxri adına layiq görülmüşdür. Azərbaycan Respublikasının Prezidenti Yanında Ali Attestasiya Komissiyası 10 yanvar 2012-ci il tarixli (protokol № 01–k) qərarı ilə ona dosent elmi adı vermişdir. Alimin dərslik, dərs vəsaiti və monoqrafiyasına 50-dən artıq elmlər doktoru və professorlar elmi jurnallarda və qəzetlərdə resenzet rəyləri yazılmışdır. 500-dən artıq elmi-pedaqoji məqalənin müəllifidir. Əsərləri ABŞ, Makedoniya, Türkiyə, Kuba, Hollandiya, İran, Özbəkistan, Rusiya və Gürcüstanda nəşr olunmuşdur. Rusiya,  İsveç, Hollandiya, Türkiyə Respublikasında keçirilən Beynəlxalq konfrans və Beynəlxalq simpoziumlarda Azərbaycanı təmsil etmiş, sertifikatlara layiq görülmüşdür. 2010-cu ildən Naxçıvan Dövlət Universiteti Elmi Şurasının üzvüdür. Naxçıvan Muxtar Respublikası dördüncü çağırış Ali Məclisinin deputatı seçilmişdir. 2015-ci ildə Naxçıvan Müəllimlər İnstitutunun Elmi Şurası tərəfindən “İlin alimi” adına layiq görülmüşdür. 2018-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Müdafiə Şurasında “Azərbaycan məktəb və pedaqoji fikrinin inkişafı tarixində “Molla Nəsrəddin” jurnalının və mollanəsrəddinçilər hərəkatının yeri və əhəmiyyəti” mövzusunda doktorluq dissertasiyasını uğurla müdafiə etmiş və pedaqogika elmləri doktoru elmi adına layiq görülmüşdür. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

Bu il mənim həm alim, həm də müəllim  kimi çox böyük hörmətim və rəğbətim olan Kamal müəllimin 50 yaşı tamam olur və 50 yaşın zirvəsindən geriyə, keçdiyi ömür yoluna baxan Kamal müəllim, heç şübhəsiz ki, məmnunluq hissi keçirir. Ömrünü gənc nəslin təlim-tərbiyəsində şam kimi yandıran, elmdə yorulmadan araşdırmalar aparan, çağdaş Azərbaycan pedaqoji elminin, gənc olmasına baxmayaraq, tanınmış siması olan Kamal Camalov 6-cı onilliyə keçidin astanasında həm vətəndaş, həm alim kimi özünə hesabat verir və gələcək illərin prioritetlərini müəyyənləşdirir.

Kamal müəllimin qətiyyəti, elmi prinsipiallığı, elmə olan böyük sevgisi, tükənməyən tədqiqatçılıq həvəsi onu deməyə əsas verir ki, hələ qarşıdakı uzun illər Kamal Camalov imzası elmi cameəni klassik və çağdaş pedaqogikaya, onlar arasında varisliyin əhəmiyyətinə, milli-mənəvi dəyərlərimizin təbliğinə, pedaqoji fikir tariximizin açılmamış qatlarının tədqiqinə həsr etdiyi əsərlərlə bizi sevindirəcək. Bu gün Azərbaycan pedaqoji elminin belə alimlərə, elm adamlarına çox ehtiyacı var.

Əziz Kamal müəllim, Sizi 50 illik yubileyiniz və ömrünüzün ikinci baharına keçməyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Sizə cətin və şərəfli elmi-pedaqoji fəaliyyətinizdə uğurlar, can sağlığı, xoşbəxtlik arzu edirəm. Nə yaxşı ki, qədim Azərbaycan diyarı olan Naxçıvan-Nəqşi-Cahan Kamal Camalovu yetişdirib!

                   Müəllif:    Elza MOLLAYEVA                      

                   Bakı Dövlət Universiteti

                  Pedaqogika elmləri doktoru

                 Qabaqcıl Təhsil İşçisi, Azərbaycan Yazıçılar Birliyinin üzvü,

                  “Qızıl Qələm” mükafatçısı

ELZA MOLLAYEVANIN YAZILARI

KAMAL CAMALOVUN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

AKİF ABBASOVUN YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir