DAR QURSAQ OLMAYAQ
Bu günlər sosial şəbəkələrdə hökumətimizin Qarabağda yaşayan ermənilərə yardım göstərməsi daha çox qınaq obyektinə çevrilib. Humanitar yardım şəkillərinin altında belə şərhlər (qarğışlar) adi hal alıb – “Burunlarından gəlsin!”, “Ehsanları olsun!”, “Haramları olsun!”, “Salamat yeməsinlər” və s. Mən qanımıza susayan ermənilərin büdcəmizin xərc gözünə ağırlıq salmağın tərəfdarı deyiləm. Amma, burda bir incəlik, necə deyərlər bir əmma var ki, buna heç kim fikir vermir. Ermənilər 35 ildi bizdən ayrılıb necə deyərlər çayın o tayına keçiblər. Ermənilər bizimlə çayın eyni tayında olanda bizimlə dolanırdılar, çörəkləri bizdən çıxırdı. Buna rəğmən də özlərini ələbaxım ruhda aparırdılar. Qarabağ erməniləri keçmişdə Qarabağ bəylərinə nökər, mehtər və digər xidmət sahəsində çalışıblar. Etiraf edək ki, onlar həmişə ağır işlərimizi daha ucuz qiymətə görüblər. Aradan keçən 35 il bu ermənilərdə müəyyən mənada dikbaşlıq, ucuz qürur hissi yaradıb. Birdən-birə belə dikbaşların çayın biz olan tayına keçib köhnə adət-ənənələrə qayıtması (oturması) çətin olardı. Buna görə də əvvəl humanitar yardımla ağızlarının odunu alırlar. Yəni hökumətimiz ən ağıllı yolu seçibdir. Dikbaşlıq edən, ucuz qürur nümayiş etdirən erməniyə bunu demək asan olacaq: -Qozumuzu yeyib bizimlə qoz-qoz oynamaq olmaz!
Bir sözlə ermənilərə verilən humanitar yardım bir tərəfdən beynəlxalq aləmə bizim onları yedirdib-içirdiyimizi göstərməyə, o biri tərəfdən onları sındırmağa hesablanıb. Bizə torpağımız lazımdır. Torpaqdan qazanacağımızın yanında ermənilərə verilən heç nədir. Buna daralmaq lazım deyil. Həm də ermənilərlə münasibətlər üfiqi yox, şaquli münasibətlər olmalıdır.
İkinci bir tərəfdən bizim hüquq mühafizə orqanları Qarabağ erməniləriylə mehribanlıq etməlidirlər ki, Qarabağa boydanboy basdırılmış minalı əraziləri onların öz əliylə təmizlətsinlər.
Sabah ermənilərlə mehriban görüşən Azərbaycan polisi Kəlbəcərdə, Ağdamda, Xocalıda, Laçında minaya düşən sakinlərimizin qanının havayı axmasının qarşısını alacaq.
Üçncüsü isə bu qədər itkinlərimiz haqqında məlumatı da bizə onlar verəcək. Sadəcə erməniləri bir-birindən ayırmaq lazımdır. Onlar ayrılan kimi bir-birinin bizə qarşı etdiklərini bizimkilərin ovcuna qoyacaqlar. 30 ildən çoxdur oğlundan-qızından xəbər almayanlar bir gözüylə ağlayacaq, bir gözüylə güləcək!
Məsələ bu qədər bəsit və sadədir!
Gəlin hökumətimizin etdiklərinə əmma qoymayaq! Dar qursaq olmayaq!
Müəllif: İlham QƏHRƏMAN
MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru