
LAÇIN – 100 ƏDƏBİ ANTOLOGİYA
AŞIQ ABBAS
Piçənis kəndində doğulub. Təxminimizə görə XIX əsrin birinci yarısı və XX əsrin əvvəlləri aralığında yaşayıb. Qarabağda və Zəngəzurda tanınmış aşıq olub. Kürdhacılı Sultan bəyin müasiri və yanında mirzəsi olub. Qalada Xan qızı Xurşidbanu Natəvanın da üzvü olduğu Məclisi-ünsün toplantılarında iştirak etmişdir. Onun hazırcavablığı bu gün də dillər əzbəridir. Gözəl şeirlər müəllifi olan aşığın irsi aralıqda it-bat olub. Diqqətinizə çatdırılan aşağıdakı nümunə isə Laçının Ələkçi kəndindən Ramil Cəbrayılın yaddaşından qələmə alınmışdır.
AŞNALIQ EYLƏMƏ
Aşıq Abbas Qalada (Şuşa) keçirilən məclis və şənliklərə tez-tez dəvət alırmış. Bir gün Cıdır düzündə Xurşidbanu Natəvan bayram şənliyi keçirirmiş. Aşıq Abbas da bayram şənliyinə dəvət alır. Necə olursa Aşıq Abbas şənliyə gecikir. Məclisə gec gələn Aşıq Abbas Xan qızının şəninə bir şeir söyləyir:
Sevgili sultanım, istəkli xanım,
Gəl yadlara aşinalıq eyləmə.
Dön başına könül sevən aşiqin,
Hər nakəsə ilticalıq eyləmə.
Qoynun içi qızıl gülün çəməni,
Dodaqların ləli-mərcan Yəməni,
Aşiqinəm, hər dəm yada sal məni,
Vəfalı yar, bivəfalıq eyləmə.
Nə müddətdir həsrətini çəkirəm,
Gözlərimdən qanlı yaşlar tökürəm,
Vəfalı qulunam, sənə nökərəm,
Padişahım, gəl qəddarlıq eyləmə.
Hüsnün düşüb Dağıstana, Dərbəndə,
Dodaqların bənzər nabata, qəndə,
Bir busə lütf eylə mən dərdiməndə,
Ağrın alım, nakəsalıq eyləmə.
Mənbə: İlham QƏHRƏMAN
MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru