
DƏNİZ ADAMLARIN ŞEİRİ
Çətindi dəniz ömrü yaşamaq,
Məcbursan
ya dalğaları gəmilərdə qərq edəsən,
ya batırasan gəmiləri dalğalarda…
Sinəni qarsıyıb keçər qasırğalar,
dibini zəlzələlərin təkanları…
Bir ovuc dən üçün qanad çalar qağayılar,
bir tikə yem üçün üzər balinalar.
Bir cüt avara çevrilər
yoxsul balıqçının yorğun qolları kimi qolların…
Hörümçək toru kimidir suların təki,
Su üstündə
bir qətrə şirin su aramağa bənzər
sualtı burulğanlarda inci axtarmaq.
Ölümün gözlərinin içinə dik baxmalısan
fırtınalarla cəngə çıxarkən boş və qabarlı əllərlə.
Hər şeyin sonu bir əfsusdur,
çalış dərinlikləri susdur səssiz təəssüflərinlə…
Ah, bu qabarmalar, bu çəkilmələr…
Çətindir ada ömrü yaşamaq,
bütün batmış gəmilərin qalıqları sənə çıxar,
bütün səmtini itirmişlərin son aqibəti…
Sənsən dalğaların ölən yeri,
ümidlərin dirilən məkanı…
Neçə mənzil uzaq düşməsinə baxma
sahillərə yad siluetlərin…
Hər zaman bir ləpədöyən həyəcanı var
lal qayaların sükutunda…
Bir tüstü görüntüsünə üzər uzaq gəmilər,
Bir ocaq işartısına uçar təyyarələr…
Oysa ki,
ümidlərin puç olduğu məkandır kimsəsizliyin.
Mütləq yaşamalısan
bir Robinzon tənhalığı öz içində…
Dəniz olmaq,
ada olmaq…
Daha çətindir dalğalarda unudulmuş adam olmaq!
07.10.2023.
Müəllif: SÜLEYMAN ABDULLA
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru