
LAÇIN – 100 ƏDƏBİ ANTOLOGİYA
ELŞAD QASIMOĞLU
Hüseynov Elşad Qasım oğlu 01 avqust 1961-ci ildə Laçın rayonunun Mirik kəndində dünyaya gəlib. 1980-ci ildə Şuşa Pedaqoji Məktəbini ibtidai sinif müəllimi ixtisası üzrə bitirib. Daha sonra Xankəndi Pedaqoji İnstitutunun tarix fakültəsində qiyabi təhsil almışdır. 1980-2010-cu illərdə Laçın rayonunun Quşçu, Mirik və Budaqdərəsi məktəblərində ixtisası üzrə müəllim, direktor müavini və direktor işləmişdir.
GƏL SƏNƏ SEVMƏYİ ÖYRƏDİM
Deyirsən sevmirəm, sevə bilmirəm,
Gəl sənə sevməyi elə öyrədim…
Dolaşaq qol-qola əlim belində,
Vüsal atəşiylə yansın ürəyim –
Gəl sənə sevməyi belə öyrədim…
Darayım telini səhər mehi tək,
Düşüm dodağına bahar şehi tək.
Yaralı ceyran tək, ürkək ahu tək,
Dikilsin gözünə həsrət gözlərim –
Gəl sənə sevməyi belə öyrədim…
Bəxtəvər tanısın qoy hamı bizi,
Yansın qəlbimizdə sevginin közü.
Sevincdən yaşaran o nəmli gözü,
Gah silim, gah öpüm, gah əzizləyim –
Gəl sənə sevməyi belə öyrədim…
Mavi dəniz, coşan dalğa, mən də tək,
Həsrətdən alışır sinəmdə ürək.
Qaça-qaça, oğrun-oğrun gələrək,
Gəzsin dodağında titrək əllərim,
Gəl sənə sevməyi belə öyrədim…
Gözlərimiz sakit-sakit baxışsın,
Ürəyimiz oda dönsün alışsın.
Nəfəsimiz bir-birinə qarışsın,
Tərpənməsin nə dodağın, nə dilim,
Gəl sənə sevməyi belə öyrədim..
01.12.2017.
Mənbə: İlham QƏHRƏMAN
MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru