
LAÇIN-100 ƏDƏBİ ANTOLOGİYA
ZAMİN LAÇINLI
Zamin Behbud oğlu Məhərrəmov 15 may 1973-cü ildə Laçının Cicimli kəndində anadan olub. 1990-cı ildə Cicimli kənd orta məktəbindən məzun olub. Bakı Maliyyə İqtisad kollecini bitirib. Ermənistanın Azərbaycana təcavüzü nəticəsində ölkəmizdə yaranmış müharibə şəraiti ilə əlaqədar olaraq Laçındakı 811 saylı hərbi hissədə xidmətə başlayıb. 1993-cü ildə Laçın RPŞ-də polis serjantı kimi fəaliyyətini davam etdirib. Laçın, Kəlbəcər, Qubadlı, Cəbrayıl, Zəngilan və Füzuli rayonları uğrunda gedən döyüşlərin iştirakçısıdır. “Çəkənə dərd-sərdi dünya” adlı kitabın müəllifidir.
Çəkənə dərd-sərdi dünya
Yavaş-yavaş, bala-bala,
Ver çəkim mən dərdi, dünya.
Sənlə mənimki tutmadı,
Yalan, böhtan, şərdi dünya.
Qaçdı dalınca haqladı,
Tutdu, yolundan saxladı,
Yalan düzü ayaqladı,
Heç sevmədi mərdi dünya.
Ta əzəl gündən belədi,
Yoxsulu dərdə bələdi,
Məzluma yükdü, şələdi,
Bilinməyən sirdi dünya.
Hardan əsdi bu ruzigar,
Gah ayrılıq, gah intizar,
Zamin, etmə giley-güzar,
Çəkənə dərd-sərdi dünya.
Mənbə: İlham QƏHRƏMAN
MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru