
ŞƏHİD, ŞAİR – ŞAHGÜNDÜZ
Şahgündüz Habil oğlu Cabbarov 1995-ci ildə Bərdə rayonunun Mollalı kəndində məcburi köçkün ailəsində anadan olub. Əslən Laçının Oğuldǝrǝ kəndindəndir. Bərdənin Meşəçilik qəsəbəsində yerləşən Laçın rayon tam orta məktəbində təhsil alıb. 2016-cı ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Qaz-neft və mədən fakültəsini bitirib. Azərbaycan Dövlət Neft Şirkətində qazmaçı kimi işə başlayıb.
Tovuz döyüşlərindən sonra hərbi komissarlığa gedərək adını könüllü yazdırıb. Oktyabr ayının 1-ində cəbhəyə yola düşür, həmlə taborunda döyüşür. Füzuli, Qubadlı, Zəngilan və Cəbrayıl uğrunda gedən döyüşlərdə iştirak edib. 25 oktyabr 2020-ci ildə Füzuli rayonunun Əbdürrəhmanlı kəndi yaxınlığında gedən döyüşlərdə şəhid olub. Binə qəbiristanında dəfn edilib. “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Cəsur döyüşcü” medalları ilə təltif olunub. Şahgündüzün ömür və döyüş yolundan bəhs edən “Şahgündüz zirvəsi” sənədli filmi çəkilib.
QOCA QARTAL
(27 noyabr 2016, Xocavənd rayonu, hərbi xidmətdə olarkən)
Qoca qartal, səsin gəlmir nədəndi?!
Yoxsa, çağlar həmən çağlar deyilmi?!
Niyə belə sakit-sakit baxırsan,
Sənin yerin uca dağlar deyilmi?
Qanad aç, qanad aç uca göylərə,
Özünlə ruhumu apar, a qartal!
Keçirt caynağına mənfur düşməni,
Sahib ol o elsiz yurdlara, qartal!
Daha bağlanmasın qolun-qanadın,
Səs sal gülü solmuş bağça-bağa sən.
Bir milyon didərgin elin-obanın,
Yetir salamını Qarabağa sən.
Sən Xarı bülbülün ahın, naləsin,
Duman Yeddiqata sarılanda gör,
Mənim ilhamımın eşqin, həvəsin,
Qırxqızdan Laçına boylananda gör.
Əzəldən tək gəlib, tək gedən qartal,
Bir gün dilə gəlib, dillənəcəksən.
Gündüzün ürəyin fəth edən qartal,
Bir gün Qarabağı fəth edəcəksən!
Mənbə: İlham QƏHRƏMAN
MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru