Murad Məmmədov: – GÖZÜN AYDIN OLSUN, VƏTƏN!

GÖZÜN AYDIN OLSUN, VƏTƏN!
Gözün aydın olsun, Vətən!
Başından duman çəkildi.
Sinəndə yaralar bitən
Yerində güllər əkildi.
* * *
Gözün aydın olsun, Vətən!
Nəsəyanlar indi yaddı.
Şəhid olan, səndən itən,
On minlərin ruhu şaddı.
* * *
Bu torpağa yad olanlar,
Sənə yamaq, ad olanlar,
Yuxu kimi yox oldular.
Yüz illərlə canımıza,
Zəhər qatan ox oldular.
* * *
Gözün aydın olsun, Vətən!
Dağlarının gözü gülür.
Otuz ildir bu torpağın
Qoxusuna həsrət qalan,
Sorağını gendən alan
İnsanların üzü gülür.
* * *
Sevin, Vətən, pis nəfisdən,
Üz qaraldan pasdan, hisdən,
Təmizləndin, pak oldun sən.
Yaraların sağalacaq,
Ağrıların çəkiləcək,
Yaddaşından silə bilsən.
* * *
Gözün aydın olsun, Vətən!
Göylərin göyə oxşayır.
Çoxdu köməyinə yetən,
Ruh halın bəyə oxşayır.

PAYIZ DUYĞULARIM
Payız vaxtı bu dağ, dərə,
Xəzan olur neçə kərə.
Allah çəkən bu mənzərə,
Göz oxşayır, şəhanədi.
* * *
Yazılanı düz anlamaq,
Dərk eləyib tez anlamaq,
Bir baxışdan söz anlamaq,
Kamilliyə nişanədi.
* * *
Dərd yaranıb çəkmək üçün,
Cana azar əkmək üçün.
Göz yaşını tökmək üçün,
Yəqin dərd də bəhanədi.
* * *
Qismətinə haram qatan,
Ömrü boyu yalan satan,
Tanrısına təpik atan,
Vallah, billah divanədi.
* * *
Dərviş ömrü seçənlərin,
Dərddən paltar biçənlərin,
Acı şərab içənlərin,
Murad, yeri meyhanədi.

QOCALIQ GƏLİR
Gah başın ağrıyar, gah da ki dişin,
Gözlərin doldusa, qocalıq gəlir.
Bu gün görmədiyin yarımçıq işin
Sabaha qaldısa, qocalıq gəlir.
* * *
Otuzdan sonrakı omrü yarı böl,
Bax ordan başlayır ağrı, acı bil.
Yaddaş ki, korşaldı, hərdən çaşdı dil,
Bənizin soldusa, qocalıq gəlir.
* * *
Dərdinə dərman ol, tanışın, yadın,
Çalış çirklənməsin həyatda adın.
Gözündə işığın, canında odun,
Biri azaldısa, qocalıq gəlir.
* * *
Ürəyin tövşüyər, əriyər yağı,
Aşa bilməyəndə dərəni, dağı.
Qurbanı olduğum qaradan ağı,
Saçına saldısa, qocalıq gəlir.
* * *
Ay Murad, rahat ol, qocalma təki,
Seçə bilirsən ki, sən tükdən tükü.
Bir cavan yanaşıb çəkdiyin yükü,
Əlindən aldısa, qocalıq gəlir.

QƏZƏL
Baxıram ki, vərdiş olub canımızda karlığımız,
Yaxşı sözü eşitmərik, yaman yatıb varlığımız.
* * *
Pul ödəyib dərs alarıq, oxumarıq, hey gəzərik,
Bu Vətənə, bu dövlətə sıfırdı yararlığımız.
* * *
Məsləhəti eşitmərik, imkan verməz qürurumuz,
El içində utandırar, xar edər idbarlığımız.
* * *
Hacılıq ki, şərəf olub el içində,ay əzizim,
Yalan üstə qurulubdu inan ki, dindarlığımız.
* * *
Tamah bizi məhv eləyir, gözü doymur insanların,
Yaddan çıxır, unudulur dar qəbirdə darlığımız.
* * *
İnsanları aldadırıq, ay Murad eynək taxırıq,
Özümüzü şax tuturuq, heç bilinməz korluğumuz.

KEÇİR
Niyyətin pak olsa, qəlbin ağrımaz,
Çəkdiyin dərd-azar ürəkdən keçir.
İnsanın qaməti niyə əyilsin?
Çünki əzabların kürəkdən keçir.
* * *
Dolğunluq dövründən öncə dərilən,
Əksər günahları Tanrıdır silən.
Qiyamət günündə sənə verilən,
Nə qədər sual var gərəkdən keçir.
* * *
Murad dinməsə də hər şeyi görür,
Gündəlik özünə hesabat verir.
İnsanlar əyilir min dona girir,
Ən ağır imtahan çörəkdən keçir.

İNCƏYƏ SARI
Artıq yollarımın sonu görünür,
İçimdən yol gedir, İncəyə sarı.
Əhvalım çovğuna, qara bürünür,
İçimdən yol gedir, İncəyə sarı.
* * *
Dünyanın ləzzəti gözümdən düşür,
Niyyətim od olur, içimdə bişir.
Xəyalım hər gecə daş-kəsək eşir,
İçimdən yol gedir, İncəyə sarı.
* * *
Bu gözəl dünyadan uzaqlaşıram,
Gah təpə enirəm, gah dağ aşıram.
Qaranlıq yollarda azıb çaşıram,
İçimdən yol gedir, İncəyə sarı.
* * *
Bir yandan bu isti canımı alır,
Nəfəsim təntiyir, taqətdən salır.
Nə qədər yol gəldim, izlərim qalır,
İçimdən yol gedir, İncəyə sarı.
* * *
Fikir məni boğur, həyanım olmur,
Hay- həşir salıram, duyanım olmur,
Daha günahımı sayanım olmur,
İçimdən yol gedir, İncəyə sarı.
* * *
Dərdi çox yenmişəm, yenə yenəcəm,
Yüz alov yandırıb, sonra sönəcəm.
Harda doğulmuşam, ora dönəcəm,
İçimdən yol gedir, İncəyə sarı.

YETMƏZ
Dərd birdimi əlac edək,
Cana yığdı, hara gedək?!
Arzular çox, ömür gödək,
Ha çabala, zaman yetməz.
* * *
Ləkə düşər bəyaz ağa,
Yüz qoruq qoy, yüz qadağa.
Bu dünyanı qavramağa
Baş sındırma, güman yetməz.
* * *
Şirin dadın çoxdur adı,
Damağından getməz dadı.
Tanrı alışdıran odu,
Söndürməyə ümman yetməz.
* * *
Tələsirsən danlamağa,
Nə uşağam, nə də çağa.
Yarəb, məni anlamağa,
Yaxşı çatmaz, yaman yetməz.
* * *
Bir nəzər sal, bax boyuma,
Yaraşığam öz soyuma.
Ay Murad, mənim hoyuma,
Ürəyimə daman yetməz.

OLMUR
Çəkdiyin dərd saçlarında dən olur,
Alın yazın qismətinlə tən olur.
Payız gəlir, duman olur, çən olur,
Yağış yağır, söykənməyə dağ olmur.
* * *
Gen gəzirsən kələk oğlu kələkdən,
Sınayırsan, keçirirsən ələkdən,
Yanılırsan, dad umursan fələkdən,
Gülənmirsən, kefin hər an çağ olmur.
* * *
Baş açmadım bu müəmma, bu sirdən,
Payın palçıq olur dağılır birdən.
Neyləyəsən, ay sağ olmuş ki, hərdən,
Taleyin kəm olur, bəxtin ağ olmur.
* * *
Kim deyir dərd-azar tək səni seçir,
Ay Murad, insanlar yüz dərdlə köçür.
Nə olsun könlündən oynamaq keçir,
Yaş qoymur, bəzən də canın sağ olmur.

ALLAH BİLƏN MƏSLƏHƏTDİ
(İsmixan Yusubova müraciətlə)
Bu dünya onun işidi,
Gərdiş onun gərdişidi.
Ömrü yazan o kişidi,
Allah bilən məsləhətdi.
* * *
Nəkarəyik özbaşına,
Təpik vuraq yad daşına.
Xəyal qurma boş-boşuna,
Allah bilən məsləhətdi.
* * *
Böyükləri yad eləyək,
Ruhlarını şad eləyək.
Biz kimik ki, ad eləyək,
Allah bilən məsləhətdi.
* * *
O nəsildə bir dənəsən,
Sən alimsən, dürdanəsən.
Taleyinə şükr elə sən,
Allah bilən məsləhətdi.
* * *
Saxlayırsan hörmətini,
Öz sözünü-söhbətini.
Yaşayırsan qismətini,
Allah bilən məsləhətdi.
* * *
Əlimizdən heç nə gəlmir,
Qismətini kimsə bilmir.
Dünən gülən, sabah gülmür,
Allah bilən məsləhətdi.
* * *
Bəd şeyləri dərd eləmə,
Nə istəmə, nə diləmə.
Bir tənliksən sən ölümə,
Allah bilən məsləhətdi.

DÜŞÜNDÜKLƏRİM
Bəzən seyr edirəm, heç nə yazmıram,
Zehnim təzələnsin, durulsun barı.
Ömür yollarında, şükür, azmıram,
Gedirəm yol alıb Tanrıya sarı.
* * *
Nələrdən keçmişəm, nələr görmüşəm,
Yadıma düşdükcə, dondurur məni.
Həyatda sevinc də, qəm də dərmişəm,
Etdiyim günahlar yandırır məni.
* * *
Tövbə son əlacdı, başqa yolum yox,
Bütün günahlarım Ona əyandı.
Yadıma salmağa indi halım yox,
Unutdum, Tanrı da bağışlayandı.
* * *
Günahsız bəndələr mələklər olur,
Oturur çiynində hey günah sayır.
Olur ki, Allah da ağlını alır,
Oğulsan doğrunu yalandan ayır!
* * *
Dünyaya gəlmədim öz istəyimlə,
Doğuldum, kimisə günahkar bilim?!
Mən öz əməyimlə, mən öz səyimlə,
Çalışdım həyatda bir yerə gəlim.
* * *
Nə qədər düzəm mən, bir Allah bilir,
Fikrimi dəyişən insan deyiləm.
İl ötür, yaş ötür, axirət gəlir,
Sanmıram, bu yaşda sınam, əyiləm.

VƏTƏNDİ
Bu torpaq hamıya Vətəndi, qardaş,
Hamı bu torpaqdan qüvvət, güc alır.
Bu ömür nə vaxtsa bitəndi, qardaş,
Bəs niyə kasıblar vaxtsız qocalır?!
* * *
Dünyanın dərd-səri bunamı qalıb?!
İlahi, kasıbın Allahı yoxmu?!
Dərd elə boğub ki gözləri dolub,
Göz yaşı quruyub, damcı yaş axmır.
* * *
Ruzini harına, çörəyi toxa,
Dərdi toxum bilib əkənə verdin.
Nə əkir cücərmir, çıxardır yoxa,
Əzabı göz yaşı tökənə verdin.
* * *
Vətən dara düşür, dərdini çəkir,
Özünə qəsd edir, canına qıyır.
Özüylə bərabər dördünü çəkir,
Nə işdən soyuyur, nə qorxu duyur.
* * *
Bir oğul böyütdü min bir əzabla,
Düşündü nə vaxtsa nəvə görəcək.
Bir oğlu varıydı, oğulsan tabla,
Onu da Vətənə qurban verəcək.
* * *
Ay Allah kasıba az zülüm eylə,
Vətənin dərdini alır kasıblar.
İlahi, bəndənə düzünü söylə,
Nədən üzüyola olur kasıblar?!

DÜŞÜNCƏLƏRİM
Təmənna güdmədim gördüyüm işdən,
Savabdır, bir şey ki əlimdən gəlir.
Əl çəkə bilmədim mən bu vərdişdən,
Neyləyək, düzünü Yaradan bilir.
* * *
İnsanın içini bir kimsə bilməz,
Hər kəsə qapalı, sirli otaqdır.
Həyatda mollalıq əlimdən gəlməz,
Çünki əməllərim çataq-çataqdır.
* * *
Ayıra bildinsə, xeyiri şərdən,
Şükr elə Allaha, səndə nəsə var.
Fikirləş, bir düşün, ağılla hərdən,
Niyə insanlıqdan çıxır adamlar?!
* * *
Günahsız doğulur əvvəl bəndələr,
Sonradan kiminsə çırağı sönür.
Ağıllı insana dünya gen gələr,
Cahilin, fərsizin kələfi dönür.
* * *
Bu dünya fırlanır, ağılla düşün,
Ağlına gəlməyən başına gələr.
Yaxşılıq eləyib gördüyün işin,
Sonu nə olacaq, bir Allah bilər.
* * *
Düz dolan, ey insan, aldatdıqların,
Dolanıb arxanca səni gəzməsin.
Yüz ağrı, işgəncə yaşatdıqların,
Səni izləməsin, səni üzməsin.

DÜNYA
Ay dərd çəkən, bir ayılsan, can gedir,
Qismətdimi?! Tanrı sənə yar olsun!
Dərd çəkməyən nə bilir ki, dərd nədir,
Anlamayan dərdə düşsün, xar olsun!
* * *
Acıdımı, şirindimi, bilmirsən,
Dərddən ayıl, özünə gəl, ayazı.
Söylə, nədən heç danışıb gülmürsən,
Dərdi bölmək yüngüllükdü, ən azı.
* * *
Əlimizdən nə gəlir ki, ay insan,
Bircə təsəlliyə gücümüz çatır.
Artıq dərd-azara öyrəşmiş cansan,
Sənə ağıl vermək ancaq baş qatır.
* * *
Bu dünyanın əvvəli bu, sonu bu,
Hara qaçaq, hara gedək bilmirik.
Altın torpaq, üstün səma, yanın su,
Yağ içində yaşamağa gəlmirik.
* * *
Beş-on illik ömür düşür bizlərə,
Baş açılmır, dərd qoymur ki, güləsən.
İynə batsın xain, yaman gözlərə,
Hardan dəyir, onu necə biləsən?!
* * *
Murad dərdə yaxınıydı, bilərdi,
Yeri, yurdu, xarabası haradı.
Ağ olsaydı bəlkə xoşa gələrdi,
Ay dilbilməz, dərdin rəngi qaradı.

AĞRIN ALIM
Bir başa sal, qoy anlayaq, danış bizə, ağrın alım,
Hardan gəldin şeiriyyata, uydun sözə, ağrın alım.
* * *
Bax dərd olar, seçilməzsən, yazdıqların itər, batar,
Bu yol yaman çətin yoldu, girmə gözə, ağrın alım.
* * *
Çoxdu səni istəməyən, nankor, naqis, kor adamlar,
İnsan hər cür çətinliyə gərək dözə, ağrın alım.
* * *
Yazan gərək aqil ola, gördüyünü dərk eləyə,
Bu dünyanı bir dolanıb, azca gəzə, ağrın alım.
* * *
Əvvəl bir bax, seyr elə sən, doğru olsun dediklərin,
Dediyini quru demə, bir az bəzə, ağrın alım.
* * *
Tanrı bizi bu dünyada dara salır, çox sınayır,
Bəndə gərək nə usana, nə də bezə, ağrın alım.
* * *
Bu SÖZ ki var, çox köhnədi, çox işlənib, sən ayıq ol,
Elə fikir söylə ki sən, olsun təzə, ağrın alım.
* * *
Murad, sən də çox öyünmə, azdı hələ bildiklərin,
Şair odu hər gedişi yaxşı çözə, ağrın alım.

ZAMAN
Zaman ömrün qənimi,
Köhnə sözdü. Yenimi?!
Mən dəyişdim yönümü,
Yol aldım günbatana.
* * *
Ömür gödək, vaxtım dar,
Ağ gün inan baş qatar,
Gör nə qədər borcum var,
Hər dadıma çatana.
* * *
Minnət olar, borc alma,
Məni hörmətdən salma.
Canım, qəti bənd olma,
Şərəfini satana.
* * *
Tamahın cibi dolmur,
Gül açır, gülü solmur,
Tanrı da kömək olmur,
Ömrü boyu yatana.
* * *
Dinmədimsə, hey yandım,
Özümə günah sandım.
Söz deməyə utandım,
Dərdimə dərd qatana.
* * *
Gərək qəlbin düz olsun,
Söz deməyə üz olsun.
Murad niyə boz olsun,
Hörmətini tutana?!

BİLMİRƏM
Bəlkə də, fikrimi düz deyənmirəm,
Safdı, sağlamdımı canı, bilmirəm.
Nə danım, olur ki, mən bəyənmirəm,
Ruhumun bəzəyi hanı, bilmirəm?!
* * *
Hər kəsin fikrinə hörmət edirəm,
İzi bilinməyən yoldu gedirəm.
Sonu nə olacaq, onu güdürəm,
Əvvəli aydındı, sonu, bilmirəm.
* * *
Nə yazdım canına istilik keçmir,
Sanki buz bağlayıb, gözüm su içmir.
Bezdim isitməkdən ruhuna köçmür,
Görən açılarmı donu, bilmirəm?!
* * *
Murad pərvanədi duyan kəslərə,
Ona hörmət edib sayan kəslərə.
Mənim sözlərimi yayan kəslərə,
Borcum nə olacaq, onu bilmirəm?!

BƏIKƏ DƏ…
Sına qismətini, həmişə sına,
Tanrının səbrini yoxlamaq üçün.
Nə bəxtdən gileylən, nə Onu qına,
Nəyə sahibsənsə, onunla keçin.
* * *
Çalış ki, özünü sevindirəsən,
Gördüyün hər işdən ləzzət alasan.
Tər töküb zəhmətlə ömür sürəsən,
Halal davranasan, halal qalasan.
* * *
Dünyanın növrağı gözündən düşə,
Şeytan aldatmaya, ağlın çox ola.
Evində bir qismət qaynaya, bişə,
Gözün axtarmaya, nəfsin tox ola.
* * *
Möhtac olmayasan tanışa, yada,
Nə olsa dərdini özün çəkəsən.
Pislik etməyəsən kimsəyə, ya da
Yaxşılıq toxumu səpib əkəsən.
* * *
Ağlını almaya Allah əlindən,
Bütün sınaqlardan quru keçəsən.
Övlad inciməyə acı dilindən,
Gecənin birində sakit köçəsən.

QƏZƏL
Arif olub söz deyəsən, yanında ustadın ola,
Sözdən xalı toxuyasan, yaddaşlarda adın ola.
* * *
Elə şirin danışasan, hər kəlməndən gül qoxuya,
Sözdən şərbət düzəldəsən, ağızlarda dadın ola.
* * *
Zəhmət çəkib böyüdəsən, arzuların puç olmaya,
Baxıb hər an sevinəsən, ağıllı övladın ola.
* * *
Yeriyəndə şax gəzəsən, qızarmaya heç vaxt üzün,
Gendən baxıb gülməyələr, saf kökün, əcdadın ola.
* * *
Nə papağı yerə düşə, nə də insan pərt olmaya,
Hər kişinin arxasında söz anlayan qadın ola.
* * *
Murad hələ çox cavansan, Yaradana yalvar hər gün
Ağlın səni xar etməyə, pozulmayan yadın ola.
*yad- yaddaş mənasında işlənir.

Müəllif: Murad MƏMMƏDOV

MURAD MƏMMƏDOVUN YAZILARI

MURAD MƏMMƏDOVUN KİTABI



Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Süleyman Abdulla: – Tutaq ki…

TUTAQ Kİ…

Tutaq ki, tutmağa yox idi sözü,
Olanı-qalanı gopdu tutaq ki…
Adamı boş yerə topa tutmazlar,
Atəşə tutulan topdu tutaq ki…

Tapmadı əl yeri bəlli,- batanda,
Yoxdur məsələnin həlli batanda…
Ayağı qopmadı əlli batanda,
Atanda ürəyi qopdu tutaq ki…

Bir gözü aydadır, çayda bir gözü,
Tülkü eynəyindən baxır şir gözü.
Tutmadı, görəndə su içmir gözü,
İçənin cibinə hopdu tutaq ki…

Daha o gəmilər dönməz limana,
Bilməz kim unuda, duymaz kim ana…
Nə dinə gələsi, nə də imana,
Keşişdi, molladı, popdu tutaq ki…

Müəllif: SÜLEYMAN ABDULLA

SÜLEYMAN ABDULLANIN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

“Xəzan” jurnalının baş redaktoru, əslən Zəngilandan olan yazıçı, I Qarabağ müharibəsi iştirakçısı Əlibəy Azəri ilə görüş keçirilib.

Hərbi – vətənpərvərlik mövzusunda görüş
25 oktyabr Xaqani Poeziya Evi və Mərkəzləşdirilmiş KS-nın birgə təşkilatçılığı ilə “Xəzan” jurnalının redaktoru, əslən Zəngilanımızdan olan yazıçımız, l Qarabağ müharibəsi iştirakçısı Əlibəy Azəri ilə görüş keçirilib.
Tədbir Dövlət Himnimizin səsləndirilməsi və Şəhidlərimizin ruhunu bir dəqiqəlik sükut ehtiramı ilə açıldı. Mədəniyyət Mərkəzinin direktoru Şəfiqə Məmmədova tədbir iştirakçılarını salamlayandan sonra Poeziya Evinin müdiri, şair AY Bəniz Əliyar qonağın tərcümeyi-halı və ədəbi fəaliyyəti haqqında dolğun məlumat verdi. Çıxışçılar arasında Shabran Mks -nin direktoru Firəngiz Aslanova, yerli yazarlardan şair Bayram Novruz, Əşrəf Dağbilicili, Nermine Rzayeva, Gülnar Zakir Qızı, yazıçı dostlardan Daşqın Məmmədov, Vüsalə Anar da var idi. Məktəblilər də tədbirə xüsusi rəng qataraq onları maraqlandıran sualları müəllifə ünvanladılar.
Tanınmış yazıçı hərbi-vətənpərvərlik mövzusunda qələmə aldığı əsərlər haqqında və keçdiyi döyüş yolundan söz açdı, sualları cavablandırdl, kitablarından tədbir iştirakçılarına hədiyyə etdi. Tədbirdən fotolar:

Fotoqraf: Füzuli Baratov

Nəticədə tədbir iştirakçıları yazıçının hərbi-vətənpərvərlik mövzusunda qələmə aldığı əsərlər, “XƏZAN” jurnalı və keçdiyi döyüş yolu ilə tanış olub. Maraqlı diskusya şəraitində baş tutmuş görüşü zamanın tələbləri ilə səsləşən, aktual məsələlərin həlli istiqamətində təklifləri özündə ehtiva edən faydalı tədbirlərdən biri kimi dəyərləndirmək lazımdır.

“YAZARLAR”  JURNALI olaraq, bu qəbildən olan bütün fəaliyyətləri yüksək qiymətləndirir və işıqlandırmaqdan qürur duyuruq. Uğurlarınız bol olsun!!!

Mənbə: Xaqani Poeziya Evi

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

ZAHİD SARITORPAĞfIN YAZILARI

AKİF ABBASOVUN YAZILARI



Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru


Əli Rza Xələfli – Ağla dağlar…

Ağla dağlar

Məhəbbət Kazımovun ölümünə

Bir bülbül oxudu getdi,
Qəlbini toxudu getdi.
Elə bil yox idi getdi,
Kəs yolunu,saxla dağlar,
Ağla dağlar,ağla dağlar.

Ox dəydi yarada qaldı,
Gözləri qarada qaldı.
Ayrılıq arada qaldı,
Bu yaranı bağla dağlar
Ağla dağlar,ağla dağlar.

Gəlir ki,uyuya yata,
Dərdinə, qəminə bata.
Gümandı vüsala çata,
Bu hicranı dağla, dağlar,
Ağla dağlar,ağla dağlar.

Ağladı könlümün quşu,
Taladı ağılı,huşu.
Soyuqdu dağların başı,
Bir haray sal,çağla dağlar.
Ağla dağlar,ağla dağlar.

Ölümdümü,oldumu bu,
Bir bülkülməz qoldumu,bu
Gedər-gəlməz yoldumu bu,
Bağla dağlar,bağla dağlar.
Ağla dağlar,ağla dağlar.

Kəmənd elə qurşağını,
Çək qoynuna uşağını,
Tutma qana qaşığını.
Bulud-bulud ağla dağlar,
Ağla dağlar,ağla dağlar.

Bir aşiq yol gəlir sənə,
Bir həsrət qol gəlir sənə.
Qəhərə dol,gəlir sənə…
Qol açıb qucaqla,dağlar,
Ağla dağlar,ağla dağlar.

24.10 2015.

Muəllif: Əli Rza Xələfli

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

ZAHİD SARITORPAĞfIN YAZILARI

AKİF ABBASOVUN YAZILARI



Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Səadət Qərib – Sənsizliyin tablosu.

Sənsizliyin tablosu
(esse)
Sənlə mən bu qədər uzun müddət ayrı qalmamışdıq..
Mən ayrılığın bu dərəcə acı olduğunu heç təsəvvür belə etməmişdim ..
Sən getdiyindən bəri unutmuşam hər şeyi..
Səndən başqa hər şeyi..
Hətta özümü, var oluşumu…
Güzgüyə baxmağı belə…
Bilirsən ki, güzgüyə baxmağı çox sevərdim..
Bu gün uzun zaman sonra aynanın qarşısına keçdim..
Ordan boylanan qızı tanımadım..
Çox dəyişmişdi..
Gözlər eyni olsa da, baxışlar fərqli idi…
Soyuq baxırdı…
O gənc, çılğın, nəşəli qız getmiş,yerinə tam başqa biri gəlmişdi…
Az müddətdə
kədərli qırışlarla kimsəsizliyin tablosu çəkilmişdi çöhrəsinə.
Soyuq bir hava çökmüşdü gözlərinə…
Sənsizlik tablosu …
Mən səni unutmaq istəmirəm, amma sənsizliyi unutmaq istəyirəm.
Çünki “sənsizlik” ,sənin yoxluğunu hər addımımda mənə xatırladır.Axı mən alışa bilmirəm sənin yoxluğuna..
Sən gedəndə əlvida demədi sənə dilim, çünki, bu bir əlvida deyil, biz sənlə gec-tez yenidən görüşəcəyik.. Bilirəm mənsiz orda qəribsən mənim kimi.
Yeni dünyamızda görüşmək ümidiylə ey unuda bilmədiyim adam..

Müəllif: Səadət QƏRİB

SƏADƏT QƏRİBİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Ruhiyyə Poladova bu günlərdə qardaş Türkiyədə səfərdə olub.

FAYDALI SƏFƏR.

Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin l vitse prezidenti Ruhiyyə Poladova bu günlərdə qardaş Türkiyədəki səfərdən maraqlı xəbərlərlə qayıdıb.Belə ki,mədəniyyət sahəsində müəyyən məsələlər üzrə faydalı təkliflərlə qarşılıqlı layihələrin və belə qarşılıqlı görüşlərin həm Türkiyədə,həm də Bakıda keçirilməsini məqsədəuygun olduğunu nəzərə almışlar.Mədəniyyətlər arası mədəni irsimizlə daha dərindən tanış olmaq qarşıdakı fəaliyyətimiz üçün genış perspektivlər aça bilər.O cümlədən,mədəniyyət və incəsənət adamları ilə qarşılıqlı əlaqələrin daha sıx olmagına gətirib çıxarar.
Türkiyədə olarkən R.Poladova İstanbul Pendik Bələdiyyəsi Kultur işlər müdiri Mustafa Kemal Çalıkcı ilə gələcək müştərək fəaliyyətimiz barədə ətraflı söhbət aparmış,belə qarşılıqlı görüşlərin faydalı olacagını vurgulamışdır.
Eyni zamanda teatro oyunçusu,yönetmen və yazan Zülfükar Yazcaqla iş birliyi qurmağa razılııq almışdır. Görüşlərin faydalı olacagına ümid edən Ruhiyyə xanım artıq layıhənin həyata keçirilməsinə start vermişdir.Bu işdə şübhəsiz,Mədəniyyət Nazirliyinin də köməyinə arxalanmaq olardı.Görüş zamanı xatirə şəkilləri çəkilmişdir..


Məlumatı hazırladı: Nəzakət Eminqızı,DAMM- nin və “Yazarlar” jurnalının əməkdaşı ,AJB- nin üzvü,yazıçı- publisist.

Anar və Zemfira xanım – Anar – 85

61 illik birlikdəlik – Anar və Zemfira xanım.

Fotonun müəllifi: Vasif Ayan.

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

ZAHİD SARITORPAĞIN YAZILARI

AKİF ABBASOVUN YAZILARI



Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Həvva Adəmsoy AYB-nə üzv qəbul olunub. – Təbrik!

Həvva Adəmsoyu Azərbaycan Yazıçılar Biliyinə üzv qəbul olunması münasibətilə təbrik edir, bütün fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq! Uğurlarınız bol olsun, Həvva xanım!

Qeyd edək ki, Həvva Adəmsoy məşhur “Şeyx Şamil” tarixi romanın müəllifidir:

“Şeyx Şamil” tarixi-publisistik romanı bu günlərdə “Vətən” nəşriyyatında nəfis şəkildə çap olunub.

AZƏRTAC xəbər verir ki, yazıçı-publisist Həvva Adəmsoyun böyük sevgi ilə qələmə aldığı bu roman müəllifin zəhmətinin, tədqiqatçı inadının sayəsində ərsəyə gəlib. Əsərdə dağlılar arasında yaşayan və artıq əfsanələşmiş Şeyx Şamil obrazı kifayət qədər canlılığı ilə təqdim edilib. Hiss olunur ki, müəllif qüdrətli xalq qəhrəmanının həyat yolu ilə bağlı xalq arasında yaranmış yarıməfsanəvi, yarımtarixi hadisələrin bir çox təfərrüatlarını zaman-zaman öyrənib. Əsəri işləyərkən həmin əhvalatlardan istifadə edib.

Kitabın redaktoru və “Ön söz” müəllifi şair-publisist Əli Rza Xələfli, rəyçisi professor Hikmət Mahmuddur.

Həvva Adəmsoy Şamil sorağı ilə Rusiya, Türkiyə, Azərbaycan, hətta İran və ərəb mənbələrinə də müraciət edib. “Ön söz”də deyildiyi kimi: “Şeyx Şamil” kitabı dəyərli tədqiqat əsəri olmaqdan başqa, həm də günümüzün dəyərli bir tarix əsəridir. Axı Şeyx Şamil özü tarixin bir hissəsidir. Tarix isə öz yaddaşını heç nəyə güzəştə getmir”.

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

ZAHİD SARITORPAĞIN YAZILARI

AKİF ABBASOVUN YAZILARI



Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Musa Aslanxanlı – Ədəbi mühit haqqında xatirə

Bir xatirə… Səməd Vurğun məqalələrinin birində:“Mən şair Əhməd Cəmilin şeir rübabını dinləyirəm. Bu rübabın tellərindən qopan zərif və mənalı nəğmələr nə qədər dadlı və təbiidir… Bunlar saf dağ çeşmələri kimi şırıl-şırıl axır, ilk baharın gülləri kimi ətir saçır” -yazırdı. Həmin şairi- Əhməd Cəmili xatirladim.

Şəkildə “Ulduz” jurnalının redaksiyasında Əhməd müəllimin ətrafına yığışmışıq.Ustad şairlərimizin ruhu şad olsun.Mən o vaxt AYİ-da bir şöbədə işləyirdim. İttifaqın nəşrlərinə köməklik göstərən, onların vaxtlı-vaxtında çapına nəzarət edən şöbə idi. Əslində iş elə qurulmuşdu ki, bizə çox ehtiyac olmurdu.Şöbədə iki nəfər idik. Musa Yaqub müdir idi, mən işçi. Musa müəllim ədəbiyyatı təbliğ birosu xətti ilə, ya elə özünün bir işi ilə bağli çox vaxt rayonlarda olurdu.Mənə də tapşırığı beləydi ki, birdən iş olar, bir tapşırıq olar, heç olmasa ikimizdən birimiz iş yerində olaq. Əlbəttə, mən o tapşırığa əməl etməli idim. Getməli bir yerim olsa, icazə almalı idim. Ciddilik vardı…
Bir səhər mənə xəbər verdilər ki, Əhməd müəllim sizi çağırır. Əhməd müəllim bəzən xəstə-xəstə işə çıxırdı,onunla ünsiyyətdə bunu nəzərə almalı idik. Getdim, görüşdüm. Əhməd müəllim məni çox nikbin, mehriban qarşıladı.Hal-əhval soruşdu. Nəcib,qayğıkeş, əslizadə insan idi… Sözü,cümlələri dupduru…Kiminsə xətirinə dəyməsin deyə, səsi,tələffüzü,intonasiyası da yatımlı…
-Sənə tapşırığım olacaq-,dedi.
-Buyurun.
-“Ulduz” jurnalının çapı gecikir, mən də zəng etməli yerlərə zəng etmişəm, demişəm, hələ ki bir nəticə yoxdu. Sən bu işlə bir maraqlan.
Sağollaşıb, çıxdım.Əhməd müəllim mənə iş tapşırıb,məni ruhlandırıb… Sonradan fikirləşirəm, bəlkə də onun məqsədi elə bu imiş…

Jurnal həm də Azərbaycan LK MK orqanı idi. Məsələ ilə bağlı əvvəl həmin ünvanda oldum, orada müvafiq şöbədə işləyən tanınmış imza sahibi, diqqətəlayiq şeirlərin müəllifi Məmməd Muradla görüşdüm. ( O sonralar Murad Baykal imzası ilə tanındı)
Murad müəllimə fikrimi belə çatdırırdım ki, problemlər yarananda birlikdə hərəkət etməli, o problemi aradan qaldırmalıyıq…
O da nəşriyyata zəng etdi. Mətbəədəki vəziyyətlə maraqlandı… Tapşırıqlar verdi…
Mən sonra nəşriyyata getdim, orda da məsul şəxslərlə görüşdüm. Mümkün qədər çalışıb, nəşri tezləşdirmələrini xahiş etdim.
Səhərisi gün işə gələndə Əhməd müəllim mənə təşəkkür etdi:
-Yaxşı eləmisən, gedib onları bir silkələmisən, hərəkətə gətirmisən…
….Ancaq səhhətimə görə mən şəhərdə-o iş yerində qala bilmədim. Kəndə qayıtdım…
Səhhətimdən danışmışkən, Səyavuş Sərxanlının kənar tərəfində oturan şəxsi, rəhmətlik Vidadi Məmmədovu xatırladım. Çox istedadlı adam idi, ancaq demək olar ki, yazmadı, mənim yadımda bir hekayəsi qalıb. Az danışardı,ancaq ortaya gələn hər hansı bir məsələni aydınladan sərrast fikirlər deyərdi…. Yaddaşlarda qalan eyhamları, atmacaları da olurdu. Bir dəfə də məni hədəfə aldı.
Günortadan sonra redaksiyada çox vaxt şahmat oynayırdılar. Bəzən mən də orda olurdum. Deməli, başıma yay gününə uyğun ağ panama qoymuşam. O panamalar da cavanların yox, əsasən, yaşlı adamların başında olur. Vidadi bir-iki dəfə mənə baxandan sonra:
-Musa müəllim də böyüklərin sırasında addımlayır, panama elə belə deyil…
Bilmədim nə deyim. Ona münasib elə cavab vermək lazım idi ki, əlavə bir sözə imkan yaranmasın. Ramiz Rövşən də ordaydı, oyuna baxırdı, o atmacaya Ramiz Rövşən cavab verdi:
-Musa müəllim o panamanın altında özünü, sağlamlığını möhkəmləndirir…
Çox düzgün cavab idi…
Bu şəkildə olanlardan dünyasını dəyişənlər var. Ruhları şad olsun. Həyatda olanlara möhkəm cansağlığı arzulayıram.

Mənbə: Musa Aslanxanlı

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

ZAHİD SARITORPAĞIN YAZILARI

AKİF ABBASOVUN YAZILARI



Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Qəşəm isabəyli – NƏFSİN AHI


NƏFSİN AHI
(hekayə)

Uşaqlıqda anam atamın üstünə qışqıranda, elə bilərdim, dünyada anamdan güclüsü yoxdu. Bir az böyüyəndən sonra gördüm atam anamın da üstünə qışqırır, bizim də. Onda da elə bildim atam hamıdan güclüdü. Böyüdüm, başa düşdüm ki, yooo… xxx… dünyada yeganə bir güc var, o güc heç adamların üstünə qışqırıb eləmir. Gəl ki, onların canını da ala bilir! Özü də bu elə gücdü ki, yoxluğundan yoxsul əzziyyət çəkir, varlığından varlı! Tamamilə düz tapmısınız, Puldan danışıram! Sevdasını saldım ürəyimə.
Ali məktəbi bitirəndən sonra nəşriyyata işə girdim. Eşitmişdim yazıçılar yaxşı qazanır. Başladım yazmağa. Kitabım da çıxdı, amma qonorar kimi heç mürəkkəbimin də pulunu vermədilər mənə. Böyük qardaşımın dostu vəzifə sahibiydi, onun hesabına nəşriyyat redaktoru da oldum.
Bir ay işləyib yerimi qızdırmamışdım ki, bir gün dedilər:
–Direktor səni çağırır.
Başılovlu özümü saldım qəbul otağına. Katibə əliylə açıq qapını göstərdi. Girdim içəri.
–Cənab redaktor, bu, rus yazıçısı F.Dostoyevskinin Azərbaycan türkcəsinə tərcümə edilmiş əsəridi. Bunu redaktə edə bilərsən?
–Əlbəttə, cənab direktor!
Qovluğu qoltuğuma vurub, eşiyə çıxanda mülayim səsini eşitdim:
–Bir ayaq saxla, cənab redaktor.
“Geri dön!” əmrini almış əsgər kimi fırlanıb üzü arxaya dayandım:
–Eşidirəm, cənab direktor?!
–Göz-qulaq ol, müəllif gələcək, qarşılayarsan.
Cəld qovluğun üstünə baxdım:
–Bunu deyirsiniz, Dostoyevskini?!
–Tamamilə düz tapmısan.
Otağıma gedib, qovluğu açıb qoydum qabağıma. İşgüzar görkəm alıb, başımı tərcümənin üstünə əyib, əlimdə qələm, canidildən işləməyə başladım. Dostoyevski də indi gələr… Birdən əlimi elə bil qaldırıb vurdular alnıma – şapp elədi – a kişi, bu əsəri tərcümə eləyən məndən yüz qat savadlıdı, mən onun işinə nə redaktorluq eləyə bilərəm?! Odur ki, başladım bir-bir vərəqləri çevirməyə. Axır ki, gün axşam oldu. Dostoyevski də gəlib çıxmadı. Durub getdim direktorun yanına. Ağzımı qoymadı açmağa:
–Dostoyevski gəlmədi, deyirsən?!
–Gəlmədi, cənab direktor.
–Bəs kitabdan bir şey redaktə eləyə bilmisən?
–Əlbəttə, cənab direktor.
–Tərcümeyi-halını da?
–Əlbəttə, cənab direktor.
–Get, tərcümeyi-halını bir də redaktə elə.
Elə ki, ilk vərəqi açdım, bahooo… gördüm, zalım oğlu Fyodr Dostoyevski, demə 100 il qabaqdan rəhmətə gedibmiş! Day haray haraya çatacaqdı?! Düz bir həftə direktorun gözünə görünmədim – pərt olmuşdum.
Verən əlim var idi. Göyçaydan 5 dənə “mənəm-mənəm” deyən üçillik xoruz gətizdirdim. Yalançılar sözü, hərəsi bir quzu boyda idi. Bilirdim ki, direktor yaşlı xoruzların ətinə aşiqdi, verdim evlərinə, keçdi günahımdan. Amma arabir pərt eləyirdi məni:
–Həəə… Dostoyevski də gəlib çıxmadı.
Bir neçə ildən sonra Şahlıq quşu qondu başıma. Qardaşımın dostu Mətbuat naziri oldu. Nazir də əvvəl məni balaca bir vəzifəyə qoydu, ordan da nəşriyyat direktorluğuna gətirdi.
Bahooo… pul burda imiş ki! İşə adam götürmək, müəllif qonorarı, kitab satışı… hərəsindən bir az qırtanda bolluca qazanırdım.
Pula elə vərdiş eləmişdim ki, bir gün əlimə dəyməyəndə əsməcəyə düşürdüm.
Görmədiyim günə düşmüşdüm – evim-eşiyim, bağım, hovuzum, maşınım qoşa-qoşa, amma ar-vadım tək idi.
Nə başınızı ağrıdım, bu xoşbəxtliyin içində qan təzyiqi də tapdım, şəkər də, bel ağrısı da.
Bir gün də gözlərim tutuldu.
Oğluma dedim:
–Yığış gedək Moskvaya, Fyodorovun yanına, gözümün işığını qaytarsın mənə.
–Ay ata, Fyodorov sehrbazdı?!
–Nə danışırsan, Svyatoslav Fyodorov dünyanın ən böyük göz cərrahlarından biridi!
–Axı o, sənin gözünün işığını necə qaytara bilər?!
–Ay bala, pulu aparıb ölünün yanına qoysan, vallah, durub dalı üstə oturar!
–Ağlım kəsmir, ata.
–Artıq-əskik danışma, Fyodorovun pula bizdən də çox ehtiyacı var! Qızıl xəncəri də götür, gözlərimin işığını qaytaran kimi bağlayacam belinə!
Getdik Moskvaya.
Fyodorov başladı gözlərimi yoxlamağa. Cibimdə pul, ürəyimdə təpər, yekə-yekə soruşdum:
–Necədi, cənab professor, gözümün işığını nə vaxta qaytarırsınız?!
–Tələsiməyin, yoldam, imkan verin…
Düzü bu saymazlığı gözləmirdim heç. 10-15 dəqiqədən sonra dözmədim:
–Gözümün işığını qaytaracaqsınız, doktor, niyə demirsiniz?!
–Təəssüf…
–“Təəssüf” nə deməkdi, doktor?!
–Gözlərinizin işığını bərpa eləmək mümkün deyil!
–Niyə bəs?!
–Şəkərin fəsadıdı!
–Olsun da… sizin əlinizdə nədir ki, bu?!
–Bağışlayın, mən sehrbaz deyiləm!
–Cənab professor, nə qədər istəsəniz, verəcəm.
–Nə verəcəksiniz, yoldaş?!
Əlimi şappıltıyla vurdum sağ cibimə:
–Pul!
Fyodorov əyilib qulağıma pıçıldadı:
–Pul hər şeyi həll eləyə bilmir, əziz dost!
Nə pulu götürdü, nə də xəncəri verdim.
Mehmanxanaya qayıtdıq. Cibimdəki pulları çıxarıb atdım stolun üstünə. Oturdum çarpayıda, başım saplağı qırılmış armud kimi düşdü sinəmə.
Oğlum soruşdu:
–Ata, pulları neyləyim bəs?!
Səsindən hiss elədim ki, gözləri parıldayır. Demə, məndən də bərk pul aşiqiymiş zalım balası. Dözmədim:
–Pulu neyləyirsən?!
–Bıy, pulu neyləyərlər, ata?!
–Bax elə biri mən, indi neyləyə bilirəm ki, sən də neyləyəsən?!
Dinmədi.
–Cır at, sal təpiyinin altına, gözüm görməsin onu!
–Nə danışırsan, ata, pulu da cırıb atarlar?!
–Bala, pul mənim minilliyimi əlimdən aldı! Elə fikirləşirdim ki, hər bəlamın qabağında qalxan olacaq! Uşaq aşıq yığan kimi yığırdım. Pulun gücsüz olduğunu da gördüm! Bəlkə də bu, pulun gücsüzlüyü deyil, nəfsimin ahıymış ki, məni də tutdu! Lənətə gəlsin pulu!
14-22.10.2023

Müəllif: Qəşəm İsabəyli

Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru