Məxməri payız nəğməsi…

Məxməri payız nəğməsi

Nə tez keçdi bu ömür-gün,
Nə tez keçdi, İlahi!..
Mənim sənə sözüm vardı,
Daha gecdi, İlahi!..

Heç bilmədim nə əməldi,
Nə axırdı, nə əvvəldi!?.
Gedən getdi, gələn gəldi,
Keçən keçdi, İlahi!..

Vurnuxuruq dar qəfəsdə,
İnam saxta, iman xəstə.
Amma yenə son nəfəsdə
Səni seçdik, İlahi!..

Hamı göylərə əl açır…
Varmı məlhəmi, əlacı!?.
Sən verdiyin ömür – acı
bir sevincdi, İlahi!..

Doğulandan ayaqdasan,
Şaxtadasan, sazaqdasan!
…Yaxşı ki Sən uzaqdasan,
Başın dincdi, İlahi!..
Müəllif: İbrahim Rüstəmli

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir