
Sonra…
Sonra günəş doğacaq
gülüşlərinin rəngində
pəncərənə qonub
gözlərini qıdıqlayanda
Yatağının içində
pişik kimi gərnəşəcəksən
Amma mən səni görməyəcəm
Sonra birtəhər oyanıb
bir siqaretin dumanında
işə tələsəcəksən.
Sonra…
Nahar fasiləsində
Yeməyini yeyə- yeyə
Baxışların pəncərədən
Səmadakı boşluğa
tolazlanacaq…
Ötən günlər payız yarpaqları kimi
uçuşacaq könlündə
Bəlkə qarşındakı çayın
hənirtisindən
Əllərimin istisini xatırlayıb
bədənin ürpənəndə
Özün öz əllərini
Ovuşduracaqsan
Amma mən səni görməyəcəm.
Sonra…
Axşamın soyuğunda
Sənə yenə isti olacaq
qarlı qış axşamında
bircə qara köynəyinlə
yorğanı qucaqlayanda
Ağappaq çiyinlərin
Gecənin gözünü dələn
Ay işığı kimi üzümə düşəcək…
Otağının bir küncündən
Sakitcə sənə baxacam
Amma bu dəfə sən məni
görməyəcəksən…
Beləcə ömrün günəşi
qüruba enəcək.
Bir zamanlar çiyinlərini öpən
dodaqlarım
soyuq zülmətə qarışacaq…
Olsun…
torpağı da sevirəm
Çünki o da gözlərinin rəngində…
Müəllif: TURAN NOVRUZLU
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru