
TOLSTOYUN “İLYAS”I
Bu hekayə hələ 1890-cı ildı “Gülnar Xanım” tərəfindən osmanlı türkcəsinə çevrilib.
Yazını və hekayəni oxumaq məsləhətdir, ən azı Tolstoyun xətrinə…
…Dahi Lev Tolstoyun “İlyas” adlı bir hekayəsi var. Yazıçı çox ibrətamiz, həyati bir hadisəni qələmə alıb. 1885-ci ilin 17-18 mart tarixində Krımda yazılmış bu müxtəsər hekayə böyük yazıçının sağlığındaykən bir sıra dillərə tərcümə edilib.
Hələ 1890-cı ildə həmin hekayə tərcüməçi Olqa Lebedeva tərəfindən türkcəyə tərcümə olunub. Maraqlı burasıdır ki, Olqa Sergeyevna Lebedeva “Gülnar Xanım” təxəllüsü ilə bir sıra rus müəlliflərinin əsərlərini osmanlı türkcəsinə çevirmişdi. Yeri gəlmişkən, ərəb, fars və türk dillərini bilən Olqa xanım Kazanda doğulmuş, bir müddət Türkiyədə yaşamış, İslamı qəbul etmişdir…
… İndiki halda söhbət Lev Tolstoyun hekayəsindən gedir. Bəli, hekayənin qəhrəmanı başqırd kəndlisi İlyas, öz zəhməti hesabına kasıblığın daşını atır, var-dövlət, sərvət qazanır. İndi onun ilxısı, sürüsü, naxırı var. Övladları da valideynlərinin sayəsində yaxşı dolanır…
Amma, necə deyərlər, sən saydığını say… Xəsəliklər, oğrular, habelə gözlənilməz qəzalar nəticəsində İlyasın zəhmət hesabına yığdığı var-dövlət tədricən əldən çıxmağa başlayır. Elə bir zaman gəlib yetişir ki, ailə kasıblığın caynağında çabalayır. Qonşu Mühəmmədşah əlicənablıq göstərir, müflis olmuş ailəni öz evinə dəvət edir. Bundan sonra İlyas və arvadı Şam-şemağı Məmmədşahın evində yaşamalı olur.
Bəs vaxtilə fələyə kələk deməyən, imkanlı olmuş ailə bu həyatla necə barışır?.. Qəribə də olsa ər-arvad düçar olduğu həyatdan nəinki narazılıq etmir, hətta özlərini xoşbəxt hiss edir…
Bir dəfə Məmmədşahın evinə elçilər gəlir. Qonaqlar İlyasın keçmişi ilə maraqlanıb öyrənirlər ki, o, vaxtilə çox zəngin adam olub. İlyasa verilən suala onun müdrik xanımı cavab verərək deyir ki, indi biz çox xoşbəxtik, çünki vaxtilə başımız var-dövlət yığmağa qarışmışdı, axirətimiz haqda düşünməyə vaxtımız olmurdu, sərvət yığmaq ehtirası gözümüzü qapamışdı, nə düz-əməlli yatır, nə də dincələ bilirdik. Amma indi çox sakit, qulağıdinc, mənalı bir ömür yaşayırıq…
Söhbətə qarışan İlyas deyir ki, bəli, doğrudan da indi biz xoşbəxtik. Tanrı gözlərimizi həqiqətə açıb…
Bir sözlə, vaxtilə bəndənizin dediyi kimi,
“Dünyada qalacaq dünyanın malı,
Heç kəsə qalmayıb, Firuz Mustafa…”
P.S.
Dahi Tolstoyun qısa hekayəsində başqırd kəndlisinin timsalında müsəlman əxlaqına, dininə və Kitabına böyük ehtiram aydın hiss edilməkdədir.
p.p.s.
Müxtəsər bir hekayə haqda bu çaparaq qeydləri qələmə alarkən araşdırma apardım ki, görüm “İlyas” dilimizə çevrilib, ya yox. Araşdırmanın nəticəsi müsbət oldu: istedadlı tərcüməçi Azad Yaşar hekayəni dilimizə çevirib. Oxumağınız məsləhətdir. Heç olmasa, Tolstoyun xətrinə…
Mənbə: Firuz Mustafa
Müəllif: Firuz MUSTAFA
Aşıq Qurban: -“Pərdəli gəzməyən nəzərə gələr.”
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru