Elçin Mirzəbəyli – İllərim əsir düşüb

Kirpiyinin ucundan
yıxılanda
Tut məni…
Bir damla göz yaşıyam
Ovcunda ovut məni.

Baxışlarım soyuq, lal,
Ömrüm – cavabsız sual…
Yatağım buz tutub,
Al…
Qəlbində uyut məni.

…İllərim əsir düşüb
Bu sevda qəfəsində…
Bir ömür cəzalıyam
Ayrılıq məhbəsində…
Səsim səsində yaşar,
Nəfəsim nəfəsində –
Bir udum hava kimi
Sinənə çək,ud məni.

Əgər bir gün dünyanın
Düzəni də pozulsa…
Bir ömür də verilsə…
Bir qismət də yazılsa…
Hər ayaq izin üstə
Bir məzarım qazılsa…
…Bir ömür başdaşım ol,
…Bir ömür unut məni…
Bakı, dekabr 2007-ci il

***

Yolunu azasan…
baxışlarından
Keçəsən,
Keçəsən,
Qayıtmayasan…
Ovcuna süzülən göz yaşlarından
içəsən,
içəsən,
Qayıtmayasan…

Biz kimik?
Dünyaya gələndən bəri
Yolsuz sevdaların sərnişinləri…
Bu andan o yana
Bütün günləri
Biçəsən,
Biçəsən,
Qayıtmayasan.

Durub köç edəsən öz acığına,
Dərin sevdaların alaçığına…
Bir eşq yuvasına,
Yuvacığına
Köçəsən,
Köçəsən…
Qayıtmayasan…
Bakı, 2011-ci il

Müəllif:Elçin MİRZƏBƏYLİ

ELÇİN MİRZƏBƏYLİNİN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir