Turan Uğur – Sabah Aşuradır…

Ay Turan, hədik qaldı…

Saat 23:38-dir…Sabah Aşuradır…
-Kimdir narahat olan?
-Hər ləhzədə kimdir bundan üşənən?
-İllərin birikmiş sualları cavabını gözləyir.Televiziyalarda göbəyi açıq qızların çal-çağırları ərşə qovzanıb.Bu Tasua gecəsində əcəba, nəyin bayramını edirik? Bəlkə haqla bir səfdə durmaq nəcabətini, əsilliyini çoxdan itirmişik, xəbərimiz yoxdur! Bəlkə ədəb, ərkan, haqq, ədalət, halallıq sözlərinin lüğətimizdən çıxmasına göstərdiyimiz cəhd nəhayət öz bəhrəsini verməkdədir?! Bəlkə İblisin şər bayrağını Qırmızı təpəyə birinci sancmaq həvəsinin və hərisinin əsirinə çevrilmişik? Niyə yaxın 5-6 ilə qədər Məhərrəm ayında “Kərbəla” serialını, “Çağırış” filmini, bəd ayaqda – “Axırıncı aşırım”, “Yeddi oğul istərəm”, “Mən ki gözəl deyildim” kimi qəm notlarına köklənən milli filmlərimizi yayımlamaqdan qorxmurduq, bu gün isə büsbütün televiziyalarımız təslimiyyət bayrağını qaldırmağı özlərinə rəva bilmişlər? Təəssüf ki, mediamıza, məfkurəmizə, həyatımıza uzanan xəbis barmaqları sezirəm, duyuram, arabir də görürəm.
O barmaqların hədəsi İmam Hüseyn siqlətinin yanında xeyli cılızdır axı.
-Əfəndilər, o cılızlıq qarşısında “boynumuz qıldan incədir” deməyə tələsmirsiz ki? Bəlkə içdən, var gücümüzlə silkinib, üst-başımızın tozunu yerə tökmək vaxtı çoxdan çatıb?
-Axı özümüzə nəyi unutdurmağa çalışırıq?
-İmam Hüseyn əzadarlığını?
-Niyə?
Haqqın nahaqla mücadiləsini, savabın günahla müharibəsini, ədalətin batillə savaşını unutmaq kimlərin işinə yarıyır?! Axı toplum olaraq bunca illər ərzində şamayka – sudak (şiə və sünni arasındakı dilxoşluq, bir az da məzələnmək naminə edilən xitablar) müstəvisindən xeyli uzağa getməli idik! Gərək 90-cı illərin əvvəllərindən canımıza ürcah olan yabançı məzhəblərin, beyinsiz camaatların kirli missiyalarına qarşı ötən 30 ildə immunitet formalışdırmalıydıq.
Heç düşünürsüzmü, bizim türk – azərbaycanlı kimliyimizin üzərindən Novruz bayramını və Aşura gününü götürsək xeyli çılpaq qalmış olarıq.
O qədər çılpaq ki, əynimizə libas biçilməz, o qədər çılpaq ki, lüt-üryan görkəmimizdən utanarıq. Çılpaqlıq isə sözün bütün mənalarında özündə ayıblığı və yoxsulluğu ehtiva edir.
-Bəs kimlər maraqlıdır çılpaq görünməyimizdə?
-Çoxları!
Sadalasam, gözəl, ibrətli bir epizodu qaçırmış olaram.Bu dəqiqə halva ehsanından nuş edib, eyvandan Mətbuat prospektinə gözümü zilləyirəm. Dəstə-dəstə qadınlar Hacı Cavad məscidindən çıxıb Nəşriyyatın tini ilə bizdən bizə sarı – İmamın yanından inamımıza tərəf gəlirlər. Zatən bir dəfə Hüseynin hüzuruna gedəndə, min dəfə o sənin yanına gələr.Bunu həyatda dəfələrlə görənlərdənəm.Belə ki, halallığın, mücadilənin, yaşam uğrunda hər hərəkətin yanında olarsan, onun müqəddəs nəzərini üzərində hiss edərsən, şəfaətini duymuş olarsan.Bu heyrətamiz bir aktdır – insani bir aktdır, bəşəri bir aktdır.İmam Hüseyn bir şəxsiyyətdən ziyadə həm də bir simvoldur, bir simgədir.Dar macalda yapışacağın,
əl açacağın varlığın özüdür – İmam Hüseyn.Bəlkə yağılarımızı qorxudan da məhz bu faktordur.Bəlkə bədxahlar istəyirlər ki, əlimizi atanda dərin bir vakuma, boşluğa yuvarlanaq?! Bəlkə bizimlə ölüm-qalım yarışına girməyin bir səbəbi də budur? Yarış dedim, bir yazıçı fikrini xatırladım.
Deyəsən, Bəkir Yıldızda oxumuşdum:
-“Aşurada Hz.Hüseyn (əs) in bütün məziyyətləri – rəşadəti, hünəri, ədəbi, qüdrəti sanki bir-biriləri ilə yarışa girmişdilər, İmamda hansımız daha çoxuq deyə”
Gözəldir, deyilmi?! Həm də olduqca sadə.
Elə bu gecə yapacaqlarımız da çox sadədir:
Bu saat qalxaq, bir-iki ağız dua oxuyaq, yaxşılığı, şücaəti, haqq yanında dayanmağı özümüzə bir daha təlqin edək!.İmam Hüseynlə Yezid (lənətlik) arasında seçim edək.Bu haqla nahaqq, halalla haram, əbədiliklə keçicilik, imamətlə xilafət arasındakı seçimdir.Dədələr söyləməsi:
“Xilafət müvəqqəti, İmamət isə əbədidir, baqidir”
Elə Bakı da baqidir…saat 23:38-dir…sabah Aşuradır…Eyvandan baxanda qarşımda Mətbuat prospekti görünür. Adamlar iki-bir, bir-bir seyrəlirlər.Seyrələn adamlar səhər erkən oyanacaqlar, çocuqluq xatirələri güc gəlsə, bəlkə heç yatmadılar da bu axşam.Axı Tasua gecəsi yatmazdıq keçənlərdə, dualar edər, rövzələr nəql edər, Ə.Racidən, X.Natəvandan, M.Ə.Sabirdən, Sərrafdan mərsiyyələr, növhələr oxuyardıq.Bəlkə yenə elə oldu.
Bəlkə yenə nənəm sübhdən hayladı bizi, körpə, pambıq əlimizdən tutdu, apardı məscidə, “nəzir-niyazı hər ötənə yox, şikəstə, çolağa, kora verin!” -deyib tənbeh də elədi bizi. Bəlkə yenə əlimizdə halva-çörək, konfet, qoğal ehsan apardıq məscidə…
Bir də hədik bişirməyi unutmayan anamın səsini bəlkə bu sayaq yenidən eşitdim:

-Ay Turan, hədik qaldı, bu bir boşqab hədiyi də apar qonşumuz Suğra doktora…
Yeri gəlmişkən, qonşumuz Suğra doktor 22 ildir haqqa qovuşub, ancaq halva çalanımız, hədik bişirinəmiz bu gün də var, sabah da olacaq.
Bayaq “İmamət əbədidir!” deyəndə bunu nəzərdə tutmuşdum.
Görürsüz, necə düz çıxdı?!
-Ay Turan, hədik qaldı…


Bakı, 15.07.2024

MÜƏLLİF: TURAN UĞUR

“FƏDAİLƏRİMİZİ TANIYAQ!” RUBRİKASI

“ÖNCƏ SÖZ VARDI…” RUBRİKASI

FÜZULİ 530 – MƏHƏMMƏD FÜZULİ

TURAN UĞURUN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir