
Elmi rəhbərimə
Neçə nəsilləri elmə gətirən,
Elmin toxumunu qəlbdə bitirən,
Özünü köməyə dada, yetirən,
Maarif müəllim, uzun yaşa, çox yaşa!
Qiymətli cümləsi, sözü dəyərdir,
Elmdə yolunun izi dəyərdir,
Canlı əfsanədir, özü dəyərdir,
Maarif müəllim, uzun yaşa, çox yaşa!
Daim axtarışda olan marağı,
Yayılıb elminin səsi, sorağı,
Elminin yüzlərlə olub qonağı,
Maarif müəllim, uzun yaşa, çox yaşa!
Camalın elmdə rəhbəri olan,
Qəlbində dəyərli guşəsi qalan,
Sevgisi könlünü, qəlbini alan,
Maarif müəllim, uzun yaşa çox yaşa!
21.07.2024
Günəş
Qaldırıb yenə də başın üfüqdən,
Günəş salam üçün ünvana gəlib.
Oynadıb kirpiyin, qaşın üfüqdən,
Quruya, dağlara, ümmana gəlib.
Gətirir özüylə sevgi sədasın,
İsinir ürəklər onun nuruna.
Alır gözəl qəlblər ruhun qidasın,
İstəməz Günəşdən qaçıb, qoruna.
Alıb qucağına cahan, aləmi,
Dünyaya gözəllik ötürür Günəş.
Alıb könüllərdən kədəri, qəmi,
Insandan ağrını götürür Günəş.
Camal, ürəyinə dolan sevgini,
Günəş tək təmənna güdmədən payla.
Ötür insanlığa qalan sevgini,
Insanı sevgiyə səslə, harayla.
18.07.2024
İnsanın dəyəri
Gizlidir insanın dəyər, qiyməti,
Danışsa görünər ağlın siması.
Gətirər insana hörmət, şöhrəti,
Görünsə ürəyin düzlük səması.
Bir dünya sevgini mümkündür almaq,
Könüldən süzülən şirin söz ilə.
Ürəkdə, zehində mümkündür qalmaq,
Mənası dərindən-dərin söz ilə.
Ucaldar insanı zirvəyə, başa,
Müdrik mənalarla zəngin cümlələr.
Keyfiyyət gətirər ömürə, yaşa,
İnci tək seçilən sözlər, kəlmələr.
Camal, düşüncəndə olsun ələyin,
Sözləri ələkdən keçirib danış!
Fikrinin yanında olsun ürəyin,
Sevgini dilinə köçürüb danış!
17.07.2024
Baxışın sözü
Baxış da danışır, göz də danışır,
Könlündə həssaslıq olan adamçün.
Zarafat içində söz də danışır,
Qəlbini kövrəklik alan adamçün.
Anlayır üzdəki kiçik qırışı,
Qəlbinin telləri zərif olanlar.
Anlayır susqunluq dolu duruşu,
Ruhunun havası xəfif olanlar.
Dərk edər insanın fikir, sözünü,
Sözün mənasını duyan kimsələr.
Nizama, sahmana salar özünü,
Özünə qiyməti qoyan kimsələr.
Camal, ürəyinə göstər qayğını,
Qəlbin incəliyi hiss etsin, duysun.
Saxla ürəyində nəcib duyğunu,
Duyğular qəlbində ətrini qoysun.
12.07.2024
Sona xanım
Qızıl tək tər-təmiz olan ürəyi,
Şirin kəlmələrlə dolan diləyi,
Qəlbindən süzülən şirin istəyi,
Sona xanım, ad gününüz mübarək!
Necə də yaraşır gülüşlər üzə,
Gülüşlər rəng qatır dildəki sözə,
Sevinc bəzək verir parlayan gözə,
Sona xanım, ad gününüz mübarək!
Şərəfli müəllimlik olan sənəti,
Zəngin xasiyyəti olmuş zinəti,
Qəlbindən gözəllik almış surəti,
Sona xanım, ad gününüz mübarək!
Camala bəllidir müəllim sevgisi,
İnsanlara mərhəməti, qayğısı,
Həyatına naxış vuran duyğusu,
Sona xanım, ad gününüz mübarək!
10.07.2024
Sadiq bala
Atanın, ananın ilkin sevinci,
Övlad paylarından olan birinci,
Ülvi xasiyyətlə olan bir inci,
Sadiq bala, doğum günün mübarək!
Bal tək cümlələrlə yaddaşa çökən,
Qəlbləri sevgiylə özünə çəkən,
Könüldə sevginin toxumun əkən,
Sadiq bala, doğum günün mübarək!
Babanın, nənənin şirin nübarı,
Övladda nəvəsi, sərvəti, varı,
Qəlbinin sevgisi, fərəh, vüqarı,
Sadiq bala, doğum günün mübarək!
Camalın arzusu, ümid, istəyi,
Sadiqçün tutduğu neçə diləyi,
Şad olar murada yetsə ürəyi,
Sadiq bala, doğum günün mübarək!
05.07.2024.
Şəhid Asim Camalzadə
Tutub Vətənini canından üstün,
Şəhidlik məqamın qazandı Asim!
Sarıdı ölməzlik ruhun büsbütün,
Niyyətin, məramın qazandı Asim!
Bayraq sevdasıyla, Vətən eşqiylə,
Qəlblərdə qəhrəman qalandır Asim!
Könlündə tutduğu böyük şövqüylə,
Düşməndən intiqam alandır Asim!
Düşdü kitablara, döndü dastana,
Ömründən bir əsər qoyandır Asim!
Adı şəhidliklə gəldi yan-yana,
Şəhidlik nuruna boyandı Asim!
Camalın istəyi kəlmələrində,
Sevgisi car çəkib, duyulsun Asim!
Şəhidlik yer alan cümlələrində,
Oxunub dillərə yayılsın Asim!
02.07.2024
Müəllif: CAMAL CƏFƏR
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru