Qalib Nuri Arifin şeirləri

Bir ədalət məhkəməsi qurulaydı

Dünyadan kəm qismətimi dərə-dərə,
İnsanlığın çökdüyünü görə-görə,
YARADANa gündə min yol, neçə kərə,
Yalvarıram könüllərə nur salaydı..
Bir ədalət məhkəməsi qurulaydı.

Məhəbbəti şəhvət ilə qarışdırdıq,
Mərdi qovub xəyanətlə barışdırdıq.
Sadələrə avam deyib könül qırdıq,
Məzlumların qəlbi dolu ahdı, vaydı,
Bir ədalət məhkəməsi qurulaydı.

Riyakarın, yalançının dili uzun,
Saxtakarın, günahkarın əli uzun..
Cahil zəm-zəm çeşməsində yuyub üzün,
İsmailin məqamında özün saydı…
Bir ədalət məhkəməsi qurulaydı.

Aşıqlərin göz yaşından bezdim daha,
Ümidimin qıçı sınıb, gümanı yoxdur sabaha.
Səsim çatmır, ünüm yetmir ki, ALLAHa,
Deyəm, Adəm doğulduğutək olaydı,
Bir ədalət məhkəməsi qurulaydı.

Asaydılar, kəsəydilər nadanları,
Evinəcən qovaydılar yalanları.
Qeyrətini,namusunu satanları,
Yandırdıqca külü göyə sovrulaydı.
Bir ədalət məhkəməsi qurulaydı.

Bapbalaca dünyamızı etdik zəhər,
Kədər ilə qol boyunuq axşam,səhər.
Şeytan, iblis insanlığa çaldı zəfər,
Bu dünyamız cəhənnəmə artıq taydı..
Bir ədalət məhkəməsi qurulaydı.
Göyçay şəhəri

ALLAHın sevgisindən

Bir gözələ könül verdim,
Elə bildi oyuncaqdı.
Qəlbimi şıltaqlığıyla,
Od vurub yandırıb, yaxdı.

Dedi, sevgi bir nağıldı,
Məcnundan mirasdır bizə.
Rast gəlmədim bu kitabı,
Sonadək oxuyan kəsə.

Məcnun özü məhəbbətdən,
Dəliliyə çatmadımı?
Gecələri, gündüzləri,
Səhralarda yatmadımı?

Guya, Leylinin eşqindən,
Yuxuları ərşə çıxdı.
Leysan olub gözlərindən,
Məhəbbətin seli axdı.

Göz yaşıyla suvardığı,
Ərəbistan çöllərindən.
Guya kəramət göstərib,
Qumları eylədi çəmən.

Dedi, söylə, eşq dediyin,
Kimi xoşbəxt edə bildi?
Eşq toruna düşməyənlər,
Aşıqləri gədə bildi.

Mənə qurban elədiyin,
İnanmıram qəlbinə mən.
Çoxdan sənin Məcnunların,
Düşüb tarixin gözündən.

Bilirsənmi,nəyə görə, ?
Dünya qara günə düşüb.
Hərə bir küncdə, bucaqda,
Süst qalıb, dərddən büzüşüb.

Çünki, sevgi, eşq dediyin,
Qəlb bildiyin diyardadır.
Qəlbdə isə YARADANın,
Həmişə nəzəri vardır.

Qəlbimizə haram qatıb,
YARADANı küsdürdük biz.
Ona görə qaralıbdır,
Saxtalıqdan üz, gözümüz.

İstəmirəm şimşək olub,
Qəlbimə od salasan sən.
Mənim qəlbim ilham alır,
ALLAHımın sevgisindən.
Göyçay şəhəri

Baxıram

Torpağa baxıram cadar cadardır,
Qəlbi qan ağlayır, üzü pərişan.
Soruşdum ey torpaq, de, nəyin vardır?
Nədən qəm, kədərə olmusan mehman?

Kədərli-kədərli dilləndi torpaq,
Səxavət göstərdim qəlbim yarıldı.
Hər şeyə üstümdə yer verdim, ancaq-
Toxum böyüdükcə yerim daraldı.

Başımı qaldırıb səmaya baxdım,
Səma aydın, gözəl göründü mənə.
Birdən külək əsdi, ildırım çaxdı,
Qapqara buludlar çökdü üstünə.

Soruşdum, nədəndir döndü əhvalın,?
Nədən qara libas geyindin belə?
Dedi, özümə də kəmdir sualın,
Nifrət bəsləmədim küləyə, yelə.

Kənardan bir yanan ocağı gördüm,
Rəngləri üzünə yaraşıq idi.
Oddan gözəlliyin sirrini sordum,
Gözəllik başıma bəladır, dedi.

Hər külək əsəndə dəyişir halım,
Qarışır rənglərim biri- birinə.
Qəzəbdən, içimdə arzum, xəyalım,
Nifrətə çevrilir sevgi yerinə.

Dəniz kənarında oturub bu gün,
Ləpələrdən ılham alıram yenə.
Birdən dalğalandı dəniz büsbütün,
Fırtınası nifrət çəkdi üzünə.

Soruşdum, ey dəniz, nə oldu sənə?
Bumudur qonağa qoyduğun hörmət?
İncimə, söylədi, kükrəyib mənə,
Küləyin əlindən çəkirəm zillət.

Illərin dostuyla görüşən zaman,
Qəmin çığırını gördüm üzündə.
Səmimi, qayğıkeş mənə dost olan,
Dostum hisslərini boğur gözündə.

Soruşdum, nə olub əziz dost sənə?
Nədəndir titrəyir, boğulur səsin?
Toxunub yarımın, dedi, qəlbinə,
Nadanın dilindən əsən kəlməsi.

Baxdım ki, küləyin əlindən hər şey,
Dad-aman eyləyir, əlhəzər deyir.
Hər şeyin dilində küləkdən giley,
Hər şeyin ömrünü yel ləkələyir.
Göyçay şəhəri

Cığallıq olub

Baxdım bu dünyanın qara üzünə,
Gördüm haram satır qaranlıqlarda.
Dünyanın ağ üzü çəkdi gözümə,
Məzlumun ahını aydınlıqlarda.

Gözlərim yaşardı, gözlərim doldu,
Hər şeyin üstündə saxta rəng gördüm.
Dünyanın insanlıq taxtı boşaldı,
Yerində qorxunc bir div, nəhəng gördüm.

Saxta toxum düşüb könül bağına,
Meyvəsi qısqanclıq, paxıllıq olub.
Nəzarət edənmir insan ağlına,
Hər işi, əməli cığallıq olub.

Anladım, dünyaya gələndə insan,
Niyə ağlayaraq fəryad qoparır?
Dünya tarlasında yetişən yalan,
Daddıqca, hər kəsi bəlaya salır.

Bu dünya imtahan dünyası isə,
Niyə sualları cavabsızdı bəs?
ALLAHım rəhm eylə, nə olar bizə,
Şeytan çaldığını oynayır hər kəs.

Şah damarımızdan da çox yaxın olan,
Niyə RƏBBimizi unutmuşuq biz?
Bir gün bu dünyanı dəyişən zaman,
Görən, nə olacaq aqibətimiz!?
Göyçay şəhəri.

Müəllif: QALİB NURİ ARİF

QALİB NURİ ARİFİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir