Zeynəb Cəmaləddin – Görəsən?

GÖRƏSƏN

Zülm əlində çarəsiz qalanların,
Hara çatır ahu-zarı görəsən?
Bu dünyanın naz-neməti az deyil,
Düz bölünmür nədən, varı görəsən?

Kimsə kimə nahaq əsib, coşmasın,
Kin-qəzəbi başdan aşıb daşmasın.
Neyləməli heç kim həddin aşmasın,
Veriləndə ixtiyarı görəsən?

Fəndgirliyi fəh(i)m deyib ovənlər,
Sarsılarsa, itib gedir güvənlər,
Bir canıyla bircə yarı sevənlər,
Özləyirmi düz ilqarı görəsən?

Dünya, çoxdu döngələrin, dalanın,
Xəyanətin, boş gümanın, yalanın.
Ürəyində eşq çapığı qalanın
Varmı əsil bəxtiyarı görəsən?

Qırx otaqlı bir saraydı qəlbimiz,
Qırxıncısı qəm otağı, bağlı, giz.
Dilin deyə bilmədiyi dərdimiz,
Bu otaqa, – var açarı görəsən?

Səbəbləri nə sorgula, nə axtar,
Bir duruma yüz də, min də yorum var,
Nə sənsənsə, nə mənəmsə günahkar,
Harda gəzək günahkarı görəsən?

Peşmanlığın kabusunun, divinin,
Parça-parça hissələrin, çivinin,
Xatirələr yaşayan can evinin
Kimdi gizli dalandarı görəsən?

Hey ardımca boylanan o baxışla,
Yaşayıram həsrət döyən naxışla.
Dil min dəfə desə, gülüm, bağışla
Içimdəki tari-mari görəsən.

Aman, Zeynəb, hər mahala qarışma,
Oyun deyib, həyat ilə yarışma.
Xəyanətlə, riyakarla barışma,
Dost deyəndə vəfadarı görəsən.

15.01.2024

Müəllif: Zeynəb Cəmaləddin

ZEYNƏB CƏMALƏDDİNİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir