GÖZƏLLİK
Gözəl görəndə ağlımız
başımızdan çıxır.
Gözəl görəndə
gözlərimiz önündə
şimşəklər çaxır,
İçimizə sevgi yağışları yağır…
Elə ki, sıldırımda bitən
gözəl bir çiçək
bizi yanına səsləyir,
unuduruq ki,
gözəllik libasına bürünən
əzablar, iztirablar
yolumuzu gözləyir…
Gözəllik təşnələri
riyakarcasına
özlərini öyürlər,
Sevgi xəmirini iztirabla,
göz yaşı ilə yoğura-yoğura….
“Dünyanı gözəllik xilas
edəcək”, – deyirlər…
Ancaq gözəllik deyilmi
bizi yolumuzdan çıxaran?
Gözəllik deyilmi
bizi rüsvayi-cahan eləyib
dillərə salan?
Gözəllik deyilmi
bizi Məcnuna döndərib
çollərə salan?
19.07.2021
Müəllif: Rafiq YUSİFOĞLU,
şair, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru, professor.
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru