Qalib Nuri Arif – Yanan kimiyəm

Yanan kimiyəm

Elə boşalıb ki, dünya gözümdə,
Səhraya sığınan Məcnun kimiyəm.
Bilmirəm nə olub düzü, özüm də,
İçimdən alışıb yanan kimiyəm.

Səhraya dolmuşam divanə kimi,
Həyat ürəyimə nifrət, kin əkir.
Tarıma çəkilib qəlbimin simi,
Dünyamın üstünə qaranlıq çökür.

Hər şeyin kökündən dəyişib dadı,
Həyat iştahları yaxıb küsdürdü.
Dəyişmək istədik köhnə həyatı,
Yeniliyin yolu dalana düşdü.

Səbr kasaları dolub əzabdan,
Daşdıqca dilləri yandırıb yaxır.
Yolunu itirən hər kəs, qəzəbdən,
Dünyanın üzünə nifrətlə baxır.

Yaxşılığı görən gözlər kor olub,
Qorxur tikanından sevənlər gülün.
Hər şeyin bənizi saralıb, solub,
Xəstəliyə dönüb şəkəri dilin.
Göyçay şəhəri

Eşqin səbəbinə

Yüklənib üstümə qəm- qüssə kədər,
Eşqin ürəyimə od-alov salıb
Qəlbimi dərdindən yandıran sözlər,
Dilimin ucuna yapışıb qalıb.

Səni görən kimi tutulur dilim,
Kəlmələr dolaşır biri birinə.
Od tutub sevgindən alışan qəlbim,
Bilmir necə açsın sirrini sənə.

Gözüm kora dönür, dilimsə lala,
Hislərim içimdə boğulu qalır.
Uyuyub yenə də şirin xəyala,
Qəlbim nağıllardan təsəlli alır.

Gecələr ən şirin anımdır mənim,
Hər gecə sabaha ümid əkirəm.
Sabah, zəhmətimə kəsilir qənim,
Barsız bostanımda əzab çəkirəm.

Hər gün eyni nağıl danışsamda mən,
Sənli nağılımdan çox xoşum gəlir.
Mənim xəyalımı bəzədikcə sən,
Dönüb gözlərimdə dünya kiçilir.

Dünyanın üzünə yaxdığı bəzək,
Aşiqin gözünə ucuz görünür.
Bu fani dünyanı anlaya bilsək,
Eşqin səbəbinə hər şey öyünür.
Göyçay şəhəri

Eşqin yolu

“Əvvəl xamdım, yandım, bişdim “
Həzrəti Mövlanə

Dərdə düşdüm, tapılmadı çarə bilən,
Öz dərdimlə əriyirdim içimdə mən.
İçin- için qovrulurdum öz odumla,
Yana- yana çarpışırdım həyatımla.
Dedilər ki, “Baba” dağda bir loğman var,
Olsa -olsa o, dərdinə çarə tapar.
YARADANa dönə -dönə dua etdim,
Gecə, gündüz dayanmadan yollar getdim.
Axır, çatdım o,loğmanın hüzuruna,
Ey nurani, əlac eylə, dedim, ona.
O,təpədən dırnağadək süzüb məni,
Dedi, sevin, eşq atəşi yaxır səni.
ALLAH Vədud ismi ilə səni sevir,
Sən də dönüb öz qəlbini Ona çevir!
Görkəmindən divanəyə oxşasan da,
Məcnunluqdan bir nişanə yoxdur səndə.
Sənin sevgin içindədir, qəlbindədir.
Alışmağın ilhamında, təbindədir.
Yazmaq üçün qələm götür, varaq götür,
İlhamlanıb kəlmələrdə hikmət bitir.
Vaqif olsan Mövlananın sözlərinə,
Alışdıqca, bişmək nəsib olar sənə.
Yana- yana dolacaqsan qəlibinə,
Bişə-bişə sığacaqsan öz qəlbinə.
Bir sehrli qələm verir sənə ALLAH,
Sən qələmə YARADANın eşqiylə bax.
Onda, sənə hər şey gözəl, pak görünər,
Qəlbindəki qaranlıqlar nura dönər.
Dinlədikcə, o,nurani loğmanı mən,
Anladım ki, xəbərsizəm məhəbbətdən.
Dedi, eşqin tərifini bilən yoxdur,
Bilən varsa, gözlərində sevgi xordur.
Aşiqlərin qəlbindədir vəfa bağı,
Bəslənməsə, çəkdirəcək cəfa dağı.
Hər alışıb yanan könül aşiq deyil,
Külə dönər nəfsə tabe olan könül.
Külək külü sovurduqca göyə uçar,
Düşər yerə hamı üstə ayaq açar.
Şəhvətindən yananların küldür sonu,
Könül, saflıq ilə tapar eşq yolunu.
Göyçay şəhəri

Müəllif: QALİB NURİ ARİF

QALİB NURİ ARİFİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir