
25 avqust Böyük Şairin anadan olduğu gündür. Allah rəhmət eləsin. Ruhu şad olsun. Amin. Oxu!
Gizli sevgi
Sevgimdən qaçmışam uzaq şəhərə,
Burda da həsrətin gəlib, dayanıb.
Ətrin səpələnib bütün güllərə,
Gözünün rənginə göylər boyanıb.
Səninçün dünyada bəlkə yoxam mən,
Səni sevdiyimi heç bilməyirsən.
Gündüz xəyalımdan, gecə yuxumdan
Bir an da, bir an da çəkilməyirsən.
Ürəyim, daşa dön, bu sirri saxla,
Bu sevgi, bu bəla hardan enibdir?
Bizim taleyimiz evlə, uşaqla
Hərəsi bir yana zəncirlənibdir.
Ölüncə eşqinlə olacağam mən,
Mən sənin ruhunda, qanında varam.
Üstünü kül örtmüş bir ocağam mən,
Balaca bir mehdən qaynayar yaram.
Məhəbbət
Məhəbbətdə taleyin öz nuru var,
Gözəl arzu, saf niyyətdi məhəbbət!
Var-dövləti neyləyirsən, bəxtəvər,
Tükənməyən var-dövlətdi məhəbbət!
Vurulursan adın çıxır yadından,
Həzz alırsan alovundan, odundan.
Doymaq olmur ağrısından, dadından,
Şirin-acı həqiqətdi məhəbbət!
Sevirsənsə bilinəcək, gizləmə
Heç kəsdən də kömək, vəfa gözləmə.
Sən alçalma, kölgə olub izləmə
Öz-özünə sədaqətdi məhəbbət!
Yanırsan yan, tüstülənmə, alışma,
Öz sevgini kimə gəldi danışma.
Bu bəladan sağalmağa çalışma,
Haqqdan gələn gözəl dərddi məhəbbət…
Yolüstü mənzil
Bu dünya bir qəfəsdi,
Burda bizi yaşadan
Məhəbbətdir, həvəsdi.
Bu dünya bir qəfəsdi,
Ruhumuz nurdu, səsdi,
Getmək, qalmaq sərbəsdi.
Bu dünya bir qəfəsdi.
Özü gələndə tərsdi,
Özü gedəndə tərsdi.
Fikrət bu qədər bəsdi.
Qəfəs yolüstü mənzil…
Gələn, gedən nəfəsdi.
Tale Mənimlə Oyun Oynayır
Tale mənimlə oyun oynayır
Tale bir zər atdı
Zəri şeş-beşdi…
Vaxt keçdi…
Bir ömür verdi əvvəli sirdi.
Yolu cəbrdi,
Şərti səbirdi.
Dayanacağı qəbirdi,
Sonu yenə əvvəli kimi birdi,
Sirdi, səbirdi…
Mən də zər atdım,
Zərim sə… birdi…
Əşi axırı birdi…
Müəllif: Fikrət QOCA
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru