Camal Cəfər – Sentyabr şeirləri

Dünya gözlüm

Baxıb gözlərinə heyran olaraq,
Gözlərin özündə səmanı gördüm.
Gəzdim baxışlarla seyran olaraq,
Gözlərdə göy üzün, fəzanı gördüm.

Nurunu gözündən, üzündən yayan,
Günəşdir istisin saçır sevgiylə.
Qəlblərə ətrini daim paylayan,
Çiçəkdir qönçəsin açır sevgiylə.

Yaradan yaradıb səni nə gözəl!
Gözüm gözəlliyə baxır doymayır.
Sevgisi bürüyüb məni nə gözəl!
Qəlbim sevgisinə axır doymayır.

Camal, neçə evin, neçə ocağın,
Nəsibi, qisməti Əsma tək olsun!
Sevgiyə qol açan neçə qucağın,
İçini gül üzlü Əsmalar alsın!

17.09.2024.

Daxili gözəllik

İnsan var ki, üz-gözündən nur yağır,
Qəlbin cilvəsidir üzdə yer edir.
Kimi təbəssümdən qrimin yaxır,
Üzündən zamanla yuyulub gedir.

Qəlbidir insanın parlayan gözə,
Gözəllik paylayan gözlər gözəldir!
Zərif duyğulardır yansıyan üzə,
Könlü təmiz tutan üzlər gözəldir!

Könüldə paxıllıq olan kəslərin,
Üzünə təbəssüm özgədir, yaddır.
Ürəyi sevinclə dolan kəslərin,
Təbəssüm qəlbindən sevincək, şaddır.

Camal, ürəyini, qəlbini bəzə,
Daxili gözəllik üzünə saçsın!
Qalsın təravətin hər fəsil təzə,
Ürəyin gül kimi qönçəsin açsın!

22.09.2024.

Şəhidim

Yumub gözlərini fani cahana,
Cənnətə şəhid tək getdi şəhidim!
İstəyi bir yana, dünya bir yana,
Yüskək hədəfinə yetdi şəhidim!

Əladır söyləyib şəhid olmağa,
Ali niyyətinə çatdı şəhidim!
Tarixdə qəhrəman olub qalmağa,
Yetəcək addımın atdı şəhidim!

Sinəsin, canını, sipər edərək,
Düşməndən intiqam aldı şəhidim!
Vətən sevgisiylə öndə gedərək,
Adını tarixə saldı şəhidim!

Camal, şücaətin göstərib Asim,
Vətənçün canından keçdi şəhidim!
Döyüş cəsarətin göstərib Asim,
Son damla qanından keçdi şəhidim!

19.09.2024.

Şəhidlər

Müqəddəs amalın ürəkdə tutub,
Cənnətə sevgiyle getdi şəhidlər!
Şəhidlik yolunu diləkdə tutub,
İstək, hədəfinə yetdi şəhidlər!

Geniş sinəsini sipər edərək,
Düşmənlə üzbəüz gəldi şəhidlər!
Ölümün üzünə dimdik gedərək,
Cənnətə göz yumub güldü şəhidlər!

Yarıb düşmən duran dərəni, dağı,
Vətən yollarını açdı şəhidlər!
Çiçəklə bürüdü çəməni, bağı,
Qanıyla ətrini saçdı şəhidlər!

Yumub gözlərimi xəyal edirəm,
Necə əllərini bükdü şəhidlər!
Fikrimdə şəhidə tərəf gedirəm,
Qanını torpağa tökdü şəhidlər!

Əliylə möhkəmcə tutmuş silahı,
Açıb barmaqların atdı şəhidlər!
Çağırıb can üstə Uca Allahı,
Uca mərtəbəyə çatdı şəhidlər!

Camal, həyatının hər bir anında,
Zehnində, dilində olsun şəhidlər!
Şəhid məhəbbəti dönsün canında,
Ömründə daima qalsın şəhidlər!

15.09.2024.

İldırım sonrası

Səhər ildırımdan sonrakı yağış,
Yağmaqla payıza xoş gəldin dedi!
Gecə bitən zaman sondakı yağış,
Şırhaşır səsiylə sözün söylədi!

Çaxıb ildırımlar parladı səma,
Su da söndürmədi göyün işığın.
İldırım cahana verəndə səda,
Sanki fikrə dedi ağla yığışın.

Yuyunub təbiət yağış suyunda,
İslandı bolluğun nişanəsiylə.
Torpağın üstündə, qatı, layında,
Yağış payın qoydu nümunəsiylə.

Camal, qəlbin dilə gəlsin yağan yağışda,
Səsləsin niyyətin, diləsin, dursun.
Göylərdən süzülüb axan yağışda,
Ümidin xəyalın istəyin qursun.

23.09.2024.

Qürurlu Sentyabr

Yetişib təqvimdə doqquzuncu ay,
Qəlbimiz qürurla döyünür yenə.
Səs salır könlümüz çəkərək haray,
Qəlbimiz fərəhlə öyünür yenə.

Vətən torpağına, daşına görə,
Cismindən, canından keçdi şəhidlər!
İllərin ayrılıq yaşına görə,
Son damla qanından keçdi şəhidlər!

İndi üzü gülür dağın, çəmənin,
Torpaq nəfəs alır çiçəyin açır.
Sevinci yerinə gəlir Vətənin,
Sevincin ətrini dünyaya saçır.

Zəfəri qazandıq həm də sizinlə,
Şəhidlər böyüdən ata, anamız!
Öyrəndi sevgini, sevgi sözünlə,
Şahidlər böyüdən ata, anamız!

Əziz şəhidləri sevgiyle anmaq,
Mənəvi borcudur hər vətəndaşın!
Ürəkdən üzülüb kədərlə yanmaq,
Qəlbi Vətən ilə vuran soydaşın!

Camal, şəhidlərə olan məhəbbət,
Ruhunda dövrünü etsin hər zaman!
Bu sevgin isminə gətirər izzət,
Yurd salsa qəlbində dəyişər siman!

27.09.2024.

Şəhid Kapitan

(Salyanın Çuxanlı kəndindən olan şəhid kapitan Şirinov Kamilin əziz xatirəsinə ithaf olunur.)

Vətənə xidmətdə qüsursuz olan,
Düşməni lərzəyə, qorxuya salan,
İgidlik göstərib tarixdə qalan,
Şirinov Kamildir-şəhid kapitan!

Vətənə məhəbbət qanda dolaşan,
Ruhunda, qəlbində, canda dolaşan,
Axır nəfəsində, anda dolaşan,
Şirinov Kamildir-şəhid kapitan!

Şəhidlik musiqi, şeir, bəstəsi,
Sözləri dilində bəzəyən səsi,
Solmayan şəhidlik istək, həvəsi,
Şirinov Kamildir-şəhid kapitan!

Füzuli uğrunda döyüş zamanı,
Yetişdi cismani ayrılıq anı.
Qazanan bu yolda şərəfi, şanı,
Şirinov Kamildir-şəhid kapitan!

Yetən şəhidliyə igid dizində,
Gözləri gələcək şəhid üzündə,
Camal İsmayılov sözü sözündə,
Şirinov Kamildir-şəhid kapitan!

Camalın, sözünə, şöhrət gətirən,
Şeirinə dəyərin, qiymət gətirən,
Fikir nümunəsine izzət gətirən,
Şirinov Kamildir-şəhid kapitan!
29.09.2024.


Müəllif: CAMAL CƏFƏR

CAMAL CƏFƏRİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir